Super User

Super User

Суббота, 15 Октябрь 2022 10:30

Ən çox evlənib-boşanan məşhurlarımız

 

Son vaxtlar bir çox azərbaycanlı məşhurun boşanmasının şahidi olduq. Ən çox səs-küy yaradan isə tanınmış rəqqasə-aktrisa Oksana Rəsulovanın, Əməkdar artist Nigar Şabanovanın boşanma xəbərləri oldu.

 

Ötən il səs-küylü şəkildə XTQ giziri, hərbçi Xəyyam Qaragözov ilə ailə həyatı quran sənətçi bu günlərdə verilişlərin birində boşandığını açıqladı. Bunun ardınca sənətçi sosial şəbəkədə boşandığına görə onu qınayanlara bu cür cavab verdi:

"Sizin o kişi dediyinizin tezliklə səs yazılarını paylaşacam. Görəcəksiniz ki, əyninə hərbi forma geyinən kişi ola bilmir. Kişiliyi, insanlığı peşəyə qarışdırmayın. Kişi, ailə başçısı, qeyrətli oğlan olmaq başqa işdir. Peşə, əyninə forma geyinmək başqa işdir.

Pis rəy yazan hər kəsin əziz övladına onun kimi ailə arzu edirəm. Yaxşı yazıb anlayışla qarşılayanların balasını Allah xoşbəxt eləsin.

Kaş bütün xanımlar mənim qədər ailəsini qorumağa çalışardı. Hamı sussun. Əlimdəki sübutları onun peşəsinə, formasına hörmət edib, paylaşmıram".

Xatırladaq ki, bu, Əməkdar artistin ikinci evliliyi idi.

Ötən il gözlənilmədən evləndiklərini açıqlayan Oksana-Şəhriyar cütlüyü elə gözlənilmədən bir il əvvəl boşandıqlarını açıqladılar. Belə anlaşıldı ki, gizlin şəkildə evlənən cütlük boşandıqları vaxt evləndiklərini bildiriblər. Qeyd edək ki, onların bu evlilikdən Osman adlı oğlu var.

 

Xatırladaq ki, bu, aparıcı Şəhriyarın ilk, Oksananın isə üçüncü evliliyi idi. Belə ki, sənətçi bundan əvvəl Haqay Avenilov və reper Elşad Xose ilə evli olub.

Sənət aləmində 2-3 dəfə evlənib boşanan təkcə Əməkdar artist Nigar Şabanova, Oksana deyil. Bu günə qədər 3-4, hətta 5 dəfə evlənən məşhurlarımız var.

“Ədəbiyyat və incəsənət” musavat.com-a istinadən onlardan bir neçəsini təqdim edir.

Xalq artisti Hacıbaba Bağırov. Mərhum aktyor 5 dəfə rəsmi nikahda olub. O, ilk dəfə hərbi xidmətdə olarkən ailə həyatı qurub və Aleksandr adlı bir oğlu olub. Sənətkarın ikinci evliliyi Leyla adlı qadınla baş tutub və Lalə adlı bir qızı dünyaya gəlib. Hazırda Lalənin yaşı 50-ni keçib. Aktyor üçüncü dəfə əslən Şamaxıdan olan həkim xanımla ailə həyatı qurub. Əldə etdiyimiz məlumata görə Almaz adlı qadın Qanköçürmə institutunda həkim işləyirmiş. Almaz xanımla Hacıbaba Bağırovun ailə münasibətləri daha uzunömürlü olub və onlar 15 ilə yaxın bir evdə yaşayıblar. Xalq artistinin bu nikahdan övladı olmayıb. Hacibaba Bağırov sonuncu dəfə özündən 37 kiçik Arzu Bağırova ilə evlənib. Onların bu evliliyindən bir qızı var.

