Super User

Super User

Среда, 26 Октябрь 2022 10:00

Xalq şairi Ramiz Rövşənlə görüş keçirilib

 

Oktyabrın 23-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Əmircan qəsəbə mədəniyyət evində "Qonağımız var" layihəsi çərçivəsində  yazıçı, esseist, kinossenarist, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Xalq şairi Ramiz Rövşənlə görüş keçirilib.

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, İlk öncə Azərbaycan  Respublikasının Dövlət Himni səsləndirilib, Vətən uğrunda qəhrəmancasına həlak olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Suraxanı rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Baş İdarənin rəisi İbrahim Əliyev, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid, mədəniyyət evinin əməkdaşları, rayon ictimaiyyəti və şair sevərlər iştirak ediblər.

Aparıcı Günay Firudinqızı qonaqları salamlayaraq Xalq şairi Ramiz Rövşənin həyat fəaliyyəti və yaradıcılığı haqqında məlumat verib.

Sonra Xalq şairi çıxış edərək, ədəbiyyat, poeziya, sənətlə bağlı qənaətlərini bölüşüb, yeni yazılan şeirlərini oxuyub, yaradıcılığı ilə bağlı çoxsaylı suallara cavab verərək, Azərbaycan və dünya poeziyası haqqında öz fikirlərini bölüşüb.

Tədbirdə iştirak edən Ramiz Rövşən  poeziyasının vurğunu olan gənc və yaşlı nəslin nümayəndələri şairin şeirlərini böyük həvəslə səsləndiriblər.

Çıxış edənlər tədbirdə Ramiz Rövşən yaradıcılığının özünəməxsus xüsusiyyətlərindən, əhəmiyyətindən danışıblar. Qeyd  olunub ki, Ramiz Rövşən şeiri oxuculara sevdirən və şeirə yeniliklər gətirən imzalardandı.

Sonda şair tədbir təşkilatçılarına, iştirak edənlərə öz təşəkkürünü bildirib və sənətsevərlər tərəfindən təqdim olunmuş kitablara öz xatirə imzasını qeyd edib.

 

Azərbaycanda ilk dəfə çoxseriyalı tarixi bədii televiziya filmi çəkiləcək.

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin İctimaiyyətlə əlaqələr və sosial media şöbəsindən “Ədəbiyyat və incəsənət” portalına verilən məlumata görə, AzTV-də yayımlanacaq serial iki mövsümdən ibarət olacaq, ilk mövsüm “Atabəylər: Şəmsəddin Eldəniz” adlanır.

 

Mədəniyyət Nazirliyinin tərəfdaşlığı ilə çəkiləcək serialın ilk mövsümünün 24 bölümdən ibarət olması nəzərdə tutulub. 

Film-layihədə Azərbaycan Atabəylər dövlətinin qurucusu Şəmsəddin Eldəniz, Möminə Xatun, Məhəmməd Cahan Pəhləvan, Qızıl Arslan, Nizami Gəncəvi, Nəsrəddin Tusi, Memar Əcəmi Naxçıvani, Sultan Səncər, Vəzir Kəmaülmülk və başqa şəxsiyyətlərin obrazları təqdim olunacaq. 

Serialda tariximizin ən şərəfli dövrlərindən biri olan XII-XIII əsrlərə müraciət edilməklə Azərbaycan Atabəylərinin qurduğu dövlətin nəhəng sərhədlərinə diqqət çəkiləcək, həmin dövrün hərbi-siyasi müstəvisindən başqa, həm də elmi və mədəni sahələrini təmsil edən dühalarının obrazı yaradılacaq. 

Qonşu dövlətlərlə münasibət faktoru, tarixi faktların dəqiqliyi və etibarlı mənbələrin üzə çıxarılması üçün AMEA-nın Tarix İnstitutunda mütəxəssislərdən ibarət işçi qrup yaradılıb.

Çoxseriyalı televiziya filminin çəkilişi Türkiyədə və ölkəmizdə fəaliyyət göstərən peşəkar kino işçilərindən formalaşdırılan yeni prodakşn “Şahdağfilm”ə həvalə olunub. “Şahdağfilm”in yaradıcı heyəti treninqlər üçün bir neçə dəfə qardaş ölkədə olub, “Bozdağ Film” və “Akli Film” kimi tarixi filmlər istehsal edən məşhur prodakşnlarda təcrübə mübadiləsi aparıblar. Türkiyədən olan mütəxəssislərin bu istiqamətdə geniş təcrübəsi nəzərə alınaraq çoxseriyalı filmin çəkilişlərində onlarla müştərək çalışmaq üçün ilkin razılığa gəlinib.

Bundan başqa, orta əsrlərin dil üslubu, ədəbi mühiti, sosial-mədəni həyatı barədə ciddi araşdırmalar aparılır. Ssenari qrupu 600 min sözlük tarixi mənbələrə müraciət edib, mövcud olmuş ozanlar, ədəbi məclislər, divanlar barədə materiallar və müdrik kəlamlar toplanılıb. 

Nizami Gəncəvinin “Xəmsə”si məhz həmin dövrlə bağlı olduğundan ssenarinin əsas mənbələrindəndir. Eyni zamanda, Məmməd Səid Ordubadinin “Qılınc və qələm” romanı, İsa Muğannanın “Gurün’’ romanı, Nəriman Həsənzadənin “Atabəylər” poeması, Yunus Oğuzun “Şəmsəddin Eldəniz” romanı həmin dövrü əhatə edir. 

Ssenaridə Haşhaşilər və onların sui-qəsdləri, xristian missionerlərin fitnələri, döyüş səhnələri, saray intriqaları, müdhiş sevgi hekayələri, dini-siyasi ziddiyyətlər və digər məqamlar yer alıb. 

Serialla bağlı “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-də görüş keçirilib. Görüşdə QSC-nin sədri Rövşən Məmmədov, serialın layihə rəhbəri Sərvər Bayramov, AMEA Tarix İnstitutunun baş direktoru Kərim Şükürov, “Şahdağfilm”in həmtəsisçiləri iqtisad elmləri doktoru professor Əlibala Məhərrəmzadə və Azərbaycanda Amerika Ticarət Palatasının vitse-prezidenti İlqar Mehdi, ssenari qrupunun üzvləri Tufan Bora, millət vəkili Hikmət Babaoğlu, tanınmış yazıçı Varis Yolçuyev və digərləri iştirak ediblər.

Ekran əsərinin çəkilişlərinə hazırlıq çərçivəsində keçirilən görüşdə QSC-nin sədri Rövşən Məmmədov bildirib ki, layihə Azərbaycanın ilk tarixi çoxseriyalı bədii televiziya filmi kimi tarixə düşəcək. O, məhz Atabəylər dövrünə müraciət edilməsinin təsadüfi olmadığını vurğulayıb: “XII əsrdə Şəmsəddin Eldənizin başçılığı altında Azərbaycan coğrafiyasında əldə edilən hərbi-siyasi uğurların ekrana daşınması, regional kontekstdə geniş tamaşaçı auditoriyasına çatdırılması müasir Azərbaycan dövlətinin Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Vətən müharibəsində qazandığı qalibiyyət fonunda daha aktualdır”.

Film-layihənin ssenari qrupunda yer alan millət vəkili Hikmət Babaoğlu da mövzunun aktuallığına diqqət çəkib: “Azərbaycan tarixini kino estetikası və ekran dramaturgiyası ilə ortaq türk tamaşaçısına təqdim etmək zəruridir. Bu baxımdan XII-XIII əsrlərdə Azərbaycan coğrafiyasında öz tarixi ənənəsi ilə seçilən Azərbaycan Atabəylər dövlətinin tarixi bu sahədə başlanğıc üçün uğurlu hesab oluna bilər”. 

Bədii televiziya filminin layihə rəhbəri Sərvər Bayramov bildirib ki, növbəti mövsümdə daha 24 bölüm “Turan yoluna doğan günəş” adı altında təqdim olunacaq: “Azərbaycançılıq ideologiyası, dövlətçilik anlayışının daha da gücləndirilməsi üçün müasir çağırışların film-layihədə yer alması, müxtəlif sloqanlar və həştəqlər vasitəsilə şüuraltı mesajların ötürülməsi əsas hədəflərdəndir”.

“Şahdağfilm”in həmtəsisçiləri isə hazırlıq prosesi haqqında məlumat verib, bu sahədə mövcud təcrübəyə diqqət çəkiblər. O da qeyd olunub ki, həmin dövrdə İslam dininin dominantlığı və müasir Azərbaycan dövlətinin dünyəvi modeli, multikultural, tolerant mahiyyəti, ideoloji siyasəti nəzərə alınaraq uzlaşdırılması üçün Azərbaycan İlahiyyat İnstitutu ilə tərəfdaşlıq qismində yaxından əməkdaşlıq edilir. 

Sonra ssenari qrupunun üzvləri Tufan Bora və tanınmış yazıçı Varis Yolçuyev çıxış edib, görülən işlər barədə detallı məlumat veriblər.

