Super User

Super User

Çərşənbə axşamı, 21 Oktyabr 2025 11:00

Hər kəs qəhrəman axtarışında - ESSE

Aynur İsmayılova, “Ədəbiyyat və incəsənət”

 

 

Bir zamanlar hər kəsin bir qəhrəmanı vardı.

Əvvəllər bir film qəhrəmanı olmaq istərdik. Ona bənzəmək, onun kimi geyinmək, danışmaq, hərəkətlərini təkrarlamaq... Özümüzü onunla bir dünyada hiss edirdik. O an bütün hadisələrin mərkəzində idik — qorxusuz, cəsur, mübarizə aparan hekayə qəhrəmanı.

Sadəcə bir istəyimiz vardı — onun kimi olmaq.

 

Hər tərəf onun şəkilləri ilə dolu olardı. Hər cümlənin əvvəli onun adıyla bağlıydı. İndi isə həyatımızı filmə bənzədirik. Bir yox, daha çox qəhrəman olmağa çalışır, ətrafımızda baş verən hadisələri, insanları da dəyişməyə çalışırıq.

“Bax, onlar necə də gözəl, anlamlı həyat sürürlər. Hər şey belə olsa, biz də xoşbəxt ola bilərik,” — deyərək manipulyasiya etməyə başlayırıq. Həm aldanır, həm də aldadırıq.

Qəhrəman olmaq sadəcə xoşbəxtlik gətirmir, bəzən xoşbəxt anlarını da əlindən alır. Xoşbəxtlik göstərilən həyatlarda yox, görünməyən yaşamın arxasında gizlidir.

Və biz bu gün görüntüyə aldanaraq gerçək həyatı, yaşam tərzimizi görməzdən gəlməyə, xoşbəxt dolu anları itirməyə başlayırıq.

Nə həyatımızı filmə çevirə bilirik, nə də bir qəhrəman olmağı bacarırıq. Həyatımız elə bu iki arzunun arasında — boşluqda keçir. Nə tam yaşaya bilirik, nə də tam xəyala qapıla bilirik.

 

Bir gün anlamağa başlayırsan ki, hər insan əslində öz hekayəsinin qəhrəmanıdır. Hər kəs öz hekayəsini fərqli şəkildə yazır. Önəmli olan isə bu hekayəni yaşamaqdır — düşə-qalxa, cəsarətlə, ümid dolu. Çünki yaşamağı bacarmaq, elə qəhrəman olmaq deməkdir.

 

“Ədəbiyyat və incəsənət”

(21.10.2025)

 

Şəhla Rəvan,

Cəlilabad rayon Göytəpə şəhər şəhid Vasif Hüseynov adına 2 N-li ümumtəhsil tam orta məktəbnin direktoru, filoloq, ədəbi təhlilçi və tənqidçi, şair. “Ədəbiyyat və incəsənət” üçün

 

Gənc şair Arzu Əyyarqızının "Ən müqəddəs pay kəlağay" adlı kitabını oxudum və haqqında rəy yazmaq üçün bəzi məlumatlara nəzər salaraq ümumi bir rəy formalaşdırmaq qərarına gəldim.

Ümumiyyətlə, Arzu xanımın məlum kitabı ilə bağlı bir neçə aspekdən danışmaq olar:

 

Mövzu dairəsi:

Təqdimat mərasimindən və kitab haqqında verilən məlumatlardan aydın olur ki, kitabda kəlağayıya (Azərbaycan qadınlarının milli baş örtüyü) xüsusi yer verilir, bu da milli-mənəvi dəyərlərə, abır-həya rəmzinə hörmətin ifadəsidir. Həmçinin, şeirlərində vətənpərvərlik, vətənə sevgi, şəhidlərə ehtiram və lirik duyğular üstünlük təşkil edir.

 

Yaradıcılıq tərzi:

Arzu Əyyarqızının lirik dünyasının saf və duyğulu olduğu, şeirlərində poetik ətrin, müdrik düşüncələrin olduğu qeyd edilir.

 

Kitabın önəmi:

Bu, müəllifin sayca üçüncü kitabıdır və gənc olsa da, milli ruhu və əxlaqi dəyərləri təbliğ etməsi ilə oxucularına nümunə göstərilir.

Gənc şair Arzu Əyyarqızının "Ən müqəddəs pay kəlağay" adlı yeni kitabı Azərbaycan poeziyasına milli ruhlu, saf duyğularla zəngin bir töhfədir.

