
Super User
Varis Ümumdünya Yazıçılar Təşkilatının katibi seçilib
Ümumdünya Yazıçılar Təşkilatının (World Organization of Writers - WOW) onlayn keçirilən 18 may iclasında Azərbaycan yazıçısı Varis Yolçiyev qurumun 5 bölməsindən birinin - Türk dövlətləri və türkdilli xalqlar bölməsinin katibi seçilib.
Bu barədə “Ədəbiyyat və incəsənət” portalı təşkilata istinadən məlumat verir.
Təşkilatın prezidenti Marqarita Alın sədrliyi ilə keçən iclasda təşkilati məsələlərə baxılıb və qurumun 2025-ci ildə Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək növbəti konqresi və 2025-ci il Ümumdünya WOW Ədəbiyyat festivalının hazırlıq mərhələsi müzakirə edilib.
Qeyd edək ki, Avropa, Asiya, Amerika və Aftika qitələri yazıçılarını təmsil edən Ümumdünya Yazıçılar Təşkilatının təşkilatçılığı altında WOW festivalları 2024-cü ilə kimi 4 dildə (ingilis, ispan, rus, ərəb) keçirilirdi və qurumun 4 müvafiq bölməsi fəaliyyət göstərirdi. 2024-cü ildə qara qitədə - Nigeriyada, Nobel mükafatçısı Voye Şoyinkanın fəxri sədrliyi ilə keçirilən konqresdə 5-ci dil - türk dili də rəsmi festival dili statusu qazanıb və qurumun müvafiq olaraq Türk dövlətləri və türkdilli xalqlar bölməsi yaradılıb.
Bölmə Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan və Macarıstanı, eləcə də Rusiya (tatarlar, çuvaşlar, başqırdlar, yakutlar), Çin (uyqurlar), İraq (kərküklər), İran (azərbaycanlılar), Kipr (türklər) və s. ölkələrdə yaşayan türkdilli toplumları əhatə edəcək.
“Ədəbiyyat və incəsənət”
(21.05.2024)
“Qatarda! – ELÇİN HÜSEYNBƏYLİNİN HEKAYƏSİ
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində bu gün sizlərə tanınmış yazıçı Elçin Hüseynbəylinin “Qararda” hekayəsi təqdim edilir.
“Sevgi oyunları” silsiləsindən...
QATARDA
...Qatarla səyahət etməyi sevirəm.
Ən sevdiyim fəsil payız olduğuna görə bu dəfə də payızda yola çıxmışdım. Çiskinləyirdi. Axşamüstü dağlardan qopan külək payız yarpaqlarını perronun yanına, relslərin arasına gətirib yığmışdı...
SV, yəni iki nəfərlik kupeyə bilet götürmüşdüm. Yanımda adam olmasın deyə, ikisinin də pulunu ödəmişdim. Yanımda adam olanda yata bilmirəm. Bəlkə, elə ona görə də evlənmirdim.
Vaqon bələdçisinə də öncədən demişdim ki, məni narahat eləməsin, nəsə lazım olsa, özüm çağıracam.
Vaqon bələdçilərini tanımırsınız? Bir az mənə oxşayırlar, danışdırmasalar da, özüm danışıram, çağırmasalar da, özüm haya gedirəm, başqası üçün narahat oluram. Bu dəfə də belə oldu. Kupem bələdçinin otağına yaxın olduğundan birinci onun haray-həşirini eşitdim. Kiminsə üstünə qaşqırır, vaqondan düşməsini tələb edirdi. Məcbur olub çölə çıxdım.
Bələdçi küncdə dayanmış miniatür qamətli, gözəl bir xanımdan vaqonu tərk etməyi tələb edirdi.
– Bu saat tərk edin vaqonu!
Qadın ovçudan (vəhşidən) qorxub küncə qısılan dovşan kimi dayanmışdı, amma əsib eləmirdi. Bu anda mən onu zərif göyərçinə də bənzədə bilərdim.
– Nə olub? – deyə bələdçidən soruşdum.
– Nə olacaq? Vaqona bezbilet (biletsiz) minib, öz yerimi təklif edirəm, razılaşmır, deyir ki, mən elə burda, ya da tamburda duracam. Elə bil bunu yeyəcəm. Hayasızlığa bax da.
Qadın ürkək-ürkək və nəzakətlə:
– Danışığınıza fikir verin! – dedi.
– Nəyə fikir verim, necə fikir verim!? Düş vaqondan! Qatarın rəisi gəlsə, ona nə cavab verəcəm!? İndi vəziyyət əvvəlki kimi deyil e! Hər şey kantroldadır!
Yadımda deyil, qadına yazığım gəldi, yoxsa gözəlliyinə heyranlıqdan idi, ya nəydi, bəlkə də, ilğım idi, yuxuydu, taleyin oyunu idi. Anidən: -Onun bileti var, – dedim.
Bələdçi nə dediyimi anladı, çünki məsələdən hali idi, biletləri ona vermişdim, qadın isə çaşdı.
– O, mənim kupemdə qalacaq, – dedim.
Qadın:
– Sizin? – deyə təəccüblə üzümə baxdı.
– Narahat olmayın, – dedim, – mən öncədən iki bilet almışam. Biri sizin olsun!
Vaqon bələdçisi:
– Məllim, birdən yoxlama olsa, nə cavab verəcəm?
– Sən yox, mən cavab verəcəm, – ötkəmliklə dedim, – buyurun kupeyə, – qadına işarə elədim.
O, yerindən tərpənmədi. Bir mənə, bir də vaqon bələdçisinə baxdı. Sanki bizdən yox, özü-özündən şübhələnirdi:
– Qorxmayın, gəlin, – dedim.
O, çantasını sallaya-sallaya kupeyə tərəf gəldi, yenə də duruxdu. Mən kənara çəkildim və o, içəri keçdi, əl çantasını stolun üstünə qoydu, yağmurluğunu soyunmadan ətrafı seyr elədi. Mələfəni, yastığı əllədi, iylədi, sanki zifaf gecəsinə hazırlaşırdı. Mən də sakitcə tamaşa edirdim.
Sonra yatacağa oturdu. Onun yumşaqlığını, bərkliyini yoxlamaq üçün yerində yırğalandı.
O, yerini rahatlayandan sonra:
– Mənim borcum nə qədərdir? – deyə üzümə baxıb soruşdu.
Gözlərinin dərinliyində itmək olardı. Qara bəbəkləri gözlərinin ağında çalxalanırdı.
– Sizin mənə borcunuz yoxdur, – dedim.
– Mən biletin pulunu nəzərdə tuturam.
– Onun pulu ödənilib.
– Yəqin, yoldaşınızın yeridir, hə? Bəs o özü hanı?
– Mən evli deyiləm, – dedim.
– Amma...
– Narahat olmayın, – deyə onun sözünü yarımçıq kəsdim.
Qadın oturduğu yerdə şıltaq qızlar kimi ayaqlarını yelləməyə başladı.
Mən yerimə uzanıb kitab oxumağa davam elədim, amma fikrim qadının yanındaydı, daha doğrusu, toppuş ayaqlarındaydı və oğrun-oğrun onlara baxırdım. Üzünə baxmağa cəsarət eləmirdim. Bəlkə, çox gözəl idi ona görə, bəlkə, vurulmaqdan qorxurdum. O sanki nağıllardan düşüb gəlmişdi, bəlkə, su pərisiydi, sudan indicə çıxmışdı? Gözlərimi yumdum. Sanki yuxu görürdüm...
