Super User

Super User

Cümə, 08 Sentyabr 2023 11:23

VİRTUOZ İFAÇI, BAMƏZƏ İNSAN

 

Bu gün görkəmli sənətkar Habil Əliyevin anım günüdür

 

Habil Əliyevin kamanla həzin və əsrarəngiz ifası Azərbaycan mədəniyyətinə əsl töhfə olub, milli musiqimizin qızıl fondunu təşkil edir. O, XIX əsrin 50-ci illərinin sonunda böyük sənət aləminə qədəm qoyduğu ilk vaxtlardan geniş dinləyici auditoriyasının məhəbbətini qazandı, qısa müddət ərzində qədim Azərbaycan musiqi aləti kamançada xalq mahnılarının, muğam və təsniflərin nadir istedada malik yaradıcı ifaçısı kimi şöhrət tapdı. Ömrünün sonunadək ifaçılıq sənətini daim təkmilləşdirərək o, Azərbaycan muğamının çoxəsrlik ənənələrini layiqincə davam etdirdi.

 

Həyatda da çox nikbin, baməzə bir şəxs idi, haqqında dodaqqaçıran lətifələr deyilirdi. Səməd Səmədova xalq artisti adı veriləndə, deyilənə görə o, bu sevincini Habil Əliyevlə bölüşmək istəyib. Və ona yaxınlaşaraq söyləyib:

-Habil müəllim, mənə xalq artisti adı verildi.

Habil Əliyev başını bulayıb.

-Onlar verirdi verirdi, bəs sən niyə götürürdün? 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu gün milli musiqi sənətinin görkəmli nümayəndəsi, tanınmış kamança ustası, Xalq artisti Habil Əliyevin vəfatından 8 il ötür.

Habil Mustafa oğlu Əliyev 1927-ci il mayın 28-də Ağdaş rayonunun Üçqovaq kəndində anadan olub. O, Ağdaşda orta məktəbi və eyni zamanda, yeddiillik musiqi məktəbini bitirdikdən sonra pedaqoji texnikumda oxuyub, 1952–1956-cı illərdə isə Bakıda Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbinin kamança şöbəsində təhsil alıb. Habil Əliyev burada ustad sənətkarlar tarzən Qurban Pirimov və müğənni Xan Şuşinskidən Azərbaycan xalq musiqisinin, muğamların bütün incəliklərini öyrənməklə ifaçılıq sənətinin sirlərini daha dərindən mənimsəmişdir.

Erkən yaşlarından kamançaya meyl salan, ifaçılıqla da hələ musiqi təhsili illərindən məşğul olan Habil Əliyev əmək fəaliyyətinə Nəcəf bəy Vəzirov adına Ağdaş Dövlət Dram Teatrında çalışmaqla başlamış, 1953-cü ildən Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında muğam üçlüyündə kaman ifaçısı olaraq fəaliyyət göstərmişdir. O, 1956–1978-ci illərdə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının, 1978-ci ildən Azərbaycan Dövlət Qastrol-Konsert Birliyinin solisti olmuşdur.

Şərqin qocaman sənətkarlarına xas dərin musiqi duyumunun virtuoz ifa tərzi ilə ahəngdar vəhdətində Habil Əliyev özünəməxsus səs tembrinə malik kamançanın təsirli avazına yeni guşələr, xallar və rənglər qatmaqla onun imkanlarını görünməmiş yüksəkliklərə qaldırmışdır. Kamança ilə solo ifaçılığının musiqi mədəniyyətimizdəki hazırkı mövqeyi mütəxəssislər tərəfindən Habil Əliyev fenomeni kimi qiymətləndirilir.

Habil Əliyev muğam kompozisiyalarının yaradıcısı və improvizasiya ustası idi. Geniş repertuarlı musiqiçi Azərbaycan xalqının milli sərvəti sayılan “Segah”, “Şur”, “Çahargah”, “Rast”, “Mahur”, “Zəminxarə”, “Bayatı-Qacar”, “Bəstənigar” muğamlarının yeni ifa tərzini formalaşdıraraq novatorluqla ənənənin sintezinə nail olmuşdur. Sənətkarın ifasında “Sarı gəlin”, “Qaragilə”, “Sona bülbüllər” və digər xalq mahnıları mədəniyyətimizin qızıl fonduna daxildir. Habil Əliyevin ifaçılıq üslubu şəxsən ona həsr olunmuş simfonik bəstələrin işıq üzü görməsinə yol açmışdır.

Ustad sənətkar virtuoz ifaçılığı ilə yanaşı gözəl mahnıların da müəllifidir. Onun bəstələdiyi 15-dən artıq mahnı bu gün də tanınmış musiqiçilər tərəfindən sevilə-sevilə ifa olunur. Habil Əliyevin ABŞ, Fransa, Yaponiya, İtaliya və Yunanıstanda Azərbaycan muğamlarından və xalq mahnılarından ibarət kompakt diskləri də buraxılıb. O, keçmiş SSRİ respublikalarında və eləcə də dünyanın bir çox ölkələrində Türkiyə, Amerika, Almaniya, İngiltərə, Fransa, Hindistan, Pakistan, İran, Misir, İsveçrə, Hollandiya, Tunis, Yaponiya, Suriya, Mozambik və s., qastrol səfərlərində olub.

