Super User

Super User

Çərşənbə axşamı, 21 Oktyabr 2025 09:34

ETELAT azərbaycanlı şair Əli Çağlaya işgəncə veribdir

 

Güney Azərbaycan Ədəbiyyatı Antologiyasında Yunus Səfdərinin Bütün şeirlərim... şeiri

 

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Ədəbiyyatı Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi şair Təbrizdə yaşayan Yunis Səfdəridir. Şeirlərin orfoqrafiyasına toxunulmayıbdır.

 

Elə bu yerdə oxucularımıza bildirmək itəyirik ki, İranın xüsusi xidmət orqanı ETELAT şair Əli Çağlanın bütün əlaqə vasitələrini müsadirə edərək bir gün həbsdə saxlayıb, sonra buraxıbdır. Ardınca isə polis soydaşımızı tutub iuşgəncə veribdir. Biz buradan əlaqədar qurumlara səslənirik. İstedadlı gənc şairimizə kömək edin!

 

 

Yunus Səfdəri

Təbriz

 

 

Bütün şeirlərim onun səsidir,

Gözləri düşüncə pəncərəsidir,

O, dodaqlarımın son misrasıdır,

Mənim ürəyimdə bir qız ağlayır!

 

Mən ona demədim payızam, qışam,

O durna görmədi mən saralmışam!

Köçdü o, indisə hər səhər-axşam,

Mənim ürəyimdə bir qız ağlayır!

 

Suçlarım xəzəl tək tökülməz artıq,

Bu elə qayğı ki, çəkilməz artıq,

Cırdığım məktublar tikilməz artıq,

Mənim ürəyimdə bir qız ağlayır!

 

Dolub gözlərimə, çağlayanda mən,

Onu ağlamışam, ağlayanda mən,

Hər gecə gözümü bağlayanda mən,

Mənim ürəyimdə bir qız ağlayır!

 

 

 “Ədəbiyyat  və incəsənət”

(14.10.2025)

 

Çərşənbə axşamı, 21 Oktyabr 2025 16:07

ANAR, “Sonun sonsuzluğu“

 

Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.

 

608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.

 

“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir. Anar qəhrəmanlarının ən populyar əsərlərini bir daha yaddaşlarda təzələyir:

 

ANAR, ŞEİRLƏR

SONUN SONSUZLUĞU

Vaqif Səmədoğluna

 

Ömrün o uzaq vaxtı,

İlk gənclik çağımızda

“Son yelkəni dolduran

son küləkdir”, – demişdin.

Nə bileydik küləklər

Hələ çox əsəcəkmiş.

Dünya da çox genişdi,

Zaman da çox dəyişdi.

Bəlkə ağ yelkənlər də

dalğaların üstündə

təslim bayraqlarıdır.

Ya bəlkə çılğın eşqin

izlərini saxlamış döşəyin ağlarıdır.

Ağlarmı yelkən olub,

Yelkənlərmi ağ olub?

Son külək susan zaman

Ütülənmiş dənizlər

Hamarlandığı təkin,

Tarım yelkən də bəlkə

Başqa bir yaşantının

Qəmin-qüssəsin çəkir.

Belədir, belə deyil?

Bilmirəm, unutmuşam

bütün bildiklərimi.

Bu il bildiklərimi,

Həm də bildirkiləri.

 

O “son yelkən”, “son ağac”,

“son fələk” dünən idi,

...ya yüz il bundan əvvəl...

 

Qatar pəncərəsindən

vida üçün sallanıb

son yarpaq kimi son əl.

 

Qatar keçir ömürtək,

Gəncliktək uzaqlaşır

Qatarın son fit səsi.

 

Bu, son ümiddir bəlkə,

Payızın qürubunda

Çıxdı bir gün qarşıma

Son eşqin möcüzəsi.

                 12 noyabr 1992

 

“Ədəbiyyat və incəsənət”

(21.10.2025)

 

Çərşənbə axşamı, 21 Oktyabr 2025 08:03

İncə dərəsindən çıxan say-seçmə şairlərdən biri

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Qazax mahalının İncə dərəsi deyilən bir yeri var, özündə 3 kəndi birləşdiri, buradan zaman-zaman çox böyük şairlər çıxmışlar. Davud Nəsib, Ağamalı Sadiq, Məmməd İlqar, Akif Səməd, İbrahim İlyaslı... Bu sırada Aslan Kəmərli də yer alır, bu gün anım günü olması səbəbindən biz də onu yad edəcəyik.

 

Aslan Kəmərli 1942-ci il noyabrın 19-da Qazax rayonunun Kəmərli kəndində anadan olub. Burada orta məktəbi bitirib, sonra kolxozda çalışıb. Bakı rabitə texnikumunda təhsilini davam etdirib. Ordu sıralarında xidmət edib. Əmək fəaliyyətinə "Neft daşları" qəzeti redaksiyasında ədəbi işçi kimi başlayıb, sonra redaktor işləyib, "Azərbaycan gəncləri" qəzeti redaksiyasının xüsusi müxbiri olub. M.Qorki adına Moskva Ədəbiyyat İnstitutunun poeziya fakültəsini bitirib.

"Pioner" jurnalı redaksiyasında məsul katib, "Azərbaycan" qəzetində müxbir, sonra Gəncə-Qazax zonası üzrə xüsusi müxbir olub.

Hazırda görkəmli ziyalı, professor İlham Pirməmmədovun başçılıq etdiyi "Qazax" Xeyriyyə Cəmiyyətinin yaradıcılarından biri və ilk sədri olubdur Aslan Kəmərli. SSRİ jurnalistlər dəstəsinin tərkibində Türkiyədə olub. Ədəbi yaradıcılığa "Xala bənzər", "Dənizdə şəhər" adlı ilk mətbu şeirləri ilə başlayıb. Həmin lirik şeirləri 1968-ci ildə "Ədəbiyyat və incəsənət" qəzetində çapdan çıxdıqdan sonra dövri mətbuatda müntəzəm çıxış edib.

