Super User

Super User

Çərşənbə axşamı, 05 Sentyabr 2023 14:00

Çingiz Aytmatovun daha bir kitabı işıq üzü görəcək

Böyük qırğız yazıçısı Çingiz Aytmatovun anadan olmasının 95 illiyi münasibətlə onun yazıçı-tərcüməçi Nəriman Əbdülrəhmanlı tərəfindən dilimizə çevrilmiş “Dağlar yıxılanda” kitabı çap olunacaq.

 

Qırğızıstanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə işıq üzü görəcək kitabın rəyçisi filologiya elmləri doktoru, professor Bədirxan Əhmədli, mətndəki şeirlərin tərcüməçisi İlqar İlkindir. Nəşrə “Ön söz”ü isə böyük yazıçının oğlu, Beynəlxalq Ç.Aytmatov Fondunun prezidenti Eldar Aytmatov yazıb.

 

“Hamı və bütün zamanlar üçün bircə mütləq həqiqət var – heç kəs taleyinin necə olacağını, alnına nə yazıldığını qabaqcadan bilmək iqtidarında deyil, kimə nə tale bəxş edildiyini yalnız həyat özü göstərir, yoxsa olub-keçəni heç tale də adlandırmaq olmaz...”, - Çingiz Aytmatovun bu sözlərlə başlayan və dilimizə ilk dəfə çevrilən son “Dağlar yıxılanda (Əbədi gəlin)” romanında hadisələr Tyan-Şan dağlarında baş verir, əzab çəkən iki məxluqun – insanın və bəbirin – yolu orada kəsişir. Hər ikisi də zamanın, şəraitin, öz talelərinin qurbanıdır. Əsərin qəhrəmanı ərəb neft maqnatlarının bəbir ovladıqları yerlərə son sevgisini, bəlkə də ölümünü qarşılamaq üçün gəlir. Qarlı dağ keçidində möcüzəli şəkildə gözləri qarşısında canlanan Əbədi gəlin barədə əfsanə isə tamamilə bu dramatik hekayətin toxumasına hopub.

 

Kitaba ədibin ilk, sonralar üzərində işlədiyi “Üz-üzə” povesti, “Baxiana” və başqa hekayələri də daxil edilib. Hər bir əsərində oxucu bənzərsiz yazıçının böyük ustalığını və səmimiyyətini duyur.

 

Xəbəri AzərTAC yayıb. 

 

“Ədəbiyyat və incəsənət”

(05.09.2023)

Çərşənbə axşamı, 05 Sentyabr 2023 13:30

Baş hərfi “-“

Habil Yaşar, “Ədəbiyyat və incəsənət”

 

“-“– ümid dolu gəncliyimin puça çıxmış arzularının qatili. Ömrümün ən

şirin anlarını acıya çevirən ilanların ən zəhərlisi. Əlifbada ən çox mənə

səni xatırladan baş hərfi- olan amansız sevgilim. Hər nə desəm azdı

sənə, sən ey rəhmsizlər, rəhmsizi.

Yox bəlkə də heç zaman, bir ömür boyunca oxumayacaqsan sənə

yazdıqlarımı, giley dolu hekayəmi. Və ya varlığımdan, yazılarımdan

xəbərsiz yaşayacaqsan gələcəyini. Bir dəfə də yadına düşməyəcəyimi

düşünürəm, çünki sənin xasiyyətinə yaxşı bələd olduğumdan deyirəm

bunları. Qışqırsam eşitməyəcək, yazsam oxumayacaq, ağlasam

duymayacaq, ölsəm ağlamayacaqsan. Bilirəm bütün bunların heç bir

dəyəri yoxdur sənə, çünki sən sənə qiymət verənlərin qiymətini

anlamayacaq qədər xudbinsən. Yeddi il bundan öncə necə idinsə, eləcə

də qalmısansa acıyıram sənə həyat yoldaşım deyən (rəqibim olmağına

rəğmən) o insanın gününə.

Yox, yəqin ki, burda yanıldım, nə bilim bəlkə o səndən də betər xudbinin biridir, sən onun yanında toya getməli birisən. Hər halda fərziyyələr çox ola bilər, ancaq bir həqiqət var ki, sən hər hansı bir kişinin xanımı, qadınısan. Sənə yalnız və yalnız xoşbəxtlik diləməyə çatır gücüm. Mən qarğış üçün yox, alqış üçün yarandığımdan məndən ancaq bunu gözləyə bilərsən.

“-“– bilirəm, oxumayacaqsan yazdıqlarımı. (Ancaq unutma ki, mən bir

yazaram, dərdlərimin yazarı. Sənsiz yaşaya bildimsə də, yazmasam

yaşaya biləcəyimə inanma. Həyatda ən etibarlı dostum ilhamımdır,

çünki məhz o, kədərimdə, sevincimdə mənimlə qoşa addımlayır, heç

zaman məni tərk edib getmir, uzaqlaşmır yanımdan). Sən oxumasan

belə minlər, bəlkə də milyonlar oxuyacaq yazdıqlarımı, çünki hər kəs

özünü tapacaq yazdıqlarımda. Bəlkə də, çoxları öz vəfasız sevgilisinin

baş hərfiniyazacaqsəninbaş hərfinolan “-“-ninyerinə. Bir tək sən

oxumayacaqsan, xəbərsiz qalacaqsan yazdıqlarımdan. Qəribədir

deyilmi? Axı bir zamanlar ilk oxucusu sən idin hər nə yazırdımsa, qəzet

oxumayan sən belə məhz mənə görə izləyirdin ədəbi mətbuatı (özün

filologiyada oxumağına rəğmən. İnsafən bunu da deməliyəm. Sən əlaçı

idin, sözün əsl mənasında əlaçı. Qrup yoldaşlarım sənə çalışqanlığına

görə həsəd aparanda, mənsə sənə qovuşmaq üçün alışırdım).

