
Super User
Klassik uşaq ədəbiyyatından seçmələr – ABDULLA ŞAİQ, “Qızıl gül”
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində Uşaq saatı davam edir. Bu gün sizlərə Klassik uşaq ədəbiyyatından seçmələr sırasından Abdulla Şaiqin “Qızıl gül” əsəri təqdim ediləcək.
Qızılgüləm, qızılgül,
Məni sevər hər könül.
Yaşıldır incə belim,
Qızıldandır hər telim.
Səhər erkən açaram,
Gözəl qoxu saçaram.
Ətrim tutar hər yanı,
Mənim kimi gül hanı?
Mən əllərdə gəzərəm,
Süfrələri bəzərəm.
Mənəm gözəl qızılgül,
Sən ey qönçəm, açıl, gül.
“Ədəbiyyat və incəsənət”
(07.05.2024)
Gəncə Dövlət Filarmoniyasında “Urbanda görüşərik” layihəsi davam edir: ƏHMƏD CAVAD
Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, maarifçi və ictimai xadim Əhməd Cavadın anadan olmasının 132-ci ildönümünə həsr olunmuş "Qiraət axşamı" keçirilib.
“Ədəbiyyat və incəsənət” portalına Filarmoniyadan verilən məlumata görə, tədbir Azərbaycan Respublikasının Dövlət Himinin səslənməsi ilə başlayıb. Gecənin aparıcısı Xuraman Ağayeva qonaqları salamladıqdan sonra Azərbaycanın azadlığı və suverenliyi uğrunda canından keçən şəhidlər 1 dəqiqəlik sükutla yad edilib.
Tədbirdə AMEA-nın Gəncə bölməsinin Nizami Gəncəvi Mərkəzinin direktoru Əlimuxtar Muxtarov, Gəncə Dövlət Universitetinin Azərbaycan və Dünya Ədəbiyyatı kafedrasının müəllimi Vüsal Hicran Əhməd Cavadın həyat və yaradıcılığı haqqında məlumat verib.
Gecədə qiraətçilər İmamverdi Vəliyev,Lalə Həsəncan, Xalidə Nəbiyeva, Məhəmməd Hacıyev iştirak ediblər.
Sonda Xalq Artisti Sevinc İbrahimovanın "Çırpınırdı Qara dəniz", Əməkdar artist Tural Abdullayevin ifasında "Şükriyyə"mahnısı və gənc vokalçılar Qaya Nəsibzadə, Fidan Məmmədzadənin ifaları tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.
“Ədəbiyyat və incəsənət”
(07.05.20240
Şəhidlər barədə şeirlər – Camal Əliyev
“Ədəbiyyat və incəsənət” portalı Azərbaycan Yazıçılar Birliyinin üzvü Coşqun Xəliloğlunun “Şəhidlər barədə şeirlər” silsiləsini təqdim edir. Bu gün Camal Əliyevə həsr edilmiş şeirlə tanış olacaqsınız.
CAMAL XALİQ OĞLU ƏLİYEV
(11.08.1993.-03.11.2020.)
Bakı şəhərinin Sabunçu rayonunun Bakıxanov qəsəbəsində doğulmuş, əslən Tovuz rayonundan olan, 74 nömrəli tam orta məktəbin və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin məzunu, Qarabağın azad edilməsi uğrunda Vətən müharibəsi şəhidi
Şəhid olduğu yer: Xocavənd
Dəfn yeri: Bakı, Bakıxanov qəsəbəsi Şəhidlər Xiyabanı
VƏTƏNƏ LAYİQ OĞUL
Bizi qalib xalq edən,
Bizə yaşadan zəfər,
Torpaq-namus uğrunda
Göstərən mərdlik, hünər,
İgidlər nə qədərmiş,
Hərəsi bir qəhrəman,
Onlar sənin övladın,
Xoşbəxtsən, Azərbaycan.
İgidlərdən birini
Tanıdıram, Camaldı,
Onu elə sevdirən
Saf əməldi, amaldı.
Əslən Tovuzdandılar,
Sabunçuda doğulub,
Mayası halallıqdan,
Təmizlikdən yoğrulub.
Məktəbdə dərslərindən
Yalnız alırdı əla,
Əsil insan odur ki,
Halallıqla ucala.
Energetik olmaqçın
Camal verdi imtahan,
Necə də bəxtiyardı
Tələbə olan zaman.
Məşhur ali məktəbdə
Oxudu, aldı təhsil,
Bu sehirli aləmdə
Mənalı keçdi dörd il.