1992-ci il oktyabr ayının 21-də avtomobil qəzası nəticəsində vəfat edib, doğma kəndində dəfn olunub.

 

Kitabları

1. Kəndimizin baharı

2. Obamıza yönüm düşüb

3. Yadigar şəkil

4. Ömrümə düşən işıq

5. Yolumu gözləyən var.

6. Babamın yüz yaşı var

 

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(21.10.2025)

 

 

Çərşənbə axşamı, 21 Oktyabr 2025 16:34

Müşfiqin Dilbəri

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Günəşli gündüzüm, ən şirin sözüm,

Əbədi hicrinə mən necə dözüm?

Bağçanda bitibdir nərgiz, bənövşə,

Sənsiz o gülləri mən necə üzüm?

                            Dilbər Axundzadə

 

İsmayılzadə-Axundzadə Dilbər 29 may 1914-cü ildə Yelizavetpol (indiki Gəncə) şəhərində anadan olmuşdur. 5 yaşından sonra əmisi, tanınmış alim və repressiya qurbanı İdris Axundzadənin himayəsində Bakıda yaşamışdır. Salam Salamzadə onun rəsm müəllimi olmuşdur. O, gəncliyində Gəncə Şəhər Sovetinin və 1934-cü ildə Bakı Şəhər Sovetinin deputatı seçilmişdir.

Dilbərin doğmaca əmisi İdris Axundzadə bir gün qardaşıgilə gəlir və burda qardaşı qızının ögey anası ilə rahat yaşamadığını görür. Onu özü ilə aparır. Daha sonra isə həyat yoldaşı Dilbəri buraxılış gecəsinə gətirir və o, burada Müşfiq ilə tanış olur. Mikayıl əmisinin yaxın dostu olur. Həmin gün Müşfiq onun arxasında oturur və   onların məhəbbətinin poetik rəmzi olan hörüklərini arxaya atanda Mikayılın üzünə toxunur. Şairin sevgisi başlayır Dilbərinə. Müşfiqin sevgisi elə bir həddə olur ki sevgilisinə deyir "Ah, Dilbər, ağlımı başımdan almısan! Qorxuram desinlər ki, Müşfiq məhəbbət şairi olub".

Onların nişanları poeziya bayramı idi. Hüseyn Cavid, Abdulla Şaiq, Əhməd Cavad, Bülbül, Səməd Vurğun, Mir Cəlal, Rəsul Rza və bir çox başqaları iştirak etmişdi bu məhəbbət məclisində.

 

 

Həyat yoldaşı 3 iyul 1937-ci il tarixdə Sovet xüsusi xidmət orqanları tərəfindən "əksinqilabi-millətçilik" fəaliyyətdə təqsirli bilinərək güllələnməklə ölüm cəzasına məhkum edilmişdir.

Müşfiqdən sonra Dilbəri də aparırlar. Sonacan Dilbər onu müdafiə edir. Həbsxanada olanda onların məhəbbətinin poetik rəmzi olan hörüklərini kəsirlər. Ona deyirdilər: Müşfiqin milliyyətçi və digər təşkilatlara üzv olması barədə kağızları imzala. O, “yox” cavabını verirdi. Ona deyirdilər: Müşfiqdən imtina et, onun müqəssir olduğunu etiraf et. “Yox”.

Dilbər Axundzadə Azərbaycan SSR CM-nin 72, 73 maddələri ilə 1 yanvar 1938-ci il tarixdən hesablanmaqla 2 noyabr 1937-ci il tarixdə XDİK-in 00486 №-li əmrinə əsasən həbs edilmişdir. Və bu həbs Azərbaycan Tibb İnstitutunda aldığı iki illik təhsilini yarımçıq qoymağa məcbur etmişdir.

Həbsdən azad edildikdən sonra bir müddət Gəncədə məktəbdə müəllim kimi çalışmış, sonra isə yenidən Bakıya qayıtmışdır. Şairəliklə məşğul olmuşdur.

Müşfiqi aparanda masanın üzərində “Dibərnamə” adlı qovluq var idi: o bütün şeirlərini orada saxlayırdı, hamısı da yoxa çıxdı. Bütün ömrü boyu Müşfiq xalq mahnıları, dastanlar və sair toplamışdı, hamısını apardılar. Nə qədər əzab -  əziyyətlər görmüş Dilbər Axundzadə  Müşfiqin ədəbiyyatının bir qismini bərpa etdi, hətta özü də şeir yazdı. Qızı bunu möcüzə adlandırır, çünki Dilbər xanım çox əzab əziyyətlər çəkmişdi. Leyla xanımın dilindən : Bəli, Dilbər xanım, həkimin dediyinə görə, bir çox xəstəliklərə düçar oldu: infarkt, böyrək, sinirlər, şəkərli diabet... Anlayanda ki, ondan heç nə əldə edə bilməyəcəklər, o isə işgəncələrdən aşkar surətdə özündə deyil, onu həbsxana xəstəxanasından psixiatrik xəstəxanaya köçürdülər. Lakin orada qalmaması üçün, onu tanıyan həkimlər guya sağlam olması barədə arayış verdilər. O, Gəncəyə, anasının yanına getdi və uzun müddət orada müalicə olundu. İlk vaxtlar o heç nə danışmırdı, heç nə anlamırdı, nə özünün, nə də Müşfiqin kim olduğunu bilmirdi...