AzTV hazırda “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin nəzdində fəaliyyət göstərir, 1956-cı il fevralın 14-də yayıma başlayıb. Azərbaycan Televiziyasının dünyada 10-dan çox müxbir məntəqələri fəaliyyət göstərir. 2007-ci ildə Avropaya yayımın texniki səviyyəsinə görə AzTV “Avropa keyfiyyəti” medalına layiq görülüb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 4 sentyabr 2019-cu il tarixli Sərəncamı ilə Rövşən Məmmədov “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edilib. Rövşən Məmmədov 2019-cu ildən QSC-də uğurlu islahatlara başlayıb, qurumun nəzdində fəaliyyət göstərən TV kanalları rebrendinq olunub. Rövşən Məmmədov televiziya kanallarının texniki təchizatının yenilənməsinə xüsusi diqqət ayırıb. Hər üç TV kanalında onlarla yeni uğurlu layihələr hazırlanıb, yüzlərlə bədii-sənədli film istehsal olunub. 2021-ci ildən AzTV HD formatında yayıma başlayıb.

Günün fotosu: Britaniyanın baş naziri rəsmən təsdiqləndi

 

Rişi Sunak Kral III Karl tərəfindən formal təsdiqlənərək Briyaniyanın yeni baş naziri oldu.

Foto: Euronews

Azərbaycan Yazıçılar Birliyinin (AYB) XIII Qurultayı oktyabrın 26-da keçiriləcək.

 

“Ədəbiyyat və incəsənə” portalı AYB-yə istinadən xəbər verir ki, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında gerçəkləşəcək qurultayda AYB-nin dəvəti ilə Türkiyə, Rusiya, Litva, İsrail, Pakistan, Gürcüstan, Almaniya, İraq, Belarus və İrandan 20-dən çox qonağın iştirak edəcəyi də gözlənilir.

Qurultay nümayəndələrinin siyahısı oktyabrın 22-də qurumun saytında dərc edilib.

Məlumatda diqqətə çatdırılır ki, AYB-nin XII Qurultayında qəbul olunmuş Nizamnaməsinə görə, növbəti qurultaya nümayəndələr aşağıda göstərilən qayda ilə seçilir: AYB-nin rəhbərliyi (sədr, birinci katib, sədrin müavini, katiblər), Ağsaqqallar Şurasının üzvləri (Xalq şairləri, Xalq yazıçıları, AMEA-nın həqiqi və müxbir üzvləri), bundan əvvəlki qurultayda seçilmiş AYB İdarə Heyətinin üzvləri, Gənclər Şurasının üzvləri, seksiyaların və regional bölmələrin rəhbərləri, qurultaya AYB-nin seksiyalarında və yerli bölmələrində (o cümlədən Naxçıvan Yazıçılar Birliyində) seçilən (hər on nəfərdən biri olaraq) digər nümayəndələr.

Bu qayda üzrə XIII qurultaya AYB rəhbərliyi – 6 nəfər (sədr Anar, birinci katib Çingiz Abdullayev, sədrin müavini Rəşad Məcid, katiblər Elçin Hüseynbəyli, Səlim Babullaoğlu, İlqar Fəhmi), Ağsaqqallar Şurasının üzvləri – 19 nəfər, İdarə Heyətinin üzvləri – 24 nəfər, Gənclər Şurasının üzvləri – 21 nəfər, seksiya rəhbərləri – 6, bölmə rəhbərləri – 19 və bölmələrdən və seksiyalardan seçilənlər də əlavə olunmaqla ümumilikdə 330 nəfər nümayəndə müəyyənləşib.

Xatırladaq ki, AYB-nin XII qurultayı 2014-cü il iyunun 17-də keçirilib. Həmin qurultaya 439 nəfər nümayəndənin seçildiyi, 364 nəfərin qeydiyyatdan keçərək tədbirdə iştirak etdiyi bildirilmişdi. Həmçinin qurultaya 20-dən çox ölkədən 60-dək qonaq qatılmışdı.

 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 1 nömrəli filialının əməkdaşları tərəfindən 173 nömrəli tam orta məktəbdə görkəmli şair, yazıçı, dramaturq Hüseyn Cavidin 140 illiyi ilə əlaqədar tədbir keçirilib. 

 

Baş İdarədən AzərTAC-a bildirilib ki, kitabxana əməkdaşı Səidə Rəcəbova Hüseyn Cavidin həyat və yaradıcılığı haqqında şagirdlərə geniş məlumat verib. Qeyd edib ki, Hüseyn Cavid Azərbaycan ədəbiyyatının böyük ustadlarından biridir. “O, həm şairlik məharəti, həm də dahi dramaturq kimi məşhurdur. Onun “İblis” faciəsi, “Şeyx Sənan”, “Topal Teymur”, “Peyğəmbər”, “Xəyyam” kimi möhtəşəm dram əsərləri tək Azərbaycan ədəbi mühitinin deyil, ölkəmizin hüdudlarından kənarda belə ədəbi aləmin ən uğurlu əsərlərindən hesab olunur. H.Cavid yaradıcılığında ədəbiyyatımızın bənzərsiz ədəbi nümunələri öz əksini tapıb”. 

Bununla yanaşı, kitabxanaçı, şairin yaradıcılığında mühüm yer tutan uşaq şeirlərindən bəhs edərək, “Dəniz pərisi”, “İlk Bahar”, “Öksüz Ənvər” şeirlərinin adlarını sadalayıb, həmçinin şagirdlərlə birgə şairin məşhur “Qız məktəbində” şeirini müzakirə ediblər.

Tədbirin sonunda Aynur Nəsibova şairin “Qız məktəbində” şeirini səsləndirib.

 

Sitatda sizə Milli Kulinariya Konqresində Azərbaycan Kulinariya Mütəxəssisləri Assosiasiyasının sədr müavini Fərhad Aşurbəylinin sitatını təqdim edirik. 

 

“Gələn il “Qızıl şah, qızıl yüzlük” adlı kulinariya çempionatı keçiriləcək. Bu çempionatın Azərbaycan üçün dünyadakı bu cür yarışlara çıxışını təmin edəcəyik. Burada yerli və əcnəbi mütəxəssis və hakimlər iştirakçıları qiymətləndirəcək. Çempionat Ulu Öndərin 100 illik yubileyinə həsr olunacaq”.

Aida Eyvazlı yazır

 

Sənədli proza

 

FƏXR ELƏ Kİ, MƏNİM KİMİ OĞLUN VAR

Yeganə Şükürova televiziyada xəbərləri izləyirdi. Ermənilər iki gün əvvəl yenə Tovuz rayonu istiqamətində atəşkəsi pozmuşdular. Bu gün isə iyulun 14-ü idi. Xəbər aparcısı deyirdi ki, ermənilərin təxribatı nəticəsində Azərbaycan Ordusunun generalı Polad Həşimov və yanındakı 11 nəfər həlak olublar. Xəbərlərdə şəhidlərin tabutlarının valideynlərinə təhvil verilməsini göstərirdilər. Yeganə müəllimə özlüyündə dəhşətə gəldi. Fikirləşdi ki, yəqin ki, belə bir itkidən sonra müharibə başlanması labüddür. Müharibə qanunlarına və hərbi doktrinaya, konvensiyalara görə, bir dövlətin önəmli şəxsi düşmən tərəfindən öldürülərsə, həmin dövlət müharibəyə başlaya bilər. Şəhidlərin analarına baxıb “Anan ölsün ay bala, yazıq necə dözəcək sənin bu dərdinə” - deyib, özündən asılı olmayaraq ağlamağa başladı. Bir azdan qonşusu Ramilə gəldi. Yeganə müəlliməni pərişan görüb nə baş verdiyini soruşdu. Yeganə müəllimə: “Bu ermənilər indi də bir generalımızı, polkovniklərimizi, əsgərlərimizi öldürüblər, çox pis təsir edib mənə... Müharibə başlasa , neyləyəcəyik?”- dedi.

Axşam ailə bir süfrə başına yığıldı. Birlikdə yenə generalın və polkovniklərin həlak olmasının acısını paylaşdılar. Nicat həmin axşam çox dalğın göründü anasının gözünə. Ana isə fikirləşdi ki, “Başqa cür ola da bilməz axı, mən hansı hissləri keçirirəmsə, Nicat da mənim hisslərimi keçirir”.

Yeganə Şükürova Humanitar fənlər təmayüllü məktəb-liseydə sinif müəlliməsi idi. Səhərisi günü baxdı ki, oğlu bütün söhbətlərində döyüşməkdən, qisas anının yetişdiyindən bəhs edir. Və oğlunu bu fikirlərdən yayındırmaq üçün evdə daha belə söhbətləri gündəmə gətirmədi. Bir neçə gündən sonra qızı Nigar ona dedi ki, Nicat gedib adını könüllü  hərbi səfərbərliyə yazdırıb. Bu xəbəri anasına verəndə, Nicat da evdə idi. Yeganə dönüb key kimi oğlunun üzünə baxa-baxa qaldı və sual etdi: “Sənin səfərbərlikdə nə işin var?!”. Nicat duruxdu. Anasını yayındırmaq üçün ağlına gələn ilk fikri dedi:

- Ay mama, guya ki, indi müharibə var ki? Yeddi min könüllü yazılıb. Onlardan biri də mənəm. Kimdir məni aparan?!

