Super User

Super User

Oktyabrın 20-si görkəmli müğənni, Xalq artisti Şövkət Ələkbərovanın (1922-1993) anadan olmasının 100 illiyi tamam oldu.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu münasibətlə Mədəniyyət Nazirliyi və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin əməkdaşları, müğənninin sənət dostları və ictimaiyyət nümayəndələri Fəxri xiyabana gələrək Xalq artistinin məzarını ziyarət etdilər, üzərinə çiçəklər düzdülər.

Anım mərasimində çıxış edən mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev Şövkət Ələkbərovanın Azərbaycan musiqi sənəti tarixində rolundan söz açdı. Bildirdi ki, Şövkət xanım məlahətli səsi, özünəməxsus ifa tərzi, Azərbaycan qadınına məxsus gözəllik və nəcibliyi ilə bütün nəsillərin sevilən ifaçılarındandır: “Şövkət xanımın ifasında “Qarabağ şikəstəsi” çox fərqli idi. Mən düşünürəm ki, hər sənətkar məxsusi zövq yarada bilmir. O, səsləndirdiyi nəğmələrlə həm də şəxsiyyətinin dəyərlərini ifadə edirdi. Onun səsi hər zaman qulaqlarımızdadır".

 

Elnur Əliyev dedi ki, Şövkət Ələkbərovanın musiqi mədəniyyətimizə olan sevgisi bir nümunədir. O, eyni zamanda öz müəllimlərinə ehtiramla yanaşır, onların xatirəsini əziz tuturdu: “Hər ifaçı bütün şəxsi keyfiyyətləri ilə ifasına bağlı olmur. Düşünürəm ki, Şövkət xanımın ifa etdiyi mahnılar həm də onun şəxsi keyfiyyətlərinin tərənnümüdür. Bu mahnılarla öz daxili dünyasının dəyər və dərinliklərini ifadə edib. Biz qürur duyuruq ki, mədəniyyətimiz belə bir sənətkarlar yetişdirib. Arzu edirəm ki, Şövkət xanımın qoyduğu ənənələr davam eləsin. O, sağlığında olduğu kimi, bu gün də gənc sənətçilərə örnək olsun”.

 

Nazirin birinci müavini vurğuladı ki, bir sıra mahnılar yalnız Şövkət Ələkbərovanın adı ilə assosiasiya olunur: “Dəfələrlə başqa ifaçılar tərəfindən səslənsə belə, o mahnıların etalonu Şövkət xanımdır. Sənətkarın da böyüklüyü də elə budur. Hər mədəniyyətə qismət olmayan bu parlaq ulduzlarımızla fəxr etməli, təbliğatını aparmalıyıq”.

 

Şövkət Ələkbərovanın yetirməsi, Əməkdar artist Aybəniz Haşımova sənətkarla  bağlı xatirələrini bölüşdü, 12 yaşında ilk dəfə Şövkət xanımdan sənət dərsi almağa başladığını dedi. Qeyd etdi ki, bu gün öz yetirmələrinə Şövkət xanımın sənət məktəbindən bəhrələndiklərini verməyə çalışır: “30 ilə yaxındır ki, Şövkət Ələkbərova bu dünyada deyil. Lakin biz tələbələri və doğmaları onu heç zaman unutmadıq və hər zaman yanımızda hiss etdik. O, hələ sağlığında öz nəcibliyi, mədəniyyəti, savadı və istedadı ilə hörmət qazanmışdı”.

 

Sonda Şövkət Ələkbərovanın ailə üzvləri adından Tofiq Quliyev adına 12 nömrəli Uşaq musiqi məktəbinin direktoru Gülnarə Səfərova çıxış edərək sənətkarın xatirəsinə göstərilən ehtirama görə təşəkkürünü bildirdi.

Xatırladaq ki, Şövkət Ələkbərova 1938-1945-ci illərdə Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının solisti olub. 1945-ci ildən etibarən Azərbaycan Dövlət Filarmoniyasında fəaliyyət göstərib.

 

Bildirək ki, anım mərasimi daha sonra T.Quliyev adına 12 saylı Uşaq musiqi məktəbi və Ş.Ələkbərova adına 20 nömrəli Musiqi məktəbinin birlikdə təşkil etdiyi tədbirlə davam edib.

Пятница, 21 Октябрь 2022 09:00

“Cığır” bu dəfə İmişlidə və Zərdabda

 

Oktyabrın 20-də İmişli rayonundakı Heydər Əliyev Mərkəzində tarixi romanlar yazarı, publisist Yunus Oğuzla görüş keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Şuşa şəhərinin inşa edilməsinin 270 illiyinə və 44 günlük Vətən müharibəsinə ithaf olunmuş, 44 günlük Vətən müharibəsinin keçdiyi yol, Vətən müharibəsindən sonrakı nailiyyətlər və mədəniyyət paytaxtımız Şuşa şəhərinin tarixindən bəhs edilən tarixi romanın - "Cığır"ın müzakirə olunduğu tədbirdə ziyalılar, qazilər və şəhid ailələri iştirak ediblər.

Tədbirin aparıcısı, İmişli rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Hürü Şirinova Yunus Oğuzun həyat və yaradıcılığı haqqında tədbir iştirakçılarına məlumat verdikdən sonra "Cığır" romanı haqqında fikirlər səsləndirilib. Sonda tədbir iştirakçılarına, şəhid  ailələrinə, qazilərə və ictimaiyyət nümayəndələrinə "Cığır" romanı hədiyyə edilib və xatirə şəkli çəkilib.

