Super User

Super User

Понедельник, 17 Октябрь 2022 10:00

Mother's Book - Mədəniyyət Nazirliyinin yeni layihəsi təqdim edilib

 

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Mədəniyyət Nazirliyinin yeni layihəsi olan "Anamın kitabı" tamaşasının premyerası olub. Öncədən deyək ki, tamaşa ingilis dilində nümayiş olunub. 

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, mədəniyyət naziri Anar Kərimov, gənclər və idman naziri Fərid Qayıbov, Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, həmçinin ölkəmizdəki səfirlərin, eləcə də tanınmış teatr xadimlərinin, incəsənət adamlarının izlədikləri premyera alqışlarla qarşılanıb.

Əvvəlcə, tamaşa heyətini və tamaşaçıları salamlayan mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev deyib: "Azərbaycanın "La Skala"sında sizi görməkdən məmnunuq. Əminəm ki, bu gün burada fərqli və qeyri-adi tamaşa izləyəcəyik. Mədəniyyət Nazirliyinin layihəsi olan "Anamın kitabı" tamaşasının hazırlanma prosesi olduqca fərqli olub. Belə ki, 6 ay əvvəl ingilis dilində bir söz belə bilməyən bu səhnə əsərində gördüyünüz aktyor heyəti gərgin məşqlərin nəticəsində belə bir fərqli və gözəl iş hazırlayıblar. Səhnə əsəri Azərbaycan dramaturgiyasının klassik nümunələrindən olan Cəlil Məmmədquluzadənin "Anamın kitabı" əsəri əsasında hazırlanıb. Yeni və müasir rejissor işi nəticəsində ərsəyə gələn tamaşada ölkəmizin müxtəlif teatrlarının aktyorları eyni səhnəni bölüşüblər. İngilis dilində hazırlanan tamaşada əsas məqsəd doğma ana dilimizin təbliğatı istiqamətinə yönəlib. Müasir dövrümüzün tələblərinə uyğun yeni texnologiyaları, xarici dilləri mənimsəməyin faydaları çoxdur, lakin hər kəs öz doğma ana dilini, milli dəyərlərini, tarixini bilməlidir. Ana dilini bilmək özünüdərk və müqəddəs amaldır. Tamaşanın hazırlanmasında əməyi olan hər kəsə öz təşəkkürümü bildirirəm və hamını bu gözəl səhnə əsərinə baxmağa dəvət edirəm”. 

Premyeradan sonra rəsmi qonaqların, eləcə də incəsənət xadimlərinin tamaşanı hazırlayıb ərsəyə gətirən truppa ilə səhnəarxası görüşü olub. Görüşdə tamaşa heyətinə təşəkkürlərini bildirən rəsmilər, teatrdan xoş təəssüratla ayrıldıqlarını vurğulayaraq, xoş arzularını çatdırıb, tövsiyələrini veriblər.

Böyük dramaturqun “Anamın kitabı” əsərində əsas mövzu üç qardaşın dil, din, düşüncə tərzlərinin fərqliliyi nəticəsində aralarında yaranan sürəkli mübahisələrdir. Günümüzlə səsləşən, bizi narahat edən və düşündürən mövzu əsərin baş qəhrəmanı olan Ananın timsalında təqdim edilir. Ana övladlarını öz milli-mənəvi dəyərlərinə sahib olmağa, ana dilinə yiyələnməyə və birliyə çağırır. Oğullar isə daha çox müasir dünyanın tələblərinə cavab verməyə can atır, nəticə etibarilə innovativ texnologiyalarla zəngin bir mühitin fonunda öz milli dəyərlərini itirmək təhlükəsi ilə üz-üzə qalırlar. Beləliklə, Ana övladları ilə mübarizəyə başlayır. Onun qəlbini dəlib-deşən dərd yükü isə səngimir, daha da alovlanır, sanki rəvayətlərdəki əcaib-qəraib bir əjdahaya çevrilir.

Səhnə əsərinin quruluşçu rejissoru İradə Gözəlova, tərcümə edəni Tərlan Rəsulov, quruluşçu rəssamı Vüsal Rəhim, videomühəndisi Murad Həsənovdur. Döyüş səhnələrinin və rəqslərin quruluşu Xalq artisti Pərviz Məmmədrzayev və rejissor Zaur Əliyevə aiddir. 

Qeyd edək ki, Musiqili Teatrın tarixində ilk dəfə ingilis dilində nümayiş olunan səhnə əsəri iki gün dalbadal oynanılıb.

 

 “Avroviziya-2023” beynəlxalq mahnı müsabiqəsində iştirakdan birdən-birə dörd ölkə imtina edib. “ “Eurovisionwolrd.com” saytına  istinadən “Ədəbiyyat və incəsənət” məlumat verir ki, bu ölkələr post sosialist ölkələridir. 

