Super User

Super User

Azərbaycan poeziyasının ustad şairlərindən olan Vaqif Aslanın bu gün 75 illik yubileyi günüdür. Bu münasibətlə “Ədəbiyyat və incəsənət” portalı millət vəkili, fəlsəfə doktoru Cavanşir Feyziyevin “Milli poeziyamızın Vaqif Aslan mərtəbəsi” adlı məqaləsini təqdim edir.

 

Vaqif Aslan çağdaş Azərbaycan ədəbiyyatında fəlsəfi-estetik, ədəbi-bədii, elmi-nəzəri  və milli düşüncənin formalaşmasında önəmli xidmətləri olan istedadlı qələm adamı və görkəmli söz ustadıdır. Poetik düşüncəsi, zəngin erudisiyası, özünəməxsus dünyabaxışı, istedadının orijinallığı, fərqli yazı manerası, əsərlərində insan həyatının, məişətinin, düşüncəsinin köklü problemlərinə müraciət etməsi, yaradıcılığına məxsus humanizm, fəlsəfilik, psixoloji dərinlik Vaqif Aslan imzasını geniş oxucu auditoriyasına sevdirmiş, xalq ədəbiyyatından rişələnən bu böyük yaradıcılıq ədəbi-elmi ictimaiyyətin daim diqqət mərkəzində olmuşdur. Vaqif Aslanın həm bədii, həm elmi yaradıcılığı çoxjanrlı və çoxşaxəlidir. O şair, alim, publisist və dramaturq kimi geniş oxucu kütləsinin gerçək sevgisini qazanmış bir sənətkardır.

Vaqif Aslan poeziyası çağdaş türk şeirinin  ədəbi hadisələrindən sayılır. XX əsrin 70-ci illərindən bu günədək böyük bir təkamül yolu keçmiş Vaqif Aslan poeziyası özünəməxsus xüsusiyyətləri ilə milli poeziyamıza yeni nəfəs və yeni ruh gətirmişdir. Vaqif Aslan stixiyası Azərbaycan şeirini dəbdəbədən, şüarçılıqdan, ritorikadan, pafosdan, təsvir və tərənnümün kütləviliyindən uzaqlaşdırmağa və oxucunun qəlbinə, şüuruna və ruhuna nüfuz edə bilən yumşaq bir yol tapmağa nail olmuşdur. Vaqif Aslan sadəliyin böyüklüyünü, adiliyin qeyri-adiliyini yazan,  hər kəsin gördüyü, ancaq heç kəsin  duymadığını duyan şairdir. Şairin poetik dünyası bütövlükdə zəngin daxili aləmin, sistemli təfəkkürün, dünyagörüşün güzgüsüdür və Azərbaycan poeziyasında ayrıca bir mərhələ kimi səciyyələnməkdədir. Bu baxımdan Vaqif Aslan yaradıcılığı klassik şeirlə çağdaş poeziya arasında etibarlı körpü rolunu oynayır.   

Sözün dərgahı Haqqın dərgahı qədər müqəddəsdir. Bu dərgahda bərqərar olmaq hər şairə nəsib olmur. Vaqif Aslan alnı Haqqın dərgahında olan, Sözü Tanrının əmanəti və Ruhun tərcümanı kimi qoruyan,ucaldan və müqəddəsləşdirən bir şairdir. 

Vaqif Aslan sadəcə şair deyil - “şair” sözü onun ruhani gücünü, əzəmətini tam ifadə eləmir. Ona filoloq, filosof, ədəbiyyatşünas alim, lap elə mütəfəkkir də  desək, yenə nəsə çatışmayacaq. O, bütün dəyərləri öz şəxsində birləşdirməklə yanaşı onların fövqündə  duran, ali amal və məramlarla yaşayan müdrik bir bəşər övladıdır.

Vaqif Aslan Azərbaycan ədəbiyyatında ilk addımlarından, ilk yazılarından öz yerini tapmış istedadlı bir şəxsiyyətdir. Çingiz Aytmatov haqqında məşhur bir fikir var: “O, heç vaxt “yeni başlayan” olmayıb, elə  başlayandan klassik səviyyədə əsərlər yazıb”. Qeyd-şərtsiz bu fikri Vaqif Aslan yaradıcılığına da aid etmək olar.

Hegel yazırdı ki, dünyanı dərk etməyin üç yolu var:  dini, fəlsəfi və poetik. Bu iki dərketmə yolu özünün ən yüksək nöqtəsində poetik həddə  çatır. Fəlsəfə poeziyadan aşağıdır, o mənada ki, fəlsəfə dediyi şeyi əsaslandırmalıdır. Poetik sözü əsaslandırmaq isə çox çətindir və ya ona heç zaman ehtiyac yaranmır. Poeziya sözün ən ələ gəlməyən formasıdır, hər şeyin fövqündədir. Belə bir deyim var: Poeziya tarixdən daha tarixi, fəlsəfədən daha fəlsəfidir. Vaqif Aslan çağdaş Azərbaycan fəlsəfi-intellektual poeziya təmayülünün istedadlı nümayəndəsi olaraq ədəbiyyata gəldiyi illər üçün xas olan poetik ənənələri öz qələmiylə XXI əsrə keçirən mənəvi varisdir. Onun poeziyasının fəlsəfi özəlliyi ondadır ki, Vaqif Aslan insan ruhuna, mənəviyyatına kəpənək çiçək ləçəyinə qonduğu kimi qonur və insanın varlığını bədii sözə çevirir. Onun fəlsəfəsinin baş qəhrəmanı İnsandır. O insan ki, çox zaman onun qədrini bilmirik. Hürufilər deyirdi, insan Həqdən qopmuş nur parçasıdır. Bu mənada, Vaqif Aslan poeziyası Həqdən qopmuş nur parçasının poetik ifadəsidir. Vaqif Aslan içində bulunduğu elmi-ədəbi mühitin və bəlkə də hətta müasir ədəbi proseslərin hüdudlarına sığmayan bir şairdir. O klassik Azərbaycan poetik ənənələrini, xüsusilə, Nəsimi modelini müasir, qloballaşan dünyadakı insan təfəkkürü və təxəyyülü ilə uğurla birləşdirən şairdir.

Şairin izaha, təhlilə çətinliklə yatan poeziyasına şərh vermək üçün kosmosqoniyanı, ilahi pıçıltıların gizlinlərini, qeybdən gələn vəhyin sirlərini, ürəyin və şüurun alt qatında gedən prosesləri dərindən bilmək və dərk etmək gərəkdir. Onun poeziyasında insan qəlbinin dörd fəslinin ilıq nəfəsi, qızmarı, soyuğu və sazağı duyulmaqdadır. Bu şeirlərdə hər bir oxucu özünün yaş səviyyəsinə, gündən-günə neçə dəfə dəyişən ovqatının ab-havasına uyğun notlar və motivlər tapa bilir.