Xalq artisti Flora Kərimova. Xalq artisti rəsmi şəkildə 3 dəfə ailə həyatı qurub. Onun ilk həyat yoldaşı məşhur cərrah İbrahim Topçubaşovdur. Onunla tanışlığı Topçubaşovun Flora xanıma mahnı verməsi ilə başlayıb. Flora xanımın ilk evliliyi çox gənc yaşlarında olsa da, Topçubaşov ondan 20 yaş böyük olub. Onun ölümündən bir neçə il sonra azərbaycanlı biznesmen Faiq Şəfiyevlə ailə həyatı qurur. Onun bu evlilikdən bir qızı olub. Faiq bəyi də yol qəzasında itirən Flora xanımın 3-cü evliliyi də həyat yoldaşının ölümü ilə sonlanır.

Əsl adı Aynurə Qəzənfərli olan Nura Suri 3 dəfə ailəli olub. Hər evlilikdən bir oğlu olan Nuri xanımın sözlərinə görə  həyat yoldaşları tanınmış iş adamlarıdır. 

Ən çox sevilən müğənnilərdən biri olan Niyaməddin Musayev də bir neçə dəfə ailə quran müğənnilərdəndir. Onun neçə dəfə ailəli olması məlum olmasa da ayrılıqları mübahisəli olub. Belə ki, o, övladlarının birinin anasını hətta analıq hüququndan məhrum edib.

Xalq artisti Niyaməddin Musayevin də bir neçə dəfə evli olduğu bildirilir.

Leyla Şıxlinskaya. Əməkdar artist 4 dəfə rəsmi nikaha girib.

Aparıcı Azər Zahid də 3 dəfə evlənən məşhurlardan biridir. Qeyd edək ki, o, ilk dəfə həmkarı Vüsalə Əlizadə ilə evlənib. Cütlüyün bu nikahdan Dilək adlı qız övladı var. Sonra Azər V.Əlizadədən ayrılaraq, Nəcibə adlı xanımla evlənib. Onunla da boşanan aparıcı İlahə adlı xanımla ailə qurub.

Rəmiş. Mərhum Xalq artisti, Rəmiş ləqəbli Rafiq Hüseynov da 3 dəfə evli olub.  İlk evliliyindən iki qızı, ikinci evliliyindən isə bir oğlu olub. Sonralar həmin oğlu vəfat edib.

Пятница, 14 Октябрь 2022 08:29

Günün fotosu: Putin və Ərdoğan görüşdülər

Günün fotosu: Putin və Ərdoğan görüşdülər

 

Saat yarım çəkən bu görüş Astanada baş tutub.

 

Foto: Euronews

 

“Ədəbiyyat və incəsənət” Kulis.az-a istinadən populyar müğənni, Əməkdar artist Teymur Əmrah haqqında maraqlı faktları təqdim edir.

 

Teymur Həşim oğlu Əmrahov 8 oktyabr 1971-ci ildə Gəncə şəhərində anadan olub. Gəncə Şəhər Uşaq yaradıcılıq Evində dərs alıb. Sənətə böyük həvəsinin, gözəl səsinin olduğunu görən müəllimləri ona dəstək olub, təhsilini davam etdirməsinə yardım ediblər.

 

İncəsənət gimnaziyasının vokal sinfi üzrə Sergey Zarenbonun sinfini bitirib. İlk müəllimləri Gəncə şəhər Uşaq yaradıcılıq evində görkəmli musiqişünas Oqtay Nağıyev, Ağdam rayonu Uşaq yaradıcılıq evinin məşhur "Qarabağ bülbülləri" ansamblının rəhbəri Murad Rzayev, Gəncə şəhər 6 nömrəli klubun direktoru Kifayət Əmirov olub.

1990-cı ildə Bakı Musiqi Akademiyasının Vokal sinfinə daxil olub. Burada görkəmli Opera müğənnisi Firudin Mehdiyevdən, Aktyor sənətindən teatr və kino aktrisası Şəfiqə Məmmədovadan dərs alıb.

 

Teymur Əmrah Gəncədəki uşaq evlərinin birində böyüyüb. Onun uşaq evinə düşməyinin faciəvi səbəbləri olsa da, bu barədə ona sual verilən zaman bu sözləri deyib:

"Bu barədə danışan kəsi, yazan jurnalisti qətlə yetirib həbsxanaya düşə bilərəm. Mənim faciəmdə utanılası bir şey yoxdur, amma böyük faciə baş vermişdi. Bu barədə nəinki danışmaq, heç xatırlamaq belə istəmirəm..."

