
Super User
BİR SUAL, BİR CAVAB İntiqam Yaşar ilə
Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”
SUAL:
Son deyilən nə var ki,
bu da bir imtahandır,
Bu dünyada əzəldən,
həqiqət adlı nə var,
sən də bildin yalandır,
mən də bildim yalandır.
(İntiqam Yaşar)
İntiqam bəy, dünyanın faniliyini bilə-bilə, bir- birinə əzab verən insanlara, " daş-qaşa aşiq olanlara", "dağın zirvəsinə çıxıb aşağıdakılara qarışqasınız" - deyənlərə tövsiyəniz nədir?
CAVAB:
- Mənim fikrimcə, bütün məcazi dağlar da, zirvələr də nisbidir. Bəzi məsələlərdə tövsiyəyə ehtiyac görmürəm. Xarakter amilidir.
Ədəbiyyat və incəsənət”
(24.05.2024)
Qırğızıstanın Xalq yazıçısı Sultan Rayevin azərbaycanca ilk kitabının təqdimatı oldu
Kənan Mənmədli, “Ədəbiyyat və incəsənət”
Mayın 23-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda Qırğızıstan Xalq yazıçısı Sultan Rayevin “XAN Nəşriyyatı”nda çap olunmuş “Dəlixana” romanının təqdimat mərasimi keçirildi. Hazırda TÜRKSOY prezidenti vəzifəsini daşıyan Sultan Rayev təqdimatda şəxsən iştirak edirdi.
Qeyd edək ki, sözügedən roman Azərbaycan Ədəbiyyat Fondu və “Hədəf” Şirkətlər Qrupunun birgə layihəsi olan “Türk xalqları ədəbiyyatı” seriyasının ilk kitabıdır. Layihə rəhbərləri Azərbaycan Ədəbiyyat Fondunun və eləcə də “Hədəf” Şirkətlər Qrupunun baş direktorları Varis və Şəmil Sadiqdir.
Tədbirdə AYB rəhbərliyi, tanınmış ədəbiyyat və incəsənət nümayəndələri, jurnalistlər iştirak edirdilər.
Təqdimatı giriş sözü ilə açan AYB-nin sədri, Xalq yazıçısı Anar Sultan Rayevi Azərbaycanda, rəhbəri olduğu ədəbiyyat ocağında salamlamaqdan məmnunluğunu ifadə etdi. “Dəlixana” əsərinin müəllifin Azərbaycan dilində ilk çap olunan əsəri olduğunu deyən Anar Türk dünyasının böyük yazıçısının azərbaycanlı oxucular tərəfindən də seviləcəyinə və bu layihənin davamlı olacağına inandığını bildirdi.
Ədəbiyyat Fondunun baş direktoru Varis romanın magik-realizm janrının ən əhəmiyyətli nümunələrindən olduğunu, ingilis, rus, türk, macar dillərində dərc edilərək geniş oxucu kütləsi topladığını vurğuladı, qeyd etdi ki, azərbaycanca nəşr daha mükəmməl, orijinala tam yaxın alınıb.
Varis həmçinin romanın əsas mesajını xatırlatdı: dünyada heç nə izsiz ötüşmür, bütün pisliklər bumeranq kimi geri qayıdır.
“Hədəf” Şirkətlər qrupunun baş direktoru,
Azərbaycan Nəşriyyatlar Assosiasiyasının həmtəsisçisi və direktoru Şəmil Sadiq əsərin özəlliklərindən danışdı. Bildirdi ki, kitabın tərcüməçisi Aysel Oğuz, redaktorları Yunus Oğuz və Cavid Qədirdir.
Ş.Sadiq dedi ki, romanda yüzlərlə il əvvəl ölmüş tarixi şəxsiyyətlərin ruhunu daşıyan yeddi nəfərin başına gələnlər təsvir olunur. Onlar həm özlərinin, həm də ruhunu daşıdıqları şəxslərin yol verdiyi günahların cəzasını çəkirlər.
Əsərin qəhrəmanları özlərindən də, cəzadan da qaçmaq üçün çöllərə düşür, Müqəddəs torpağın axtarışına çıxır, Musa peyğəmbərin ardıcılları kimi səhrada dolaşmağa başlayırlar…
Bəşər övladının ruhu da, əzabı da əbədidir. Bədən dünyanı tərk etsə də, ruh cəzasını başqa bədənlərdə çəkməyə davam edir.
Milli Məclisin deputatı, akademik Nizami Cəfərov çıxışında ortaq türk ədəbiyyatının və mədəniyyətinin inkişafı üçün bu cür əsərlərin tərcüməsinin önəmindən danışdı. Bu layihənin davamlı olacağına inandığını deyən akademik Sultan Rayevin digər əsərlərinin də Azərbaycan dilinə tərcümə olunmasının önəmini vurğuladı.
Nəşrin redaktoru olan tarixi romanlar müəllifi Yunus Oğuz tərcümə və redaktə prosesinin özəlliklərindən danışdı, kitabın oxucular tərəfindən maraqla qarşılanacağına inamını ifadə etdi.
