Super User

Super User

Çərşənbə, 06 Sentyabr 2023 11:45

II Bilik Kitab Sərgisi keçiriləcək

Nizami Rayon İcra Hakimiyyəti və Azərbaycan Nəşriyyatları

Assosiasiyasının (ANAİB) birgə təşkilatçılığı ilə 8-10 sentyabr tarixlərində Nizami

rayonu Bəhruz Nuriyev küçəsində - Heydər bağı – Park Bulvarda II Bilik Kitab

Sərgisi keçiriləcək.

 

“Ədəbiyyat və incəsənət” portalı ANAİB-ə istinadən  xəbər verir ki, 20-dən çox nəşriyyat və mağazanın iştirak edəcəyi sərgidə məktəbli ləvazimatları, kitablar, dəftərlər, qeyd dəftərçələri, test topluları, çantalar, həmçinin bədii əsərlərin endirimli satışı olacaq.

Bununla yanaşı sərgi çərçivəsində tanınmış yazıçıların imza mərasimləri, şou-proqramlar, şeir və canlı musiqi saatları da baş tutacaq.

Sərginin ilk günü “Kitabqurdu” I Yay Oxu Marafonu çərçivəsində ikinci “Buknik” baş tutacaq. Marafonda iştirak edən kitabların müəllifləri – Amin Sükut, Aynur Cavid, Cəmilə Məmmədli, Əziz Sultan, Əziz Yaqubzadə, Reyhan Yusifqızı, Rövşən Abdullaoğlu müvafiq olaraq “Tuflinlər”, “Səyyah Bilgə”, “Əjdahaların sirri – Adəmin macəraları”, “Məktubunuz var”, “Yaşıl gözlü qız”, “Mən yeməli deyiləm” kitablarını imzalayacaq, oxucularla söhbət aparacaqlar.

Tədbirdə uşaqlar üçün endirimli master-klaslar, face-art kimi müxtəlif fürsətlər də təklif olunacaq.

Üç gün davam edəcək sərgi saat 10:00-dan 20:00-dək davam edəcək. Giriş sərbəst olacaq.

 

“Ədəbiyyat və incəsənət”

(06.09.2023)

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində bu gün yenidən Nəsr vaxtıdır, sizlərə Vüsal Bağırlının “Köhnə avtomobil” hekayəsi təqdim edilir.     

 

 

 

NƏSR

 

Vüsal BAĞIRLI

 

KÖHNƏ AVTOMOBİL

 

Eyvana çıxıram. Hava buludludur. Ətrafda qəribə səslər eşidilir.

“Tap-tap-tararapp”.

Alnıma, əlimə soyuq damcılar düşür. Deyəsən, yağış başlayır.

Dayanıb diqqət kəsilirəm. Yox, səhv edibmişəm. Bu, eyvan ipindən asılmış nəm paltarlardan, yenicə yuyulmuş köynək, kombinezon və şalvarlardan düşən oynaq damlaların aşağıdakı köhnə avtomobillə ritmik söhbətidir.

O həmişə eyni yerdə dayanır. Evdən çıxıb harasa gedəndə, işdən geri qayıdanda daim göz önündədir. Onu, beşmərtəbə “xruşşovka” ilə palçıqlı xəndəyin arasında qərar tutmuş üzgün görünüşlü köhnə “Moskviç”i hər gün görürəm.

Hər görəndə də anlayıram ki, onunla sərt və amansız davranılıb, avtomobil dəmir qalağı, zibil yığını kimi kənara atılıb, hər gün səhərdən axşamadək ora-bura tələsən, sakinləri acı tüstüsüylə boğan, bir-birlərinin qarnına girib hər yerdə tıxaclar yaradan modern avtomobillərə tay ola bilməyəcəyini anlayan keçmiş sahibi onu birdəfəlik tərk edib.

Avtomobilin indiki halı acınacaqlıdır. Qapısının biri əzilib, kapotu içəri batıb, müxtəlif iqlim dəyişikliyi, rütubət, külək və korroziyanın təsirindən metal gövdəsi, torpağa yaxın hissələri aşınaraq çürüyüb, eybəcər hala düşüb. Dəmir səthini toz basıb, buferi əyilərək sallaq dayanıb.

Məhlədə futbol oynayan uşaqların çoxsaylı top zərbələri, korafəhm atılan sapand daşlarının təsirindən arxa-qabaq şüşələri sınıb, çatlayıb, bəzi yerləri zədələnib. Təkərləri boşalaraq təbii müvazinətini itirib və indi o, bir böyrü üstə əyilmiş məşhur Piza qülləsini xatırladır. İçindən yağ, benzin və müşəmbə qoxusu gəlir.

Fəqət bütün üzücü məqamlarla yanaşı, avtomobildə bəzən pozitiv, məzəli məqamlar da tapmaq mümkündür. Əgər ona yaxınlaşıb gözümüzün birini qıyaraq yan şüşədən əks şüşəyə diqqətlə baxsaq, maraqlı illüziya, optik aldanış müşahidə edərik: obyektivdə yaranan ilğım, həyətdəki çiçəkləmiş albalı ağacını çoxaldır, təsviri bir-birinin üstünə mindirir və qəribə kaleydoskop yaradır.