Qızı Leyla Axundzadənin dilindən:

Müşfiq istedadlı idi: o, anamın tarını götürür və sadəcə mahnı oxumurdu, muğam ifa edirdi. Bax, o belə insan idi! Anam Müşfiqlə yaşayırdı, daim çıxışlar edirdi, harasa yazırdı, gah nə isə xatırlayırdı və dərhal da kağız üzərinə köçürürdü... Müşfiqin 80 illiyində o, sanki onunla vidalaşdığını hiss edirdi. Anam çıxış etməməli idi, lakin yenə də sanki gözəgörünməz qüvvələr onu çıxış etdiyi müddətdə qaldırdılar və dəstək verdilər, o isə o qədər zəifləmişdi ki! Mən ona baxırdım və hər an yıxılacağından ehtiyatlanaraq tir-tir əsirdim.

"Müşfiqli günlərim" əsərinin müəllifidir. Dilbər Axundzadə daha sonra dini nikahla yenidən evlənmiş və bu evlilikdən bir oğlu və Leyla adında bir qızı olmuşdur. Oğlu 60 yaşında ölmüşdür. Həyatının son dövründə əsəb pozğunluğu, şəkər və ürək problemləri yaşayırdı. 21 oktyabr 1990-cı ildə Bakı şəhərində vəfat edib

 

Xatirəsi

2002-ci ildə Mikayıl Müşfiqlə bağlı "Qeybdən gələn səs" filmi çəkilmiş və filmdə Dilbər rolunu İlahə Səfərova canlandırmışdır.

2022-ci il dekabrın 17-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Stalin repressiyaları dövründə repressiyaya məruz qalmış siyasi məhbusların həyat yoldaşlarının, qızlarının eləcə də repressiyaya məruz qalan qadınların başına gələn hadisələr haqqında "Kod adı: "V. X. A."" və ya Kod adı "Vətən xainlərinin arvadları" tamaşasının premyerası olub. Tamaşada Dilbər Axundzadənin həbsi də təsvir edilib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(21.10.2025)

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Bəli, böyük Molla Pənah Vaqifi, Səməd Vurğunu, üstəlik, Yusif və Vaqif Səmədoğluları  yetirən Yuxarı Salahlı kəndi həm də şair, tərcüməçi Mənsur Vəkilovu yetirib. Düzdür, o 1935-ci ildə Bakıda ziyalı ailəsində ailəsində anadan olub, amma əslən Qazaxın Yuxarı Salahlı kəndinin Vəkilovlar soyundan olması da var.

 

Mansur Vəkilov 1961-ci ildə Azərbaycan Dövlət Universitetinin bitirib. 1963-cü ildən Azərbaycan Yazıçılar Birliyinin orqanı olan "ЛитературныйАзербайджан" jurnalında çalışıb,ədəbi işçidən Baş redaktora kimi böyük bir yol keçib. Azərbaycan ədəbiyyatının rus dilində təbliği kimi mühüm işin başında duranlardan biri, Azərbaycan yazıçılar birliyinin katibi olub. Onun qələmindən çıxan nəzm nümunələri ukrain, gürcü, latış və digər xalqların dillərinə tərcümə olunub.

Onun şeirlərini rus dilindən doğma dilimizə S.Məmmədzadə, N.Həsənzadə, F.Qoca, Ə.Muxtar, Ç. Əlioğlu tərcümə ediblər. Mənsur Vəkilov öz vətənində geniş oxucu kütləsi üçün müəyyən dərəcədə yad dildə – rusca yazıb, yaratsa da, öz dədə-baba yurdunun mənəvi örnəklərinə qırılmaz tellərlə bağlı, varislik duyğusunun çox güclü olduğu bir sənətkardır. Onun yaradıcılığı barədə ədəbi tənqidin fikri belədir: o, sözün, sənətin qədrini bilən, şairlik adını uca tutan bir şəxsdir. Yazdıqları hay-küydən uzaq, təmkinli, həyalı poetik nümunədir.

 

Kitabları

Rus dilində: Serlər (1970), Avar səsi (1970), Son etiraf (1977), Qarçıdan atılan güllə (1980), Lirika (2002);

Azərbaycan dilində: Payız uçuşu (1983).

 

Mükafatları

 

- "Əməkdar incəsənət xadimi"

- "Şərəf nişanı" ordeni və "Azərbaycan SSR Ali Soveti Rəyasər Heyətinin fəxri fərmanı

 

Ədib 21 oktyabr 2008-ci ildə Bakıda vəfat edib. Bu gün onun anım günüdür.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(21.10.2025)

Çərşənbə axşamı, 21 Oktyabr 2025 15:28

Erməni həkimin səhvinin qurbanı

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Faciəli bir həyat. Bir plastik əməliyyat, həkim səhvi və vaxtsız vəfat. Bir zamanlar – SSRİ dönəminin olduqca populyar müğənnisi, Zeynəb Xanlarova ilə rəqabət aparan birisi idi o. Cəmi 36 il yaşadı, bu gün anım günüdür.

 

Nəzakət Məmmədova 28 fevral 1944-cü ildə Gəncə şəhərində anadan olub. Uşaq yaşlarında atasını itirib. Valideynləri onu müəllimə görmək istəyirdilər. Onların bu istəyini nəzərə alan gənc qız Bakıya gəlir və Xarici Dillər İnstitutuna daxil olur. Amma təhsilini yarımçıq qoyaraq 1966-cı ildə Asəf Zeynallı adına Bakı Musiqi Texnikumuna daxil olur. Onun səsinə ilk qiyməti Əhməd Bakıxanov və Hacıbaba Hüseynov verirlər. Onların qarşısında "Bayatı-Qacar" oxuyan gənc qız hər iki sənətkarın diqqətini cəlb edir. Sonralar təhsilini İncəsənət İnstitutunda davam etdirən Nəzakət Məmmədova bir müddət "Lalə" qızlar ansamblında çalışır.