Vaqif Aslan sadəcə dilimizin gözəlliyini, zənginliyini öz poeziyasında təcəssüm etdirən, xalq ruhuna yaxın, İnsana, Tanrıya məhəbbətlə yoğrulmuş və ümumbəşəri ideyalara söykənən şeirlərin müəllifi deyil.  O həm də dünyaya özünəməxsus baxış sistemi olan yaradıcı bir şəxsiyyətdir. Mən Vaqif Aslan fenomeninə şeirin, nəsrin, bütövlükdə ədəbiyyatın bir hadisəsi kimi baxmıram - Vaqif Aslan miqyaslı adamlar üçün belə bir  təsnifat darısqal görünür. O, Ruhun bütün bəşəriyyət üçün ümumi olan mənəviyyat tarixinin bir hadisəsidir.

Tanrının seçdiyi bəndə - Seçilmiş olmaq... Sənətkar taleyi yaşamaq... bütün bunlar hətta əzabları ilə gözəldir, ağrıları ilə doğmadır. Bu ömrün ağrısını, əzabını, sevincini, sevgisini qələmə almaq, bu taleyi sözə çevirmək də bir ayrı gözəllikdir. Məşhur Çex yazıçısı, şair, dramaturq və filosof  Milan Kundera yazırdı ki, hər bir sənətkar özünə avtobioqrafiya yazmalıdı. Yazmalıdı ki, onun örnək olası həyat yolunu adi insanlar oxuya və öyrənə bilsinlər. Bu baxımdan Vaqif Aslan ömrü bizdən sonrakı nəsillərin də həyatında və dünyagörüşündə, poetik zövqün və milli dəyərlərin formalaşmasında əhəmiyyətli rol oynayacaq əvəzsiz bir örnəkdir.

Həqiqətən də, sənətkarın yetişdiyi mühiti öyrənmək, müşahidə etmək, onun hansı şəraitdə yaşadığı, nələrin uğrunda nələrdən keçdiyini bilmək, bütövlükdə adi bir insanı əvəzsiz bir şəxsiyyət kimi yetişdirən bir ortamı dərk və təhlil etmək olduqca mühümdür. Əgər oxucu sənətkarın avtobioqrafiyası ilə tanışdırsa, onun bir çox əsərlərində bu avtobiqrafiyadan irəli gələn məqamların bu və ya digər formada açıldığını və bədii həllini tapdığını görmüş olacaq.

Sergey Yesenin yazırdı: “Tərcümeyi-hal yazmağa ehtiyac hiss etmirəm, çünki ömür yolum şeirlərimdir”... Sergey Yesenin dediyi kimi, əgər Vaqif Aslan bircə sətir də özünə tərcümeyi-hal yazmasaydı belə, onun şeir yaradıcılığı müəllif haqqında tərcümeyi-halda yazılanlardan daha çox şeyi demək gücündədir...

Dərdlərimin dərmanıdır yaylağın,

Kolun-kosun, daşın-qumun, çaylağın.

Mən ölmərəm, sinəm üstə torpağın

Gül açacaq zaman-zaman,bu – haqqdır!

Səndə şair olmamaq da günahdır...

Və yaxud:

Salam, böyük bayraqlı öndərlər, bəylər, xanlar!

Damarında imisti oğuz qanı axanlar.

Salam, Salur Qazanlar – Tanrıya düz baxanlar!

Elalmış,Tərsuzamış – şimşək kimi çaxanlar.

Dağlara çən gələndə yerindən dik qalxanlar.

Söz açıb Qaragünə, Düyər, Dəli Dondazdan

Ruhunuz qarşısında baş əyir Vaqif Aslan!

Bədii əsərin dili sənətkarın həyatı duymaq qabiliyyətidir, onun istedadıdır.  “Oğuz elini salam”layan, “Ruhlarla söhbət” edən, “Hüseyn xan Müştaq”ı tarixdən sətirlərin yaddaşına köçürən, “Aydın” düşüncəli ədibin əsərləri həm də dilinin gözəlliyi və canlılığı ilə seçilir. Dilin sərrastlığı sənətkarın həyatı düzgün dərk etməsi deməkdir. Dilin gözəlliyi duyğuların gözəlliyi, həyatın poeziyası və harmoniyası deməkdir. Ədəbi dil xalq dilinə nə qədər yaxın olarsa, əsərin poetik təsiri, ifadə tərzi də bir o qədər güclü olar. Bizim ana dilimiz ən dərin, ən fəlsəfi fikirləri belə dəqiq və dürüst ifadə etmək üçün hədsiz imkanlara malikdir. Bu mənada, Vaqif Aslanın dili şirəliliyi, son dərəcə axıcılığı, ifadəliliyi, rəngarəngliyi, yumşaqlığı, şirinliyi, rəvanlığı və ələlxüsus xəlqiliyi ilə diqqəti çəkməkdədir.

Əgər bədii əsəri oxuyan adam həm müəlliflə, həm də bu əsəri oxuyan başqa adamlarla eyni hisləri keçirib ruhən bir-birinə qaynayıb qarışırsa, deməli, bu əsl sənət əsəridir. Belə əsəri oxuyan adama elə gəlir ki, burda yazılanların hamısı onun çoxdan demək istədikləridir. Əsl sənət əsəri həm oxucuyla müəllifin, həm də oxucuyla başqa oxucuların arasından bütün sədləri götürür. Əsl sənət əsərinin gücü məhz burda - insanı tənhalığından xilas edib başqalarına doğmalaşdırmağındadır. Vaqif Aslanın Bütün türk coğrafiyasındakı çoxsaylı oxucularını və pərəstişkarlarını bir-birinə yaxınlaşdıran və vahid türkçülük məfkurəsi ətrafında ruhən birləşdirən amil də məhz Vaqif Aslan sənətinin qüdrətindən irəli gəlir.

 “Səndə şair olmamaq da günahdır”, - dediyi doğma Şəkidən ana Təbrizə, Xudafərinə üz tutmaq təkcə yaradıcılıq və istedad yox, həm də milli məfkurə və cəsarət məsələsidir. “Günəşi bayraqtək göylərə sancan”, “Doğudan Batıdan yollar açan” Türk gəncliyinə səsləniş tarixi yaddaşa, soy-kökə ehtiramdan doğan milli qürurun harayıdır.

Dərin humanizm, fəlsəfi-psixoloji təhlil genişliyi Vaqif Aslan yaradıcılığının orjinallığını, fərdi yazı manerasını, əlvan obrazlar qalereyasını şərti-metaforik ifadə özünəməxsusluğunu şərtləndirməkdədir. Ana dilimizin gözəlliyi və zənginliyindən bacarıqla istifadə edən sənətkarın milli və ümumbəşəri ideyalara söykənən əsərləri ciddi yazıçı mövqeyi, həssas müşahidəsi və bədii həqiqətin yeni düşüncə hüdudlarında ifadəsi ilə seçilir. Vaqif Aslan yaradıcılığında  yüksək bədii məharətlə öz təsvirini tapan mürəkkəb insan xarakterləri, cəmiyyət və insanın təzadlı aləmi oxucuları psixoloji-fəlsəfi özünüdərkə çatdırmaqla özünə cəlb edir. Vaqif Aslanın əsərlərinin psixologizmi doğma ana dili, adət-ənənə və sosial gerçəkliyin öz təbiəti ilə çulğaşır. Sənətkarın psixologizmini güclü milli şüur yanğısı, tarix, mənəvi yaddaş və heysiyyat izləyir.

