Super User

Super User

Ölkəmizə BƏƏ və Səüdiyyədən ərəblərin, hindistanlı və pakistanlıların kütləvi gəlişi barədə sizlər bilirdiniz. Deməzsənmiş, Şimali Afrikadan da bizim diyar cazibədat görünür. 

Azərbaycan Mərakeş turistləri üçün əsas istiqamətlərdən birinə çevrilib. Bu barədə Mərakeşin fransızdilli “LE MATIN” (“Səhər”) qəzetində yazılıb.

 

Nəşrdə deyilir: “Azərbaycan Dövlət Miqrasiya Xidmətinin rəsmi statistikasına görə, Mərakeşdən ölkəmizə gələn turistlərin sayı cari ilin yanvar-iyul aylarında 2022-ci ilin analoji dövrü ilə müqayisədə 24 faiz artıb.

Azərbaycanın Mərakeşdəki səfiri Nazim Səmədovun fikrincə, Mərakeşdən turist axınının artması, ilk öncə, hər iki dövlət tərəfindən səfirliklər vasitəsilə göstərilən və iki xalq arasında dostluq və əməkdaşlığın daha da dərinləşdirilməsinə yönələn səylərlə izah olunur.

Belə ki, 2008-ci ildə Azərbaycan və Mərakeş hökumətləri arasında hazırda qüvvədə olan turizm sahəsində əməkdaşlıq haqqında saziş imzalanıb, mülki aviasiya sahəsində əməkdaşlıq haqqında hökumətlərarası sazişin layihəsi müzakirə olunur. Azərbaycanı ziyarət etmək arzusunda olan mərakeşlilər üçün elektron vizanın əldə edilməsi imkanının yaranması da müəyyən rol oynayıb”.

 

Materialın müəllifi Driss Lyakubi qeyd edir ki, müsəlman əhalinin üstünlük təşkil etdiyi Azərbaycan zəngin mədəni irsi ilə məşhurdur, ölkənin bir çox təbii, tarixi və memarlıq obyektləri UNESCO-nun Ümumdünya Mədəni İrs Siyahısına daxil edilib. Tarixi irs ilə yanaşı, Azərbaycanın paytaxtı Bakı şəhəri çoxlu sayda beynəlxalq səviyyəli mədəni, idman və işgüzar tədbirlərin keçirilməsi ilə tanınır.

 

Xülasə AzərTAC-dan iqtibas edilmişdir. 

 

“Ədəbiyyat və incəsənət”

(01.09.2023)


“Ədəbiyyat və incəsənət” portalınln Aktual şərh rubrikasında bu gün Əkbər Qoşalı öz şərhi ilədir

 

“Azərbaycan öz ərazisində hər hansı bir boz zonanın olmasını qəbul etməyəcək” – bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ağdam-Xankəndi yolunda bu gün jurnalistlərə açıqlamasında deyib.

Öncə, “boz zona” haqqında. – Siyasi-hərbi məzmunda “boz zona” nə anlama gəlir? – Bu, o deməkdir ki, şəhər (ərazi) qarşıduran tərəflərin heç birinin tam nəzarətində deyil, burada konkret cəbhə xətti yoxdur və sanki bir “bufer bölgə” mövcuddur. “Boz zona”nın tibbi baxımdan da ozünəxas məzmunu var. – “Boz zona” lenfoması deyilən qavram nadir və aqressiv lenfomanın alt növünü ifadə edir. Ona dəqiq diaqnoz qoymaq çətindir.

