
Super User
Mistik ovqat və aydın həqiqətlər
“Ədəbiyyat və incəsənət” portalı yazıçı-publisist Zemfira Məhərrəmlinin tanınmış yazar Əkbər Qoşalının “Həsrətoğlu, yaxud uçan tabut” hekayəsindən aldığı təəssüratı sizlərlə bölüşür.
Deyirlər, söz adamları, qələm əhli bizə əsərləri qədər yaxındır. Yazarın kitabları, gələcəyə əmanət etdiyi əsərləri onun el-obaya bağlılığı, xalqına, millətinə sədaqəti, narahat dünyası, yuxusuz gecələridir. Çağdaş poeziyamızın tanınmış simalarından biri, şair-publisist, tərcüməçi, ictimai xadim Əkbər Qoşalı da dəyərli və yaradıcılığa köklənmiş bir ömür yaşayır. 90-cılar ədəbi nəslinin tanınmış təmsilçisi, deməyə daim sözü olan, düşüncələrini şövqlə qələmə alan, yazıb-yaratmaqdan yorulmayan Ə.Qoşalı, ilk növbədə, incə ruhlu şairdir.
Onun yaradıcılığından türkçülük qırmızı xətlə keçir. Ə.Qoşalı ümumtürk ədəbi irsinin ənənələrini göz bəbəyi kimi qoruyur və yaşadır. Öz genetik türk yaddaşının hökmü, diktəsi ilə qədim türk eposlarından qaynaqlanan əsərlər yazır.
Söz adamı kimi Ə.Qoşalı nəsr əsərləri ilə də xalqın milli ruhunun diri qalmasına xidmət edir. Bu baxımdan, müəllifin "Həsrətoğlu, yaxud Uçan tabut" hekayəsi fikrimizə sübutdur. Yeri gəlmişkən qeyd edim ki, 2019-cu ildə qələmə alınmış bu hekayə qardaş Özbəkistanın nüfuzlu ədəbi nəşri olan "Kitab dünyası" qəzetində çap edilib. Hekayənin mayasında bədii təfəkkür sahibinin bənzərsiz təhlilləri var. Məna tutumu ağır olan bu nəsr nümunəsində fikrin emosional izharı ilə, maraqlı bədii təsvirlərlə qarşılaşırıq. Xalq dili və xalq ruhu əsərin qanına, canına hopub. Adı çəkilən hekayə yazı tərzi, üslubu ilə də fərqlidir.
İlk öncə, əsərin adı marağıma səbəb olmuşdu. Hekayəni diqqətlə oxuyub, müəllifin məqsəd və məramından agah olduqca, Əkbər Qoşalının Qarabağ həqiqətlərini, vəhşi xislətli, terrorçu Ermənistanın öz havadarlarından dəstək görərək başladığı qanlı savaşın xalqımıza gətirdiyi fəlakətləri dünyaya çatdırmaq missiyası göz önünə gəldi.
Hekayənin qəhrəmanı adına Həsrətoğlu deyilən və öz həqiqi adı az qala ellikcə unudulmuş bir şəxsdir. Qarabağ müharibəsinin dəhşətlərini öz taleyində yaşayan, axar-baxarlı yurd yerindən didərgin düşmüş məcburi köçkün soydaşımız paytaxtın tanınmış "Xor" kollektivində çalışır, aldığı cüzi məvaciblə dolanırdı. Vaxtilə gözəl səsi, avazıyla oxuyurdu. Onu alqışlayır, ifasını bəyənirdilər. Solo ifası ilə daha çox tanınsa da, tale onu "xor"a gətirib çıxarmışdı. "Və indi öncələr heç oxumadığı bir mahnının sonluğundaydı elə bil; pərdə qapanmadan özündə güc tapıb gur səslə oxumalıydı. Nəyə ümidlidir, kimə inanır və haraya gedəcək? Ona elə gəlirdi Tanrı ilə arasındakı bağ qopub, rabitə kanalı pozulub..."
