Super User
Mavəraünnəhr bölgəsində elmi mərkəzlərin inkişafı
Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”
Türk Mədəniyyəti və İrsi Fondunun “Ədəbiyyat və incəsənət” portalı ilə birgə layihəsində bu gün Orta Asiyanın Mavəraünnəhr bölgəsində elmi mərkəzlərin inkişafından bəhs edəcəyik.
Mavəraünnəhr (Orta Asiya) bölgəsi tarix boyunca türk-islammədəniyyətinin və elminin əsas mərkəzlərindən biri olmuşdur. VIII–XIII əsrlərdə bölgədə elmi fəaliyyət, təhsil və mədəni inkişafyüksək səviyyədə idi. Bu inkişaf həm türk, həm də ərəb və farsmədəniyyətlərinin qarşılıqlı təsiri nəticəsində mümkün olmuş, bölgə islam dünyasında elm və maarifçilik baxımından önəmli birnümunəyə çevrilmişdir.
Mavəraünnəhrin ən tanınmış elmi mərkəzləri Buxara, Səmərqənd, Nişapur və Merv şəhərləri idi. Bu şəhərlər həm dini, həm dədünyəvi elmlərin inkişaf etdiyi mərkəzlər kimi tanınırdı. Buradafəaliyyət göstərən mədrəsələr və kitabxanalar, filosoflar, riyaziyyatçılar, astronomlar və həkimlər üçün təhsil və araşdırmaimkanları yaratmışdır.
Buxara, xüsusilə İmam Buxari kimi böyük alimlərin yetişdiyimərkəz olaraq tanınırdı. Mədrəsələrdə Qurani-Kərim təlimi iləyanaşı, riyaziyyat, astronomiya, fəlsəfə və təbii elmlər də tədrisolunurdu. Mədrəsələrin əsas məqsədi yalnız bilik ötürmək deyil, həm də tələbələrin əxlaqi və mənəvi inkişafını təmin etmək idi.
Mavəraünnəhr bölgəsi bir sıra böyük alimlərin və filosoflarınfəaliyyət göstərdiyi məkana çevrilmişdi. Burada Həzrət Farabi, Əbu Nasr əl-Fərabi və İbn Sina kimi şəxsiyyətlər elm və fəlsəfənininkişafına mühüm töhfələr vermişlər. Alimlər arasında riyaziyyat, astronomiya, coğrafiya, tarix və tibbi elmlər üzrə geniş bilikmübadiləsi aparılırdı. Onlar həmçinin İslam fəlsəfəsini, yunani vəfars ənənələrini türk dünyası ilə inteqrasiya edərək yeni biliksistemləri yaratmışlar.
Elmi mərkəzlərin inkişafı yalnız akademik fəaliyyətləməhdudlaşmamış, həm də bölgənin sosial və iqtisadi həyatına təsiretmişdir. Təhsil müəssisələri və kitabxanalar şəhərlərdə mədənihəyatın mərkəzinə çevrilmiş, ticarət, sənət və memarlıqla bağlıbiliklərin yayılmasına şərait yaratmışdır. Alimlərin yetişməsi vəelmi araşdırmaların geniş yayılması nəticəsində Mavəraünnəhrbölgəsi İslam dünyasında “elmin beşiği” kimi tanınmışdır.
Mavəraünnəhr bölgəsində elmi mərkəzlərin inkişafı türk-islamsivilizasiyasının intibah dövrünü formalaşdırmışdır. Buradakımədrəsələr, alimlər və kitabxanalar elm və təhsilin yayılması üçüngeniş imkanlar yaratmış, həm dini, həm də dünyəvi biliklərinmərkəzləşməsinə səbəb olmuşdur. Bu inkişaf nəticəsində bölgəyalnız Orta Asiyada deyil, bütün İslam dünyasında elmin vəmədəniyyətin əsas dayaqlarından birinə çevrilmişdir.
“Ədəbiyyat və incəsənət”
(20.10.2025)
1 şair, 1 şeir - Reyhan Kənanın şeiri ilə
Ədəbiyyat və incəsənət” portalının 1 şair, 1 şeir rubrikasında bu gün Reyhan Kənanın “Yamaq” şeiri təqdim edilir.
Reyhan Kənan Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair-publisistdir.
Yamaq
Düşüncələrim - cuvalı
Cırılmış buğda dənəsi,
Dağılır, süzülür boşalır yerə.
Özüm də bilmirəm məndən
Xəbərsiz hara yola düşür,
baş alır yenə?
Nə iynə tapıram, nə sap,
nə üskük.
Birini tapsam da, o biri əskik.
Qoçaqsan iynəsiz,
həm də ki sapsız
dağılan fikirlər çuvalını tik.
Külək də bu yandan qənimdir mənə,
Qəsdi fikirləri oğurlamaqdı.
Hansı tikiş vurum mən bu çuvala,
Nə etsəm onsuz da adı yamaqdı!?
Eybi yox, dağılan buğda dənləri
“ac olan quşlar”ın gərəyi olar.
Mənim deyilməyən düşüncələrim,
Deyilən sözlərin ürəyi olar.
“Ədəbiyyat və incəsənət”
(20.10.2025)
“Sevgi məktubları”nda Arzu Muradın məktubu
“Ədəbiyyat və incəsənət” portalının SEVGİ MƏKTUBLARINDA bu dəfə Arzu Murad və onun məktubudur. Buyurun.