Tanınmış kinorejissor, Xalq artisti Vaqif Mustafayev Sultan Rayevin “Daşqın” romanını oxuduğunu bildirdi, o, romanı son illərdə oxuduğu ən mükəmməl roman adlandırdı, “Dəlixana”nın da yüksək nəsr nümunəsi olduğuna inamını ifadə etdi.
Azərbaycanın TÜRKSOY-dakı daimi nümayəndəsi Elçin Qafarlı çıxış edərək Sultan Rayevin başçılığı altında TÜRKSOY-un keçirtdiyi önəmli layihələrdən danışdı və bu günlərdə Azərbaycanın həmin önəmli layihələrdən birinə ev sahibliyi etdiyini dedi. 20-22 may tarixlərində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin ev sahibliyi ilə keçirilən “TÜRKSOY” II Beynəlxalq Tələbə Tamaşaları Festivalından danışan E.Qafarlı bu kimi layihələrin gənc sənətçilərin inkişafında mühüm rol oynadığını bildirdi. S.Rayevin Azərbaycanda ilk dəfə çap olunan əsərinin geniş oxucu kütləsi qazanacağına inandığını deyən natiq layihədə zəhməti keçən hər kəsə uğurlar arzu etdi.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, Əməkdar İncəsənət xadimi, professor Ceyran Mahmudova müəllifi və layihədə iştirak edən hər kəsi təbrik etdi. Belə əsərlərin tərcüməsinin teatr sənəti və kino sənəti ixtisaslarında təhsil alan tələbələr üçün çox önəmli olduğunu deyən rektor tələbələrin səhnələşdirməkləri üçün dram əsərlərinin də tərcümə olunmasının vacibliyini vurğuladı.
Filologiya üzrə fəlsəfə doktoru Şərəf Cəlilli türk dünyası ədəbiyyatının özəlliklərinə toxundu, böyük ədibləri ehtiramla andı, Sultan Rayevi də bu pleadanın davamçısı saydı.
Azərbaycan Yazıçılar Birliyinin katibi Elçin Hüseynbəyli, Milli Məclisin Mədəniyyət Komitəsinin eksperti, şair Əkbər Qoşalı, Sumqayıt Poeziya Evinin direktoru, şair İbrahim İlyaslı, kitabın redaktoru Cavid Qədir və başqaları çıxış edərək Sultan Rayevin yaradıcılığından danışdılar, əsər münasibəti ilə onu təbrik etdilər.
Çıxış edən Sultan Rayev hər kəsə minnətdarlığını bildirdi, Azərbaycanda ilk dəfə kitabının çap olunmasından sevincini ifadə etdi.
Tədbirin sonunda müəllif iştirakçılar üçün kitabını imzaladı.
“Ədəbiyyat və incəsənət”
(24.05.2024)
Gənclər Kitabxanasında “Vətən fədailəri” kitabının təqdimatı olub
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Gülniyar Qurbanqızının “Vətən fədailəri-I” və “Vətən fədailəri-II” kitablarının təqdimat mərasimi keçirilib.
“Ədəbiyyat və incəsənət” portalına kitabxanadan verilən məlumata görə, nəşr Birinci və İkinci Qarabağ müharibəsində Zaqatala rayonunun şəhid və döyüşçülərinə həsr olunub.
Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mərasimdə çıxış edən kitabxananın direktoru Aslan Cəfərov şanlı Zəfər tariximizə nəzər salaraq, Prezident İlham Əliyevin müdrik siyasəti, rəşadət göstərən əsgər və zabitlərimizin qəhrəmanlığı, xalqın birlik və həmrəyliyi barədə danışıb.
Azərbaycan oğullarının qəhrəmanlıq dolu həyat hekayələrinin gənclərə bir örnək olduğunu bildirən direktor qeyd edib: “Bu mövzuda qələmə alınan əsərlər çox əhəmiyyətlidir. “Vətən fədailəri” kitabları gələcəkdə bir çox ali və orta məktəblər və kitabxanaların rəflərini bəzəyəcək. Kitabxananın hərbi vətənpərvərlik mövzusunda həyata keçirilən “Şanlı Zəfər tarixinin qəhrəmanları” layihəsi çərçivəsində bir sıra vacib tədbirlər reallaşıb. Mədəniyyət ocaqları bu səpkili tədbirlərin təşkili və təbliği baxımından müstəsna əhəmiyyətə malikdir”.
Yazıçı Yunus Oğuz tarix yazan qəhrəman oğullar sayəsində Azərbaycan xalqının qürur və iradəsinin bərpa olunduğunu, milli ruhumuzun geri qaytarıldığını diqqətə çatdırıb. O, qəhrəmanlıq yolunun, döyüş xatirələrinin gələcəkdə dərsliklərə salınması, məktəblərdə tədris olunması, ssenarilərin yazılması və filmlərin çəkilməsi zərurətindən danışıb.
Azərbaycan Ədəbiyyat Fondunun baş direktoru, yazıçı Varis Yolçuyev Zəfərimizin bütün çalarları, qalibiyyəti ilə təsvir edəcək nəzm və nəsr nümunələrinin qələmə alındığını və gələcəkdə də yazılacağını əminliklə dilə gətirib. “Qarabağ uğrunda gedən 44 günlük Vətən savaşında tarix yaradanların sırasında yer alan, əzəli Azərbaycan torpağı olan Qarabağ uğrunda gedən döyüşlərdə düşmənə qarşı mərdliklə vuruşan qəhrəmanlarımız haqqında məhz belə bölgələrə bölünməklə məlumatların toplanması və sonradan kitab formasında çap olunması olduqca təqdirəlayiqdir”, - deyə o əlavə edib.
