Super User
Bakı Musiqi Akademiyasında Fikrət Əmirovun 100 illiyinə həsr olunan təntənəli konsert keçirilib
Bakı Musiqi Akademiyasının Opera Studiyasında Şərqin görkəmli bəstəkarı Fikrət Əmirovun 100 illik yubileyinə həsr olunmuş təntənəli konsert keçirilib.
Rusiya İnformasiya Mədəniyyət Mərkəzinin mətbuat xidmətinin yaydığı məlymata görə, “Musiqi naminə həyat” adlı konsert proqramı Bakıdakı Rus Evi, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının dəstəyi ilə “Stolitsa” RT teatrının direktoru, “Bakı” Müəllif Mahnıları Klubunun vitse-prezidenti Vəfa Qavrilova-Məmmədova tərəfindən təşkil olunub.
Konsert proqramında beynəlxalq müsabiqələr və festivallar laureatları - Əminə Zülfüqarova, Nigar Həsənova, Mahir Tağızadə, Əzizə Ağazadə, Adil Axundov, Cəmalə Abdinzadə, Nailə Xasiyeva, Fəqan Həsənli, Azərbaycan Dövlət Opera və Balet Teatrının solistləri Samir Səmədov, Fatimə Xələfova, Azərbaycanın Əməkdar artistləri Cəmilə Kərimova, Aleksey Miltıx, Sahib Paşazadə, Nərgiz Əliyeva, Sabah xoru (bədii rəhbər və dirijor Dmitri Babayev) iştirak ediblər.
Tədbirin sonunda Fikrət Əmirovun qızı Sevil xanım iştirakçılara təşəkkür edib.
Fikrət Əmirov XX əsrin dünya musiqi mədəniyyəti tarixinə müasirliyin musiqi ənənələri ilə milli mədəni irsinin birləşməsinin böyük ustadı kimi daxil olub. Uzunmüddətli yaradıcılıq fəaliyyətinə görə F.Əmirov bir çox mükafatlara, o cümlədən Stalin mükafatına, SSRİ Dövlət mükafatına, SSRİ Xalq artisti adına layiq görülüb.
Aqşin Yenisey: “Kitab bazarı daha çox tərcümə ədəbiyyatı ilə doldurulur ki, bu da yerli müəllifləri bazardan sıxışdırır”
“Ədəbiyyat və incəsənət” portalının 3X3 rubrikasında çağdaş ədəbiyyatımızın 3 nümayəndəsinə 3 sualla müraciət edilib. Aqşin Yeniseydən, Orxan Fikrətoğlundan və Kənan Hacıdan əməkdaşımız Ümid Nəccari soruşub ki:
-Bugünkü Azərbaycan ədəbiyyatında ədəbi mühiti necə dəyərləndirirsiniz? Ümumiyyətlə, ədəbi mühit varmı?
-Azərbaycanda yazıçıların əsas problemi olan kitablarının az sayda satılmasına, ədəbiyyata diqqətin azlığına başlıca səbəblər nə ola bilər? Və çıxış yolunu nədə görürsünüz?
-Ölkəmizdə təşkil olunan kitab sərgiləri ədəbi mühiti canlandıra bildimi?
Aqşin Yeniseyin cavablarını təqdim edirik:
- Dağınıq da olsa, ədəbi mühit, ədəbi proses var. Hətta dünya ədəbiyyatı ilə ayaqlaşmağa can atan bir ədəbi mühit formalaşır. Artıq yerli əsərlərə xarici ölkələrdən gələn reaksiyalar daha cəlbedici görünür, hətta bəzi hallarda artıq yerli oxucular öz ədəbi əhəmiyyətini itirmiş kimi də görünür. Amma çatışmazlıqlar da çoxdur. Məsələn, müasir əsərlərin yaranması üçün stimul verəcək ciddi və milli bir mükafatımız hələ ki yoxdur. Kitab bazarı daha çox tərcümə ədəbiyyatı ilə doldurulur ki, bu da yerli müəllifləri bazardan sıxışdırır. Naşirlər yeni imzaların oxuculara tanıdılmasında həvəsli görünmürlər. Yeni imzaları o vaxt çap edirlər ki, artıq oxucu bu imzaları kitabsız da tanıyıb, qəbul edib. İxtisaslaşmış yayın evləri yaranıb, amma ixtisaslaşmış müəlliflər yoxdur, ya da barmaqla sayılacaq dərəcədə azdır. Azərbaycan ədəbiyyatına bu gün mühit yox, bazar lazımdır. Mühiti formalaşdıran dünyanın hər yerində bazardır.