Kitabın adı da təsadüfi seçilməyib. Azərbaycan qadınının namus, ismət və qürur rəmzi olan kəlağayıya xüsusi ehtiramın ifadəsi kimi, müəllif milli-mənəvi dəyərlərə olan sonsuz bağlılığını nümayiş etdirir.

Şairnin yaradıcılığında vətənpərvərlik ruhu, vətənə və həyata olan ali sevgi motivləri əsas yer tutur. Həm lirik, həm də vətənpərvərlik mövzusunda yazdığı şeirlər gənc olmasına baxmayaraq müdrik düşüncələri ilə seçilir və hər bir oxucunu düşündürməyə vadar edir. Arzu Əyyarqızı şeirləri ilə sanki milli ruhun nəğməsini oxuyur, hər bənd və misrada bir çəki, bir məna daşıyır.

"Ən müqəddəs pay kəlağay" kitabı gənc şairnin poetik istedadının, vətənə və milli-mənəvi dəyərlərə olan səmimi sevgisinin bariz nümunəsidir.

Kitabın geniş oxucu auditoriyasına təqdim olunması Azərbaycan ədəbiyyatı üçün sevindirici hadisədir. Arzu xanıma yaradılıq həyatında uğurlar diləyirik!

 

“Ədəbiyyat və incəsənət”

(21.10.2025)

 

Çərşənbə axşamı, 21 Oktyabr 2025 14:36

Süleyman Paşa kim olub?

 

Türk Mədəniyyəti və İrsi Fondu ilə “Ədəbiyyat və incəsənət” portalının birlikdə həyata keçirdikləri Qızıl alma layihəsində bu gün sizlərə türk dünyasının görkəmli dövlət xadimlərindən növbətisini – Süleyman Paşanı təqdim edirik.

 

Layihənin koordinatoru: Nigar Xanəliyeva

 

Süleyman Paşa (təxmini XIV əsr) Osmanlı dövründə ordunun təşkili və genişləndirilməsində mühüm rol oynamış hərbi liderdir. O, xüsusilə Rumeli fəthlərində və Balkanlarda Osmanlı mövqelərinin möhkəmləndirilməsində sərkərdəlik bacarığı ilə tanınır.

Süleyman Paşa Osmanlı ordusunun ilk illərində, xüsusilə Osman Gazi dövründə Rumeli səmtinə yürüşlər aparmışdır. Onun rəhbərliyi ilə Osmanlılar Balkanlarda strateji mövqelər qazanmış, düşmən qüvvələrinə qarşı çevik və məqsədyönlü hücumlar həyata keçirmişdir. Süleyman Paşanın hərbi fəaliyyəti ordunun təşkilatlanmasına, süvari və piyadə birliklərinin effektiv istifadəsinə və sərhəd bölgələrinin qorunmasına önəmli töhfələr vermişdir.

Süleyman Paşa yalnız hərbi sərkərdə kimi deyil, həm də bölgədə dövlətin möhkəmləndirilməsində mühüm rol oynamışdır. O, fəth olunan ərazilərdə inzibati idarəçiliyi qurmuş, həm yerli əhali ilə münasibətləri tənzimləmiş, həm də Osmanlı hakimiyyətinin nüfuzunu artırmışdır. Onun fəaliyyəti Osmanlı dövlətinin Rumeli səmtində uzunmüddətli möhkəmlənməsinə zəmin yaratmışdır.

Süleyman Paşa Osmanlı ordusunun qurucularından biri kimi tarixdə qalmaqdadır. Onun hərbi bacarığı, strateji düşüncəsi və dövlət idarəçiliyindəki rolu Osmanlı dövlətinin ilkin illərində ordunun güclənməsinə və ərazilərin fəth olunmasına imkan vermişdir. Bu baxımdan Süleyman Paşa həm sərkərdə, həm də dövlət xadimi kimi önəmli bir fiqurdur.

 

“Ədəbiyyat və incəsənət”

(21.10.2025)

 

Çərşənbə axşamı, 21 Oktyabr 2025 14:04

Redaksiyanın poçtundan - Mina Rəşidin şeirləri

 

“Ədəbiyyat və incəsənət” portalının Redqksiyanın poçtundan rubrikasında sizlərə Mina Rəşidin şeirlərini təqdim edirik. 

