Super User

Super User

Bazar ertəsi, 20 May 2024 16:36

“Gəl vəzifəmizi dəyişək...”

“Ədəbiyyat və incəsənət” portalı sizlərə Xeyrəddin Qocanın miniatür hekayələrinin təqdimini davam  etdirir. 

 

Yalandan deyir...

 

X.Qocanı yüksək vəzifəli bir şəxslə tanış edirlər. Bu şəxs Türkiyədəki ənənəvi ifadəni işlədir: "Sizinlə tanışlıqdan çox mutlu oldum".

Həmin adam gedəndən sonra Xeyrəddin müəllim dillənir:

-Yalandan deyir də, "mutlu oldu". Mən onun nəyiyəm ki, məni görən kimi mutlu oldu?

 

Yaxşı vəzifə

 

Baş konsul Türkiyədə çox darıxırdı, Bakıya qayıtmaq istəyirdi. İstəyirdi məsul bir işdə çalışsın, xalqa, vətənə daha çox xeyir verə bilsin. Hətta, Bakıya qayıtmaq üçün rəhbərliyə dəfələrlə ərizə də yazmışdı.

Bir gün ondan soruşurlar ki, birdən səni işdən çıxardılar, heç bir iş də vermədilər, nə edəcəksən? Cavab verir:

-Mən ərizədə vəzifə istəməmişəm ki! Güman edirəm, yaxşı bir vəzifə verərlər...

 

Gəl vəzifəmizi dəyişək...

 

X.Qoca Vətənə qayıtmaq istəməsini Bakıda bir yüksək vəzifəli şəxsə də bildirir. O da başlayır ona izah etməyə ki, bəs, baş konsul vəzifəsi belə şərəfli vəzifədir, elə yüksək vəzifədir və s. və i.a. Xeyrəddin müəllim onun sözünü kəsir:

-Onda gəl, vəzifəmizi dəyişək. Sən mənim vəzifəmə keç, bir az şərəflən!

 

(Davamı olacaq)

 

“Ədəbiyyat və incəsənət”

(20.05.2024)

 

Mayın 20-dən 26-dək Elm və Təhsil Nazirliyi və Mədəniyyət Nazirliyinin dəstəyi ilə “II Bakı Müasir Musiqi Günləri” festivalı keçiriləcək.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, festivalda yerli musiqiçilərlə (Cadenza Orchestra, BCMS Ensemble) yanaşı, Avstriya, Almaniya, Macarıstan, Norveç, ABŞ və Rusiyadan dəvət olunmuş ifaçıların da iştirakı nəzərdə tutulur.

 

Festivalın proqramı səhər, gündüz və axşam sessiyalarından ibarətdir – konsertlərin hamısı ictimaiyyət üçün açıqdır. Həmçinin Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində və Beynəlxalq Muğam Mərkəzində ustad dərslərinin, seminarların və mühazirələrin keçirilməsi nəzərdə tutulur.

Eyni zamanda, Beynəlxalq Muğam Mərkəzində və Muzey Mərkəzində “Portretlər” adlı yaradıcılıq gecələri keçiriləcək. Festivalın hər bir günü ya Beynəlxalq Muğam Mərkəzində, ya da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında axşam konserti ilə başa çatacaq.

 

“Ədəbiyyat və incəsənət”

(20.05.2024)

 

Könül, “Ədəbiyyat və incəsənət”

 

 

Xəbər verdiyimiz kimi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair İnqilab İsaq 71 yaşında dünyasını dəyişib.

 

İnqilab İsaq "Deməyə sözüm var", "Aləm cənnətə dönsə", "Aydan axan bulaq", "Bir çəmənin çiçəkləri", "Obaları gəzə-gəzə", "Ümidə borclu dünya", "İndi elə təkəm ki” və digər kitabların müəllifidir. 

Və istərdik onun ömrünün son dönəmində yazdığı iki şeirini sizlərə təqdim edək:

 

Səbrsiz oturmuşam...

 

Gülmə dərdimə, gülmə,

Gül-çiçək bağladıqca.

Göyün üzü nə çəkir,

Yer üzü ağladıqca...

 

Yollar yoluma ümid,

Yollar qəbrimə açıq. 

