Super User
"Türk" etnonimi və törələri haqqında – Nizami Cəfərov
“Ədəbiyyat və incəsənət” portalı akademik Nizami Cəfərovun yazıçı, publisist Yunus Oğuzun "Türk" etnonimi və törələri haqqında” adlı yeni kitabı barədə qeydlərini diqqətinizə çatdırır.
Yalnız məşhur romanları ilə deyil, vaxtaşırı apardığı akademik araşdırmaları, elmi- publisitik yazıları ilə də türk tarixinin qaranlıq, mübahisəli tərəflərinə bu və ya digər dərəcədə aydınlıq gətirməyə çalışan (və geniş ictimai maraq doğuran) Yunus Oğuz oxucuların müzakirəsinə (bundan öncə onun "Qədim Anadolu və Azərbaycan türkləri", "Türkün tarixinə yeni bir baxış", "Türkün gizli tarixi", "Qədim türklər və passionarlıq nəzəriyyəsi L.N.Qumilyovun tədqiqatlarında" kitabları nəşr edilmişdir. Bunlardan ikisi Elm və Təhsil Nazirliyinin qərarı ilə ali məktəblərdə dərs vəsaiti kimi nəzərdə tutulub) məzmun-mündərəcə etibarilə kifayət qədər siqlətli yeni bir əsər vermişdir ki, burada ən azı üç ciddi problem diqqət mərkəzinə çəkilməkdədir.
Onlardan birincisi "türk" sözünün etimologiyasıdır. Bu barədə çox yazılmış, çox deyilmiş, dünyanın bütün görkəmli türkoloqları "türk" sözünə öz interpretasiyalarını izhar etməyə ehtiyac duymuşlar. Və nəticə etibarilə, türk"ün a) "igid", "hünərli", "cəsarətli", b) "gözəl", "ürəyəyatan", "könülaçan" və c) "törəli", "qanun- qayda sevən" və "qanun- qaydaya riayət edən" mənalarını bildirdiyi qənaətləri yayılmışdır. O da məlumdur ki, "türk" sözünün tərkibi "t + r" və "k" hissələrindən ibarətdir: "tar", "tor", "tur" "tür" və s. kökü ilə "ıq", "ik", "uq", "ük" şəkilçisi. Sözün kökü məna dəyişikliklərinə həddindən artıq həssas olmuş, şəkilçi isə sadəcə mücərrədlik bildirmişdir.
Yunus Oğuz "türk" etnoniminin həm Mahmud Kaşğarinin "Divan"ındakı, həm də "Qədim türk sözlüyü"ndəki izahlarını xatırlatdıqdan sonra, ən yeni dövr türkoloqlarının mülahizələrini nəzərdən keçirir. Və "türk"ün ən qədim dövrlərdən müxtəlif mənbələrdə əks olunmuş "törəmələr"ini göz önünə gətirir: turuk, tarku, turşa, etrusk, turça, turkha, türkü, tursü, turka, türkilinq,turoba (Troya), turçi, trek, turça, Turan və s. və i.
Mənə məlum olduğu miqyasda ilk dəfədir ki, Yunus Oğuz "türk" etnoniminin daxil olduğu etnoqrafik- mədəni sferanın anlayış- konseptlərini də tədqiqata cəlb edir ki, buraya, ilk növbədə, "el", "oba", "bil", "tağ" və s. aiddir. Heç şübhə yoxdur ki, həmin istiqamətdəki araşdırmalar "türk" etnoniminin ideya- məzmununun daha aydın təsəvvürünə müəyyən imkanlar açacaqdır.
Müəllifin toxunduğu ikinci problem Avrasiyanın Qərb ucqarlarındakı türk toponimləridir ki, bunlar Strabonun "Coğrafiya"sından, yəni son dərəcə mötəbər bir mənbədən gətirilir: Alp, Apatur, Arvak, Asta, Atamon, Evbey, Bardul, Dondar, Etrusk, Kimmer, Kenoba, Onoba, Salar, Salqan, Arat, Bark, Qarpak, Azan, Temen və s.
Həmin mənbədə türkçülüyün ilk baxışdan "zəmanət verən", ancaq təbii ki, müfəssəl araşdırma tələb edən bir sıra etnonimləri də var: akuti, albiy, albula, ana, araq, asay, atak, bat, duriy, taq, tavr və s. və i.
Yunus Oğuzun türkşünaslıq araşdırma üslubudur ki, faktları bol- bol sadalamaqla öz fikrini, mövqeyini bu və ya digər "nəzəriyyə"yə ehtiyac duymadan bildirir: deyir ki, türklər hər hansı halda Qərbi Avropada olmuşlar!..
Əsərdə diqqət mərkəzinə çəkilən üçüncü problem türklərin Avrasiya boyu Şərqdən Qərbə, yoxsa Qərbdən Şərqə hərəkətidir ki, burada müəllifin məqsədi, əlbəttə, artıq çoxdan başlamış bir ideyaya (konsepsiyaya!) dəstək verməkdir. Belə ki, türklərin "xalqların böyük köçü"ndən - ilk orta əsrlərdən çox- çox əvvəl Qərbdən Şərqə də axınları olmuşdur... Yunus Oğuz tamamilə haqlıdır ki, bu axınlar Qərbi Avrasiyadan (İspaniyadan) da ola bilərdi, Ön Asiyadan (Şumerdən) də... Burada söhbət, Yunus Oğuzun böyük bir ehtiramla həmişə istinad etdiyi L.Qumilyovun sözləri ilə desək, sosiosferin yox, biosferin verdiyi imkanlardan gedir. Yəni xalqların köç hərəkətlərinə (və hərəkatlarına) cəmiyyətdən daha çox təbiət təkan verir. İqlimin dəyişməsi elə güclü bir amildir ki, xalqların ruhundakı "vətən sevgisi"ni çox çəkmədən xoş bir xatirəyə çevirir.
"Türk" sözünün etimologiyasından başlayıb Avrasiyanın Qərb ucqarlarındakı türk izlərinə gələn, oradan da türklərin Şərqdən Qərbə, Qərbdən Şərqə axınlarından hansının onların tarixi taleyində daha böyük rol oynadığı məsələsini bir daha müzakirə meydanına çıxaran Yunus Oğuzun növbəti əsərindəki strateji məqsəd türklüyün (və türkologiyanın) problemlərinə hansısa "məhəlli" yox, yalnız ciddi elmi- metodoloji səviyyədən yanaşmaq imkanlarını bir daha yada salmaqdan ibarətdir. Və türk tarixşünaslığı yaddaşının bu cür təzələnməsinə ehtiyacın həmişə olmasına mən heç vaxt şübhə etməmişəm. Xüsusilə dostum Yunus Oğuz kimi qüdrətli türkçünün (və istedadlı türkoloqun) nümunəsində...