 Mənə görə ilk dəfə Yazıçılar Birliyinə ayaq basmışdın, axı o gün, mənim ikinci kitabım olan “Məni Sevgi Yaratdı”nın təqdimatı idi. Bir tək

gözüm səni gəzirdi onlarla insanın arasında, görkəmili yazıçılar, şairlər,

qohumlar, dostlar arasında bir tək sənə görə həyəcanlı idim, çünki

təndiq edilsəydim məhz sənin yanında utanacaq, qızaracaqdım.

Şükürlər ki, yanında bir o qədər də acizləşmədim o gün. Tənqidlərlə

yanaşı tərifləndim də. Nə bilim, bəlkə səndə qürurlanmışdın, axı sənin

sevgilinin kitabının təqdimatı idi. Onu hər gün intizarda qoymağına

rəğmən, o səndən bir an olsun belə ayrılmaq istəməyən aşiq idi.

Deyəsən səni şikayət edə-edə özümü də təriflədim bir az. Heç yaxşı

çıxmadı. Yoxsa son illər ərzində mən də xudbinləşmişəm. Yox bu ola

bilməz, ona görə ola bilməz ki, bir şair heç zaman xudbin ola bilməz,

kim nə deyir desin, mən şairlərin xudbin ola biləcəyinə inanmıram. Hə,

nə isə, uzaqlaşmayım sənin atmosferindən. Hər necə olsa, sənin havanın da öz gözəlliyi inkaredilməzdir. Çünki sənin havan mənə ilham vermiş, dərin - dərin düşünməyimə səbəb olmuşdur. Amma nəticədə heç bir şey səni qaytara bilməz. Sən elə sənsən. Üzərimə səni yazılarımda yaşatmaq düşür sadəcə və inanıram ki, sən o yazılarda sonsuzadək yaşayacaqsan.

Çünki hər şeydə bir az sən varsan və sən olan hər şey gözəldir,

əvəzsizdir. Sənə aid “şah əsər”imi nə zaman yazacağımı bir ulu Tanrıdan

başqa heç kim bilmir, bilə də bilməz…

Baş hərdi “-“, indi bilmirəm haralardasan. Azacıq eşitmişəm ucundan-

qulağından. Eşitmişəm ki, ailəlisən, bir qızın var, işləmirsən ( Təəssüf ki,

o qədər oxumağına rəğmən sonunda işsizsən. Bəlkə, həyat yoldaşın razı

deyil işləməyinə, yaxud ehtiyacın yoxdur işləməyə. Çox şey düşünmək

olar , ancaq nəticədə işsizsən). Xoşbəxtsənmi, yaxud əksinə. Hər nə

olursan ol, onsuz da həyatda hər şey nisbidir Eynşteyn misalı.

Aradan yeddi il keçib. Düşünürsən 7 il, zarafat deyil, bir

igidin ömrü deyib babalar. Həyatımda nələr olub keçib saymaqla

qurtarmaz. Uğurlarım da olub, itirdiklərim də. Ən başlıcası səni

itirmişəm, bundan sonra itiriləcək nəyim var ki... Hər nə itirsəm yenə

sənin yoxluğunun yanında heç nə olacaq.

Bu yaxınlarda üçüncü kitabımın nəşrinə hazırlaşıram, xəyal edə bilmirəm sənsiz keçiriləcək kitabımın təqdimatını. İnanmazsan, bəlkə də, yazarkən nələr keçirdiyimi.

Qələmlə yazmıram deyəm ki, mürəkkəb yerinə qanımla yazıram. İndi

artıq çoxları kompyuterdə yazmağa adət edib, axı biz yazarlar da

zamanla ayaqlaşmalıyıq ( ancaq mənə görə qələmlə yazmaq daha

gözəldir). Ay səni qolu-qanadı qırılmış həyatımın səbəbkarı. Bilirsən,

kimlərsə xəbər verə də sənə, gələsən o təqdimata, yaxud yuxunda qeybdən xəbər verələr sənə təqdimatın keçiriləcəyi məkanı, tarixi. Nə olar bilirsən, düzü mən də bilmirəm nələrin olacağını, nələrin yaşanacağını.

Bir onu bilirəm ki, o baş versə heç nə əvvəlki kimi olmayacaq

həyatımda. Həyatım 180 dərəcə bucaq altında dəyişəcək istiqamətini.

Ax bir gəlsən... Yenə yeddi il öncəki kimi səni düşünəcək ürəyim, səni

axtaracaq gözlərim. Səni, səni, səni baş hərfi “-“ olan sevgilim. Sən

gəlsən, kölgəndən belə tanıyaram varlığını, saçlarının ətirindən

anlayaram iştirakını... Ax xəyallar, xəyallar bir gərçək olsa, olsa da olsa.

Sonda sənə yeddi il öncə yazdığım şeirdən iki misranı xatırladıram və bunu ömür boyu xatırladacam sənə.

Məni istəsən də, istəməsən də,

Mənim olacaqsan şeirlərimdə.

