Super User
Xalq şairi Sabir Rüstəmxanlı məktəblilərlə görüşüb
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 11 nömrəli filialında Xalq şairi, Milli Məclisin deputatı, “Şöhrət” ordenli, Yazıçılar Birliyinin üzvü Sabir Rüstəmxanlı ilə məktəblilərin və oxucuların görüşü keçirilib.
Baş İdarədən bildirilib ki, tədbirdə Mərkəzi Kitabxananın əməkdaşları və kitabxana filiallarının müdirləri, kənd ziyalıları və Balaxanı orta ümumtəhsil məktəbinin şagirdləri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan 11 nömrəli filialın müdiri Məlahət Bədəlova şairi salamlayaraq dəvəti qəbul etdiyinə görə təşəkkürünü bildirib.
Tədbirin aparıcısı Səidə Məmmədova çıxış edərək Sabir Rüstəmxanlının yaradıcılığı haqqında məlumat verib.
Sonra Xalq şairi Sabir Rüstəmxanlı çıxış edib. O, tədbirin təşkilatçılarına təşəkkür edərək belə tədbirlərin keçirilməsinin oxucular və şagirdlər üçün böyük əhəmiyyətindən danışıb. Şair çıxışında Ali Baş Komandanımızın, müzəffər Ordumuzun gücü sayəsində 30 illik Qarabağ həsrətimizə son qoyulmasından, Azərbaycan dilinə sevgi, dilin qorunması və digər məsələlərlə bağlı fikirlərini bölüşüb.
Xalq şairi Sabir Rüstəmxanlı oxucuların və məktəblilərin suallarını cavablandırıb, tövsiyələrini verib.
Sonda məktəblilərə diplom və şairin imzalı kitabları təqdim olunub.
Böyük Britaniyanın Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Azərbaycan Milli İncəsənət Muzeyini ziyarət edib
Böyük Britaniyanın Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson Azərbaycan Milli İncəsənət Muzeyini ziyarət edib.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, Mədəniyyət Nazirliyinin Muzey, qalereya və sərgilər şöbəsinin müdiri Nərgiz Abdullayeva, muzeyin direktoru Çingiz Fərzəliyev, Britaniya Şurasının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Francis Gardener-Trejo və xanım Baronessa Emma Nikolsonun iştirakı ilə görüş keçirilib. Görüşdə Britaniya Şurası ilə nazirliyin uzun illərdir əməkdaşlıq etdiyi vurğulanaraq birgə həyata keçirilən tədbirlər, konfrans və təlimlər barədə xanım Nikolsona geniş məlumat verilib.
Muzeyin direktoru Çingiz Fərzəliyev Baronessa Emma Nikolson, Britaniya Şurasının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Francis Gardener-Trejo və onları müşayiət edən nümayətdə heyətinə muzeyin zəngin və müxtəlif tarixi dövrləri özündə əks etdirən maddi mədəniyyət nümunələrinin sərgiləndiyi ekspozisiyası, həmçinin “Mədəniyyətimizin incisi-Qarabağ”, “Azərbaycan incəsənəti minilliklər boyu” və Siruz Mirzəzadənin “Qadın ətri” sərgiləri ilə tanış edib.
Baronessa Emma Nikolson Azərbaycan Milli İncəsənət Muzeyi ilə Londonda fəaliyyət göstərən muzeylərin birgə əməkdaşlığı üçün muzey mütəxəssislərini İngiltərəyə dəvət edib.
Çingiz Fərzəliyev xanım Baronessa Emma Nikolsona Azərbaycan miniatür sənətini özündə əks etdirən nəfis tərtibatlı “Vərqa və Gülşa” kitabını hədiyyə edib.
Filmdə Kələntər dayının Cəlalı güllələməsi aktyor İsmayıl Osmanlıya necə baha başa gəlib
Yazıçı Əyyub Qiyasın təqdimatında “AZƏRBAYCAN AKTYORLARININ HƏYATINDAN MARAQLI ANLAR” layihəsində bu dəfə sizə ISMAYIL OSMANLININ (1902-1978) xatirəsini təqdim edəcəyik. Milli kinomuzun tarixinə “Yeddi oğul istərəm” filmində yaratdığı Kələntər dayı obrazıyla düşən İsmayıl Osmanlıya Allah rəhmət eləsin!
