
Super User
BİRİ İKİSİNDƏ Xuraman Hüseynin şeirləri ilə
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində şeir vaxtıdır, sizlərə Xuraman Hüseynin şeirləri təqdim edilir.
ŞEİR VAXTI
Xuraman HÜSEYN
LAÇIN DAĞLARI
Səninlə qayıdan illər nə gözəl,
Gəldi yurdumuzun əlvan baharı.
Çiçəklər nə gözəl, güllər nə gözəl,
Həyata qaytardıq o laləzarı.
Qəlbimiz məhbəsdə, könlümüz darda,
Gözlər yolda qaldı, qəlb intizarda.
Biz sizə güvəndik, əridi qar da,
Cənnət Qarabağın sərvəti, varı.
Örtdü üstünüzü bulud yorğanlar,
Bitdi ayrılıqlar, keçdi zamanlar.
Dedik, dərdimizi başqa kim anlar?
Gəldik hüzuruna, Laçın dağları!
YORĞUN YOL
Ürəyi qan ağlayan
yaralı həyat da dəyişir
düşmən məğlub olanda.
Gözəlləşir vətən,
yenidən abadlaşır,
tikilir, qurulur.
Həsrət də
bağlı qalmış xonçasını
yığıb gedir,
axan sular durulur.
Dərdimizi çəkə-çəkə
getdi həsrət də, dərd də,
düşmənin əbədi
məğlub olduğu dünyaya
yola düşdülər.
O yol da çoxdan yorulub,
sönüb işıqlar,
zülmətə qərq olub,
bağlanıb qapısı
nankorların üzünə.
Bağlı qapılar arxasında qalan,
əllərinin çatmadığı,
ünlərinin yetmədiyi
arzularının qaranlıq dünyasına
çəkilib düşmən.
Cənnəti işğal etmək xəyalı
suya düşənlər!
Yorğun yolunuz
cəhənnəmə aparır sizi.
O yolların gözləri
İndi yol çəkir.
Gedin,
yolunuzu azmayın bir də!
MÜHARİBƏ OLMAYAYDI
Güllələr susaydı,
Güllər açaydı,
bəzəyəydi hər yeri.
Gözlərimizdən gülüş
nur saçaydı
dərd-qəmin üstünə.
Gözəl həyatın
insanla qəsdi nə?
Öləydi qəddar müharibə,
gözəl sülh
əvəz edəydi onu.
Qara bəxtli qan yerinə
şəffaf su olaydı –
saf su.
Çıxaydı həyat
zibillikdən,
dönəydi cənnətə.
Göz yaşlarına
sevinc səbəb olaydı.
Qorxmayaydı uşaqlar,
ağlamayaydı analar,
müharibə olmayaydı!
İLLƏR
Sinəsinə dağ kimi çəkilən
ayaq izləri
toza dönüb uçacaq havaya.
Qara günləri
Zəfər günəşinə təslim etdiyi
gündən bəri
xoşbəxtliyə addım-addım
aparacaq bizi.
Doğacaq o günəş
zülmət gecələrimizə,
daha görməyəcəyik
susuz qalan çiçək kimi
solan illəri.
Xoşbəxt bir dünyada keçəcək
ömrümüzün
dərdimizə həmdərd
olan illəri.
QÖNÇƏ ÜMİDİMİZ
Yaman zülm çəkdik o illərdə biz,
Çadır şəhər oldu, vaqon ev oldu.
Yenə düşmən çıxdı dost bildiyimiz,
Qönçə ümidimiz saraldı, soldu.
Yanan çıraq idik, yanmadıq, söndük.
Darıxdı hər çəmən, hər dağ, hər dərə.
Vətəndə qaçqına, köçkünə döndük,
Şükür, gəlib çıxdıq bu xoş günlərə.
Qalmadı heç yerdə düşməndən bir iz,
Bəlkə, bundan sonra ağ günlər görək.
Gülsün gözlərimiz, bitsin dərdimiz,
Qönçələr həmişə gül açsın gərək!
NAĞILIN SONU
Namərd dost, xain qonşu, mələk cildində şeytan,
Uzaq dur, bizdən uzaq, düşməsin bura yolun.
Ey vəhşi, ey yırtıcı, necə olmusan insan?
Özünü yazıq kimi göstərən buqələmun.
Əridi qar, getdi qış, vaxtı çatdı baharın,
Dedik, ey yağı düşmən, əl çək bu yurddan, əl çək!
“İti qovan”la qovduq, kəsildi ayaqların
Qalib vətənimizə uzanan əllərintək.
Bürünüb ağ bayrağa, cəhənnəmə gedirsən,
Gözü yaşlı, bağrı qan, məğlub düşmən donunda.