Məzun oldu, sevindi,
“Azərsun”da çalışdı,
İşçilərlə dost oldu,
Tez qaynayıb-qarışdı.
Vətən dərdli olanda
Qəlbən gülməz övladı,
Vaxtdır torpağımızdan
Qovmalıyıq biz yadı.
Payız yenicə gəlib
Çatıb qisas məqamı,
Düşməndən almalıyıq
Biryolluq intiqamı.
Camal da öz adını
Yazdırdı ordumuza
İnşallah, zəfər gələr
Tezliklə yurdumuza.
Sevincdən quştək uçdu
Döyüşə yollananda,
Ayaq izləri qalıb
İndi neçə ünvanda.
Budur üz-üzə gəlir,
Bir bax, mələk şeytanla,
Düşmənləri məhv edir
Camal minaatanla.
Bir od parçası imiş,
Özü dönüb atəşə,
Yalançı “qəhrəmanlar”
Bir-bir dönürlər leşə.
Onun hünərin görüb
Dostları sevinirdi,
Deyirdilər ki, Camal
Cəsarətdə bir şirdi.
Döyüşdü Xocavənddə
Qırpmadan gözlərini,
Şəhid olan zamanı
Dedi son sözlərini:
-Anam-atam, var olun,
Qəm yeməyin, şəhidəm,
Vətənimin adına
Layiq oğul, igidəm.
Düşmənin ürəyinə
Çəkdim sağalmaz dağı,
Yurdum nur saçacaqdır,
Söndü düşmən çırağı.
“Ədəbiyyat və incəsənət”
(07.05.2024)
İntizar ədəbiyyatı - Mədinə Gülgün, "Bilər"
Təqdim edir: Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”
Həsrət ağrısını, vüsal qəmini
Ayrılıq oduna yananlar bilər.
Dənizdə qərq olan tənha gəminin
Tənha fəryadını ümmanlar bilər.
Mənə söyləməyin, az alışıb-yan,
İnanın daşı da ağladar hicran.
Dağların ahıdır o çən, o duman,
Dağların dərdini dumanlar bilər.
Məni sorğulara tutma sən əbəs,
Arzumu qəlbimdə, baxışımda gəz.
Könlümü hər naşı oxuya bilməz,
Onu dünyagörmüş insanlar bilər.
“Ədəbiyyat və incəsənət”
(07.05.2024)
EKSPRESS-SORĞU - Şopenlə və qeyriləri ilə görüşmək istəyərdim
Təranə Dəmir, “Ədəbiyyat və İncəsənət"
Bu dəfəki EKSPRESS-SORĞUnun sualı adamı bol-bol düşünməyə və olduqca maraqlı cavablar verməyə vadar edir.
Dünyasını dəyişmiş hansı məşhur şəxslə görüşmək istəyərdiniz?
Onun hansı əməli, hansı işi sizi bu qədər təsirləndirib ki, məhz onu görmək istəyirsiniz?
Ondan hansı sualınıza cavab almaq istəyərdiniz?
MƏNİM CAVABIM:
Dünyasını dəyişmiş çox məşhur şəxslərlə zamanında görüşmək istəmişəm. Məsələn Şopenlə.
Ardını gətirim ki, Nəsibə Zeynalova, Emin Sabitoğlu, Əlibala Hacızadə, Salam Qədirzadə, İlhamə Quliyeva, Bethoven ilə… Siyahını istədiyiniz qədər uzatmaq olar. Yəni hamısı ayrı-ayrılıqda sevdikləri işin qulpundan yapışıblar. Yaratdıqları da sevgidən yoğrulduğu üçün mükəmməl alınıb və yaddaşımda dərin iz buraxıblar.
Onlara sualım bu olardı : " Xoşbəxtsizmi" .
“Ədəbiyyat və incəsənət”
(07.05.2024)
Ruslan Dost Əlinin sevdiyi şeir
Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”
Bu dəfə " Sevdiyin şeiri gəl mənə söylə" rubrikasının qonağı "Göy üzünü bir günlük kirayə istəyirəm" - söyləyən gənc şairimiz Ruslan Dost Əlidir.
Xoş gördük, Ruslan bəy. Bilirik ki, şairlər sözlərdən poeziya ocağı qalayanlardır. Dünyanı dərininə elmlə öyrənirik, amma dünyanın incəliyini duymaq üçün poeziyanı hiss etmək lazımdır.