Bu sənətçinin doğulub boya-başa çatdığı dədə-baba ocağına sevgisi o qədər dərin, yurdsuzluq nisgili o qədər böyükdür ki, hamı onu Həsrətoğlu ayaması (ləqəbi) ilə çağırır. Həsrətoğlunun həyatda çox şeyə əli çatmayıb. Dünyanın ən ağır dərdlərindən sayılan köçkünlük yükünü çiyinlərində daşıyan bu soydaşımızın nə normal həyat şəraiti var, nə evi-eşiyi, nə də ailəsi. Məşqə toplaşdıqları günlərin birində darısqal dəhlizdə qarşılaşdığı həmkarı - xorda yenicə çalışmağa başlayan alyanaq qızla göz-gözə gələndə ötən günlərin unudulmaz xatirəsi yada düşür. Güllü-çiçəkli kəndin ətəyində, bulaq başında gördüyü, səhəngindən su içdiyi və sonradan unuda bilmədiyi qızla təkrar görüş səhnəsi də hekayənin təsir gücünü artırır.
Müəllif qəribə davranışı, qeyri-adi düşüncələriylə fərqlənən qəhrəmanının psixoloji sarsıntılarını da məharətlə qələmə alıb. Hekayədə oxuyuruq: "Deyəsən, həyatının qalanını daha öncələrdəki kimi yaşaya bilməyəcəkdi... İllərdi özünü, öz içini yeyib bitirən Həsrətoğlunun nə cansağlığı, nə də "cib sağlığı" buna yol açmırdı... Yuxuları qarışıq, güzəranı pərişan, gələcəyi təsəvvür olunmayan bir adamdı Həsrətoğlu. Sanki hər şeyə inadkarlığı vardı. Öz bildiyini edər, öz bildiyi kimi oxuyardı..."
Bu mistik əhval-ruhiyyəli, yarıyuxu-yarıgerçək ovqatlı hekayədə acı həsrət və böyük istəyin üz-üzə gəlməsi, toqquşması bədii cəhətdən məharətlə təsvir olunub. Əsərin sonuna yaxın daha gərgin və dramatik ovqata köklənirik. Bir gecə yuxusunda doğma kəndinə, dədə-baba torpağına "gedən" Həsrətoğlu, yaşıdı olan son eloğlusunun da Qarabağ savaşında şəhid olduğunu eşidincə, "sağlamlığım cəbhəyə getməyimə imkan verməsə də, bu yataqxana otağında fələyə can verən deyiləm, gedib öz kəndimdə tapşıracam canımı" demişdi. Səhər hamı bilmişdi ki, o, gözlərini həyata əbədi yumub. Rəhmətliyin üz-gözündə itirdiyini tapan adamın xoş təbəssümü donmuşdu.
Həsrətoğlu qarabağlıydı, ölən sənətçini Bakı ətrafındakı qaçqınlar qəbiristanlığında dəfn etməliydilər. Lakin tabut daşıyan karvan Bakıdan çıxıb üzü Qarabağa doğru yön alır. Bu zaman müəllifin yaratdığı daha bir mistik, müəmmalı lövhə ilə qarşılaşırıq. Bu mistisizm nümunəsi fövqəltəbii, hansısa ilahi qüvvənin mövcudluğuna, eləcə də insanın bu qüvvələrlə ünsiyyətinin mümkünlüyünə inam yaradır.
"Vaxt gələr, hesab dönər" deyib ulularımız. Zaman dəyişdi, o unudulmaz 44 gün ərzində müzəffər ordumuz işğalçı erməni gavurların başına od ələdi, mərmiləri dolutək yağdırdı, mənfur düşmən dabanına tüpürüb qaçdı. Yurd nisgili ilə çırpınan soydaşlarımızın, qisas yanğısı ilə yaşayan polad biləkli oğullarımızın arzusu çin oldu. Elə haqqında ədəbi mülahizələrimi bildirdiyim hekayənin qəhrəmanı Həsrətoğlunun da sağlığında həyata keçməyən istəkləri gerçəkləşdi. Əslində bu, bənzərsiz bir hekayə ərsəyə gətirmiş yazıçının da ürəyində illərdən bəri qövr eləyən gözləntinin həqiqətə çevrilməsi, ədalətin qələbəsinə inamın təzahürüdür.
“Ədəbiyyat və incəsənət”
(07.09.2023)
Ferhat Göçer yenidən Bakıya gəlir
Sentyabrın 22-də Heydər Əliyev Sarayında Türkiyənin sevilən müğənnisi Ferhat Göçerin növbəti dəfə konserti təşkil olunacaq.