Təkrarolunmaz ifaçılıq məharəti, mənəvi aləmə nüfuz etmək bacarığı və yüksək səhnə mədəniyyəti Habil Əliyevin qüdrətli sənətini musiqi bilicilərinə və saysız-hesabsız muğam pərəstişkarlarına sevdirib. Mahir kaman ifaçısı, eyni zamanda, bir sıra mahnıların müəllifi olaraq tanınırdı. Vətənin hüdudlarından uzaqlarda Azərbaycan mədəniyyətini böyük uğurla təmsil edən sənətkar mötəbər səhnələrdəki çoxsaylı unudulmaz konsert proqramları ilə milli musiqiyə, muğamlara geniş şöhrət qazandırmışdır.

Muğam ifaçılığı ənənələrinin və xalq musiqisinin saflığının qorunmasını həyatı boyu öz sənət fəaliyyətinin başlıca qayəsi hesab etmiş Habil Əliyev Azərbaycanın milli mənəvi və mədəni dəyərlərinin həqiqi təəssübkeşi idi. Onun milli mədəniyyətə xidmətin parlaq nümunəsi olan sənət yolu gənc musiqiçilər nəsli üçün əsl məktəbdir. Azərbaycan ədəbiyyatının və təsviri sənətinin tanınmış nümayəndələri Habil Əliyevə həsr etdikləri əsərlərdə artıq muğamın rəmzlərindən birinə çevrilmiş böyük ustadın dolğun obrazını canlandırmışlar.

Milli mədəniyyətin inkişafı və təbliği sahəsində mühüm nailiyyətlərinə görə Habil Əliyev müxtəlif təltiflər almış, müstəqil Azərbaycan Respublikasının ali mükafatlarından “Şöhrət” və “İstiqlal” ordenlərinə layiq görülmüşdür.

Görkəmli sənətkar, bənzərsiz kaman ifaçısı, qayğıkeş və səmimi insan Habil Mustafa oğlu Əliyevin əziz xatirəsi xalqımızın qəlbində həmişə yaşayacaq.

Xalq artisti Habil Əliyev 2015-ci il sentyabrın 8-də ömrünün 89-cu ilində vəfat edib.

Ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(08.09.2023)

Şamil Ənvəroğlu: “İnsana ən çox ziyan verən onun öz sözünü demək lazım olduğu yerdə susması, çıxıb getmək lazım olduğu yerdə qalması, unudulmağa layiq olan kəsləri unutmamasıdır”

 

İstəkli oxucularımız. Bu cümədən etibarən sizə yeni rubrikamızı təqdim edirik. Bu gün xaotik həyat, məişət problemləri, internet asılılığı bizi o qədər robotlaşdırıb ki, fəlsəfi düşünmə qabiliyyətimiz sanki korşalıb. Amalımız bu qabiliyyəti itiləmək, işlək vəziyyətə gətirməkdir. Çünki bütün qapıların açarı rasional düşünməkdən yaranır. 

Ülviyyə Əbülfətqızının aparacağı bu rubrika “Cümə günü Əbülfəzqızının "10 sualı" adlanır, yayımlanma zamanı hər cümə saat 14.30 olacaq və rubrikanın ilk qonağı çox sevilən Yaradıcımız- Şamil Ənvəroğludur.

 

Salam Şamil bəy. Xoş gördük,  hazırsınızsa, keçək suallarımıza.

 

1) Nitsşe fəlsəfəsinə görə paxıllıq biz onu bələdçi kimi istifadə etdiyimiz müddətdə ziyansızdır. Sizcə, az da olsa, daxilimizdə paxıllıq hissi olmalıdırmı?

 

1. Nitsşe 1883-cü ildə yazmağa başladığı "Zərdüşt belə deyirdi" fəlsəfi əsərində "üst insan", "fövqəl insan" anlayışlarını elmə gətirərək qeyd edir ki, insanın üst insana çevrilməsi üçün mövcud dəyərləri və inanc sistemlərini öz həyatından silməsi gərəkdir.

Əvəzində isə, öz dəyərlərini, öz zövqünü, öz azadlığını və öz düşüncə tərzini yaratmalıdır. Və bu yolda acı çəkməkdən əsla çəkinməməli, hətta yaşadığı hər bir ağrı-acını həyatının əsas təkanverici qüvvəsi saymalıdır...

Mənim həyatıma yön verən üç böyük dahidən biri olan Nitsşenin paxıllıqla bağlı fikrini bir balaca dəyişərək sağlam rəqabət hissini ön plana çıxarmaq istərdim.