Ruslan bəy, elə bu an üçün söyləsək ki, "Sevdiyin şeiri gəl mənə söylə" bizə hansı şairdən şeir söyləyərsiniz?
-Mənim üçün şeir İlahi nəsnədi. İlahidən qeyri heç bir qüvvə onu yaratmaq gücünə, sehrinə malik deyil. Demək olar, bütün şeirlərimdə bunu hiss eləmişəm - bu hissi yaşamışam... Elə paylaşmaq istədiyim bu şeirimi də İlahi yaradıb - göndərib, yazdırıb...
Gəlin, onu dinləyək...
Qoy İlahi şeirlərin sayı çox olsun...
siz heç nə bilmirsiz, heç nə bilmirsiz,
mən adam deyildim, adam deyildim.
hara and içim ki, inanasınız.
hardasan, səhərdən səni gəzirəm,
hardasan, bir topa, bir əlçim bulud!
həmişə sən yağırdın, biz islanırdıq,
bu dəfə mən yağdım, di gəl çim, bulud.
yağdım ağaclara, yağdım quşlara,
damdım bu evlərin damınnan, di gör.
bir adam sənintək yağmaqdan ötrü,
gör, nətər keçirmiş canınnan, di gör.
yağdım, bu kəndi də sel-su apardı,
gördüm ki, atama söyür adamlar.
ay bulud, mən tanrı qapısıyammı,
məni harda tutdu döyür adamlar.
nə qədər istəsən yağım başından,
utanma, utanma, dur, gəl, çim, bulud.
yağmaq nə gözəlmiş, ah, nə gözəlmiş,
ay bir topa bulud, bir əlçim bulud.
azca yağ dedilər, söydülər məni,
mən bu yer üzünə boşuna gəldim.
deyəsən, bir tanrı üzümə baxdı,
deyəsən, bir onun xoşuna gəldim.
dedim, mənə dəymə, yağım, yaşayım,
qoy hamı öyrənsin sulu qalmağa.
gördüm ki, bir yetim uşaq titrədir,
dayandım, yollandım günəş olmağa...
gördüm ki, quruyur bütün ağaclar,
gördüm ki, adamlar su axtarırlar.
gördüm, sususzluqdan ölür adamlar,
bir qurtum suyu da bölür adamlar.
...özün bil, özün bil, özün bil, bulud.
daha mən yağmıram, di get, öl, bulud.
baxdım buludların o nəm cildinə,
günəşə boylandım, baxa bilmədim,
qayıtdım, qayıtdım adam cildinə...
“Ədəbiyyat və incəsənət”
(07.05.2024)
“İnsanları öldürən qorxulardır…” - Güneydən AYNAR TƏBRİZLİnin şeirləri
Təqdim edir: Əli Çağla, “Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan təmsilçisi
1.
Həyətdə kölgəmə qılınc atır birisi
Qanı içimə damılır mənim...
Yuxudan atılıram...
Adamlar yerə atılırlar sümüklərimin yorğun binasından...
Ayağıma dolaşır
Qıçlarımdan, belimdən, boynumdan yuxarı gedir saçımın buruqluğu...
Rəngim qaçır...
Rəngi qopuq divarlara bənzəyirəm get-gedə
Yediyim işarə barmağımın dərisi ilə
Soyulur bütün varlığım.
Silinirəm
Toxunduğum bütün əşyaların barmaq izlərindən
Əllərimin hafizəsindən silinirəm yavaş-yavaş
Kimliyimdən
Ailə tabutumuzu kefsizlədən iradi
Gülüşlərimdən.
İtirmişəm əllərimi!..
Barmaqlarım piyanoda qalıb...
Əllərim işdə qalıb...
Bu bədəndə başqa insanlar yaşayırmış görən?
Üzümü çimdikləyirəm ki, inanam diriyəm hələ...
Kədərliyəm
Kədərliyəm ki, heç bir qucağa qırılmadı düymələrim
Buraxın unudum tənimdə göynəyən qopuq qanadlarımın yerini...
Buraxın unudum özümü...
Yerimin hara olduğu da bəlli olmasın...
Yaxamdan əl çəkin
Susun soyuq divarlar!
Mat baxış, quru gülüşlərinizdən zəhləm gedir...
Birisi otağıma girir
Deyir ki,
İxtiyarsız işəmək
İradi gülüşlərin etkisidir!
2.
Qanlı bıçağı dənizə atar
Barmaqlarını qoxulayar bənd-bənd
Əski albomları, kitabları zibil qabına atmadan
Öncə doya-doya baxıb əzbərləyər onları...
