Super User

Super User

Cümə, 01 Sentyabr 2023 12:30

“Bir dəfə dəli olmuşdum…”

BİRİ İKİSİNDƏ – QİSMƏT MƏSİMİN ŞEİRLƏRİ

 

 

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində yenidən Şeir vaxtı yetişdi. Bu gün sizlərə Qismət Məsimin şeirlərini təqdim edəcəyik.

Bəri başdan deyək ki, bu şeirlər bizi təəccübləndirdi. Bəlkə də bütün redaksiyanın eyni yazıdan məftun olmasına heç rast gəlinməmişdi.

 

Hər halda,

Mən sizə əl salladım, əlvida, dəli yollar,

Bu əl boyda bəxtimin mən boyda fəryadı var.

Çox şey əldən bulaşır, çox şey əldən yoluxur,

Kəndir hörən barmağın boğmaq istedadı var.

-deyən Qismət Məsimin adını yadınızda saxlayın.

 

Hər halda,

Adamlar niyə belə,

Allah niyə belədi?

Ən çox sevdiyim kəslər

məni sevsinlər deyə,

məni dəli elədi..

-deyən bu şairi hökmən yadınızda saxlayın.

 

Və hər halda,

Ömrü yığıb bir küncə, hara qaçır adamlar?

Nədir bu ayaqların yalınlığı, İlahi?

Çox da uzaq deyilmiş yerlə göyün arası,

Adi kəfən qədərmış qalınlığı, İlahi.

-deyən şairi unutmaq günahdır.

 

 

 

ŞEİR VAXTI

 

Qismət MƏSİM                                                                                                                                                           

 

 

NƏ GÖZƏL GÜLÜMSƏYİR AYRILIQ GÖRMÜYƏNLƏR

 

Dəlixanada güzgülər

Qadın həbsxanasında dırnaq boyaları.

Yetimlər evində soyad.

Qocalar evində arzular...

 

Dilənçi təşəkkürü, dilənçi duası.

Düşün, pul versən də, var,

Verməsən də, var.

Əla gülürsən,

Təbii gülür ayrılıq görmüyənlər.

 

Nə şirin ağıdı bu,

Bu ağının hamısını indi demə, olarmı?

Sanki başdaşının da saçları sığal istər,

əllərin daş hörüyə çəkdiyi daş sığalmı?

Baxırsan gözlərində bir yaşıl gülüş donub,

Güldüyü həqiqətlər yaxalayıb adamı.

Sinəmdə daş dikəlib,

Qoyma bu daş üstünə işləsinlər adını…

Mən itirmış adamam,

Sən həsrət qatılmayan təbii sevgi qadını.

 

Nə gözəl gülümsəyir ayrılıq görmüyənlər,

Bir qəlbə yara vurub

Bir qəlbdə ölmüyənlər.

 

 

BİR DƏFƏ DƏLİ OLMUŞDUM...

 

Bir dəfə dəli olmuşdum,

hamı məni sevirdi.

Hamı bir-bir pəncərədən

Evimi seyr edirdi…

Elə bil dünya idim,

Hər kəs baxıb keçirdi.

İt də mənimlə birgə

Bir qabdan su içirdi.

Salam verməyən qadın

Mənə salam verirdi.

Məni bağışlayırdı,

Ürək-dirək verirdi.

Allah da o vaxt məni

Ovcunda  saxlayırdı.

Çiynimdə günah yazan

İşsiz yuxulayırdı.

Adamlar niyə belə,

Allah niyə belədi?

Ən çox sevdiyim kəslər

məni sevsinlər deyə,

məni dəli elədi..

 

 

***

 

Çatıb gördüm həyətimiz çöldədi,

Çatıb gördüm başqalaşıb evimiz.

Çoxdan bəri getməmişəm, küsüblər:

Həyətimiz, darvazamız, itimiz…

Qapı necə inciyərmiş, ilahi!

Döydüm, döydüm, cınqırı da çıxmadı.

İt yerindən dəbərmədi bir qram,

Qoz ağacı üzümə də baxmadı.

Allah məni daş edəydi, düşündüm,

Daş edəydi, burda qala biləydim.

Pilləkənin qalaqları od tutub

Məni necə yandırırdı, görəydin.

Ağ saçımı güzgümüzə göstərib,

Guya məni bağışlasın sanırdım.

Mən anamın örpəyinə bürünüb,

Bilsəz necə, bilsəz necə yanırdım.

Nə qazandım, nə itirdim, bilmirəm,

Amma gördüm

                     izsizlikdən çatlayıb

                      həyətdəki cığırların dodağı.

Amma gördüm adam kimi küsürmüş

Getməyəndə ana vətən torpağı.

 

3 D şeir...

 

Ömrü yığıb bir küncə, hara qaçır adamlar?

Nədir bu ayaqların yalınlığı, İlahi?

Çox da uzaq deyilmiş yerlə göyün arası,

Adi kəfən qədərmış qalınlığı, İlahi.

 

Göz yaşı imza atır son vidanın altına,

Hansı tutdu gedənin, ya qalanın naxışı?

Ədəbiyyat müəllimi, sənə də sualım var:

Feilin hansı növüdür başdaşının baxışı?..

 

Mən sizə əl salladım, əlvida, dəli yollar,

Bu əl boyda bəxtimin mən boyda fəryadı var.

Çox şey əldən bulaşır, çox şey əldən yoluxur,

Kəndir hörən barmağın boğmaq istedadı var.

 

 

***

 

Ürəyi min dəfə yerlərə vurub

"Baxma!" söyləmişdim gözümə guya.

Qapımı çırpırsan, divarım uçur,

Ömür düzəltmişəm özümə guya,

 

Sökür bu tənhalıq arzularımı

Hamısın hirsimdən çaxıram ömrə.

Bir divar saatı xoşuma gəlir,

Başımı dik tutub baxıram ömrə.

 

Səni unutmuşam, başım pozulub,

Aptekdən başıma kül soruşuram.

Hansımız ölmüşük, başa düşmürəm,

Kimin qəbri üçün gül soruşuram?

 

Bədheybət tənhalıq, nəhəng, darıxma,

Mənəm o təpəgöz divin yerinə.

Hər səhər oyanıb yola düşürəm

Köhnə çarpayımdan evin yerinə.

 

 

***

 

Alçanın ən yeməli vaxtı,

Adam ölməz, ömrüm-günüm.

İnanmırsan qızımızdan soruş, desin,

Üç ikiyə tam bölünməz, ömrüm-günüm.

 

Qolumuzdan tutub dartır zaman bizi,

Saata bax, bizə qalıb.

Ömür gedir, şərab gedir,

Adam elə darıxır ki…

Baxma belə getməyinə,

Belə getməz, belə getməz, ömrüm-günüm.