Mənə görə onun 28-30 yaşı ancaq olardı. Çünki gözlərinin altı və əlləri mərmər kimi sığallıydı. Boyu 155-160 sm olardı, çəkisi də ona uyğun.
Qadın çantasından güzgü çıxarıb baxdı, dodaqlarını yaladı, üzünü o tərəf-bu tərəfə çevirdi və güzgünü qaytarıb yerinə qoydu.
– Deyəsən, siz də mənim kimi kitab oxumağı xoşlayırsınız? – üzümə baxmadan, etinasız halda soruşdu və pəncərədən çölə baxdı.
– Hə, – qısaca cavab verdim.
– Heyf ki, mən kitab götürməmişəm. Çünki çemodanımı evdə unutmuşam və düzünü bilmək istəyirsinizsə, mən qatara da təsadüfən minmişəm.
– Növbə ilə oxuyarıq, – gülümsünərək dedim.
– Bilmək olar, oxuduğunuz nədir?
– Öz kitabımdır, – dedim.
– Deməli, yazıçısınız?
– Belə də.
– Birinci dəfədir, öz kitabını oxuyan yazıçı görürəm.
– Çox yazıçı tanıyırsınız ki? – dedim və güldüm. O da mənə baxıb güldü.
– Yox, sözgəlişi dedim, elə belə. Yəni yazıçılar da öz kitablarını oxuyur?
– Kitablarımı ona görə oxuyuram ki, necə pis yazmamağı öyrənim.
O, daha heç bir sual vermədi. Amma mən ondan gözümü çəkmədim. O da hərdən mənə baxır, nəsə fikirləşirdi. Yəqin, məni təftiş edirdi.
– 38 yaşım var, – dedim.
– Mən sizdən yaşınızı soruşmadım axı.
– Əzəl-axır soruşacaqdınız, – dedim və yenə də gülümsündüm. –İstəyirsiniz, sizin yaşınızı da, peşənizi də deyim.
– Yaşımı çətin tapasınız.
– Əslində, onu tapmışam, amma məlum səbəbdən demirəm...
– Yox, mənim elə bir kompleksim yoxdur. Özüm də deyə bilərəm.
– Vacib deyil. Həkimsiniz.
– Tapmadınız, – deyə güldü.
Fikir verdim ki, gözlərindən gülür, ovurdları da çalalanır.
– Müəlliməyəm, – dedi, – ədəbiyyat müəlliməsi. Sizi də tanıdım. Mən sizi tədris edirəm.
Onun bu etirafı xoşuma gəldi. Ona görə də dikəlib oturdum.
– Hə, mənə də dedlər ki, orta məktəbdə tədris olunuram, – bir az yekəxanalandım.
Susduq. Handan-hana o:
– Bəlkə, bir qədər hündürdən oxuyasınız, – dedi.
– Hündürdən oxumağı sevmirəm. Özü də öz mətnimi başqasına oxuya bilmərəm.
– Onda verin, mən də bir az oxuyum.
Təəccüblə ona baxdım:
– Özünüz demişdiniz axı, növbə ilə oxuyarıq, – dedi və güldü.
Gülüşü cingiltili və əfsunediciydi. Düzü, hələ indiyə kimi məni cəlb edən belə bir qadın olmamışdı. Bəlkə, bu, yuxuydu, ilğım idi, ya taleyin oyunuydu... Bəlkə, vurduğu ətrin rayihəsiydi...
Kitabı ona uzatdım. O, zərif, göyərçin əlləriylə kitabı ehtiyatla məndən aldı, sanki güzgü götürürdü və yerə salmaqdan ehtiyat edirdi.
Mən yenidən yerimə uzandım.
O, kitabı oxuyur və haldan-hala düşürdü. Gah gülümsünür, gah da qəmlənirdi.
Başını qaldırıb mənə baxdı və:
– Yaxşı yazırsınız, – dedi. – Xüsusən də bir fikriniz xoşuma gəldi.
– Nə fikirdi elə? – yenə də dikəldim.
O cavab vermədi. Yəni cavab verməyə imkanı olmadı. Qapı döyüldü. Durub açdım. Bələdçiydi, yanında da paqonlu, kepkalı biri vardı. Qatar rəisi olduğunu dərhal anladım.
Qatar rəisi:
– Mənə dedilər ki, sizin kupedə biletsiz sərnişin var.
– Bizim kupedə biletsiz sərnişin yoxdur, – dedim, – biletlər bələdçidədir.
– Amma biletlərin hər ikisində sizin adınız yazılıb.
– Düzdür, biletləri mən almışam.
– Amma onun adı olmalıdır, – deyə qadını göstərdi.
– O, mənim arvadımdır, – anidən dedim.
– Kəbin kağızınız var?
– Yox, biz kəbini qatardan düşəndə kəsdirəcəyik.
Qatar rəsi ağzını açıb nəsə demək istəyirdi ki, özümü təqdim eləməyə məcbur oldum. O, qınayıcı nəzərlə bələdçiyə baxdı və sağollaşıb-eləmədən getdi. Mən də qapını bağladım. Onların, yəni qatar rəisinin səsi aydınca eşidilirdi:
– Axmağın biri axmaq, əvvəlcə öyrən, sonra mənə de də!
Bələdçi də özünə bəraət qzandırırdı:
– Rəis, mən hardan bilim e?
– Canına azardan!
Onların səsi kəsiləndən sonra qadın:
– Siz niyə elə dediniz? – deyə təəccüblə üzümə baxdı. Mənə elə gəldi ki, onun gözləri yaşarıb.
– Nə bilim. Nəsə özümdən uydurmalıydım da.
– Amma mənim xoşuma gəldi, – dedi və gülümsündü.
– Doğrudan! – deyə qəhqəhə çəkdim, – zarafat edirdim də.
Deyəsən, kədərləndi. Çiynini çəkdi. Kitabı qatlayıb özümə qaytardı və yenidən pəncərədən çölə baxdı.
– Bilrisiniz, mən belə zarafatları xoşlayıram. Bəlkə də, bu, heç zarafat deyil...
O, üzünü mənə tərəf çevirdi və güldü...
Kefim durulmuşdu. Özümdən asılı olmayaraq dil qəfəsə qoymadan danışırdım. Heç o da məndən geri qalmırdı...
Yatmaq vaxtı gələndə çölə çıxdım. O, yerini rahatlayandan sona qapını döyüb içəri girdim.
Gənc xanım mənm də yerimi açmış və öz yerinə girmişdi.
– Nə əziyyət çəkirdiniz? – dedim.
Gülümsündü. Bəlkə də, bayaqkı ər-arvad sözümə işarə vururdu...
Səhər yuxudan oyandıq, daha doğrusu, o oyandı. Mən yatmamışdım ki. Səhərə kimi ona baxmışdım. O da səksəkəliydi. O tərəf-bu tərəfə çevrilir, hərdən örtük üstündən sürüşür, bədəninin bir hissəsi açıq qalır və çöldən düşən işıqların haləsində cəzbedici görünürdü. Düzü, bunu qəsdən edirdi, ya yox, bilmədim...
Birinci o, çölə çıxdı, əl-üzünü yuyub qayıtdı. Makiyajsız da gözəl idi. Mən də ayaqyoluna gedib qayıtdım. Mən gələnə qədər özünə sığal vermişdi və qapıya tərəf baxırdı, sanki məni gözləyirdi, üzü gülür, gözləri parıldayırdı.
Qəfildən:
– Növbəti dayanacaq mənimdir, – dedi.
Təəccübləndim və nə edəcəyimi bilmədim.
