Şəhla Rəvan tanınmışların təqdimatında... Featured

 

Cahangir Muradov,

Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, kitabxanaşünas. “Ədəbiyyat və incəsənət” üçün

 

Cəlilabad rayon Göytəpə şəhər şəhid Vasif Hüseynov adına 2 N-li ümumtəhsil tam orta məktəbnin direktoru, Cəlilabad ədəbi mühitinin tanınmış və görkəmli nümayəndəsi, "Həməşəra" və "Nizami Gəncəvi" Fəxri Diplomları laureatı, ədəbiyyatçı, filoloq, ədəbi təhlilçi və tənqidçi, şair Şəhla xanım Rəvanın (Sehla Revan) təqdimatı rublikasında tanınmış ziyalılar, ədiblər, yazıçılar və şairlərin onun haqqında olan baxışlari ilə tanış oluruq:

 

"Ədəbi camiədə yanar ürəklə yazan bir qisim yazarlar haqqında çox deyilib, çox yazılıb. Yanar ürəyin və yanar zəkanın poeziya ümmanında tərənnümünü Şəhla xanımın bədii yaradıcılığında gördüm. Poeziyanın şərəfli və həqiqətin axtarış yollarında mətanətlə addımlayan şeiriyyat adlanan dənizin dərin qatlarına enən və oradan dürr, gövhər çıxaran parlaq bir zəka gördüm. Bu gördüklərimi Şəhla xanımın mənəviyyatla zəngin dərin dərrakə ilə rahiyə ilə süslənmiş şeiriyyatındakı ruhunun təcəllasında gördüm.

Şəhla xanımın şeiriyyat gücü tükənməz, şəxsi iradəsi sarsılmaz, işığı sönməyən, daim alovlanan mənbədəndir və o mənbənin adı İlahidən gələn ilhamdır.

Həyatda ən böyük ideya insan ideyası və insanlığa çoxtərəfli bucaqdan baxış ideyasıdır. Bu ideyanı, həyata baxışı, cəmiyyətə münasibəti və ümumilikdə bu ideyanı əməlində və yazısında ehtiva edənlər əsil yazar və əsil insandır. Bu baxımdan mən, Şəhla xanımı əsil insan və əsil yazar kimi görürəm.

Onun şeirlərində insan amilinə inam, oxucularına həyatı dərk etmək vadarı, sevgi, təməli möhkəm olan məhəbbət, insanlığa və cəmiyyətə istək, dinimizə ehtiram və diqqət, səmimi eşqin ucalığı, dilimizin saflığını qoruyub-saxlamaq, ata-anaya hörmət və şəhidlərimizə ithaf var. Onun şeirləri həm də oxucularda bir növ aludəçilik (yazdığı şeirlərə bağlılıq və adət) yaradandır.

 

Şəhla xanımın görkəmli Azərbaycan şairi Bəxtiyar Vahabzadənin yaradıcılığına təhlili araşdırma və elmi yanaşma cəhətdən müəllifi olduğu "Ədəbi təhlillər" adlı kitabı nəşr olunub. Kitabda Bəxtiyar Vahabzadə yaradıcılığının özəyində vətənpərvərliklə yanaşı digər mövzulara həsr etdiyi şeirlərinin təhlilində ədəbiyyatşünaslıq baxımından düzgünlük, dolğunluq və elmilik öz əksini tapıb. Hətta, həmin kitab bir şairin yaradıcılığının ədəbi təhlilinə həsr olunduğu üçün monoqrafiya xarakterli bir əsər kimi də təqdim edilə bilər.

"Ədəbi təhlillər" kitabında yer almış "Allah", "Vətən marşı", "Ana dili" və digər şeirlərin hər bir bəndinin özünəməxsus təhlili verilmişdir. Bu kitabdan elmi-metodik vəsait kimi və ola bilsin ki, dərs vəsaiti kimi də istifadə ediləməsi mümkündür.