Elə həmin gün Zərdab Mərkəzi Kitabxanasında da "Cığır" romanının müzakirəsi olub. Tədbirdə oxuculara xidmət şöbəsinin oxu zalında müdirə, gənc yazar Leyla  İsgəndərli, kitabxananın informasiya resurs şöbəsinin müdiri Rəqibə Qasımova, Zərdab rayon Gənclər və İdman İdarəsinin rəis müavini Əvəz Sultanov, oxuculara xidmət şöbəsinin müdiri Mehparə  Səfərəliyeva, Zərdab rayon İcra Hakimiyyətinin əməkdaşı Tural Nağıyev və başqaları çıxış ediblər.

Tədbirin aparıcısı Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Nailə Əliyeva Yunus Oğuzun həyat və yaradıcılığı haqqında tədbir iştirakçılarına məlumat verdikdən sonra "Cığır" romanı müzakirə olunub. Sonda tədbir iştirakçılarına, şəhid  ailələrinə, qazilərə və ictimaiyyət nümayəndələrinə "Cığır" romanı hədiyyə edilib və xatirə şəkli çəkilib.

Пятница, 21 Октябрь 2022 13:30

Rəsm qalereyası: Soltan Soltanlı, “Anaş toyuq”

Rəsm qalereyası: Soltan Soltanlı, “Anaş toyuq”

 

,,Anaş toyuq". Kətan, yağlı boya.

100x97 sm. 2022.

www.soltan-soltanli.com

 

Türkiyənin “Bozdağ Film” şirkəti tərəfindən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşəbbüsü və dəstəyi ilə şərti adı “Qarabağ – Vətən müharibəsi” olan çoxseriyalı bədii televiziya filminin istehsalına başlanılacaq.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu barədə oktyabrın 18-də Beynəlxalq Muğam Mərkəzində filmin çəkilişinə həsr olunmuş brifinqdə məlumat verilib.

Mədəniyyət Nazirliyi Audiovizual və interaktiv media şöbəsinin müdiri Rüfət Həsənov diqqətə çatdırıb ki, film 44 günlük Vətən müharibəsində Azərbaycan xalqının qazandığı böyük Zəfərə töhfə vermək məqsədilə çəkilir. Ekran işi Azərbaycanla yanaşı, bir sıra xarici ölkələrdə də yayımlanacaq: “Əsas yaradıcı heyəti azərbaycanlı kinematoqrafçılardan ibarət olacaq serialın istehsalının ilkin hazırlıq mərhələsi yekunlaşmaq üzrədir. Çəkilişlər Bakı, Gəncə və Şuşa şəhərlərində, Füzuli, Quba, İsmayıllı, Daşkəsən, Şamaxı, Qəbələ, Xızı rayonlarında və Hadrut qəsəbəsində aparılacaq. Pirotexnika, əlbəsə, rekvizit, səs və digər sahələr üzrə texniki, həmçinin yaradıcı heyət üzvləri müəyyən olunub və onlar artıq fəaliyyətə başlayıb. Aktyorlarla sınaq çəkilişləri də həyata keçirilib”.

Şöbə müdiri həmçinin diqqətə çatdırıb ki, 8 seriyadan ibarət filmin hər seriyası 1 saat olacaq. Filmin hazırlıq mərhələsində məkan seçimləri və digər məsələlərdə Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və başqa qurumların da dəstəyi olub.

Rüfət Həsənov çəkilişlərin 2023-cü ilin mart ayında reallaşacağını bildirib: “Hər seriya üçün 212 min dollar vəsait nəzərdə tutulur. İsmayıl İman tərəfindən yazılan ssenari daha sonra ümumi ssenari qrupu – həm türk, həm də azərbaycanlı ssenaristlər tərəfindən təkmilləşdirilib”.

Audiovizual və interaktiv media şöbəsinin sektor müdiri Rüfət Əliyev dedi ki, filmin çəkilişləri ilə bağlı hazırlıqlar dəqiq və məsuliyyətli şəkildə aparılıb, hər bir detala diqqət yetirilib: “Gələcəkdə filmin beynəlxalq arenada yayımlanması işində “Bozdağ Film” şirkətinin də rolu olacaq. Hazırda şirkətin filmlərinin izləyici sayı ümumilikdə 6 milyard yarımdan çoxdur”.

“Bozdağ Film”in ölkəmizdə səfərdə olan nümayəndələri – baş direktor Bilgehan Özen və tanınmış aktyor Osman Albayrak bildirdilər ki, əməkdaşlar artıq üç aydır ki, Azərbaycanda hazırlıqlara cəlb ediliblər. Baş direktor əlavə etdi ki, Qarabağ savaşı bütün Türk dünyası üçün önəmli Zəfər tarixidir: “Bu Qələbəni layiqincə bütün dünyaya çatdırmaq üçün biz Azərbaycanı şəhər-şəhər, qəsəbə-qəsəbə, məhəllə-məhəllə gəzərək hazırlıqlara başladıq. Məqsədimiz filmi beynəlxalq platformalarda nümayiş etdirməkdir. Layihənin hazırkı adı şərtidir. Tam adını hələlik açıqlamaq istəmirik. Qarabağda işğaldan azad edilmiş ərazilərdə də olduq. Çəkilişləri Qarabağda da aparmağı planlaşdırırıq. Aktyorlar hazırda Azərbaycan Ordusunda hərbi təlim keçirlər. Tezliklə onların adları açıqlanacaq”.