- Mədəniyyət fəlsəfəsində “boş vaxt” deyə ifadə var. Bir çox fikir adamları deyir ki, mədəniyyət yaratmaq üçün “boş vaxt” lazımdır. “Boş vaxtı” olmayan insan, xalq mədəniyyət yarada bilməz. Eyniylə “boş vaxtı” olmayan insan, xalq mədəniyyətdən istifadə etmək imkanından da məhrumdur. İnsanların kitab yazmaq və oxumaq üçün “boş vaxtı” olmalıdır. Bu da ümumi rifaha bağlı məsələdir. Ac qarın üçün bütün bəşər mədəniyyətinin qara qəpiklik dəyəri yoxdur. Xalqın ümumi rifahı yaxşılaşdıqca kitaba qayıdış da sürətlənəcək. Əks halda, heç bir təbliğat, heç bir layihə bütün gününü dolanışıq dalınca lökküyən insanı kitaba cəlb edə bilməz.
- Bu sərgilər, əlbəttə ki, təkcə ədəbiyyat üçün deyil, ölkənin mədəni həyatının canlanması üçün ciddi tədbirlərdir. İstər Milli Kitab Sərgisi, istərsə də Mədəniyyət Nazirliyinin keçirdiyi Beynəlxalq kitab sərgisi və digər kitabla bağlı tədbirlər alqışalayiqdir. Yaxşı olar ki, bu cür tədbirlər Bakı ilə məhdudlaşmasın, bölgələrə də ayaq açsın. Çünki hər iki sərgidə iştirakım zamanı müşahidə etdim ki, Bakıda bəlli bir kontingent var və bütün sərgilərdə də daha çox onlar iştirak edir. Hətta artıq yazıcı və şairlərlə bu azsaylı oxucular şəxsi tanışlıq dərəcəsində yaxınlaşıblar. Yeni oxucu simaları da gözə az-az dəyir. Demək ki, çevrə genişləndirilməlidir. Bu, həm də bayaq dediyim kitab bazarının böyüməsinə gətirib çıxaracaq. Məsələn, bir sərgidə ən çox kitab alan oxucu üçün bir avtomobil, bir kompüter, nə bilim, Havay adalarına ikinəfərlik bilet uduşu həyata keçirilsə, kitabın ətrafında böyük kütlələr cəmlənər. Hər kütlədən ədəbiyyat üç-dörd oxucu, kitab bazarı beş-altı alıcı qazansa, bunun özü də mədəni canlanmaya səbəb ola bilər.
R.C.Abdullayevin 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan musiqi mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə Rauf Canbaxış oğlu Abdullayev 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 28 oktyabr 2022-ci il
Xan qızı Natəvanın 190 illiyi münasibətilə qəzəl və muğam axşamı keçirilib
XIX əsr Azərbaycan klassik ədəbiyyatının görkəmli nümayəndəsi Xurşidbanu Natəvanın (1832-1897) 190 illiyi Prezident İlham Əliyevin sərəncamı ilə ölkəmizdə və xaricdə müxtəlif tədbirlərlə qeyd olunur.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu münasibətlə Beynəlxalq Muğam Mərkəzində (BMM) “Xurşidbanu Natəvan – 190: muğam və qəzəl gecəsi” adlı tədbir keçirilib.
Mədəniyyət Nazirliyinin təşəbbüsü və BMM-in təşkilatçılığı ilə gerçəkləşən gecədə mərkəzin solistləri ilə yanaşı, Muğam televiziya müsabiqəsinin qalibi olan xanəndələr çıxış etdilər. İfaçıları tarzən Rüstəm Müslümovun rəhbərliyi ilə musiqi qrupu müşayiət edirdi.
