Super User

Super User

 

(Reklam əsaslı)

 

 Çoxlarının yaşamaq istədiyi, gözəl və komfortlu mənzillərin bir arada olduğu  “Zümrüd Residence” yaşayış kompleksində tikinti sürətlə davam etməkdədir.

“Zumrud Residence” premium seqmentin bütün tələb və istəklərinə cavab verən, hər bir incə detalın düşünüldüyü möhtəşəm bir layihədir. Qapalı şəhər konseptində inşa edilən “Zumrud Residence” yaşayış kompleksi Bakı şəhərinin tam mərkəzində - Nərimanov rayonunda, Heydər Əliyev Mərkəzi və Konqress Mərkəzin tam yanında yerləşməkdədir.

Kompleksin inşası nəzərdə tutulan müddətdə, plan üzrə icra edilməkdədir. Belə ki, 4 ha ərazidə, 7 yaşayış binasından ibarət olan layihədə artıq üç bina sakinlərin ixtiyarına verilmişdir. Digər binaların tikintisi sürətlə davam etməkdədir. Yaşayış kompleksi daim müşahidə kameraları və mühafizə xidməti ilə nəzarət altındadır. Kompleksin daxilində uşaq bağçası, futbol meydançası, tennis kortu, açıq və qapalı hovuz, uşaq əyləncə mərkəzi, fitness və SPA mərkəzi, gözəllik salonu, yeraltı dayanacaq sakinlərin istifadəsində olacaqdır. Həmçinin, binalar sürətli “Mitsubishi” markalı liftlərlə təchiz edilmişdir. 

Ən əsası -  kompleks öz inşaasında keyfiyyətə xüsusi önəm verir. Belə ki, tikintidə əsasən daş yunundan istifadə olunur, inşaat materialları isə çox keyfiyyətlidir.

Bu kompleks artıq 25 ildir ki fəaliyyət göstərən “Minera Şirkətlər Qrupu” –nun növbəti uğurlu layihəsidir. Şirkət 25 illik fəaliyyət dövründə tikinti və inşaat sahəsində bir çox diqqətçəkən layihələrə imza atmışdır. Təhvil verilmiş layihələrdən  “Evrika” Litseyi, “Dəniz Uşaq bağçası”, Arion Hotel, Yeraltı və Yerüstü keçidlər, Körpülər, “Gənclik” mehmanxanası, Füzuli küçəsində yerləşən yaşayış binalarının orijinal fasadları, “Bakı Bağları” Residence, “Göl Mənzərəsi” Residence və “Azadlıq Bağçalı Evlər” yaşayış komplekslərini göstərmək olar.

 

Əgər sizin də bu möhtəşəm kompleksdə evinizin olmasını istəyirsizsə, elə indi vaxt itirmədən əlaqə saxlayın!

Əlaqə üçün telefon nömrələri:

✓ 050-271-84-14

✓ 055-519-44-44

✓ 055-477-10-10

Günün fotosu:

Roman Abramoviç Britaniyada persona-non-qrata elan olundu

 

Londonda yaşayan Rusiyalı milyardçı Roman Abramoviç digər altı rus milyardçısı kimi sanksiyalara məruz qalıb. “Çelsi” klubunu satmaqla pulunu Ukraynaya ödəmək belə ona kömək olmayıb. Onun Britaniyadakı bütün əmlakı müsadirə olunub, özünə isə bu ölkəyə ayaq basmaq qadağan edilib.

 

Foto: Euronews

Gözəl şairimiz İbrahim İlyaslı ömrünün növbəti – 59-cu baharına qədəm qoyur. “Ədəbiyyat və incəsənət” portalı bu münasibətlə şairi təbrik edir, onun ən yaxşı şeirlərindən bir neçəsini oxucularına ərməğan edir.

 

 

Oturub ömrün içində...

 

Oturub ömrün içində 

Çiçək şəkli çəkirəm.

Yalan rəngləri götürüb

Gerçək şəkli çəkirəm.

 

Çəkirəm ciyərlərimə 

Faniliyin ətrini.

Məndən əziz tutan varmı

Bu faninin xətrini?!