 

Tanrı bizi bağışlamaz belə getsə,

Çevrilərik qurd olarıq.

Ulaşarıq…

Tənhalığa bulaşarıq.

Bakı da çox böyükləşib,

Unutmağa gücüm çatmaz.

Adam belə ürək atmaz,

Adam belə əl götürməz, ömrüm-günüm.

 

Alçanın ən yeməli vaxtı,

Adam ölməz, ömrüm günüm.

İnanmırsan, qızımızdan soruş desin,

Üç ikiyə tam bölünməz, ömrüm-günüm.

 

 

***

 

Açıb çəmən üstə bu lal süfrəmi,

Sənə bal süzərdim susqunluğumla.

Saçına şeh kimi düşərdim, heyif,

Pis vaxtda getdin.

 

Kəpənəyə dönüb dəli baxışım,

Toxunardı şirin təbəssümünə,

Nazını qoyardı gözünün üstə.

Öpüb o utancaq səssizliyini,

Qonardı açılmış dizinin üstə.

ən şirin gecənə dönərdim, heyif,

pis vaxtda getdin.

 

Payızı seçmişdim səni sevməyə,

Elə sevərdim ki, bahar olardın.

Xəzəl xışıltısı... unutqan cığır...

Axır ki, hər bir şey gözəl olardı,

Pis vaxtda getdin..

 

 

***

 

Adamın adamla təkcə söhbəti yox,

Gərək susmağı da tuta...

Məsələn, zirvəylə duman kimi,

Ulduzla asiman kimi,

Çiçəklə başdaşı kimi,

Qürurla göz yaşı kimi...

 

“Ədəbiyyat və incəsənət”

(01.09.2023)

Cümə, 01 Sentyabr 2023 12:45

Təbii yağlar bizə nə verir?

HƏM QİDA, HƏM KOSMETİK VASİTƏ KİMİ ÇOX ŞEY

 

Yenidən mövzumuz sizlərin sağlamlığı barədədir. Sirr deyil ki, mədəni elmli və gözəl insan xalqın genfondunda əsas yer tutur. Bütün bu məziyyətlər isə sağlam yaşam tərzindən qaynaqlanır. Yəni, sağlam həyat sürən adamın beyni elmi dərk etməyə, ruhu mədəniyyəti qəbul etməyə, cismi də gözəl qalmağa rahatlıqla nail olur. Və sağlam yaşam tərzinin bir sirri də sağlam qidalanmaq, bütün vitamin və mikroekenenləri qədərincə qəbul etməkdir. 

“Ədəbiyyat və incəsənət” portalının bu dəfə açmaq istədiyi mövzuya, düşünürük ki, heç bir oxucu biganə qalmayacaq. 

 

Ölkəmizin qida əlavələri və kosmetik məhsullar bazarında son vaxtlar sensasiyalı xəbərlər dolaşır. Millət vəkili Rüfət Quliyev bir neçə dəfə bitki yağı adı altında insanlara tərkibi məlum olmayan qatqılar sırıyan, bununla da insanlarımızın sağlamlıqlarına zərbə vuran işbazları sosial qınaq müstəvisinə çıxarıb. 

Bu arada sözügedən bazara qısa müddətdə ildırım surəti ilə daxil olan, üstün keyfiyyəti və nəfis tərtibatı ilə seçilən, apteklərdə böyük təlabat duyulan “Ataşah” yağ məhsulları diqqətimizi çəkməkdədir. Hazırda bu yağlar 6 çeşiddə alıcıya təqdim olunur. 

“Ədəbiyyat və incəsənət” portalının əməkdaşı şirkət rəsmiləri Paşa Məcidova və Fuad Nəsrullayevə müraciət edərək “Ataşah” yağları barədə ayrı-ayrılıqda oxucularımıza məlumat verməyi xahiş etmişdir. Və bir də, öyrənmək istəmişdir ki, niyə məhz bu yağlara alıcılar üstünlük verirlər. 

 

Həmsöhbətlərimiz bildirmişlər ki, “Ataşah” yağları ənənəvi soyuq sıxım üsulundan da irəli gedərək kriogen üsulla sıxımı həyata keçirir, bu da yağın sıxım zamanı faydalı xüsusiyyətləri tam qorumasına dəlalət edir. Bundan başqa, ölkə bazarındakı yağlarda əsas məhsula az qala yarıbayarı digər - daha ucuz başa gələn, aşağı keyfiyyətli bitki yağları (bəzən hətta pambıq yağı) əlavə edildiyi halda, “Ataşah” yağlarına üçdə bir nisbətdə keyfiyyətli zeytun yağı əlavə edilir. Və bu da yağın mükəmməlliyini təmin edir.

Paşa Məcidov və Fuad Nəsrullayev bildirmişlər ki, hazırda bazara çıxarılan 6 bitki yağı çeşidi aşağıdakılardır: 

Nar çəyirdəyi yağı;

Qara zirə yağı;

Üzüm çəyirdəyi yağı;

Balqabaq tumu yağı;

Çaytikanı yağı;

Kətan yağı.

 

Nar çəyirdəyi yağı

 Sağlamlığın əvəzsiz eliksiri!

 Orqanizm hüceyrələrini zərərli təsirlərdən qoruyan, ürəyin sağlamlığına kömək edən, bir çox xəstəliklərin yaranması riskini azaldan, dərinin keyfiyyətini yüksəldən, yaşlanma əlamətlərinə maneə törədən nar çəyirdəyi yağını ölkədə ilk dəfə “Ataşah” şirkəti ən son texnologiya ilə, heç bir qatqısız, 500 kiloqram xammaldan vur-tut 1 litr məhsul almaqla sizlərə çatdırır.

Bu məhsuldan necə imtina etmək olar?

 

Qara zirə yağı

 Günümüzün trendi

 Ümumi tonusu və iş qabiliyyətini yüksəldən, allergik reaksiyaları azaldan, çəkini normallaşdıran, qanda qlükozanın səviyyəsini salan, bakteriyalara, viruslara, parazitlərə, göbələklərə təsir göstərə bilən, qaraciyərin keşikçisi sayılan qara zirə yağı immun sistemini də möhkəmləndirən çox qiymətli bir vasitədir.

Stressli, viruslu dövrümüzdə bu yağ əvəzsizdir.

Təsəvvür edin ki, hətta müqəddəs “Quran” kitabında da bu yağın hədsiz faydalarından bəhs edilib.

 

Üzüm çəyirdəyi yağı

 Əsl gözəllik vasitəsi!