Vətən müharibəsi iştirakçıları qazi, mayor Yusif Hümbətov, baş leytenant Pətərək Fərzəliyev, qazi Vüsal Səttarov döyüş xatirələrini bölüşərək, yüzlərlə Poladların, Mübarizlərin, Xudayarların qisasının döyüş meydanında alındığını, şəhidlərimizin qanlarının yerdə qalmadığını böyük qürur hissi ilə dilə gətiriblər.
Kitabxananın əməkdaşı Lamiyə Sarıyeva gənclərin Azərbaycanın şanlı döyüş yolunun, tarixi həqiqətlərinin beynəlxalq aləmdə tanıdılması yönümündə daim çalışmalı, yaşadıqları ölkənin qədim tarixini, mədəniyyətini, ədəbiyyatını mükəmməl bilməli olduqlarını vurğulayıb.
Kitabın müəllifi Gülniyar Qurbanqızı uzun və məsuliyyətli yolun sonunda belə bir kitabın ərsəyə gəlməsinin özünə, xalqına bir Vətən töhfəsi olduğunu qeyd edib.
“Ədəbiyyat və incəsənət”
(23.05.2024)
“Cəsur Qəhrəmanlar" kitabının Lənkəranda təqdimatı olub
Mayın 22-sində Lənkəran şəhər Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə AYB-nin üzvü şairə Esmira Günəşin "Cəsur Qəhrəmanlar" kitabının Lənkəranda Heydər Əliyev Mərkəzində təqdimatı keçirilib.
“Ədəbiyyat və incəsənət” portalına Esmira Günəşin verdiyi məlumata görə, təqdimatda Lənkəran şəhid ailələri ilə yanaşı Cəlilabaddan, Astaradan, Masallıdan, Yardımlıdan, Bakıdan da şəhid ailələri iştirak ediblər. Həmçinin AYB Lənkəran bölməsinin şairləri, qazilər, Azərbaycan Veteranlar Birliyinin üzvləri, Gimnaziyanın direktoru, orta məktəblərin müəllim və şagird kollektivi, Lənkəran şəhər mədəniyyət işçiləri, kitabxanaçılar, Tarix Diyarşünaslıq muzeyinin əməkdaşları, həmçinin vətənsevər ictimai fəallar tədbirdə iştirak ediblər. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni və şəhidlərimizim xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladıqdan sonra qonaqların bir-birindən maraqlı çıxışları ilə davam edib.
Məktəblilər şairənin şəhidlərə həsr olunmuş şeirini səsləndirib. Lənkəran şəhər C.Cabbarlı adına 1 saylı musiqi məktəbinin nümayəndələri "Qarabağ şikəstəsi" ni səsləndirərək qonaqları heyran ediblər. Tədbirin gedişatında şairə Esmira Günəş dəvət etdiyi şəhid ailələrinin hər birinə çıxış üçün söz verib.
Tədbirin sonunda müəllif H. Əliyev Mərkəzininin rəhbəri Reyhanə xanıma təşəkkür edərək imzalı kitabını hədiyyə edib. Qeyd edək ki, kitab təqdimtında şəhidlərin şəkillərindən ibarət sərginin olması tədbirə daha da maraq qatıb.
Tədbir xatirə şəkilləri ilə yekunlaşdırılıb.
“Ədəbiyyat və incəsənət”
(23.05.2024)
Varis: “Gələcək türkçülüyün, turançılığın gələcəyi olacaq”
OĞUZ AYVAZIN VARİSLƏ MÜSAHİBƏSİ
“Ədəbiyyat və incəsənət” portalı bu günlərdə Ümumdünya Yazıçılar Təşkilatının Türk dövlətləri və türkdilli xalqlar bölməsinin katibi seçilmiş Varislə müsahibəsini təqdim edir.
-Ümumdünya Yazıçılar Təşkilatının (World Organization of Writers - WOW) onlayn keçirilən iclasında qurumun 5 bölməsindən birinin Türk dövlətləri və türkdilli xalqlar bölməsinin katibi seçildiniz. Bu münasibətlə sizi təbrik edirik. Xəbərlə bağlı təəssüratınız necədir?
-Təşəkkür edirəm, Oğuz bəy. Gələcək türkçülüyün, turançılığın gələcəyi olacaq, bunu sövqi-təbii hiss edirəm. Elə bunu hamı hiss edir.
Qeyd edim ki, Avropa, Asiya, Amerika və Afrika qitələri yazıçılarını təmsil edən Ümumdünya Yazıçılar Təşkilatının təşkilatçılığı altında WOW festivalları 2024-cü ilə kimi 4 dildə (ingilis, ispan, rus, ərəb) keçirilirdi və qurumun 4 müvafiq bölməsi fəaliyyət göstərirdi. 2024-cü ildə qara qitədə - Nigeriyada, Nobel mükafatçısı Voye Şoyinkanın fəxri sədrliyi ilə keçirilən konqresdə 5-ci dil - türk dili də rəsmi festival dili statusu qazandı və qurumun müvafiq olaraq Türk dövlətləri və türkdilli xalqlar bölməsi yaradıldı. Təbii ki, bölməyə rəhbərliyin məhz mənə həvalə edilməsindən hədsiz qürur duyuram. Bu çox şərəfli, həm də böyük məsuliyyətli bir iş olacaq.