***
O vaxt “Yeddi oğul istərəm” filmi ekranlara çıxandan sonra küçədə-bayırda gəzə bilmirdim. Camaat az qala məni daşa basırdı. Bir axşam tamaşadan sonra teatrdan çıxıb evə gedirdim. Avtobusa təzə qalxmışdım ki, bir neçə orta yaşlı qadın məni dövrəyə aldı. İlk sözləri:
– Əlin qurusun, Kələntər! – oldu.
– Cəlalı Gəray bəyə necə satdın?! – bir başqası həqarətlə soruşdu.
Vəziyyətin nə yerdə olduğunu anladım. Artıq, bir neçə dəfə oxşar hadisə ilə qarşılaşdığım üçün özümü təmkinli aparmağa, cavab verməməyə çalışdım.
– Niyə cavab vermirsən, ay kaftar? Necə qıydın gül kimi uşağa?, -deyib birisi üstümə hücum çəkdi.
Vəziyyət get-gedə gərginləşir, başqa sərnişinlər də bu qadınlara havadar çıxırdılar. Hələ yoluma bir neçə dayanacaq qalsa da, avtobus dayanan kimi düşdüm. Ertəsi gün bu hadisəni teatrda sənət dostlarıma sarsılaraq danışdım. Düzü, adamların məni təhqir edəcəyindən, hətta daşa basacağından ehtiyat edirdim.
Gəray bəy rolunu böyük ustalıqla oynayan Həsanağa Turabov qoluma girib məni sakitləşdirdi:
– İsmayıl əmi, – dedi, – hər aktyora nəsib olmur oyandığı rola görə sevgi qazana bilsin.
– Nə sevgi, ay oğul? Az qala arvadlar məni parçalayacaqdılar, -dedim.
– Elə aktyorun yaratdığı obraza nifrət aktyorun özünə sevgidir də. Gör bir necə ustalıqla oynamısan ki, adamlar səni parçalamaq istəyirlər, - sözləri onun sözünə qüvvət kimi səsləndi.
Mən də Şəki ləhcəsi ilə zarafata salıb dedim:
– Ha indi saa nə var ki? Düşəydin o arvaddarın əlinə, onda bilərdin sevgi nədir, nifrət nə...
"Ağca və yeddi Cırtdan" tamaşasının premyerası keçirilib
Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında dünyaca məşhur "Ağca və yeddi Cırtdan" tamaşasının premyerası keçirilib.
AzərTAC xəbər verir ki, repertuarda daim yeniliklər etməyə, onun rəngarəngliyini və mövzu müxtəlifliyini qorumağa çalışan yaradıcı heyət bu dəfə Qrimm qardaşlarının müxtəlif teatr səhnələrində özünün fərqli formalarda quruluş həllini tapan əsərinə müraciət ediblər.
Klassik kukla teatrı estetikasında hazırlanmış tamaşanın səhnələşdirəni və quruluşçu rejissoru Səidə Haqverdiyeva, quruluşçu rəssamı Əfşan Əsədova, bəstəkarı Vüqar Camalzadədir.
Birhissəli kukla tamaşasında rolları teatrın aparıcı aktyorları Aygül Ağayeva, Cavid Telman, Səriyyə Mansurova, Elmira Hüseynova, Samirə Nəcəfova, Araz Həsənli və başqaları ifa ediblər.
Bişkekdə “Azərbaycan nəğmələri” adlı audiokitab hazırlanıb
Qırğızıstanın paytaxtı Bişkekdə fəaliyyət göstərən Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun təşəbbüsü və təşkilatçılığı ilə qırğız dilində “Azərbaycan nəğmələri” (“Azərbayjan ırları”) adlı audiokitab hazırlanıb.
Diasporla İş üzrə Dövlət Komitəsindən AzərTAC-a bildiriblər ki, Azərbaycanın görkəmli ədib və şairləri Mirzə Fətəli Axundzadə, Səməd Vurğun, Bəxtiyar Vahabzadə, Nəbi Xəzri, Cabir Novruz, Sabir Rüstəmxanlı və Məmməd İsmayılın əsərlərinin daxil edildiyi audiokitab general-mayor Həsən Şirinovun xalqımızın ümummilli lideri Heydər Əliyevə həsr etdiyi “Sönməz, əbədidir Heydər Əliyev” şeiri ilə başlayır.