Bayaq qoxun anidən burnuma gəldi və xəfif yel kimi ötüb keçdi. O qoxunu yenidən duya bilməkçün bütün evi dolaşdım. Yenə yaxaladım və itirməyim deyə, ciyərlərimin dibinə qədər çəkdim. Bu nə ilkdir, nə son. Evimin hər yeri demirəm, bu küçənin hər tini, insanların hamısı sən qoxuyur. Hansı birini deyim, sənin ətrindir deyib küçələri veyillənməyimi, yuxuda sayıqlamalarımımı, səninçün darıxmaqlarımımı, səhərin açılmasını gözləyib sənə tələsməyimimi?
Mən səndən başqa bir şey düşünə bilmirəm. Beynim yalnızca sənlə məşğuldur. Saatlarım sənə işləyir. Səni görməyəndə darıxmağım bir dərddir, sənin yanında olub ayrılmağımızı düşünməyim bir ayrı dərd. Bəlkə, sənə tanış hisslərdir, bəlkə də, tamamilə yaddır, amma məni anladığını bilirəm. Həyatımın altını üstünə çevirmisən və tərs kimi mən də bu halımdan məmnunam. Başımın bəlasısan, amma insan bəlanı bu qədər sevərmi?
Varlıq içində bir yoxluğam. Özümü anlaya bilmirəm. İdarəetməni itirmək budu, yəqin. Mən hər yerdə sənləyəm. Ən doğmalarımın içində belə özümü qəriblikdəki kimi hiss edirəm. Əsl bəlasan, bir insanın başına gələ biləcək ən böyük bəla. Amma o qədər doyumsuz, o qədər içdənsən ki, yanından ayrılmaq zillətə dönür. İnsan öz evinə getmək istəməzmi? İnsan ancaq sabahlarla necə yaşaya bilər?
Gecə olanda yanaqlarım dodaqlarını axtarır, sonra tapır, sonra ovcuma alıram dodaqlarını, sonra nəfəsinin dəydiyi boynum yanır, daha sonra çiynimdə başını hiss edirəm, əllərinin məni köksünə sıxdığını duyuram. Sonra tez özümü yuxuya verməyə çalışıram ki... Bəlkə, keçə... "Bəlkə" keçir, amma sən keçmirsən.
Gözlərinə qərq olmuşam. Bilmirəm haranın daşını salım başıma. Darıxmaq hisslərin ən şərəfsizi və də ən xainidir. İnsanı öz halından çıxarıb vəhşi bir məxluqa çevirir. Sənlə tez-tez dalaşmağımın səbəbi də elə budur. Sən gəlirsən, üzüm gülür, sən gedirsən, həyat qaralır, boğazım quruyur, havam çatmır. Vəhşiləşməyə başlayıram və tənələr yağdırıram. Kobudluğun biri bir qəpikdən dolur dilimə. Qüsuruma baxma, lütfən, mənim də sevmə şəklim belədir. Sən heç sevdiyin biri gedir deyə, uşaq kimi ağlamağın nə olduğunu bilirsən? Məndən kimə getdi deyə, nigaranlıqdan zəncir çeynəyirsən? Yemək yedi, ya hələ də acdır deyə, bir narahatlıq dolurmu içinə?
"Bir gün məndən getmək istəsən, səni tutmayacam, saxlamağa çalışmayacam" demişdim. Doğrudan, saxlamayacam, amma özümü necə saxlayacam, onu bilmirəm. Əvvəlki kimi deyiləm. Kimsəyə qızına bilmirəm. Bu əsərin müəllifi sənsən, qürur duy. Çıxılmazda qalmaqdır bu. Çarəsizlik qədər ağrılıdır və sənin qədər sevimlidir.
Mənimçün narahat olma. Bu şikayətlərimi və sözlərimi çox da ciddiyə alma. Bu da keçəcək, əlbəttə. Məni ağrıdan odur ki, hər şey keçir, amma sən keçmirsən. Məndə qalırsan, mənlə birgə dolaşırsan. Özümü aldatmağa çalışıram ki, bu yaşadıqlarım ilk deyil, son da olmayacaq, lakin boş fikirlərdir, özüm də bilirəm.
Məni belə vuran olmamışdı. Ürəyimin tən ortasından dəqiq nişan aldın. Ancaq keçəcək, yox, vallah, doğrudan, keçəcək. Aramızda olan illərə xatir keçəcək. Elə sən də keçəcəksən, keçməyə məcbursan. Amma keç...mə... mən dözərəm hamısına, yanımda qal. Nə qədər qala bilirsən, o qədər qal, yetər ki, qal...
“Ədəbiyyat və incəsənət”
(20.10.2025)
İrəvanlı Əhməd Cəmil
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
– Ay nənə, bir nağıl de!
– Ömrüm-günüm, yat daha,
Hamısını indi desəm,
nağıl qalmaz sabaha.
– Can nənə, de birini də.
– Ağrın alım, sözə bax.
Evimizdə səndən savay,
gör heç varmı bir oyaq?
Gecə keçib, ev soyuyub,
hənir gəlmir ocaqdan;
Taxt üstündə məstan pişik,
odur yatıb bayaqdan.
Ört üstünü, dərdin mənə,
bax, eşikdə yel əsir...
Bir gizilti duyur uşaq
vücudunda bu ara,
Həsrət qonan gözlərini
zilləyərək divara,
Çarpayının baş ucunda
öz əliylə asdığı
Şəklə baxır, fikrə gedir,
qucaqlayıb yastığı
– Bəs ay nənə, atam indi
haradadır, görəsən?!