 

 

PAYIZ

 

Hərənin öz havası var,
Hər kəsin öz fəsli var.
Mənim də ürəyimdə
Payız möhtəşəm olar…

 

Payız nə mehribandı
Günəşi gülümsəyir.
Yağışı damla-damla
Könlümdə rəqs eləyir…

 

Külək mənə bənzəyir,
Gah küsür, gah da gülür.
Həzin-həzin əsəndə
Heyva qoxusu gəlir.

 

Sanki dünya boş qalıb
Bir payızdı, bir də mən.
Yarpaq qonur çiynimə
Pıçıldayır: “Çəkmə qəm...” 

 

 

GÜN GƏLƏR

(Həsən bəy Zərdabinin dilindən)

 

Gün gələr bilərsiniz

Sizi necə sevmişəm.

El yolunda ömrümü 

Şam kimi əritmişəm.

 

Bundan ötrü heç kimdən

Mükafat ummamışam.

Bu zəhmət hədər getməz,

Boşuna yanmamışam.

 

Xalqımın balasını

İstərəm balam kimi.

Öz yurduma aşiqəm

Doğmaca anam kimi.

 

Bilirəm, cəfası çox,

Səfası az bu yolun.

Siz öz qələminizlə 

Qaranlığa nur olun.

 

Aranızda xainə

Bir an verməyin aman.

Sabaha ümidiniz

Azalmasın heç zaman.

 

Qoy gur yansın ocağı,

Övladı Zəfər yazsın.

Azərbaycan dünyada 

Günəş kimi parlasın.

 

 

DAHA BİTDİ BU İŞGƏNCƏ 

 

Daha bitdi bu işgəncə

Dünya həvəsi keçdi.

Sevdiyim havalar keçdi,

Sevdiyim quşlar köçdü...

 

Tək bircə Sən qaldın, Allah,

Çünki Haysan, Qəyyumsan.

Kimsəyə bel bağlamaram

Günəşimsən, Ayımsan.

 

Günahım çoxdu, bilirəm,

Sən Rəhmansan, Rəhimsən.

Kim nə deyir desin, Ya Rəbb,

Sən Həlimsən, Hakimsən...

 

Nə var Səndən başlamışdı,

Nə var Səndə bitəcək.

Bu çal-çağır qeyb olacaq,

Qırğınlar da bitəcək.

 

İndi bunu çoxu bilməz

Hər kəs Səni nə anlar?

İşığına yüyürəcək 

O gün bütün adamlar...

 

 

ADAMI SEVGİ BÖYÜDÜR

 

Adamı sevgi böyüdür,

Nifrət kiçildir adamı.

Bu qədər çıxma özündən

Qəflət kiçildir adamı.

 

Dünyada tək deyilsən ki,

Yer var, göy var, ağaclar var.

Hər kəsin öz imtahanı

Qəlbi tox var, gözü ac var. 

 

Yaxşılıq əlindən gəlmir,

Eybi yox, pislik eləmə.

Bircə sözdən adam ölər

Belə acı söz söyləmə.

 

Biz dünyada bir qonağıq

Durmarıq ki, min il burda.

Nə varsa Allaha şükür,

Doğan gün də, yağan qar da.

 

“Ədəbiyyat və incəsənət”

(21.10.2025)

 

 

 

 

Türk dünyasının mədəni birliyini və ortaq dəyərlərini təmsil edən Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY, millət vəkili, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafanı “TÜRKSOY” medalı ilə təltif edib.

“Ədəbiyyat və incəsənət” portalına komitədən verilən məlumata görə, bu təltif, Fazil Mustafaya Türk dünyası mədəniyyəti və sənətinə verdiyi töhfələrə görə verilib.

Təltif sənədini TÜRKSOY-un Baş katibi, Qırğız Respublikasının Xalq yazıçısı Sultan Rayev imzalayıb.

Fazil Mustafa təkcə siyasətçi və qanunverici orqanın üzvü kimi deyil, eyni zamanda Türk dünyasının düşüncə adamı, maarifçi-publisist və mədəni inteqrasiyanın fəal iştirakçısı olan alim kimi tanınır. Onun əsərləri, çıxışları və ideoloji mövqeyi, ortaq türk kimliyinin çağdaş dönəmdə yenidən formalaşmasına, milli suverenliyin və dövlətçilik fəlsəfəsinin möhkəmlənməsinə xidmət edir.

Bu təltifin Azərbaycan Milli Məclisinin üzvünə verilməsi Türk dünyasının intellektual inteqrasiyasında Azərbaycan mədəni-siyasi nüfuzunun bir daha təsdiqidir.

