
Super User
“XOŞBƏXT SEYMUR” - Məhəmməd Əmin Rəsulzadə barədə hekayətlər
Zahirə Cabir yazır
“Ədəbiyyat və incəsənət” portalı publisist Zahirə Cabirin Məhəmməd Əmin Rəsulzadə barədə hekayətlərinin dərcinə başlayır. Məqsəd - uşaqlara bu dahi şəxsiyyəti daha yaxından tanıtmaqdır.
Xoşbəxt Seymur
Qonşuluqda bir oğlan yaşayırdı, amma o Məhəmməd Əmin kimi xoşbəxt deyildi. Valideynləri onun qayğısına qalsalar da, demək olar ki, heç vaxt nə kitab oxuyub, nə də nağıl danışmışdılar, bəlkə anası ona heç layla da çalmamışdı. Ona görə ki, o doğulanda qüsurlu doğulmuşdu, ayaqları işləmirdi. Seymur təbiətcə səssiz olduğu üçün tənha yaşamağa artıq alışmışdı. Heç kim onunla ünsiyyət qurmağa vaxt ayırmaq istəmirdi. Valideynlərinə qarşı heç kim bir söz də deyə bilməzdi, çünki onlar bir qarın çörəkdən ötrü işləyir, səhər gedib axşam gəlirdilər. Seymur qoca nənəsi ilə evdə qalırdı. Havalar istiləşəndə valideynləri Seymuru qapılarının ağzındakı heyva ağacının altına sərdikləri kilimin üstünə qoyardılar ki, bir az havada olsun.
Bir dəfə Məhəmməd Əmin öz dalanları ilə deyil, dostuna baş çəkmək üçün başqa dalanla gedəndə Seymuru görür. Yaxınlaşıb ondan adını, neçə yaşı olduğunu soruşur. Uşaq adının Seymur olduğunu deyir, yaşı isə Məhəmməd Əmindən böyük olsa da, yəni 11 yaşı olsa da 6-7 yaşlı uşağı xatırladırdı. Məhəmməd ona: Gəl səninlə dost olaq. Hər gün mən sizə gəlib sənə kitab oxuyaram, istəsən hərfləri də öyrədərəm.”- deyir. Seymur başın aşağı əyib bir söz demədi, sanki razılaşdı. Beləcə Məhəmməd hər gün Seymura məktəbdə oxuduqlarından, qiraətxanadan aldığı kitablardan oxuyurdu. Üstəlik əlindən tutub hərf yazmağı da öyrədirdi. Yay qurtaranda Seymur təkcə heca ilə oxumağı deyil, yazmağı da öyrəndi. Seymurun nənəsinin dilindən Məhəmməd Əminin adı düşmür, bütün qonşulara onun necə alicənab, yaxşı bir iş tutmasından danışır, digər uşaqlara nümunə göstərirdi. Seymuru tanıyan hər kəs Məhəmməd Əminə: - “Allah səni yaxşı insanlarla qarşılaşdırsın” –deyə dua edirdi.
Heç vaxt üzü gülməyən Seymurun indi üzü daim gülürdü. O çox xoşbəxt idi, çünki onun Məhəmməd Əmin kimi dostu vardı.
İnsan düzəldə biləcəyi vəziyyətlərə səssiz qalmamalıdır, bir insana yaxşılıq etmək dünyaya yaxşılıq etməkdir. Xeyirxah iş, xeyirxah əməl insanı mənən ucaldır, onu yaşadığı cəmiyyətin ən ləyaqətli üzvünə çevirir. Bütün həyatını Azərbaycanın müstəqilliyi uğrunda mübarizəyə həsr etmiş Məhəmməd Əmini də insanlara göstərdiyi yaxşılıqlar, xeyirxahlıq qorudu.