Oğlunun bu sözündən təskinlik tapdı. Fikirləşdi ki, Nicat əsgərliyini çəkib gəlib, tək oğlandır, yəqin ki, onu aparmazlar...

Sentyabrın 25-i ailəliklə yığışıb yenə Kürdəmirin Qaraqocalı kəndinə getdilər. Bura Nicatın atası Ayazın ata ocağı idi. Babası Əlipaşa da yaşlaşmışdı. Tez-tez ailəliklə gəlib qocanı yoxlayır, hal-əhval tuturdular. Nicat da Əlipaşa babasını görməyə sevinə-sevinə gəlirdi. Bu dəfə də elə gəlib Qaraqocalı kəndinə çatmışdılar ki, kişinin yenə əhvalının yaxşı olmadığını gördülər. Nicat maşınına oturub həkim dalınca getdi. Babasına əlac qılandan sonra Nicat macal tapıb qohum-əqrabanı da ziyarət etdi.

Sentyabrın 27-si elə kənddəcə müharibənin başlanması xəbərini eşitdilər. Nicat yaşıdı olan əmi, dayı, bibi, xala uşaqlarına müharibəyə gedəcəyi haqqında məlumat  verdi. Elə həmin gecə Bakıya döndülər. Yol boyu döyüş zonasına yollanan hərbi zirehli texnikalar, avtomobil karvanları keçirdi. Nicat həm avtomobili idarə edir, həm də sevinə-sevinə bu mənzərələri telefonunun yaddaşına köçürürdü. Yeganə də tez-tez: “Ay Nicat, fikrini yayındırma, yolunu sür...”- deyirdi. Axşam evə yetişdilər. Nicat yol boyu fikirləşirdi ki, müharibəyə yollansa, anası onun yoluna çəpər olacaq. Ürəyində xeyli götür-qoy elədi və belə fikrə gəldi ki, bu saatdan etibarən anası ilə acıqlı danışacaq, ona qarşı əsəbililik nümayiş etdirəcək. Bəlkə belə edərsə, anası ona hirslənib, sevgisini, qayğısını azaldar. Yoxsa ki, o müharibəyə çağırılacağı təqdirdə anasının əlindən başqa cürə çıxıb gedə bilməyəcəkdi. Elə bu vaxt anasının səsi gəldi:

- Ay Nicat, çay dəmləmişəm, gəl bir stəkan çay iç, yoldan gəlmisən, yorğunsan.

- Ay mama, bəsdir də... qoy istirahətimi edim, sənin əlindən istirahət də edə bilmirəm...

Yeganə oğlunun bu cavabına məəttəl qaldı. Axı nə baş vermişdi ki, Nicat birdən- birə anasına belə kobud cavab verdi. Yenə onun otağına keçdi:

-Nicat, nə olub, niyə belə bərkdən danışırsan...

-Ana, bəsdir də... İmkan verməzsən ki, bir özümə gəlim. İstəmirəm çay... əl çək məndən.

Yeganə gözləri dolmuş halda onun otağından çıxdı. Gecə də nəsə yuxusu ərşə çəkildi, yata bilmədi.

Səhər yuxudan oyanıb, fikirli halda məktəbə getdi. COVID-19 pandemiyası səbəbindən çox yerdə işlər ev rejiminə keçirilmişdi. Lakin məktəblərdə az sayda olsa da dərslər keçirilirdi. Aşağı siniflər az-az olsa da dərsə gəlirdilər. Tənəffüs vaxtı müəllimələrlə söhbət etdilər. Hamının üzündə bir kədər, həyəcan var idi. Bütün müəllimələr deyirdi ki, Allah ordumuza güc versin, əsgər balalarımızı qorusun. Günorta evə gəldi. Nicat yenə anası ilə soyuq davrandı. Salamını da dilucu aldı. Yeganə yenə yaşla dolmuş mas-mavi gözlərini oğluna zilləyib soruşdu:

-Ay bala, sənə nə olub eee... Dünən gecədən, məni acılayırsan. Bu nə hərəkətdir...

-Ay ana, get işinlə məşğul ol... Mənim işlərim var, onları yoluna qoyuram.

Yeganə fikirləşdi ki, yetkin oğlandır, artıq söz deyər, aranı daha da sərinlədər. Mətbəxə keçib çaydanı qaz pilətəsinin üstünə qoydu. Mətbəxlə Nicatın otağı üz-üzə idi. Yeganə yan otaqda dayanıb sakitcə Nicatın otaqda nə işlə məşğul olmasına baxdı. Gördü ki, oğlu paltar dolabındakı hərbi biletini götürüb baxır. Fikirləşdi ki, Nicat evdən çıxan kimi, onun hərbi biletini götürüb gizləyəcək.

Sonra başı ev işlərinə qarışdı. Onun otağına keçməyi də unutdu. Ürəyində oğlundan küsmüşdü, fikirləşirdi ki, bu mənimlə niyə belə davransın ki... Xarakter etibarı ilə Yeganə çox kövrək adam idi. Bir incikliyi oldumu, gözləri bulaq kimi dolar, göz yaşları yanaqlarından damcı-damcı süzülərdi. Onun belə kövrək olduğunun fərqinə varan həyat yoldaşı Ayaz Şükürov çalışardı ki, xanımının xətrinə dəyməsin.

Sentyabrın 29-u işdən evə qayıdanda Yeganə yaşadıqları məhəllədəki evlərinə gedən yolun üstündə yerləşən özlərinə məxsus meyvə dükanına yaxınlaşdı və gözləri dolmuş halda Ayaza dedi ki, Nicat iki gündür məni acılayır. Baxdı ki, Ayazın da rəngi qap-qara qaralıb. Hirsli görünür. Nə baş verdiyini xəbər aldı. Ayaz dedi:

- Nə olacaq ki... Nicat gedib könüllü yazılıb. Deyir ki, döyüşə gedəcəm. Beyni çönüb, sözümə baxmır. Az qala üzümə ağ oldu.

Yeganə hirsli-hirsli əlini piştaxtanın üstünə çırpdı:

- Allah haqqı, bunu əcəl girləyir, necə yəni, döyüşə gedəcəm... Heç evində 5 oğlu olanlar var ki, biri də getmir, bu nə əl qatıb özünə... Odeeeyyy, qonşunun oğlu, əsgərlikdən də saxlatdırıb özünü... Belə də dərd olar, ay Allah...

Yeganə ürəyində bəxtindən-taleyindən şikayət edə-edə, oğlunu qınaya-qınaya dar dalanlardan, küçələrdən keçib gəlib evə çatdı. Qızı Nigarın gözləri qıp-qırmızı idi. Ağlamışdı. Həyəcanla nə baş verdiyini soruşdu. Nigar dedi ki, Nicat getdi hərbi səfərbərlik və çağırış idarəsinə. Qonşular da qarşısını kəsdi, yalvarıb-ağladılar, mən də qabağına keçdim, dedim ki, gözlə heç olmasa, mama gəlsin, onunla görüş. “Yox!” deyib, arxasına baxmadan qaçdı. Dedi ki, mama gəlsə, məni buraxmayacaq.

Evin tavanı sanki Yeganənin başına fırlandı. Ayaqları taqətdən düşdü, dizləri büküldü. Güclə özünü divana çatdırdı. Nigar anasının belə həyəcanlandığını görüb qardaşına telefon açdı: “Nicat, tez gəl, mama ilə görüş, vallah, dedi ki, ağlamayacaq, ancaq sən gəl...”. Nicat isə bacısına söylədi:

- Bacı, de ki, ağlamasa, mənə mane olmasa, gəlib görüşərəm...

Heç 10 dəqiqə çəkmədi ki, Nicat qapıda göründü. Nicat gələndə Yeganə mətbəxdə başını işə qatmışdı. Belə edirdi ki, oğlundan küsdüyünü büruzə verməsin. Nicat bacısından yol üçün paltarlar istədi. Sonra mətbəxə keçib əlini anasının kürəyinə çəkdi. Yeganə çevrilib oğlunun üzünə baxmaq istədikdə Nicat tez üzünü yana çevirdi. O, anası ilə göz-gözə, üz-üzə gəlməkdən qorxurdu. Bilirdi ki, anası ilə göz-gözə gəlsə, yaşlı gözlərini görsə, ondan keçə bilməyəcək.

Nicat anasını mətbəxdə qoyub yan otağa keçdi. Yeganə yenə də özünü iş görürmüş kimi məşğul göstərdi. Nigar yenə anasına səsləndi:

- Ana, gəl, görüş... Nicat gedir...

Yenə yer Yeganənin ayaqları altından qaçdı, dizləri taqətdən düşdü. Belindən ağrı tutdu. İçərisində bir süstlük yarandı. Qadın elə bil ki, havasızlıqda idi, uçurdu... Gəlib qeyri-ixtiyari oğluna yaxınlaşdı. Üzündən öpdü. Bu bəs eləmədi, iki qolları ilə onu bir də qucaqladı, hər iki yanağından öpdü. İstədi ki, həmişəki kimi Nicatını bağrına sıxsın, saçlarının ətrini qoxlasın, ürəyinin içərisində tutub saxlasın, lakin Nicat ilan kimi sıvrılıb tezcə anasının qolları arasından çıxdı. Və bu sözləri dedi: “Sən qəm eləmə, fəxr elə ki, mənim kimi oğlun var.”