Fazil Mustafa təltiflə bağlı deyib:

“TÜRKSOY medalını Türk dünyasının ortaq düşüncə ailəsinə mənsubiyyətin, mədəni məsuliyyətin və mənəvi borcun ifadəsi kimi qəbul edirəm. Mənimçün bu, fərdi deyil, milli düşüncəyə verilən qiymətdir.”

“TÜRKSOY” medalı Fazil Mustafaya Beynəlxalq Muğam Mərkəzində oktyabrın 19-da keçirilən, onun yeni kitablarının tanıdıldığı “Aydınlıq çiləsi” adlı düşüncə gündüzündə (fikir gecəsində) təqdim olunub.

 

“Ədəbiyyat və incəsənət”

(20.10.2025)

“Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti Mehriban Əliyevanın Müqəddəs Taxt-Taca rəsmi səfəri qlobal humanitar diplomatiyaya tarixi töhfə, dini-bəşəri dəyərlərə sonsuz ehtiram nümunəsidir”.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bunu açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, Mehriban Əliyevanın Vatikana son səfəri bir sıra mühüm yeniliklərlə əlamətdardır:

 “Mehriban Əliyevanın Vatikan səfəri bir çox baxımdan mühüm əhəmiyyətə malikdir. Bu səfərin qayəsini Heydər Əliyev Fondunun dəstəyi ilə Müqəddəs Kommodilla katakombalarının bərpasının açılışı təşkil edirdi. Mehriban Əliyeva səfər əsnasında Roma Papası XIV Leo, Vatikanın dövlət katibi kardinal Pietro Parolinlə görüşmüş, görüş zamanı qarşılıqlı əlaqələrin inkişaf etdirilməsinin zəruriliyi, bu əməkdaşlığın ümumbəşəri əhəmiyyəti qeyd olunmuşdur. Səfər zamanı Bakıda ikinci Katolik Kilsəsinin inşası ilə bağlı Azərbaycan dövlətinin qərarı da elan edildi və bu qərar Vatikan rəhbərliyi tərəfindən təqdirlə qarşılandı.

Azərbaycan Respublikasının Birinci Vitse-prezidentinin Vatikan səfəri xalqımız, dövlətimizlə bağlı bir sıra həqiqətləri yenidən aktuallaşdırdı. Bu səfər sübut etdi ki, Azərbaycan dövləti humanitar diplomatiyaya mühüm önəm verir, bunu bütün bəşəriyyətin inkişafı, onun dəyərlərinin qorunub saxlanılması baxımından zəruri hesab edir. Bu mənada Mehriban Əliyevanın Vatikan səfəri qlobal humanitar diplomatiyaya tarixi töhfədir.

İkincisi, Mehriban Əliyevanın Müqəddəs Taxt-Taca rəsmi səfəri və bu səfər əsnasında keçirdiyi görüşlər göstərdi ki, Azərbaycan xalqı ümumbəşəri dəyərlərə, bu dəyərlərin qorunub saxlanılmasına və gələcək nəsillərə ötürülməsinə böyük önəm verir. Azərbaycan dövləti milli dəyərlərlə yanaşı, ümumbəşəri dəyərləri hifz etmək üçün ardıcıl və effektiv səylər ortaya qoyur, sadəcə nəzəri deyil, praktiki baxımdan da ciddi işlər görür.

Mehriban Əliyevanın bu səfəri eyni zamanda sübut etdi ki, Azərbaycan xalqı həqiqətən də tolerant xalqdır və dini mənsubiyyətindən asılı olmayaraq, bəşər mədəni irsinə daxil olan bütün dini-tarixi və mədəni abidələrin mühafizəsinə həyati önəm verir. Bunu sadəcə xarici ölkələrdə yerləşən sivilizasiya nümunələrinə deyil, eyni zamanda Azərbaycandakı dini-mədəni abidələrə münasibətdə də görmək mümkündür. Təkcə bir faktı qeyd edək ki, 44 günlük Vətən müharibəsindən sonra işğaldan azad edilən torpaqlarımızda dağıdılan bütün abidələr dini mənsubiyyətindən asılı olmayaraq, tam bərpa edilib və bu proses günümüzdə də davam edir”.