Tərkibində bol-bol andioksidant toplanan, ürək-damar sisteminin qüsursuz fəaliyyətinə kömək edən, yaşlanma əleyhinə güclü təsir xüsisiyyətlərinə malik olan, qida əlavəsi və kosmetoloji vasitə kimi əvəzsiz sayılan üzüm çəyirdəyi yağını soyuq sıxım vasitəsilə sizlərə əlçatan etdik.

Təki sağlam və gözəl olasınız!

 

Balqabaq tumu yağı

Kişilərin əsl dostu

Mütəmadi istifadədə immuniteti möhkəmləndirən, maddələr mübadiləsini stimullaşdıran, dərinin və saçın vəziyyətini yaxşılaşdıran, mədə göynəmələri, piylənmə zamanı hədsiz faydalı olan, qurdlarla və parazitlərlə mübarizədə analoqu olmayan balqabaq tumu yağının xüsusi bir özəlliyi də var: E vitamininin, sinkin, bioloji aktiv maddələrin bolluğu bu unikal qidanı xüsusən kişilər üçün əhəmiyyətli edir.

Kişilər, qərarı dərhal qəbul edin!

 

Çaytikanı yağı

İnsan orqanizminin havadarı

 Əbəs yerə çaytıkanı yağı ən faydalı yağlardan hesab edilmir ki? Həm həzm sisteminə kömək edir, həm iltihab, şiş və mikrob əleyhinə xüsusiyyətlərə malikdir, üstəlik, dərinin, saçların və dırnaqların sağlamlığına da müsbət təsir göstərir.

Azərbaycanın ən saf təbiətində yetişən çaytikanını toplayaraq yağını sizlər üçün əlçatan etdik!

 

Kətan yağı

Universal vasitə

Omeqa 6 və Omeqa 3-lə tam zəngin olan, ürək-damar sistemində, iltibah və əqli problemlərdə olduqca böyük faydası duyulan kətan yağı iştahanı azaldaraq arıqlamağa da kömək edir, dərinin vəziyyətini də yaxşılaşdırır, üstəlik, beynin və qan dövranı sisteminin dostu hesab edilir.

Bir sözlə, sağlamlıq üçün əsl universal vasitədir.

 

“ATAŞAH” YAĞLARI – HƏM FAYDALI QİDA ƏLAVƏSİ, HƏM TƏKRARSIZ KOSMETİK VASİTƏDİR! 

Onu şəhərin apteklərindən soruşun!

 

“Ədəbiyyat və incəsənət”

(01.09.2023)

Dünyaşöhrətli italiyalı bəstəkar Ludoviko  Einaudi Heydər Əliyev Sarayında pərəstişkarları ilə görüşəcək. 

Bu ilin oktyabrının 2-nə nəzərdə tutulan görüşdə tamaşaçılar bəstəkarın ən məşhur filmlər üçün yazdığı əsərlərini canlı dinliyə biləcəklər. 

 

Ludoviko Einaudi dünya klassikası tarixinə daxil olmuş italyan bəstəkarıdır. Dövrümüzün ən çox axtarılan bəstəkarlarından biri, musiqidə neoklassik istiqamətin simvolu, bir çox məşhur filmlərin musiqi müəllifidir.

Onun yaradıcılığında klassiklərin sarsılmaz ənənələri, etnik motivlər, müasir elektron səs və populyar musiqinin dinamizmi harmonik şəkildə birləşir.

Musiqiçinin diskoqrafiyasında 15-dən çox studiya albomu və ümumilikdə 40-dan çox musiqi buraxılışı var. Bir çox musiqilərin müxtəlif ölkələrdə qızıl və platin statusu var. Dahi bəstəkarın saundtreklərini ən məşhur Hollivud və Avropa filmlərində dinləmək olar.

 

“Ədəbiyyat və incəsənət”

(01.09.2023)

Bəzən jurnalist müsahibindən söz ala bilmir. Necə edəsən ki, müsahibin danışsın? “Ədəbiyyat və incəsənət” portalı tanınmış tənqidçi Əsəd Cahangirlə “Ustad dərsləri” rubrikasını təqdim edir. Burada Əsəd Cahangirin müxtəlif illərdə götürdüyü ən maraqlı müsahibələr tarixi ardıcıllıqla təqdim olunur. Növbəti müsahib böyük kinoaktyor, bu günlərdə gündəmdən düşməyən Rasim Balayevdir. Onunla müsahibə 1998-ci ilin martında götürülüb.

 

 

“MƏN HƏLƏ SƏNƏTDƏ SÖZÜMÜ DEYƏ BİMƏMİŞƏM”

O, yetmişinci illər Azərbaycan kinosunun günəşi idi. Yarı-yaraşığı ilə qızların-qadınların, Nəsimi, Beyrək, Babək obrazları ilə çoxmilyonlu tamaşaçı kütləsinin qəlbini fəth eləmişdi. Milli kinomuz tarixində onun qədər sevilən, onun qədər populyar ikinci aktyor təsəvvür eləmək çətindir. Ozü ilə tanış olandan sonra görürsən ki, bu ad-sanın, bu şan-şöhrətin qarşılığında onun qədər sadə, təvazökar insan da yoxdur. Söhbət 50 yaşını qeyd etməyə hazırlaşan sevimli aktyorumuz, Xalq artisti Rasim Balayevdən gedir.

 

-Rasim müəllim, son vaxtlar hansı filmlərə çəkilmisiniz?

-Rasim Ocaqovun quruluş verdiyi “Otel otağı” filmində əsas rollardan birini oynayıram.

-70-ci illərin əvvəllərində ekranlara çıxan, festivallara gedən və müxtəlif nominasiyalar üzrə qalib olan “Nəsimi” filmindəki Nəsimi obrazı Azərbaycan və SSRİ məkanında sizi populyar bir aktyora çevirdi. Nəsimi adı ilə Rasim Balayev adı xalqımızın nəzərində qoşalaşıb. İndi bu hadisələrin üstündən 25 ildən çox keçib. Yenidən dönüb “Nəsimi” filminə baxanda film sizə yenə də eyni dərəcədə mükəmməl görünürmü?

-Dünya standartlarına uyğun texnikanın olmaması filmin çəkilişində müəyyən nöqsanlar doğurmuşdu. Amma əsas o idi ki, filmdə səmimiyyət var idi. Odur ki, zaman sənətə qalib gələ bilmir. Söhbət, əlbəttə ki, ciddi sənətdən gedir. Filmin çəkildiyi tarixdəın uzaqalşdıqca, daha yaxşı baxılır. Bir şeyə təəssüflənirəm ki, sovet dövrü olduğuna görə ideoloji yasaqlar, qadağalar Nəsimi obrazının həqiqi təcəssümünü yaratmağa mane oldu. Allaha, Peyğəmbərə şeirlər həsr edən Nəsimi filmdə az qala ateist kimi verilib. Amma bu nə ssenaristin, nə rejissorun, nə də aktyorların günahı deyildi.  Filmin yaradıcı heyəti ideoloji yasaqlar içində tapşırılan işi yerinə yetirmiş və buna uğurla nail olmuşdu. Bu film şəxsən mənim həyatımda həlledici dönüş nöqtəsi oldu, aktyor taleyimə təsir etdi. Əgər bu filmə çəkilməsəydim, yəqin ki, biz indi sizinlə burada oturub söhbət etməzdik.