– Elə bilirdim ki, siz də mənim kimi sona qədər gedəkciniz, – təəssüflə dedim.
– Mən də elə bilirdim, amma düşməliyəm. Sevgilim hardasa buralarda məni gözləməlidir, – sevinclə dedi.
“Sevgili” sözünü eşidəndə çaşdım. Beynimdə o qədər xəyallar qurmuşdum ki.
– Niyə fikrə getdiniz? – yenə də gülümsündü.
– Sevgilinizi qısqandım, – mən də özümü o yerə qoymayıb gülümsündüm. Amma gülüşlərimiz fərqliydi: onunku dürüst, mənimki istehzalıydı, yəni taleyin ironiyası...
O heç nə demədən, gülümsünə-gülümsünə sağollaşdı, çantasını əlinə alıb qatardan düşdü və sanki özüylə ruhumu apardı...
Səfər ərzində bircə dəqiqə də onu unutmadım. Onun gülüşü, qara gözləri, ala-qaranlıqda parlayan dərisi yadımdan çıxmırdı. Bu bir yuxuydu, ilğım idi, ya taleyin oyunuydu, bilmədim...
Səfərim başa çatdı və geri döndüm. Yenə də çiskinləyirdi. Yenə də külək payız yarpaqlarını ətrafa səpələmişdi...
...Birdən onu gördüm. Yağışın altında dayanıb mənə baxırdı. Çətirsiz-filansız. Üst-başı əməllicə islanmışdı. Bir-birimizi aralıdan tanıdıq. O, mənə tərəf yüyürdü və qarşımda dayanıb gülümsündü. Saçlarından yağış damırdı...
– Bu siziniz? – deyə təəccüblə soruşdum. O da gülə-gülə başı ilə təsdiqlədi. – Sevgilinizi qarşılamağa gəlmisiniz?
– Hə!
– Bəs sevgiliniz hanı?
– O, mənim qarşımdadır, – dedi.
Çaşdım.
– Bəs...
– Mən onu axtarmağa çıxmışdım. Tapandan sonra qatardan düşdüm. Necə yazmışdınız? “İnsanlar xoşbəxtliyini vağzallarda tapır, vağzallarda da itirir...”
– Bu nədir, taledir? – deyə məşhur pritçanın sözlərini pıçıldadım.
O da eyni pritçadakı cavabı verdi:
– Yox bu sevgidir, – dedi.
Mən onun qara gözlərinə uzun-uzadı baxdım, sonra qucaqlayıb dodaqlarından doyunca öpdüm: ilğım kimi, yuxu kimi, taleyin oyunu kimi...
(Noyabr, 2023)
“Ədəbiyyat və incəsənət”
(21.05.2024)
“Bir, iki, üç, dörd...” – Banu Sadıqzadənin hekayəsi
“Ədəbiyyat və incəsənət” portalı “İlk qələm təcrübəsi” rubrikasında bu dəfə sizlərə Banu Sadıqzadənin “Bir, iki, üç, dörd...” hekayəsini təqdim edir. Banu Mədəniyyət və İncəsənət Universitetini bitirib, aktrisadır. Yazı-pozuya meyli hədsizdir. Hekayə və şeirlər yazır. Düşünürük ki, onu dərc etməyin zamanı yetişib. Axı yazılar mütləq oxunmalıdır.
Ömrünün 21 il əvvəlinin uşaqlıq xatirələrini illər sonra xatırlaması cəhdi, sanki, şüşə qırıntılarının ayağa batmasının verdiyi ağrı kimi, saçı yolunmuş fəryad sızıltısıtək onun gicgahını döyəcləyirdi. Qızmar yay fəsli idi. Amma 25 yaşlı Düha həyatında bəlkə də ikinci dəfə idi ki, belə üşüyürdü. Ona elə gəlirdi, ayaqları şaxtada o qədər donub ki, bir az da hərəkət etsə, dizləri təməlindən ayrılıb yerdə qalacaq, qolları ağırlaşıb sıldırım qayalar kimi yerə çırpılacaq, bütün bədənini parça-parça edəcək. Həmin gün gözləri ruhsuzlaşmış, bənizi saralmış, dodaqları çatlamış, saçlarının rəngi belə bozarmışdı. Əslində, həmin ana qədər tamamilə başqa emosiyada idi. Bir əsrlik bitməyən 8 dəqiqə kimi. Nə oldusa, elə onda oldu...
Var gücü ilə özünü toparlayıb pıçıldadı: "Yox! İndi olmaz, özünü ələ al! Axı sənə kənardan baxırlar, burda tək deyilsən! İllər sonra həyatının arzusu gerçəkləşib, qoruduğun qüruru burda sındırmaq səni 25 illik zirvələrdən beş qəpiklik quyulara buraxar. Hə, sən bunu bacaracaqsan, sakitləş, bax belə! Ağlını başına yığ! Sıx dişini! Lənətə gələsən, az fikirləş bu tanış-tunuşu! Axı sən nə vaxt özünü həbs etdiyin qəlibdən kənara çıxacaqsan!? Gözünün qarşısında ikicə nəfər adam var, həyəcandan onları belə görə bilmirsən, onlar sənə baxırlar, özü də qıyğacı... Toparlan! Sən daha dörd yaşındakı o uşaq deyilsən. Artıq sən anasan. Sənin öz övladın həminki yaşdadır, möhkəm ol! Bax belə!".
Bu pıçıltılar uzun görünsə də, cəmi bir dəqiqənin içində baş verdi.
Qoca qəbiristanlığın ucu-bucağı görünmürdü. Əllərini belinə sıxıb mənən qırılıb çökmüş onurğasını bacardıqca dik tutmağa çalışdı. Sanki şah damarı yerindən çıxıb boğazına dolanmışdı. Əvvəlcə məzarlığın yeni sahibləri tərəfi özlüyündə nişanladı. Məzarlıq boyu əks tərəfə qaçdı, sonra ayaqları biixtiyar ağrımağa başladı. Hər məzar sanki onun ayağından tutub durduğu ilk nöqtəyə geri qaytarırdı. Qamətini saxlayıb qarşısında baş daşlarının çərçivəsindən ona boylananlara diqqət etdi. Düha kiminsə ona acıqlı-acıqlı baxdığını, kiminsə ona təəssüfləndiyini, kiminsə "niyə bu qədər gec gəldiyini" soruşmasını, kiminsə narazılıq və ya qınağını aydın şəkildə eşidə və görə bilirdi. Bu, onu daha çox sıxır, onu daha da hərəkətdə sürətləndirirdi. Baş daşlarının hamısını oxumuşdu. Bəlkə də hər qəbirlə bir neçənci dəfə idi üzləşirdi. Nə qədər təngnəfəs olsa da qüruru nəfəsini susdurur, ciyərlərini qabırğa divarlarına sıxırdı.
Onu tapmadığını görüb məyus olduğu an - həmin o xəyal, uşaqlıq təhtəlşüuru qurumuş palıdın gövdəsindən çıxan budaq kimi işığa tərəf boylanırdı. Əslində, 21 il keçmişin xatirəsi belə yaranmışdı: Yanvar ayının nisbətən isti və nəmli, mülayim keçən günəşli günlərindən biri idi. Anası ilə tək yaşayan Düha hələ o zamanlar 4 yaşında idi. Anası dolanışıq ucbatından rayonlararası bazarda qarışıq geyimlər alıb-satırdı. Bu səbəbdən də o, anasının hər gedişində onunla 4-5 gün ayrı qalmalı olurdu, onda ona nənəsi baxırdı. Anası hər gələndə Dühaya o zamanların dəbi olan "Tom&Jerry"nin şort-mayka dəsti, cığalalarda iri şirnilər alıb gətirər, onu sevindirərdi. Düha 4 yaşında olduğundan dolayı, sadəcə 4-ə kimi saymağı öyrənə bilmişdi. Elə həyətdə qonşuların uşaqları ilə gizlənqaç oynayanda da 4-ə kimi sayırdı. Hər gecə dümağ buludlar kimi ağaran bumbuz yatağına uzananda da yatmazdan öncə saymağa başlayırdı. Nənəsinə "Üç gün tamam oldu, bir gün qaldı" deyib 4-cü gecənin tezdənini açmaq üçün yatmağa can atırdı.