Dünya yaxşıların, fədakarların, münislərin və ülviyyətə tapınanlarındır. Həyatda gözəl nə varsa onlar üçündür. Yəqinimdir ki, dediklərim və deyə bilmədiklərim Şəhla xanımın şəxsinə və həyatdakı davranışına, əməlinə münasibdir.

Şairə xanım "Yenə sənə dönəcəyəm" şeirlər kitabının eyni adlı şeirində yazır:

 

"Ey vətənim, kainatım,

Ey ürəyim, canım vətən.

Nəyim varsa burda atıb,

Yenə sənə dönəcəyəm".

 

Bu şeirində vətənə bağlılığın, vətənsiz yaşaya bilməməyinin, harada olmasından asılı olmayaraq yenə də vətənə dönməyin vacibliyin və vətən anlayışının müqəddəsliyinin təzahürünü görürük. Və ya "Ağıl və düşüncə" şeirinin birinci bəndində insan amilinin ucalığı, onun faili-muxtarlığı və ona Yaradan tərəfindən lütf olunmuş ağılın gücü ilə çox mətləblərə vaqif olmasını bəyan edir:

 

"Daxili aləmini özü yaradır insan,

Fikri, düşüncəsidir daim onu ucaldan.

Ağıl yüksək nemətdir insana məxsus olan,

Düşüncə sayəsində yüksələcəkdir müdam".

 

Ümumiyyətlə, Şəhla xanımın müəllifi olduğu və fəlsəfə üzrə fəlsəfə doktoru, AYB və AJB-nin üzvü, yazıçı-publisist İlqar İsmayılzadənin məsləhətçi redaktorluğu ilə nəşr olunmuş "Yenə sənə dönəcəyəm" adlı kitabında yer almış 77 şeirin hamısı sadə və rəvan dildə oxucuların qavrama və dil rahatlığına səbəb olan tərzdə yazılmışdır. Şairə xanımın ithaf şeirləri və valideynləri barədə yazdığı şeirləri də həm mükəmməl, həm də maraqlıdır.

Şəhla xanımın yaradıcılığında müasir Azərbaycan ədəbiyyatı və xalq poeziyasından milli ruhuna damla-damla süzülüb gələn ədəbi-əxlaqi dəyərlər əsasında formalaşmış lirik söz sənətinin vəhdəti bariz tərzdə görünür. İlahi tərəfdən ona verilmiş söz hədiyyəsi və söz əmanətindən bacarıqla istifadə etmişdir. Daha doğrusu, o sözü zərgər dəqiqliyi ilə naxışlandırmışdır.

Onun fəlsəfə üzrə fəlsəfə doktoru İ.İsmayılzadənin yaradıcılığının bir qisminə həsr etdiyi "Düşüncə dəryası" adlı təhlili kitabı da diqqət çəkəndir.

 

Şəhla xanımın şəcərəsi tanınan və hörmətli seyid nəslinə məxsusdur. O, Xəlfə Qiyas ocağının alicənab, savadlı və xoş ovqatlı, eyni halda cəmiyyət arasında nüfuz sahibi olan xanım nümayəndəsidir.

Yekunda sözümü ədəbi tənqidçi Belinskinin poeziya barədə söylədiyi fikirlə sona yetirirəm. O, deyirdi: "Poeziya, həyatı bir imkan kimi yaradıcılıq süzgəcindən keçirərək təsvir etməkdir..."

Mən Belinskinin poeziya barəsində dediyinə Şəhla xanımın şeirlərində həyatın bir imkan kimi təsvir etməkdən daha yüksək səviyyədə olduğunu əlavə etməyi özümə borc bilirəm.

Sonda dəyərli pedaqoq, ədəbiyyatçı, ədəbi təhlilçi və şair xanım Şəhla Rəvana möhkəm can sağlığı, xoşbəxtlik və yeni-yeni yaradıcılıq uğurları arzulayıram!"

 

“Ədəbiyyat və incəsənət”

(14.11.2025)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.