 

Bolqarıstan, Monteneqro, Bosniya və Herseqovina və Şimali Makedoniya Liverpulda təşkil olunacaq müsabiqədə iştirak etməyəcəklər. 

Bolqarıstan  müsabiqənin onlar üçün maraqlı olmadığını açıqlayıb.

Monteneqronun yerli yayım şirkəti RTCG bu qərarı ölkənin iştirak etmək üçün kifayət qədər büdcəsinin olmaması ilə əlaqələndirib. 

Şimali Makedoniyanın MRT telekanalı ölkədə iqtisadi və enerji böhranlarının yaratdığı yüksək xərclərə görə müsabiqədə iştirak etməyəcəklərini açıqlayıb. 

2017-ci ildən müsabiqəyə qatılmayan Bosniya və Herseqovina isə  “Avroviziya-2023”də də iştirak etməyəcəyini heç bir səbəb bildirmədən elan edib. 

Yeri gəlmişkən, imtinaçı ölkələrin siyahısının bir qədər də genişlənəcəyi söylənilir.

 

İstanbulda Azərbaycanın Əməkdar artisti, dirijor, bəstəkar və pianoçu Turan Manafzadənin solo konserti keçirilib. Konsert proqramı Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin “Beyoğlu Mədəniyyət Yolu” festivalı çərçivəsində İstanbulun “Grand Pera” Əmək Səhnəsində baş tutub. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bununla bağlı AzərTAC-a müsahibə verən Turan Manafzadə bədii gecədə səsləndirilən əsərlərin əksəriyyətinin söz və musiqisinin özünə aid olduğunu bildirib.

Musiqiçi deyib: “Proqrama, eyni zamanda, aranjeman etdiyim xalq mahnıları da daxil edilmişdi. Bundan əlavə, görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun anadan olmasının 100 illiyi münasibətilə repertuarıma onun “Mən səni araram” əsərini də əlavə etdim. Bununla da dahi bəstəkarımızı yad etmiş oldum və Azərbaycan bəstəkarlıq məktəbi haqqında dinləyicilərə məlumat verdim. Salonu dolduran sənətsevərlər Azərbaycan musiqisini böyük sevinc və maraqla qarşıladı, mənimlə birgə oxudular”.

Qeyd edək ki, Turan Manafzadə Azərbaycanın Əməkdar artisti, məşhur pianoçu İslam Manafovun qızıdır və Manafovlar ailəsi dünyanın müxtəlif bölgələrində konsert proqramları ilə çıxış edirlər.

Суббота, 15 Октябрь 2022 17:23

Tbilisidə açılan sərgidə nə baş verib?

 

Ermənilərin Azərbaycana qarşı təxribata cəhd göstərmələri xəbəri yayılıb. Söhbət Gürcüstanın paytaxtında 4-cü “Tbilisi Etno Fest” yaradıcılıq sərgisində baş verən olaylardan gedir. 

 

“Ədəbiyyat və incəsənət” olayla bağlı xəbər paylaşan agentliklərə istinadən məlumat verir ki, ölkəmizi  bu sərgidə “Pirşah” şirkəti təmsil edir.

“Pirşah” şirkəti sərgidə Azərbaycan sənət ustalarının toxuculuq, rəngkarlıq işlərindən ibarət məhsullar təqdim edir.

Amma ermənilər yenə də öz çirkin niyyətlərindən əl çəkməyərək Azərbaycana qarşı təxribat törətməyə cəhd ediblər. 

"Pirşah" şirkətinin təmsilçisi Behbud Nəcəfov “AzərTAC”a bildirib ki, ermənilər və onların havadarları bir neçə dəfə Azərbaycan guşəsinə yaxınlaşıb, mədəniyyət nümunələrimizi təhqir etməyə cəhd ediblər. Lakin onların bu cəhdləri baş tutmayıb. Şirkət nümayəndələri, təşkilatçılar, eləcə də bəzi ziyarətçilər Azərbaycan nümayəndə heyətinə dəstək göstəriblər. 

Bundan sonra ermənilər guşədən uzaqlaşıblar. 

Qeyd edək ki, Azərbaycanın Gürcüstandakı səfirliyinin müşaviri Sərxan İsmayılov sərgidə olub, Azərbaycanın sənət ustalarının qayğıları ilə maraqlanıb, onlara səfirlik adından lazımi dəstək göstərib.

 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin “Qonağımız var” layihəsi çərçivəsində Nərimanov rayon Mərkəzi Kitabxana Sisteminin (MKS) Mərkəzi Kitabxanasında görkəmli şair, yazıçı, professor Zahid Xəlil ilə görüş keçirilib.

 

Baş İdarədən mediaya verilən məlumata görə, tədbirdə Nərimanov rayon MKS-in əməkdaşları, oxucular, Nərimanov rayon Dilqəm Nəbiyev adına 178 nömrəli tam orta məktəbin müəllim və şagirdləri, 5 nömrəli Uşaq- Gənclər İnkişaf Mərkəzinin müəllimləri iştirak ediblər.