1968-ci ildə Opera və Balet Teatrına qəbul olunur və 1971-ci ildə tamaşaçılar qarşısına yeni Leylilərdən biri kimi çıxır. Nəzakət Məmmədova opera müğənnisi kimi parlaq istedadını nümayiş etdirir. Sürəyya Qacar, Həqiqət Rzayeva, Gülxar Həsənova kimi sənətkarlardan sonra Nəzakət Məmmədova da Leyli obrazları arasında yeni bir səhifə açır. O, "Rast", "Qatar", "Şahnaz", "Segah" və digər muğamların, mahnı və təsniflərin mahir ifaçısı kimi tanınır. Azərbaycan musiqi sənətinin incəliklərini gözəl və məlahətli səsi ilə vətənindən çox-çox uzaqlara da apara bilir. Türkiyə, İran, Əfqanıstan‚ Almaniya, Belçika, İtaliya və s. ölkələrdə qastrol səfərlərində olur.

 

Filmoqrafiya

1. Payız melodiyaları

2. Xanəndənin taleyi

 

Soçi şəhərində plastik əməliyyatlarla lisenziyasız məşğul olan Karol Anatoli İvanoviç adlı birinə müraciət edən sənətçi boynundakı qırışlardan azad olmaq istəyir. Lakin əməliyyat zamanı həkim-dermatoloqun səhvi – bıçağın boğazdakı şah damara dəyməsi müğənninin ölümünə səbəb olur. Nəzakət Məmmədova qanaxmadan dünyasını dəyişir. Əslən erməni olan həkim Karol isə törətdiyi əmələ görə Krasnodar məhkəməsi tərəfindən 9 il azadlıqdan məhrum edilir.

Bu, 21 oktyabr 1980-ci ildə baş verir.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(21.10.2025)

Çərşənbə axşamı, 21 Oktyabr 2025 13:01

O Lefortovoda yatanda bütün Azərbaycan ayaq üstündə idi

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Azadlığı istəmirəm zərrə-zərrə, qram-qram!

Qolumdakı zəncirləri qıram gərək, qıram, qıram!

Azadlığı istəmirəm bir həb kimi, dərman kimi!

İstəyirəm səma kimi, günəş kimi, cahan kimi!

Çəkil, çəkil, ey qəsbkar! Mən bu əsrin gur səsiyəm!

Gərək deyil sısqa bulaq! Mən ümmanlar təşnəsiyəm!

 

Xəlil Rza Ulutürk 1932-ci il oktyabrın 21-də Azərbaycanın Salyan rayonunun Pirəbbə kəndində dünyaya gəlmişdir. Bəzi qaynaqlarda onun doğum tarixi 1933-cü il olaraq qeyd edilib. Belə ki, onun pasportu və hərbi biletində təvəllüdü 1933-cü il yazılıb. Lakin X. Rzanın özü doğum tarixinin 1932-ci il olduğunu bildirib və özünün "Təşviqatçı" jurnalı ilə yaşıd olduğunu söyləyib.

Xəlil Rza Ulutürk 1939-cu ildə Salyan rayonu 2 nömrəli orta məktəbdə təhsil həyatına başlayıb və 1949-cu ildə orta məktəbi bitirib. Ulutürkün düşüncə dünyasını şeirlə ifadə etmə meyli orta məktəb illərində formalaşıb.

Onun orta məktəb illəri ədəbi yaradıcılığının hazırlıq dövrü sayılır. Müasir və klassik yazarların, eləcə də şifahi xalq ədəbiyyatının əsərləri ilə tanış olan Xəlil Rza bu illərdə özünü şeir vasitəsilə ifadə etməyə başlayır.

Xəlil Rza Ulutürk 1949-cu ildə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olur. O, universitetdə oxuduğu dövrdə Cəfər Xəndan və Bəxtiyar Vahabzadənin rəhbərlik etdiyi ədəbi dərnəyə qoşulur. Daha sonra Xəlil Rza Ulutürk "Azərbaycan Yazıçılar Birliyi"nin sədri Mirzə İbrahimovun rəhbərliyi ilə təşkil olunan "Gənclər Günü" tədbirlərində iştirak edir. Ulutürkün daxil olduğu bu ədəbi mühit onun şair kimi yetişməsində və ədəbi biliklər qazanmasında mühüm rol oynayıb.

 

Xəlil Rza Ulutürkün şeirləri 1949–1954-cü illərdə tez-tez çap olunur. Beləliklə o, ədəbi mühitdə tanınmağa başlayır. Ulutürk 1954-cü ildə universitetdən məzun olur və həmin il Azərbaycan Yazıçılar Birliyinə üzv seçilir. Universitet təhsilini başa vurduqdan sonra "Azərbaycan Qadını" jurnalında işləməyə başlayır və iki il bu jurnalda fəaliyyət göstərir.

1957–1958-ci dərs ilində Xəlil Rza Azərbaycan Yazıçılar İttifaqının tövsiyəsi ilə Moskvaya, M. Qorki adına Ədəbiyyat İnstitutu nəzdində fəaliyyət göstərən Ali Ədəbiyyat kurslarına göndərilir. N. Xəzri, Ə. Kürçaylı, Qabil, M. Araz, S. Tahir, Ə. Əylisli, Fikrət Qoca, A. Mustafazadə, S. Məmmədzadə və başqaları da həmin təhsil ocağında təhsil alıblar. Bu kurslarda müxtəlif illərdə Çingiz Aytmatov, Rəsul Həmzətov, Yevgeni Yevtuşenko, David Kuqultinov və başqaları da təhsil almış, görkəmli yazıçılar Pablo Neruda, Romen Rollan, Nazim Hikmət və başqaları ilə kursun müdavimlərinin maraqlı görüşləri keçirilmişdir. X. Rza Pavel Antokolskinin sinfində oxuyub.

