Super User

Super User

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və Asiya İnkişaf Bankının birgə həyata keçirdiyi “Yerli Texnoloji Startapların İnkişafının Təşviqi” layihəsi çərçivəsində Naxçıvan Muxtar Respublikasında “StartapFest Naxçıvan” tədbirinin açılış mərasimi keçirilib. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına “ASAN xidmət”dən məlumat verilib. 

 

Əsas məqsəd Naxçıvanda startapların formalaşmasına təkan vermək, eləcə də potensial təşəbbüskarlar arasında innovativ biznes sahələrinə marağı və dəstəyi stimullaşdırmaqdır. 

 

Tədbirdə yaşıl enerji, kənd təsərrüfatı, təhsil və dövlət sektorunda innovasiyalar istiqamətlərində layihələrini hazırlayan 30 komanda ilə görüş keçirilib. Həmçinin Dövlət Agentliyinin ölkə üzrə startapların inkişafı istiqamətində dəstək mexanizmləri  qeyd edilib, cari layihə çərçivəsində uğurlu olacaq startapların gələcək inkişafına dair müzakirələr aparılıb.

 

“Ədəbiyyat və incəsənət”

(21.05.2024)

Çərşənbə axşamı, 21 May 2024 18:00

Aktrisa nağıla necə çevrilir…

 

Elman. Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

Biri vardı, biri yox. Bu dünyada Vəfa adında bir qız vardı, soyadı Fətullayeva idi. 

 

Vəfa Fətullayeva 25 avqust 1945-ci ildə Bakıda anadan olmuşdu. Atası Azərbaycan teatr sənətinin ilk tərtibatçı-rəssamı, xalq rəssamı Nüsrət Fətullayev, anası isə SSRİ Xalq artisti, aktrisa Hökumə Qurbanovaydı.

Orta təhsilini Bakıdakı 1 saylı məktəbdə alandan sonra Teatr İnstitutunun teatrşunaslıq fakültəsinə qəbul olmuşdu. 1968-ci ildə həmin fakultəni əla qiymətlərlə bitirmişdi... 

 

O, ilk dəfə 1953-cü ildə 8 yaşı olarkən, Ələsgər Şərifovun səhnəyə qoyduğu, Uliyam Şekspirin "Qış nağılı" tamaşasında Mamili obrazını canlandırmışdı...

 

Vəfa xanım 1970-ci ildən, ömrünün sonuna qədər Azərbaycan Dövlət Dram Teatrında fəaliyyət göstərib. İşlədiyi dövrlərdə həm teatrda və həm də bədii filmlərdə bir-birindən bənzərsiz insan obrazlar yaradıb. Yaradıcılığının çiçəklənən dövründə, 41 yaşında olarkən xərçəng xəstəliyinə düçar olan əməkdar artist 1987-ci il may ayının 21-də vəfat edib. Məzarı Yasamal qəbiristanlığındadır...

 

Desəm unudulub, səhvə yol verərəm. Adını özünə təxəllüs götürən Etibar Vəfa adlı bir gənc yorulmadan onun haqqında yazılar hazırlayıb sosial platformalarda paylaşır. Sağ olsun!..

 

Göydən üç alma düşdü. Biri mənim, biri sənin, biri də heç kimin...

Ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(21.05.2024)

 

Xalq yazıçısı İlyas Əfəndiyevin anadan olmasının 110 illiyi ilə əlaqədar Şuşa Dövlət Musiqili Dram Teatrı “Boy çiçəyi” tamaşası ilə Azərbaycan Teatr Xadimləri İttifaqının səhnəsində çıxış edib. Səhnə əsəri Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə təqdim olunub.

 

AzərTAC xəbər verir ki, tamaşanın təqdimatından əvvəl İttifaqın məsul katibi Aida Qafarova İlyas Əfəndiyev milli teatrımıza çox sayda mükəmməl sənət inciləri bəxş etdiyini bildirib: “Onun yaradıcılığı bütün zamanlarda maraqla qarşılanıb, sevilib və bu gün də sevilməkdədir”.

 

Xalq artisti Mərahim Fərzəibəyova İlyas Əfəndiyevin yaradıcılıq yolundan, onun səhnəmizə bəxş etdiyi mükəmməl əsərlərdən söhbət açıb.

 

Çıxışdan sonra Şuşa Teatrının təqdimatında “Boy çiçəyi” tamaşası nümayiş olunub.

