Super User

Super User

“Ədəbiyyat və incəsənət” portalının Qiraət saatında Adəm İsmayıl Bakuvinin “Məhşər divanı, yaxud yalanın 17 anı” sənədli romanının dərci davam edir. Roman erməni millətindən olan bəşəriyyət canilərinin utopik məhkəməsindən bəhs edir. Onu nəinki oxumaq, hətta ən maraqlı faktları yaymaq, təbliğ etmək lazımdır.

 

 

 

14-CÜ DƏRC

 

Baş ekspert nitqini tamamladı:

-Məhkəmədə Zatikyan bayaq burada hörmətli Vadim Udilovun söylədiyi fikirlərini səsləndirərkən bir qətrə də olsa peşiman olmadığını bildirmişdi, demişdi, mən heç kəsin qarşısında günahkar deyiləm, yeganə günahim yetim qoyduğum övladlarım qarşısındadır. Akop Stepanyan isə “Bizdən kimsə sağ qalsa yenə bu işi davam edəcək” söyləmişdi. Müttəhimlər Sovet tarixində indiyədək əsla rast gəlinməyən tezlikdə - hökm oxunuşundan cəmi 10 gün sonra güllələndilər. Adətən, insanlar öz cəzalarını aylarla, bəzən hətta illərlə gözləyirdilər, Sovet tarixində yeganə tez icra edilən hökm 1975-ci ilə təsadüf edirdi. “Storojevoy” hərbi gəmisində üsyan qaldırmış 3-cü ranq kapitanı Valeriy Sablinin güllələnmə hökmü cəmi 14 gün özünü gözlətmişdi. Zatikyanın isə cinayəti ölkə rəhbərliyi üçün o qədər qorxulu, ağlasığmaz, arzulanmaz idi ki, onu hökmdən sonra cəmi 10 gün sağ saxlamağa səbirləri çatdı. Beləcə, qatı erməni cinayətkarı öz layiqli cəzasını aldı.

Tamaşaçılar alqış sədalarını yüksəltdilər.

Divanda video görüntülər, sənədli, yaxud bədii filmlər mütləq nümayiş etdirilir, səhnədəki nəhəng monitor tamaşaçıları prosesə daha yaxından cəlb edilməyə hesablanıb. Bu proses zamanı da bir xeyli video görüntüyə tamaşa edildi.

Erməni müttəhimlərin müdafiəçisi vəsadət qaldıraraq görkəmli akademik Saxarovun Zatikyanı müdafiəsini xatırlayıb onun gətirdiyi dəlillərin burada səsləndirilməsini tələb etsə belə vəsadət qəbul edilmədi.

Nəhayət, zəng sədaları eşidiləndə Baş Hakim bir daha Zatikyana üz tutdu:

-Cənab Zatikyan, prosesin sonudur, sizə son söz söyləmək imkanı verilir.

Zatikyan başını buladı:

-Ehtiyac duymuram.

Belə olanda Baş Hakim lap ucadan söylədi:

-Cənab Zatikyan. Siz 1979-cu il yanvarın 20-də Moskvada keçirilən məhkəmə prosesində son söz əvəzi söyləmisiniz ki, yeganə günahım yetim qoyduğum övladlarımın qarşısındadır. Səhv etmirəmsə, sizin iki övladınız var. Uşaqları çoxmu sevirsiniz?

Zatikyan başını tərpətdi. Bu vaxt Baş Hakim Divan heyəti səmtə üz tutdu:

-Xahiş edirəm 1977-ci ilin 8 yanvarında Moskva metrosunda törədilmiş terror aktından 126 nömrəli görüntülər nümayiş olunsun.

Dərhal səhnədəki monitor yeni kadrlara açıldı. Bəzilərinin 5-6, bəzilərinin 7-9 yaşları olan al-qana bələnmiş, ağrıdan və qorxudan çığırışan uşaqları görcək (bir mənzərə lap dəhşətli idi, gözləri dəhşətdən bərəlmiş uşağın qolu dərisindən sallanmışdı) hamı ayağa qalxıb Zatikyana lənətlər yağdırmağa başladı.

Zatikyan  “xahiş edirəm, göstərməyin”, “lütfən nümayişi dayandırın” deyə-deyə əlləri ilə üzünü bağladı.

Baş Hakim elə bu zaman hökmü səsləndirdi:

- 1946-cı ildə dünyaya göz açmış, 1979-cu ildə çoxsaylı insan qətlinə rəvac verdiyi üçün güllələnmə cəzasına məruz qalmış Zatikyan Stepan Seqbosoviçin cinayəti Əsl dünyada tam sübut olunsa da, uzun illər erməni millətçiliyi bu cinayətin izini azdırmaq yolunu tutmuşdu, amma bizim Divan bu gün tam olaraq bu cinayəti bir daha sübut etdi. Əsas dünyadan təcrid edilmiş Zatkiyan Stepan Seqbosoviçin xüsusi cinayətkar xisləti onun Axirət dünyasından da təcrid edilməsini zəruri etdiyindən Divan hökm çıxarır: Zatikyan Stepan Seqbosoviç barədə qeybedilmə cəzası kəsilir. Onun nə cismən, nə də ruhən yaşamağa haqqı yoxdur. Hökm dərhal icra olunsun!

Tamaşaçıların gurultulu alqışları altında İki nəfər üzü qara öptüklü mühafizəçi yaxınlaşıb Zatikyanın qollarından tutaraq onu səhnənin arxasına tərəf apardı.

Elan olundu ki, birinci məhkəmə prosesi öz işini başa çatdırır, sabah saat 8-də proses davam etdiriləcək.

Baş Meydan boşalmağa başladı.

Gənc hakim çox yorğun olduğu üçün evinə tələsən Baş Hakimə proseslə bağlı sual vermək istədiyini söyləyəndə Baş Hakim ürəyində “Yaman yerdə axşamladıq” dedi, amma gənc kolleqasının ürəyini qırmadan ona “Buyur” söylədi.

Axirət dünyasının sərin mehi əsməyə başlamışdı, yarpaqlar asta-asta yırğalanmaqdaydı.

 

 

 

2-Cİ PROSES.

VARDAN ARAVELSİ

Bu da prosesin üçüncü günü və ikinci mühakimə. Baş Meydandakı stulları dolduran tamaşaçılar kulisdən gələn səslə (“Bu gün 13-cü əsr erməni tarixçisi Vardan Aravelsiyə Divan qurulur”) eyni vaxta təsadüf edən 17 fotodan ikincisinin üzünün açılması prosesini maraqla izlədilər. Təbii ki, 13-cü əsrdirsə elə belə də olmalıdır: başında qara fəs, əynində qara surtuk, ağappaq saqqallı orta yaşlı bir şəxs.

Müttəhimlər kürsüsü bu gün iki idi. Eynən şəkildəki görkəmdəki  şəxsi mühafizəçilər gətirib Müttəhimlər kürsüsünün birində əyləşdirdilər, digərində isə kostyum-qalstuklu bir müasir şəxs keçib əyləşdi.

Baş Hakim hamının yerini tutmasını gözlədikdən sonra niqinə başladı:

-Hörmətli Divan üzvləri, hörmətli izləyicilər. Əslində, Divan dünən tarixi ardıcıllığa riayət etməklə məhz bu proseslə başlamalı idi. Amma “erməni terroru” anlayışının nə olduğunu qabartmaq Divan üçün daha önəmli olduğu üçün biz ilk prosesi terrorçu Zatikyana qarşı keçirdik. İndi də tarixi xronologiyaya riayət edərək əzələ qayıdırıq. Bu gün Müttəhimlər kürsüsündə erməni tarixçisi Vardan Aravelsi əyləşib. Əlbəttə, biz saxta erməni tarixi iddiasını məhz onunla başlayırıqsa, demək buna əsaslı arqumentlərimiz var. Bir baxın. Erməni mənbələri Vardan Aravelsiyə qədər neçə məşhur erməni tarixçisinin adlarını qeyd edir. Bunlardan 5-ci əsrdə yaşamış Movses Xorenatsini, Yeqişe və Lazar Perpetsini, 11-ci əsrdə yaşamış Aristakis Lastivertsini göstərmək olar. Amma bu tarixçilərin Qədim yunan, alban, bizanslı olması, bəzən hətta onların uydurma şəxsiyyətlər sayılması barədə də  çoxlu təkzibedilməz faktlar olduğundan biz Vardan Aravelsi ilə başlamışıq. Düzdür, onun da alban əsilli olmasını, əsərlərində də erməni yox, məhz alban xalqından bəhs etməsini iddia edən mənbələr var, bununla belə, hər halda, Divan məhz Vardan Aravelsinin üzərində dayanır, belə ki, hazırda bütün dünyada cövlan edən erməni millətçiliyinin ideoloqu məhz bu şəxs hesab edilir. Necə ki, “Mayn Kamp” kitabı ilə nasist Almaniyası faşizm azarına tutulub, eləcə də “Ümumi tarix” kitabı ilə erməni millətçiliyi təşəkkül tapıb. Beləliklə, bu gün  Böyük Vardana Divan qururuq. Axirət dünyasının qanunlarına görə 800 yaşı olduğu səbəbindən bu şəxslə mövcud dövr arasındakı nəhayətsiz zaman fərqi mövcuddur deyə və bu fərq anlaşmaqda və konsensus əldə etməkdə böyük problemlər yaradır deyə onun əvəzinə proses boyu sözçüsü danışacaq. Sözşüsü isə hazırkı Ermənistan Elmlər Akademiyası tarix institutunun rəhbəri Aram Melkonyandır. Mən yubatmadan sözü diktorlara təqdim edirəm ki, məhkumumuz barədə bilgiləri tamaşaçılarımıza təqdim etsinlər.

Baş Hakimin sözünə bənd imiş kimi bir kişi diktor bircə anda tribunaya keçib əlindəki qovluğun içində olan vərəqi oxumağa başladı:

-Vardan Aravelsi Böyük Vardan adı ilə tanınır, ən böyük erməni tarixçisi hesab olunur, 1198-ci ildə Kilikiyada, Berdzrabed əyalətində anadan olub. O, tarixçi olmaqla yanaşı, həm də çoğrafiyaşünas, filosof, tərcüməçi, pedaqoq, kilsə xadimi və ictimai xadim olub. Ermənistan tarixində iz qoymuş Qevorq Skevratsi, Ovanes Erznkatsi, Esai Nçetsi, Nerses Mşetsi kimi tarixçiləri yetişdirib. Erməni xalqının tarixinin qızıl fondunu təşkil edən “Ümumi tarix” kitabının müəllifidir.

Bu yerdə özünü təqdim edən, azərbaycanlı akademik Ziya Bünyadov olduğunu bildirən nurani görkəmli bir şəxs auditoriya mikrofonuna yaxınlaşıb Baş Hakimə sual etdi:

-Cənab Baş Hakim, bir baxın, müttəhimlər sırasında əyləşmiş 15 nəfərin, müttəhim kürsüsündəki bu tarixçini müşayiət edən şəxsin, eləcə də dünən cəzasını alan şəxsin, üstəlik buradakı erməni vəkillərin, müdafiəçilərin, şahidlərin - hamısının soyadı yan şəkilçisi ilədir. Bütün ermənilərin soyad sonluğu –yan-dır, bunu kim bilmir ki? Yalnız rus təsiri ilə 20-ci əsrdə ov soyadlrı da yayılıb, vəssalam. Amma siz adını çəkdiyiniz qədim tarixçilərin hamısının soyadı i şəkilçisi ilə bitir. Bilirsiniz, bu xalq aşkar gözə kül üfürməklə məşğuldur, bu i soyadlı tarixçilər hamısı milliyyətcə albanlardır. İndi də alban xalqı həmin bax bu cür soyadları daşımaqdadır. Necə ki, ermənilər alban məbədlərinə erməni məbədləri deyir, eləcə də alban tarixçilərini öz adlarına çıxırlar. Əsil rüsvayçılıqdır.