Vaqif Aslan mənsub olduğu xalqın, dövlətin əxlaq və mənəviyyatını həmişə sağlam ruhlu, köklü-rişəli görmək istəyir. Bu baxımdan ədibin bədii yaradıcılığının mənəvi-əxlaqi, sosial-siyasi və tərbiyəvi əhəmiyyəti çox güclüdür.

Vaqif Aslanın ədəbi-bədii dili olduqca axıcı, yazıçı təxəyyülü çox zəngin və həssas, tənqidi realizmi dərin və əhatəli, üslub vasitələri isə kifayət qədər əlvan və yetərlidir. Sənətkarın bədii əsərləri hazırda ən çox oxunan əsərlər sırasında yer alır. Ədəbi-ictimai fikir onun həm şeir yaradıcılığında, həm də dramaturgiyasında estetik reallığı tapır.

Qarşımızdakı bu kitabdan da aydın görünür ki, Vaqif Aslan qələmiylə yaradıcılığının ilk dönəmlərindən ədəbi tənqidin diqqətini güclü şəkildə özünə cəlb etmişdir. Yazıçının yaradıcılığı əsasında çoxsaylı qiymətli məqalələr yazılmış, onun ədəbi irsinə ciddi elmi-nəzəri və estetik münasibət formalaşmışdır.

Vaqif Aslan yaradıcılığı milli-tarixi və çağdaş şüur problemləri ilə bağlı olan, bu bədii keyfiyyətin fərd, ailə, cəmiyyət və dünya–insan–zaman boyunca yayımlandığı və ədəbi prosesə təsir göstərdiyi orijinal yaradıcılıqdır. Və bu yaradıcılıq ağuşuna aldığı insanı ruhən saflaşdırıb, arındıraraq ali Həqiqətə doğru yol göstərir.

Sözün və söz adamının missiyası insanın daxili aləmini müsbətə doğru dəyişdirmək, onu daha kamil, daha üstün mərtəbəyə qaldırmaqdır. Vaqif Aslan öz sələflərinin başladığı bu müqəddəs işin öhdəsindən sözün həqiqi mənasında şərəflə gəlməkdədir.

Vaqif Aslan poeziyası bizim ədəbiyyatımızda ilahi bütövləşmə və ruhani tamlıq, vəhdət, qovuşma mətnlərini xatırladan və hüceyrələrimizə qədər o tamlığı hiss etdirən bədii yaddaşdır...

 Şairin ictimai həyatımızdakı rolu, Nazim Hikmətin təbiriylə desək, havanın qurşun kimi ağır olduğu vaxtlarda həmişə haqqın və ədalətin yanında dayanması Vaqif Aslanın xarakterini tamamlayan və az-az rast gəlinən kamil və müdrik bir insan obrazıdır. Vaqif müəllim həyatı ilə şeirləri, düşüncəsi ilə əməlləri arasında düz mütənasibliyi qoruyan saf ürəkli bir şəxsiyyətdir. O, insanların hürr yaşamaq haqqını yalnız kitablarında deyil, gerçək həyatda da daim müdafiə etmişdir. Onun şair qəlbi həmişə ədalətsizliyə qarşı barışmazlığı və mübariz ruhu ilə seçilir.

Özünü dərk edəndən Ruhunu Tanrı əmanəti kimi qorumağa çalışıb Vaqif Aslan... Bütün dəyərləri dəyişən dünyanın tən ortasında dəyişməyib, əzəmət qalasından bircə kərpic də xırdalanmayıb, xırdalanaraq böyüməyi, yaşamağı qəbul etməyib və bir aydın məfkurəli Müəllim kimi ətrafındakı gəncliyə də daim düzlük əqidəsinə və haqq yoluna sadiq qalmağı həmişə tövsiyə edib.

Heç zaman böyük iddialarda olmayıb Vaqif müəllim... Söz ürəyinə yük olanda yazmaqla mənəvi hüzur tapıb. Tanrıdan Ruhuna hopan səsi sözə çevirməklə ilahi bir rahatlığa qovuşub. Sanki sözə, sənətə sığınaraq dünyanın boş hay-küyündən xilas olmağa çalışıb...

Şairlik sözə münasibətdən başlayır. Vaqif Aslan poeziyasının böyüklüyü ondadır ki, o, hər dəfə Sözə dua edirmiş, ayin oxuyurmuş kimi yanaşır:

Siz ey ruhu səmalara uçanlar!

Yer üzünü "Anam!" deyib qucanlar!

Ey Doğudan Batıya yol açanlar

Elxanım hey, xaqanım hey, xanım hey!

Poetik sözün dəyəri onun ifadə elədiyi həqiqətin fövqündədi. Fikrimcə, Vaqif Aslan poeziyası həm ifadə elədiyi həqiqətlərə, həm adi bir fikrin qeyri-adi ifadə tərzinə görə, bütünlükdə poetik-fəlsəfi tutumuna görə çağdaş türk şeirinin ən gözəl və seşkin örnəklərindəndir. Vaqif Aslan sözü şeir rənglərinin içində ayrıca bir çalardı, ayrıca bir rəngdi: özünəməxsus Vaqif Aslan rəngi. Təbiətin rəngləri sonsuzdur. Onlar ayrı-ayrı fəsillərdə gah canlanır, gah soluxur. Onlar bəzən öz  təravətini itirə də bilir. Ancaq Vaqif Aslan sözünün rəngi-boyası əbədidir, Vaqif Aslan sözü həmişəyaşardır... Ona görə də Vaqif Aslanı oxuyanda insanın ruhu təmizlənir, təzələnir, daxili dünyası büllurlaşır, saflaşır və üzü kamilliyə yol alır. Bu fenomen insan-təbiət dialektikasının əbədi qanunauyğunluğudur. Ona görə də poeziyamızın Vaqif Aslan rəngi heç vaxt solmayacaq. Milli poeziyamızın davam edən tarixi Vaqif Aslan nəfəsinin təravətini qoruyub saxlayacaq və bizdən sonrakı yüzillərə, minillərə qədər daşıyacaq: Tanrı duası kimi, Dədə Qorqud sözü kimi...

 

Vaqif Aslan şəxsiyyətinə böyük ehtiram və sevgilərlə,

Cavanşir Feyziyev

Millət vəkili, fəlsəfə doktoru

 

“Ədəbiyyat və incəsənət”

(05.07.2025)

İnci Məmmədzadə, "Ədəbiyyat və incəsənət"

 

Azərbaycan SSR əməkdar incəsənət xadimi Ağabacı Rzayeva - bu ad çoxlarına tanışdır. Unudulmaz mahnıları, irihəcmli musiqi əsərləri ilə. Azərbaycan musiqi tarixinə isə o həm Azərbaycanda, həm də bütün Şərqdə peşəkar musiqi təhsili almış ilk qadın-bəstəkar kimi düşüb.

 

Ağabacı Rzayeva 15 dekabr 1912-ci ildə Bakıda anadan olub. 1929-cu ildə Bakı Pedoqoji Texnikumunu bitirib, bir neçə il Saray, Kürdəxanı və Maştağada müəllimlik edib.