Buda belə ömürdü

Çəkmir hələ ki, aclıq...

 

Bu bəxt də qaragünlü,

Günahları ağ olmuş.

Ölə-ölə yerimə,

A dərdləri sağolmuş...

 

Görmürsən, göz-gözəyik

Tanışammı, yadammı?

Nədən, adam güzgülər

Göstərməyir adamı?...

 

Məndən xəbər-ətər yox,

Köhnə, təzə yaşımda.

Səbrsiz oturmuşam,

Yenə səbrin daşında...

 

Bu yaz davalıdı

 

Çiçəyi çırtlayan çiçək ədası,

Küləyə qoşulub qaçar bir azdan...

Puçurlar çırpınan ətcə quşdumu? 

Keçirər ehmalca köçünü yazdan...

 

Boy-boya barlanan pöhrələrə bax,

Süd daman torpaqda-ana döşündə.

Tövşəyən addımın niyyəti yanlış...

Könül atlandıqca yar görüşünə.

 

Çiçək havasında adam uçurmuş,

Bənövşə ətrinə salam verməyə.

Quzeydə təklənən qış sınaqları,

Güneydə yer tapmır təslimdi deyə...

 

Qəlbimdə közərər həsrət nisgili

Bu yaz buludunu çəkər haraya? 

Təntidir qanımı Şuşa nəfəsim,

Ayrılıq yolları düşən havaya.

 

Bu yaz davalıdı, hələ davada,

Tapmayır özünü pozulan səhman.

Qanını üstümə tökmək istəyir,

Lalə yanağında bitirdiyi qan.

 

Üzər sızıltılar istəklərimi,

Bu bahar beləcə açar çiçəyi...

Cığırlar fikirli, yollar fikirli

Boyum sarılar haçan çiçəyi?

 

“Bu yaz davalıdı” deyən şair elə yaz ayında dünyasını dəyişdi. 

Qeyd edək ki, o, yaşadığı Göygöl rayon Üçtəpə kəndində vəfat edib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(20.05.2024)

Bazar ertəsi, 20 May 2024 12:39

Günün fotosu: Brüssel xalçası

Günün fotosu: Brüssel xalçası

 

Brüsselin mərkəzindən bir görüntü. Gördüyünüz bu xalça canlı çiçəklərdən hazırlanıb. Razılaşın ki, fantastik görüntüdür.

Foto: AP

 

“Ədəbiyyat və incəsənət”

(20.05.2024)

Bazar ertəsi, 20 May 2024 15:30

Korrupsiya əleyhinə korrupsiya

 

1.

Yüksək ölüm faizini görüb Padşah sərəncam imzaladı:

Məmləkətdə ölmək qadağan edilir. Kim qanunu pozsa edam ediləcək.

 

2.

-Allah sənə şükür, nə yaxşı ki, mən 18-ci əsrdə doğulmamışam.

-Niyə ki?

 

3.

-Salam. Siz bizə 1x1.50 ölçüdə qırx ədəd  banner hazırlaya bilərsiniz?

-Əlbəttə. 

-Neçəyə?

-Hərəsini 17 manata.

-Demək 680 manat. Olsun. Amma bir şərtim var. Olarmı ki, siz 1360 manat hesab yazasız, biz büdcədön o qədər ödəyək, amma siz sonra artıq vurduğum pulu mənə qaytarın.

-Olsun. Bağışlayın, bir şey də soruşum. Posyerlər hata üçündür?

-Korrupsiya əleyhinə mitinq üşün.

 

4.

Yay cədvəli

Milçəklər: 07.00 - 18.00

Ağcaqanadlar: 18.00 - 06.30

 

5.

Əgər biz işimizdən məmnunluq duyuruqsa bu, rəhbərlik üçqn bir siqnaldır. Demək, işimiz ağır deyil. 

 

“Ədəbiyyat və incəsənət”

(20.05.2024)

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

 

Bu dəfə " Sevdiyin şeiri gəl mənə söylə" rubrikasının qonağı elə bu ayda Beynəlxalq Rəsul Rza Mükafatına layiq görülən sevimli xanım şairimiz Aysel  Xanlarqızı Səfərlidir.