Görüşün keçirilməsində məqsəd uşaqları yazıçı, şair, pedaqoq, filologiya elmləri doktoru, professor Zahid Xəlilin həyat və yaradıcılığı ilə tanış etmək, eləcə də onların kitaba olan marağını və dünyagörüşlərini artırmaqdır.

İlk olaraq şairin həyat və yaradıcılığına həsr olunmuş videoçarx nümayiş olunub.

Tədbiri giriş sözü ilə açan mərkəzi kitabxananın əməkdaşı Günel Eyvazova qonaqları salamlayaraq, uşaq yazarı Zahid Xəlilin ədəbi fəaliyyəti haqqında ətraflı məlumat verib. Qeyd olunub ki, yazıçı yaradıcılığının əsas hissəsini uşaqlar üçün şeir, nağıl, poema yazmağa həsr edib. Uşaqların sevə-sevə oxuduğu “Torağaylar oxuyur”, “Ballıca”, “Çıraq nənənin nağılları” və digər şeir və nağıllar Zahid Xəlil yaradıcılığının bəhrəsidir.

Vurğulanıb ki, Zahid Xəlilin şeirlərinin əksəriyyəti uşaqları əməyə məhəbbət, həyatın mənasını başa düşmək, vətəni sevmək, doğru danışmaq və bu kimi gözəl hisslər ruhunda tərbiyə etməyə xidmət edir.

Şair Vətən müharibəsi dövründə xalqımızın böyük Qələbə dastanını uşaqlarımıza tərənnüm edən “Dəmir yumruq dastanı” əsəri haqqında ətraflı danışıb.

Daha sonra Zahid Xəlilin yazdığı şeirlər dinlənilib, ədəbi-bədii kompozisiya nümayiş etdirilib, şairin şeirlərinə bəstələnmiş mahnılar isə hamıda xoş ovqat yaradıb.

Sonda Zahid Xəlil çıxış edərək maraqlı tədbirə görə təşkilatçılara və iştirakçılara təşəkkürünü bildirib, oxucuların suallarını cavablandırıb.

 

Müasir İncəsənət Muzeyində “İkinci nəfəs” adlı sərgi açılıb. Bu barədə “Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir. 

 

Sərgi Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin, “Cultural Network House” (CNH) İctimai Birliyinin və Müasir İncəsənət Muzeyinin birgə əməkdaşlığı ilə reallaşıb.

Açılış mərasimində rəsmi şəxslər, tanınmış elm və mədəniyyət xadimləri, diplomatik korpus təmsilçiləri iştirak ediblər.

Mərasimdə mədəniyyət naziri Anar Kərimov çıxış edərək layihənin incəsənətimiz üçün önəmindən və sərgilənən əsərlərin dövrümüz üçün dəyərindən bəhs edib. Nazir bildirib ki, sərgidə nümayiş olunan əsərlər Azərbaycan Dövlət Rəsm Qalereyasının fonduna daxil olan dəyərli sənət nümunələridir. Qalereyanın fondunda Azərbaycan rəssamlarının yaratdıqları 10 mindən çox nadir sənət inciləri olan rəngkarlıq, qrafika, heykəltəraşlıq, dekorativ-tətbiqi sənət əsərləri və müasir incəsənət əsərləri qorunub saxlanılır.

Nazir diqqətə çatdırıb ki, Azərbaycan Dövlət Rəsm Qalereyası mədəniyyətimizin hamisi ulu öndər Heydər Əliyevin qayğısı nəticəsində yaradılıb və uzun illərdir təsviri sənətimizin qorunmasına xidmət edir.

Onun sözlərinə görə, CNH öz fəaliyyətində incəsənətin bütün sahələrində olduğu kimi, rəssamlıq sahəsinə də çox böyük önəm verir. Məhz bu səbəbdən, İctimai Birliyin sədri Aynur Süleymanzadənin rəhbərliyi ilə 7 ay ərzində hazırlanan bu layihədə əsərlər bərpa olunub və 1960-1990-cı illərə aid rəsmlərə “İkinci nəfəs” verilib.

Diqqətə çatdırılıb ki, layihə çərçivəsində 41 rəssamın 1960-1990-cı illər arasında çəkdiyi 72 əsər seçilərək sərgiyə təqdim olunub. Rəssamlar arasında Səttar Bəhlulzadə, Tahir Salahov, Toğrul Nərimanbəyov, Salam Salamzadə, Baba Əliyev, Xalidə Səfərova, Lətif Feyzullayev, Elmira Şahtaxtinskaya, Oqtay Sadıqzadə, Oqtay Şıxəliyev, Hafiz Məmmədov, Mikayıl Abdullayev və digərləri yer alıb.