-Təməlində islam zehniyyəti duran mistik Nəsimi və islamı odla, qılıncla rədd edən Babək. Bir-birinə zidd olan bu obrazları yaratmaq eyni bir aktyor üçün çətin deyildimi?

-Düzünü desəm, çətin idi. Nəsimi və Babək həm fiziki, həm də psixoloji baxımdan fərqli obrazlardır. Amma onları birləşdirən bir hiss var – vətənpərvərlik. Təəssüf ki, bu indi çoxlarımızda çatışmır.

-Siz 70-ci illərdə üç parlaq tarixi obraz yaratmısınız -  Nəsimi, Beyrək və Babək. Bunlardan hansı sizin üçün daha qiymətlidir?

-Nəsimi ilk tarixi rolum, Babək isə ən möhtəşəm tarixi obrazım kimi mənə qiymətlidir. Amma Beyrək də onlardan az önəmli deyil. Bunların hər biri tariximizin bu və ya digər məqamı ilə bağlıdır. Babək bizim zərdüştiliyimiz, Beyrək türklüyümüz, Nəsimi isə müsəlmanlığımızla bağlıdır. Bu üçünün vəhdətindən Azərbaycan xalqı yaranıb. Bu obrazların hər biri Azərbaycan bayrağının bu və ya digər rəngi ilə bağlıdır. Babək qırmızı, Beyrək göy, Nəsimi isə yaşıl rəngi simvolizə edir. Bu obrazlar bütövlükdə Azərbaycan dövlətçiliyi və Azərbaycan xalqını rəmzləşdirir. Bu obrazlarla mən bütövlükdə Azərbaycanın obrzını  yaratmışam.

-Siz Azərbaycan kinosu tarixində bəlkə də ən təhlükəli vəziyyətlərlə üzləşən bir aktyorsunuz. Beyrək rolunda şirlə pəncələşirsiniz, Tahir rolunda buruqdan dənizə tullanırsız.

-Tahir rolunda mənim əvəzimdən kaskadyor dənizə tullanmışdı. Beyrək rolunda isə şirə yuxu iynəsi vurulmuşdu. O yatmağa beş-on saniyə qalmış mənim üstümə buraxılmışdı. Amma bəzən nəinki şir, hətta ceyran da qorxulu olur. “Dədə Qorqud” filmində ceyranı tutanda ehtiyat edirdim. Çünki ceyranın qılınc kimi buynuzları olur və kiçik bir ehtiyatsızlıq məni kor edə bilərdi. Ceyran kino çəkilişində iştirak edənlərdən birinə buynuzu ilə elə zərbə vurdu ki, burnu ortadan iki yerə bölündü. Təbiidir ki, ceyran bunun bir kino olduğunu başa düşmür, vəhşi bir instinktlə özünü qoruyurdu. Bu kadrı üç dəfə dubljay etdik. Sonuncu dəfə ayaqlarını bağlayanda o, ürəyi partlayıb, əlimdəcə ölmüşdü.

-Şirlə qarşılaşmağınız daha təhlükəli olardı.

- O Berberov familiyalı bir yəhudini evində böyümüş şir idi. Mənə ürək-dirək verirdilər ki, qorxma, ev şiridi. Amma onun zarafatla bircə pəncə vurması kifayət idi ki, mən birtəhər olum. Sonra bu şir ev sahibinin oğlunu parçaladı, arvadını yaralayıb, qaçdı küçəyə. Polislər onu gülləylə vurub öldürdülər.

-Sizi indi də şirlə zindana salsalar, çəkilərsinizmi?

-İndi yəqin ki, ehtiyat edərəm. Yaş artdıqca, adam çox şeylər görür, ehtiyatlı olur.

-Bəlkə, yaş artdıqca sənətin gətirdiyi uğur və sevinclər sizin üçün əvvəliki mənasını itirir.

-Qətiyyən! Əksinə, yaş artdıqca adamın məsuliyyəti daha da artır.

-İndiki yaşınız və indiki düşüncənizlə Babək kimi bir ateistin rolunu yenə də oynardınızmı?

-Hansı rolu oynamağımdan asılı olmayaraq, mən Rasim Balayevəm. Odur ki, belə təklif olsa, yenə Babəki oynayardım.

-“Babək” filmində Amaliya Pənahovanın Zərnisə, Tamara Yandiyevanın Pərvin obrazını o vaxtkı kino tənqidçiləri uğursuz saymışdılar. Sizcə, bu tənqidlər nə dərəcədə haqlı idi?

-Məncə, hər iki aktrisa rolun öhdəsindən yaxşşı gəlmişdi. Mənim haqqımda da deyirdilər ki, guya mən cılız görünürəm, Babək canlı, cüssəli bir adam olub. Amma, məncə, Babəkin gücü onun cüssəsində yox, ruhundadır.

-İndiyədək neçə filmə çəkilmisiniz?

-Əvvəllər sayırdım indi daha saymıram. Təxminən 70-ə yaxın filmə çəkilmişəm.

-İnstitutu bitirəndən sonra uzun müddət sizi nə teatra, nə də kinoya dəvət etdilər. Sonra birdən-birə kinoya dəvət almağınız necə oldu?

-İnstitutu bitirəndən sonra Dram Teatrında işləmək istəyirdim. Qəbul etmədilər. Bir neçə il Tədris Teatrında işləsəm də, ürəyimcə olan heç bir iş görə bilmədim. Əsəblərim tədricən korlandı. Elə bu vaxt atam vəfat etdi. Düşdüm xəstəxanaya. Xəstəxanada olanda Həsən Seyidbəyli gəldi ki, səni Nəsimi roluna çəkmək istəyirəm.

-Həsən Seyidbəyli Nəsimi roluna məhz sizi çəkməklə, yəqin ki, hansısa amillərə söykənirdi.

-Onu cəlb edən mənim zahiri görünüşüm olmuşdu. Həmişə deyirdi ki, Rasimin üzündə nəsə bir qədimilik var. Həm də istəyirdi ki, Nəsiminin ifaçısı yeni sifət olsun ki, xalq onu Nəsimi kimi qəbul etsin.

-Filmdəki uğurunuz səhhətinizə necə təsir etdi?