 

Üç müxtəlif insan teleyi, üç nakam məhəbbət hekayəsi... Bir tərəfdə Həsənzadənin sevincini və dərdini xəyalən bölüşdüyü, xatirəsini həmişə əziz tutduğu, erkən itirdiyi həyat yoldaşına qarşı olan nakam məhəbbəti, digər tərəfdə Nəzakətin müharibədə itirdiyi ərinə qarşı olan, lakin ikinci əri Fərəcin qorxusundan dilə gətirə bilmədiyi nakam məhəbbəti...Və nəhayət Nargilənin Həsənzadəyə qarşı olan sonsuz və nakam məhəbbəti...

 

Lirik–psixoloji üslubda yazılmış pyesin yeni, müasir səhnə yozumu ilə tanış olmaq hər bir tamaşaçı üçün maraqlı olub.

 

Görkəmli Azərbaycan dramaturqu İlyas Əfəndiyevin “Boy çiçəyi” (sonradan “Sən həmişə mənimləsən” adı ilə məşhurlaşmışdır) pyesinin yazılmasından 60 il vaxt keçməsinə baxmayaraq, əsər bu gün də sevilir, bu gün də tamaşaçı zövqünü oxşayır.

 

Böyük maraq və alqışlarla qarşılanan tamaşadan sonra rejissor, Əməkdar artist Loğman Kərimov uğurlu quruluşa görə, iştirakçılar– Əməkdar artistlər Nazir Rüstəmov, Azad Məmmədov, aktyorlar Zəhra Salayeva və Püstəxanım Zeynalova İttifaqın Fəxri fərmanları ilə təltif olunublar.

 

Yubiley münasibətilə növbəti tamaşa mayın 26–da Şuşa Dövlət Musiqili Dram Teatrının səhnəsində oynanılacaq.

 

“Ədəbiyyat və incəsənət”

(21.05.2024)

Çərşənbə axşamı, 21 May 2024 15:00

Kütləvi manqurtlaşma- modern köləlik

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

Zibil yeşiklərinin yanından keçərkən heç sizin də beyninizdə toplanan qalaq- qalaq zibillərin olduğunu düşündünüzmü? 

 

Bəlkə, düşünənləriniz oldu, bəlkə də, bu suala cavab: "Əbülfəzqızı, sənin bizim beynimizin içində nə işin var?"- söyləyənləriniz də oldu.

Narahat olmayın, "beyninizlə” alış- verişim yoxdur.

Sadəcə, fikirlərimin giriş hissəsinə təsirli ədviyyatlar əlavə edirəm.

Gündəlik lazımsız informasiyaların sizlərə mənfi təsirini, yəqin ki, bilirsiniz. O lazımsız nəhəng aysberqə bənzər informasiya axını beynin şöbələrində lazımsız zibil kimi üst- üstə toplanır. Çünki informasiya axını sürətli olduğu üçün beyin saf-çürük etməyə macal tapmır.

Sosial şəbəkələr, "ev dağıdan" Tik- tok, lazımsız televiziya verilişləri, hansısa "ulduzun" əttökən həyat tərzi - özündən yaşlı, ya cavan həyat yoldaşlarının siyahısı və s. gərəksiz informasiyalar beyni yorur.

Beyni yorulanlar da nə özləri, nə də başqaları haqqında qərar vermə qabiliyyətində olurlar.

Süni intelekt hər suala cavab taparkən insanlar adi vəziyyəti belə analizetmə gücünü əlləri ilə tükətmiş olurlar.

Yapon alimləri tədqiqat nəticəsində bu dəhşətli faktları təsdiqləyiblər.

Telefon uşaqlarımızın sevimli oyuncağıdır, təki səsini kəssin.

Səsini də kəsir, elmini də, savadını da..

Sonra söyləyirik: Ay müəllim, filan qədər pul tökmüşəm, bu uşağın başı niyə boşdur?

Çünki sıyığı yediyi andan körpə telefona aludə olub. İllərlə də bu aludəçilik davam edib. Beyinə daxil olan lazımsız informasiyalar yaddaşı zəiflədir.

İnsanlar düşüncə qabiliyyətini itirib modern qula çevrilirlər. Barmaqlarımız qələm yerinə daha çox telefon tutur. İndi gəl bu beyinlə nə isə yaz. Yaza biləcəyikmi, əlbəttə ki, yox. Yazmaq üçün düşüncə və yaddaş lazımdır. Düşüncəmizi itiririksə, potensial kölələrik, ya da ki, hansısa mexanizm tərəfindən idarə olunan canlı robotlar oluruq.