Prezident İlham Əliyevin Azərbaycan mədəniyyətinin təsviri sənətinin inkişafı naminə imzaladığı çoxsaylı sərəncam və fərmanlardan danışan nazir bildirib ki, Birinci vitse-prezident Mehriban Əliyevanın böyük diqqət və qayğısı sayəsində bu gün ölkəmizin zəngin mədəni dəyərləri dünyada geniş təbliğ olunur. Hazırda sərginin təşkil olunduğu bu muzey də məhz Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə fəaliyyətə başlayıb.

Sərginin bir ay müddətində davam edəcəyini bildirən nazir qeyd edib ki, zəngin rəngkarlıq məktəbimizin gənc nəslə çatdırılması baxımından da layihə böyük əhəmiyyət kəsb edir.

Sərginin açılışında çıxış edən Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov ötən əsrin 60-cı illərini Azərbaycan təsviri sənəti üçün bir intibah dövrü adlandırıb. Həmin dövrə mənsub rəssamların yaradıcılığının özəlliyindən söz açan F.Xəlilov bildirib ki, onların yaratdığı əsərlər əbədiyaşardır. O, layihənin təşkilinə görə əlaqədar təşkilatlara minnətdarlığını bildirib. Qeyd edib ki, Azərbaycanın təsviri sənət nümayəndələri bu gün də xalqımızın mədəni-ictimai həyatında fəal iştirak edirlər.

Sonra qonaqlar sərgi ilə yaxından tanış olublar.

Sərgi noyabrın 6-dək davam edəcək.

 

Mədəniyyət Nazirliyinin dəstəyi ilə, Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi və Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının tərəfdaşlığı ilə “Qlobal Kommunikasiyalar və İnnovasiyalar” şirkəti tərəfindən “İrsin idarəedilməsi bacarıqlarının inkişafı” təlim proqramı çərçivəsində UNESCO-nun “Qeyri-maddi mədəni irsin qorunması üzrə 2003-cü il Konvensiyası” mövzusunda təlim kursu ikinci günündə davam etmişdir.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, qonaq çıxışçı kimi təlim kursunda iştirak edən “Azərxalça” ASC-nin mətbuat katibi Xatuna Abdullayevaya “Azərxalça” ASC-nin Azərbaycan xalça sənətinin inkişafı və dünyada tanıdılmasında gördüyü işlərdən danışdı, həmçinin 15 regional emalatxanasında təqribən 600 xanım toxucunun fəaliyyət göstərdiyini qeyd edərək həm ənənəvi, həm müasir dizaynlarla xalçaların, o cümlədən ipək xalçaların toxunulduğunu qeyd etdi. “Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı” üzrə fəaliyyətlərdən danışaraq, xarici ölkələrdə təşkil olunan sərgilər, beynəlxalq ekspozisiyalar haqqında təcrübələri haqqında məlumat verdi.

 

Ardından, Təlim proqramının rəhbəri Vasif Eyvazzadə təlim kursunun UNESCO-nun qeyri-maddi irs nümunələrinin beynəlxalq səviyyədə qorunmasının təmin edilməsi istiqamətində fəaliyyət göstərən orqanlar Baş Konfrans, Hökumətlərarası Komitə, Komitənin Bürosu, Qiymətləndirmə Orqanı və Katibliyin fəaliyyətlərinə dair real təcrübəyə əsaslanan vacib bilikləri və faydalı məsləhətləri təlim iştirakçıları ilə bölüşdü. Sonra, iştirakçıların mövzuya dair sualları cavablandırıldı və təlim kursu müzakirə şəklində davam etdirildi.

 

Türkiyənin Ənənəvi Sənətlər Birliyinin əməkdaşı, təlimçi Sona Tomaç Konvensiyaya uyğun olaraq milli səviyyədə qoruma tələb edən qeyri-maddi mədəni irs nümunələri ilə bağlı zəruri fəaliyyətlər haqqında danışaraq nümunələrin inventarlaşdırılması, nümunələrin yaşadılması üçün bilik-bacarıqların artırılması, milli dəstək mexanizmlərindən bəhs etdi. Ardından, xanım Aslihan Erkmen “Türkiyənin Ustaları” adlı layihədən, onun Marmara bölgəsi üzrə pilot mərhələsi üçün kompleks layihə fəaliyyətlərindən və nəticələrindən, ayrı-ayrı ənənəvi sənət növləri üzrə inventarlaşdırma, sənətlər və həmin sənətlərlə məşğul olan ustalara dair məlumatların təhlili imkanlarından danışdı. Vasif Eyvazzadə Türkiyənin Ənənəvi Sənətlər Birliyi ilə birgə əməkdaşlıqda hazırlanmış “Azərbaycan Sənətkarları” layihəsi, bu layihənin ölkəmizdə ənənəvi sənət növlərinin qorunması və vəziyyətin təhlili imkanlarının artırılmasına verəcəyi töhfələr və bu sahədə həllini gözləyən məsələlər haqqında danışdı. Sonra, iştirakçılarla regionlar üzrə qeyri-maddi irs nümunələrinə dair fikir mübadiləsi aparıldı və hər birinə dair xarakterik elementlər sadalanaraq onların gələcəkdə daha yaxşı qorunması və yaşadılması üçün layihə və təşəbbüslərə çağırış edildi.

