Super User
Bu gün Ümumdünya zombi günüdür
Bu günün əlamətdar hadisələrini diqqətinizə çatdırırıq:
13 oktyabr. Ümumdünya fəlakət təhlükələrinin azaldılması günü
Söhbət təbii fəlakətlərdən gedir, 1989-cu ilin 13 oktyabrında verdiyi qərarla 1990-99-cu illərdə BMT təbii fəlakətlərin təhlükəsini azaltmaq onilliyi keçirib, o vaxtdan da 13 oktyabr belə bir gün statusu alıb. Zəlzələdən, sel və sunamilərdən, siklonlardan, quraqlıqdan təkcə 2004-cü ildə 250 000 nəfər qurban gedib, ümumən, hər gün təbii fəlakətlər 184 can alır. Bu gün insanlar arasında maarifçilik işləri aparılır, ilk yardımdan istifadə etmək qaydaları aşılanır, öz informasiya mübadilələrini artırmaq, sinoptiklərin məlumatlarına diqqət yönəltmək, risk zonalarından uzaq durmaq kimi nəsnələr tövsiyyə edilir.
13 oktyabr. Pinqvinlər barədə məlumatlanmaq üzrə Afrika günü
Xoşum gəlir bu cür ekstravaqant adı olan günlərdən. Nə deyirik, gəlin məlumatlanaq. Biz sanırıq ki, pinqvinlər Arktikada, buzlaqlar qoynunda yaşayır, elə? Deməzsənmiş, orada cəmi 3 növ pinqvin yaşayırmış, 17 növ isə Afrika sakini imiş. Afrika pinqvinləri Arktika pinqvinlərindən ayaqlarının qara olması ilə fərqlənirmiş. Onların məskunlaşma yeri Cənubi Afrika sahilləri imiş. 2012-ci ildə Afrika pinqvinlərinin sayı 1930-cu ildəkinin cəmi 2 faizinə bərabər olub. Deməli, bu canlılar qırılmaq üzrədirlər, ona görə də onları qorumaq lazımdır. Dünyanın ən təzadsevər canlılarıdır pinqvinlər. Niyə belə deyirəm? Bir hissəsi ən soyuq yerdə - buzlaqlarda, digər hissəsi isə ən isti yerdə - ekvatorial ərazidə yaşayırlar.
Onları müşahidə etmək insanda xoş təəssürat oyadır. Nədənsə həddən artıq sevimli görünürlər adama bu qəribə məxluqlar. Kaş ki, bunca azalmayaydılar...
13 oktyabr. Ümumdünya zombi günü
2006-ci ilin bu nəhs günündə ABŞ-ın Pitsburq şəhərində, Monrovil ticarət mərkəzində ilk Zombi-gəzinti reallaşıb. Corc Romero orda “Ölülər üçün dan yeri” filmini çəkirdi, zombi mədəniyyətinin bütün heyranlarını da bir araya toplamışdı. Məqsəd bir idi – canlı meyit kimi yaşayan bu ac və evsiz insanları nümayiş etdirib aclıq və evsizlik sayını azaltmaq. Hərfi mənada canlı meyit, yaxud, öz üzərində nəzarəti itirib tam olaraq başqasının iradəsi ilə yaşamaq anlamını verən zombilik hazırda daha çox ölü diriltmək, cadugərlik və ekstrasenslik tərəflərinə meyl etməkdədir. Şeyx Nəsrullah kimi ölüdirildən ədəbi obrazına malik Azərbaycan da zombilikdən xali deyil. Bizdə zombilik, daha çox, şəxsi düşüncəsini büsbütün itirmiş, tam olaraq idarə olunan insanlara (dünyaşöhrətli Çingiz Aytmatovun təbirincə desək, manqurtlara) aid edilir.