İllər keçdi. Məhəmməd Əmin qürbət ellərdə olsa da əmisi oğlu Məhəmməd Əli vasitəsilə həmişə Seymurdan hal-əhval tutar, balaca da olsa hədiyyə və mütləq kitab göndərərdi. Seymur dostunun göndərdiyi hər kitabı dəfələrlə yorulmadan oxuyar, sonra onu taxçanın yuxarısına qoyardı. Hər dəfə dostu yadına düşəndə kitabları əlinə götürüb dostuyla danışırmış kimi vərəqləyərdi.
“Ədəbiyyat və incəsənət”
(22.05.2024)
Bu axşam 28 May – Müstəqillik Günü münasibətilə konsert proqramı təqdim olunacaq
Bu axşam M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında 28 May- Müstəqillik Günü münasibətilə konsert proqramı keçiriləcək.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, tədbirdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının simfonik orkestri və xoru çıxış edəcək.
Konsert proqramında həmçinin L.V.Beethoven- Simfoniya № 9, D-Moll, Op125 əsərinin 200 illiyinin qeyd olunması da vurğulanacaq.
Konsert proqramının xormeysteri Əməkdar incəsənət xadimi Sevil Hacıyeva, musiqi rəhbəri və baş dirijoru Əməkdar artist Əyyub Quliyevdir.
Eyni zamanda Fatimə Cəfərzadə, Elmira Həsənova, Əliəhməd İbrahimov, Anton Ferştdant musiqi nömrələri ilə çıxış edəcəklər.
“Ədəbiyyat və incəsənət”
(22.05.2024)
“İndiki şəklini qoy...”
“Ədəbiyyat və incəsənət” portalı sizlərə Xeyrəddin Qocanın miniatür hekayələrinin təqdimini davam etdirir.
İndiki şəklini qoy...
Xeyrəddin Qoca smartfon telefondan çox gec, bəlkə də hamıdan sonra istifadə etməyə başlamışdı. Profilinə cavanlıq şəklini qoymuşdu. Yazıçıya çoxlu məktublar, mesajlar yazırdılar. Bir-iki aydan sonra dünyanın müxtəlif ölkələrindən - Afrikadan, Argentinadan, latın Amerikasından gənc, gözəl zənci qadınlar ona şəkillərini göndərməyə, məktublar yazmağa başladılar. Qara olduğu üçün elə bilirdilər o da həmin millətlərdəndir. X.Qoca ingiliscə bilmədiyindən onlara cavab vermirdi. Onlar da "küsüb" daha yazmırdılar.
Axırda ömür-gün yoldaşı bunu bilib X.Qocaya dedi:
-Sən profilinə indiki şəklini qoy!.. Onda daha xanımlar yazmayacaqlar...
“Ədəbiyyat və incəsənət”
(22.05.2024)
BİR SUAL, BİR CAVAB Təranə Turan Rəhimli ilə
Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”
SUAL:
Fələk namərd oyununda,
Düzün kəndiri boynunda.
Haqq deyib əli qoynunda
Gözləməkdən ağac oldum.
(Təranə Turan Rəhimli)
Təranə xanım, haqq olduğunuzu sübut etmək üçün , "düzün boynundakı kəndiri" açmaq üçün Sizə cürət verən hansı qüvvə olur?
CAVAB:
Əgər həyatdayıqsa, daim mübarizə içindəyik. Hətta öləndən sonra da haqqı tapdalananlar var. Sağlığında istedadı, savadı, bacarığı, şəxsiyyəti ilə həsəd doğuran insanlara ölümündən sonra da paxıllıq edən, adının çəkilməsinə maneçilik törədənlər olur. Amma yaşayırıqsa, öz haqqımızı müdafiə etmək şansımız var. Bu mübarizə bəzən nə kimi itkilər bahasına başa gəlir. Hətta bəzən susmaq özü də haqsızlığa etirazın hayqırışı ola bilir. Amma sükütun da mənasını düzgün anlayan gərək: "Elə susdum daş bildilər, hördülər divara məni."