Yenə də həmin sayılı gecələrdən biri, lakin 4-cü günün tamamı idi. Düha əvvəlcə narahat idi. Narahatlığını söndürmək üçün dəmir yatağın orta boşluğuna özünü tullayıb yellənməyə başladı. Sıxıntısının xıncını durmadan hoppanmağa xərclədi. Amma yorulub dirsəklərini dizlərinə qoyaraq yatağına oturdu. Qısa bir səssizlik sonrası içindəki uşaqlıq qüruru sındı, dikələ bilmədi. O, hönkürtü ilə ağlamağa başladı. Nənəsinin yorucu suallarından təngə gəlib onun dizlərinə başını qoyub darıxdığını pıçıldadı.
"Anam nə vaxt gələcək? Dörd gün bitdi, amma o gəlmədi. Mən düzgün sayıram", - deyə barmaqlarını cütləyib göstərdi. Sonra davam etdi: "Dörd gəlib getdi, amma anam gəlmir, heç xəbər də yoxdur. Bəs mən darıxıram axı! Nənə, özü də çox darıxıram... O mənə söz verir, həmişə də vaxtında gəlirdi. Amma indi xəbər yoxdur. Mən yata bilmirəm"
Həmişəki kimi ağlamaqla özünü ovunduran Düha yuxulamağa çalışdı. Mürgünün də 4-cü laylasında idi. Gecə saat 12-ni yenicə keçirdi. Anidən çöldən qışqırıq səsləri gəlməyə başladı. Dağların dibindən gələn canavar ulaşması gələn qışqırıqların nə olduğunu ayırd etməyə imkan vermirdi. Amma anasının gəlmə ehtimalı yüksək idi. Düha gözlərini nənəsindən tez açmışdı. Dikəlib oturdu. Divardakı saata baxaraq "Anam gəldi", - deyə gözləri sevincindən bərələ qalaraq gülümsədi.
Bu səs nənəsini də oyatmışdı. Hə, doğrudan da anası gəlirdi. Amma...
***
Düha ilk dəfə idi belə yanvar gecəsi görürdü. Həyətdə saçını yolan qohumlar, onların ah-naləsi, dizləri qatlanmış nənəsinin göz yaşları.. İlk dəfə idi nənəsini belə çökmüş, ümidsiz görürdü. Nə baş verdiyini anlamırdı. Qorxmamağa çalışırdı. Evdəki qarışıqlıq onun ağlını başından çıxarırdı. Nənəsinə suallar verir, cavab almadıqca daha da qorxurdu. Bu qarışıqlıq onun üçün tanımadığı cəhənnəm əzabı kimi idi.
Az sonra anası da gəldi. Daha doğrusu, gətirdilər. Yaşıl donda, qara plaşda, bumbuz, saralmış əlləri yanında döşəməyə uzatdılar. Düha anasını geyimindən tanıdı. Vahimədən ayılıb gözləri hədəqəsindən çıxacaq şəkildə nənəsinə dilləndi: "Nənə, mən düz bilmişəm. Bax, anam gəlib, anam gəlib..."
Nənəsindən səs gəlmədi. Düha nələr olduğunu anlamağa çalışırdı. Bir anda beynində qərarlaşdırıb, özünü isbatlamaq üçün anasına yetişmək istədi. Anası üzü üstə yatmışdı. İnsanların bəzisi sağa-sola qaçışır, bəzisi hönkürtüylə ağlayırdı. Düha bu an çox qorxdu. Evin bu başından o başına - anasına doğru qaçdı. Dühanın ən ali xoşbəxtliyə uzanan qolları evdə saralan işığın altındaca rüzgarın dayandığını hiss etdi. Evin işığı gözlərinə düşmüş, ayaqları yerdən üzülmüşdü. Anasını qucaqlayacağı anda kimsə onu belindən tutub qucağına almışdı. Axı anasına qovuşmaq istəyinin qarşısını kim ala bilərdi?!
Nələrin baş verdiyini anlamayan Dühanın səbri kəsildi. Ona anası üçün bu cür darıxmaq öldürücü idi. Anidən, gördüyü "Ögey ana" filmində İsmayılın atası üçün ağladığı kimi əlini anasına uzadıb ağlamağa başladı: "Ana, oyan. Ana, məni aparırlar, qoyma.."
Anasından səs çıxmadıqca Düha dəliyə dönmüşdü. Bəlkə də neçə nəfərin onu saxlamağa gücü yetmədi. İnsaflı ağbirçəklərdən kimsə "Uşağı anasından gözü arxada apara bilməzsiz, a bala. Qoyun anasına toxunsun. Axırıncı dəfə qoxlasın anasını. Körpədir, dərdin alım, doysun anasından, buraxın", -deyə dilləndi.
Araya sakitlik çökdü. Dühanı kimsə qucağından yerə qoydu. O, sakitləşib ətrafındakılara baxa-baxa anasına doğru addımladı. Beynində ağbirçəyin dediyi cümlələr dolaşdıqca onun üzündə minlərlə sual izi yaratmışdı. Nə baş verir axı?! Sonunda rahat şəkildə anasının sol kürəyinə toxundu.
-Ana, ay ana... Bəsdir yatdın, mən burdayam, oyan. Ana, eşitmirsən bu qışqırıqları? Mən qorxuram. Sənin üzünə niyə bu örtüyü atıblar axı?! Bəsdir özünü ölülüyə vurdun. Ana, oyan", - deyə həyəcanla söylədi.
Düha özünü ölülüyə vurmaqla ölməyin fərqini bilmirdi heç. Anası səs verməyincə onu iki əlli kürəyindən tutub silkələdi. Qolları taqətdən düşüb, gücü qurtardı sanki. Başını anasının kürəyinə qoyub dedi: "Ana, yuxum gəlir, gəl gedək yataq. Səni gözləyirdim dörd gündür".
Birdən anasının necə soyuq olduğunu hiss etdi, "Ana, üşümüsən? Oyan! Oyan!", - deyib var gücü ilə iki əllə anasının sol çiynini özünə doğru çəkdi. Və bu an anasının cəsədi arxası üstə çevrildi. Bu, Dühanın gördüyü ilk kabus idi. Anasının parçalanmış sifəti onun gözlərinin qarşısında açılmışdı, sifətinin bir tərəfi yanaq sümüyünün qəlpələrindəcə itmişdi. Düha ilk dəfə idi ki, anasından belə qorxurdu. Onun qışqırığı anidən sükutu pozuldu.
Sonra hər şey bir göz qırpımında baş verdi sanki. Gözlərini kimsə ovucları ilə sıxıb onu qonşuya apardı. Amma orda qalmadı, bir çığır-bağırtı saldı ki, onu anasının yanına qaytardılar. Tezdən dəfn olacaqdı. Anası müsəlman adətləri ilə dəfnə hazır sübhü gözləyirdi. Bir neçə saat Düha anasının yanında yerdə uzandı. Qadınlar deyirdi: "Səs salma, sadəcə bax. Anan yatıb". Bu pıçıltılar ona rahatlıq verirdi.