 

İkinci yarım gündə, “ABAD” publik hüquqi şəxsin direktoru Rüfət Elçiyev ənənəvi sənət növlərinin yaşadılması və bu istiqamətdə ailə bizneslərinə və təsərrüfatlarına dəstək istiqamətində bir dövlət layihəsi kimi bu çərçivədə icra olunan fəaliyyətlər barədə danışaraq ABAD-ın əhatə dairəsi, ABAD-çı sənətkarların kateqoriyaları, regionlar üzrə vəziyyəti əks etdirən məlumatları və ABAD məhsullarını təşkilati sayt üzərindən təqdim etdi. Təlimçi Sona Tomaç qeyri-maddi irs nümunələrinin qorunmasında beynəlxalq əməkdaşlığın əhəmiyyətindən, dəstək mexanizmlərindən və bu istiqamətdə Beynəlxalq fondun imkanlarından, dəstəklənən layihələrdən danışdı. Xanım Aslihan Erkmen dövri hesabatlarla bağlı qaydalardan, eləcə də qeyri-maddi irsin etik qavramı barədə, qeyri-maddi irsin qorunmasında vətəndaş cəmiyyəti təşkilatlarının rolundan bəhs etdi. Sonda, təlim kursunun iştirakçılarına sertifikatlar təqdim edildi.

 

Təlim kursunda Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və onun tabeliyində fəaliyyət göstərən regional idarələrin və mədəniyyət müəssisələrinin, Dövlət Turizm Agentliyinin, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin, “ABAD” publik hüquqi şəxsin, Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin, Qarabağ İqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin, “Şuşa” Şəhəri Dövlət Qoruq İdarəsinin, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin, Heydər Əliyev Mərkəzinin, AMEA-nın Əlyazmalar institutunun, Mədəniyyət və İncəsənət Universitetinin, Azərbaycan Kulinariya Mütəxəssisləri Assosiasiyasının, “Arts Council Azərbaycan” təşkilatının, Bəstəkarlar İttifaqının nümayəndələri iştirak etmişdir.

 

“İncəsənət məktəblərində islahat prosesləri: məqsədlər və nailiyyətlər” mövzusunda müşavirə keçirilib

 

Oktyabrın 14-də Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “İncəsənət məktəblərində islahat prosesləri: məqsədlər və nailiyyətlər” mövzusunda müşavirə keçirdi.

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, müşavirədə Bakıda və regionlarda fəaliyyət göstərən uşaq incəsənət və musiqi məktəblərinin direktor və müəllimləri, eləcə də regional idarələrin rəhbərləri iştirak edirdi.

 

Tədbirdə çıxış edən mədəniyyət naziri Anar Kərimov mədəniyyətimizin inkişafının təməlində uşaq incəsənət və musiqi məktəblərinin dayandığını dedi. Bildirdi ki, bu sahədə keyfiyyətli təhsil başlıca meyardır: “Gələcəkdə musiqimizin, mədəniyyətimizin inkişafı üçün Mədəniyyət Nazirliyi olaraq islahatlara məhz buradan başlamağa qərar verdik. Məqsədimiz ilk növbədə bizim gələcəyimizi təmin edən tədris-təhsil sistemini təkmilləşdirmək və bu sahənin inkişafını peşəkar kadrlarla təmin etməkdir”.

İki ildir nazirlik tərəfindən tabe mədəniyyət müəssisələrində yoxlamaların həyata keçirildiyini deyən Anar Kərimov ciddi nöqsanların aşkar edildiyini diqqətə çatdırdı: “Bu nöqsanlar əsasən musiqi məktəblərində aşkarlanıb. Burada korrupsiya, “ölü canlar” və digər neqativ hallar ortaya çıxarılıb. Bu hallar nəticə etibarilə keyfiyyətli təhsil üçün maneələr yaradır. Bu yoxlamaların nəticələri barədə hüquq mühafizə orqanlarına da müraciət olunub və araşdırmalar aparılır. Bütün bunlar bizim üçün ciddi siqnallardır ki, bu sahəyə nəzarəti gücləndirək. Biz bu amilləri nəzərə alaraq islahatlara başladıq. Nazirlik tərəfindən hazırlanan yol xəritəsində 8 prioritet istiqamətdən ikisini artıq həyata keçirməkdəyik. Birincisi, musiqi məktəblərində elektron sistemin yaradılmasıdır. Yəni müəllim və şagirdlərin elektron qeydiyyatı aparılır. Bir ildən çoxdur ki, nazirlik tərəfindən incəsənət məktəblərinin elektron sistemi – İMES adlı sistem hazırlanaraq öz işinə başlayıb. Bizim üçün bu nəzarət sistemi vacibdir. Bunun nəticəsində məktəblərdə müəllim və şagirdlərin sayını əldə edə bilirik. Digər bir vacib bir məsələ ölkə ərazisində fəaliyyət göstərən 210 uşaq incəsənət və musiqi məktəbində barmaq izlərini qeydə alan aparatın quraşdırılmasıdır. Bununla şagird və müəllimlərin davamiyyətinə nəzarət etmək mümkün olacaq. Həmçinin bu nəzarət sistemi digər bir problemin aradan qaldırılması deməkdir. Bəzən olub ki, musiqi və incəsənət məktəblərində tədris olmadığı halda müəllimlər maaş alıblar”.

