Super User
Köhnə Hollivudun ən cəlbedici aktyorları kimlər olub? - Qadınların menyüsünə
Kinoaktyorlar və kinoaktrisalar çox sevilirlər, həmişə dəbdə olurlar. İllər ötür, onlar çəkildikləri filmlərdə yenə də gənc, yenə də cəlbedici qalırlar. Hər kəs də həmin o retro filmlərdə öz xatirələrinin dinməsinə şahidlik edir.
“Ədəbiyyat və incəsənət” portalı Mediasol dərgisinə istinadən köhnə Hollivudun ən yaraşıqlı və cəlbedici aktyorlarının beşliyini təqdim edir. Təbii ki, sıralanma ilə razılaşmayan xanım oxucularımız öz seçimlərini edə bilərlər.
Bu beş gözəllikdən birini seçmək lazımdır. Budur, siz filmin qadın rejissorusunuz və sizin qarşınızda beş cəlbedici kişi dayanıb, amma filminiz üçün birini seçmək lazımdır. Kimi?
Bu beşlikdən hansı birini köhnə Hollivudun simvolu adlandırarsınız?
Gözəllik kanonları zamanla dəyişir, bəli. Moda tipajları var - bu, əlbəttə ki, yalnız simaca gözəl olmağı nəzərdə tutmur. Amma köhnə Hollivudun beş ən simaca gözəl aktyorunu bu gün də ötüb keçmək mümkünsüzdür.
Yəqin ki, yalnız Cary Grantı əksəriyyət bu siyahıdan təəssüflənmədən çıxararmaq istəyəcək - lakin o, uzun illər bir nömrəli ulduz olub və yeri gəlmişkən, daha yaraşıqlı Klark Geybl həmişə Kari Qranta həsəd aparıb, onun barmaq izləri dəyən ssenarilər oxumalı olub… Yəni ki, Qrant bəyənməyən işlər Geybiyə ötürülüb.
Amma əksəriyyətin fikrinə gəldikdə isə, onların Pol Nyumenlə Gregory Peck arasında seçim edib sonda Pecki seçəcəyi şübhəsizdir. Təsadüfi deyil ki, Peck-i “röya adamı” deyə adlandırırlar. Kim “Roma tətili"ni görməyibsə dərhal hər şeyi atıb ona baxsın.
Amma Azərbaycanımızda bu beşlikdən ən çox tanınanı və seviləni, şübhəsiz, Marlon Brando olub.
Beləliklə, əziz xanımlar, beşdən birini seçirik.
5-ci yer:
Pol Nyuman
4-cü yer:
Carey Grant
3-cü yer:
Klark Qeybl
2-ci yer:
Marlon Brando
1-ci yer:
Gregory Peck
“Əbədiyyət yolçusu” kitabının təqdimatı olub
Martın 2-də Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileyi münasibətilə hazırlanmış “Əbədiyyət yolçusu” albom-kitabının təqdimatı olub.
AzərTAC xəbər verir ki, albom-kitab Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileyinin qeyd edilməsi haqqında" 31 yanvar 2020-ci il tarixli Sərəncamına müvafiq olaraq hazırlanıb.
Nəşrin tərtibçisi, “Ön söz” müəllifi və redaktoru Mustafa Çəmənli, ideya müəllifi isə "Təhsil Nəşriyyatı-Poliqrafiya" müəssisəsinin direktoru Tural Axundov, nəşriyyat redaktoru Gülər Ələkbərqızıdır.
Tədbirdə çıxış edən Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid Əbdürrəhim bəy Haqverdiyevin bütün yaradıcılığı ilə tanınmağa layiq bir ədib olduğunu söyləyib. Bildirib ki, 44 günlük Vətən müharibəsindən sonra görkəmli ədibin vətəni, doğulduğu yerlər işğaldan azad olundu. Şübhəsiz, bu, onun ruhunu şad etdi.
