O Lefortovoda yatanda bütün Azərbaycan ayaq üstündə idi Featured

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Azadlığı istəmirəm zərrə-zərrə, qram-qram!

Qolumdakı zəncirləri qıram gərək, qıram, qıram!

Azadlığı istəmirəm bir həb kimi, dərman kimi!

İstəyirəm səma kimi, günəş kimi, cahan kimi!

Çəkil, çəkil, ey qəsbkar! Mən bu əsrin gur səsiyəm!

Gərək deyil sısqa bulaq! Mən ümmanlar təşnəsiyəm!

 

Xəlil Rza Ulutürk 1932-ci il oktyabrın 21-də Azərbaycanın Salyan rayonunun Pirəbbə kəndində dünyaya gəlmişdir. Bəzi qaynaqlarda onun doğum tarixi 1933-cü il olaraq qeyd edilib. Belə ki, onun pasportu və hərbi biletində təvəllüdü 1933-cü il yazılıb. Lakin X. Rzanın özü doğum tarixinin 1932-ci il olduğunu bildirib və özünün "Təşviqatçı" jurnalı ilə yaşıd olduğunu söyləyib.

Xəlil Rza Ulutürk 1939-cu ildə Salyan rayonu 2 nömrəli orta məktəbdə təhsil həyatına başlayıb və 1949-cu ildə orta məktəbi bitirib. Ulutürkün düşüncə dünyasını şeirlə ifadə etmə meyli orta məktəb illərində formalaşıb.

Onun orta məktəb illəri ədəbi yaradıcılığının hazırlıq dövrü sayılır. Müasir və klassik yazarların, eləcə də şifahi xalq ədəbiyyatının əsərləri ilə tanış olan Xəlil Rza bu illərdə özünü şeir vasitəsilə ifadə etməyə başlayır.

Xəlil Rza Ulutürk 1949-cu ildə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olur. O, universitetdə oxuduğu dövrdə Cəfər Xəndan və Bəxtiyar Vahabzadənin rəhbərlik etdiyi ədəbi dərnəyə qoşulur. Daha sonra Xəlil Rza Ulutürk "Azərbaycan Yazıçılar Birliyi"nin sədri Mirzə İbrahimovun rəhbərliyi ilə təşkil olunan "Gənclər Günü" tədbirlərində iştirak edir. Ulutürkün daxil olduğu bu ədəbi mühit onun şair kimi yetişməsində və ədəbi biliklər qazanmasında mühüm rol oynayıb.

 

Xəlil Rza Ulutürkün şeirləri 1949–1954-cü illərdə tez-tez çap olunur. Beləliklə o, ədəbi mühitdə tanınmağa başlayır. Ulutürk 1954-cü ildə universitetdən məzun olur və həmin il Azərbaycan Yazıçılar Birliyinə üzv seçilir. Universitet təhsilini başa vurduqdan sonra "Azərbaycan Qadını" jurnalında işləməyə başlayır və iki il bu jurnalda fəaliyyət göstərir.

1957–1958-ci dərs ilində Xəlil Rza Azərbaycan Yazıçılar İttifaqının tövsiyəsi ilə Moskvaya, M. Qorki adına Ədəbiyyat İnstitutu nəzdində fəaliyyət göstərən Ali Ədəbiyyat kurslarına göndərilir. N. Xəzri, Ə. Kürçaylı, Qabil, M. Araz, S. Tahir, Ə. Əylisli, Fikrət Qoca, A. Mustafazadə, S. Məmmədzadə və başqaları da həmin təhsil ocağında təhsil alıblar. Bu kurslarda müxtəlif illərdə Çingiz Aytmatov, Rəsul Həmzətov, Yevgeni Yevtuşenko, David Kuqultinov və başqaları da təhsil almış, görkəmli yazıçılar Pablo Neruda, Romen Rollan, Nazim Hikmət və başqaları ilə kursun müdavimlərinin maraqlı görüşləri keçirilmişdir. X. Rza Pavel Antokolskinin sinfində oxuyub.