Başımızı tərpətdikdə ağaclar dairəvi hərəkətlə möcüzə kimi tərpənir, sanki yallı gedirmişlər sayaq fırlanırlar. Bir dəfə tapıntımı həyətdəki uşaqlara göstərdim. Bu onları xeyli əyləndirdi və güldürdü.

“Moskviç” günlər, aylar, fəsillərlə silahlanmış zaman ordusu ilə daim döyüşür, vaxt çayının aramsız, sabit axınına tabe olur, arxayın, qayğısız ömür sürməyə çalışır. Pəncərə-gözlərin yorğun qırışları, yarıaçıq kapot-dodağın kənarındakı narahat büküşləri, ağır, sallaq döşləri, rezinlə dartılmış qarın və budları əvəz edən bufer, disk və deflektora külək, şaxta, fırtına belə təsir etmir.

Payızın əvvəlləri əsən tozlu küləklər maşının üstünü çirk təbəqəsiylə örtür. Bu zaman onun əsl rəngini seçmək, ayırd etmək mümkün olmur. Payızın sonlarında isə fasiləsiz yağan noyabr yağışları maşını yuyub təmizləyir, onu uzaq yaylaq səfərinə hazırlaşan yorğa və saz kəhərə bənzədir.

Qışın ayazlı, qarlı günlərində qoca avtomobil gecənin öldürücü sazağından, boranından xilas olmağa can atan evsiz-eşiksizlərə, “bomj”lara fərqli formatda xidmət göstərir, öz hostel statuslu havayı salonunu səxavətlə təklif edir. Neçə-neçə insanı amansız şaxtadan qoruyur, bahalı-ucuz həyatları ölümün labüd pəncəsindən xilas edir.

İsti fəsillərdə, havalar qızmağa başlayanda həyətdə oynayan uşaqlar  köhnəlmiş maşının üzərinə dırmaşaraq cürbəcür dəcəlliklər edirlər. Yeniyetmə və gənclər onun ətrafına toplaşır, kapotun üstündə şahmat, nərd oynayır, yaxud banın üstünə dırmaşaraq ayaqlarını sallayıb siqaret çəkir, zarafatlaşır, bir-birlərinə şıllaq, yumruq atır, aşıb-daşan tükənməz enerjilərini israf edirlər.

Səhərlər səyyar meyvə satıcısı alma, şaftalı, ərik yeşiklərini, göyərti torbasını, yetişmiş boranı və qarpızları kapot-piştaxtanın üzərinə qoyur. Kepkasını gözünün üstünə basıb yerə çömbəlir, damağındakı tüstüləyən siqaretlə növbəti müştərini səsləyir.

Günorta toyuqlar, ördəklər əyilmiş buferin saldığı ensiz, tünd zolağa çəkilib dincəlirlər. Axşamlar isə orada orta yaşlı qadınlar, qoca arvadlar, ahıl, ələngə qarılar qərarlaşır. Onlar avtomobilin kölgəsində oturub tum çırtlayır, məhəllədə olub keçmiş və baş verəcəklərdən qeybət edirlər.

Bir gün bütün gecəni əsən coşqun və azğın xəzri yaxınlıqdakı qoca küknarı köhnə avtomobilin üzərinə aşırdı. Qonşu mənzili təmir edən fəhlələrlə köməkləşib onu bu ağır yükün altından çıxardıq.

Biz “Moskviç”in yanında dayanıb, üst-başımızı çırpıb təmizləyərkən qeybdən  qəfil peyda olan cırcırama-helikopter diqqətimizi çəkdi. O, havada yarımdairə cızıb qövsvari aerodinamik hərəkətlə ehmalca kapotun üzərinə qondu. Həşərat küləyin sərt nəfəsindən büzüşmüş, öz bozumtul, şəffaf plaş-qanadlarına sıx-sıx bürünmüşdü.

Oynaq, zarafatcıl külək onun sarı-yaşıl gövdəsini tərpətdikcə cırcırama xoş təmasdan, incə nəvazişdən vəcdə gələrək xoşhallanır, nazik ip qırığına oxşayan quyruğunu qarnına tərəf əyib-qıvırıb axına uyğun titrədirdi.

Birdən fəhlələrdən birinin ehtiyatsız, qəfil hərəkəti – üzünümü qaşıdı, ya əlini alnınamı çəkdi – həşəratı ürkütdü və o, qanadlarını küləyin yüngül axınına təslim edərək havaya pərvazlandı, uçub harasa getdi. Kapotun bozumtul narın tozu üzərində canlının kədərli, solğun izi qaldı.

Vaxt keçdikcə köhnə avtomobillə münasibətləri isindirməyə, onunla dostlaşmağa başladım. İşdən qayıdanda, yaxud axşamlar həyətə düşəndə tez yanına gəlir, gün ərzində başıma gələnlərdən, müxtəlif hadisələrdən, gündəlik qayğı və problemlərdən danışıb söhbətləşirdim.

O da yöndəmsiz və sallağı oturuşuyla dərdini mənimlə bölüşür, özünün bir vaxtlar tamaşa edənləri heyrətə salıb, ağılları başdan çıxardığı dövrlərindən qeyri-adi əhvalatlar nəql edirdi.