– Bıy, başıma nələr, oğul,
yatmayıbsan hələ sən?!
– Axı, nənə, heç demirsən sən
atam haçan gələcək,
İndi onu səngərdə bəs
üşütmürmü qar, külək?
Şair Əhməd Cəmil 1913-cü il oktyabrın 20-də İrəvan quberniyasının İrəvan şəhərində kustar sənətkar ailəsində doğulub. Dörd yaşında ikən atasını itirib, anasının himayəsi altında boya-başa çatıb. İbtidai və orta təhsili Gəncə şəhər məktəblərində alıb.
Orta məktəbin yeddinci sinfində oxuyarkən "Gözəl Qafqaz" adlı ilk şeiri 1928-ci ildə "Qızıl Gəncə" jurnalında dərc olunub. Azərbaycan Proletar Yazıçıları Cəmiyyətinin Gəncə bölməsində fəal iştirak edib. Onun şeirləri "Qızıl Gəncə", "Dağıstan füqərası", "Gənc bolşevik", "Hücum", "İnqilab və mədəniyyət" qəzet və jurnallarında vaxtaşırı dərc olunub. Sonra Bakıda Ali pedaqoji institutun ədəbiyyat fakültəsində təhsilini davam etdirib
Şəmkir rayonunun Zəyəm kəndində, sonra Gəncədə orta və ali məktəb müəllimi, metodist olub. 1940-cı ilin sentyabr ayından Azərbaycan Sovet Yazıçıları İttifaqında şeir bölməsində məsləhətçi, "Ədəbiyyat qəzeti"ndə ədəbi işçi, məsul katib işləmiş, sonra ittifaqın məsul katibi seçilib.
İkinci Dünya müharibəsi illərində Şimali Qafqaz, Krım cəbhə qəzetləri ("Döyüş zərbəsi", "Hücum", "Vətən uğrunda irəli") redaksiyalarında çalışıb. Yazıçılar İttifaqı İdarə Heyətinin məsul katibi, həm də idarə heyətinin üzvü seçilib. Uzun müddət "Ədəbiyyat qəzeti", "Azərbaycan" və "Ulduz" jurnalları redaksiya heyətinin üzvü olub
1948-ci ilin oktyabrınadək səhhəti üzündən işləməyib. Sonra 1948-ci ilin oktyabrında Azərbaycan Sovet Yazıçıları İttifaqında idarə heyətinin məsul katibi seçilib. 1950-ci ildə Azərbaycan Yazıçılar İttifaqında məsləhətçi, 1951-ci ildə "Ədəbiyyat qəzeti"ndə müvəqqəti redaktor işləyib. Azərnəşrdə baş redaktor, redaktor, Azərbaycan Mədəniyyət Nazirliyində məsləhətçi, "Azərbaycan" jurnalının redaktoru, Azərnəşrin baş redaktor, Gənclik nəşriyyatında redaktor, "Ulduz" jurnalında baş redaktor işləyib.
Rus, gürcü, Ukrayna, erməni, özbək, belorus, tacik və s. dillərdən Azərbaycan dilinə tərcümələr edib. Xidmətlərinə görə iki dəfə "Qırmızı əmək bayrağı" ordeni, Azərbaycan Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı və medallarla təltif olunub.
Tərcümələri
1. S.V.Mixalkov. V.İ.Lenin muzeyində
2. Lenin və Stalin haqqında
3. M.Y.Lermontov. Borodino
4. A.Tvardovski. Lenin və peçqayıran
5. S.M.Marşak. Naməlum qəhrəman haqqında hekayə
6. M.Mirşəkər. Mahtab
Əsərləri
1. Yadigar
2. Əsgər qardaşıma
3. Can nənə, bir nağıl de
4. Böyük qardaşımız
5. Şeirlər
6. Təməl daşları
7. Qələbə yolları
8. Şeirlər
9. Mənim azad torpağım
10. Əhməd Cəmil
11. Bahar şəfəqləri
12. Seçilmiş əsərləri
Mükafatları
- Azərbaycan SSR Dövlət mükafatı
1977-ci il sentyabrın 24-də Bakıda vəfat edib. Bakı şəhərinin Yasamal rayonunda adına küçə var.
Allah rəhmət eləsin!
“Ədəbiyyqt və incəsənət”
(20.10.2025
Şövkət Ələkbərovanın 103 ili
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Onun səsi o qədər gözəldir, vəsf etdib qurtarmaq olmur. Bulaq kimi saf, duru səsi var. Təsadüfi deyil ki, musiqi tariximizdə özünə əbədi yer edibdir.
Azərbaycan SSR xalq artisti Şövkət Ələkbərova 1922-ci il oktyabrın 20-də Bakıda anadan olub. Onun anası qızlardan ibarət orkestrdə tar çalırdı və qızını tez-tez məşqlərə aparırdı. Atası xalq musiqimizi, muğam və aşıq musiqisini sevən bir adam olub. Şövkət Ələkbərovada kiçik yaşlarından musiqiyə böyük maraq yaranıb. Məhz bu maraq 12 yaşında onu musiqi məktəbinin kamança sinfinə gətirib. Tezliklə onların evində tar, kamança və qardaşının ifasında zərb alətindən ibarət xalq üçlüyü yaranır.