Nazir həmçinin diqqətə çatdırdı ki, müəllimlərin işə qəbulu ilə bağlı iki mərhələli sistem tətbiq edilir: “İlk dəfə olaraq birinci – test mərhələsi Dövlət İmtahan Mərkəzi ilə birgə həyata keçirildi. Gələcəkdə Mədəniyyət Nazirliyi bu prosesə müdaxilə edən tərəf kimi görünməsin deyə bu prinsipi seçdik və gözəl nəticələr əldə etdik. Bundan sonra da bu prosesi davam etdirməkdə qərarlıyıq. Müəllimlərin işə qəbulunda ikinci mərhələ isə qabiliyyət, yaxud müsahibə şəklində imtahandır. Burada da biz müstəqil ekspertləri, peşəkar mütəxəssisləri cəlb etdik. Müsahibələr videoçəkilişlə keçirildi. Yekunda hər iki mərhələni keçən ümumilikdə 215 müəllim işlə təmin edildi. Bununla da biz ilk dəfə olaraq musiqi məktəblərində şəffaf  və peşəkar imtahan prosesindən keçən müəllimləri işə qəbul etdik. Bu, bizim üçün çox vacib bir mərhələ idi. Biz bununla müəllimlərin peşəkarlığının artırılmasının təməlini qoya bildik”.

Anar Kərimov qeyd etdi ki, bədii təhsil müəssisələrində daha çox ali təhsilli müəllimlərin çalışmasına nail olmalıyıq. Bu, uşaqların təhsilinə əsaslı töhfə olacaq. Hər bir məktəbin uğuru onun yetirmələrinin bu sahədə fəaliyyətini davam etdirməsindən asılı olmalıdır: “Yəni hər bir məktəb qarşısına konkret hədəf qoymalıdır. Uşaqlar məktəbdən sonra ali təhsillərini davam etdirərək mədəniyyətimizin inkişafına töhfə verməlidirlər. Bütün bu qeyd etdiklərim ilkin mərhələdir və bundan sonra da prosesləri davam etdirəcəyik. Paralel olaraq şagirdlərin məktəbə qəbulu məsələsini də elektronlaşdırmağı planlaşdırırıq. Bundan əlavə, müəllimlərin bacarıqlarının yoxlanılması üçün attestasiya da həyata keçirəcəyik. Musiqi məktəblərində öz sahəsi və peşəsinə uyğun olan müəllimlərin çalışmasını istəyirik. Bu sahədə çalışmaq istəyənlər gəlsin məktəblərə. Savadsız və tapşırıqla gələn insanlardan məktəblərimizi təmizləməliyik. Bu, birmənalıdır və güzəştlər olmayacaq. Kimlər bu islahatlarda iştirak edəcəksə, biz onlarla birgə çalışacağıq. Kimlər ki, istəməyəcək – onları da xəbərdar edirik – artıq bu işdə çalışa bilməyəcəklər. Məqsədimiz uşaq incəsənət və musiqi məktəblərində köklü dönüş yaratmaqdır”.

Nazir həmçinin məktəb rəhbərlərinin diqqətinə çatdırdı ki, bu ilin sonuna kimi attestasiyanın birinci mərhələnin keçirilməsi planlaşdırılır. Bundan sonra müəllim və şagirdlərin qeydiyyatı FİN kod vasitəsilə həyata keçiriləcək. Uşaq musiqi və incəsənət məktəblərində elektron sistemin tətbiq edilməsi, sözügedən islahatlar istiqamətində ən vacib məsələdir. Bir şagirdin formal olaraq bir neçə məktəbdə təhsil alması və yaxud da hansısa müəllimin bir neçə məktəbdə dərs deməsi mümkün olmayacaq.

