Super User

Super User

 

Xəbər verdiyimiz kimi, mədəniyyət naziri Anar Kərimov oktyabrın 20-də Masallı rayon Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib. Qəbuldan sonra nazir Masallıda bir sıra mədəniyyət müəssisələrinə və tarixi abidələrə baş çəkib.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, müəssisələrin fəaliyyəti, cari vəziyyəti və maddi-texniki imkanları haqqında məlumat alan Anar Kərimov mədəniyyət ocaqlarında işin günün tələblərinə uyğun qurulması ilə əlaqədar tapşırıq və tövsiyələrini verib.

 

Nazir Masallı şəhər Onbirillik İncəsənət Məktəbinin fəaliyyəti ilə tanış olub. Məlumat verilib ki, məktəb 1964-cü ildən musiqi, 1989-cu ildən isə incəsənət məktəbi kimi fəaliyyət göstərib. 2016-cı ildə dövlət başçısının iştirakı ilə təhsil ocağı üçün müasir və geniş binanın açılışı olub. Həmin ildən Onbirillik İncəsənət Məktəbi kimi fəaliyyətini davam etdirir. Məktəbdə fortepiano, tar, kamança, qarmon, balaban, xanəndəlik, rəssamlıq və xoreoqrafiya ixtisasları üzrə 304 şagird təhsil alır, 70 müəllim çalışır. Nazir sözügedən məktəbin keçmiş binasına da baş çəkib.

 

Mədəniyyət naziri 1963-cü ildə fəaliyyətə başlayan Masallı Tarix-Diyarşünaslıq Muzeyinə baxış keçirib, 1984-cü ildə yaradılan və muzeyə məxsus binada fəaliyyətini davam etdirən Dövlət Rəsm Qalereyasının fəaliyyəti ilə tanış olub. Məlumat verilib ki, ölkə başçısının iştirakı ilə 2016-cı ildə muzeyin təyinatına uyğun üçmərtəbəli yeni binasının açılışı olub. Nəqqaşlıq, qrafika, heykəltəraşlıq, tətbiqi incəsənət, arxeologiya, numizmatika, etnoqrafiya, fotoşəkillər və sənədlər bölmələrindən ibarət muzeyin fondunda 9047 eksponat mühafizə edilir, onlardan 900-ə yaxını daimi sərgilənir.

 

Masallı rayon MKS-nin Mərkəzi Kitabxanasına gələn Anar Kərimov kitabxananın fəaliyyəti, kitab fondu, oxucu sayı barədə məlumat alıb.

 

Nazir Masallıda XIX əsrə aid yerli əhəmiyyətli memarlıq abidələri olan tarixi hamamı (inv. № 4845) və Cümə məscidini (inv. № 4863) də ziyarət edib.

 

Daha sonra Masallı rayon Nizami Gəncəvi adına Mədəniyyət Mərkəzinə gələn Anar Kərimovu mərkəzin qarşında “Halay” və “Həcər” kollektivləri musiqi sədaları ilə qarşılayıblar. Mədəniyyət ocağının fəaliyyəti ilə tanışlıq zamanı bildirilib ki, 1956-cı ildən fəaliyyət göstərən mərkəzin binasında 2011-2013-cü illərdə əsaslı təmir işləri aparılıb.

 

Sonra nazir mərkəzdə xalq tətbiqi sənət nümunələrinin hazırlanma prosesi ilə tanış olub, "Cənub incisi" ansamblının müşayiəti ilə Mədəniyyət Mərkəzi solistlərinin ifasında konsert proqramını izləyib.

 

2022-ci ildə Azərbaycan musiqi mədəniyyətinin görkəmli nümayəndəsi, ustad tarzən və mahir pedaqoq, Xalq artisti Əhməd Məmmədrza oğlu Bakıxanovun anadan olmasının 130 ili tamam olur.