1959–1962-ci illərdə "Göyərçin" jurnalının redaksiyasında çalışır. 1959-cu ildə Moskva şəhərindəki təhsilini tamamladıqdan sonra Bakıya qayıdaraq Azərbaycan Dövlət Pedaqoji İnstitutunda bir müddət assistent kimi fəaliyyət göstərir. 1963-cü ildə o, "Müharibədən Sonrakı Azərbaycan Sovet Ədəbiyyatında Poema Janrı" mövzusunda dissertasiyasını müdafiə edərək "Filologiya elmləri namizədi" elmi dərəcəsini qazanır.

Böyük Azərbaycan şairi Vaqifin 250 illik yubileyi münasibətilə Azərbaycana gələn Türkiyə heyəti ilə Ulutürkün görüşməsinə icazə verilməyib. Yubiley müddətində Dövlət Təhlükəsizlik Komitəsi tərəfindən izlənilən şair, bütün bu təzyiqlərə məhəl qoymadan Türkiyədən gələn qonaqları ilə hoteldə görüşərək onlara öz əl yazmalarını təqdim edib. Ulutürk Türkiyədə dərc olunan "Ana dili" şeirinə görə, Azərbaycan Yazıçılar Birliyi tərəfindən təzyiqlərə məruz qalır. Birliyin sədri Mehdi Hüseyn 8 sentyabr 1962-ci il tarixli "Ədəbiyyat və İncəsənət" qəzetində çap olunan məqaləsində Xəlil Rzanın "zərərli milli qürur"unu tənqid edir. Ulutürk "Ana dili" şeirinin yayımlanmasından sonra 1967-ci ildə Azərbaycanlı yazıçıları təmsil edərək Türkiyəyə səfər edir. Bu vacib səfər şairin türkçülük ideyalarının əsasını qoyub.

Xəlil Rza bədii yaradıcılığa XX əsrin 40-cı illərinin sonlarından başlayıb. 1939–1949-cu illər Xəlil Rza Ulutürkün ilk romantik-yaradıcılıq şeir təcrübələrini etdiyi və onun bədii dünyasının formalaşma dövrü hesab olunur. Ulutürkün kommunizmi tənqid edən ilk şeiri olan "Kitab" 1948-ci ildə "Azərbaycan pioneri" qəzetində dərc edilib. Bu şeir şairin arxiv sənədlərində də ilk mətbu əsəri kimi göstərilsə də, həmin ildə Pioner qəzetində şairin "Abşeron" şeiri də dərc edilib. Hələ 16 yaşında çap olunan bu şeir, şairin daha geniş bir ədəbi mühitlə tanış olmasına, müxtəlif dərnək və jurnallarda şeirləri ilə iştirak etməsinə şərait yaradıb.

 

X. Rzanın 50-ci illərdə "Qatar gedər" (1951), "Budapeştdə heykəl" (1951), "Müqəddəs yol" (1952), "Böyük günlər bayramı" (1953), "Radionu dinlərkən" (1954), "Həyat düşüncələri" (1954) şeirlərində poetik intonasiya azlıq edib, "Şərqin gözləri" (1956), "Şairin cavabı" (1956), "Bəzənin, a qızlar" (1961) kimi sosial-siyasi şeirlərində ənənəvi motivlər, epik-lirik təhkiyə görünən xüsusiyyət olub. 1957-ci ildə şairin ilk şeir kitabı "Bahar gəlir" işıq üzü görür. Bundan iki il sonra isə "Sevən gözlər" adlı şeir kitabı çapdan çıxır. 1950-ci ildə yazılan şeirlər şairin yaradıcılığında məhəbbət, qəhrəmanlıq və azadlıq mövzularının qaynağı hesab olunur. Məsələn: "Mənim ata yurdum, ata məskənim" (1957–58), "Ata işdən gələndə" (1958), "Zəfər çələngi" (1958), "Ata əlləri" (1959), "Sırıqlı" (1959), "Miras" (1959), "Ay ana, yanımda olaydın mənim" (1959).

Bu dövrdə yazılan şeirlərdə şairin müharibəyə olan münasibəti də özünü büruzə verir. "Nə gözəl yerləri qorumuşdur o" (1958), "Sizin mavzoleyiniz" (1958), "Hayıf, ata, sən görmədin" (1958), "Mən dava görməmişəm" (1967), "Atanın şer dəftərindən" (1968), "Ən qiymətli əklil" (1969) əsərləri döyüşçü ataya xatirat kimi yazılıb. 1960-cı illərdə dünyada baş verən ictimai-siyasi hadisələr və azadlıq hərəkatları milli ədəbiyyatlarda xalq və bəşəri dəyərlərin inkişafına səbəb olub, poeziyada bədii keyfiyyət dəyişikliklərinə yol açıb. Bu dövrdə şairlərin əsərlərində ictimai-siyasi ideyalar daha qabarıq şəkildə öz əksini tapıb. 60-cı illərin poetik axtarışları Xəlil Rzanın yaradıcılıq idealının mənbələrini aydınlaşdırıb, türkçülük, vətənpərvərlik, azadlıq və istiqlalçılıq ideyalarını ön plana çıxarıb.

Şairin "Bahar" (1960), "Yeni pəncərələr" (1960), "Göygöldə sübh açılır" (1961), "Mən Dneprə vurulmuşam" (1961), "Riqa körfəzində günəşin qürubu", "Günəşin yarısı görünür ancaq" (1961), "Bir dəstə çiçək" (1961), "Bakı bağları" (1961), "Bahar kimi" (1962), "Qızıl balıq və şəlalə" (1962), "Sonsuz qüvvət" (1962) şeirlərində təbiət idillyası, bədii obrazlar və dərin düşüncə qatları bir arada ifadə olunub.

