Super User

Super User

Bazar ertəsi, 04 Sentyabr 2023 11:15

Milli Dram Teatrı da yeni mövsümə hazırlaşır

Öncəki xəbərimiz Opera və Balet Teatrının yeni mövsümə hazırlığı barədə idi. Növbəti xəbərimiz isə Akademik Milli Dram Teatrının mövsüm hazırlığı barədədir. Belə ki, məzuniyyətdən qayıdan kollektivlə rəhbərliyin ilk görüşü keçirilib.

 

Teatrın mediaya verdiyi məlumata görə, sənət ocağının bədii rəhbəri, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə gələcək planlar, hazırlanacaq tamaşalar haqqında məlumat verib.

Teatr yeni mövsümdə üç tamaşa hazırlayacaq. Yeni yaradıcılıq işləri Çingiz Aytmatovun “Əsrə bərabər GÜN”, Şıxəli Qurbanovun “Sənsiz” və Xalq yazıçısı Anarın “Dantenin yubileyi” əsərləri əsasında hazırlanacaq eyniadlı tamaşalardır.

Mehriban Ələkbərzadə kollektivi təbrik edib, uğurlar arzulayıb.

Görüşdə 2023-cü ilin yanvar-iyul aylarında Akademik Milli Dram Teatrının həyatında baş verən hadisələrin hesabatından ibarət videoçarx təqdim olunub.

Sonra görüş bədii hissə ilə davam edib. 

 

“Ədəbiyyat və incəsənət”

(04.09.2023)

Bazar ertəsi, 04 Sentyabr 2023 11:00

KİNOBƏLƏDÇİ-də “Şərikli çörək”

Xatirə Əsgərova, “Ədəbiyyat və incəsənət”

 

Hardadır o keçmiş filmlər? Niyə yenə çəkilmir? Keçmiş Azərbaycan filmlərini izləyərkən özümü yeni həyatda, yeni obrazlara bürünmüş hiss edirəm.

İndikindən fərqli olaraq, maddiyat deyildə, mənəviyyat düşünülmüş və insanların başlıca problemləri diqqətə çəkilmişdir.

Uşaqlıqdan etibarən sevərək, gülərək izlədiyim filmlərin mənalarını indi daha da yaxşı dərk edirəm.

İzlədiyim filmlərdən biri hər zaman daha çox diqqətimi çəkirdi.

İkinci dünya müharibəsindən sonrakı dövrü əhatə edirdi. Bu filmdə uşaqlar İndikindən daha olğundur. Müharibə uşaqları tez böyüdür. Onlar həm işləyir, həm əylənir, həm də bölüşməyi bacarırlar.

Atasını müharibədə itirmiş, anası isə ezamiyyətə göndərilmiş Vaqif çox cəsur uşaq obrazıdır. O, su daşıyır, yun çırpırdı.

Hətta evlərini qırlatmaq üçün Qırçı Məhəmmədin yanında şagird olararaq çalışırdı. Bu zaman o həyatın çətinliyini daha yaxşı dərk edir. 10 yaşlı uşaq dərs çalışmaq əvəzinə çörək pulu qazanmağın yollarını axtarırdı. Bu səhnələr nə qədər ağır olsa da bir o qədər də qürurvericidir. Çünki uşaqlar nə olursa olsun, bölüşməyi, gülməyi bacarırdılar. Ac olan Vaqif aldığı çörəyi digər uşaqlarla da paylaşır. Bu davranış indiki nəsil uşaqlarına örnək səhnədir. Oynacıqı olmayan qızcığaz qıçına yaylıq bağlayaraq şəkil çəkir, onunla əylənməyə davam edir. 

Müharibə uşaqların içindəki sevgiyə, məsumluğa qalib gələ bilmir. 

 

- Çörəyin üstündəki tikəni yeyəcəksən?

- Balaca olsa yeyəcəyəm.

- Hamısını?