 

Əhməd Bakıxanov daim axtarışlarla dolu geniş və çoxşaxəli yaradıcılığı ilə Azərbaycanın musiqi sənəti xəzinəsinə dəyərli töhfələr vermişdir. Muğam aləminin mükəmməl bilicisi olan və tar ifaçılığının sirlərinə dərindən yiyələnən, yüksək istedada malik sənətkar xalqımızın bu misilsiz mədəni-mənəvi irsini bütün fəaliyyəti boyu klassik ənənələrə sədaqətlə qoruyub yaşatmışdır. Onun ifa etdiyi muğamlar, eləcə də bəstələdiyi mahnı, rəng və təsniflər parlaq sənət nümunələri kimi musiqimizin qızıl fondunda özünəməxsus layiqli yer tutur. Əhməd Bakıxanovun təşkilatçısı və uzun illər ərzində rəhbəri olduğu xalq çalğı alətləri ansamblı zəngin repertuarı ilə seçilmiş və ölkənin mədəni həyatında yaxından iştirak etmişdir. Musiqi salnaməmizə mühüm səhifələr yazmış tar ifaçılarının bütöv bir nəsli məhz Əhməd Bakıxanovun yetirmələridir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və Azərbaycan milli ifaçılıq məktəbinin inkişafında, xalq musiqisinin, muğamların tədrisi və təbliğində xüsusi xidmətlərini nəzərə alaraq, görkəmli sənətkar Əhməd Bakıxanovun anadan olmasının 130-cu ildönümünün qeyd olunmasını təmin etmək məqsədilə qərara alıram:

 

1. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Xalq artisti Əhməd Bakıxanovun 130 illiyinə dair tədbirlər planı hazırlayıb həyata keçirsin.

 

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 21 oktyabr 2022-ci il

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

 

 

1. “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi” publik hüquqi şəxsin Müşahidə Şurasının aşağıdakı tərkibi təsdiq edilsin:

 

Müşahidə Şurasının sədri

 

Aydın Kərimov – Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi

 

Müşahidə Şurasının üzvləri

 

Elnur Əliyev – Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini

 

Namiq Hümmətov – Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini

 

Azadə Hüseynova – Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi sədrinin müavini.

 

2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 21 oktyabr 2022-ci il

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov oktyabrın 21-də Cəlilabad rayonuna səfər edərək tarixi abidələrə və bir sıra mədəniyyət müəssisələrinə baxış keçirib.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Cəlilabad rayon Göytəpə şəhərində yerləşən yerli əhəmiyyətli tarixi abidəni – pravoslav kilsəsini (inv. № 4177) ziyarət edən Anar Kərimova tikili haqqında məlumat verilib. Bildirilib ki, cənub bölgəsində bənzəri olmayan Göytəpə pravoslav kilsəsi 1878-ci ildə inşa olunub və tikintisi yerli ustalar tərəfindən aparılıb. Məhz buna görədir ki, abidənin pəncərələri Azərbaycan milli memarlıq üslubunda hazırlanıb.

Səfər çərçivəsində Cəlilabad rayon Privolnoye kənd Mədəniyyət evinə və həmin binada fəaliyyət göstərən rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) kənd kitabxana filialına da baxış keçirilib. Məlumat verilib ki, 1977-ci ildə istifadəyə verilən müəssisənin binası 400 nəfərlik tamaşa zalı, 100 yerlik iclas zalı olmaqla, ümumilikdə, 17 otaqdan ibarətdir.

Sonra Göytəpə şəhər Uşaq Musiqi Məktəbi​nə gələn nazir təhsil ocağının fəaliyyəti haqqında məlumat alıb. Qeyd olunub ki, 1989-cu ildən fəaliyyət göstərən məktəbdə fortepiano, tar və qarmon ixtisasları üzrə 94 şagird təhsil alır, 14 müəllim çalışır.

Daha sonra nazir Anar Kərimov rayon Heydər Əliyev Mərkəzində Masallı, Cəlilabad və Yardımlı rayonlarında fəaliyyət göstərən mədəniyyət işçiləri ilə görüş keçirib. Görüşdə nazirliyin məsul əməkdaşları da iştirak ediblər.

Nazir çıxış edərək bildirib ki, müntəzəm olaraq bölgələrə səfərlərinin əsas məqsədi yerlərdə mədəniyyət müəssisələrinin fəaliyyəti ilə tanış olmaq, mövcud imkanları müəyyənləşdirmək, mədəniyyət və incəsənət sahəsində çalışan şəxsləri nazirliyin prioritetləri və qarşıya qoyulan məqsədləri barədə yerində məlumatlandırmaqdır. Eyni zamanda bu sahədə fəaliyyət göstərən insanların nazirlik tərəfindən aparılan islahatlara cəlb edilməsi, mədəniyyət sahəsinin dayanıqlı inkişafına töhfə vermələrinə nail olmaq da əsas vəzifələrdəndir.