 

Müğənni heç vaxt ailə qurmayıb. Ətrafında xanımlar olsa da, onun ailə qurmaması bu günə qədər hər kəsdə maraq oyadır. Həmkarı Elza Seyidcahan müsahibələrinin birində Teymurun onun bacısına aşiq olduğunu qeyd edir:

"Bacım o zaman Azər Zeynalov, Azərin, Teymur Əmrah, Fuad Dadaşovla bir qrupda oxuyub. Teymur Əmrah Rasiməni çox sevirdi. Çox istəyirdi Rasimə ilə evlənsin, amma bacım onu bəyənmədi".

 

Teymurun digər həmkarı Gülyaz Məmmədova da müğənninin onunla ailə qurmaq istədiyini qeyd edir:

"O vaxt mənə demişdi ki, Gülü, gəl evlənək. Sonra birdən dedi ki, o nədir? Qırmızıbaş kimdir? Dedim ki, oğlum. Məni subay bilirdi. Mənimlə evlənmək istəyirdi. Amma mənim də ailə qurmaq fikrim yox idi".

 

Teymur Əmrah tez-tez həmkarları ilə qalmaqal yaşayan müğənnilər siyahısında olub. Onun Flora Kərimova, Baloğlan Əşrəfovla mübahisələri uzun zaman gündəmdən düşməyib. Müğənni Baloğlan Əşrəfovun musiqilərini zövqsüz hesab etdiyini deyəndən sonra Baloğlan Əşrəfov onun haqqında belə deyib:

"Teymurdu da, danışır. Əgər xalqın 70 faizi məni dəstəkləyirsə, deməli, sevilirəm. Bu, Allahın qismətidir, Baloğlana verilən nemətdir. 70 faizin özü böyük şeydi. Prezident seçkilərində də qalib 70 faiz səs toplayır. Azərbaycan dinləyicilərinin 70 faizi mənə aiddirsə, burada pis nə var. Allah Teymur Əmraha heç olmasa, 20 faiz dinləyici qismət eləsin. Qoy, Allah onu da sevdirsin. Zövqsüzlük ittihamlara gəlincə, Teymur Əmrah zərrə qədər məni maraqlandırmır. Nə deyir, özü bilər. Ona xatırladıram ki, bir vaxtlar mənə nəyə görə yalvarıb, məndən nə istəyib, nə alıb ona vermişəm. Onları onun yadına salsam, ona baha başa gələr".

 

Müğənni "Sən yadıma düşəndə", "Gecələr bulaq başı", "Əlvida", "Nərdivan", "Ötəri dünya", "Gəl, barışaq", "Çiçək yağışı" kimi mahnıları özünə məxsus şəkildə ifa edib.

 

Pedaqoji fəaliyyətlə məşğul olan xanəndə Samir Cəfərov, Samir Piriyev, Ayaz Qasımov, Elton Hüseynəliyev və Pərvin Lətifov kimi məşhur müğənnilərin müəllimi olub. Uzun zaman evi olmayan müğənni müxtəlif vaxtlarda günlərlə tələbələrinin evində qaldığını, onların ona maddi baxımdan dəstək olduğunu etiraf edib.

 

Müxtəlif illərdə Azərbaycan Milli Konservatoriyası və Azərbaycan Mədəniyyət və İncəsənət Universitetində mahnı janrından dərs deyib. 20 il Azərbaycan Dövlət Mahnı Teatrında Solist kimi fəaliyyət göstərib.

 

2020-ci ildə Heydər Əliyev adına Sarayda "Bu dünya bir nərdivandı" adlı solo konserti keçirilən Teymur Əmrah hazırda Azərbaycan Televiziyası və Radiosunun solistidir. O, 2012-ci ildə Əməkdar artist adına layiq görülüb.

Пятница, 14 Октябрь 2022 11:00

“Boğuluram, ilahi…”

“Ədəbiyyat və incəsənət” Poetik qiraət rubrikasında sizləri gözəl şairimiz

Əlizadə Nurinin yeni şeirləri ilə tanış etməkdədir. Bu dəfəki şeir payınız “Günəş, gəl şəklimi çək” adlanır. 

