
Super User
BARBARA ŞER - “Sizdə müsbət emosiya yaradan rəngi seçin”
Əlibala Məhərrəmzadə, “Ədəbiyyat və incəsənət”
Əlbəttə, biz hamımız müvəffəqiyyətli adam olmağa cəhd edirik, amma çox vaxt bunun üçün nə edəcəyimizi bilmirik. Tanınmış motivasiya spikeri Barbara Şerin Enn Qotliblə birgə yazdığı «Arzulamaq ziyanlı deyil» adlı təlimi ilə tanışlıqdan hədsiz məmnun olmuşam. Belə ki, xanım Barbara arzuları həyata keçirmək metodikasını açıqlayır. Özü də o, «arzulara inan, onlar mütləq həyata keçəcək» kimi banal məsləhət vermir, «sabahkı gündən hər şeyi yenidən başla» kimi taftalogiyaya müraciət etmir. O, həyat tərzinizi dəyişmədən hər gün məqsədə, uğura doğru bir kiçik addım atmağın yolunu göstərir. Çox maraqlıdır, deyilmi?
«Arzulamaq ziyanlı deyil» - bəzən biz bu frazanı kinayə ilə, ironiya ilə işlədirik. Amma Barbara Şer isbat edir ki, arzulamaq heç də ziyan deyil, əksinə, olduqca faydalıdır. Ən əsası – düzgün arzulamaq lazımdır, bəxtəvərlikdən göylərdə üçmaq, dünyaya sahib olmaq, xoşbəxtlik istəmək kimi mücərrəd arzulardan qopmaq, konkret olaraq nə istədiyini bilmək lazımdır.
Barbaranın tam adı «Arzulamaq ziyanlı deyil. Doğrudan da, istədiyin şeyi necə əldə etməli» olan kitabın məğzi budur: «Arzuların həyata keçməsi üçün özünühipnozla məşğul olmaq, ekstrasens – falçı yanına getmək lazım deyil. Lazım olan arzuya çatmaq məsələsinin praktiki metodikasını işləyib hazırlamaq, planlaşdıra bilmək bacarığı, özünü yeniliklərə hazırlamaq xüsusiyyəti, lazımi material və informasiyalara yol tapmaq, yeni kontaktlar qazanmaqdır».
Barbara Şerin kitabında çox dəyərli bir hissə var: həyatdan nə istədiyinizi bilmək, özünüzə yaxın olan emosional obrazı tapmaq, öz arzularınızı daha yaxşı ifadə etmək üçün 5 sadə çalışma.
Həmin çalışmaları sıra ilə sizlərə təqdim edirəm.
Birinci çalışma.
Sizdə müsbət emosiya yaradan rəngi seçin. Bu, vacib deyil ki, ən çox sevdiyiniz rəng olsun. Rəngi seçdikdən sonra təsəvvür edin ki, həmin rəng siz özünüzsünüz. Rəngin adından mətn yazmağa başlayın: «Mən göy rəngəm. Mən səmanın və dənizin rəngiyəm. Mən də bu iki varlıq kimi azad, güclü və üsyankaram».
“Ədəbiyyat və incəsənət”
(23.05.2024)
“Mehdi Hüseyn Cəlil Məmmədquluzadə haqqında” – ƏDƏBİ TƏNQİD
“Ədəbiyyat və incəsənət” portalı Azərbaycan Respublikasının Əməkdar müəllimi İmran Verdiyevin “Mehdi Hüseyn Cəlil Məmmədquluzadə haqqında” başlıqlı yazısını təqdim edir. Düşünürük ki, ədəbiyyat sahəsində çalışanlar və ədəbiyyatsevənlər üçün bu yazı maraq doğuracaq.
Qoy yazının başlığı hörmətli oxucuları təəccübləndirməsin. Hər şeydən əvvəl hər iki sənətkar Azərbaycan ədəbiyyatının, mədəni və içtimai fikrinin inkişafı yolunda mühüm və təqdirəlayiq xidmətlər göstərmişlər. Düzdür, yazı üslubları, əsərlərinin mövzusu nəzərə alınsa, C.Məmmədquluzadə ilə M.Hüseyn arasında yaxınlıq tapmaq çətin görünür. Üstəlik M.Hüseynin bir zamanlar M.Cəlili “çığırdaş” adlandıranların arasında olduğu da nəzərə alınarsa, hətta qeyri-mümkün görünür. Amma belə bir yaxınlıq və əlaqə mövcuddur.
Hələ keçən əsrin 30-cu illərində M.Hüseyn “Ədəbi döyüşlər” (1932) kitabında M.Cəlilin yaradıcılığından bəhs edir, onun ədəbiyyat və içtimai fikir tariximizdəki yerini müəyyən etməyə çalışırdı. Əlbəttə, Mehdi Hüseyn də müasirləri kimi, dövrünün övladı idi, sovet rejiminin tələb etdiyi, cidd-cəhdlə qoruduğu çərçivələrdən o qədər də kənara çıxa bilməzdi. Marksist tənqidin sosioloji metodologiyasının təsirinə qapılan, M.Hüseyn “vulqar siosiologizmin təsiri” ilə C.Məmmədquluzadəni “cığırdaş”, “proletar inqilabından əvvəl demokratik xırda burjua cərəyanının qüvvətli nümayəndələrindən biri” adlandırırdı.
Sonralar o, dahi C.Məmmədquluzadənin yaradıcılığına dərindən bələd olduqca, onun yaradıcılığının ehtiva dairəsinin nə dərəcədə geniş oduğunu gördükcə və burdakı estetik gözəlliyi duyub qiymətləndirdikcə yanlış mövqe tutduğunu etiraf etmişdi. Böyük yazıcımız İ.Əfəndiyev öz xatirələrində yazırdı ki, bir dəfə M.Hüseyndən nə üçün belə etdiyini soruşdum. O, boğulurmuş kimi dərindən köks ötürüb dedi: “Bunlar hamısı, – lənətəgəlmiş vulqar sosiologizm – bizi …uzaq salmışdı. Biz tribunalarda döşümüzə döyüb Cəfər Cabbarlı kimi, Cavid kimi gözəl sənətkarlarımızın, Əhməd Cavad, Sanılı kimi şairlərimizin, hətta Mirzə Cəlil kimi böyük ədibimizin hərəsinə bir-bir damğa vururduq. Kimini pantürkist, kimini xırda burjua yazıçısı, kimisini nə adlandırırdıq. Biz Yusif Vəzir kimi, Cavid kimi təmiz insanlara siyasi böhtanlaratmaqdan da çəkinmirdik. Biz o tribunalardan hətta klassiklərimizə də atəş açırdıq”. Bu, əslində, “ədəbiyyata qabaqcadan hazırlanmış ölçülərlə yanaşmağa” məcbur qalan bir insanın səmimi etirafı idi. Belə bir etirafa onun tərcümeyi-halında da (1958) rast gəlirik.