Polkovnik qeyd edib ki, Birinci Vitse-prezidentin Vatikan səfəri və səfər zamanı səsləndirdiyi fikirlər digər xalqlar və dövlətlər üçün də konkret çağırış və mesaj hesab oluna bilər:

“Mehriban Əliyeva Vatikan zəfəri və bu səfər əsnasında görülən işlər, səsləndirdiyi fikirlərlə sübut etdi ki, planetimizin gələcəyi, Yer kürləsində sülhün və təhlükəsizliyin qorunub saxlanılması beynəlxalq əməkdaşlıqdan, ümumbəşəri dəyərlərə sahib çıxmaqda, dinlərarası və mədəniyyətlərarası dialoqu daim inkişaf etdirməkdən əhəmiyyətli dərəcədə asılıdır. Məhz bu sahədə həyata keçirilən səmimi əməkdaşlıq, gerçək həmrəylik dünyamızdakı bütün sivilizasiyaları xilas edə, onları qarşıdurmadan uzaqlaşdıraraq uzlaşma fonunda inkişaf etdirməyə imkan verə bilər”.

 

“Ədəbiyyat və incəsənət”

(20.10.2025)

 

 

Bazar ertəsi, 20 Oktyabr 2025 12:17

Romada muğam konserti təşkil edilib

Azərbaycanın İtaliyadakı səfirliyinin tabeliyində fəaliyyət göstərən Mədəniyyət Mərkəzində muğam konserti təşkil olunub.

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən  xəbər verir ki, səfirlik, Mədəniyyət Mərkəzi, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Xan Şuşinski Fondunun birgə təşkil etdiyi konsertdə mədəniyyət və akademik dairələrinin nümayəndələri, səfirlər, diplomatlar, həmçinin bu ölkədə yaşayan həmvətənlərimiz iştirak ediblər.

 

Mədəniyyət Mərkəzinin direktor müavini Gülnar Tağızadə konsertin “Konstitusiya və Suverenlik İli” çərçivəsində 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü ilə əlaqədar keçirildiyini deyib, ölkəmizin zəngin mədəniyyəti və musiqisi haqqında ətraflı məlumat verib.

 

Azərbaycanın İtaliyadakı səfiri Rəşad Aslanov isə bildirib ki, Prezident İlham Əliyevin Sərəncamı ilə 2025-ci ilin ölkədə “Konstitusiya və Suverenlik İli” elan edilməsi dövlət müstəqilliyinin möhkəmləndirilməsinə yönəlmiş mühüm siyasi addımdır. O, 1991-ci il oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktının qəbulu ilə yeni dönəmin başlandığını diqqətə çatdırıb, bunun ölkəmiz üçün əlamətdar gün olduğunu deyib.

 

Diplomat qeyd edib ki, muğam zəngin və rəngarəng Azərbaycan mədəniyyətində xüsusi yer tutur. Tar, kamança və qavalın UNESCO tərəfindən bəşəriyyətin qeyri-maddi mədəni irsinin şah əsəri kimi tanınan muğam musiqi janrının fundamental elementləri olduğu bildirilib. Bu muğam üçlüyü tarixə kök salmış Azərbaycan musiqi ənənələrinin bənzərsiz nümunəsidir.

 

Muğam televiziya müsabiqəsinin qalibi, xanəndə Nisbət Sədrayeva, tarzən Rüstəm Müslümov və kamança ifaçısı Pərviz Fərhadov çıxış ediblər. Azərbaycan muğamının könül oxşayan nümunələri rəğbət və alqışlarla qarşılanıb.

 

Konsertdən sonra Xan Şuşinski Fondunun təsisçisi və rəhbəri Bəyimxanım Cavanşirova-Verdiyeva AZƏRTAC-a bildirib ki, dövlətimizin mədəniyyət sahəsinə göstərdiyi diqqət və qayğı nəticəsində Azərbaycanın zəngin irsi dünyada tanıdılır. Bu xüsusda Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə xarici ölkələrdə Mədəniyyət Mərkəzlərinin yaradılması ölkəmizin mədəniyyətinin beynəlxalq miqyasda daha geniş tanıdılmasına və inkişafına mühüm töhfə verir.

 

O qeyd edib ki, musiqi xalqlar arasında dostluq və anlaşma körpüsü yaradır, muğam isə Azərbaycanın dünyaya bəxş etdiyi ən nadir incilərdən biridir. Muğam müxtəlif ölkələrdə ifa olunsa da, yalnız Azərbaycanda bu qədər yüksək səviyyədə və mükəmməl formada təqdim edilir.