Niyə özümüz özümüzə qarşı bu qədər qəddarıq, özümüzə qənimik!?

Müasir texnologiyanın müsbət tərəflərini görək, niyə axı lazımsız tərəflərindən limitsiz istifadə edək?

Lazımsız informasiyaları bloklayıb düşüncəmizi sağaldaq, bərpa edək. İnsanlığın sonunu- faciəsini sürətləndirməyək.

 

“Ədəbiyyat və incəsənət”

(21.05.2024)

 

“2024-cü ildə Malmödə keçirilən “Avroviziya” mahnı müsabiqəsi ənənəvi ailə dəyərlərinə təhlükə yaradır”.

“Report”un məlumatına görə, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

 

“Eurovision Mahnı Müsabiqəsində deseksuallaşdırma siyasəti kimi bir fenomenin qlobal şəkildə tətbiq edilməsinin şahidi olduq. Aydın məsələdir ki, gənclərə hopdurulan qəribə tiplər sosial deqradasiya üçün troya atıdır.

Hamı etiraf edir ki, bu, şüurlu siyasətdir. Biz son 10-12 ildə Türkiyəni bu biabırçılıqdan qoruyub, necə düzgün qərarın verildiyini öz gözlərimizlə görürük”, - deyə Ərdoğan bildirib.

 

“Ədəbiyyat və incəsənət”

(21.05.2024)

Poetik Qiraətdə bu gün sizlərlə yenidən Əlizadə Nuri görüşür. “Mən bir az eşq torpağıyam” deyir şair. 

“Bir ipək köynək kimiyəm-

Yaman tez batır qəm mənə...” - gözəldir, deyilmi?

Xoş mütaliələr!

 

Mən  bir az eşq torpağıyam...

 

Şirin- şirin  al canımı,

Qılıncında şəkər saxla.

Bu gün bir az öldür məni-

Sabaha da şikar saxla!

 

Bəlkə də eşq torpağıyam-

Bəlkə elə pirəm, zalım?

Hər gün səni çağırsam da

Adını bilmirəm, zalım.

 

Özgəsini neynirəm ki,

Özün elə sitəm mənə.

Bir ipək köynək kimiyəm-

Yaman tez batır qəm mənə...

 

“Ədəbiyyat və incəsənət”

(21.05.2024)

Çərşənbə axşamı, 21 May 2024 16:39

“Yığdıqlarınız bəsdir...”

“Ədəbiyyat və incəsənət” portalı sizlərə Xeyrəddin Qocanın miniatür hekayələrinin təqdimini davam  etdirir. 

 

Yığdıqlarınız bəsdir...

 

Rəsul Rzanın anadan olmasının 90 illik yubileyi ilə əlaqədar Ankarada "Əhməd Yasevi fondu" tərəfindən tədbir keçirilirdi. Dəvətlilər arasında Xeyrəddin Qoca da vardı.

Tədbirdən sonra fondun sədri, Türkiyənin tanınmış şəxslərindən biri olan Namiq Kamal Zeybək (şəkildə) ziyafət verirdi. Xalq yazıçısı Anar, Namiq Kamal Zeybək və Xeyrəddin Qoca bir masa arxasında oturub söhbət edirdilər. Söhbət tarixdən, ədəbiyyatdan düşdü. Birdən Xeyrəddin Qoca Namiq Kamal Zeybəkə sual verdi:

-Bağışlayın, siz neçə il nazir vəzifəsində işləmisiniz?

Namiq Kamal qəfil sualdan təəccübləndi:

-Ümumiyyətlə, yeddi ildən artıq bir zaman oldu, sayın baş konsolosum!

X.Qoca zarafatla:

-Eh! O zaman yığdıqlarınız nəvə-nəticələrinə də bəs edər! - dedi.

 

“Ədəbiyyat və incəsənət”

(21.05.2024)

Rubrikanı Könül aparır. 

 

“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edirik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır. 

 

Bu gün sizlərə Axı-qıcı qovurmasının 

hazırlanma qaydasını təqdim edəcəyik.