Publika azərbaycanlı akademiki alqışlara bürüdü. Erməni sırası isə sükuta büründü, heç kəs cınqırını çıxarmadı.

Kişi diktor Baş Hakimdən mətnin davamını oxuyub oxumayacağını soruşdu, Baş Hakim “Hər halda oxu” söyləyəndə oxunuşu davam etdirdi:

-Vardan Aravelsi ilkin təhsilini vətəni Kilikiyada alıb, Nor Qetik monastırında onun müəllimi Mxitar Qoş olub. Sonra Ermənistana köçüb, Xoranaşat monastırında təhsilini davam etdirib, qrammatikanı, İlahiyyatı, kitab işini öyrənib. Vardan gənc yaşlarından erməni dili ilə yanaşı Suriya ərəbi, fars, ivrit və latın dillərini də mənimsəyib. Vardapet fəxri elm dərəcəsini aldıqdan sonra o, 1235-ci ildən etibarən səylə elmi-tədqiqat fəaliyyətinə başlayıb, paralel olaraq Keyenaberddə Müqəddəs Andrey monastır-məktəbini yaradıb. 1239-cu ildə Qüdsə səfər edib, geri dönəndə Çar Xetumun dəvəti ilə Kilikiyaya gedib. Vardan həmin illərdə ictimai-siyasi fəaliyyətə qoşulub, Kilikiyada müstəmləkəçi siyasət aparan Bizans və Vatikan əleyhinə mübarizəyə qoşulub.

Ekspertlər masasında əyləşmiş Baş ekspert bu yerdə aydınlıq gətirdi ki, “Bunlar hamısı təxminlərdir, erməni qaynaqlarının əsasında yazılmış xronologiyadır, bayaqkı azərbaycanlı akademikin irəli sürdüyü ehtimal çox ağlabatandır, mən özüm də həmin versiyaya inanıram, odur ki, publika mətni, tutalım, “Vardan Kilikiyada müstəmləkəçi siyasət aparan Bizans və Vatikan əleyhinə mübarizəyə qoşulub” kimi eşitsələr də, “Erməni mənbələrində Vardanın Kilikiyada müstəmləkəçi siyasət aparan Bizans və Vatikan əleyhinə mübarizəyə qoşulması bildirilir” kimi qəbul etsinlər”.

Sonra diktor mətni dvam etdirildi:

-1252-ci ildə Ermənistana qayıdan Vardan müəllimlik fəaliyyətini davam etdirib, 1255-ci ildə Xor Virapda məktəb yaradıb ki, həmin məktəbdə də antik fəlsəfə, məntiq, qrammatika tədris olunub. Həyatının bu dönəmində dəyərli əsərlər yazması ilə yanaşı, onun siyasi fəaliyyəti də diqqət çəkib. 1264-cü ildə  Vardan Təbrizə yollanıb, monqol-tatar hökmdarı Hülaki ilə danışıqlar aparıb və Ermənistanda böyük səlahiyyətlər yiyəsi olub, üstəlik, Ermənistanda əhalidən vergiləri yığmaq hüququnu da əldə edib.

1271-ci ildə Vardan Aravelsi Xor Virap əyalətində dünyadan köçüb.

Diktor çıxışını bitirəndə Baş Hakim üzünü Vardan Aravelsinin mumiyaya bənzər tərpənməz vücudunun yanında əyləşmiş və ləzzətlə qəhvə qurtumladan Aram Melkonyana verdi:

-Cənab Melkonyan, erməni xalqı üşün Vardan Aravelsi kimdir?

Aram Melkonyan cəld ayağa sıçradı:

-Ooo, bu cür dahi şəxsiyyət barədə oturub danışmaq böyük qəbahət sayılar. Vardan Aravelsi erməni xalqının atası, ruhu, canıdır.

Bunu deyib özü özünə əl çaldı və əlavə etdi:

-Dünyaşöhrətli erməni bəstəkarı, adaşım Aram Xaçaturyanın bilirsiniz, ən böyük qəbahəti nə olub? O olub ki, o, Böyük Vardan barədə gözəl bir simfonik əsər yazmayıb. İstəyib, cəhd edib, bəlkə də başlayıb, amma tamamlamayıb. Hər halda, indi bizim əlimizdə bu əsər yoxdur. Amma mən fəxrlə onu da deyim ki, erməni tarixçiləri pleyadasında onun adını tək çəkmək də günahdır, bizim çox böyük tarixçilərimiz var, onlarla fəxr edirik, qürur duyuruq. Erməni tarixinin babası isə Movses Xorenatsidir. Möhtərəm cənab Baş Hakim bayaq bir yanlışlıq etdi, dedi Movses və digər qədim erməni tarixçilərinin başqa xalqlara aid olmaları ehtimalı da mövcuddur. Bəli, yanlışlıqdır. Paxıllıq və qibtədən irəli gələrək digər xalqlar onları öz adlarına çıxarmaq istəyirlər. Erməni xalqı böyükdür, siz Allah, çıxarın adınıza. Onlar tək bizim yox, bütün bəşəriyyətin başındadırlar. Elə tək bu faktın özü bizim xalqın böyüklüyündən xəbər vermirmi?

Baş Hakim ironiya ilə Melkonyana səsləndi:

-Əminəm ki, siz yumor hissinizi nümayiş etdirirsiniz.

Melkonyanın növbəti sicilləməsini isə “reqlament” söyləyərək kəsdi, prosesin bu saatında söz ekspertlərə verilməli idi, verildi də.

 

 

(Davamı var)

 

“Ədəbiyyat və incəsənət”

(07.09.2023)

Cümə axşamı, 07 Sentyabr 2023 14:30

Milli Dram Teatrının sentyabr repertuarı açıqlanıb

Azərbaycan Akademik Milli Dram Teatrı yeni mövsümə sentyabrın 15-də başlayacaq. Sizlər üçün sənət ocağının sentyabr repertuarını təqdim edirik:

 

15 sentyabr- “Qarabağnamə”

16 sentyabr- “Ölülər”

17 sentyabr- “Sərgüzəşti-vəziri-xani-Lənkəran”

21 sentyabr- “Küknarlara məktub”

22 sentyabr- “Şükriyyə”

23 sentyabr- “Xurşidbanu Natəvan”

24 sentyabr- “Ah, bu uzun sevda yolu”

28 sentyabr- “Manqurt”

29 sentyabr- “Dəli yığıncağı”

30 sentyabr- “Filumena Marturano”

 

“Ədəbiyyat və incəsənət”

(07.09.2023)

İradə Allahverdiyeva, “Ədəbiyyat və incəsənət”

 

 

Müasir musiqi sənayesi əyləncə sənayesinin ən dinamik və sürətlə inkişaf edən sahələrindən biridir. Hər il musiqi aləmində əhəmiyyətli dəyişikliklər baş verir və musiqidə yeni tendensiyalar həsəd aparan qanunauyğunluqla meydana çıxır. Son illərin ən diqqətçəkən tendensiyalarından biri elektron musiqinin populyarlığının artmasıdır. Əvvəllər yalnız gecə klubları və rəqs meydançaları ilə bağlı olan bu janr indi dünyanın müxtəlif radiostansiyalarına və festivallarına yol tapıb. Bu musiqinin xarakterik xüsusiyyətləri sintezatorlardan, elektron zərb alətlərindən və müxtəlif effektlərdən istifadə edilməsidir. Bu gün sintezatorların və proqram təminatının texniki imkanlarının artması ilə elektron musiqi daha mürəkkəb və müxtəlif xarakter alır. 

Digər diqqətəlayiq tendensiya retroya qayıdışdır. Bir çox sənətçi əvvəlki onilliklərin musiqisindən və üslubundan ilham alır və illər əvvəl yaranmış kimi səslənən musiqi yaradır. Retro musiqi özündə rok-n-rolldan caza qədər müxtəlif janrların elementlərini özündə birləşdirir və gənclər arasında çox populyardır. Onu da qeyd etmək lazımdır ki, müasir musiqi getdikcə qloballaşır və mədəniyyətlərarası xüsusiyyətlər qazanır. Müxtəlif ölkələrin və qitələrin musiqiçiləri birləşərək əməkdaşlıq edərək yeni və unikal kompozisiyalar yaradırlar. Bu, musiqinin paylanma üsulunda əks olunur, dinləyicilər artıq bir neçə kliklə dünyanın istənilən yerindən musiqiyə daxil ola bilirlər. Ümumiyyətlə, musiqidə mövcud tendensiyalar musiqiçilərin geniş çeşidinə və yaradıcılığına dəlalət edir. Musiqi sənayesi inkişaf etməyə və hər il daha çox dinləyici cəlb etməyə davam edir, yeni tendensiyalar formalaşdırır və səslər dünyasında yeni üfüqlər açır. Və populyar olan əsas musiqi janrları arasında pop, rep, R&B, elektron musiqi və texno var. Ancaq qeyd etmək lazımdır ki, bu, yalnız ümumi bir tendensiyadır və hər bir gəncin öz fərdi üstünlükləri və musiqi zövqləri var.

 

Bəs şəxsən mən kimləri bəyənirəm?

Eldar Yaraxov: Azərbaycanın ən populyar və istedadlı müğənnilərindən biridir.

Arşın Mal-Alan: Sosial məşğuliyyətli musiqisi ilə tanınan repçi.

Navruz Nuriyev: Pop musiqi janrında çalışan müğənni və bəstəkar.

Jony: Gənc və istedadlı pop musiqi sənətçisi.

Əliağa Rəhimov: enerjili ifaları və alternativ səsi ilə tanınan rok musiqiçisi. 

Mən  Həzin instrumental və klassik musiqi dinləyirəm! 

 

“Ədəbiyyat və incəsənət”

(07.09.2023)

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Azərbaycan milli ideologiyasının əsas nümayəndələrindən biri, bədii fikrinin görkəmli siması, istiqlal şairimiz Əhməd Cavad haqqında Vikipediya Beynəlxalq Elektron Ensiklopediyasında özbək dilində “Ahmad Javod” adlı bölmə istifadəyə verilib.

 

 

“Ədəbiyyat və incəsənət” portalı Mərkəzə istinadən xəbər verir ki, Azərbaycan Mədəniyyət Mərkəzinin Vikipediya heyəti tərəfindən yaradılmış bölmədə şairin həyatı, yaradıcılığı, Azərbaycan ədəbiyyatına və milli məfkurəyə verdiyi töhfələr, ictimai fəaliyyəti barədə məlumatlar yer alıb.

Ümumilikdə 5 bölmədən (15 yarımbölmə) və zəngin ədəbiyyat siyahısından, keçidlərdən ibarət vikiməqalədə Əhməd Cavadın həyatı və yaradıcılığı, əsərləri ilə bağlı hərtərəfli, geniş məlumatlar öz əksini tapmışdır. Bölmədə qeyd olunur ki, şair poeziya ilə ilk dəfə Gəncədə təhsil illərində maraqlanmış, 1910-cu ildən başlayaraq lirik şeirlər və tənqidi məqalələrlə müxtəlif qəzet və jurnallarda çıxış etmişdir. Əhməd Cavadın ilk şeirləri klassik rübai, qəzəl formalarında yazmışdır. Onların arasında nisbətən xalq dili, aşıq yaradıcılığına əsaslanan nümunələr də var.