Sarayın mətbuat xidmətindən verilən məlumata görə, ifaları ilə milyonların qəlbini fəth edən müğənni öz repertuarında olan mahnılarla pərəstişkarları qarşısında çıxış edəcək.
Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.
“Ədəbiyyat və incəsənət”
(07.09.2023)
“Uşaqlarda qorxu və təşviş”
“Qədim Qala” nəşriyyatında çapdan yenicə çıxan kitab “Uşaqlarda qorxu və təşviş" adlanır və kitab tək uşaqlar üçün deyil, həm də böyüklər üçündür.
Ayağınızdan yapışan o balaca əllər, hədəqəsindən çıxmış gözlər, titrəyən dodaqlar və nəhayət, qorxudan, təşvişdən xəbər verən göz yaşları. Bütün valideynlər dəfələrlə bu halın şahidi olublar. Onun quş kimi çırpınan balaca ürəyini sakitləşdirmək istəsək də, doğru yolun hansı olduğunu bilmədiyimizə görə ağlımızdan min sual keçir: Sakitləşdirmək? Qorumaq? Müzakirə etmək? Çətinliklərlə üzləşməsinə imkan vermək, müqavimət göstərməyə təşviq etmək?
Bu cür reaksiyaların səbəbi nədir? Nə üçün bəzi uşaqlar digərləri ilə müqayisədə daha çox qorxurlar, yaxud təşvişə daha çox meyillidirlər? Valideyn olaraq onlara necə kömək etmək olar?
Gördüyünüz kitabın hədəfi bütün bu suallara cavab tapmaqdır.
Kitab təkcə nəzəri biliklər verməklə kifayətlənməyib övladınızın özünəinamını gücləndirmək, qorxu və təşvişinin öhdəsindən gəlmək üçün onunla birlikdə yerinə yetirə biləcəyiniz sadə tapşırıqlar da təklif edir.
Odur ki, onu alıb övladınıza oxutmaq da gözəl olar, özünüz oxusanız da.
“Ədəbiyyat və incəsənət”
(07.09.2023)
KİNOBƏLƏDÇİdə “Bəxt üzüyü”
Nigar Həsənzadə, “Ədəbiyyat və incəsənət”
Kinolar mənəviyyatımızın qidalarındandır.
Keçmiş illərdə çəkilmiş Azərbaycan filmlərinə baxarkən, onlar nostalji hisslər yaradır. Bu filmlərdən biri fə dramaturq Vaqif Səmədoğlunun eyni adlı pyesinin motivləri əsasında çəkilmiş "Bəxt üzüyü filmidir". Əvvəlcə nostalji hisslər aşılayan hissəsinə diqqət yetirək. Filmdəki bağ hissəsi Şüvəlan qəsəbəsində, dəniz Bilgəhdə çəkilib, bazar hissəsi isə Mərdəkanda. Və mən hər dəfə o filmi izləyərkən Bakı qəsəbələrinin 90-cı illərini görmüş oluram.
Məzmun cəhətdən nəzər salsaq isə...əsas hadisələr "Bəxt üzüyü”nün itməsi ilə başlayır. Təbii ki, bu üzük simvolikdir. Bütün xalqa ismarıc olaraq, insanlığımızı unutmamalı, bəxtimizi itirməməli olduğumuz işarə edilir. Qarşımızdakı kəslərə qarşı daha diqqətli olmalı, üstəlik, bu fani dünyanın "xoş" xəyallarına həyatı həsr edib, ən birinci özümüzü, sonra da ətrafımızı aldatmamalı olduğumuzu bizə ən gözəl formada çatdırırlar. Yəqin filmi izləyənlər bilər, orada balaca qızcığazın atasının sözlərindən narahat olaraq ağac altına gələrək ağacı kəsməyə çalışması... Ümumiyyətlə, Ayşad Məmmədovun həmin divar səhnəsi, o monoloq-- "Bir mən qalmışam, bir bu daş hasar", “Daş qəlbli insanları neylərdin İlahi"... kimi ifadələr həyatın acı üzünü təmsil edən monoloq olaraq şöhrət qazanmışdır. Keçmiş dəyərli filmlərmizi dərk edərək izləmək ən önəmlisidir.
Öz cümləmə sadiq qalaraq yenidən yazıram, "Ruhumuzu, mənəviyyatımızı daima qidalandıraq".