 

 ƏRZAQ:

§ Acı-qıcı – 130 qr

§ Soğan – 26 qr

§ Yumurta – 40 qr

§ Yağ – 30 qr

§ Duz – 4 qr

Xörək əlavəsi:

§ qatıq – 50 qr, sarımsaq – 2 qr

 

HAZIRLANMASI:

Acı-qıcı i yuyulur, doğranır, pörtlədilir və süzülür. Acı-qıcının sünbüllü hissəsi təmizlənməlidir. Soğan bol yağda qovrulur. Üzərinə mərəçüyüd əlavə edilib vam odda bi- şirilir. Tam yağa düşdükdə üzərinə yumurta vurulur. Süfrəyə sarımsaqlı qatıqla verilir.

 

Nuş olsun!

 

“Ədəbiyyat və incəsənət”

(21.05.2024)

“Ədəbiyyat və incəsənət” portalı Hümbət Həsənoğlunun “Xarici dildə olan və xoşum gələn mahnılar haqqında” adlı essesini təqdim edir.

 

Özümdə əvvəllər də müşahidə etdiyim, son zamanlar da fikir verdiyim bir cəhətimi yazıram: Təbii ki, gözəl sözləri və möhtəşəm melodiyaları olan milli musiqimizi çox sevirəm. Amma xarici dildə olduğundan sözlərini başa düşmədiyim mahnılar da xoşuma gəlir. Elə özümün nə vaxtsa yazdığım bir fikri də bura gətirmək istəyirəm. Dünyada Allahın yaratdıqları və insanın yaratdıqları var. İnsanın yaratdıqları arasında Allahın yaratdıqlarına ən yaxın olanı musiqidir.

Bunun səbəbi də yəqin odur ki, musiqi ruha təsir edə bilən vasitədir. Mahnının sözləri ilə bağlı: Sözlər fikri çatdırmaq üçün vasitədir, onlar emosiyaları çatdırmağa qadir deyillər, elə çox bəsit olduqlarından. 

Dəfələrlə xoşum gələn xarici mahnının sözlərinin tərcüməsini tapanda, təəssüf hissi keçirmişəm, mənim düşüncəmdə sözlər olduğundan daha möhtəşəm olmalıydı. Hər halda, gözləntim belə olub.

Düşünürəm ki, musiqi ruhumuzu riqqətə gətirdiyindən biz başa düşmədiyimiz, böyük ehtimalla, adi sözlərin əvəzinə öz ən ülvi emosiyalarımızı qoyuruq. 

Gözəl melodiya və ülvi emosiyalar isə birləşərək ruhumuzu sevindirir.

Məncə belədir…

 

“Ədəbiyyat və incəsənət”

(21.05.2024)

Çərşənbə axşamı, 21 May 2024 14:11

Ölmək qadağandır!

1.

Yüksək ölüm faizini görüb Padşah sərəncam imzaladı:

Məmləkətdə ölmək qadağan edilir. Kim qanunu pozsa edam ediləcək.

 

2.

-Allah sənə şükür, nə yaxşı ki, mən 18-ci əsrdə doğulmamışam.

-Niyə ki?

-Necə niyə ki? 18-ci əsrdə doğulsaydım çoxdan ölərdim. İndisə sağam. 

 

3.

AzTV-nin məşhur “Düşən pullar” şousu. Aparıcı Şəhriyar Əbilov iki tanınmış alimə deyir ki, buyurun mövzu seçin: elm, yoxsa bazar.

Alimlər bir ağızdan deyirlər: Əlbəttə bazar. 

 

4.

Cinli Mürvət kruizə çıxmaq istəyir. Gəmi kapitanından soruşur:

-Bağışlayın, qiymətlər necədir sizdə?

-Birinci klass kayutalar yeməklə birgə günü 100 manat, ikinci klass 70 manat, üçüncü klassa 50 manat.

Bunu deyib kapitan Cinli Mürvətin pəjmürdə simasını görür və zarafat edir:

-Siz gəminin dalınca üzsəniz, pulsuz başa gələcək sizə kruiz.

Cinli Mürvətin eyni açılır:

-Mən razı. Bəs gündə neçə dəfə yemək atacaqsız mənə? 

 

5.

Gədəbəyin dağ kəndində yaşayan 70 yaşlı Müzəffər dayının peycerinə peycinq kompaniyasından mesaj gəlir:

“Ey, başdanxarab, get özünə mobil tələfon al nəhayət ki. Tək sənə xidmətə görə biz 13 ildir şirkəti bağlaya bilmirik.

 

6.

Kasıbçılıq boş soyuducu demək deyil. Kasıbçılıq soyuducusuzluq deməkdir. 

 

“Ədəbiyyat və incəsənət”

(21.05.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.