Yunus Oğuz bu kitabda "türk" etnoniminin sanballı izahı ilə yanaşı ilk dəfə olaraq elmi-publisistik ədəbiyyatda islamaqədərki türk törələrindən də bəhs edir. Elmi ədəbiyyatımızda Bilgə xaqan və uyğur törələrini, Dədə Qorqud buyruqlarını qələmə alır.
Yazıçı "Türk törəsi nədir" sualına belə cavab verir: "...törə anlamı səndən yuxarıda duran, ocaq başında oturan" mənasını verir və yazılmayan, yəni şifahi olaraq ağızdan-ağıza keçən, bəylikləri, eli (dövləti) idarə edən əsas qaydalar toplumudur. Bir sözlə, müasir dildə desək, toplumda siyasi, sosial, dini, iqtisadi və digər məsələləri müəyyənləşdirən, düzən verən, yazılı olmayan hüquq qaydalarına törə deyilir". Bu çox vacibdir, çünki əgər islamdan sonra cəmiyyəti və dövləti Qurana əsaslanan şərait idarə edirdisə, islamöncəsi dövrdə türk dünyasının həyat tərzini, əsasən törələr müəyyənləşdirirdi.
Bu da çox vacibdir ki, Yunus Oğuz otuz üç türk törəsini sadalamaqla işini bitmiş hesab etmir, eyni zamanda türk törəsinin özəlliklərindən, törə qaydalarından bəhs edir, cəmiyyətdə, yaxud toplumda qadının tutduğu yerdən yazır, başqa xalqlardakı qadınların oynadığı rolla, türk toplumundakı qadınların müqayisəli analizini verir. Türk həyatında müstəsna rol oynayan qadınların (Tomris xan, Sultan Raziyyə bəyim, Türkan xatun, Möminə xatun və başqalarının) həyat tərzini qələmə alır. Eyni zamanda, o türk fəthlərindən söhbət açarkən törələrə uyğun dövlətin və cəmiyyətin idarə olunmasında türk ədalətini xüsusi vurgulayır.
Bundan başqa Yunus Oğuz çoxdan yaddan çıxmış türk dəfn törənlərindən və toy mərasimlərindən geniş yazır. Yazıçı tapınaqlar və inanclar haqqında formalaşmış fikirlərdən də yan keçmir, onların bəzilərinin hələ də toplumda tətbiq olunduğunu göstərir.
Nəhayət Yunus Oğuz bu qiymətli əsərini Bozqurd kultunun özəllikləri və türklərin yaşadığı coğrafı areal ilə bitirir. O yazır: "Göründüyü kimi dünyanın bir çox yerlərində harada yaşamasından asılı olmayaraq türk əsilli insanlar, yaxud türk dillərinə bölünən qrupların demək olar ki, hamısının bu və ya digər şəkildə simgələri (rəmzləri) Bozqurddur.
Bu altı qrup türk dilləri aşağıdakılardır..."
Ən sonda isə o türk duasının tam mətnini verməklə islamöncəsi türk dünyasına işıq salmış olur. Əminəm ki, bu əsər geniş oxucu kütləsində böyük marağa səbəb olacaq.
“Ədəbiyyat və incəsənət”
(17.10.2025)
Ali məktəb tələbələri arasında məqalə müsabiqəsində portalımızın əməkdaşı fərqlənib
Zəhra Allahverdiyeva, “Ədəbiyyat və incəsənət”
Bakı Dövlət Universiteti (BDU) və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı, “BDU könüllüləri” təşkilatının dəstəyi ilə ali məktəb tələbələri arasında “Hər qarışı Vətəndir” mövzusunda məqalə müsabiqəsi keçirilib, qaliblər müəyyənləşdirilərək mükafatlandırılıblar.
BDU-da keçirilən mükafatlandırılma mərasimində çıxış edən universitetin rektoru Elçin Babayev Qərbi Azərbaycanın əzəli torpaqlarımız, qan yaddaşımız olduğunu bildirib. O qeyd edib ki, Qərbi Azərbaycan məsələsini milli-mənəvi yaddaşımızda daha da möhkəmləndirmək üçün ali təhsil müəssisələrinin, alim və tələbələrin üzərinə böyük məsuliyyət düşür. Bunun üçün arxiv sənədləri, şəkilləri əsasında tədqiqatlar aparılmalı, Azərbaycan dövlətinin bu məsələ ilə bağlı beynəlxalq hüquq istiqamətində atdığı addımlara dəstək göstərilməlidir. Keçirilən müsabiqə də bu baxımdan çox önəmlidir. Prezident İlham Əliyev ən yüksək kürsülərdən ölkəmizin mövqeyini bəyan edir. Qərbi Azərbaycan İcması bu istiqamətdə uğurla fəaliyyət göstərir. BDU-da Erməni Araşdırmaları və Təlim Mərkəzi fəaliyyət göstərir. Son illər BDU-da Qərbi Azərbaycan Araşdırmaları Mərkəzi yaradılıb. Hazırda bir neçə fakültənin iştirakı ilə Qərbi Azərbaycanla bağlı tədqiqatlar aparılır.
Milli Məclisin deputatı Hikmət Babaoğlu, MM Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov çıxışlarında müsabiqənin əhəmiyyətini vurğulayıblar. Qeyd olunub ki, milli yaddaşın və tarixin öyrənilməsində ədəbiyyat çox təsirli vasitədir. “Hər qarışı Vətəndir” mövzusunda məqalə müsabiqəsi tarixi yaddaşa qayıdış yolunda önəmli vasitədir.
Sonda müsabiqənin qalibləri mükafatlandırılıb.
1-ci yer. Qasım Xəlilov, BDU
2-ci yer. Hümbət Bədəlov, BDU
3-cü yer, Nigar Xanəliyeva, SDU.
Azərbaycan Dövlət İqtisad Universiteti, Odlar Yurdu Universiteti, Azərbaycan Dillər Universitetinin tələbələri Aygün Fərzəliyeva, Yasin Salehov və Rahilə Məmmədova isə həvəsləndirici mükafata layiq görülüblər.
Xatırladaq ki, Nigar Xanəliyeva portalımızın əməkdaşıdır, hazırda Türk Mədəniyyəti və İrsi Fondu ilə portalımızın birgə Türk dünyası ünlüləri layihəsini icra edir.
Sonda bütün mükafatçıları, o cümlədən Nigar xanıma elmi və yaradıcı fəaliyyətlərində uğurlar arzu edirik!