 

-Xoş gördük, Aysel xanım, uğurlarınız davamlı olsun!

Şairlər və qəhrəmanlar bir tayfadır. Onların arasındakı fərq ideya və əməl arasındakı fərq kimidir. Qəhrəmanlar şairlərin seyr etdiklərini həyata keçirirlər. (Alfons de Lamartin)

Aysel xanım,şairlərin təxəyyülü həmişə zəngin və məşğuldur.

Təxəyyüllərindəki obraz, hadisələr şairlərin dilinə- qələminə üz tutur.

Aysel xanım da İlahi istedad ilə dünyaya göz açanlardandır. 

Aysel xanım, elə bu an üçün söyləsək ki: " Sevdiyin şeiri gəl mənə söylə."

 Bizə hansı şairimizdən şeir söyləyəcəksiniz?

 

-Təşəkkür edirəm, Ülviyyə xanım... Diqqətiniz üçün minnətdaram.

Sevdiyim şeirlər çoxdur, amma bu gün (19.05.2024 - red.) sevimli şairimiz Rəsul Rzanın doğum günüdür və onun adına olan dəyərli mükafat bu il mənim da qismətim olub... Onun sevdiyim şeirlərindən birini yada salaraq şairi böyük sayğı və sevgiylə anmağı özümə borc bilirəm :

 

DƏNİZİN YURDU

 

Yol!

Elə bil, tozlu kəndir asılıb

görünməyən ulduzdan.

Gün doğmamış yola çıxdıq.

Gün batabatdır indi,

neçə yoxuş, neçə kənd qalıb hələ

yolumuzda.

İldırım vurmuş qayanın

dik divarında yubandı qürub.

Hər balıqqulağında

bir qığılcım oldu

çıldır-çıldır.

Xəyalıma axdı

dənizin maviliyi

gözlərimdən süzülüb,

qəlbimdən keçib.

Gördüm qayada

dənizin ləpirlərini.

Nə zamansa, dəniz,

burdan köçüb.

1965

 

“Ədəbiyyat və incəsənət”

(20.05.2024)

Poetik Qiraətdə bu gün sizlərlə yenidən Əlizadə Nuri görüşür. “Ölüb bu dünyadan qisas alasan...” deyir şair. 

Elə şeirin adı bütöv bir poemyaya tay sayıla bilər. 

Xoş mütaliələr!

 

Ölüb bu dünyadan qisas alasan...

 

Sönmək çətin olur, nə var yanmağa?

Mənə ümid verin daldalanmağa...

Bir hava çalasan havalanmağa-

Ya kaman alasan, ya saz alasan.

 

Mən batan dəryalar dərinmiş, demə,

Üşüdüm- günəş də sərinmiş, demə...

Dünyanın dərdi də şirinmiş, demə-

Amma ki alanda bir az alasan...

 

Bu mənim başımdı- qəssab verəndi,

Hesab bilməyənlər hesab verəndi...

Sənə ki bu qədər əzab verəndi-

Ölüb bu dünyadan qisas alasan...

 

“Ədəbiyyat və incəsənət”

(20.05.2024)

Zahirə Cabir yazır

 

“Ədəbiyyat və incəsənət” portalı publisist Zahirə Cabirin Məhəmməd Əmin Rəsulzadə barədə hekayətlərinin dərcinə başlayır. Məqsəd - uşaqlara bu dahi şəxsiyyəti daha yaxından tanıtmaqdır. 

 

 

Məktəbə getdiyimiz günləri, şübhəsiz ki, hamımız xatırlayırıq. Yeni biliklər, ilk dostluqlar və unudulmaz xatirələr dövrü. Məktəb illərini yada salanda uşaqlıq dostum heç xatirimdən çıxmır.

Adı Məhəmməd Əmin olan bu oğlan qeyri-adi istedad sahibi idi. Həmişə sinif yoldaşlarının və müəllimlərinin diqqəti, heyranlığı ilə əhatə olunmuşdu. Ətrafındakıların qəlbinə sevinc və gülüş aşılamaqda misilsiz qabiliyyəti var idi. Məhəmməd Əminin hazırcavablığı, istedadı, parlaq fikir açıqlamaları ömürlük yaddaşlarda qaldı. Mehriban, ünsiyyətcil olması ilə yanaşı sinif yoldaşlarını dəstəkləməyə, kömək etməyə də hər an hazır olardı. Məktəbdə dostluq, həmrəylik, qarşılıqlı yardım mühiti yaradan demək olar ki, tək o idi.