Qeyd edib ki, “Təhsil” nəşriyyatında çap olunan albom-kitaba Əbdürrəhim bəy Haqverdiyev haqqında dövri mətbuatda çap olunmuş məqalələr, xatirələr, həyatının müxtəlif anlarını əks etdirən şəkillər, kitablarına çəkilmiş illüstrasiyalar, səhnə əsərləri və hekayələri əsasında hazırlanmış televiziya və teatr tamaşalarından, bədii filmlərdən fraqmentlər toplanıb.
Yeni nəşrin ədibin xatirəsinə bir hədiyyə olduğunu deyən Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar bildirib ki, dəyərli nəşrdə Haqverdiyevin gözəl hekayələrindən başqa, teatr ənənələrinə həsr etdiyi bir məqaləsi də yer alıb: “Haqverdiyev bir ədib kimi çoxşaxəli bir insan idi. O, diplomatik sahədə yazılarla da çıxış edib”.
Diplomat, ədəbiyyatşünas alim Vilayət Quliyev yeni nəşr üzərində zəhmət çəkib, arxiv materialları toplayıb, kitabı nəşr edənlərə təşəkkürünü bildirib.
Ədibin həyat və yaradıcılığından danışan V.Quliyev bildirib ki, Əbdürrəhim bəy Haqverdiyev ədəbi fəaliyyətə Şuşa real məktəbində oxuduğu zaman başlayıb. M.F.Axundzadənin təsiri ilə "Hacı Daşdəmir" adlı kiçik bir pyes yazıb. Sankt-Peterburqda təhsil alarkən onun bədii yaradıcılığa meyil və həvəsi daha da artıb. O, burada olarkən "Yeyərsən qaz ətini, görərsən ləzzətini" və "Dağılan tifaq" əsərlərini yazıb.
1899-cu ildə Azərbaycana qayıdan Ə.Haqverdiyev bir müddət Bakıda yaşayıb. O, bir tərəfdən müəllimliklə məşğul olub, digər tərəfdən teatrlarda verilən tamaşalara rejissorluq edib. Eyni zamanda, bədii yaradıcılığını da davam etdirib. "Bəxtsiz cavan" və "Pəri-cadu" faciələrini yazmaqla milli dramaturgiyanı ideya və poetik-sənətkarlıq baxımından daha da zənginləşdirib. 1906-cı ildə "Həyat" qəzetində hekayələr və "Molla Nəsrəddin" jurnalında gizli imzalarla felyetonlar, məzhəkələr çap etdirib: “Haqverdiyev bədii əsərlərlə kifayətlənməmiş, diplomatiya sahəsində də çalışmışdı. Prezidentin ədibin 150 illiyi ilə bağlı müvafiq Sərəncamından sonra onun “Uca dağ başında” hekayəsi macar dilinə tərcümə olunub. Bu yaxınlarda macar rejissoru Əbdürrəhim bəy Haqverdiyev haqqında film çəkmək istədiyi bildirib. Bu, onu göstərir ki, Haqverdiyevin yaradıcılığı dünya üçün maraqlıdır”.
Filologiya üzrə fəlsəfə doktoru Gülbəniz Babayeva deyib: “Əbdürrəhim bəy Haqverdiyev yaradıcılığı bizim üçün doğma və əzizdir. Görkəmli ədib Molla Nəsrəddinçilərdən biri olub. Haqverdiyev böyük Azərbaycan ziyalısıdır və hər şeydən əvvəl vətənpərvərdir. Onun milli vətənpərvərlik ruhunda yazdığı əsərlərdə Qarabağ ab-havası duyulur. O, səyahətnamə janrını “Molla Nəsrəddin” jurnalına gətirən ədibdir. Məhz bundan sonra dövrün bütün qüsurları “Molla Nəsrəddin” jurnalında öz əksini tapdı”.
Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyadxan Əliyev, yazıçı-dramaturq Əli Əmirli, filologiya üzrə fəlsəfə doktoru Ələmdar Cabbarlı, Əməkdar jurnalist Tahir Aydınoğlu və başqaları çıxış edərək bildiriblər ki, ədibin yazıları bu gün də aktualdır, günümüzlə səsləşir.
Natiqlər kitabın hazırlanmasında böyük zəhməti keçən Mustafa Çəmənliyə təşəkkürlərini bildiriblər.