Görüş zamanı mədəniyyət müəssisələrində mövcud olan problemlərdən söz açılıb, onların həlli yolları ilə bağlı təkliflər dinlənilib.

Anar Kərimov bildirib ki, bölgələrdə fəaliyyət göstərən mədəniyyət işçiləri dövrün tələbləri ilə ayaqlaşmalıdırlar. Bunun üçün peşəkarlıq səviyyəsi və təşəbbüskarlığın artırılması zəruridir.

Nazir çıxışının sonunda problemlərin aradan qaldırılması, müəssisələrin daha səmərəli fəaliyyətinin təşkili ilə bağlı müvafiq tapşırıq və tövsiyələrini verib.

Görüşdən sonra nazir Anar Kərimov Cəlilabad rayon Mədəniyyət Mərkəzi nəzdində fəaliyyət göstərən Xalq teatrının tamaşasını izləyib.

 

Rusiyanın Ulyanovsk şəhərində Azərbaycanın əfsanəvi sənətkarı, dünyaşöhrətli bəstəkar-müğənni Müslüm Maqomayevin anadan olmasının 80 illiyi münasibətilə təntənəli yaradıcılıq gecəsi keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsindən AzərTAC-a bildirilib ki, “Qubernatorski” Mədəniyyət Sarayında baş tutan tədbir “Ulyanovsk Regional Azərbaycan Milli-Mədəni Muxtariyyəti” (URAMMM) ictimai təşkilatının təşəbbüsü və vilayətin İncəsənət və Mədəniyyət Siyasəti Nazirliyinin dəstəyi ilə gerçəkləşdirilib.

Tədbirdə vilayət administrasiyasının, hökumətin, Azərbaycan diasporunun və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Konsertdən əvvəl vilayətin vitse-qubernatoru Aleksandr Korobko, incəsənət və mədəniyyət siyasəti naziri Yevgeniya Sidorova, “Ulyanovsk Regional Azərbaycan Milli-Mədəni Muxtariyyəti” ictimai təşkilatının sədri İslam Hüseynov çıxış edərək, Müslüm Maqomayevin iki ölkənin musiqi mədəniyyətinin inkişafına misilsiz xidmətlər göstərdiyindən, öz bənzərsiz səsi, ölməz yaradıcılığı ilə hər zaman milyonlarla tamaşaçıya gözəl anlar bəxş etməsindən danışıblar.

URAMMM sədri İslam Hüseynov tədbirin yüksək səviyyədə təşkilinə və bütövlükdə milli icmaların fəaliyyətinə göstərdikləri dəstəyə görə Azərbaycan diasporunun adından vilayətin qubernatoru Aleksey Russkixə, vitse-qubernator Aleksandr Korobkoya və nazir Yevgeniya Sidorovaya minnətdarlığını bildirib: “Ulyanovsk azərbaycanlıları fəxr edirlər ki, belə gecələrin ənənəsinə uzun illər əvvəl başlayıblar. Zaman keçdikcə belə tədbirlər regionun mədəni həyatının ayrılmaz hissəsinə çevrilib. Azərbaycan xalqının görkəmli oğlunun yaradıcılığı bu gün də xatırlanır, sevilir. Bizimlə birlikdə Müslüm Maqomayevin xatirəsini və onun ən zəngin mədəni irsini ehtiramla yad edən bütün tamaşaçılara təşəkkür edirik”.

Konsert “Derjava” Ulyanovsk dövlət nəfəsli alətlər orkestrinin ifasında görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun “Azərbaycan kapriççiosu” əsərinin səsləndirilməsi ilə başlayıb. Sonra “Bolşoy Teatr”ın və Perm Akademik Opera və Balet Teatrının solisti Konstantin Suçkovun və digər müğənnilərin ifasında Müslüm Maqomayevin repertuarından mahnılar səsləndirilib. Konsert zamanı səhnədəki iri monitorda Müslüm Maqomayevin həyat və yaradıcılığını, Azərbaycandakı mədəniyyət hadisələrini, azad olunmuş torpaqlarımızda Azərbaycanın Dövlət Bayrağının dalğalandırılmasını əks etdirən fotolar nümayiş etdirilib.

Konserti orkestrin bədii rəhbəri və baş dirijoru Kiril İlyin idarə edib.