Asəf Zeynallı adına Musiqi Məktəbində Hüseynqulu Sarabskinin sinfini bitirdiktən sonra səhnə yaradıcılığına başlayıb. 1938–1945-ci illərdə Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının solisti olub. 1945-ci ildən etibarən Azərbaycan Dövlət Filarmoniyasının solisti işləyib. Şövkət Ələkbərovanın ifaçılığı üçün yüksək vokal mədəniyyəti, emosionallıq və lirizm, muğam yaradıcılığı üçün isə məharətli improvizasiya bacarığı səciyyəvi idi.
1937-ci ildə bədii özfəaliyyət kollektivlərinin müsabiqəsində iştirak edib və öz çıxışı ilə Üzeyir Hacıbəyov, Səid Rüstəmov, Bülbül kimi sənətkarların diqqətini cəlb edib. Opera Teatrında keçirilən yekun konsertdə Şövkət Ələkbərova "Qarabağ şikəstəsi"ni oxuyub və Fatma Mehrəliyeva və Gülağa Məmmədovla birlikdə ilk üçlüyə daxil olub. Bu müsabiqə Şövkət Ələkbərovanın peşəkar musiqi sənətinə gəlişinin əsasını qoyub. 1945-ci ildən Filarmoniyanın solisti kimi işə başlayan Şövkət Ələkbərovanın ifasında səslənən xalq mahnıları, muğamlar, bəstəkar mahnıları Azərbaycanda çox böyük məşhurluq qazanır.
"Görüş", "Bəxtiyar", "Onu bağışlamaq olarmı?" filmlərinə Tofiq Quliyevin yazdığı mahnılar Şövkət xanımın ifasında xalqımızın dilinin əzbəri olub. Üzeyir Hacıbəylinin "O olmasın, bu olsun" filmində Sənəm rolunun musiqi partiyalarını məhz Şövkət Ələkbərova ifa edib. Müğənninin bəstəkar Cahangir Cahangirovun "Füzuli" kantatasının II hissəsində oxuduğu "Məni candan usandırdı" romans xarakterli musiqi parçası xalqın ürəyinə yol tapıb. Emin Sabitoğlunun "Şirin dil" mahnısı Şövkət Ələkbərovanın repertuarında xüsusi yer tuturdu. Mahnının sözləri Kərkük bayatıları-ndan götürülüb. SSRİ-nin bir çox şəhərlərində, Fransa, İsveçrə, Şri-Lanka, Əfqanıstan, Hindistan, Misir, Əlcəzair, İran, Türkiyə, Polşa və digər xarici ölkələrdə uğurla çıxış edən Şövkət Ələkbərovanın repertuarına Segah, Qatar, Şahnaz kimi muğamlar, Azərbaycan bəstəkərlarının və Orta Şərq xalqlarının mahnıları daxil idi.
Təltif və mükafatları
1. "Azərbaycan SSR xalq artisti" fəxri adı
2. "Azərbaycan SSR əməkdar artisti" fəxri adı
Repertuarı
- Axşam (Qaş qaralır)
- Ayrılıq
- Aldatmayaq bir-birimizi
- Ay Qız
- Ağlaya-ağlaya
- Bir könül sındırmışam
- Bakı
- Dərələr
- Gəl səhərim
- Gedək üzü küləyə
- Oxu gözəl
- Neylərəm (İmaməddin Nəsimi / Süleyman Ələsgərov)
Filmoqrafiya
- İştirak etdiyi filmlər
1. Doğma xalqıma
2. Payız konserti
3. Oxuyur Şövkət Ələkbərova
4. Azərbaycan elləri
5. Səs
Mahnı ifa etdiyi filmlər
- Görüş
- Mahnı belə yaranır
- Qızmar günəş altında
- Kölgələr sürünür
- Ögey ana
- Aygün
Unudulmaz müğənni 7 fevral 1993-cu ildə vəfat edib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(20.10.2025)
Gözəllik, təmizlik və yaşıllıqla dolan şəhərimiz
İlhamə Məhəmmədqızı, “Ədəbiyyat və incəsənət” portalının Sumqayıt təmsilçisi
Sumqayıt şəhəri Azərbaycanın böyük sənaye mərkəzlərindən biri olmaqla yanaşı, həm də yaşıllıq və ekologiya baxımından diqqət çəkən şəhərlərdən biridir. Buranın yaşıllıq sahələrinin genişləndirilməsi və abadlaşdırılması istiqamətində aparılan işlər əhalinin rifahının artırılması və şəhərin estetik görünüşünün yaxşılaşdırılması məqsədi daşıyır.
Sumqayıt şəhər Yaşıllaşdırma İdarəsinin rəisi Mübariz Süleymanovun verdiyi məlumata görə, şəhərin müxtəlif istiqamətlərində payız mövsümü ilə əlaqədar olaraq geniş miqyasda mövsümi güllər əkilir. Son aylarda şəhərin Heydər Əliyev, Azərbaycan, Səməd Vurğun prospektlərində, Koroğlu və Bakı küçələrində 95 minə yaxın mövsümi gül, həmçinin 45 minə yaxın çoxillik gül əkilir, bu da şəhərin estetik görünüşünə xüsusi rəng qatır.
Bu işləri görən kollektiv təkcə gözəllik yaratmaqla kifayətlənmir, həm də şəhərin havasını təmizləyir, insanlara sağlam və xoş mühit təqdim edir. Mövsümi və çoxillik güllərin seçilməsi və əkilməsi zamanı diqqət yetirilir ki, onlar həm uzunömürlü olsun, həm də şəhərin iqlim şəraitinə uyğun gəlsin.