***
Səhərin səkkizində o, tezdən oyanmışdı. Ev adamla dolu idi. Uşaqlar da çox idi. Özündən böyük qonşu uşaqları ona acıq verirdilər: "Daha sənin anan yoxdur, bilirsən? İndi sən həm atasız, həm də anasız qalacaqsan".
Sonra bir başqası dedi: "Ay axmaq, nə mal kimi baxırsan? Ölmək bilirsən nədir? Ölmək ölüb qurtarmaqdır. Qaranlıqdır, torpağın altıdır. Ananı aparıb torpağın altına qoyacaqlar. Qaçmasın deyə üstünə beton da vuracaqlar. Və bir də qayıtmayacaq".
Üçüncü uşaq da bu minvalla "Mən eşitdim ki, bir azdan meyiti aparıb basdıracaqlar. Gedib baxarıq?" deyə sual verdi.
Düha: "Doğrudan? Elə lap indi? Bu gün? Sabah aparsalar olmaz?” kəlmələri ilə rabitəsiz nitq qoydu ortaya.
Dördüncü uşaq: "Axmaq, meyiti saxlayıb iylətsinlər ki? Özü də, biz dəfnə qısa yolla qaçıb gizlin baxacağıq. Amma sənə olmaz. Sən balacasan. Bədbəxtin heç anasının dəfnini görməyə də yaşı çatmır" dedi.
Uşaqlar gülüşdülər.
Düha: "Yox, mən də gedəcəyəm. Anam hara mən də ora" - deyib bitirmişdi ki, araya çaxnaşma düşdü. İnsan səsləri yenə qarışdı bir-birinə. Elə bu an Düha anasını elə saya bildiyi qədər - dörd kişinin çiynində tabutda gördü.
Axı nə baş verirdi?! Birdən, göndərilmiş bir qadın arxadan dilləndi: "Bəxtsiz balam, qara qızım, gəl gedək, sənə halva verim, sən axı halvanı çox sevirsən, gəl".
Dühanın başı geri dönüncə qadın onu ordan uzaqlaşdırdı.
Xeyli vaxt keçəcəkdi. Düha halvanı yeyib bitirdiyində anası çoxdan qara torpağa basdırılmış olacaqdı. Düha bunu sonradan biləndə saatlarla ağlayacaqdı. Bu, onun üçün uşaqların onu ələ salmasından da ağır idi.
***
Dəfnin səhəri günü anası ilə sonsuzluğun ilk görüşünə getmişdi. Qohumları və qohunlarının ondan bir qədər böyük üç qızı ilə. Dühanın fikri uşaqların dediyi kəsə, gizli yolda idi. Amma nə idisə, hoppana-hoppana gedirdi. 1-2-3-4... 1-2-3-4. Beləcə, gəlib iki yeni tikilmiş təkotaqlı yaşıl evin qarşısında dayandılar. Evin gözəlliyi Dühanın hədsiz marağına səbəb olmuşdu. Yaşıl rəngi sonsuz çəmənlərə bənzətmişdi Düha evi.
Uşaqlar səsləndi: "Bax, bu ev mollanın evidi. Arxası qəbiristanlıqdı. Amma bəxtəvərin anası təzə qəbiristanlıqda basdırılıb".
Düha əvvəlcə dayandı, heç nə anlamadı. Sonra uşaqların üzündəki təbəssümdən yaxşı bir şey olduğunu düşünüb ayaqlarına baxa-baxa saymağa davam etdi: 1-2-3-4... 1-2-3-4...1-2-3-4... "Çatdıq!" kəlməsində dayandı. Ürəyi yerindən çıxacaq kimi idi. Başını qaldıranda qarşısında anasını gördü: "Necə?Anam şəkilə dönüb? Bəs məni qucaqlamayacaq. Ölmək belə olur?" "Qucaqlamayacaq! Belə olur da. İndi torpağın altındadı. Gözünə, ağzına torpaq dolub.Torpaq udub onu, udub", - deyə yenə də bir uşaq dilləndi.
“Udub” sözü Dühanı udqundurdu. Qəribə idi ki, yeni məzarlıqda 4 qəbir var idi. 4-cü qəbir də anasınınkıydı, çəmənlər içində gülümsəyən anasının. Düha bir qədər fəxr etdi. Düşündü ki, anası qarlı-qaralı qışın buzlu uçurumundan aşağıya yuvarlanacaq mikroavtobusdakı digər 6-7 nəfərin həyatını öz ölümü ilə xilas edə bilib. Bütün qəzetlər yazmış, avtobus sürücüsü belə bir müsahibə vermişdi: "Bura Azərbaycanın ən ucqar nöqtələrindəndir. Əyləci basdım, yol buzlu və ensiz idi deyə xeyri olmadı. Gördük ki, avtobus geriyə gedir. Bunu görəndə xanımlar səs-küy etməyə başladı. Məni də həyəcanlandırmasınlar deyə onları sakitləşdirməyə başladım. Avtobus uçuruma doğru getdiyində qadınlardan biri qapını açıb özünü yola atdı. Allahdan ona heç nə olmadı. Az sonra başqa qadın da eynisi etmək istədi. Əynində uzun plaşı var idi, özünü atan anda mikroavtobusun qapısı üzünə bağlandı və plaşı qapının arasında qaldı. Qadın qollarını çıxara bilmədən yıxıldı, başı təkərin altına tərəf yıxıldı özü də və təkər sifətini bir neçə dəfə sürtüb hərəkətdən dayandı. Qadın özü dünyasını dəyişdi, amma bizlərin həyatını qurtarmış oldu. Allah rəhmət eləsin. Nə deyim, qismət..."
Dühanın ilk və son görüşü idi bu.. Bir də illər sonra anasıyla görüşəcəyindən xəbərsiz idi. Onu qarşıda yeni bir şəhər həyatı və unuda bilməyəcəyi əzablı keçmiş gözləyirdi. İndi həmin o vaxt gəlib çatmışdı. Bu an o an idi. Düha anası ilə yana-qıvrıla 21 ildən sonra görüşə gəlmişdi...
***
Məzarlıqda anasının yerini soruşduqda molla belə tanımamışdı. Məyusluğun cəhənnəminə qərq olan Dühanın birdən zehni aydınlaşdı, o, bura gəldiyi anda anasıyla ilk görüşünü xatırladı, 1-2-3-4...
Mollaya söylədi: "İllər əvvəl bu məzarlıq ilk salındığında burda cəmi iki ev var idi..."
Molla: "A qızım, məndən əvvəl dörd-beş molla udub bu qəbiristan, mən nə bilim axı dediyin adamı. İndi bura rayonun ən köhnə məzarlığıdır" deyəndə Düha "Elə deməyin, ay baba, məzarlıqlar köhnələr, ölənlər isə öz yaşlarında qalar. Mən tapmalıyam anamın qəbrini. Gizlin, qaçaraq gəlmişəm, vaxt daralır mənimçün", -dedi.
"Ay qızım, necə tapaq bəs indi?".
Mollanın az əvvəlki cümləsi yenidən təkrarlandı. Düha: "İndi bura rayonun ən köhnə məzarlığıdırsa, deməli, o vaxtın ən yeni iki evi indinin ən köhnə iki evidi. Ən qədim olan o iki evi mənə göstərə bilərsiz?!”- deyə ümidləndi.