“Ədəbiyyat və incəsənət”
(07.09.2023)
Ümumdünya Turizm Təşkilatı G-20 çərçivəsində turizmə dəstək layihəsi hazırlayıb
Ümumdünya Turizm Təşkilatı (ÜTT) G20 qrupu çərçivəsində turizmi dəstəkləmək üçün idarəetmə panelini işə salır. Bu barədə mediada ÜTT-nin bəyanatı yayılıb.
Bəyanatda deyilir ki, sentyabrın 9-10-da keçiriləcək G20 ölkələrinin Zirvəsi görüşü ərəfəsində bu təşkilatın işçi qrupu sammitə ev sahibliyi edəcək Hindistanın Turizm Nazirliyi ilə birlikdə turizmin dəstəklənməsi üzrə yeni layihə təqdim edib.
ÜTT hesab edir ki, BMT-nin 2030-cu ilədək Davamlı İnkişaf Gündəliyində təsbit olunmuş hədəflərinə nail olunmasında turizm sektorunun inkişafının mühüm rolu var. İşçi qrupu tərəfindən təqdim edilən yeni təşəbbüsə uyğun olaraq hazırlanmış yol xəritəsi beş prioritet komponenti ehtiva edir: yaşıl turizm, turizm sektorunun rəqəmsallaşması, peşəkarlığın artırılması, turizm sahəsində kiçik və orta sahibkarlığa dəstək verilməsi, turizm istiqamətlərinin idarə edilməsi.
ÜTT-G20 İdarəetmə Panelinə bu beş sahə üzrə 20-dən çox nümunə araşdırması daxildir. 2023-cü il ərzində və gələcək illərdə bu nümunələr müntəzəm olaraq yenilənəcək, onların dayanıqlı inkişaf məqsədlərinə töhfələrində turizm siyasətləri və təşəbbüsləri üçün unikal istinad təmin ediləcək. ÜTT-nin Baş katibi Zurab Pololikaşvili deyir: "G20 ölkələri dünya üzrə turizmin 70 faizdən çoxunu təmsil edir. Sektorun transformasiyasında onların liderliyi həlledicidir. G20 çərçivəsində yaradılan Turizm İşçi Qrupu konkret nəticə əldə etmək istiqamətində istinad alətidir”.
“Ədəbiyyat və incəsənət”
(07.09.2023)
Nizami Kino Mərkəzində 6-cı ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının açılışı olub
Xəbər verdiyimiz kimi, festivalda 13 ölkənin istehsalı olan filmlər nümayiş etdiriləcək.
Açılış mərasimində iştirak edən mədəniyyət nazirinin müavini Səadət Yusifova qeyd edib ki, festival çərçivəsində 20 tədbirin keçirilməsi və 60-dan çox animasiya filminin nümayişi nəzərdə tutulub.
“Keçirilən festivalın mövzusu “Qadın hüquqları”dır. Bilet satışlarından əldə olunacaq gəlir azərbaycanlı gənc qadın rejissorlara ianə ediləcək”, - deyə nazir müavini vurğulayıb.
Festival müsabiqə, müsabiqədənkənar və peşəkar proqramlardan ibarətdir:
Müsabiqə proqramına iki yerli və iki beynəlxalq kateqoriya, “Tamaşaçı rəğbəti mükafatı” daxildir. Müsabiqə qaliblərinin seçimi beynəlxalq münsiflər heyəti və uşaq tamaşaçılar tərəfindən həyata keçirilir.
Müsabiqədənkənar proqramda tematik nümayişlərin, festivalın mövzusuna uyğun filmlərin və retrospektivlərin, dünyaca məşhur animasiya müəlliflərinin əsərlərinin nümayişləri nəzərdə tutulub.
Peşəkar proqram xarici və yerli animasiya mütəxəssislərinin ustad dərslərindən ibarətdir. Proqram çərçivəsində, həmçinin İsveçrə Əməkdaşlıq və İnkişaf Agentliyinin dəstəyi ilə “Women Rights Through Animated films” inkişaf vorkşopu və maliyyə proqramı keçiriləcək.