Ötən əsrin 40-cı illərindən sonra M.Hüseyn özünün “Dahi sənətkar” (1941), “Düşündürən sənətkar” (1947) və digər məqalələrində M.Cəlilin yaradıcılığını daha dərindən və obyektiv qiymətləndirir, XX əsr ədəbiyyatınin inkişafında onun nəsrinin, dramaturgiyasının və publisistikasının böyük rol oynadığını göstərirdi. 1952-ci ildə yazdığı “Ədəbiyyatşünaslıqda marksizmi təhrif əleyhinə” adlı məqalədə o, M.Rəfilinin M.F.Axundov, C.Məmmədquluzadə, M.Ə.Sabir kimi sənətkarların rolunun azaltmaq, onların ədəbi-içtimai rollarına kəmetinalıq göstərmək cəhdini tənqid edərək deyirdi:
“Bu nədir, üzdə “ifrat inqilabçılıq”, əsl həqiqətdə isə ədəbi irsə rappçılıq cəbhəsindən yanaşmaq deyilmi?” O, C.Məmmədquluzadə yaradıcılığına etinasız yanaşmaları kəskin tənqid etməklə bərabər, yazılarında M.Cəlilin böyüklüyünün sirrini açmağa çalışırdı. Dahi ədibi dərindən öyrəndikcə onun böyüklüyünü israrla etiraf edən M.Hüseyn yazırdı:
“…bizim qarşımızda adi məişət yazıcısı durmayır, bəlkə də, bu dörd-beş cildlik əsərləri ilə milli ədəbiyyatımızda böyük bir dövr açmış dahi sənətkar durur. Bu sənətkarın əsərləri yarım əsrə yaxın bir zamanın ağır imtahanından keçərək bu gün də yaşayır. Cəsarətlə deyə bilərik ki, onlar sabah da yaşayacaq. Məsələ belədirsə, Molla Nəsrəddin bu gün bizimlə yanaşı duraraq yeni dünyanın keşiyini çəkir, onun mübarizə səngərində yenə eyni mərdliklə vuruşur…”.
M.Hüseyn M.Cəlilin böyüklüyünü onun öz mühitinə, xalq həyatına, milli ədəbi ənənələrə möhkəm bağlılığında, xalqı özünüdərkə çağırmasında, həmçinin mütərəqqi ideyaları müdafiə etməsində, mütərəqqi qüvvələrin qələbəsinə olan inamda, sənətkarlıq məharətində görürdü. Onun M.Ə.Sabir haqqında dediyi “Sabirin yaradıcılığı vətəndaşlıq motivləri ilə nəfəs alırdı” fikrini qeyd-şərtsiz C.Məmmədquluzadəyə də aid edə bilərik.
Ədəbi prosesdə ənənələrin rolunu yüksək qiymətləndirən, lakin ona doqmatik münasibəti qəbul etməyən, yaradıcı münasibətin tərəfdarı olan, müasirliyi duyaraq və anlayaraq yazanların həm də klassik ənənələrə sadiq qaldıqları qənaətində olan M.Hüseyn öz əsərlərində C.Məmmədquluzadə ənənələrinin davam etdirilməsinin vacibliyini bildirirdi. Bu baxımdan M.Hüseynin “...biz Molla Nəsrəddinin ölümünü şərti hesab edirik. Çünki onun ənənəsi ölməmişdir. Onun vətənpərvər ürəyi bizim köksümüzdə çırpınır...” sözlərini gəlişigözəl sözlər saymaq olmaz. O,"Biz, Azərbaycansovetnasirləri, Cəlil Məmmədquluzadənin "Poçt qutusu"ndan çıxmışıq" (M.Cəlal) məşhur aforizmində çox mühüm bir ədəbi həqiqətin ifadə olunduğunu yazırdı.
“C.Məmmədquluzadə o tarixi şəxsiyyətlərdəndir ki, onların mübarizələrdə keçən fəaliyyəti mənsub olduqları xalqın tərəqqisində böyük təkan olur, onlar öz doğma yurdunu on illərlə irəli salırlar. O şəxsiyyətlərin surəti nəsillər üçün vətənrərvərlik, qeyrət və fədakarlığın nümunəsinə çevrilir.”
Təsadüfi deyildir ki, Mehdi Hüseyn Cəlil Məmmədquluzadəyə həsr etdiyi və 1941-ci ildə nəşr olunmuş “Dahi sənətkar” məqaləsində yazırdı ki, “Biz Molla Nəsrəddindən çox şey öyrənə bilərik və öyrənməliyik. Biz onun sənətkarlıq sirlərini və üsullarını öyrənmək yolu ilə bugünkü nəsrimizi qat-qat yüksəldə bilərik. Xüsusən düşündürmək məharətini Molla Nəsrəddindən öyrənmək lazımdır və zəruridir”. O, yazıçılara “Bədii ustalıqda Molla Nəsrəddin kimi klassik bir lokanizm yolu tapmaq, qəzəbi də, məhəbbəti də, kədəri də, sevinci də təsvir edilən lövhənin bədii məntiqində onun kimi ifadə etməyi bacarmağı”, “süjet qurmağı, hadislələr arasında möhkəm vəhdət yaratmağı, mənalı və dərin bir məntiqlə obrazları inkişaf etdirməyi, heç bir gözlənilməz və damdandüşdü macəraya yol verməməyi” məsləhət görürdü.