 

Hara qoyum bu qəmi?

Əlim gəlmir atmağa.

Hansı yalanı seçim,

Özümü aldatmağa?

 

Ümidi şikəstlərin,

Ürəyi şikəstədi.

O ay niyə saralıb

Yoxsa o da xəstədi?

 

Günəş, gəl şəklimi çək,

Sonra yaz arxasını.

…Bir az gözlə, bağlayım

Dərdimin yaxasını…

 

O daş hardan düşdü ki?-

Sınan bir cam kimiyəm.

Dağıntılar altında

Qalan adam kimiyəm…

 

Ver əlini, nə olsun

Qara qulam, ilahi?

Quruda üzsəm də mən,

Boğuluram, ilahi…

Пятница, 14 Октябрь 2022 10:00

“Qobustan” sənət toplusunun növbəti sayı çıxıb

 

“Qobustan” sənət toplusunun növbəti sayı çıxıb və say xüsusidir, Şuşa mövzusundadır. 

Toplu ölkə Prezidentinin qərarı ilə Şuşa şəhərinin mədəniyyət paytaxtı və 2022-ci ilin “Şuşa İli” elan edilməsinə ithaf kimi işıq üzü görüb. 

 

“Ədəbiyyat və incəsənət” xəbər verir ki, ilk dəfə tam rəngli formatda oxuculara təqdim edilən dərgidə Şuşanın, Qarabağın sənət tariximizdəki yeri incələnir. 

Pərvin “Əziz Şuşa, sən azadsan” essesi ilə azad Qarabağda, Şuşada keçirilən mədəniyyət tədbirlərindən söz açır, tanınmış tarixçi-jurnalist Müsəllim Həsənov “Mehdiqulu xan Şuşanı niyə tərk etmişdi...” məqaləsi ilə Qarabağ olaylarının tarixi köklərinə nəzər salır, Aləmzər Sadıqqızı Şuşaya bayrağımızı sancan polkovnik Rəşid Aslanovla müharibə və Qələbəmiz haqqında söhbətləşir, professor Ziyadxan Əliyev “Şuşa-rənglərin işığında” məqaləsi ilə rəssamlıq sənətimizdə Şuşanın yerindən danışır. Həmçinin Xalq rəssamı Arif Hüseynov dərginin əməkdaşları ilə söhbətində “Qarabağnamə - Tarixin səhifələri” silsiləsinin yaranma tarixçəsini bölüşür, Narıngül Nadir “Pərdələr açılır” məqaləsi ilə Şuşa Teatrının tarixindən və 73 ildən sonra azad Şuşada açıq hava altında göstərdikləri tamaşadan danışır, Əməkdar rəssam Ülviyyə Həmzəyeva rəssam Mirmehdi Seyidovun qısa ömrünə və yaradıcılığına sığan Şuşadan söz açır, sənətşünaslıq üzrə fəlsəfə doktoru Nuranə Səlimli xalçaçılıq sənətimizdə Qarabağ və Şuşa xalçalarının özəl yeri haqqında tədqiqatlarını bölüşür. Bu nömrədə, eyni zamanda, akademik Zemfira Səfərovanın “Şuşa - Azərbaycanın musiqi qalasıdır” monoqrafiyası əsasında, Pərvin Qarabağın, Şuşanın sənət simvoluna çevrilmiş sənətkarlardan danışır, sənətşünas Leyla Nəzərli “Cabbarsız Şuşa olmaz” essesində böyük sənətkar Cabbar Qaryağdıoğlu haqqında araşdırmalarını və xanəndənin qohumu Akif Qaryağdı ilə söhbətinin təəssüratlarını bölüşür, gənc müəllif Ülvi Bahadır “Bədəlbəylilər”in timsalında məşhur Qarabağlı ailələrdən söz açır, Qarabağın simvoluna çevrilmiş şən-şux, baməzə adamlar Esmira Nəzərlinin araşdırmasına yada salınır, “Molla Nəsrəddin” qəhrəmanlarını xatırladan bu məzəli insanlar haqqında yazı elə həmin estetikada rəssam Ayxan Rəsulun çəkdiyi karikaturlərlə təqdim edilib. Eyni zamanda, türk yazıçı-tərcüməçisi İmdat Avşar “Zəfər yolundan Şuşaya dönmək” essesində Şuşaya ilk səfərinin təəssüratlarını bölüşür və Zülfiyyə Qəniyevanın “Qurama”sında Şuşa haqda kiçik, amma maraqlı faktlar yer alıb. 