“Ədəbiyyat və incəsənət”
(17.10.2025)
Sosial medianın ulduzu – Kəramət Böyükçöl
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Əlbət ki sosial mediada Kəramət Böyükçöl adı çox məşhurdur. Facebook-da statusunu 1000 plyus adam oxuyur, internet televiziyalarında müsahibəsini 20-30 min insan izləyir. Statusman kimi daha məşhurdur. Amma “yazıçı Kəramət Böyükçöl” kimi təqdim edilir, demək, yazıçılarımız arasında Çingiz Abdullayevdən sonra ən məşhurudur
Kəramət Böyükçöl 17 oktyabr 1987-ci ildə İmişli rayonunun Əliqulular kəndində anadan olub. Atası, məşhur şair Qəşəm Nəcəfzadə tələbə yoldaşı və şair Kəramət Şükürovun adını ona qoyub. Səbail rayonu 51 saylı orta məktəbi bitirib. 2007–2011-ci illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsində təhsil alıb. 2010-cu ildə Azərbaycan Yazıçılar Birliyinə üzv olub. 11 noyabr 2015-ci ildə sərt tənqidləri və çıxışları səbəbilə Azərbaycan Yazıçılar Birliyinin üzvlüyündən kənarlaşdırılıb.
Kəramət Böyükçöl üzvlükdən kənarlaşdırılqdan sonra da davamlı olaraq Azərbaycan Yazıçılar Birliyini və onun üzvlərini tənqid edir. O, koronavirus dönəmində - 18 avqust 2020-ci ildə kirayə qaldığı evdə sərxoş halda "Facebook" hesabından açdığı canlı yayımda hökuməti sərt tənqid edərkən bir günlük həbs həyatı da yaşayıbdır, bir gün sonra sərbəst buraxılıb və xəstəxanada məcburi müalicəsinə başlanılıb.
"YouTube" kanalında "Kəramətinə şükür" adlı həftəlik proqram hazırlayıb və bu proqramda siyasi və ictimai mövzular müzakirə edilib. 7 oktyabr 2021-ci ildə sağlamlıq problemləri ilə əlaqədar olaraq təkrar məcburi müalicə üçün Bakı Şəhər Narkoloji Dispanserə yerləşdirilib və 3 həftə sonra, 26 oktyabr 2021-ci ildə müalicəsini tamamlayaraq buraxılıb.
2023-cü ildə "Elçibəyin sirri" adlı kitabını oxucularına təqdim edib
Uzun müddət fəaliyyətini səyyar kitab satıcısı kimi davam etdirib, 31 yanvar 2024-cü ildə Kerazon adlı kitab mağazasını açıb. O, daha sonra bu mağazanı bağlayıb və"yeriyən kitab mağazası" ilə ölkənin regionlarında kitablarının satışını təşkil edib.
O, 2025-ci ilin avqustundan "Böyükçöl" adlı mikroavtobus səyyar kitab evini açıb.
Kitabları
1. Çatlamış fincan
2. Çöl
3. Səkkizinci gün
4. Məni kim tapa bilər?
5. Əlqəmə
6. Səs
7. Fərarinin həyat sevgisi
Və mütləq onu da deyim ki, Kəramətin status tənqidindən qorxan əksər məmur kitab festivallarında qapı ağzında stol qoyub kitab satan Kəramətin kitabını almağa minimum 50 manatlarından keçirlər.
“Ədəbiyyat və incəsənət”
(17.10.2025)
Kann kinofestivalının laureatı olan azərbaycanlı rejissor
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Anadan olmasının 110-cu ildönümü olan operator və həm rejissru tanıyaq və anaq. Kinomuzun inkişafında xeyli xidmətləri olubdur. Özü də, nəzərə alaq ki, sovetin ən ağır illərində yaşayıb yaradıbdır. Haqqında çox az məlumat var. Amma bu az məlumatlardan məlum olur ki, SSRİ dönəminin say-seçmə rejissorlarından olub, Lenin mükafatı alıb, Xalq artisti adı alıb, bunlar da bir yana, Kann kinofestivalının laureatı da olub.
Cavanşir Məmmədov 17 oktyabr 1915-ci ildə Lənkəranda anadan olub. 1937-ci ildə Aşqabad Kino Texnikumunu bitirib. Kinoda operator şagirdi (1932), operator köməkçisi, operator assistenti (1934), II dərəcəli operator (1935), II operator (1938), xronikal filmlər üzrə I dərəcəli operator dərəcələrinə yüksəlib.
1937-ci ildə Aşqabad kinostudiyasında operator işləyib. Müharibə illərində Mərkəzi Sənədli Filmlər Studiyasının operator qrupunda fəaliyyət göstərib. 1950–1960-cı illərdə Bakı kinostudiyasında 12 sənədli film çəkib. 1960-cı ildən Mərkəzi Elmi-Kütləvi Filmlər Studiyasında ("Sentrnauçfilm") "Kino Səyahəti" almanaxının yaradıcılarındandır.
Filmoqrafiya
Rejissor kimi
1. 416-cı (film, 1942) (qısametrajlı sənədli film)
2. S. M. Kirov adına körfəzdə (film, 1954) (qısametrajlı sənədli film)
3. Keçmişin şahidləri (film, 1956) (qısametrajlı sənədli film)
4. Təbiətin dostları (film, 1958) (qısametrajlı sənədli film)
Operator kimi
1. 416-cı (film, 1942) (qısametrajlı sənədli film)
2. Xəzər dənizçiləri (film, 1944) (tammetrajlı sənədli film)
3. Əbədi odlar ölkəsi (film, 1945) (tammetrajlı sənədli film)
4. Sovet Azərbaycanı (film, 1950) (qısametrajlı sənədli film)
Adlar və mükafatlar
1. Kann festivalının mükafatı
2. "Dənizi fəth edənlər" və "Xəzər neftçiləri haqqında dastan "filmlərinə görə Lenin Mükafatı
3. "Türkmənistanın əməkdar incəsənət xadimi" fəxri adı
4. "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı
5. "Azərbaycan SSR xalq artisti" fəxri adı (1 dekabr 1982)
1997-ci ildə Moskvada vəfat edib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(17.10.2025)
Şərlənmə, həbs, Parkinson xəstəliyi, yaddaşını itirmə...
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Haqqında danışacağım şəxs çox keşməkeşli həyat yaşayıb. Çingiz Ələkbərzadəni deyirəm. Məşhur yazıçı Əbülhəsənin oğlunu. Müğənnilər Sevda Ələkbərzadə və Elmira Ələkbərzadənin atasını..
O, 1936-cı il oktyabrın 17-də Bakı şəhərində anadan olub. Tovuz şəhərindəki A.S.Puşkin adına şəhər orta məktəbini bitirib. Musiqini, mahnı ifaetməyi çoxsevirmiş, gözəlsəsiolub. Ailəsində qurduğuməclislərinhamısında şeirvə musiqilərifaetməyixoşlayıb. “Leylivə Məcnun” poemasındanxeylihissəni əzbərsöyləyərmiş.