Qeyd edilənlərlə yanaşı, görkəmli tənqidçi böyük sənətkarın yazı üslubunu, dil və bədii təsvir vasitələrini ölçüyə, meyara və ülgiyə çevirməyin əlehinə idi. O, Mirzə Cəlildən yaradıcılıqla istifadə etməyin, öyrənməyin tərəfdarı idi.Ən gözəl ənənələri belə sadəcə təkrar etməyi qətiyyətlə rədd edir və yazırdı: “Ənənəni mexaniki təkrar edənlər, ədəbi inkişafımıza yeni bir şey də əlavə edə bilməzlər”. Ümumiyyətlə, bədii yaradıcılıqda təkrarı və təqlidi kəskin tənqid edən M.Hüseyn C.Məmmədquluzadənin bəzi əsərlərinin N.V.Qoqolun bəzi əsərlərindən iqtibas (“Qurbanəli bəy – “Kolyaska”, “Ölülər” – “Müfəttiş”) olduğunu iddia edənlərə qarşı çıxaraq bildirirdi ki, bu təkrar yox, konkret mühitin yetirdiyi, öz dövrünün və xalqının oğlu olan istedadlı bir sənətkarın başqa bir sənətkardan yaradıcılıqla faydalanmasıdır.
M.Hüseyn məqalələrində ədibin realizminin, xüsusilə, satirasının "böyük ideallara" xidmət etdiyini yazır, dramaturgiyasını "böyük fikirlər, canlı xarakterlər dramaturgiyası" adlandırırdı. "Azərbaycan romanı haqqında" adlı məqaləsində yeni, müasir Azərbaycan nəsrinin, yeni milli romanın yaranmasında Mirzə Cəlil ənənələrinin misilsiz rolunu da dönə-dönə qeyd edirdi.
M.Hüseyn M.Cəlili özünün müəllimi hesab edir və deyirdi: ”Molla Nəsrəddin təkcə yumoristik və satirik əsərlər yazan sənətkarlarımızın müəllimi deyil, həm də hər bir Azərbaycan (sovet) yazıçısının müəllimidir”. “...onun ölüm günündən 10 il keçir. Biz bu “ölüm” sözünü şərti olaraq işlədirik, çünki o özündən sonra da əsrlər boyu yaşayan, ölməz sənətkarlar qəbilindəndir”.
M.Cəlilin məşhur “Ölülər” tragikomediyası M.Hüseyni valeh etmiş, onu heyrətə gətirmişdi. O, qürurla yazırdı: “Ölülər” olduqca orjinal və dahiyanə yazılmış bir komediyadır... Burada Molla Nəsrəddinin bütün dünya ədəbiyyatında ikinci bir rəqibi yoxdur... Molla Nəsrəddin fəxrlə deyə bilər: “Dünya ədəbiyyatında mənim də payım var!” Təsadüfi deyildir ki, C.Məmmədquluzadənin “Ölülər”də istifadə etdiyi priyomlar sənətkara bilavasitə təsir göstərmişdir.
Onu da qeyd edək ki, M.Cəlildən öyrənən, ondan təsirlənən və onun ənənələrini yaradıcılıqla davam etdirənlərdən biri də elə M.Hüseyn özüdür.Bu barədə M.Hüseynin özü yox, əsərləri danışır. Onun hekayələrindən digər klassiklərlə yanaşı, M.Cəlilin hekayələrinin ətrini duymaq çox da çətin deyil. “Qabar”, “Çinar”, “Şeytanın barmağı”, “Azar”, “Yaxşılıq” və digər hekayələrində M.Hüseyn “böyük demokrat” kimi mütərəqqi ideyaları ehtirasla müdafiə edir.
O, “Ölülər”dəki ədəbi priyomlardan özünün “Tərlan” və “Qara daşlar” romanlarında geniş istifadə etmişdir. Məsələn, “Tərlan” romanında Tərlanın monoloqu ilə İskəndərin monoloqu arasında daxili və zahiri yaxınlıq dərhal nəzərə çarpır. Yaxud “Qara daşlar”da Mollayevə zəng etmək üstündə düşən mübahisə Şeyx Nəsrullahın otağına girib-girməmək barədə məşvərət edən hacı və kərbəlayıların hərəkətinə çox oxşayır və s. M.Cəlilin məharətlə işlətdiyi belə üsullardan istifadə etməklə M.Hüseyn adları çəkilən əsərlərdə bəzi surətlərin xarakterini hərtərəfli açmağa müvəffəq olmuşdur. Bu cür nümunələr M.Hüseynin istəsə də, istəməsə də M.Cəlildən bir şeylər mənimsədiyini göstərir. Bu barədə görkəmli alim Y.Seyidov özünün 1979-cu ildə çap olunmuş “Mehdi Hüseyn” adlı monoqrafiyasında xeyli maraqlı nümunələr verir.
Qeyd etdiklərimiz M.Hüseynin peşəkar ədəbiyyatşünas kimi C.Məmmədquluzadənin yaradıcılığını yüksək qiymətləndirərək bu barədə öz aktual mülahizələri ilə ədəbi prosesə istiqamət verdiyini, eləcə də onun özünün bir yazıçı kimi püxtələşməsində görkəmli M.Cəlilin böyük rol oynadığını göstərir. Onu da qeyd edək ki, bu əlaqələr yeni tarixi şəraitdə yeni tədqiq və təhlilə möhtacdır.
“Ədəbiyyat və incəsənət”
(23.05.2024)
"URBANDA GÖRÜŞƏRİK"də gənc rəssamın fərdi sərgisi
Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının təqdim etdiyi "Urbanda görüşərik" layihəsi çərçivəsində gənc rəssam Jalə Namazovanın fərdi sərgisi keçirilib.
“Ədəbiyyat və incəsənət” portalına filarmoniyadan verilən məlumata görə, sərgidə gənc rəssamın kətan üzərində yağlı boya ilə işlənmiş, postimpressionizm cərəyanına aid 22 əsəri nümayiş etdirilib.
"Xarı bülbül", "Qədim Gəncə qapıları", "Karvan", "Narlar", "Heyvalar", "Dəniz mənzərəsi", "Balerin", "Şamlar", "Güllər", "Dəyirman", "İşıq", "Gül və qadın", "Xeyir və şər" əsərləri sərgi iştirakçıları tərəfindən maraqla qarşılanıb.
