Super User

Super User

 

“Ədəbiyyat və incəsənət” portalı “Tərcümə saatı”nda sizlərə Barbara Uokerin yaradıcılıq nümunəsini təqdim edir. “Dişi canavar” hekayəsini dilimizə Alsu çevirib. Bu, 94 yaşlı yazıçının azərbaycanlı oxucularla ilk görüşüdür.

 

 

Barbara Uoker ruhanilik, feminizm və mifologiyaya dair kitabları ilə tanınan amerikalı yazıçıdır. 1930-cu il, iyulun 2-də dünyaya gələn B.Uokerin həm də toxuculuğa və sənətkarlığa dair kitabları var. Doğulduğu Pensilvaniya ştatında jurnalistika üzrə təhsil alan yazıçı 1970-ci illərdə zorakılığa məruz qalan qadınlara  kömək edən yerli Qaynar xətdə xidmət edərkən  feminizmlə maraqlanıb. Uoker təhsilini bitirdikdən sonra dinlərin müqayisəsi, mifologiya və feminizmlə bağlı araşdırmasını davam etdirib və bu, onun ən məşhur əsərlərini – “Qadınların miflər və sirlər ensiklopediyası”, “Qadınların ritualları”, “Tarotun sirləri: mənşəyi, tarixi və simvolizmi”, “Tac: yaşlı, hikmətli və güclü Qadın”, “Feminist nağıllar”ı yazması ilə nəticələnib. Amerika Humanist Dərnəyi 1993-cü ildə onu “Humanist qəhrəman” adlandırıb və 1995-ci ildə  “Tarix yaradan qadınlar” mükafatını alıb.  

 

 DİŞİ CANAVAR

 hekayə

 

Canavarlara sitayiş  Avropanın bütpərəst qəbilələrinin dövründən, onlardan bəzilərinin qurda müqəddəs totem kimi pərəstiş etməsindən başlayıb. “Qurd”un nəsil adı olaraq günümüzə gəlib çıxması bunu sübut edir. Qurd totemli qəbilələrin üzvləri canavar dərisi geyinir və canavarı imitasiya (təqlid) edən rəqslərlə ritual olaraq özlərini heyvan ruhlarına çevirirdilər.

Yunan mifologiyasında tanrı Zevsin də canavar formasına çevrilməsi təsvir edilir. Xristian hakimiyyətləri tərəfindən “şeytanlaşdırılan” canavara inam orta əsrlərdə likantropiya (qurda çevrilən insan) haqqında xurafatlara səbəb olur. Bu da  canavarları mənfi obraz kimi əks etdirən nağılların yaranmasına gətirib çıxarır. Daha dəhşətli, qorxunc canavar təsviri böyük ehtimalla hər hansı canavardan daha çox, insanlarda uşaqlıqdan  yaranmış iri, dişləyən it xofundan qaynaqlanır... Uşaqlığımdan bəri itləri çox sevirəm, ona görə də nağıllarda canavarların dəhşətli təsvirlərinə baxmayaraq, onlara heç vaxt qorxuyla baxmamışam. Maraqlı və ecazkar bir canlını niyə pisləyirsiniz? Canavar totemli qədim qəbilələrin üzvləri, yəqin ki, likantropiyanın sehrli bir transformasiya (çevrilmə) vasitəsilə insanların kəskin qoxu və eşitmə hissini, canavarın çevikliyini, gücünü və cəldliyini bəyənmişdilər. Bir canlının – canavarın bu qeyri-adi xüsusiyyətlərinə müəyyən paxıllıq, demək olar ki, bütün insan cəmiyyətlərində özünü göstərir...

 

 

Biri vardı, biri yoxdu, qızı Lupa ilə  kiçik bir fermada, balaca daxmada yaşayan kasıb, dul kişi vardı. Torpaq, demək olar ki, onlara lazımi qədər yemək vermirdi, tək ümid yeri inəkləriydi –   onları süd, yağ, pendir kimi qidayla təmin edirdi. Bu kişinin həyatda yeganə sevinci qızıydı, ən böyük arzusu da onun böyüməsini görmək idi. Atasının göz bəbəyi olan Lupa isə ağıllı, həm də mehriban bir qızcığazıydı.

Bir gün fəlakət baş verdi: inək xəstələndi və öldü. Artıq nə süd vardı, nə də pendir, yağ.  Dul kişinin nəinki təzə inək, heç bir-iki toyuq almağa da pulu yox idi. O, ölmüş inəyi kəsdi, ətini  qızı ilə köməkləşib doğradı, bu ət onları bir müddət tox saxladı. Amma inəyin əti qurtarandan sonra onların yeni məhsul üçün əkilmiş toxumlardan başqa, demək olar ki, heç nəyi qalmamışdı.

Kişinin mərhum arvadı bacarıqlı dərziydi və onun bir neçə qobeleni hələ də evdə qalırdı.  Lupanın atası onları zirzəmidən çıxardı. “Bunları anandan yadigar olaraq saxlamağı düşünürdüm” –  o, kədərlə qızına dedi:

– İndi isə bu qobelenləri satmaqdan başqa çarəm yoxdur. Sabah mən yaz əkininə başlamalıyam. Sən də bu əl işlərini bazara aparmalı və bacardığın qədər ən yüksək qiymətə satmağa çalışmalısan.

Ertəsi gün səhər tezdən Lupa qobelenləri də götürüb yola düşdü. Evlərindən mərkəzi bazara yol uzaq olduğu üçün o, bir neçə kilometr yol getməliydi. Yolda ikən hava tutqunlaşdı və şiddətli tufan qopdu. O, daldalanmağa bir yer tapmadığına görə dayanmadı və yoluna davam etdi. Hava sakitləşəndə Lupa tamamilə islanmışdı… Qobelenləri sıxıb sudan təmizləmək üçün çantasından çıxaranda dəhşətə gəldi: bütün rənglər bir-birinə qarışmışdı!.. Anası solmayan, rəngi getməyən boyalardan istifadə etmədiyi üçün qobelenlərin üzərindəki təsvirlər islanıb dağılmış, gözəlliklərindən əsər-əlamət qalmamışdı...

Başına gələnlərdən məyus olan Lupa çarəsiz halda yolun kənarına çöküb ağlamağa başladı. Dolanmaq üçün son şanslarını itirməkdən əlavə, anasının əmanəti olan əl işləri də artıq yox idi… Atasının ən çox buna kövrələcəyini bilən Lupa nə olur-olsun, bazara getmək qərarına gəldi. Məqsədi ya qobelenin kətanını satmaq, ya da bir parça çörək üçün dilənmək idi. Yolunun üstündəki meşədən keçəndə o, həzin ulama səsi eşitdi. Bir o qədər də uzaqdan gəlməyən bu səs ona öz kədərinin izharı kimi göründü... Qorxu hissini kədərindən unutmuş bu qızcığaz səsin sahibini axtarmağa başladı və sağ qabaq ayağından tələyə düşmüş, ağrıdan acı-acı ulayan boz, iri, sarı gözlü dişi canavarla qarşılaşdı.

“Ah, yazıq canavar”, – dedi təmizürəkli Lupa, – “Sənə kömək edə bilərəmmi?”                                                                       

Onun çox heyrətləndiyini görən canavar “məni bu tələdən xilas elə” – deyə yalvardı:

– Yuvamda körpələrim var. Mənsiz onlar məhv olarlar.