-Filmin uğuru məndə yenidən həyata qayıtmaq arzusu doğurdu. Özümə inam yarandı. Sonrakı uğurlarım isə məni müalicə elədi.

-Və sizə çoxlu sevgi məktubları axıb gəlməyə başladı...

-(gülür) Yüzlərlə məktub alırdım. Eşq elan edənlər də olurdu.

-Siz Dram Teatrında Hüseyn Cavidin “İblis” faciəsində Arif rolunu oynamısınız. Sonra yeni tamaşalara niyə dəvət almadınız?

-Mən teatra “İblis” tamaşasının rejissoru Mehdi Məmmədovun dəvəti ilə getdim. İndi orada məni qane edən rejissor yoxdur. Amma çox istəyirəm ki, teatrda oynayım.

-Teatrlarımızın bugünkü durumu sizi qane edirmi?

-Bəzən görürsən ki, teatr artistləri qışqırmağa üstünlük verirlər. Çünki qışqırıqsız rol oynamaq çox çətindir. Bunun üçün gərək professionalizm çox yüksək olsun.

-Özünüzə qədərki aktyorlardan kimin sənəti sizə çox təsir edib.

-Səməndər Rzayev, Mikayil Mirzə və mən Ağsuda bur məktəbdə oxumuşuq. O vaxtlar söhbətlərimizin əsas məzmununu Barat Şəkinskaya, Ələsgər Ələkbərov, Hökümə Qurbanova kimi aktyorlarımızın yaradıcılığı təşkil edirdi.

-Məktəb yoldaşlarınızdan bəziləri deputat oldular. Sizin bu ali mənsəbə şansınız heç də onlarınkından az deyildi.

-Mən özümü siyasətçi hesab etmirəm.

-Özünüzü necə adam hesab edirsiniz?

-Bir az romantik təbiətli, emosianal adamam. Hər hansı bir faciəvi hadisə ilə üzləşəndə bir neçə gün özümə gələ bilmirəm.

-Gənc Rasimin arzularını 50 yaşlı Rasim yerinə yetiribmi?

-Çoxları qorxurdu ki, mənim şöhrətdən başım gicəllənəcək. Amma mən həmişə sadəlik tərəfdarı olmuşam. 50 yaşımda da elə hesab edirəm ki, hələ sənətdəə sözümü deyə bilməmişəm.

-Bütün məşhur adamlar kimi sizi də sevənlərlə yanaşı, gözügötürməyənlər də olmamış olmaz. Paxıllarınız haqqınızda şaiyələr yayıbmı?

-Deyirdilər ki, guya möhkəm içənəm, arvadbazam. Brejnev sonuncu dəfə Bakıya gələndə söz yaymışdılar ki, guya mən aeroportda Brejnevi söymüşəm, tutub basıblar içəri. Həbs olunmadğımı göstərmək üçün məni şeir oxumaq bəhanəsilə “Səhər görüşləri” verilişinə dəvət etdilər.

-Hazırda sizi qane edən aktyor varmı?

-Məncə, Fuad Poladov düşünən və düçündürən aktyordur.

-50 yaşda hansı rolu oynamaq istərdiniz?

-Qəribə də gəlsə, Qacarı oynamaq istərdim.

-Nə üçün məhz Qacarı?

-Çünki ona məhəbbət oyatmaq istəyirəm.

Sənətdə qazandığınız uğurlara görə özünüzü kimə borclu hesab edirsiniz?

-Allaha!

-Tәsәvvür edin ki, seһrli xalçaya minib başqa planetә gedirsiniz. Sizә özünüzlə yalnız bir şey götürmәyә icazә verirlәr. Nәyi seçәrdiniz?

-Azərbaycanı.

 

“Ədəbiyyat və incəsənət”

(01.09.2023)

 

 

 

 

 

 

Noyabrın 25-də “Baku Crystal Hall” səhnəsində türk pop musiqisinin ən məşhur və sevilən sənətçilərindən biri, möhtəşəm ifaları, eləcə də hərarətli səhnə performansı ilə bir çox ölkələrdə milyonlarla insanın qəlbini fəth etmiş, həmçinin yüzlərlə yerli, beynəlxalq mükafatlara layiq görülmüş Tarkan konsert proqramı ilə çıxış edəcək. 

 

Meqastar enerji dolu möhtəşəm atmosfer yaratmaq üçün öz repertuarında olan unudulmaz mahnıları ilə yenidən pərəstişkarları qarşısına çıxacaq. 

 

Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.

 

“Ədəbiyyat və incəsənət”

(01.09.2023)

Görkəmli yazıçı və ədəbiyyatşünas alim Mir Cəlal Paşayevin anadan olmasının 115 illiyini ölkəmizin ictimaiyyəti böyük minnətdarlıq hissi ilə qeyd etdi. Yubiley tədbirlərinin mərkəzində Bakı Dövlət Universitetinin olması isə təsadüf deyildi. Mir Cəlal müəllim 1961-ci ildən ömrünün sonuna – 1978-ci ilə qədər universitetin Azərbaycan ədəbiyyatı tarixi kafedrasına rəhbərlik etmiş, ölkəmizdə yeni ədəbiyyatşünaslar nəslinin yetişməsində müstəsna xidmətlər göstərmişdir.

Bakı Dövlət Universitetinin təşkil etdiyi silsilə tədbirlərə tələbələr arasında hekayə müsabiqəsinin keçirilməsi də daxil idi. Müsabiqə qalibləri Fidan Barçının (birinci yer), Nuridə İsmayılovanın (ikinci yer), Nurlanə Şirinovanın (üçüncü yer), eləcə də BDU-nun xüsusi mükafatını almış Aytac Salahlının hekayələrini təqdim edirik.

Bu gün “Ədəbiyyat və incəsənət” sizlərə xüsusi mükafatçı Aytac Salahlının   hekayəsini təqdim edəcək.

        

 

Aytac SALAHLI

 

UNUDULMAZ XATİRƏ

 

Vəliyevlər ailəsi Birinci Qarabağ müharibəsi zamanı qaçqın düşəndən sonra Bakıdakı şəhərciklərin birində yaşamağa məcbur olmuşdu. Əslən Füzulidən olan Vəliyevlər kasıb ailə idi. Ana qızını və oğlunu məktəblərin birində xadiməlik edərək saxlayırdı. Maaşı az olduğu üçün Ayşə ev xərclərini, uşaqların geyimini tam ödəyə bilmirdi. Lakin özünü daim şən və gümrah aparmağa çalışırdı ki, maddi cəhətdən əziyyət çəkən uşaqları mənəvi cəhətdən də əziyyət çəkməsin.