Qarlı axşamlarda əlvida deyib taksilərdə düşürər ruhunu
Ancaq yenə də sevişər soyuq röyalarla...
Evə dönər...
Kirli xatirələri suya çəkər qab-qaşıqla birlikdə
Yaşadıqları film kimi pərdəyə enər!
Ölüm qorxuların aynasıdır
Bütün xarakterlərin sonuncu sekansı!
"İnsanları öldürən qorxulardır" - deyir.
3.
Danış mənə
Qışın amansızlığında
Ayaqqabıların necə daşıyır gövdənin ağırlığını
Hansı paltonla şaxtadan qoruyursan darıxmanı?
Hansı uçaqlara gec qalırsan
Özündən qaçmaq üçün?
Əllərin cibində hansı baharı düşünürsən?
Düşüncələrin evinizə sığmayan neçənci uşaqsan?
Söylə! Uca boyluqda neçə bacı-qardaşsınız?
Yabancıları nə ilə qandırırsan yalın ayaqlı gedişini
Kibrit çəkdiyində nə şəkilə düşür kimliyin?
Getmək zorundasan, bilirəm
Əslində bu məmləkət daşıya bilmir səni!
Yazdığın dəniz şeirlərinə balıqsızdır Təbriz
Sevgiyə yazdığın şeirdə boğulur qadınlar...
Söylə Səmədin qara balığını
Hansı bankada üzdürürsən?
4.
Nə olar doktor
Bunlara inandır ki,
Xəstə deyiləm!
İnandır ki, skripka səsi yaranır
Tavanda cızdığım dırnaqdan!
İnandır ki, tabloların arxasını söküb içinə girməyim normaldır
İnandır ki, sadəcə albomlarda xoşbəxt yaşayır insanlar
Doğru həyatda deyil...
İnandır ki, pəncərədən dışarı qovduğum
Canavar doğal kölgəmdir
Gecələr boğazıma caynaq atan anormal qorxudur kölgəm...
Doktor, hər gün birini öldürürəm beynimdə
Əl-ayağını sapa düzürəm
Boynumdan asıram bənd-bənd...
İnandır ki, bacarıqlıyam
Tavana dayandırıb nəfəsim dayanana qədər özümü xır-xıralamaqda...
İnandır ki, öz ovcumda ölə də bilərəm...
Bilirsən
Cib telefonuma zəng açıb özümlə savaşmağımı ciddiyə almırlar...
Bədənimi qaşındıran allergiya deyil
Bu bir adsız dəri xəstəliyidir
Onu soymaq, şəritə sərmək gərəkdir...
De bilsinlər ki, yatağım qorxuncdur
Saqın girməsinlər otağıma!
İnandır ki, üşüyəndir
Yatağımda yatan boşluq
Yorğansız qaldığında
Dişi dişinə dəyir..
Nə olar doktor bunlara anlat
Yatağımdakı canavar mənəm...
5.
Unut məni
Fərz et gecələrində gözlərinə dolan acı yuxudaydım!
Unut məni, hər gün məscidlərdən dışarıya atdığın mürgülü əyyaşlığın kimi
Saqqalını oxşayaraq neçə qadını öpdüyünü belə xatırlamadığın kimi...
Hər sabah fərqli çiçəkli donlarla
Balaca balkonumuzda azan səsi ilə oyandığını
Sənə çay süzdüyümü...
Səni görcək üzümə dolan təbəssümü...
Dodaqlarıma çəkilən qırmızı pomadamı gözəllədən üzümdəki qara xalımı...
Anladım bunlar da yetməyir sənə!
Unut
Sənin üçün paltarlarıma sıxdığım odekolonu...
Qorxaq gözlərimlə, sevirəm söylədiyimi
Telimi qulağımın dibinə vurub şirin yalanlarına aldandığımı...
Güzgü qarşısında oturub
Hər gün qıvrım saçlarımı sən sevdiyin rənglərə boyayıb
Özümü qoynuna aldığın qadınlara bənzətdiyimi də unut.
Heç sevilmədiyimi unut!
Onlara darıxdığında inad edib
Mətbəxdəki bardaqların səslərinə
Dilimin altında sevdiyim mahnını mırıldanmağımı da unut...
Yatağına ölü düşən qadın ruhumu
Göylün olmadan sevişdiyimiz gecələrdə
Qıçlarımdan ayaq barmaqlarıma sızan sərin qanımı
Ovuda bilmədiyin yalqızlığımı
Bağrına basmadığın ağ gövdəmi unut...