- Ahа.

- Mən dünən yemədim, evəcən saxladım özümü.

- Amma nə olaydı... adam bütün normanı 

yeyǝydi.

- Nə danışırsan? Bəs anam? Arif? Nənələrim?

 

Oxuduğunuzda beyninizdə canlanan nostalji hisslərlə yanaşı bu epizod sizə filimin adını tam olaraq göstərir.

Bəli, bu filim, 1969-cu ildə ekranlaşdırılan, arxa cəbhə qurbanları olan uşaqların, ön plana çəkildiyi "Şərikli çörək" filmidir.

 

“Ədəbiyyat və incəsənət”

(04.09.2023)

Xalq artisti, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru Yusif Eyvazov yeni mövsümünün açılışı ilə əlaqədar kollektivlə iclas keçirib.

 

Teatrdan mediaya verilən məlumata görə, Yusif Eyvazov ilk olaraq balet truppasına teatra yeni təyin olunmuş baş baletmeysteri Ruslan Pronini kollektivə təqdim edib.

Ruslan Mixayloviç Pronin Rusiyanın Əməkdar artisti, baletmeyster-repetitor, məşhur xoreoqraf Yuri Qriqoroviçin assistenti kimi onun quruluşlarını bütün dünyada həyata keçirir. Həmin quruluşlardan biri Azərbaycanın Xalq artisti, bəstəkar Arif Məlikovun "Məhəbbət əfsanəsi" baletinin sentyabrın 18 və 19-da Heydər Əliyev Sarayında baş tutacaq premyerasıdır.

Sonra Y.Eyvazov yeni mövsümdə qarşıda duran prioritet məsələlər, maraqlı layihələr, premyeralar haqqında geniş məlumat verib. Bildirib ki, hazırda xarici teatrlarla müqavilələr bağlanır.

“Əsas məsələlərdən biri də bizim teatrımızın qastrol səfərlərinin təşkil edilməsidir. Milli mədəniyyətimizi ölkə hüdudlarından kənarda təmsil etmək balet truppasının artistləri və solistlərimiz üçün böyük bir stimuldur. Teatrda uzun illər ərzində səmərəli fəaliyyət göstərən, yüksək peşəkarlıq nümayiş etdirən əməkdaşların Fəxri adlara təqdim olunması məsələsinə də çox ciddi yanaşılacaq. Milli və unudulmuş operalarımızın bərpası da qarşıda dayanan məsələlərdən biridir. Biz həmin operaları dünyanın ən tanınmış səhnələrində nümayiş etdirməliyik. Məsələn, biz İtaliyanın Arena di Verona Teatrında milli opera sənətimizin incisi olan "Koroğlu" operasını göstərə bilərik. Eyni zamanda qeyd etməliyik ki, Opera və Balet Teatrının təmirə bağlanması kollektivimiz iş fəaliyyətinə təsir etməyib. Heydər Əliyev Fondunun dəstəyi ilə Heydər Əliyev Mərkəzində, Heydər Əliyev Sarayında, Opera Studiyasında həm balet, həm də opera tamaşalarımızı nümayiş etdirmək üçün şərait yaradılıb”, - deyə sənət ocağının rəhbəri söyləyib.

Teatrın direktoru yeni mövsümdə bütün yaradıcı və texniki heyətə yaradıcılıq uğurları arzulayıb.

 

“Ədəbiyyat və incəsənət”

(04.09.2023)

Bazar ertəsi, 04 Sentyabr 2023 10:30

Komediyamızın "Everest" zirvəsi...

DÜNƏN YAŞAR NURİNİN DOĞUM GÜNÜ İDİ

 

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

Azərbaycanda aktyorluq peşəsinin ən uca zirvəsinə yüksələ bilən sənətkarlar çox olub. Düşünürəm ki, kino və teatr sənətinin komediya janrında onun fəth etdiyi zirvəyə hələ də heç kim yüksələ bilməyib. Necə deyərlər, o, bu sənətin “Everest”i idi...