-Fəaliyyətiniz hansı istiqamətlərdə olacaq? Bu barədə məlumat verərsiniz...
-Türk dövlətləri və türkdilli xalqlar bölməsi Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan və Macarıstanı, eləcə də Rusiya (tatarlar, çuvaşlar, başqırdlar, yakutlar), Çin (uyqurlar), İraq (kərküklər), İran (azərbaycanlılar), Kipr (türklər), Ukrayna (Krım tatarları) və s. ölkələrdə yaşayan türkdilli toplumları əhatə edir. İlk növbədə vahid koordinasiya mərkəzi yaradılacaq, bölmənin əhatə etdiyi hər bir subyektdə təmsilçilər təyin ediləcək. Bölmə onlayn ədəbiyyat axşamlarında, antologiyalarda, seriya kitablarında, müsabiqə və festivallarda türkdilli yazarların iştirakını təmin edəcək. Ali məqsəd türk dünyası ədəbiyyatını dünyada daha yaxşı tanıtmaq, ən istedadlı türkdilli yazarlar üçün promokşn təşkil etmək, yazarların maddi vəziyyətlərini yüksəltmək üçün onların dünya üzrə nəşriyyat hesabına çap olunub qonorar qazanmalarına dəstək olmaqdır. Nəzərə alaq ki, Ümumdünya Yazıçılar Təşkilatının oturuşmuş digər dörd strukturundan fərqli olaraq türk dilli ədəbiyyat strukturu tam yeni yaranır, hələ bir müddət formalaşma prosesi gedəcək.
-Azərbaycan yazıçıları üçün hansısa yeniliklər olacaq?
-Azərbaycan yazıçıları təşkilatın verə biləcəyi bütün faydalardan yararlana biləcəklər. Yuxarıda sadaladığım sahələrdə özünü göstərmək üçün hər bir tanınmış yazıçımıza, istedadlı gənc yazarımıza münbit şərait yaradılacaq.
-Qurumun 2025-ci ildə Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək növbəti konqresi və 2025-ci il Ümumdünya WOW – LiFFt Ədəbiyyat festivalının hazırlıq mərhələsi ilə bağlı hansı müzakirələr aparılıb?
-Konqresi keçirmək üçün həm Əbu-Dabi, həm də Dubay əmirlikləri namizəddir, seçim konqres ərəfəsi olacaq. Konqresdə iştirak üçün qitələr üzrə namizəd sayları müzakirə edildi. Təşkilatın vahid media şəbəkəsinin iş mexanizminin təkmilləşdirilməsi də gündəlikdə dayanan əsas məsələlərdən idi.
Təbii ki, BMT-nin patronajlığı altında keçirilən Ümumdünya WOW – LiFFt Ədəbiyyat festivalı əsas müzakirə obyekti oldu. 2025-ci ildə Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək növbəti festivalda yenə də poeziya və nəsr üzrə qaliblər müəyyənləşəcək. Bu dəfə seçim turu həm də türk dilində olacaq. Əvvəlki festivallarda seçim turlarına türk dünyası yazarları yalnız ingilis dilində qoşula bilirdilər. İstisna hal yalnız o idi ki, postsovet ölkələri müsabiqəyə rus dili ilə də qatıla bilirdilər. İndisə türk dili iştirak üçün əlavə stimul verəcək.
Və böyük əminliklə deyirəm ki, böyük ədəbiyyatı, nüfuzlu yazarları olan Azərbaycan, Türkiyə, Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Tatarıstan böyük uğurlara imza ata biləcək.
“Ədəbiyyat və incəsənət”
(23.05.2024)
BİR SUAL, BİR CAVAB Habil Yaşar ilə
Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”
SUAL:
Bütün insanlar yalançı olmasa da, bütün yalanlar insanlara aiddir. ( Habil Yaşar)
Habil bəy, qarşınızdakı insanın yalançı olub-olmadığını müəyyənləşdirməyə ehtiyac olsa, gözlərinə baxarsınız, yoxsa, sözlərinə?
CAVAB
Bəzən elə məqamlar olur ki, hətta deyərdim çox zaman, qarşımdakı şəxsin nə demək istədiyini sözlərə ehtiyac duymadan gözlərindən oxumağı bacarıram. İntuisiyamın çox güclü olduğunu söyləyə bilərəm.
Ədəbiyyat və incəsənət”
(23.05.2024)
Heç ağarmıram...
“Ədəbiyyat və incəsənət” portalı sizlərə Xeyrəddin Qocanın miniatür hekayələrinin təqdimini davam etdirir.
Heç ağarmıram...