13 oktyabr. Yeni kostyumda Ağ Evin qarşısında Qurbanovun şeirləri ilə
Beynəlxalq kostyum günü. Deyilənə görə, bu gün hər kəs özünə yeni kostyum almalıdır, pulu olmayanlar evdəki nimdaş kostyumlarını ütüləyib geyinməlidirlər. Təcili tibbi yardımın tibb bacıları günü. Hamısını təbrik edək. Büstqaltersizlik günü. Üstündən keçək. Azərbaycanda dəmiryolu günü. Dəmir yolu deyəndə ağla hələ də Ziya Məmmədov gəlsə də, yadda saxlamalıyıq ki, indi həmin gərövdəki Cavid Qurbanovdur. Deyilənə görə, Cavid müəllim həm də istedadlı şairdir, qoşmalar yazır, hətta bu qoşmalar ara-sıra ictimai-siyasi məzmun da kəsb edir.
1987-ci ildə Amerika donanması Fars körfəzində tarixdə ilk dəfə delfinlərdən hərbi məqsədlərçün istifadə edib. 1965-ci ildə SSRİ-də Dövlət keyfiyyət nişanı gündəmə çıxıb. 1957-ci ildə SSRİ-nin Yerin ilk süni peykini kosmosa buraxması ilə Kosmik era başlayıb. 1938-ci ildə yəhudi əsilli sovet şairi Osip Mendelştam həbs edilərək əmək düşərgəsinə salınıb. 1925-ci ildə İngiltərəyə 11 il baş nazirlik etmiş Dəmir ledi – Marqaret Tetçer dünyaya gəlib. 1900-cü ildə Ziqmund Freydin “Yuxuyozmalar” kitabı işıq üzü görüb. 1884-cü ildə Qrinviç sıfır meridianı kimi təsdiqlənib. 1792-ci ildə Vaşinqtonda Ağ Evin tikintisinə başlanılıb. 1582-ci ildə İtaliyada, ardınca da digər katolik ölkələrində Yulian təqvimi Qriqorian təqvimi ilə əvəzlənib.
Varisin “11-20 oktyabrın təqvimi” yazısından
Bişkekdə Hidayətin “Burdan min atlı keçdi” əsəri türk dilində nəşr olunub
“Burdan min atlı keçdi”ni oxuyanlar oradan Azərbaycanın son əlli illik siyasi tarixinə, regionun coğrafi tarixindən düşüncə və ədəbiyyat tarixinə qədər xeyli məlumat ala bilərlər. Əsərin adı onun ruhunun ifadəsidir. Türkün həyatında at müstəsna rol oynayıb və yaşadığı çətinlikləri onunla yaşayıb, onunla keçib.”
Bu sözlər yazıçı-dramaturq, Əməkdar incəsənət xadimi Hidayətin türk dilinə tərcümə olunaraq Bişkekdəki Qırğızıstan-Türkiyə Manas Universitetinin nəşriyyatında nəşr edilən “Burdan min atlı keçdi” əsərinə həmin universitetin rektoru, qədim tarix, türk mədəniyyəti, tarixi coğrafiya və strategiya üzrə nüfuzlu ekspert, professor Alparslan Ceylanın yazdığı “Ön söz”də yer alıb.
Azərbaycan oxucusuna kifayət qədər tanış olan, ötən əsrin 60-cı illərindən bu günə qədər xalqımızın çıxdığı sınaqlardan, bu kontekstdə ancaq ölkəmizdə və Ermənistanda deyil, bütün bölgədə gedən proseslərdən bəhs edən “Burdan min atlı keçdi” memuarının bədii və tarixi dəyərindən söz açan rektor əlavə edir: “Memuar səmimi dillə yazıldığından ancaq ədəbi deyil, hadisələrin baş verdiyi dövrün mənzərəsini yaradır və bununla həm də dəyərli tarixi qaynağa çevrilir”.
AzərTAC xəbər verir ki, əsərdə Azərbaycan xalqının taleyüklü məqamlarında onun yanında olan, şəxsi nüfuzuna, siyasi çəkisinə görə yalnız Sovet İttifaqında deyil, dünyada nüfuzlu siyasətçilərdən və dövlət xadimlərindən biri kimi tanınaraq qəbul edilən Heydər Əliyevin xidmətlərinin bütün miqyası ilə görünməsi faktına toxunan tarixçi bunun azman tarixi şəxsiyyətlərin missiyasında zəruri hal sayır.