“Azərbaycan nəğmələri” kitabını Qırğızıstanın xalq şairi, Milli Qəhrəman Sooronbay Jusuyev, Xalq şairi Baxtıgül Çoturova və Mukan Asanaliyev qırğız dilinə tərcümə ediblər. Səs rejissoru Aygül Mametovadır. Şeirləri tanınmış diktor Jıpargül Şabdanaliyeva səsləndirib.
ASAN könüllüləri ilə "Gənc kinematoqrafçılar" layihəsi çərçivəsində növbəti görüş keçirilib
Xəbər verdiyimiz kimi, “ASAN Könüllüləri" Təşkilatının və Azərbaycan Kinematoqrafçılar İttifaqının birgə təşkilatçılığı ilə "Gənc kinematoqrafçılar" layihəsi həyata keçirilir.
Ötən gün layihə çərçivəsində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru, təsvir rejissoru, pedaqoq, kinorejissor Rafiq Quliyevlə görüş keçirilib.
Görüş çərçivəsində müasir Azərbaycan kinosunun problemləri, yeni nəsil rejissorların yaradıcılıqlarına münasibəti haqda müzakirələr aparılıb.
Eyni zamanda tanınmış rejissor ASAN könüllülərinə kinoda təsvir dili, zamanın təsvirdə həkk edilməsinə nədən ehtiyac yaranması, təsvirin göz yox, beyin tərəfindən dərk edilməsi mövzularında maraqlı məlumatlar verib.
Mədəniyyət naziri Astarada vətəndaşları qəbul edib
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu keçirilir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin həlli ilə bağlı müvafiq tədbirlər görülür.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, mərkəzi
icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2022-ci ilin mart ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu cədvəlinə əsasən, martın 11-də Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov Astara şəhərindəki Heydər Əliyev Mərkəzində Astara, Lerik və Lənkəran rayonlarının sakinlərini qəbul edib.
Görüşdən öncə mədəniyyət naziri Anar Kərimov və Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev ümummilli lider Heydər Əliyevin Astara şəhərindəki abidəsini ziyarət ediblər. Abidə önünə gül dəstələri qoyulub, ulu öndərin xatirəsi ehtiramla yad olunub.
Qəbulda iştirak edən vətəndaşların müraciətləri yerlərdə mədəniyyət müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsi, mədəniyyət könüllüləri hərakatının yaradılması, işlə təmin olunma, kitabxanaların müasirləşdirilməsi, müəssisələrin maddi-texniki təminatı, təmiri, qeyri-hökumət təşkilatlarının mədəniyyət sahəsində fəaliyyətinin təşviq edilməsi və digər məsələlərlə bağlı olub.
Mədəniyyət naziri vətəndaşların müraciətlərini, ayrı-ayrı məsələlərə dair xahiş və təkliflərini diqqətlə dinləyərək hər bir müraciətin operativ şəkildə araşdırılması, qanunvericiliyə uyğun həlli ilə bağlı qəbulda iştirak edən nazirliyin məsul nümayəndələrinə tapşırıqlar verib.
Görüşdə qeyd olunan rayonlardan ümumilikdə 30-a yaxın vətəndaşın müraciətinə baxılıb. Araşdırılmasına ehtiyac olan bəzi müraciətlər isə nəzarətə götürülüb.
Rüstəm Məmmədibrahim oğlu İbrahimbəyov - rəsmi nekroloq
“Ədəbiyyat və incəsənət” portalı görkəmli yazıçı, kinodramaturq və rejissor Rüstəm İbrahimbəyovun vəfatı ilə bağlı ölkə prezidentinin, birinci vitse-prezidentin, digər vəzifəli və tanınmış şəxslərin imzaları ilə yayımlanmış nekroloqu təqdim edir.
“Azərbaycan mədəniyyətinə ağır itki üz vermişdir. Müasir Azərbaycan ədəbiyyatının və kino sənətinin görkəmli nümayəndəsi, tanınmış nasir, dramaturq, ssenarist və rejissor, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Dövlət mükafatları laureatı, Əməkdar incəsənət xadimi, Xalq yazıçısı Rüstəm Məmmədibrahim oğlu İbrahimbəyov 2022-ci il martın 10-da ömrünün 84-cü ilində vəfat etmişdir.