Azərbaycan Prezidenti Türkiyəyə rəsmi səfərə gəlirdi. Ankaranın "Esenboğa" hava limanının "Şərəf salonu"nda Prezidenti qarşılamaq üçün son hazırlıq işləri görülürdü. Xeyrəddin Qoca o zaman AzərTAC-ın xüsusi müxbiri olan Turala yaxınlaşdı:
- Sən gündə neçə dəfə çimirsən?
Tural düşüncələrindən ayrılıb cavab verdi:
- Üç gündə bir. Yay vaxtı hər gün, bəzən gündə iki dəfə. Necə bəyəm?
Xeyrəddin müəllim dərdli-dərdli ona baxdı:
- Mən il boyu hər gün iki dəfə çimirəm, amma heç ağarmıram.
“Ədəbiyyat və incəsənət”
(23.05.2024)
Lənkəran kollecində ədəbi görüş keçirilib
Lənkəran Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Sosial və Aqrar-Texnoloji Kollecin tələbələri ilə Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü Əyyub Türkayın görüşü keçirilib.
“Ədəbiyyat və incəsənət” portalına Əyyub Türkayın verdiyi məlumata görə, kollecin 100 illiyi ilə əlaqədar tədbirlər planına uyğun olaraq keçirilən görüşdə Əyyub Türkay qələmə aldığı müxtəlif poeziya nümunələrini iştirakçılar üçün ifa edib, tələbələri maraqlandıran sualları cavablandırıb.
Daha sonra o, müəllifi olduğu "BALACALARIN ŞEİR ÇƏLƏNGİ", "SOVQAT" və "BALACA QƏHRƏMANLARIM" adlı kitablarını kollecin direktoru Leyla İbrahimovaya təqdim edib.
“Ədəbiyyat və incəsənət”
(23.05.2024)
Bu gün Füzuli Dövlət Dram Teatrında hazırlanan uşaq tamaşasının premyerası olacaq
Vüqar Haqverdiyevin eyniadlı uşaq pyesi əsasında Füzuli Dövlət Dram Teatrında “Qarınqulu ayı balası” tamaşası hazırlanıb. Tamaşanın premyerası bu gün - mayın 23-də teatrın səhnəsində baş tutacaq.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, tamaşanın quruluşçu rejissoru Emin Abışov, quruluşçu assistenti Gülgəz Soltanova, rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı isə Sənan Sevindikzadədir.
Səhnə əsərinin əsas ideyası sevimli heyvanların dili ilə uşaqlara dostluq, yoldaşlıq, həmrəylik kimi əxlaqi-mənəvi dəyərləri aşılamaq, düz danışmağın vacibliyini göstərmək, eləcə də balacalarda həkimə, iynəyə qarşı qorxu və həyəcan hissini əyləncəli formada yox etməkdir.
“Ədəbiyyat və incəsənət”
(23.05.2024)
“İki yekə, qalın stəkan” - HACI FİRUDİN QURBANSOYUN HEKAYƏSİ
Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzeti” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə yazıçı, astroloq, ədəbiyyatşünas Hacı Firudin Qurbansoyun hekayəsi təqdim edilir.
Soyuq yanvar axşamı idi. Əyninə, nə vaxtsa bahalı olmuş yaşılı boz rəngdə nimdaş plaş geymiş yaşlı, üzünü xırda ağ tüklər basmış kişi kafeyə daxil olan kimi birbaşa satıcının yanına gəldi. Pul uzatdı.
- Yarım çörəyi doğra.
Satıcı pulu aldı, doğranmış çörək dolu kiçik tabağı ona verdi. Kişi tabağı və iki yekə qalın stəkanı götürüb iri pəncərənin önündə boş masanın ətrafındakı dörd kətildən biridə oturdu. Plaşının cibindən araq şüşəsini çıxartdı, ağzını açıb iki yekə qalın stəkanı doldurdu. Stəkanın birini qaldırıb su içirmiş kimi boşaltdı. Cibindən kağıza bükülü döğranmış yoğun kolbasanı götürüb masa üzərinə qoydu. Kağızı açdı, ovcunda əzib külqabıya atdı. Tabaqda kolbasaya yer elədi. İkinci stəkanı da eləcə qurutdu. Xardalqabının içindəki xırda qaşığı çıxarıb kolbasa diliminə sürtdü, çörəklə yedi. Şüşənin dibindəki arağı boş qalın stəkanın birinə süzdü. Boş şüşəni götürdüyü yerə qoydu, ikinci arağı digər cibindən çıxardı. Ağzını açdı, stəkanı doldurdu, ikinci yekə qalın stəkan üçün də dodaq yeri qoymadı.
Kolbasa və çörək dilimlərinin az bir hissəsi qalmışdı. Qonşu masada cavanlar çap olunmuş yazıya görə alınan qələmiyyəni, yəni qanoararın əlamətdar gününü qeyd edirdi. Çox şən idilər. Onlardan biri astadan pıçıldadı:
- O masadakı kişiyə baxın, yazıqdı, fərli bir yeməyi də yoxdu. Gəlin, bu kabablardan bir boşqab aparaq ona. Görünür dərdi böyükdür. Qoy bir az xoşbəxt olsun.
- Eh, sən də söz danışdın də...
- Dər in dunya kəsi biğəm nəbaşəd,
Əgər başəd, bəni-Adəm nəbaşəd.
- Yəni?