Kitabda yer alan “İrəvana yeddi məktub” fəslində verilən o məktubların hər birində ötən əsrin 60-cı illərinin sonlarından 1982-ci ilədək müddətdə ümummilli lider Heydər Əliyevin Qərbi Azərbaycanda, sonradan Ermənistan SSR adlanan nominal dövlətdə yaşayan soydaşlarımızla bağlı narahatlığı, şəxsi nüfuzundan istifadə edərək onların sosial həyatının yaxşılaşdırılması istiqamətindəki fəaliyyəti əks olunur.
Daha sonra memuarda Qərbi Zəngəzurda, ümumiyyətlə, Qərbi Azərbaycanda bu ərazilərin aborigen əhalisinə qarşı bütöv bir xalqın erməni millətçiliyi ilə zəhərlənməsinin hansı fəsadlar yarada biləcəyi vurğulanır və bununla bağlı konkret faktlar xatırlanır: “1973-cü ildə “Ararat” futbol klubu çempion olmuşdu. Məşhur erməni artisti Frunzik Mkrtçyan bu münasibətlə təşkil olunan tədbirdə çıxış etdi: “Yerdən yeni bir daş çıxartdılar. O daşın üzərində “Ararat” 1974-cü ildə dünyanın ən böyük kubokunu alacaq- yazılıbmış”,-dedi və əlavə etdi: “Bilmirəm, o daşı oraya sonradanmı qoyublar, yoxsa qədim dövrlərdən qalıb?”. Salon həyəcana gələrək uğuldadı və danışanı alqışladı. Çünki Frunzik həmin sözlərlə “Erebuni-2750”yə (Guya ermənilərin 2750 il əvvəl saldığı Erebuni şəhərinə) işarə vururdu”.
Əsərdə böyük bir xalqın son 100 ildən bəri gəldiyi, son 60 ildə yazıçı-dramaturq Hidayətin də içində olduğu hadisələr faktlarla sadalanır, bu 60 ildə lideri ətrafında birləşən xalqın onun üçün hazırlanan fəlakət ssenarisindən necə çıxdığı təqdim olunur. 2020-ci ildə başlayan və 44 gün davam edən Vətən müharibədə qazanılan Zəfər məhz bu kontekstdən qəbul edilir. Kitabda 30 ilə yaxın müddətdə Ermənistanın işğalda saxladığı Şuşanın azad edilməsi ilə bağlı xəbəri xalqına Fəxri xiyabandan, ümummilli lider Heydər Əliyevin məzarı önündən çatdıran Prezident, Ali Baş Komandan İlham Əliyevin çıxışı bunu bir daha sübut edir.
Bu gün Almaniyalı jurnalist YARAT-da mühazirə deyəcək
Bu gün YARAT Müasir İncəsənət Mərkəzində almaniyalı yazıçısı və jurnalist Ştefan Vakvits kuratoru olduğu “Muzey zaman maşını kimi” (“Zeitmaschine museum”) layihəsi çərçivəsində mühazirə ilə çıxış edəcək.
Mühazirə Azərbaycan dilinə sinxron tərcümə ilə təqdim olunacaq. Mühazirə zamanı Ştefan Vakvits, müxtəlif ölkələrdə təşkil edilən fəaliyyətlər haqqında məlumat verəcək, biliklərin ötürülməsi, qabaqcıl təcrübələr və eksperimental layihələrdən danışacaq.
Qeyd edək ki, layihə 2012-2014-cü illərdə Höte İnstitutu tərəfindən müxtəlif post-sovet bölgələrində təşkil edilib.
Bu gün “Danışan gəlincik” tamaşası nümayiş olunacaq
Bu gün Şuşa Dövlət Musiqili Dram Teatrında uşaqlar üçün Abdulla Şaiqin eyniadlı əsəri əsasında hazırlanan “Danışan gəlincik” tamaşası nümayiş olunacaq.
Nağıl içində nağıl üslubu ilə davam edən tamaşanın quruluşçu rejissoru, Əməkdar artist Loğman Kərimov, rejissoru Lalə Şirinova, rəssamı Valeh Məmmədov, musiqi tərtibatçısı, Əməkdar artist Azad Məmmədovdur.
