Yusif Alıyev,
ADPU-nun Quba filialının direktoru. “Ədəbiyyat və incəsənət” üçün
12 yaşım olardı, sovxozun qoyun sürüləri məhsulu yığılmış üzüm tənəklərindəki yarpaqları yemək üçün kəndə gətirilmişdi. Hər il olduğu kimi bu il də çobanların binəsinə gedib onların gündəlik həyat tərzinə qatılaraq heyvan təlimlərində, məişət normalarında iştirak edirdim. At minmək və onu düz yolda dördnalla çapmaq arzusuna görə mənə tapşırılan bütün işləri zamanından qabaq və keyfiyyətli şəkildə yerinə yetirməyə çalışırdım.
O, çobanlar hər zaman öz müdrikliyi, qoçaqlığı və ədalətliliyi ilə yadımda qalıb. At minmək, öz qoyunlarını sovxoz qoyunlarına qatıb rahatlıqla əylənmək ancaq bircə gün olardı. İkinci gün isə çobanların gördükləri işlərdə yardımçı olmalı idin ki, sənin qoyunlarını sovxozun qoyunlarına qatmağa mane olmasın. Rahat şəkildə at minə biləsən.
Bir gün mənə tapşırılan iş çoban itləri üçün yal çalmaq oldu. Öncədən başa salmışdılar necə etməyimi. Meşədən odun toplayıb gətirdim iri qara, hisli-paslı qazanın altını qaladım. Gurhagur yanan qazanın içindəki suyu qaynağa düşənə kimi qarışdırıb “öldürməli” idim. Qazandakı su "öldükdən" sonra xurcunda ağzı bağlanmış qara unu dəmir quyruqlu ilə götürüb suyun üzərinə səpə-səpə suyu iri kəfkirlə qarışdırırdım. Beləcə, bəlli qərarda unu suya töküb qarışdıraraq üzərinə kəllə duzdan qopmuş qəlpələri atdım. Bir saata yaxın müddət ərzində itlərin yalı hazır oldu. Ertədən bişməsinə baxmayaraq, xüsusi istilik tutumu sayəsində axşama kimi yal isti qalırdı...
Həmin gün öz həmkəndlim çoban Kərim kişinin (el arasında ona “Qnaçe Kərim” deyirdilər) boz rənli, ağ xallı atını minib sürmək rüsxətim vardı. Təzminən 2 saata yaxın müddətdə ata istirahət vermədən sürdüm. Arada geri çobanların binəsinə tərəf gəldim ki, birdən məni axtararlar. Hər şeyin qaydasında olduğunu gördükdən sonra atı qamçı ilə döyəcləyib yenidən sürmək istəyirdim, at isə dartınıb sağa-sola dönərək idarəetməni qantarğadan almaq istəyirdi. Atı qan-tər içində görən Kərim kişi mənə səslənərək: “A bal, ay Usuf, atı döyüb sürmə, sığalla, yedirt sür”, - deyərək atdan enməyimi tapşırdı. Ata su vermək istəyəndə olmaz, - deyərək, at tərləyəndə dərisi ilə nəfəs alır, - deyib atı qaşovlayıb onu yumağı tapşırdı. Atı qaşovladıqca tükləri arasından su ilə birgə hava qabarcıqları da aşağı yuvarlanırdı...
Bu hadisələrin üzərindən aylar, illər gəlib keçdi. Ciddi şəkildə türk mifologiyaları ilə maraqlanmağa başladım. Bu mifologiya içində atlarla bağlı marağım daim üst düzəydə olurdu. İlk olaraq bizim eradan əvvəl III minillikdə mövcud olmuş, bəzi özünəməxsus xüsusiyyətlərinə görə ilkin türk soylarına aid olduğu iddia edilən, Şumer mədəniyyətindən xəbər verən, dünyanın böyük maddi-mədəniyyət abidəsi hesab olunan “Bilqamış” dastanını anlayacağım qədər incələdim. Gil lövhələr üzərində yazılmış dastanda həm döyüş səhnələrindən, həm də qəhrəmanlardan danışılsa da at haqqında yekun məlumat verilmirdir. Bu da atla bağlı mifologiyanın tarixinin 4000-5000 il olduğunu göstərir.
Atla bağlı qədim ynan tarixçisi Homerin "Odisseya" əsərində Troya qalasını ələ keçirə bilməyən yunanların hiyləsini görürük ki, bugünkü siyasət elmində də "Troya atı" adı qazanmış bu mifoloji element türk əxlaqı ilə heç bir uyğunluq kəsb etmir. Çünki türklər ata şərəf, namus kimi baxarlar deyə, atı hiyləyə, kələyə salmazlar.
“Manas” dastanında cəngavər döyüşçülərin sürdüyü Tulparın qanadları haqqında yayılmış nağıllar, “Kitabi Dədə Qorqud” dastanındakı atlarla bağlı bayatı və deyimlərin, “Koroğlu” dastanında ildırımsürətli Qıratın və günəş işığı dəyərək qanadı ərimiş Düratın haqqındakı əfsanə və əsatirlər bu xalqlar üçün atın necə müqəddəs və ilahi varlıq olduğunu görürdüm.