“Ədəbiyyat və incəsənət”
(23.05.2024)
“İgid əsgər” mahnısı və bu gün doğum günü olan milli qəhrəmanımız YUSİF MİRZƏYEV
Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”
Çox sınadı bizi zaman,
Neçə şəhid getdi qurban,
Sinəsiylə sipər olan,
İgid əsgər, möhkəm dayan…
Ya azad ol, ya candan keç,
İki yoldan birini seç,
Azadlığın şərbətini iç,
İgid əsgər, möhkəm dayan…
Salam vətən, salam ana,
Çətin gündə bizi sına,
Qanla cavab verək qana,
İgid əsgər, möhkəm dayan…
Şəhid qanı axan torpaq,
Yad ayaqda olmaz tapdaq…
Düşmənlərin qan qusacaq,
İgid əsgər, möhkəm dayan…
Vətən öz müstəqilliyini, məğrurluğunu, vüqarını keşiyində möhkəm dayanmış, ağır günündə ona sinəsini sipər etmiş igid əsgərlərinə borcludur. Bu gün məhz həmin igid əsgərlərdən birinin Milli qəhrəman Yusif Mirzəyevin doğum günüdür.
Yusif Vəli oğlu Mirzəyev 1958-ci il may ayının 23-də Babək rayonunun Böyükdüz kəndində anadan olub.
1975-ci ildə İ.Səfərli adına 1 saylı Naxçıvan şəhər orta məktəbini bitirmiş, 1976- cı ildə Naxçıvan Rabitə Qovşağında əmək fəaliyyətinə başlamışdır. O, işləyə-işləyə Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunda (İndiki Bakı Dövlət İqtisad Universiteti UNEC) ali təhsil alıb. 1987-ci ildə həmin institutun mühasibat uçotu fakultəsini bitirmiş və Bakıdakı Bankların birində müfəttiş vəzifəsinə təyin olunmuşdur.
1988-ci illərdə Xalq Hərəkatına qoşulmuş, 90-cı illərdə xalq hərəkatına və 20 Yanvar faciəsi zamanı etdiyi etirazlara görə Bakı şəhər komendantı tərəfindən həbs edilmişdir. Həbsdə işgəncələr gördüyü üçün böyrəkləri zədələnmiş 1 uşaq atası olan Yusif Mirzəyev həbsdən çıxdıqdan sonra 1991- ci ilin sonlarında könüllü olaraq cəbhəyə yollanmışdır.
İlk döyüşü Ağdərə Goranboy istiqamətində olur. O qısa zamanda taborun ən adlı sanlı döyüşçüsünə çevrilir.
Yusif Mirzəyev 14 nəfərlik dəstə ilə əksər döyüşlərdə iştirak edir. Təhlükəli olduğu üçün tabora Ağdərə istiqamətindən çıxmaq əmri verilsə də, 14 nəfərlik döyüşçü ilə Yusif elə bir vəziyyət yaradır ki, düşmən tərəf Ağdərədə böyük bir batalyon olduğunu düşünür.
Komandanlıq onun belə cəsur əsgər olduğunu görüb, briqada komandirinin təchizat üzrə müavini təyin edir.
1992-ci ildə Yusif Mirzəyev Ağdərədə özünün könüllü təkidləri nəticəsində Ağdərəyə döyüş bölgəsinə göndərilmiş hərbi diktor Şəmistan Əlizamanlı ilə tanış olur və onların arasında möhkəm bir dostluq yaranır.
Lakin sonralar Yusif Mirzəyevin böyrəklərindəki xəstəlik ağırlaşdığı üçün onu bir müddət Bakıya gedib müalicə almağa razı sala bilirlər.
Təsadüf Yusif Mirzəyevlə Şəmistan Əlizamnalını burada da qarşılaşdırır və onlar eyni palatada müalicə alırlar.
Burada Yusif Mirzəyevin həkimi bir müddət könüllü olaraq cəbhə bölgəsində hərbi həkim kimi də fəaliyyət göstərmiş həm həkim, həm şair, həm də bəstəkar olan Şahin Musaoğlu olur.
Hələ Azərbaycanın ilk batalyonu olan və Şıxov batalyonu adlandırılan, batalyon Şəhidlər xiyabanında and içib cəbhəyə yollandığı gün Şahin Musaoğlu da öz dostlarını yola salmaq üçün orada olur və orada keçirdiyi hisslərin təsiri ilə sonralar çox məşhur olacaq və hətta müstəqil Azərbaycanın hərbi himni kimi tanınacaq olan “igid əsgər” mahnısının sözlərini qələmə alır.
Sonralar o mahnının sözlərinə musiqi bəstələyir və mahnını ifa etmək üçün respublikanın xalq artisti Faiq Ağayevə müraciət edir. Faiq Ağayev isə o ərəfələrdə Sankt Peterburqa getməli olduğundan bəstəkar mahnısı üçün başqa bir ifaçının axtarışına çıxır.
Yusif Mirzəyev onun çalışdığı xəstəxanada müalicə aldığı dövrələrdə o Yusifə bu mahnıdan və mahnı üçün ifaçı axtardığından bəhs edir.
Yusif Mirzəyev mahnının sözlərini eşidən kimi o qədər çox sevir ki, xəstəxanada müalicə aldığı günlərdə həmişə bu mahnını özü üçün zümzümə edir.
Şəmistan Əlizamanlı Yusifin bu mahnını bu qədər çox sevdiyini görəndə bu mahnını onun üçün özü oxuyacağına söz verir.
Lakin bir müddət sonra 1992-ci ilin sonu Yusif öz müalicəsini yarımçıq saxlayaraq yenidən müharibəyə yollanır.
Bakıda ona müxtəlif vəzifələr təklif edib onu saxlamağa çalışsalarda bu mümkün olmur. O, söyləyirki: "Bilirəm canım əldən gedir, ancaq vətən də əldən gedir."
Deyilənlərə görə Yusif Mirzəyev böyük bir səbirsizliklə “igid əsgər” mahnısının ifa olunmağını gözləyir və öz əsgərlərinə də bu mahnını öyrədirmiş.
Yusif 1993-cü il fevral ayının 19-da Ağdərədə gedən qeyri-bərabər döyüşdə silah yoldaşlarını mühasirədən çıxararkən həlak olur və Naxçıvan şəhərinin Şəhidlər xiyabanında dəfn edilir. Azərbaycan Respubliksaı Prezidentinin 27 mart 1993-cü il tarixli 495 saylı fərmanı ilə Mirzəyev Yusif Vəli oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir. Bakının Nəsimi rayonundakı 44 saylı orta məktəb 1993-cü ildən etibarən qəhrəmanın adını daşıyır. Həmçinin məktəbin qarşısında onun büstü qoyulmuşdur.