Ağabacı xanım not çalğısı üzrə bəstəkar Səid Rüstəmovdan, muğam üzrə isə Mirzə Mənsur Mənsurovdan dərs alıb. Azərbaycan Dövlət Konservatoriyasında Üzeyir Hacıbəyovun kompozisiya sinifində təhsil alıb. Musiqi-nəzəri fənlərdən isə ona Ü. Hacıbəyov, Əfrasiyab Bədəlbəyli və Cövdət Hacıyev dərs deyib. Bir il sonra o, Üzeyir Hacıbəyovun yaratdığı ilk notlu xalq çalğı alətləri orkestrinə qəbul olunub, 1938-ci ildə isə Moskvada keçirilən Azərbaycan incəsənəti dekadasında iştirak edib. 1935–1944-cü illərdə Rzayeva Azərbaycan xalq çalğı alətləri orkestrində tarzən kimi fəaliyyət göstərib.

Rzayevanın ilk əhəmiyyətli musiqi əsəri 1941-ci ildə xalq çalğı alətləri orkestri üçün yazılan "Vətənpərvərlik Marşı" olub. O, həmçinin bir sıra mahnı və romansların, "Mübahisə etmə" musiqili komediyasının (1965, İ.Quliyevlə birlikdə), xalq çalğı alətləri orkestrinin simli kvarteti üçün pyeslərin müəllifidir. Bundan əlavə, Rzayeva dahi şair Nəsiminin sözlərinə yeddi romans bəstələyib. Onun tərəfindən yazılan mahnıların (60-dan çox) əksəriyyəti uşaqlara həsr olunmuşdur ("Kukla", "Qaranquş", "Mənim ağ göyərçinim", "Sabahkı günün ustaları", "Kiçik kapitan", "Mən qərənfiləm" və s.)

O, 1950, 1953, 1955-ci illərdə Bakı Sovetinə deputat seçilib 1963-cü ildə isə Ali Sovetin deputatı olub.

 

Mahnıları

 

1. Ad günü, İynə, Sarı limon, Sənət məktəbi - sözləri Tofiq Mütəllibov

2. Bağçamız, Balaca kapitan, Bizim gəmi, Buzov, Dostluq qatarı — Sözləri: Cahangir Məmmədov

3. Bizim Bakı metrosu — Sözləri: Hikmət Ziya

4. Gəl, gəl, a yaz günləri — sözləri: Mirzə Ələkbər Sabir

5. Ağ göyərçinim

6. Ay nəğməsi

7. Ay yaxası güllü qız

8. Bahar oldu (romans, Nəsimi)

9. Balaca sürücü

10. Çoban qara

11. Dəcəl buzovum

12. Dilbərim

13. Durna qatarlı qızlar

14. Dünyanın gözəlliyi

15. Gözlərin

16. Gözləyir bizi

17. Gözləyirəm, sevgilim!..

18. Qaranquş

19. Qərənfiləm mən

20. Qızıl ulduzlu oğlan

 

Mükafatları

- Azərbaycan SSR əməkdar incəsənət xadimi

- "Qırmızı əmək bayrağı" ordeni (2 dəfə)

- "Şərəf nişanı" ordeni

 

Ağabacı Rzayeva 5 iyul 1975-ci ildə Bakıda vəfat edib, İkinci Fəxri Xiyabanda dəfn olunub.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(05.07.2025)

 

 

Cümə, 04 İyul 2025 20:00

Mədəniyyətlə yüksələn birlik

Əkbər Qoşalı, “Ədəbiyyat və incəsənət” portalının redaktoru

 

Bizim aramızda təkcə sərhədlər yox, səs və ruh körpüləri var. Elə bir səs və ruh ki, Gündoğar rüzgarında, Türküstan ellərində yetişib, Çin səddini keçib, Aralın, Xəzərin dalğasında çağlayıb, Qafqaz dağlarında yanqılanıb. O səs - milli kimliyimizin, ortaq yaddaşımızın, bəşəri ruhumuzun səsidir. Belə bir səslə yazılıb Nəvainin Nizami məhəbbətli əsərləri, bu səslə tikilib Səmərqəndin Registanı, bu səsdir Xarıbülbülə anlam verən - onu bitkilikdən çıxardıb Könüldə, Yaddaşda bitirən, bax, bax, bu səsdir muğamı dastana, aşığı baxşıya bağlayan…

 

Dövlət başçıları arasında olduğu kimi, uluslar arasında da bu gün elə bir ruh körpüsü çəkilir ki, artıq Bakıda “Özbəkistan” parkı salınırsa, demək, azərbaycanlıların könlündəki bağça-bağ xoşluqla Təbiətə təslim edilir. Belə parklar, bağça-bağlar torpağın üzərindəki oyanışdan ziyadə, torpağın arzularının, yaddaşın üzə çıxması, çiçəkləməsidir. Burada təkcə ağaclar böyüməyəcək – qardaşlıq daha dərinlərə kök salacaq, ruhi gücümüz yeni meyvələr verəcək.

Bakı Bakıdır - keçmiş Qara şəhəri, bugünkü Ağşəhəri və gələcək ağgünləriylə! Bəs Qarabağ? - Qarabağ – yalnız Azərbaycanın deyil, bütün Türk dünyasının xoşməramlı yarış meydanıdır sanki. Bu ulu meydanda ilk kömək-məktəb əlini uzadan ölkənin adı: Özbəkistan! İlk məktəb – ilk işıq, ilk nəfəs! Uluğbəyin adını daşıyan ilk məktəb Özbəkistanın, yenə Füzulidəki Kurmanqazi adına mərkəz Qazaxıstanın, Ağdamdakı məktəb kompleksi layihə isə Qırğz Respublikasının qardaşlıq əlidir. - Hər biri öz yerində-göyündə və vədəsində!..

Bəli, biz bütün hallarda təkcə bir binanın tikintisindən danışmırıq. Bu – dağıdılmış yaddaşın, sındırılmasına çoxsaylı cəhdlər edilmiş qürurun, parçalanmış coğrafiyanın birləşməsinə qatılan türk əli, türk imzasıdır. Hələ Xankəndindəki tikiş fabriki – qardaş əlinin əməyidir. Bu əmək – ipək kimi incə, çinar kimi köklü, dağ kimi əzəmətlidir.

Bu jestlərin ardında siyasətdən daha böyük dayaqlar var: ulu qardaşlıq məsuliyyəti kimi! İki ölkə bir-birinin dərdinə qıraqdan baxmır, onu bölüşür, həmdərd olur. Bu, təkcə dövlət adamlarının yox, bir ulusun özünə olan sayğısıdır.

Daşkəndlə Bakı arasında artıq protokollardan üstün ruhi axınlar var. Müttəfiqlik – diplomatik termindən çıxaraq, milli ideala çevrilib. Ortaq yatırım layihələri, Orta Dəhliz planı, kənd təsərrüfatı işbirliyi - bunlar sadəcə iqtisadi göstəricilər deyil, əlbəttə. Əlbəttə, bunlar - Türk birliyinin gerçək işləyiş mexanizmləridir.