Sizcə, 30 illik işğal dönəmində “bufer bölgə”, “təmas xətti”, nə bilim, “status-kvo” kimi bizim ərazilər içrə qondarılmış bölgüləri, “ülgü”ləri qəbul etməyən Azərbaycan dövləti, Zəfər sonrası belə hoqqa çıxarma cəhdlərini qəbul edərmi? Əlbəttə və qətiyyən yox! Prezidentin köməkçisi respublikamızdakı diplomatik korpusun çoxsaylı təmsilçiləri ilə görüş əsnasında məhz bu qətiyyəti ifadə edib. Prezidentin köməkçisi, əlbəttə, siyasi-hərbi məzmunlu “boz zona”dan, onun mümkünsüzlüyündən danışıb. Hətta tibbi məzmunundan çıxış etsək belə, aydındır ki, sahədə durumu, “dəqiq diaqnoz qoyulması çətin” olan qeyri-müəyyənlikdən çıxarma əzm və iradəmiz vardır. Bəli, biz nadir aqressorla (30 il onun işğalı ilə) üz-üzə qalmış və onun üzərində (44 gün içində - bir gün belə geriləmə etmədən, möhtəşəm əks-hücumla) tarixi Zəfərə imza atmışıq; bəli, güclü havadarlara malik Ermənistan təbiətdə, tarixdə və günümüzdə oxşarı nadir rastlanan vandallığa, allahsızlığa imza atmış və nəhayətində Dəmir Yumruq yemişdir! Son üç ildə rəsmi İrəvan Dəmir Yumruğun təsiri ilə aram-aram “ağıllanma sürəci”nə girmişkən, Xankəndidəki qondarma rejim (elə Ermənistandakı bəzi revanşist dairələr də) yaxın-uzaq havadarlarının şirnikdirməsi ilə “sürünən ümid”ə bağlı qalmış kimi görünürdü.

İndi baxın: öncə əliqanlı Sarkisyanın, ardınca “demokrat” Paşinyanın əlağacı, bir az Kremlə, bir az Yeliseyə, bir az da ora-bura bağlantısı olan terrorçubaşı Arayik “istefa” verdi; az öncə sülhməramsızların komandanı, general-polkovnik Aleksandr Lentsov geri çağırılmış, yerinə general-mayor Kirill Kulakov göndərilmişdi. Bilirsiz, heç nə təsadüf əsəri deyil – bir “istefa”, dəyişim varsa, deməli, oralarda bir şey olur, qazanda qaynama var və kimlərsə, nələrsə aşınma sürəcindədir. Birisi qondarma vəzifədə də olsa, o birisi sülhməramsız da olsa, dəyişim (həm də) onların öz ağıl verənlərinin, onlara arxalananların güvənəni yerinə yetirə bilmədiyini göstərir. Burada, bir amil ön plana çıxır: Azərbaycan dövlətinin iradəsi! “İstefa” verənlər, dəyişilənlər nə özlərininkinə verdikləri sözü tuta bilir, nə də bizə nəyisə qəbul etdirə bilirlər! Bilməyəcəklər də! Arayik tarixə, bağışlayın, zibilliyə qondarma rejimin sonuncu “prezident”i olaraq düşəcək. Bir-birini əvəzləyən sülhməramsız generallarsa öz əsgərlərini erməni qapazaltısı olmaqdan qorusun hələ bir, sonrasına baxarıq...

Bir az da “istefa”dan öncəki olaylara vurğu edək: məlumunuz – “SPAYKA”ların - “humanitar tır”ların, dünənsə fransız “humanitar yük”lərinin Laçından keçidinə izn vermədik. Erməni “tır”ları hələ çölün düzündə gözlərkən, fransızlar bit-birə basmadan geridönmə qərarı verdi. Laçın postu səmtdə cərəyan edən (durğun qalan) “humanitar yük” aldatmacaları və “istefa”lardan başqa, bir də, Laçın postundan anrıya, keçidinə izn verilməyən – Azərbaycan dövlətinin ədalətinə təslim edilən “yan”lar vardı. Bir də, Azərbaycan XİN-nin Fransaya yeni notası var. Ən başlıcası, sözü imzası qədər keçərli Müzəffər Ali Baş Komandanın Laçın Şəhəri Günündəki möhtəşəm çıxışı, o çıxışdakı ismarıcları var! Bunların hamısını ən ümumi şəkildə bir cümlə ilə ifadə etsək, “Azərbaycan uğurlu hücum diplomatiyasını davam etdirir” cümləsini qura bilərik. Biz tarix və insanlıq qarşısında üzüqara Fransa deyilik, Ermənistan deyilik – soyqırım törətməmişik, işğallarla məşğul olmamışıq, günahsızların evini yıxmamış, vandallıq etməmişik! İndi üzüqara bacılar bizə “boz zona”mı qəbul etdirə bilər? Üzüqara bacılar “boz zona” olmayacağını qəbullanmalıdır; “boz”dan, bozluqdan belə bərk xoşları gəlirsə, canı cəhənnəmə, (qüsura baxmayın) gedib “Bozun əlli çaları”nı, nə bilim, “Zülmətin əlli çaları”nı, lap “Azadlığın əlli çaları”nı mütaliə edə bilərlər...
Uzun sözün qısası,
Dəmir Yumruq – Yer üzünün ən humanist yumruğu yerindədir!
BAYRAĞIMIZ UCA OLSUN!