1993-cü ilin mart ayında Şəmistan Əlizamanlı Yusif Mirzəyevə verdiyi sözü tutur və mahnını ifa edərək ona həsr edir. Və Azərbaycan dövlət televiziyasında Yusif Mirzəyev haqqında hazırlanmış verlişin sonunda bu mahnı səsləndirilir.
Milli qəhrəmanımız Yusif Mirzəyevə həsr edilmiş və müstəqil Azərbaycanın hərbi himni sayılan bu mahnı həm də o vaxta qədər heç vaxt mahnı ifa etməmiş Şəmistan Əlizamanlının və o günə qədər heç bir mahnısı ifa olunmamış Şahin Musaoğlunun həyatında da bir dönüş nöqtəsi yaradır və özündən sonra Çağırır vətən, Birinci batalyon, Cənab Leytenant, Vətən əmanəti, And içirik, Qalx Azərbaycan, Ağ ümid kimi 30-a yaxın hərrbi vətənpərvərlik nəğməsinin yaranması üçün yol açır.
Allah şəhidlərimizə rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(23.05.2024)
Bircə bu qalmışdı… - ƏKBƏR QOŞALI YAZIR
“Ədəbiyyat və incəsənət” portalı tanınmış şair, publisist, siyasi icmalçı Əkbər Qoşalının növbəti icmalını təqdim edir.
Nələr olur, nələr...
Kimlər nələr deyir, kimlər nələr...
Məgər Comolunqmanın (Everestin) mütləq hündürlüyü son 4 ildə təqribən 50 sm azalaraq 8.847,50 m-ə, Marian çökəkliyinin dərinliyi −10.994 m.-dən -1 m. daha dərinə,
Nilin çayının uzunluğu 6.650 km-dən 6.649,5 km.-ə, Amazon çayının mənsəbində su sərfiyyatı saniyədə 220 min kubmetrdən 119 min kubmetrə, Niaqara şəlaləsinin hündürlüyü 51,57 m.-dən 51 m.-ə, eni isə 790 m.-dən 789 m.-ə düşübmüş...
Bunlar azmış kimi, hündürlüyü 4103 metr olan Mauna Loa vulkanı (Havay adalarında) son dörd ildə daha tez-tez hərəkətə gəlirmiş...
Bermud üçbucağının ümumi sahəsinin (dəyişməsinin) ən yuxarı həddi isə 0,1 milyon kvadrat km daha böyüyərək ziyanlığını 4 milyon kvadrat km-dək artırıbmış...
Gör, bircə həncəri də xəbərimiz olmayıb, e... Amma bir sürü ağzı göyçək, dili çirkin, adıbəlli söyüş makinaları, “dəqiq bilir” ki, bütün bu qlobal təbiət gərginliklərinin səbəbi məgər Azərbaycan Respublikası, respublika hakimiyyətiymiş. – Özü də, “Yaşıl Dünya naminə qlobal həmrəylik İli”ndə və də “COP29”-un evsahibiykən...
Ayrıca, onlar eyni müvəffəqiyyətlə də Azərbaycan dövlətinin əldə etdiyi uğurların mənbəyini bir başqa yerdə, başqa ünvanda axtarır və “tapırlar”... “Opponent”də olan da beləsindən ola...
Aman, Tanrım!
El sözü ilə desək, elə bircə bu qalmışdı...
Özü də “son dörd ildə” vurğusunu təsadüfən etmədim. II Qarabağ müharibəsindən öncə bir başqa intonasiya hakim idisə, indi söyüş makinası və “söyüş intellektualları”na yeni dəstəkçilər peyda olub – sanki sinxron çalışırlar. Qarın ağrıları nədir? – Belə çıxır ki, Qarabağı Ermənistana peşkəş etsəydik, yaxud ikinci erməni dövləti qurulmasına müsaidə etsəydik biriləri rahat olub, məmnun qalacaqlarmış... Torpağı azad edə bilmədiyimiz illərdə bir cür vayvelə; indi (Tanrıya çox şükür!) torpaqlarımız azad, başımız dikdir – ancaq yenə vayvelə, yenə vayvelə... Nə üçün?
Mən sizə deyim.
Bir yandan da, qardaş ölkə başçılarının, dost Belarusun Prezidentinin Qarabağa gəlməsi birilərini bərk rəncidə edir. Sabah-birisigün Paşinyan özü bütün gerçəklikləri və perspektivi dərinləməsinə idrak edib, uçağa minib, İrəvan-Bakı (yaxud birbaşa İrəvan-Füzuli) hava yolu ilə ölkəmizə gələ bilsə, Qarabağda sələflərinin törətdiyi vandallıqları öz gözləri ilə görüb, etiraf etsə, Azərbaycandan üzr istəsə, bəlli “sapı özümüzdən olan baltacıqlar” və onları dəzgahda quloylayanlar bunda da illa bir başqa anlam axtaracaq, Azərbaycanı yamanlayacaqlar.
Yaxşı, əgər belə olmayacaqsa, onda, məsələn, Baş nazir Robert Fitsonun sui-qəsdə uğraması, sonra Rəisi-Cümhur İbrahim Rəisinin həlak olması və s. kimi olayları da hərləyib-fırlayıb lazımsız “nəticələr” çıxarmağın anlamı nədir?..
Bəs Azərbaycana etmədiyi yamanlıq qalmayan Fransa iqtidarının Yeni Kaledoniyada başı dərdə girərmişkən, “intellektual söyüş makinası”nın bu mövzuda da Azərbaycanı yamanlamasını hansı dəftərə yazaq, hara yozaq, hansı rəfə qoyaq?
Rəhmətlik Fikrət Qoca “Nənələrim” şeiri yazıbmı – bilmirəm – amma “Babalarım” şeirini yazıb:
“Babalarım
kasıb olub, mərd olub!
Qoçaq olub, mərd olub,
Bəy olub, mərd olub
Qaçaq olub, mərd olub;
Bəs bu namərdlər hardandı?
Bax bu mənə dərd olub”.
DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!