"Hə, odur e, bala, bax o", - molla barmağı ilə uzaqları işarə etdi. Düha qaça-qaça o ev tərəfə getdi və az sonra düz evin qarşısında dayandı. Bilmədi nə etsin. O, evlərin həminki olduğuna da əmin deyildi. Məzarları necə gəldi, qazmışdılar.
Düha əllərini belinə qoyub biləklərində cütləyərək addımlarını saymağa başladı: 1-2-3-4... 1-2-3-4...1-2-3-4 və başını ayaqlarından qarşıya doğru qaldırdı. Budur, anası saralmış bənizlə, nigaran baxışla, illərdi gözləyirmiş kimi ona baxırdı. Düha yerindəcə donub qalmışdı. Dili-dodağı qurumuşdu. Bəlkə də illərdi hər gün ağladığından idi, burada ağlaya bilmədi. Qulaqları quşların səsini, küləyin vıyıltısını eşitmirdi, yanındakıların təəccübünü və ətrafdakı yüzlərlə qəbri görmürdü. Ürəyinə su səpilmiş, buludların üstündən boşluğa dümüşdü sanki. Dinmirdi, qüruru qulağına "ağla" deyə pıçıldayırdı. Amma vüsala çatmaq hissi göz yaşlarını qurutmuş, Dühanı daşa döndərmişdi. Vəziyyətin normal olmadığını görən tanışları onu ordan uzaqlaşdırmağa cəhd etdilər. Özünü soyuqqanlı kimi aparan Düha 5 dəqiqə məzara baxdıqdan sonra sakitcə "Gedək daha" dedi.
Nitqi qurumuşdu. Düha maşına əyləşərkən gözləri məzarlığa baxar qalmışdı. Maşının qapısının çırpılması səsi onu görüşün təsirindən ayıltdı. O, nəhayət, ağlamağa başladı. Getmək istəmirdi. Göz yaşları boğazına, sinəsinə axır, saçlarının ucunacan gəlir, yerə düşürdü.
Kim bilir, növbəti görüş daha neçə ildən sonra baş tutacaqdı?! Göy guruldayır, güclü yağış yağırdı. Düha hardasa oxumuşdu ki, Şaman inanclarına görə, insanlar öldükdən sonra təbiət hadisələri ilə dirilərə agah ola bilirlər. Bəlkə də anası da ağlayırdı. Torpağın altından deyə bilmədiklərini səma səsləri ilə bəlli edirdi. Bəlkə də qızının arxasınca su səpirdi.
Anasının saralmış cəsədindən sevmişdi sarı rəngi. Payıza vurulmuşdu. Anasının plaşındakı qara rəngə də, üzünə örtülən ipəyin ağ rənginə də vurulmuşdu. 4 rəqəmini sevirdi. Özü də 4-cü ayda doğulmuşdu. Kimsə 4,14, 44 rəqəmlərini pisləyəndə inciyirdi. Qadınlarda qısa saçları sevirdi, anasınınkı kimi. Dühanın da əlləri yaz-qış soyuq olurdu. Harda bir qəza görsə, susurdu. Harda yaralanmış birinin yarasını görsə soyuq-soyuq baxırdı. Məzarlıqdan qorxmurdu. Gülab iyini sevirdi. Ən sevimli şirniyyatı hələ də halva idi. Daha çox ona görə ki, o, halvanı yeyib bitirənə kimi 4 yaşındakı hadisələri təkrar-təkrar xatırlayırdı. Özünü o qədər öyrətmişdi ki, qüruruna anasının özləmindən, yastığının altından başqa hər şey, hər kəs xəbərsiz idi. Düha belə qız idi. Kiminsə üzünü öpəndə anasının dağılmış sifətini xatırlayırdı. Ən sadiqliyi onu məzara aparan yaddaşı idi. Bir də “ana” kəlməsi. Həmin kəlməni kimsəyə demədi. Uşağına saymağı öyrədəndə isə 4 rəqəmində ilişib qaldı.
Bir də "klas-klas” oynayan uşaqların səsi onu keçmişinə aparardı. Radiodan, televizordan eşitdiyi "Gəl yuxuma" mahnısı onu anası ilə yuxuda görüşə aparacaq kimi gəlirdi. Amma 21 ildə bircə dəfə də yuxuda görüş baş tutmadı. Bir ağrılı yeri var idi. Anasının son gedişində Düha onu çox öpmüşdü. Anasının göz qapaqlarını öpmək xoşuna gəlirdi onun. Elə axırıncı dəfə də qapının astanasında anasının əyilməsini istəyib onun gözlərindən öpmüşdü. Həm də dəfələrlə. Anasının son sözü isə bu olmuşdu: "Balam, gözdən öpmək ayrılıqdır. Öpərsən, ölərəm, gedib qayıtmaram".
Dühanın beyninə işləyən göz-gözə sonuncu baxış idi. "Bircə dənə də öpüm, daha öpməyəcəm", - deyən balaca qız elə bircə dəfə öpdü. Daha öpə bilmədi.
***
Düha artıq evə dönmüşdü, hava çoxdan qaralmış, gecə düşmüşdü.
Yenə gecə saat 12-ni keçirdi.
Yenə sakitlik hökm sürürdü.
Yenə heç özü də bilmədiyi nəyisə gözləyirdi.
Yenə divarda saat vurur, əqrəblər addımlayırdı.
O isə ürəyində sayırdı: Bir, iki, üç, dörd... Bir, iki üç, dörd.
“Ədəbiyyat və incəsənət”
(21.05.2024)
TACİK KİNOSU GÜNLƏRİ - “Rüstəm və Söhrab” filmi bizə lazımdırmı?
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
Uzun illər eyni ölkədə
SSRİ-də bir bayraq altında yaşayan Azərbaycan ilə Tacikistan arasında əlaqələrin köklü tarixi var və iki ölkənin münasibətlərində mədəni əməkdaşlıq əhəmiyyətli mövqeyə malikdir. Müxtəlif illərdə qarşılıqlı mədəniyyət günlərinin keçirilməsi, paytaxtlarımızda təşkil olunan kitab sərgilərində iştirak, eyni zamanda iki ölkənin yaradıcı kollektivlərinin səfərləri və s. mədəni əməkdaşlığın göstəriciləridir. Hazırda Bakıda və Gəncədə keçirilən Tacikistan Mədəniyyəti Günləri ölkələrimiz arasında mədəni əlaqələrin inkişafına yeni töhfə olacaq.
Dünən saat 17.00-də Nizami Kino Mərkəzində mədəniyyət günləri çərçivəsində Tacik Kinosu Günlərinin açılış mərasimi oldu. Mərasim zamanı "Rüstəm və Söhrab" filmi nümayiş etdirildi.
Axşam saat 19:00-da isə Heydər Əliyev Mərkəzində Tacikistan Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirildi. Qonaq ölkənin incəsənət ustalarının qala-konserti təqdim olundu.
Bu gün - mayın 21-də saat 16:00-da Nizami Kino Mərkəzində kinosevərlər "Şöhrətlənən Sarəzm" sənədli filmini izləyəcəklər.
Mayın 22-də saat 16:00-da Nizami Kino Mərkəzində "Tale" ("Fortuna") bədii filmi göstəriləcək.
Mədəniyyət günlərinin sonuncu günündə - mayın 23-də Nizami Kino Mərkəzində saat 16:00-da Tacik Kinosu Günlərinin bağlanışı olacaq. Kinosevərlər "Güzgü" bədii filmini izləmək imkanı əldə edəcəklər.
Həmin gün axşam 19:00-da isə F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasında Tacikistanın incəsənət ustaları tərəfindən konsert proqramı təqdim olunacaq.