 

Kitabları

1. Bahar gəlir

2. Bəhrəli gəlin

3. Səvən gözlər

4. Məhəbbət dastanı

5. Poema o Lyubvi

6. Mənim günəşim

7. Nastoyaşaya Lyubov

8. Qollarını geniş aç

9. Krasnodon qartalları

10. Yeni zirvələrə

11. Ucalıq

12. Doğmalıq

 

Xəstəliklərinə görə 1992-ci ildə Süleyman Dəmirəlin göstərişi ilə Cərrahpaşa xəstəxanasında şəkər və göz müayinəsindən keçir. Mayın 19-da isə Haseki Ürək Xəstəxanasında ürəyindən əməliyyat olunur. 1993-cü il fevralın 11-də Bakıya qayıdır lakin, ayağındakı yara sağalmadığı üçün 23 avqust 1993-cü ildə Almaniyaya göndərilir. Burada Zolenger şəhər klinikasında müalicə olunur.

 Onun müalicəsi Bakıda Kardiologiya İnstitutunda davam edir. Azərbaycan Prezidenti Heydər Əliyevin Fransaya səfəri zamanı nümayəndə heyətinin tərkibinə Xəlil Rza və xanımı da var idi. Şəkərli diabet şairə orada da rahatlıq vermir və ayaq barmaqlarında yaralar əmələ gəlir. Bakıya qayıtdıqdan sonra onun ayaq barmağını amputasiya etməli olurlar. Bu səfər Xəlil Rzanın son səfəri olur.  Fransadan qayıdarkən cəbhə bölgələrində, məktəblərdə və birliklərdə tez-tez çıxışları onun səhhətini pisləşdirir və bədəni müalicələrə cavab vermir.

 Bu illərdə Xəlil Rza həm də yeni işıq üzü görən Günay qəzetində də baş redaktor kimi çalışmağa başlayır. Xəlil Rza Ulutürk 22 iyun 1994-cü ildə vəfat edir. Ulutürkün cənazəsi Azərbaycan Dövlət Filarmoniya Orkestrinin müşayiəti ilə çiyinlərdə aparılaraq Fəxri Xiyabanda torpağa tapşırılıb.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(21.10.2025)

 

Çərşənbə axşamı, 21 Oktyabr 2025 08:29

Yubiley Lənkəranda ədəbiyyatı və teatrı bir araya gətirdi

 

İlqar İsmayılzadə,

fəlsəfə üzrə fəlsəfə doktoru, "Həməşəra" mətbu orqanının təsisçisi və baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyi və Azərbaycan Yazıçılar Birliyinin üzvü, "Ədəbiyyat və incəsənət" portalının Cənub təmsilçisi

 

19 oktyabr 2025-ci il tarixdə AYB Lənkəran Bölməsi və Lənkəran Dövlət Dram Teatrının birgə təşkilatçılığı ilə Əməkdar İncəsənət xadimi, yazıçı-dramaturq Məmmədhüseyn Əliyevin 100 illik yubileyi təntənəli şəkildə qeyd olundu.

 

Əvvəlcə iştirakçılar teatrın foyesində yazıçının yaradıcılığını əks etdirən sərgi ilə tanış oldular. Rəsmi tədbiri teatrın aparıcı aktrisası, Prezident təqaüdçüsü Aynur Əhmədova açaraq iştirakçıları  Məmmədhüseyn Əliyevin haqqında çəkilmiş sənədli filmə baxmağa dəvət etdi. Filmdə yazıçının həyat salnaməsi varaqlandı, doğulduğu kənd, təhsil aldığı orta və ali məktəb illəri, müəllim işlədiyi dövrlər, eləcə də ədəbi sahədə qazandığı uğurlar əyani şəkildə nümayiş olundu.

Sonra söz teatrın direktoru Dağıstan Respublikasının Əməkdar artisti, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Laləzar Hüseynovaya verildi. Laləzar xanım Məmmədhüseyn Əliyevin dram əsərlərinin səhnə həyatından danışdı. İndiyədək Lənkəran teatrında üç əsərinin tamaşaya qoyulduğunu bildirdi. Yubiley ilində paytaxtda və qonşu rayonlarda bu tamaşaların müvəffəqiyyətlə göstərildiyini qeyd etdi. Sonra AYB Lənkəran Bölməsinin sədri, yazıçı-dramaturq Qafar Cəfərli çıxış edərək Məmmədhüseyn Əliyevin ədəbi fəaliyyəti haqqında məlumat verdi. Onun Azərbaycan Yazıçılar İttifaqının Lənkəran Zona Şöbəsinin ilk məsul katibi kimi bölgədə ədəbi mühitin inkişaf etdirilməsində mühüm xidmətləri olduğunu bildirdi. Bu ənənənin bu gün də davam etdirildiyini vurğulayıb, yaxın günlərdə Bakıda da yazıçının yubiley tədbiri olacağını nəzərə çatdırdı.

Daha sonra şair-publisist Ağacəfər Həsənli, Lerik şəhər İcra Hakimiyyəti başçısının müavini Habil Məlikov, yazıçının qızı, fəlsəfə elmləri doktoru Sədaqət Əliyeva, Lerikə Dəstək İctimai Birliyin sədri Arzuman Muradlı və yazıçının şagirdi olmuş Hacı Müqabil Şahbazov çıxış edərək Məmmədhüseyn Əliyevin əsərlərinin nəinki Azərbaycanda, eləcə də keçmiş Sovetlər İttifaqında çap olunub ona böyük şöhrət qazandırdığından, mərd və qorxmaz bir insan olduğundan, hamıya qayğı ilə yanaşmasından, gözəl müəllim, gözəl ailə başçısı olduğundan danışıb həmişə hörmətlə yad olunacağını bildirdilər.