“Ədəbiyyat və incəsənət”
(23.05.2024)
“Bilirsən, səni necə sevirəm...” - SEVİNC NURUQIZI
“Ədəbiyyat və incəsənət” portalının uşaq ədəbiyyatı barədəki silsilə yazıları davam edir. Tanınmış uşaq yazıçısı Sevinc Nuruqızıdır bu gün təqdimatda. Sevinc xanım Sem Makbratninin “Bilirsən, səni necə sevirəm...” adlı çox məşhur uşaq hekayəsini balaca oxucuların diqqətinə çatdırır. Eləcə də öz maraqlı fikirlərini ortaya qoyur.
Mən hər zaman böyük sevginin tərəfdarı olmuşam. “Sevgi varsa, hər şey var!”, – deyə düşünmüşəm. Elə mənim kimi düşünənlərin sayəsində, yəqin ki, Yer üzü bütün pisliklərə baxmayaraq, gülümsəyib, yaz gələndə çiçəklərə bürünüb, yay başlayanda uçuşan kə pənək lərlə qanadlanıb, payızda sarı-qırmızı yarpaq yağışında yuyunub, qışın bəmbəyaz qarına bürünüb. Bütün baş verənlərə rəğmən, gözlərini yumub və sakit-səssiz yuxuya gedib. Məncə, bütün bunlar məhz SEVGİnin varlığından doğan bəxtiyarlıqdır.
Uşaq ədəbiyyatı hər zaman böyük-kiçik sevgilərin etiraf meydanı olub. Bəlkə də, yanılıram. Kiçik sevgi olmur. Bütün böyük sevgilərin, desəm... Amma sevgi ölçüyə gəlməz ki... Onun çəkisi də yoxdur. Bir damcı kimin ürəyinə düşsə, bir ümmana dönər, bitməz-tükənməz... Cəmi iki hekayəsi ilə tanıdığım Sem Makbratni, bəlkə də, dünyanın ən gözəl sevgi hekayətlərini yaradan uşaq yazıçısıdır... “Bilirsən, səni necə sevirəm...”
Yəqin ki, Yer üzündə bundan gözəl sevgi etirafı olmayıb.
Sem Makbratni - “Bilirsən, səni necə sevirəm...”
“ Yatmaq vaxtı idi... Dovşan balası anasının uzun qulaqlarından bərk-bərk yapışıb üzünü onun yanağına sürtdü. Sonra gözlərinin içinə baxdı. Anasının onu dinlədiyinə əmin olmaq istəyirdi:
– Ana, bilirsən, səni nə qədər sevirəm?
– Körpə balam, əlbəttə, bilmirəm. Haradan bilim?
– Mən səni bax bu boyda sevirəmmmm!– və bala dovşan pəncələrini gücü gəldikcə
yanlara doğru açdı.
Amma ana dovşanın pəncələri daha böyük idi.
– Mənsə səni bax bu boyda.
“Ux, çox böyükdür”, – bala dovşan həyəcanlandı.
– Onda mən səni belə – bax bu boyda, – deyə, o, barmaqlarının ucunda dayanıb var
gücü ilə dartındı.
– Mən də səni – bax belə, – ana dovşan da barmaqlarının ucunda dayanıb dartındı.
“Ay aman, nə hündürdür, mən də belə edə bilsəydim!”
Birdən bala dovşanın ağlına maraqlı bir fikir gəldi. Qabaq pəncələri üstə qalxıb arxa pəncələrini ağacın gövdəsinə dirədi:
– Anacannnnn, mən səni arxa pəncələrimin dırnaqlarının ucuna qədər sevirəm.
– Elə mən də səni sənin arxa pəncələrinin dırnaqlarının ucuna qədər sevirəm, – deyib, ana dovşan pəncələrindən tutub balasını yuxarı qaldırdı.
– Hə, onda... Onda... Mən də səni... Bilirsən, necə sevirəm? Bax belə, – bunu deyib, bala dovşan talada hoppandı, diyirləndi.
Ana dovşan gülümsündü: -Bax mən də səni belə, – o elə hoppandı ki, qulaqları ağacların budaqlarına dəydi.
“Gör bir necə tullanır. Başı ağaclara dəyir. Mən belə bacarmıram!”
– Ana, səni uzun-uzun, çox uzun – bu tala uzunluqda, ya da bizim yanımızdan çaya
qədər sevirəm!
– Mən də səni çaydan da o yana, bax o təpələrin o üzünə qədər...
“Çooox uzaqdır”, – yuxulu bala dovşan düşündü. Əsnədi. İşə bir bax, ağlına daha heç nə gəlmirdi. Birdən yuxarıda, kolluqların arasından boylanan ayı və ulduzlarla dolu böyük qapqara səmanı gördü. Tapdım...
Səmadan uzaq heç nə yoxdur!
– Mən səni səmadakı aya qədər sevirəm, – dedi və gözlərini yumdu.
Ay səni, gör bir gedib hara çıxdı, – ana dovşan onu qucağına götürdü, qolları üstə alıb yarpaq döşənmiş yatağına qoydu. Yanına uzanıb onu sinəsinə sıxdı. Yanağından öpüb pıçıldadı. – Balam, mən də səni aya qədər sevirəm... Aya və aydan yerə qədər... “
-----
Mən sevginin gücünü və gözəlliyini anlatmağa Sem Makbratninin “Bilirsən, səni necə sevirəm...” hekayəsi ilə başladım... Körpə ürəklərdəki böyük sevgini nə ilə anladacağımı düşünəndə bundan ilıq və isti bir nümünə ağlıma gəlmədi. Sadəcə, düşündüm ki, bu hekayə SEVGİnin ƏLİFBAsı ola bilər. Amma məqsədim tamam başqa bir əsər haqqında müfəssəl məlumat verməkdir. Bu, Sergey Kozlovun “Kirpi dumanda” əsəridir.
(Əziz balaca oxucularımız. Əsərlə sabah sizləri tanış edəcəyik)
“Ədəbiyyat və incəsənət”
(23.05.2024)
QISA FİKİRLƏR XƏZİNƏSİndə Qay Kavasaki
“Ədəbiyyat və incəsənət” portalı Qısa fikirlər xəzinəsində yapon kouç Qay Kavasakinin müdrik kəlamları diqqətinizə çatdırır.