 

Kimsə bilməz nə çəkdirir

Mənə mən çəkdiklərim.

Ölümlərə cücərirlər

Olmağa əkdiklərim.

 

Dəryalar mənə çəkilir,

Tufanlar məndən qopur.

Başıma odlar ələnir,

Ruhuma sular hopur.

 

Şəkillənir qələmimdə

Doğulmamış bir adam.

Mən şair deyiləm, yavrum,

Mən bir dəli rəssamam.

 

 

 Necəsən

 

Mənim səndən uzaqlarda

Yamandı halım, necəsən?

Özgəsinə qismət olan

Cahı-cəlalım, necəsən?

 

Yalana döndü gerçəyim,

Ay gözəlim, ay göyçəyim.

Çəmənim, çölüm, çiçəyim,

Pətəyim, balım, necəsən?

 

Daşam yolun üstə bitən,

Nə sirdi anlamaz yetən.

Gözü, könlü dil-dil ötən,

Dilləri lalım, necəsən?

 

Zər-zibam, ləlim, gövhərim,

Yaqut-Yəmən, simu-zərim,

Barmaqları bəxtəvərim,

Başı bəlalım, necəsən?

 

Üzün dönməz mənə sarı,

Özündən muğat ol barı.

İbrahimin sitəmkarı,

Necəsən, zalım, necəsən?

 

 

Kimdi məni səsləyən

 

Tanrım, görən mən kiməm,

Nəçiyəm bu dünyada?-

Bir payı quru torpaq,

Üç payı su dünyada!

 

Adım Peyğəmbər adı,

Özüm adi bir adam.

Bir də bu adilikdən

Bezib çıxan fəryadam.

 

Qənşərində durduğum,

Aynadakı mənəmmi?

Ruhum mənə dardımı,

Mən ruhuma binəmmi?

 

Əvvəl-axır deyilən

Bir ölçü-biçi varmı?

Varsa bəs ölçüsüzlük

Nədi, bilmək olarmı?

 

Bu cismi-can varlıqdı,

Yoxluq divanəsiyəm.

La İlahə İlləllah!-

Kimdi məni səsləyən?!

 

 

Bu divarın o üzündə

 

Bu divarın o üzündə,

Bir nazlı mələk uyuyub.

Gecə gərib qanadını,

Üstündə lələk uyuyub.

 

O xanədə nə var - oyaq,

Döşəmədən tavanacan.

Qapı, pəncərə, dörd divar,

Çimir almaz sabahacan.

 

Odasının yörəsində

Yüz hoqqadan çıxır külək.

Donub qalıb pəncərədə,

«Heyrət ey büt!…» - oxur külək.

 

Tanrı tamaşası nədi -

O mələyi görən bilir.

Günəş ondan ötrü çıxır,

Ay ondan ötrü yüksəlir.

 

…Divarların bu üzündə,

Qismətim qubardı mənim.

Hər yan gözəllikdi, Tanrım,

Hər yanım divardı mənim.

 

 

Nə günahın yiyəsiydim

 

Nə günahın yiyəsiydim,

Sallanıb, çıxdın qarşıma?

Gəldin - gözümü, könlümü,

Küməmi yıxdın qarşıma.

 

Sən kiminsə halalısan,

Sənə belə baxmaq olmaz!

Göz qadağa qanmır, xanım,

Sənə evdən çıxmaq olmaz!

 

Belə də baxış olarmı?! - 

Pah… obana-elinəcən!..

Davasan, qansan, xatasan,

Dırnağından telinəcən!

 

Xuda canalan yaradıb,

Ta sənə ad lazım deyil.

Valiyə deyək: - Şəhərə

daha cəllad lazım deyil!

 

Sən qisas yeri deyilsən,

Aralıqda batar qanım.

Bu dəfə mənə rəhm elə,

Allahı sevərsən, xanım! 

 

 

Yadına düşdüm

 

Bu gün hardan doğdu belə? -

Gör kimin yadına düşdüm!

Şükür sənə, görk eləyən,

Görkümün yadına düşdüm!