Sonra jurnalistlərin sualları cavablandırılıb.

Qeyd edək ki, “Bozdağ Film” şirkətinin istehsalı olan “Kuruluş Osman”, “Diriliş Ertuğrul”, “Aşkın yolculuğu. “Yunus Emre”, “Mendirman Celaleddin”, “Destan” kimi uğurlu serial layihələri dünyanın 100-dən çox ölkəsində yayımlanaraq geniş tamaşaçı kütləsi toplayıb.

Çox yəqin, bu film də uğur qazanacaq.

Четверг, 20 Октябрь 2022 09:00

“Açar” bədii filmi beynəlxalq festivalda iştirak edəcək

 

“Açar” qısametrajlı bədii filmi 18-27 noyabr tarixində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında keçiriləcək, “Oscar” və BAFTA klassifikasiyalı 35-ci Foyle Film Festivalının “Beynəlxalq qısa film” müsabiqə proqramına seçilib.

 

 “Açar” filmi sözügedən festival çərçivəsində Şimali İrlandiyanın Derry-Londonderry şəhərində nümayiş olunacaq və ABŞ, Fransa, Yaponiya, Estoniya, Yunanıstan, Avstraliya, Kanada, Meksika, İsveçrə, İngiltərə, İspaniya, Almaniya, Niderland, İsveç Lüksemburq və Farer Adalarını təmsil edən filmlərlə “Oscar” və BAFTA-ya vəsiqə uğrunda mübarizə aparacaq (https://www.foylefilmfestival.org/programme/light-motion-competition-international-short-film-programme-1).

Qeyd edək ki, premyerası Niderland Krallığında “Oscar”, BAFTA və Avropa Film Mükafatlarına vəsiqə qazandıran “Go Short – International Short Film Festival Nijmegen”də baş tutan “Açar” filmi oktyabr ayı ərzində İsveçdə “SAMA International Film Festival”, Makedoniyada “KineNova Skopje International Film Festival”, Türkiyədə “Accessible Film Festival” və Hindistanda “Goa Short Film Festival”da ölkəmizi təmsil edib. Film həmçinin noyabrın 29-dan dekabrın 3-dək Fransada keçiriləcək, Avropanın ən yaxşı qısa film festivallarından hesab olunan 40-cı “Festival Tous Courts” Beynəlxalq Qısa Film Festivalının “Beynəlxalq müsabiqə proqramı”na seçilib.

“OB Film” və “Epic Production” şirkətlərinin birgə istehsal etdiyi “Açar” filmi Qarabağda işğal olunmuş evinin sonuncu yadigarı və nişanəsi olan açarları 26 il qoruyub saxlayan Ümid kişinin hekayəsindən bəhs edir.

Filmin ssenari müəllifi və quruluşçu rejissoru Elşad Əliyev (ELsevƏR), görüntü rejissoru Cavid Oruclu (Delee), quruluşçu rəssamı Arif Niftiyev, montaj rejissoru Elşad Rəhimov, səs rejissoru Mehman Nadirov, prodüserləri Orxan Behbid, Senur Əhədov və Mətin Ələkbərlidir.

 

Filmdə Qurban İsmayılov, Rasim Cəfər, Reyhan Cəfər, Hüseyn İsgəndərov, Yusif Şeyxov, Zemfira Əbdülsəmədova, Arif Kərimov, Rövşən Ağayev, Eldar Cəbrayıl, Selin Cəbrayıl və başqaları çəkiliblər.

 

Oktyabrın 19-da Bakı Ekspo Mərkəzində II Azərbaycan Beynəlxalq "Qarabağın bərpa, yenidənqurma və inkişafı" ("Rebuild Karabakh – 2022”), 27-ci Azərbaycan Beynəlxalq İnşaat (“BakuBuild”) və 14-cü Beynəlxalq İstilik, Havalandırma, Kondisionerləşdirilmə, Su təchizatı, Santexnika və Üzgüçülük Hovuzu (“Aquatherm Baku”) sərgilərini bir araya gətirən "Xəzər İnşaat Həftəsi” öz işinə başlayıb. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, “İnşaat həftəsi”ndə 17 ölkədən 300-dən çox şirkət iştirak edir.

Sərgilər “Caspian Event Organisers” (CEO), “Iteca Caspian”, “Caspian Event Management”, “ICA Eurasia” şirkətlərinin təşkilatçılığı, İqtisadiyyat Nazirliyi, Kiçik və Orta Biznesin İnkişaf Agentliyi (KOBİA), Qarabağ Dirçəliş Fondu və digər qurumların dəstəyi ilə gerçəkləşir.

Üç gün (19-21 oktyabr) davam edəcək “İnşaat həftəsi”nin "Rebuild Karabakh – 2022” sərgisində Mədəniyyət Nazirliyi xüsusi stendlə təmsil olunur. Stenddə Qarabağla, eyni zamanda Zəfər tariximizlə, işğaldan azad olunmuş ərazilərin tarixi, memarlığı, mədəniyyəti ilə bağlı xüsusi nəşrlər, Azərbaycan, ingilis və rus dillərində nəşr olunmuş "Şuşa – Azərbaycanın mədəniyyət paytaxtı” kataloqu, eləcə də əl işləri və suvenirlər, işğaldan azad edilmiş torpaqlarımızı virtual eynək sərgilənir.