1959–1962-ci illərdə "Göyərçin" jurnalının redaksiyasında çalışır. 1959-cu ildə Moskva şəhərindəki təhsilini tamamladıqdan sonra Bakıya qayıdaraq Azərbaycan Dövlət Pedaqoji İnstitutunda bir müddət assistent kimi fəaliyyət göstərir. 1963-cü ildə o, "Müharibədən Sonrakı Azərbaycan Sovet Ədəbiyyatında Poema Janrı" mövzusunda dissertasiyasını müdafiə edərək "Filologiya elmləri namizədi" elmi dərəcəsini qazanır.

Böyük Azərbaycan şairi Vaqifin 250 illik yubileyi münasibətilə Azərbaycana gələn Türkiyə heyəti ilə Ulutürkün görüşməsinə icazə verilməyib. Yubiley müddətində Dövlət Təhlükəsizlik Komitəsi tərəfindən izlənilən şair, bütün bu təzyiqlərə məhəl qoymadan Türkiyədən gələn qonaqları ilə hoteldə görüşərək onlara öz əl yazmalarını təqdim edib. Ulutürk Türkiyədə dərc olunan "Ana dili" şeirinə görə, Azərbaycan Yazıçılar Birliyi tərəfindən təzyiqlərə məruz qalır. Birliyin sədri Mehdi Hüseyn 8 sentyabr 1962-ci il tarixli "Ədəbiyyat və İncəsənət" qəzetində çap olunan məqaləsində Xəlil Rzanın "zərərli milli qürur"unu tənqid edir. Ulutürk "Ana dili" şeirinin yayımlanmasından sonra 1967-ci ildə Azərbaycanlı yazıçıları təmsil edərək Türkiyəyə səfər edir. Bu vacib səfər şairin türkçülük ideyalarının əsasını qoyub.

Xəlil Rza bədii yaradıcılığa XX əsrin 40-cı illərinin sonlarından başlayıb. 1939–1949-cu illər Xəlil Rza Ulutürkün ilk romantik-yaradıcılıq şeir təcrübələrini etdiyi və onun bədii dünyasının formalaşma dövrü hesab olunur. Ulutürkün kommunizmi tənqid edən ilk şeiri olan "Kitab" 1948-ci ildə "Azərbaycan pioneri" qəzetində dərc edilib. Bu şeir şairin arxiv sənədlərində də ilk mətbu əsəri kimi göstərilsə də, həmin ildə Pioner qəzetində şairin "Abşeron" şeiri də dərc edilib. Hələ 16 yaşında çap olunan bu şeir, şairin daha geniş bir ədəbi mühitlə tanış olmasına, müxtəlif dərnək və jurnallarda şeirləri ilə iştirak etməsinə şərait yaradıb.

 

X. Rzanın 50-ci illərdə "Qatar gedər" (1951), "Budapeştdə heykəl" (1951), "Müqəddəs yol" (1952), "Böyük günlər bayramı" (1953), "Radionu dinlərkən" (1954), "Həyat düşüncələri" (1954) şeirlərində poetik intonasiya azlıq edib, "Şərqin gözləri" (1956), "Şairin cavabı" (1956), "Bəzənin, a qızlar" (1961) kimi sosial-siyasi şeirlərində ənənəvi motivlər, epik-lirik təhkiyə görünən xüsusiyyət olub. 1957-ci ildə şairin ilk şeir kitabı "Bahar gəlir" işıq üzü görür. Bundan iki il sonra isə "Sevən gözlər" adlı şeir kitabı çapdan çıxır. 1950-ci ildə yazılan şeirlər şairin yaradıcılığında məhəbbət, qəhrəmanlıq və azadlıq mövzularının qaynağı hesab olunur. Məsələn: "Mənim ata yurdum, ata məskənim" (1957–58), "Ata işdən gələndə" (1958), "Zəfər çələngi" (1958), "Ata əlləri" (1959), "Sırıqlı" (1959), "Miras" (1959), "Ay ana, yanımda olaydın mənim" (1959).