İndi isə qayıdaq dünən açılışı olan Kino günlərinə.
Mərasimi Azərbaycan Film Fondunun direktoru, tanınmış kino xadimi Cəmil Quliyev açdı, iki ölkə kinosu arasında bağlılıqdan bəs etdi. Məşhur tacik rejissoru Boris Kimyagərovun yüksək peşəkarlığından danışdı.
Sonra Tacikfilm-in direktoru Məmməd Səid Şokiyon Tacikistanda bir neçə filmə çəkilən Azərbaycanın Xalq artisti Tariyel Qasımovdan bəhs etdi, onu səhnəyə çağırıb “Tacik kinosu əlaçısı” medalı ilə təltif etdi.
Daha sonra Boris Kimyagərovun 1971-ci ildə çəkdiyi “Rüstəm və Zöhrab” filmi nümayiş etdirildi. Musiqisi dahi bəstəkarımız Arif Məlikov tərəfindən yazılmış bu film fars-tacik şairi Firdovsinin “Şahnamə” poeması əsasında çəkilib.
Və çox vacib bir detal. Film iran-turan konfliktindən bəhs edir və iran tərəfin mövqeyini əks etdirir. Orada iran xeyir qüvvə, turan şər qüvvə hesab edilir.
Biz axı turanıq. Bizim xeyrimizə olmayan filmi taciklər gətirib bizim ölkımizdə bizə nədən göstərirlər? Məncə bu, sadəcə səbatsızlıqdır. Tacik nümayəndə heyəti bəlkə heç anlamır ki, filmdəki düşmənlər - turanlılar bizlərik.
“Ədəbiyyat və incəsənət”
(21.05.2024)
Klassik uşaq ədəbiyyatından seçmələr – İLYAS TAPDIQ, “Evim var
“Ədəbiyyat və incəsənət” portalında Uşaq saatı davam edir. Bu gün sizlərə Klassik uşaq ədəbiyyatından seçmələr sırasından İlyas Tapdığın “Evim var” şeiri təqdim ediləcək.
Gülə-gülə Gülnara
Belə dedi İlqara:
Budaqda bir evim var,
Tap görüm evdə kim var?
Divarı taxça-taxça,
Taxçası boğça-boğça.
Taxçaları tağlıdır,
Boğçaları bağlıdır,
Bir çinidir axçası,
Yox qapısı- bacası...
Bir qədər fikirləşdi,
Tapmaq üçün əlləşdi.
İlqar dedi:-Gülnara,
Bu ev oxşayır nara!
Taxçası boğçalıdır,
Boğçası axçalıdır.
Taxçasını açmışam,
Boğçasını açmışam.
Baxmışam bacasından,
Yemişəm axçasından
– Şirini var, turşu var,
Belə deyib atalar:
Ətindən kabab olmaz,
Qanından kasa dolmaz.
“Ədəbiyyat və incəsənət”
(21.05.2024)
“Gəncləşən muğam” layihəsi Gəncədə
Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında "Gəncləşən muğam” layihəsinin növbəti konserti təqdim edilib.
“Ədəbiyyat və incəsənət” portalına filarmoniyadan verilən məlumata görə, konsertdə layihənin rəhbərləri, Xalq artisti, professor Mənsum İbrahimov, Əməkdar artist Təyyar Bayramov, gənc xanəndələr Elsevər Muradov, Ülviyyə Sədaqət, Pərvaz İbrahimli, Fatimə Hüseynova, Elgiz Əliyev, Ayşən Mediyeva, Valid Abdullayev, Sədəf Budaqova, Xəyal Hüseynov, Xəyalə Qafarzadə, Günay İmamverdiyeva, Nurlan Namazov, Mirəli Sarızadə, Ülkər Abdullayevanın "Mənim Azərbaycanım", "Şuşanın dağları", "Küçələrə su səpmişəm", "Qal sənə qurban", "Axtararsınız", "Sarı Bülbül", "Xudayar təsnifi", "Qarabağ", "Yaşa mənim xalqım" səsləndirilib.
Konsertdə dövlət və hökumət rəsmiləri, mədəniyyət və incəsənət xadimləri, şəhər ictimaiyyəti iştirak ediblər.
Layihə çərçivəsində keçirilən konsert gəncəlilər tərəfindən böyük rəğbətlə qarşılanıb.
“Ədəbiyyat və incəsənət”
(21.05.2024)
TÜRKSOY-un Prezidenti, Qırğız yazıçısı Sultan Rayevin “Dəlixana”sı təqdim ediləcək
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
Mayın 23-ü saat 12:00-da Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda Qırğızıstan Xaq yazıçısı Sultan Rayevin “XAN Nəşriyyatı”nda çap olunmuş “Dəlixana” romanının təqdimatı keçiriləcək.
Bu kitab Azərbaycan Ədəbiyyat Fondu və Hədəf Şirkətlər Qrupunun birgə layihəsi olan “Türk xalqları ədəbiyyatı” seriyasının ilk kitabıdır. Layihə rəhbərləri Hədəf Şirkətlər Qrupu, eləcə də Azərbaycan Ədəbiyyat Fondunun baş direktorları Şəmil Sadiq və Varisdir.
Azərbaycan Ədəbiyyat Fondundan aldığımız məlumata görə, sözügedən romanın tərcüməçisi Aysel Oğuz, redaktorları Yunus Oğuz və Cavid Qədirdir.
Qeyd edək ki, tədbirdə Azərbaycan ədəbi və elm cameəsinin tanınmış simaları iştirak edəcəklər.
Giriş sərbəstdir.
Əlavə məlumat üçün bildirək ki, romanda yüzlərlə il əvvəl ölmüş tarixi şəxsiyyətlərin ruhunu daşıyan yeddi nəfərin başına gələnlər təsvir olunur. Onlar həm özlərinin, həm də ruhunu daşıdıqları şəxslərin yol verdiyi günahların cəzasını çəkirlər.
Əsərin qəhrəmanları özlərindən də, cəzadan da qaçmaq üçün çöllərə düşür, Müqəddəs torpağın axtarışına çıxır, Musa peyğəmbərin ardıcılları kimi səhrada dolaşmağa başlayırlar...
Bəşər övladının ruhu da, əzabı da əbədidir. Bədən dünyanı tərk etsə də, ruh cəzasını başqa bədənlərdə çəkməyə davam edir.
“Ədəbiyyat və incəsənət”
(20.05.2024)
Salman Mümtazın 140 illiyi münasibətilə Milli Məclisinin Mədəniyyət Komitəsi paylaşım edib
Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət Komitəsi görkəmli ədəbiyyatşünas, repressiya qurbanı Salman Mümtazın 140 illiyi münasibətilə paylaşım edib. Paylaşım mətnini diqqətinizə çatdırırıq.
Bu gün şair, ədəbiyyatşünas, mətnşünas, biblioqraf, orta yüzilliklər əlyazmalarının kolleksiyaçısı, repressiya qurbanı Salman Mümtazın anadan olmasının 140-cı ildönümüdür (Salman Məmmədəmin oğlu Əsgərov; 20.05.1884, Nuxa (Şəki), Azərbaycan – 06.09.1941, Oryol, RF).
Salman Mümtaz 1910-cu ildən "MollaNəsrəddin" və b. dərgilərdə şeirləri, felyetonları ilə dini fanatizm və xürafata qarşı çıxış edib.
O, doğma Azərbaycan dili ilə yanaşı fars, ərəb, rus, urdu və b. dilləri də bilib.
