ETELAT azərbaycanlı şair Əli Çağlaya işgəncə veribdir Featured

 

Güney Azərbaycan Ədəbiyyatı Antologiyasında Yunus Səfdərinin Bütün şeirlərim... şeiri

 

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Ədəbiyyatı Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi şair Təbrizdə yaşayan Yunis Səfdəridir. Şeirlərin orfoqrafiyasına toxunulmayıbdır.

 

Elə bu yerdə oxucularımıza bildirmək itəyirik ki, İranın xüsusi xidmət orqanı ETELAT şair Əli Çağlanın bütün əlaqə vasitələrini müsadirə edərək bir gün həbsdə saxlayıb, sonra buraxıbdır. Ardınca isə polis soydaşımızı tutub iuşgəncə veribdir. Biz buradan əlaqədar qurumlara səslənirik. İstedadlı gənc şairimizə kömək edin!

 

 

Yunus Səfdəri

Təbriz

 

 

Bütün şeirlərim onun səsidir,

Gözləri düşüncə pəncərəsidir,

O, dodaqlarımın son misrasıdır,

Mənim ürəyimdə bir qız ağlayır!

 

Mən ona demədim payızam, qışam,

O durna görmədi mən saralmışam!

Köçdü o, indisə hər səhər-axşam,

Mənim ürəyimdə bir qız ağlayır!

 

Suçlarım xəzəl tək tökülməz artıq,

Bu elə qayğı ki, çəkilməz artıq,

Cırdığım məktublar tikilməz artıq,

Mənim ürəyimdə bir qız ağlayır!

 

Dolub gözlərimə, çağlayanda mən,

Onu ağlamışam, ağlayanda mən,

Hər gecə gözümü bağlayanda mən,

Mənim ürəyimdə bir qız ağlayır!

 

 

 “Ədəbiyyat  və incəsənət”

(14.10.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.