ADU-nun filologiya fakültəsində təhsil alıb. Tələbəlik dövründə "Kökəlməyin sirri" hekayəsi almanaxda dərc olunub. Bundan sonra dövri mətbuatda müntəzəm çıxış edib. Əmək fəaliyyətinə Əli Bayramlı rayonundakı 2 saylı orta məktəbdə müəllim kimi başlayıb.
Ailədə iki qardaş olublar. Qardaşı otuz yaşında rəhmətə gedib.
Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri komitəsində son xəbərlər redaksiyasında işləyib. İsmayıllı rayonundakı İvanovka kəndində müəllim, Əli Bayramlı rayonunda "İşıq" qəzeti redaksiyasında məktublar şöbəsinin müdiri, İsmayıllı rayonunda "Zəhmətkeş" qəzeti redaksiyasında məktublar şöbəsinin müdiri, Azərbaycan SSR Televiziya və Radio Verilişləri komitəsində "Günün səsi" xəbərlər baş redaksiyasında müxbir olub.
Elə həbsxana həyatına səbəb də jurnalistika fəaliyyəti olubdur.
Özü isə 49 yaşında şərlənərək həbs olunub. Qızı Sevda Ələkbərzadə müsahibələrinin birində belə deyir: “Nə qədər ki, babam sağ idi, atama toxuna bilmirdilər. Özləri də etiraf edirmişlər ki, nə qədər, Əbülhəsənin nəfəsi gedib-gəlir, biz onun oğluna əl vura bilmərik. Babam rəhmətə getdi, qırxı çıxmamış atamı həbs etdilər. Atam öz atasının qırxına gələ bilmədi. Atam jurnalist idi. O vaxtlar da bir kanalda nəsə xoşagəlməyən material gedirdisə, hər şey bitirdi. Atam da, yəqin ki, kiminsə xoşuna gəlməyən süjet hazırladı, onu efirə verdi ki, ona qarşı belə davrandılar. Biz, əslində, onun həbs olunmasının təfərrüatlarını, kim tərəfindən təşkil olunmasını da bilirik”.
Yazıçıya on iki il iş kəsilsə də, sonradan günahsız olduğu məlum olur və o, iki ildən sonra azadlığa çıxıb. Gözlədiyi bəraəti alıb. Lakin, o, həbsdən sonra tamamilə dəyişib, əsəbi, qapalı insana çevrilib. Stressdən, əsəbdən səhhətində problem yaranıb, parkinson xəstəliyinə tutulub.
Məhkəmə zamanı onun üzünə durmaq üçün on altı yalançı şahid tuturlar. Ən yaxın dostlarından biri, uzun illər onun operatoru kimi işləmiş, ailə üzvlərindən birinə çevrilmiş insan da həmin şahidlərin içərisində olur və yazıçının əleyhinə ifadələr verir. Çingiz Ələkbərzadə həbsdən çıxandan sonra isə həmin adam onlara gələrək yazıçının qarşısında diz çöküb bağışlanmasını istəyərək deyir: “Məni bağışla, başıma silah dayamışdılar ki, sənin üzünə durum. Mən də həyatımdan qorxdum, nə edə bilərdim?”Bu sözlərdən sonra Çingiz Ələkbərzadə keçmiş dostunu bağışlayır.
Yazıçı həbsdən çıxandan sonra “Türmə mənim ahımdır” şeirlər kitabı və həbsxana həyatından bəhs edən “Zindan” adlı roman yazır. Kitabın üz qabığı üçün şəkil çəkdirmək lazım gələndə o, ailəsinin narazılığına baxmayaraq saçlarını həbsdəki kimi dibindən qırxdırıb şəkil çəkdirir və deyir: Orda həyat necədirsə, mən də onu elə göstərməliyəm. 30 min tirajla çap olunan roman qısa zaman ərzində satılır.
Qızı Sevdanın müğənni olmasını istəməyib. Buna görə ailə daxilində xeyli mübahisələr yaşanıb. Lakin, o, nəhayət qızının müğənni olmasına razılıq verib. Xasiyyətcə kövrək olan Çingiz bir dəfə hamıdan xəbərsiz qızının ifasında "Laçın" mahnısını dinləyib ağlayır. Qızı Sevda atasının ağlamağını görsə də, bu barədə ona heç vaxt heç nə deməyib.
Anası rəhmətə gedən zaman yazıçı həbsdə olur. Bu xəbəri ondan gizlədirlər. Ailəsi onunla görüşə gedəndə həyat yoldaşı Çingizə evdən gətirdiyi plovu verir. Çingiz dərhal ona belə deyir: “Gətirdiyin aş anamın ehsanıdır. Gecə yuxuda çoxlu çay daşlarının qəbirdaşına çevrildiyini görmüşəm. Məni aldatmayın, bilirəm ki, anam artıq yoxdur”.
Kitabları
1. Yarpaqlar töküləndə
2. Güllələr dənizdə sönür
3. Qızıl yəhərli at
4. Çılpaqlı (roman)
5. Vulkan (povest və hekayələr)
6. Öndən
7. Qumarbaz.
8.“Türmə mənim ahımdır” (şeirlər)
9.“Zindan”
Filmoqrafiya
1. Günlərin bir günü...
2. Vulkana doğru
Ölümündən bir müddət əvvəl “Mən kiməm?” adlı bioqrafik roman yazmağa başlasa da, yarımçıq qalıb. O, kitabdan yalnız bir neçə səhifə yaza bilib.
Ömrünün son günlərində yaddaşını itirib. Ölənə yaxın isə gözlərini açaraq övladlarına baxıb deyir: “Qorxmayın, gedirəm. Amma hər şey yaxşı olacaq".
7 yanvar 1999-cu ildə vəfat edib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(17.10.2025)
Əvvəllər mənə desəydilər ki, tanınmış aktrisa olacaqsan, bəlkə də, gülərdim
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Əgər haqqında rəsmi danışsaq, sənəd dili ilə qeydlər aparası olsaq, belə bir mənzərə yaranar: Aktrisa Pərvin Abıyeva 17 oktyabr 1990-cı ildə Ağdaşda anadan olub. Bu gün yubileyidir, 35 yaşı tamam olur.
Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. İlk dəfə "Qarabağnamə" filminə çəkilib. 2012-ci ildə isə "Həyat Varsa" serialına çəkilib. 2013-cü ildə "Oğurlanmış arzular" teleserialında baş rol alıb. 2014-cü ildə "İkinci Bahar" serialıdada baş rolda oynayıb. 2015-ci ildə "Tufanlı Səma" serialında Anar Heybətovla baş rolda oynayıb. Həmin il "Gecə Qonağı" filminə çəkilib. "Ay Brilliant" adlı komedik filmində də çəkilib. 2017-ci ildə "Bacanaqlar" serialında Delya rolunu alıb. Hal hazırda "Dəmir Qazan" və "Gecə Qonağı 2" filmlərinə çəkilir.