"Düzün boynundakı kəndiri açmaq" üçün isə qeyri-adi cürətə yox, ürəyə sahib olmaq yetərlidir. Mən min bir əziyyətlə çatdığım, uzun illərimi həsr etdiyim ən önəmli qazancımdan bircə anın içində keçə bilərəm - Haqq üçün. Haqq bildiyim yoldan dönməmək üçün. Amma mənə görə həyatda hər zaman insana cürət verən qüvvə İNANDIĞIDIR.
Ədəbiyyat və incəsənət”
(22.05.2024)
“İrəvan mətbəxindən nümunələr” layihəsində Salmanca qovurması
Rubrikanı Könül aparır.
“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edirik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır.
Bu gün sizlərə Salmanca qovurmasının
hazırlanma qaydasını təqdim edəcəyik.
ƏRZAQLAR:
§ Salmanca – 130 qr
§ Soğan – 26 qr
§ Yağ – 30 qr
§ Duz – 4 qr
Xörək əlavəsi:
§ qatıq – 50 qr, sarımsaq – 2 qr
HAZIRLANMASI:
Bu çöl bitkisi yığılır, yuyulur və ləyənə yığılır. Baş soğan bol yağda qovrulur, salmancalar aramla qazana yığılır. Ağzı örtülür və vam odda bişirilir. Arabir qarışdırılır. Suyu quru- yub yağa düşdükdə ocaqdan götürülür. Süfrəyə sarımsaqlı qatıqla verilir. Çox ləzzətli, xırçıltılı bir xörək alınır.
Salmancaya unnuca da deyilir. Qarabağ mətbəxində dovğaya əlavə olunur. Bəzi yerlərdə yağlı tərə adlanan bu göyərti dovğaya qaymaq dadı verir.
Nuş olsun!
“Ədəbiyyat və incəsənət”
(22.05.2024)
Düyü və qamburger
1.
İnsan bir yanlış hərəkət edirkən özünü danlayır, deyir: “Bəsdir uşaqlıq etdin, sənə böyümək lazımdır”.
Sonra xatırlayır ki, təqaüddədir. “Artıq gecdir” deyib nəfəsini dərir.
2.
Vicdan dilə gələndə insan susmalı olur.
3.
“Kardinal dəyişiklik etməyin zamanıdır, daha dayım üçün işləməyəcəyəm” deyib Səttarik bundan sonra bibisi üçün işləmək qərarı verdi.
4
Amerikalılar toyda bəylə gəlinin yoluna düyü səpirlər deyə yaponlar acıqca bəylə gəlinin ayaqları altına qamburger atırlar.
5.
Ağıllının əsas var-dövləti əldə etdiyidir, səfehinsə arzuladığı.
6.
Qadın nə qədər qorxuncdursa, bir o qədər qorxusuzdur.
“Ədəbiyyat və incəsənət”
(22.05.2024)
“Mən hardan gəlmişəm, hara gedirəm?” - SƏBİNƏ NAMAZOVANIN ŞEİRİ
“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzeti” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə SƏBİNƏ NAMAZOVANIN şeiri təqdim edilir.
Niyə yaşayıram, məramım nədi,
Nələr susayıbdı qanıma, Allah?
Mən hardan gəlmişəm, hara gedirəm?
Bəlkə Sən çatasan dadıma, Allah?
Görən, yuxuluyam, yoxsa oyağam
Bura mənə evdi, yoxsa qonağam?
Havayam, buludam, suyam, torpağam,
Heç kim çəkə bilmir nazımı, Allah!
Qurumur gözümdən tökülən yaşlar
Yerinə oturmur bu tanış daşlar,
Kim deyər bu alov haradan başlar?
Niyə sönmür odum, alovum Allah?
Özüm qarışqayam, nəfsimsə fildir
Mən nəfsimə qulam, mənə hakimdir.
De, görüm hansı söz mənə həkimdir?
Hansı ayə çatar dadıma Allah?