         Lupa qalın çubuq götürüb tələnin ağzını açdı və canavarın ayağını ordan çıxartdı. Daha sonra paltarından bir az cırıb canavarın yarasını şəfqətlə  sarıdı. Canavar yardımına, həyatını qurtardığına görə qızcığaza təşəkkür etdi və “balalarımla mən borcundan çıxmaq üçün həmişə hazırıq”, – deməyi də unutmadı. Lupa isə “təəssüf ki, mən o qədər pis vəziyyətdəyəm, heç kim mənə kömək edə bilməz”, – pıçıldadı və başına gələnləri, inəklərinin ölümündən tutmuş, qobelenlerə qədər hər şeyi canavara danışdı. Canavar ona bazara getməyi deyil, evə qayıtmağı məsləhət gördü və əlavə etdi:

– Narahat olma, hər şey yaxşı olacaq. 

Bunu deyərək ana canavar axsaya-axsaya, amma sürətlə uzaqlaşdı. Lupa çox təəccüblənsə də,  düşündü ki, danışan sehrli bir canavara etibar eləmək lazımdır. Atasının qobelenləri pis halda görməsini istəməyən Lupa onları meşədə torpağa basdırdı və əliboş evə qayıtdı. Atasına qobelenləri satdığını, lakin pulunun yolda oğurlandığını deyərək ağ yalan danışdı. Atası bütün gün işləmişdi, qızı kimi həm yorğun, həm də ac idi. Lakin onların yeməyə bir neçə toxumdan başqa bir şeyləri olmadığından qarınları quruldaya-quruldaya yatmağa getdilər. Gecə boyu hər ikisi meşədə canavarların səsinə tez-tez oyanırdılar. Səhər açılanda Lupa özünü hələ də yorğun hiss etdiyindən yerindən qalxmaq istəmirdi, amma qəflətən atasının qışqırığını eşidib onun  yanına qaçdı. “Bir  bax!” – atası ağlayaraq deyirdi: “Budur, qapının astanasında!”

Burada təzəcə kəsilmiş, kənarları cırıq-cırıq olmuş, sanki cəmdəyindən vəhşicəsinə parçalanmış iri bir maral əti parçası varıydı. Sevincək olan ata-bala dərhal ətdən doğrayıb bir neçə tikə qızartdılar və uzun müddət sonra ilk dəfə yaxşıca yeyib qarınlarını doyurdular.

Ertəsi gün isə həmin qapının astanasında kralın mühafizəçilərini görüb mat-məəttəl qaldılar. Onların arasındakı kapitan əlindəki qılıncın sapı ilə qapını döyərək qışqırırdı: “Qapını açın, qanunsuz ovçular!”

Lupanın atası tələsik qapını açdı: “Mən sadəcə yoxsul bir kəndliyəm. Siz səhv adamın dalınca düşmüsünüz”, – deyə yalvarmağa başladı. Kapitan daha da hiddətləndi: “Sən kral meşəsində kralın maralını ovlamısan! Boynuna al! Biz meşədən qan izi ilə bu qapıya gəlib çatmışıq”. Kapitanın əmri ilə mühafizəçilər daxmanın qapısından içəri keçib mətbəxdə, tavandan asılmış  maral ətini gördülər. Kapitan içəri nəzər salıb bunu görən kimi dedi: “Hər ikiniz həbs olunursunuz”.  Lupayla atası çox dil tökdülər ki, günahları yoxdur. Əti onların qapılarına hansısa “naməlum” bir varlıq qoyub desələr də, heç bir faydası olmadı. Elə daxmadaca onları tutdular, əli-ayağı bağlı halda mühakimə üçün kral sarayına apardılar.

Zindanda iztirablı, acınacaqlı gecə keçirdikdən sonra səhərisi gün ata və qızını sürüyərək kral və kraliçanın saray əyanlarının əhatəsində taxtlarında əyləşdiyi zala gətirdilər. Hətta əkiz körpə şahzadələr də beşiklərində kraliçanın taxtının yanında idilər. Qızılla bəzənmiş qara məxmər geyimli məmur zaldakı bütün cinayətkarlara qarşı ittihamları oxuyub sübutları təqdim etdi. Növbə Lupanın atasına gələndə o, bütün ittihamları inkar etdi və kral qarşısında diz çökərək günahsızlığını bildirdi. O, hadisəni belə izah edirdi ki, əti gecə saatlarında naməlum şəxs və ya şəxslər onun qapısının ağzına qoyublar... Kişinin bu hadisəni təkrar-təkrar danışması kralı bezdirdi. Təqsirləndirilən şəxs də izahının nə qədər zəif, əsassız olduğunu başa düşdü və utanaraq susdu. Amma kralın əksinə olaraq, kraliça bu məsələyə daha maraqla, həvəslə yanaşır, qıza və atasına diqqətlə baxırdı.

Lupa kraliçanın gözlərinin qeyri-adi, sarı rəngdə olduğunun fərqinə vardı. “Sən bu ikisi haqqında heç bir hökm çıxarma”, – deyə qətiyyətlə kraliça dilləndi, – “onları öz yanıma işə götürəcəm”. “Ancaq əzizim, qeyri-qanuni ovçuluğun cəzası edamdır”, – deyərək kral etiraz elədi. Lakin kraliça “mən də deyirəm ki, bu ata-bala edam edilməyəcək”, – dedi və əminliklə: “mühafizəçilər, onları mənim otağıma aparın!” əmrini verdi.

Beləliklə, Lupa və atası kraliça gələnədək onun otağında mühafizəçilərlə birgə gözlədilər. Kraliça gələn kimi onların qandallarını çıxartdırdı və sonra hamını otaqdan qovub ata-bala ilə tək qaldı. Lupa və atası onun qarşısında diz çökərək göstərdiyi mərhəmətə görə təşəkkür elədilər, o isə cavabında “Mən mərhəmətli deyiləm, sadəcə dürüst və vicdanlıyam. Mən borclarımı geri ödəyirəm. Keçən dəfə bunu eləyəndə sizin başınıza əlavə iş açdım, indi isə hər şeyi yoluna qoymaq mənim öhdəmə düşür”, – dedi.

Lupa qorxa-qorxa dillənib heç nə başa düşmədiklərini bildirdi. “Bu, tanış gəlir?” – deyə kraliça soruşdu. O, sağ qolunu, dirsəyindəki qanlı sarğını göstərdi. Lupa diqqətlə baxaraq paltarının parçasını tanıdı. “Kraliçamız dişi canavardır?” – Lupa heyrətlə pıçıldadı. “Bir də heç vaxt bu haqda danışmayacağıq. Sən, Lupa, mənim qulluqçum olacaqsan, atan isə kral bağbanı. O da çoxlu qızıl qazanacaq və yaxşı dolanacaq, sən də. Acınacaqlı günləriniz bitdi”. 

Kraliçanın sözlərini eşidər-eşitməz ata-bala sevinclə onun əlini öpdülər və bir də heç vaxt o kasıb daxmalarına qayıtmadılar, kral sarayında məskunlaşdılar. Lupa illər uzunu kraliçaya sədaqətlə xidmət elədi. Atası da kralın bağına qayğıyla yanaşdı və günlərin bir günü də baş bağban təyin olundu. Lupa anasının qobelenlərini basdırdığı meşəyə gedib onları  qazaraq çıxartdı, ucuz boyalarını yuyaraq təmizlədi və yenidən tikilməsi üçün saray dərzilərinin ən yaxşısına təhvil verdi. Nəticədə ortaya çıxan əsər onun adı ilə bütün dünyada məşhurlaşdı. İllər keçsə də, bu əsərlər milli muzeylərin vitrinlərində göz oxşayır…

İnsanlar o vaxtlar deyirmişlər ki, bəzi aysız gecələrdə Lupa və atası qəribə bir dəyişiklik keçirir və sarı gözlü, sağ qabaq ayağı yaralı olan iri, boz dişi canavarın başçılıq etdiyi vəhşi canavar sürüləri ilə birgə meşə boyu qaçırlar...