 

Bir başqa aləm idi Yaşar Nuri. Bəzən uşaq kimi kövrəlir, bəzən də sərt olurdu. Hətta adamdan inciyib küsməyi də vardı. Heç vaxt heç kimin haqqına girməzdi və belə insanlara nifrət edirdi. Hikmətli sözləri çox idi. Həmişə aktyorlara deyirdi ki, 50 yaşına qədər adınıza işləyin, 50-dən sonra adınız sizə işləyəcək. Çox siqaret çəkirdi. Tərgitmək istəsə də, özüylə bacarmırdı. Hobbisi də, əyləncəsi də, həyatı da sənəti idi. Obrazları o qədər cani-dildən oynayırdı ki, köynəyini sıxanda su tökülürdü. Səliqəli geyinməyi xoşlayırdı və həmişə də “brend” paltarlar alırdı. Məclislərdə ürəyi açılırdı və özünü rahat hiss edirdi...

 

Həyatda da baməzə insan idi. O vaxtlar "Kinoklub" adlı veriliş vardı. Bir gün çəkilişə gedirdərkən, yolda həmkarı Firəngiz Mütəllimova ilə rastlaşır. Haraya getdiyini soruşur. Öyrənir ki, “Kinoklub”da çəkilişə dəvət olunub. “Nə var e, orda, nəyə gedirsən?”- deyə sual verir. Firəngiz xanım cavabında- “Niyə də getməyim, 80 manat pul verirlər.”- söyləyir. “Mən sənə 100 manat verirəm, getmə.” Razılaşırlar. Firəngiz xanım 100 manatı götürüb, evə qayıdır. Sən demə, onu yola salandan sonra özü həmin çəkilişə gedib, iştirak edir. Bunu bilən Firəngiz xanım ondan soruşur ki, niyə özün getdin, məni qoymadın? “Getdim ki, görüm, məni aldadıb, ora gəlməmisən ki?..”

 

Yaşar Nuri həm də böyük bir məktəb idi, obrazla yaşamağı bacarırdı. "Səni axtarıram" tamaşasının çəkilişi zamanı tərəf müqabili ağlamalıydı. Orada bir yer var, Elçin (Yaşar Nuri) Gülnarın (Firəngiz Mütəllimova) saçını oxşayıb deyir: "Sən yaxşı qıszan, Gülnar". Rejissor nə illah eləyirsə, Gülnar ona baxıb ağlaya bilmir. Bir də onda görürlər ki, Yaşarın gözlərindən yaş axır. Gülnarın əvəzinə Elçin ağlayır...

 

Möhtəşəm aktyorluq istedadıyla bərabər, onun gözəl, şıdrığı rəqs etmək qabiliyyəti də var idi. Ən çox “Qoçəli” rəqsini oynayardı. Bütün toylarda xüsusi olaraq onun üçün ifa edib, onu rəqsə dəvət edərdilər…

 

Yaşar Nuri yalnız sənəti ilə deyil, savadı ilə də fərqlənirdi. Peşəkar jurnalistlər ondan müsahibə götürəndə çalışırdılar ki, istədikləri cavabları alsınlar, çətin suallar verirdilər ki, bəlkə çaşıb nəyisə deyər. Amma o, sualları elə ustalıqla cavablandırırdı ki, heyran qalmamaq mümkün deyildi. Çox güclü yaddaşı var idi, sanki canlı arxiv idi...

 

Ömür-gün yoldaşı Rəhimə xanım deyir ki,- “Uzun sürən xəstəliyinə baxmayaraq, fikri-zikri səhnədəydi. Ömrünün son günlərində çox böyük bir arzusunu dilə gətirdi. Dedi ki, “Rəhimə, elə istəyirəm ki, səhnədə tək çıxış edim, monoloq söyləyim. Amma bilmirəm əlil arabasında səhnəyə çıxmağım düzgün olarmı?””