- Yəni ki, bu dünyada heç kəs qəmsiz olmaz, əgər beləsi varsa, o adam balası deyil.
- Bəli də, yenə şərqşünas başladı filosofluğa...
- Sükutunuzu razılıq əlaməti kimi qəbul edirəm.
Boşqaba kabab tikələrini yığdı. Mineral suyu bir əlində, çörək yığının yanına düzdüyü tabağı başqa əlinə aldı. Ehtiyatda pencəyində saxladığı arağın yerində olub-olmamasını qeyri-şüuri yoxladı.
- Siz davam edin, mən gedib o yaşlı adamın dərdinə şərik olacağam.
- Yaxşı, sonra onun dərdini bizimlə də bölüşərsən, öz dərdimiz yoxdu elə bil.
Gülümsəyib ayğa qalxdı, satıcıya işarə elədi:
- Sifarişi təkrarla!
Satıcı həmişəki müştərisinin bu işarəsini çox bəyənirdi, odur ki, razılıqla gülümsədi, kiçik kağıza nəsə yazıb kababçıya göndərdi. Özü onların masasına sini içində çörək, göyərti, mineral sular, dilimlənmiş pendir, şor xiyar gətirdi. Şərqşünas boşqab və tabaqla yaşlı adama yaxınlaşdı.
- Hər vaxtınız xeyir olsun.
- Aqibətin xeyir olsun. Gəl otur.
- Görürəm tək oturmusuz, dedim qoşulum sizə.
Yaşlı onu əli ilə bir az da yaxına çağırdı. Pıçıltı ilə qulağına dedi:
- Bilirsən mən kiməm?
- Ağsaqqal.
- Hmmm... ağsaqqal... Bu gün ayın neçəsidir?
- Yanvarın altısı.
- Bu gün bilirsən nə olub?
- Nə olub?
- Bu gün Mikayıl Müşfiq qətl olunub.
- Doğurdan?
- Həəə... bax orada...
Yaşlı kişi pəncərədən dənizi göstərdi. Dənizin içində kiçik ada görünürdü.
- Bizə məktəbdə bunu deməyiblər...
- Məktəbdə nə gərəkdirsə, onu deyərlər, nə məsləhət deyilsə, söyləməzlər.
- Buyurun, yeyin sizinçün gətirmişəm.
Yaşlı kişi isti tikələrdən götürüb ləzzətlə yedi.
- Bilsəydin mən kiməm, heç kababın sümüklərini də gətirməzdin.
- Hər kim olsaz da, ağsaqqalımızsız.
Bir dolu stəkanı da başına çəkdi. Boş şüşəni plaşının cibinə qoydu. Tikələri götürüb yedi, boşqabda ancaq kiçik sümüklər qaldı.
- Düşünə bilən qardaşlarını qətl edən ağsaqqal...
- ?..
- Mən cəlladam.
- Necə yəni?
- Adicə... vəzifəm hökumətin xoşuna gəlməyən düşüncə adamlarını öldürmək olub.
- Siz yeganə nüsxə deyilsiz...
- Hə, düz deyirsən...
Kiçi pencəyinin qoltuq cibindən nəsə çıxardı, ovcunu açdı.
- Deyəsən inanmadın? Tapançadan çıxan üç güllə gilizinə bax... Müşfiqi bu güllələrlə mən öldürmüşəm.
- Deyəsən, gerçəkləyirsiz a...
Şərqçünas ona inamsızlıqla baxdı, kefli sayıqlaması kimi baxdı.
- İnanmırsan?
- Nəsə, söhbət çox maraqlı gəlir, ancaq inandırıcılığı azdır.
- Hmm... elə əvvəl mənə də inandırıcı gəlmirdi...
- Başdan danışın, necə oldu? Müşfiqin son anlarını siz görmüsüz, danışın. Çox xahiş edirəm.
- Nə danışım?.. Tüfənglə, tapança ilə cavanlıqda ancaq onluğu vururdum. O vaxt bizi tez-tez hədəfgaha gətirirdilər. Fərqləndiyim üçün mənimlə maraqlandılar, uzun çək-çevirdən sonra işə götürdülər. Güllələnmə cəzası alanları biz qətl edirdik. Artıq bir neçəsini mən öldürmüşdüm. İşdən qabaq bizə yeməksiz iki iri, qalın stəkan dolusu araq verirdilər. Birnəfəsə içirdik. 10-15 dəqiqə ərzində keyflənib keyləşirdik, araq bizi tuturdu. Zabit əmr eləyirdi ki, xalq düşməninə tapançanı tuşla!.. sonra nə baş verirdisə, heç nə yadda qalmırdı. İşi bitirəndən sonra qayıqla bizi şəhərə gətirirdilər. İdarədə, zirzəmidə isti, rahat, öz otağımızda hər gün ağları dəyişilən təmiz çarpayılarımız vardı. Səhərəcən orada yatırdıq. Səhər yeməkxanada mannı-kaşa, bir yumurta, kiçik yumru kərə yağı, qara və ağ çörək dilimləri, şirin çayla qidalanırdıq...
- Altı yanvarda nə olmuşdu?