 

“Ədəbiyyat və incəsənət”

(17.10.2025)

 

 

 

 

Xalq yazıçısı, akademik Kamal Abdullanın əsərlərindən seçilmiş bir sıra qranula – cövhər sayıla biləcək məqamları “Ədəbiyyat və incəsənət” oxucularına təqdim edir.

 

Kamal Abdulla özü seçilmiş bu cövhərlər barədə yazır: “İllərdən bəri yazdığım müxtəlif şeirlərin, esselərin, pyeslərin, hekayə və romanların, publisistik məqalələrin və elmi əsərlərin, verdiyim intervülərin hər birinin içində yer almış və bu gün də öz məzmunu, tutumu, forması ilə diqqətimi çəkən misralar, cümlələr günlərin bir günü sanki dil açıb mənə dedilər ki, bizim bir-birimizdən zaman və məkanca ayrılığımıza son qoy və bizi bir-birimizin yanında yerləşdir. Sən görəcəksən ki, bu zaman biz tamamilə yeni bir cazibədə zühur etmişik. Onlar qeyri-səlis məntiq dili ilə desək, içində olduqları mətnin qranulaları (ilkin vacib hissəcikləri) idi. Qranula, başqa cür ifadə etsək, cümlədən (mətndən) bütün artıq hissələri siləndən sonra yerdə qalan cövhərdir.”

Beləliklə, hər gün Kamal Abdulladan 7 qranula:

 

1.

Müqəddəs? – Yox! Müdrik? – Yox! Şaman? – Yox! Öncəgör? – Yox! Tənha Dədə Qorqud!..

Hardan gəlib hara getdiyi bilinmir..

2.

“Ruh gözün baxdığı yerdə,

Cisim gözün özündədi.

Qəlb ulduz axdığı yerdə,

Tənha göyün üzündədi.”

3.

Kim nə deyir desin, Yol xüsusi isimdir!

4.

Bütün zamanların çox ədalətli və dəqiq bir qanunu var - tarazlıq qanunu. Elmdə qazanırsan, həyatda itirirsən. Səni sevirlər, işdən qovulursan. İşdə hörmət sahibisən, evdə sayan yoxdur. Nə qədər desən bu tarazlıq zəncirini çəkib uzatmaq olar.

5.

Folkner: “Əgər yazıçı gördüyü, tanıdığı adamların surətini yaradırsa, bu, ədəbiyyatın böhranıdır.” Obrazdan ideyaya yox, ideyadan obraza! Ədəbiyyatın yolu budur.

6.

“Kainat sonsuzdur” fikrini anlayıb qəbul etmək çox çətindir. Çünki biz onu mövcud dilimiz, mövcud sözlərimiz vasitəsilə qavramaq istəyirik. Sonsuzluğun dərkini isə sonlu sözlər vasitəsilə anlamaq mümkün deyil. Bu anlayışın öz “qrammatikası”, öz “lüğəti” olmalıdır.

7.

Platonovun dil səthi azərbaycanca, Sabirin dil səthi rusca hələ tərpədilməyib.

 

“Ədəbiyyat və incəsənət”

(17.10.2025)

 

Cümə axşamı, 16 Oktyabr 2025 11:44

İğdırda Dədə Qorqud irsi yad edilib

 

İğdırda “Türk dünyasının ortaq mədəni irsi: Dədə Qorqud” adlı beynəlxalq elmi konfrans baş tutub. Tədbir Diasporla İş üzrə Dövlət Komitəsi, İğdır Universiteti, Naxçıvan Dövlət Universiteti, İğdır Azərbaycan Evi və Azərbaycanın Qarsdakı Baş Konsulluğunun birgə təşkilatçılığı ilə keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, konfransda alimlər, rəsmi qurumların nümayəndələri, QHT və media təmsilçiləri, tələbələr iştirak ediblər.

Tədbir hər iki ölkənin Dövlət himnlərinin səsləndirilməsi və şəhidlərin xatirəsinin yad edilməsi ilə başlayıb, sonra “Dədə Qorqudun izində, sözündə” sənədli filmi nümayiş olunub.

İğdır Azərbaycan Evinin rəhbəri Ziya Zakir Acar Dədə Qorqudun Türk dünyası üçün mənəvi və mədəni əhəmiyyətindən danışıb: “Bu gün biz təkcə elmi bir toplantı keçirmirik, həm də ortaq mədəniyyətimizin əsas dayaqlarından biri olan Dədə Qorqudu tarixi və ədəbi yönləri ilə yenidən dəyərləndiririk”.

İğdır valisi Ercan Turan onu “Türk millətinin mənəvi mənbə kodu” adlandırıb, İğdır Universitetinin rektoru, professor Ekrem Gürel və Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev  Dədə Qorqud irsinin ortaq yaddaşda xüsusi yerə sahib olduğunu qeyd ediblər.

Azərbaycanın Qarsdakı Baş konsulu Zamin Əliyev isə Dədə Qorqudun beynəlxalq səviyyədə tanınan və qorunan bir dəyər olduğunu vurğulayaraq, bunun bütün türk xalqları üçün qürur mənbəyi adlandırıb.

Tədbir panel iclası ilə davam edib. Dosentlər Oğuz Doğan və İsmayıl Abalının moderatoru olduğu iclasda Kamal Abdulla, professorlar Metin Ekici, Ramazan Korkmaz, Esma Şimşek, Səlahəddin Bəkki, Ayşə Çətin, Mehmet Çeribaş və Refiye Şenesen Dədə Qorqudun şəxsiyyəti və türk dünyasındakı rolu barədə məruzələrlə çıxış ediblər.

Sonda iştirakçılara hədiyyə və sertifikatlar verilib və “Türkiyə–Azərbaycan qardaşlıq türküləri” adlı musiqi proqramı təqdim olunub.

 

“Ədəbiyyat və incəsənət”

(16.10.2025)

 

 

 

“Ədəbiyyat və incəsənət” yazıçı Zemfira Məhərrəmlinin “Günahların arındığı gecə...“ adlı yeni hekayəsini təqdim edir.

 

       Neçə il idi ki, doğma kəndini görməmişdi. Qaraş hər daşından, kəsəyindən uşaqlığının, erkən gəncliyinin acılı-şirinli, daha çox küskün xatirələri boylanan yurd yerinə axşam çağı, qaş qaralanda gəlib çatmışdı. Kənddə çox şey dəyişmişdi: kərpicdən tikilmiş dükanı indi dəbdəbəli “Supermarket” əvəz edirdi. Ətrafdakı boş yerlər hasarlanmış, həyətlərdə damları kirəmidli, ikimərtəbəli evlər ucaldılmışdı. Asfalt yolun kənarında sıra ilə  əkilmiş cavan çinarlar bayaqdan güclənmiş yağışın səsinə öz həzin pıçıltısını qatan şaxlı-budaqlı  ağaclar olmuşdu.

       Həsənlə dalaşdığı, onu  bıçaqladığı gün düşdü yadına. Elə burda, köhnə dükanın yanında vurmuşdu onu - bacısı Əsmərə görə. Əsmər isə Qaraş tutulandan sonra Həsənə qoşulub qaçmışdı. Bu xəbəri eşidəndə Qaraş bərk sarsılmış, özünə söz vermişdi ki, “burdan çıxım, onların ikisini də öldürüb yenə türməyə qayıdacam.” Bu, Qaraşın qəti fikri idi və o, beynində bu qara fikirlə təskinlik tapırdı.