Qeyd edək ki, tamaşanın əsas süjet xəttini padşah qızı olan şahzadə xanımın ərkəsöyünlüyü təşkil edir. Bu da balaca şahzadənin digər həmyaşıdları ilə ünsiyyət qurmasında ona mane olur.
İki sərgi - biri açılıb, biri açılacaq
Öncə açılan sərgi barədə: Şirvanşahlar Sarayı Kompleksində açılan beynəlxalq müasir incəsənət sərgisi Höte İnstitutunun “İçərişəhər” Dövlət Tarix Memarlıq Qoruğu İdarəsi ilə birgə “Kappelhaus” Azərbaycan-Alman Mədəniyyət Birliyinin və PlatformART-ın təşkilatı dəstəyi ilə ərsəyə gətirilib.
Sərgi Qurban Səid təxəllüsü ilə tanınan Əsəd bəyin həyat və yaradıcılığına həsr edilib.
Sərgidə əsasən Əsəd bəyin yaradıcılığında xüsusi yer tutan həqiqət və uydurmaların bir-birinə qarışdığı “Şərqdə neft və qan” adlı tarixi-publisistik romanından ilhamlanaraq yaradılan rəsm əsərləri nümayiş olunur. “Əli və Nino” Azərbaycan — Gürcüstan məhəbbət tarixçəsinin müəllifi olan Əsəd bəy, sonralar “Qurban Səid” təxəllüsü ilə də tanınıb.
Əsəd bəy Bakıda beynəlmiləl bir mühitdə - ruslar, almanlar və azərbaycanlıların arasında böyüyüb və XX əsrin əvvəllərində şəhərdə yaşanan ilk “neft bumunun” şahidi olub: o zamanlar, dünyada xam neftin demək olar ki, yarısı məhz Bakıda hasil olunurdu. Şərqin möhtəşəmliyi kəskin sosial fərqlər, fəhlə üsyanları və inqilabi təlatümlərlə əhəmiyyətli ziddiyyət təşkil edir. Oktyabr inqilabından sonra, Bakıdan gedən yazar, müxtəlif ölkələrin sərhədlərini keçən kosmopolitə çevrilib: Mərkəzi Asiya, İran, Gürcüstan və Türkiyə onun Berlin şəhərinə gedən yolda müvəqqəti “dayanacaqlar” olub. Berlində o, İslam dinini qəbul edir, ən azı 18 kitab yazır və qısa zamanda Şərq üzrə mütəxəssis kimi tanınır.
Sərgidə əsasən Əsəd bəyin yaradıcılığında xüsusi yer tutan həqiqət və uydurmaların bir-birinə qarışdığı “Şərqdə neft və qan” adlı tarixi-publisistik romanından ilhamlanaraq yaradılan rəsm əsərləri nümayiş olunur.
Qeyd edək ki, Şirvanşahlar Sarayı Kompleksində təşkil edilən bu sərgi oktyabrın 16-dək davam edəcək.
İndi isə açılacaq sərgi barədə. Oktyabrın 17-də Azərbaycan Milli İncəsənət Muzeyində “Belçikaya komikslərlə səyahət” adlı sərginin açılışı olacaq.
Sərgi layihəsinin açılışı Belçika Krallığının Azərbaycandakı səfirliyi, Mədəniyyət Nazirliyi və Belçika Komiks Mərkəzinin təşkilatçılığı ilə keçiriləcək.
Şəkildə: “Əli və Nino”ya fotokollaj
Milli Məclisdə Gürcüstan parlamentinin Mədəniyyət komitəsinin sədri ilə görüş olub
Oktyabrın 12-də Milli Məclisin Mədəniyyət komitəsinin üzvləri Gürcüstan parlamentinin Mədəniyyət komitəsinin sədri Eliso Bolkvadze ilə görüşüblər.
“Ədəbiyyat və incəsənət” portalı Azərbaycan parlamentinin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən bildirir ki, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva qonaqları salamlayaraq, Azərbaycan və Gürcüstan arasındakı tarixi dostluq, qardaşlıq və mehriban qonşuluq münasibətlərindən söz açıb. O, ulu öndər Heydər Əliyev və onun siyasətini bu gün davam etdirən Prezident İlham Əliyev tərəfindən iki ölkə arasındakı münasibətlərə, əməkdaşlığa, dostluğa hər zaman böyük önəm verildiyini bildirib.