Çıxışının sonunda müşavirə iştirakçılarına uğurlar arzulayan Anar Kərimov bildirdi ki, islahatlar təkcə uşaq incəsənət və musiqi məktəblərinə aid deyil, digər aidiyyəti müəssisələri də əhatə edəcək.

Daha sonra Mədəniyyət Nazirliyi İnsan kapitalının idarə edilməsi şöbəsinin müdiri Şahin Həsənov çıxış edərək müəllimlərin işə qəbulu üzrə müsabiqənin keçirilməsinin detallarından söz açdı. Yaradıcı sənayelər və rəqəmsal inkişaf şöbəsinin müdiri Ramil Abbəkirov çıxışı zamanı İMES proqramının tətbiqi və layihənin reallaşdırılması mərhələləri barədə məlumat verdi.

 

Oktyabrın 14-də Dövlət Turizm Agentliyi “Xınalıq” Dövlət Tarix-Memarlıq və Etnoqrafiya Qoruğunda turizm infrastrukturunun yaxşılaşdırılması istiqamətində aparılan təmir və bərpa işlərinə baxış çərçivəsində mediatur təşkil edilib.

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, mediaturun məqsədi “Xınalıq” Dövlət Tarix-Memarlıq və Etnoqrafiya Qoruğunda aparılan təmir və yenidənqurma işləri ilə bağlı KİV nümayəndələrini və ictimaiyyəti məlumatlandırmaqdır. 

Tədbir çərçivəsində Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Xınalığın tarix və etnoqrafiya baxımından əhəmiyyətini vurğulayaraq dəniz səviyyəsindən təxminən 2300 metr yüksəklikdə yerləşən və qışı sərt keçən kəndin ərazisində uçqunların baş verdiyini, evlərin istismar müddətinin bitməsi səbəbindən təhlükəsizlik amili nəzərə alınaraq qoruq ərazisində zəruri tədbirlərin icrasına başlanıldığını qeyd edib. O, kənddə ilin yalnız 4-5 ayı ərzində tikinti işlərinin aparılmasının mümkünlüyünü və bu səbəbdən təmir və bərpa işlərinin mərhələli şəkildə icra olunmasının vacibliyini diqqətə çatdırıb. 

Fuad Nağıyev əlavə edib ki, hazırda tikinti və bərpa işlərinin ikinci mərhələsi davam etməkdədir və növbəti üçüncü mərhələdə qəzalı vəziyyətdə olan 100-ə yaxın evin 2026-cı ilədək təmir-bərpası nəzərdə tutulur. F. Nağıyev qoruqda aparılan təmir-tikinti və bərpa işlərinin Xınalıq kəndində məşğulluğun artırılması, əhalinin gəlirlilik səviyyəsinin və sosial rifah halının yüksəlməsinə də töhfə verdiyini bildirib: “Xınalıq kəndində özünəməxsus memarlıq üslubu və coğrafi mövqeyi ilə seçilən 200-ə yaxın evin 155-i kəndin qədim hissəsində yerləşməklə ənənəvi üsulla tikilib. Ümumilikdə ən təhlükəli vəziyyətdə olan 60 evin təmir və bərpası ilə bağlı layihələndirmə işləri aparılıb. 2020-2021-ci illərdə qəzalı vəziyyətdə olan 16 evin təmir-bərpa işləri aparılıb, onların bünövrə və divarları gücləndirilib. Uçma təhlükəsi olan divarlar sökülərək yenidən tikilib, dam örtükləri sökülərək yerli tipologiyaya uyğun yenidən qurulub, qapı və pəncərələr yenilənib. Növbəti mərhələdə daha 44 evin təmiri ilə bağlı qərar verilib. Hazırda 12 evin əsaslı şəkildə təmir və bərpası aparılır. Gələn il hava şəraiti imkan verdiyi aylarda daha 32 evin təmir-bərpa işləri aparılacaq. Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə yaradılan “Xınalıq” Dövlət Tarix-Memarlıq və Etnoqrafiya qoruğunun 2001-ci ildə Azərbaycanın “Dünya əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələri” siyahısına, 2007-ci ildə isə Dünya Abidələr Fondunun siyahısına daxil edildiyini vurğulayan F.Nağıyev deyib: "Həmçinin 2022-ci ilin fevralında Dövlət Turizm Agentliyi tərəfindən “Xınalıq Mədəni Landşaftı və Köç yolu” adlı nominasiya sənədi hazırlanaraq UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi üçün qurumun dünya irs komitəsinə təqdim edilib. 

Qeyd edək ki, Dövlət Turizm Agentliyinin tabeliyində olan “Xınalıq" Dövlət Tarix Memarlıq və Etnoqrafiya Qoruğunda mədəniyyət və turizm əhəmiyyətli tarix, mədəniyyət, memarlıq, arxeoloji, etnoqrafik, numizmatik və digər abidələr yerləşir. Nazirlər Kabinetinin “Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında” qərarına uyğun olaraq Xınalıq kəndi dünya əhəmiyyətli abidə kimi dövlət tərəfindən qorunur. Qubanın 60 km-liyində yerləşən Xınalıq regionun ən yüksək yaşayış məntəqələrindən biridir. Kənd qədim tarixə malikdir.