Həmçinin qeyd edək ki, Yaşıllaşdırma İdarəsinin qarşıdakı planlarında noyabrın 1-dən etibarən şəhərin bütün istiqamətlərində, küçə və xiyabanlarda ağac və kol bitkilərinin əkilməsi nəzərdə tutulub. Bu, Sumqayıtın yaşıllıq potensialını daha da artıracaq və şəhər sakinlərinə əlavə sərinlik və təbiət rahatlığı təmin edəcək.
Yaşıllaşdırma İdarəsinin gündəlik işləri isə geniş spektri əhatə edir. Buraya qazonların biçilməsi, yaşıllıq sahələrinin təmizlənməsi, suvarılması, alaq otlarının səkilərdən təmizlənməsi və mövsümlə bağlı torpağın yumuşaldılması kimi mühüm tədbirlər daxildir. Bu işlər şəhərin yaşıllıq sahələrinin sağlam və baxımlı qalmasını təmin edir.
Sumqayıtın bu cür abadlaşdırılması və yaşıllaşdırılması işləri həm yerli əhali, həm də şəhəri ziyarət edən qonaqlar tərəfindən böyük rəğbətlə qarşılanır. Bu tədbirlər gənclik məkanının müasir və yaşıl şəhər imicini qoruyub saxlaması üçün vacibdir.
Ümumilikdə, Sumqayıtın yaşıllaşdırılması və abadlaşdırılması istiqamətində aparılan işlər şəhər həyatının keyfiyyətinin yüksəldilməsi, ekoloji tarazlığın qorunması və şəhərin gözəlləşməsi baxımından önəmlidir. Mübariz Süleymanov və onun rəhbərlik etdiyi kollektivin səyləri sayəsində Sumqayıt getdikcə daha yaşıl, təmiz və canlı bir məkana çevrilməkdədir.
“Ədəbiyyat və incəsənət”
(20.10.2025)
Mikayıl İncəçaylı: səmimi, sadə və doğru-dürüst el şairi
(Cəlilabad ədəbi mühitinin tanınmış nümayəndəsi, bədii qiraətçi və şair Mikayıl İnçəçaylının 65 illik yubileyi münasibəti ilə ithaf olunur!)
İlqar İsmayılzadə,
fəlsəfə üzrə fəlsəfə doktoru, "Həməşəra" mətbu orqanının təsisçisi və baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyi və Azərbaycan Yazıçılar Birliyinin üzvü, "Ədəbiyyat və incəsənət" portalının Cənub təmsilçisi
Tarixi abidələr, pəhlivanlar, mərdlər, şəhidlər və şairlər diyarı olan doğma Cəlilabad ədəbi mühitində öz parlaq imzası ilə yanaşı həm də mədəni şəxsiyyəti ilə tanınan və hörmətə layiq görülən qələm sahiblərindən biri də bu günlər 65 illik yubileyinə hazırlaşdığımız şair Mikayıl İnçəçaylıdır.
Qısa bioqrafik məlumat:
Mikayıl İnçəçaylı (Mikayıl İsmayıl oğlu İsmayılov): 1960-cı ilin oktyabr ayının 20-sində Astraxanbaza (indiki Cəlilabad) rayonunun Bozayran kəndində bir sadə və zəhmətkeş ailədə dünyaya göz açıb. İbtidai və orta məktəbi Cəlilabad rayonunda bitirdikdən sonra 1984-cü ildə Leninqrad (indiki Sankt-Peterburq şəhərində) Texnologiya İnstitutuna daxil olmuş, ali təhsilini bitirdikdən sonra Leninqrad Metallurgiya Zavodunda texnoloq, sonra isə sahə rəisi vəzifələrində çalışmışdır. 1992-ci ildə isə doğma vətəni Azərbaycana qayıtmışdır.
Hələ kiçik yaşlarından etibarən poeziya və şeir sahəsinə həvəs göstərmiş, bir sıra şeirlər qələmə almışdır. 1990-cı ildə isə ədəbiyyat sahəsində öz şeirləri ilə tanınmış, qələmə aldığı şeirləri 1993-cü ildən etibarən dövrü mətbuatda çap olunmağa başlamışdır. Daha sonralar Cəlilabadda nəşr edilən "Sözün işığı" bədii-ədəbi jurnalının korrektoru kimi fəaliyyət göstərmişdir.
İndiyədək Mikayıl İnçəçaylının iki poetik toplusu işıq üzü görmüşdür. Belə ki, 2016-cı ildə "Üz qoyaram torpağına kəndimin", 2025-ci ildə isə "Gözlərimdə yaş gəlmişəm" adlı şeir kitabları çap olunaraq oxucularının görüşünə gəlmişdir.
Mikayıl İnçəçaylı Cəlilabad ədəbi mühitinin tanınmış, hörmətli və dəyərli nümayəndələrindən biri olaraq həm bacarıqlı şair, həm də bacarıqlı bədii qiraətçidir. Gözəl və təsirli səs tembrinə malik olduğu üçün istər öz şeirləri, istərsə də digər şairlərin şeirlərini çox gözəl və təsirli formada qiraət etməyi bacarır. Hal-hazırda ədəbiyyat və poeziya sahəsində olmaqla yanaşı həm də el məclislərində aparıcılıqla məşğuldur.