 

Qoşuldum ağlar səsinə,

Çəkildim çağlar səsinə.

Səs verdi dağlar səsinə,-

Ərkimin yadına düşdüm!

 

Aldatdı şeytan nəfəsi,

Atdım məni sevən kəsi.

Hər gün məni lənətləsin,

Hər kimin yadına düşdüm. 

 

 

Billəm

 

«Mən ölsəm ağlayarsanmı?...» 

 

Sən ölsən, ağlamaq nədi?-

Özümü öldürə billəm.

Dostu yandırıb, düşməni

Ölüncə güldürə billəm.

 

Önündə qurub məhşəri,

Heyrətdə qoyub bəşəri,

Mənəm deyən aşiqləri

Tarixdən sildirə billəm.

 

Zəhər deyib şirin cana,

Boyanıb qızıl-al qana.

Bir daha dövrü-dövrana 

Eşq nədi - bildirə billəm!

 

***

 

Şəkillənir qələmimdə

Doğulmamış bir adam.

Mən şair deyiləm, yavrum,

Mən bir dəli rəssamam.

 

Yazıçı Kamil Əfsəroğlunun “İttiham” kitabı çapdan çıxıb.

Kitaba müəllifin üç romanı daxildir. 

Romanlar fərqli mövzulara toxunsa da, “İttiham” adı sanki hər üç əsər üçün xarakterikdir. Romanlarda ötən əsrin 50-60-cı illərinin yazılmayan, bədii ədəbiyyatın diqqətindən kənarda qalan hadisələr qələmə alınıb. Stalin despotizminin xofu onun ölümündən sonra bir müddət çəkilməsə də, insanlar ümidlərini itirmir, sabaha inamla baxırlar.

 

"ASAN Könüllüləri" Təşkilatının 10 mart - Azərbaycan Milli Teatr Günü münasibətilə Bakı Marionet Teatrına ekskursiyası təşkil edilib.

“Mədəniyyət Carçısı" proqramı çərçivəsində təşkil edilən ekskursiya zamanı iştirakçılar "Arşın mal alan" tamaşasını izləyiblər.

Ekskursiya çərçivəsində könüllülər Azərbaycan xalqının zəngin mədəni irsinin ən müxtəlif sahələrini bir arada görərək, poeziya, musiqi, memarlıq, milli geyim, naxış və rəqslərimiz barədə dolğun məlumat əldə ediblər.

Xəbər verdiyimiz kimi, 9 mart 2022-ci il tarixində Mədəniyyət naziri Anar Kərimov rəssamlıq sənətinə böyük töhfə vermiş Azərbaycan Rəssamlar İttifaqının nümayəndələri ilə görüş keçirib. Görüş barədə daha ətraflı məlumatı “Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən diqqətinizə çatdırır.