 

Bu işbirliyi – “bir gün olacaq” romantizmini aşıb və biz, “başlamışıq” gerçəkliyinin təcallalarından söz açırıq. İlham Əliyevlə Şavkat Mirziyoyevin liderlik sinerjisi, Türk dünyasının Avrasiya düzənindəki mövqeyini gücləndirən strateji hərəkət (hərəkat!) xəritəsidir.

Bu gün Azərbaycanla Özbəkistanın birlik tablosunda yalnız iqtisadi, siyasi, mədəni xətlər deyil, mənəvi vəhdət də görünür. Türküstanın bərəkət ətrini alanlar, Şuşada bülbül səsi eşidənlər bir-birini tanımamış sayılmaz. Bu coğrafiyada ruhun sınırı yoxdur.

Türk dünyası — yalnız tarix kitablarında axtarılmaz, aranmaz; bugünkü tikinti-quruculuqda, bugünkü parklarda, bağça-bağlarda və də könül bağlarında, ortaq mədəniyyət iqlimində, hətta bu günkü təbəssümlərdə yaşayır. Özbəkistan Prezidentinin Bakıya, ardınca Füzuli şəhəri üzərindən Ağdama, oradan Xankəndinə səfəri - bir ruhi gücün başqa bir qardaşın ruhi gücüylə görüşüdür. Bu görüşün alt qatında min illərin səsi, yuxarı qatında isə sabahın aydınlığı var!..

Tarix bəzən sözlə yazılar, bəzən səfərlə. Bəzən bayraq yellənər, bəzən qardaş əli uzanar. İkisi bir vaxtda olanda daha da gözəl olur! 02.07.2025-ci il – bu, təqvim vərəqindəki bir göstərici olmaqda qalmayıb, Türküstan ruhunun səfərə çıxdığı, zamanın çağırışa çevrildiyi gündür. O ruh ki, türkün Tanrısal - Göyüzündən gələn nəfəsidir; o çağırış ki, Türk dünyasının dərindən və üfüqügeniş birləşmək nişanəsidir.

Bu gün Özbəkistanla Azərbaycan arasında iqtisadiyyatın yanısıra, tarixi, mənəvi, strateji körpülər çəkilir. İki dövlətin arasında yox, iki xalqın qəlbində bir yol açılır. Bu yol, Aralın suyu ilə Xəzərin ləpəsi arasında nəfəs alan bir mənəvi marşrutdur.

Müttəfiqlik Müqaviləsi, Yatırım Fondu, məktəblər, fabriklər, parklar — bunlar daş, sement, kağız olmaqdan lap çoxdan çıxıb. Bunlar ruhun dirçəlişi, türk ulusunun çağdaş manifestidir. Siyasətüstü bir yığval var burda – ulusal şüur, Turan ülküsü, gələcəyə daşınan iradə!..

Bu sarsılmaz ruh, indi Qarabağ dağlarında qutlu və qurtuluşlu dərin nəfəs alır. Əlişir Nəvainin hikməti, Nizaminin poetikası, Uluğbəyin ağlı, dövlət böyüklərimizin iradəsi – bir yolun içində qovuşur: o yol Türk dünyasının ulu yoludur.

Bəli, bu yol asan olmadı, bundan sonra da çətinliklər ola bilər; amma yol - bizim yolumuzdur. Hər addımda bir yurd, hər dayanacaqda bir bayraq var. Bu yolun adı var: Böyük Türk birliyi!

Bakıdan Daşkəndə uçan bu ruh - iki şəhər arasında olmaqdan ziyadə, iki Ürək, iki tarix, iki yığval arasında uçur, uçur!.. Və bu ruhun qanadında bir alxış var: “Tanrı Türkü qorusun”!

 

“Ədəbiyyat və incəsənət”

(04.07.2025)

Çiçək Mahmudqızı, “Ədəbiyyat və incəsənət” üçün

 

Könlü gözəl olanlara, içində kin tutmayanlara, hər şeyi Allah yaratmış deyə gözəldir, düşünənlərə və sevənlərə Allahın salamı olsun. Şərqin böyük filosof sairi Ömər Xəyyam deyirdi ki, 

 

bu yer, bu göy, bu ulduzlar boşdur boş!

Burax onu, bunu da

Könlünü xoş tut, xoş!

Bu durmadan qurulub dağılan dünyada

Bir nəfəsdir alacağın, o da boşdur, boş!

 

Bu qurulub dağılan dünyada üzümüzü, könlümüzü xoş tutub, pir bilib gedəcəyimiz barmaq sayı beş-üç könül sahibi qalıb ki, onun biri də mənim üçün Rəfail İncəyurddu. Rəfail İncəyurd həm də o beş-üç adamlardandı ki, onları adaları ilə də, soyadları ilə də, daşıdıqları  təxəllüsləri ilə də çağıranda eyni ünvana gedən üç yol kimi görünür. Eynən dostu Dəmirçoğlu kimi.

Tanıdığı insanların əksəriyyəti ona Dəmirçioğlu, Rəfailə isə İncəyurd deyə müraciət ediblər həmişə. Bu da Tanrı işidir, deyəsən. Hər kəsin soyadı yaxud təxəllüsü adı kimi  möhürlənmir həyatda və görünür, o da seçilən bəndələrin qismətinə düşür.

İncəyurd İncənin yurd-yuvalarını özündə elə cəmləyib ki, bütövlükdə hansı üzünə dönsə hamımız üçün İncənin özüdür. Laylalı, qımqımılı, oxşamalı, bayıtılı İncəyurd.

Səndən nə yazı yazmaq, nə  şeirindən, qoşmandan danışmaq istərəm. Qoy onu şeiri, sözü bilənlər etsin. Mənsə eləjə İncə köyündə bir tut ağacının altında sənnən doyunca gap eləmək, dünyanın hər dərdi-sərindən arınmaq, öz içimə həlim, mülayim səsinlə, hətta deyərdim, zümzüməli səsinlə bir hüzur vermək istərdim. Mən səni İncədə, Gəncədə gözləyirəm, İncəyurd, məni şəhər tünlüklərinə çəkib aparma, dərdin alem, gəl İncə yurdumuzda dərdləşək, İncəyurd. Orda dünyanın ən hüzurlu anlarını yaşayaq ,derəm. Bilirsən, sənnən gap edəndə adam necə rahatlanır. Auran o qədər xoş, o qədər həlimdi ki, içimizdə nə qədər qəzəb, kin, mənfi enerji olsa belsə sənə çatanda əriyib yox olur, adam özündən  dönüb bir Sən olmaq istəyir. Elə gözəl yaşındasa nmüdrikliyin, dərdin alem, sözün, söhbətin ballanıb şəkərə dönən vaxtında kim istəməz sənnən oturub üzü Tanrı dərgəhana oxuduğun nəğmələrə, şeirlərə qulaq asmağı?!

Dur gəlİncə Dərəmizə, İncəyurd, İncəgülü üstə incə-incə köç edib gedən durnaların sonuncusu və tütyəsi kimi, bir lələk tulla, o dünyadan bu dünyaya adlayaq, bir bayatı çağıraq, qımqımı deyək, gəl hər qayğıdan qopub  özümüz olaq, itən itiklərimizin səsini dinləyək, köklə telli sazı zümzümə edək İsaq-Musaq  avazında,nə dersən?!