Cəlilabad rayonu və cənub bölgəsinin dialekti, şivəsi və orijinal danışıq tərzinə əsasən, el arasında daha çox "Mikayıl əmi" kimi tanınır və sevilərək hörmətə layiq görülür.
Cəlilabad ədəbi mühitini layiqincə təmsil etdiyinə və ədəbiyyat sahəsində davamlı və uğurlu fəaliyyətinə görə 2025-ci ildə "Həməşəra" müstəqil elmi, tarixi, mədəni və ictimai rüblük mətbu orqanı tərəfindən "Həməşəra" Fəxri Diplomuna layiq görülmüşdür. Məlumat üçün bunu da qeyd etmək lazımdır ki, dəyərli el şairi həm də son zamanlar sosial şəbəkə nəzdində tanınmış şair, yazıçı və esseist, AYB və AJB-nin üzvü Arzu xanım Əyyarqızı tərəfindən təsis edilmiş "Həməşəra Poeziya Məclisi" qrupunun fəal üzvüdür.
Ailəlidir, 5 övladı və 4 nəvəsi var.
"İnçəçaylı" təxəllüsü barədə izah:
Dəyərli el şairimizin istifadə etdiyi "İnçəçaylı" təxəllüsü onun doğulub boya-başa çatdığı Bozayran kəndi və eləcə də ətraf kəndlərdən axıb keçən İncəçay çayının adını tərənnüm edir.
Rəsmi sənədlərdə çayın adı "İncəçay" kimi qeyd edilsə də yerli və yaşlı nəsilin söylədiyinə görə, çayın əsil adı "İnçəçay"dır. Bu isə nazilsə də heç vaxt qırılmayan hər hansı bir şey (el arasında istifadə edilən: "Haqq inçələr, nazilər, amma üzülməz" məşhur misal) mənasındadır. Çünki həmin su hövzəsindən ilin bütün fəsillərində su axır və çayın su səviyyəsi azalsa belə onun məcrasından suyun nazik qol kimi axdığına şahid olmaq mümkündür.
Subyektiv baxış:
Cəlilabad ədəbi mühitinin dəyərli nümayəndəsi Mikayıl İnçəçaylının şəxsiyyətini iki cəhətdən araşdırmaq olar:
1. Ədəbiyyat sahəsində malik olduğu özəl bacarıq;
Mikayıl əmi cəmiyyət arasında bir şair kimi öz yerini tutmuş parlaq imza sahibi olan bacarıqlı bir şairdir. Onun şeirlərində elə, obaya, vətənə və milli-mənəvi dəyərlərə bağlılıq aydın şəkildə müşahidə və hiss edilir. Şairin uzun illər boyu erməni əsarətində qalmış Qarabağ mövzusunda II Qarabağ Savaşından öncə qələmə aldığı şeirləri mənzum tariximizin nümunələri kimi təqdim edilə bilər.
Təbiilik və səmimiyyət Mikayıl İnçəçaylı poeziyasının digər əsas xüsusiyyətlərindən biridir. Onun poeziya nümunələri çətin ifadələr və mürəkkəb fəlsəfi terminlərdən uzaqdır. Sanki malik olduğu sadə və təvazökar şəxsiyyəti qələmə aldığı şeirlərinə hopmuşdur.
Bununla yanaşı o, həm də bədii qiraət sahəsində xüsusi ustalığa malik olan bir qiraətçidir. Qiraət etdiyi şeirlər dinləyicinin diqqətini dərhal cəlb edir, qəlbləri sızladır. Bu baxımdan Mikayıl İnçəçaylı poeziyasının dinləyiciləri 7-dən 77-ə qədər hər kəsi valeh edir. Bir sözlə, şeirlərinə hakim olan xüsusi ahəngdarlıq və sadə dillə söylənən təbii və dərin mənalar insanın ruhunu oxşayır.
Bütün bunlara görə, yazdığı şeirləri ümumi baxımdan uğurlu sayılaraq dinləyicinin ürəyini sızladır, dinləyicidə xüsusi rəğbət, sevgi və bağlılıq hissi yaradır. Bunlar dəyərli şairimiz Mikayıl İnçəçaylının şeir və poeziya sahəsində malik olduğu xüsusi imtiyazıdır.
2. Şəxsiyyət və mənəvi xüsusiyyətləri;
İstər ağıl və məntiq, istər milli mentalitet, istərsə də dini nöqteyi-nəzərdən istənilən insanı malik olmadığı sözlərlə tərifləmək yolverilməzdir. Belə bir iş mübaliğə və şişirtmə adlanaraq çox qəbahətli bir əməldir. Lakin müxtəlif dəyərli insanların malik olduğu insani keyfiyyətləri ədalət, insaf və səmimiyyət çərçivəsində olduğu kimi dilə gətirmək tam başqa yanaşma və tamamilə fərqli bir məsələdir. Bu baxımdan məddahlıq və mübaliğə ilə səmimi dəyərləndirmə arasında fərq qoymaq bir zərurətdir. Çünki səmimi dəyərləndirmə haqqında danışılan insana mənəvi dəstək olmaqla yanaşı, həm də cəmiyyət arasında yaxşılıq və insani dəyərlərin təbliği və yaşadılması anlamındadır.