Filmoqrafiya
1. Həyat varsa...
2. Qarabağnamə
3. İkinci bahar
4. 4.1 şəhər motivləri
5. Ay brilyant
6. Oğurlanmış arzular
7. Gecə qonağı
8. Tufanlı səma
İndi isə, necə deyərlər, maqazin xəbərlərinə keçid alaq. Bundan ötrü, onun müsahibələrinə nəzər salırıq.
Bir müddət əvvəl karyerası üçün Türkiyəyə köçən aktrisa Pərvin Abıyeva orada "Astral həyat" adlanan ekran işində rol alıb. Lakin o yenidən vətənə qayıdıb.
Pərvin Abıyeva şəxsi həyatı barədə belə danışır:
“Uşaq vaxtı müğənni olmaq istəyirdim. Amma 16 yaşıma gəldim, artıq həvəsim olmadı. Çünki həmin vaxt nişanlandım. Daha sonra ayrılıq oldu. Sırf onun acığına mən bu sənətə gəldim. Bir çox xoşagəlməyən hərəkətlərini görürdüm. Ona görə də, o nəyi qadağan edirdi, nəyə icazə vermirdi, onu elədim. Məşhur olmağımı istəmirdi, onun acığına oldum. İtirdiyim bir şey var - ailə. Yaxşı ki, onunla evlənməmişəm, çox şükür. Qohumlarım məşhur olmağımı istəmirdi. Amma sonra mən məşhurlaşdıqca bunu qəbullandılar, hətta deyirdilər ki, Pərvini göstərsəydilər, baxardıq”.
Bəs niyə ayrılıb?
“17 yaşında nişanlı qız idim. 19 yaşımda toyumun olacağını bilirdim. O şəxs mənim məhəbbətim deyil, ailəmin qərarıydı. Ən çox anam istəyib ki, mən o insanla ailə qurum. Lakin alınmadı. Məlum oldu ki, həmin insan həm evil, həm nişanlı olub. Həyatında xeyli qadın olub. Bu səbəbdən də münasibət alınmadı. Bədbəxt olsam belə o, insanla ailə qurmağa hazırlaşırdım. Daha sonra işə girdim, həyatım dəyişdi və ayrıldıq".
Sosial şəbəkələrdən nə qədər qazanc əldə edir?
“TikTok” sosial şəbəkəsinə qatıldığı ilk ay 35-36 min dollar (təxminən 59 500-61 200 AZN) qazandığını bildirib.
Pərvin bu onlayn platformadan gündəlik 2-3 min dollar (təxminən 3 400-5 100 AZN) gəlir əldə etdiyini də deyib.
Niyə tənqid edilir?
Sosial şəbəkədə tez-tez tənqid və təhqir olunan Pərvin Abıyeva əsəbi statuslar yazır. O tənqid və təhqir olunmağının səbəbini nədə görür?
“Göz önündəyəm, reytinqim çoxdur. Sevənlərim qədər sevməyənlərim də var. Adətən, qadın qadına paxıllıq edir, gözü götürmür. Qadınlar qala-qala kişilər məni təhqir edirlər. Bu hallar mənə təsir edir. Bəzən isə tanınmış şəxslər bir-birini təhqir etdirir. Bir dəfə belə bir hadisənin şahidi oldum. Tanınmışlardan biri həmkarını başqa profillə təhqir edirdi. Ondan niyə bu addımı atdığını soruşanda susdu. O şəxsə dedim ki, mənim də başıma belə hadisə gəlsə, səndən şübhələnərəm. O olay məni şoka salmışdı.
Sosial şəbəkədə fotonu insanların rəyini öyrənmək üçün paylaşırsan. Lakin artıq-əskik şərhlər görəndə əhval-ruhiyyəm pozulur. Mənə deyilən sözlər təsir etmir, təhqir edən şəxsi əngəlləyirəm. Valideynlərimi, ailəmi təhqir edirlər, onlara toxunmaq qəbul edilməzdir. O şəxsləri bağışlamayacağam”
Pərvin Abıyevanın həyatında kimsə var?
“Şəxsi həyatım haqda danışmaq istəmirəm. Media nümayəndələrindən də xahiş edirəm ki, mənə belə suallar verməsinlər. Düzdür, nişanlımdan ayrılmışam. Hazırda həyatımda heç kim yoxdur. Bundan başqa heç nə deyə bilmərəm.
İlk məhəbbətim çox olub. Hansı birini deyim? Mən gözəllik xəstəsiyəm. Fərqi yoxdu, qız ya oğlan. Keçmişimə ilişib qalan insan deyiləm. Gələn gedəni unutdurur. Həmişə gələcəyimə baxıram. Həyatımda biri var. Onu uzun müddətdir sevirəm”
Gündəmdə olmaq üçün açıq-saçıq şəkillər paylaşır?
“Mən gündəmdə olmaq üçün nəsə etməmişəm. Özüm də bilmədən şou-biznesin içinə girmişəm və gündəmi zəbt eləmişəm. Əvvəllər mənə desəydilər ki, Azərbaycanda tanınmış aktrisa olacaqsan inanmazdım. Bəlkə də, gülərdim”.
Həyatının anidən dəyişdiyini qeyd edən Pərvin əvvəllər menecer işlədiyini, mal sağa bildiyini, yaxşı yemək bişirmək qabiliyyətinin olduğunu da söyləyib.
Pərvin Abıyevanın bacı-qardaşı var?
“Ailədə ortancılam. Məndən böyük bir bacım, özümdən altı yaş balaca bir qardaşım var”.
Harda yaşayır?
“Əvvəlcə torpaq alıb, sonra üzərində bağ evi tikmişəm. Mən o bağ evini yavaş-yavaş tikdirmişəm. Gedim böyük bir məbləğ verim və o evi hazır alım... Mənim o gücüm olmayıb. Nə yalan deyim!? Əvvəlcə torpaq almışam. Hissə-hissə, yavaş-yavaş tikdirmişəm. O ev 2-3 il ərzində başa gəlib. Mən bunu afişa etmirdim. Çünki niyə edim ki, ay millət baxın “Qarğa məndə qoz var” ev tikirəm. Bu bir az da görməmişlikdir. Onu da çıxardıb bəzi müğənnilərimiz, aktrisalarımız kimi... Onlar kimi birdən-birə çıxım deyim ki, baxın mən bağ evi almışam. Mən bu kimi şeyləri sevmirəm. Olanı və olmayanı var. Nə qədər evində ac yatan, balasına çörək apara bilməyən insanlar var. Onlara mən başa sala bilmərəm ki, necə bunu, hansı əziyyətlərlə etmişəm və neçə müddətdə ərsəyə gəlib. Ona görə də bu şeyləri alışdıra-alışdıra, yavaş-yavaş çalışıram edim. Onsuz da mənə qarşı aqressiya çoxdur, bu şeylərə görə daha da çox olmasın”.