Vikiməqalədə Əhməd Cavadın yaradıcılığında xüsusi yer tutan “Çırpınırdı Qara dəniz”, “Göy-göl” və başqa şeirləri haqqında məlumat verilir, şair yaradıcılığının şah əsəri hesab edilən Azərbaycanın Dövlət Himnin müəllifi olması xüsusi vurğulanır.

“Ahmad Javod” adlı bölmədə vurğulanır ki, qəlbi Vətən eşqi ilə yanan şair əsərlərində Vətənə və xalqına məhəbbətini əks etdirmiş, milli duyğuları dilə gətirmiş, elm, maarif, milli oyanış və ana dili kimi məsələləri gündəmə çıxarmışdır.

Qeyd olunur ki, 30-cu illər Sovet repressiyası nəticəsində xalqımızın ən istedadlı ziyalılarının, söz ustalarının, müstəqilliyimiz uğrunda böyük mübarizləri məhv edilmiş, ədəbiyyatımız, mədəniyyətimizin inkişafına böyük zərbələr vurmuşdur. Bu cür repressiya qurbanlarından biri də istiqlal şairimiz Əhməd Cavaddır.

Yaradılmış bölmədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Əhməd Cavad yaradıcılığı və ədəbiyyatımızda mövqeyinə dair fikirləri yer almışdır. “Xalqımızın müstəqillik ideallarına bütün həyatı boyu sadiq qalan Əhməd Cavad Azərbaycan poeziyasında yeni bir ədəbi məktəbin bünövrəsini qoymuşdur. Şairin zəngin yaradıcılığı milli azadlıq və istiqlal uğrunda mübarizə motivlərinin aparıcı mövqeyi ilə səciyyələnərək dövrün ictimai-siyasi mənzərəsini dolğun əks etdirir”.

Bölmədə Əhməd Cavadın müəllifi olduğu Dövlət Himninin musiqi notu, şairin özbək dilinə tərcümə olunmuş “Меn haqiqat sadosiman” adlı şeir kitabı haqqında məlumat və ədəbiyyat siyahısı verilib.

 

“Ədəbiyyat və incəsənət”

(07.09.2023)

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində bu dəfə sizlərə müsahibə təqdim edirik, Taleh Mansurun şair İbrahim İlyaslı ilə müsahibəsini.

 

 

“QƏLƏMİMİN BEŞİYİ O MÜRƏKKƏBQABIDI…”

 

Sizin də məhləyə yağış yağırmı,

Sular söyləşirmi navalçalarda?

Ala gözlərinə qonan buludun

Neçə yaşı olur bu son baharda?

 

Son bahara hələ bir az var... Qızmar yay günlərinin birində bu dörd misranın sərinliyinə sığınıb Bakıdan Sumqayıta – şair İbrahim İlyaslı ilə müsahibəyə gedirəm. Görüş yerimiz Əli Kərim adına Poeziya evidir...

Həmişə olduğu kimi, yol boyu müsahibə öncəsi yazacaqlarımı düşünürəm. Yol üstə doğulan fikirlərin mənzili yaxın, hədəfi uzaq olar. Ürəyim doludu, fəqət ürəyin karvan yükünü cümləyə çevirmək çətinliyini çəkirəm. Çox çəkmir bu çətinliyin cəfası. Şairin şeiri çatır köməyimə. Nə yaxşı ki, şeir var, adamın əlindən tutur. Ürək tutan bütün misralar adamın əlindən də tutur. Fürsət bilib düşüncələrimi bu dörd misra ilə əhatəyə alıram. Qara düşüncələrin başının üstünü Çingiz xanın uğur buludlarına – ağ buludlarına bənzər buludlar alır. Düşüncəm ağ günə çıxır. Bir də baxıram ki, düşüncəmə şıdırğı yağış yağır. Göy çəmənin ot üstə doğulan çiçəkləri kimi şeir cümlələr doğulur kağızın ağ sinəsində. Şairi ya şeir misraları tərif edər, ya da şeir cümlələr. İbrahim İlyaslı, sözsüz, şairdi, eyni zamanda sözlü şairdi, sözün əsl mənasında. Niyəmi? Çünki əli ürəyinin üstündə sözün qayğısına qalır, sözün başına dönür, sözü şeirə sevərək çevirir. Məncə, onun ürəyi sözün şeir, qələminin yükü qanın mürəkkəb halıdı. Məhz buna görədir ki, qələmindən qopanlar dolanıb ürəkdən keçir, cismlə ruhun arasında qırılmaz bir könül körpüsü yaradır. O körpüdən təkcə oxucuları yox, özü də keçir. Bəlkə də, o, yeganə şairdir ki, hansı şeirini oxusan, onun öz səsində, nəfəsində eşitmiş olursan. Şair öz səsini, nəfəsini qələmə alanda diri misralar doğulur. Ölən ümidlərə, nakam arzulara həyat verən də elə bu misralar olur. Bu mənada İbrahim İlyaslının mübarək misraları özü kimi xeyirxah və təəssübkeşdir. Altmış yaşlı şairlə həmsöhbət olmalıyam. Bilmirəm təsadüfdür, ya nə, son zamanlar yaşı altmışı haqlamış söz adamları ilə həmsöhbət oluram. Allah axırını xeyrə, yaşımı altmışa calasın.

 

– Sizə şeirdən, sözdən qeyri bircə sual belə vermək istəmirəm. İlk dəfədir ki,

suallarımın bir-birinə bənzəməsindən zərrə qədər də narahatlıq keçirmirəm. Söz

suallarıma İbrahim İlyaslıdan şeir cavablar istəyirəm. Çətin olmaz ki?

 

– Yaddaşım etibarsızlıq eləməsə, olmaz. Əslində, ömrün altmışına söz suallara şeir

cavablar axtara-axtara gəlib çıxmışam. Gücüm çatan sualları cavablandırmışam, gücüm çatmayan suallar haqda isə, sadəcə, düşünüb-daşınmışam. Axı elə suallar var ki, cavabı yoxdu. O suallar haqda düşünüb-daşınırsan, vəssalam. Misal üçün, bəşəriyyət “Şeir nədir?” sualına cavab tapmaqda acizdi. Sözə, şeirə bağlı suallara cavablar axtararkən gərək bunu da nəzərdən qaçırmayasan. Bu, natamamlıq və ya bilgisizlik deyil, əksinə, qanunauyğunluqdu. Qanunauyğundur ona görə ki, bütün anlayış və məfhumlara sözlə tərif verilir. Sözlə sözə nə cür tərif vermək olar? Amma sual sözə bağlıdırsa, yəqin, onların cavabını bilməmiş deyiləm. Sənin bu söz sualına, dediyin kimi, şeir cavabı verəcəm. Onsuz da şeirdən başqa heç nədə və heç yerdə özümü ürəyim istəyən kimi ifadə eləyə bilmirəm.

Nə baxarsan ağ varağa umudnan,

Görmürsənmi ilham səndən qaçaqdı.

Əlin saza, dilin sözə yatmırsa,

Şair qardaş, demək, ruhun naçaqdı.

Demək, qəlbin qələminlə düz deyil,

Deyəcəyin sağ-əməlli söz deyil.

Görmürsənmi göylər hələ döz deyir,

Qanmırsanmı qara damın alçaqdı.

Niyyətini qat gözünün yaşına,

Sürt üzünü torpağına, daşına.

Bir də dolan, beş də hərlən başına,

Nə bilmişdin, şeir pirdi, ocaqdı.

 

– Müsahibələrinizin birində oxumuşam, 50 yaşınızda şeir kitabları oxumadığınızı

deyir, az şeir yazmağınızdan şikayətlənirdiniz. On ilə nə dəyişdi?

 

– Heç nə dəyişmədi, yenə də nəsri daha çox oxuyuram. Qaldı şeirə, şeir kitablarına,

bilirsən, insan bir şeyin mahiyyətini bütövlüklə biləndən sonra heyrətlənməkdə çətinlik çəkir. Heyrət yoxdursa, maraq da azalır. Həm də düşünürəm ki, şeiri özüm də yazıram, burda heyrətlənəcək və çətin nə var ki (gülür). Demirəm poeziyada diqqətimi çəkən heç nə yoxdu. Var, amma çox azdı. Ona görə çağdaş nəsr çağdaş poeziyadan daha çox yeni və maraqlı görünür mənə. Bəlkə də, nəsr oxumaq ehtiyacı onu yaza bilməməyimdən irəli gəlir. Ədəbiyyatı azdan-çoxdan oxuyandan, mahiyyətinə varandan sonra qənaətə gəlirsən ki:

Qələm-dəftər, dörd divar,

Sevinc, qəm, giley-güzar.

Şeir qoşmağa nə var,

Şair olmaq zülümdü.

Yazmağa gəlincə, yenə də az yazıram. Özüm az yazıram deyə, buna haqq qazandırmıram. Çox adam deyir ki, az yaz, saz yaz. Niyə ki? Elə çox yaz, həm də saz yaz. Görünür, az olsun, saz olsun ifadəsi elə qafiyə xatirinə deyim halına gəlib. Bəzən qafiyə olmayan fikirlər belə həqiqəti əks etdirə bilir. Həm də indi şeirin orbitinə, qəbuluna düşmək çox çətindi. Bilmirəm, müqayisəsi caizsə, tutaq ki, ibadətə gedirsən, sən ibadətə o qədər saf, o qədər təmiz, o qədər duru getməlisən ki, etdiyin dualar, ibadətin qəbul olunsun. Bəzən cəmiyyətdə elə şeylərlə qarşılaşırıq ki, kənar durmaq, halal yaşamaq mümkün olmur. Nə qədər qaçsan da, könüllü olmasa da, bu və ya digər şəkildə, cəmiyyətin o çirkablarına bulaşmalı olursan. Misal üçün, adicə bir şey deyim, olur ki, nəyəsə və kiməsə haqsız yerə qəzəblənirsən, könlünə dəyirsən, bunun özü belə insanı pak halından çıxarır. Mən şeiri ancaq təpədən-dırnağa pak olanda yazıram. Bəlkə də, elə buna görə az yazıram...

 

– Nəqşibəndi müridlərinin dizinin dibində böyümüsünüz. Bu mövzuda sual

verməsəm, İbrahim İlyaslı şeirinin sufi qəlbinə toxuna bilərəm. Nəqşibəndliyin on bir təməl prinsipinin üçüncü – “Vukufi-Kalbi” müddəasının əsas məğzi qəlbə vaqif olmaq, onu oyaq tutmaqdır. Qəlbimizə vaqif ola, onu oyaq saxlaya bilirikmi?