         Qaraş yatsaydı, yuxusuna da gəlməzdi ki, o, adam bıçaqlayar. Düzdü, yumruq davasına düşmüşdü, döymüşdü də, döyülmüşdü də. Amma adam bıçaqlamaq... Yox, bu, Qaraşın işi deyildi.  O, Həsənə xəbər göndərmişdi ki,  bacısının adını çəkməsin. Əsmər onun tayı deyil, gedib axtarsın, tayını tapsın. Həsən Qaraşın bu “nota”sını qulaqardına vurmuşdu. Sözarası demişdi ki,” qoy Qaraş sevinsin ki, Həsən kimi yeznəsi olacaq.” “Heç eybi yox, mən sənə göstərərəm sevinmək necə olur”,  deyə Qaraş o gündən Həsənlə danışmağa fürsət axtarırdı. Qaraş bunu heç gizlətmirdi də. Onun bu niyyətini kənddə uşaqdan- böyüyə hamı bilirdi. Və bu fürsət elə bir gündə, elə bir vaxtda yarandı ki, onun dava eləməyə nə həvəsi vardı, nə də taqəti. O, iş gününü təzəcə başa vurmuşdu,  yorğun idi. Sürdüyü yük maşınını  dükandan bir az aralıda saxlayıb siqaret çəkir, ucadan danışan tay-tuşlarına qulaq asırdı. Birdən qarşı tərəfdən Həsənin səsi gəldi. Elə bil qurbağa gölünə daş atdılar. Onun səsini eşidəndə Qaraşın sanki ürəyinin sapı qırıldı. Fikirləşdi ki, heyf, şər qarışan vaxta düşdü... Hamı bilir ki, Qaraş Həsənlə hesablaşmalıdır. Bəlkə saxlasın başqa vaxta?..

         Azca əvvəl bir-birlərinə danışmağa macal verməyən yoldaşları Həsənin səsini eşidib, bayaqdan aralarında varlığı hiss olunmayan, susqun Qaraşa baxdılar.

         Həsənin dəstəsi onların yanından sakitcə, dinməz-söyləməz keçib bir qədər aralıda cəm oldu. Səsləri gəlmirdi. Ətrafdakı gözlər hələ də Qaraşa zillənmişdi - əriyirdi, məhv olub gedirdi bu baxışların altında Qaraş. Fikirləşdi ki, bircə an da vaxt itirsə, gecikəcək. Həsənin dəstəsi qarşıdakı tini burulandan sonra gec olacaq və o, başını qaldırıb bayaqdan baxışlarıyla onu izləyənlərin gözünün içinə heç vaxt baxa bilməyəcək. Daha tab gətirmədi, nəhayət:

Ey, bir mənə bax, ‒ deyə uca səslə Həsəni çağırdı və Qaraş az qala  özü öz səsini tanımadı. Elə bil boğulurdu Həsəni çağıranda. Sol qıçı titrəyirdi. Özünü ələ almaq istədi, bacarmadı, bu onu bir az da əsəbiləşdirdi. Yoldaşları görsəydi, fikirləşərdilər ki, qorxaqdı Qaraş. Doğrudan da, Qaraşın qorxudanmı, əsəbdənmi qıçları titrəyirdi - bu vəziyyətdə heç özü də nə istədiyini ayırd edə bilmirdi.

Həsənin dəstəsi dövrəsində səf çəkib dayanmışdı... Dönüb Qaraşa baxırdılar, matdım-matdım, səssizcə. Qaraşın ürəyi yerinə gəldi, deməli, gecikməyib.

Mənnənsən? ‒ Həsənin səsi eşidildi.

Həə, sənnənəm, adını yaxşı bilirsən, ‒ dedi Qaraş.

Həsənin curlarından biri:

Gedək, baş qoşma ona, ‒ dedi.

Həsən donub qalmışdı yerində, nə irəliyə gedə bilirdi, nə də geriyə. Qaraş Həsənə tərəf ağır addımlarla yeriyərək:

Nədi, nə dayanmısan, yaxın gəl, işim var sənnən... İkilikdə söhbət eliyəcəyik...

         Həsən:

Duelə çağırırsan məni? – deyərək candərdi Qaraşa sarı addımladı.

Mübahisə etmək yeri deyildi. Qaraş fikirləşdi ki, çatan kimi Həsənə bir yumruq vursun, amma əksinə oldu. Rəqibinin qəfil zərbəsi alnının ortasından dəyəndə Qaraşın gözü qaraldı. Tez özünü ələ alıb, Həsənin çənəsinin altından elə ilişdirdi ki, o, özünü saxlaya bilməyib yerə yıxıldı... Toparlanıb ayağa qalxanda Həsən Qaraşın əlində parıldayan bıçaq gördü. Boğazı qurudu Həsənin, udqundu, geriyə çəkilə-çəkilə yavaşcadan:

Axmaq olma, Qaraş, at bıçağı, dedi:

Həsənin bu halı Qaraşı bir az da qızışdırdı. O, əlində bıçaq bir az da irəlilədi:

Sənin əlindən çoxdan yığmışdım, qızın adını...

MənƏsməri çox istəyirəm, Qaraş... Doğrudan istəyirəm. Əsmər də razıdır... Ailə quracağıq, deyə Həsən Qaraşın sözünü ağzında qoydu.

Qaraş Həsənin üstünə yeridikcə o, geri çəkilirdi. Həsən dükanın yanında üst-üstə yığılmış boş  yeşiklərdən birini qaldırıb əlində tutdu. Əlləri titrəyirdi, az qalırdı ki, yeşiyi yerə salsın. Həsən yalvarmağa başladı:

Anama yazığın gəlsin... Bilirsən ki, məndən başqa heç kəsi yoxdu, tək yetimiyəm, dedi.

Mən də tək yetiməm... Amma sən eləyən qələtləri eləmirəm..

Vallah Əsmər də razıdı... Evlənəcəyik...

         Mumla, alçaq deyə Qaraş bağırdı.

Həsən hər şeydən əli üzüldüyünü görüb, tutduğu yeşiyi ona yaxınlaşan Qaraşın sifətinə çırpdı.  Onun üzü al qana büründü. Qaraşın Həsənin üstünə şığıması ilə bıçağı işə salması bir oldu. Həsən xəstəxanaya, Qaraş isə türməyə düşdü.

           …Qaraş mağazadan aralandı, tini burulub dar küçə ilə Həsəngilin evinə gedən yola çıxdı. Sol əlini pencəyinin yan cibinə saldı. Bilirdi ki, bıçaq cibindədir, amma qeyri-ixtiyari bir də yoxladı.

Yağış güclənirdi. Küçədə kimsə görünmürdü. Addımlarını yeyinlətdi, sol əli hələ də pencəyinin cibindəydi.  Bıçağı bərk-bərk sıxırdı, elə bil  cibindən düşüb itəcəkdi.

           Artıq Həsəngilin darvazasının ağzında idi. Əlini cibindən çıxartdı. Qapı bağlı olduğundan hasarın üstündən cəld aşıb həyətə düşdü. İslanmış budaqlarından damcılar süzülən ağacların arasıyla evə yaxınlaşdı. İşığı zəif pəncərələrə yarımpərdələr vurulmuşdu.

