Super User

Super User

DAHA GENİŞ

 

Xəbər verdiyimiz kimi, Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Kino Agentliyinin dəstəyi, Azərbaycan Animasiya Assosiasiyası və “Peri Film” MMC-nin təşkilatçılığı ilə 6-10 sentyabr tarixlərində Bakıda 6-cı “Animafilm” Beynəlxalq Animasiya Festivalı keçirilir. 

“Ədəbiyyat və incəsənət” portalı festivalın ilk günü barədə geniş icmalı təqdim edir. 

 

Sentyabrın 6-da Nizami Kino Mərkəzində festivalın açılış mərasimi oldu. 

“Qadın haqları” mövzusuna həsr olunan builki festivalın tərəfdaşları Azərbaycan Kinematoqrafçılar İttifaqı, Azərbaycan Yaradıcı Sənayelər Federasiyası, Çexiya və Fransanın ölkəmizdəki səfirlikləri, Azərbaycandakı Fransız İnstitutu, “Annecy” Beynəlxalq Animasiya Film Festivalı, “Shahmaran Metaceramica”, “Gender Hub Azerbaijan” və digər qurumlardır.

Açılış tədbirində Mədəniyyət Nazirliyinin nümayəndələri, ölkəmizdən və xaricdən kino xadimləri və kinosevərlər iştirak edirdi.

Əvvəlcə festivalın treyleri nümayiş olundu.

Mədəniyyət nazirinin müavini Səadət Yusifova qeyd etdi ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə mədəniyyətin bütün sahələrində olduğu kimi, auidovizual sahənin də inkişafına xüsusi önəm verilir. Həyata keçirilən islahatlar, 2022-ci ildə dövlət başçısının fərmanı ilə Azərbaycan Respublikası Kino Agentliyinin yaradılması müasir çağırışlara cavab olaraq milli kinematoqrafiyanın yeni inkişaf perspektivlərini müəyyənləşdirir: “Qarşımızda duran əsas vəzifələrdən biri zəngin milli kino ənənələrini daha da inkişaf etdirmək və dünyaya yeni açılım etməkdir. Həmçinin kinematoqrafiyanın müasir təbliğat və təşviqat potensialını, mədəniyyətin ayrılmaz tərkib hissəsi kimi mədəni diplomatiyanın rolunu nəzərə alaraq ölkəmizdə dayanıqlı, müasir kino sənayesini yaratmaqdır. Hazırda yeni mədəniyyət konsepsiyası üzərində iş gedir. Konsepsiyada kino sənayesinin inkişafı üçün əlverişli mühitin yaradılması məsələləri əksini tapacaq”.

Animasiyanın kino sənayesinin müstəqil qollarından biri olduğunu vurğulayan nazir müavini ölkəmizdə bu sahənin də sənayeləşməsi, kommersiya baxımından cəlbedici olması, dövlət-özəl əməkdaşlığı kontekstində onun inkişafının təmin edilməsinin qarşıya məqsəd qoyulduğunu dedi.

Festival haqqında məlumat verən Səadət Yusifova bildirdi ki, festivala 46 ölkədən ümumilikdə 174 film daxil olub. Seçim komissiyası müsabiqə proqramı üçün 13 ölkədən 39 film qəbul edib: “Hər il olduğu kimi, builki festival günlərində də tamaşaçılar yaxın-uzaq ölkələrdən təqdim edilən onlarla müasir animasiya filmi ilə tanış olmaqla yanaşı, bu sahənin peşəkarları ilə fikir mübadiləsi apararaq ustad dərslərində iştirak etmək imkanı qazanacaqlar. Ümid edirik ki, artıq ənənə halını almış bu festival dünyanın ən nüfuzlu animasiya festivalları sırasında özünəməxsus yer tutacaq, ölkəmizdə animasiya sənətinin inkişafına və populyarlaşdırılmasına töhfə verəcək”.

Nazir müavini çıxışının sonunda festivalın işinə uğurlar arzuladı.

Daha sonra İsveçrə Konfederasiyasının Azərbaycandakı Səfirliyinin nümayəndəsi Alberto Hernandez, Niderland Krallığının ölkəmizdəki səfiri xanım Paulin Eizema və “Oscar” mükafatlı Niderland əsilli kinorejissor Maykl Dudok de Witt çıxış edərək festival haqqında fikirlərini bölüşdülər.