Seriala neçəyə çəkilir?
“Gələn təkliflərdən imtina edirəm. Burada tək faktor verilən qonorar deyil. Ssenari də mənim üçün çox vacib məsələdir. Yeni gələn aktrisa deyiləm ki... Çəkilmək və görsənmək naminə hansısa ekran işinə “Hə” deyə bilmərəm. Hələ qurd ürəyi yeyib mənə filmə və ya seriala çəkilmək üçün aylığıma 500 manat qonorar təklif edən olmayıb. Aktyorların ən böyük səhvi odur ki, özlərinə layiqli dəyəri və qiyməti qoymurlar. Günü 50 və 100 manata çəkilən aktyorlar var. Ona görə bu da təsir edir. Aktrisalığı atmamışam. Gözəl iş, ssenari və yaxşı pul, qonorar istəyirəm”
“Ədəbiyyat və incəsənət”
(17.10.2025)
Gənc və istedadlı aktyor
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Teatrımızda və kinomuzda gənc və istedadlı aktyorlar yetərincədir, bəzən biz tamaşanı, filmi izləyirik, oradakı məşhur, hamı tanıyan aktyorların kimliyini bilirik, amma heç maraqlanmırıq ki yeni adlarla da tanış olaq. Halbuki, ümidverici gənclər diqqətə layiqdirlər və buna ehtiyac da duyurlar. Diqqət qazanmaq onları faha yaxşı çalışmağa ruhlandırır həm də.
Azərbaycanın əməkdar artisti Rasim Cəfərovdan danışaq. Niyə məhz ondan? Çünki dediyimiz istedadlı və gənc zümrəsinə aiddir, üstəlik, bu gün onun doğum günüdür.
Rasim Cəfərov 17 oktyabr 1978-ci ildə anadan olub. ADMİU-nun dram və kino aktyorluğu fakültəsində təhsil alıb (Əliabbas Qədirovun kursunda, 1996–2000). 1996-cı ildə Akademik Milli Dram Teatrında epizodik çapar rolunda səhnəyə çıxıb. Daha sonra 2003-cü ilə qədər Azərbaycan Dövlət Pantomim Teatrında çalışıb.
İlk dəfə kinoya gəlişi Murad İbrahimbəyovun "Üç qız" filmilə olub. Hazırda Gənc Tamaşaçılar Teatrının və Azərbaycan Dövlət Yuğ Teatrının aktyorudur. 29 iyul 2016-cı ildə Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülüb
Teatr səhnəsindəki rolları
- Azərbaycan Dövlət
Pantomim Teatrı
1. "Şəngülüm, Şüngülüm, Məngülüm"
2. "Şərqə səyahət"."Pantomim buketi"
3. "Zibillik pərvanələri"
4. "Eşq"
- Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı
1. "Pəri-Cadu" — Təlxək əcinnə
2. "Çəkməli pişik"
3. "Tıq-tıq xanım" — Siçan bəy, keçi
4. "Şelkunçik"
5. "Pələng ili" — Ağa
Filmoqrafiya
1. Salur Qazanın evi talandığı boy
2. Epizod
3. Manqurt
4. Oyun
5. Ana qaz
6. Üç qız
“Ədəbiyyat və incəsənət”
(17.10.2025)
"QIZIL ALMA" LAYİHƏSİ - Ən məşhur türk dövlət xadimləri - I Qılınc Arslan -
Türk Mədəniyyəti və İrsi Fondu ilə Azərbaycan Ədəbiyyat Fondunun “Ədəbiyyat və incəsənət” portalında yayımlanan birgə Qızıl alma layihəsində Ən məşhur türk dövlət xadimləri, Ən məşhur türk mədəniyyət xadimləri və Ən məşhur türk elm xadimləri təbliğ olunur. Həm Azərbaycanda, həm də Türkiyə, Qazaxıstan və Özbəkistan kimi türkdilli ölkələrdə yayımlanan layihə türk mədəniyyəti və irsinin təbliği baxımından əhəmiyyət daşımaqdadır.
Bu günkü söhbətimiz Ən məşhur türk dövlət xadimlərindən biri - I Qılınc Arslan barədədir.
Layihənin koordinatoru: Nigar Xanəliyeva
Növbəti təqdim edəcəyimiz şəxsiyyət uzaq 12-ci əsrdə yaşayıbdır. Onun türk dünyası qarşısında xidmətləri az deyil. Türklərin yeni coğrafiyalar fəthində, türk etnosunun formalaşmasında, türkdilli mədəniyyətin təşəkkül tapmasında xidmətləri böyükdür.
I Qılınc Arslan (təxmini 1107–1157) Səlcuq imperiyasının önəmli hökmdarlarından biri olmuşdur və xüsusilə Anadolu Səlcuqlarının siyasi və hərbi möhkəmlənməsində mühüm rol oynamışdır. O, Səlcuq dövlətinin mürəkkəb daxili və xarici siyasətində bacarıqlı hökmdar kimi tanınır və onun fəaliyyəti həm dövlət idarəçiliyi, həm də hərbi strategiya sahəsində nümunəvi hesab olunur.
Qılınc Arslan taxta çıxanda Səlcuq dövləti daxili parçalanmalar və xarici təhdidlər qarşısında idi. O, dövlət aparatını möhkəmləndirərək, iqtidarını mərkəzləşdirmiş, vilayətlərdə təyin etdiyi sadiq idarəçilər vasitəsilə mərkəzi hakimiyyətin nüfuzunu artırmışdır. Hökmdarlığı dövründə qanun və ədalət prinsiplərinə xüsusi diqqət göstərmiş, xalqın rifahını təmin etmək üçün müxtəlif inzibati tədbirlər həyata keçirmişdir.
O ən çox hərbi bacarığı və strateji zəka ilə tanınır. O, Bizans imperiyası ilə sərhədlərdə mübarizə aparmış, həmçinin digər Türk tayfaları və ərəb dövlətləri ilə diplomatik əlaqələri balanslı şəkildə idarə etmişdir. Onun dövründə Səlcuq ordusu həm süvari, həm piyadə və həm də mühasirə texnikası baxımından gücləndirilmişdir. Bu strategiya nəticəsində Anadolu üzərində Səlcuq hakimiyyəti daha möhkəm şəkildə formalaşmış və genişlənmişdir.