 

Bəyimxanım Cavanşirova-Verdiyeva rəhbəri olduğu fondun 2011-ci ildən milli musiqimizin təbliği istiqamətində onlarla layihə həyata keçirdiyini, müxtəlif ölkələrdə tədbirlər və tanınmış sənətkarların yubiley gecələrini təşkil etdiyini deyib.

 

“Ədəbiyyat və incəsənət”

(20.10.2025)

 

Çinin Hujou şəhərində BMT Turizm Təşkilatının (UN Tourism) təşkilatçılığı ilə “Ən yaxşı turizm kəndləri 2025” mərasimi və üçüncü illik şəbəkə görüşü keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Dövlət Turizm Agentliyindən AzərTAC-a verilən məlumata görə, tədbirin məqsədi kənd turizminin inkişafına mühüm töhfə verən, davamlılıq və mədəni irsin qorunması sahəsində nümunə göstərən kəndlərin adlarını elan etmək, həmçinin bu proqram çərçivəsində tanınmış kəndlərin nümayəndələrini bir araya gətirərək təcrübə mübadiləsi aparmaq və gələcək istiqamətləri müzakirə etmək olub.

 

Ümumdünya Turizm Təşkilatının elan etdiyi “Ən yaxşı turizm kəndi” müsabiqəsinə Azərbaycandan Xınalıq kəndinin namizədliyi irəli sürülüb. Bu layihənin əsas məqsədi kənd ərazilərində turizmin inkişafı üzrə ən yaxşı nümunələri üzə çıxarmaq, həm də uzun illər boyunca öz unikallığını, mədəni-tarixi irsini qoruyan, bununla yanaşı, həm də müasir turizmin tələblərinə cavab verən kəndləri aşkarlamaqdır.

 

Müsabiqənin yekununda Xınalıq kəndi BMT-nin Turizm Təşkilatının “Best Tourism Villages” siyahısına daxil edilib. Bu, Xınalığın yalnız milli deyil, həm də beynəlxalq miqyasda turizm və mədəni irs destinasiyası kimi qəbul edilməsinin bariz göstəricisidir. Eyni zamanda bu uğur Xınalığın tanıdılmasına, turizm axınının artmasına və yerli icmanın rifahına mühüm töhfə verəcək.

 

Mərasimdə BMT-nin Turizm Təşkilatının Baş katibi Zurab Pololikaşvili mükafatı Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin İdarə Heyətinin sədri Murad Ağabəyliyə təqdim edib.

 

Qeyd edək ki, BMT-nin Turizm Təşkilatının həyata keçirdiyi nüfuzlu “Best tourism villages” (“Ən yaxşı turizm kəndləri”) proqramı kənd turizminin inkişafında mədəni, təbii və sosial dəyərləri qoruyaraq dayanıqlı turizmə töhfə verən kəndlərə “Ən yaxşı turizm kəndi” statusu verir. Bu günə qədər dünyanın 60-a qədər ölkəsində 180 müxtəlif kənd bu statusu qazanmağa nail olub. Sevindirici və qürurverici haldır ki, artıq bu siyahıda ilk dəfə olaraq Azərbaycanın ən qədim yaşayış məskənlərindən biri olan Xınalıq kəndinin də adı var.

Beş min ildən çox tarixə malik olan Xınalıq fenomeni təkcə Azərbaycan tarixində deyil, həm də bəşər tarixində ən zəngin etnoqrafik dəyərlərdən biri, əfsanəvi yaşayış məntəqəsidir. 2023-cü 4 sentyabr tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Xınalıq və Köç Yolu” Dövlət Tarix-Mədəniyyət və Etnoqrafiya Qoruğu yaradılıb. Qoruq Dövlət Turizm Agentliyinin tabeliyindədir.

Azərbaycanın “Xınalıq və Köç yolu mədəni landşaftı” nominasiya ərazisi 2023-cü il 18 sentyabr tarixində UNESCO-nun Ümumdünya İrs Komitəsinin Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilən 45-ci sessiyasında UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Bu nominasiya sənədi 2021-ci ildə Dövlət Turizm Agentliyi tərəfindən hazırlanıb.