Çıxışlardan sonra rejissor Nəzrin Ağamalıyevanın İranda etiraz aksiyaları zamanı təhlükəsizlik qüvvələri tərəfindən qətlə yetirilmiş Cənubi azərbaycanlı Hədis Nəcəfi haqqındakı “Hədis”, isveçrəli rejissor İzabel Favezin “Hava poçtu” (Air Mail), niderland əsilli rejissor Maykl Dudok de Wittin “Ata və qız” (Father and Daughter), gürcüstanlı rejissor Ana Çubinidzenin müsəlman aləmində qanunverici orqana demokratik yolla seçilmiş ilk müsəlman (azərbaycanlı) qadın millət vəkili Pərixanım Sofiyeva haqqında “Pərixanım Sofiyeva” filmləri, həmçinin “Alove” animasiya studiyasının “Sehrli xalça” animasiya filminin treyleri nümayiş etdirildi.

Sonda 6-cı “Animafilm” Beynəlxalq Animasiya Festivalının 1-ci günü ilə bağlı videoçarx təqdim edildi.
Bildirək ki, bu il festival tamaşaçılara müsabiqə, müsabiqədənkənar və peşəkarlar olmaqla üç əsas proqram təqdim edəcək. Filmlər 2 beynəlxalq və 2 yerli kateqoriya üzrə yarışacaq. “Ən yaxşı qısametrajlı animasiya filmi” kateqoriyası üzrə 11, “Uşaqlar üçün ən yaxşı qısametrajlı animasiya filmi” üzrə 10, “Ən yaxşı Azərbaycan qısametrajlı animasiya filmi” üzrə 8, “Ən yaxşı Azərbaycan tələbə qısametrajlı animasiya filmi” kateqoriyası üzrə isə 10 film proqrama salınıb. 
Filmlər iki münsif heyəti tərəfindən qiymətləndiriləcək, qaliblər festivalın bağlanış mərasimində elan olunacaq.

Festivalın ümumi mükafat fondu 2300 ABŞ dolları təşkil edir. Bundan əlavə, qaliblərə xüsusi keramik heykəlciklər təqdim olunacaq. Yerli kateqoriyanın qalibi, hər il olduğu kimi, bu il də Fransada keçirilən “Annecy” Beynəlxalq Animasiya Film Festivalında iştirak haqqı qazanacaq. Həmçinin İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyinin dəstəyi ilə həyata keçirilən “Animasiya filmləri vasitəsilə qadın haqları” adlı vörkşop və maliyyə proqramının xüsusi mükafatı da  nəzərdə tutulur. Mükafatın fondu festivalın bilet satışından əldə etdiyi gəlirdən formalaşacaq.
Qeyd edək ki, festival çərçivəsində Nizami Kino Mərkəzində 20-yə yaxın tədbirin keçirilməsi və 60-dan çox animasiya filminin nümayişi nəzərdə tutulub.

Festivalın bilet satışlarından əldə olunacaq vəsait gənc qadın rejissorlarımıza dəstək məqsədilə ianə ediləcək.

 

“Ədəbiyyat və incəsənət”

(08.09.2023)

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı yeni teatr mövsümünü sentyabrın 15-də görkəmli yazıçı-dramaturq İlyas Əfəndiyevin “Hökmdar və qızı” pyesi əsasında hazırlanmış “Qarabağnamə” tamaşası ilə açacaq.

 

Teatrdan verilən məlumata görə, tamaşanın quruluşçu rejissoru Xalq artisti Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı İsmayıl Məmmədovdur.

 

Səhnə əsəri XVIII əsrdə Qarabağ xanlığının mərkəzi olan Şuşada baş vermiş tarixi hadisələrdən və Qarabağ hökmdarı İbrahim xanın ictimai-siyasi, ailə-məişət həyatından bəhs edir.

 

O dövrdə xanlıqlara bölünmüş Azərbaycana yiyələnmək istəyən Rusiya və İranla siyasi əlaqələri və dostluq münasibətlərini bərqərar etməyə çalışan İbrahim xan erməni fitnəkarlığının qurbanı olur.

 

“Ədəbiyyat və incəsənət”

(08.09.2023)

Əməkdaşımız Heyran Zöhrabova Qonaq otağında oxucularının müasir Azərbaycan ədəbiyyatının "Parlaq Günəşi" adlandırdığı yazıçı, tərcüməçi, publisist və hazırda naşir və psixoloq kimi də fəaliyyət göstərən Ülviyyə Tahirlə söhbətləşir. 