 

– Öncə onu deyim ki, kimlərsə nəqşibəndliyi elm kimi öyrənir. Nəqşibəndlik, mənə görə, bilgi hadisəsi deyil. Bu artıq fəhmlə, duyğuyla, hisslə bağlı olan bir məqamdı. Elə nəqşibəndi müridləri tanıyırdım ki, çoban idilər. Adam var, irfanla, nəqşibəndliklə bağlı kitablar oxuyur, amma gerçək çoban müridin məqamına çata bilmir. Dediyim odur ki, məsələnin bu tərəfi mənim üçün həqiqət və məqbuldur. Mənim şeirlərimdə də bu təriqətin əsintiləri duyulmaqdadır. Hətta Aftandil Ağbaba bu haqda “Tənhalıqdan təsəvvüfə gedən yol” adlı yazı yazmışdı. Adilə Nəzər altmış illiyimlə bağlı yazısında da bu məqamlara toxunmuşdu. Bunu bir çox ədəbiyyatşünas da duyub yazıbsa, razılaşmaya bilmərəm. Bütün bunlar mənim bilgimdən, məqsədimdən irəli gələn şeylər deyil. O əsintilər təriqət əhlinin nəfəsi ruhuma dəyib deyə, şeirlərimdən boy göstərir. Konkret yozumum belədir. Bunu çox yerdə demişəm, rəhmətlik Mustafa babam bu təriqətin bilicilərindən, müridlərindən idi. Babamgilə çoxlu müridlər gəlirdi. Rəhmətlik Hilal nənəm namaz qılsa da, bu elmə dərindən bələd deyildi. Amma müridlərə yorulmadan qulluq edirdi. Rəhmətliyin bir sözü var idi, Allaha müraciətlə deyirdi ki, bilən bildiyinə ümidlidi, mən də sənə ümidliyəm. Müridlər nənəmə deyirdilər ki, sən etibarlı yerə ümidlisən. Ümid olanda nə olar, gərək etibarlı mənzilə ünvanlansın. Suala gəlincə, insanın düşüncəsi qaranlıq və yuxuludursa, nəinki başqalarının, heç özünün də qəlbinə vaqif ola bilməz. Düşüncən günəşli və ayıq olanda, bütün könülləri öz qəlbin biləndə vaqif olursan öz qəlbinə. Bizi oyaq tutan da, ayıq tutan da qəlbimizdi. Bir də ki mükəmməl cavab almaq üçün bu sualı Məhəmməd Astanbəyliyə ünvanlamaq lazımdı. O, sənin sualını yetərincə cavablandıra bilər. Məhəmməd Astanbəyli yeganə şairdi ki, o təriqəti həm də həyat idealına çevirə bilib. Mənim bir şeirim var, orda belə bir misralar var:

Röyada pir babam sözünü dedi,

Söz demədi, sözün özünü dedi.

Yığma göy üzündən gözünü, dedi,

Yerə şah, göylərə nökərəm indi.

 

Dərviş olamadım, dərviş misalam,

Ayıbıma koram, ağlıma lalam.

Hörülüb hasarım, qurulub qalam,

Adım İbrahimə şikaram indi.

 

– Təriqətdən söz düşmüşkən, sufi şeyxi Tapdıq Əmrə deyirdi, madam ki, niyyətin

eşqdir, ən ağır imtahan da onunla olmalıdır. Mənə görə, İbrahim İlyaslının eşqi sözdür. Bəs İbrahim İlyaslıya görə, eşqin-sözün ən ağır imtahanı nədir?

 

– Eşqin ən ağır imtahanı elə o eşqi yaşamaqdı. Eşq sözü də söz kəlməsi kimi qısadı. Üç hərfdən, üç səsdən ibarətdi. Amma eşqin də, sözün də məğzi-mahiyyəti geniş, ömrü daha uzundu, müdriklər demiş, ölüncədi. Yəni eşqi bu gün duydum, sabah hiss etmədim, vaz keçdim, eşqə nöqsandır. Ümumiyyətlə, şairin ən ağır imtahanı şairliyi müəyyənləşdirən kriteriyalara bağlıdı. Bu imtahan halallıq və azadlığın müaşiqəsində keçir. Bu imtahandan çıxmaq üçün düşüncə və cəsarətin də olması mütləqdi. Aydın məsələdi ki, şeir ilk növbədə duyğu hadisəsidi, ikinci planda dil hadisəsidi. Şairin özünə inamı və halallığı yoxdursa, azad və düşüncəli deyilsə, yazdığı şeirdən bir şey hasil olmayacaq. Sözü şeir halına salıb narahat etməyin də ahı, günahı var. Mən heç bir şairi bu mənada günahkar görmək istəmirəm. Ən sevdiyim və ən ciddi şairlərimizdə belə bir qüsurlu misra, bənd görəndə ağrıyıram. Ürəyimdə deyirəm ki, nə olar, etmə bunu, sən ki bilirsən bunu etmək olmaz. Sadaladığım bütün bu yanlışları özüm etməməyə çalışıram. Şeirlərim var ki, yazıldıqları halına təkrar dönə bilmirəm deyə, yarımçıq qalıb. Əlbəttə, peşəkarlığımdan və təcrübəmdən istifadə edib onu başa çatdıra bilərəm, amma ürək və ağıl deyir ki, etmə!

 

– Öz ömrünüzün böyük hissəsi Sumqayıta, söz ömrünüzün az qala küllü Sumqayıt

ədəbi mühitinə, daha doğrusu, Əli Kərim adına Poeziya evinə bağlıdır. Bu yaxınlarda “Sizin də məhləyə yağış yağırmı?” misrasıyla başlayan bir şeirinizi dinlədim öz ifanızda. Gördüm ki, Sumqayıtda yazılan şeirləriniz hələ də İncə Dərəsindən, İncə çayından nəm çəkir.

 

– O sualına bir balaca düzəliş etmək istəyirəm. Mənim yazdıqlarımın tutduğum vəzifəyə heç bir dəxli, aidiyyatı yoxdu. Vəzifə ədəbiyyata xidmət işidi və bunu edirik. 33 ildir ki, poeziya evinə rəhbərlik edirəm və heç vaxt məmur masamda bir misra belə yazmamışam. Yaza da bilmirəm. Ümumiyyətlə, gərək adam masaya da mehrini salsın. Bir haşiyə çıxım, yəqin, bilirsən, indi taxta kəsmək üçün çox dəqiqliklə işləyən müasir aparatlar var. Bilmirəm, fikir vermisənmi, bütün dülgərlər o dəqiq işləyən müasir aparatlardan çıxan taxtalara sonda əlləri ilə sığal çəkirlər, sanki düzlüyünü yoxlayırlar. Sual oluna bilər ki, millimetrinə qədər dəqiq işləyən aparatda çəkmisən bu taxtanı, niyə əlinlə yoxlayırsan? Cavabı və açıqlaması sadədir, hamarlığı, düzlüyü yoxlamaq bəhanədir, dülgər o sığalla taxtaya məhəbbətini, enerjisini ötürür, imzasını, möhürünü qoyur. Harda olursan-ol, sevgi içində, eşq içində olmalısan. Sən o sevgi içində tarazlaşıb qələmə sarılmalısan. Yazdıqların ruh və enerji daşıyıcısı, ötürücüsü olmalıdır. Qələmi götürdüm və yazdımla bitmir işlər. Anlamalısan ki, hələ qələmə qədər uzun bir yol var. Qaldı Sumqayıtda yazılıb İncə çayından nəm çəkən şeirlərimə, insan dünyaya çılın-çılpaq gəlir, həm də müəyyən bir çəkiylə. Hətta dünyaya gəlincəyə qədər ana bətnində anası vasitəsiylə bir bəlli coğrafiyanın havasını udur, suyunu içir, orda yetişən bitkilərdən yeyir. Bağlılıq elə burdan başlayır. Sonra dünyaya gəlir, ilk addımlarını atır, yalın ayağını torpağa basıb o torpaqdan enerjisini alır. 2-3 kiloqram çəkili bir adam böyüyüb olur 70-80 kiloqram. Anadan olduğu çəkidən başqa yerdə qalan çəkisi insandan deyil, torpaqdı, torpağın verdiyidi. Torpaq onun əlidi, ayağıdı... Və həmin adamın vətəninə, torpağına toxunan olanda sanki onun qolunu, ayağını kəsirlər, başına gürz vururlar. Beləliklə də, insan torpağın bir parçasına çevrilir. Nəhayətdə vətənpərvərlik hissi, vətən sevgisi yaranır. Üstəlik, mənə görə, hər bir coğrafiya təkcə yerüstü, yeraltı sərvətləriylə mövcud deyil, həm də bilmədiyimiz, ağlımızın almadığı ruhani məkandı. Təkcə göylərdə deyil, yerdə də ruhlar dolaşırlar. Və hansı ruh hardan qopub, hansı səmada dolaşır, o haqda da məlumatımız azdı. Amma hər halda, hansısa ruhani məkandan qopur, aid olduğu məkana, vətənə göndərilir və bağlanır. Nə zamansa, istəsə də, qopa bilmir. İndi mən də Qazaxda-Aslanbəylidə doğulsam da, Sumqayıtda həyata atılıb yaşa dolmuşam. Sumqayıt mənim taleyimin şəhəridi. Mən taleyimi özümə doğma hesab edirəm, lap elə doğulduğum yer kimi. Qırx il yaşayasan və doğmalaşmayasan, bu da insafdan deyil. Bu doğmalığı daha geniş açıqlamaq üçün, görünür, köməyimə yenə şeir çatmalı olacaq. Sən göz açdığım Aslanbəyli kəndini xatırladan “Sizin də məhləyə yağış yağırmı?..” misrasıyla başlayan şeirimi xatırlatdın. İş ki belə gətirdi, gərək bu məqamda doğma şəhərin də könlünü alaq, elə “Sumqayıt” şeirimlə:

Doğma ağuşunda sevdik, sevildik,

Sevgilər yaşadıq sulardan təmiz.

Qubalı, qazaxlı, qəbələliydik,

Sumqayıtlı oldu körpələrimiz.

 

Qan-qada da gördük, qələbəlik də,

Şanlı tarixini yazdıq kitaba.

Bağçada şəninə şeirlər deyən

Qızlar nənə oldu, oğlanlar baba...

 

– İlk dəfə özümlə bağlı müsahibimə sual verməli oluram. Ümumiyyətlə, belə bir şey olubmu, rastlaşmamışam. İllər öncə bir müsahibənizdə mənim timsalımda öz gəncliyinizi gördüyünüzü demişdiniz. Ömrün altmış dayanacağını geridə qoymuş biri kimi soruşmaq istərdim, sizə bənzəyənlərin qocalığında da özünüzü görə bilirsinizmi?

 

– Mən yenə də o fikrimdə qalıram, hələ də səndə öz gəncliyimi görürəm. O üzdən indi həm də Talehin timsalında öz gəncliyimlə söhbətləşir və belə demək mümkünsə, həm də müəyyən mənada hesabat verirəm. Mənə bənzəyən gənclərin halal və azad yaşamasını arzu edirəm. Razıyam, indi çətindi o cür yaşamaq. Bir də aşırı halallığı övliyalar, tam azadlığı da sərkərdələr bacarır. Bütövlükdə azad və halal olmasan belə, heç olmasa bunlardan bir az pay götürüb yaşamalısan. Nə zamansa nəfs aldadarsa, yaxud qorxu hissi qədərindən artıq güc gələrsə, ordaca qələmlə vidalaşmalısan. Gəncliyimi gördüyüm gəncə də ilk növbədə mənim yaşıma gəlib çıxmasını arzu edirəm. Və bu gəlişigözəl söz deyil, çox istərdim ki, o gənc mənim indiki yaşımda məndən də böyük uğurlar əldə etsin. Gəncliyi həm də ona görə çox istəyirəm ki, vətənimi, millətimi sevirəm. Vətənimin, millətimin gələcəyini niyə sevməyim ki? Gəncliyi sevməyən adamları anlaya bilmirəm. Gəncliyi niyə sevməyəsən ki? Bizim gəncliyimiz çətin dönəmlərə, ictimai formasiyların dəyişdiyi dövrə təsadüf elədi. Belə bir ortamda duruş gətirmək, dürüst qalmaq çox çətin idi. Amma görünür, elə də kövrək, dözümsüz olmamışıq, ayaqda qalmağı bacardıq. O üzdən gəncliyimdən də, altmış qocalıqdırsa, qocalığımdan da rahatam. İnsan içi rahat olanda rahat yaşayır. Ömrü uzun olur, sağlamlığı yerində, canı da rahat olur.