Rüstəm İbrahimbəyov 1939-cu il fevralın 5-də Bakı şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1956–1962-ci illərdə Azərbaycan Neft və Kimya İnstitutunda ali təhsil almış, əmək fəaliyyətinə 1962-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasında başlamışdır.
Gənc yaşlarından ədəbiyyat və kino sənəti ilə yaxından maraqlanan Rüstəm İbrahimbəyov Moskvada 1967-ci ildə ali ssenarist kursunu, 1974-cü ildə ali rejissorluq kursunu bitirmişdir.
Rüstəm İbrahimbəyov müasir Azərbaycan ədəbiyyatının və kinematoqrafiyasının görkəmli simalarındandır. O, çoxcəhətli fəaliyyəti ilə ölkəmizin hüdudlarından kənarda da tanınmışdır. Nəsrimizin yeni mərhələyə qədəm qoymasının fəal iştirakçısı olan Rüstəm İbrahimbəyov öz səmərəli yaradıcılığı ilə bədii-estetik fikrin zənginləşməsində mühüm rol oynamış, yarım əsrdən artıq müddət ərzində ədəbi-mədəni mühitin inkişafına töhfələr vermişdir. Sənətkarın sosial-mənəvi problemləri, dramatik konfliktləri və müasirlərimizin daxili aləmini həyat həqiqətləri əsasında ustalıqla əks etdirən povestləri və hekayələri, pyesləri və ssenariləri ədəbiyyatımızın və milli kino sənətinin məzmunca yeniləşməsində əhəmiyyətli rol oynamışdır. Onun əsərləri əsasında 40-dan çox bədii və televiziya filmləri çəkilmişdir. Mühüm sosial həqiqətlərdən söz açan, rəngarəng və dolğun obrazlarla zəngin bu əsərlər özünəməxsus dəst-xətti ilə seçilən sənətkara böyük oxucu və tamaşaçı auditoriyasının rəğbətini qazandırmışdır.
Rüstəm İbrahimbəyovun ssenarist və rejissor olaraq kinematoqrafiyanın inkişafında da təqdirəlayiq xidmətləri vardır. Yazıçının ssenariləri əsasında çəkilən “Bir cənub şəhərində”, “Səhranın bəyaz günəşi”, “İstintaq”, “Ad günü” və bir çox digər filmlər geniş şöhrət tapmış, yüksək mükafatlarla təltif edilmişdir. Onun həmmüəllif ssenaristi olduğu “Urqa” filmi 1991-ci ildə Venesiya Beynəlxalq Kinofestivalının ali mükafatına, “Günəşdən usanmışlar” filmi isə 1994-cü ildə Kann Beynəlxalq Kinofestivalının ali mükafatına və 1995-ci ildə Amerika Kino Akademiyasının “Oskar” mükafatına layiq görülmüşdür.
Rüstəm İbrahimbəyov bədii yaradıcılıqla yanaşı, eyni zamanda ictimai fəaliyyət göstərmişdir. O, 1967–1981-ci illərdə Azərbaycan Kinematoqrafçılar İttifaqı İdarə Heyətinin katibi, 1981–1985-ci illərdə birinci katibi, 1986–1991-ci illərdə SSRİ Kinematoqrafçılar İttifaqı İdarə Heyətinin katibi, 1990-cı ildən ömrünün sonunadək Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri olmuş, 1989-cu ildə SSRİ Ali Sovetinin deputatı seçilmişdir.
Rüstəm İbrahimbəyovun xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. O, 1976-cı ildə “Əməkdar incəsənət xadimi”, 1998-ci ildə “Xalq yazıçısı” fəxri adlarını almış, Azərbaycan ədəbiyyatının və kino sənətinin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikasının ali dövlət təltifi olan “Şöhrət” ordeninə layiq görülmüşdür.
Görkəmli yazıçı və kino xadimi Rüstəm İbrahimbəyovun xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.
Allah rəhmət eləsin!”