“Zavoddan yenicə çıxmış qırmızı “böcək” hər iki tərəfdən paslanmayan nikel ramkayla əhatələnib. Zil qara şinli, təzə təkərli avtomobilin parlaq metal örtüyü günəşin şəfəqlərində bərq vurur, qibtə dolu gözləri qamaşdırır. Adı parıltılı hərflərlə kənarlarına həkk olunub: “Moskviç”.

Sürücü dodağında xəfif təbəssüm, heyran baxışlarla ona yaxınlaşır, qapını ehtiyatla açır, şəstlə dəri oturacağa yayxanır. Açar burulan an mühərrikinin həzin uğultusu eşidilir. “Moskviç” işə düşür. Sürücü ayağını akseleratorun üzərinə qoyunca avtomobil kiçik təkanla azacıq tullanıb hərəkətə gəlir.

Avtomobil  şəhərin əzəmətli, işıqlı, gen prospektlərində alışıb-yanan faralaryıla, özündən razı görkəmiylə şütüyərək təşəxxüs satır. Qarşıdan gələn çoxsaylı avtomobilləri sevinclə qarşılayır, salamlayıcı siqnallar verir.

Onun üçün hər şey maraqlıdır – dolanbac küçələr, işıqlı prospektlər, geniş magistrallar – hətta kriminal qoxulu qaranlıq tinlər də...”

...Köhnə “Moskviç” xoşbəxt düşüncələrə dalmışdı. Həmin an onun tam bir meditasiya vəziyyətində olduğunu, bütünlüklə öz düşüncələrinə qapıldığını hiss etdim. O, duyğulu görkəmdə dayanmışdı, nə açıq-aşkar etiraz, nə də itaətkarlıq vardı duruşunda.

Mən həssas məqamdan təsirlənib ehtiyatla geri addımladım, kənara çəkildim və öz qəhrəmanımı ötən möhtəşəm günlərin şirin xatirələri ilə baş-başa buraxdım.

 

“Ədəbiyyat və incəsənət”

(06.0.2023)

 

Çərşənbə, 06 Sentyabr 2023 11:15

Bakıda “Nürnberq” filminin premyerası olub

Və dediyimiz kimi, Ukraynaya qarşı təcavüzkar müharibə edən Rusiya digər ölkələrdə mədəniyyət siyasətinə diqqət edərək mədəni-kütləvi tədbirlərinin sayını artırır, bununla da görünən dağa bələdçi tələb olunmaması aksiomunu pozmağa meyl edir. 

 

Bakıdakı Rus Evində Rusiyanın Hərbi Şöhrət Günü münasibətilə rejissor Nikolay Lebedevin “Nürnberq” filminin premyerası olub.

Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin mətbuat xidmətinin məlumayına görə, filmin nümayişindən əvvəl Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfiri Mixail Yevdokimov tamaşaçıları salamlayıb. Premyeraya gələnlər arasında diplomatik korpusun nümayəndələri, iş adamları, Rusiya həmvətənlərinin təmsilçiləri, yaradıcı ziyalılar olublar.

2023-cü ildə lentə alınmış “Nürnberq” filmi nasist Almaniyası elitasının beynəlxalq tribunalın qarşısına çıxdığı və məhkum olunduğu məşhur proses haqqında dünya kinematoqrafında ilk bədii filmdir. Bu ekran əsərində müxtəlif ölkələrdən olan aktyorlar iştirak edirlər, lakin baş rollarda Rusiyanın kino ulduzları çəkiliblər. Onların arasında Sergey Bezrukov, Lyubov Aksyonova, Yevqeni Mironov, İqor Petrenko var.

Filmin nümayişi çərçivəsində “Nürnberq prosesi: Moskvadan baxış” adlı tarixi-sənədli sərginin açılışı olub.

Sərgi üçün eksponatlar və filmin nümayişi hüququ “Aleksandr Peçerskinin Xatirə Fondu” qeyri-kommersiya təşkilatına məxsusdur.

 

“Ədəbiyyat və incəsənət”

(06.09.2023)

Çərşənbə, 06 Sentyabr 2023 11:00

Qızlar kiməsə satıla, hədiyyə oluna bilməz…

Erhan Özdemir, Türkiyə - xüsusi olaraq “Ədəbiyyat və incəsənət” üçün

 

Xoş gördük oxucu... Xoş gördük…

Yaradanın qadına vermiş olduğu gözəl və mənalı xüsusiyyət, qabiliyyətlərdən biri də Ana olmaqdır. Qız övladlarımız müəyyən yaşdan sonra özlərini dərketmə, tanıma, anlama dövrünə keçid edirlər. Bu dövrdə də özlərindən böyük cəmiyyət üzvləri, eyni zamanda öz ailələri tərəfindən müəyyən vərdiş və inanclara öyrəşdirilirlər. Öz iradələriylə olmadan beyinlərinə yeridilmiş düşüncəylə və də çox zaman məcburiyyətlə, psixoloji təzyiqlə istəmədikləri bir həyata sürüklənirlər. 

 

Hörmətli ağsaqqal, ağbirçəklər, bu o demək deyil ki, onlar yenityetmə çağlarında və də hansısa mənsub olduqları dini inanc, mühit və ailə qanunlarına görə bu yaşlarında "gəlin"ola bilər, kiməsə satıla, hədiyyə oluna, ya da ailə qura bilərlər. 