Bütün iştirakçılara minnətdarlığını bildirən Mustafa Çəmənli deyib ki, görkəmli şəxsiyyətlər haqqında kitab tərtib etmək olduqca məsuliyyətli işdir. Çalışdım ki, bu yeni albom-kitab böyük ədib Əbdürrəhim bəy Haqverdiyevin 150 illiyinə töhfə olsun.
Rusiya vətəndaşı Jerar Depardye müharibə ilə bağlı mövqeyini açıqlayıb
Rusiya vətəndaşlığını qəbul etmiş məşhur fransalı aktyor Jerar Depardye Rusiyanın Ukraynaya hərbi təcavüzü ilə bağlı münasibət bildirib. O, tərəfləri sülh danışıqlarına başlamağa çağırıb.
Aktyor bu barədə “France-Presse” agentliyinə açıqlamasında bildirib.
“Rusiya və Ukrayna həmişə qardaş ölkələr olub. Bu qardaş müharibəsinin əleyhinəyəm. Müharibəni dayandırın və danışıqlar aparın”, - deyə Jerar Depardye bildirib.
Xatırladaq ki, aktyor Fransanın keçmiş Prezidenti Fransua Ollandın ölkənin ən varlı vətəndaşlarından 75 faiz vergi tətbiq etmək niyyətinə etiraz olaraq Rusiya vətəndaşlığı istəyib. O, 2013-cü ildə Rusiya Prezidenti Vladimir Putinlə qısa görüş zamanı Rusiya pasportunu almışdı.
“Azərbaycan bəstəkarlarının əsərləri (saz və fortepiano üçün işləmələr)” adlı dərs vəsaitinin təqdimat mərasimi keçirilib
Georgi Şaroyev adına 35 nömrəli Onbirillik Musiqi Məktəbində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşkilati və maliyyə dəstəyi ilə nəşr olunmuş Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Hafiz Kərimovun hazırladığı “Azərbaycan bəstəkarlarının əsərləri (saz və fortepiano üçün işləmələr)” adlı aşıq sənəti üzrə fundamental ilk not vəsaitinin təqdimat mərasimi keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən məlumat verir ki, not
vəsaiti əsasən uşaq musiqi və incəsənət məktəblərində, habelə digər bədii təhsil müəssisələrində aşıq sənəti sahəsində yaranmış ehtiyacların təmin olunması, repertuarın zənginləşdirilməsi, habelə festival və müsabiqələrin proqramının əhatə dairəsinin genişləndirilməsi məqsədilə hazırlanmışdır.
Təqdimatı salamlama nitqi ilə Georgi Şaroyev adına Onbirillik Musiqi Məktəbinin direktoru Vəfa Həziyeva açıb.
Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktoru Səadət Xələfbəyli giriş sözündə qeyd etdi ki, zəngin tarixi ənənləri özündə yaşadan sinkretik incəsənət nümunəsi hesab olunan Azərbaycanın aşıq sənəti 2009-cu ildə YUNESKO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilmişdir.
Tədbirdə ADMİU-nun Musiqi Tarixi və Nəzəriyyəsi kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Kamilə Dadaşzadə, Azərbaycan Milli Konservatoriyasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Mübariz Əliyev, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent, əməkdar mədəniyyət işçisi Samirə Əliyeva, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Fəzail Miskinli, filologiya üzrə fəlsəfə doktoru Altay Məmmədov, Gədəbəy Aşıq Məktəbinin direktoru Etibar Əliyev, ADMİU-nun saz ixtisası üzrə müəllimi Murad Səmədzadə, Bakı şəhəri və Abşeron rayonunda fəaliyyət göstərən uşaq musiqi və incəsənət məktəblərinn saz ixtisası fənnini tədris edən müəllim heyəti iştirak etmişdir.