Evin ən böyük uşağı Zaurun 15, bacısı Lalənin isə 6 yaşı vardı. Zaur dərslərini yaxşı oxuduğu üçün müəllimlərinin sevimli və ağıllı şagirdlərindən biri idi. Atası Mehdi şəhid olandan sonra onun yoxluğunu qismən də olsa, hiss etməmək üçün yazdığı məktubu oxuyar, hərdən də atasının paltarlarını qoxlayardı.

“Ayşəm, əgər şəhid olsam, bil ki, arzuma çatmışam. Uşaqları sənə, səni də Allaha tapşırıram. Lalə, ananı incitmə, həmişə ağıllı qızım olaraq qal. Zaur, oğlum, mən olmasam, evin böyüyü sənsən. Ailənin qeydinə qal. İstəyirəm ki, gələcəkdə savadlı və mərhəmətli həkim olasan”.

Elə vaxt olurdu ki, yeməyə bir tikə çörək də tapa bilmirdilər. Ona görə də Zaur anasına kömək üçün dərsdən sonra kağız dəsmal satırdı. Əslən qaxlı olan Güllü xala nə vaxt görsə, Zauru şirin dillə dindirər və mütləq bir dənə də olsa, dəsmal alardı. Zaur və ailəsi Güllü xalanı çox sevərdi.

Yayın isti günlərindən biri idi. Evdə olan son tikə çörəyi bacısına verən Zaur səhərdən heç nə yeməmişdi. Həm istidən, həm də aclıqdan başı fırlanırdı. Dəsmalları da sata bilməmişdi. Maşınların sürətlə şütüdüyü yolun kənarında birdən müvazinətini itirdi. Zaurun xatırladığı tək şey yerə yıxılmaq istəyəndə qolundan kiminsə onu tutduğunu hiss etməsi oldu.

Güllü xala Zaurun huşunun yerinə gəldiyini görəndə sevindi. Tez bir stəkan su verib, mətbəxə yemək hazırlamağa getdi. Zaur utandığından yeməyə əl vurmaq istəmədi:

– Güllü xala, sağ ol, mən ac deyi...

– Sus görüm. Necə yəni ac deyiləm? Keç otur, yeməyini ye. Yeməsən, bir də mənə Güllü xala demə.

Güllü xala Zauru doyuzdurduqdan sonra iki dəsmal alıb onu yola saldı.

...Zaur Vəliyev telefonda Füzulinin azad olunmasından sonra orada gedən yenidənqurma işlərinin planına baxırdı. Qəfil qapı döyüldü. Tibb bacısı təcili xəstənin olduğunu Zaur həkimə xəbər verdi. O, xəstənin yanına çatanda bir anlıq duruxub qaldı. Sonra fikirlərini dəqiqləşdirmək üçün tibb bacısı, həm də həyat yoldaşı Nərgizdən xəstə haqda məlumat aldı:

– Namazlı Gülüstan. 67 yaşındadır. Ağciyər xərçəngindən əziyyət çəkir.

– Əslən haralıdır bəs?

– Niyə soruşursan?

– Sən de, sonra deyərəm.

– Qaxlıdır. Yaxınları ilə əlaqə saxlamaq mümkün olmadı. Qadın təcili əməliyyat olunmalıdır. Yoxsa ölə bilər. Ancaq bir problem var. Əməliyyatın pulunu bilmirik kim ödəyəcək.

Sevincli-kədərli hisslər keçirən Zaur dedi:

– Əməliyyat otağını hazırlayın. O pul çoxdan ödənib.

– Anlamadım, nə vaxt ödənib, Zaur?

– Mənim 15 yaşım olanda. O, həyatımı xilas edərək ödəyib.

– Bəlkə, ətraflı danışasan. Heç nə başa düşmədim.

– Əməliyyatdan çıxandan sonra danışaram.

 

“Ədəbiyyat və incəsənət”

(01.09.2023)

 

 

 

 

 

Məşhur braziliyalı musiqiçi Mario Bakuna gəlir

 

Oktyabrın 15-də Bakı Caz Festivalı çərçivəsində Heydər Əliyev Mərkəzində braziliyalı musiqiçi Mario Bakunanın konserti olacaq. 

 

Auditorium zalında keçiriləcək konsert “Braziliya mənzərələri” adlanır. 

Məşhur caz ifaçısı eyniadlı albomu ilə artıq Avropanın 16 ölkəsində qastrolda olub. “Braziliya mənzərələri” albomu digərlərindən məşhur braziliyalı bəstəkarların əsərlərinin yeni aranjimanının təqdimatı ilə fərqlənir. 

 

Biletləri şəhərin kassaları və iTicket.az saytından əldə etmək olar.

 

“Ədəbiyyat və incəsənət”

(01.09.2023)

Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”

 

 

Bu kino ki var, çox qəliz məsələdir, həm qəlizdir, həm də ki vacib" 

 

Kino sektoru, Kinematoqrafiya sadəcə insanların istirahət vaxtını xoş keçirməsi üçün əyləncə xarakterli deyil, bununla yanaşı eyni zamanda bəzən bir nümunə, örnək, öyrədici, təbliğat, təşviqat, etnoqrafiya xarakterləri də daşıyır.

Düşünürəm ki, hər bir xalqın mədəniyyəti və mədəniyyətin müxtəlif sahələrinə aid olan əsərləri özündə bir az həmin xalqın məişət və cəmiyyət həyatını, bir az milli ruhunu, bir az soykökünü, bir az dünyagörüşünü də ehtiva edir. 

Necə ki, milli kinolarımızın mövzu və məzmununa diqqət yetirəndə görürük ki, müharibə, ( istər ön, istər arxa cəbhə) insanların məişət həyatı, soykökü, qəhrəmanlıq mövzularında çəkilmiş filmlərimiz üstünlük təşkil edir.

Biz milli kinolarımızda daha çox hər zaman ön cəbhələrdə cəsarətlə vuruşmuş Mehdi  Hüseyzadə, Həzi Aslanov, İbad Hüseynov kimi qəhrəman, söhbət müharibədən, cəbhədəki əsgərlərdən gedəndə əlindəki varını-yoxunu  cəbhəyə gedənlərə paylayan Cəbiş müəllim kimi insan,  tək 

başına evindən çıxıb cəbhəyə yollanan balaca Murad, məişət qayğıları ilə yanaşı kolxozlarda, çay və pambıq plantasiyalarında, fermalarda çalışan zəhmətkeş, həkimə ehtiyacı olan bir yaralıya tibbi yardım göstərmək üçün fırtınalı gecədə dağ döşünə qalxan fədakar Azərbaycan  qadını kimu obrazlar izləyirik. 

 

"Ə nə var e, Ələsgər, Ələsgər”

(Bəyin oğurlanması) 

 

“Möhsün yaralanmışdır,

Bir bax, ürəyi qandır.