Görüş zamanı Anar Kərimov 44 günlük Vətən müharibəsində Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 30 ilə yaxın işğal altında olan ərazilərimizi azad etdiyini və ərazi bütövlüyümüzün bərpasından ötən müddətdə Azərbaycanın mədəniyyət və incəsənət beşiyi sayılan Qarabağa mədəniyyətin qaytarılması istiqamətində mühüm işlər görüldüyünü vurğulayıb.
Anar Kərimov “Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Sərəncam imzalandığını və bununla əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən Tədbirlər Planının hazırlanaraq təsdiq olunduğunu qeyd edərək Mədəniyyət Nazirliyi tərəfindən bir sıra tədbirlərin hazırlandığını iştirakçıların diqqətinə çatdırıb. O, qeyd edib ki, Mədəniyyət Nazirliyi tərəfindən keçirilməsi nəzərdə tutulan tədbirlər sırasında təsviri sənət sahəsində bir sıra layihələr yer almışdır. Belə ki, layihələr çərçivəsində Azərbaycanlı rəssamların Şuşa şəhərinə səfərinin təşkili və onlar tərəfindən yaradılmış əsərlərin Şuşa və Bakı şəhərlərində təqdimat mərasimlərinin təşkil olunacağını və ən yaxşı əsərlərin müəlliflərinin mükafatlandırılacağını bildirib. O, “Şuşa ili” ilə bağlı həmçinin, bir çox beynəlxalq layihələrin də həyata keçiriləcəyini qeyd edib.
Eyni zamanda nazir cari ildə Nazirlik tərəfindən “Şuşa ili”nə həsr olunmuş Şuşa şəhərinin qədim tarixi, mədəniyyəti və dahi şəxsiyyətlərinə aid heykəltaraşlıq müsabiqəsinin təşkil ediləcəyi barədə məlumat verib. Anar Kərimov gələcəkdə də Mədəniyyət Nazirliyi tərəfindən rəssamların işlərinin alınması, respublika daxilində və xaricdə rəssamların fərdi sərgilərinin təşkil edilməsinə dəstək göstəriləcəyini bildirib.
Daha sonra Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov çıxış edərək görüşün rəssamların fəaliyyətini çətinləşdirən amillərin həlli üçün imkan yaradacağını və faydalı olacağını, həmçinin rəssamların fəaliyyətinin daha da yaxşılaşdırılması üçün böyük töhfə verəcəyini bildirib. Rəssamlar İttifaqının üzvləri - Xalq rəssamı Arif Hüseynov, Aydın Rəcəbov, Xanlar Əhmədov, sənətşünas Ziyadxan Əliyev çıxış edərək rəssamların yaradıcılıq fəaliyyətinin daha da yaxşılaşdırılması üçün təkliflərini səsləndiriblər.
Sonda Mədəniyyət naziri Anar Kərimov “Nizami Gəncəvinin 880 illiyi (1141-2021)” xatirə nişanını Xalq rəssamı Fərhad Xəlilova təqdim edib.

 

Birləşmiş Krallıq və Azərbaycan arasında diplomatik münasibətlərin otuzuncu ildönümü ərəfəsində British Council, Böyük Britaniya səfirliyi və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ilə əməkdaşlıq edərək hər il keçirilən Britaniya Film Festivalının yeddinci buraxılışına start verib.

“Ədəbiyyat və incəsənət” portalı məlumat verir ki, martın 3-də başlanan festival  martın 15-dək Nizami Kino Mərkəzi və YARAT Müasir İncəsənət Məkanında nümayişlərlə davam edəcək. 

“Biz ən həyəcanverici, düşündürücü və bəyənilən yeni filmləri Birləşmiş Krallıqdan Azərbaycana gətiririk” - deyə britaniyalılar bildirirlər. Britaniya Film Festivalının 2022-ci il buraxılışı qlobal iqlim təhlükəsini əməkdaşlıq, dialoq və fəaliyyət imkanları yaradaraq diqqət mərkəzinə çəkir.

Festival Oskar laureatı aktyorlar Cim Brodbent və Helen Mirrenin unudulmaz tərəfdaşlığı ilə ekranlarda iz qoyan, oğurluq və ədalət uğrunda mübarizədən bəhs edən "HERSOQ" retro-komediyası ilə açılıb. "İNSANLAR İQLİM DƏYİŞİKLİYİNƏ QARŞI" və "SƏRHƏDLƏRİN MƏHVİ: PLANETİMİZ HAQQINDA ELM" sənədli filmləri bütün diqqətimizi iqlim təhlükəsinə və bəşəriyyətin planetimizi xilas etmək üçün nə edə biləcəyinə çəkəcək.

Azərbaycanda Britaniya Film Festivalı British Council-ın Azərbaycandakı nümayəndiliyi, Böyük Britaniyanın Azərbaycandakı Səfirliyi və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən təqdim edilir. 

 

Britaniya Film Festivalı bizim bərabərlik, müxtəliflik və inklüzivlik prinsiplərinə sadiqliyimizi filmlərlə ifadə edir. Bütün filmlər ingilis dilində nümayiş etdirilir.

 

Festivalın treylerinə buradan baxa bilərsiniz: http://bit.ly/britishfilmfestival

 

Biletləri Nizami Kino Mərkəzinin kassalarından və www.nizamicinema.az saytından əldə edə bilərsiniz.