Bu dövrdə yazılan şeirlərdə şairin müharibəyə olan münasibəti də özünü büruzə verir. "Nə gözəl yerləri qorumuşdur o" (1958), "Sizin mavzoleyiniz" (1958), "Hayıf, ata, sən görmədin" (1958), "Mən dava görməmişəm" (1967), "Atanın şer dəftərindən" (1968), "Ən qiymətli əklil" (1969) əsərləri döyüşçü ataya xatirat kimi yazılıb. 1960-cı illərdə dünyada baş verən ictimai-siyasi hadisələr və azadlıq hərəkatları milli ədəbiyyatlarda xalq və bəşəri dəyərlərin inkişafına səbəb olub, poeziyada bədii keyfiyyət dəyişikliklərinə yol açıb. Bu dövrdə şairlərin əsərlərində ictimai-siyasi ideyalar daha qabarıq şəkildə öz əksini tapıb. 60-cı illərin poetik axtarışları Xəlil Rzanın yaradıcılıq idealının mənbələrini aydınlaşdırıb, türkçülük, vətənpərvərlik, azadlıq və istiqlalçılıq ideyalarını ön plana çıxarıb.

Şairin "Bahar" (1960), "Yeni pəncərələr" (1960), "Göygöldə sübh açılır" (1961), "Mən Dneprə vurulmuşam" (1961), "Riqa körfəzində günəşin qürubu", "Günəşin yarısı görünür ancaq" (1961), "Bir dəstə çiçək" (1961), "Bakı bağları" (1961), "Bahar kimi" (1962), "Qızıl balıq və şəlalə" (1962), "Sonsuz qüvvət" (1962) şeirlərində təbiət idillyası, bədii obrazlar və dərin düşüncə qatları bir arada ifadə olunub.

 

Kitabları

1. Bahar gəlir

2. Bəhrəli gəlin

3. Səvən gözlər

4. Məhəbbət dastanı

5. Poema o Lyubvi

6. Mənim günəşim

7. Nastoyaşaya Lyubov

8. Qollarını geniş aç

9. Krasnodon qartalları

10. Yeni zirvələrə

11. Ucalıq

12. Doğmalıq

 

Xəstəliklərinə görə 1992-ci ildə Süleyman Dəmirəlin göstərişi ilə Cərrahpaşa xəstəxanasında şəkər və göz müayinəsindən keçir. Mayın 19-da isə Haseki Ürək Xəstəxanasında ürəyindən əməliyyat olunur. 1993-cü il fevralın 11-də Bakıya qayıdır lakin, ayağındakı yara sağalmadığı üçün 23 avqust 1993-cü ildə Almaniyaya göndərilir. Burada Zolenger şəhər klinikasında müalicə olunur.

 Onun müalicəsi Bakıda Kardiologiya İnstitutunda davam edir. Azərbaycan Prezidenti Heydər Əliyevin Fransaya səfəri zamanı nümayəndə heyətinin tərkibinə Xəlil Rza və xanımı da var idi. Şəkərli diabet şairə orada da rahatlıq vermir və ayaq barmaqlarında yaralar əmələ gəlir. Bakıya qayıtdıqdan sonra onun ayaq barmağını amputasiya etməli olurlar. Bu səfər Xəlil Rzanın son səfəri olur.  Fransadan qayıdarkən cəbhə bölgələrində, məktəblərdə və birliklərdə tez-tez çıxışları onun səhhətini pisləşdirir və bədəni müalicələrə cavab vermir.

 Bu illərdə Xəlil Rza həm də yeni işıq üzü görən Günay qəzetində də baş redaktor kimi çalışmağa başlayır. Xəlil Rza Ulutürk 22 iyun 1994-cü ildə vəfat edir. Ulutürkün cənazəsi Azərbaycan Dövlət Filarmoniya Orkestrinin müşayiəti ilə çiyinlərdə aparılaraq Fəxri Xiyabanda torpağa tapşırılıb.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(21.10.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.