Qeyd edək ki, müsabiqə qaliblərinin seçimi 6 xarici mütəxəssisin də daxil olduğu beynəlxalq münsiflər heyəti tərəfindən aparılır. VI ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının xüsusi qonağı “Oskar” mükafatı qazanmış niderlandəsilli rejissor Maykl Dudo de Vitdir. Mədəniyyət Nazirliyinin dəstəyi və Azərbaycan Animasiya Assosiasiyası və “PERİ FİLM” MMC-nin təşkilatçılığı ilə uşaqlar və böyüklər üçün nəzərdə tutulmuş ənənəvi 6-cı ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı sentyabrın 6-dan sentyabrın 10-dək Nizami Kino Mərkəzində keçiriləcək.
“Ədəbiyyat və incəsənət”
(07.09.2023)
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Rumıniyada birgə fəaliyyətin istiqamətləri ətrafında müzakirələr aparıb
Rumıniyanın Konstanta şəhərində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun dəstəyi ilə Türk-Tatar xalq rəqsləri, mahnıları və milli geyimləri 28-ci Beynəlxalq Festivalı təşkil olunub.
Fonddan bildirilir ki, tədbirdə Fondu layihə rəhbəri Leyla Həsənova təmsil edib. O, tədbirin əsas təşkilatçısı olan Rumıniyanın Türk-Müsəlman Tatarlarının Demokratik Birliyinin sədri Celil Eserghep ilə görüşərək, Fond tərəfindən müxtəlif ölkələrdə məskunlaşmış Türk kökənli xalqların qədim mədəni irsinin qorunması istiqamətində aparılan fəaliyyətindən bəhs edib.
Festivalda Azərbaycanı, Türkiyəni, eləcə də Rumıniya, Makedoniya, Gürcüstan, Slovakiya, Bolqarıstan və digər Avropa ölkələrində yaşayan Türk xalqlarını təmsil edən rəqs və mahnı qrupları iştirak ediblər. Tədbirin rəsmi açılışı milli geyimlərin paradı ilə baş tutub. Nümayəndə heyətləri rəngarəng milli kostyumlarda təmsil etdikləri ölkələrin bayraqlarını daşıyaraq, Konstanta şəhərinin mərkəzi küçələrində yürüşə çıxıblar.
Azərbaycanı festivalda Səxavət Məmmədov (tar), Elvin Novruzov (kamança) və 2018 Beynəlxalq Muğam Müsabiqəsinin qalibi Nisbət Sədrayevadan ibarət muğam triosu uğurla təmsil edib. Musiqiçilərin ifası qonaqlara unudulmaz anlar yaşadıb.
Türkiyəni təmsil edən “Bursa Vətən Xalq Oyunları Gənclik və İdman Klubu Dərnəyi”nin nümayəndələrinin zeybək rəqsi böyük maraqla qarşılanıb. İki gün ərzində musiqi kollektivləri regionun müxtəlif bölgələrində konsert proqramları ilə çıxış ediblər.
Tədbirin sonunda Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Türk-Tatar xalq rəqsləri, mahnıları və milli geyimləri Beynəlxalq Festivalının işində fəal iştirak etdiyi üçün diplom ilə təltif olunub.
Qeyd edək ki, son illər ərzində Rumıniyanın rəsmiləri və tatar icmasının nümayəndələri ilə keçirilən görüşlərdə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu və Rumıniya arasında əlaqələrin gücləndirilməsi, eləcə də gələcək birgə fəaliyyətin istiqamətləri ətrafında müzakirələr aparılıb.
“Ədəbiyyat və incəsənət”
(07.09.2023)
Və qolbağı, boyunbağı, talisman, döymə, tatuyla qeyri-adilik yaratmaq istəyəndə…
Qoşqar İsmayılzadə, “Ədəbiyyat və incəsənət”
Müşahidələr və onun davamında düşünmələr nədənsə insanı yorur. Bəlkə də bu tək məndə belədi, bilmirəm. Bu ruhsal yorğunluğa səbəb problemlərdən qaçmaq, nəyin nə olduğunu ayırd etməyə zaman yetməzliyi, ya da tənbəllik və ya istəmsizlikdən irəli gəlir. Bəlkə hər qarşımıza çıxan problemlərdə onu anındaca həll etmək əvəzinə arxaya atıb qalaqlaşdırıb, sonra gözümüzdə böyüdüb həll edilməz kimi göstəririk...
Hansı ki, zamanında hər birinə sərf edilən qısa zamanda həll etmək mümkün idi. Bax elə buna görə də ortada "boş verlər", "əşilər","heçnə olmazlar", "inşallahlar" yaranıb qalır...