 

Yaşasaydı sentyabrın 3-də 72 yaşı tamam olacaqdı. Heyf ki, milli komediyamızın “Everest”i bu gün aramızda yoxdur. Amma nə qəm, nə qədər ki, Azərbaycan var, Yaşar Nurinin əziz xatirəsi ehtiramla yad olunacaq... 

Ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(04.09.2023)

Tiranada “Azərbaycan mədəniyyəti həftəsi” keçirilir.

AzərTAC xəbər verir ki, həftə çərçivəsində Tirananın “Reja-The Could” açıq havada müasir üslubda yaradılan pavilyonda kino sənətinin əvəzsiz incilərindən olan 1945-ci ildə çəkilmiş "Arşın mal alan" filmi nümayiş olunub.

 

Qeyd edək ki, nümayişdə həmin filmin 2013-cü ildə Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə bərpa edilmiş və rənglənmiş versiyası göstərilib.

 

Həmçinin Tirananın mərkəzi İtaliya meydanında Azərbaycan Xalq artisti Ənvər Sadıqov və Əməkdar artist Emil Əfrasiyabın rəhbərlik etdiyi “Buta” etno-caz musiqi qrupunun konserti olub.

 

Qrup ənənə və müasirlik arasında körpü yaradaraq, müxtəlif janrlarda sintez xarakterli improvizasiyalar ifa edib.

 

Musiqiçilərin çıxışı tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.

 

“Ədəbiyyat və incəsənət”

(04.09.2023)

“Ədəbiyyat və incəsənət” portalı bir elanı nəzərinizə çatdırır. Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli tərəfindən 2023-cü il 28 sentyabr tarixində saat 10:00-da Mingəçevir şəhəri Heydər Əliyev Mərkəzində (Ünvan: Mingəçevir şəhəri, 20 Yanvar 172) Mingəçevir şəhəri, Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Yevlax və Zərdab rayonlarından olan vətəndaşların qəbulu keçiriləcək.

 

Vətəndaşlar 22 sentyabr 2023-cü il tarixinə qədər Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron poçt ünvanı, (020) 23 5 5619 telefon nömrəsi vasitəsi ilə müraciət etməklə qəbula yazıla bilərlər.

 

“Ədəbiyyat və incəsənət”

(04.09.2023)

Azərbaycan Dili və Ədəbiyyatı Forumunun Şamaxı şəhərində baş tutan açılış mərasimində mədəniyyət naziri Adil Kərimlinin çıxışını “Ədəbiyyat və incəsənət” portalı diqqətinizə çatdırır: 

 

“Hörmətli tədbir iştirakçıları. Ümummilli Lider Heydər Əliyevin 100 illiyi münasibətilə keçirilən Azərbaycan Dili və Ədəbiyyatı Forumunun açılış mərasiminin Şamaxıda keçirilməsi rəmzi məna daşıyır. Ulu Öndərin Şamaxının tarixi və ədəbi irsi haqqında dediyi sözlər tədbirin açılışının bu şəhərdə keçirilməsinə təkan verən əsas prinsip idi.

Ədiblər şəhəri sayılan Şamaxının UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilməsinin nəzərdə tutulduğunu vurğulayan nazir bildirib ki, belə forumların keçirilməsi cəmiyyətin inkişafı, mədəniyyətimizin zənginləşdirilməsi, gələcəkdə daha geniş üfüqlər açılması baxımından olduqca əhəmiyyətlidir. 