Kitabın müəllifi Hafiz Kərimov qeyd etdi ki, hazırda bədii təhsil müəssisələrində dövrün tələbinə uyğun olaraq musiqi duyumu və şifahi ənənə ilə yanaşı saz ifaçılığı fənninin notla tədrisi həyata keçirilməkdədir. Saz aləti ilə bağlı olan vəsaitlərin məhduduluğu yeni tədris materiallarının nəşr olunmasını zərurətə çevirmişdir. H.Kərimov həmçinin kitabın mahiyyətini və əhatə olunan mövzuları sahə üzrə ixtisaslaşmış, alim və mütəxəssislərin, habelə saz ixtisasını tədris edən müəllim və pedaqoqların diqqətinə təqdim edib.Təqdimat prosesində praktik ifa və tədris metodikası geniş auditoriyanın nəzərinə çatdırılıb.
Tədbirdə çıxış edən alimlər də respublikada saz ixtisası tədris edilən uşaq musiqi və incəsənət məktəblərinin, habelə Gədəbəy Aşıq Məktəbinin profil üzrə inkişafı məqsədilə çoxsaylı dərslik və metodiki vəsaitlərə ehtiyac duyduğunu, usta-şagird kontekstində ənənə ilə nəsildən-nəslə ötürülən aşıq sənətinin təhsilin və müasir musiqinin inkişafı fonunda eyni zamanda notla tədrisinin şərtləndirilməsindən bəhs ediblər. Nəfis tərtibatda nəşr olunan not vəsaitinin sahənin inkişafına xidmət edəcəyini qeyd edən alim-mütəxəssislər adıçəkilən vəsaitin çap olunmasında dəstək göstərən Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinə öz təşəkkürlərini bildirmiş və görülən işlərin davam etdirilməsinin vacibliyini qeyd ediblər.
Təqdimat zamanı ADMİU-nun III kurs tələbəsi Ayxan Məlikov, IV kurs tələbəsi Xavər Hüseynova, Xırdalan şəhər 11 illik Uşaq Musiqi Məktəbinin saz ixtisası üzrə müəllimi Nəsib Həsənovun ifasında not vəsaitində əksini tapan bəstəkar əsərlərindən nümunələr də səsləndirilib.
Azərbaycanın və Özbəkistanın gənc şairlərinin iştirakı ilə “Məclisi - fəramuşan” poeziya məclisi təsis edildi
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və layihəsi əsasında Azərbaycanın və Özbəkistanın gənc şairlərinin iştirakı ilə “Məclisi-fəramuşan” poeziya görüşləri keçiriləcəkdir.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən məlumat verir ki, ilk dəfə olaraq bərpa olunan tarixi və mədəni əhəmiyyət daşıyan “Məclisi-fəramuşan” poeziya məclisinə hər iki ölkənin gənc şairləri qoşulacaq və onlar öz şeirlərini səsləndirəcəklər.
Azərbaycan Mədəniyyət Mərkəzindən bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2022-ci ilin “Şuşa ili” elan olunması ilə əlaqədar Özbəkistanda çoxsaylı tədbirlər və layihələrin həyata keçirilməsi nəzərdə tutulub. Bu məqsədlə keçiriləcək poeziya görüşü XIX əsrdə Qarabağda keçirilən şairlər məclisinin davamı olaraq təşkil edilir. Gələcəkdə poeziya məclisində türk dünyasının digər ölkələrinin də iştirakı nəzərdə tutulub.
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin, hər iki ölkənin Yazıçılar Birliyi, Dünya Gənc Türk Yazarlar Birliyi və Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin də dəstək göstərəcəyi şeir məclisinin əsas məqsədi hər iki xalqın klassiklərini dərindən öyrənmək, şeirlər söyləmək, istedadı olan gənc şairləri üzə çıxarmaq, poeziyanın aktual məsələlərinə dair fikir mübadiləsi aparmaq, Türk dünyası şairləri arasında ədəbi əlaqələri genişləndirməkdir.
Şairlər məclisi cari ilin mart ayından başlayaraq dekabr ayına qədər davam edəcək. Məclis ayda bir dəfə olmaqla onlayn (Zoom proqramı) formada keçiriləcəkdir. Avqust ayında məclis Azərbaycan mədəniyyətinin paytaxtı Şuşada Cıdır düzündə, Molla Pənah Vaqifin məqbərəsi və Xurşidbanu Natəvan Sarayının qarşısında təşkil olunacaq və Azərbaycan televiziyasında yayımlanacaqdır.