Mənə elə gəlir ki, sağlam rəqabət olan yerdə inkişaf da olacaq, dostluq da, səmimiyyət də...

Paxıllıq insanı içindən yeyən qurd kimidir.

"Paxıl insan artmaz" deyimi boşuna deyilməyib. 

İstənilən halda, insanın bir başqasına və ya özünə ziyan verən hər hansı bir duyğusu varsa, bu hiss zamanla insanın mənəvi məhvinə gətirib çıxarır və insanı ruhu ölmüş bir quru bədənə çevirir.

Ona görə də, hər bir insana daşıya biləcəyi yükü, bacara biləcəyi işi, sevə və sevilə biləcəyi insanı, yaşaya biləcəyi həyatı arzu edirəm.

 

2) Şamil Ənvəroğlu " Anna Karenina "- ya nə söyləyərdi?

 

2. "Anna Karenina” romanı Lev Tolstoyun ən çox sevdiyim əsəri və bir çox yazarlar üçün dünya roman sənətinin ən yüksək zirvəsi hesab olunur. Dostoyevski bu romanı oxuyandan sonra o qədər təsirlənib ki, romanın müəllifi Tolstoyu "Sənətin Tanrısı" adlandırıb.

Əsər ali bir zümrədən olan parlaq hərbçi gənc Knyaz Vronski ilə adlı-sanlı dövlət məmurunun həyat yoldaşı Anna Kareninanın qadağan olunmuş məhəbbəti haqqındadır. Knyaz Vronski ilk baxışdan Anna Kareninaya vurulur və sərhəd tanımayan heyvani kişi ehtirası ilə onun arxasınca düşməyə başlayır, ta ki, ona tamamilə sahib olana qədər. Ailəsi, dostları və cəmiyyət əvvəlcə Vronskinin ərköyün meyillərinə hətta rəğbətlə baxırlar, sonra məsələnin ciddi olduğunu görəndə isə hamı səfərbər olub onu bu qara sevdadan çəkindirməyə çalışır. Vronski isə sevir, nəyin bahasına olursa olsun qadını ələ keçirməyə çalışır, ələ keçirəndən sonra isə, gözlənildiyi kimi ehtirasları soyuyur.

Anna Karenina isə ən sonda özünü qatarın altına ataraq intihar edir.

Mənə görə sevgi yolunda ölmək də şəhidlik sayılır. Ancaq baxır insan kimi sevir. Etdiyi bütün fədakarlıqlara dəymirsə, bir qədirbilməzi sevərək boşuna əzab çəkməyə dəyməz. Düzdür, sevgi gələndə xəbər etmir ki, bu insanı sevməyə dəyər, ya dəyməz. İnsan sevəndə ürəyin ritmi artdıqca, beynin düşünmə funksiyası azalır.

Sevən insan üçün sadəcə O var. O isə çox vaxt dəymir böyük bir sevgiyə. Elə Annanın sevgisi kimi. Annaya sevə bildiyi üçün böyük təşəkkürlər, sevgisinə layiq olmayanı sevdiyinə görə isə böyük iradım var.

Ancaq bütün hallarda SEVGİYƏ və SEVƏ BİLƏN insanlara sonsuz sayğım var.

Yaşasın QARŞILIQLI SEVGİ!

 

3) İkiyə bölünmüş qadın görürəm,

Bir üzü anatək gülür uşaqla.

Bir üzü qadıntək çürüyüb gedir.

      ( Şamil Ənvəroğlu)

 

Ən " qlobal " problemlərdən biri də ailədə kişi və qadının bir-birini anlamamasıdır. Bu cür cütlüklərə Şamil Ənvəroğlu nə tövsiyə edərdi?

 

3. Bizim cəmiyyətdə əsl qadın olmaq da böyük məsuliyyətdir, əsl kişi olmaq da.

Hətta qadın kimi qadınlığını və kişi kimi kişiliyini qoruya bilmək indiki dövrdə ən böyük qəhrəmanlıqdır. Bu ölkədə bir qadının eyni şəkildə həm öz evinin xanımı kimi, həm də uşaqlarının anası kimi xoşbəxt olması çox çətin məsələdir.

Biri olanda, o birisi olmur. Ya da mühit insanı yoğurub elə bir hala salır ki, bir vaxt başqasında görüb qınadığı həyatı müəyyən zaman sonra özü yaşamış olur. 

Yuxarıda sizin bizim şeirdən sitat gətirdiyiniz cümlələr bu cəmiyyətin acı reallığıdır, çox təəssüflər olsun ki.

Məncə, sevgidən ötə bir duyğu var ki, onun da adı ANLAYIŞDIR.

Bəzən elə düşünürlər ki, insan sevəndə həm də anlaya bilir. Doğru yanaşma deyil.

Çünki sevən insan sadəcə güzəşt edir və bu güzəşt də bir yerə qədər, bir vaxta qədər olur.