Əgər zərrəyəmsə bu yer üzündə
Mənəm bünövrəsi səhvin, düzün də...
Şeytanı, günahı, yalanı, pisi
Bəs niyə qoşmusan yanıma, Allah?
Tamaham, bir qarış kəfənə sığan,
Bir laxta qan ikən torpağa baxan.
Ölüykən yenidən ayağa qalxam,
Nədir bu nizamın məramı Allah?
Əgər məqsəd Sənə qovuşmaq isə,
Bütün pisliklərdən sovuşmaq isə,
İstəklə, nəfslə boğuşmaq isə
Bəs niyə tapmıram məqamı, Allah?
Bilirəm zərrəyəm, bilirəm heçəm
Sənə qovuşmağı çox istəmişəm.
Düzə zaval gəlməz, düzə dərd dəyməz,
Bəs nədən asdılar İsanı, Allah?
Ruhuma soruram nədir diləyi?
Sənə qovuşmaqmış bütün istəyi.
Əgər gec deyilsə qorxu bilməyib
Üzüağ qoy gəlim hüzura, Allah.
“Ədəbiyyat və incəsənət”
(22.05.2024)
BİR DİREKTOR, BİR ŞAGİRD - Fayaz Hüseynov və Aydan Məmmədli
“Ədəbiyyat və incəsənət” portalının media dəstəyi ilə Azərbaycan Ədəbiyyat Fondunun Bakı Şəhəri Üzrə Təhsil İdarəsi ilə birgə “Bir direktor, bir şagird” adlı layihəsinin məqsədi nümunəvi məktəblərimizi, istedadlı şagirdlərimizi üzə çıxarmaq, onların ədəbiyyata olan marağına diqqət yönəltməkdir. Hazırda təqdimatda 189-190 nömrəli tam orta məktəbdir.
Layihəni təqdim edir: Ülviyyə Əbülfəzqızı
Direktor:
Mən, Fayaz Hüseynov 1967-ci ilin iyun ayının 3-də Bakı şəhərində anadan olmuşam.
1974-84-cü illərdə 70 nömrəli məktəb liseydə oxumuşam. Ordu sıralarında xidmət etdikdən sonra 1988-ci ildə BDU-nun tarix fakültəsinə qəbul oldum və 1994-cü ildə buradan məzun oldum. Pedoqoji fəaliyyətimə 2000-ci ildən təhsil aldığım 70 nömrəli məktəbdə başlamışam. Tez bir zamanda 2003-cü ildə təşkilatçı təyin oldum. 2006-cı ildən Beynəlxalq qiymətləndirilmədə ( PİŞA ) fəal iştirak etmişəm və Azərbaycanda keçirilən Beynəlxalq qiymətləndirmənin fəal üzvlərindən olmuşam. 2009-cu ildə keçirilən əhalinin siyahıya alınmasında məntəqə sədri olmuşam. 2015 -ci ildə direktorların işə qəbulu müsabiqəsində uğurla iştirak etmişəm və kursu müvəffəqiyyətlə başa vurmuşam: belə ki, keçirilən imtahanlarda yüksək nəticə topladım və Müsahibə mərhələsindən uğurla keçərək kursu bitirdiyim ildə 2016-cı ildə 60 N li tam orta məktəbə direktor vəzifəsinə təyin olundum. Qarşıma bir məqsəd qoymuşdum- Öz işini sevərək icra edən bir kollektivi olan, Demokratik əsaslarla idarə olunan məktəb yaratmaq. Burada İdarə etdiyim 5 il ərzində məktəbimiz bir çox uğura imza atdı. Fənn müsabiqəsində qələbə, sabahın alimləri layihəsində 4 şagirdimin uğuru, şahmat üzrə II-IV siniflər arasında keçirilən respublika çempionatında 1-ci yer (6 şagirdimin əzmi nəticəsində Respublika çempionu olduq), Heydər Əliyev Təqdimatında 2-ci yer, qrant layihələrfə qalibiyyətlər və s. Bu illər ərzində 2 müəllim əməkdar müəllim adına, 2 müəllim qabaqcıl təhsil işçisi adına layiq görüldü, 2 müəllim isə fəxri fərman aldı. 6 şagirdim bu 5 il ərzində məktəbi xüsusi naliyyətlərlə