Doktor dedi ki, yalnız

Nazik ona dərmandır”.  

 

"Qaytarın qoyunları"

(Ulduz) 

 

"İkinizi də Allah öldürsün, səni də, Hitleri də!"

(Bizim Cəbiş müəllim) 

 

"Söhbət sosiskada deyil e, “vnimatelni” olmaqdadır." (Uşaqlığın son gecəsi)

 

-kimi məzəli replikaları ilə könülləri oxşayıb, yaddaşlara əbədi həkk olunan milli kinolarımızla yanaşı, ən çox bəyəndiyim və məni ən çox təsirləndirən xarici kinofilmlərdən biri də 2008-ci ildə Budapeştdə Mark Hemanın rejissorluğu ilə  İrlandiyalı yazıçı Con Boynun eyni adlı romanı əsasında çəkilmiş “Zolaqlı pijamalı oğlan” filmidir. 

Filmdə 2-ci dünya müharibəsi zaman baş vermiş dramatik  bir hadisədən bəhs olunur. Belə ki, 8 yaşlı Brunonun atasının yeni vəzifəyə təyin edilməsi ilə əlaqədər ailə başqa bir yerə köçməli olur.

Bruno almandır və atası Ralf yüksək rütbəli bir alman zabitidir. Berlindəki xoşbəxt həyatından və dostlarından ayrılmalı olduğu üçün məyus olan Bruno yeni yaşadıqları evin arxasında, yaxınlıqda yerləşən konsentrasiya düşərgəsini ferma, orada saxlanılan dustaqların fermer olduqlarını zənn edir. Lakin, bu fermerlər və onların uşaqları ona bir az qəribə görünür, çünki onlar zolaqlı pijama geyinirlər. Valideynlərindən bunun niyə belə olduğunu soruşduqda atası onların əslində tam olaraq gerçək bir insan olmadıqlarını deyir və Brunoya evin arxa tərəfinə getmək, ora yaxınlaşmaq, onlarla ünsiyyət qurmaq qadağan olunur. Bu yeni evdə Brunonun günləri çox sıxıcı keçir, bu səbəbdən də o,  onun üçün yelləncək düzəltmələrini istəyir və yelləncəkdən fermanı izləməyə çalışdıqda yıxılıb dizini yaralayır. Onların evində quıluqçu olan qoca dustaq bunu gördükdə dərhal ona tibbi yardım göstərir və onlar tanış olurlar. Məlum olur ki, bu qoca dustaq Paveldir, o keçmişdə həkim olub. Brunonun qoca dustaqla olan ünsiyyətinə şahid olan Elza onu Paveldən uzaqlaşdırır və bir də onunla ünsiyyət qurmasına icazə vermir. 

Bu arada Brunonun atasının əmri ilə evlərinə List adında bir müəllim gəlir və Bruno ilə özündən 4 yaş böyuk olan bacısı Qretelə nasizm ideyalarını təlqin etməyə çalışır. O bütün yəhudilərin almanları məhv etmək istədiklərini söyləyir. Qretel bu fikirləri qəbul edərkən, Bruno bu fikirlərə hər zaman şübhəylə yanaşır və onda  bu fikirlərə qarşı suallar yaranır. Lakin yaxınlıqdakı düşərgə daim Buronunun diqqətini cəlb edir və o gizlicə həyətlərindən çıxaraq meşəlikdə oynayarkən düşərgəni əhatə edən tikanlı məftilləri görür. Orda baş verənləri daha yaxından görə bilmək üçün məftillərə yaxınlaşıraq, tək başına məftillərin arxasında oturmuş, özüylə yaşıd olan Şmul adlı yəhudi oğlanla tanış olur.  Bruno daha sonralar gizli olaraq tez-tez onunla görüşür və hətda Şmul ac olduğunu və yemək istədiyini dediyi üçün ona şokalad da aparır.

Bir gün Elza konsentrasiya düşərgəsinin yaxınlığında yanan sobalarda dustaqların yandığırıldığını öyrənir və dəhşətə gəlir. Və buna görə əri Ralfla aralarında mübahisə yaranır lakin, əri fikrindən dönmür.

Həmin gün Ralfın atası onlara qonaq gəlir, amma Ralfın anası da oğlunun gördüyü bu işi qəbul etmədiyi üçün, xəstə olduğunu bəhanə gətirərək oğlu ilə görüşə gəlməkdən imtina edir.

Yemək zamanı məlum olur ki, Ralfın tabeçiliyində çalışan və eyni zamanda onun evində yaşayan leytenant Kotlerin atası da nasistlərin siyasəti ilə razı deyil və bu səbəbdən Almaniyadan İsveçrəyə köçüb. İşə daxil olduğu anda bu halı gizlədən Kotleri buna görə cəza gözləyir. Yemək zamanı onlara xidmət göstərən Pavel yalnışlıqla çaxırı süfrəyə dağıtdıqda Kotler dustağı vəhşicəsinə döyərək acığını ondan çıxır və o hadisədən sonra bir də Paveli görən olmur, ehtimal ki, Kotler onu döyərək öldürür.

Günlərin birində Bruno evlərində stəkan silən

Şmulu görür və ac olduğu üçün ona pirojna təklif edir. Şmul pirojnanı yeyərkən Kotler gəlib bunu görür və onu yemək oğurlamaqda ittiham edir. Şmul yeməyi oğurlamadığını, bunu ona Brunonun verdiyini dedikdə Kotler bu dəfə Brunonun üstünə düşür. Qorxusundan əvvəl buna inkar edən Bruno daha sonra buna peşman olaraq tikanlı məftillərin yanına dostuyla görüşməyə gedərək Şmulun vəhşicəsinə döyüldüyünü görərək ondan üzr istəyir. Ralf bir bombalanma nəticəsində anasının həyatını itirməsi xəbərini alır və ailə cənazədə iştirak edir.

Övladlarının günahsız insanların yandırıldığı düşərgənin yaxınlığında yaşamağını istəməyən Elza uzun mübahisələrdən sonra nəhayət istəyinə nail olur və Rulf onunla uşaqların Heydelberqə köçməsinə razılıq verir

Dostuyla bir sonrakı görüşündə ona bu xəbəri vermək istəyən Bruno Şmulun məyus oldugunu görür. Şmul atasının hansısa bir iş üçün bir neçə başqa adamla harasa getdiyini və bir daha dönmədiklərini söyləyir. Bruno itkin düşmüş atasını tapmaqda Şmula kömək etmək üçün məftillərin dibini qazaraq düşərgəyə girir. Şmul ona dustaqların geyindiyi köhnə bir pijama tapıb gətirir və Bruno pijamanı geyinərək Şmulla birlikdə onun atasını axtarmağa başlayır.