ANLAYIŞ isə bir-birilərinə uyğun insanların bacardığı işdir.

Zövqdə, dünyagörüşdə, təhsildə, mədəniyyətdə, əxlaqda uyğunluq varsa, o insanlar bir-birini hər zaman anlayacaqlar.

Ona görə də, ANLAYIŞLI insan axtarmaqdan öncə özünə uyğun insan axtarmalıdır insan. 

Bütün haqq edən xanımlarımıza doğru insanla, doğru zamanda və doğru məkanda xoşbəxt olmağı və sevgi dolu, sayğı dolu bir ömür yaşamağı arzu edirəm!

 

4)Aristofana görə : 

" Qısa ağlın uzun dili var."

Siz qısa ağılla dastan söyləyənlərə 1 cümlə ilə nə söyləyərdiniz?

 

4. Atalardan qiymətli bir məsəl var,

Boş qab kimi cingildəmə, ağır ol.

Boş-boş danışmaqdan söylə, nə çıxar?

Çalış, düzlük zirvəsinə cığır ol.

 

"Çox danışanın yalanı çox olar" deyiblər.

Əsas odur ki, sözü SÖZ qanana deyib,

yaxşılığı da yaxşılığı anlayana edəsən.

 

5)" Ağatlı oğlan" nağıllarına inanıb                      "qara güllü don" geyinən xanımlara və mələkqanadlı görünüb iblisxislətli ailənin müqəddəsliyinə haram qatan             “qadınlara" nə söyləmək istəyərdiniz?

 

5. Bir dəfə bir jurnalist dostumuz mənə sual vermişdi ki, sizə görə ən dəyərli xanım hansı xüsusiyyətləri daşıyan xanımdır.

Cavabım isə belə olmuşdu ki, mənə görə ən dəyərli qadın ən əlçatmazda olan qadındır.

"Şirin" yalanlara inanmaq təkcə saflıq deyil, həm də insanın travmalarından yaranan acizlik hissidir.

İnsanı uçuruma təkcə avamlığı aparmır. Bəzən insan öz insanlığının qurbanına çevrilir.

Dəyərsizə inanıb inancını,

qədirbilməzə güvənib güvənini,

bir axmağı sevib də sevgisini itirir...

Təsadüfi deyil ki, sosial şəbəkələrdə tez-tez paylaşdığım bir fikir var: ən gözəl təriflər ən çirkin maraqlardan doğar.

Əgər insan özünü tanıyırsa, ona deyilən  tərifin də, tənqidin də nə olduğunu anındaca hiss edir.

Özümüzü yaxşı tanıya bilsək, 

nə istədiyimizi dəqiq müəyyən edə bilsək, bizi kimsə öz yalanları ilə aldada bilməz.

 

6) Ziqmund Freydə görə:  "Boğduğumuz hisslər ölmür. Həmin hisslər insanın içində böyüyərək ona zərər verməyə başlayır."

Şamil Ənvəroğluna zərər verən hisslər varmı, yoxsa, onun beyni əmri bir dəfə verir?

 

6. Psixologiya elminin üç böyük dahilərindən (digər ikisi Alfred Adler və Karl Qustav Yunqdur) biri olan Ziqmund Freyd onu da deyir ki,

 "bədbəxtliyi dadmadan, həmişə xoşbəxt olmaq istəyərsən.

Halbuki nələrin səni bədbəxt etdiyini bilmədən, nələrlə də xoşbəxt olacağını bilə bilməzsən".

İnsan elə bir canlıdır ki, çox vaxt sahib olduqlarının nankoruna çevrilir. 

İtirəndən sonra da başlayır ağlayıb-sızlamağa.

Bəlkə də, insana ən çox zərər verən insan elə onun özüdür. Özündən dəyərli bildiyinin yanında dəyərsiz olması, özündən çox sevdiyinin əlində oyuncağa çevrilməsi, özünü unudub da bir başqasını düşünməsi insanın özünə qarşı etdiyi ən böyük xəyanətdir.

Təsadüfi deyil ki, məşhur yazıçı Bukovski deyirdi:

 "Dava olmasın deyə susduğum zamanlar,

qarşımdakı qırılmasın deyə udduğum sözlər və itirməmək üçün altdan aldığım insanlar oldu.

Amma indi başa düşürəm ki,

bəzi davalar olmalıydı,

bəzi qəlblər qırılmalıydı,

bəzi insanlar da itirilməliydi.

Davamlı olaraq güzəştə gedəndə səni ciddi qəbul etmirlər".

Ümumiyyətlə, insan həmişə basdırdığı duyğunun əsirinə çevrilir. Necə ki ən çox qorxduğu hadisə öz başına gəldiyi kimi...

İnsana ən çox ziyan verən onun öz sözünü demək lazım olduğu yerdə susması,

çıxıb getmək lazım olduğu yerdə qalması,

unudulmağa layiq olan kəsləri unutmamasıdır.