Bilirsiniz, buna səbəb nədir, bütün bu ortada qalanlara, onların yaranmasına ?!
Beyində bir cavabın olmaması, konkretliyin, əminliyin, şübhənin, müəmmalılığın olmasıdı...
Digər bir tərəfdənsə qolları çirmələyib bu işə əl bulamaq istəyinin olmamasıdı. Bax elə buna görədir ki, həyatımızın hər küncündə defektliklər özünü göstərməkdədir.
Qarşıya çıxan problemlərdə, yaranan düyünlərdə düyünü açmağa səy göstərmək əvəzinə, problemin həll yolunu tapmaq yerinə yola verməyi üstün tuturuq...
Daim dünyada gedən proseslər inkişaf edərək təkmilləşir, qloballaşır, hər bir resurs özü özlüyündə yuvarlanaraq dağdan aşıb zamanla böyüyən qartopuna çevrilir....
Hər şeyin zaman keçdikcə daha yaxşı yan aldığı, insanın, insanlığın daha da zirvələşdiyi deyilir, insanlar problemdən uzaq, əmin amanlıqda yaşayırlar...
Amma, mən sizi əmin edirəm ki, hər ötən saatda, gündə insan qəlbində yaşam, narahatlıq xofu, güvən şübhəsi cücərməkdə olan bir toxum kimi boy atmağa davam edir. Bugün keçmiş daha güvənli idi, nəinki indiki zaman və gələcək...
İnsan zəkasının təkmilləşməsini düşünün, hansı ki, bu təkmilləşmə artıq özü kimilər nəslinin əsasını qoya bilməyi bacarıb...
Amma, nədənsə bu təkmilləşmə qəliblərə çox təəssüf ki, təsir edə bilmir. İbtidai dövrdə olan qorunma mexanizmi, ərazi istilası hərisliyinə qədər bir narkomanın narkotik istəyi qədər genişlənib içdə yuva, məskən salaraq indiyə qədər gəlib çıxıb. Baxmayaraq ki, dil canın, insanın, sülhün daha qiymətli olmasını söyləsə də, lakin əməl bunun yalnız dilin yuxuya getmək üçün söylədiyi nağıldan başqa bir şey olmadığına inanmağa vadar edir...
Ölkələrdəki qırğınlar, hər gün insan qanına susamış yeni silahların istehsalı içdəki hərislikdən, beynin bir tərəfinin barbarlıq və quduzluqdan ibarət olduğuna inamı daha da gücləndirir...
İçdəki hakimiyyətə hərislik istəyi, eynən fantastik filmlərdəki kimi dünyaya hökmranlıq yolunda ətrafda xoşbəxt yaşam arzusu ilə olanların da istəyinin üzərindən tədricən və ya məcburən xətt çəkilməsinə şərait yaradır...
Rəngarəng yaşam istəyində olanların həyatından rənglər oğurlanır, onların yerinə isə məcburi öhdəliklər palitrasının rəngləri meydana çıxmağa başlayırlar, yalnız qırmızı və onun digər çalarları...
Hər bir işdə ilklər və ya uyğunlaşma çox böyük önəm daşıyır. İlk sevgilidən tutmuş, ilk iş yerinə, ilk problemə qədər. Zaman keçdikcə bu konsepsiya dəyişilməyə, təkmilləşməyə və ondan sonra mutasiyaya uğrayaraq istifadə edilməyə, idarəçilik və asılılığa qədər gəlib çıxmağa başlayır. Məsələn, sevginin qədim dövrlərində sevən tərəf üçün saniyələr saatlara bərabər bir zaman sayılır, göyərçinlər, çaparlar, məktublar, qəlbdən süzülən xoş niyyətli sözlər və ən əsas məsələ isə saflığı ilə seçilirdisə, ən müasir formada bu məsələ artıq təkmilləşmədən keçib iyrəncləşməyə doğru addım atıb və atmaqdadır. İndi klaviatura da hazır, standart mesajlar, qız tutma texnikalarına qədər inkişaf yolları, şantaj metodları artıq ürəkbulandırıcı vəziyyətə qədər gəlib çıxıb. Qədim dövrün Məcnunu müasir dövrün "Qaqa"sına çevrilib...
Bir tərəfdən də mənəvi boşluqların, psixoloji travmaların çoxluğu və bunlarla vəhdət təşkil edən reallıq rinqdə küncə sıxılmış boksçunun aldığı zərbələri xatırladır....