Salman Mümtaz İmadəddin Nəsimi, Qövsi Təbrizi, Molla Pənah Vaqif, Qasım bəy Zakir, Mirzə Şəfi Vazeh və b. Azərbaycan klassiklərinin əsərlərini nəşrə hazırlayıb. 1927-1928-ci illərdə Azərbaycan aşıq poeziyasının örnəklərini iki cilddə nəşr etdirirən də SalmanMümtaz olub.
O, həmçinin Xətai, Füzuli və b. elmi-tənqidi mətnlərini tərtib edib.
Stalin repressiyasının qurbanı olan Salman Mümtaz, 1937-ci ilin oktyabrında həbs olunub və 10 il müddətinə azadlıqdan məhrum edilib. O, həbsdə olarkən - 1941-ci ilin sentyabr ayında Oryol şəhərində güllələnib.
Totalitar rejim mənsubları onun topladığı 270 əlyazmanı məhv edib.
Keçmiş SSRİ Ali Məhkəməsi Salman Mümtaza 17.11.1956-cı ildə (ölümündən sonra) bəraət verib.
Sayğılarla anırıq.
Ruhu şad olsun!
Azərbaycan Respublikası
Milli Məclisinin Mədəniyyət Komitəsi
“Ədəbiyyat və incəsənət”
(20.05.2024)
Azərbaycanlı fotoqraf Beynəlxalq Foto Sənəti Federasiyasına üzv seçilib
Azərbaycanlı gənc fotoqraf Valeh Arifoğlu dünya üzrə nüfuzlu fotoqrafiya təşkilatı olan Beynəlxalq Foto Sənəti Federasiyasının (FIAP) rəsmi üzvlüyünə qəbul edilib.
AzərTAC xəbər verir ki, bu barədə fotoqraf özü məlumat verib.
Qeyd edək ki, Valeh Arifoğlu 2012-ci ildən fotoqraf kimi fəaliyyət göstərir.
Beynəlxalq Foto Sənəti Federasiyası 1946-cı ildə yaranıb və dünyada UNESCO tərəfindən tanınmış yeganə fotoqrafiya təşkilatıdır. Yüzdən artıq ölkənin foto təşkilatlarını bir yerə toplayan FIAP, hazırda dünyanın ən böyük və nüfuzlu foto təşkilatı hesab olunur. Bu qurumun üzvlüyünə qəbul edilmiş federasiya və klublar xüsusi statusa, fotoqraflar isə ömürlük fəxri adlara layiq görülür.
“Ədəbiyyat və incəsənət”
(20.05.2024)
“Hərənin bir xırda yol yazısı var...” - VAQİF BƏHMƏNLİNİN ŞEİRLƏRİ
“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzeti” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə sevimli şairimiz Vaqif Bəhmənlinin şeirləri təqdim edilir.
İki rübai
Sazda pərdələri aşıq ayırır,
Nigarı əğyardan aşiq ayırır.
İşıq birləşdirir bizi dünyaya,
Bizi bu dünyadan işıq ayırır!
Olara-olmaza "ol" yazısı var,
Pöhrələn, çiçək aç, sol yazısı var.
Bekara söhbətdi alın yazısı,
Hərənin bir xırda yol yazısı var...
Ətək
Meyvə də ağacı unudur,
Gözlə yox, səslə uçur yarasa.
Daha ayağın yer tutur,
Öz əlin, öz ətəyin varsa,
burax Allah ətəyini.
Dərdlər yığıb, qəmlər dərib -
yanma halsız, nimdaş ələ.
Rəbb əlinin kölgəsində
bir sümük, bir dəri,
minlərcə qərib
ətək növbəsi tutub,
Çarəsiz uzanan ələ yer elə -
burax Allah ətəyini!
Göy üzündən gəlir öyüd,
Yoxmu ağlın düşünəsən -
namxuda, azman kişisən!
Burnundan piltə-piltə
gəlib tökülməmiş süd
ayrıl ana döşündən,
burax Allah ətəyini!
İki dünyanın şərtləri
Dəri çəkmələrim qarda batmırsa,
özünü asıbsa dolabda kürküm,
Bir qədəh şəraba əlim çatmırsa,
barmağım tutmursa nazik "Kent-4"ü:
demək, cəhənnəmin qırağındayam.
Ömür sərt qayadı, toqquş!.. durmadan -
bir qəlpə qoparmaq ehtimalı var.
Qədəhi qədəhə toqquşdurmadan
tərif yağdırırsa ruhuma dostlar,
sözsüz, gor evində vergi yığanam!
Meyvəmin sortunu dəyişibsə yad,
küt bağban söyüdə nar calayırsa,
Yüz ildən sonra da qaldırıb fəryad
Xan Araz yurdumu parçalayırsa,
mərmər sinə daşım çat verib demək!
Pay bölən, fəqiri saymır hesaba,
manat qoparırsa ciyərdən həkim,
Yenə zülm edirsə harın kasıba,
haqsız çıxarırsa haqlını hakim,
demək, inkir-minkir dindiriri məni...
Mən ki, qoşa bürclü qala salmışdım
bəs nədən möhtacam tək bircə cana?
Onları cənnətə yola salmışdım -
çatmırsa hayıma atam, ya anam,
demək, adlayıram qıl körpüsündən!
Leylan sevgilərin sonu puçdursa,
Məcnunlar tutubsa çölün düzünü,
Yanıq könüllərin közü suçdusa,
tüstü acıtmırsa iblis gözünü,
demək, qaynayıram qır qazanında!
Fəlsəfi qoşma
Nə gərək faş sirri açaq təzədən? -
Gündüz insanla xoş... gecə cananla.
Mayamız yoğrulmuş kefdən, məzədən,
Gedəlim fanidən mey dolu camla.
Könüllər tikişi ilahi sapdı -
Bütövə ehtiram düzgün hesabdı!
Kimsənin qəlbinə dəymə, savabdı -
qarşıdan gələnə baş əy, salamla!
İrəli boşluqdu, yol yoxdu geri,
Harayın tutsa lap göyləri, yeri...
Yetməz imdadına özündən qeyri
Canda həvəs yoxsa, səs batar tamda!
Hikmət karvanını nərtək dartsan da,
Qafanı şişirtsə ağıl, artsan da!
Ən dərin laylara lağım atsan da
xəlitə zəngindi, qatqıdı tamlar!
Olsan əsarətdə nadanın qulu,
Namardlar sarısa sağı və solu,
Dövran qəsd eləsə, yumrulsa yolun
Haqqın qəzasına yol vermə amma...
Düşməsə sümüyə çalınan hava,
"Hava, hava," - deyib çıxartma dava!
Gözünü əməlli aç, a binəva -
Neçə ki, şam yanır, istidi şamdan!
Ruhla iynələyib saf suallı su,
Könüldən pas silir tasda fallı su!
Adamdı xilqətin ən insaflısı;
içində qəm nəhri,
gözündə damla...
Bəndəmi günahlı,
Tanrımı çaşıb -
Tutur köhnə suçu çağla yanaşı?
Çoxdan daşa dönüb, kristallaşıb
Həvva nənə dadan lənətli alma...
Dünya pərvazlanıb uçur huşumdan,
Boşluğa uzanır bir yol tuşumdan.
O kimdi gəzinir taxtabuşumda -
Bəlkə, Əzrayıldı göyərçin damda?
Bu da son... Yaradan bilirmi görən?
Axirət, yerində qalırmı görən?
Cənnətdə aqillər olurmu görən,
Qonşu düşəcəyəm hansı nadanla?
“Ədəbiyyat və incəsənət”
(20.05.2024)