 

Qızlar yaradılışlarına görə psixoloji olaraq oğlanlardan daha tez olgunlaşırlar. Bu da onları analıq, şəxsi mühitə sahib çıxma hissinə refleks olaraq daha  da vicdanlı edir. 

   

Oğlanların bu cəmiyyətdə hər şey edə bilər düşüncəsiylə böyüdülməsi qızlarımızı çox çətin vəziyyətə salır. Onlar uşaq yaşlarından hər cür həyat çətinliyi ilə boğuşmaq məcburiyyətində qalırlar. Buna görə də qızlar, qadınlar vaxtından öncə həyata qarşı məsuliyyət hiss edir və görünməyən yükləri mənimsəyirlər, mənimsəmək məcburiyyətində qalırlar. Cəmiyyətin birliyi ilə bizlər bunu edirik. 

 

Qadın olmaq asan iş deyil. Bizim cəmiyyətdə qadın olaraq yaşamaq üçün həm əsrlər boyu sənə yüklənən vəzifələri yerinə yetirməlisən, həm də öz adına, yoldaşının, ya da atanın soyadına ləkə gətirməməlisən. Lakin bu vəziyyətlərin heç biri oğlan uşaqlarına şamil edilmir. Onlara vəzifə olaraq yüklənmir, aşılanmır. Onlar bu ağırlığın altında qalmırlar. Ona görə də rahat və uşaq ruhlu olurlar. Ərköyün olur və heçnəyin qorxusunu çəkmirlər. Oğlanların sevgilisi olanda dostlar arasında  lovğalanırlar. Lakin özlərinin də evində qız, qadın yaşadığını, onları da bir Ananın, bir qadının dünyaya gətirdiyini unudurlar və  ailələrindəki xanımların da həyatında sevgilisi, dostu, yoldaşı olmasını qəbul etmir, özlərinə sığışdırmır, hətta bu düşüncəyə belə hiddətlənirlər. 

 

Qadınları hər zaman kimlərdənsə qorumaq lazımdır fikri insanların şüuraltısına yeridilib. Lakin qadınları qorumağa ehtiyac yoxdur. Onlar özləri özlərini qoruyar. Qadını kimdən, nədən qorumaq lazımdır ki? Hər kəs özünə hörmət etsə, öz əməlinə fikir versə, heç kimin heç kimi qorumağa ehtiyacı qalmaz. 

 

Biz kişilərin xarakterlərinin yetərsizliyindən, qadınlarda yaratdığımız güvənsizlikdəndir ki, qadınlar bir şeyləri etmək, bacarmaq, karyera qurmaq, öz ayaqları üzərində dayanmaqdan çəkinirlər. Bu real bir faktdır. Bu mövzunu oturub diqqətlə sorğulamaq və bu gerçəkliklə üzləşmək lazımdır. 

 

Qadınlar karyera qurmaq istədikdə bizlər onlara yuxardan aşağı baxırıq. Onları maddi, mənəvi incidir, yoluna daş qoyuruq. Kömək etmək bir tərəfə qalsın, kömək edənləri də danlayır, ələ salır, özümüzdən uzaqlaşdırırıq. 

Alber Kamü da dediyi kimi, bir ölkəni tanımaq istəyirsinizsə, o ölkədə qadınların necə öldüyünə baxın. 

 

(Dilimizə uyğunlaşdırdı: Matruska JK)

 

“Ədəbiyyat və incəsənət”

(06.09.2023)

Sentyabrın ilk günlərində Bolqarıstanın qədim şəhərlərindən biri olan Küstendildə ənənəvi olaraq “Struma səhnələri” beynəlxalq festivalı keçirilir.

 

AzərTAC xəbər verir ki, Küstendil meriyası, “Presto” musiqi evi və “Bratstvo 1869” icma mərkəzinin təşkilatçılığı ilə keçirilən festival çərçivəsində Bakı Slavyan Universitetinin Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi tərəfindən “Azərbaycan – yaxın və kəşf edilməmiş” adlı fotosərgi açılıb. Yeddi günlük festivalda, həmçinin Bolqarıstan, Yunanıstan, Avstriya, İsveçrə, Çin, Marokko, Efiopiya və digər ölkələrin nümayəndələri iştirak edirlər.

 

Açılış mərasimində çıxış edən festivalın direktoru Nadejda Dimitrova bu cür mədəni tədbirlərin region üçün vacibliyini vurğulayıb.

 

Sərginin açılışında Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin direktoru Sofiya Şıqayeva-Mitreska çıxış edərək cari il Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinin və Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin isə 10 illiyinin qeyd edildiyini bildirib. Sərginin bu mühüm yubileylərə həsr edildiyini diqqətə çatdırıb.

 

Sonra mərkəz direktoru sərgidə nümayiş olunan fotolar barədə məlumat verərək bu şəkillərin 2013-cü ildən Azərbaycanda yaşayan peşəkar bolqar fotoqraf və yazıçı Aureliya Nəsirova tərəfindən çəkildiyini, onun əsərlərinin bir sıra beynəlxalq müsabiqəsində yer aldığını qeyd edib.

 

Açılış mərasimində Sofiya Universitetinin Türkologiya ixtisasının tələbəsi Melisa Ramadan milli geyimdə Azərbaycan rəqsini ifa edib.