“Ədəbiyyat və incəsənət”

(01.09.2023)

Günün fotosu: “İdaliya” qasırğası Floridaya basqın edib

 

Tropik “İdaliya” qasırğası Florida sahillərinə basqın edib, leysan yağış, güclü külək insanlara güclü təhlükə yaradıb. Ölənlər var. 260 min nəfər elektrik enerjisiz qalıb. 

Foto: Euronews

 

“Ədəbiyyat və incəsənət”

(01.00.2023)

Cümə, 01 Sentyabr 2023 09:00

Şuşa Teatrına “Cırtdan” gəlir

Sentyabrın 9-da yeni teatr mövsümündə Şuşa Dövlət Musiqili Dram Teatrının yaradıcı kollektivi növbəti dəfə balacalar üçün “Cırtdan” tamaşasını təqdim edəcək.

 

Şuşa Dövlət Musiqili Dram Teatrından bildiriblər ki, uşaqlara maraqlı anlar bəxş edəcək səhnə əsəri balacaların bədii-estetik zövqünün formalaşması, eyni zamanda, onlarda kiçik yaşlarından yaradıcı sənətə məhəbbət və maraq aşılamaq məqsədilə hazırlanıb.

 

Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.

 

“Ədəbiyyat və incəsənət”

(01.09.2023)

 

Azərbaycan İstiqlal Muzeyi tərəfindən Zəfər Muzeyinin fondlarının komplektləşdirilməsi üçün şəhid ailələrindən, qazilərdən, Vətən müharibəsində iştirak edən qəhrəmanlardan şəxsi əşyaların, materialların, hərbi qənimətlərin Zəfər Muzeyinin fondları üçün toplanması işi davam etdirilir. Hazırda Zəfər Muzeyinin fondlarının komplektləşdirilməsi üçün toplanan əşyaların sayı 8700-ə çatıb.

 

Bu sözləri AzərTAC-ın sorğusuna cavab olaraq İstiqlal Muzeyinin direktoru Sədi Mirseyibli söyləyib.

“Əşyaların toplanması prosesinə əməkdaşlarımız cəlb edilib. Bizim muzeydə çoxdandır həyata keçirdiyimiz bir layihə var. Bu layihə - “Qəhrəmanlar can verir yurdu yaşatmaq üçün” layihəsi sentyabr ayından davam edəcək. Layihənin məqsədlərindən biri Zəfər Muzeyində əşyaların toplanması və onların komplektləşdirilməsidir. Burada təkcə Vətən müharibəsində şəhid və qazi olmuş qəhrəmanların deyil, həm də Birinci Qarabağ müharibəsində şəhid və qazi olmuş qəhrəmanların şəxsi əşyaları toplanılır. Bu iş Mədəniyyət Nazirliyi tərəfindən İstiqlal Muzeyinə tapşırılıb. Gələcəkdə Zəfər Muzeyi fəaliyyətə başladığı zaman həmin əşyalar ora təhvil veriləcək”, - deyə Sədi Mirseyibli qeyd edib.

 

“Ədəbiyyat və incəsənət”

(31.08.2023)

Cümə axşamı, 31 Avqust 2023 15:27

Uşaqların sevimli bəstəkarı

 

BU GÜN ONUN ANIM GÜNÜDÜR

 

Bəli, uşaqlar onu çox sevirdilər. Görkəmli bəstəkar Oqtay Zülfüqarov ömrünün 60 ilindən çoxunu uşaq mahnılarının yazılmasına, Azərbaycan mədəniyyətinin inkişafına həsr edib. Uşaqlara daim böyük sevgi və həssaslıqla yanaşan Oqtay Zülfüqarov onlar üçün şən, gözəl mahnı nümunələri yaradıb və neçə-neçə nəsil bu mahnılarla böyüyüb. Ona görə də onu kiçikdən böyüyə hamı tanıyırdı. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu gün görkəmli sənətkar, Xalq artisti Oqtay Zülfüqarovun vəfatından 7 il ötür.