Ona görə də, hər kəsə öz haqq etdiyi dəyəri verib, hər kəslə də öz dilində danışmaq lazımdır ki, səni ANLAYA bilsin.

 

7) Bir ovuc kül idin, ocağın oldum,

Üşüyən ruhunun qucağı oldum.

Ömrünün ən şirin, xoş çağı oldum,

Özüm öz qədrimi bilib gedirəm.

      (Şamil Ənvəroğlu)

 

Ömüryeyənlər ömür yollarında özlərinə  oxşayan "acgözlərlə" rastlaşanda "yedikləri ömrü" xatırlayırlarmı?

 

7. Sağalmayan yaralar var,

ya gülüşündə gizlədərsən kimsə bilməsin deyə,

ya da dərin bir səssizliyində...

 

Elə bir dövrdə və elə bir cəmiyyətdə yaşayırıq ki, ətrafımız "ümid qatilləri" ilə doludur.

Bəlkə də, ən böyük cinayət kiminsə arzularını və ümidlərini qətl etməkdir ki, bunun da cinayət məcəlləsində heç bir  cəzası filan yoxdur. Ona görə də, cəzasızlıq mühitində "ömür yeyənlər" də artıb, "ümid öldürənlər" də...

Elə bunları görərək yazmışdıq bir zamanlar bu şeiri:

 

Yanımızda dolaşır neçə ümiddən yetim,

neçə ürəyi varlı,

neçə həyatı yoxsul...

Bəlkə də, qarğış kimi səslənir neçəsinə 

dediyimiz :

"çox yaşa, uzun ömür və var ol !".

 

Sınıq ürəklər gəzir bəzəkli küçələrdə,

baxışlardan oxunur :

"əl vurmayın tökülər !".

Çiliklənmiş ümidin bir az da qüruru var,

Bir səbəb də taparlar : 

"düşmən bilib sevinər !"...

 

Neçə gözün içində bir əyri xətt cümlə var,

bu gözlərə baxmayın :

 "girişi qadağandır !".

Sabahları bir məchul,

lap həll edə bilsən də,

Cavabı alınacaq :

"yaşamaq qadağandır !"...

 

8) Dəyərli Yazar və məntiq müəllimi, Məntiq və Ədəbiyyat hansı sərhəddə toqquşur?

 

8. Ədəbiyyat və Məntiq...

 

Ədəbiyyat sözlərlə ürəyin rəsmini çəkir,

Məntiq isə düsturlarla beyinin...

 

Ədəbiyyat duyğuların ritmik dilidir, Məntiq isə dərin zəkalı ağılın...

 

Ədəbiyyat səssizliyin hayqırışla harmoniyasıdır, Məntiq isə düşüncənin gerçəkliklə...

 

Ədəbiyyat xəyal və arzuların qanadlandığı vakumdur, Məntiq isə riyazi hesablamanın vərdişlə birlikdə sığındığı məkan...

 

Ədəbiyyat sonsuzluğun elmidir, Məntiq isə reallığın əks-sədası...

 

Və məntiqsız ədəbiyyat olmur, ədəbiyyatsız da insan İNSAN olmur.

 

9) Aristotel poeziyanın ümumidən, tarixin isə xüsusidən bəhs etdiyini bildirərək, poeziyanı daha üstün qəbul edib. Bəs Şamil Ənvəroğlu poeziyaya hansı tərifi verərdi?

 

9. Poeziya ruhun çırpınışı, 

ürəyin döyüntüsü,

duyğuların var olma şəklidir...

Ədəbiyyatı böyük bir limana bənzətsək, poeziya bizi o limana aparan,

dalğaların qoynunda bizi atıb-tutan bir gəmidir. 

Bu gəminin kapitanı isə ÜMİDDİR.

 

10) Şamil Ənvəroğlu bir şeir olsaydı, son misrası necə bitərdi?

 

10. İcazənizlə, bu suala şeirlə cavab vermək istəyirəm...

 

Ömrün ən çox sabahını,

aydınlığı, nuru sevdim.

Sevəndə də insan kimi,

tərtəmiz, dumduru sevdim.

 

Açdım qollarımı yana,

sarıldım sevgi dünyama,

daldım ən dərin ümmana,

bir əlçatmaz ruhu sevdim.

 

İçin-için ağlayanda,

yoxluqlara sarılanda,

insanlardan dərd alanda,

səssiz tənhalığı sevdim.

 

Üsyan etdim saxtalara,

Ruhu, qəlbi taxtalara,

Şərəfindən axtalara,

İNSAN olan kəsi sevdim.

 

Nifrət etdim bu zamana,

Bizi ağrıdan dövrana,

Gülmədim şirin yalana,

Bir ağladan düzü sevdim.

 

Darıxanda sözə döndüm,

Üşüyəndə közə döndüm,

Eşqdə "MƏN" yox, "BİZ"ə döndüm,

Uzaqdan bir qızı sevdim.