Hətta kəndimiz də daxil olmaqla hələ də islamdan çox-çox öncələrə aid totem inanclarında doqqazın payasına bağlanmış at başı sümüyü və göz qaytarmaq üçün evlərin girişindən asılan at nallarının inancı bu gün də günümüzdə öz aktuallığını qoruyub saxlayır.
Bu yaxınlarda Qazaxstan türklərinin atla bağlı atalar sözü və zərb məsəlləri ilə tanış olurdum. Onlar içində “Атты қамшымен айдама, жеммен айда”, yəni “Atı qamçı ilə sürmə, yemlə sür”, - atalar sözü ata qarşı bütün türk kişilərinin eyni münasibətdə olduğunun şahidi oldum.
Məlumdur ki, atların ilk dəfə əhilləşdirilərək insan həyatında istifadə edilməsi bizim eradan əvvəl I minillikdə Manna dövlətində baş vermişdir. Hər kəsə məlumdur ki, Umiya gölü ətrafında təşəkkül tapmış qədim Manna dövləti indi də türklərin geniş yayıldığı ərazilərdə mövcud olub.
Manna dövləti dağıldıqdan sonra Azərbaycan ərazisində mövcud olmuş Midiya və Atropatena dövlətlərində atçılıq sahəsinə bağlı sənətkarlıq nümunələri də geniş inkişaf etmidşir.
Burada mövcud olan əhilləşdirilmiş saf qanlı at nümunələri qızılı rəngdə olmuşdur. Hazırda Türkmənistanda qorunub saxlanılan və bu gün də dünyaca məşhur olan Aхaltəkə atları da bu at cinslərinin davamıdır. Eyni məsuliyyət hissi ilə deyə bilərik ki, Azərbaycan хalqına məхsus olan Qarabağ atları da rəng və digər fizionomik-genetik göstəricilər baxımından Nesey atlarının davamçılarıdır.
Güclü genetik xüsusiyyətlərinə rəğmən nə avropa cinsləri, nə yaxın ərəb cinsləri ilə qarışdıqda əsas genetik xüsusiyyətlərini itirmir, əksinə digər cinsləri öz xüsusiyyətləri ilə deqradasiyaya uğradır. Odur ki, dünyada hazırda mövcud olan at cinslərinin əldə edilməsində ən böyük üstünlüklərə malik Azərbaycan ərazisində mövcud olmuş Xəzər dənizinin cənub-qərbində yerləşən Nesey düzənində mövcud olmuş iri cüssəli, güclü, yaraşıqlı və sürətli qaçışı olan Nesey atları müstəsna rol oynamışdır.
Dünyaca məşhur "Thoroughbred" ingilis safqanı olaraq tanınan at cinsi XVII-XVIII əsrlərdə yerli qısraklarla xaricdəki Ərəb, Berberi və Türkistan ayğırlarının cütləşdirilməsi nəticəsində yetişdirilmişdir.
Ərəb Xilafətinin Azərbaycan ərazilərinə qarşı işğalçılıq dönəmlərində Azərbaycan ərazilərindən on minlərlə qızılı atlar ərəbistana daşınıb aparılmış və burada bu gün dünyada Ərəb atı kimi tanınan məşhur cinslərin yetişdirilməsini təşkil etmişdilər.
Bu yerdə tam əminliklə deyə bilərik ki, Türküstan və odlar yurdu Azərbaycanda mövcud olmuş atçılıq sənəti üzrə təhsil, təlim, sənətkarlıq geniş inkişaf etmişdir. Böyük türk cahangiri Əmir Teymur deyərdi: Biz türklər səhralarda çadırlarda doğular, döyüşlərdə at belində ölərik. Gerçəkdən də türkün atla təması heç bir xalqın, millətin bacara bilmədiyi şəkildə möhtəşəm olmuşdur.
İstər 1071-ci il 26 avqust Malazgird döyüşündə, istərsə də 1526-cı ilin 29 avqust tarixində baş vermis Mohac döyüşündə Avropa döyüşçüləri ata ağır zireh, zəncirlə bir-birinə bağlanmış nizam versələr də, əsasən zərbə endirəcək silahlarla silahlanmış, ön sırada olan atlarn baş hissələrinə dəridən tikilmiş qoruyucu örtük keçirmiş Səlcuqlu və Osmanlı döyüşçüləri həmin döyüşlərin qalibi olmuşdular.
Bu da türklərin atla bağlı döyüş qabiliyyətinin üstünlüyünün göstəricisidir.
Odur ki, min illiklər boyunca tarixdən süzülüb gələn bu söz, min illiklər boyunca da türkün adı ilə yaşayacaq:
At minən türkdür, türk deyilsə yükdür. (Azərbaycan)
Ot mingan turk, turk bo‘lmasa, yuk. (Özbək)
Атқамінгентүрік, түрікболмаса, жүк. (Qazax)
At minɡen kishi tyrk , 'eɡer tyrk bolmisa , 'u bir yyk. (Uyğur)
Аткаутырганкеше - төрек, төрекбулмаса, улавыр. (Tatar)
Bəli, uca Tanrı türk xalqlarına daha böyük var olma səxavəti bəxş etmişdir. Bu səxavət təkcə millətin dözümlülüyündə deyildir, həm torpağın bərəkətliliyində, həm də türkün namusu sayılan atların da üstünlüyündə öz əksini tapmışdır.
At muraddır!
“Ədəbiyyat və incəsənət”
(28.10.2025)