Dövran dəyişib artıq, özünə zülm edirsən,
Göydən alma düşmədi bu nağılın sonunda?
“Ədəbiyyat və incəsənət”
(04.07.2025)
Kitabxanada həyata keçirilən “Milli Qəhrəmanlarımız” layihəsi davam edir
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında 2020-ci ildən həyata keçirilən “Milli Qəhrəmanlarımız” layihəsi çərçivəsində 2025-ci ildə yubileyləri olan Milli Qəhrəmanlarımız haqqında videoçarxın I hissəsi hazırlanıb.
“Ədəbiyyat və incəsənət” portalına Kitabxanadan verilən məlumata görə, videoçarx müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın sitatları ilə başlayır. Burada Azərbaycanın igid oğulları Fəxrəddin Şahbazovun, Faiq Rəfiyevin, Mehdi Abbasovun, Nazim Quliyevin, Şamoy Çobanovun, Naiq Yusifovun, Mirəsgər Seyidovun həyatı, keçdiyi döyüş yolu və qəhrəmanlıqları haqqında qısa məlumat verilir. Şəhidlərin xatirəsinin əbədiləşdirilməsinə dair “Xatirəsi” adlı xüsusi bölmə yaradılıb.
Videoçarx kitabxananın YouTube kanalında yerləşdirilib:
https://www.youtube.com/watch?v=Tthn8NJ2NLM
“Ədəbiyyat və incəsənət”
(04.07.2025)
“Həyat rejissoru...” – Əliqismət Lalayevin 69-u!
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Çevik düşüncə tərzi və yaradıcılıq bacarığı ilə tanınır. Çox ağıllı adamdır, həyatı olduğu kimi qəbul etməyi xoşlayır. Odur ki, hər işin öhdəsindən asanlıqla gələ bilir və öz qaydaları ilə yaşamağa üstünlük verir. İstiqanlı, mehriban və fədakar xüsusiyyətləri ilə seçilir. Onu yaxından tanıdıqca azadlıqsevər təbiəti, həyatda öz yolunu seçmək arzusu ön plana çıxır. Cəmiyyətin nə düşündüyü onu elə də maraqlandırmır, çünki o, hər zaman öz qaydaları ilə hərəkət edir. Kiminlə dost oldusa, bütün diqqətini ona yönəldir və həmişə sadiq qalır...
Deyir ki:- “Bu gün ölkənin çox qaynar mədəni həyatı var. Azərbaycanda beynəlxalq tədbirlər, simpoziumlar, konqreslər keçirilir. Bakıda XXI əsr dünya teatrı necə olmalıdır, inkişaf perspektivləri necədir məsələlərinin əks olunduğu beynəlxalq teatr konfransı keçirildi. Dünyanın hər yerindən teatr xadimləri axışıb gəldi. Onların burda gördükləri, hətta gedəndən sonra yazdıqları məktublar, bizə göndərdikləri rəylər o qədər xoş və cəlbedici idi ki. Biz sevinirik ki, biz bu gün Azərbaycanda yaşayırıq və Azərbaycan teatrında işləyirik. Bu gün Azərbaycan teatrı dünyaya açqdır. Məhz buna görə deyirəmn ki, ən gözəl dövrümüzü yaşayırıq. Xaricə qastrollara gedirik, xaricdən bura teatr nümayəndələri gəlir. Bundan artıq teatr üçün nə lazımdır. Artıq yaxşı işləri qiymətləndirmək tamaşacıların üzərinə düşür. Ümid edirik ki, tamaşaçılar gələcək yaxşı işlərə öz qiymətlərini verəcək...”
O, 1956-cı il iyul ayının 4-də Salyan rayonunda, Hümmət kişinin ailəsində dünyaya gəlib. Əmək fəaliyyətinə 1972-ci ildə klub müdiri kimi başlayıb. Daha sonra isə Salyan rayon "Qələbə" qəzetində korrektor vəzifəsində çalışıb. 1975-ci ildə indiki Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakultəsinə daxil olaraq, 1980-ci ildə oranı fərqlənmə diplomu ilə bitirib. Sonra Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin xüsusi təyinatı ilə Naxçıvan Muxtar Respublikasına göndərilib. Bir müddət Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinində çalışandan sonra ordu sıralarında həqiqi hərbi xidmət keçib. 1982-ci ildə ordudan tərxis olunandan sonra, 1988-ci ilədək Naxçıvan Dövlət Musiqili Dram Teatrında rejissor kimi fəaliyyətini davam etdirib. 1988-ci ildə Salyan şəhərinə qayıdandan sonra müxtəlif illərdə "Qələbə" qəzeti redaksiyasında məsul katib, rayon mədəniyyət şöbəsinin müdürü vəzifələrində calışıb. 1993-cü ilin sentyabrında Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının direktor müavini vəzifəsinə irəli çəkilib. 1995-ci ilin aprelindən 2006-cı ilə kimi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Baş İncəsənət İdarəsinin rəisi, 2006-cı ilin yanvar ayından Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi İncəsənət şöbəsinin müdiri vəzifəsində işləyib. 2008-ci ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm nazirinin əmrinə əsasən, indiki Azərbaycan Dövlət Akademik Musiqili Teatrına direktor vəzifəsinə təyin olunub. Yenə də Azərbaycan Respublikası Mədəniyyət nazirinin əmrinə əsasən, 4 aprel 2025-ci il tarixində Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru vəzifəsindən azad olunub. “Naxçıvan MR-nın əməkdar incəsənət xadimi”, “Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi”, “Fəxri Mədəniyyət İşçisi” fəxri adlarına layiq görülüb. Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin, eyni zamanda Bakı Xoreoqrafiya Akademiyasının müəllimidir...