Yeganə ürəyində özü-özü ilə danışdı: “Mən elə hər zaman səninlə fəxr edirəm də...”.

Getdi Nicat Şükürlü. Sentyabrın 29-da bir axşamçağı  ailəsindən belə ayrıldı. Yol üstündə atasının işlətdiyi dükana gəlib onu da özü ilə götürdü. Hərbi səfərbərlik və çağırış məntəqəsinin yeni köçürüldüyü 49 saylı məktəbə birlikdə gəldilər. Ayaz oğlu ilə görüşdü. Elə bil ki, içərisində nəsə qırıldı. Elə bil ki, kişinin ürəyi köksünə sığmırdı. Bu nə həyəcan, nə darıxmaq idi, başa düşmürdü. Nicat sonuncu dəfə atası ilə vidalaşıb: “Həəəə, ata bir az gülümsə, bu necə oğul yola salmaqdır...” deyib, onu qınadı və gülə-gülə atasını qucaqladı.

Kor-peşiman evinə qayıtdı Ayaz. Şəhərin dağlıq yerində yaşadıqlarından dəniz onlarla üz-üzə idi. Yadına 1990-cı ilin 20 yanvarı düşdü. Haradan hara xatırladı o günü...  Şəhərdə bir soyuq var idi ki... Hamı Dağüstü parka tərəf irəliləyirdi. Gecə rus tanklarının tırtılları altında qalan, kor güllələrlə qətlə yetirilən dinc əhalini üzbəüz görünən Dağüstü parkda dəfn edirdilər. O zaman Ayaz da gənc idi. Bayılın Buxta küçəsindəki tək yaşadığı evindən çıxıb, insan selinin axışdığı Dağüstü parka yetişdi. Dünyalarca aşiqi olduğu, əsərlərini sevə-sevə oxuduğu tarixi əsərlər yazıçısı Əzizə Cəfərzadə çıxış edirdi. Şəhidləri ağlayırdı. Onun oxuduğu bayatılar indi yenə yadına düşmüşdü:

 

Arazam keç üstümdən

Çək karvan köç üstümdən.

Bu dərdi mən əkmişəm,

Dəryazam biç üstümdən.

 

Burda bir xanım ağlar

Cismimdə canım ağlar.

İtirdim igidləri

Damarda qanım ağlar.

 

Fikirli-fikirli gəlib evə çatdı. Yeganənin gözləri qıpqırmızı idi. Bükülüb divanın bir küncündə oturmuşdu. Qadın elə bil ki, yumağa dönmüşdü. Elə bil ki, evlərinin də işığı azalmışdı.

 

***

Onları elə həmin gecə Sumqayıtdakı N saylı hərbi hissəyə gətirdilər. Ən əziz və yaxın dostu Vüqar Mehdiyevlə eyni avtobusda gedirdilər. Vüqarla uşaqlıqdan dost idilər. Vüqar ona dedi:

-Nicat, səhər-səhər yaman bikef idin. Amma görürsən, mən sənə demişdim axı, yəqin ki, çağırarlar.

-Həəə... demə-demə, ay Vüqar. Sən deyəndə ki, məni çağırdılar, elə bil içimdə nəsə qırıldı, ömrümdə ilk dəfə sənə paxıllıq elədim. Elə səninlə danışandan 5 dəqiqə sonra, mənə də zəng gəldi. Amma bilirsən pis olan nədir, anamı incitdim. Özümü onunla soyuq münasibətdə apardım ki, məndən küssün.

-Nicat, səndən çıxmayan iş, gərək etməyəydin. İndi fikir edəcək sənə görə...

- Heç nə olan deyil, ölməyə getmirik ki, döyüşüb qayıdacağıq da...

Avtobus yola düşəndə Murad Qurbanovun anası Mehriban xanım da gəlib onlara yaxınlaşdı. Avtobusun salonuna çıxıb, uşaqlara xeyir dua verdi: “Gedin, öldürün, hamınız da söz verin ki, qayıdacaqsınız...”.

 

Döyüşə yollanan iki dost...

 

Yeganə özlüyündə Nicatla küsü saxladı. Nicat evə zəng vuranda onunla küsülüymüş kimi danışmayacağını qərarlaşdırdı. Və sonra baxdı ki, artıq ön cəbhədən şəhid xəbərləri gəlir. Ürəyi dözmədi. 2 gündən sonra Nicatın ilk zəng etdiyində dərhal telefonu özü götürdü. Oradakı vəziyyəti soruşdu. Nicat dedi:

 -Ana, narahat olma, biz hələ döyüş bölgəsində deyilik, burada təlim keçirik. Kəndin adamları evlərində nə qədər yemək varsa, gətirib bizə verirlər. Heç nədən ehtiyacımız yoxdur. Sən bilirsən ki, mən təbiəti çox sevirəm. Buraların təbiəti elə gözəldir ki... Ana, sənə bir şad xəbərim də var. Məni indi 20 nəfərin üstündə manqa komandiri qoyublar.

Ana da özlüyündə oğlunun təhlükəsizliyini təmin edirmiş kimi: “Nicat, başına dönərəm, çox qabağa getmə, özünü hər şeyə görə irəli atma...”- dedi oğluna.

Nicat manqa komandiri təyin ediləndən sonra, ilk əvvəl əsgərlərin döyüş hazırlığını yoxladı. Və hərbi komanda verib, əsgərin birinə “Sola dön!” dedikdə o sağa döndü. Nicatı gülmək tutdu. Yadına Azərbaycanın tanıınmış yazıçısı Manaf Süleymanovun “Eşitdiklərim, oxuduqlarım, gördüklərim” kitabında qələmə aldığı bir epizod düşdü. Kitabın bir hissəsində türk zabitlərinin əsrin əvvəllərində hərbi bacarığı olmayan Bakı şəhəri sakinlərini necə hərb sənətinə öyrətməsindən bəhs edilirdi: “Lakin türk zabitləri bu «xam» adamlardan az müddətdə elə çevik, cəsur, mətanətli döyüşçülər yaratdılar ki, adam məəttəl qalırdı. Hər məşğələ vaxtı beş-altı saat onları qaçırdır, yorur, taqətdən düşənə qədər əldən salır, polad nizam-intizam yaradırdılar; özləri də yorulmaq bilmir, istədiklərinə nail olmadıqca əl götürmürdülər. Bir məşqi kərratla təkrar etdirirdilər. Birdən komanda sədası şimşək təki guruldayırdı: “Nəfərat düzülün!” “Arş, irəli!», «Sol! Sol! İrəli! İrəli! Ar...ka...ya dön!” “Sağ, sol! Sola dön”, “İrəli. Silahlar umuza!” “Olmadı! Təkrar!.. Silah umuza! silah dabana”, “Yarım dönüş so...la!” “Sağa yarım dönüş!” “Farağat! Yerində say bərkdən!.. Geriyə dön!”, “Hasarı aşmaq!” “Cəld! Cəld!..”“Hədəfi nişan al!” “Olmadı! Təkrar hədəfə!” “Süngü axılsın! İrəli! Süngü çıxarılsın!” “Azad!”.

 Məktəbə gedən gündən anası ona fərqli-fərqli kitablar verib oxumağa sövq etmişdi. Nicatın da tarixi romanlar könlünə daha çox yaxın olduğundan, Azərbaycanın kəşməkeşli tarixini yaxşı bilirdi. Hərb sənətinin incəliklərini də, kitablardan öyrənmiş, sonra isə hərbi xidmətdə ləyaqətlə qulluq etmişdi.

Yeganə oğlunun xarakterinə bələd idi. Gözündə bir damcı da qorxu deyilən hiss yox idi. Həmişə özünü irəli atırdı. Onun yanında kiməsə haqsızlıq olarsa, onun haqqına kimsə girərsə, qəbul etməzdi. Zəif insanların güclülər tərəfindən incidilməsinə heç vaxt dözməzdi. Ana ona görə də narahat idi. Bilirdi ki, oğlu, arxada gizlənməyəcək, özünü elə hey önə atacaq. Sonuncu dəfə Nicatıyla 9 oktyabrda danışdı. Nicat anasına gözaydınlığı verdi. Dedi ki, artıq xeyli irəliləyiblər. Dedi ki, ana eşitmişəm ki, Ali Baş Komandan bizimlə fəxr etdiyini deyir! Bizim necə döyüşdüyümüzdən xəbərdardır. Mən sənə demişdim axı, Ana sən mənimlə fəxr edəcəksən.

Sonra isə bacısı Nigarın müəllim işinə qəbul edilməsi münasibəti ilə anasına göz aydınlığı verdi. Sonda telefonunun enerjisinin bitəcəyini bəhanə edib, anası ilə sağollaşdı. Naəlac qalan ana “Oğul, demirəm ki, hər dəqiqə telefon aç, sadəcə gündə bir dəfə salamat olmağın barədə mesaj yaz. Gün o gün olsun ki, Qarabağı alıb dönəsiniz!”- deyə bildi.