 

***

 

Bundan gözəl nə arzu var dünyada,

Bundan gözəl nə gəlsin ki, ağlıma?!

Sıralanıb ömür olan günlərin

dan yerinə həyat eşqi saçılsın.

Ehtiramla anılasan hər axşam,

Sabahların xeyirliyə açılsın,

Sevgili İncəyurd.

 

Bir də sənin öz sözünlə sənə bir dua da göndərim, hal olsun,fərman olsun,hər dərdinə dərman olsun derəm--

 

Sevgi – körpü, sevgi – tağ,

Sevgi – hörgü, sevgi – bağ…

Hər sinndə nəsə quraq –

Dilək gəlsin yaş üstə.

 

Göylər ümid ələsin,

Haqqı nura bələsin.

Körpələr əmr eləsin –

Biz də deyək: “Baş üstə!”

 

Tanrım, pozma gərdişi,

Qoy bitirək hər işi.

Yaxınlaşan 70-i

Qəbul edək göz üstə.

 

Yaxınlaşan  70 gılib getdi.  71-ni göz üstündə qəbul edən səni sevənlərin hamısının gözündən, sənin də 71-nə yaraşan o gümüşü saçlarından öpürəm,

Rəfail

          Ağakişi oğlu

                     İncəyurd...

Sevgilərlə könlünüzü pir bilib ziyarət edən zəvvarınız - Çiçək Mahmudqızı!

 

“Ədəbiyyat və incəsənət”

(04.07.2025)

 

 

“Ədəbiyyat və incəsənət” portalı PORTAL AKADEMİYASInda növbəti, üçüncü abituriyent kurslarına davam edir. Həyatda necə uğur qazanmalı, hədəfi necə seçməli, hədəfə doğru necə irəliləməli, necə lider olmalı – bu sayaq suallar hər birinizi düşündürür, bilirik. Onlara PORTAL AKADEMİYASI məşğələlərinə qatılmaqla çavab tapacaqsınız.

Rubrikanı millət vəkili, motivasiya spikeri, yazıçı Əlibala Məhərrəmzadə aparır.   

 

Hauz və Mitçelin «Yol – məqsəd» adlı liderlik modeli

 

Bəri başdan deyim ki, mən Hauz və Mitçelin «Yol - məqsəd» adlı menecment referatını oxuyanda ikiqat məmnunluq hissləri keçirmişəm.

Niyə? Çünki öncə liderliyin bu situasiya modelini çox bəyənmişəm, onun şərtləri ilə diqqətlə tanış olduqca teoriya ilə praktikanın mükəmməl nəticəyə yönəlmiş vəhdətini duymuşam.

İkinci hissləri isə Terens Mitçel və Robert Hausun bu fundamental əməyi ilə şəxsən tanış olmadığım halda öz praktikamda – həm auditorluq, həm konsaltinq, həm də biznes fəaliyyətimdə idarə və şirkətlərimdə çalışan işçilərlə münasibətdə məhz bu modeldən bəhrələnməyim doğurub, bir sözlə, bu görkəmli şəxslərlə eyni fikirliliyim doğurub.

Nədir «Yol – məqsəd?» Odur ki, lider məqsədə çatmaq üçün yolu hamarlaşdırır, daş-kəsəkdən təmizləyir ki, rahat şütüyə bilsin. Burada «hamarlaşdırma, daş-kəsəkdən təmizləmə» anlamı özlüyündə işçiləri yaxşıca stimullaşdırmaqla maddi və şəxsi problemlərindən qoparmağı, onların «diqqət və qayğı görmək, fikirləri ilə hesablaşmaq» tələbinə müsbət cavab verməyi ehtiva edir.

Qısası, bu modelin mahiyyəti işçilərin ortaya qoyduqları işlə son nəticədə maraqlı olmaları asılılığından ibarətdir, yəni ki, gördükləri işin müqabilində, loru dillə desək, işçilər yaxşıca ənam gözləyirlər. Modelin müəllifləri bildirirlər ki, liderlik effektivliyi ilə ardıcılların motivasiya gözləntilərinin səviyyəsi arasında birbaşa əlaqə vardır.

Model 4 lider stilini (direktiv, dəstəkləyici, nailiyyətə köklənmiş, idarəetmədə iştirak stili) aşağıdakılara uyğun müəyyənləşdirir:

1. Şərait faktorlarına rəğmən işçilərin xarakteristikası:

a) uğurlu nəticəyə inanan;

b) tabeçiliyə meyilli;

c) qabiliyyət dərəcəsi.

2. Təşkilatı faktorlar:

a) işin məzmunu və strukturu;

b) formal idarəçilik sistemi;

c) qrupun mədəniyyəti;

d) ardıcıllarının davranışı əsasında.

3. İşdən məmnunluq:

a) yaxşı işləyirəm, yaxşı da qazanacağam.

4. Motivasiya:

a) daha çox səy göstərim, daha yaxşı nəticə mütləq olacaq;

b) bu nəticəyə görə təltif olunacağam.

 

“Ədəbiyyat və incəsənət”

(04.07.2025)

 

Cümə, 04 İyul 2025 17:37

Şehli kəpənəklərin uğurlu uçuşu

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Bu gün həm də şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü Tofiq Nurəlinin doğum günüdür.

Tofiq Nurəli 4 iyul 1953-cü ildə Qonaqkənd rayonunun Yerfi kəndində anadan olub. Yerfi kənd məktəbində oxuyub. N. Nərimanov adına Azərbaycan Dövlət Tibb institutunu fərqlənmə diplomu ilə bitirib. Müxtəlif səhiyyə ocaqlarında rəhbər vəzifələrdə çalışıb. İlk kütləvi səhiyyə qəzetini "Şəfqət"- indiki "Tibb qəzeti"ni yaradıb və 1991–1995-ci illərdə qəzetin baş redaktoru işləyib.

 

Səksəninci illərdə ədəbiyyata gələn Tofiq Nurəlinin şeirləri o dövrün gəncləri arasında ən çox oxunan, sevilən poeziya nümunələrindən olub. Təsadüfi deyil ki, ədəbi orqanlardakı çıxışları kimi onun 1983-cü ildə çap olunan ilk "Şehli kəpənəklər" adlı kitabı da böyük rəğbətlə qarşılanıb. 1984-cü ildə gənc yazıçıların VIII Ümumittifaq müşavirəsindəki uğurlu iştirakı, şeirlərinin "Literaturnaya qazeta" da dərc olunması həmin müvəffəqiyyətin davamı olub.

 

"Şehli kəpənəklər", "Yağışdan sonra", "Tənha bir qüssə", "Tənha payız yarpağı", "Yarpaqlarım "ağrıyır"  adlı kitabları çap olunub. Şeirləri Moskvada, Təbrizdə, İstanbulda çap olunub. 1920-ci ilin aprelində işğalçı Qızıl Orduya müqavimətin təşkili və ondan sonrakı dövrlərdə gizli şəkildə baş verən hadisələrdən bəhs edən "Qaçaq Mayıl" kinopovestinin də müəllifidir.

 

“Ədəbiyyat və incəsənət”

(04.07.2025)

 

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi şair Xiyavda yaşayan Rza Nuridir.