 

Qeyd edək ki, sentyabrın 9-dək davam edəcək və Bolqarıstanın ictimai və mədəni həyatında gözəl mədəni hadisəyə çevrilən “Struma səhnələri” Beynəlxalq Festivalı Küstendil şəhərinin sakinləri və qonaqlarına Azərbaycan təbiətini və mədəniyyətini “Bratstvo 1869” icma mərkəzində festivaldan sonra da nümayiş etdirəcək.

 

“Ədəbiyyat və incəsənət”

(06.09.2023)

Çərşənbə, 06 Sentyabr 2023 10:30

KİNOBƏLƏDÇİdə “Haçiko: Ən Sadiq Dost"

İradə Allahverdiyeva, “Ədəbiyyat və incəsənət”

 

 

“Haçiko: Ən Sadiq Dost"- film və real hadisələr. 

Ömrünün sonuna qədər mərhum sahibini gözləyən itin inanılmaz hekayəsi. 

Ən çox sevdiyim, insan qəlbinə toxunan  filimdən qisa bir məlumat. 

 

Xarakterimizdən və istəklərimizdən asılı olmayaraq hamımız cəmiyyətin bir hissəsiyik. İstəsək də, istəməsək də bir-birimizlə ünsiyyət qurmalıyıq. Çox uzun olmayan həyatında hər bir insan həqiqətən sevilmək və çətin vəziyyətdə mütləq kömək edəcək, kömək edəcək və kömək əli verəcək həqiqi dostlara sahib olmaq istəyir.

Lakin ümidlərimiz heç də həmişə özünü doğrultmur. Çox vaxt, yaşla, insanlar arasında dostluq yox olur, məcburi olmayan dostluqlar qalır, bu da tədricən laqeydliyə və məsafəyə çevrilir. Müasir cəmiyyətdə bir çox insan kiçik qardaşlarımızla, öz sahibinə maraqsızcasına bağlanan və bəzən insan bu dünyadan köçdükdən sonra da onu sevməyə davam edən itlərlə dostluq etməyi üstün tutur.

Söhbət belə bir hadisədən, mərhum sahibini ömrünün sonuna kimi gözləməyə davam edən bir itin insana güclü bağlılığından gedirdi, 2009-cu ildə çox səmimi “Haçiko: Ən Sadiq Dost” filmi çəkilmişdir. insanlar arasında nadir hallarda görülən inanılmaz dostluq və sədaqət haqqında əsl hekayəyə əsaslanır.

Bu hekayə 20-ci əsrin əvvəllərində Yaponiyada baş verdi, 1923-cü ildə Akito cinsindən bir bala doğuldu, bu cinsin adı Yaponiyada eyni adlı prefektura tərəfindən verildi. 

Bu heyrətamiz itlərin yetişdiricisi bu gözəl heyvanları yetişdirən və satan yerli fermer idi. 

1924-cü ilin yanvarında yerli universitetin professoru Hidesaburo Ueno balalardan birini Akito yetişdiricisindən aldı. Tanınmış alim və kənd təsərrüfatı texnologiyası müəllimi - Ueno uzun müddətdir ki, belə bir it cinsi arzusunda idi və təhsilini məmnuniyyətlə götürdü.

Bu itin - Haçiko ləqəbinə gəlincə, məlumdur ki, yapon dilində “hachi” “səkkiz”, “ok” şəkilçisi isə sədaqət deməkdir. Köpəyin niyə belə adlandırıldığı ilə bağlı bir neçə versiya var.

BİRİNCİ, ən çox yayılmışı, itin yerli damazlıq bir il ərzində satdığı səkkizinci bala olmasıdır.

İKİNCİ, Hachiko professorun özünün sahib olduğu səkkizinci it olduğunu söyləyir. 

 

Sitat: Biz itləri döydük. Biz itlərə nifrət edirik. Biz özümüzü sahib hesab edərək itlərdən özümüz üçün istifadə edirik. Ancaq onlar daha yaxşıdır! Daha ağıllı, daha sadiq və mehriban. Haçiko canlı nümunədir. O, biz deyil, ustaddır.

 

Baş rolda: 

Riçard Gere

Joan Allen

 

“Ədəbiyyat və incəsənət”

(06.09.2023)

Çərşənbə, 06 Sentyabr 2023 10:15

Zaqulbada rok konserti olub

Bakıdakı Rus evinin dəstəyi ilə “ZagulbaFM” əyləncə mərkəzində gənclərin “Rus rokunun hitləri” rok-konserti olub.

 

Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin (RİMM) mətbuat xidməti xəbər verir ki, konsert proqramında gənc istedadlı musiqiçilər, müəllif mahnısı klubunun nümayəndələri, eləcə də peşəkar teatr aktyorları iştirak ediblər.

 

Təşkilatçıların sözlərinə görə, rus rokuna xüsusi mədəniyyət xasdır ki, bu da mahnıların ideologiyası, səslənməsi və semantik yükü baxımından əksər ölkələrin rok musiqisindən fərqlənir. “Nəsillərin və musiqi zövqlərinin dəyişməsinə baxmayaraq, gənclər bu gün də rus rokunun hitlərini ifa edirlər. Keçirilmiş konsert də bunun əyani sübutudur”, - deyə RİMM-in mətbuat xidmətində qeyd edilib.