-Əgər sənin devizin «Daha boşboğazlıq və çərənçilik yetər, mənə de ki, mən nə iş görməliyəm» - dirsə, demək sən düzgün ünvanı tapmısan.
- Hər bir işdə ən vacib olanı başlamaqdır. Unutmayın: hələ heç kəs yalnız planlaşdırma ilə uğur qazanmağa müvəffəq olmayıb.
- Sizə və sizin kompaniyaya xeyir gətirməklə bütün cəmiyyətə ziyan gətirən fəaliyyətin heç bir dəyəri yoxdur.
- Özünüzün istənilən hərəkətinizə elə yanaşın ki, sanki onu bütün publika görəcək, sanki o, hər yerdə əks-səda verəcək. Unutmayın, siz nə iş görürsünüzsə, sizin «əl izləriniz» həmişə və hər kəs tərəfindən görünəcək.
- Hər şey həyata keçməyincə mümkünsüz görünür. Sahibkarlıq fəaliyyəti məhz budur – sən başqalarının qeyri-mümkün hesab etdiyini eləyirsən.
- Yaponlarda belə bir məsəl var, deyirlər axmaqlar iki yerə bölünür. Birincilər heç vaxt Fudzi dağının zirvəsinə qalxmayanlardır ki, ətrafın gözəl mənzərəsindən zövq ala bilmirlər. İkincilər isə həmin zirvəyə iki dəfə qalxanlardır.
“Ədəbiyyat və incəsənət”
(23.05.2024)
Qaranlıq otaq arzusu - RAMİZ ƏSGƏRİN DÜNYADAN KÖÇMƏSİNƏ
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Özünə əmin, güclü xarakterli və sarsılmaz adam idi. Hadisələrə öz məntiqindən boylanıb, qiymətləndirir və şərh edirdi.
Zəhmətkeş, eləcə də çox məhsuldardı. Çalışmaqdan zövq alırdı. Vaxtının xeyli hissəsini yazıb yaratmaqla məşğul olurdu. Günün necə başlayıb, necə bitdiyini hiss etmirdi…
Deyirdi ki,- “Hərdən fikirləşirəm ki, kaş bir qaranlıq zirzəmi ola, ora işıq düşməyə və mən sakitcə uzanıb yatam. Gözlərim işığa çox həssasdır, hər gün beş saat yarım yatıram. Oyanan kimi kompüteri açıb tərcüməyə və ya növbəti əsərə başlayıram. Kaş elə imkanım ola, səkkiz, doqquz saat qaranlıq bir otaqda yata biləm...”
Qaydalara riayət olunmasını çox xoşlayırdı. Soyuqqanlı görünsə də mehriban rəftarlarıyla diqqəti özünə çəkməyi bacarırdı. Dostluqda sədaqətə önəm verirdi. Xəyanət onun gözünün düşməniydi. Maddiyyata vasitə kimi baxır və böyük işlərə imza atmaq naminə ona önəm verirdi.
“Rusların belə bir atalar sözü var: Xoşbəxtlik pulda deyil, pulun məbləğindədir. Bizə də pul versələr, həyətdə gəzib-dolaşmaq daha xoş olar. Daha dərindən fikirləşərəm. Amma düzü, özümü yaxşı hiss etmirəm və mənə elə gəlir ki, bizim nəslimiz haqqında əfsanə gerçək olmayacaq. Nəvələrim yeniyetmədirlər. Məncə, onların toyunu görməyəcəm...”- söyləyirdi.
İdeal ata idi. Uşaqlarını ən yaxşı şəkildə yetişdirmək naminə bütün imkanlarından istifadə edirdi.
Haqqında söhbət açdığım Ramiz Əsgər 10 yanvar 1954-cü ildə Amasiya rayonunun Qaraçanta kəndində müəllim ailəsində dünyaya gəlmişdi. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin jurnalistika fakültəsini bitirmişdi. Beş il Azərbaycan radiosunda redaktor, bir il türk, ərəb, fars, Azərbaycan, ingilis, fransız və alman dillərində çıxan "Azərbaycan bu gün" jurnalının baş redaktoru, yeddi il kiril, latın və ərəb əlifbaları ilə nəşr olunan "Odlar yurdu" qəzetinin baş redaktoru, bir neçə il İstanbulda nəşr olunan "Hürriyyət" qəzetinin Azərbaycan üzrə xüsusi müxbiri, daha sonra Xarıci Turizm Şurasının idarə rəisi, "XXI əsr" qəzetınin baş redaktoru, bir müddət də "Yeni Forum" jurnalının (Ankara) Bakı təmsilçisi vəzifələrində çalışmışdı. Bakı Dövlət Universitetinin müəllimi, bədii tərcümə elmi-tədqiqat laboratoriyasının baş elmi işçisi-müdiri vəzifəsində işləmişdi. 2012-ci ildən isə BDU-nun türk xalqları ədəbiyyatı kafedrasının müdiri idi. 2016-cı ildən vəfat edənədək BDU-nun türkologiya kafedrasına başçılıq edirdi. Filologiya elmləri doktoru, Bakı Dövlət Universitetinin professoru idi…
Zamanı idarə etməyi olduqca yaxşı bacarırdı. Məqsədi həmişə qalib gəlməkdi. Özünə xas sistem də qurmuşdu. İnandıqdan və qoyduğu qaydalardan xaricə çıxmırdı.
Üzərinə götürdüyü məsuliyyətin fərqindəydi və nə qədər ağır olsa da bu məsuliyyətdən qaçmırdı…
Bəlkə də ölkə üzrə ən çox kitabı çap olunan yeganə müəllifdir. İndiyədək 27 öz kitabı, 61 tərcümə kitabı nəşr olunub...
Maraqlı adam idi,- “Şimali Qafqazda doğum gününü ancaq uşaqlar üçün qeyd edirlər. Böyüklər isə yalnız 60-70 yaşında doğum günü qutlayır. Onlar da ya ictimai-siyasi xadim, ya da sənət adamı olmalıdır. Siravi vətəndaşlar bir kərə yubiley keçirər. 63 yaşında böyük bir heyvan – dəvə, yaxud da cöngə kəsər. Camaata qonaqlıq verər. Yubilyara söz verildikdə isə deyər ki, Allah sevimli bəndəsi həzrəti Məhəmmədi 63 il yaşadıb. Mən də bu yaşıma qədər gəlib çıxmışamsa, demək, onun sevimli bəndəsiyəm. Bundan sonra nə yaşasam, qənimətdir.”- söyləyirdi…
Yetmiş il idi ki, yol gedirdi, inamla, əzmlə, iradə göstərərək. Çox uğurlara imza atmışdı, amma bütün bu nailiyyətləri hələ də az sayırdı. Yorulmadan, qələmi yerə qoymadan çalışırdı.