Rəsmi hissədən sonra iştirakçılar Lənkəran Dövlət Dram Teatrının rejissoru Emil Əsgərovun quruluşunda Məmmədhüseyn Əliyevin "Kölgəli üz" pyesinin tamaşasına baxdılar...

 

“Ədəbiyyat və incəsənət”

(21.10.2025)

Çərşənbə axşamı, 21 Oktyabr 2025 09:06

Tovuzdan gələn kəndçi qızının yüksəliş yolu

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

O Bakıya üz tutub gələndə, inana bilərdimi bu qədər yüksələcəyinə?

Azərbaycan Respublikasının xalq artisti Tünzalə Ağayeva barədə danışıram. Bu gün 49-unu aşırıb gələnilki yarıməsrlik yubileyinə hazırlaşır o.

 

Azərbaycan müğənnisi və bəstəkarı olan Tünzalə Ağayeva 1976-cı ilin oktyabrın 21-də Azərbaycanın şimal-qərbində yerləşən Tovuz şəhərində doğulub. O, Tovuzda musiqi məktəbinin piano sinfini bitirmiş və daha sonra təhsilini Gəncə şəhərində Qəmbər Hüseynli adına musiqi texnikumu fortepiano sinfində davam etdirib. O, həm də Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasında bəstəkarlıq dərsləri alıb. O, hələ 12 yaşındaykən Azərbaycanın şairi Səməd Vurğunun sözlərinə “Sən o deyilsən” adlı ilk mahnısını bəstələyib. Daha sonra bu mahnı onun ilk albomuna daxil edilib.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 16 may 2006-cı il tarixli Sərəncamı ilə "Əməkdar artist", 21 oktyabr 2019-cu ildə Azərbaycanın xalq artisti fəxri adına layiq görülüb. O, 20 iyun 2011-ci ildə Yeni Azərbaycan Partiyasına üzv qəbul edilib.

2001-ci ildə Tünzalə Ağayeva gənc ifaçılar üçün tanınan musiqi yarışması olan “Bakı Payızı” festivalının qalibi oldu. Həmin vaxtdan estrada mahnılarının bəstəçisi və ifaçısı kimi peşəkar yaradıcı fəaliyyətlə məşğuldur. 2002-ci ildə o, Rusiya Federasiyasında keçirilən Türksoy — Türk Gənclərinin Beynəlxalq Musiqi Yaradıcılığı Festivalında qalıb gəlib. 2003-cü ildə isə Tünzalə Ağayeva Ukraynada “Yalta-2003” Beynəlxalq Musiqi Müsabiqəsinin Qran-pri mükafatçısı olub.

2006-cı ildə Tünzalə Ağayeva Azərbaycanın "Əməkdar Artisti" fəxri adına layiq görürülüb. 2008-ci ildə Tünzalə Ağayeva tanınmış caz bəstəkarı, pianoçu və aranjimançı Cəmil Əmirovla birgə "Ölkəm" layihəsini həyata keçirdi. Layihədə bəstəkar Asəf Zeynallının "Ölkəm" romansı yeni aranjiman və yeni üslubda tamaşaçılara təqdim olunub.

2008-ci ildən Tünzalə Ağayeva Avroviziya beynəlxalq musiqi müsabiqəsində Azərbaycanın daimi münsiflərindən biridir. 2010-cu ildə “Qızıl Başlar” Gənclər Mədəniyyət Mərkəzinin apardığı sorğunun nəticələrinə əsasən, Tünzalə Ağayeva Azərbaycanda "İlin ən vətənpərvər müğənnisi" seçilib.

2016-cı ildə Murad Arif və Səs Azərbaycan iştirakçıları ilə birlikdə Autizmli uşaqlara həsr olunmuş "Fərqliyəm" layihəsini təqdim edib. 2016-cı ildə Bakıda keçirilən "ЖАРА" Beynəlxalq festivalında səhnə alıb. 2016-cı ildə Formula 1 üçün bəstələdiyi "Sürət" adlı mahnını ifa edib. Eyni zamanda Formula 1 Avropa Qran Prisini təmsil edəcək ulduz səfirlərdən biri olub. 2017-ci ildə Bakı İslam Həmrəylik Oyunlarının ulduz səfiri seçilib, həmçinin Bakı İslam Həmrəylik Oyunları üçün bəstələdiyi "Salam Bakı" adlı mahnını ifa edib.

 

Solo konsertlər

- "Olmuşam"

- "Oxu…"

- "Ölkəm"

- "Sülhümüzü qoruyaq" (insan alverinə qarşı beynəlxalq proqram çərçivəsində təşkil olunub)

 

Albomlar

1. Sevdi Can Səni

2. Bir Də Baxım…

3. Oxu... (Live)

4. Özümü Bilirəm

5. Building Our Peace

6. Anam Azərbaycan

7. Favorite Hits

8. Salamat Qal

 

Videoqrafiya

- Gözlərim

- Unutma

- Xavərim

- İlhamlı Günlər    

- Bir Də Baxım

- Sevgilər

- Yağış

- Sən Varsan

- Gözləyirəm

 

“Ədəbiyyat və incəsənət”

(21.10.2025)

Çərşənbə axşamı, 21 Oktyabr 2025 10:02

“Səhra çiçəyi” ilə məşhurlaşdı

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Varis Dirie — somalili model, aktrisa, yazıçı və insan haqları müdafiəçisidir. O, xüsusilə qadın sünnəti (female genital mutilation — FGM) adlı zərərli ənənəyə qarşı apardığı beynəlxalq mübarizə ilə tanınır.

 

Yazıçı Varis danışır ki, bir gün bir oxucu mənə zəng edib söylədi ki, sənin təzə kitabını oxumayacam, “Dirie” adlı kitab yazmısan, üstündə də zənci şəkli, özümüzünküləri qoyub, indi də zəncilərə keçdin?