 

Rza Nuri

Xiyav

 

1.

Çünki mən son nəfəsimi siyirmişdim dişlərimlə

Və onurğamdan uçurmuşdum boylu kəpənəklər sözünü

Gündüzün sarı avtobusuna düzənmiş saçlarını günlərə bölən barmaqların körpülüyünü sürüşən dünyada,

otuz kərə günəşi dolandığım qəlpə başımla ilgidə

Yolları dərələrə yayınır baldırın fikri.

Yarımçıq məktubumun davamını

Postçu düşmüş qalabalığa

Əzilmiş sözlərim

Küçədə

Küçə başını əymiş xiyabanlarda

Başa vurduğum o iti qoxunu

Qəzetdə bıçaqlanmış bir kioskçunun qəzetləri içində bıçaqlanmış bir kioskun içində qəzetlər

Dışında xəbərlər

Sərilincə dışarı

Pəncərədəki avtoyayım dalğalar, qıvrım saçlarını yamsılayırdı

Çatlaq dodağına hopmuş budaqdan

Nəfəsinlə uçurursan quşları

Yalnız açıq havalarda, düşürdün yadıma

Çölə düşmüş öylə bir xəbər ol ki, raketlər ötsün həlqeyi-zülfündən

Gözlərinlə üzünü dişlərinə yığan aynalar sayağı,

aynada çərçivədən düşmüş üzümü içinə çəkdiyin, dibə düşdüyüm uzaqlara bax

Həyatını sözlər sancağıyla tutan birisiyəm

Məni öylə bir sətirdə tut

Köynəyimin yaxasın uçur

Dodağın səkiliyindən.

 

 “Ədəbiyyat və incəsənət”

(04.07.2025)

 

 

 

Cümə, 04 İyul 2025 16:42

Rumiyyə Miraslan deyəndə...

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

Dürüstlük, sədaqət və vəfa onun həyat kredosudur. Elə bu xüsusiyyətlərinə görə də cəmiyyətdə vicdanlı vətəndaş kimi tanınır. Sevilir, ehtiramla qarşılaşır. İnsanlara çox inanır, etibar edir. Ətrafındakıların hiyləgər və ya yalançı ola biləcəyini heç vaxt düşünmür. Onun yüksək həssaslığı, xoşagəlməz hadisələrə qarşı ciddi reaksiya verməsinə şərait yaradır. O, qaydalara və mənəvi dəyərlərə uyğun yaşayır, bu da onu mühafizəkar fərdlərdən biri kimi göstərir. O, sürprizləri və ani dəyişiklikləri sevmir, beyni daim işləyir, günü təhlillərlə keçir. Güclü, dözümlü, səbirli və qətiyyətlidir. Cazibədar xarizmaya və diqqətçəkən daxili bir gözəlliyə malikdir...

 

Deyir ki:- “Azərbaycan tarixində qadın ailə ilə yanaşı, bütün cəmiyyət həyatının yarısı dеyil, üçdə ikisi rolunu yеrinə yеtirib. Hərb işində, dövlətin idarə olunmasında, hüquq, siyasət, iqtisadiyyat, ədəbiyyat və bütövlükdə mədəniyyətimizin yaranması və inkişafında tarixən kişilərlə bərabər qadınlar fəaliyyət göstərmiş, bunlardan əlavə də ailənin bütün ağırlıqlarını öz çiyinlərində daşımışdır. İslamı qəbul еdəndən XIX əsrin 20-ci illərinədək qadınlarımız üçün “qapalı” dövr sayılsa da, tarixdə bəlli, sayılan qadınlarımızdan Möminə Xatun, İnanc Xatun, Qutеybə Xatun, şairə Məhsəti xanım, Zahidə Xatun, Mеhrican Xatun, Mələk xanım, Sara Xatun, Aləmşah bəyim, Ulya Xatun, Bəyim Xatun, Tuti Bikə, Gövhər ağa, Pəricə xanım və adları bizə bəlli olmayan onlarla qadınımız Azərbaycan və bütövlükdə Türk dünyasının ictimai-siyasi həyatında xüsusi rol oynamışlar...”

 

Cəsarət insani keyfiyyətdir, içdən gəlir, beşiyi ruhdur. Ruhən cəsarətli olmayan bir kimsə nə qədər elmli, bacarıqlı olsa da, cılız görünər. Yetişər, amma ziyalı olmaz. Bu keyfiyyət qələm əhlində olanda isə sahibini sevdirər, daha əzəmətli göstərər. O da cəsarətlidir, hər sözü arxasıyca həqiqəti çəkir, yükü haqqdır. İstəyir ki, övladları qanunun ali olduğu ölkədə böyüsünlər, yüksək təhsilə yiyələnməyə şərait və imkanları olsun. Normal cəmiyyətdə yaşasınlar. Hüquqları tapdalanmasın…

 

“Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə tariximizdə ilk dəfə olaraq dövlət tərəfindən qadınlar kişilərlə bərabər hüquq və azadlıqlara sahib oldu. 

10 dеkabr 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti Parlamеntinin ikinci iclasında Azərbaycan qadınlarına İslam aləmində ilk dəfə olaraq sеçilmək hüququ da rəsmi dövlət səviyyəsində vеrildi. Ümumiyyətlə, Azərbaycan Xalq Cümhuriyyəti dövründə qadınların kişilərlə bərabər bütün hüquq və azadlıqlarını təmin еtmək üçün Parlamеntin ikinci iclasında bir çox qanunlar qəbul еdildi. 

Bеləliklə, Şərqdə ilk Müstəqil Azərbaycan Dеmokratik Cümhuriyyəti 1907-ci ildə Rusiya Dövlət Dumasında Azərbaycan nümayəndəsi Xəlil bəy Xasməmmədov tərəfindən irəli sürülən müsəlman qadınlarına sеçki hüququ vеrilməsi məsələsinin Dumada qəbul еdilməsi ilə təməli qoyulan qadın məsələsini 1918-ci ildə dе-yure həll еtmiş oldu...”

 

Haqqında söhbət açdığım Rumiyyə Miraslan 1982-ci il iyul ayının 4-də dünyaya gəlib. Mənbələr adının mənasını belə izah edir- Anadoluya aid olan, anadolulu; Türkiyədə yaşayan yunan; Rumdan olan; ağ üzlü rum gözəli. O,

Orta təhsilini 1999-cu ildə 281 nömrəli məktəbdə başa vurub. 2003-cü ildə isə Bakı Qızlar Universitetində jurnalist ixtisasına yiyələnib. Eyni zamanda, Təhsil Nazirliyinin "Sənətkar" jurnalında yarımştat müxbir işləyib. 2003-2004-cü illərdə Bələdiyyə İşçilərinin Həmkarlar Təşkilatında ictimai əlaqələr şöbəsinə rəhbərlik edib. 2004-2015-ci illərdə "Bələdiyyə həyatı" qəzetinin şöbə müdiri vəzifəsində çalışıb. Həmçinin, 2009-2015-ci illərdə Hövsan bələdiyyəsində iqtisadçı işləyib. 2014-2018-ci illərdə işdən ayrılmadan Azərbaycan Dövlət Aqrar Universitetinin iqtisadiyyat fakültəsində ikinci ali təhsil alıb. 2015-ci ildən sosial mediada çalışır. Əvvəllər "Moderator.az" saytının baş redaktorunun müavini olsa da, hazırda "Dominant" saytına rəhbərlik edir…

 

“Bu gün dünyada hеç bir millətin qadını “Mən Azərbaycan qadınından daha çox savadlıyam, ondan daha çox çalışmışam və çalışıram, millətimi qurtuluşa və zəfərə çatdırmaqda Azərbaycan qadınından daha çox əziyyət çəkmişəm” - dеyə bilməz. Unudulmamalıdır ki, hər hansı bir cəmiyyətin gələcəyə doğru inkişafında qadınla kişi bərabər yürüməzsə, o cəmiyyətin tərəqqisi mümkün dеyil.”- söyləyir. 