Пятница, 11 Март 2022 11:00

Paris estetikasının etalonu Janna Damas ilə üzbəüz

 “Vogue” təqdim edir

 

“Ədəbiyyat və incəsənət” portalı “Vogue” dərgisində dərc edilmiş “Janna Damas “Rouje” brendinin yubileyi, yeni kitabı və dəb dünyasında uğur qazanmağın yolları barədə” adlı müsahibəni oxucularına təqdim edir. Mətni əməkdaşımız Rüfət Rzayev tərcümə edib.

Janna Damasın dəb bloqeri kimi formalaşması müasir sosial şəbəkələrin yaranmasından xeyli əvvəl baş verib. Hələ 13 yaşında ikən o, fransız bloq platforması olan “Skyblog”-da səhifə açıb. Yeniyetmə qız dəb və Parisdəki həyat tərzi barədə fikirlərini qlobal internet şəbəkəsinə köçürüb. Elə oradaca Janna həmin vaxt hələ 15 yaşı olan Simon Port Jakmüs ilə tanış olub. Virtual təcrübə tədricən öz işini görüb və bu gün 30 yaşlı Damas “Instagram”-da milyon yarım izləyicisi ilə Paris estetikasının etalonuna çevrilib. Onun səhifəsi başdan-ayağa Paris həyat tərzinin təcəssümüdür. Burada siz Jannanın məişət həyatından fotoları, onun gündəlik geyimlərini, dostları ilə ev yığıncaqlarını və pişiyi Çarlinin portretlərini görə bilərsiniz. Lakin 2016-cı ildən bəri parisli xanım özünü başqa bir işə - “Rouje” brendinə həsr edib. Damasın özü, parisli dostları və adi fransız qadınları bu marka altında bütün hallar üçün hərtərəfli qarderob hazırlayıblar. Brendin beşinci ildönümü üçün Damas, valideynlərinin restoranında keçirdiyi uşaqlıq illərindən brendinin atelyesində işləməyinədək keçdiyi həyat yoluna həsr olunmuş “La Vie en Rouje” (hərfi mənada “Qırmızı rəngdə həyat”) adlı yeni kitabını dərc edib. İngilis və fransız dillərində nəşr olunan kitabı “Amazon”dan sifariş etmək olar. 

- Brendinizin beş yaşı tamam olur. Bu münasibətlə hansı hisləri keçirirsiniz?

- Bu beş il ərzində əldə etdiyimiz hər şeylə fəxr edirəm! 2016-cı ildə brendin yaradılması üzərində üç nəfər çalışıb. Hazırda isə onun heyətinə 80-dən çox şəxs daxildir. Bütün bu müddət ərzində brend hər mənada böyüyüb. Lakin onun əsas pərəstiş obyekti dəyişməz qalıb: Qadın. Ətrafımda həmişə güclü xarakterli, auralı qadınlar olub: Anam, dostlarım, bibilərim, bacım. Onların necə görünə biləcəyi, məsələn, yerişi, danışıq və geyim tərzi, jestləri kimi sadə detallar məni heyran edir.

 - “Rouje” markasının yubileyi münasibəti ilə kitab çap etdirdiniz. Onu yazmaq ideyası necə yarandı? 

-Bir il əvvəl mən və komandam brendin beş il ərzində ən yaxşı fotoşəkillərini topladıq. Köhnə arxivimdə, ailə fotoalbomlarımda və “iPhone”-da şəkillər axtardım. Onların çoxunu tamamilə unutmuşdum. Yeni kitabı vərəqlədikdə brendin tarixini əks etdirən qəhrəmanlara - Lea Seydu, İzabell Adjani, Maya Houk, Emma Korrin kimi model və aktrisalara rast gəlirik. Kitab həm də oxucunun Parisdə, Fransanın cənubunda, Mərakeşdə və ya Kaliforniyada çəkilmiş fotoşəkilləri tapa biləcəyi bir səyahət gündəliyidir. Mən “Rouje” brendinin gözəl hekayəsini yeni baxış bucağından danışmaq və göstərmək istədim. 