Söhbət zamanı Qənirə Paşayeva Ermənistanın işğalından azad edilmiş Azərbaycan torpaqlarında tarixi, mədəni və dini abidələrin erməni vandalizminə məruz qalmasından danışıb, bu cür vandalizmə qarşı səylərin birləşdirilməsinin əhəmiyyətinə toxunub. O, iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlığın dərinləşdirilməsi üçün böyük potensialın mövcud olduğunu bildirib, bu istiqamətdə birgə layihələrin həyata keçirilməsi, Azərbaycan və Gürcüstan mədəniyyətlərinin qarşılıqlı təbliği və tanıdılması ilə bağlı qeydlərini diqqətə çatdırıb.
Gürcüstan parlamentinin Mədəniyyət komitəsinin sədri Eliso Bolkvadze Azərbaycanda olmaqdan məmnunluğunu ifadə edərək, ölkələrimiz arasında mədəniyyət sahəsində münasibətlərə diqqət çəkib. Qonaq rəhbərlik etdiyi komitənin mədəni əlaqələrin daha da inkişafında maraqlı olduğunu və Azərbaycanla əməkdaşlığa önəm verdiklərini qeyd edib. O, dünyanın bu gərgin dövründə mədəniyyətlərin sülhə verə biləcəyi töhfələr, bu istiqamətdə UNESCO-nun rolu və Azərbaycanın Birinci vitse-prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın nümunəvi fəaliyyəti barədə fikirlərini bölüşüb.
Sonra Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Arzu Nağıyev, deputatlar Razi Nurullayev, Ülviyyə Həmzəyeva, Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze mədəniyyətlərin qarşılıqlı təbliği, Azərbaycan və gürcü dillərinin məktəblərdə tədrisi məsələləri, parlamentlərimiz arasında əlaqələrin daha da inkişaf etdirilməsi barədə fikirlərini səsləndiriblər.
Görüşdə tərəfləri maraqlandıran digər məsələlər də müzakirə olunub.
Şikayətlərə baxılıb
Cari ilin 7 və 10 oktyabr tarixlərində Mədəniyyət Nazirliyinin 20 aprel 2022-ci il tarixli 119-f nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu Qaydaları”nın 5.8-ci bəndinə əsasən yaradılmış Komissiya tərəfindən 2022/2023-cü tədris ili üçün uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu ilə bağlı keçirilmiş müsabiqənin müsahibə mərhələsinin nəticəsinə yenidən baxılması ilə bağlı müraciət etmiş namizədlərin şikayətlərinə baxılmışdır.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, ümumilildə müsahibə nəticəsinin yenidən araşdırılması ilə bağlı Nazirliyə 22 nəfərin müraciəti daxil olmuşdur ki, onlardan 19 nəfərinin müraciətinə Komissiya üzvlərinin iştirakı ilə baxılmışdır. 3 nəfər isə şikayətləri ilə bağlı Komissiya tərəfindən təyin edilmiş iclasda iştirak etməkdən imtina etmişdir.
Şikayətçilərin və dəvət edilmiş ekspertlərin iştirakı ilə müvafiq müsahibələrin videoyazıları təhlil edilmiş və müsahibələrin nəticəsi barədə Komissiya tərəfindən yekun qərarlar qəbul edilmişdir.
Komissiyanın qərarlarına əsasən 6 nəfər - Hüseynli-Babayeva İradə Ramil qızı (fortepiano), Rəhimli Esmira Kərim qızı (fortepiano), Parlanzadə Kamal Əfqan oğlu (tar), Əliyeva Fidan Vüsal qızı (violin), Əbdülqasımova Lalə Elman qızı (musiqi nəzəriyyəsi) və Asalıyeva Anelya Nizami qızı (musiqi nəzəriyyəsi) müvafiq ixtisaslar üzrə vəzifəyə uyğun hesab edilərək şikayətləri təmin edilmişdir. Nazirliyin ehtiyat kadrlar siyahısına əlavə edilən həmin namizədlərin tədris ili ərzində müvafiq vakant vəzifə yaranacağı təqdirdə onların razılıqları ilə həmin vəzifələrə təyin edilməsi nəzərdə tutulur.