“Professional səhnədə ilk işim Emin Sabitoğlunun və Sabit Rəhmanın gənc nəslin yaddaşında qalan Nəsibə Zeynalova, Səyavuş Aslan və Hacıbaba Bağırov üçlüyünün təqdim etdiyi “Hicran” tamaşası ilə olub. Heç ağlıma gəlməzdi ki, 10 illər sonra mən Musiqili Komediya Teatrının direktoru olacam. O zamanlar bizim görkəmli aktyorlarımız Nəsibə Zeynalova, Siyavuş Aslan, Hacıbaba Bağırov Naxcıvana gəlirdilər, bizim aktyorlarla birgə tamaşada oynayırdılar. Tamaşalardan çox razı qalırdılar, bu da məni sevindirirdi. Rejissor öz tamaşalrını həyata gətirir, heç kim deyə bilməz ki, mənim bu əsərim digərindən daha yaxşıdır. Yaxşı hesab etmədiyi əsəri rejissor tamaşaçıya göstərməməlidir. Mən hesab edirəm ki, Naxcıvan teatrında, eləcə də son iş yerim- Musiqili Komediya Teatrında səhnələşdirən işlərin hamısı çox uğurlu olub. Bu gün də rejissorlara, aktyorlara yaradıcılıqlarında irəliləyişlər əldə etmələri üçün kömək edirəm. Bunu bacarıramsa, demək öz funksiyamı yerinə yetirə bilirəm...”
O, 1968-ci ildən dövrü mətbuatda çıxış edir. Yüzlərlə məqalə, oçerk və zarisovkanın müəllifidir. Yazılarında əsasən mədəniyyətin müxtəlif sahələrini işıqlandırır, mədəniyyət və incəsənət xadimlərinin həyat və yaradıcılığından bəhs edir. Onun milli teatr sahəsindəki fəaliyyəti daha çox diqqəti cəlb edir. İstər Naxçıvandakı uzun illər teatr yaradıcılığı, istər incəsənət Baş İdarəsinin rəisi və sonralar incəsənət şöbəsinin müdiri vəzifələrində işləyərkən teatrlarımızın inkişafı, yaradıcılığıq fəaliyyətinin istiqamətləndirilməsi sahəsində onun xidmətləri xüsusi qeyd edilməlidir. Hələ Naxçıvan teatrında quruluşcu rejissor vəzifəsində çalışarkən gənc, istedadlı aktyor və rejissor elə ilk tamaşalarından teatr ictimaiyyətinin diqqətini cəlb edib və mütəxəssislər hər zaman onu bacarıqlı, ümidverici bir yaradıcı şəxs kimi qiymətləndiriblər. Onun hazırladığı əsərlər ideya-bədii düşüncə tərzi, səhnə yozumu, müasirliyi, gənclik cəsarəti ilə fərqlənmiş, bu tamaşalar və oynadığı müxtəlif rollar Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin xüsusi mükafatlarını alıb...
Orijinal adamdır. Ən mürəkkəb məsələni asanlıqla həll etməyi bacarır. Sağlam düşüncəyə malikdir, düzgün qərar qəbul etməyi xoşlayır. Əgər ona mane olan olmasa çox uğurlara imza ata bilər. Demək olar ki, hər kəs onu çox istəyir. O, bir çox insanlara baxanda, ətrafdakıların üzündə təbəssüm yarada bilir. Hazırcavabdır. Yenilikləri çox tez öyrənir və şirin çılğınlığı ilə hər kəsin ürəyində özünə yer tapır...
Filologiya elmləri doktoru, professor Timurçin Əfəndiyevin onun haqqında söylədiyi fikirlər maraqlıdır: "Azərbaycan-Orta Asiya teatr əlaqələri" namizədlik işi zəngin faktlara əsaslanan çox dəyərli əsərdir. Onun belə bir qiymətli əsər yazması isə heç də təsadüfi deyil, çünki o, bütün həyatını teatrla bağlamış yaradıcı bir insandır."