Hər iki ölkənin gənc şairlərinin qoşulacağı məclisdə iştirak üçün namizəd bugünə qədər şairlik fəaliyyətinə malik olmalı, ya da onun hər hansı şeiri mütləq şəkildə ölkə mətbuatında yayımlanmalıdır. Tədbirə cari ilin noyabr ayında yekun vurulacaq və Məclisdə səsləndiriləcək şeirlər toplu halında Azərbaycan və Özbək dillərinə tərcümə olunaraq nəşr ediləcəkdir.
Qeyd edək ki, Azərbaycan poeziyasının inkişafında müxtəlif dövrlərdə yaranmış ədəbi məclislərin rolu böyük olmuşdur. Bu məclislər zaman-zaman müxtəlif şəhərlərdə fəaliyyət göstərmiş və bir çox şairlərin tanınmasında xüsusi rol oynamışdır. 1872-ci ildə Azərbaycan mədəniyyətinin beşiyi Qarabağda, tarixi Şuşa şəhərində tanınmış şair, ədəbiyyatşünas alim Mir Möhsün Nəvvabın evində təşkil edilən “Məclisi-fəramuşan” şairlər məclisi 1910-cu ilədək fəaliyyət göstərmiş və dövrün tanınmış şairləri M. Nəvvab, X. Natəvan, H. Qaradaği, F. Kəminə, A. Asi, B. Səbur, B.Fədai, habelə Qarabağ xanəndələri də bu məclisdə yaxından iştirak etmişlər.
Azərbaycan Mədəniyyət Nazirliyinin “Şuşa İli” münasibətilə həyata keçirdiyi “Şuşa mədəniyyətinin inciləri” layihəsinin davamı olaraq keçirilən “Məclisi-fəramuşan” şairlər məclisində iştirakçıların yaş həddi 16-40 yaş olaraq müəyyənləşdirilmişdir.
Məclisdə iştirak etmək istəyən şairlər elan olunmuş mövzu üzrə şeiri ana dilində yazmalı, məclisdə oxumalıdır. Hər iştirakçı tərəfindən yalnız bir şeir məclisə təqdim edilə bilər və mətnin həcmi maksimum iki A4 formatından çox olmamalıdır. Əsər təqdim olunarkən kompüterdə (Arial şrifti, 12 ölçüsü işlənməlidir) yığılmalıdır.
Şeir ərizəçinin orijinal əsəri olmalı, əsas mövzu milli mənəvi dəyərlər, Vətənə, insana sevgi, humanizm, əxlaqi-tərbiyəvi məzmun daşıyan əsərlərə xüsusi önəm veriləcəkdir.
Şeir məclisə təqdim edilərkən müəllif özü haqqında məlumatı (ad, soyad, ata adı, təhsil aldığı müəssisənin adını, bölməsini, sinifni, şəxsi telefon nömrəsi və elektron poçt ünvanını) daxil etməlidir. Məclisdə iştirak üçün şeirlər Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin elektron poçtuna ( Этот адрес электронной почты защищен от спам-ботов. У вас должен быть включен JavaScript для просмотра. ) təqdim olunmalıdır.
Münsiflər heyətinə hər iki ölkənin Yazıçılar Birliyinin nümayəndəsi, aidiyyatı yaradıcılıq təşkilatları, şairləri daxil edilib.
Hər ay keçiriləcək şairlər məclisində iki ölkənin fəal şairləri üç ayın nəticəsinə əsasən seçiləcək və fərqlənən şairlər Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin pul mükafatı, Fəxri diplom, Şuşa şəhərinə iki günlük səfər və həvəsləndirici hədiyyələrlə təltif olunacaqlar.
Sumqayıtda istedadlı şair İqbal Nəhmətlə görüş keçiriləcək
Sabah - martın 3-də, saat 11-də Sumqayıtın Poeziya Evində Yardımlıda yaşayıb yaradan istedadlı şair İqbal Nəhmətlə görüş keçiriləcək.