Mikayıl əmi şeir və poeziya, eləcə də bədii qiraət sahəsində özəl bacarıq, istedad və peşəkarlıqla yanaşı həm də sözün həqiqi mənasında bir dəyərli və mədəni şəxsiyyətdir. Milli-mənəvi, dövlətçilik və insanlıq dəyərlərinə sədaqət onun qələmi, danışığı və davranışında özünü aydın tərzdə göstərir.
O, qələm dostlarının, xüsusilə də gənc nəsildən olan ədəbiyyat nümayəndələrinin istənilən uğuruna görə ürəkdən sevinən, gənc nəsilə mənəvi ata kimi mənəvi dəstək olan dəyərli bir el şairi, hörmətli bir ağsaqqaldır. Onun davranışı və danışığına diqqət yetirdikdə həyatın hər bir sahəsində sadə, səmimi və təvazökar olduğunu təsbit etmək mümkündür. Bu baxımdan təkəbbür, özündən müştəbehlik və paxıllıq, həmçinin, ara vurmaq kimi mənfi xüsusiyyərlərdən uzaqdır. Əslində Mikayıl İnçəçaylını ədəbi mühitdə və el arasında bu qədər sevdirən və hörmətə gətirən əsas amil də budur.
Mədəni və səmimi şəxsiyyətlə poeziya sahəsində malik olduğu xüsusi bacarıq ondan el arasında dəyərli və qiymətli bir nümunə yaratmışdır. Əslində ədəb və etikaya xidmət etməli olan ədəbiyyat sahəsi mədəniyyət və etika ilə birləşəndə sözün həqiqi mənasında bir cəmiyyət, xalq və bəzən bütün dünya xalqları üçün aydınlıq və dəyər ocağı meydana gəlir.
Arzu və diləklər:
Bu təqdimatın sonunda doğma elimizin dəyərli şairlərindən, eyni halda öz səmimiyyəti, etikası, doğru-dürüstlüyu və yüksək insani keyfiyyətləri ilə tanınan hörmətli Mikayıl İnçəçaylıya uzun, sağlam və mənalı-məsud ömür, ailə xoşbəxtliyi və yaradıcılıqda yeni-yeni uğurlar diləyirəm!
“Ədəbiyyat və incəsənət”
(20.10.2025)
Bir tabletlik həqiqət - Silsilə esse
Arzu Əyyarqızı,
“Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyi"nin üzvü və Cəlilabad rayonu üzrə rəsmi təmsilçisi, "Həməşəra Poeziya Məclisi"nin yaradıcısı və rəhbəri, AYB və AJB-nin üzvü, şair-publisist. "Ədəbiyyat və incəsənət" üçün
Gündə bir tablet. Həkim Arzu təyin etdi. Amma bu dəfə ağrını yox, vicdanı müalicə etmək üçün.
İnsanlar dərmanlara inanır. Onlar kiçik, yuvarlaq, örtüklü möcüzələrdir. Bir tablet - və hər şey düzələcək. Baş ağrısı, ürəkbulanma, vicdan sancısı, hətta yaddaşın qabarıqları. Amma heç kim soruşmur: bu tabletin içində nə var? Həqiqətmi, yoxsa susdurulmuş simptomlar?
Həqiqət örtüklü tabletlərin tərkibini sizə izah etmək istəyirəm.
Tabletin üzərində parlaq bir örtük var - şəkərli, asan udulan. Həqiqət də bəzən belədir: acı olduğu üçün şirinləşdirilir. Mediada, məktəbdə, ailədə. "Hər şey yaxşı olacaq" - bu cəmiyyətin ən çox təyin etdiyi dozadır.
Yan təsirlərini də deyim.
Həqiqətin yan təsirləri var. Onu qəbul etdikdə:
İlk simptom: narahatlıq. Çünki artıq bilmədiyin şeyləri bilirsən.
İkinci mərhələ: inkar. "Yəqin bu tablet mənə uyğun deyil."
Üçüncü mərhələ: azadlıq. Həqiqət bədəni tərk edir, amma ruhda qalır.
D.S. (Da siqna)
Bazar ertəsi. 1 tablet vicdan
Təsiri - Gecə yuxusuzluq
Çərşənbə. 1 tablet sual
Təsiri - Sosial narahatlıq
Cümə. 1 tablet ironiya
Təsiri - Gülərək ağlama…
Həqiqət çeynənməz, udularsa dəyişdirir.
Tabletin ölçüsü kiçikdir, amma təsiri bəzən bir ömürlük.
Bəzi insanlar həqiqəti yeməkdən sonra qəbul edir - tox olduqları zaman.
Ən təhlükəli yan təsir: düşünmək.
Reseptsiz satılan yalanlar...
Ən çox yayılmış dərmanlar reseptsiz satılır. Yalanlar da elə. Onlar:
Reklam formatında təqdim olunur: "Bu sistem sizin xeyriniz üçündür."
Yan təsirləri gizlədilir: "Əgər narahat olursansa, deməli problem səndədir."
Dozası artırılır: "Hər gün bir az daha sus."
Yalanlar ucuzdur, əlçatan və asan udulan. Onlar cəmiyyətin əczaxana vitrinində ön sıradadır. Həqiqət isə arxa rəfdə, toz içində, istifadə qaydası bilinməyən bir tablet kimi gözləyir.
Bu esse bir tabletlikdir, nə çox, nə az. Amma içindəki maddə aktivdir: metafora, ironiya, vicdan. Əgər qəbul etsən, yan təsirləri ola bilər. Amma bəlkə də bu dəfə, ağrını yox, özünü müalicə edərsən, ey insan!