Şair Əlisəmid Kürün dünyasında isə, o belə görünür: "O, harda olur-olsun, hansı vəzifədə olur-olsun, hansı məmur postunda oturur-otursun o postu dirildəcək, o yeri ali mərtəbəyə mindirəcək. Çünki təpədən-dırnağa qədər səmimiyyətlə yoğrulmuş bu savadlı, sanballı, istedadlı rejissor həm də bir həyat rejissoru kimi yetişib..."
Bəli, söhbət Əliqismət Lalayevdən gedir. Bu gün - iyulun 4-ü onun növbəti ad günüdür. Bu münasibətlə onu təbrik edir, möhkəm can sağlığı arzulayırıq. Çox yaşasın!
“Ədəbiyyat və incəsənət”
(04.07.2025)
“OXU, YARAT, QAZAN!”-Yay festivalı çərçivəsində master-klass və kitab icmalı təşkil edilib
2 iyul 2025-ci il tarixində F. Köçərli adına Respublika Uşaq Kitabxanasında “OXU, YARAT, QAZAN!” - Yay Festivalı çərçivəsində uşaqlar üçün növbəti maarifləndirici və interaktiv tədbir keçirilib. “Yaradıcılığını kəşf et” adlı bu tədbir həm master-klass, həm də zəngin kitab icmalı ilə yadda qalıb.
“Ədəbiyyat və incəsənət” portalına Kitabxanadan verilən məlumata görə, tədbirin əsas məqsədi uşaqlarda kitab sevgisini artırmaq, onların yaradıcılıq bacarıqlarını inkişaf etdirmək və praktiki təcrübə qazandırmaq olub.
Tədbirin ilk mərhələsində kitabxana əməkdaşları tərəfindən uşaqlara texniki baxımından köhnəlmiş və bərpaya ehtiyacı olan kitabların yenidən istifadəyə hazırlanması ilə bağlı təlim keçirilib.
Bərpa olunmuş kitablar əsasında çəkilmiş cizgi filmlərindən fraqmentlər nümayiş olunub, bunun ardınca isə uşaqlarla qısa müzakirələr aparılıb. Bu, mövzunu daha da maraqlı və yadda qalan edib.
Tədbirin növbəti hissəsində uşaqlar üçün Azərbaycan və dünya uşaq ədəbiyyatı nümunələri əsasında kitab icmalı təqdim olunub. Tədbirin sonunda təqdim olunan əsərlər əsasında viktorinalar təşkil olunub. Uşaqlar viktorinalarda fəal iştirak edərək həm biliklərini sınayıb, həm də əyləniblər.
“Ədəbiyyat və incəsənət”
(04.07.2025)
“Şəbi-hicran” musiqimizdə bir yeni dönəm oldu
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Elit müğənnilərimiz az da olsa var. Onlar həm səviyyəli mahnılar oxuyurlar, həm də imicləri bayağı deyil, tərbiyələri yerindədir. Azərbaycanın sevilən müğənnisi Sevda Ələkbərzadən də bu sıradadır və bu gün onun doğum günüdür.
O, caz, xalq musiqisi və muğam janrlarında ifa edir.
Sevda Ələkbərzadə 4 iyul 1977-ci ildə Bakıda anadan olub. 1998-ci ildə Azərbaycan Dövlət İncəsənət Universitetinin "Musiqili komediya aktyorluğu" fakültəsini bitirib. 1991-ci ildə o, "Aypara" qrupunda ifaçı kimi fəaliyyətə başlayıb, bir il "Aypara" qrupunda çalışdıqdan sonra fərdi ifaçılıqla məşğul olub. 1993-cü ildə RAST qrupunda solist-ifaçı kimi fəaliyyətə başlayıb.
Bu dövrdə "Rast" musiqiçilərinin önəmli yeniliyi ondan ibarət idi ki, milli xalq musiqilərini dünya musiqiləri ilə sintez edərək, dinləyicilərə yeni bir üslub təqdim ediblər. S. Ələkbərzadə həmin ildə görkəmli muğam ustası Alim Qasımovdan fərdi muğam dərsləri alıb. 2001-ci ildə "Rast" qrupunun tərkibindən çıxaraq fərdi ifaçılıq fəaliyyətinə başlayan S. Ələkbərzadə bəstəkar Cəmil Əmirovla birlikdə "Demə ki, sevirəm" adlı ilk layihəsi ilə çıxış edib.