Tədbirin aparıcısı – Yazıçılar Birliyinin katibi, Əməkdar mədəniyyət işçisi İlqar Fəhmi bildirdi ki, Xurşidbanu Natəvanın həyat və yaradıcılığı ədəbiyyat, incəsənət xadimlərimizi ilhamlandırıb. Hələ sağlığında müasirləri Qasım bəy Zakir, Mirzə Fətəli Axundzadə, Mir Möhsün Nəvvab, Fatma xanım Kəminə, Mirzə Həsən Yüzbaşov, Məmo bəy Məmai, Mirzə Rəhim Fəna və başqaları ona şeirlər həsr edib, qəzəllərinə nəzirələr yazıblar. Bu ithaf şeirləri, nəzirələr müasirlərinin Xan qızının şəxsiyyətinə, fitri istedadına, xeyriyyəçilik missiyasına rəğbətin təzahürüdür. Bu nümunələrdə Natəvanın taleyinin ayrı-ayrı məqamları, şairlik, rəssamlıq keyfiyyətləri, bir sözlə, poetik obrazı çox aydın görünür. İllər sonra da Natəvanın şəxsiyyətinə, keşməkeşli həyatına maraq azalmayıb. Onun haqqında şeirlər, poemalar, pyeslər qələmə alınıb.
Gecədə bu ilin 14-15 iyul tarixlərində Şuşada keçirilən Vaqif Poeziya Günlərinin iştirakçısı olan gənc şairlər Pərviz Seyidli və Nicat Nəsri Natəvanın qəzəllərinə yazdıqları nəzirələri oxudulur. Mədəniyyət və İncəsənət Universitetinin tələbələri isə Xan qızının qəzəllərini səsləndirdilər.
Yazıçı-publisist, Əməkdar mədəniyyət işçisi, Natəvan haqqında kitabın müəllifi Mustafa Çəmənli şairənin həyatı və ədəbi taleyindən bəhs etdi.
BMM-in solistləri Elgiz Əliyev, Könül Xəlilzadə, Vəfa Orucova, Könül Məmmədli, Nisbət Sədrayeva, gənc xanəndələr Rəvan Qaçayev və Murad Laçının ifasında Xurşidbanu Natəvanın qəzəllərinin muğamlarımızın xallarında təqdimatı yubiley gecəsini sənət rənglərinə boyadı. Bu rənglər içində gənc rəssam Banu Dəvəlinin Xan qızının yubileyinə hədiyyə etdiyi portret tamaşaçıların xüsusilə diqqətini çəkdi.
Nazir Anar Kərimov Rauf Abdullayevlə görüşüb
Ötən gün Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov, Azərbaycan Respublikasının Xalq artisti, Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru, “Şöhrət”, “Şərəf”, “İstiqlal” ordenli, "Qızıl çinar" beynəlxalq mükafatı laureatı, Dövlət Mükafatı laureatı, dirijor Rauf Abdullayevlə görüşüb.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Rauf Abdullayevi 85 illik yubileyi münasibətilə təbrik edən Anar Kərimov, ona möhkəm can sağlığı, yeni yaradıcılıq uğurları arzulayıb.
Azərbaycan mədəniyyətində xüsusi yeri olan sənətkar, yeni layihələr və gənc nəslin musiqi zövqünün formalaşmasında həyata keçirilən tədbirlərdən, gənc və istedadlı musiqiçi nəslinin doğru istiqamətləndirilməsi yönündə aparılan işlərdən söhbət açıb.
Latviyada tanınmış Azərbaycan rəssamının sərgisi keçirilib
Qərbdən bir incəsənət xəbəri: ölkəmizin Latviyadakı səfirliyinin “Riqa Art Nuvo Mərkəzi” ilə birgə təşkilatçılığı çərçivəsində Azərbaycanın Əməkdar rəssamı İnna Kostinanın “Abşeronun İpək Qanadları” adlı sərgisinin açılış mərasimi olub.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, “Riqa Art Nuvo Mərkəzi”ndə keçirilən sərginin açılış mərasimində Latviya rəsmiləri, diplomatlar, mədəniyyət xadimləri, jurnalistlər, eləcə də digər sənətsevərlər iştirak ediblər.