İnsan kitabın üstündə Varis Dirie sözlərini görüb də elə bilib, Varis müəllifin, Diriye isə onun kitabının adlarıdır.

Varis Dirie 21 oktyabr 1965-ci ildə Somalinin səhralıq bölgəsində köçəri ailədə doğulub. Uşaqlıqda qadın sünnətinə məruz qalıb və 13 yaşında onu yaşca böyük bir kişi ilə evləndirmək istədikdə ailəsindən qaçıb. O, sığınacaq taparaq əvvəlcə Londona gedib, burada əvvəlcə xidmətçi kimi çalışıb. 1980-ci illərin sonunda fotoqraf Terence Donovan tərəfindən kəşf olunaraq model karyerasına başlayıb.

Tezliklə “Vogue”, “Elle”, “Marie Claire” kimi məşhur jurnalların üz qabığında yer alıb, Chanel, Revlon, Levi’s kimi brendlərlə çalışıb. 1997-ci ildə “Marie Claire” jurnalına verdiyi müsahibədə uşaq yaşlarında qadın sünnəti keçirdiyini danışdıqdan sonra dünya miqyasında böyük rezonans doğurdu.

 Həmin hadisədən sonra o, BMT-nin Qadın Sünnəti ilə Mübarizə üzrə xüsusi səfiri təyin edildi. O, Desert Flower Foundation (Səhrə Gülü Fondu) adlı təşkilatı yaradaraq Afrika və Asiyada qadın sünnətinə qarşı maarifləndirmə və yardım kampaniyaları aparır.

 

Əsərləri

Varis Dirie həmçinin bir neçə kitab müəllifidir, ən məşhuru:

 

- “Desert Flower” (Səhrə çiçəyi) — onun avtobioqrafiyası (1998). Bu kitab əsasında 2009-cu ildə eyni adlı film çəkilib.

- “Desert Dawn”

- “Desert Children”

- “Letter to My Mother”

 

Mükafatlar və tanınma

1. BMT-nin sülh səfiri kimi fəaliyyətinə görə müxtəlif beynəlxalq mükafatlara layiq görülüb.

2. Onun hekayəsi qadın haqları uğrunda mübarizənin simvoluna çevrilib.

3. İndi də Varis Dirie dünyanı gəzərək qadın və qız uşaqlarının hüquqlarını müdafiə edir, maarifləndirici çıxışlar edir.

 

Aşağıda Varis Dirienin “Səhra çiçəyi” (“Desert Flower”) kitabının xülasəsi və əsas fikirlərini təqdim edirəm. Somalili bir qızın səhradan dünyaca məşhur model və insan haqları müdafiəçisinə çevrilməsi hekayəsi.

Kitab Varis Dirienin uşaqlıq illərindən başlayır. O, Somalinin səhrasında köçəri ailədə böyüyür. Ailəsi ənənəvi müsəlman adətlərinə sadiq idi. Uşaqlıqda Varis böyük bir ağrı ilə üzləşir — qadın sünnəti adlı ağır və zərərli əməliyyatdan keçir. Bu hadisə onun yaddaşında ömürlük iz buraxır. 13 yaşında atasının onu yaşca çox böyük bir kişi ilə evləndirmək istədiyini eşidəndə o, evdən qaçır. Günlərlə səhrada susuz və aclıq içində yol gedərək paytaxt Mogadişoya çatır.

Buradan qohumlarının köməyi ilə Londona gedir və orada Somalinin səfirinin evində xidmətçi kimi işləməyə başlayır. Səfir ailəsi ölkədən gedəndə o, qaçaq vəziyyətdə Londonda qalır. Küçələrdə tək başına yaşasa da, cəsarəti və iradəsi sayəsində həyatını yenidən qurur. Bir gün məşhur fotoqraf Terence Donovan onun gözəlliyini görür və model kimi karyerası başlayır. Varis çox tez məşhurlaşır — “Vogue”, “Elle”, “Marie Claire” kimi jurnallarda yer alır, Revlonun siması olur.

Lakin o, içindəki yaraları heç vaxt unutmur və qadın sünnəti keçirmiş milyonlarla qız üçün səsini qaldırır. Kitabın son hissələrində o, artıq tanınan model və BMT-nin xüsusi səfiri kimi qadın sünnəti ilə mübarizəyə başlayır. Öz ağrı dolu uşaqlığını danışmaqla, dünyanı bu faciəyə qarşı birləşməyə çağırır.

 

Əsas fikirlər və mövzular

 

1. Qadın azadlığı və bərabərlik:

Varis Dirie qadınların həyatına zorla qərar verən patriarxal sistemin ağrılarını göstərir.

 

2. Qorxuya qarşı cəsarət:

Onun səhradan qaçışı və bütün çətinliklərə baxmayaraq uğura çatması, cəsarətin simvoludur.

 

3. Təhsil və maarifləndirmə:

Kitab göstərir ki, cəmiyyətin dəyişməsi üçün təhsil və şüur vacibdir.

 

4. Mədəniyyət və insan haqları toqquşması:

Dirie dini və mədəni adətlərin arxasında gizlənən zərərli ənənələrə qarşı çıxır.

 

5. Ümid və dirəniş:

“Səhrə çiçəyi” – səhrada böyüyən, amma bütün çətinliklərə baxmayaraq gözəl bir güllə çevrilən qadının simvoludur.

2009-cu ildə “Desert Flower” adlı film çəkilib. Baş rolda Liya Kebede (model və aktrisa) Varis Dirieni canlandırır. Film kitabdakı hadisələrə əsaslanır və çox emosional, təsirli səhnələri ilə yadda qalır.

 

“Ədəbiyyat və incəsənət”

(21.10.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.