O, 2002-ci ildə dünyanın məşhur caz ustalarının da iştirak etdiyi beynəlxalq caz festivalında iştirak edərək Azərbaycanı layiqincə təmsil edib. S. Ələkbərzadə ilk klipi Cəmil Əmirov bəstəsi ''Demə ki, sevirəm'' mahnısı olub. Ardınca, Salman Qəmbərov aranjımanında 'Əlvida'' mahnısıni klip şəklində təqdim edib.
2004-cü ildə yaradıcılığında yeni bir mərhələ olan "Şəbi-Hicran" layihəsi ilə Dövlət Filarmoniyasının səhnəsində solo konsert ilə çıxış edib. 2005-ci ildə Avropa Şurasına Azərbaycanın hədiyyəsi kimi Bethovenin "Sevinc odası" əsəri S. Ələkbərzadənin ifasında muğam caz stilində ilk dəfə təqdim edilib. Həmçinin bu əsərin sinql-diski də buraxılıb.
Albomları
- Şəbi-Hicran
- Get
- Gül açdı
- Sevdalı dünya
- Intro
Filmoqrafiya
1. Əlvida, cənub şəhəri
2. Süni bənövşələr
3. İlahi məxluq
Populyar mahnıları
- Demə Ki, Sevirəm
- Əlvida
- Məhəbbət Ki Dəb Deyil
- Ulu Vətən
- Mənimləsən
- Dəli Arzular
- Mən Səni Gözlədim
- Gündüz-Gece
- Arazbarı Zərbi-Muğam
- Sev Məni Bu Payız
- Sən Yadıma Düşəndə
- Şahzadə (Gəl, Yarım)
- Qal, Sənə Qurban
- Viranə
- İstəmirəm
- Demə
- Hisslərim Dumanda
“Ədəbiyyat və incəsənət”
(04.07.2025)
DAXİLİ İŞ?! – Rusiyanın ikili standartları davam edir
Əkbər Qoşalı, “Ədəbiyyat və incəsənət” portalının redaktoru
Rusiya Federasiyasının rəsmi çevrələri, o cümlədən Dövlət Dumasında əyləşən bəzi deputatlar, habelə siyasi partiya rəhbərləri, Kremlin ideoloji dəftərxanasına (katibxanasına) çevrilmiş media resursları yenə iş başındadır. Bu isterikanın üzdəki adı: Yekaterinburq! Neorusizmin “dərin səs” funksiyasını yerinə yetirən təkəbbürlü söz adamları Yekaterinburqda baş verən qanlı olaylara Azərbaycanın münasibət bildirməsini “Rusiya Federasiyasının daxili işlərinə qarışmaq” kimi təqdim etməyə çalışır.
Bəziləri isə daha da irəli gedərək, həlak olan, xəsarət alan və ya həbs olunan azərbaycanlıların Rusiya vətəndaşı olduğunu önə sürərək, Azərbaycanın hər hansı hüquqi və ya mənəvi reaksiya haqqını sorğulayır.
Bax, bu, sadəcə absurddur – həm də Rusiyanın öz yaratdığı ikili standart sistemində boğulmasıdır.
Bəs yaxşı, sual edək: siz “Qarabağ Azərbaycanın daxili işi deyil” (!?) deyən xarici işlər zehniyyətindən qəti şəkildə imtina etmisinizmi? Siz ruslar qalsın bir yana, “rusdillilər bizim soydaşımızdır, onların hüquqlarını dünyanın istənilən yerində qorumalıyıq” öhdəliyini soyunmusunuzmu? Yoxsa, özünüz şüşə evdə oturub da daş evlərə daşmı atırsız?
Dönüb özünüzə sual verin: 30 il boyunca Qarabağda yaşayan ermənilərə hansı statusla dəstək verirdiniz? Onlar Rusiya vətəndaşı idimi? Hansı beynəlxalq hüquq sizi bu prosesə müdaxilə etməyə vadar etmişdi? Və ya müdaxilə edərkən hansı hüquqi baza üzərində davranırdınız? Ermənistanla sərhəddi olmayan Rusiya, Qarabağda “sülhməramlı” adı ilə hansı zərurət əsasında hərbi kontingent saxlayırdı? Allah qoymasa, tələm-tələsik infrastruktur və öncə elan olunmuş bildirişdə olmayan yanqüvvə və başqa hıvır-zıvırları da gətirib tökmüşdüz Xankəndi-Xocalı aralığına. Niyə?
Unutmadıq. Bəli, unutmaq və bağışlamaq – Azərbaycan xalqına xas kimi görünə bilər, ancaq siz bizi unutmağa da, bağışlamağa da peşman etmisiniz.
