Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbi “Muğamın beşiyi Şuşa” adlı ədəbi-musiqili gecə keçirib

Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində “Muğamın beşiyi Şuşa” adlı ədəbi-musiqili gecə keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, məktəbin tar ixtisası üzrə müəllimi Nurlan Cəfərli Şuşanın yaradıcı mühiti barədə məlumat verib.

O, Şuşa musiqi məktəbi və məclislərindən, xanəndələrin yaradıcılığından, Şuşadan olan adlı-sanlı, nüfuzlu Hacıbəyovlar, Bədəlbəylilər, Əmirovlar, Adıgözəlovlar soylarından, Şuşanın Azərbaycan xalqına bəxş etdiyi böyük sənətkarlar, milli musiqimizin banisi Üzeyir Hacıbəyli, Xan nəslinin son nümayəndəsi və tək incisi Xurşidbanu Natəvan, “Leyli və Məcnun”un ilk dirijoru Əbdürrəhim bəy Haqverdiyev, ilk ordu generalı Səməd bəy Mehmandarov, teatr rejissoru, aktyor, publisist Mehdi Məmmədov, ölməz, təkrarsız Rəşid Behbudov, İran şahının ordeni ilə təltif edilən Məşədi İsi, Xan qızı Natəvanın sevimli xanəndəsi Hacı Hüsü, səhnəmizin ilk Leylisi Keçəçi oğlu Məhəmməd, xanəndə Məşədi Məmməd Fərzəliyev, Segah İslam kimi tanınan İslam Abdullayev, Bülbülcan kimi tanınan Əbdülbaqi Zülalov, Azərbaycan tarının atası Sadıqcan, tarzən, bəstəkar, müğənni Məşədi Cəmil Əmirov, Azərbaycanın ilk Xalq artisti Qurban Pirimov, musiqişünaslar Mir Möhsün Nəvvab, Firudin Şuşinski haqqında videoslaydlar, videosüjetlər təqdim edərək tədbir iştirakçılarına ətraflı məlumat verib və Azərbaycan tarının atası, böyük novator Sadıqcanın tar ifaçılığı barədə danışıb.

Ədəbi-musiqili gecədə məktəbin şagirdlərinin, müəllimlərinin ifasında “Sözsüz mahnı”, “Poema”, “Kimlər gəldi, kimlər keçdi” mahnıları səslənib. 

Tədbirin sonunda məktəbin direktoru, Əməkdar artist, dosent Əziz Qarayusifli tədbir iştirakçılarına və qonaqlara öz təşəkkürünü bildirib.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.