Qoruq ərazisinin UNESCO Dünya İrs Siyahısına daxil edilməsi, Xınalığın minillik tarixini, zəngin mədəni ənənələrini və unikal yaşayış mühitini beynəlxalq səviyyədə tanıdaraq, həm də onun qorunması üçün xüsusi öhdəliklər yaradıb. Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi Xınalığın mədəni və tarixi dəyərlərinin qorunması, həmçinin yerli icmanın həyat şəraitinin yaxşılaşdırılması istiqamətində müxtəlif layihələr həyata keçirib. 2020-ci ildən başlayaraq kənddə 42 yaşayış evi bərpa olunub, 33 digər tikilinin bərpası üçün isə layihə-smeta sənədlərinin hazırlanması prosesi tamamlanıb. Bundan əlavə, turizm infrastrukturunun yenilənməsi işi davam etdirilib, kəndi ziyarət edən turistlər üçün avtodayanacaq və sanitar qovşaqlar tikilib istifadəyə verilib. Aparılmış bərpa və abadlıq işlərinə kənd sakinləri aktiv şəkildə cəlb olunub ki, bu da öz növbəsində məşğulluq imkanlarının genişlənməsinə şərait yaradıb.

 

Xınalığın “Ən yaxşı turizm kəndi” beynəlxalq statusu əldə etməsi bu kənddə yeni turizm xidmətlərinin və məhsullarının formalaşmasına böyük töhfə verəcək. Bu beynəlxalq tanınma Azərbaycanın turizm potensialının dünyada geniş miqyasda tanıdılmasına xidmət edir.

 

“Ədəbiyyat və incəsənət”

(20.10.2025)

 

Xalq yazıçısı, akademik Kamal Abdullanın əsəsrlərindən seçilmiş bir sıra qranula – cövhər sayıla biləcək məqamları “Ədəbiyyat və incəsənət” oxucularına təqdim edir.

 

Kamal Abdulla özü seçilmiş bu cövhərlər barədə yazır: “İllərdən bəri yazdığım müxtəlif şeirlərin, esselərin, pyeslərin, hekayə və romanların, publisistik məqalələrin və elmi əsərlərin, verdiyim intervülərin hər birinin içində yer almış və bu gün də öz məzmunu, tutumu, forması ilə diqqətimi çəkən misralar, cümlələr günlərin bir günü sanki dil açıb mənə dedilər ki, bizim bir-birimizdən zaman və məkanca ayrılığımıza son qoy və bizi bir-birimizin yanında yerləşdir. Sən görəcəksən ki, bu zaman biz tamamilə yeni bir cazibədə zühur etmişik. Onlar qeyri-səlis məntiq dili ilə desək, içində olduqları mətnin qranulaları (ilkin vacib hissəcikləri) idi. Qranula, başqa cür ifadə etsək, cümlədən (mətndən) bütün artıq hissələri siləndən sonra yerdə qalan cövhərdir.”

 

Beləliklə, hər gün Kamal Abdulladan 7 qranula:

 

1.

Üslub Jülyen Sorelin paltarı kimidir. Sten[1]dalın “Qırmızı və qara” romanının qəhrəmanı Jülyen geyindiyi libasın məziyyətini o saat unu[1]dur, onu digər kübar gənclər kimi başqalarının gözünə soxmurdu. Üslub da belədir. Onu bilərəkdən gözə soxmayanda o, tül pərdə kimi mətnin bədənini gözəlcə oxşayır.

2.

Ramiz Rövşən – mənim ideal oxucum. İdeal şairim...

3.

Qədim oğuzlar körpə Təpəgözə heyrətlə (bəlkə də - heyranlıqla) baxıb bir-birinə belə deyirdilər: bax, bax, hələ sən ona. Gör necə gözəldir, təpəsində bir gözü var.

4.

“İz ləpirdən əvvəl qabaqda neynir?!

 Kimə lazım idi əyri rəsmimiz?!

Yenə qoca Allah göydə deyinir.

Yenə sözəbaxmaz uşaqlarıq biz.”

5.

Əsl cavab - bizim axtardığımız doğru-dürüst, yeganə cavab, doğru-dürüst verilmiş sualın içindədir.

6.

Rüstəm Behrudi əsl sehrbazdır. İstənilən ruhda, əhvalda yazılmış şeirləri var. Şaman şeirləri – buyur. Gözəl, zərif sevgi şeiri – al. Boz qurd haraylı misralar – var. İctimai pafos – nə qədər istəsən. Bu adam sehrbazlar dərəsində yaşamalı idi.

7.

“Bəxti-taleyindən gileylənən dost,

Bəxtimiz gətirib - biz doğulmuşuq.

 Bəxtimiz gətirib bu gen dünyada

 Bir nəcib anaya oğul olmuşuq.”

 

“Ədəbiyyat və incəsənət”

(20.10.2025)

 

Bazar ertəsi, 20 Oktyabr 2025 15:07

ANAR, “Emin Sabitoğluna ağı“

 

Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.