Yay tətili başlamışdı. Məhəmməd Əmin yayı Novxanıdakı bağ evlərində keçirərdi. Bizim də bağımız onlarla yanaşı idi. Demək olar ki, bütün günü birlikdə olardıq. Çərpələng düzəldib havada uçurar, kitab oxuyar, dənizə gedib çimərdik. Dənizə yaxın yerdə qamışlıq vardı. Qamışların ən uzununu, ucu süpürgəlisini çıxardıb at kimi minərdik. Hələ qamışın əlimizdə tutan başına bir ip də bağlayardıq. Bu, atın yüyəni, qamışın süpürgəli ucu isə atın quyruğu olardı. “Atı” istədiyimiz kimi çapardıq, həm süvari olardıq, həm də köhlən. Qamış atın üstündə at kimi kişnəyərdik. Özümüzü Koroğlu, Qaçaq Nəbi, Makedoniyalı İsgəndər, Əmir Teymur, Çingizxan hesab edərdik.

Bəzən də günün qızmar vaxtında evdə oturardıq. Dəftərin qoşa vərəqindən gəmi düzəldərdik. Gəminin yanlarına, göyərtəsinə, doruna müxtəlif şəkillər çəkər, yazılar yazardıq. Sonra gəmilərimizi hovuza buraxar, ötüşdürərdik.

Kağızdan düzəltdiyimiz göyərçinlərin uçuşu  bir başqa oyun idi. Kağızdan göyərçin hazırlamaq xüsusi qabiliyyət tələb edir. Məhəmməd Əmin bunun öhdəsindən çox gözəl gəlirdi. Onun düzəltdiyi göyərçinlər havada süzməklə yanaşı, yuxarı-aşağı manevrlər də edirdi. O kağız göyərçinlərin üzərinə üçrəngli bayraq çəkərdi. Onun bayraqlı göyərçini ən hündürə qalxar, sonra yerə şığıyardı.

Məhəmməd Əmingilin bağlarının tən ortasında hovuz vardı. Hərdən dənizə getməyib elə hovuzdaca çimirdik. Bir gün atasının yaxın qohumu qızları Zibeydə və Gültəkinlə onlara qonaq gəlir. Zibeydənin altı, Gültəkinin isə dörd yaşı olardı. Maral xanım eyvanda samovar qoyub çay tədarükü görür.  Az sonra qadınlar oturub söhbətləşir, biz uşaqlar isə bağda oynayırdıq. Hovuzun ətrafında qızılgül kolları əkilmişdi. Kolların üstündə təzə açılmış ağ, sarı, qırmızı qızılgüllərinin ətri ətrafa yayılmışdı. Balaca qız uşaqlardan ayrılıb hovuzun kənarında öz gözəlliyi ilə diqqəti çəkən qırmızı rəngli qızılgülü dərmək istədi. Yavaşca hovuzun üstünə çıxdı. Əyilib gülü dərmək istəyəndə ayağı sürüşdü, hovuzun içinə düşdü.  

Böyük qız Zibeydə bacısının yanında olmadığını görüb dərhal anasının yanına qaçdı, Gültəkinin itdiyini dedi. Ana həyəcanla: “Gültəkin!”- deyib fəqan qopardı. Məhəmməd Əmin uşaqlarla tez bağı axtarmağa başladı. Qəflətən Məhəmməd Əminin hovuza atıldığını gördük. Hovuza yaxınlaşdıq. Gültəkin hovuzun dibində uzanıb yerindən tərpənmirdi. Məhəmməd Əmin qıza tərəf üzüb onun saçından yapışdı, yuxarıya doğru çəkdi.