Lakin bir qədər sonra Bruno və Şmulun da daxil olduğu bir qrup insanı qaz kamerasına salaraq elan edirlər ki, indi onları çimizdirəcəklər.

Bu zaman Brunonun yoxa çıxdığını görən Elza və Rulf onu axtarmağa başlayır və konsentrasiya düşərgəsinə qədər gəlib çıxırlar. Lakin artıq gec olur. Bruno Şmul və digər məhbuslar kimi qaz kamerasında boğularaq ölür.

Bəli, bəzən bir insanın sırf irqinə, milliyyətinə, rənginə, dininə görə başqa insanlara və ya ümumilikdə başqa bir xalqa qarşı duyduğu əsassız ön yarğı və kin, sərgilədiyi düşmənçilik və apardığı ədalətsiz və vicdana sığmayan müharibə və ya mübarizə yolları sonda elə o insanın özünün ən sevdiklərinin, doğmalarının həyatının məhv olması və ya  bu filmdə olduğu kimi faciəvi şəkildə ölümü ilə nəticələnir.

Kim bilir, bəlkə də elə həyat onun yalnışının, yersiz kininin və vicdansız davranışının bədəlini onun ən sevdiklərinə ödətməklə ona bir dərs vermək istəyir. Və bu dərsin müqabilində də yenə günahsız insanların həyatı məhv olur, hətda bu, onların ölümünə belə gətirib çıxara bilir.

Bəli əziz oxucu nə ağın qaradan nə, və nədə qaranın ağdan heç bir üstünlüyünün olmadığı bu qoca dünyada biz bəlkə gələcəkdə etiqad edəcəyimiz dini, yaşayacağımız yeri özümüz seçə bilərik, amma biz irqimizi, rəngimizi milliyyətimizi, harda və necə bir mühitdə doğulacağımızı özümüz seçə bilmirik.

Məhz elə buna görə  də  bu səbəblərdən ötrü yarğılanan insanlara qarşı ön yarqılı olmayıb, almanların yəhudiləri konsentrasya düşərgəsində həbs etdiyi kimcəmiyyətin də bizi həbs etdiyi irq, rəng və s. kimi qəlibləri sındırıb çıxaraq  kimliyimizi və hansı işin yiyəsi olduğumuzu özümüz seçək.

 

“Ədəbiyyat və incəsənət”

(01.09.2023)

Sentyabrın 1-dən Azərbaycan Milli Xalça Muzeyi xalça sənətinin adi tamaşaçı üçün sirli qalan və əlçatan olmayan tərəflərini göstərmək məqsədilə muzeyə turlar təşkil edəcək.

 

“Yarımköçəri həyat” adlandıran turda proqrama uyğun olaraq, iştirakçılara yarımköçəri həyat tərzi sürən insanların məişətinin ayrılmaz hissəsi olan xovsuz xalçalar və xalça məmulatları üzrə ekskursiya təqdim olunacaq. Həmçinin xovsuz xalçatoxuma texnikaları, o cümlədən çətən üzrə ustad dərsi keçiriləcək, sonra Bibiheybət məscidinə ziyarət təşkil ediləcək.

“Saray xalçaları” turuna qatılan iştirakçılar isə muzey kolleksiyasından nadir incilər – XVII-XVIII əsr Qarabağ, Təbriz, Şamaxı, Bakı xalçaları ilə tanış olacaq, xovlu xalçanın toxunması üzrə ustad dərsi keçəcəklər. Onlar üçün tanınmış xalçaçı-rəssamın emalatxanasında sənətkarla görüş təşkil olunacaq.

Hər iki tur proqramına muzeyin qapalı fond-saxlanc otaqları, xalçaların bərpa laboratoriyası ilə tanışlıq da daxildir.

Turlar həftənin cümə və şənbə günləri saat 10:00-dan 18:00-dək bu sahə üzrə mütəxəssislər tərəfindən aparılacaq.

6 nəfər üçün nəzərdə tutulan turlara qatılmaq istəyənlər https://forms.gle/RJNMJM7uxoJDASu97 linkindən qeydiyyatdan keçməlidirlər.

 

“Ədəbiyyat və incəsənət”

(01.09.2023)

Azərbaycanda ilk dəfə olaraq Azərbaycan Dili və Ədəbiyyatı Forumu keçiriləcəyi xəbərini artıq sizlərə çatdırmışıq. 

Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyasının dəstəyi ilə keçiriləcək forum Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan tədbirlər çərçivəsində məhz bu gün baş tutacaq.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, tanınmış dilçi və ədəbiyyatşünas alimlərin, yazıçı və naşirlərin iştirak edəcəyi forum Azərbaycan ədəbiyyatına və mədəniyyətinə görkəmli şəxsiyyətlər bəxş etmiş Şamaxı şəhərində (Shamakhi Palace Sharadil otelində) başlayacaq, sentyabrın 2-3-də isə Bakı şəhərində - “Gülüstan” sarayında davam edəcək.

Ədəbi-elmi ictimaiyyətin iştirakı ilə geniş müzakirələrin aparılacağı forumda mədəniyyətimizin yaşadılması, inkişafı və təbliğində Azərbaycan dili və ədəbiyyatın rolu, Azərbaycan dilinin saflığının qorunub saxlanılması, müasir ədəbi proseslər, ölkəmizdə uşaq ədəbiyyatının ideoloji mahiyyəti və müasir problemləri, milli kitab sənayesinin hazırkı vəziyyəti və bu sahəyə dövlət dəstəyi, uşaq və yeniyetmələr arasında mütaliənin təbliği,  teatr və kinonun inkişafında ədəbiyyat faktoru və digər istiqamətlərdə diskussiyalar olacaq.  

Mütəxəssislərin forum çərçivəsindəki fikir və təklifləri ümumiləşdirilərək “Azərbaycan mədəniyyəti – 2040” Dövlət Proqramında öz əksini tapacaq.

Çıxışçılar arasında ədəbiyyatımızın və elmimizin tanınmış simaları: Nizami Cəfərov, Rəfael Hüseynov, Kamal Abdulla, Ramiz Rövşən, Aqil Abbas, Çingiz Abdullayev, Səlim Babullaoğlu, Elçin Hüseynbəyli, Varis, Əli Əmirli, Elnarə Akimova, Aqşin Yenisey, Sayman Aruz, Azər Turan, Şahbaz Xuduoğlu, Şəmil Sadiq, Əkbər Qoşalı, Qəşəm Nəcəfzadə, Qismət olacaq. 

Ədəbiyyatımızın mənafeyi naminə gözəl bir tədbirin keçiriləcəyi şübhəsizdir. 

 

“Ədəbiyyat və incəsənət”

(01.09.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.