- Deyirəm, səbrin olsun, sual vermə, qulaq as. Fikrim dağılır... Hə, o gün çox soyuqdu, qar yağmışdı. Düz qırx il qabaq, 1938-ci il idi. O vaxtlar atom bombasının sınaqları keçirilmirdi, Yaponiyada iki mərmi partlamamışdı. Yəni, dünyada iqlim çox safdı... Günəşin rəngi gözəldi, hava yayda isti, qışda qarlı, şaxtalı idi. Mən göyə baxmağı çox xoşlayıram. Ələlxüsus, sübh çağlarında günəşin çıxmasına doyunca baxardım. Yaşlı adamlardan eşitmişdim ki, həmin vaxt 10-15 dəqiqə təmiz havayla nəfəs alanların ağ ciyərində problem olmaz. Problemim yoxdur. Həmən müddətdə günəşə baxanın gözünün işığı artar. Bəlkə də, ona görə gözlük taxmıram. 1946-cı ildən sonra, günəş əvvəlki gözəlliyini itirdi. İndi çölə bax, heç qar görürsən? O gün piltə-piltə qar gəlirdi göydən, ağappaq... Mənim növbəm idi... İki yekə qalın stəkan araq masanın üstündə idi. Qayda üzrə, götürüb ikisini də birnəfəsə boşaltdım.
Müşfiq mənə təbəssümlə baxırdı... Yəqin, məni kiməsə oxşatmışdı. Bilirdi ki, onu bura güllənməyə gətiriblər, ancaq heç inanmağı gəlmirdi. Zabit qışqırıqla əmrini verdi. Mən tapançanı qoburdan çıxardım, ona tuşlayanda barmağımla qoruyucunu boşaltdım.
Müşfiqin üzündən təbəssüm çəkildi, yerində inanmadığı, inana bilməyəcəyi bir mənzərəyə münasibəti əks olundu. Müşfiq dəhşətdən heyrətlənən gözləriylə iblisi görürmüş kimi mənə baxırdı. Kefliliyim keçdi, onun nəzərlərinin altında özümü çox cılız hiss edirdim.Tapança əlimdə titrəyir, tətiyi çəkə bilmirdim. Bu necə baxışlar idi, aman Allah? Gözlərilə mənim əlimidən tutmuşdu, qolumu tərpədə bilmirdim. Boğazım qurumuşdu, başqa məhbuslardan fərqli olaraq, onun üzündə aman diləyən yalvarış ifadəsi yoxdu.
Təlimata görə, cəlladı olduğumuz məhkumlarla danışmamalı idik, yox əgər buna lüzum gəlsəydi, nəyisə ancaq rusca deməliyduk ki, ətrafımızdakı azərbaycanlı olmayan işçilər nə dediyimizi başa düşsün. Güllə səslərinin gecikdiyini görən zabit üstümə rusca qəliz ana söyüşlərini yağdırmağa başladı. Mən biixtiyar bağıra-bağıra rusca "Gözlərini yum!"- dedim. Onun gözlərini görməməkçün öz gözlərimi yumdum. Gücümü tam toplayıb ona tuşladığım tapançanın tətiyini üç dəfə çəkdim. Gözlərimi açdım. Qan içində çabalayan Müşfiqdən zarıma səsi gəlmədi. Güllənin biri alnına, biri boğazına, üçüncüsü ürəyinə dəymişdi. Xırıldayırdı... Qanlı üzündə iki projektor kimi işıldayan gözləriylə mənə yazığı gəlirmiş kimi baxırdı. Az sonra onun açıq qalmış gözləri soyuq şüşəyə oxşadı. Həkim gəlib onun gözünü iki barmağı ilə sıxdı. Girdə bəbək uzunsovlaşdı. Ölən adamın göz bəbəyinin uzunsovlaşmasına həkimlər "koşyaçiy qlaz" deyir, yəni pişik gözü. Yerə düşən gilizləri götürüb cibimə qoydum. Niyə bunu etdim, heç özüm də bilmirəm. Bəlkə də Müşfiq məni hipnoz eləmişdi? İndi onları ata bilmirəm, həmişə üstümdə gəzdirirəm ki, hər an mənə cəllad olduğumu xatırlatsın.
- Olar o gilizlərə öz əlimdə baxım?
- Olmaz. Mənə verdiyi əzab azdı, səni də günühıma şərik edim? Yox!..
- Sonra nə oldu?
- Həkim onun öldüyünü təsdiq etdi, mənə kağıza imza etdirdi. Edam yerinin işçisi daşa bərkidilmiş qalın ip ilgəyini meyidin boğzına taxdı ki, dənizə atılandan sonra qalxıb suyun üstünə çıxmasın. Divara bərkidilmiş iri qırmızı düyməni basdı. Döşəmə aralandı. Çox da də enli olmayan sukeçər yarandı. Dənizin şor suyu gur təzyiqlə gəlib meyidi dənizə atdı. Qan ləkələri yuyulub təmizləndi. Yenə qırmızı düymə basıldı, döşəmə bağlandı.
Şərqşünas pencəyinin cibindən ehtiyatda saxladığı araq şüşəsini çıxardı, cəld hərəkətlə ağzını açdı. masanın üstündəki iki boş stəkandan birinə süzdü. Yaşlı kişi "içmirəm" - mənası verən işarə ilə əlini boş stəkanın üstünə qoydu sınayıcı nəzərlərlə şərqşünası süzdü.