 

– Arabir saz da ifa edirsiniz, hətta bir balaca irəli gedib deyə bilərəm ki, ustad

aşıqlar kimi ləngərli oxumağınız da var. Bəlkə də, şairə belə bir sual vermək artıqdı, amma şairdən yaxşı mənada nə desən, gözləmək olar. Ürəyin söz rəsmini çəkmək hansıyla asandı, qələmin mürəkkəbiylə, ya sazın mizrabıyla?

 

– Bir çox şeirlərim saz havaları ilə əkiz doğulub. Belə demək mümkünsə, saz havalarının vəhdətində yaranıb. Təbii ki, saza qalxmayacaq şeirlərim də var. Mənə elə gəlir ki, aşıq olsaydım, sıradan yox, yaxşı sənətkar olardım. Hətta şair dostumuz Xaqani Qayıblı saz ifaçısı kimi məni özünə ustad hesab edir (gülür). Sözsüz ki, saz mənə doğmadı. Sazla pis anlaşmıram. Saz məni, mən də sazı başa düşürəm. Ancaq həqiqət budur ki, özümü qələmlə daha rahat hiss edirəm. Qələmlə özümü rahat hiss etməsəydim, həmən bu yoldan çəkinər və heç düşünmədən aşıq olardım. Qələmin mürəkkəbiylə daha sadə dildə anlaşıram. Qələm mürəkkəbi demişkən, birinci sinifdə məktəbdə istifadə elədiyim mürəkkəbqabım indi də yazı masamın üstündədi. Hərdən elə bilirəm ki, qələmimin beşiyi o mürəkkəbqabıdı, bəlkə, elə son mənzili də. Saz çalmaq, oxumaq şairlikdən irəli gələn bir şey deyil, ruhun ehtiyacındandı. Mən hələ aşağı siniflərdə oxuyanda, evdə heç kim olmayanda Aşıq Ədalətin plastinkada ifalarına qulaq asıb ağlayırdım. Onda hələ şeir yazmırdım. Belə demək mümkünsə, ilk şeirlərim saz havalarının təsirindən doğulan göz yaşlarımdan göyərməyə başladı. Ümumiyyətlə, saz səsi mənim şeirlərimin melodiyasıdır. Bir də ki qələm də ürəyin mizrabıdı da. Mizrab sazı dindirdiyi kimi, qələm də ürəyi dilləndirir.

 

“Ədəbiyyat və incəsənət”

(07.09.2023)

 

 

Cümə axşamı, 07 Sentyabr 2023 12:45

Kukla Teatrı 92-ci mövsümə start verib

Azərbaycan Dövlət Kukla Teatrı özünün 92-ci teatr mövsümünə start verib. Bu münasibətlə kollektivin geniş tərkibli toplantısı keçirilib.

 

Teatrın mediaya açıqlamasına görə, tədbiri sənət ocağının direktoru, Əməkdar mədəniyyət işçisi Rəşad Əhmədzadə açaraq, yeni mövsümün başlanması münasibətilə kollektivi təbrik edib, hər kəsə yeni yaradıcılıq uğurları arzulayıb.

Məhsuldar keçən ötən mövsümdən danışan, yaradıcı heyətin uğurlarını sadalayan teatr rəhbəri bu mövsümdə də maraqlı layihə və yeni yaradıcı ideyaların realizə olunacağını, cari repertuar tamaşalarının hazırlanması ilə yanaşı, yeni mövsüm üçün nəzərdə tutulan təşəbbüslərin anonsunu da verib.

Teatrların məzuniyyəti müddətində də kuklaçıların səyyar tamaşalar, mədəni-sosial layihələrdə, böyük maraqla iştirak etdiklərini də xatırladıb.

O, avqust ayında işğaldan azad olunmuş Laçında keçirilən “Laçın Şəhər Günü” tədbirləri çərçivəsində teatrın və teatrın nəzdindəki “Oyuq” teatr-studiyasının tamaşa-konsertlə çıxış etdiyini qeyd edib.

Görüşdə, həmçinin Ulu Öndər Heydər Əliyevin 100 illik, peşəkar milli teatrımızın 150 illik yubileyi ilə əlaqədar ilin sonunadək görüləcək işlərə nəzər salınıb, yeni mövsümün başlanma tarixi elan olunub.

Direktor bildirib ki, teatr özünün yeni mövsümünə sentyabrın 15-də - “Bilik günü”ndə start verəcək. Həmin gün balacalar teatrın yepyeni səhnə nümunəsini – “Melisa” adlı (rejissor S.Haqverdiyeva) maraqlı tamaşanı izləyəcəklər.

İlin sonunadək daha iki tamaşanın hazırlanacağını da deyən R.Əhmədzadə kollektivə beynəlxalq festivallara dəvətlər ilə bağlı ünvanlanan çoxsaylı məktublar barəsində də məlumat verib.

Tamaşaların hazırlanması, teatrın saxlanması üçün mövcud bazar qiymətləri nəzərə alınaraq bilet qiymətinin 5 manat müəyyən edildiyini və artıq sentyabr ayından etibarən bilet satışının İticket vasitəsilə olunduğunu da diqqətə çatdırıb.

 

“Ədəbiyyat və incəsənət”

(07.09.2023)

Cümə axşamı, 07 Sentyabr 2023 12:30

“ O vaxt mən on beş yaşında idim…”

Leyla Səfərova, “Ədəbiyyat və incəsənət”

 

 

 

Salam, necəsən? Uzun zamandır danışa, dərdləşə bilmirdik. Bilirəm, günah da məndədir, buraxıb getmişdim səni. Axtarmadım, gəlmədim arxanca. Gəlsəm tapardım, onu da bilirəm. Amma nələr olduğunu danışsam, anlayacaqsan məni. Nələr oldu, nələr bitdi... Doğrudan, gör nə zamandır danışmırıq səninlə. Danışmıram heç kimlə, qəlbim doludur... Danışası o qədər sözüm var ki sənə...  Təxmini iki ildir ki yoxam, amma artıq gəldim. Ümid edirəm ki, bir daha keçmiş təkrarlanmayacaq. Çünki artıq yaxşıyam. Yaşayıram...

Qoy başdan başlayım o zaman.

Təxmini 7-8 ay əvvəl Elxanla tanış olandan sonra həyatımdakı hər şeyin yoluna girəcəyi haqqında bir ümid yarandı içimdə. Artıq nələrisə dəyişə bilərəm deyə düşünməyə başladım. Hətta gündəlik yazmağı, mahnı oxumağı belə tərgitdim. Niyə də davam edəsi idim ki? Bunlar mənim ruh halımın pis olduğu zamanların təskinliyi, vərdişi idi.

Elxanla gəzmək, kitab oxumaq, rəqs etmək mənə o qədər yaxşı gəlirdi ki. İstəyirdim başqa heç nə düşünməyim. 

Heç yadımdan çıxmaz, avqustun 14-ü idi. Ortada bir səbəb yoxkən problem yaratmağa başladı. Sonra heç nə demədən mənə sarıldı və məni itirməkdən qorxduğunu dedi. O an elə bildim ki, mənə xəyanət edib, deyə bilmir. Özümü o qədər aciz hiss etdim ki. Bunu görmədiyim, anlaya bilmədiyim, ona etibar etdiyim üçün. Heç nə deyə bilmədən çıxıb getdim oradan. Neçə gün zənglərinə cavab belə vermədim. Bir gün evimin qapısında onu görəndə nə deyim, nə edim, hara gizlənim, bilmədim. "Sadəcə dinlə, get desən gedəcəyəm”, - dedi. 

Birlikdə  keçirdiyimiz gözəl anların xatirinə son dəfə onu dinləmək istədim. Həm də içimdən bir səs mənə elə hey deyirdi ki, danış onunla. 

Elxan mənə ilk dəfə idi ki, həyatından danışdı. Keçmişindən, yaralarından... Qaranlıq, qorxuducu uşaqlığından... Və sonda mənimlə birgə qovuşduğunu dediyi işıqlı günlərdən...

Onun dediyi sözləri başqası desə, gülməli gələrdi, inanmazdım, boş romantizm adlandırıb keçərdim. Amma xəyanət etdiyinə belə axmaq kimi inandığım insanın əslində əsla yalan deməyəcəyinə çox inanırdım, onu tanıyırdım. Doğrudan, mən niyə uşaq kimi inciyib getmiş, onu dinləməmişdim ki?

 

~Elxan

"Yasəmən, qurban olum, mənə bir dəfə sözümü bölmədən qulaq as, sonra nə desən edəcəm. Sadəcə bir dəfə."

İndiyə qədər heç kimi itirməkdən bu dərəcə qorxmamışdım mən. Yasəmən mənə itirdiyim uşaqlığımı, qazana biləcəyim gələcəyimi göstərən tək qadın idi. Ümid işığım idi. Onu sırf bir yanlış anlamaya görə itirə bilməzdim. İtirəcəkdimsə də, gerçəklərə görə, öz zibillərimə görə itirəcəkdim. Ən azından bilsin ki, onu həqiqətən sevmişəm. 

Başdan sona, bütün hekayəmi danışacaqdım ona. Bu qərarı vermək o qədər çətin olmuşdu ki mənə. Ona necə iyrənc bir insan olduğumu demək, onun gözlərinə baxıb, gözlərimin nə qədər ölümə şahid olduğunu, bu ölümlərə səbəb olduğumu danışmaq…. 

Yasəmən sanki mələk kimi idi, tərtəmiz. Yəqin ki, bir də baxa bilməyəcəkdim onun gözlərinə. Son dəfə, sonsuzadək boğulmaq istədim o mavi gözlərində...

 

-Danışacaqsan? Yoxsa ancaq susub üzümə baxacaqsan…

Sözünü kəsib danışmağa başladım...

-Mən 15 yaşında idim. Sevdiyim bir qız var idi, guya ciddi olduğumu göstərmək üçün onu anamla tanış etmək istəyirdim. Görüşə getmək üçün o qədər çox deyinmişdim ki, anam məcbur qalıb sırf susum deyə razılaşmışdı. Amma mən yenə susmurdum. Zibilə qalsın ki, istəklərim bitmək bilmirdi. "Bunu danış, belə de, qızı incitmə, o sənə gəlin olacaq" deyib susmurdum. Günün sonunda nəhayət ki, evə dönürdük. Hər şey yolunda idi, istədiyim olmuşdu. Amma mən yenə dinc durmadım, özümü yola atdım, bir anlıq həyəcan, bir anlıq təlaşla. Mən o qırmızı maşının önündən necə çəkildim, anam yerdə qanlar içində necə qaldı, bugünkü kimi gözlərimin önündədir. Atam əslində yaxşı bir insan idi. Amma yaxşı ata, yaxşı yoldaş olmağı bacarmırdı. Buna rəğmən sevirdi anamı. Həmişə, həmişə məni günahlandırdı, haqsız da deyildi...