 

Ay dostlarım, yüz yaşayın,

Bu həyatı düz yaşayın,

Mən ölsəm də, SİZ yaşayın,

Bir ömürlük SİZİ sevdim...

 

Yəni ki, son misra - SEVDİM!!!

 

P.S. Şamil bəy, rubrikamızın qonağı olduğunuz üçün Sizə dərin təşəkkürümü bildirirəm, dəyərli Yaradıcımız, yaradıcılığınızda Sizə bol uğurlar arzu edirik.

Ümidliyəm, Əbülfəzqızı sualları ilə Sizi yormadı və ən çox bəyəndiyiniz sual hansı oldu?

 

-Bütün suallarınızı sevdim və bu gözəl suallara görə Sizə sonsuz təşəkkürlər, dəyərli Ülviyyə xanım!

Həm Sizə, həm də bütün redaksiya heyətinə öz dərin minnətdarlığımı bildirirəm.

Sizlərə və oxucularımıza sağlıqlı ömür, sevgi və sayğı dolu həyat arzu edirəm!

 

“Ədəbiyyat və incəsənət”

(08.09.2023)

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

Qismətimdə günçıxandan günbatanadək getmək, oranın cürbəcür adamları ilə ünsiyyətdə olmaq da var imiş. Və bu gün günbatanda gördüyüm adamlarla müqayisə edəndə anlayıram ki, sən demə dünyanın ən yaxşı adamları da elə gündoğanda imiş. Bu gün sizə onlardan biri- Cəlilabadın Alar kəndində yaşayan Bilal Alarlı haqqında söhbət açmaq istəyirəm. Həyatı rəngarəng keçib; xoş günləri də olub, düz söz üstündə iztirablara sinə gərdiyi vaxtları da. Hətta sovet hökumətinə qarşı çıxdığına görə zindanda da yatıb. Amma heç zaman sarsılmayıb, həvəsdən düşməyib. Cənub bölgəsi ilə əlaqədar mükəmməl araşdırmaları var. Və bu araşdırmaların arxasında böyük zəhmət, sarsılmaz iradə durur...

 

Sadə olduğu qədər də mürəkkəb adamdır. Sadədir ona görə ki, heç zaman təkəbbür göstərmir, təmtəraqdan uzaq qaçır, mürəkkəbdir ona görə ki, onu fikrindən döndərmək olmur, yalançılara, rüşvətxorlara, zalımlara qarşı amansızdır...

 

Səxavətli və qonaqpərvərdir. Qonağının nazını çəkməkdən yorulmur, onun xidmətində dayanmaqdan zövq alır. Evindəki ən gözəl nemətləri süfrəsinə gətirməyə tələsir, gedərkən qonağına öz əli ilə həyətyanı sahəsində əkib becərdiyi nemətlərdən pay verir...

 

Cənubluların ona borcu çoxdur. Şəxsi vəsaiti hesabına cənubdakı rayonlara səfər edib müfəssəl tədqiqatlar aparır. Bəli, onun öz hesabına nəşr etdirdiyi kitablar gələcək nəsillər üçün elmi mənbə, istinad yeridir...

 

Bilal Alarlı Allahın möcüzəsidir, ikinci həyatını yaşayır. On beş yaşında klinik ölüm keçirib. Onu ölmüş bilib, qəbrini də qazıblar. Kənd camaatı onu basdırmaq istəyəndə o, birdən komadan ayılıb. Sonra düz 40 il boş qalmış qəbrinin üstündə hər İlaxır çərşənbədə şam yandırıb. Üç ali məktəb bitirib, aspiranturada oxuyub, dissertasiya müdafiə edib, 35 kitabın müəllifidir...

 

Bəli, Bilal Alarlı gündoğanda yaşayan insanların ən yaxşılarından biridir. Dünyada nə qədər yaxşı söz varsa ona şamil etmək olar. Sentyabrın 8-i Bilal müəllimin 65 yaşı tamam olur. Onu bu münasibətlə təbrik edir, möhkəm can sağlığı, firəvan həyat, yaradıcılıq uğurları arzulayıram.

Çox yaşa, dostum!

 

“Ədəbiyyat və incəsənət”

 

(08.09.2023)

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının repertuarında baxımlı tamaşalardan hesab olunan dahi bəstəkar Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” tamaşası nümayiş olunacaq.

 

Mədəniyyət Nazirliyinin “Zirvə” mükafatına layiq görülmüş səhnə əsəri Xalq artisti Cənnət Səlimovanın quruluşunda hazırlanıb.

 

Xatırladaq ki, sentyabrın 17-də təqdim olunacaq tamaşanın quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, quruluşçu rəssamı Əməkdar rəssam İsmayıl Məmmədov, xormeysteri Əməkdar artist Vaqif Məstanov, dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu baletmeysterləri Əməkdar artistlər Zakir və Yelena Ağayevlər, konsertmeysteri Fidan Babayeva, rejissor assistenti Sevinc Məmmədovadır.