Azərbaycan Dili və Ədəbiyyatı Forumu mühüm mövzuların mütəxəssislərin iştirakı ilə müzakirəsi və əldə edilən nəticələri həyata keçirmək məqsədi daşıyır. Azərbaycan dili çox vacib sahələrdən biridir. Ümummilli Lider hər zamanı ana dilimizi yüksək qiymətləndirib, onun qorunmasına, saflığının təmin edilməsinə, inkişaf etdirilməsinə önəm verib. Ulu Öndərin azərbaycançılıq və dövlətçilik fəlsəfəsində Azərbaycan dilinə xüsusi yer verilib. Onun siyasi fəaliyyətinə nəzər saldıqda bunu açıq şəkildə görmək mümkündür. Bu səbəbdən Azərbaycan Dili və Ədəbiyyatı Forumunun Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində keçirilməsi önəmlidir. Hazırda isə dövlətimizin başçısı İlham Əliyev tərəfindən Azərbaycan dilinin inkişaf etdirilməsi istiqamətində həyata keçirilən məqsədyönlü davamlı tədbirlər, xüsusilə Azərbaycan dilinin saflığının qorunması, onun kənar təsirlərdən mühafizə olunması, dilin tərkibinin inkişaf etdirilməsi istiqamətində çoxşaxəli siyasət həyata keçirilir. Bu istiqamətdə Mədəniyyət Nazirliyinin, Elm və Təhsil Nazirliyinin, Azərbaycan Milli Elmlər Akademiyasının üzərinə böyük məsuliyyət düşür.

Hazırda bu məsələ ilə bağlı mədəniyyət strategiyasının hazırlanır. 

Mədəniyyət anlayışının sahələşdirilməsi istiqamətində layihələrin həyata keçirilməsinə xüsusi önəm verilir. Bu məsələ işçi qrupu səviyyəsində müzakirə olunub. İlk dəfə Azərbaycan dili mədəniyyətin başlanğıc və əsas sahəsi kimi ayrılıb. Bu barədə geniş fikir mübadiləsi aparılacaq. Eyni zamanda, Azərbaycan dili mədəniyyətin digər sahələri üçün istiqamətverici mövqeyə malikdir. Bu baxımdan Forumun məhz bu sahədə mövcud problemlərin üzə çıxarılması, onların geniş müzakirə edilməsi və gələcəkdə həlli istiqamətində səmərəli nəticələrə nail olacağına inanıram.

 

“Ədəbiyyat və incəsənət”

(04.09.2023)

 

Azərbaycanda ilk dəfə olaraq Azərbaycan Dili və Ədəbiyyatı Forumu keçirilir. 

Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyasının dəstəyi ilə keçiriləcək forum Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan tədbirlər çərçivəsində baş tutub.

 

“Ədəbiyyat və incəsənət” portalının müxbiri Şamaxıdan  xəbər verir ki, tanınmış dilçi və ədəbiyyatşünas alimlərin, yazıçı və naşirlərin iştirak etdiyi foruma Azərbaycan ədəbiyyatına və mədəniyyətinə görkəmli şəxsiyyətlər bəxş etmiş Şamaxı şəhərində (Shamakhi Palace Sharadil otelində) bu gün start verilib, sentyabrın 2-3-də isə Bakı şəhərində - “Gülüstan” sarayında davam edəcək.

 

Mədəniyyət naziri Adil Kərimli Forumu rəsmən açdıqdan sonra təhsil naziri Emin Əmrullayev, AMEA-nın prezidenti İsa Həbibbəyli, AYB-nin birinci katibi Çingiz Abdullayev, MM-in Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva foruma təbrik nitqləri səsləndirdilər. 

Sonra panel müzakirələri başladı. 

Ədəbi-elmi ictimaiyyətin iştirakı ilə geniş müzakirələrin aparılacağı forumda mədəniyyətimizin yaşadılması, inkişafı və təbliğində Azərbaycan dili və ədəbiyyatın rolu, Azərbaycan dilinin saflığının qorunub saxlanılması, müasir ədəbi proseslər, ölkəmizdə uşaq ədəbiyyatının ideoloji mahiyyəti və müasir problemləri, milli kitab sənayesinin hazırkı vəziyyəti və bu sahəyə dövlət dəstəyi, uşaq və yeniyetmələr arasında mütaliənin təbliği, teatr və kinonun inkişafında ədəbiyyat faktoru və digər istiqamətlərdə diskussiyalar olacaq. 