Məktəb vaxtı və ya uşaqlıq dönəmində yetərincə diqqət yetirməzliyi, düzgün qayğının, emosional sevginin olmaması və daim kütlə içərisində qeyri asılı səbəblərdən dolayı pərt olmaq gələcək fərd yetişməsində çox mühüm rol oynayır. Zaman keçdikcə də pilləli boşluqların olması daxili aləmdə daim bir fırtınanın olmasına şərait yaradır. Düşünün, yad bir ölkədə və ya evdən çox uzaqlarda tələbəsiniz və məzun olduğunuz anda ətrafda valideynlər, qohumlar əlində gül çiçək dəstəsi ilə öz övladlarını, yaxınlarını təbrik edir. Sizinsə təbrik edəcək şəxsiniz yoxdu və sadəcə ətrafı seyr etməklə keçinirsiniz.
Yaxud hərbi and içmə zamanı yüzlərlə valideyn, qohum əhatəsində gözlərin tanış bir sima axtarışına çıxıb, amma heç kəsi tapmaması içdəki hisslərin bir vulkan lavası ilə yanıb külə dönməsi qədər amansız təsir bağışlayır. Sonra da küləyin təsirilə küllər sovrulur və beləliklə növbəti hadisələrdə məcburi soyuqqanlılıq və yaxud hissiyatsızlıq yaranır, beləliklə də ətraf səni kobud, odun kimi qələmə verməyə başlayır. Amma, içindəki lavadan qətiyyən xəbəri belə olmur, yalnız qınamaq işi ilə məşğul olur. Həm axı biz qınamağı yaxşı bacarırıq.
Bax elə buna görə mən klassikaya, retroya daha çox vurğun oluram.
İnsanlar olaraq hər küncdə xaos yaşayırıq. İşimiz, həyatımız xaos və xaos. Övlad dünyaya gələrkən hər kəs onun Vətənə, ailəyə layiqli olmasını istəyir, amma heç kəs valideymin xeyirli olmasını istəmir və anlamırlar ki, əgər valideyn xeyirli olsa övladın xeyirli olması qaçılmazdır. Ümumiyyətlə, əgər dünyaya uşaq gətirəcəksinizsə bunu şüurlu şəkildə, hər şeyi düşünüb edin. Faydalı bir şəxs, həqiqətən yetişdirə biləcəyiniz bir fərd kimi gətirin. Həyat bəxş etmək adına gətirin, daha məhkum kimi yox...
Artıq problemlər o qədərdi ki, 8 saatlıq iş prosesi heçnə halına gəlib, əsas iş sanki ondan sonra başlayır...
Düşüncələr, fikirlər bitmir ki, bitmir. Amma, mən bu dəfəlik bitirirəm...
İnsanlar adi olduqlarını unutmasınlar, heç kəs qeyri-adi deyil. Amma, qeyri-adi görünməyə çalışırlar. Bunun üçün qolbağı, boyunbağı, talisman, döymələr, tatularla elə bir görünüş yaratmaq istəyirlər. Hər kəsin bir şeyə ümid bəsləməsi kimi...
Düzü bilmirəm kimi qınayım, öz oxu ətrafında fırlanan planetimi, yoxsa həmin planetdə öz oxundan çıxıb biri-birini fırladan insanlarımı?!
“Ədəbiyyat və incəsənət”
(07.09.2023)
Ölkəmizdə təhsil alan yerli və xarici tələbələrin bir qrupu Şuşaya səfər edib
Respublikamızın universitetlərində təhsil alan bir qrup yerli və xarici tələbələrin iştirakı ilə Azərbaycanın mədəniyyət paytaxtı Şuşaya səfər təşkil edilib.
Azərbaycan Tələbə Gənclər Təşkilatının yaydığı məlumata görə, bu təşkilatın təşkilatçılığı ilə reallaşan və respublikamızın ali təhsil müəssisələrinin 180-ə yaxın tələbəsinin iştirak etdiyi səfərin məqsədi gəncləri Qarabağın tacı, qədim tarixə, zəngin mədəniyyətə malik Şuşa, onun özünəməxsus, bənzərsiz şəhər memarlığı, tarixi abidələri, eləcə də şanlı Zəfərimizdən sonra burada həyata keçirilən genişmiqyaslı yenidənqurma və bərpa işləri ilə yaxından tanış etməkdir.