Nazirliyin stendində, həmçinin Ağdam İşğal və Zəfər muzeyləri kompleksinin, eləcə də Füzuli Memorial Kompleksi və Zəfər Muzeyinin maketləri nümayiş etdirilir. Monitorda isə işğaldan azad edilmiş rayonlarımızda görülən və görüləcək işlər barədə tanıtım filmləri iştirakçılara nümayiş olunur.

Mədəniyyət Nazirliyinin stendinə yaxınlaşan qonaqlar eyni zamanda muğam üçlüyünün – Elbrus Məmmədyarov (tar), Bayram Əliyev (kamança), Aydan Həmzəyeva (xanəndə) ifasında təqdim olunan muğam və xalq mahnılarımızı dinləyirlər.

 

Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi və Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS) Mərkəzi Kitabxanasının birgə təşkilatçılığı ilə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük mütəfəkkir, şair və dramaturq Hüseyn Cavidin anadan olmasının 140 illiyi münasibətilə “Mənim tanrım gözəllikdir, sevgidir” adlı dəyirmi masa keçirilib.

Tədbirdə Bakı Şəhər Baş İdarəsinin nümayəndələri, Səbail rayon MKS-nin direktoru Nüşabə Ələkbərova, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, Cənubi Rusiya Humanitar Universitetinin fəxri professoru Rasim Nəbioğlu, AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Əzizağa Nəcəfli, Hüseyn Cavid muzeyinin direktor müavini Lalə Əliyeva, C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Sevinc Mikayılova, Mədəniyyət və İncəsənət Universitetinin tələbələri və Milli Konservatoriyanın tərkibində İncəsənət Gimnaziyasının müəllim və şagirdləri iştirak ediblər. 

Qonaqlar H.Cavid yaradıcılığı haqqında geniş məruzə ilə çıxış ediblər. İncəsənət gimnaziyasının şagirdlərinin ifasında kompozisiya təqdim olunub.

Eyni zamanda, tədbir çərçivəsində muzey əməkdaşları tərəfindən hazırlanmış, Hüseyn Cavidin həyat və yaradıcılığını əks etdirən videoçarx və fotolardan ibarət sərgi nümayiş olunub.

 

UNESCO-nun İcraiyyə Şurasının 215-ci sessiyası çərçivəsində qurumun Apellyasiya Şurasının alternativ sədri vəzifəsinə seçkilər keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, seçkilərdə Azərbaycanın namizədi Ruhiyyə İsayeva İcraiyyə Şurasının üzvlərinin səsinin mütləq əksəriyyətini toplayaraq, qurumun Apellyasiya Şurasının alternativ sədri vəzifəsinə seçilib. Beləliklə Azərbaycan ilk dəfə UNESCO-nun Apellyasiya Şurasının alternativ sədri seçilir.

Qeyd edək ki, UNESCO-nun Apellyasiya Şurası qurumun İşçi Qaydaları çərçivəsində işçi heyətin inzibati qərara və ya intizam tənbehi tədbirinə qarşı verdiyi şikayətlər üzrə tövsiyə vermək üçün Baş direktor tərəfindən yaradılmış inzibati orqandır.

Четверг, 20 Октябрь 2022 11:30

Hansı tanınmışların övladları vəzifədədir?

 

Yerli sənət aləminin tanınmışları qədər övladları da daim diqqət mərkəzindədirlər. Bu məşhurların bəzilərinin övladları müəyyən dövrlərdə vəzifə sahibi olublar. Onlar ölkəmizin müxtəlif qurum və strukturlarında yüksək vəzifələri icra ediblər. Hazırda onlardan fəaliyyətini dayandıranlar da var, yüksək vəzifələrdə çalışmağa davam edənlər də...

 

“Ədəbiyyat və incəsənət” baku.ws-ə istinadən xəbər verir ki, övladları müəyyən vəzifələrdə çalışan məşhurlar araşdırılıb. Həmin araşdırmanı siz oxuculara təqdim edirik.

 

1.Zeynəb Xanlarova

 

Xalq artisti Zeynəb Xanlarovanın oğlu Ramin Babayev bir çox vəzifələrdə çalışıb. O əvvəl Səbail rayonu prokurorunun köməkçisi, daha sonra Bakı şəhəri Prokurorluğunda Gömrük və vergiyə nəzarət şöbəsində prokuror, Dövlət Gömrük Komitəsinin İstintaq idarəsində müstəntiq, Enerji gömrük idarəsində Qaçaqmalçılıq və gömrük qaydalarının pozulması şöbəsinin rəisi vəzifələrində işləyib.

Daha sonra Azərbaycan Respublikası Baş Prokurorluğunda Beynəlxalq əlaqələr idarəsinin prokuroru vəzifəsini icra edib.

Ramin Babayev Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Dövlət Akkreditasiya Xidmətinin rəisi vəzifəsində də çalışıb. O, 2018-ci ildən Enerji Məsələlərini Tənzimləmə Agentliyinin İdarə Heyətinin sədr müavini vəzifəsini icra edir.