- “Rouje” (Azərbaycanca oxunuşu Ruj) un yaradıcı direktoru olaraq işinizin ən yaxşı, eləcə də ən çətin tərəfləri hansılardır? 

-Ən yaxşı tərəfi səyahətdir. Mən daim yollardayam. Məsələn, qışda yay kolleksiyası üçün çəkilişlər edəndə günəşli yerlərə, boz Parisdən uzaqlara gedirik. Mən həmişə fotoqraf dostlarım və eyni makiyaj komandası ilə işləyirəm. Birlikdə təkcə gözəl kadrlar deyil, həm də xatirələr yaradırıq. Biz tətildə olan kiçik bir ailə kimiyik - işləyirik, gülürük, həyatdan həzz alırıq. Əminəm ki, fotoşəkillərimizdə səyahətlərimizin ab-havası hiss olunur. Ən çətin tərəfə gəlincə isə bu, şəxsi üslubuma bənzəyən bir fərdiliyi qorumaqla, marka olaraq böyüməkdir.

 - Son beş ildə ən yadda qalan anlarınızdan danışa bilərsinizmi?

- İlk an, cəmi iki saat ərzində satılan ilk kolleksiyamın buraxılışı ilə bağlıdır. İkincisi, Rouje gözəllik xəttinin işə salınmasıdır. 2019-cu ilin yaz-yay kolleksiyası üçün rejissor Bertrand LePluard ilə mini filmlər çəkdik. Kadrlar yayda çəkilmiş kimi görünsə də, əslində yaz idi. Hava da dəhşətli idi. Mən buzlu hovuzda üzməli oldum. Bununla belə, unudulmaz bir çəkiliş oldu! Və nəhayət, “Chez Jeanne” restoranımın açılışı. O, Parisin ikinci rayonunda, Başomon küçəsindəki studiyamızın birbaşa altında yerləşir və komandamız üçün bir növ yeməkxana rolunu oynayır. Yeri gəlmişkən, valideynlərimin restoran biznesi olsa da, heç vaxt belə bir obyekt açmaq məqsədim olmayıb. 

- Hər gün haradan ilham alırsınız? 

-Hər yerdən. Mən ideyalarımı Paris küçələrindən, foto albomlarımdan, sevimli filmlərimdən və ya “Instagram”dan alıram. Yeni kolleksiya yaradanda ikinci əl mağazalarına getməyi və maraqlı rənglərdən, materiallardan və ya naxışlardan ilham almağı xoşlayıram. 

- Ən çox sevdiyiniz “Rouje” əşyaları hansılardır? 

-Bunlardan üçünü deyə bilərəm: Hər şeyə uyğun olan və günəşli günlər üçün yüngül versiyada təqdim edilən “Jacques boyfriend” gödəkçəsi, qırmızı xallı “Gabin” paltarı və bir cüt myüli (sabo –red.). 

- Geyindirmək arzusunda olduğunuz qadınlar varmı?

- Bəli! Monika Belucci, Emmanuell Bear, Penelope Kruz kimi məşhur aktrisaları geyindirmək istərdim. İstənilən yaşda onların qadın cazibədarlığına heyranam. 

- Bu beş ildə bir sahibkar kimi nəyi öyrəndiniz? 

-Mən hələ də hər gün iş qadını olmağı öyrənirəm. Dəb dünyasında işləməyə 15 yaşım olanda fransız “Maisons”-un reklam kampaniyaları üçün poza verməklə başladım və şübhəsiz ki, bu, hazırki işimdə mənə kömək oldu. Zaman keçdikcə mən öz görünüşümü və obrazımı, eləcə də digər incəlikləri inkişaf etdirdim. “Rouje”da mən komandanı necə idarə etməyi və müştərilərin istəklərini dinləməyi öyrənməli oldum. Dizayner kimi mən davamlılıq və yerli bazarın dəstəklənməsi kimi yeni sahələri kəşf etməliyəm. Yeri gəlmişkən, geyimlərimizin 85 faizi Avropada, 65 faizdən çoxu ekoloji təmiz parçalardan hazırlanır. 

- Öz dəb brendini yaratmaq istəyənlərə nə məsləhət görərdiniz? 