Qeyd edək ki, jurnalın üz qabığında Xalq rəssamı Sakit Məmmədovun ingilis kraliçasına hədiyyə etdiyi “Cıdır düzü” əsəri verilib. Həmçinin müxtəlif yazılar rəssamlarımızın əsərləri ilə estetik, rəngarəng şəkildə təqdim edilib.

 

Bu gün Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı “Çipollino” tamaşasını nümayiş etdirəcək ki, tamaşanın da quruluşçu rejissoru Yelena Matsxanaşvili, quruluşçu rəssamı Vaxtanq Koridze, bəstəkarı Şalva Matsxanaşvilidir. Üç gürcü ortaya sənət əsəri qoyacaqlar.

 

“Ədəbiyyat və incəsənət” xəbər verir ki, Coni Rodarinin məşhur “Çipollino” əsəri Kukla Teatrının repertuarında da özünün uğurlu səhnə həyatını yaşayır. Məşhur italyan müəllifin “Çipollinonun macəraları” nağıl-povesti əsasında səhnələşdirilən tamaşa cəsarətli soğancıq (italyan dilindən tərcümədə bu mənanı verir) oğlanın bütün maraqlı xüsusiyyətlərini rəngarəng çalarlarla tamaşaçıya çatdırır. Cəsarətli, qorxmaz, qıvraq və ağıllı soğancığın mübarizəsi tamaşanın əsas qayəsidir. Balaca soğancıq daim meyvə-tərəvəzlərin nağıl aləminin qəhrəmanı, onların mühafizəçisi kimi də anlaşılır. Qəddar Limon, zalım Pomidor, lovğa Albalının bütün əməllərini ifşa edir. Sadiq dostları sayəsində qalib gələn soğancıq oğlan bu mənada yaxşı nümunədir. Uşaqlara qorxmazlığı, cəsarəti və hər zaman dürüst olmağı təlqin edir.

Kanadada fəaliyyət göstərən ELTV Media qrupu “Vahid Azərbaycan dövləti – Səfəvilər” adlı sənədli film yayımlayıb.

 

“Ədəbiyyat və incəsənət” Diasporla İş üzrə Dövlət Komitəsinin mediaya yaydığı məlumata istinadən bildirir ki, filmdə Səfəvilər dövlətinin yaranma tarixi, əhatə etdiyi coğrafi ərazilər, süqutunun səbəbləri və bu dövlətin qurucusu Şah İsmayıl Xətai barədə ətraflı məlumat verilib. 

Səfəvilər dövlətinin müasir Azərbaycanın milli kimliyinin formalaşmasında böyük tarixi rol oynadığına diqqət cəlb edilib.

“My History” layihəsi çərçivəsində gerçəkləşdirilən film Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, “Vətən” Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzinin təşəbbüsü və təşkilatçılığı ilə ərsəyə gəlib.

Diasporla İş üzrə Dövlət Komitəsi ümumazərbaycançılıq işinə töhfələr verməkdədir.

 

Oktyabrın 13-də Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi və Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının tərəfdaşlığı ilə “Qlobal Kommunikasiyalar və İnnovasiyalar” şirkəti tərəfindən “İrsin idarəedilməsi bacarıqlarının inkişafı” təlim proqramı çərçivəsində növbəti, dördüncü təlim kursuna start verilib. 

 

“Ədəbiyyat və incəsənət”  xəbər verir ki, təlim kursunun mövzusu UNESCO-nun “Qeyri-maddi mədəni irsin qorunması üzrə 2003-cü il Konvensiyası”nı əhatə edir.