Hə sevgilim, mənim olacaqsan. Cismani qovuşmasam da sənə, ruhən,

əbədi olaraq mənimsən, mənim olaraq da qalacaqsan. Bu ruhu heç kim

məndən ala bilməz, hətta ölümün özü də. Çünki mən bütün ruhumla

sənə bağlıyam, sən mənim içimdə görünməyən bir mənsən. Bütün bu

mənlərimlə sən mənimsən, mənimsən…

 

“Ədəbiyyat və incəsənət”

(05.09.2023)

Çərşənbə axşamı, 05 Sentyabr 2023 13:00

“Yuğ” teatrı yeni mövsümdə dörd tamaşa hazırlayacaq

Azərbaycan Dövlət “Yuğ” Teatrında da digər teatrlarda olduğu kimi, məzuniyyətdən sonra kollektivlə ilk görüş keçirilib. Və teatrın direktoru, Əməkdar mədəniyyət işçisi İslam Həsənov və baş rejissor Mikayıl Mikayılov planlar və hazırlanması nəzərdə tutulan yeni tamaşalar haqda məlumat veriblər.

 

Qeyd edilib ki, sözügedən yaradıcılıq işləri Florian Zellerin "Ata" (quruluşçu rejissor Tural Mustafayev), Toyqun Orbayın "21:15 qatarı" (quruluşçu rejissor Mikayıl Mikayılov), Koki Mitaninin "Gülüş Akademiyası" (quruluşçu rejissor Gümrah Ömər) və İlqmar Vilkvistin "Qelverin gecəsi" (quruluşçu rejissor Linas Zaikauskas) əsərləri əsasında hazırlanacaq tamaşalardır. Həmçinin bu il teatrın iştirak edəcəyi Beynəlxalq Teatr Festivalları, qastrol səfərləri haqda söhbətlər edilib.

 

Sonda İslam Həsənov və Mikayıl Mikayılov yeni teatr mövsümünün açılışı ilə bağlı kollektivi təbrik edib və uğurlar arzulayıb.

 

“Ədəbiyyat və incəsənət”

(05.09.2023)

Çərşənbə axşamı, 05 Sentyabr 2023 12:45

KİNOBƏLƏDÇİdə “Həyat, sən kiminsən?”

Zəhra Allahverdiyeva, “Ədəbiyyat və incəsənət”

 

 

Bugünkü filmlər mənə bir az maraqsız gəlir. Mənim fikrimcə, bir filmin mövzusu, həmçinin bəxş etdiyi təəssürat mühüm rol oynayır. Izləyici beynində o anı aydın şəkildə təsəvvür edə bilirsə, filmin süjet xətti uğurla qurulub. 

 

Son zamanlarda izlədiyim bir film var idi. Hansı ki, mənə çox təsir etdi. Bəhs etdiyim  isə milli kinematoqrafiyaya aid “Həyat, sən kiminsən? "(1972) filmidir . Dram janrındadır və  məhəbbət mövzusundadır. Qısametrajlı bədii filmdir . Baxmayaraq ki, qısametrajlıdır, bir sıra mövzulara toxunulmuşdur . 

Əsas qəhrəman gənc bir müəllimdir.

Hər kəsin hörmət etdiyi şagirdlərini maarifləndirən bir müəllimdir. Bütün hadisələr bu müəllimin ətrafında cərəyan edir. Film Şahverdinin bir qadının evinə nalayiq ifadələrlə zorla içəri girməsiylə başlayır. Uşaqları dalaşıbmış. Şahverdi qadının uşağını üzr istəməyə, eyni zamanda oğlunun ayağını öpməyə məcbur edir . Müəllim gəlir buna icazə vermir və onun istifadə etdiyi nalayiq ifadələr və sözlərə görə onu qınayır. Şahverdi müəllimə də aqressiv şəkildə cavab verir . 

Sonra isə film məktəbdə davam edir. Şagird bir şeir səsləndirir:

 

Günəşli yollardayıq,

Alnı açıq, üzü ağ. 

Oktyabr bəxş edib,

Bu günəşi ellərə.

Yeni həyat qururuq,

Bugün işıqlı, parlaq 

Sabah qovuşacayıq,

Daha xoşbəxt illərə...

 

Məleykə və müəllim bir birini sevirdilər, lakin Məleykə Əjdərlə nişanlı idi. Məleykə isə sevib evlənmək istəyirdi, ona görə də, baş roldakı müəllimlə görüşürdü. Şahverdi də bundan istifadə edib eyni iki məktubu müəllimə və Məleykəyə göndərdi ki, onlar görüşsünlər. Şahverdi də Əjdərə nişanlısının başqasıyla görüşdüyünü göstərsin və qan salsın. Amma hadisələr belə olmur. Əjdər Məleykənin onun sevmədiyini başa düşür, sevgisini qəlbinə gizlədir. Şahverdi Məleykəyə qarşı nalayiq sözlərinə davam edir. Amma Əjdər ona əsəbləşir, bir qadına qarşı davranışını qınayır. Dava düşür müəllim gəlir, onları döyür. Müəllim kənddən getməyə qərar verir.  Bunun səbəbi isə Məleykə və Əjdərin xoşbəxt olmasını istədiyi üçün idi. Amma Əjdər buna icazə vermir və müəllimi geri qaytarır. Film isə məktəbdə bir şeirlə bitir :

...Parlaq arzularında par-par parılda, yoldaş!

İldırım ol, şimşək ol gur- gur gurulda , yoldaş!

Hücum dəftər- kitaba, hücum həyata doğru .

Hücum duyub- bildiyin kainata doğru...

 

Əsər bizə qadına/anaya hörmət, saf sevgi aşılayır, kişiliyin bilək gücünə əsaslanmadığı, daxili mənliyin əsas olduğu və s. kimi mesajlar verir.

 

“Ədəbiyyat və incəsənət”

(05.09.2023)

Çərşənbə axşamı, 05 Sentyabr 2023 12:30

Musiqili Teatr sentyabr repertuarını açıqlayıb

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı yeni teatr mövsümündə, bu ay maraqlı tamaşalar təqdim edəcək.

 

Bu sənət ocağı 114-cü mövsümü sentyabrın 15-də “Sən elə bir zirvəsən” adlı tamaşa ilə açacaq.