Şikayətləri təmin edilməyən namizədlərin müsabiqənin test mərhələsində göstərdiyi nəticələr 2 il müddətində qüvvədədir. Həmin müddət ərzində onlar nəticələrinə uyğun olaraq məktəb və mərkəzlərdə müəllimlərin işə qəbulu ilə əlaqədar təşkil ediləcək müsahibələrdə birbaşa iştirak edə bilərlər.
“XAZART” incəsənət simpoziumu keçirilib
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, “Leyla Khazary ArtGallery” və “Qalaalti Hotel & Spa”nın təşkilatçılığı ilə 2022-ci il 07-15 oktyabr tarixlərində “XAZART” incəsənət simpoziumu keçirilir.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, simpoziumda rəssam və incəsənətin müxtəlif sahələrinə aid sənətkarlar iştirak edir.
“XAZART” incəsənət simpoziumunun məqsədi ictimaiyyət nümayəndələrinin iştirakı ilə təsviri incəsənətdə müasir tendensiyaları müəyyənləşdirmək, geniş tamaşaçı kütləsi arasında müasir rəngkarlığı təbliğ etməkdir. Simpoziumda hər rəssam öz dünyasını, öz görüşünü gətirərək auditoriyanı, tamaşaçıları öz yaradıcılığı ilə tanış edir və rəngkarlığın müxtəlif istiqamətlərinin təqdim edir, abstrakt və klassik əsərləri nümayiş olunur.
Simpoziumun təşkilatçısı “Leyla Khazary ArtGallery” rəssamların yaradıcılığını təbliğ etmək, fərdi sərgilər təşkil etmək, incəsənət haqqında sənədli filmlər nümayiş etdirmək, təsviri sənət ustalarının çıxışlarını, tematik sərgiləri təşkil etməklə Azərbaycanın incəsənət və qalereya işi aləmində bir çox yeniliklərin yaradıcısı və təşəbbüskarı kimi çıxış edir. Qalereya rəngkarlığı təbliğ etməkdən əlavə onlayn-şoular, konfranslar və hərraclar, rəsm kursları və mühazirələr təşkil edir.
Simpoziuma Azərbaycanın hüdudlarından kənarda da tanınan və sevilən sənətkarlar, eləcə də ustad rəssamlar Anar Hüseynzadə, Anar Yolçuyev, Diana Əliyeva, Eldar Babazadə, Elnur Mahmudov, Əbülfəz Fərəcoğlu, Fərhad Yalquzaq, İnna Kostina, Mir Azər Abdullayev, Rafail Əliyev, Erkin Ələkbərli, Təranə Seid, Zöhrab Salam-zadənin dəvət edilib.
“XAZART” incəsənət simpoziumu bölgələrdə bədii həyatın canlanması, yerli istedadların yaradıcılığa həvəslərinin artırılması, paytaxtla əyalət arasında yaradıcılıq münasibətlərinin təkmilləşdirilməsi məqsədi ilə keçirilir.
Rəssam Demyen Hirst 4000-dən çox əsərini yandırdı
Britaniyalı rəssam Demyen Hirst Bulqakovun “əlyazmalar yanmır” formulasının əksini sübut edərək 4000-dən çox işini yandıraraq özünün “Valyuta” adlandırdığı performansını nümayiş etdirmişdir. O, bu işləri rəqəmsal NFT identifikator şəklində satdıqdan sonra yandırmışdır. O demişdir: “Mən bilirəm ki, əsərləri yandırmaq olmaz. Amma bu, mənim başladığım işin tərkib hissəsi olduğundan buna məcburam”
Haqqında söhbət gedən "ləkəli rəsmlər" alıcıların seçim etməsi şərti ilə satılırdı: kağız versiyanı saxlamaq və ya NFT-ni qorumaqla kağız versiyaları yandırmağa imkan vermək.