Mütəxəssislərin forum çərçivəsindəki fikir və təklifləri ümumiləşdirilərək “Azərbaycan mədəniyyəti – 2040” Dövlət Proqramında öz əksini tapacaq.

Çıxışçılar arasında ədəbiyyatımızın və elmimizin tanınmış simaları: Nizami Cəfərov, Rəfael Hüseynov, Kamal Abdulla, Ramiz Rövşən, Aqil Abbas, Çingiz Abdullayev, Səlim Babullaoğlu, Elçin Hüseynbəyli, Varis, Əli Əmirli, Elnarə Akimova, Aqşin Yenisey, Sayman Aruz, Azər Turan, Şahbaz Xuduoğlu, Şəmil Sadiq, Əkbər Qoşalı, Qəşəm Nəcəfzadə, Qismət olacaq. 

Ədəbiyyatımızın mənafeyi naminə gözəl bir tədbirin keçiriləcəyi şübhəsizdir. 

 

“Ədəbiyyat və incəsənət”

(01.09.2023)

Sentyabrın 17-də yeni teatr mövsümündə Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında balaca tamaşaçılar üçün “Ələddin, şahzadə Jasmin və sehrli çıraq cininin sərgüzəştləri” adlı tamaşa nümayiş olunacaq.

 

Tamaşanın bədii rəhbəri, Xalq artisti Aleksandr Şarovski, rejissor və xoreoqrafı isə Raulya Turkkandır.

Əsərin səhnə tərtibatı Əməkdar mədəniyyət işçisi Aleksandr Fyodorov, geyim üzrə rəssamı Əməkdar mədəniyyət işçisi Olqa Abbasova, musiqi tərtibatı Əməkdar mədəniyyət işçisi Vladimir Neverova aiddir.

 

Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.

 

“Ədəbiyyat və incəsənət”

(01.09.2023)

IV Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalı bu il eyni anda Bakı, Şəki, Lənkəran şəhərlərində təşkil olunacaq və festival sentyabrın 15-dən 22-dək keçiriləcək.

Festivala film qəbulu artıq sona çatıb. Belə ki, xarici və yerli rejissorların müəllifi olduqları filmlər iyunun 30-dək “FilmFreeway” platforması vasitəsilə qəbul edilib. Seçki komissiyası tərəfindən seçiləcək filmlər festivalın müsabiqə mərhələsində iştirak hüququ qazanacaq. 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, filmlərin adları da açıqlanıb. 

 

Qaliblər festivalın bağlanış mərasimində elan ediləcək.

Qeyd edək ki, “Sevilfest”in 2022-ci il proqramı çərçivəsində Almaniyanın “goEast” film festivalı ilə əməkdaşlığı nəticəsində festivalın ötənilki qalibi “goEast” festivalı nəzdində keçirilən “East-West Talent Lab”da iştirak haqqı qazanıb. Festivalın bu ilki yerli qalibini də xüsusi mükafat gözləyir.

 

Adını Cəfər Cabbarlının “Sevil” pyesindən götürmüş Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalı 2020-ci ilin sentyabrında fəaliyyətə başlayıb. Festival müstəqil yerli sənədli film sahəsinin inkişafına töhfə vermək, sənədli film üzrə yerli və xarici peşəkarlar arasında təcrübə mübadiləsi üçün platforma yaratmaq, yeni yerli sənədli filmlərin, eləcə də beynəlxalq müştərək məhsulların yaradılmasını təşviq etmək, eyni zamanda, sənədli filmlər vasitəsilə gender məsələlərinə diqqət çəkmək məqsədilə yaradılıb.

 

“Ədəbiyyat və incəsənət”

(01.09.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.