 

2.Eldar Mansurov

 

Məşhur bəstəkar Eldar Mansurovun hər iki oğlu isə hazırda vəzifədədir. Onun övladlarından biri Anar Mansurov bir müddət əvvəl Azərbaycan Mərkəzi Bankının (AMB) Maliyyə idarəetməsi departamentinin direktoru vəzifəsinə təyin edilib.
Anar bundan əvvəl "AzerGold" QSC-nin maliyyə şöbəsinin rəisi, səhmdar cəmiyyətinin törəmə şirkəti - "Azerblast" MMC-nin Müşahidə Şurasının sədri olub, paralel olaraq "AzRe Təkrarsığorta" ASC-nin Direktor Şurasının müstəqil üzvlüyünü də edib.

Bəstəkarın digər övladı Ülvi Mansurov isə Azərbaycan Respublikası Vergilər Nazirliyinin İqtisadiyyat sahələrinin analitik təhlili və ekspertizası departamentinin baş direktorudur. Ülvi bundan əvvəl "Azərpoçt"un baş direktoru, o cümlədən ləğv edilən "Texnikabank"ın İdarə Heyətinin sədri olub və bank sektorunda müxtəlif vəzifələri icar edib.

 

3.Səxavət Məmmədov

 

Mərhum xanəndə Səxavət Məmmədovun oğlu Bəxtiyar Məmmədov bir müddət Azərbaycanın Argentinadakı səfirliyinin 3-cu katibi vəzifəsində çalışıb. Uşaqlıqdan teleaparıcı kimi tanınan Bəxtiyar Məmmədov hazırda ABŞ-da yaşayır.

 

4.Mənsum İbrahimov

 

Xalq artisti Mənsum İbrahimovun qızı Aysel İbrahimova bir müddət Azərbaycanın Macarıstandakı səfirliyinin attaşesi vəzifəsində işləyib. 2021-ci ildən isə ona Xarici İşlər Nazirliyində yüksək vəzifə verilib. Diplomatik rütbəsi artırılan Aysel İbrahimova birinci katib vəzifəsinə gətirilib.

 

5.Anar Rzayev

 

Yazıçı Anarın oğlu Tural Rzayev hazırda Azərbaycanın Əlcəzairdə fövqəladə və səlahiyyətli səfiridir. O, bu vəzifəyə yeni təyin edilib. Tural bundan əvvəl Azərbaycanın Misir Ərəb Respublikasında və eyni zamanda Sudanda fövqəladə və səlahiyyətli səfiri, Azərbaycaynın Ərəb Dövlətləri Liqası yanında daimi müşahidəçisi vəzifələrində çalışıb. O, mərhum şairlər Rəsul Rza və Nigar Rəfibəylinin nəvəsidir.

 

6.Amalya Pənahova

 

Mərhum Xalq artisti Amaliya Pənahovanın oğlu İlqar Muxtarov Azərbaycanın Müqəddəs Taxt-Tacda (Vatikan) fövqəladə və səlahiyyətli səfiridir. İlqar bundan əvvəl Azərbaycan səfiri kimi Meksika, Kosta-Rika, Qvatemala, Kolumbiya, Panama və Peruda akkreditə olunub.

 

7.Elçin Əfəndiyev

 

Yazıçı Elçin Əfəndiyevin qızları Nigar, Günay və Humay Əfəndiyevalar müəyyən dövrlərdə bir çox vəzifədə çalışıblar. Nigar Əfəndiyeva bir müddət Azərbaycanın Bolqarıstandakı səfirliyinin müşaviri vəzifəsini icra edib. Onun bacısı Günay Əfəndiyeva isə YUNESKO üzrə Azərbaycan Milli Komissiyasının birinci katibi vəzifəsində çalışıb. Yazıçının digər qızı Humay Əfəndiyeva hazırda Konstitusiya Məhkəməsinin Cinayət və inzibati hüquq şöbəsinin müdiridir. Nigar, Günay və Humay Əfəndiyevalar məşhur yazıçı İlyas Əfəndiyevin nəvələridir.

 

Xalq artisti Tünzalə Ağayeva "bizim media"ya müsahibə verib. “Ədəbiyyat və incəsənət” portalı Daycest bölümündə həmin müsahibəni sizə təqdim edir:

 

- Tünzalə xanım, sizinlə müsahibəmiz doğum gününüz ərəfəsinə təsadüf edir. Öncəliklə sizi doğum günü münasibəti ilə Bizim.Media redaksiyası adından təbrik edirik. Oktyabrın 21-i 46 yaşınıza qədəm qoyacaqsınız. Digər sənət yoldaşlarınız kimi bu günü təmtəraqlı şəkildə qeyd edəcəksiniz? 

 

- Öncədən ad günü təbrikinizə görə, sizə təşəkkürümü bildirirəm. Doğum günü məclisi qurub-qurmayacağıma qərar verməmişik. İş qrafikimin dolu olması səbəbi ilə bu haqda götür-qoy edirik. Bir az da canımızda yorğunçuluq var. Ad günümdə qızım Fidan bəlli səbəblərə görə iştirak edə bilməyəcək. Onun yanına Türkiyəyə gedəcəyəm. Ad günümü onunka ayrıca ana-bala qeyd edəcəyik. Fidanla ikili doğum günü keçirəcəyəm. Qızımın da ad günü  noyabrdadır. Əgər alınmasa, onun öz doğum günündə yanına gedəcəyəm. Elə iki ad gününü birlikdə qeyd edərik. 