Dörd yaşlı uşaq təxminən üç-dörd dəqiqə olardı ki, batmışdı. Onun mavi dodaqlarına, ayaq barmaqlarına və dabanlarına baxan ana bir an onu xilas etmək üçün heç nə edə bilməyəcəyini düşündü. Tənəffüs yollarından suyu xaric edəndən sonra, döş qəfəsini iki əlli var gücü ilə basmaqla boğulan qıza nəfəs verən Məhəmməd Əmin taqətdən düşdü, anasına: - “Ana, bacarmadıq, sağ qala bilməyəcək, reaksiya vermir.” – dedi.  Sanki bu sözləri eşidirmiş kimi anidən qız gözlərini açdı. Əvvəlcə sadəcə baxdı, ətrafdakıları tanımağa çalışdı, sonra yüksək səslə - “Anacan”- deyə qışqırdı. Ana sevincdən qızını qucaqlayıb öpüb-ağlayır, xilaskarına dualar edirdi. Maral xanım heyrətdən nə edəcəyini bilmir, gah qızı əzizləyir, gah da Məhəmmədi dayanmadan öpür, oğlu ilə fərəh duyurdu. Məhəmməd Əmin sevincdən yaşaran gözlərini silir, qızı xilas etdiyi üçün özünü dünyanın xoşbəxti sayırdı.

 

“Ədəbiyyat və incəsənət”

(20.05.2024)

Habil Yaşar, “Ədəbiyyat və incəsənət”

 

Qardaş Türkiyənin dəyərli yazarları ilə müsahibələrim davam etməkdədir. Bu dəfəki müsahibim yazıçı, prodüser Songül Yorulmaz xanımdır.

 

-Salam xanım! Necəsiniz? Zəhmət olmasa öncə özünüz haqqında məlumat verərdiniz.

 

-15 dekabr 1983-cü ildə Konyada anadan olmuşam. İbtidai, orta və lisey təhsilimi Konyada bitirmişəm. Samsun Ondokuz May Universiteti Kompüter Proqramlaşdırma fakültəsini bitirmişəm. Dil təhsilimi İstanbul Oxford House Kollecində almışam. Hazırda Anadolu Universitetinin Ədliyyə Departamentində son kurs tələbəsiyəm. Burdurun Bucak rayonunda yaşayıram. Kanal 15-də proqram prodüseriyəm. Eyni zamanda ingilis dili müəllimi işləyirəm.

 

-Ədəbiyyata marağınız nə zaman və necə başladı?

 

-Ədəbiyyata marağım orta məktəb illərində başlayıb. Artıq kiçik eksperimentlər edirdim.

 

-Əsərləriniz mövzusu məlumat verə bilərsinizmi?

 

-Üç əsərim var. “Yakaza” mənim ilk kitabımdır. Fərqli bir detektiv kitabdır. Bu, şəxsi inkişafı özündə cəmləşdirən, həmçinin müqəddəs yadigarlardan biri olan Əhd sandığını müzakirə etdiyim, həm də personajların öz mahiyyətinə qayıdışından bəhs edən bir kitabdır. Müqəddəs kitablardan ayələrlə bəzədilmiş kitab. İkinci kitabım olan Yakazanın davamı “Yakaza 2 Yüzleşme” adlanır. Serialın davamı olan kitabda Hz.Süleyman haqqında detektiv kitabdır və üçüncü kitabım isə “Kendimi ararken bulduğum ben” şəxsi inkişaf kitabıdır.

 

-Hər hansı bir yazı rutininiz varmı?

 

-Xeyr. Mənim heç bir rutinim yoxdur.

 

-Türkiyədə mütaliədən (okuma) razısınızmı?

 

-Türkiyədə kitab oxuma nisbəti keçmişlə müqayisədə bir qədər yüksək olsa da, bizim istədiyimiz səviyyədə deyil. Təəssüf ki, rəqəmsallıq və sosial media səbəbindən bir az daha az oxunduğunu düşünürəm.

 

-Ənənəvi ya digital kitaplara üstünlük verirsiniz?

 

-Daha çox çap kitablarına üstünlük verirəm. Əslində texnologiya şəhərdə bir rahatlıqdır, amma kitabı açanda kağız qoxusunu əvəz edə biləcəyini düşünmürəm.

 

-Dünya ədəbiyyatında ən çox bəyəndiyiniz yazar kimdir və hansı yazarla görüşmək və ona hansı sualı vermək istərdiniz?