Aylar keçdi, amma mən toplaya bilmirdim özümü, hər səhər, hər axşam atamın sözləri, öz çəkdiyim vicdan əzabı... Alınmırdı, sevgilim, alınmırdı, bacarmırdım özümlə.

Əlimdə çıxış yolu yoxkən, bir dostum mənə bir dərman verdi, sakitləşdirici olduğunu deyərək. Və mənim həyatım ikinci dəfə məhv oldu...

Yasəmən, vallah mən bilmirdim, bilsəm əsla içməzdim o zibili. Əsla..  Narkotik... Bir dəfə, iki dəfə… Görürdüm ki, bu məni ayırır dünyadan, unuduram hər şeyi. Vaxt keçdikcə asılılıq yaratdı. Nə qədər istədim, ata bilmədim. Üzünə baxmağa da utanıram, iyrənirsən məndən bilirəm...

 

-Elxan, da…

-Xaiş edirəm, sözümü kəsmə, icazə ver tamamlayım. Yoxsa bir də bu cəsarəti tapa bilməyəcəm özümdə.

 

“Qarşıdan gələn səssizlik, davam et işarəsi kimi idi. Yasəmənin heçnə demədən sadəcə dinləməsi, gözlərinin dolması üstümə o qədər böyük bir yük salmışdı ki...

Mən isə artıq tutmağa çalışmırdım belə göz yaşlarımı"

 

-İllər boyu, tam beş il boyu davam etdim bu zibilə. Çökmüşdüm, başa düşürsən? Sonra bir gün... Bir qız çıxdı qarşıma. Gözləri anamın gözləri kimi mərhəmətlə baxan, saçlarının qızılı rənginə aşiq olduğum çiçək kimi gözəl qoxan bir qız... Yasəmən, mən sənə görə dəfələrlə atmağa çalışdım, amma olmadı. Bacarmadım. Ara-sıra səni incitmələrim, özümdən çıxmalarım buna görə idi. İstifadə etmirdim deyə dəhşətli ağrılarım olurdu. Amma mən sənə söz verirəm, söz verirəm ki, nə olur olsun, mən bunu bacaracağam. Yetər ki, yenə tut əllərimi, buraxma. Qəti buraxma...

 

~Yasəmən

Belə... Sevdiyim adamın hansısa əclafın əlində necə zülm çəkdiyini öyrəndim o gün. O danışıb bitirəndə nə o saxlaya bildi gözyaşlarını, nə də mən. Amma sözünü tutdu. Müalicəsini tamamladı, tamamilə azad oldu. O mənə sevdiyim adamı geri verdi. Mən də bir də onun əllərini buraxmadım. 

Bilirsən? Bir həftə sonra biz evlənirik. Hər şeyi geridə qoyduq və özümüzə yepyeni bir həyat qururuq. Mənim heç ailəm olmayıb, özün bilirsən. Uşaqlar evində kimsəsiz, tək böyümüşəm. O, mənə yepyeni bir həyat verdi. Artıq mənim də bir ailəm olacaq. Biletlərimiz də hazırdır. Gedirik Amerikaya. Amma narahat olma, bir də bu qədər uzun müddət ayrı qalmayacağıq səninlə. Tez-tez yazacağam artıq. Nə də olmasa, uşaqlar evindəykən də, sonrasında da sən mənim tək sirdaşım idin, gündəlik. Amma sənə bir pis xəbərim var. Artıq sən mənim tək varlığım, tək sirdaşım deyilsən. Mən tək deyiləm çünki. Tək qalmayacağam. Ümid işığı olduğum adam mənim qaranlığıma günəş olacaq. Hə, unutmadan deyim. Elxan artıq “Narkotikə yox deyək” adlı bir təşkilatın rəhbəridir. Eyni zamanda belə bir klinika açmağı düşünür. Deyir ki, keçmişini unutmaq istəmir. Onun yerinə o günlərə əsla geri dönməmək üçün yaddaşına həkk etmək istəyir...

Xoşbəxtəm, əziz gündəlik. Onun kimi birini sevdiyim, tanıdığım üçün çox xoşbəxtəm...

 

“Ədəbiyyat və incəsənət”

(07.09.2023)

Xətai Sənət Mərkəzində “Heydər Əliyev İli” çərçivəsində elan olunan “Uşaqlıq duyğularımın rəngləri” adlı şou-sərgi üçün əsər qəbulu davam edir. 

 

Sərgi Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzi təsviri sənətə ictimai marağı artırmaq, böyüklərin uşaq məsumluğu və səmimiyyəti ilə ərsəyə gətirdikləri rəsm əsərlərini görmək məqsədilə təşkil olunub. 

Yaşı 18-dən yuxarı rəssam və müxtəlif peşə sahibləri təqdim edəcəyi əsər və əsərlərin fotosu ilə bərabər rəsmin adı, müəllifin soyadı, adı, təvəllüdü, peşə və əlaqə nömrəsini qeyd edərək Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. ünvanına göndərməlidir. Uşaq ikən çəkdiyiniz rəsmlə də sərgiyə qatılmaq olar.

Sərgiyə əsər qəbulu üçün son tarix oktyabrın 5-də başa çatır. 

Nümayiş olunan əsərlər geri qaytarılmır. Əsəri sərgilənən müəlliflərə sertifikat təqdim ediləcək.

 

«Ədəbiyyat və incəsənət”

(07.09.2023)

Cümə axşamı, 07 Sentyabr 2023 12:00

“Adsız oğlan” - Narıngül Nadirin hekayəsi

“Ədəbiyyat və incəsənət” portalı Narıngül Nadirin yeni yazdığı “Adsız oğlan“ hekayəsini təqdim edir.

 

                                               

Bilmirəm indi bunu xatırlamaq kimə gərəkdir və nə əhəmiyyəti var?..  O, mənim sevgilim, dostum deyildi, heç qohumum da deyil...

Yəqin ki, o oğlan məni indi görsə tanımaz, tanımaz bir az böyük çıxıre... heç kim olduğumu xatırlamaz. Amma gülüşü indiki kimi yadımdadır, qəribə bir gülüş idi. Təbəssümü dodaqlarından başlayıb bütün sifətinə yayılırdı. Dünyaya ərk eləmək, yaxud meydan oxumaq, günəşə göz vurub gülümsəmək kimi bir şey... Onu bu müddət ərzində bir neçə dəfə xatırlamışam. Bir dəfə Bakıya ilk gəlişim haqqında hekayə yazanda, bir də ara-sıra şəhərə ilk gəldiyimdə yaşadığım yerlərdən keçəndə. Hər dəfə də xatırlayan kimi həmişəki mənasız, bir qəpik əhəmiyyəti olmayan bir sual yenə də beynimi tıqqıldadır: görəsən, onun adı nə idi? Əhməd, Cəmil, Murad? Bəzən o köhnə yerlərdən keçəndə adını xatırlamağa çalışsam da, heç nə alınmır. Səsin görüntüsü yoxdur ki, göz yaddaşında ilişib qalsın. Əslində heç fərqi də yoxdur. Guya nə anlamı var ki... Amma hər halda, adı var idi axı. Özü də dəfələrlə yanımda səsləndirmişdi.

İndi yay  tətilindəyəm, boş vaxt tapan kimi, daha doğrusu, darıxdığımdan klaviaturanın qarşısına keçib nələrsə yazmağa çalışıram. Yəqin ki, siz məndən yaxşı bilərsiz, yazmağa ki, başladın, keçmişə qayıtmamaq mümkün deyil.

O gün şəhərin küçələrində xeyli gəzişdim. Pis çıxmasa belə deyərdim ki, o ki var, avaralandım. Köhnə qəbiristanlıq yerindən keçəndə onu xatırladım.

Qəbiristanlıq sözünü işlətdim deyə birdən elə bilərsiniz ki, söhbət dünyasını dəyişmiş birindən gedir. Əsla elə deyil. Söhbət açdığım adam yəqin ki, sağdır. Ona görə yəqin ki, deyirəm ki, qəfil ölüm- itimləri, qəzaları nəzərə almasaq və yaşını hesablasaq, güman ki, sağdır, haralardasa yaşayır.

Demək, Bakıya təzə gəldiyim vaxtlardır. Təzə deyəndə lap dəqiqi hardasa 20 gün olar. Ta Bakını necə görmüşəm, şəhər ilk dəfə gözümdə necə şəkillənib, hansı hissləri keçirmişəm, nələri düşünmüşəm, bunu yazıb başınızı çox ağrıtmaq istəmirəm. Həm çox uzunçuluq olar, həm də ilin-günün bu vaxtında niyə sentimentallıq edim ki?..  Demək, Bakıya gəlib ata ocağı kimi şəhərdə ən yaxın qohum sayılan, ərk yeri olan xalaqızıgilin evinə sığınmışam. Universitetə qəbul imtahanı verməliyəm. Mənim zamanımda Bakının yeganə universitetində oxumaq hamının arzusuydu, indi bilmirəm, deyəsən adiləşib. Həm də indi universitetlər də çoxalıb, o vaxtlar institut adlanan ali məktəblər indi universitet adlanır. Nə isə, həm ali məktəbə qəbul olunmaq, həm də şəhərdə yaşamaq istəyim olduqca böyükdür. Şəhərdə yaşamaq  arzumdan  da yazmıram, yazsam xeyli vaxt aparar, odur ki, bu dəfə  onun üstündən də keçirəm.

Nə isə mətləbə keçim, ta söhbəti uzadıb sizi bezdirməyim...

Axşam xalaqızıgildə səhər imtahana getmək məsələmi, daha doğrusu, universitet yolunu necə getmək məsələmi xeyli müzakirə etdikdən sonra ümumilikdə qərara alırıq ki, sabah imtahana özüm tək gedəcəm. Əslində, bu qərara səs verməyən də var. Xalaqızının əri belə fikirləşir ki, tək getsəm yolda azıb qala bilərəm, şəhər də qazan kimi qaynayır, hər cür adamla doludur, ağıllısı var, axmağı var. Mən isə 3-4  dəfə  universitetə getdiyimdən ürəklənmişəm və dönə-dönə israr edirəm ki,  gedərəm, özü də lap rahatca gedərəm, yəni mənə görə işinizdən qalmayın. Nə var ki, avtobusun nömrəsini bilirəm, sonuncu dayanacaq universitetin qarşısıdır. Universitet də orda, düz Elmlər Akademiyası metrosunun yanındadır. Nə çətin işdir ki? Qayıdanda yolu əks tərəfə keçib yenə həmin avtobusa minirəm, gəlib ağ darvazalı  köhnə zavodu keçib düşürəm. Vəssəlam! Şəhərə gələndən ağ darvazalı zavod nişangah yerimdir. Köhnə, mazut iyi verən zavoddur. Mağazaya, dükan -bazara gedəndə ağ darvazasını tapıram, vəssəlam. Ağ darvazalı zavod yerindədirsə, adam şəhərdə niyə azsın ki?..