Portalımız vasitəsi ilə şair öz oxucularına və tədbirin təşkilatçılarına belə bir ismarıc göndərib:
“Mənə və sözümə dəyər verən hər kəs dəvətlidir!
Görüşün təşkilinə görə AYB Sumqayıt Bölməsinin sədri Gülnarə xanım Camaləddinə təşəkkür edirəm!”
Günün fotosu: “Yaşayış evləri, məktəb və bağçalar bombalanır”
Günün fotosu:
“Yaşayış evləri, məktəb və bağçalar bombalanır”
Rusiya Ukrayna ərazisində yalnız hərbi obyektləri bombaladığını bəyan etsə də yaşayış evləri, məktəblər, uşaq bağçaları bombalanmaqdadır. Kiyev vilayətinin Borodyanka şəhəri isə dağıntılar altındadır.
Foto: BBC
Ötən gün Bakıda “Akvarel təəssüratları” adlı satış sərgisi açıldı
Martın 1-də Xətai Sənət Mərkəzində Beynəlxalq Akvarel Cəmiyyətinin (IWS Globe International Watercolor Society) 10 illik yubileyinə həsr olunmuş “Akvarel təəssüratları” adlı akvarel əsərlərdən ibarət satış sərgisi açılıb.
Sərgi Milli Məclisin Mədəniyyət komitəsi, Mədəniyyət Nazirliyi, Rəssamlar İttifaqı, Dövlət Rəsm Qalereyası, Beynəlxalq Akvarel Cəmiyyətinin Azərbaycan nümayəndəliyi ("IWS Azerbaijan") və Xətai Sənət Mərkəzinin nəzdindəki Xətai Akvarel Qalereyasının təşkilatçılığı ilə ölkəmizdə sulu boya sənətinin inkişafı, təbliği və bu sahədə çalışan rəssamların yaradıcılığının dəstəklənməsi məqsədilə təşkil olunub.
Sərgidə 60-a yaxın rəssamın 80-ə yaxın sənət əsəri sərgilənir.
Əsəri sərgilənən rəssamlara hədiyyələr, sertifikatlar və sərginin elektron kataloqu təqdim edilib.
Ölkənin mədəni həyatında əhəmiyyətli yer tutacaq “Teatr baharı” festivalının bu gün açılışı olacaq
Bu gün Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın təşkilatçılığı ilə keçirilən “Teatr baharı” festivalının açılışı olacaq.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, R.Behbudov adına Mahnı Teatrında saat 16-da rejissor İmaməddin Həsənovun quruluşunda P. Bardustun “Arzular bağı” tamaşası oynanılacaq, saat 18-də festivalın rəsmi açılış mərasimi keçiriləcək, saat 19-da isə Üzeyir Hacıbəylinin “Məsəl nə?” tamaşası tamaşaçıların ixtiyarına veriləcək. Giriş sərbəstdir, bütün teatrsevərlər bu teatr bayramının canlı şahidləri ola bilərlər.
Martın 6-dək davam edəcək festival ölkəmizdə 17-ə yaxın müstəqil teatrın ilk böyükmiqyaslı tədbiridir. Festivalda panellər də keçiriləcək, tamaşaların müzakirələri də aparılacaq, eyni zamanda müxtəlif teatr mütəxəssisləri ilə görüşlər də olacaq.
Qeyd edək ki, Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrı ilə bərabər, Şah Mat Teatrı da festivala evsahibliyi edəcək.
Pərdələr qalxır, tamaşalar başlanır. Tamaşaçılar, buyurun, gəlin.
2019-cu ildə çəkilmiş “Vağzalı” komediyasının premyerası, axır ki, baş tutdu
Pandemiya səbəbindən uzun müddət qapıları bağlı qalan konsert salonları, teatr zalları, kinoteatrlar yenidən tamaşaçılarla ünsiyyətə sevinməkdədir, bu da, əlbəttə ki, çox müsbət haldır.