Yaradıcı Sənayelər Federasiyasının İdarə heyətinin sədri, təlim proqramının rəhbəri Vasif Eyvazzadə “İrsin idarəedilməsi bacarıqlarının inkişafı” təlim proqramı çərçivəsində keçirilmiş əvvəlki üç təlim kursu haqqında qısa məlumat verib. Bildirib ki, həmin təlim kursları 1954-cü il Haaqa Konvensiyası, münaqişələr zamanı mədəni irsin qorunması, mədəni müxtəlifliyin qorunması ilə bağlı konvensiyaları əhatə edirdi. 

Əsas təlimçilərin Türkiyədən olduğunu qeyd edən Vasif Eyvazzadə deyib: “İki gün ərzində UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması konvensiyası ilə bağlı təlim keçiriləcək. Təlimlərdə qeyri-maddi mədəni irs, onun ölkələr üçün əhəmiyyəti, digər konvensiyaların mətnindəki məqamlar, təlimat sənədindəki vacib məsələlər barədə danışılacaq, nominasiya fayllarının hazırlanması formaları, reprezentativ siyahının növləri ilə bağlı məlumat veriləcək”. 

Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva kursun işinə uğurlar arzulayaraq qeyd edib ki, bu gün başlayan təlim kursu vacib mövzuya həsr olunub. Konvensiya məzmun və fəaliyyət baxımından Mədəniyyət Nazirliyi üçün xüsusi əhəmiyyət kəsb edir, çünki onun əsas məqsədi UNESCO-ya üzv ölkələrdəki insanların yaradıcılığının məhsulu olan mədəniyyət nümunələrini milli və beynəlxalq səviyyədə qorumasıdır. Azərbaycan 2006-cı ildə rəsmən bu konvensiyaya qoşulduğu andan UNESCO-da aktiv fəaliyyət göstərib, bir sıra layihələrə dəstək verib. UNESCO-da uğurlu fəaliyyət nəticəsində ölkəmizin 15 nominasiyası dünya irs siyahısına daxil edilib. 

Bu il siyahıya yeni nominasiyaların daxil ediləcəyini bildirən nazir müavini deyib: “Biz öz fəaliyyətimizdə Türkiyə tərəfi ilə sıx əməkdaşlıq edirik. Belə təlimlər bacarıqların inkişaf etdirilməsinə, qurumlar arasında əlaqələrin yaradılmasına və mütəxəssislərin yeitşməsinə öz töhfəsini verir”. 

Tədbirdə çıxış edən Əqli Mülkiyyət Agentliyinin Aparatının rəhbəri Xudayət Həsənli UNESCO-nun “Qeyri-maddi mədəni irsin qorunması üzrə 2003-cü il Konvensiyası” mövzusunda təlim kursunun təşkilinin əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 12 mart tarixli Sərəncamına uyğun olaraq, UNESCO-nun göstərilən Konvensiyası üzrə Azərbaycan ərazisində olan qeyri-maddi mədəni irsin qorunması üzrə öz səlahiyyətləri daxilində Mədəniyyət Nazirliyi, Əqli Mülkiyyət Agentliyi və Azərbaycan Milli Elmlər Akademiyası səlahiyyətli orqanlar kimi müəyyən edilib. 

Ölkəmizin bu Konvensiyaya qoşulması ilə bağlı prosedurların yerinə yetirilməsində Əqli Mülkiyyət Agentliyinin fəal iştirakını diqqətə çatdıran Xudayət Həsənli Agentliyin qeyri-maddi mədəni irsin qorunması sahəsində normativ-hüquqi bazanın yaradılmasında da mühüm rol oynadığını bildirib. Belə ki, layihəsi Agentlik tərəfindən hazırlanmış “Azərbaycan folkloru nümunələrinin (ənənəvi mədəni nümunələrin) və Azərbaycanın ənənəvi biliklərinin dövlət qeydiyyatına alınması Qaydası” və “Azərbaycan folkloru nümunələrinin (ənənəvi mədəni nümunələrin) və Azərbaycanın ənənəvi biliklərinin dövlət qeydiyyatına alınması barədə Şəhadətnamənin nümunəsi” Nazirlər Kabinetinin 2021-ci il 20 avqust tarixli Qərarı ilə təsdiq edilib. Qaydalar hazırlanarkən “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında” və “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının qanunları ilə yanaşı, UNESCO-nun “Qeyri-maddi mədəni irsin qorunması üzrə Konvensiyası”nın müddəaları da nəzərə alınıb. 