          Səs-küy salmadan, ayaqlarının ucunda pəncərəyə yaxınlaşdı. Uşaq səsi gəlirdi: “Həə... yeri, yeri...” İçərini dinşədi. Gülüş səsləri ətrafa yayılırdı. Sonra oğlan uşağının səsi gəldi,  qız uşağı da ağlamsınıb, “Mən də, mən də istəyirəm,” dedi. Daha sonra Həsənin səsi eşidildi: “Yaxşı, sən də gəl.” Qaraşı sövq-təbii maraq bürüdü. O, başını qaldırıb pəncərənin  açıq hissəsindən içəri boylandı.  Gördü ki, Həsən əllərini və dizlərini yerə qoyub uşaqları belində gəzdirir. Uşaqlar atasının boynundan  tutub, ayaqlarını qarnına döyəcləyir, onu at kimi çapırdılar. Bu vaxt qonşu otaqdan Əsmərin səsi eşidildi. Qaraş həyəcanlanıb geri çəkilərək kürəyini divara söykədi. Ürəyinin döyüntüsünü açıqca eşidirdi...

         Yağış səngimək bilmirdi. Qaraş islanmışdı, bədəni büsbütün suyun içində idi. Bir tərəfdən də onu öskürək yaxalamışdı, boğazı qovuşurdu. Özü ilə bacarmırdı, udquna-udquna qalmışdı.  Əllərini ağzına tutub ustufca öskürdü, sonra çevrilib başını qaldırdı, pəncərənin lap qırağından otağa yenidən göz gəzdirdi. Əsmər uşaqları bir-bir Həsənin belindən götürüb yataq otağına aparırdı...

          Əsmər dəyişmişdi, sanki boyu bir az da ucalmışdı. Əynindəki güllü, uzun xalat onu daha qədd-qamətli göstərirdi. Uşaqların ətrafa yayılan cingiltili gülüşü  Qaraşı ovsunlamışdı. O donub qalmış və anlaşılmaz hisslər yaşayırdı. Əsmərlə balalarının səsi qulaqlarından getmirdi.

         Birdən  gözü divardan asılmış  şəkillərə  sataşdı.  Əsmərlə  Həsənin qoşa şəklinin yanında  Qaraşın  portreti vurulmuşdu.  Qaraşın içi sızladı. Bu sızıltı onun ürəyini, beynini ovxarlayıb tökürdü.

‒ İşə bir bax, adımı əziz tutublar, ömrümə qılınc çalsalar da, əziz-xələf  biliblər məni... Bir müddət keçəcək, Qaraş tamam unudulacaq, bu şəkil də gərəksiz bir şey kimi atılacaq zibilliyə… ‒ hər halda belə düşünürdü Qaraş.

           Payız yağışı daha da güclənmişdi. Qonşu həyətdən həzin kaman səsi gəlirdi. Deyəsən radio verılişiydi, Segah muğamını çalırdılar. Qaraş üçün üzüntülü olan bu gecəni kamanın ah-naləsi bir az da ağırlaşdırır, yağışın şırıltısı isə elə bil o həzin musiqiyə züy tuturdu. Qaraş kövrəlmişdi... fikrini yayındırmaq istəyir, ancaq bacarmırdı... İsti göz yaşları yanaqları boyunca axırdı. Elə bil yuxuda idi, ayıldı, hər iki əlini yumruqlayıb var qüvvəsi ilə alnına vurdu. Özü ilə bacarmır, qəhər onu boğurdu...

Bacısıgil işıqları söndürdü, ətraf zil qaranlıq oldu. Kaman da nalə çəkməkdən usanmışdı, səsi gəlmirdi daha. Güclü yağış isə hələ də ara vermir, sanki hirsini-hikkəsini sonacan boşaltmaq istəyirdi. Qaraşın bədəni keyimişdi, bircə onu anlayırdı ki, kaman indi  onun içində odlanıb nalə çəkir. Bir də uşaqların ‒ bacısının günahsız balalarının məsum çöhrəsi gözü qarşısından çəkilmir, onların şaqraq gülüşlərini eşidirdi. Nə qədər çalışsa da, canını bu səslərdən qurtara bilmirdi. Peşmançılıq, utanc  hissi onu üzürdü.

         ... Qaraş tiyəsində adı yazılmış zəhmli bıçağı ‒ həbsxana yadigarını cibindən çıxarıb zərblə pəncərənin taxta çərçivəsinə sancdı və gəldiyi yolla da geri qayıtdı. Bayaq üstündən bir göz qırpımında aşdığı hasarı indi çox çətinliklə adlaya bildi. Yerişini itirmişdi, gah ayağı sürüşür, yıxılır, gah da xırda gölməçələrə girirdi. İçinə su dolmuş ayaqqabıları ona ağırlıq edirdi. 

          Mağazanın yanından ‒ vaxtilə Həsənlə haqq-hesab çəkdiyi yerdən keçib magistral yola çıxdı. Addımlarını yeyinlətdi və birdən var gücüylə qaçmağa başladı. Yol boyu qaça-qaça yağmurdan islanmış pencəyini, sonra köynəyini çıxarıb atdı. O qaçdıqca qaçır, uzaqlaşdıqca sürətini artırırdı. Sanki suçundan, yanlışlarından, mənhus yaşantılarından qaçıb qurtulmaq istəyirdi. Gecənin sükutunu pozan güclü yağış Qaraşın qurşaqdan yuxarı çılpaq bədəninə çiləndikcə canında bir rahatlıq duyur, suyun aydınlığından sanki arınıb-durulurdu…

 

“Ədəbiyyat və incəsənət”

(16.10.2025)

 

Xalq yazıçısı, akademik Kamal Abdullanın əsərlərindən seçilmiş bir sıra qranula – cövhər sayıla biləcək məqamları “Ədəbiyyat və incəsənət” oxucularına təqdim edir.

 

Kamal Abdulla özü seçilmiş bu cövhərlər barədə yazır: “İllərdən bəri yazdığım müxtəlif şeirlərin, esselərin, pyeslərin, hekayə və romanların, publisistik məqalələrin və elmi əsərlərin, verdiyim intervülərin hər birinin içində yer almış və bu gün də öz məzmunu, tutumu, forması ilə diqqətimi çəkən misralar, cümlələr günlərin bir günü sanki dil açıb mənə dedilər ki, bizim bir-birimizdən zaman və məkanca ayrılığımıza son qoy və bizi bir-birimizin yanında yerləşdir. Sən görəcəksən ki, bu zaman biz tamamilə yeni bir cazibədə zühur etmişik. Onlar qeyri-səlis məntiq dili ilə desək, içində olduqları mətnin qranulaları (ilkin vacib hissəcikləri) idi. Qranula, başqa cür ifadə etsək, cümlədən (mətndən) bütün artıq hissələri siləndən sonra yerdə qalan cövhərdir.”

 

Beləliklə, hər gün Kamal Abdulladan 7 qranula:

 

1.

Yaşamaq çox kədərli bir şeydir. Sağa baxıram, sola baxıram – darıxıram

2.

Anlaşılmaz qəribə nisgillə yaşamağa hazırlaşdığımız səhərlərdən biri başını yana əyərək yavaşca, utana-utana etiraf edir: “Mən səhər deyiləm, gecəyəm” deyir.

3.

Hər bir adam öz içində istədiyi mürəkkəb melodiyanı “çala bilir”. Öz içindəki harmoniyanı qoruyub saxlayır. Amma əgər o adam haman melodiyanı “içindən buraxıb” səsli halda təqdim etmək istərsə, buna nail ola bilməyəcək. İçindən çıxdısa, səni tərk etdisə, o zaman harmoniya dağılır.