 

Bakıdakı Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi 2009-cu ilin mart ayından fəaliyyət göstərir. RİMM-də sərgi, kinokonsert, konfrans zalları, kitabxana, tədris kabinetləri var. Mərkəz Azərbaycan cəmiyyətində rus dilinin təşviqi və iki ölkə arasında humanitar əlaqələrin inkişafına yönəlmiş bir sıra tədbirlər təşkil edir.

 

“Ədəbiyyat və incəsənət”

(06.09.2023)

TANINMIŞ YAZIÇIYA NÖVBƏTİ HÜCUM DALĞASI DA NƏTİCƏSİZ OLACAQ

 

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

İlk dəfə hekayələri mətbuatda çap olunanda sovet dönəmi idi. Moskvada deyirdilər ki, “Çingiz Abdullayev kimdir ki, siyasi detektiv yazıb? Ona deyin ki, gedib qoyunları ilə məşğul olsun, bazarda göyərti satsın. 1988-ci ildə “Mavi mələklər” adlı ilk kitabı işıq üzü görəndə isə onu Mərkəzi Komitəyə çağırıb banditdən, milisdən yazmasını, amma siyasi detektiv qələmə almamasını tövsiyə ediblər. Bu işin sovet yazıçısının çörəyi olmadığını bildiriblər...

 

Deyir ki,- “Onlar düşünürdülər ki, azərbaycanlının belə ağlı olmaz, siyasi detektivi ancaq yəhudi yaza bilər. Dedim yazacağam. Onda mənə dedilər, çalış onlardan yaxşı yaza bildiyini sübut edəsən. Görünür, sübut etmişəm ki, Rusiyanın hər bir şəhərində, hər bir kitab mağazasında mənim kitablarımdan ibarət ayrıca rəf var. Buna sevinmək lazımdır. Fəxrlə deyirəm: kitablarım xeyli dildə nəşr olunub. Təzəlikcə bilmişəm ki, mənim kitablarımı erməni dilinə qanunsuz tərcümə edib Xankəndi və İrəvanda da oxuyurlar. Ermənilər Azərbaycan yazıçısını oxuyur, azərbaycanlılar isə deyir, iki xalq yazıçısının kitablarını yandıraq. Azərbaycanda cəmi 4 xalq yazıçısı qalıb. Onların da kitablarını yandırsaq, nə olar?”

 

Rusdilli ailədə böyüyüb boya çatıb. Ata tərəfdən ulu babası hələ 1890-cı illərdə Bakıda vəkil köməkçisi olub. Atası Abdullayev Akif Abdulla oğlu isə İkinci Dünya Müharibəsinin iştirakçısı olub. Müharibədən sonra Naxçıvan Muxtar Respublikasının prokuroru vəzifəsində çalışıb. Daha sonra Bakı şəhərində prokuror müavini, Azərbaycan Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri vəzifələrində işləyib...

 

Bu gün yazıçıya Azərbaycan dilində sərbəst danışmamasını irad tutanlar unudurlar ki, həqiqətin məxsus olduğu dil yoxdur- hansı dildə desən də, həqiqət elə həqiqətdir…

 

“İlk romanım olan “Mavi mələklər”i xaricdə yazmışam. Əllə yazmışdım. 23 yaşımda yazmağa başladım, 25 yaşımda bitirdim. Nəşriyyat dedi, bunu qəti çap edə bilmərik. Soruşdum niyə, dedilər, Dövlət Təhlükəsizlik Komitəsi icazə vermir. Neçə ildən sonra o vaxt indi nazir olan Nazim İbrahimov dedi ki, mən kömək edəcəyəm. Azər Mustafazadə Mərkəzi Komitədə şöbə müdiri idi. Onlar birləşib nə etdilər bilmirəm, amma 28 yaşım olanda icazə aldılar. Nəhayət kitab 30 min nüsxə ilə çıxdı və bir həftəyə satıldı. Çox böyük qonorar aldım. 29 yaşımda zəng vurdular ki, istəyirik, kitabı təkrar nəşr edək. 100 min tirajla çap olundu. İkinci nəşrin qonorarını alanda fikirləşirdim, bu pula ömür boyu yaşaya bilərəm. Mavi mələklər bir müddət sonra Krasnodarda 500 min tirajla üçüncü dəfə nəşr olundu.”- söyləyir.

 

Haqqında söhbət açdığım Çingiz Abdullayev 1959-cu ildə Bakı şəhərində dünyaya gəlib. 1976-cı ildə 189 nömrəli məktəbin rus dili bölməsində orta təhsili bitirərək, Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinə qəbul olunub. 1981-ci ildə orada ali təhsilini rus dilində başa vuraraq, hüquqşünas ixtisasına yiyələnib. 1981-ci ildə əmək fəaliyyətinə Bakı istehsalat birliyində hüquq məsləhətçisi kimi başlayıb. Bir müddət sonra Bakı şəhəri Əzizbəyov rayonu icraiyyə komitəsində şöbə müdiri, Kommunist Partiyasının Qaradağ rayonu komitəsində təşkilat şöbəsinin təlimatçısı, siyasi-maarif kabinetinin müdiri vəzifələrində çalışıb. 1989-cu ilin fevralında Azərbaycan Yazıçılar İttifaqının katibi seçilib. 1988-ci ildə "Beynəlxalq təcavüz problemləri" mövzusunda rus dilində dissertasiya müdafiə edərək hüquq elmləri namizədi alimlik dərəcəsi alıb. 1991-ci ildə yenidən rus dilində "Beynəlxalq cinayət problemləri" mövzusunda doktorluq dissertasiyası müdafiə edib və hüquq elmləri doktoru elmi dərəcəsinə yiyələnib. Xidmətlərinə görə bir sıra orden və fəxri adlara layiq görülüb...