 

Biletləri şəhərin bütün mərkəzləşdirilmiş kassalarından, “ASAN xidmət” mərkəzlərindən, eləcə də “iticket.az” saytından əldə etmək olar.

Kollektiv sifarişlər qəbul olunur.

 

“Ədəbiyyat və incəsənət”

(08.09.2023)

Cümə, 08 Sentyabr 2023 12:45

Nədir bu 42?

Habil Yaşar, “Ədəbiyyat və incəsənət”

 

Ən maraqlılar rubrikasındayıq. Bu gün 42 rəqəmi barədə danışacağıq. Və görəcəksiniz ki, bu, həqiqətən də fərqli rəqəmdir. 

 

 

Duqlas Noel Adams (DNA) tərəfindən yazılmış “Hitchhiker'in Qalaktikaya dair Bələdçisinə görə” 42-həyat, kainat və hər şeyin son sualına cavabdır.

Googledə-“answer to life, the universe, and everything” (həyata, kainata və hər şeyə cavab) yazsanız qarşınıza 42 rəqəmi çıxacaqdır.

İşığın suda 42 °-lik yansıması ilə göyqurşağı əmələ gəlir.

Qədim Misir inancında 42 tanrı və tanrıça var və ölən insanlara 42 sual verilir.

Bir kağızı maksimum 42 dəfə qatlaya bilərsiniz.

İlk mətbəədə çap olunmuş Qutenberq İncili  "B42" və ya "42 sətirlik İncil" olaraq tanınır. Çünki hər səhifəsində 42 sətir var.

Kabalistik ənənələrdə Tanrının adının 42 hərfdən ibarət olduğu deyilir.

Buddizmdə 42 bölümdə ibarət sutra var.

Lao Tsu tərəfindən yazılmış Tao Te Ching qədim əlyazmasının 42-ci hissəsində kainatın təsviri yer alır.

Bu molibdenin atom nömrəsidir.

Babillilərin müəyyən etdiyi kimi, 79 ildə Mars Günəş ətrafında demək olar ki, düz 42 dəfə dövr edir.

Microsoft Windows domeni üçün parolun sona çatma siyasəti standart olaraq 42 gündür.

İngilis elmi-fantastik seriyasında Doctor Who, 3-cü mövsümdə 42 adlı bir bölmə var.

Amerika və Beynəlxalq Riyaziyyat Olimpiadalarında 42 mövcud olan ən yüksək baldır.

42 Dugg Amerikalı reperdir.

Level 42 İngilis pop/rok/funk musiqi qrupudur.

42 Entertainment - “I Love Bees”, “Year Zero” və “Why So Serious” daxil olmaqla bir neçə alternativ reallıq oyununa cavabdeh olan şirkətdir.

Kriket qanunlarının sayı 42-dir.

Bir barel neftdə 42 ABŞ qallonu var və s...

Bu arada 42 yaşlı oxucularımız da yəqin ki, az deyillər, onlara daha fəal, inamlı olmağı, bu yaşın sehrindən istifadə etməyi arzulayıram. 

 

“Ədəbiyyat və incəsənət”

(08.09.2023)

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı 114-cü mövsümü Ulu Öndər Heydər Əliyevin 100 illik, peşəkar milli teatrımızın 150 illik yubileyinə həsr olunmuş “Sən elə bir zirvəsən” tamaşası ilə açacaq.

 

Teatrdan verilən məlumata görə, tamaşanın bədii rəhbəri teatrın direktoru Əməkdar incəsənət xadimi Əliqismət Lalayev, ssenari müəllifi Əməkdar artist Mübariz Həmidov, quruluşçu rejissoru teatrın baş rejissoru Cavid İmamverdiyev, quruluşçu dirijoru teatrın baş dirijoru, Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, xormeysteri teatrın baş xormeysteri, Əməkdar artist Vaqif Məstanov, baletmeysteri teatrın baş baletmeysteri, Əməkdar artist Emin Əliyev, rejissor assistenti Afər Tağıyevadır.

 

Sentyabrın 15-də nümayiş olunacaq musiqili-tarixi esse kimi hazırlanan bu səhnə əsərində teatrın solistləri Əməkdar artistlər Fərid Əliyev, Səidə Şərifəliyeva, Prezident mükafatçıları Mehriban Zaliyeva, Səmədzadə Xasiyev, aktyorlar İbrahim Əlizadə, Aydan Həsənova, Hidayət Əliyev, Şaban Cəfərov, Türkel Tariqpeyma, Emin Zeynallı, həmçinin teatrın xor və balet heyətinin üzvləri iştirak edəcəklər.

 

Xatırladaq ki, ilk dəfə Ümummilli Liderin doğum günündə Musiqili Teatrın səhnəsində nümayiş etdirilən bu tamaşa daha sonra Gəncə və Şəki şəhərlərində də uğurla təqdim olunub. Kollektiv bu layihə ilə Mingəçevir, Lənkəran və Naxçıvan şəhərlərində də çıxış edəcək.