 

Ukraynanın energetika infrastrukturuna raket hücumu zamanı Rusiya ölkənin 8 vilayətində 11 obyekti ciddi zədələdi. 8,22 gigavatt güc generasiyası sıradan çıxarılıb. Müqayisə üçün deyim ki, Ukraynanın ümumi generasiya gücü 42,8 gigavattdır.

 

Yarımstansiyalara və paylayıcı şəbəkələrə dəyən ziyan da nəzərə alınanda, rəsmi rəqəmlərə görə, Ukraynanın ümumi elektrik sisteminin 30%-i, yəni təxminən 1/3-i müvəqqəti sıradan çıxarılıb.

Bir sıra şəhərlərdə, o cümlədən, paytaxtda elektrik təminatında problemlər yaransa da, bütövlükdə ölkənin elektrik şəbəkəsinin sabitliyi pozulmadı. Sadə dillə desək, Rusiya Ukraynanı qaranlığa qərq etməyi bacarmadı.

Moskvanın təbliğat vasitələri  “işıqsöndürmə” əməliyyatının əsas uğuru kimi bunu göstərirlər ki, Ukrayna daha Avropaya elektrik ixrac edə bilməyəcək.  Hərçənd, bunun nə dərəcədə “uğur” olması mübahisəli məsələdir. Ukraynanın ixrac qabiliyyəti müvəqqəti itirilib və yenidən bərpa olunacaq. Raket zərbələrinin daha çox siyasi yüklü həmlə olduğunu ehtimal edə bilərik: Moskva göstərdi ki, mülki infrastruktura raket zərbələri endirəcək qədər “yetişib” və bundan sonra döyüş meydanındakı uğursuzluğunun əvəzini ölkənin energetika sistemindən də çıxa bilər.

Bu metodla Ukraynanın enerji şəbəkəsini tamamilə sıradan çıxarmaq mümkündürmü? Kifayət qədər raket olsa, nəzəri cəhətdən bəli. Amma bu zaman iki məqamı nəzərə almaq lazımdır.

Birincisi, Ukraynanın elektrik generasiyasının təxminən yarısı atom elektrik stansiyalarının payına düşür, onları isə vurmağa Rusiya heç bir halda risk və cürət etməyəcək. Hazırkı həmlədə vurulanlar daha çox oliqarx Rinat Ahmetovun “obyekt”ləri idi (Ukraynanın istilik elektrik stansiyalarının təxminən 80%-nə onun DTEK şirkəti nəzarət edir).

İkincisi, istisna deyil ki, məhz bu hadisədən Qərb ölkələri Ukraynanı raketdən müdafiə sistemlərilə təchis etmək haqqında ciddi düşünməyə başlasınlar. Rusiyanın raket həmləsinin ardınca ABŞ Ordusunun qərargah rəislərinin birləşmiş Komitəsinin sədri, general Mark Millerin raketdən etibarlı müdafiə sisteminin yaradılması üçün tərəfdaşlarının Ukraynaya yardım etməli olduqlarını bəyan etməsi heç də təsadüfi deyildi.

Mənə ən maraqlı gələn Rusiyadakı iqtisadçıların necə ağıllı görkəm alaraq, bu raket hücumlarının Avropa ölkələrinə vuracağı iqtisadi ziyanı ciddi-ciddi şərh etmələridir. Onların sözündən belə çıxır ki, Ukrayna Avropaya satdığı elektriki dayandırmağa məcbur olduğuna görə həmin ölkələrin iqtisadiyyatı çökəcək. Reallıqda isə Avropanın enerji balansında Ukraynanın rolu o qədər də böyük deyildi ki, onun ixracatı müvəqqəti dayandırması ağır sarsıntı yaratsın. “UkrEnerqo”nun məlumatına görə, ötən il Ukrayna Macarıstana 486 mvt, Polşaya 210 mv, Rumıniyaya 93 mvt elektrik ixrtac etmişdi. Ümumilikdə 789 meqavatt edir. Halbuki, Avropanın ümumi elektrik istehlakı  ildə 3.251.393.000 meqavattdır. Yəni müqayisə etmək belə mümkün deyil. Sadəcə, Rusiyanın “iqtisadçılar”ı özlərini gülünc vəziyyətə salaraq, bu yolla ölkələrinin mülki obyektlərə qarşı terror hücumuna uydurma siyasi əsaslar qazandırmağa çalışırlar. 

 

Əlibala Məhərrəmzadə

İqtisadiyyat elmləri doktoru, professor

Ukrayna Ticarət Evinin direktoru

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.