-Müşahidə etmişəm ki, çox vaxt gənclər özlərinə arxayın olmurlar. Onlarda inamsızlıq sindromu var. Özünə hörmət üzərində işləmək və özünə inanmaq çox vacibdir. Amma mənim əsas məsləhətim odur ki, özünüzü motivasiyalı insanlarla əhatə edin və tərəfdaşlarınızla daim ünsiyyətdə olun. Komanda işi və inam olmadan heç vaxt “Rouje”u yarada bilməzdim.

-Brendinizə rəhbərlik etməklə yanaşı, xeyriyyə işləri ilə də məşğul olursunuz, eləmi? 

-Mən “Maison des Femmes” (Qadınlar Evi –red.) – zorakılıq qurbanları da daxil olmaqla, problemləri olan qadınlara kömək edən bir təşkilatın səfiriyəm. Bu gün bu məqsəd uğrunda mübarizə apardığım üçün fəxr edirəm. 2020-ci ilin yayında rəssam dostum Nina Kolçitskaya və mən təşkilata dəstək olmaq üçün kapsul kolleksiyası yaratdıq. Bu yaxınlarda “Rouje” təkrar emal edilmiş parça kolleksiyası təqdim etdi. Onun gəlirləri “Maison des Femmes”-ə gedəcək. Təşkilatla digər birgə layihələr üçün də planlarımız var. Tezliklə öyrənəcəksiniz. 

- Gələcəklə bağlı planlarınız nədən ibarətdir? 

-Mən qadınları sevindirəcək şeylər yaratmağa davam etmək istəyirəm. Qarşıda böyük bir layihə də var – “Les Filles en Rouje” xəttinin yeni gözəllik məhsulları ilə rebrendinqi. Xaricdə də mağazalar açmağı planlaşdırırıq.

-Təşəkkürlər.

 

Fotolar: Vogue.com

@dərc edərkən istinad məcburidir.

 

 

Martın 10-da Azərbaycan Teatr Xadimləri İttifaqında Milli Teatr Gününə həsr olunmuş tədbir keçirilib.

AzərTAC xəbər verir ki, tədbirdə Mədəniyyət Nazirliyinin nümayəndələri, tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Azər Paşa Nemətov çıxış edərək Milli Teatr Gününün əhəmiyyətindən söz açıb, bununla əlaqədar hər il ölkəmizdə müxtəlif tədbirlərin təşkil olunduğunu qeyd edib: “Bu gün peşəkar Azərbaycan teatrının 149 yaşı tamam olur. Buna baxmayaraq Azərbaycanda teatr sənətinin kökləri çox qədimdir. 1873-cü il martın 10-da isə Azərbaycanda peşəkar teatrın əsası qoyulub. Həmin gün görkəmli ictimai xadim Həsən bəy Zərdabi və onun tələbəsi, dramaturq Nəcəf bəy Vəzirovun təşəbbüsü ilə M.F.Axundzadənin “Lənkəran xanının vəziri” komediyası Bakıda realnı məktəbin tələbələri tərəfindən tamaşaya hazırlanıb.

Zəngin və mürəkkəb tarixi yol keçən Azərbaycan teatrının müasir inkişaf səviyyəsinə çatmasında görkəmli dramaturqlar, aktyor və rejissorlar böyük rol oynayıblar. Həsən bəy Zərdabinin, Mirzə Fətəli Axundzadənin, Cəlil Məmmədquluzadənin, Əbdürrəhim bəy Haqverdiyevin, Nəcəf bəy Vəzirovun, Nəriman Nərimanovun, Hüseyn Cavidin, Cəfər Cabbarlının, İlyas Əfəndiyevin milli teatrın təşəkkülündə və inkişafında xidmətləri danılmazdır.