Adətən öz sözünün üstündə durmağa israrlı olan, adamlarla həmişə bir ton  yuxarıdan danışmağı sevən xalaqızının ərini birtəhər razı salırıq. Amma burasını da deyim ki, xalaqızının ərinin bir ton yuxarıdan danışmağa haqqı da var. Qohum- əqrabadan kənddən kim şəhərə gəlirsə ona tapşırırlar. Yəni o vaxt tapşırardılar, söhbətin əlbəttə indiyə dəxli yoxdur. Həm də tərsliynə baxmayaraq yaxşı adamdır. O ki deyirlər, hər nəslin bir hörmətlisi, ağsaqqalı olur, bax bu da onlardandır. Şəhərə üz tutan evsizlərin, köməksizlərin pənahıdır, kəndə gələndə qohumlar başına dolanırlar, hərə bir tərəfə çəkir. Nə isə, bu mövzunu da qoyaq bir kənara...

Bayaq dedim axı, universitetə artıq üçüncü dəfədir ki, gedirəm. İki imtahanı verib yaxşı qiymət almışam, indi üçüncüdür, bundan sonra daha biri qalıb. Bizim dövrümüzdə ali məktəbə  4 imtahan verirdilər, ballar toplanırdı, sonra ümumi müsabiqə olurdu. Kim çox bal toplayırdısa, o qəbul olunurdu, qalanlar ümidlərini gələn ilə bağlayırdılar.

Səhər evdən çıxanda xalaqızının əri sonuncu sözünü deyir:

-Bax ha, diqqətli ol ki, azıb qalmayasan.

Mən də qətiyyətlə söz verirəm ki, arxayın ol, azmaram.

Evin qarşısındakı dayanacaqda  şad-xürrəm avtobusa minib düz universitetin qarşısında düşürəm.

İmtahandan çıxan kimi universitetin həyətinə toplaşan adamlar başıma yığışır.

Yerbəyerdən suallar yağdırırlar:

- Nə oldu, necə oldu, nə soruşdular? Məmmədov İlqarı gördünmü? Bizim qızı necə? Əliyev Kənan neynirdi? 

Adamların  aşırı  canfəşanlığına həmişə gülməyim gəlib, indi də ürəyimdə gülürəm. Elə bil uzun müddət yatıb həbsxanadan çıxmışam, bunlar da məndən otaq yoldaşlarımı soruşurlar. Nə isə, birtəhər onlardan qurtulub yolu əks istiqamətə keçərək doğma avtobusumu tapıram. Yerimi rahatlayaraq  başımı aynaya söykəyib xəyala dalıram.

İmtahanı yaxşı versəm də, istədiyim qiyməti ala bilməmişəm. Mən 5 gözləyirdim. İmtahn götürən qara, enlisifət qadın hər vəhclə qiymətimi kəsməyə çalışırdı və sonda elə də etdi. Bu an, yəni söhbət o andan gedir, ona nifrət edirəm, ta bağışlayın məni, hələ ürəyimdə yüngülcə söyürəm də. Hərçənd ki, ömrümdə dilimə söyüş gətirmərəm. Sonralar, mənə dərs deyəndə də onunla ulduzum barışmadı, bir-birimizə nifrət edə-edə 4 ili başa vurduq.

Başımı avtobusun aynasına söykəyib düşünürəm ki, əgər o biri imtahandan da 4 alsam, yəqin ki, müsabiqədən keçməyim çətin olacaq. Amma necə olursa-olsun, şəhərdə qalacağam, ölsəm də kəndə qayıdan deyiləm. Belə bir az yekəxanalıq kimi çıxmasın, o kəndə sığışmıram, darıxıram orda. Ora mənlik deyil. Qəbul olunmasam, işə düzəlib işləyərəm, gələn il sənədlərimi yenidən verərəm. Gələn il də alınmasa, o biri il. Dünya dağılmayıb ki?.. Burasını da deyim ki, inadkarlıq cəhətdən zəif deyiləm. Bir şey beynimə düşdüsə əl çəkmirəm.

Beləcə xeyli yol gəlirəm və birdən ayılıram. Baxıram ki, avtobus mənə tanış olmayan binaların arasıyla şütüyür. Tez qabağa  keçib sürücüdən ağ darvazalı zavodu soruşuram, sürücü sürəti azaltmadan arın-arxayın tüklü üzünü qaşıyır, tələsmədən bildirir:

-Sən oranı çoxdan keçib getmisən, burda düş geri qayıt, iki dayanacaq geri qayıtmalısan.

Sürücü səbrlə izah edə-edə yolu bir xeyli də ötüb keçir.

Xalaqızının ərinin sözlərini xatırlayıram: “Diqqətli ol ki, azıb qalmayasan”.

Avtobusdan düşüb özümü tarazlayıram və yolun kənarıyla geri qayıdıram. Böyük, enli  yoldur, maşınlar ara vermədən şütüyür. Kənarda bir adamlıq səki var, bəzi döngələrdə o da bitir, yox olur. Görünür, bu yolla ancaq maşınlar hərəkət edir. Az qala divara sürtünə -sürtünə yeriyirəm. Əhlikef sürücülərin bəziləri sürəti azaldaraq dilxoşluq edir, başlarını pəncərədən çıxarıb mənə sataşırlar. O zaman dəbdəydi belə şeylər. Bilmirəm, indi də küçədə qızlara sataşırlarmı? Sataşsalar da daha yəqin ki, məzmun dəyişib. O zaman başqaydı... Məsələn, iri ZİL maşınından biri başını çıxardıb irişir: “gözəlsən e gözəl”,“bəh-bəh incəbel gözəl piyada gedir”.  Başqa birisi: “sənə əziyyət olar piyada getmək, gəl gedək” və yaxud,  “asta yeri, ayağını daş əzər” və s. və ilaxır.

Bir tərəfdən ünvanı tapa bilməmək qorxusu, həyəcan, sürücülərin  atmacaları, bir tərəfdən  də isti... Əməlli- başlı tərləmişəm, paltarım bədənimə yapışıb.

Xeyli piyada yol gedirəm, az qala küçənin başına çatıram. Amma mənim axtardığım ağ darvazalı zavod yerində yoxdur. Əgər  o zavod tapılmasa, axtardığım ev dünyasında tapılan deyil! Buralarda olmalıydı axı... Elə bil heç yerli-dibli olmayıb. Nə qədər baş sındırıram, istiqaməti düz tuta bilmirəm. Küçədə bir nəfər adam da yoxdur söz soruşmağa. Artıq özümdən şübhələnirəm. Bəlkə qayıdanda avtobusun nömrəsini düz oxumamışam, fikirli-fikirli qaçıb minmişəm. Özümü  o ki var danlayıram: “Axmaq, qanmaz, yaddaşsız! Hələ bu ağılla universitetdə oxumaq istəyirsən. Bir ünvanı yadında saxlaya bilmirsən. Monqol...”

Daha irəli getmirəm, dayanıb gözləyirəm. Aha, qarşıdakı döngədən çıxan oğlan mənə tərəf gəlir. Gəlib çatanda düz qarşısında dayanıram, birbaşa yolunu kəsirəm.  Ortabab, yaraşıqlı oğlandır, yəqin ki, məndən 5-6 yaş böyük olar. İndiki kimi yadımdadır, əynində ağ köynək var, yuxarıdan 3 düyməsi açıqdır. Qollarını yarıya qədər çırmalayıb. Qara  şalvar geyinib, hələ tuflisinin rəngi də yadımdadır. Ağıllı sifəti var, adam beləsindən nəsə pis hərəkət gözləmir. Bəlkə də Allah yetirib bunu mənə. Qırımımdan görür ki, sözlü adamam, dayanıb nə deyəcəyimi gözləyir.

Birbaşa axtardığım ünvanı soruşub vəziyyəti başa salıram.

Oğlan məni başdan-ayağa süzür, bir qədər duruxur, çətin bir riyazi məsələni həll edirmiş kimi fikirləşir, sözlərimi təkrarlayır:

-Ağ qapılı zavod... Yanında balaca həyət evləri. Sonra o tərəfə doğru  istiqamət...

Onun belə çox fikirləşməyinə görə ünvanı tapa bilməyəcəyindən qorxuram. Həm də qorxuram  ki, birdən çıxıb gedər, tək qalaram bu çölü-biyabanda. Tez dillənirəm:

-Balaca evlərdir,  köhnə, bozarmış hasarları var, divarlardan üzümlər sallanıb.

Oğlan  diqqətlə üzümə baxıb gülümsünür. Təbəssümü çox qəribədir. Gülüşü  dodaqlarından başlayıb bütün sifətinə yayılır. Dünyaya ərk eləmək, yaxud meydan oxumaq, günəşə göz vurub gülümsəmək kimi bir şey...

Birdən qoluma toxunur.

-Gedək,  deyəsən tanıdım, irəlidədir.

Sakitcə onun ardınca düşüb  dabanbasma gedirəm. Oğlandan, daha doğrusu dabanından elə yapışmışam ki, indi lap dünyanın o başına da getsə ardınca gedəcəm, başqa əlacım yoxdur. Yol gedə-gedə durmadan  ünvanı başa salıram:

- Ağ darvaza, iri çənlər, balaca həyət evləri...

Oğlan məni ardınca çəkib aparır, bir adam güclə yeriyə bilən dar səki ilə gedirik. Yoldan ötən maşınlar bu dəfə vıyıltı ilə yanımızdan keçib gedirlər. Küçənin başına kimi gedirik. Ağ darvazadan bir nişan yoxdur ki, yoxdur! Nəfəsimizi dərib yenidən irəliləyirik. Nəhayət uzaqdan zavod görünür. Başı göyə ucalan enli, qara boruları da var. İrəli keçib addımlarımı yeyinlədirəm. Oğlan da arxamca gəlir. Zavodun qarşısına çatırıq. Yox, bunun qapısı ağ deyilmiş, boz mavi rəngdədir. Oğlan bildirir ki, bu ərazidə bir neçə zavod var. Köhnə neftayırma zavodlarıdır, hamısı da bir-birinə bənzəyir.

Küçəni o biri üzə keçməli oluruq. Yolu  keçəndə oğlan əlimdən bərk- bərk yapışır, məni maşınlardan qoruyur. Ürəyimə heç nə gətirmirəm. Eləcə dost kimi, himayədar kimi əlimdən tutub. Küçənin o üzündə əlimi geri dartıram. Deyəsən xoşuna gəlmir, amma etiraz da eləmir. Tərslikdən hava dəhşət istidir, sanki göydən od yağır, həm də çox yorulmuşuq. Bir qədər aralıda altında köhnə taxta oturacaq olan yaşıl  yarpaqlı ağac görünür. Oğlan bu dəfə qolumdan tutub ağaca tərəf çəkir. Bu yerdə ağlıma xoşagəlməyən fikirlər gəlir. Nə qədər olmasa tanımadığım adamdır. Amma etiraz da edəmmirəm. Ağacın kölgəsindəki ensiz balaca oturacaqda diz-dizə söykənib əyləşirik. Diz-dizə əyləşməyimdən bir qədər narahat oluram. Bir tərəfdən də oğlan oğrun-oğrun məni süzür, sıxılıram. Nəfəsimizi dərib sərinlənirik. Oğlan ehmalca  əlimi ovcuna alır. Bu dəfə sərt hərəkətlə əlimi geri çəkirəm və  qaşqabağımı töküb ayağa qalxıram. Oğlan da ciddiləşir:

-Bəlkə yaxşı fikirləşəsən, başqa nə vardı evinizin yaxınlığında?

Daha heç nəyi  yadıma sala bilmirəm. Ağlamaq istəyirəm.