Deyirdi ki,- “Ömrü boşa vermək olmaz, son nəfəsədək işləmək lazımdır...”
Allah rəhmət etsin!
“Ədəbiyyat və incəsənət”
(23.05.2024)
CƏZADAN QAÇMAQ OLARMI? - Bu gün AYB-də qırğız yazıçısı Sultan Rayevin “Dəlixana” romanı təqdim ediləcək
Könül, “Ədəbiyyat və incəsənət”
Bu gün saat 12:00-da Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda Qırğızıstan Xaq yazıçısı, TÜRKSOY prezidenti Sultan Rayevin “Dəlixana” romanının təqdimatı keçiriləcək.
Qeyd edim ki, bu son dərəcə oxunaqlı olan roman qırğız, rus və türk dillərində artıq geniş auditoriya qazanıb, indi isə Azərbaycanı fəth etməyə hazırlaşır.
Ondan başlayaq ki, romanda yüzlərlə il əvvəl ölmüş tarixi şəxsiyyətlərin ruhunu daşıyan yeddi nəfərin başına gələnlər təsvir olunur. Onlar həm özlərinin, həm də ruhunu daşıdıqları şəxslərin yol verdiyi günahların cəzasını çəkirlər.
Əsərin qəhrəmanları özlərindən də, cəzadan da qaçmaq üçün dəlixanadan qaçıb çöllərə düşürlər, Müqəddəs torpağın axtarışına çıxırlar, Musa peyğəmbərin ardıcılları kimi səhrada dolaşmağa başlayırlar...
Bəşər övladının ruhu da, əzabı da əbədidir. Bədən dünyanı tərk etsə də, ruh cəzasını başqa bədənlərdə çəkməyə davam edir.
Bu yeddi nəfərdən başqa əsərin digər qəhrəmanı da ilanlardır. Günahkarların ruhunu qarabaqara isləyən, cisimlərinə ölüm bəxş edən ilanlar.
Roman Azərbaycan Yazıçılar Birliyinin Ədəbiyyat Fondu və Hədəf Şirkətlər Qrupunun birgə layihəsi olan “Türk xalqları ədəbiyyatı” seriyasının ilk kitabıdır. Layihə rəhbərləri Ədəbiyyat Fondunun və Hədəf Şirkətlər Qrupunun baş direktorları Varis və Şəmil Sadiqdir.
Kitabı dilimizə Aysel Oğuz çevirib, redaktorlar tanınmış yazıçı Yunus Oğuz və Cavid Qədirdir. Aysel Oğuz Yunus Oğuzun qızıdır.
Qeyd edim ki, tədbirdə Azərbaycan ədəbi cameəsinin tanınmış simaları iştirak edəcəklər.
Giriş sərbəstdir.
“Ədəbiyyat və incəsənət”
(23.05.2024)
Maqsud İbrahimov Yaradıcılıq Mərkəzində ən yaxşı esse müsabiqəsinin qalibləri mükafatlandırılıb
Elm və Təhsil Nazirliyinin dəstəyi ilə mayın 22-də “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğundakı Maqsud İbrahimov Yaradıcılıq Mərkəzində məşhur Bakı sakini, fantastika yazıçısı Yevgeni Lvoviç Voyskunskinin “Mümkünsüzlük formulu” adlı hekayəsi əsasında keçirilmiş növbəti ən yaxşı esse müsabiqəsinin nəticələrinə həsr olunmuş tədbir təşkil edilib.
AzərTAC xəbər verir ki, yazıçı Yevgeni Lvoviç Voyskunski ötən əsrin 60-cı illərində Bakıda elmi-fantastik ədəbiyyat məktəbinin formalaşmasının başında dayanıb və Azərbaycan Yazıçılar İttifaqının elmi fantastika komissiyasının sədri olub.
“Mümkünsüzlük formulu” hekayəsi İsay Lukodyanov ilə birgə yazılıb.
Müsabiqənin məqsədi məktəblilər, tələbələr, müəllimlər və mütəxəssislər arasında yaradıcı düşüncənin inkişafı və bu istiqamətdə motivasiyanın formalaşdırılması olub.
Mərkəzin direktoru Anna İbrahimbəyova Bakı şəhərinin fantastika yazıçılarının irsinə həsr olunmuş tədbirlərin ardıcıllığının əhəmiyyətini qeyd edib və qonaqları həmyerlimiz Yevgeni Voyskunskinin əsərləri əsasında keçirilən esse müsabiqəsinin qaliblərinin və iştirakçılarının mükafatlandırılması mərasimində iştirak etməyə dəvət edib.
Sonra müsabiqənin qaliblərinin və iştirakçılarının mükafatlandırılması mərasimi keçirilib.
Qeyd etmək lazımdır ki, məktəblilər arasında ilk yarış 2022-ci ildə keçirilib. Burada məktəblilər Maqsud İbrahimbəyovun “Tutulmuş yer” fantastik hekayəsi əsasında işlərini münsiflər heyətinə təqdim ediblər.
Sonra müsabiqənin nəticələri ilə bağlı videoformatda beynəlxalq münsiflər heyətinin üzvləri, tanınmış fantastika yazıçısı, bakılı Pavel Amnuel və yazıçının oğlu alim Aleksandr Voyskunski qonaqlara müraciət ediblər.
İştirakçıların işlərini münsiflər heyəti də qiymətləndirib.
Tədbirdə iştirakçılara məşhur yazıçının məzunu olduğu Bakı şəhəri 1 nömrəli orta məktəbin şagirdlərinə müsabiqədə fəal iştiraka görə diplom və sertifikatlar verilib.
Tədbirin sonunda, tanınmış fantastika yazıçısı, astrofizik alim Pavel Amnuelin əsərləri əsasında keçiriləcək növbəti esse müsabiqəsinin şərtləri və qaydaları izah edilib.
“Ədəbiyyat və incəsənət”
(23.05.2024)