Rəssam İnna Kostinanın sərgidə nümayiş etdirilən ipək boyama texnikası - batika üzrə əsərlərində Azərbaycan mifologiyasındakı simurq quşu obrazı təsvir olunub. Sərgidə, həmçinin rəssamın digər əsərləri, o cümlədən Abşeron yarımadasının mənzərələrindən ibarət rəsmləri də nümayiş etdirilib.
Azərbaycanın Latviyadakı səfiri Elnur Sultanov tədbirdə çıxış edərək Əməkdar rəssam İnna Kostinanın yaradıcılığı haqqında məlumat verib, rəssamın Abşeron və simurq mövzularında, həmçinin kəlağayı ilə bağlı əsərlərinin Azərbaycan mədəniyyətinin və milli kimliyinin mühüm, eyni zamanda, bir-biri ilə əlaqəli elementlərini özündə birləşdirdiyini, bu baxımdan, əsərlərinin dərin məzmuna malik olduğunu qeyd edib. Səfir Azərbaycanın kəlağayı sənətinin 2014-cü ildə UNESCO tərəfindən Bəşəriyyətin Qeyri-maddi Mədəni İrsinin Reprezentativ Siyahısına daxil edildiyini diqqətə çatdıraraq, ölkəmizin zəngin mədəni irsinin qorunması, gələcək nəsillərə ötürülməsi və təbliği istiqamətində Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın müstəsna xidmətlərini vurğulayıb. O, sərgidə nümayiş etdirilən əsərlərin Azərbaycanın zəngin tarixini, mədəniyyətini, eyni zamanda, multikulturalizm və tolerantlıq ənənələrini təcəssüm etdirdiyini deyib. Diplomat rəssam İnna Kostinanın sərgisinin Riqada təşkil olunmasının Azərbaycan-Latviya mədəni əlaqələrinin daha da möhkəmlənməsinə töhfə verəcəyinə əminliyini ifadə edib. O, səmərəli əməkdaşlığa görə Riqa Şəhər Şurasının, həmçinin “Riqa Art Nuvo Mərkəzi”nin rəhbərliyinə və kollektivinə təşəkkür edib.
Sonra çıxış edən Riqa Şəhər Şurasının sədr müavini Linda Ozola sərgidə iştirak etməkdən məmnunluğunu bildirərək, layihənin həyata keçirilməsində əməyi olan şəxslərə təşəkkür edib. O qeyd edib ki, bu sərgi xalqlarımızın bir-birinin mədəniyyətini daha dərindən başa düşmək üçün çox gözəl imkandır və bu mənada mədəni platformalar xalqlar arasında dialoq üçün körpülər yaradır. Riqa hər zaman çoxmədəniyyətli şəhər olub, XXI əsrdə də bu xüsusiyyətini qoruyub saxlayır və mədəni tədbirlərə məmnuniyyətlə ev sahibliyi edir. Linda Ozola rəssam İnna Kostinanın əsərlərindəki bəzi elementlərin Latviya mədəniyyətinə çox yaxın olduğunu vurğulayaraq, onlara maraqla nəzər saldığını diqqətə çatdırıb.
Rəssam İnna Kostina çıxışında sərgi haqqında məlumat verib. O bildirib ki, sərgidə nümayiş etdirilən əsərlər Abşeron və simurq mövzularını əhatə edir. Bu əsərlərdə ifadə olunan fikirlər ümumilikdə Azərbaycan xalqının ruhunu, adət-ənənələrini və mənəvi dəyərlərini əks etdirir. Rəssam, həmçinin 2003-cü ildən etibarən məşğul olduğu kəlağayılardan ibarət əsərləri haqqında danışıb.
Daha sonra “Riqa Art Nuvo Mərkəzi”nin direktoru Aqrita Tipani azərbaycanlı rəssamın sərgisinin rəhbəri olduğu mərkəzdə təşkilindən məmnunluğunu ifadə edib. Diqqətə çatdırılıb ki, bu sərgidə nümayiş etdirilən simurq quşu ilə bağlı əsərlər, Abşeron yarımadasının gözəl mənzərələri, həmçinin kəlağayılar Azərbaycanın zəngin mədəniyyətinə və adət-ənənələrinə dair elementləri özündə ehtiva edir.