bitirərək 3 qızıl və 3 gümüş nişanla təltif olundu. Məktəb E twinning, OCEP beyxəlxalq layihələrinə qoşuldu. Özüm də layihələrdə uğurla iştirak edərək keçirilən pedaqoji mühazirələrdə final mərhələsinə vəsiqə qazandım və Tərifnamə ilə təltif olundum. ADA-da keçirilən Data əsaslı idarəetmə kursunu müvəffəqiyyətlə bitirdim. BŞTİ nin bir çox layihələrinin qalibi oldum( Fibonaççi intellektual yarışları,) İcra Hakimiyyəti tərəfindən iki dəfə fəxri fərmanla təltif olunmuşam. Fransanın Strasburq şəhərində keçirilən Beynəlxalq “demokratik məktəb”konfransında Azərbaycanın nümayəndə heyətinin tərkibində iştirak etmişəm. 2016-2021 -ci ildə 60 nömrəli məktəbdə fəaliyyətim çox produktiv oldu. Daha sonra 2 N THL-yə direktor vəzifəsinə təyin oldum. Düzdür burada çox az müddət çalışdım, 1 ildən biraz artıq, amma burada da naliyyətlərim az olmadı. Beynəlxalq Olimpiadalarda qələbələr, RFO-da 2 qələbə, RFM də qızıl medal qazandıq. Məktəbdə Steam və Rəqəmsal layihələri tətbiq olunmağa başladı. 1 müəllim tərəqqi nişanı ilə, 1 müəllim isə fəxri fərmanla təltif olundu. 2022-ci ildə 189-190 nömrəli tam orta məktəbdə direktor vəzifəsinə təyin olundum. Çox gözəl tədris mühiti var burada. Bu məktəbin özünəməxsus xüsusiyyəti, tanınmış şəxslərin, məşhurların buradan məzun olmasıdır. Çox qısa müddətdə burada da artıq naliyyət və uğurumuz var. İlk olaraq məqsədə doğru inamla, çalışaraq, istəyərək gedən kollektivimiz var. Heydər Əliyev -100 təqdimatında Respublika üzrə II yerin qalibiyik. Həmçinin 1 şagirdim bu il Riyaziyyat fənni üzrə RFO qalibi olmuşdur. Məktəb qrant layihənin qalibidir. Bir müəllimim Yaradıcı müəllim müsabiqəsinin qalibi oldu. SAF- da ( Steam Azərbaycan Festivalı) uğurla çıxış edərək müxtəlif nominasiyalarda I, Il, III yerləri qazanmışıq. Gələcəkdə daha çox uğura bu kollektivlə imza atacağımdan əminəm. Yüksək keyfiyyətli bacarıqlarını sevərək icra edən müəllimlərlə çalışmaq, işini sevərək həyata keçirən insanlarla bir arada olmaq çox xoşdur. Uşaqları çox sevirəm.. Məktəbimi, Kollektivimi və işimi çox sevirəm.
Şagird:
Mən, Aydan Vüqar qızı Məmmədli 2008-ci ildə Bakı şəhərində anadan olmuşam. 2014-cü ildə Səbail rayonu 189-190 nömrəli tam orta məktəbin 1-ci sinfinə daxil olmuşam. Hal-hazırda təhsilimi məktəbin 10-cu sinfində davam etdirirəm. 2023-cü ildə Müstəqil Dövlətlər Birliyinin Parlamentlərarası Assambleyasının iştirakçısı olan dövlətlərdə demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi beynəlxalq institutunun Bakı filialının məktəblilər arasında “Müstəqil Azərbaycan Respublikasının qurucusu və memarı Heydər Əliyev-100” mövzusunda keçirdiyi inşa-yazı müsabiqəsində I yerin və Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən keçirilmiş “Düşünən şagird” hekayə müsabiqəsində II yerin qalibi olmuşam.