- Sonra nə oldu?
Kişi stəkana süzülən arağa baxıb ayıldı. İçirtməklə danışdırıb gizli sözü almaq üçün istifadə olunan bu üsulu bilirdi.
- Heç nə olmadı... Mən heç nə bilmirəm!..
- Yox axı, bayaqdan xatirə danışırdınız.
- Mən heç nə danışmamışam. Mənə böhtan atma.
- Yaxşı, Müşfiq sonra necə oldu?
- Düzünü de, səni kim göndərib?
- Heç kim göndərməyib...
- Kafenin qənşərindəki çayxanada oturanların yarısı agentlərdi. Agenti tanımaq o qədər də çətin deyil. Düzünü de, sən kimin agentisən?
- Allah haqqı, mən agent deyiləm.
- Bilirəm ki, agentsən... Bilirəm ki, səsimi yazmamısan. Səhərdən baxıram, qulaq asıram sizə, boş-boş danışan biganə, mənasız cavanlarsız. Burada vaxtınızı öldürüb , səhhətinizi korlayırsız. Danışanda da vətənpərvərlikdən dil boğaza qoymursuz. Vətənə hərtərəfli sağlam, ağıllı gənclər lazımdır - Müşfiq kimi... Əlim quruyaydı onu öldürən yerdə... Cavanlara bax, dördünüz birinə, biriniz də heçə dəyməzsiz. Görürəm ki, indidən hərənizdə bir xəstəlik var... Mənə adam öldürməyi öyrətməklə bərabər, həm də tibb təhsili də veriblər.
- Bizi necə görə bilərsiz ki, üzü pəncərəyə tərəf oturmusuz?
- Hava qaralıb, içəri işıqlıdır. Kafedəkilərin əksi güzgü kimi pəncərə şüşəsinə düşüb. Oradan baxıram.
- Aaaa... doğurdan görünür aaaa...
- Özünü mənə xam göstərmə... Sən xam adam deyilsən... o qədər zalım adama da oxşamırsan... Hər halda, naçalnikinə danışdıqlarım barədə məlumat yazma... Sən o inandığın haqqı, ölmüşlərinin goru, mənim indi zəiflik göstərib sənə danışdıqlarımı orlara çatdırma. Oğlum orada işləyir, uşağı aradan götürərlər. - astadan deyib yalvara-yalvara ağladı. Tez də özünü toparlayıb üzünə sərt ciddilik mimikası taxdı. - Bir də, nə bilirsən, bəlkə yazdığın mənim oğlumun əlinə düşər, səni yox edərlər. Yazıqsan... Etiraz eləmə, danışma, mənə qulaq as! Onsuz da nələr çəkdiyim özümə bəsdi... Hara baxıram, Müşfiqin mənə zillənmiş baxışlarını görürəm. Təkcə burada oturub dənizdəki adaya baxanda sakitlik tapıram. Onun ruhuna dualar oxuyuram. Həkimlər deyir, məscidə get, tövbə elə, namaz qıl... Eh, onsuz da bilirəm ki, cəhənnəmliyəm. Bu dünyam da cəhənnəmdir, o biri dünyam da...
Ayağa qalxdı, səndələmədən şüşə qapını açıb oradan düz çıxdı. Şərqşünas durub onun ardıyca çıxsa da, həmişəyaşıl kolların arasından elə sürətlə keçmişdi ki, hansı istiqamətə getdiyi bəlli deyildi, kişi elə bil qeyb olmuşdu.
Şərqşünas geri dönüb qoca ilə oturduğu masadan dolu yekə, qalın stəkanı götürdü. Dostları olan masaya tərəf qayıtdı. Üzündə mübhəm əzab cizgiləri vardı. Qayıdıb yerində oturdu.
- Nə oldu, bədbəxtə səadət bəxş edə bildin? Nə 200 qramlıq iri, qalın stəkan götürmüsən? Xırda, nazik 100 qrqmlıq stəkanlarımızı bəyənmədin?
- O bədbəxt kişinin stəkanıdır.
- İçib xoşbəxt olmadı?
- Yox, yox!.. O yazığın dərdi çoxdu, lap çoxdu... hətta mənim xoşbəxtlik ovqatımı da cəlladcasına əlimdən aldı...
- Nə pis cəllad imiş...
- Bənd olmayın, keçdi, getdi... Deyilən sağlığa - deyib iri dolu qalın stəkanı birnəfəsə başına çəkdi.
- Molodes sənə, təzə içmək qaydasını kimdən öyrəndin?
- O bədbəxt qocadan.
- Bərəkallah ustadına!
- Hm... O bədbəxt qoca bilirsən bizim kompaniya üçün nə dedi?
- Nə dedi?
- Dedi ki, biz boş-boş danışan biganə, mənasız cavanlarıq.
- Lap elə belə dedi?
- Hə... düz demədi?
- Deyirəm, o kişinin sözü olmasın, bu badələri də, boş-boş danışan biganə, mənasız cavanların, yəni bizim sağlımıza içək...
- Haa, haa, haaa...
“Ədəbiyyat və incəsənət”
(23.05.2024)