Sonra Azərbaycanın kəlağayı sənəti ilə bağlı videoçarx nümayiş etdirilib və sərgiyə baxış keçirilib.
Sərgi dekabrın 4-dək davam edəcək.
Günün fotosu: Dəniz mövsümü davam edir
Şiddətli istilərlə keçən yayın ardınca Fransa və İspaniyada payız da şiddətli istilərlə keçməkdədir. Temperatur 30 dərəcəyə qədər yüksəlib, dəniz mövsümü davam edir.
Foto: Euronews
Türkiyənin tanınmış ssenaristi, “Kurtlar vadisi. Pusu” nun ssenari müəllifi Tufan Bora Bakıdadır
Türkiyənin tanınmış ssenaristi, “Kuruluş Osman” və “Kurtlar vadisi. Pusu” kimi populyar teleserialların ssenari müəllifi Tufan Bora Azərbaycandadır.
O, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin və “Şahdağfilm” prodakşnın birgə çəkəcəyi “Atabəylər: Şəmsəddin Eldəniz” tarixi serialının hazırlıq mərhələsi dönəminə qatılıb.
“Ədəbiyyat və incəsənət” portalının əməkdaşları Tufan Bora ilə görüşərək ona bir neçə sual ünvanlayıblar.
-Tufan bəy, Bakıya xoş gəldiniz. Azərbaycanda iık tarixi teleserialın çəkilişinə başlanılır. Sizcə, hazırkı dönəmdə tarixi serial çəkilişinə çoxmu lüzum var?
- Əlbəttə. Zəngin tarixi materialların kino industriyası dilində geniş auditoriyaya çatdırılması hazırda dünya miqyasında böyük aktuallıq kəsb edir. Xüsusən teleserial janrı bu məsələdə hakim mövqe sərgiləməkdədir. Baxın, İnformasiya kommunikasiya texnologiyalarının yüksəliş mərhələsində dünya xalqlarında keçmişə marağın artması üçüncü minillik insanının xarakterik xüsusiyyətinə çevrilməkdədir. Bu fonda həmçinin, xalqların milli özünüdərki, öz genetik koduna uyğunlaşma istəyi aparıcı mövqe tutur. Tarixi tele-serialların dünyada populyarlıq qazanması da ilk növbədə bununla səciyyələnir.
Bildiyimiz kimi, türk xalqlarının dövlətçilik ənənələri dərin köklərə malikdir və dünya tarixinin enişli-yoxuşlu yollarında ortaq türk ailəsinin ən qədim qollarından biri olan Azərbaycan türklərinin də öz imzası, öz dəst-xətti var. Artıq bir neçə ildir ki, bizim Türkiyə Cümhuriyyəti, eləcə də Qazaxıstan və Özbəkistan kimi qardaş türkdilli ölkələr həm dövlət və özəl kanallar, həm də kino sənayesi ilə məşğul olan şirkətlər vasitəsilə ortaq türk tarixinin müəyyən fraqmentlərinə müraciət edir, türk mədəniyyəti, dövlətçilik tarixində keçilən çətin və şərəfli yol, tarixi şəxsiyyətlərin ekran təqdimatı, ortaq adət-ənənələrlə bağlı konkret işlər ortaya qoyaraq milyonlarla tamaşaçının diqqət və sevgisini qazanırlar.
Bu xüsusda Türkiyə kinematoqrafiyasının çəkdiyi “Alparslan: Böyük Səlcuqlu”, “Diriliş Ərtoğrul”, “Oyanış: Böyük Səlcuqlu”, “Quruluş Osman”, eləcə də Qazaxıstan dövlətinin sifarişi ilə artıq yayıma buraxılan "Tomris", habelə Özbəkistan kinematoqrafiyasının qardaş Türkiyə istehsalçıları ilə müştərək ekranlaşdırdığı “Bozkır aslanı Cəlaləddin” kimi çoxseriyalı filmlər diqqət çəkir. Nə xoş ki, indi qardaş
Azərbaycan da by sıraya qoşulur.