Esse
Həyat məktəbi
Məktəb hər birimizə gələcək həyatımız üçün yol açan, bu yola işıq saçan bir ocaqdır. Burada biz tək biliklərə yiyələnmirik, eyni zamanda gələcəyimizin təməlini qoyuruq.
189-190 nömrəli tam orta məktəb – bu, mənim, sinif yoldaşlarımın, yüzlərlə məktəb yoldaşımın, eləcə də bu ocaqdan məzun olaraq öz yollarını seçmiş minlərlə insanın həyatının təməlini qoyan bir məkandır. Əlifbanı burada öyrənirik. “Ana” sözünü deməyə körpə vaxtı ana qucağında başlasaq da, bu kəlmənin yazılmasını 1-ci sinifdə məktəbdə öyrənirik.
Yazıb oxumağı, hesablamağı mənimsəyib, illər ötdükcə, yuxarı siniflərə qalxdıqca müxtəlif sahələrdə daha dərin biliklərə yiyələnirik. İsmin hallarından budaq cümləyə kimi, sadə hesablamalardan triqonometriyaya kimi, təcildən optikaya kimi, kimyəvi elementlərdən üzvi birləşmələrə kimi hər şeyi məktəbdə öyrənirik.
Ancaq bizim məktəbdən aldığımız tək bilik deyil, müəllimlərimiz bizi gələcək həyata da hazırlayırlar. Bir yandan yuxarı siniflərdə bizim ixtisas seçimimizə həm öz fənlərini dərindən öyrətməklə, həm də fənlərinə sevgi yaratmaqla təsir göstərirlər, digər yandan doğru yol göstərməklə bizi düzgün istiqamətə yönəldir, düzgün seçimimizə təsir göstərirlər. Eyni zamanda müəllim adını yüksək səviyyədə daşıyanlar şagirlərinə tək bilik verməklə kifayətlənmir, onlara qayğı göstərir, problemləri ilə maraqlanır, hər cür dəstək göstərməyə çalışır, dəyərli məsləhətlər verir, yol göstərir, gələcək həyata hərtərəfli hazırlayırlar. Bir sözlə, burada biz tək biliklərə yiyələnməyirik, eyni zamanda bir həyat məktəbi keçirik - bizim sabahımızı müəyyənləşdirən, həyat yolumuza nur saçan, işıq salan, mayak olan bir məktəbi.
Fənləri yaxşı oxumaqla, mənimsəməklə yanaşı bu məktəbin, müəllimlərimizin bizə öyrətdiyi hər şeydən düzgün faydalanmaqla gələcəyimizin uğurlarını təmin etmiş oluruq. Əks təqdirdə, dərslərini oxumayanlar, müəllimlərini dinləməyənlər isə həyatın keşməkeşli yollarında çox əziyyət çəkirlər. Ona görə müəllimlərimizin, məktəbimizin bizə verdiklərindən maksimum yararlanmalıyıq ki, uğurlu gələcəyimizin təməlini qoya bilək.
“Ədəbiyyat və incəsənət”
(22.05.2024)
İntizar ədəbiyyatı - Mədinə Gülgün, "O axşam"
Təqdim edir: Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”
O axşam ulduzsuz qalmışdı səma,
O axşam Təbrizə hey qar yağırdı.
Doğrusu gəlməzdi o gün ağlıma
Ömrümə həsrətli ömür doğurdu.
Dörd təkər üstündə keçirdi anlar,
Arxada qalırdı daşlı küçələr.
Sanki arxamızca boylanırdılar
O axşam gözləri yaşlı küçələr.
Arxada qalırdı dalanlar, yollar,
Arxada qalırdı evlər, binalar.