 

 …Atası Miraslan Tağızadə ixtisasca əczaçıdır. Anası Asudə xanım isə xalq təbabəti ilə məşğuldur. Ömür-gün yoldaşı Filman Şabiyev ixtisasca mühəndis-mexannikdir. Neft-Qaz sənayesində şalışır. Zəhra və Məhəmməd aında iki övladları var...

 

Deyir ki:- “Azərbaycan jurnalistikası günbəgün tənəzzülə uğrayır: “Mütəxəsis qıtlığı yaranıb. Kim necə istəyir, yazır. Jurnalistəm, deməyə utanıram. Artıq özümü jurnalist kimi görmürəm. Yəqin ki, tezliklə ikinci ixtisasım üzrə çalışmağa qərar verəcəyəm...”

 

İstifadəyə yararsız əşyalardan nəsə düzəltməyi, onlara ikinci həyat verməyi xoşlayır. Yeniyetmə vaxtlarında üç il saz kursalarına getdiyi üçün, bu musiqi alətində ifa etməkdən zövq alır. Söylədiyinə görə, saz havalarını, xüsusən də "Ruhani"ni dinləyəndə hisslərini cilovlaya bilmir, gözləri yaşarır…

 

Bədii yaradıcılıqla da məşğul olur. İndiyədək xeyli köşə yazısı, esselər, uşaq nağılları və felyetonlar qələmə alıb. Nə vaxtsa onları bir kitabda toplayacağı barədə hələ düşünməsə də, inanıram ki, bunu edərsə, gözəl bir kitab ərsəyə gətirə bilər. Nə isə, mayası halallıqla yoğrulmuş bu istedadlı xanımın əməllərini müşahidə edərkən də, onunla həmsöhbət olarkən də bir daha əmin oldum ki, doğrudan da cəsarətli qadın böyük qüvvədir…

 

...Bəli, bu gün - iyulun 4-ü Rumiyyə xanımın növbəti ad günüdür Bu münasibətlə onu təbrik edir, can sağlığı və yaradıcılıq uğurları arzulayırıq...

 

“Ədəbiyyat və incəsənət”

(04.07.2025)

 

Diasporla İş üzrə Dövlət Komitəsi əməkdaşlarının ABŞ-yə səfəri zamanı Nyu York şəhərində fəaliyyət göstərən Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyətinin (National Music & Global Culture Society) rəhbəri, Azərbaycanın Əməkdar artisti Nərgiz Əliyarova və “My Way” Yaradıcılıq Mərkəzinin art direktoru, heykəltəraş və rəssam Emin Quliyev ilə görüş keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalına Komitədən verilən məlumata görə, görüş ölkəmizin BMT yanındakı Daimi Nümayəndəliyində baş tutub. Görüşdə komitə sədrinin müavini Elşad Əliyev və Azərbaycanın BMT yanında daimi nümayəndəsi, səfir Tofiq Musayev iştirak ediblər.

Komitə sədrinin müavini hər iki mədəniyyət xadiminin Azərbaycan həqiqətlərinin beynəlxalq səviyyədə tanıdılması, mədəni irsimizin təbliği və diaspor fəaliyyətinə verdikləri töhfələri yüksək qiymətləndirib.

Nərgiz Əliyarovaya və Emin Quliyevə təltif olunduqları “Diaspor fəaliyyətində xidmətə görə” medalı təqdim edilib. Onlar fəaliyyətlərinə verilən bu yüksək dəyərə görə Azərbaycan dövlətinə təşəkkürlərini bildiriblər. Ölkəmizin mədəniyyətini ABŞ-də tanıtmaq istiqamətində işlərini davam etdirəcəklərini söyləyiblər.

Qeyd edək ki, Nərgiz Əliyarova Bakı Musiqi Akademiyasının professoru, Azərbaycan Dövlət Fortepiano Triosunun solisti, Musiqiçilərin II Respublika müsabiqəsinin laureatı, beynəlxalq müsabiqələr qalibi, Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyətinin təsisçisidir. O, həmçinin Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə ABŞ-də keçirilən Beynəlxalq Bəstəkarlıq Müsabiqəsinin təşkilatçısıdır.

Emin Quliyev isə Sumqayıtın simvoluna çevrilən “Sülh göyərçini” abidəsinin və İmadəddin Nəsiminin heykəlinin müəlliflərindən biri, mərhum rəssam Asim Quliyevin oğludur. Azərbaycan Rəssamlar İttifaqının üzvü olan Emin Quliyev 2006-cı ildən Nyu Yorkda yaşayır və 2009-cu ildən “My Way” Uşaq-Gənclər Yaradıcılıq İnkişaf Mərkəzində sənət direktoru kimi çalışır. Onun yetirmələri ABŞ-nin nüfuzlu incəsənət məktəblərinə və kolleclərinə qəbul olunublar.

 

“Ədəbiyyat və incəsənət”

(04.07.2025)

 

Nigar Həsənzadə, “Ədəbiyyat və incəsənət”

 

Dostları mərhum aktyr Azər Baxşəliyevin xatirəsinə mahnı həsr ediblər - aktyorun sənət dostları onun xatirəsini yad etmək məqsədilə xüsusi və duyğusal layihəyə imza atıblar.

 

Musiqisi Tərlan Məmmədhüseynova, sözləri isə Rafoya məxsus olan "Sınıq pəncərə" adlı mahnı hazırlanaraq Azər Baxşəliyevin əziz xatirəsinə ithaf edilib.

Mahnını sevilən ifaçılar Elçin Cəfərov və Hiss səsləndirib.

Təqdim olunan klipin süjet xətti izləyiciləri kövrəltməyi bacarıb.

Klipdə tanınmış simalar – İlkin Həsəni və xanımı, Tərlan Məmmədhüseynov və xanımı, Fərid Dadaşov və xanımı, Elçin Cəfərov, Hiss, Elşən Orucov, eləcə də Azər Baxşəliyevin həyat yoldaşı Nigar Baxşəliyeva yer alıb.

Ekran işinin rejissorluğunu isə Fərman Bəşirli həyata keçirib.

İnsandünyadan köçəndə ndan nəsə xatirə qalırsa, bu da bir təsəllidir.

 

“Ədəbiyyat və incəsənət”

(04.07.2025)

 

 

44 -dən səhifə 2331

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.