2019-cu ildə çəkilən və 2020-ci ildə premyerası pandemiyaya görə baş tutmayan “Vağzalı” komediyası da nəhayət ki, tamaşaçıların ixtiyarına verildi.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, martın 1-də “Nizami” kino mərkəzində baş tutan premyeraya filmin yaradıcı heyəti, ölkə mədəniyyətinin tanınmış xadımləri, kinosevərlər təşrif buyurmuşdular.
Rejissor Şahin Qəhrəmanın lentə aldığı, ideya müəllifi və prodüsseri Əlibala Məhərrəmzadə, ssenari müəllifləri Ənvər Abbasov və Samid Ağayev olan “Vağzalı” filmində baş rolları sevilən komedik aktyorlar İlkin Misgərli və Nicat Rəhimov, eləcə də Nərgiz Əliyeva, Elçin Rəsulov və Elşən Hacıbabayev canlandırırlar. Və bu koloritli aktyor heyətinə qoşulmuş, filmdə “tərcüməçi uşaq” obrazını canlandıran Bakı məktəblisi Səttar Məhərrəmzadənin yaddaqalan ifasını ayrıca qeyd etməyə dəyər. Epizodik rollarda və kütləvi səhnələrdə yer almış Quba rayonunun sakinlərini də alqışlamaq lazımdır.
Hadisələr Qubada cərəyan edir. Bu cənnətməkan rayonun gözəl təbiət lövhələri, eyni zamanda filmin sponsorlarından olan “Şahdağ Quba-Truskavets” sanatoriyasının göz oxşayan guşələri filmə əlavə rəng qatır.
Filmin çatdırdığı əsas mesajsa odur ki, insan qismətdən artığına nə qədər can atsa da, çata bilmir, odur ki, atalar demiş, nəğdini qoyub nisyənin ardınca qaçmağa dəyməz.
Film olduqca dramatik süjet xəttinə malikdir: Eyvanda təmir işləri görən usta yıxılıb aşağı mərtəbənin eyvanına düşür, orada yaşayan qızın qardaşı da onu bacısının gizlin adaxlısı zənn edib okivar döyür və namus məsələsini ortaya atıb məcbur edir ki, bacısının adına söz çıxmasın deyə gərək bacısını alsın.
O da üstünə çəkilən “ləzgi xəncərinin” qorxusundan çar-naçar, razılaşmalı olur.
Nə baş verirsə toy günü baş verir. Gəlin öz sevgilisi olduğu üçün zorla ərə verilməsi ilə barışmır, toya meyxanaçı qismində dəvət olunmuş İlkinlə Nicatın maşınında gizlənərək toy məkanından qaçır. Gəlinin qardaşı və bəy onları təqib edirlər, bu yandan qızın öz sevgilisi də hadisə yerinə gəlir, macəra dolu, bol gülüşlü səhnələrə ərəb turistləri ilə bağlı epizodlar xüsusi kulminasiyalar gətirir.
Sonluğu, təbii ki, bu gündən ölkə kinoteatrlarında nümayişi başlanacaq “Vağzalı” kinokomediyasına baxıb özünüz görəcəksiniz, əziz kinosevərlər. Amma bəri başdan deyək ki, sonluq əsil novellasayağı, trillersayağıdır, gözlənilməzdir.
Sevilən bəstəkar Vaqif Gərayzadənin filmə yazdığı məxsusi musiqi isə süjetlərin sanki dramatizm kəsərini xeyli artırmış olur.
Premyeradan sonra filmin komandası səhnəyə dəvət olunaraq təqdim ediləndə zalın alqışlara bürünməsi, əlbət ki, haqqına olan prosedur idi. Premyeraya gəlmiş tanınmışların hamısı bir ağızdan filmi bəyəndiklərini izhar etdilər. Tamaşaçıların filmi bəyənməsinə isə onların saat yarım ərzində gülüb qəşş eləmələri əyani sübut idi.
Portalımız adından filmin yaradıcı heyətini təbrik edir, onlara, necə deyərlər, “qəşəng kassa” arzulayırıq.
Şəkillərdə: Filmdən fraqmentlər