 

“Ədəbiyyat və incəsənət”

(08.09.2023)

Cümə, 08 Sentyabr 2023 07:30

Tətil “Oskar”ı da haqladı

ABŞ Kino Akademiyası fəxri “Oskar” mükafatlarının təqdimat mərasimini təxirə salıb.

 

Xarici KİV xəbər verir ki, ssenaristlər və aktyorların tətili səbəbindən mərasim 2024-cü ilə keçirilib.

 

Fəxri mükafatların qaliblərinin aktrisa Ancela Basset, rejissor, ssenarist və prodüser Mel Bruks, redaktor Kerol Littleton və Sundance İnstitutundan Mişel Satter olacağı bildirilib.

 

Qeyd edək ki, mükafatları təqdim edən qurumun məlumatına əsasən, bu proseslə bağlı mümkün dəyişikliklər olduğu təqdirdə mediaya ümumi məlumat veriləcək.

 

“Ədəbiyyat və incəsənət”

(08.09.2023)

Zəhra Allahverdiyeva, “Ədəbiyyat və incəsənət”

 

Hər bir dövrdə baş verən hadisə və yeniliklərə uyğun olaraq ədəbi və incəsənət cəhətdən fərqliliklər yaranır. Müxtəlif musiqi zövqlərinə aid müsiqi növləri yaranmışdır. Məsələn: klassik, caz, pop, hip-hop, rock and roll və s. 

Müasir dövrdə də bu belədir. Gənc təbəqə adətən pop, rep, bəziləri də klassik musiqi dinləyir. Ayrılıq, sevgi, hərbi intizar və s. mövzulu musiqilər dinlənilir. Nisbətən yaş almış təbəqə isə klassik və XX əsr musiqilərini üstün tutur. Ölkəmizdə yerli, türk, rus, ingilis, fransız və s. dillərdə olan müsiqilər dinlənilir. 

Mən isə klassik musiqiyə üstünlük verirəm. Akif İslamzadə ("Ala gözlüm"), Eyyub Yaqubov ("Əzizim"), Kərim Novruzov ("Günahkar Mavi Xəzərdir"), Rəşid Behbudov ("Nazəndə sevgilim"), Hüseynağa Hadıyev ("Al məndən gülüşlərini") kimi musiqilərin vurğunuyam.

 

“Ədəbiyyat və incəsənət”

(08.09.2023)

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası növbəti yaradıcı mövsümlə tamaşaçıların görüşünə gəlir.

Filarmoniyanın yaydığı məlumata görə, yay aylarında böyük tədbirlər planı hazırlamış, onları yüksək səviyyədə təqdim etmək üçün dayanmadan çalışan kollektivlər və inzibati işçi qrupu çoxsaylı festival və müsabiqələr, beynəlxalq və yerli layihələrə imza atmağa hazırdırlar.

 

Azərbaycan Dövlət Akademik Filarmoniyası və Kamera Orqan Musiqisi Zalında keçiriləcək tədbirlərdə müxtəlif solo konsertlər, eyni zamanda, yaradıcılıq gecələrin təşkili planlaşdırılır.

Filarmoniyanın nəzdində fəaliyyət göstərən çoxsaylı kollektivlərin hər birinin xüsusi konsert repertuarları daha da genişləndirilib, eləcə də ifaçı tərkibi yenilənib.

Yeniliyə daim açıq olan Azərbaycan Dövlət Akademik Filarmoniyasının rəhbərliyi gənc ifaçıları da unutmur. Təcrübə ilə müasirliyin tandeminə əsaslanan layihələrə dəstək olmaqda davam edərək səhnəni daim gənc, yaradıcı nəsil nümayəndələrinə həvalə etməyə hazırdır.

 

“Ədəbiyyat və incəsənət”

(08.09.2023)

Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimlinin rəhbərliyi ilə nümayəndə heyətinin Çin Xalq Respublikasına səfəri davam edir. 

3-9 sentyabr tarixlərini əhatə edən səfər çərçivəsində mədəniyyət naziri Adil Kərimli sentyabrın 6-da Moldova Respublikasının mədəniyyət naziri Sergiu Prodan ilə görüşüb. Bu barədə “Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən məlumat verir.

 

Görüşdə iki ölkə arasında mədəni əlaqələrin mövcud vəziyyətinə nəzər salınıb, bu sahədə gələcək əməkdaşlığın daha geniş potensiala malik olduğu vurğulanıb.

Sergiu Prodan gələn il Azərbaycanda Moldova mədəniyyəti günlərinin keçirilməsi təklifi ilə çıxış edib. Bu təkliflə bağlı fikir mübadiləsi aparılıb.

 

“Ədəbiyyat və incəsənət”

(08.09.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.