 

- Dörd il əvvəl həmkarınız Nura Surinin "Tünzalə özünü hamıdan üstün görür, deputat olmaq istəyir" açıqlaması gündəmə səs salmışdı. İllər keçməsinə baxmayaraq bu mövzu hələ də öz aktuallığını itirməyib. İndi Tünzalə Ağayeva yenə də bu iddiadadır?

 

- Qətiyyən deputat olmaq fikrində və iddiasında deyiləm. Olsaydım, çoxdan deputat olardım da (gülür). Bu haqda həddən artıq danışıldı. Hər seçki öncəsi mənimlə bağlı bu mövzu gündəmə gəlir. Savadlı olmaq mütləq ki, millət vəkili olmalısan, demək deyil. Savadsız olsaq, biz hara kimi gədə bilərik? Vətəni hər zaman sevmək lazımdır. Gedib hər hansısa bir postda oturanda Vətəni sevmək böyük yalançılıqdır. Hər zaman ictimai aktivliyim olub. Bəlkə də mən o impulsu göndərmişəm özümdən xəbərsiz. Çünki arqumentsiz danışmıram, analitik beynə sahibəm. Bəlkə də buna görə insanlar deyirlər ki, Tünzalə çox danışır. Yadıma gəlmir ki, hansısa bir mövzu haqda boş danışım. Deputat olmaq istəyimlə bağlı xəbərləri eşidəndə səmimi etiraf edim ki, qıcıqlanıb, əsəbiləşirdim.

Hamı məni yaxından tanımır axı. Elə bilirlər ki, doğurdan da deputat olmaq istəyirəm. Siyasi arenada olan insanlar mənə söyləyirdilər ki, "heç zaman heç zaman demə". Onların bu sözləri ilə də razılaşmışam. Bəlkə sabah hansısa missiya üçün mən Tünzalə Ağayeva zərrə qədər qatqım olarsa, nə xoş mənə, gedib o işi görmək qabiliyyətindəyəm. Millət vəkili özü ağır bir missiyadır. Sənə səs verənlərin etimadını doğrultmalısan, bütün problemlərini dinləyib, həll etməlisən. O zaman yaradıcılıq hara gedəcək? O zaman Tünzalə olmayacaq. Elə bir insanam ki, işə canımı qoyacağam. Bir qulpun işində yapışmağı sevsəm də, mənə deyirlər ki, min dənə iş görürsən. Amma o işlər bilavasitə sahəmə aiddir.

 

- Hazırda şou-biznesdə sizi nə bezdirib, yorur və eyni zamanda qıcıqlandırır?

 

- Musiqi sahəsində olan boşluqlar məni çox yorur. Şou-biznesdə qeyri-professionallığın çox olması isə məni qıcıqlandırır. Hazırda bizdə musiqi sahəsi yuxarıdan aşağı gedir. 70-ci illərin Azərbaycan estrada və simfonik-caz orkestrlərini dinləsək, bir daha əmin olacağıq ki, biz orada muasir idik. İstəyim və diləyim onları sadəcə bərpa etməkdir. Təzəsini yaratmaq lazım deyil. Mən o boşluqları görürəm. Kaş görməz olardım.

 

- Şou əhli arasında olan müğənnilər Xatirə İslam, Natavan Həbibi və repçi Elşad Xosenin telekanal rəhbərlərindən verilişlərə qatılmaq üçün və eyni zamanda müsahibə vermək üçün bəlli miqdarda pul tələb etmələri eninə-uzununa müzakirə olundu. Yaxın gələcəkdə bu addımı sizdən də gözləyək? 

 

- Onlar düz edirlər. Bu addımlarını müsbət qarşılayıram. Bu, illərlə içlərində yığılıb qalan üsyandır. Biz incəsənət nümayəndələri o qədər qayğıların, problemlərin içində kilidlənib qalırıq ki... Biz parlayıb, səhnəyə çıxırıq, amma çalışırıq ki, içimizdəki o problemləri büruzə verməyək. Özüm üçün bu yolu seçmişəm. 

Ekran qarşısında evim, bəzən  girov qoymaq məcburiyyətində qaldığım avtomobilim haqda danışmağı sevmirəm. Valideyinlərim belə şeyləri mənə öyrətməyib. Problemini evdə çöz, amma çöldə, cəmiyyətdə sən pozitiv, nümunə olmalısan. Evdə problemlər, qayğılar üstünə gəlirsə, müğənni nə etməlidir, dərdini kimə deməlidir? Bir incəsənət nümayyəndəsinin televiziyaya çıxması çox baha başa gəlib. Bu adam təpədən-dırnağa geyinib keçinib, hazırlaşmalıdır, avtomobilinə benzin doldurmalıdır ki, çəkilişə gəlsin. Deyirlər ki, getdi toya "qaz vurub, qazan doldurur". Başa düşün ki, toydan gələn qazanc təkcə vizaja getmir.

Belə çıxır ki, həmin toya gedən sənətçinin mədəsi, böyrəyi olmamalıdır (gülür). Yayım şirkətləri, müəllif huquqları və bu mexanizm doğru-düzgün işləməyə başlayanda mən artıq o prosesin içində avtomatik olmuş oluram. Və mənim kimi yüzlərlə sənətçilər olur. Struktur və ya qurum özü bizi qorumağa və bizdən satıb qazanmağa başlayır. Bir sözlə, qurum bizi qazandırmalıdır. Tək başına müğənni bir sifarişə qərar verə bilər. Heç bir müğənni çıxıb deyə bilməz ki, toya 100 min manata gedirəm.