Səfər çərçivəsində tələbələrə Şuşanın zəngin təbiəti, tarixi-mədəni irsi barədə məlumat verilib. Gənclərin Şuşa ilə tanışlığı şəhərin mərkəzindən başlayıb. Tələbələrə Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün güllələnmiş heykəllərinin tarixçəsi haqqında danışılıb.
Sonra tələbələr Qarabağ xanının varisi, xanlığın sonuncu şahzadəsi Xurşidbanu Natəvanın dağıdılmış imarətini, Şuşa qalasını, Saatlı məscidini, Yuxarı Gövhər Ağa məscidini, Qarabağ xanlığının Baş vəziri, görkəmli Azərbaycan şairi Vaqifin ev-muzeyini ziyarət ediblər.
Gənclər böyük həvəslə Şuşanın tarixi məkanlarında olub, şəhərin küçələrini və Cıdır düzünü gəzib, seyrəngahdan ətrafa açılan əsrarəngiz təbiət gözəlliklərinə tamaşa edib, füsunkar təbii mənzərələrdən zövq alıblar. Vətən müharibəsində bu gənclərin həmyaşıdları olan əsgərlərimizin sıx meşələrdən keçərək, sıldırım qayalardan qalxaraq Şuşaya daxil olması, düşmənlə əlbəyaxa döyüşdə böyük fədakarlıqla şəhəri 28 illik işğaldan azad etməsi səfər iştirakçılarında böyük heyrət yaradıb. Gənclər Şuşa fatehlərini - bu şəhərin azadlığı uğrunda canından keçən şəhidlərimizi rəhmətlə, qazilərimizi isə böyük hörmət və ehtiramla anıblar.
“Ədəbiyyat və incəsənət”
(07.09.2023)
Sabah Abşeron yarımadasının bəzi yerlərində yağış yağacaq
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə sabah, sentyabrın 7-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Əsasən səhər və axşam bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək, axşama doğru mülayimləşəcək. Havanın temperaturunun gecə 20-24°, gündüz 24-28° isti olacağı ehtimal edilir. Atmosfer təzyiqi 760 millimetr civə sütunu, nisbi rütubət gecə və gündüz 60-70 faiz təşkil edəcək.
Abşeron çimərliklərində arabir güclənən şimal-qərb küləyi əsəcək, axşama doğru mülayimləşəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 23-24° isti, cənub çimərliklərində - Türkan, Hövsan, Sahil, Şıxda 24-25° isti olacaq.
Naxçıvan şəhərində, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında hava əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 18-23°, gündüz 30-35° isti olacaq.
Xankəndi şəhərində, Şuşa, Xocalı, Xocavənd, Ağdam, Daşkəsən, Gədəbəy rayonlarının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli? intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir sürətlənəcək. Havanın temperaturunun gecə 10-15°, gündüz 15-20°, bəzi yerlərdə 24° isti olacağı proqnozlaşdırılır.
Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında dağlıq ərazilərdən başlayaraq bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Leysan xarakterli, intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 10-15°, gündüz 15-20°, bəzi yerlərdə 25° isti olacağı bildirilir.
Gəncə şəhərində, Qazax, Goranboy, Tərtər, Füzuli rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüzdən başlayaraq bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli, intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 17-22°, gündüz 26-31° isti olacağı ehtimal edilir.
Mingəçevir şəhərində, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Ağdaş, Göyçay rayonlarının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli, intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir sürətlənəcək. Havanın temperaturunun gecə 16-21°, gündüz 23-28° isti, dağlarda gecə 9-14°, gündüz 14-19° isti olacağı ehtimalı var.
Şirvan şəhərində, Yevlax, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Saatlı, Hacıqabul, Zərdab, Salyan, Neftçala rayonlarının bəzi yerlərində gün ərzində arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli, intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 19-24°, gündüz 25-30° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara, Biləsuvar, Cəlilabad rayonlarının bəzi yerlərində gün ərzində arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli, intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir sürətlənəcək. Havanın temperaturu gecə 20-23°, gündüz 25-30° isti, dağlarda gecə 20-22°, gündüz 22-25° isti olacaq.
“Ədəbiyyat və incəsənət”
(07.09.2023)