 

Deyir ki,- “Pul həmişə insanlar üçün önəmli olub. Çox vaxt düşünürlər ki, pulun olanda hər şey yaxşı olacaq. Məsələn, qızın yaxşı ərə gedəcək, oğlun yaxşı evlənəcək, yaxşı vəzifə ala bilərsən, yaxşı maşının, evin olacaq və s. Pul xoşbəxtlik üçün etalon deyil. Mənə bir nəfər dedi, siz cavanları aldadırsınız, pul hər şeydən üstündür. Dedim, onda qızının gözlərini sığorta etdir, nə isə olsa, yaxşı pul alarsan. Adam övladının gözünü neçəyə ala bilər? Adamın atası-anası yanındadır, uşaqlar sağlamdır, bundan yaxşı nə var? Amma başqa bir həqiqət də var ki, bəli, pul olmayanda yaşamaq çətindir. Çox pul olanda adam onu yox, o səni idarə edir. İkincisi də, baxır pulu necə qazanırsan. Həkim gözləyirsə ki, rüşvət verməsələr əməliyyata girməyəcəyəm, bu, haram qazanılan puldur. Mən bir dəfə demişdim, rüşvət almaq fahişəlikdir. Əgər öz vicdanını satırsansa, sənə nə demək olar? Bədənini də yox, vicdanını satırsan. Bu dəhşətdir. Axı sənin uşaqların da bilir ki, sən harada oğurluq edib, yalan danışırsan.”

 

Onu sevməyən insanlar da var. Doğrudur, bunun səbəbini müxtəlif arqumentlərlə izah etməyə çalışırlar, amma unudurlar ki, insanın mahiyyəti dilində yox, əməllərindədir. Prokuror ailəsində böyüyən çox harın adamları görmüşük. Adamı tapdalayıb keçməyə də hazırdırlar, lakin Çingiz Abdullayev öz əməyi, istedadı, bacarığı, intellekti ilə tanınan, məşhurlaşan prokuror balalarındandır. Onun hansı dildə danışması, fikirlərini ana dilində hansı tərzdə ifadə etməsi elə də önəmli deyil. Əsas odur ki, başdan ayağadək azərbaycanlıdır...

 

“Son 20-25 ildə Azərbaycanda qonorar almırdım. Alanda da Qarabağ cəmiyyətlərinə və uşaq evlərinə bağışlayırdım. Bunu bilənlər var. Yalnız xaricdən qonorar alırdım. Təəssüf ki, Rusiyada da kitablara görə vergi çoxdur. Əgər öz yazıçılarından 10 faiz alırlarsa, xarici müəlliflərdən 38 faiz vergi tuturlar. Mən Azərbaycanda qonorarı son vaxtlar alıram. Bu proses “Qanun” nəşriyyatından başladı. İndi də “TEAS Press” Nəşriyyatı mənim kitablarımı çap edir, mənə qonorar verir. Çıxan və çıxacaq kitablarımın qonorarlarını almışam. Hazırda İngiltərə və Türkiyədə də müqavilələr imzalanıb. Çünki “TEAS Press” hər iki ölkədə mənim kitablarımı nəşr edəcək. Bir dəfə filmim çəkiləndə mənə 50 min dollar qonorar yazmışdılar. Nazir Polad Bülbüloğlu zəng vurdu ki, Çingiz müəllim, gəlin, dəhşətli bir şey olub. Getdim, dedilər, 35 faiz vergi verməlisən. Məndən 17,5 min dollar vergi aldılar. Sonra Vergilər Nazirliyindən, televiziyadan zəng vurdular ki, siz yaradıcı insanlar arasında ən çox vergi verən nümunəvi adamsınız, sizi çəkmək istəyirik. Bəlkə mən də o pulu verməzdim, amma nə etmək olar, hesabdan çıxarılır. O vaxt “ANS” gəldi çəkməyə, dedim, kül mənim başıma ki, ən çox vergini mən ödəmişəm. Bu “julik” məmurların heç biri vergi vermir, yazıçının qonorarından alırlar. İndi Azərbaycanda kitablar 500 nüsxə ilə çıxır. İkincisi də açıq danışaq, yaradıcı insan təvazökar ola bilməz. Bizim çox az yazıçılarımızın kitabları xaricdə çap olunur. Azərbaycanda çıxan kitablardan da böyük qonorar ala bilməzlər. Çox sağ olsun “TEAS Press” ki, mənim kitablarımı çıxarır, yaxşı qonorar verir. Azərbaycanda iki-üç yazıçı qonorar alır. Məsələn, bilirəm ki, Elçin Hüseynbəyliyə verirdilər. Azərbaycan yazıçılarının qonorar ala bilməməsi o demək deyil ki, onlar istedadsızdırlar. Xeyir! Türkiyədə 4-5 yazıçı yaxşı qonorar alır. Rusiyada isə 12-13 belə müəllif var. Azərbaycandan təkcə mənəm. Bu faciədir, amma həqiqətdir.”