Xudayət Həsənli qeyd edib ki, qeyri-maddi mədəni irsin qorunması sahəsində məlumatlılığın və biliklərin artırılması üçün Agentlik tərəfindən metodiki tövsiyələr və kitablar çap olunub, habelə müxtəlif tədbirlər keçirilib. Professor Kamran İmanovun bu mövzuda bir neçə sanballı kitabı nəşr edilib. Onun “Əqli mülkiyyət: folklorun və ənənəvi biliklərin qorunması və erməni plagiatçılığı” adlı kitabında qeyri-maddi mədəni irsin qorunub saxlanılması, qeyri-maddi mədəni irs nümunələrinin əqli mülkiyyət kimi qeydiyyatı prosedurları, qeyri-maddi mədəni irsin tərkibi və bununla bağlı digər məsələlər geniş izah olunub. 

Təlim kursunda Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və onun tabeliyində fəaliyyət göstərən regional idarələrin və mədəniyyət müəssisələrinin, həmçinin Dövlət Turizm Agentliyinin, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin, “ABAD” publik hüquqi şəxsin, Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin, Qarabağ İqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin Xüsusi nümayəndəliyinin, “Şuşa” Şəhəri Dövlət Qoruq İdarəsinin, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin, Heydər Əliyev Mərkəzinin, AMEA-nın Əlyazmalar İnstitutunun, Mədəniyyət və İncəsənət Universitetinin, Azərbaycan Kulinariya Mütəxəssisləri Assosiasiyasının, “Arts Council Azərbaycan” təşkilatının, Bəstəkarlar İttifaqının nümayəndələri iştirak ediblər.

Пятница, 14 Октябрь 2022 09:30

Bu dəfə Zaqatalada

 

Yunus Oğuzun “Cığır”la bölgələrə səfərləri davam edir

 

Oktyabrın 13-də Zaqatala şəhərində tarixi romanlar yazarı, publisist Yunus Oğuz ilə rayon ictimaiyyətinin görüşü keçirilib.


“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Şuşa şəhərinin inşa edilməsinin 270 illiyinə və 44 günlük Vətən müharibəsinə ithaf olunmuş, 44 günlük Vətən müharibəsinin keçdiyi yol, Vətən müharibəsindən sonrakı nailiyyətlər və mədəniyyət paytaxtımız Şuşa şəhərinin tarixindən bəhs edilən tarixi romanın - "Cığır"ın müzakirə olunduğu tədbirdə Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktor əvəzi Leyla Məmmədova, Zaqatala Rayon İcra Hakimiyyəti Aparatının Vətən Müharibəsi iştirakçıları və Şəhid Ailələri ilə işin təşkili şöbəsinin müdiri, ehtiyatda olan polkovnik-leytenant Anar Seyidov qonaq qismində iştirak ediblər.
Tədbirin aparıcısı Heydər Əliyev mərkəzinin əməkdaşı Nərmin İbrahimova Yunus Oğuzun həyat və yaradıcılığı haqqında tədbir iştirakçılarına məlumat verdikdən sonra qonaqlar "Cığır" romanı haqqında fikirlərini səsləndiriblər.
Tədbirin sonunda tədbir iştirakçılarına "Cığır" romanı hədiyyə edilib və xatirə şəkli çəkilib.

Четверг, 13 Октябрь 2022 15:10

Günün fotosu: Bir əski Şuşa xatirəsi.

Günün fotosu: Bir əski Şuşa xatirəsi.

 

Rəşid Behbudovun atası, Tiflis Zadəganlar klubunun üzvü, görkəmli xanəndə Məcid Behbudovun Şuşadakı evi.

 

Şəxsi Fotoalbomdan

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.