İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Bu gün həm də şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü Tofiq Nurəlinin doğum günüdür.
Tofiq Nurəli 4 iyul 1953-cü ildə Qonaqkənd rayonunun Yerfi kəndində anadan olub. Yerfi kənd məktəbində oxuyub. N. Nərimanov adına Azərbaycan Dövlət Tibb institutunu fərqlənmə diplomu ilə bitirib. Müxtəlif səhiyyə ocaqlarında rəhbər vəzifələrdə çalışıb. İlk kütləvi səhiyyə qəzetini "Şəfqət"- indiki "Tibb qəzeti"ni yaradıb və 1991–1995-ci illərdə qəzetin baş redaktoru işləyib.
Səksəninci illərdə ədəbiyyata gələn Tofiq Nurəlinin şeirləri o dövrün gəncləri arasında ən çox oxunan, sevilən poeziya nümunələrindən olub. Təsadüfi deyil ki, ədəbi orqanlardakı çıxışları kimi onun 1983-cü ildə çap olunan ilk "Şehli kəpənəklər" adlı kitabı da böyük rəğbətlə qarşılanıb. 1984-cü ildə gənc yazıçıların VIII Ümumittifaq müşavirəsindəki uğurlu iştirakı, şeirlərinin "Literaturnaya qazeta" da dərc olunması həmin müvəffəqiyyətin davamı olub.
"Şehli kəpənəklər", "Yağışdan sonra", "Tənha bir qüssə", "Tənha payız yarpağı", "Yarpaqlarım "ağrıyır" adlı kitabları çap olunub. Şeirləri Moskvada, Təbrizdə, İstanbulda çap olunub. 1920-ci ilin aprelində işğalçı Qızıl Orduya müqavimətin təşkili və ondan sonrakı dövrlərdə gizli şəkildə baş verən hadisələrdən bəhs edən "Qaçaq Mayıl" kinopovestinin də müəllifidir.
“Ədəbiyyat və incəsənət”
(04.07.2025)