İndi alnına bir öpüş
Adına söyüş deyirəm sevginin!
Bilirəm
Yoxluğum darıxdırmır səni!
Nə çoxdur səni sevənlər
Alnının damğası etibarındır!
“Ədəbiyyat və incəsənət”
(07.05.2024)
Və mən onu hələ də sevirdim...
Leyla Səfərova, “Ədəbiyyat və incəsənət”
Gözlərinə baxanda, o danışanda üzümə yayılan o mənasız gülüşü "Sevgi nədir?" sualına cavab sayırdım. O mənim sevgimi zəif, acizcə görəndə belə, ruhu ruhumdan qaçanda belə, hətta məndən xəbərsizkən də mən onu sevirdim.
Sevirdim... Mən onu ən sevdiyim filmi izləyərkən sönən işıqlara rəğmən həvəsdən düşmədən "görən davamında nə olacaq, tez işıqlar yansaydı.." deyə həyəcanla, hər gedişinin dönüşünü gözləyirmişcəsinə sevirdim.
Düşünəndə ki, o məni cəhənnəm əzabına sürükləyəcək yeganə vasitədir, buna rəğmən hələ də onu sevirdim. Bir sərxoşun içkiyə olan məftunluğu, ya da "siqaret məni sakitləşdirir" deyə bəhanələr uyduran hərkəsin o içindəki dərd qədər sevirdim.
Ona bir etirafım var, mən ona yalan dedim. Mən onu içimdə heç öldürməmişəm. Mən bütün çətinliklərə rəğmən, intahar istəyimə rəğmən içimdəki o xırda ümidtək qoruyub saxlayırdım. Və mən onu hələ də sevirdim...
“Onu sevərkən özümü tanıyır, onu sevməkdən özümü unudurdum”.
Mən onu sevirdim. Könlüm boş işlərə həvəsli, həyatım nəfəs ala bilməyəcək qədər doluykən də sevirdim. Mən onu hələ də sevirdim. Və o... O sən idin... Sən mənim göyqurşağında qaraya da yer var deyərkən düşündüyüm qara idin. Güllər yetişdirir deyə sevdiyim torpaq idin. Sonda isə mənə məzar oldun...
Sən ölüm idin, mənsə hər şeyə rəğmən rəqs edən həyat. Artıq mən sadəcə məzar daşlarındakı rəngsiz şəkillər idim... Amma mən yenə də səni sevirdim...
“Ədəbiyyat və incəsənət”
(07.05.2024)
Şəhid övladları üçün “Bilimdən Zəfərə” layihəsi həyata keçirilib
Mingəçevir şəhərində “YAŞAT” Fondunun, “ASAN xidmət”in, "İnnovasiyalar Mərkəzi"nin, “Bilim Bakı” mərkəzinin birgə təşkilatçılığı, Mingəçevir Şəhər İcra Hakimiyyətinin və "ASAN Könüllüləri" Təşkilatının dəstəyi ilə “Bilimdən Zəfərə” layihəsi baş tutub.
Bu barədə “Ədəbiyyat və incəsənət” portalına “ASAN xidmət”dən məlumat verilib.
Layihə Mingəçevir, Tərtər, Ağdaş, Bərdə, Goranboy, Göyçay, Kürdəmir, Ucar, Yevlax rayonundan olan 6-14 yaş aralığındakı 70-ə yaxın şəhid övladını əhatə edib. İştirakçılara riyaziyyat, dizayn, təbiət elmləri, texnologiya, astronomiya sahəsində müxtəlif təlimlər, ustad dərsləri keçirilib, proseslərin vizual izahı üçün müşahidələr və təcrübələr aparılıb. Həmçinin maarifləndirici, intellektual oyunlar reallaşdırıb, “Bilim şou” nümayiş etdirilib.
Məqsəd uşaqların elmə, innovasiyaya və texnologiyaya marağını artırmaq, elmi hadisələrin təcrübədə necə işlədiyini müşahidə etmələrinə imkan yaratmaqdır. Eləcə də onların istirahət günlərinin səmərəli təşkili və dostluq əlaqələrinin möhkəmləndirilməsi əsas hədəflərdəndir.
Sonda layihə iştirakçılarına sertifikatlar təqdim olunub.
“YAŞAT” Fondu tərəfindən mütəmadi olaraq maarifləndirici layihələrin həyata keçirilməsi nəzərdə tutulur.