4

“ -Günahlarım ürəyimdə dağ oldu,

Sap qırıldı, mirvarilər dağıldı.

Hamısı da təkcə sənə oxşadı – birindən başqa. Sonra gördüm, yox, o da sənə oxşayır.”.

5.

Biz “şair” xalq deyilik. Biz harmoniyaya - qafiyəyə, ritmə, ölçüyə can atan xalqıq.

6.

“Ədəbiyyat xalqa yaxın olmalıdır” ideyasına şübhə ilə yanaşmaq lazımdır. Ədəbiyyat ən azı bir addım irəlidə olmalıdı. Kimisə arxasınca apara bilmək üçün.

7.

“Arzuların dil açıb yalvarar ki,

 Əvvəl-axır bir oyuncaq ver mənə.

Olacağın olmağına nə var ki,

Bircə dənə olmayacaq ver mənə.”

 

“Ədəbiyyat və incəsənət”

(16.10.2024)

 

 

Əziz oxucular!

Tanınmış ictimai-siyasi xadim, yazıçı-publisist, filologiya üzrə fəlsəfə doktoru, mərhum Sadıq Murtuzayev, publisist, Əməkdar hüquqşünas Müzəffər Ağazadə və yazıçı-rejissor, publisist-jurnalist, Əməkdar incəsənət xadimi Ağalar İdrisoğlu səmavi insanların, dünya dahilərinin  və Azərbaycan mütəfəkkirlərinin on mindən çox kəlamlarını, sitatlarını, aforizmlərini toplayıb, tərcümə  eləyib və  “Sözdən  yaranan incilər” adlı çox qalın bir kitabı  çapa hazırlayırlar. 

 

“Ədəbiyyat və incəsənət” portalı olaraq belə qərara gəldik ki, bu  sayımızdan başlayaraq həmin kəlamları, sitatları, aforizmləri səhifələrimizdə çap edək.

İnanırıq ki, sözdən yaran bu incilər sizin xoşunuza gələcək və onları öz yaddaşınıza köçürəcək, gündəliyinizə yazacaq, dostlarınızla, yaxınlarınızla bölüşəcəksiniz.

Çünki bu incilər, hər insana  lazım olan ən qiymətli sözlərdir. Onun daha yaxşı, mükəmməl  kamilləşməsi üçün əvəzsiz bir məktəbdir.

 

                                                                           

               SƏDİ  ŞİRAZİ   (1203, 1210 arası – 1292-ci illər), şair

 

 

-         Axmağa məsləhət verənin özünün məsləhətə ehtiyacı var.

-         Dərsini həvəssiz oxuyan uşaq, qanadsız quş kimidir.

-         Güclü vaxtında yaxşılıq edən, gücsüz vaxtında çətinlik çəkməz.

-         Vəhşi heyvan tələ ilə, insan oğlu isə yaxşlıqla ovlanar.

-         Tabeçiliyindəkilərin təqsirindən keçmək istəməyən şəxs, gec-tez özü onların əhvinə möhtac olacaq.

-         Sevmədiyimiz insanlarla da elə danışmalıyıq ki, sabah onlarla  dost olanda dediyimiz sözlərə  görə xəcalət çəkməyək.

-         Sirrini heç dostunla da bölüşmə, vaxt gələr bu sirr  səni dostunla düşmən edər.

-         Ağıldan kəmliyi iki şey müəyyən edir: susmaq lazım gələndə danışmaq, danışmaq lazım gələndə susmaq.

-         Heç vaxt bilmədiyim  şeyi soruşmaqdan  utanmadım.

-         Nadanın ağıllıya nifrəti daha çoxdur, nəinki ağıllının nadana.

 

 

“Ədəbiyyat və incəsənət”

(16.10.2025)

 

Cümə axşamı, 16 Oktyabr 2025 14:34

ANAR, “Zenfirama“

 

Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.

 

608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.

 

“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir. Anar qəhrəmanlarının ən populyar əsərlərini bir daha yaddaşlarda təzələyir:

 

ANAR, ŞEİRLƏR

ZENFİRAMA

 

Zaman nə tez ötüşdü,

Lap mat qalmışam özüm.

Düz qırx il bundan qabaq

Olub toyumuz bizim.

Bu qırx il necə keçdi?

Elə bil qırx il deyil,

Qırx gün, qırx gecə keçdi.

İl illərə qalandı,

Sevgi, intizar, kədər,

Sevinc, fərəh, itkilər

Bir-birinə calandı.

Bəs bu qoca dünyada

Nələr keçib gedəndi,

Nələr hər vaxt qalandı?

Pul, sərvət toplamadıq,

Var-dövlət qazanmadıq

Həyatımız boyunca.

Ölkələri, elləri

Gəzdik, gördük doyunca.

Paxıllıqla üzləşdik,

Haqsızlıqla rastlaşdıq,

Nə beynimiz pas atdı,

Nə qəlbimiz daşlaşdı.

Haçansa, qırx il sonra

(kaş ki, belə olaydı)

dünyayla vidalaşıb,

Ömür sərhədin aşıb,

Çəkiləndə qeybə biz

O biri dünyada da

Bir vuracaq qəlbimiz.

Burda bizdən nə qalar?

Namuslu, ləyaqətli,

alnıaçıq balalar,

şirin-şəkər nəvələr,

Ağ vərəqlər üstündə

çəkdiyimiz əzablar –

Yazdığımız kitablar,

Bir də xatirələrdə

Yaşayacaq eşqimiz –

hərarətli, pak, təmiz...

45-in payızında

səni ilk gördüyüm gün

necəydinsə – eləsən,

Söylə bunun sirrini,

Necə qaldın belə sən?

Hələ axşam düşməyib,

Bu qaralan qaş deyil.

Yaz ötüb, yay bitsə də,

Payız – hələ qış deyil.

Qış gəlsə də, gəlsin qoy,

Qış günü deyildimi

Hədiyyəsiz-filansız

bizim unudulmaz toy?

Sən vəfalı sevgilim,

İlin dörd fəslində də

baharımsan, yazımsan.

Mənim alın yazımsan,

Hələ də yazmadığım

Ən gözəl əsərimsən,

Yazacağım yazımsan.

Yaxında, ya uzaqda

Səni hər zaman anar

Köhnə məktəb yoldaşın –

Həyat yoldaşın Anar.

                   27 yanvar 2000

 

“Ədəbiyyat və incəsənət”

(16.10.2025)

 

Cümə axşamı, 16 Oktyabr 2025 12:00

Niyə Nobeli məhz macar Laslo Krasnohorkai aldı?

 

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Xəbər verdiyimiz kimi, Nobel mükafatları komissiyası 2025-ci il üçün Ədəbiyyat üzrə Nobel mükafatını macar yazıçı Laslo Krasnohorkaiyə təqdim etdi.

Adətən, macar ədəbiyyatı elə də ad-san qoparmayan bir ədəbiyyat olduğundan, sual doğur? Niyə məhz o?

 

Laslo Krasnohorkai 1954-cü ildə Macarıstanda, Gyula şəhərində anadan olub. Əvvəllər hüquq oxuyub, sonra ədəbiyyat sahəsinə yönəlib. Yazıçı və ssenarist kimi fəaliyyət göstərir.

Onun üslubu tez-tez uzun, sıx, labirintvari cümlələrlə xarakterizə edilir, çox az abzas fasiləsi olur. Əsərlərində apokaliptik, absurd və ekzistensial motivlər güclü yer tutur. Yəni, hazırda dünya ədəbiyyatına hökmranlıq edən magik realism onun əsərlərində əsas yer tutur.