 

608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.

 

“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir. Anar qəhrəmanlarının ən populyar əsərlərini bir daha yaddaşlarda təzələyir:

 

ANAR, ŞEİRLƏR

EMİNƏ AĞI

 

Bir həftə bundan qabaq Emin Sabitoğlu ali məktəblərinin birində dərs dediyi İstanbuldan Bakıya gəlmişdi. Noyabrın 21-də Milli Dram Teatrında keçirilməsi nəzərdə tutulan tədbirdə – atası Sabit Rəhmanın 90 illiyi yubileyində iştirak etmək üçün.

Üç həftə bundan qabaq Eminə Xalq artisti adı verilmişdi. Noyabın 17-də Akif Rəfiyevin təklifi və dəvətiylə Eminin gəlişini və ad almasını qeyd etmək üçün dost məclisinə yığışmışdıq: Fikrət Qoca, Vaqif Səmədoğlu, Akif, Emin, mən. Eminin sağlığına badələr qaldırırdıq. O özü içmirdi, amma son illərdə ilk dəfə olaraq Emini belə şən, nəşəli görürdüm. Vaqiflə, mənimlə bir yerdə oxuduğumuz məktəbi, məktəb illərini, gəncliyimizi xatırlayırdıq. Vaxtsız itirdiyimiz dostlarımızı – Arazı, Yusifi yada salırdıq. Ötüb keçən illərin gah kədərli, gah məzəli günlərinə qayıdırdıq. Fikrət, Vaqif köhnə və təzə şeirlərini oxuyurdular. Emin də onlara qoşulub gəncliyimizdən sevdiyi və əzbər bildiyi bir şeiri – Mikayıl Rəfilinin “Pəncərə” şeirini oxudu:

 

Fikrim bir sap kimi

ilişirdi parıldayan bir xəncərə,

Qarşımdakı böyük şəhər –

bir pəncərə.

 

Axşam saat 11-də ayrıldıq. Mən evimin tinində maşından düşdüm, maşın Vaqiflə Emini evlərinə apardı. Heç əl verib görüşmədik də... İki gün sonra Yazıçılar Birliyindəgörüşəcəyimizi vədələşdik. Emin atasının yubileyinə dəvətnamələri gətirəcəkdi. Mən maşından çıxanda Emin mənə və Vaqifə qələm bağışladı. Belə şakəri vardı – hər dəfə Türkiyədən Bakıya gələndə hərəmizə bir qələm hədiyyə edərdi. Evə gəldim, saat ikiylə üç arasında yuxuladım. Yuxuda gördüm ki, Emin ölüb.

Səhər saat doqquzun yarısında qızı Ceyran zəng elədi və dedi ki, gecə saat dörd radələrində Eminin ürəyi dayanıb.

 

Əlli beş illik dostum,

Niyə, niyə axı sən

Həyatdan doydun, bıqdın?

Sən ki etibarlıydın,

Niyə vəfasız çıxdın?

Niyə belə tələsdin,

Qürbətdən betər olan

Ayrılığın acısın

Bilə-bilə tələsdin...

Sənsiz qalan bu dünyam

həsrətli bir aləmdi,

Kədərdi, dərddi, qəmdi,

hıçqırıqdı, ələmdi.

Əlimdə bu qələm də

Sənin son hədiyyəndir –

QARA YAZAN qələmdi...

 

Eminin məşhur bir mahnısı var. Sözləri Fikrət Qocanındır:

“Payız gəldi, uçdu getdi quşlar”. Dünyaya payızda gəlmişdi – noyabrın 2-də, payızda da uçdu getdi. Son dostluq məclisimiz haqqında Fikrət dedi: “Sən demə, Emini yola salmağa yığışmışdıq”.

Neçə il Türkiyədə işlədi, sanki bayatımızın müdrikliyini təsdiq eləmək üçün Bakıya döndü:

“Gəzməyə qürbət ölkə, ölməyə vətən yaxşıdır”.

Əlvida, Emin, əlvida, əzizim, həmdəmim, munisim, məktəb və sənət yoldaşım, uşaqlıq, gənclik, qocalıq dostum. Bir Niyaziyə, bir də sənə maestro deyərdim.

Əlvida, maestro... Əlvida, Emin... Əlvida, Eminciyim...

                                        20 noyabr, 2000

 

“Ədəbiyyat və incəsənət”

(20.10.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.