Yenidən bərabər addımlayırıq. İkimiz də susmuşuq. Oğlan qaşqabaqlı görünür, məndən irəli düşüb gedir. Üzünü mənə çevirmədən soruşur:

-Sənin adın nədir?

Adımı söyləyirəm. Sonra o adını deyir: Əhməd, Cəmil, Murad... Nəsə anlaya bilmirəm. Bir tərəfdən külək başlayıb, o biri tərəfdən  sanki qulaqlarım tutulub. İrəlidə  köhnə bir qəbiristanlıq görünür. Yadıma düşür ki, bu qəbiristanlığın yanından bir-iki dəfə  keçmişəm. Sevindiyimdən az qalıram qaçıb köhnə başdaşlarını qucaqlayım.

-Görmüşəm, bu qəbiristanlığı, görmüşəm, buradan keçmişəm, ev o biri üzdədir-ucadan dillənirəm. Oğlan da mənimlə bərabər sevinir, üzü işıqlanır.

-Aha, görmüsənsə deməli buralardadır, indicə tapacağıq.

Qəbiristanlığa tərəf yeriyirik. İri, xırda, düz, əyri başdaşları uzaqdan adamın üzünə  dirənir. Başdaşlarının bəziləri yerə yıxılıb, bəziləri yarıyıxılıdır. Amma məlum olur ki, qəbiristanlığın o biri küçəyə çıxışı yoxdur. Deyəsən, heç başqa yerə də çıxış yoxdur burdan...

Oğlan barmaqlarını qatlayıb hesablayır, əməli-başlı baş işlədir:

-Deməli, qəbiristanlığın o biri tərəfindən keçmisən, sonra geri qayıtmısan. Sonra... Bəs niyə tapa bilməyək axı? Əgər sən deyən yerdədirsə, elə buralarda olmalıydı.

Qəbiristanılığın yanında bir qədər o tərəf -bu tərəfə fırlanırıq.

Birdən qəbirlərin arsından yaşlı, arıq, beli əyilmiş bir kişi çıxır, daha doğrusu, peyda olur. Kim bilir, bəlkə də nə vaxtsa ölmüşdü, elə indicə dirilib. Kişi iri, bulanıq gözlərini üzümüzə zilləyir, sonra birdən biədəb söyüşlərlə bizi söyməyə başlayır:

-Əxlaqsızlar, pozğunlar, dingildəşməyə sanki  yer tapmırlar. Qəbiristanlığı xəlvət görüblər, gəlib burda görüşürlər. Sizin...

Yaman pərt oluruq. Oğlan  kişiyə yaxınlaşıb  başa salmaq istəyir ki, məsələ o deyən kimi deyil. Kişi daha da qızışır, səsini ucaldır. Oğlan da əsəbləşib səsini qaldırır.

Bu anda bir milis işçisi bizə yaxınlaşır. Bilmirəm  bu adamsız yerdə o hardan çıxdı?  Necə xəbər tutdu? Hələ də qaranlıqdır mənə. Kişi  milisi görüb daha da bərkdən söylənir, haqqımızda, daha doğrusu  oğlanın haqqında vəkalət qaldırır:

-Sevgilisini yanına salıb bayaqdan burda yüz hoqqadan çıxır. Səhər-səhər də  ikisini qovmuşam, indi də bunlar... Mənə bura nəzarət etməyi tapşırıblar, işimiz gücümüz budur, axşamacan adam qovuruq burdan. Əxlaq deyilən bir şey də olmalıdır  axı...

Milis oğlanı kənara çəkir. Burasını deməyi az qala unutmuşdum. O vaxtlar  polisə milis deyirdilər, indi polis deyirlər. Nə isə, milis oğlanı kənara çəkir. Bəlkə də ikisi yaşıd olarlar. Amma burada milis hökmlüdür, hakimdir. Sualları o verir.

-Adın nədir sənin?

Oğlan əsəbi səslə, hirslə özünü  təqdim edir:

-Əhməd, Cəmil, Murad...

Yenə də əməlli-başlı eşidə bilmirəm. Milis deyəsən bizi məntəqəyə aparmaq istəyir, az qalır ürəyim qırılıb yerə düşsün. Özüm də belə şeylərdə yaman qorxağam.

Oğlan getmək istəmir. Əsəbləşir, əl- qolu ilə nə isə danışır, mübahisə edir, milisi başa salmağa çalışır, hərdən qoluna da girir. Kənara çəkilib  danışırlar. Oğlan məni göstərib nə isə deyir,  bəlkə də məntəqəyə sonra gələcəyini bildirir. Deyəsən, sonda   razılaşırlar.

Gözücu qəbiristanlıq tərəfə baxıram. Kişi yoxa çıxıb, görünür  “vəzifəsini” yerinə yetirib gözdən itib.

Yenə də yanaşı yeriyirik. Oğlan  xeyli pərt görünür, qaşlarını düyünləyib, dodaqlarını bir-birinə sıxıb. Yəqin ki, baş verənlər heysiyyətinə toxunub. Onun ürəyini almağa çalışıram. Bu boyda şəhərdə bu an təkcə güvənc yerim odur.  Qəbiristanlıq gözətçisinin qarasınca söylənirəm, dinmir. Sonra milisin nə dediyini soruşuram,  cavab vermir. Eləcə qaşqabaqlıdır. Üzündə tutqun kölgələr dolaşır. Bu saat razıyam əlimdən tutsun, istəyir heç buraxmasın, lap qoluma girsin. Təki bircə dəfə gülümsəsin. Qəsdən qolumu qoluna toxundururam, əhəmiyyət vermir. Bir qədər ondan irəli keçirəm, dayanıb üzünə gülümsünürəm, yenə də əhəmiyyət vermir. Özümü böyüklərin ciddiyə almadığı uşaq kimi hiss edirəm. Küsülü adamlar kimi yeriyirik. Bir qədər getdikdən sonra uzaqdan başqa bir zavod görünür.

-Odur, oradır, - qışqırıram. 

Addımlarımızı yeyinlədirik.

-Oradır, yüz faiz oradır, evimizi də görürəm.

Oğlan da zavodu görür, rəngi açılır. Gülümsünür. Təbəssümü dodaqlarından başlanıb sifətinə yayılır. Dünyaya ərk eləmək, yaxud meydan oxumaq, günəşə göz vurub gülümsəmək kimi bir şey...  Əlimdən tutur. Bu dəfə əlimi geri çəkmirəm, eləcə əl-ələ tutub gedirik.

-O biri imtahanda gəlib səni özüm aparacam. Saat 9-da evin yanındakı dayanacaqda gözləyəcəm. Qayıdanda da özüm götürəcəm.

Dinmirəm.

Birdən  zavodun qarşısında var-gəl edən xalaqızının ərini görürəm. Üz- gözündən hirsli və narahat olduğu görünür. Özümü itirirəm. Əlimi oğlanın əlindən çəksəm də artıq gecdir. Oğlan bir şey anlamır, əyilib qulağıma nəsə demək istəyir.

Xalaqızının əri başımızın üstünü alır.

Əvvəl mənə təpinir:

-Bu vaxta kimi harda qalmısan? Bu oğlan kimdir?

-Azmışdım...

Sonra oğlanın qarşısına keçir, qəzəblə onu süzür. Adın nədir sənin?

-Əhməd, Cəmil, Murad...

Həyəcandan  yaxşı anlaya bilmirəm.

-Bu qızı hardan tanıyırsan?

-Yolu azmışdı, kömək etmək istədim.

Xalaqızının əri kükrəyir.

-Mənə gəlmə, mən səninçün dünənki uşaq deyiləm. Şəhərdə böyümüş adamam. Yolu azmışdı, ürəyin dözmədi qızın əlindən tutdun, əl-ələ verib gəlib  buranı tapdınız...

Az qalıram deyim ki,  elədir, eləcə dediyin kimidir.

Xalaqızının əri sakitləşmir:

-Bu qızı yiyəsiz görmüsən?

Ürəyim bərk-bərk döyünür. Şəhərdə qalmaq, yerləşmək ərəfəsində xalaqızının ərinin yanında inamını itirmək də az iş deyil. Hələ bunun kəndə xəbər çatmağı, hökm çıxarılmaq filan da ola bilər. Az qalıram havalanım.

Xalaqızının əri oğlanın yaxasından yapışır. Sifəti o qədər qəzəblidir ki, əyilmiş görünür, baxmağa qorxuram. Gözlərimi yumuram. Nə isə tıqqıltı, xışıltı, sillə səsləri eşidirəm. Lap hind filmlərindəki kimi... Düşünürəm ki, dəhşətli davanın ortasında oğlan qəflətən irəli atılıb xalaqızının ərinin yaxasından yapışacaq, qaldırıb yerə çırpacaq. Film davam edəcək. Sonra oğlan mənim əlimdən tutur, kaskadyorlar kimi divarın o üzünə atılırıq. Çıxıb gedirik dünyanın o biri üzünə.

Gözlərimi  açıram. Sakitlikdir, üzü-üzə dayanıblar. İkisinin də paltarı əzik-üzük və tozludur.  Oğlan gözlənilmədən xalaqızının ərinin qarşısına keçir:

-Bağışlayın, üzr istəyirəm. Təsadüfən  belə alındı... Üzr istəyirəm.

Oğlan özünü nədəsə günahkar bilir, yaxud da xalaqızının ərini yumşaltmaq istəyir. Bəlkə də məni düşünür, vəziyyətdən çıxartmağa çalışır. Hərçənd ki, bu versiya sonralar ağlıma gəlib.

Deyəsən xalaqızının əri də xeyli yumşalıb. İrəli düşüb evə tərəf gedir və mənə əmr edir:

-Gəl ardımca!

Dönüb  gözucu oğlana baxıram.

Oğlan yolu o biri üzə keçməyə hazırlaşır. Son anda baxışırıq. O, yenə də gülümsünür. Gülüşü dodaqlarından sifətinə yayılır, dünyaya ərk etmək, yaxud da meydan oxumaq, günəşə baxıb gülümsəmək kimi bir şey...  Anidən mənə əl edir və uzaqlaşaraq gözdən itir. Mən onu bir daha görmürəm.

Bu hadisədən sonra bir müddət onu xatırlayıram, Ağ darvazalı zavodun qarşısından, evin yaxınlığındakı dayanacaqdan keçəndə gözüm axtarır. Hələ deyəsən bir müddət fikir çəkib qüssələnirəm də. Sonra tamamilə unuduram.

Amma hərdən yaddaşımın  hansısa küncünə qonmuş, artıq çoxdan toz basmış, lazımsız, dəbdən düşmüş  lent kimi kənara atılmış  o hadisəni xatırlayanda yenə də ağlımdan  mənasız bir fikir keçir: görəsən o oğlanın adı nə idi? Əhməd, Cəmil, Murad?

 

“Ədəbiyyat və incəsənət”

(07.09.2023)

 

 

 

 

Sentyabrın 24-də Şuşa Dövlət Musiqili Dram Teatrında uşaqlar üçün “Əlibaba və qırx quldur” tamaşası nümayiş olunacaq.

 

Ərəb nağılının motivləri əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru Əməkdar artist Loğman Kərimovdur.

Tamaşada rolları Emin Sevdimalıyev, Türkay Cəfərli, Gündüz Qasımov, Nihad Heybətov, Zəhra Salayeva, Günel İmanova, Mobil Qurbanov və başqaları canlandıracaq.

 

“Ədəbiyyat və incəsənət”

(07.09.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.