Oqtay Zülfüqarov 1929-cu il mayın 31-də hakim ailəsində anadan olub. Musiqi Məktəbinin violonçel sinfini, A.Zeynallı adına Musiqi Məktəbi və Dövlət Konservatoriyasının violonçel sinfində təhsil alıb, professor Qara Qarayevin tələbəsi olub.

1957-ci ildə üçüncü kursda oxuyarkən Azərbaycan bəstəkarlarının qurultayında gənc bəstəkarın fortepiano triosu uğur qazanıb. 1958-ci ildə Qara Qarayevin sinfini uğurla başa vuran Oqtay Zülfüqarov müəlliminin məsləhəti ilə uşaqlar üçün silsilə mahnılar yaratmağa başlayıb.

O, uşaqlar üçün yazılan “Qız-ulduz”, “Pişik və Sərçə” və "Meşə nağılı" operalarını da yazıb. "Şəngülüm, Şüngülüm və Məngülüm" adlı musiqili komediya, violonçel və fleyta üçün konsertlər, simfonik poemalar, kantatalar, dörd simfoniya, instrumental pyeslər, teatr və kino üçün musiqi yazan bəstəkarın böyük simfonik orkestr üçün yaratdığı "Şənlən, mənim xalqım" uvertürası kimi bir çox məşhur musiqi əsərlərinin müəllifidir.

2010-2012-ci illərdə O.Zülfüqarov "Məlik Məmməd" nağılı əsasında uşaqlar üçün “Sehrli alma” ikihissəli balet, eyni zamanda, musiqi dərslikləri yazıb. Uzun illər "Tumurcuq" və "Aysel" Uşaq Mahnı Teatrı görkəmli sənətkarın rəhbərliyi altında Azərbaycan Dövlət Televiziyasında verilişlər hazırlayıb. Musiqi ilə yanaşı, bəstəkar həm də şeirlər yazıb və onlar "Oxuyur Aysel" adlı topluda işıq üzü görüb. 1972-ci ildə Əməkdar incəsənət xadimi adına, 2000-ci ildə Xalq artisti adına layiq görülüb. Prezident təqaüdçüsü olan bəstəkar uzun illər Dövlət Uşaq Filarmoniyasının bədii rəhbəri işləyib.

Oqtay Zülfüqarov ömrünün 60 ilindən çoxunu uşaq mahnılarının yazılmasına, Azərbaycan mədəniyyətinin inkişafına həsr edib. O, Azərbaycanın ən böyük uşaq bəstəkarlarından biri kimi bu sənətə öz möhürünü vurub. Uzun müddət Azərbaycan televiziyasında onun uşaqlarla apardığı veriliş uşaqların sevə-sevə izlədiyi proqram idi.

Oqtay Zülfüqarov 2016-cı il avqustun 31-də 87 yaşında vəfat edib.

Ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(31.08.2023)

Oktyabrın 15-də Heydər Əliyev Sarayının səhnəsində İrlandiyanın əfsanəvi “Rhythm of the Dance” qrupu çıxış edəcək.

 

Bu dəfə tamaşaçıları orijinal kelt melodiyaları, möhtəşəm İrlandiya stepi, canlı musiqi və solistlərin heyranedici ifalarından ibarət sehrli bir performans gözləyir. İnanılmaz hərəkət enerjisi, dəqiqlik və sinxronluq, xalq elementlərinin böyük şəhərin müasir ritmləri ilə birləşməsi - bütün bunlar “Rhythm of the Dance” qrupunu dünyada daha da məşhurlaşdırır.

 

“Ədəbiyyat və incəsənət”

(31.08.2023)

Bundan gözəl nə xəbər ola bilər? Dünya klassik musiqisinin şah əsərlərindən biri - görkəmli bəstəkar, Xalq artisti Arif Məlikovun “Məhəbbət əfsanəsi” baleti Heydər Əliyev Fondunun təşkilatçılığı ilə yarım əsrdən çox müddətdən sonra təntənəli şəkildə yenidən müəllifin vətənində səhnəyə qoyulur.

 

Və sentyabrın 18-i və 19-da Heydər Əliyev Sarayında “Məhəbbət əfsanəsi” baletinin təqdimatı keçiriləcək. Balet möhtəşəm musiqi, səhnə quruluşu və tərtibatı ilə vəhdət təşkil edərək Milli Musiqi Günündə əsl bayram yaşadacaq.