 

 

-Ülviyyə xanım, bizə bir qədər  yaradıcılığınızdakı yeniliklər barəsində məlumat verə bilərsinizmi ? Bu yaxınlarda oxucularınızı sevindirəcək planlarınız varmı ? 

 

-“Şükriyyə Taleyim" romanından sonra bir sıra tarixi əsərlər yazıldı. Noyabrda onlardan biri çap olunacaq. 1918-ci il mart soyqırımına həsr olunan bu roman uzun və ağır araşdırmalardan sonra meydana çıxıb. Bu ay üçünsə oxucular sürpriz bir kitabımla tanış olacaqlar. 

 

-Maraqlıdır, görəsən, sevimli yazarımızın özünün mütaliəsi hansı yöndədir ? 

 

-Hazırda həm yazıçı, həm naşir, həm də psixologiya sahəsindəki fəaliyyətimə görə saysız kitablarla tanış oluram. Yazıçı kimi bütün yeni çıxan kitablardan və tendensiyalardan xəbər tutmaq, naşir kimi çap edə biləcəyimiz əsərləri seçmək və psixoloq kimi isə bilgilərimi daha da artırmaq məqsədi ilə mütaliə edirəm. Bu hər gün, hər saat kitab, bilgi və informasiya ilə təmasdı. 

 

-Bəs, siz gənclərə daha çox hansı əsərləri oxumağı məsləhət görərdiniz? 

 

-Gənclərə daimi mütaliəni tövsiyə edirəm. Çünki beynimiz yeganə orqanımızdı ki, informasiya ilə qidalanır, əgər onun üçün faydalı olanı seçməsək, təmin etməsək o öz istədiyini hər yerdən, hətta məişətdən olsa əldə edəcək. Bu baxımdan onun üçün informasiyanın keyfiyyətindən daha çox, yeniliyi mühümdür. Ona görə də mütaliə çox vacibdir. 

Bədii əsərlərin mütaliəsi bizim xəyal dünyamızı, elmi kitablar dünyagörüşümüzü inkişaf etdirir. Bu mütaliə paralel aparılanda ortaya intelektual bazası olan və eyni zamanda özünü ifadə etməyi bacaran şəxslər çıxır. Elə bu prinsip kifayətdir ki, gənclər nələri oxumağın vacibliyini sezə bilsinlər. Adətən, dəqiq hansısa kitabları tövsiyə etmirəm, çünki bu tamamilə zövq və daha çox nələrə ehtiyacımızın olmasından  qaynaqlanan bir məsələdir. 

 

“Ədəbiyyat və incəsənət”

(08.09.2023)

Çin Xalq Respublikasında (ÇXR) səfərdə olan Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nümayəndə heyəti sentyabrın 7-də Çin Milli Kitabxanasını ziyarət edib. Bu barədə “Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən məlumat verir. 

 

Kitabxananın kitab fondu, nəşrlərin qorunması, oxuculara xidmət prosesi və burada fəaliyyət göstərən muzeylə tanışlıq olub.

 

Direktor xanım Çen Yin qonaqlara kitabxananın fəaliyyəti haqqında nümayəndə heyətinə məlumat verib.

 

Qeyd edək ki, Azərbaycan Milli Kitabxanası ilə Çin Milli Kitabxanası arasında əməkdaşlıq əlaqələri mövcuddur.

 

Azərbaycan Milli Kitabxanasında iki kitabxana arasında qarşılıqlı əməkdaşlıq barədə memorandum imzalanıb. Sənədə əsasən, Azərbaycan Milli Kitabxanasında Çin daimi guşəsi yaradılıb. Çin Milli Kitabxanasında da Azərbaycan daimi guşəsinin yaradılması nəzərdə tutulur.

 

“Ədəbiyyat və incəsənət”

(08.09.2023)

F.F.Xəlilovanın “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:                                               

 

Azərbaycan Respublikasının ictimai həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Flora Fətula qızı Xəlilova “Şöhrət” ordeni ilə təltif edilsin.

 

 İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 7 sentyabr 2023-cü il

“Ədəbiyyat və incəsənət” portalının bol izləyicili Poetik qiraət rubrikasında bu gün sevilən şair İbrahim İlyaslı “Nə yaxşı sən gəlibsən...” deyəcək. 

 

Nə yaxşı sən gəlibsən,

Bakı ağ günə çıxıb.

Kaldırımlar süslənib,

Bağça-bağ günə çıxıb.