 

***

Dedim axı, Bakıdan uşaqlıq dostu Vüqar Mehdiyevlə bir çıxmışdılar. Ayrı-ayrı taborlarda olsalar da, Füzulini, Cəbrayılı süvari qoşunların tərkibində keçmişdilər. İndi isə üzü Hadruta tərəf gedirdilər. Arada-bir bu iki uşaqlıq dostu yol üstündə bir-birini görəndə dayanıb bir-iki dəqiqə hal-əhval tutar, ya da ki, ancaq uzaqdan salamlaşıb, ötərdilər. Çünki bu yerlərdə dayanmaq olmurdu. Hər dəqiqə düşmənin atdığı top atəşinə məruz qalmaq təhlükəsi var idi.

Piyada xeyli yol getdiklərindən, yaman yorğun idilər. Nicatın yükü çox ağır olmasına baxmayaraq, manqasında irəliləyən əsgərlər üçün yemək tədarükünü də çiyinlərində daşıyırdı. Belə fikirləşirdi ki, bu əsgərlər ona etibar edilibsə, demək, onların qayğılarına qalmaq şərəf vəzifəsidir. Xeyli irəlilədikdən sonra gəlib bir dağın dibində istirahət etmək üçün dayandılar. Nicat yanındakı döyüşçü dostu Kamrana tərəf döndü:

- Kamran, gör bir Ordumuz haradan hara qədər irəliləyib. Yəqin ki, 5-10 günə hər yeri alarıq...- dedi.

Kamran :

- Eh, irəliləyirik eeee... ancaq bilmirik ki, kim öləcək, kim qalacaq?

Nicat dərhal onun könlünü aldı:

-İnşallah, hamımız salamat qayıdacağıq. Ölməyə gəlməmişik ki, hələ ki, öldürürük. Mən təzə maşın almışam. Evimizə qayıdanda, səni də rayonlara gəzməyə aparacam.

Mülki həyatda Nicat öz dostları arasında təşəbbüskar kimi seçilirdi. İstirahət günləri olduğunda dostlarını yığıb Azərbaycanın gəzməli-görməli məkanlarına aparırdı. Əgər dostları içərisində xəstəsi olsaydı, ona mütləq yardım edirdi və həm də dostları ilə birllikdə ehtiyacı olanın köməyinə çatırdı. Payızın bu gözəl günlərində mərimi və top səslərindən qulaq tutulan məqamda dostu Elnuru xatırladı. Elnurun xərçəng xəstəsi olduğunu biləndən sonra, onu maşınına qoyub bütün rayonları gəzdirmişdi. Fikirləşirdi ki, bəlkə gördüyü mənzərələr, təbiət Elnurun əhvalını dəyişər, yaxşılığa doğru nəsə olar. Lakin olmadı. Elnur vəfat etdi. Elnuru itirmək onu çox sarsıltdı. Sonra da Vüqar, Vüsal, Cahid, Şəmsi ilə birlikdə pul toplayıb, Elnurun məzarının baş daşını özləri götürdülər. Üstünə də yazdılar ki “Anasından yadigar!”.

Nicat dostlarına çox güvənirdi. Vüqar Mehdiyev indi yanında idi. Bakıda olan dostlarından isə arxayın idi. Bilirdi ki, dostları onun valideynlərini tək qoymayacaqlar. Xəyaldan onu Kamranın cavabı ayırdı.

- Amin! Təki, birlikdə qayıdaq...-dedi Kamran.

Nicat bir də ətrafını nəzərdən keçirib:

- Ancaq ki, buralar heç xoşuma gəlmədi axı... ürəyimə damıb ki, burada bizi tələyə sala bilərlər, atarlar... –dedi.

Elə bu vaxt Vüqar Mehdiyev də arxadan gəlib onlar dayanan yerə çatdı. Vüqar da yorğun idi. Fikirləşdi ki, elə burada dayanıb, onlarla birlikdə dincələr. Nicat isə onunla salamlaşdı, görüşdü və dedi:

- Vüqar, sən burda dayanma, get, öz taborunuza çat. Onsuz da sizin tabordan az uşaq qalıb...

Vüqar özlüyündə Nicatdan incidi. Nicat hərbi hazırlığına görə daha yüksək rütbədə olduğundan, hərbi qaydalara görə, əmrə tabe oldu. İncimiş halda yoluna davam etdi ki, qabaqdakı döyüşçülərə çatsın.

Vüqar aralanıb gedəndən 2 saat sonra, onların dayandığı yerə göydən mərmilər yağış kimi yağmağa başladı. Tankın yanında olan əsgərlərdən biri yaralandı. Nicat tez irəli atılıb, onu həmin yerdən çıxardı. Daha sonra isə ikinci yaralının arxasınca getdi. İkinci yaralını çıxarmaq istəyəndə isə yenidən top atəşi atıldı. Bu dəfə atılan mərminin bir parçası Nicatın boyun nahiyəsindən dəydi. Yanındakı yoldaşları ona yardım etmək istəyəndə isə: “Mənim yaram yüngüldür, siz ağır yaralıları çıxarın!”- deyə əmr etdi.

Döyüş dostları onu tək qoymadılar. Yaralandığı ərazidən çıxarıb təcili yardım maşınına yerləşdirdilər. Nicat artıq vəziyyətinin çox gərgin olduğunu görüb: “Məni anama çatdırın...”- dedi. 

Əslində, həqiqətən də burada taborun uşaqları pusquya düşmüşdülər. Düşmən   azərbaycanlıların mərdliyinə bələd idi. Bilirdilər ki, bir əsgər yaralanarsa, şəhid olarsa, digərləri gəlib onu həmin yerdən çıxarır. Erməni də bu fürsətdən istifadə edib, köməyə gələnləri də nişan alırdı. Nicat və onun yanındakı döyüşçülər bu hiylənin qurbanı oldular.

 

                                                       ***

Hər telefon zənginə boylandı Yeganə xanım. Nicatın da telefonu susmuşdu. Xəyalına qorxulu səhnələr gətirdi, gözlərinə gecə-gündüz tabut göründü. Axırıncı dəfə oğlu ilə danışanda şikayət edib demişdi ki, “Sən məni yuxusuz qoydun”. Nicat isə cavabında: “Mama, yuxusuz qalmağın zərəri yoxdur. Sən mənim üçün dua et”- demişdi. Bu sözləri deyəndə ana, oğlunun səsində bir nigarançılıq, təlaş hiss etmişdi. İndi oturub-durub o son sözləri dolandırırdı fikrində. İndi artıq telefonuna gələn qeyri zənglərə əsəbiləşirdi. Ananın bir arzusu var idi, oğlunun səsini eşidib, salamat olmasına əmin olmaq. Artıq oktyabrın 12-si idi. 3 gün 3 gecə idi ki, Nicatdan xəbər yox idi. Belə dərd içərisində qovrulduğu vaxt, qardaşı oğlu Ramil zəng vurub “Bibi, Nigar rayona gəlməsin, mən özüm gəlib aparacağam”- dedi. Yeganə heç nə başa düşmədi:

-Niyə ki, ay bala, qoy gedib kənddə qeydiyyatdan keçsin də, sən onu rayonda qarşılayarsan...

-Yox da bibi, mənim Bakıda işim var, gəlim işimi görüm, birlikdə qayıdarıq- dedi Ramil. Əslində isə bibisinin fikrini yayındırırdı. Ramilgilin ailəsinə Nicatın şəhid olduğu barədə xəbər yetişmişdi.

Oktyabrın 12-də səhər saatlarında Nicat Şükürlünün şəhid xəbəri gəldi evə. Ailənin tək oğlu, istedadlı, cəsarətli, bacarıqlı, Bayıl qəsəbəsindəki 49 saylı “İntellekt” məktəb-liseyi yüksək qiymətlərlə oxuyub, Bakı Slavyan Universitetinin Beynəlxalq Münasibətlər fakultəsini bitirən Nicat Şükürlünun tabutunun yaşadığı Buxta küçəsinə gətirilməsi mənzərəsini yazmıram. Çünki Azərbaycan həmin günlərdə Vətənə Qalibiyyət gətirən şəhidlərini eyni məhəbbətlə qarşılayırdı. Hər yer bayraqlarımıza bürünür, şəhid qapıları ziyarətgaha çevrilirdi. Onları qəhrəman adlarına layiq qarşılayırdılar. Nicat Şükürlünü Badamdarda  dağın döşündəki qəbristanlıqda Cavidan Ağayevin yanında dəfn etdilər.

Oğlunu dəfn edəndən sonra, onun tabutunun büküldüyü bayrağı atası Ayaza verdilər. Ayazın qulağına yenə Əzizə Cəfərzadənin səsi gəldi:

Arazıyam adanın

Quluyam şahzadanın

Qabağına çıxaydim

Sizə gələn qadanın.

 

Haray a yoldan ötən,

Əynimdə qara kəfən.

Bu qədər məzar olmaz,

Nə günə qaldın Vətən...