Baş sponsor: “Azərkontrakt” ASC
Media dəstək: “ASAN TV” və “ASAN Radio”
“Ədəbiyyat və incəsənət”
(06.05.2024)
Bərdədə yaşayıb yaradan Arzu Yaqublunun ilk kitabı çıxdı
Könül, “Ədəbiyyat və incəsənət”
Sizləri mütəmadi olaraq ölkə nəşriyyatlarında çıxan kitablarla tanış edirik. Bu dəfə mənim diqqətimi cəlb edən “Elm və təhsil” nəşriyyatında Bərdə şəhərində yaşayıb yaradan Arzu Yaqubqızının şeirləri toplanmış ilk kitabının işıq üzü görməsi oldu.
“Nağıl kəlağayım, sirr kəlağayım” kitabı Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin dəstəyi ilə çap olunub. Kitabın redaktoru və ön söz müəllifi İctimai Birliyin sədri, şəxsi Kəlağayı Muzeyinin direktoru, şair, publisist Güllü Eldar Tomarlı, məsləhətçisi tanınmış Əmək qəhrəmanı, Prezident təqaüdçüsü Tərlan Musayevadır.
Fürsətdən istifadə edib Güllü Eldar Tomarlıya müraciət edərək yeni kitab barədə aşağıdakı bilgiləri əldə etdim:
“Arzu Yaubqızının şeirləri mövzu rəngarəngliyi ilə seçilir, şair xanımın vətəndaşlıq mövqeyinin, Vətən, torpaq, el-obaya, milli dəyərlərə sevgisinin aydın təcəssümüdür. İkinci Vətən müharibəsinin ağrı-acılarıını, qələbə sevincini poetik dillə təqdim edən ədəbi nümunələrdə - “Bayrağa bürünən şəhid”, “Bir şəhidin qadını”, “Şəhid övladı”, “Şəhidlər anası”, “İtkin şəhid anası”, “Şəhid qadını”, “İki şəhid bacısı”, “Şəhid atası”, “Qazi qardaş” və digər bu sayaq şeirlər oxucuya kövrək duyğularla yanaşı, qürur, zəfər sevinci yaşadır.
Şəhid anasının, atasının, qadınının, bacısının keçirdiyi hisslər, zəfər sevinci kövrək və lirik notlarla qələmə alınmışdır. Onun vətənpərvərlik hisslərinə köklənmiş şeirlərində Azərbaycan əsgərinə, Ali Baş Komandana minnətdarlıq duyğuları hakimdir. Axı Azərbaycan əsgəri Vətənin xilaskarıdı, başımızı ucaldandı, üzümüzü ağ edəndi.
Arzu xanım milli ruhlu, milli düşüncəli söz adamıdır. Onun şeirlərində kimliyimiz, türklüyümüz, milli mənəvi dəyərlərə sayğımız ana xəttdir. Arzu xanımın qədim milli baş örtüyümüz kəlağayıya sevgisi kəlağayı silsiləsindən ibarət şeirlərində həssas yanaşma ilə təqdim olunur. Bu şeirlərin qayəsi mənəvi saflıqdır. Kəlağayını Türk xanımlarının abır-həya, qeyrət, ismət, gözəllik və yaraşıq rəmzi kimi vəsf, təbliğ edən şeirlər milli mənəvi düşüncələrdi. “Kəlağayılı ana, şəhid anası, “Bir qadın”, “Kəlağaylı gözəlim”, “Azərbaycan gözəli” və digər şeirlər bu qəbildəndi”
Güllü Eldar Tomarlı kitaba ön sözündə yazır: “Arzu xanım barışçı və savaşçı Türk qızıdır. Onun kövrək qəlbi insanlığa qənim kəsilənlərə qarşı barışmazdır. Bu mübarizədə uduzmaq ona yaddır. Nə osun ki, bəzən sinəsindəki həsrət neyi ilə nisgilini çalır. Onun nisgili də, həsrəti də üsyankardı. İlahi kədəri könül çırpıntılarını sözə çevirməyə kömək edir”.
Arzu Yaqubqızı sözə həssaslıqla yanaşır, fikirləri mənalıdır, müraciət etdiyi mövzuların dərinliyinə nüfuz edə bilir. Onun üçün “sözlər dil körpüsüdür, söz ömründə başdı hələ. İlhamı qocalmır, ruhu susmur”.
Şair xanım sözün nahamar yollarında uğurlu söz axtarışındadır. Axtaran tapar...
“Ədəbiyyat və incəsənət”
(06.05.2024)