 

Bəli, ədəbiyyat sahəsində dünyada yeganə azərbaycanlı olan bu adam həm də qürur yerimizdir. Onu usandırmaq, yalan şaiyələrlə insanların gözündən salmaq nadanlıqdır...

 

Deyir ki,- “Yəqin fikirləşirlər ki, Çingiz niyə bu qədər kitab yazır. Haqqımda bəzən yalan şeylər yazırlar. Mənim nə mağazam, nə kafem, nə restoranım, nə şadlıq evim var. İndi kimin bir az pulu var, şadlıq evi açır. Mən pis biznesmenəm. Bütün qazancım kitablardan və kinolardandır. Bəzən mənim açıq danışmağımı qəbul etmirlər. Deyirlər, qorxmursan, heç kimdən asılı deyilsən, ona görə danışırsan. Mən Yazıçılar Birliyindən aldığım maaşı paylayıram. Oxucu kitab oxuyanda onun müəllifinə inanmalıdır. 29 milyon insan kitablarımı alıb oxuyub. Əgər onlar bilsə ki, mən yaltaqlanıram, kiminsə xoşuna gəlmək istəyirəm, onlar məni oxumayacaqlar.”

 

Doğrudur, hər bir insan öz ana dilində gözəl danışmağı bacarmalıdır. Bəli, Çingiz Abdullayev öz ana dilində hamı kimi danışa bilməsə də, fəqət o, danışanda hamı onu başa düşür. O qədər gözəl, pafoslu danışanları görmüşük ki, mahiyyəti Çingiz Abdullayevin kölgəsində qalır...

 

“Bir neçə il əvvəl də söhbətlər olmuşdu ki, guya Azərbaycanı tərk etmək istəyirəm. Bunu indi də qəsdən yazırlar. Mən yenə də deyirəm, yadda saxlasınlar: Heç yerə getmirəm, Azərbaycanda yaşayacağam.”

 

“Ədəbiyyat və incəsənət”

(06.09.2023)

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyindəki uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərində təhsilin keyfiyyətinin yüksəldilməsi, bilikli və bacarıqlı ixtisaslı kadrların bərabərhüquqlu, şəffaf və sağlam rəqabət şəraitində seçilib yerləşdirilməsi məqsədilə məktəb və mərkəzlərə müəllimlərin işə qəbulu müsabiqə əsasında həyata keçirilir. Müsabiqə test imtahanından və müsahibədən ibarət olmaqla iki mərhələdə təşkil olunur.

 

Test imtahanı 16 iyul 2023-cü il tarixində Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi ilə birgə keçirilib. 

Müəllimlərin işə qəbulu üzrə test imtahanında iştirak etmiş 1026 namizəddən 511 nəfər tələb olunan keçid balını toplayaraq müsabiqənin müsahibə mərhələsində iştirak hüququ qazanıb. 

 

5 sentyabr tarixindən etibarən Mədəniyyət Nazirliyi tərəfindən uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu ilə bağlı müsabiqənin müsahibə mərhələsinə başlanılıb.

Müsahibələrdə namizədlər peşəkar təcrübəyə malik səriştəli mütəxəssislərdən təşkil edilmiş komissiya tərəfindən qiymətləndirilir. Mümkün 30 baldan 21 və daha yüksək bal toplayan namizədlər müsahibədə uğur qazanmış hesab edilirlər. 

 

Müsabiqənin müsahibə mərhələsinə 11 sentyabr tarixində yekun vurulması nəzərdə tutulur. Müsahibələr başa çatdıqdan sonra 7 iş günü ərzində namizədlərə nəticələr barədə məlumat veriləcək.

 

“Ədəbiyyat və incəsənət”

(06.09.2023)

MƏDƏNİYYƏT NAZİRİNİN ÇİNƏ RƏSMİ SƏFƏRİ DAVAM EDİR

 

 

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nümayəndə heyəti 3-9 sentyabr tarixlərində Çin Xalq Respublikasında (ÇXR) səfərdədir.

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, səfər çərçivəsində Pekin şəhərində Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli ilə ÇXR-in mədəniyyət və turizm naziri  Hu Hıpin arasında geniş nümayəndə heyətlərinin iştirakı ilə görüş keçirilib. 
Görüşdən sonra Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nümayəndə heyəti dünya şöhrətli Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin Pekinin Çaoyanq parkında ucaldılmış abidəsinin önünə əklil qoyub.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Çin Kommunist Partiyası Muzeyi ilə də tanış olub. 

Partiyanın tarixi haqqında heyətə məlumat verilib, qonaqlar muzeyin zəngin ekspozisiyası ilə tanış olub, ayrı-ayrı eksponatlarla maraqlanıblar.

Səfər çərçivəsində mədəniyyət naziri Adil Kərimlinin Pekində dünya şöhrətli çinli fotoqraf Luo Honun (Luo Hong) görüşü də keçirilib. 

Görüşdə fotoqrafiya sahəsində təcrübə mübadiləsi və gələcək əməkdaşlıq barədə söhbət aparılıb.

Görüşdən sonra Azərbaycan nümayəndə heyəti Luo Honun fotosərgisi ilə tanış olub.

 

“Ədəbiyyat və incəsənət”

(06.09.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.