-Tufan bəy, ssenari qrupunda təmsil olunan bir şəxs kimi, sizcə, niyə məhz Atabəylər dövləti və Şəmsəddin Eldəniz?
-Azərbaycan tarixində tamaşaçı auditoriyasının qarşısına çıxarmağa zəngin və maraqlı materiallar mövcuddur. Bu materiallara xronoloji ardıcıllıq baxımından yanaşıldıqda 12-ci əsr, Atabəylər dövrü müstəsna əhəmiyyət kəsb edir. Dövlətçilik uğurları ilə mədəniyyət intibahının sintezi nəticəsində hədsiz yüksəlişə nail olmuş bu dövlət, öz idarəçilik institutu, formalaşdırdığı sosial-ictimai, mədəni mühit orta əsrlər tarixində dünyanın inkişaf modelində əhəmiyyətli yer tutur. Eyni zamanda multikultural, tolerant mahiyyəti ilə seçilir. Filmin yaradıcı heyəti də bu fakta istinad edir. Layihədə Azərbaycan Atabəylər dövlətinin qurucusu Şəmsəddin Eldəniz, onun həyat yoldaşı, dövlət xadimi Möminə Xatun, dahi şair və mütəfəkkir Nizami Gəncəvi, Böyük Atabəy Qara Sunqur, Məhəmməd Cahan Pəhləvan, Məhsəti Gəncəvi, Memar Əcəmi Naxçıvani, Sultan Səncər, Vəzir Kəmaülmülk və başqa şəxsiyyətlərin maraqlı obrazları təqdim olunur, hadisələr kino dili ilə geniş tamaşaçı auditoriyasına çatdırılmaqla Azərbaycan tarixinin parlaq və keşməkeşli səhifələrinə ayna tutulur.
-Tufan bəy, filmoqrafiyanız barədə məlumat verərdiniz.
-“Kuruluş Osman” və “Kurtlar vadisi. Pusu” kimi teıeaeriallardan və onlarca digər işlərimdən başqa Netfliksdə “Sesinde aşk var” və “Avlu” kimi iki filmlərin yayımlanır. Bu son iki filmdəki işimi çox bəyənirəm.
-Neçə ildir ssenari yazırsınız?
-İyirmi ildir.
-Ssenarist olmaq asandırmı, yoxsa çətin?
-Əgər ki, kinonu sevərsənsə ssenarist olmaq gözəldir. Bu, yuxusuz gecələr, öz həyatını unutmaq, beynində daim yaratdığın obrazları yaşatmaq deməkdir.
Mühəndis işini görür, iş saatı bitincə çıxıb evinə gedib dincəlir. Amma burda gördüyün işi əsla unutmaq yoxdur. Evə gedəndə də yaratdığın obrazlar səni təqib edir.
Amma kinonu sevməyəndən əsla ssenarist çıxmaz.
-Tufan bəy, “Kurtlar vadisi. Pusu” Azərbaycanda çox sevildi, həddindən böyük auditoriya qazandı, reytinqləri qırdı. O teleserialın ssenari komandasında yer almaq çoxmu çətin idi?
-Filmin xarakterləri gerçək həyatda var idilər deyə süjeti yaratmaq bizə çox də çətin gəlmirdi. Amma iş rejimi çox ağır idi, bəzən günlərlə evimizə gedə bilmirdik. Ortaya qoyulan işin populyarlığı, on milyonlarla izləyici sayı isə bizi işdən yormurdu və bizi qorxutmurdu.
-Sizə uğurlar arzulayırıq.
-Təşəkkür edirəm.
Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbi “Muğamın beşiyi Şuşa” adlı ədəbi-musiqili gecə keçirib
Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində “Muğamın beşiyi Şuşa” adlı ədəbi-musiqili gecə keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, məktəbin tar ixtisası üzrə müəllimi Nurlan Cəfərli Şuşanın yaradıcı mühiti barədə məlumat verib.