Multikultural dəyərlərin təşviq olunduğu ölkəmizdə beynəlxalq teatr konfranslarının, teatr festivallarının keçirilməsi, bir sıra teatrların xarici festival və qastrollarda iştirakı, həmçinin nüfuzlu beynəlxalq təşkilatlara üzv qəbul edilməsi milli teatrımızın dünya teatr məkanına inteqrasiyasını daha da sürətləndirib. Bu gün qlobal miqyasda böyük nüfuz qazanan, dünyanın qabaqcıl ölkələri ilə möhkəm iqtisadi, siyasi və mədəni əməkdaşlıq əlaqələri quran müstəqil Azərbaycanın incəsənəti, o cümlədən teatr sənəti özünün yeni inkişaf mərhələsinin astanasındadır. 2013-cü ildən Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 10 Mart - Milli Teatr Günü kimi qeyd edilir”.

Mədəniyyət Nazirliyinin şöbə müdiri Fərəh Acalova Azərbaycan teatrının uğurlarından, teatrların maddi-texniki bazasının müasir dünya standartlarına uyğunlaşdırılmasından söz açıb.

Sonra 10 Mart - Milli Teatr Günü münasibətilə Azərbaycan teatrının inkişafında xidmətləri olan bir qrup sənət adamına Azərbaycan Teatr Xadimləri İttifaqının fəxri fərmanlar təqdim edilib.

Tədbirdə bayram günü ilə əlaqədar tamaşa nümayiş edilib.

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı tamaşaçıların xahişini nəzərə alaraq 10 Mart – Milli Teatr Günündə “Paris Notr-Dama ithaf” tamaşasını nümayiş etdirib.

2019-cu ilin noyabrından repertuara daxil edilən bu səhnə əsəri davamlı olaraq çoxsaylı tamaşaçı kütləsini ətrafına toplaya bilir və teatrın ən çox tələb olunan tamaşalarının siyahısında ilk yerdə dayanır.

Tamaşadan əvvəl teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev çıxış edərək sənət ocağının kollektivini və iştirakçıları Milli Teatr Günü münasibətilə təbrik edib.

Sonra tamaşa nümayiş etdirilib.

Dünyaşöhrətli yazıçı Viktor Hüqonun “Paris Notr-Dam” əsərinin motivləri əsasında rejissor Samir Qulamovun səhnələşdirdiyi və quruluş verdiyi "Paris Notr-Dama ithaf” tamaşasının ideya müəllifi və bədii rəhbəri Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayevdir.

Tamaşada bəşəriyyətin nadir tarixi memarlıq incisi, Avropanın əzəmətli simvollarından biri olan Paris Notr-Dam kilsəsində 2019-cu ilin aprelin 15-də baş vermiş yanğın hadisəsinə ithaf olunub.

“Paris Notr-Dama ithaf”da “Notre-Dame de Paris” müziklına görə “Ginnesin rekordlar kitabı”na düşən Riçard Konçiantenin və dünyaşöhrətli bəstəkarların: Rixard Ştraus, Tomaso Albinoni, Jorj Bize, Samuel Barberin əsərlərindən istifadə edilib.

Əsərin quruluşçu dirijoru və orkestrləşdirmənin müəllifi Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu baletmeysterləri Əməkdar artistlər: Zakir və Leyla Ağayevlər, xormeysteri Əməkdar artist Vaqif Məstanov, quruluşçu rəssamı Vüsal Rəhim, musiqi mətnlərinin müəllifi Azərbaycan Yazıçılar Birliyinin katibi, şair İlqar Fəhmi, dirijoru Səməd Süleymanlı, konsertmeysteri Prezident təqaüdçüsü Kamil Həsənov, rejissor assistentləri: Sevinc Məmmədova və Əmrah Dadaşovdur.

Tamaşada rolları Xalq artisti Pərviz Məmmədrzayev, Əməkdar artist Nadir Xasıyev, beynəlxalq müsabiqələr laureatı Aydan Həsənova, aktyorlar: Mehriban Zalıyeva, Əmrah Dadaşov, Nicat Əli, İbrahim Əlizadə, Emin Zeynallı, Hüseyn Əlili, Səmədzadə Xasiyev, Şaban Cəfərov, Telnaz Hüseynova, Murad Əliyev, Fərid Rzayev, Zaur Əliyev, Əli Kərimov, həmçinin xor və balet truppasının artistləri ifa ediblər.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.