Ayrılıb gedirdi qızlar, oğlanlar,
Bir həsrət qalırdı, bir də analar.
O gün üşüyürdü bütün yer üzü,
Arxada qalırdı bağ, bağça, meydan.
Sınayırdı sanki o axşam bizi
Şaxta bir tərəfdən, həsrət bir yandan.
Odlu nəfəsimiz əritdi qarı,
Donmadıq, şahiddir buna yaxın, yad.
Keçdikcə şaxtalı, qarlı yolları
Həsrəti əridə bilmədik heyhat.
Körpə balaların gözündə sual,
Anaya, ataya and yeri olduq.
Yəqin ki, kiminə acı bir xəyal,
Kiminin dilinin əzbəri olduq.
Çinar gövdəsində yazımız qaldı,
Bir də səngərlərdə qaldı yerimiz.
Elə bil üfüqlər, göylər daraldı
O gün ki Təbrizdən ayrılırdıq biz...
Şərəfdir müqəddəs səngər ölümü,
Ağ gün bəxş edəsən Vətənə, elə.
Ölmədik səngərdə ölənlər kimi,
Qaldıq bu arzunun nisgilləriylə.
“Ədəbiyyat və incəsənət”
(22.05.2024)
“Azərbaycan ədəbiyyatı deyəndə ağlıma ilk gələn Füzuli və Nəsimi olur” - Fulya Kılıçlı
Habil Yaşar, “Ədəbiyyat və incəsənət”
Qardaş Türkiyədən növbəti müsahibim dəyərli yazar Fulya Kılıçlı xanımdır…
-Salam xanım Fulya Kılıçlı! Necəsiniz? Zəhmət olmasa öncə özünüz haqda azərbaycanlı oxuculara məlumat verərdiniz.
-Təşəkkürlər! Azərbaycandakı qardaşlarımla müsahibə yolu ilə görüşməyimə çox şadam.
1965-ci ildə Ankarada anadan olmuşam. İbtidai, orta və universitet təhsilimi Ankarada tamamladım. T.R. Ərzaq, Kənd Təsərrüfatı və Heyvandarlıq Nazirliyindən təqaüdə çıxmışam. Ailəliyəm, iki uşaq anasıyam.
“Sağlamlıq və rahatlıq “xoşbəxtlik” deməkdir” həyat fəlsəfəsinə inandığım üçün sağlam qidalanma və rahatlığı həyatımın mərkəzinə qoyaraq yaşamağa üstünlük verirəm.
“Mutlu Bir Tebessüm İçin Geçmişe Yolculuk,” “Hayat’a Dair” və “Yüreğinize Dokunabilir Miyim?” adlarında üç kitabım vardır.
-Ədəbiyyata marağınız nə zaman və necə başladı?
-Bu, klişe kimi səslənə bilər, amma özümü tanıdığımdan bəri yazıram. Sevincimi yazıram, kədərimi yazıram, xoşbəxtliyimi yazıram, yəni mənə təsir edən müsbət və ya mənfi hər şeyi yazıram. Çünki yazmaqla rahatlaşıram. Ona görə də uşaqlıqdan gündəlik tutmuşam. Deməli, yazmağa marağım uşaqlıq illərindən yaranıb.
-Əsərləriniz mövzusu barədə məlumat verə bilərsinizmi?
-Sağlam qidalanmaya önəm verirəm. Çünki sağlam fərdlər sağlam cəmiyyət yaradırlar. Ona görə də bu barədə təlim alıb və repertuarımı yeni məlumatlarla təkmilləşdirib qidalanma ilə bağlı daha geniş auditoriyaya çatmağı qarşıma məqsəd qoymuşdum. Və bu məqsədimə çatmaq üçün kitab yazmaq qərarına gəldim. Amma verəcəyim məlumatlarla oxucularımı bezdirməmək üçün kitabıma məzəli uşaqlıq xatirələrimlə yanaşı kiçik hekayələri də əlavə etdim. Beləliklə, oxucularım gülərkən və düşünərkən, kitab boyunca səpələnmiş qida məlumatlarından da faydalana bildilər. İlk kitabım "Mutlu Bir Tebessüm İçin Geçmişe Yolculuk" belə qarışdırıldı.