 

Bundan başqa, sentyabrın 16-da “Ər və arvad”, 17-də “O olmasın, bu olsun”, 22-də “Bəxtiyar”, 23-də isə “999-cu gecə” tamaşaları nümayiş olunacaq. Eyni zamanda, sentyabrın 24-də “Nəğməmə inan” (rus dilində), 29-da “Baladadaşın toy hamamı”, 30-da isə “Beş manatlıq gəlin” tamaşaları göstəriləcək.

 

“Ədəbiyyat və incəsənət”

(05.09.2023)

“Ədəbiyyat və incəsənət” portalı “Oxucularımızın yaradıcılığı” rubrikasında bu gün sizlərə Şəlalə Adilqızının şeirlərini təqdim edir. 

 

Şəlalə Adilqızı imzasıyla şeir yazan və adətən bu şeirlərini Facebook sosial şəbəkəsində paylaşan Şəlalə Rəhimovanın 29 yaşı var. Ailəlidir, bir övladı var. İlk dəfə şeirləri yazarlar.az saytında dərc edilib. Keçmişin acılı-şirinli xatirələri, daim düşünən, kədərə qucaq açan insanlıq barədə mülahizələr Şəlalə Adilqızının lirikasının leytmotivini təşkil edir.

 

 

 

Qonşuya duz dalınca,

Yoxsa quzu qaytarmağa 

göndərmisən uşaqları, İlahi? 

Uzatdığı saqqız qədər tanıyırdı uzağı,

Qolundakı diş yeriylə ölçürdü vaxtı...

Çərpələngə ad qoyurdu: “Qaranquş”...

Parabüzən axtarırdı göndərə pay dalınca:

“Uç-uç baba, get gətir payımı... Uç!”

Dağ çayında yuyurdu ayaqlarını,

Moruq ləkəsinə qatırdı  

Cızılan barmağının qanını...

Hər şeyi səndən istəyən,

Küsməyi-barışmağı bir oyunluq çəkən

Uşaqları hara göndərdin, İlahi? 

Göstər getdikləri yeri...

Bu ömrü yanlış gəldik,

Qayıdaq geri...

 

 

***

 

Qapımı açıq qoymuşam,

Pəncərəmdən qəfəsləri sökmüşəm...

Gözlədiyim oğrunun

Uğruna dua əkmişəm 

Ovcumun çat yerində...

Oğru üçün “əl kitabı” da yazıb qoymuşam

Ömrümün bir küncündə...

Gülüşlərin divarların yaddaşında,

Addımların həyətimin hər daşında,

Baxışların əl güzgümdə,

Eşqin də ürəyimdədi... 

...Bir heybə də tikmişəm oğru üçün,

Naxışları sənin “dərd” dediyindəndi...

 

 

***

 

Qolumda tapammıram, 

Ruhumda izi qalıb

Biləyimə dişlərimlə taxdığım saatın... 

...Nə gözəl yaşayırdıq ömrü...

Nə gözəl “hesablayırdıq” vaxtı...

“ Quşlar uçanda...”

“Kəpənək qanadında...”

“Lalələr qızaranda...”

“Sərçə içib doyanda...”

... Nə qocalığa işləyir,

Nə yarısı olurdu günümüzün...

Nə ölümə az qalır,

Nə gözü doyurdu ömrümüzün... 

... Ruhumda izi qalıb

Biləyimə dişlərimlə taxdığım saatın...

 

 

***

 

İtirilmiş krallıqdı uşaqlıq...

“Cızza” sözünə gülən,

Palçıqda ayaqyalın yüyürən,

Qumda yuvarlanan,

Şirni üçün ağlayan kral idik biz...

...Cığallığımız “Beşdaş”dakı 

Beşinci daş boydaydı...

Küskünlüyümüz çəkilən 

çeçələ barmaq qədər... 

Kədərimiz boyumuzdan kiçikdi...

Gülüşümüz göy qədər... 

...Nənəmin corabının başından çıxardığı

“saqqız pulu”ydu “sevinc” deyə ölçdüklərimiz...

Böyüdük...

...İtirdik krallığımızı...

...Əcəl aldı nənəmizi...

Böyüdükcə yanlış çıxdı 

Həyat barədə bütün bildiklərimiz...

 

 

***

 

Zirvələrə qar tez düşər,

Zirvələrdən qar gec düşər...

...Dərddi zirvə,

Dərddi qar bəzən...

Çəkir dağın sinəsinə cığır-cığır naxışlar...

...Çəkilir dərdlər, 

Ağarır saçlar,

Bir-birinin başına sığal çəkmək üçün

Üst-üstə qalaqlanır yaşlar; 

İnsan qocalır... 

Ot basan cığırlar insan ömrünə dolandıqca 

Dərd də candan bac alır; 

Və bir gün, sadəcə, 

Xatirəyə dönür insan... 

Bir gün də onu xatırlayanların 

Yaddaşında itir insan...

 

 

***

 

Böyüyürdüm...

Dinləyirdim 

Həyatdan bəhs edən nağılları... 

Düşürdü deyirdilər “üç almalar”;

Doyurmurdu həyata dair xəyalları... 

Sonra öyrənməyə başladım 

Sevməyi, sevinməyi, 

Gülümsəməyi, qəmlənməyi,

Və yağışda rəqs etməyi,

Və ovcumdakı damlaya bir dua pıçıldayıb 

Gül kökünə göndərməyi... 

Bir səhər günəşdən öncə oyandım,

Ovcuma göndərdi saçaqlarını...

Yapışdım saçağından günəşin

Qaçdım yaşıllığın ətrinə sarı...