Rusiya, təkcə keçmişin deyil, elə bugünün də cavab verilməli suallarını daşıyır. O dövlət ki, Ukraynaya qarşı apardığı işğalçı müharibəni “rusdilli vətəndaşların müdafiəsi” adı ilə əsaslandırır, o ölkə ki, hər yerdə “soydaş” kartından istifadə edərək, digər dövlətlərin suverenliyinə müdaxilə üçün bəhanə axtarır – indi necə olur ki, başqa ölkələr öz soydaşları döyüldükdə, öldürüldükdə, aşağılandıqda – susmalıdır?!
Yox, bu, belə getməyəcək artıq!
İkiüzlü hüquq yox, artıq həqiqi bərabər məsuliyyət olmalıdır!
Bütün bu baş verənlər – döyülən diaspor rəhbəri, həbs olunan iş adamları, hava limanından geri qaytarılan deputat, digər soydaşlarımıza qarşı aparılan təhqiramiz və təxribatçı təzyiqlər – bunlar sadəcə bir-birindən ayrı epizodlar deyil. Bu, Azərbaycan vətəndaşına, toplumumuza və bütövlükdə Türk-İslam kimliyinə qarşı yönəlmiş sistemli basqılar silsiləsidir.
Əgər siz – rus siyasətçiləri və ideoloqları – istədiyiniz vaxt “öz soydaşlarınız”ı harada istəsəniz “müdafiə” adı ilə müdaxilə edə bilirsinizsə, niyə Azərbaycan vətəndaşları – istər onların dövlət vətəndaşlığı, istərsə də mənsubiyyəti Rusiya üçün formal görünsün – öz soydaşlarının döyülməsinə, öldürülməsinə münasibət bildirməsin? Yaxşı, deyək, biz “0” münasibət göstərmiş olaq, bəs sizin özünüz-özünüzə nə deyirsiz? - Öz vətəndaşlarınızı döyüb-öldürməyinizin səbəbi nədir? - Bizə yox, özünüzə verdiyiniz cavab nədən ibarətdir? - “Əcəb edirik!”? - Budur, cavabınız?
“Onlar Rusiya vətəndaşıdır, siz susun!” – bax, bu bekara arqument beynəlxalq hüquqa da, mənəvi legitimliyə də, insani ədalətə də daban-dabana ziddir!
Azərbaycan öz sözünü deyir, diplomatik cavablarını verir, qətiyyətini də göstərir. Hətta Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və digər əlaüədar dövlətlər də öz sözünü deməkdə haqlıdır. Bu gün Yekaterinburqda döyülən azərbaycanlıdırsa, sabah Uralda özbək ola bilər, Vladivostokda qazax, Novosibirskdə qırğız, Moskvada türkmən və b. Türklərin və müsəlmanların hüquqsuzlaşdırılması, qorxu və itaət mexanizmləri ilə idarə olunması – postimperial Rusiya şovinizminin açıq üzüdür (üzsüzlüyüdür).
Kreml nimdaş şovinizm paltarını soyunmalı, onu yamamaqdan əl çəkməli, “bəzək-düzək”lə cilvələndirməyə çalışmamalıdır.
Azərbaycan Rusiyaya qarşı düşmənçilik yolu axtarmır. Amma haqqının, vətəndaşının, soydaşının ləyaqətini qorumaq borcunu da heç kimdən icazə alaraq yerinə yetirmir. Rusiya tərəfi, əgər doğrudan da, bölgədə barış və əməkdaşlıqda maraqlıdırsa – təkcə sözlə yox, gerçək hərəkətləri ilə bunu sübut etməlidir. Əks halda, məsuliyyətin harada başlayıb, harada bitdiyini tarix özü müəyyən edəcək…
DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!
“Ədəbiyyat və incəsənət”
(04.07.2025)
ÖZÜNÜ DİNLƏ - Bəxtiyar Vahabzadə poeziyasından bir vərəq
Şəhla Rəvan,
Cəlilabad rayon Göytəpə şəhər şəhid Vasif Hüseynov adına 2 N-li ümumtəhsil tam orta məktəbnin direktoru, filoloq, şair. “Ədəbiyyat və incəsənət” üçün
Bəxtiyar Vahabzadə (1925-2009) Azərbaycan ədəbiyyatının qüdrətli nümayəndələrindən biridir. Onun yaradıcılığı avtobioqrafik elementlərlə zəngindir, çünki şair öz şəxsi təcrübələrini, hisslərini, düşüncələrini, millətinin və ölkəsinin taleyini əks etdirən əsərlərində daima özünü ifadə etmişdir.
Məlum olduğu kimi, bu il Azərbaycan Respublikasının Müzəffər Ali Baş Komandanı və Prezidenti cənab İlham Heydər oğlu Əliyev tərəfindən Bəxtiyar Vahabzadənin 100 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalanmışdır.