Hökmdar yalnız hərbi və siyasi fəaliyyətlə kifayətlənməmiş, həm də mədəniyyət və elmə diqqət göstərmişdir. Onun himayəsi ilə mədrəsələr, məscidlər və karvansaralar tikilmiş, dövlətin dini və mədəni həyatının inkişafına şərait yaradılmışdır. Bu dövr Səlcuq dövləti üçün həm siyasi sabitlik, həm də mədəni intibah dövrü kimi qiymətləndirilir.
I Qılınc Arslan Səlcuq imperiyasının güclənməsində və Anadolu Səlcuqlarının möhkəmlənməsində əsas fiqurlardan biri olmuşdur. Onun hökmdarlığı dövründə dövlət idarəçiliyi, hərbi strategiya və mədəni inkişaf sahəsində həyata keçirilən tədbirlər Səlcuqların uzunmüddətli varlığına zəmin yaratmışdır. O, tarixdə bacarıqlı hökmdar, strateq və dövlət xadimi kimi yadda qalmışdır.
“Ədəbiyyat və incəsənət”
(17.10.2025)
“İnsan haçan unuduldusa, bu onun ölümüdür” - MÜSAHİBƏ
“Ədəbiyyat və incəsənət” portalının Ən maraqlı müsahibələrimiz rubrikasında bu gün sizlərə AYB Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddinin ŞAİR adından başqa heç bir fəxri adı və mükafatı olmayan, işemik insult nəticəsində yaddaşını və sağlamlığını itirmiş gözəl şairimiz Məmməd İlqarla müsahibəsini təqdim edir. Müsahibənin götürülməsi tarixi düz bir il öncəyə təsadüf edir.
Mənim təcnis dostum, gəraylı dostum,
Yaddaşı ilqarsız, ilqarlı dostum.
Sənin yaddaşının itdiyi gündən,
Mənim bütün dostlar çıxdı yadımdan.
(Sabir Sarvan)
-Necəsiz, Məmməd müəllim?
-Pis deyiləm, bala. Ancaq, heç deyəsən, yaxşı da deyiləm.
-Ağrıyan yerinizmi var?
-Yox əşi, elə ağrıyan yerim zadım yoxdu. Elə belə dedim.
-Şairlər hardan gəlib, niyə bu dünya onları sıxır, darıxdırır?
-Mən şairləri ilahiləşdirməyi sevmirəm. Bilmirəm, yaxın dostlardan kiminsə sözüdür: “Bir ananın balasıdır şairlər", mənim də qənaətim belədir.
(Oğlu Babək kömək edir: -Ağamalı Sadiq Əfəndinin sözüdür.)
Ağamalının sözüdür? Ay sağ ol. Elə Ağamalı da sağ olsun. Sual necəydi, unutdum.
(Oğlu yenə kömək edir: -Şairlər hardan gəliblər və niyə darıxırlar?)
Darıxmaq...Mənim belə bir şeirim var:
"Dünya sənin anan ölsün
Bic oğlu bic dünyasanmış.
Hayıf mənim göz yaşıma
Sən ki gülünc dünyasanmış.
Çırpındım uça bilmədim,
Barından keçə bilmədim.
Elə qapıların oldu,
-qılıqsız aça bilmədim...
Anan ölsün, gidi dünya"...
Məncə, sualınızın cavabı elə bu şeirdədir.
(Oğlu yenə düzəliş edir: "İntəhası, şeirin müəllifi sən yox, Ağamalı Sadiq Əfəndidir").
Bilirəm hə, Ağamalınındır.
(-Sən dedin, mənim şeirimdir -oğlu xatırlatmağa çalışır.)
Mən elə şey demərəm. Ağamalının şeiridir! (Qətiyyətlə deyir, həm də elə bil, əsəbiləşir oğluna.)
-Bir çox şairlər kimi Sumqayıt “sizin də ilham mənbəyiniz” olub. Burda ağlamısınız, burda sevinmisiniz. Çoxmu sevirsiniz bu şəhəri? Az da olsa, siz xöşbəxt edibmi bu şəhər?
-Hə, Sumqayıtda yaşamışam. Evimiz olub orda. İntəhası elə də çox xatırlaya bilmirəm. Məsələn, soruşsanız harda, hansı küçədə yaşamışam, xatırlaya bilmərəm. Gərək uşaqlara deyim, bir gün aparsınlar məni Sumqayıta.
(-Hal-hazırda Sumqayıtdayıq, -oğlu yenidən xatırladır.)
Doğrudan? -təəccüblənir,- Bura kənd deyil ki? Həə, elə bildim kənddəyik.
(Əliylə saçına daraq çəkib baxışlarını pəncərəyə dikir.)
Sumqayıtda gözəl günlərim olub, bilirəm. Bir başqa vaxt yadıma salıb danışaram.
-Sabir Sarvanın hansı şeirini daha çox sevirsiniz? Onu tez- tezmi xatırlayırsınız?
-Sabir dostumdu mənim. Həm də gözəl şairdi. Çoxdandı görmürəm onu. Siz görüb eliyirsinizmi onu?
(Ortalığa sükut çökür. Baxışlarını üzlərdə gəzdirib cavab ala bilməyəndən sonra əlavə edir:)
Görsəniz, salam deyin ona. Deyin, Məmməd İlqar salam deyir, tanıyacaq məni. (Dediyindən şübhəyə düşüb yenidən əlavə edir:)
Hər halda tanıyar, elə bilirəm.
-Fələyin yaxası əlinizə keçsəydi ona nə deyərdiniz?
-Fələyin yaxasının əlimə keçməyi üçün gərək əvvəlcə mənim yaxam fələyin əlinə keçə. Yəni, gərək əvvəlcə öləm.
(Üzümüzdə təbəssümü görüb o da istehzayla gülümsəyir.)
-Allah gecindən versin, deyək ki, tutalım bir gün bu baş verdi. Onda nə deyərdiniz fələyə?
(Yenə əlini daraq edib saçına çəkir. Xeyli sükutdan sonra dillənir:)
O vaxt bir şeir yazmışdım:"Məni baxtıma tapşırma", yəqin onu deyərdim.
-O şeiri bütövlüklə deyə bilərsiniz?
-Yadıma salan olsa deyərəm!
("Dağın bir üzü görünməz,
Dərdin tüstüsü görünməz"-oğlu şeirin əvvəlini xatırladan kimi qalanını özü deyir:)
"Dağın bir üzü görünməz,
Dərdin tüstüsü görünməz.
Kimsən, a gözəgörünməz?
Haqqın taxtını aşırma!
Yetər bunca sınadığın,
Çək üstümə qanadını.
Ta arzumu inadımın
Ölən vaxtına tapşırma.
Ən zulumlu dərdə tapşır,
Bu yiyəsiz yurda tapşır.
İtə tapşır, qurda tapşır-
Məni baxtıma tapşırma..."