 

Yürüdüyün caddələr,

Bəxtəvərlik yaşayır.

Vitrinlərdə modellər

“Göz”lərini qaşıyır.

 

Ayaq səsinə qoşur

"Kirxa"nın orkestri.

Havadaca dövşürür

Göyərçinlər səsləri.

 

Baxırlar heyran-heyran

Yasamaldan təpələr.

Səni görüb Xəzərdə

Cilvələnir ləpələr.

 

Xəyalımda canlanır

O illərin retrosu…

Eh… yenə də ayrılıq,

Yenə “Sahil” metrosu!

 

“Ədəbiyyat və incəsənət”

(08.09.2023)

Sentyabrın 8-dən 16-dək Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru Əməkdar incəsənət xadimi Əliqismət Lalayev Belarusun Brest şəhərində keçiriləcək XXVII Beynəlxalq “Belaya veja” Teatr Festivalının münsiflər heyətində iştirak edəcək.

 

AzərTAC xəbər verir ki, Rusiya, Bolqarıstan, Qazaxıstan, Sloveniya, Özbəkistan və digər dövlətlərin mədəniyyət, incəsənət və teatr nümayəndələrini birləşdirən ənənəvi festivalda həm də Musiqili Teatrın yeganə monotamaşası olan "Utancaq qız" (F.Dostoyevski) oynanılacaq.

 

Qeyd edək ki, səhnə əsəri sentyabrın 10-da Əməkdar artist Şövqi Hüseynovun ifasında Brest Akademik Dram Teatrının səhnəsində təqdim olunacaq. Quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimova, ideya müəllifi Ə.Lalayev olan bu səhnə əsəri indiyə qədər bir çox nüfuzlu beynəlxalq teatr festivallarında mükafatlara layiq görülüb.

 

“Ədəbiyyat və incəsənət”

(08.09.2023)

Cümə, 08 Sentyabr 2023 10:15

KİNOBƏLƏDÇİdə “Pianoçu”

Jalə İslam, “Ədəbiyyat və incəsənət”

 

Bizi yaralasanız, qanamarıqmı?

Bizi qıdıqlasanız, gülmərikmi?

Bizi zəhərləsəniz ölmərikmi?

...

Və bizə qarşı yanlış davransanız,

intiqam almarıqmı?

                       Vilyam Şekspir

 

Divarın hansı tərəfində olmağının heç bir əhəmiyyəti yoxdur. Önəmli olan odur ki, dayanmalı olduğun tərəf sənin ali və vicdani duyğularını heç zaman dəyişdirməsin. Bu qayda hər zaman öz toxunulmazlığını qorumalıdır. Lakin bir sıra hadisələr vardır ki, onlar insanı bütövlüklə dəyişməyə sövq edir. Ortada nə hisslər, nə də səni sən edən duyğular qalır. Və... sən məhz bu hadisələr nəticəsində bütün varlığını bir məqsədə hədəfləyirsən. Bu məqsəd isə yaşamaqdır. Sadəcə bir gün daha artıq yaşamaq. Fərqi yoxdur necə yaşayırsan, harada yaşayırsan, kiminlə yaşayırsan. İstəyirsən siçovul ömrü sür, istəyirsən tülkü, lap istəyirsən bir zibil qədər dəyərin olmasın. Amma nə olur olsun, yaşa!

Maraqlıdır, bəs,görəsən, harada yaşamaq istəyirsən? Bu çox çətin bir sual deyil. Çox güman ki, hər kəs özünü hara aid hiss edirsə, orada yaşamaq istəyəcək. Zamanında yekəxanalıq edib tüpürdüyü yer olsa belə, əli ilə oranı siləcək və boynunu bükərək taleyinə razı gəlməyi öyrənəcək. Yeknəsəklik həyatının bir parçası olsa da, səni ayaqda tutan sabah günəşini görmək ümidi olacaq.

Bəs o günəşi aydın səmada, aydın gözlərlə görməyi bacarmasan, onda nə olacaq? Dumana bürünən xilaskarın toz qaranlığında boğularkən sənə arzuladığın ümidi bəxş etməyə gücü yetəcəkmi? Müharibə adındakı ifritə öz çirkləndirici süpürgəsi ilə saf, günahsız canlıların başı üzərində uçarkən sabaha sağ çıxmaq üçün sadəcə ümid yetəcəkmi?!