 

                                                            ***

O dəhşətli xəbərdən sonra Yeganə xanım aylarla xəstə yatdı. Oğlunun yoxluq xəbərini eşitmək istəmədi. Atası Ayaz Şükürov qolu-qanadı sınmış kimi gəzdi. İstədi ki, inanmasın. Lakin inandı. İnandı oğlunun şəhidliyinə, inandı oğlunun uca zirvələrdə, Tanrı dərgahında olduğuna. Gör bir nələr fikirləşirdi, başına nələr gəldi. Nicat 1991-ci ilin oktyabr ayının 23-da dünyaya gəlmişdi. Həmin vaxt da bu dar dalanlardan keçirdi. Dostlarına xəbər etdi. Ayazın oğlu olması münasibəti ilə dostlar bir araya gəlib, yeyib-içib, şənləndilər. Hər badə qaldıranda dedikləri ilk söz bu oldu: “Ayaz, gözün aydın olsun, dünyaya əsgər gəlibdir!”. İndi Ayaz düşünürdü ki, bəlkə də həmin vaxt, oğluna “əsgər” deyilməsinin özündə bir qanunauyğunluq var imiş...  Uşaq dünyaya gələndə tər-təmiz olur. Deyilən xoş sözlər, arzular da onun alın dəftərinə yazılırmış...

... Mas-mavi gözləri var Nicatın anasının. Evlərindən içəri girəndə qonağı ilk qarşılayan Nicat Şükürlünün divardakı şəkli və onun həyatının müxtəlif anlarından bəhs edən şəkillər, əşyalarla dolu guşəsidir. Burada ailəsi ilə keçirdiyi xoşbəxt günləri və anları yer alıb. Şəkillərin birində qış fəslidir. Yeganə müəllimə deyir ki, divardakı şəkildə əks olunan əynindəki paltarı ona Nicat almışdı:

-Nicat bizə hər zaman sürprizlər edirdi. Hər bayram bacısına və mənə pul verib deyirdi ki, gedin özünüzə ürəyiniz istəyən hədiyyəni alın. Və ya bir də görürdün ki, bacısına və mənə ətirlər alıb gətirib. İndi həmin ətirlər durur, Nicat isə xoş ətir kimi havaya uçub, lakin ətri burnumdan getmir. Oğlum çox tərbiyəli idi. Allahına bağlı insan idi. Dini etiqadı var idi. Nə içki içər, nə də siqaret çəkərdi. Döyüşdə olarkən dostlarına deyib ki, döyüşlər qurtarsın, gedərik Kəlbəcərdə qartopu oynayarıq. Qış fəslində Bakıda dayanmırdı. Dostlarını da başına yığıb aparırdı, qar olan rayonlara. Təbii ki, bizi də unutmurdu. Vaxtını elə qururdu ki, bizimlə səyahətə də vaxtı çatsın. İndi yadıma düşəndə fikirləşirəm ki, o, döyüşə getməzdən əvvəl dedi ki, gedib babamla görüşüm. Demək, “gedib də dönməmək var” qismətini fikirləşibmiş. Nicatın dəfnindən 7 gün sonra babası da köçdü dünyadan. Nə xoşbəxt adamdır ki, tez gedib, nəvəsinə qovuşdu. Bizim günlərimiz Nicatla xoşbəxt idi. Nicatın yoxluğu evimizin işığını azaldıb. Qaranlıqlara qərq olmuşuq. Atası deyirdi ki, Nicat sağ-salamat gəlsin, dükandakı bütün ərzaqları qonşulara sevincək kimi paylayacaq. Adətimiz üzrə, biz hər il Novruz bayramını Bakıda 20 mart günü keçirəndən sonra, 21 martda Kürdəmirə gedərdik. Bu il Kürdəmirə də getdik, lakin bayramımız olmadı...

Yeganə xanim davam edir:

-Nicatın ən çox sevdiyi məqam, gün Orucluq günləri idi. Namaz ibadadətini pozmazdı və bunu heç kimə bildirməzdi. Orucluq ayı gələndə evimizdə xüsusi bir gözəllik, ab-hava hökm sürürdü. Bu il o da tərk etdi bizi. Nicat hər şeyin ən yaxşısını sevirdi. Axşamdan onun üçün ən gözəl yeməkləri bişirirdim. Səhər-səhər imsağa dururduq. Nicat səhər o başdan gedib dükandan isti şirniyyat alıb gətirirdi, deyirdi ki, nə qədər vaxt tamam olmayıb, tez bulkamızı isti-isti yeyək. Azan səsi gələndə elə bil ki, üzündə günəş doğurdu balamın. Mənə deyə bilərsiniz ki, Quranda yazılanlardan xəbərdar olduğun halda, niyə ağlayırsan, niyə sızlayırsan? Şəhid məqamının Qurani-Kərimdə necə yüksək məqam olduğundan da xəbərdaram. Lakin gedən ruhum, cismim, canımdır axı... Mənim də bütün analar kimi, oğul toyunda oynamaq arzum var idi... Mən Nicatı nə vaxtsa itirəcəyim haqqında fikirləşmirdim. Eh...Nə zalımsan, ay dünya... Həmişə fikirləşirəm ki, görəsən balamın boynuna qəlpə dəyəndə nə düşünüb, nə fikirləşib, necə qışqırıb, kimi köməyə çağırıb? Balam heyif oldu. Görəsən qanı üstünə necə tökülüb?! Fikirləşirəm ki, kaş anaları döyüşə gedən övladları ilə yanaşı göndərələr. Yanında olsaydım qanlı köynəyindən yapışardım, deyərdim ki, Nicat döz, qanı axan yarasını sarıyardım, öpərdim, oxşayardım, maşına çatana kimi döz deyərdim, mən yanında olsaydım, bəlkə də balama heç nə olmayacaqdı... Bilirsinizmi, toppuş əlləri var idi Nicatımın. Üşüyəndə deyirdim ki, Nicat o toppuş əlinlə məni ovuşdür. Ovuşdururdu, kürəyim elə yumşalırdı ki... İndi kim ovxalayacaq kürəyimi. O gündən kürəklərim qatıb...

Göz yaşları içində davam edir:

-Noyabrın 10-da gecə bir də baxdım ki, küçədən səs gəlir. Qorxdum, elə bildim ki, yenə məhəlləyə şəhid tabutu gətiriblər. Sonra qonşumuz Çingiz gəldi. Dedi ki, Qələbə qazanmışıq. Müharibə qurtarıb. Yaralı könlüm bir də param-parça oldu ki, daha Nicat qayıtmayacaq. Həmin günə qədər hardasa inamım var idi, gözləyirdim ki, bəlkə elə gələcək. Çünki nə atası, nə də mən tabutunu açıb baxmadıq. Əmiləri baxdılar. Ayın 10-da qonşuların sevincini görüb mən də sevindim. Fikirləşdim ki, bu qələbəni Nicat kimi oğullar qazandı. Heç olmasza, onların qanı yerdə qalmadı. Həmin gün iş yoldaşlarım Təhminə müəllimə, məktəbin müəllimləri, Nicatın dostları bizə gəldilər, şəhidimin qanının yerdə qalmadığını deyib, təskinlik verdilər. İndi xəyallarla yaşayıram. Gözümün qarşısında Nicat adlı bitib-tükənməyən bir film var. Onunla Qarabağı gəzirəm, onunla ev qururam, onun uşaqlarıyla qayğılanıram, onunla nə vaxtsa gəzdiyimiz yerlərə gedirəm...  Dostlarının danışdığı söhbətlərindən, xatirələrindən, döyüş yoldaşlarının dediyi hadisələrdən söz-söz , ilmə-ilmə yenidən yığıram Nicatımı. Gecə-gündüz axtarıram Nicatımı.

Gecələr min xəyala dalıram sənsiz,

Ətrini yastığından alıram sənisz...

Söhbətim-sözüm, baharım-yazım

Ürəyimdə qaldı, sənsiz hər arzum...

 

Atası Ayaz Şükürov deyir:

-Nicat balaca olanda bütün oyuncaqlarını sındırıb, içərisinə baxırdı. Əsasən də maşınları. Bir dəfə də anası ondan soruşdu ki, niyə sındırırsan, cavab verdi ki, xarab olub, düzəldirəm. Bir gün də ona oyuncaq göbələk alıb gətirdik. Neylədisə içərisini aça bilmədi. Dedik ki, onu aça bilmərsən. İçində bomba var. Bir gün də evə gələndə gördü ki, Nicat bu göbələyi vurur yerə, özü də qaçıb gizlənir ki, guya göbələk partlayanda ona dəyməsin... Deyirəm ki, kaş ki, həmin günü də mərmi oğlumdan yan keçəydi... Nicatın şəhidliyindən iki ay keçəndən sonra ən yaxın dostu Vüqar Mehdiyev gəldi. Həyat yoldaşım Yeganə xəstəxanada idi. Vüqar döyüşdən dekabr ayının 10-da təxris olub, birbaşa bizə gəlmişdi. Uşaq elə bil ki, gözümə baxmağa utanırdı. Elə yorğun görkəmi var idi ki... Yolların palçığının içərisində idi üst-başı. Dayanıb key kimi üzümə baxırdı. Görüşüb bağrıma basdım. Elə bildim ki, elə Nicatı qarşılayıram. Qoxladım onun da saçlarını. Bir anlığa belə fikirləşdim ki, döyüşdən qayıdıb gələn bütün oğullardan eyni qoxu gəlir - barıt qoxusu! Vüqar Nicatın yol çantasını və döyşdə geyindiyi papağını gətirmişdi. Çantanı özündə yadigar saxladı, papağını isə bizə qaytardı. Bir paltarı da şəhidliyindən sonra gəldi karqo ilə. Döyüşə getməzdən əvvəl sifariş vermişdi.