Yaradıcılığında Avropa müasir ədəbiyyat ənənələrindən təsirlənir – Kafka, Beckett və Bernhard kimi yazıçılarla müqayisələr edilir. Eyni zamanda Asiyanı, Çin–Yaponiya təsirlərini də əsərlərində qabarıq büruzə verir; onlara dair meditativ tonlar daim gətirir.

Onun əsərləri geniş şəkildə ingilis, alman, fransız və bir çox digər dillərə tərcümə edilib. Rəsmi veb saytlar və ədəbiyyat agentliklərinin məlumatlarına görə, onun əsərləri 40‑a qədər dilə tərcümə olunub.

Lakin Azərbaycan ədəbiyyat bazarında Laslo Krasnohorkainin əsərlərinin tərcümələri əsla yoxdur. Etiraf edək ki, ümumən o azərbaycanlı oxucuya tanış deyil.

 

Tanınmış əsərləri və uğurları

Satantango (1985) — Laslo Krasnohorkainin tanınmış ilk romanıdır.

The Melancholy of Resistance — kollektiv insanlıq və nizam‑düzenlə bağlı fikir yürütmələri daşıyır.

Baron Wenckheim’s Homecoming — son dövrlərindən bir əsəridir.

Bəzən onun əsərləri filmlərə çevrilir— xüsusilə rejissor Béla Tarr ilə əməkdaşlıq edir. İndi isə gələk əsas məsələyə. Niyə məhz o? Nobel Akademiyası bildirir ki, ona mükafat "apokaliptik terror içində də sənətin gücünü təsdiq edən məcburi və gələcəyə yönəlik yaradıcılığına görə" verilib. Maraqlı açıqlamadır. Yəni, yazıçı dünyanın sonu qorxusunun belə, sənəti məhv etmək gücündə olmadığını isbatlayır. Əlbəttə ki, hazırda şərin xeyir üzərində qələbəsinin dominantlıq təşkil etdiyi bir zamanda belə fərqli yanaşmanın diqqət çəkməsi heç də təsadüfi deyildir.

Bu mükafatla Laslo Krasnohorkai Macarıstandan ədəbiyyat sahəsində Nobel qazanan ikinci şəxs olubdur. İlk Nobel ədəbiyyat mükafatçısı Macarıstandan Imre Kertész idi, 2002-ci ildə mükafata sahiblənmişdi. Demək ki bu kiçik xalq üçün artıq bir Nobelqazanma ənənəsi formalaşıbdır. Xatırladım ki, Nobel mükafatının məbləği 2025 üçün 11 milyon İsveç kronu səviyyəsindədir. Bu da 1 milyon dollardan azacıq artıqdır.

İndi də gəlin ədibin ən məşhur əsərlərindən ikisinə - SatantangoThe Melancholy of Resistance əsərlərinə yaxından baxaq..

 

Satantango (1985)

Satantango Laslo Krasnohorkainin debut romanıdır.

Əsər distopik bir kənd icmasında baş verir. Kənd camaatı ümidsizlik, maddi çətinlik, sosial parçalanma və çaşqınlıq içindədir. Onlar gözləyirlər ki, “Irimiás” adlı bir şəxs gələcək və onları xilas edəcək. Amma bu gözləntilər manipulyasiya, xəyanət və dağılma ilə nəticələnir — bəzi sakinlər ciddi itkilər yaşayar.

Romanın strukturu qeyri‑xətti olaraq irəli‑geri hərəkət edir, feillər və hadisələr oxucunun zaman anlayışını “sərtləşdirir”.

Qısa bölmələr birləşərək “tango” ritmini formalaşdırır — gəlmə‑getmə, qarşılıqlı əlaqə, qarışıqlıq motivləri ilə zənginləşdirir.

Roman 1994‑cü ildə məşhur rejissor Béla Tarr tərəfindən 7 saatlıq filmə çevrilib.

İngilis dilinə tərcüməsi George Szirtes tərəfindən aparılıb. İngilis tərcüməsi “Best Translated Book Award”‐da qiymətləndirilib.

Satantango sosial institutların çökməsi, inanc sistemlərinin boşalması və kollektiv hərəkətin necə manipulyasiya oluna biləcəyi mövzularını incə bir şəkildə araşdırır.

Kənd icmaları və ümidsizlik mövzusu, “xilas edici” liderlərin gələcəyi ideyası ilə toxunur. Bu motivlər totalitarizm, masaların manipulyasiyası və ideologiya ilə əlaqələndirilir. Yazıçı oxucunu “gözləmə müddətinə” məcbur edir — kənd sakinləri kimi oxucu da gözləyir, hadisələri anlamağa çalışır. Bu, əsərin ritmi və strukturunun bir hissəsidir.

Dil cəhətdən: uzun, labirintvari cümlələr, az fasilə, susqunluq və poeziya hissi — Laslo Krasnohorkai üslubunun tipik elementləri burda da dominantlıq edir. Bu da oxuçunu yavaş mütaliəyə və hər cümləni az qala əllə tutmağa məcbur edir.

 

The Melancholy of Resistance (1989)

Roman, sakit və kiçik şəhərdə baş verir. Burada şəhərə sirk gəlir və içində böyük bir balina karkası nümayiş etdirir — amma başqa heç nə. Bu balina “simvolik” yük daşıyır.  Sirk və onun gətirdiyi “görmədiyimiz” qüvvələr şəhəri sosial xaosa sürükləyir. “Prens” adlı sirli lider gətirilən qarışıqlığın katalizatorudur.

Roman siyasi alegoriya kimi qiymətləndirilir — totalitar ideologiyaların, ideoloji kütlələrin manipulyasiyası və onu dəstəkləyən mexanizmlər haqqında düşüncələr təqdim edir.

Laslo Krasnohorkai özü romanı ssenariləşdirib və bu əsər əsasında Werckmeister Harmonies filmi çəkilib. İngilis tərcüməsi George Szirtes tərəfindən edilir.

“Resistansın melankoliyası” deyərkən, müəllif müqavimətin özünün bir melanxoliya mənbəyi ola biləcəyini göstərmək istəyir — yəni müqavimət, dirəniş, dəyişmək arzusu daşıdığı yük və iztirablardır.

Sirk motivi — “görünməyən” qəribə obyekt və ideya — əsərin mistik və metaforik qatlarını artırır.Totalitarizm, kollektiv hökmranlıq, manipulyasiya — bunlar əsas temalardır. Eyni zamanda insan istəkləri, ümid və yıxılma arasında gərginlik var.

Struktur baxımından, dil və cümlələrin uzunluğu, fasiləsiz axını, oxucuda bir “qarışıqlıq vəziyyəti” yaratmağa yönəlib — hisslər, ideyalar və simvollar arasında dolaşma hissi verir.

Və sonda nəticə olaraq, əziz oxucu, onu deyim ki, Nobel komissiyasının mükafatı niyə məhz Laslo Krasnohorkaiyə verməsinin sirrini mən artıq açdım. Diqqətli oxucu yəqin bunu tutdu. Diqqətsiz və hazırlıqsız oxucu üçünsə açıqlayıram: Hazırda Avropa Birliyində Macarıstan baş naziri Viktor Orbanı Avropanın tək diktatoru kimi tanıyırlar. Bu əsəsrdə tənqid obrazı diktaturadırsa, yazıçı xilaskarlar axtarışındadırsa, demək ki, bu dəfə də Nobel ədəbi yox, siyasi hadisəyə qurban gedibdir.