İkinci kitabımda əhatə dairəsini daha geniş tutaraq oxucularımın zövq alacağı həyat haqqında məlumat vermək istədim. Gündəlik tutmağın vacibliyini vurğulamaq üçün uşaqlarımın gündəliklərindən sitatlar da paylaşdım. Çünki xatirələr yazmaq, gündəlik saxlamaq şərtdir. Necə ki, Andre Gide demişkən, “Memuar yazmaq ölümün əlindən bir şey xilas etməkdir”. Mən də özümə görə nə qurtarıramsa kar edər deyə yazıram və bundan sonra da yazmağa davam edəcəyəm.
Təcrübələrimə əsaslanaraq üçüncü kitabımda sevgi, güvən, dürüstlük, aldatma, yalan kimi hər kəsə dərindən təsir edən məsələlərə şəxsi baxışlarımla mənə təsir edən hekayələri və şeirləri paylaşaraq oxucularımın qəlbinə toxunmaq istədim…
-Türkiyədə mütaliə səviyyəsindən razısınızmı?
-Bəli, razıyam.
-Ənənəvi ya digital kitaplara üstünlük verirsiniz?
-Ənənəvi kitablara üstünlük verirəm, amma hesab edirəm ki, rəqəmsal kitablarla daha geniş auditoriyaya çatmaq olar. Ona görə də həm ənənəvi, həm də rəqəmsal kitablar mənim üçün çox dəyərlidir.
-Ən çox sevdiyiniz yazar kimdir və onunla görüşmək imkanınız olsaydı ona sualınız nə olardı?
-Müəlliflər arasında bunu daha çox sevdiyimi deyə bilmərəm, çünki oxuduğum hər kitabın müəllifi ilə bir bağ qururam və onu sanki ailəmdən biri kimi sevir, bağlanıram. Amma təbii ki, bəzi yazıçı və şairlərdən daha çox təsirləndiyimi deyə bilərəm.
Məsələn, şairlərdən; Mehmet Akif Ərsoy, Orxan Vəli Qanıq, Can Yücəl, Camal Sürəya, Özdəmir Asəf, Xəlil Cübran, yazarlardan da, Xalidə Ədib Adıvar, Oğuz Atay, Səbahəddin Əli, Dostoyevski və Tolstoy’dan təsirləndiyimi deyə bilərəm. Tolstoyla tanış olmaq imkanım olsaydı, ondan insan xarakterini necə bu qədər mükəmməl təhlil etdiyini soruşardım.
-Azərbaycan ədəbiyyatını izləyirsinizmi?
-Mən əksər məsələlərdə qardaş və əziz Azərbaycanı izləməyə çalışıram. Amma Azərbaycan ədəbiyyatı deyəndə ağlıma ilk gələn Füzuli və Nəsimi olur.
-Yazarlara hansı tövsiyələriniz vardır?
-Yazmaq daxildən gələn bir hissdir və insanda bu istedad varsa, bir yolunu tapıb üzə çıxacaq. Ona görə də özümü başqa yazıçıya məsləhət verəcək vəziyyətdə görmürəm. Məsləhət verməkdənsə, özümdən misallar çəkə bilərəm. Məsələn, mən yazanda oxucumla söhbət edirmiş kimi yazmağa, səlis və səmimi olmağa, darıxdırmadan əyləncəli şəkildə məlumat verməyə, insanları güldürərkən düşündürməyə üstünlük verirəm.
Nəhayət, bütün yazarlara, oxuculara salamlarımı çatdırıb “Qələm qılıncdan güclüdür” atalar sözü ilə bitirmək istəyirəm.
“Ədəbiyyat və incəsənət”
(21.05.2024)