Heç şübhəsiz, bu sərəncam ölkə rəhbərliyinin Odlar Yurdu Azərbaycanımızın qədim və zəngin ədəbiyyatına göstərdiyi xüsusi qayğının bariz nümunələrindən biridir.
Mən də görkəmli şairimizin xatirəsini əziz tutmaq hədəfi ilə onun çox sevdiyim şeirlərindən biri barədə qısa ədəbi təhlillərimi qələmə almaq və onu B.Vahabzadə poeziyasının heyranları ilə bölüşmək istədim...
ÖZÜNÜ DİNLƏ
Dinlə bu dünyanı öz ürəyinlə,
Sənət aləmində özünü dinlə.
Özgəni dinləsən kökdən düşərsən,
Sən özün özünə özgələşərsən.
«Özümü kənardan seyr edim» - deyə
Nə olar, hərdənbir çəkil təkliyə.
Üzbəüz, təkbətək qal ürəyinlə,
Sən onu dinlə!
Tək onu dinlə!
Bəxtiyar Vahabzadə
ŞEİRİN TƏHLİLİ:
Bəxtiyar Vahabzadənin "Özünü dinlə" şeiri müasir insanın daxili dünyasına, şəxsiyyətinin bütövlüyünə və özünə hörmət hissinin vacibliyinə toxunan dərindən fəlsəfi bir əsərdir.
Şair bu şeirdə insanın özünü tanımasının, öz dəyərlərinə sadiq qalmasının, başqalarının təsirindən qorunmasının zəruriliyini vurğulayır.
ŞEİRİN MƏZMUNU:
Şeir insanın özünü dinləməsinin vacibliyi üzərində qurulub. Bu, sadəcə eşitmək deyil, öz daxili səsinə qulaq asmaq, öz hisslərinə və düşüncələrinə etibar etmək deməkdir. Şair vurğulayır ki, insan əgər özünü dinləmirsə, başqalarının təsiri altına düşərsə, "kökdən düşər", yəni öz mahiyyətini itirər, özünə yadlaşar. Bu, şəxsiyyət itkisi, özünə inamsızlıq deməkdir.
Şeirdə xüsusilə "Sənət aləmində özünü dinlə" misrası diqqət çəkir. Bu, yalnız sənətkarlar üçün deyil, bütün insanlar üçün özünəməxsusluğun, orijinallığın əhəmiyyətinə işarədir. Hər bir insan öz fərqli xüsusiyyətləri ilə dəyərlidir və bu fərqlilikləri qorumaq vacibdir.
Şeirin son hissəsində şair təkliyə çəkilməyin, yəni özü ilə baş-başa qalmağın əhəmiyyətini qeyd edir. Bu təklikdə məqsəd cəmiyyətdən təcrid olunmaq deyil, əksinə, daxili dünyanı dinləmək, özünü kənardan seyr etməkdir. Bu proses insanı özünə daha yaxınlaşdırır, özünü daha yaxşı anlamağa kömək edir.
"Üzbəüz, təkbətək qal ürəyinlə, Sən onu dinlə! Tək onu dinlə!" misraları bu mesajın kulminasiya nöqtəsidir. Ürək burada insanın vicdanı, daxili səsi, həqiqəti simvolizə edir.
BƏDİİ XÜSUSİYYƏTLƏR:
Şeir dilinin sadəliyinə və aydınlığına baxmayaraq, dərin fəlsəfi mənalar daşıyır və oxucuda güclü təəssürat yaradır. Həmin şeirin bədii xüsusiyyətləri olaraq aşağıdakıları qeyd etmək olar:
1. Təkrirlər;
"Dinlə", "özün", "tək" sözlərinin təkrarı şeirin əsas ideyasını vurğulayır və ritmik bir ahəng yaradır. Bu təkrarlar mesajın yadda qalmasına kömək edir.
2. Aforizmlər;
Şeirdəki "Özgəni dinləsən kökdən düşərsən, Sən özün özünə özgələşərsən" misraları aforistik xarakter daşıyır və həyat dərsi verir. Bu misralar şeirin əsas fəlsəfi yükünü daşıyır.
3. Metafor;
"Kökdən düşmək" ifadəsi öz mahiyyətini itirmək, ruhən boşalmaq mənasında işlənmiş güclü bir metafordur.
4. İfadə tərzi;
Şair məsləhətverici, yolgöstərən bir tonla danışır. Bu, oxucu ilə daha yaxın bir bağ qurmağa kömək edir.
5. Axıcılıq və ritmilik;
Qısa misralar və sadə dil şeirə axıcılıq və ritm verir, onu asan oxunan və yadda qalan edir.