(Şeiri bitirib içini çəkir.)
-Sumqayıt sizə nə verdi və nəyi əlinizdən aldı?
-Sumqayıt mənə dostlar verdi, Allah hamısının canını sağ eləsin. Uşaqlarım bu şəhərdə doğuldu. Aldıqlarını deyə bilmərəm, bir az çətin sualdı.
-Azərbaycan ədəbiyyatında sayılıb- seçilən imzalardsınız. Amma indiyə kimi heç bir fəxri ad və mükafat almamısınız.Bu tale məsələsidi,yoxsa?
-Yəqin ki, o dediyiniz mükafatlara, adlara layiq şeir yazmamışam hələ, ona görə. Bu gün sayıb məni axtarırsınızsa bu da mənim bəsimdi. Elə mükafat sayıram bunu. Dostlarımı da mükafat sayıram özümə.
-Həyat nədir, insan niyə dünyaya gəlir? Heç özünüzün özünüzə suallarınız olur?
-Bu sualınızın cavabı ölümdə gizlənib. Ölməmiş bu sirri faş etmək mümkünsüzdür. Ancaq insan dünyaya gəldisə bütün hallarda əxlaqlı olmalıdır. Özünü tərbiyə etməlidir. Başqalarının yaşayışına yaxşı mənada təsir etmək gücündə deyilsə, o adamlara zərər də verməməlidir. İnsanı digər canlılardan fərqləndirə biləcək əsas keyfiyyət də məncə budur.
-Şəhər rəhbərliyinin ədəbiyyata diqqətindən razısınızmı?
-Şəhər rəhbəri Şakir Abışovdumu? Mənim dostumdu.
(Qətiyyətlə deyir. Araya xeyli sükut çökür.)
(Düzəliş edirəm:)
-Xeyir, Məmməd müəllim, Zakir Fərəcovdu şəhərin rəhbəri. Şəhərimiz üçün, mədəniyyətimiz üçün xeyli işlər görüb, ədəbiyyata, sözə, sənətə dəyər verir.
(Susur)
-Eləmi, bala?
-Bəli, Məmməd müəllim.
-Nə bilim, ay bala, mən çoxdandı Sumqayıta getmirəm, kənddə oluram...
(Gözləri yol çəkir)
Elədirsə, demək onu rəhbər təyin etməkdə yanılmayıblar. İşlərində uğurlar arzulayıram Zakir müəllimin. Allah köməyi olsun!
-Sizi daha çox nə güldürür və nə ağladır?
-Üzümü nəvəm İlqar güldürür bircə, hardadı o?
(Gözü İlqarı gəzir.)
-Bəs sizi nə ağladır, Məmməd müəllim?
-Nə ağladır yox, xanım, kim ağladır soruşsaydınız mən də deyərdim Fatma (xanımını deyir) ağladır.
(İstehzayla gülümsəyir.)
- Ölüm var olmaqdı, sizcə?
- Ölümdən nə çox danışdıq (gülümsəyir yenidən). Elə ölülər var ki, aramızda yaşayır. Yəni yaddaşımızda, könlümüzdə yaşayır. İnsan haçan unuduldusa,
bu onun ölümüdür.
-AYB Sumqayıt bölməsinin işindən razısınızmı?
-Hal- hazırda heç kimdən narazı deyiləm.
-75 yaşlı gənc şəhərimizə arzunuz. Şəhərimizin 75 illik yubileyi ərəfəsində istək və təklifləriniz?
-Sumqayıtı nəzərdə tutursunuz da?
-Bəli. Bu il şəhərimizin 75 illik yubileyidir. Yeri gəlmişkən, üzümüzə gələn bu yaxın aylarda sizin də 75 yaşınız tamam olur. Bəri başdan sizi təbrik edib, uzun, sağlam ömür arzulayıram sizə.
Həmyaşıdınız sayılan doğma şəhərimizə- Sumqayıtımıza arzularınızı eşitmək istəyərdik.
-Əmin-amanlıq arzulayıram. Evlərimizdən körpə qığıltılarının, körpə gülüşlərinin səsi gəlsin. Ağ yuxular yatıb, aydın sabahlara çıxsın Sumqayıtımız.
-Ürəyinizdən keçən bir bənd şeir?
-"Dünya, sənin anan ölsün,
Bic oğlu bic dünyasanmış
Hayıf mənim göz yaşıma,
Sən ki, gülünc dünyasanmış"
(Yenə Ağamalı Sadiq Əfəndidən bu parçanı deyir.)
“Ədəbiyyat və incəsənət”
(17.10.2025)
“QIZIL” PAYIZ haqqında deyilən sözlər
İmran Verdiyev,
Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi
1. "Payız gözəldir! Mənim qəlbim onunla kəbin kəsdirib və əgər mən quş olsaydım, onda Yer ətrafında uçaraq növbəti payız axtarışına çıxardım". (Corc Eliot)
2. "Oktyabr! İlahi, o mənim çox sevdiyim aydır, onu yeməyə və qoxusunu nəfəsimə çəkməyə hazıram. Ah, bu qiyamçı və kədərli ay... Baxın, onunla görüşündən yarpaqlar necə qızardı. Oktyabrda dünya alova bürünüb". (Rey Bredberi)
3. "Oktyabrın ikinci yarısında dünyadan təzə bişmiş piroq kimi qoxusu gəlir". (Elis Hoffman)
4. "Oktyabrda yarpaqlar artıq saralıb, solanda hava boz və tutqun olanda torpağı görməmək üçün başını arxaya çevirmək və buna inanmaq olar ki, "Hələ sevinclidir, hələ də yaydır". (Yevgeni Zamyatin)
5. "Payız hiyləgər yaya bir təpik atdıqdan sonra (Bu, hər dəfə sentyabr ayının ortalarında belə olur) o, çox darıxdığın dost kimi qonaq gəlir. O, uzun müddətli, həm köhnə dost kimi sevdiyin kreslonda oturaraq nahardan sonra sənə bu vaxta kimi harada olduğu və son görüşdən bəri nə ilə məşğul olduğu haqqında danışır". (Stiven Kinq)
6. "Hər payızda mən yenidən çiçək açıram". (Aleksandr Sergeyeviç Puşkin)
7. "Qış qravüra, bahar - akvarel, yay yağlı boya, payız isə hər üçünün mozaikasıdır". (Stenli Xoroviç)
8. “Payızın iki səhvsiz səsi var: Xırçıldayan yarpaqların xışıltısı, küçə boyunca təqib olunan şiddətli külək və köçəri quşların cikkildisi..." (Hel Borland)
9. "Payız ilin ən heyranedici son təbəssümüdür". (Uilyam Brayant)
“Ədəbiyyat və incəsənət”
(17.10.2025)