Gözləri dolur.

-Onu bütün nəslimizin əqrabaları, uşaqlar, institut tələbələri sevirdi. Nicat nümunəvi uşaq idi. Tərifdən xoşu gəlirdi. Əməyinin bəhrəsini görəndə sevinirdi. Bu dəfə isə tərifə layiq işlərin ən gözəlini gördü. Medallar aldı. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına görə “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edildi. Mən onun geri dönməyəcəyinə inanmırdım. Çünki Nicat hara getsə uğurla, müvəffəqiyyətlə geri dönürdü. Bu dəfə də uğurla, qələbə ilə döndü.

 

***

Bu hələ son deyil. Bizim Vətənimizə üz ağlığı gətirən qəhrəmanlarımızın şəhadətindən indi bir il keçir. Lakin onların adlarına yazılan dastanlar, şerlər, kitablar çoxalır, artır. Yaddaşlarımız təzələnir. Azərbaycan Yazıçılar Birliyinin üzvü Coşqun Xəliloğlu  şəhidimiz Nicat  Şükürlüyə belə bir şer itfah edib. Bu şer bütün şəhidlərimizə həsr olunur!

            Başını dik tut, ay Ana!

Başını dik tut, ay ana, Nicat kimi övladın var,

Ağlama, qəmgin dayanma, “Şəhid Anası” adın var.

Sən, elə oğul böyütdün, adı düşübdü dillərə,

Elə hünər göstərib ki, müjdə verib, səhərlərə.

 

Uşaqlıqdan zirək idi, çox xoşlayırdı zəhməti,

Məktəbdə əlaçı idi, yalnız “beş” idi qiyməti.

İnsanı şəxsiyyət edən, saf əqidə, saf amaldı,

Müəlimlər deyirdilər, Nicata əhsən, halaldı.

 

Nicat həm də idmançıydı, qazanmışdı diplom, medal,

Üz gözündən tökülürdü, mərifət, qanacaq, kamal.

Orta məktəbi bitirib, yollandı hərbi xidmətə,

Əsgəri borcunu verdi, bu vətənə, bu dövlətə.

 

Amma rahat deyildi o, qəlbi elə göynəyirdi,

“Faşistlər qovulmalıdır, yurdumuzdan” söyləyirdi.

Bir an boş dayanmazdı, oxuyurdu, çalışırdı,

İntiqam, qisas hissiylə, o yanırdı, alışırdı.

 

İnsan necə xoşbəxt olur, halallıqla ucalanda,

Ali təhsil diplomunu, çox sevinmişdi, alanda.

Həşimovun şəhidliyi onu sarsıtmışdı yaman,

Dua edirdi Allaha: - Baş Komandan versin fərman.

 

Atılaraq döyüşlərə, məhv edəyin ermənini,

Bizim bircə əsgərimiz, şil-küt eyləyər minini.

Könüllü tək yazılmışdı, döyüşlərə getmək üçün,

O müqəddəs savaşlarda qələbəyə yetmək üçün.

 

Arzusuna çatan zaman, necə sevinirdi Nicat,

Bu savaş bizə qələbə, torpağa qurtuluş, nicat.

Manqa komandiri oldu, Vətən ona arxalandı,

Düşmənə sübut eylədi, erməni, mifdi, yalandı.

 

Füzulidə döyüşərkən, göstərdi nə qədər hünər,

Əsgərlərinə deyirdi, bizimdir qələbə, zəfər.

Hadrut uğrunda döyüşdə, Nicat əsil cəngavərdi,

Elə burda o, cənnətdən, solmayan gül-çiçək dərdi.

 

Doğma torpaq, haqq yolunda candan keçənlər ölməzdir,

Şəhidlərin xatirəsi xalq qəlbindən silinməzdir.

Başını dik tut, ay ana, Nicat kimi övladın var,

Ağlama, qəmgin dayanma, “Şəhid Anası” adın var.

 

***

Dünən Nicatın otuz bir yaşı tamam oldu. Xəbərlər proqramında deyildi ki, Kəlbəcərə qar yağıb. O Kəlbəcərə ki, Nicat müharibədən sonra dostlarını başına yığıb ora getmək, orda qartopu oynamaq istəyirdi.

Qar yağdı. Ancaq Nicatın izlərinin üstünü örtə bilmədi.

Allah bütün şəhidlərimizə rəhmət eləsin.

 

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “Şuşa İli” çərçivəsində elan etdiyi xüsusi qrant müsabiqəsinin “İşğal dövründə Şuşanın maddi-mədəni irsinə vurulmuş zərərin araşdırılması” layihəsi əsasında “Şuşa İli”-270: (Şuşanın tarix və mədəniyyət abidələri) kitabı çapdan çıxıb.

 

Sözügedən kitab şəhərin memarlıq üslubu və Şuşanın qısa tarixindən bəhs edir. Kitabda, həmçinin Qarabağın və Şuşa şəhərinin memarlığının təhlilinə geniş yer verilib. 

Qeyd olunub ki, Şuşa şəhərinin tikintisini planlaşdırıan usta (və ya ustalar) Şərq şəhərsalma üslubundan məharətlə yararlanaraq ərazisini məhəllələrə bölüb. Küçələr dörd qala qapılarına elə paralel şəkildə yerləşdirilib ki, şəhərə daxil olan hər kəs çətinlik çəkmədən bir məhəllədən digərinə asanlıqla keçə bilir, bazarlar və karvansaralarla rastlaşırdı. Şuşanın ümumi planı göstərir ki, şəhərin tikintisi iki hissədə- ərazinin şərq və qərb tərəflərində aparılıb. Ümumi plan baxımından şəhərin şərq tərəfi aşağı, qərb tərəfi isə yuxarı məhəllə adlanırdı. 

Kitabda bildirilib ki, Şuşanın yerləşdiyi ərazinin özünəməxsus dağ peyzajı şəhərdə gözəl lanşaft yaradır. Şəhərin daha qədim olan şərq tərəfi sakit relyefə, sonradan məskunlaşmış qərbi isə amfiteatr xüsusiyyətinə malikdir. Şəhərin inşası zamanı Şuşa və ətrafında geniş yayılmış ağ qayalardan (əhəng daşlarından) istifadə edilib.

XVIII əsrdən etibarən Şuşa şəhərində beş fərqli şəhərsalma-memarlıq təbəqəsi formalaşıb: 

1. Xanlıq dövrü: Şuşanın şəhərsalma-memarlıq üslubu: iç qalalar, yaşayış evləri, saray, malikanə, karvansara, məscidlərin inşaası və s;

2. Çar Rusiyası dövrü: kilsələr, təhsil müəssisə və inzibati binalar inşa edilib. Eləcə də, şəhərin orta əsr Azərbaycan memarlıq üslubuna Avropa elementləri əlavə edilib;

3. Sovet dövrü: şəhərdə yeni inzibati və yaşayış binaları, istirahət və müalicə mərkəzləri, uşaqlar üçün yay düşərgələri inşa edilib;

4. 1992-ci ildən başlayan erməni işğalı dövrü: şəhərdə bir çox binaların memarlıq üslubları dəyişdirilib. Kotteclər, sosial binalar tikilib, bir çox dini, inzibati binalar sökülərək məhv edilib.

5. 2020-ci il noyabrın 8-i Şuşanın işğaldan azad olduğu gün: yeni bərpa və quruculuq işlərinə başlanılıb. Şəhərin bütün tarix və mədəniyyət abidələrinin bərpa edilməsinə qərar verilib.

XVIII əsrdə Şuşada şəhərsalma iki istiqamətdə aparılıb. Birinci istiqamət: Qarabağ memarlıq üslubunda binaların plan quruluşunda kompozisiyası prinsipləri nəzərə alınmaqla məscidlər, karvansaralar və digər inzibati binaların inşası; ikinci istiqamət: şəhər memarlığında mühüm yer tutan yaşayış evlərinin inşası Avropa memarlığı ənənələri əsasında inkişaf etdirilib. Bu üslub Şuşanın memarlıq quruluşunda şərq və qərb memarlığının sintezini yaradıb. Şuşanın bu tipli yaşayış evləri öz memarlıq-planlaşdırma xüsusiyyətlərinə görə Azərbaycanın digər rayonlarında inşa edilən yaşayış evlərindən fərqlənirdi. Fərqliliyə görə el arasında bu yaşayış binaları “Qarabağ evləri” adlandırılıb.