Onu radioda sevə-sevə dinləyirdilər. Hətta söyləyirdilər ki, Şopeni heç kim onun kimi ifa edə bilməz. Müharibə hər şeyi əlimizdən alır deyirlər, lakin Vladislav Şpilman obrazı bizə bu cümlənin ifadə etdiyi mənanın əksini yaşadacaq. Çünki o, öz musiqisini, həyat eşqini qəlbində yaşatdı!

İndi sizə bəhs edəcəyim film “The Pianist “(Pianoçu) filmidir. Filmi iki dəfə izləmişəm və hər dəfə izlədiyim zaman duyğularım həm kədərli, həm də məğrur notlara söykənir. Filmdəki pianoçu obrazı məhşur aktyor Adrian Broudi tərəfindən canlandırılmışdır. 2002-ci ildə çəkilən filmin mövzusu İkinci Dünya Müharibəsi dövründə yaşanmış gerçək bir həyatın təsviridir və çox real çəkilmişdir. Şpilman incəsənətin incə və zərif nümayəndələrindən olmasına rəğmən sarsılmaz bir iradəyə malikdir. O film boyunca işini, evini, dostlarını və ailəsini itirir, lakin ümidini itirmir. Məhz ümidi onu qaranlıq hisslərin qucağından xilas edir.

İkinci Dünya Müharibəsi dövründə alman-yəhudi soyqırımı mövzusunda işiq üzü görən film dini ayrı-seçkilik mövzusuna çox əsaslı bir şəkildə toxunur. Filmin rejissoru Roman Polanski olmuşdur. Yəhudi olan rejissor özü də filmdəki bir çox səhnəni şəxsən yaşamışdı. Filmdə Vladislav Şpilmanın başına gəldiyi şəkildə Polanskinin də ailəsi iki yerə bölünərək iki fərqli toplama düşərgəsinə göndərilmişdi. Vladislav Şpilman obrazına həyat verən Adrian Broudi filmdən əvvəl hər şeyini itirmiş bir insan obrazını yaxşı mənimsəmək üçün maşınını satır, evini tərk edir və uzun müddət TV izləmir. Xüsusi diet proqramı vasitəsilə çəkilişlər müddətində 14 kq arıqlayan aktyor 73 kq çəkidə qalır. Bu obrazı aktyora dünya şöhrəti qazandırır. Adrian Broudi 29 yaşında “Oskar”alan ən gənc aktyor olur. Qeyd edək ki, çox az film günümüzə qədər “Qızıl Palma Budağı” mükafatına layiq görülmüşdür. Bu filmlərdən biri də “The Pianist” filmi olur.

Diqqətimi çəkən bir digər obraz isə Tomas Kreçmanın həyat verdiyi Vilm Hossenfild idi. Vicdanlı bir alman əsgərini canlandıran Tomas Kreçman Vilm obrazını necə gözəl, yaşayaraq oynamışdı. Mülayim siması, tutqun gözləri ilə və gücünü ədalətə həsr edən dik duruşu ilə Vilm Hossenfild kiçik epizodların öhtəsindən necə də məharətlə gəlmişdi. Film bir çox kədərli səhnələrlə dolu olmasına baxmayaraq məni ən çox Vilmin Şpilmanı pianonun qarşına gətirərək,-“Çal!”- dediyi səhnə təsirləndirmişdi. Bu səhnə Şpilmanın illərlə qəlbində yaşatdığı ümidin notlara süzülüb, barmaqlarında cana gələn melodiyası idi. 

Hər şey bu qədər idi... HƏR ŞEY... Bütün çırpınışlar ədalətin öz hökmünü yenidən verdiyi günü görmək üçün idi!

Şpilman bir səhnədə ailəsinə hiddətli bir şəkildə demişdi ki, mən heç yerə qaçmayacağam. Ölsəm də, öz torpağımda, evimdə ölmək istəyirəm. Bu səhnə filmdən doğan əsas nəticə idi. Necə deyirdi bizimkilər? Ah, dur xatırladım...

Əzizim Vətən yaxşı,

Geyməyə kətan yaxşı,

Gəzməyə qərib ölkə,

Ölməyə Vətən yaxşı.

 

“Ədəbiyyat və incəsənət”

(08.09.2023)

Bakı Bələdiyyə Teatrı 31-ci teatr mövsümünə başlayıb. Bu barədə teatrın mediaya yaydığı açıqlamada bildirilir. 

Deyilir ki, ötən mövsümdə teatrda müxtəlif tamaşalar hazırlanıb, teatrın yaradıcı heyəti ölkədə keçirilən tədbirlərin əksəriyyətində iştirak edib.