Bu minvalla, 2000-ci illər başlayandan, Nobel mükafatının ədəbiyyata həqarəti aşkar duyulmurmu?

 

“Ədəbiyyat və incəsənət”

(16.10.2025)

 

 

Elçin Əliyev,

Azərbaycan Milli Konservatoriyasının 1-ci kurs  magistr  tələbəsi, “Ədəbiyyat və incəsənət” üçün

 

Yeni nəslin nümayəndəsi kimi mənim üçün musiqinin gələcəyi, onun taleyi daim narahatlıq doğurur. Uşaqlıq illərimizdə televiziyadan izlədiyimiz, sənətə marağımızı oyadan, bizə stimul verən ustad sənətkarlar bir-bir aramızdan köçürlər. Azərbaycan musiqi mühitində ağır itkilərlə üzləşirik: Muğamımızın Arifi indi isə Ramiz Quliyev… Onlar təkcə ifaçı və ya müəllim deyil, həm də milli musiqi yaddaşımızın canlı daşıyıcıları idilər.

 

Ramiz Quliyev bir müsahibəsində demişdi: “Dinləyin bu aləti — bu, sizin mənəvi ruhunuzun təcəssümüdür.” O, təkcə tarın səsini deyil, Azərbaycan xalqının ruhunu səsləndirirdi. Quliyev təkcə üstad ifaçı kimi deyil, həm də musiqi maarifçisi kimi nəsillər arasında körpü rolunu oynadı. Onun “Ləpələr”-i artıq sadəcə musiqi deyil, milli identitetin səsli ifadəsi idi.

Bu gün musiqi cameəsində bizi sənətə, ruha, milli dəyərlərə bağlayan üstadların sayı getdikcə azalır. Onlar Azərbaycan musiqisinin sütunlarıdır, Azərbaycan musiqi mədəniyyətini ayaqda saxlayan mənəvi dayaqlardır. Biz bu sütunların sayəsində öz mənəvi aclığımızı doyururuq. Lakin sual yaranır: bəs bu sütunların hər biri bir-bir yıxıldıqda nə olacaq? Bu, həyatın qanunudur, zaman hər kəsi aparır. Amma itkilərin qarşısını ala bilməsək də, onların mirasını qorumaq bizim vəzifəmizdir.

Bu baxımdan, müasir etnomusiqişünaslığın qarşısında duran ən mühüm vəzifələrdən biri, hələ də həyat və yaradıcılıq fəaliyyətini davam etdirən sənətkarlarımızla müntəzəm görüşlər təşkil edərək onların şifahi ənənəli xalq yaddaşını, sənət təcrübəsini və ifa üslubunu yazılı şəkildə sənədləşdirməkdir. Eyni zamanda, artıq dünyasını dəyişmiş üstad sənətkarların tələbələri, ailə üzvləri və yaxın mühitləri ilə əlaqə yaradılmalı, onların xatirələri, söylədikləri faktlar və sənət haqqında şəxsi müşahidələri toplanmalıdır.

 

Belə materiallar yalnız bioqrafik məlumat deyil, həm də xalq musiqisinin sosial və mənəvi kontekstini anlamaq baxımından dəyərli mənbələr sayılır. Bu məlumatların sistemləşdirilməsi və elmi dövriyyəyə daxil edilməsi, gələcək nəsillər üçün şifahi ənənədən yazılı etnomusiqişünaslığa keçidin mühüm mərhələsi olacaq.

Eyni zamanda, ucqar bölgələrimizdə, kəndlərimizdə yaşayan istedadlı gənclərin də aşkara çıxarılması, onların yaradıcılıq potensialının inkişaf etdirilməsi mühüm vəzifə kimi qarşıda durur. Biz bu addımları atmaqla təkcə keçmişi qorumuş olmuruq, həm də gələcək musiqi mədəniyyətimizin təməlini möhkəmləndiririk.

Təkcə bu il baş tutan ağır itkilər məni yazmağa vadar edir. Ramiz Quliyevin timsalında- Azərbaycan musiqisini adları ilə yaşadanlar, sizin kimi sənətkarların xatirəsi bizim üçün yalnız nostalji deyil. Bir məktəbdir, bir missiyadır. Sizlər Azərbaycan musiqisinin yaddaşında əbədi yaşayacaqsınız.

 

“Ədəbiyyat və incəsənət”

(16.10.2025)

 

Könül, “Ədəbiyyat və incəsənət”

 

Aldığımız növbəti xəbəri sizinlə paylaşır və onun təfərrüatlarını da təqdim edirik. Xəbər ünvanı Türkiyədir. Xəbərin ünvandarı isə Dünya Gənc Türk Yazarlar Birliyidir (DGTYB).

 

DGTYB Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin donorluğu ilə icra etdiyi “Türk dünyasında Qərbi Azərbaycan mövzusu” adlı layihə çərçivəsində hazırlanan "Qərbi Azərbaycan hekayələri" adlı kitabın Türkiyədə Qazi Universitetində Azərbaycanın Türkiyədəki Səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin “Azərbaycan Dili Tədrisi Ocağında” təqdimatı keçirilib. Təqdimat barədə portalımız DGTYB başqanı İntiqam Yaşar məlumatlandırıbdır.

 

Tədbirdə Azərbaycan Mədəniyyət Mərkəzi, Türk dünyası Araşdırma Mərkəzi, Qazi Universitetinin təmsilçiləri, hər iki ölkədən alimlər, şairlər, yazıçılar və tələbələr iştirak edib.

Təqdimat mərasimində Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, Yıldırım Beyazıt Universitetinin professoru, Qərbi Azərbaycan İcmasının Ankara təmsilçisi Seyid Aydın, Qazi Universitetinin Türk Dünyası Araşdırma və Uyğulama Mərkəzinin icracı direktoru, professor Alev Kuru Çakmakoğlu, Kahramanmaraş Sütçü İmam Universitetinin dosenti Mərziyyə Məmmədli və layihə rəhbəri İntiqam Yaşar çıxış edib.

Azərbaycan Dili Təhsil Ocağının rəhbəri Dr. Şəhla İbişovanın moderatorluğu ilə baş tutan tədbirdəki çıxışlarda Qərbi Azərbaycanın tarixi, ədəbi və mənəvi irsi, eləcə də Azərbaycan mədəniyyətinin Türkiyədə təbliği istiqamətində həyata keçirilən ortaq layihələrin əhəmiyyəti vurğulanıb.

 

Qeyd olunub ki, “Qərbi Azərbaycan hekayələri” adlı kitabın nəşri Azərbaycan yaddaşının, ədəbiyyatının və mənəvi irsinin yaşadılması yolunda atılmış əlamətdar addımdır.

Kitab şair, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Dünya Gənc Türk Yazarlar Birliyinin İdarə Heyətinin sədri İntiqam Yaşarın layihə rəhbərliyi ilə hazırlanıb.

Beş fərqli hekayəni hazırlayan yazarların hər biri Qərbi Azərbaycan torpağının yetirməsidir. Kitabda yer alan hekayələr Azərbaycan yazıçıları Mahirə Nağıqızı, Azər Abdulla, Məmməd Oruc, Güldərən Vəliyeva və Şəfa Vəli tərəfindən qələmə alınıb.

Əsərlərdə Qərbi Azərbaycanın tarixi yaddaşı, deportasiya mövzusu və milli kimliyin qorunması kimi mövzular öz əksini tapır.

 

“Ədəbiyyat və incəsənət”

(16.10.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.