Belə bir şey yoxdur. Fantastik qiymətlər, qonorarlar yoxdur. Bəlli toy bazarı, qiymətlər var. Fərqlər 1-2 min arasındadır. Hər bir müğənninin öz toy bazarı var. Var bahalı, ucuz bazar. Mən bahalı bazardan danışıram. Bir alınan qonorar 30 yerə bölünür. Bir müğənni əgər 6 saat bir məclisi aparırsa, o 40 nəfərin çörəyi deməkdir. Mən nadir hallarda bütov toyu aparıram. O da yalnız mənə uyğun tamaşaçı və təbəqə olarsa.

 

- Bir müddət əvvəl sinə böyütmə əməliyyatı keçirdiyiniz haqda xəbərlər yayıldı. Həqiqətənmi, "mamoplastika" əməliyyatı keçirmisiz?

 

- Bu suala nə "hə", nə də ki "yox" demək istəyirəm. Bu xəbərləri yazanların öz fantaziyasına buraxıram. Formada qalmaq üçün mütəmadi idmanla məşğul oluram və sağlam həyat tərzi keçirirəm. Təəssüflər olsun ki qadın vücudunun elə bir hissələri var ki, köməyə idman gəlmir. Orada estetik müdaxilə olmalıdır. Amma məsləhət görərdim ki, estetik və plastik əməliyyatlara qaçmasınlar. Özlərinə baxsınlar.

Bəzən mənə söyləyirlər ki, niyə burnunuzu əməliyyat etdirmirsiniz. Burnumdan o qədər xoşbəxtəm ki... Mənim burnum haqda yüksək səviyyəli ziyalılarımız, şəxsiyyətlərimiz deyirlər ki, birdən sən də həvəsə düşüb burnunu əməliyyat etdirərsən. Demişəm ki, xeyr etmərəm. Mənə bu lazım deyil. Lap qocalaramsa, estetik əməliyyat etdirərəm. Üzüm elə qırışa bilər ki, orada köməyə nə botoks, nə də ki digər inyeksiyalar gələ bilməz. O zaman əməliyyata gedərəm.

 

- Bu yaxınlarda stilist və vizajist Anar Ağakişiyev sosial şəbəkə hesabında son görüntünüzə çox iddialı ad verdi "Azərbaycanın seks simvolu". Bəs Tünzalə özünü səhnəmizin "seks simvolu" hesab edir? 

 

- Yatıb, yuxuma da girməzdi ki, ünvanıma belə sözlər deyiləcək. Etiraf edim ki, xoşuma gəlir. Bu yaxınlarda bir braziliyalı modelin müsahibəsini izlədim. O seksuallıq haqda bunları söylədi: "Seksuallıq qadının özünə inamıdır. Onun içindəki, daxilindəki gözəllikdir. Ozündən əmin və özünü sevən və güvəni olan qadın seksualdır. Özümü çox sevirəm. Hər zaman özümü sevmişəm. Sadəcə indiki qədər təcrübəm, həyat anlayışım olmayıb. 20 yaşında bir cürə özünü başa düşürsən, 30 yaşda bir başqasan. Artıq 45 yaşı adlamışam, 46 yaşıma qədəm qoyuram. Əlbəttə ki, hər gün güzgüyə baxıb şükür edirəm. Özümə qarşı həddən artıq tənqidi yanaşıram. Ən vacib olan özümlə olan münasibətin düzgün olmasıdır. Bu münasibəti düzəltdim. Başladılar sorğu-sual etməyə ki, sizdə haradan bu işıq, xarizma, iddia çoxaldı. Əsl sirr özünlə olan münasibəti düzəltməkdədir. 

 

- Çox mübariz insansınız. Bu güc haradan qaynaqlanır? 

 

- Zəiflədiyim məqamlar çox olur. Uşaqlıqdan bəri mövqe bildimişəm. Evimizdə, ailəmizdə millətçilik təbliğ olunub. Ata babam millətçi olduğu üçün sürgün olunub. Babam istəməyib rusun əsarətində olmaq. Babam Stalinin plakatına qamçı vuran adam olub. Gecə ilə onu sürgün ediblər. Biz indiyə kimi babamın ölüsünü-dirisini bilmirik haradadır. Onun ailəsini darmadağın etdilər.

 

- Tünzalə xoşbəxtdir? 

 

- Kənardan necə görsənirəm, bilmirəm. Amma çox xoşbəxtəm. 

 

- Sevirsiniz? Söhbət qarşı cinsə olan sevgidən, eşqdən gedir.

 

- Sevirəm də, sevilirəm də. Sevgisiz həyat olmaz. Bir qadın bir ağaca, çiçəyə bənzəyir. Ona nəvaziş göstərmək lazımdır. O zaman o ağac və ya gül çiçəklənir. 

 

- Son günlər şou əhli arasında boşanmaların sayı artıb. Sizin də adınız boşanan məşhurlar sırasındadır. Cəmiyyətin ən ağrılı probleminə bu yolu keçmiş bir insan kimi münasibətiniz?