XVIII-XIX yüzilliklərdə ən xarakterik tiplər Şuşa şəhərində məhz yaşayış evləri, məscidlər, bulaqlar, hamamlar və karvansaralar idi. Şəhər yaşayış evləri, kasıb əhali üçün damlar; varlı və imkanlı şəxslər üçün saraylar və malikanələrdən ibarət idi. Bu dövrlərdə şəhər memarlığındakı evlərin həllində çoxobrazlılıq diqqət çəkib. Şuşada inkişaf etmiş şəhər və saray tipli yaşayış evlərinin inşası ilə yanaşı, Azərbaycan ərazisində daha qədim dövrlərdə yayılmış qaradam tipli yaşayış evlərinin inkişaf etmiş forması olan damlar, qara damlar, sonralar müasirləşən ev damlarının da inkişafı diqqət çəkirdi. 

İki və ya dördotaqlı evlər adətən eyvanlı olurdu. Bu tipli evlərin eyvanları küləyin əksi istiqamətində tikilib. Küçə(yol) tərəfə eyvan nadir hallarda qoyulurdu. Şuşada yaşayış evlərinin eyvanları adətən evin ya otaqların ön tərəfində binadan 1,5 metr önə çıxmış, üstüörtülü və ya açıq, qabaq tərəfinə təqribən 80 santimetr hündürlükdə taxta və ya dəmir məhəccərlər bərkidilmiş açıq eyvan (buna balkon və ya seyvan da deyilir) olurdu. Bəzi eyvanlar isə sadə olurdu. Belə eyvanların qarşısında taxta və ya dəmir məhəccərlər olmurdu. Saray və malikanələrdə içəri girmiş eyvanlara daha çox təsadüf edilir. Belə eyvanların üç tərəfi bağlı, üstü örtülü, yalnız qarşı tərəfi açıq olduğu göstərilir.

Bundan başqa kitabda:

1. Tarix və mədəniyyət abidələri üzərində bərpa işlərinin aparılması qaydaları;

2. Tarix və mədəniyyət abidələri üzərində aparılması nəzərdə tutulan təmir və bərpa işlərinin növləri;

3. Abidələrin bərpası zamanı istifadə olunan memarlıq üslubları;

4. Abidə üzərində elmi-tədqiqat işləri aparılmasına icazə alan müəssisə və ya təşkilatın öhdəliyi.

5. Daşınmaz tarix və mədəniyyət abidələrindən istifadə qaydaları.

6. Abidələrin istifadəyə verilməsi qaydaları barədə də oxuculara geniş məlumat verilir.

 

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-ın Stokholmdan yaydığı xəbərə istinadən bildirir ki, 2023-cü il üzrə uşaq ədəbiyyatında nailiyyətlərinə görə, İsveçin məşhur “Astrid Lindqren” xatirə mükafatına iki azərbaycanlı yazıçının namizədliyi irəli sürülüb. 

 

Belə ki, mükafata namizədlər siyahısında azərbaycanlı yazıçılar Sevinc Nuruqızı və Raziyə Rəhimzadənin adları qeydə alınıb.

İsveç hökuməti tərəfindən 2002-ci ildə dünyaca məşhur uşaq yazıçısı Astrid Lindqrenin şərəfinə təsis edilmiş xatirə mükafatına növbəti il ümumilikdə 64 ölkədən 251 namizəd qeydə alınıb. Bu qlobal mükafat hər il uşaq və gənclər ədəbiyyatının inkişafına böyük töhfə verən şəxsə və ya təşkilata verilir. Mükafat laureatı hər il 12 nəfərdən ibarət münsiflər heyəti tərəfindən seçilir və sonradan İsveçin paytaxtında xüsusi keçirilən tədbirdə qalibə təqdim edilir. Mükafatlandırma mərasiminə İsveçin vəliəhd şahzadəsi Viktoriya rəhbərlik edir. 

Qeyd edək ki, cari ildə “Astrid Lindqren” xatirə mükafatına isveçli yazıçı və illüstrator Eva Lindström layiq görülüb. Ona təqdim olunan mükafatın dəyəri 5 milyon isveç kronu (təqribən 760 min manat) təşkil edib.

Понедельник, 24 Октябрь 2022 12:00

Tanınmış şair İbrahim İlyaslının atası dünyasını dəyişib

 

Tanınmış şair, Prezident təqaüdçüsü, “Qazax” Xeyriyyə İctimai Birliyinin və Azərbaycan Yazıçılar Birliyinin üzvü, həmçinin Azərbaycan Yazıçılar Birliyi “Poeziya Seksiyası” sədrinin müavini, Əli Kərim adına Sumqayıt şəhər Poeziya Evinin direktoru, İbrahim İlyaslıya və Aşıq İlham Aslanbəyliyə ağır itki üz vermişdir. Ataları Hacıyev Musa Mustafa oğlu ömrünün 92 yaşında haqqa qovuşmuşdur.

 

Musa Hacıyev 15 mart 1930-cu ildə Qazax rayonunun Aslanbəyli kəndində doğulub. 1954-cü ildə indiki Azərbaycan Dövlət Pedaqoji Universitetinin fizika-riyaziyyat fakültəsini bitirib. Təyinatla indiki Göygöl rayonuna fizika müəllimi təyin edilib. Bir müddətdən sonra doğma Aslanbəyli kəndində fizika və riyaziyyat fənlərini tədris etməyə başlayıb. Qazax rayonunda qabaqcıl müəllim kimi tanınıb. 40 ildən çox bir müddət ərzində Aslanbəyli kənd orta məktəbində müəllim, direktor müavini kimi fəaliyyət göstərib. Dərs dediyi şagirdlər fizika elmi sahəsində böyük uğurlara imza atıblar.

Musa müəllim, həmçinin Azərbaycan ədəbiyyatını və aşıq sənətini dərindən bilən və onu təbliğ edən bir ziyalı, milli dəyərlərin qorunmasında xidmətləri olan bir aydınımız olub.

“Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri professor İlham Pirməmmədov, İctimai Birliyin İdarə Heyətinin üzvləri Xalq şairi Nəriman Həsənzadə, Azərbaycan Sahibkarlar Konfederasiyasının Prezidenti, iqtisad elmləri doktoru Məmməd Musayev, Millət vəkilləri – Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, professor Səməd Seyidov, akademik Nizami Cəfərov, Ülviyyə Ağayeva, Azərbaycan Sənaye Korporasiyası Açıq Səhmdar Cəmiyyətinin Baş direktoru Kamran Nəbizadə, Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Sübhan Bəkirov, Müdafiə Nazirliyinin idarə rəisi general-mayor Məmməd Eminov, general-mayor Namiq Poladov, polkovnik Eldəniz Namazov, polkovnik Elşən Qapaqov, polkovnik-leytenant Elçin Məmmədov, Vətən Müharibəsi Qəhrəmanı kapitan Nicat Bədəlov, akademik Şahin Mustafayev, akademik Məhəmməd Babanlı, akademik Bilal Bilalov, Əməkdar incəsənət xadimi Vidadi Babanlı, Puşkin Əhmədov və Arzuman Abdulkərimov, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru professor Mustafa Babanlı, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev, “Odlar yurdu” Universitetinin rektoru professor Əhməd Vəliyev, Həsrət Pirməmmədov, Binnət Həsənov, Elçin Carçıyev, Rusiyanın Yekaterinburq vilayətindəki Azərbaycan diasporunun lideri Şahin Şıxlinski, professor Valeh Nəsibli, professor Məhəbbət Dəmirçiyeva, Xalq artistləri Sabir Məmmədov, Həmidə Ömərova, Tariyel Qasımov, Əməkdar mühəndis Qasım Abdullayev, Əməkdar məşqçi Firdovsi Umudov, Əməkdar həkim Şərif Şahməmmədov, Əməkdar jurnalist Varis Yolçuyev, professor Məqsəd Qocamanov, professor Rüstəm Kamal, Namiq İsmayılov,  Kamal Axundov, Ramiz Göyüşov, Rövşən Babanlı, İsmayıl Umudlu, Məmməd Nəsibov, Fikrət Hacıyev, Mədət Səttarov, rəssam Nəvai Metin, rəssam Qafar Sarıvəlli, Sahib İbrahimov, Eldar Ələkbərov, Vasif Məhərrəmli, Sultanxanım Nəsibova, Məlahət Qurbanova, dosent Dürdanə Vəkilova, dosent Natavan Dəmirçioğlu, Ramil Göyüşov, Solmaz Kosayeva, dosent Məti Osmanoğlu, dosent Yusif Alıyev, şair Rafail İncəyurd, Yusif Rəhimov, Fərid Bayramlı, Allahverən Dəmirov, şair Məmməd Əfşan, Fərman Qəhrəmanov, Bəxtiyar Rüstəmoğlu, Aşıq Şaiq, Aşıq Avdı, Ceyhun Babaşov, Əli Rəhimov, Fərhad Əyyubov, Səbinə Yusif, Ələddin Kəsəmənli və İctimai Birliyin bütün üzvləri adından şair İbrahim İlyaslıya və Aşıq İlham Aslanbəyliyə atası Musa müəllimin vəfat etməsi ilə əlaqədar başsağlığı verir, bu ağır günlərdə Tanrıdan onlara səbr, dözüm, dəyanət diləyirlər.

Allah rəhmət etsin.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.