Bir simitlə mən də doydum, göyərçinlər də...

Bir udumluq sevinc oldu pambıq şəkəri... 

Öyrəndim həyata dair hər şeyi; 

Kiçik, saysız xoşbəxtlikləri...

 

“Ədəbiyyat və incəsənət”

(05.09.2023)

 

 

Əməkdar rəssam, Azərbaycan Rəssamlıq Akademiyasının dosenti Əsmər Nərimanbəyova bu yaxınlarda Qazaxıstanda keçirilmiş “Botay – Böyük səhranın mədəniyyəti” II Beynəlxalq Simpoziumda iştirak edib.

 

AzərTAC xəbər verir ki, simpoziumda dünyanın doqquz ölkəsindən olan 20 rəssam iştirak edib. Rəssamlar regionun tarixi və mədəni irsi ilə tanış olub, yeniyetmələr üçün ustad dərsləri keçib, eləcə də "Botay" Respublika Dövlət Muzey-Qoruğunun və Ayırtau rayonunun Şalkar-İmantau kurort zonasının ərazisində plenerdə iştirak ediblər.

 

Əsmər Nərimanbəyova simpoziumda iştirakı ilə bağlı AZƏRTAC-a təəssüratlarını danışıb: “Bu çox maraqlı, dolğun tədbir idi. İlk həftə biz təbiətin qoynunda işləyirdik, plenerdə iştirak etməklə təəssürat toplayırdıq, təbiətin gözəlliyi ilə nəfəs alırdıq. İkinci həftə artıq Petropavlovskun özündə, emalatxanalarda işə davam edirdik. On beş gün ərzində mən hesabat sərgisi üçün 6 rəsm əsəri yaratdım. Eyni zamanda, biz uşaq evlərində ustad dərsləri keçdik. Bu çox gözəl, müsbət prosesdir. Uşaqlar rəsm əsərlərini bizimlə birlikdə yaradıblar. Uzun masalarda kağız rulonunu açaraq, birlikdə işləmək mənim ideyam idi. Sonra biz bu təcrübəni vidalaşmadan öncə son gün özümüz təkrar etdik— hazır iş kompozisiyasına elementlərimizi əlavə etdik”.

 

Simpozium çərçivəsində yüzdən çox rəsm əsəri yaradıldığını deyən rəssam əlavə edib: “Sərginin çox gözəl açılış mərasimi keçirilib, yaradıcılığımız tamaşaçıya təqdim olunub. Çox sayda müxtəlif üslub alınıb. Bu cür simpoziumlar — çox gözəl təşəbbüsdür, çünki dünyanın müxtəlif ölkələrindən olan rəssamlar bir məkanda görüşə, ünsiyyət qura, təcrübə mübadiləsi apara bilərlər. Bundan əvvəl mən Serbiyada olmuşam, orada da forumda iştirak etmişəm. Orada başqa bir mühit var idi, çünki dünyanın digər hissəsindən rəssamlar toplaşmışdı. Bu hər zaman çox maraqlıdır”.

 

“Ədəbiyyat və incəsənət”

(05.09.2023)

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində bu gün müsahibə vaxtıdır, tanınmış tənqidçi Vaqif Yusifli ilə müsahibədir. Müsahibəni Dayandur Sevgin hazırlayıb.

 

 

 

“MƏN  ƏDƏBİ  GƏNCLİYİN  DOSTUYAM”

        

  (Söhbət Filologiya Elmləri doktoru Vaqif Yusiflidən gedir – O Vaqif Yusiflidən ki, bu günlərdə 75 yaşı tamam oldu).

 

Vaqif Yusiflini “Ulduz” jurnalının oxucularına tanıtmağa heç bir ehtiyac duymuram. Onun  bizim jurnalda hər il ədəbi gəncliklə bağlı bir neçə məqaləsi dərc edilir. Vaqif müəllim ilk şeir kitabını çap edirən və ya mətbuatda diqqəti cəlb edən şeir və hekayələri ilə maraq doğuran onlarla istedadlı gənc yazar barədə  öz ürək sözlərini ifadə edir. O, 56 yaşlı “Ulduz”umuzun ilk oxucularından biridir, 1967-ci ildən bu vaxta kimi  “Ulduz”un hər bir sayının oxucusu olub, evində-ona məxsus iş otağında jurnalımızın iki yüzə yaxın nüsxəsini qoruyub saxlayır.

– Vaqif müəllim, sizi anadan olmağınızın 75 illiyi münasibətilə- başda Qulu Ağsəs olmaqla – bütün “Ulduzçular” adından təbrik edirik. Baharın bu xoş anlarında özünüzü necə hiss edirsiniz?

– Desəm ki, əliyyül-əla, yalan olar. Hər bir insanın həyatında olduğu kimi, mənim də həyatımda uğurlu-sevinc gətirən hadisələr və olaylar baş verib, həmçinin çətinliklər, məyusluqlarla üzləşmişəm. Rəhmətlik Arif Əmrahoğlunun mənim 60 yaşım münasibətilə söylədiyi bir fikri xatırlayıram: “Vaqif  Yusifli öz keçmişi üçün qətiyyən xəcalət çəkməyən bir insandır”.

– 75 yaşınız var. Özünüzü qoca hesab edirsinizmi?

– Yaş öz hökmünü verir. Mən güzgüyə baxıram və deyirəm: “Ey gidi dünya, Vaqif Yusifli də qocalarmış”. Amma baxıram Anar müəllimə, baxıram Elçin müəllimə, deyirəm, yox, qocalmamışam.  Anar müəllim də, Elçin müəllim də (onlar mənim çox sevdiyim ustadlardır) qocalmayıblar, əbədi və ədəbi ruh onları tərk etməyib, gözəl əsərlər yaradırlar, o zaman özümə təskinlik verirəm.