Tamaşa məşhur baletmeyster Yuri Qriqoroviçin quruluşunda, tanınmış rəssam Simon Virsaladzenin səhnə tərtibatında nümayiş olunacaq və Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının balet truppası, Azərbaycan Dövlət Rəqs Ansamblının rəqqasları, Bakı Xoreoqrafiya Akademiyasının tələbələri çıxış edəcək. Əsər Xalq artisti Yalçın Adıgözəlovun dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında səslənəcək.

Tarixi təqdimat üçün Heydər Əliyev Fondu tərəfindən Simon Virsaladzenin orijinal eskizləri əsasında 250 kostyum, həmçinin dekorasiya və rekvizitlər hazırlanıb.

Arif Məlikov “Məhəbbət əfsanəsi” baletini görkəmli türk şairi Nazim Hikmətin “Fərhad ilə Şirin” pyesi əsasındakı librettoya bəstələyib. Arif Məlikov 3 pərdə, 7 şəkildən ibarət əsər üzərində 1958-ci ildən işləməyə başlayıb və onu 2 ilə bitirib.

“Məhəbbət əfsanəsi” baletinin premyerası 1961-ci il martın 23-də Leninqrad Opera və Balet Teatrında (indiki Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrı) keçirilib. Tamaşanın quruluşçu baletmeysteri Yuri Qriqoroviç, rəssamı Simon Virsaladze, dirijoru isə maestro Niyazi olub. 1962-ci ilin iyulunda isə əsərin Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində premyerası keçirilib.

Balet bu günədək dünya səhnələrini fəth edir. Əsər müxtəlif ölkələrin 60-dan çox teatrında dəfələrlə görkəmli baletmeysterlərin quruluşunda təqdim olunub. Səhnə əsəri ABŞ, Almaniya, Avstriya, Bolqarıstan, Böyük Britaniya, Braziliya, Çexiya, Estoniya, Finlandiya, Fransa, İtaliya, Qazaxıstan, Misir, Özbəkistan, Polşa, Rumıniya, Slovakiya, Türkiyə, Ukrayna, Yaponiya və digər ölkələrdə rəğbətlə qarşılanıb.

Arif Məlikovun şah əsəri olan “Məhəbbət əfsanəsi”nin “Heydər Əliyev İli”ndə təqdim olunması da təsadüfi deyil. 2023-cü il dahi şəxsiyyət, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü, görkəmli bəstəkar Arif Məlikovun isə 90 illik yubileyidir. Ümummilli Lider Heydər Əliyev Arif Məlikovu bir sənətkar və insan kimi yüksək dəyərləndirirdi. Arif Məlikov isə Ümummilli Lider Heydər Əliyevə olan sevgi və ehtiramını öz yaradıcılığında da əks etdirib və bəstəkarın “Əbədiyyət” adlı 8-ci simfoniyası Ulu Öndərə ithaf olunub.

 

Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.

 

“Ədəbiyyat və incəsənət”

(31.08.2023)

Cümə axşamı, 31 Avqust 2023 16:30

Cərrah olmaq üçün doğulan insan...

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

Bu gün “Facebook” internet platformasında minlərlə həkimə rast gəlmək olur. Böyürəkdən tutmuş kor bağırsağa qədər hər cür cərrahi əməliyyatların video görüntülərini çəkib, reklam edirlər. Hər dəfə onlara baxanda yadıma köhnə bir deyim düşür: "Gəl, ay müştəri!.. "

 

Amma mənim qəhrəmanım heç zaman özünü reklam etməyə can atmayıb, heç vaxt “hamıdan gözəl mənəm, mən” iddiası ilə inad göstərməyib. Necə deyərlər, başını aşağı salaraq, öz peşə öhdəliklərini ləyaqətlə icra edib. Neçə-neçə insana şəfa verib, ölümün pəncəsindən qurtarıb...

 

Söhbət Azərbaycan Tibb Universitetinin cərrahiyə şöbəsinin professoru, tibb elmləri doktoru, cərrah Şakir İbrahimlidən gedir. O Şakir İbrahimlidən ki, qəlbi insan sevgisi ilə doludur. Onu deyib, yanına kimsə gəldisə, uşaq kimi qabağına düşüb, həmin adama ümumi müayinə mərhələsindən tutmuş, cərrahi əməliyyata qədər qardaş nəvazişi, doğma münasibət göstərir. Olduqca sadə və mehriban insandır, içindəki “MƏN”ə çoxdan qalib gəlib. Nə davranışında, nə də ki, hərəkətlərində təkəbbürdən əsər-əlamət yoxdur. Amma məğrurdur, necə deyərlər, heç kimin qarşısında baş əyməz...