 

- Heç kimə, içi özüm qarışıq boşanmanı arzu etməmişəm, arzulamaram da. Bu yolda çözüm var. Yenə də çözümü ilk əvvəl özümüzdə axtarmalıyıq. 7 il ailəli olmuşam. Artıq münaqişələrimdə ən narahat olduğum insan qızım idi. Çalışdım ki, by münaqişələri qızım görməsin və travma yaşamasın. Onu maksimum şəkildə qorudum. Amma nə qədər qorusam da, yenə də o münaqişələrə şahid oldu. Qərara aldım ki, kontrolu öz əlimə alım və ayrılım. Çünki iki insan bir damın altında bir-birinə xoşbəxtlik yaşada bilmirsə, qıcıq, anlaşılmazlıq, dava yaşanırsa, sözləri çəp gəlirsə, beynində insanı itəliyirsə, artıq faciə başlayır. Keçmiş həyat yoldaşımla düşmənçılıq münasibətində deyiləm. Yadıma gəlmir ki, onun haqda kiməsə sifarişli məqalə yazdırım. O, uşağımın atasıdır. Qızıma atası ilə görüşməyi yasaqlamışam və bunun da ciddi səbəbləri var. Fidan elə yaşa gəlib ki, bütün həyat hekayəmi dürüst və ədalətli şəkildə bilir. O çox gözəl anlayır ki, atasının pis yöndən təbliğatını aparmamışam.

 

- Qızınız Fidanın qarşısına çəpər və ya sərhəd çəkirsiz? 

 

- Bilirsiz ki, qızım Türkiyədə ali məktəbdə təhsil alır. Universiteti bitirmək üzrədir. Fidan hərəkətlərini və danışığına diqqət yetirən övladdır. Zaman-zaman bu mövzuları onunla çox müzakirə etmişik. O hara qədər azad olmasını, məsuliyyət daşımasını da çox gözəl anlayır. Qızıma ana məsləhətim sözünü və özünü qorumaq olub. Uşaqlıq illərindən Fidanı efirlərdən hər zaman uzaq tutmuşam. Onu üzə çıxartmamışam. İstəmişəm ki, öz həyatını yaşasın. Qızım onsuz da anasının üzdə olduğunu görür. 

 

- Fidan ailə qurmaq haqda düşünür? 

 

- Onu zorla ərə verə bilmərəm. Gərək onun ürəyincə olan bir bəy olsun ki, ailə qursun. Bütün qızlarımızın gözəl qisməti olsun.

 

- Dubaya tez-tez səfər edirsiz. Deyirlər ki, Tünzalə Ağayevanın orada şəxsi biznesi və mülkləri var. Bu doğru xəbərdir? 

 

- Allah ağzınızdan eşitsin. Nə yalan deyim, məndə dünya şöhrətli müğənnilər kimi istəyərəm ki, Mayamidə, Maldiv adalarında və Dubayda malikanələrimi sayım. Dubayda çox sayda dostlarım, əziz olan insanlar var. Onların evlərində qonaq oluram. Orada yaradıcılıq işləri və ideyaları üzərində söhbətlər aparırıq. Dubayda rahatlıq tapıram və oranı çox sevirəm. Hazırda bütün Rusiya oradadır. Dubaya gedəndə elə bilirəm ki, Dubayda yox Rusiyadayam (gülür). Orada mülk alsam, ilk sizə deyəcəyəm.

 

- Deyirlər ki, pandemiya zamanı Bodrumda olan villanızı satmısınız. 

 

- Xeyr, satmamışam. Bodrumdakı villam öz yerindədir. Onu da indi yox illər əvvəl almışam. 

 

- Bir neçə həftə əvvəl Azərbaycan incəsənətinə çox ağır itki üz verdi. Bəstəkar-müğənni Rəhim Rəhimli 43 yaşında ürəktutmadan vəfat etdi. Bilirəm ki, Rəhimlə çox yaxın dost idiniz. Onun bu ağır vəziyyətindən xəbərdar idiniz?

 

- Allah ona rəhmət eləsin. Bu dəhşətdir. Növbəti savadlı bir musiqiçini itirdik. Rəhim ilk növbədə gözəl bəstəkar idi. Kaş özünə qarşı diqqətli olardı. İlk dəfə sizə açıqlayıram, bu haqda heç kim bilmir. Rəhimlə mənim duetim olmalı idi. Təəssüf, hər şey yarımçıq qaldı. Bu nəğmə Rəhimin bəstəsi idi. Adı da "Leyli və Məcnun". "Demo"sunu mənə göstərmişdi. Bu saat can atıram ki, o "demo"nu tapım. Tapsam virtual duet edəcəyəm. Bu dueti ortalığa çıxardacağam. Rəhimin xatirəsini heç olmasa bu şəkildə yaşadım. Təəssüflər olsun, çox gənc yaşda bu dünyadan köçdü.

Biz dost kimi çox yaxın idik. Bir neçə tədbirdə Rəhimlə görüşmüşdüm. Onun ayaqlarının çox pis şəkildə şişdiyinin şahidi olmuşdum. Ayaqları onu çox incidirdi və dəhşətli dərəcədə şişirdi. Ona deyirdin ki, belə olmaz. Niyə özünə diqqət yetirmirsən. O ayağına ayaqqabı geyinə bilmirdi. Yalnız səhnəyə çıxmasına saniyələr qalmış ayaqqabılarını ayağına geyinirdi. Onun ayağı ayağa heç oxşamırdı. Sonuncu dəfə toyların birində görüşmüşdük. Desə də ki, yaxşıyam, amma reallıq başqa idi.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.