 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2 nömrəli filialı 10 nömrəli peşə məktəbinin şagirdləri ilə birlikdə Xəlil Rza Ulutürkün 90 illiyi ilə əlaqədar tədbir keçirib.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Baş İdarədən bildirilib ki, şöbə müdiri Sevinc Əliyeva şagirdlərə şairin həyat və yaradıcılığı haqqında məlumat verib.

“Azərbaycan poeziyasının orijinal ədəbi siması olan Xəlil Rza Ulutürk ədəbiyyatımızın görkəmli nümayəndəsi, filosof və mütəfəkkir şair, milli-demokratik hərəkatımızın yorulmaz mücahididir. O, Azərbaycan ədəbiyyatında türkçülük, azərbaycançılıq və istiqlalçılıq ideologiyasının ən yaxşı davamçılarından biridir. Xəlil Rza Ulutürk çoxlarından fərqli olaraq, poeziyada şəxsiyyətini, şəxsiyyətində isə poeziyasındakı amallarını gerçəkləşdirmiş şairlərdəndir. Xəlil Rza Ulutürkün yaradıcılığında azərbaycançıllıq ideası böyük yer tutur. Onun poeziyalarının kökü vətən eşqi, torpaq ilə bağlıdır. Şair xalqın milli mübarizəsində göstərdiyi xüsusi xidmətlərinə görə “İstiqlal” ordeni ilə mükafatlandırılıb. Xəlil Rza Ulutürk 1994-cü ildə vəfat edib və Fəxri xiyabanda dəfn edilib”, - deyə şöbə müdiri bildirib.

Ən çox oxunan xəbər: Xalq artisti Tünzalə Ağayevanın 46 yaşı tamam oldu və bu münasibətlə o, şəxsi həyatı ilə bağlı gizlinləri açdı. 

 

“Ədəbiyyat və incəsənət” axşam.az-a istinadən xəbər verir ki, ifaçı "Səhərin səsi" proqramında olarkən yaşla bağlı insanlarda yaranan tərəddütlərə aydınlıq gətirib:

"İnsanlarda rəqəmə ilişib qalmaq var. Deyirlər, 40 yaşım var, indi nə edəcəyəm? Həyat 40 yaşından sonra başlayır".

Şəxsi həyatı ilə bağlı maraqlı açıqlamalar verən müğənni xəyanətə uğradığını etiraf edib:

Xəyanəti bağışlamaram. Hamı kimi. Xəyanətini gördüyüm insanı dərhal kəsib atıram. İzahat belə vermədən. Mən də xəyanətə uğramışam. Başımı yastığa rahat qoyuram. Çünki kimsəyə xəyanət etməmişəm. Məndən istifadə edənlər həyatımda yoxdur".

Суббота, 22 Октябрь 2022 12:30

Bir gecəyə 150 min dollar qazanacaq

 

Türkiyəli müğənni Hadisə Yeni ildə Kiprdə konsert verəcək.

 

Türkiyə mediasının yazdığına görə, sənətçi bunun müqabilində 150 min dollar (təxminən 255 min manat) məvacib alacaq.

Суббота, 22 Октябрь 2022 13:30

Günün fotosu: İki mənfur rejim bir-birinə kömək edir

Günün fotosu: İki mənfur rejim bir-birinə kömək edir

 

Söhbət Rusiyadan və İrandan gedir. Rəsmi Vaşinqton bir daha dəlil sübutlar gətirib ki, İran anneksiya olunmuş Krımın ərazisindən Ukraynaya dronlar buraxır.

 

Foto: Euronews

Пятница, 21 Октябрь 2022 12:30

Görəsən sevmək günahdırmı? - Habil Yaşardan kəlamlar

 

“Ədəbiyyat və incəsənət” portalı istedadlı gənc yazar Habil Yaşarın tezliklə işıq üzü görəcək “Yeddinci ayın yeddisi” romanından seçmə kəlamları oxucularının diqqətinə çatdırır. 

 

Nifrət etdiyin hər zaman biri olacaq, amma birinə görə hər kəsə nifrət edə bilməzsən

Bütün insanlar yalançı olmasa da, bütün yalanlar insana məxsusdur

Şahidi Tanrı olanın, tanrısı Sevgi olsa gərək

Sevirəm! Görəsən gunahmı edirəm? Ya günah etdiyimi bilə-bilə görəsən niyə sevirəm?

Sevgi zamana bənzəyir: Gəldisə saxlaya, getdisə qaytara bilməzsən

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.