“Ədəbiyyat və incəsənət” portalı Euronews-a istinadən xəbər verir ki, "Valyuta" layihəsi çərçivəsində işlərin dəyəri 2000 avrodan başlayırdı, baxmayaraq ki, adətən Hirstin əsərləri daha bahalıdır, bəzilərinin qiyməti hətta milyonlarla məbləğlə hesablanır.
Alıcıların yarıdan çoxunun qərarı özlərinə fiziki – yəni real şəkilləri götürmək oldu.
Əsərlər Londonda, Nyuport Street qalereyasında nümayiş etdirilirdi və onlardan 4,851-i oktyabr 12-də Frieze Londondakı retrospektivləri zamanı yandırıldı.
SənətşünasKerolaynQoldşteyninqeydetdiyikimi,"Valyuta"rəqəmsalincəsənətinyenidünyası ilə köhnə, ənənəviHirsttəcrübəsiarasında sərhədyaradıbvə art-bazaranəyindahaqiymətliolduğunuhəlletməyitəklifedib.
Müasir incəsənət bazarında incəsənət aktiv kimi satılır və maliyyə aləti kimi nəzərdən keçirilir. NFT - ticarət mövzusu ola biləcək yeni bir aktiv növüdür. Onların yaradılması prosesinə xas olan enerji onları ətraf mühitə zərərli təsirlərinə görə bədnam etmişdir.
İnstagramda Hirst postuna işlərin yandırılması ilə bağlı bir çox şərhlər tənqid kimi səslənir: "Nəticədə, bütün məsələ puldadır", - istifadəçilərdən biri yazır. "Kolleksiyadan qalan karbon qazı izini maksimum dərəcədə artırmaq üçün maraqlı bir strategiyadır", - başqa bir istifadəçi yazır.
Əməkdar artistin vəziyyəti ağırdır: Barmaqları amputasiya olundu
“Dədə" ləqəbi ilə incəsənət aləmində məşhurlaşan Əməkdar artist Suleyman Abdullayevin səhhəti ağırlaşıb.
“Ədəbiyyat və incəsənət” bizim.media-ya istinadən xəbər verir ki, bu barədə "Günün sədası" səhər şousunda videosüjet yayımlanıb.
83 yaşlı sənətkarın qızı Aygün Abdullayeva atasının səhhətinin pis olduğunu açıqlayıb.
"Atam ağır vəziyyətdədir. "Qanqrena"dan əziyyət çəkir. Həkimlərimiz sağ olsun, qayğılarını əsirgəmirlər. Beş gündür ki, o, ağrıkəsicilərlə yaşayır. Vəziyyəti çox pisdir. Biz də onun övladı olaraq çox əziyyət çəkirik. Atamızı heç zaman belə görməmişik. Atam xalqımızın çox dəyərli sənətkarı olub.
Buna görə də, o, "Dədə" adını qazanıb. Atamın ürək fəaliyyətində çox ciddi problemlər var. Həkimlərin qoyduqları diaqnoza görə, sənətkarın ürəyinin yalnız 30 faizi fəaliyyət göstərir, böyrəklərindən biri işləmir, qaraciyərində çox ciddi problemlər var. Amma həkimlər müalicələri dayandırmağı məsləhət görüblər. Həkimlər bu xəstəliklər qarşısında acizdirlər. Çünki əllərindən gələn hər şeyi ediblər.
Bir il bundan əvvəl avqust ayında, atamın ayağının baş barmağında qanqrena başladı. Amputasiya olundu. Bir il keçəndən sonra bu avqust ayında "çeçələ" barmağı qaralmağa başladı. Onu da amputasiya etdilər.
Amma ayağı çox pis vəziyyətə düşdü. Həkimlər elə bir nəticəyə gəldilər ki, yaş həddinə görə, daxili orqanlarında ciddi problemlər olduğuna və hətta ciyərlərinə yığıldığına görə heç cür riskə gedə bilmədiklərini söylədilər. Məhz buna görə, atam hazırda bu vəziyyətdədir. Əvvəldən atam şəkər xəstəsi olub", - deyə A.Abdullayeva bildirib.