İlham Əliyev
Mehriban Əliyeva
Əli Əsədov
Sahibə Qafarova
Samir Nuriyev
Eldar Əzizov
Fərəh Əliyeva
Anar Kərimov
Anar Rzayev
Şəfiqə Məmmədova
Oqtay Mirqasımov
Ramiz Fətəliyev
Rasim Balayev
Hacı İsmayılov
Bugünkü “Ədəbiyyat qəzeti”nin anonsu
Vaqif Yusifli – Bu, Ordubadidir... (Məmməd Səid Ordubadi-150)
Çingiz Abdullayev – Kişi papağı (hekayə)
Tehran Əlişanoğlu – Anar tezisləri
Adilə Nəzər – Anarın bədii tablosunda məkanlar və vəziyyətlər
Elçin – Məmməd Orucun özü və sözü (75 illik münasibətilə bir neçə söz)
Qəzənfər Paşayev – Akademikin elmimizə son töhfəsi (Bəkir Nəbiyev haqqında)
Niyazi Mehdi – Şuşanın semiotikasından
Cavanşir Yusifli – Divar yazıları
Vidadi Babanlı – Şeirlər
Sayman Aruz – “Körpü”dən Körpüyə: Həmrəylik mesajı
Elxan Zal Qaraxanlı – Ədəbiyyat və əbədiyyət prizmasında son bir ilin modernist şeirləri (Azər Turanın “Çağdaş Azərbaycan şeirində modernist estetikalar” essesi barədə düşüncələr)
Attila Balaş – Sükutda gizlənən sözlər (Səlim Babullaoğlunun Macarıstanda çap olunmuş şeirlər kitabına “son söz”)
Kənan Hacı – Borxesin yazmaq istədiyi kitab
Vüsal Nuru – Bir baxış, üç bucaq (Şəhriyar Təyyaroğlunun “Təfəkkür-Təxəyyül-İstedad üçbucağı” kitabı haqqında)
Rəvan Cavid – “Metaverse”də ədəbiyyat
Ay Bəniz Əliyar – Atalar üçdən deyib (Şair Sabir Sarvanın əziz xatirəsinə)
“Kubada biz bu gün də Trotski haqqında danışmaqdan çəkinirik” – Məşhur Kuba yazıçısı Leonardo Paduranın türk mətbuatına müsahibəsi Nilufər Hacılının təqdimatında
Abid Tahirli – Türkanə sözün misilsiz ustadı haqqında dəyərli dərs vəsaiti (Elşad Səfərlinin “Türkanə sözün misilsiz ustadı” kitabı haqqında)
Təranə Vahid – “Hittə” (Hekayə)
Vahid Əziz – Tarixə bələdçilik edən kitab (İradə Əliyevanın “Bəşir bəy Aşurbəyov və zəmanəsi” kitabı haqqında)
Nargis – Mi
Mərhum yazıçı Azər Abdullanın “Solfecio dərsi” hekayəsi oğlu Alpay Azərin təqdimatında
“Balaca bir körpənin qulağının dibində partlayan mərmilərin qarşısında ədəbiyyat mənasızdır” – “Fikir bucağı” layihəsinin qonağı gənc yazar Şəfa Vəlidir (Söhbətləşdi: Tural Cəfərli)
Qafar Cəfərli – “Ayaqlar altındakı cənnət” (Hekayə)
Allahverdi Eminov – Yazıçı ömrü (Yazıçı-publisist Qafar Cəfərlinin 65 illiyi münasibətilə)
Vəfa Xanoğlan – Həbib Sahir yaradıcılığı və Türkiyə ədəbi mühiti, şəxsiyyəti və poeziyası haqqında düşüncələr
Elşad Barat – Ağ dəvəni düzdə saxlamaq (Həcərin “Ağ dəvə düzdə qaldı” kitabı haqqında)
Rüfət Vahidov – Şeirlər
Mənbə: Edebiyyatqazeti.az
Böyük itki: Rüstəm İbrahimbəyovu itirdik
Xalq yazıçısı, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, kinodramaturq Rüstəm İbrahimbəyov martın 10-dan 11-nə keçən gecə Moskvada dünyasını dəyişib.
«Ədəbiyyat və incəsənət” xəbər verir ki, bu barədə Azərbaycan Kinematoqrafçılar İttifaqı məlumat yayıb.
Bildirilib ki, Rüstəm İbrahimbəyov uzun sürən xəstəlikdən sonra 83 yaşında vəfat edib.
Mədəniyyətimiz üçün böyük itkidir.
Allah rəhmət eləsin!