 

Atası Feyruz kişi yaşadığı ucqar dağ kəndində sayılıb-seçilən insanlardan olub. Halal süfrəsində doqquz övlad böyüdüb- beş oğul, dörd qız. Oğullarından üçü elmlər doktoru, professordur...

1978-ci ildən 1994-cü ilədək Rusiyada, Ukraynada cərrah işləyib. 1995-ci ildən Vətənə dönüb, o vaxtdan həm tibb universitetində və həm də Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasının cərrahiyə şöbəsində çalışır...

Həkimlik nüfuzlu peşədir. Şəninə bir sıra şeirlər, yazılar qələmə alınıb. Bu peşənin sahiblərinə həmişə ümid yeri, şəfa mələyi kimi baxıblar. Həkim məclisə daxil olanda hörmətlə qarşılanıb, ehtiram görüb. Bəli, hər dəfə Şakir həkimi məclislərdə görəndə ətrafına xeyli adamın yığışdığının şahidi olmuşam, hamı onunla söhbətdən zövq alır...

 

Çox diqqətli adamdır. Gözündən heç nə yayınmaz. Hadisələri düzgün təhlil etmək qabiliyyəti var. Hamını olduğu kimi qəbul etməyi bacarır. İnsanlara mənfi yox, müsbət cəhətlərinə görə dəyər verir...

Deyir ki,- “Məndən ötrü bu dünyada bir meyar var- İnsanlıq! Və mən bütün ömrüm boyu bu amala xidmət etmişəm...”

Ömür-gün yoldaşı Təranə xanım evdar qadındır. Üç övladın atası, üç nəvənin babasıdır...

Təpədən dırnağa türk oğlu türkdür. Türkün tarixini gözəl bilir. Və ən əsası öz peşəsinin mükəmməl USTAsıdır. Sanki anadan cərrah olmaq üçün doğulub...

Azərbaycanda cərrahiyənin zirvəsi sayılan bir sıra həkimlər olub, bu gün də var. Tibb elmləri doktoru, professor Şakir İbrahimli bu zirvələrdən biridir...

Avqustun 31-i Şakir həkimin 69 yaşı tamam olur. Onu bu münasibətlə təbrik edir, möhkəm can sağlığı, firəvan həyat, işlərində uğurlar arzulayırıq.

 

“Ədəbiyyat və incəsənət”

(31.08.2023)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi (DOST RİM) Böyük Britaniyanın "Wealth & Finance International" təşkilatı tərəfindən keçirilmiş “FinTech Awards 2023” müsabiqəsinin qalibi seçilib.

 

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, DOST RİM müsabiqədə “Proaktiv ödənişlər mexanizmin mahiyyəti, sxemi və cəmiyyət üçün əhəmiyyətini əhatə edən məlumatlar” kateqoriyası üzrə iştirak edib və “Dövlət sektoru üzrə proaktiv texnologiyanın aparıcı təminatçısı - 2023” mükafatına layiq görülüb.

Müsabiqədə Azərbaycanın sosial sahə üzrə elektron uğurları, habelə ölkədə pensiya, müavinət və təqaüdlərin e-sistem üzərindən proaktiv təyinat mexanizmlərinin qurulduğu diqqətə çatdırılıb. Müsabiqənin tədqiqat komandası ölkəmizin təcrübəsini yüksək qiymətləndirib və mükafata layiq görüb.

"Wealth & Finance International" maliyyə və ödənişlər sahəsində yenilikləri araşdıran və 2014-cü ildən eyniadlı jurnalda bu sahədə yeni uğurlu təcrübələri paylaşan bir təşkilatdır.

Bundan bir neçə gün əvvəl e-sosial.az portalı ABŞ-ın beynəlxalq onlayn “dotCOMM Awards” müsabiqəsində qalib seçilib və mötəbər beynəlxalq təşkilatların rəsmi saytlarında e-sosial.az, “Əmək və məşğulluq” altsistemi, nazirliyin təqdim etdiyi e-xidmətlərin əlçatanlığı ilə bağlı məqalələr dərc olunub.

 

 “Ədəbiyyat və incəsənət”

(31.08.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.