Otuz illik hesabat xarakterli yubiley mərasimi, bir çox yeni tamaşaların nümayişi, Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın 270 illiyi münasibətilə Türkiyənin Bursa şəhərində keçirilən Şuşa günləri çərçivəsində olan səfər, Müdafiə Nazirliyinin birgə təşkilatçılığı ilə “Qəhrəmanlıq ənənələrini yaşadırıq!” devizi ilə mədəni-kütləvi tədbirlərdə olan iştirak, həmçinin Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində təşkil olunan tədbirlər planına öz töhfəsini verərək, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə əməkdaşlıq və s. məqamlar ötən mövsümün uğurlarına daxildir.

Otuz birinci mövsüm üçün görüləcək işlər, tutulan repertuar planı haqqında geniş məlumat yaxın günlərdə təqdim olunacaq.

Qeyd edək ki, 1992-ci ildə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və xeyir-duası ilə Xalq artistləri Amaliya Pənahova və Yusif Muxtarov tərəfindən yaradılan, yarandığı gündən saysız-hesabsız səhnə əsərləri ilə milli teatr mədəniyyətini Azərbaycanda, eyni zamanda, dünya ölkələrində təbliğ edən, fəaliyyəti ilə “Döyüşən teatr” adını qazanan, həmçinin bu illər ərzində saysız tamaşalar hazırlayan Bakı Bələdiyyə Teatrı daima uğurlu işləri ilə böyük tamaşaçı auditoriyasının qəlbini fəth etməyi bacarıb.

 

“Ədəbiyyat və incəsənət”

(08.09.2023)

Bu dəfə Şamaxıda Xalq rəssamı Arif Hüseynovun əsərlərindən ibarət sərgi açılıb

 

 

Bəli, Şamaxı ölkənin mədəniyyət paytaxtı olmağa tam iddialıdır. Rayonun icra hakimiyyəti başçısı Tahir Məmmədov bir zamanlar ölkənin mədəniyyət beşiyi sayılan Şirvan elinin keçmiş ənənələrini bərpa etmək  niyyətini gizlətmir. Azərbaycan Dili və Ədəbiyyatı Forumu yenicə başa çatmış, ədəbiyyat və elm xadimləri yenicə qonaqpərvər Şamaxıdan geri dönmüşdülər  ki, indi də qədim diyara rəssamlar yığışıblar. Təfsilatı “Ədəbiyyat və incəsənət” portalının növbəti xəbərində. 

 

Şamaxı Yaradıcılıq Mərkəzində Xalq rəssamı Arif Hüseynovun anadan olmasının 80, yaradıcılıq fəaliyyətinin 55 illiyinə həsr olunmuş sərgi açılıb. Bol eksponatlı sərgidə Azərbaycanın klassik nağılları, klassik şairlərin əsərləri və Azərbaycanın aşıq yaradıcılığına həsr olunmuş rəsm əsərləri nümayiş olunur. 

Ölkənin mədəniyyət, elm, təhsil və ictimaiyyət nümayəndələrinin qatıldığı tədbiri rayon icra hakimiyyətinin başçısı Tahir Məmmədov açaraq qonaqları salamlayıb. 

Xalq rəssamı, Azərbaycan Rəssamlar İttifaqının katibi Ağaəli İbrahimov, Xalq artisti, professor İlham Namiq Kamal, Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev və digərləri yubilyarı təbrik edib, ona yaradıcılıq uğurları arzulayıblar.

Bölgələrdə yaşayan yaradıcı gənclərin Azərbaycanın tanınmış yaradıcı simaları ilə tanış olması və işlərindən bəhrələnməsi, onların estetik tərbiyəsinə müsbət təsirin artması məqsədilə reallaşan bu tədbir şəhər sakinləri tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, tədbir Şamaxı Rayon İcra Hakimiyyətinin, Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin və Azərbaycan Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə gerçəkləşib.

Sərgiyə təşrif buyuranlar həm tanınmış rəssamın kataloqunu əldə ediblər, həm heyranlıqla çəkdiyi rəsmlərə tamaşa ediblər. 

Sərgiyə məktəb yaşlı uşaqların da gəlməsi xüsusən diqqətçəkəndir. Axı Arif Hüseynov klassik nağılları ustalıqla kətana köcürməklə məşhurdur. 

 

“Ədəbiyyat və incəsənət”

(08.09.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.