 

-Dawn Brown və Sarah jio. Mən bu iki yazarı izləyirəm və bütün kitablarını oxumuşam. Əgər tanış olmaq imkanım olsaydı, bədii ədəbiyyatlarını necə tənzimlədikləri haqqında soruşardım.

 

 -Azərbaycan ədəbiyyatını izləyirsinizmi? 

 

-Çox fürsətim olmur. Amma sizi sevgi ilə izləyirəm.

 

-Yazarlara hansı tövsiyələriniz vardır?

 

-Biz yazıçı olaraq çox oxumalıyıq, cəmiyyətə nümunə olmalıyıq. Oxuyaq, düşünək və çatdıraq.

Habil bəy sizlərə də müsahibəyə görə təşəkkür edirəm.

 

“Ədəbiyyat və incəsənət”

(20.05.2024)

Bazar ertəsi, 20 May 2024 12:36

BİR SUAL, BİR CAVAB Əkbər Qoşalı ilə

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

SUAL:

 “Ər odur həq yoluna baş oynaya,

    Döşəkdə ölən yigit murdar bolur”. 

(Qazi Bürhanəddin)

 Bəs Əkbər bəy qəhrəmanlığı sözlə necə təsvir edir? Qəhrəmanlığı ilə seçilənlərin hansı keyfiyyətləri onları qorxaqlardan "qırmızı xət”lə ayırır?

 

CAVAB:

-Siz Qazi Bürhanəddindən misal gətirdiniz, mən də ATSIZdan misal çəkim. Nə təvafüqlükdür, ruhu şad ATSIZın adını onun haqqın rəhmətinə qovuşmasının 48 ildönümü günündə anmış oluruq... –

“Qəhrəmanlıq nə yalnız bir yüksəliş deməkdir,

Nə də yıldızlar kimi parlayıb, sönməməkdir.

Ölməzliyi düşünmək boşuna bir əməkdir;

Qəhrəmanlıq: saldırıb, bir daha dönməməkdir”. –

 Bax, bu mükəmməl təsvir-təsbit qəhrəmanlığı çox yaxşı açır, mahiyyətini parlaq ifadə edir. Qəhrəmanlıq və qorxaqlığı qarşı-qarşıya qoymaq nə dərəcədə doğrudur, dəqiq bilmirəm; gəlin etiraf edək, qəhrəmanların da özünəxas qorxularının olması çox təbiidir – insanlıq halıdır – örnəyi, anasını, sevgilisini, körpə övladını, nə bilim, borclarını və s. düşünməyi anlayışla qarşılamalıyıq. Həyatdan nakam gedib, gerisində dərdli insanlar buraxacağını düşünmək insana ayıb gətirməz. Ancaq elə bir məqam, elə bir an gəlir, borclardan ən yüksəyi bütün digər borcları üstələyir, dəyərlərdən biri ən önə çıxır və sən özün-özünü ötürsən, qorxularını yenirsən. Bu məqam bizim Dövlət himnimizdə gözəl əks olunub:

“Hüququndan keçən əsgər, hərə bir qəhrəman oldu”!

İnsan bu dünyaya Tanrının verdiyi çox geniş hüquqlarla gəlir: yemək, yatmaq, gülmək, baxmaq, görmək, gül dərmək, qoxlamaq, danışmaq, yerimək, oxumaq, dost-qardaş olmaq, sevmək, sevilmək... və s. kimi... Dövlət Himnimizdə də, o vurğulanır ki, görün Vətən eşqi, torpaqlarını qorumaq hüququ necə böyük hadisədir ki, əsgər Tanrının verdiyi doğal hüquqlardan, bütün o gözəlliklərdən könüllü keçir... Əsgərlikdə, özəlliklə də, öncəbhədə istədiyin hüquqları dövriyyəyə daxil edə bilmirsən, əlbəttə. Elə hüquqlar var, onlar düşmənlə üz-üzə duran əsgərə xeyir yox, ziyan gətirər. Orada bir hüququ düşünürsən – Vətən hüququnu! Bu hüquq Vətənə xidmət görəvini hüquqlaşdırır, qutlayır və yalnız hüququndan keçən əsgər qəhrəman ola bilir!

 

“Ədəbiyyat və incəsənət”

(20.05.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.