“Ədəbiyyat və incəsənət”
(20.10.2025)
Sənə xatirəm olsun peşmanlıq nəğmələri…
Nail Zeyniyev, “Ədəbiyyat və incəsənət”
Bəzən şeirlər qayıtmaq istəmədiyimiz yerlər kimidir..
Bundan yola çıxaraq, istəməsəm də o yerlərə bir də qayıdaraq yeni şeirlər kitabımı ərsəyə gətirmişəm və həmin kitab tezliklə sizlərlə olacaq, indi isə kitabın adını qoyduğum "Peşmanlıq nəğmələri" şeirini ilk dəfə təqdim edirəm..
Dünən eyni döngədə səninlə qarşılaşdıq,
Ürəyində iztirab, gözündə yaş görmədim.
O qayğısız illərin qorxusu yoxa çıxmış,
Sakitcə baxdın mənə, başqa təlaş görmədim.
Elə bildim əzəldən tanrı bizi ayırmış,
Elə bildim mən səni tanımadım nə vaxtsa.
Hər vüsalın sonuna bir ayrılıq varıymış,
Nə biləydım qapıma qəm gələcək nə vaxtsa.
Keçdi sənli xəyallar başımdan duman kimi,
Mən göylərə ağladım, göylər mənə ağladı.
Ağ günlərə çıxan tək qara saçlarım oldu,
Anam qara bağladı, atam qara bağladı.
O sahildə gözlədim, o son görüş yerində,
İçimdən bir ah etdim yoxluğuna, bağışla.
Qıymadığım tellərin boynuma kəndir oldu,
Heyif, niyə ölmədim, heyif, məni bağışla..
Ürəyim bu əzaba necə dözdü bilmirəm,
Oxuyuram özümə düşmanlıq nəğmələri.
Mürəkkəbim də qandı, qələm viran, mən viran,
Sənə xatirəm olsun peşmanlıq nəğmələri.
Və sonda:
Kitabın öncədən sifarişi üçün müəlliflə əlaqə saxlaya bilərsiniz, metrolara çatdırılma var.
Əlaqə nömrəsi: 055-519-35-75
“Ədəbiyyat və incəsənət”
(20.10.2025)
Gənclər Kitabxanasında Müstəqilliyin Bərpası Günü ilə əlaqədar silsilə materiallar hazırlanıb
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü ilə əlaqədar silsilə materiallar – “Müstəqilliyimizin bərpası ən böyük nailiyyətimizdir” adlı daycest, virtual və ənənəvi kitab sərgiləri hazırlanıb.
“Ədəbiyyat və incəsənət” portalına Kitabxanadan verilən məlumata görə, hazırlanan materiallarda Azərbaycan dövlətçiliyinin müstəqillik tarixi, qurucuları haqqında məlumatlar əks olunur. Daycestin “Rəsmi sənədlər” hissəsində Ümummilli Lider Heydər Əliyevin “18 Oktyabr - Dövlət Müstəqilliyi Gününün Azərbaycan Respublikasının dövlət bayramı kimi qeyd edilməsi haqqında” 15 oktyabr 1994-cü il tarixli Fərmanı, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin “Müstəqillik Günü haqqında” 15 oktyabr 2021-ci il tarixli Qanunu təqdim edilir. Kitabxana əməkdaşları tərəfindən hazırlanan materialda görkəmli şəxslərin müstəqillik haqqında söylədikləri dəyərli fikirlər, “Ümummilli Lider Heydər Əliyev müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusudur”, “Heydər Əliyev yolunun davamçısı” kimi məqalələrin tam mətni, dövlət rəmzləri haqqında məlumatlar əks olunur. Kitabxananın rəsmi saytında https://www.ryl.az/funds/daycest yerləşdirilən materialda Azərbaycanın müstəqillik tarixindən, onun bərpası və mahiyyətindən bəhs edən 2017-2025-ci illərdə dövrü mətbuatda dərc edilən məqalələrin təsviri, qısa məzmunu və elektron mənbələri istifadəçilərə təqdim olunur. Daycestdə məqalələr illər üzrə, daxildə isə əlifba ardıcıllığı ilə verilir.
“18 Oktyabr - Müstəqilliyin Bərpası Günü” adlı virtual sərgidə bir sıra rəsmi sənədlərin, “Müstəqilliyimiz əbədidir” nəşrinin 38 cildi ilə yanaşı “Heydər Əliyev. Müstəqillik yolu”, “Müstəqillik yollarında: Liderlik missiyası” kimi kitabların, “Müstəqillik yollarında: Heydər Əliyevdən İlham Əliyevə”, “18 oktyabra aparan yol”, “Müstəqilliyimizin memarı” kimi məqalələrin tam mətni təqdim edilir. Virtual kitab sərgisi kitabxananın rəsmi saytında https://www.ryl.az/multimedia/18-oktyabr-musteqilliyin-berpasi-gunu-1 yerləşdirilib.
Kitabxanada 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü ilə əlaqədar ənənəvi kitab sərgisi də hazırlanıb. Sərgidə müstəqillik və Zəfər tarixindən bəhs edən kitablar, dövri mətbuat nümunələri və kitabxana əməkdaşları tərəfindən hazırlanmış “Müstəqilliyimizin bərpası ən böyük nailiyyətimizdir” adlı daycest sərgilənməkdədir.
“Ədəbiyyat və incəsənət”
(18.10.2025)