O, Şuşa musiqi məktəbi və məclislərindən, xanəndələrin yaradıcılığından, Şuşadan olan adlı-sanlı, nüfuzlu Hacıbəyovlar, Bədəlbəylilər, Əmirovlar, Adıgözəlovlar soylarından, Şuşanın Azərbaycan xalqına bəxş etdiyi böyük sənətkarlar, milli musiqimizin banisi Üzeyir Hacıbəyli, Xan nəslinin son nümayəndəsi və tək incisi Xurşidbanu Natəvan, “Leyli və Məcnun”un ilk dirijoru Əbdürrəhim bəy Haqverdiyev, ilk ordu generalı Səməd bəy Mehmandarov, teatr rejissoru, aktyor, publisist Mehdi Məmmədov, ölməz, təkrarsız Rəşid Behbudov, İran şahının ordeni ilə təltif edilən Məşədi İsi, Xan qızı Natəvanın sevimli xanəndəsi Hacı Hüsü, səhnəmizin ilk Leylisi Keçəçi oğlu Məhəmməd, xanəndə Məşədi Məmməd Fərzəliyev, Segah İslam kimi tanınan İslam Abdullayev, Bülbülcan kimi tanınan Əbdülbaqi Zülalov, Azərbaycan tarının atası Sadıqcan, tarzən, bəstəkar, müğənni Məşədi Cəmil Əmirov, Azərbaycanın ilk Xalq artisti Qurban Pirimov, musiqişünaslar Mir Möhsün Nəvvab, Firudin Şuşinski haqqında videoslaydlar, videosüjetlər təqdim edərək tədbir iştirakçılarına ətraflı məlumat verib və Azərbaycan tarının atası, böyük novator Sadıqcanın tar ifaçılığı barədə danışıb.
Ədəbi-musiqili gecədə məktəbin şagirdlərinin, müəllimlərinin ifasında “Sözsüz mahnı”, “Poema”, “Kimlər gəldi, kimlər keçdi” mahnıları səslənib.
Tədbirin sonunda məktəbin direktoru, Əməkdar artist, dosent Əziz Qarayusifli tədbir iştirakçılarına və qonaqlara öz təşəkkürünü bildirib.
Dünyaca məşhur xoreoqraf və performer Şahar Binyamini YARAT-da ustad dərsləri keçəcək
Noyabrın 7-də Bakıda dünyaca məşhur xoreoqraf və performer Şahar Binyamini tərəfindən ustad dərsləri keçiriləcək. Ayın 12-dək davam edəcək müasir rəqs üzrə ustad dərsləri YARAT Müasir İncəsənət Mərkəzində reallaşacaq.
Ustad dərsləri Şahar Binyamini və onun assistenti Cozef Kudra tərəfindən keçiriləcək.
Şahar Binyamini əslən İsraildən olan xoreoqraf və performerdir. 2006-2013-cü illərdə "Batsheva Dance Company" kollektivinin tərkibində çıxışlar edib. Həmçinin Şahar Binyamini beynəlxalq səviyyəli quruluşların yaradıcısı kimi sayılır.
İsrailli xoreoqraf, müasir rəqqas, "Qaqa" adlı unikal rəqs sisteminin, dilinin, pedaqogikasının yaradıcısı və müəllimi Ohad Naharinin assistenti kimi Şahar Binyamini bütün dünya üzrə rəqs kollektivləri ilə işləyir. 2013-cü ildə Şahar Binyamini Veysman Elm İnstitutunun professoru Atan Qross ilə birgə, rəqqaslar, elm adamları və xoreoqraflardan ibarət "TNUDA" elmi-tədqiqat qrupunu təsis edib. Elə həmin Veysman İnstitutunda yerləşən qrupun əsas məqsədi elm və hərəkət arasında əlaqələri araşdırmaqdır. 2020-ci ildə Şahar, Veysman Elm İnstitutu tərəfindən təşkil edilmiş unikal art-rezidentura proqramında iştirak etmək üçün dəvət edilən ilk artist oldu. Rezidentura ərzində o, "EVOLVE" quruluşunu yaratdı. Bu əsərin premyerası institutda baş tutdu və dünyanın bir çox ölkələrində nümayiş etdirildi.
Şahar Binyamini İsrail Mədəniyyət Nazirliyi tərəfindən təsis edilmiş 2021-ci ilin ən uğurlu xoreoqrafı mükafatına layiq görülüb.