– “Ulduz”un son sayında sizin “Gənc şairlər, sözüm sizədir” silsiləsindən yeni məqaləniz dərc edilib, gənc şairlərdən Elvin İntiqamoğlu, Valeh Qoca, Elvin Nuri və Gülay Tahirlinin şeirləri barədə bir yazı ilə çıxış etmisiniz. Ümumiyyətlə, ədəbi gəncliyə münasibətiniz nə vaxtdan formalaşıb?

– Mən ədəbi gəncliyin üç nəsli barədə (səksənincilər, doxsanıncılar və ikiminincilər) söz demişəm, həm müəyyən bir problemlə bağlı düşüncələrimi ifadə etmişəm, ümumiləşdirmələr aparmışam, həm də ayrı-ayrı gənc şair və nasirlərin yaradıcılığına münasibət bildirmişəm. O ədəbiyyat yaşamağa qadirdir ki, onun istedadlı gəncliyi var və bu gənclik onun gələcəyidir.

         Məni nə düşündürüb? Məlumdur ki, hər bir ədəbi nəsil öz gəlişiylə ədəbiyyata təzə SƏS, təzə NƏFƏS gətirir, bunu ədəbiyyatımızın tarixi boyu izləyə bilərik. Səksəninci illərdə də, doxsanıncı illərdə də, indi yeni əsrimizdə də bu prosesi  müşahidə etmişik. Gəlin elə “Ulduz” jurnalında son on-on beş ildə haqqında söz açdığım gənc şair və nasirlərə üz tutaq.  Aqşin Yenisey, Emin Piri, Qismət, İntiqam Yaşar,  Ramil Əhməd, Günel Eyvazlı, Fərid Hüseyn, Şəhriyar Del-Gerani, Xəyal Rza, Vüsal Nuru, Şahanə Müşfiq, mənim fikrimcə, artıq ədəbi aləmdə özlərini tanıdıblar. Ümumiyyətlə, ikimininci illərin ədəbi gəncliyi həm kəmiyyətcə, həm də keyfiyyətcə fərqli xüsusiyyətləri ilə seçilir. Hələ  heç bir onillikdə say etibarilə bu qədər gənc ədəbiyyat aləminə qədəm basmamışdı. Amma ədəbiyyata kəmiyyət yox, keyfiyyət anlayışı ilə qiymət vermək lazımdır.

– Sizin fikrinizcə, ikimininci illərin ədəbi gəncliyi hansı xüsusiyyətləri ilə seçilir?

– Mən “Ədəbiyyat qəzeti”ndə dərc etdirdiyim “Ədəbi gənclik-ikimininci illər” adlı 4 məqaləmdə bu haqda geniş söz açmışam. Qısaca təkrar edirəm: söhbət gənc şairlərdən gedirsə, deyim ki, onların yaradıcılığında QAYIDIŞ motivləri daha çox  diqqəti cəlb edir. Yəni özünə qayıdış-özünü dərk etməyə, gerçəkliyi, dünyanı anlamağa cəhd göstərməyə, “Mən kiməm” sualına cavab verməyə çalışırlar. Daha sonra: onların şeirlərində tənhalıq da, darıxmaq da, hətta  olum-ölüm dilemması qarşısında çabalamaq da diqqətdən yayınmır. Təbii, burada onları qınmaq olmaz ki, darıxmayın, ölümdən az danışın, çünki həyatda qaranlıqlar da var, işıq da. Kiməsə, hansı cavan şairəsə sovet dövrünün inzibati tənqid prinsipindən doğan bir hal kimi heç nəyi diktə etmək olmaz. Ölümdən də yazmaq olar, tənhalıqdan da, darıxmaqdan-hər şeydən, TƏKİ  ORTADA  ŞEİR  OLSUN. Ruhumuzu, zövqümüzü oxşayan şeir.

– Vaqif müəllim, siz bir tənqidçi kimi yox, bir oxucu kimi ikimininci illərdə ədəbiyyata gələn hansı gənc şair və nasirlərin yaradıcılığını xoşlayırsınız?

– Şəxsən mənim üçün tənqidçi, ya oxucu kimi  bunun heç bir fərqi yoxdur. Amma ən yaxşı oxucu kimi deyə bilərəm ki, həmişə şeir və hekayələrini səbirsizliklə gözlədiyim cavan yazarlar var. Mən Varisin, Xəyal Rzanın, Günel Natiqqızının, Təranə Vahidin hekayələrini, Emin Pirinin, Aybəniz Əliyarın, Ramil Əhmədin, Allahşükür Ağanın, Tural Turanın,  İradə Aytelin,  Ruslan Dost Əlinin, Günel Şamil qızının, Rəbiqənin, Vasif Əlihüseynin, Aysel adında üç şair qızın, Taleh Mansurun,  Müşfiq Cəbinin, İntiqam Yaşarın, Elvin İntiqamoğlunun, Elnur Uğurun şeirlərini  maraqla oxuyuram. Şahanə Müşfiqin “525-ci qəzet”dəki məqalələrini də həmçinin. Ən çox Vüsal Nurunun bir romançı kimi püxtələşdiyinin şahidi oluram. Bir cavan tənqidçi var, adı Ülvi Babasoy, onun da yazılarını izləyirəm.

– Ədəbi gəncliyə sözünüz? Sizi nəsə narahat edirmi?

 Mən özümdən xeyli cavan olan gənc şair və nasirlərə xoşbəxtlik, ədəbi uğurlar arzulayıram. Amma istərdim ki, onlar finişə doğru inamla addımlasınlar. Təkəbbürlü olmasınlar. Bəzən elələri olur ki, özündən əvvəlki ədəbi nəsilləri inkar etməyə çalışır. Lovğalıq, ədabazlıq, özündən xeyli dərəcədə razılıq  onların yazılarına da təsirsiz qalmır. Unutmasınlar ki, bu ədəbiyyatda Əli Kərim var, Məmməd Araz var, Vaqif Səmədoğlu var, Ramiz Rövşən var, Vaqif Bayatlı var...

– Vaqif müəllim, bəs  “Ulduz” jurnalına nə arzulardınız?

“Ulduz”un baş redaktoru Qulu Ağsəs (o da mənim kimi 20 apreldə doğulub) yaxşı bir tale şeiri yazıb, amma o, şeirdə deyir: “Tüpürüm öz ad günümə” . Amma mən öz ad günümə tüpürmürəm.

         “Ulduz” – yenə təkrar edirəm: həmişə mənim  sevimli jurnalımdır. Mən özümü bir tənqidçi olaraq “Azərbaycan” jurnalında olduğu kimi, bu jurnalda da rahat hiss etmişəm. Çünki ən gərəkli yazılarım bu iki jurnalda işıq üzü görüb.  Nə deyim? Hamınıza can sağlığı, ədəbi uğurlar, hər nömrəni daha sevə-sevə hazırlamağı arzulayıram.

– Sizin “Ulduz”la bağlı  gələcək planlarınız?

– Darıxmayın, ədəbi gəncliklə bağlı yeni yazılar gətirəcəyəm.   

 

“Ədəbiyyat və incəsənət”

(05.09.2023)

 

Çərşənbə axşamı, 05 Sentyabr 2023 11:30

Gənc Tamaşaçılar Teatrı yeni mövsümə başlayıb

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında 2023-2024-cü il üzrə yeni teatr mövsümünün açılışı ilə əlaqədar kollektivlə görüş və ümumi iclas təşkil olunub.

 

Teatrdan yayılan xəbərə görə, teatrın direktoru Naidə İsmayılzadə kollektivi salamlayaraq, onlara ürək sözlərini bildirib. Eyni zamanda növbəti mövsümdə yaradıcı heyətlə görüləcək işlər barədə danışıb, onlara uğurlar arzulayıb.

 

Sonra teatrın aktrisası, Xalq artisti Naibə Allahverdiyevaya 60 illik yubileyi münasibətilə teatrın fəxri diplomu təqdim olunub.

 

Bundan başqa teatrın bir qrup yaradıcı heyəti və texniki işçiləri Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Adil Atakişiyev tərəfindən fəxri fərmanla təltif olunublar.

 

“Ədəbiyyat və incəsənət”

(05.09.2023)

Çərşənbə axşamı, 05 Sentyabr 2023 11:15

Böyük adaşımın ruhuna alqış!

“Ədəbiyyat və incəsənət” portalı Beynəlxalq “Alaş” Ədəbiyyat mükafatı laureatı Əkbər Qoşalının yazısını təqdim edir

 

Bu il (2023-cü il) Aşıq Əkbər Cəfərovun anadan olmasının 90-cı ildönümü (bu sətirlər yazıldığı avqust ayında isə sənətkarın haqqa yürüməsinin 33-cü ildönümü) tamam olub. Ruhuna alqış!

 

Sənətkar sağlığında çox alqışlar görüb, çox səhnələrdə çıxış edib, salonları coşdurub, insanları riqqətə gətirib, könüllərə fərəh, üzlərə təbəssüm bəxş edib. O, hələ sağlığında əfsanələşmiş ustadlardan idi.  “Sağlığında” deyirik – bəyəm əsil sənətkara ölümmü var? Əsla! Neçə ki sənət var, sənətkar da var. Bir sənətkar ki xatırlanır, undulmur, irsinə üz tutulur, xatirəsi əziz saxlanır – onun haqqında keçmiş zamanda danışmaqdansa, bugünki uğurlarımıza sevinən, sözlərimiz ruhu vasitəsi ilə ona agah olan çağdaşımız, dərddaşımız, uğurdaşımız olaraq danışmaq daha doğru deyilmi?

 

Tovuz ədəbi mühitinin Azərbaycan ədəbiyyatının inkişafında danılmaz dərəcədə önəmli yeri, rolu vardır. Tovuzda respublika miqyasında, Türk dünyası səviyyəsində yaxşı tanınan, sevilən söz ustadları, o cümlədən, ustad aşıqlar, el şairləri yetişib. Bəli, Tovuz ədəbi mühiti anlayışından da, o mühitdə yetişən aşıq və şairlər haqqında da könül xoşluğu ilə söhbət aça bilərik. İstər Çar, istərsə Sovetlər dönəmində o sənətkarlar bizim ümidlərimizi qoruyub saxlayan aydınlar olaraq çıxış edib.

El aşıq və şairləri xalqın dərdlərini, uğurlarını, ümidlərini dinləyən, dilə gətirən, mətləbə ulaşdırmağa çalışan insanlardı. Həm xalq dərdlərini, uğurlarını, duyğu-düşüncələrini onlara deyib, həm də onlar xalqın dərdlərini, uğurlarını, duyğu-düşüncələrini saza qaldıraraq, yayaraq, öz poetik örnəklərində qoruyublar. Yəni, xalq ruhunun gözəlliklərini, xalqın ümidlərini aydın gələcəyə çatdırıblar – ümidləri inama daşıyaraq...

Tovuzun şenolmuş Bozalqanlı kəndində doğulub, böyümüş Aşıq Əkbər də, zəngin etnoyaddaşa, epos təfəkkürünə və sarsılmaz ümidlərə malik bir sənətkar kimi yetişib. O, həm zil, orta və bəm köklərdə böyük ustalıq, məharət göstərmiş nadir sənətkar, gözəl saz ifaçısı, dastan söyləyən, dastan yaradan və söz qoşan – aşıq poeziyasının az qala bütün qollarında şeirləri olan sənətkardı. Aşığın “Dedilər” qoşmasını sizlərçün incələmək istərdim. Hesab edirəm ki, bu qoşma onun aşıqlıq missiyasının əsas bəlgələrindədnir:  

 

Gözümü açandan, ağlım kəsəndən,

Oğul, çəkmə çox da qəmi, dedilər.

Doğuldum Kür üstə, gəzdim Kür üstə,

Suyun üzündədi gəmi, dedilər.

 

Sancıldım yurduma, göyərdim, bitdim,

Böyüdüm, boy atdım, məclisə getdim.

Mən sazı özümə havadar etdim,

Aşıq, bizə çal “Kərəmi”, dedilər.

 

Qarşıladım neçə-neçə yazları,

Yaş ötdükcə təzələdim sazları;

Dünən “əmi” dediyimin qızları,

Bu gün mənə “Əkbər əmi” dedilər.

 

Siz fikir verin: əsas mənanı orta bəndə yükləyən ustad sanki təbiətin qanunanuyğunluqlarında olduğu kimi, altdan-üstdən mənanı qoruyur, saxlayır, gələcəyə ötürür... Təbiətdə, kainatda, toplumda... toxumu, cövhəri, mənanı, sirri... belə görmüş, belə bilmiş, belə inanmışıq. Baxın, nə sancılar? – kökü-köməci olmayan. – Ting, çubuq sancılar, elə deyilmi? – Yoxsa, kökü-köməci olanı basdırılar, daha sancmazlar ki. Və sancılan da, hər yerdə bitməz; yalnız münbit torpaqda, ötəndən-keçəndən qorunduğu, zədələnmədiyi halda, iqlim şərtləri uyğunsa, göyərər, böyüyər, boy atar. Sancılan varsa, sancan var, qorunan varsa, qoruyan var, əlbəttə! Bəs məclisə kim gedər? – adam gedər, daha ağac məclisə getməz ki. Demək, sancılan çubuq deyil, ting deyil – sənətkar burada bir metafora işlədib. Bu,  ustadın ədəbi priyomu, müəyyən qədər də, sətiraltı anlamları poetik biçimdə ötürməsidir. Anlaşılan, ustad xalqın öz kökündən qoparıldığını, qoparılsa da, yenə ana torpaqda, doğma yurdda mayalandığını, tutduğunu anladır. Həncəri derlər, aşıq “ana südü, dağ çiçəyi” misalı, yaxud xarı-bülbülün Qarabağdan savayı özgə yerlərdə bitməməsi kimi bir havanı, mədəniyyət iqlimini gətirir düşüncəyə... Hətta, xarıbülbül başqa yerlərdə bitirsə də, bitirilə və böyüdülə bilərsə də, xalqın yaddaşı Qarabağdan qıraqdakı al-əlvan bağların içində xarıbülbülün olmaması haqqında poeziyanın anlatdıqlarını həqiqət kimi qəbul edib, o poetik həqiqəti yaraşıqlı bulub... – Beləliklə, bir arif, bir kamil-mürşid, bir bilgə olub, o köksüzü torpağa sancıb – onun mayalanmasına, tutmasına ümidli olub, alqış edib, onu qoruyub, bəsləyib, xalqın dünənini, bu gününü, sabaha boylanışını bilib; xalqın diləklərinin ifadəçisi olub, xalqa, təbiətin nizamına, ondan da ötəsi, kainatın ruhuna inanıb. Və çox düz edib!

 

Bir də, məclisə getmək var işin içində. Sov.İKP iclasına deyil, “İliç lampalı kolxoz”a deyil, nə bilim, “Lenin guşəsi”nə, “Qırmızı otağ”a və b. yerə deyil, məhz məclisə gedir... Bəs məclis – el məclisi haraydı? – Məclis o totalitar rejimdə də, xəlqiliyin qaldığı, milli ruhun təcalla etdiyi, ideolojidən arınmış bir yeriydi, soydaşların özünüifadə meydanıydı, rəsmiyyətdən, ideolojidən bir qədər uzaq ünvanıydı...

 

Yaxşı, o “kökündən qoparılmış” ana torpağa sancıldı, göyərdi, bəsləndi, böyüdü, məclisə getdi də, sonra nə oldu? – Sonra sazı özünə havadar etdi, məhz sazı! – Leninin kitablarını, Marksın, Engelsin əsərlərini deyil, Kommunist Partiyasının Nizamnaməsini deyil, plenum qərarlarını və s. deyil! – Tanrı kömək olsun, şair Niyaz Nəsir demiş, bax, bu xalis xalq ruhunun cəsarətiydi! – Ancaq bilgələr bilirdi: hələ qəm-kədər dövrü bitməyib, hələ azadlıq üfüqlərinə yetişməyə xeyli zaman vardı... – O zaman, “Aşıq, bizə çal “Kərəmi” dedilər”. – “Kərəmi”ni – kədərin havasını! – O zaman – hələ müstəqil olmadığımız dönəmə məhz o hava uyğundu... Ancaq kədər əbədi deyil, qara bulud Günəşin qarşısında ilmüdam dura bilməzdi və həqiqət Günəşi, əlbəttə parlayacaqdı. Parladı da!..

 

Beləliklə, ustad aşıq 3 bəndlik bir qoşmada, o qoşmanın da bir bəndindəcə doğma xalqın gerçəkliyini anladıb, bütöv bir dönəmin ictimai-siyasi portretini canlandıra bilib...

Ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(05.09.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.