NƏTİCƏ:
"Özünü dinlə" şeiri mərhum şairimiz Bəxtiyar Vahabzadənin yaradıcılığında insanın daxili aləminə verdiyi önəmin bariz nümunəsidir. Şeir insanlara öz dəyərlərinə sadiq qalmağı, cəmiyyətin və başqalarının təsiri altında özlərini itirməməyi tövsiyə edir.
O, hər bir fərdin unikal və dəyərli olduğunu, öz daxili səsini dinləməyin, öz vicdanı ilə yaşamağın əsas həyat prinsiplərindən biri olduğunu çatdırır. Bu şeir, insanın özünü tanımaq, özünə hörmət etmək və həyatda öz yolunu tapmaq yolunda bir bənzərsiz bələdçidir.
“Ədəbiyyat və incəsənət”
(04.07.2025)
İncə dərəsindən süzülən şeir...
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Örtülü sübhan qapılar
Qoçaq, nə dilər, bildinmi?
Bu çağından bezən naçaq,
O çağ nə dilər, bildinmi?
Könlümə haqq nuru saçıq,
Can öyümə o SÖZ açıq...
Yurdun yolu üzə açıq-
Ocaq nə dilər, bildinmi?
Son libasdan alma göynək,
Vədəsində gəlsin, geyək.
A yaxasız, qolsuz köynək,
Qucaq nə dilər, bildinmi?
Bu gün Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, klassik şeirimizi yaşadan azsaylı şairlərdən olan Rəfail İncəyurdun doğum günüdür. Ötən il 70-ini qeyd edən şair kirimişcə 71-ə adlayır.
O, 4 iyul 1954-cü ildə Qazax rayonunun Kəmərli kəndində anadan olub. 1977-ci ildə Azərbaycan Dövlət Universitetinin Fizika-Riyaziyyat fakültəsini bitirib. Ədəbi həyata yeniyetmə yaşlarından başlayıb. Universiteti bitirdikdən sonra bir müddət müəllimlik fəaliyyəti ilə məşğul olub.
Kim deyir ki, şairlik humanitar peşə sahiblərinə məxsusdur? Rəfail İncəyurd fizika-riyaziyyatı poetikləşdirməyibmi, lirik çalarlara bürüməyibmi?
1981–1998-ci illərdə şair Azərbaycan Dövlət Universiteti Hesablama Mərkəzində proqramçı, redaktor müavini, redaktor, Müəllim nəşriyyatında redaktor, Bakı Dövlət Universiteti nəşriyyatında kompüter proqramçısı, Odlar Yurdu və Diplomat nəşriyyatlarında baş redaktor və s. vəzifələrdə çalışıb.
Şairin şeirləri səni mütləqdir ki, keçmişə, suların hələ duru olduğu əqdəmlərə aparır. Orada gül gülü, bülbül bülbülü çağırır. Orada insanı münasibətlər sırf maddiyyata köklənməyib. Orda əsl sevgi, əsl dostluq bərqərardır...
Nə deyirsən, dolan könlüm,
Fələk verən bəs olarmı?
Giryanım ilə boşalsan,
Fələyimnən bəhs olarmı?
Demədimha söz elə, bax,
Tor gözündən köz ələ, bax!
Evlər yıxan gözələ bax-
Belə də həvəs olarmı?
İncəyurdtək haraylının,
Qətli-fərman... hər aylının,
Bu sevdalı gəraylının
“Sarıtel”i pəs olarmı?
“Ədəbiyyat və incəsənət”
(04.07.2025)
Teatr Xadimləri İttifaqı fəaliyyətini genişləndirir
Mina Pəşid, “Ədəbiyyat və incəsənət” üçün
Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin, Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Şəki rayon Komitəsinin dəstəyi ilə Şəki -Zaqatala regionunda fəaliyyət göstərən teatr kollektivləri ilə görüş - Azərbaycan Teatr Xadimləri İttifaqı İdarə heyətinin səyyar iclası keçirilib.
İclasın keçirilməsində məqsəd regionda fəaliyyət göstərən dövlət və xalq teatrlarının bu günü və gələcək fəaliyyəti barədə fikir mübadiləsinin aparılmasıdır.
Şəki şəhər Heydər Əliyev Mərkəzində keçirlən tədbirdə İttifaqın sədri Hacı İsmayılov, sədr müavinləri İlham Namiq Kamal, Azad Şükürov, İdarə heyətinin üzvləri - İlham Əsgərov, Mərahim Fərzəlibəyov, məsul katib Aidə Qafarova, hüquqşünas Könül Ələkbərova, Akademik Milli Dram Teatrının ədəbi hissə müdiri Cavid Zeynallı, Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsini icra edən Emil Bədəlov, Şəki Dövlət Dram Teatrının direktoru və baş rejissoru Mirbala Səlimli, Qax Gürcü Teatrının direktoru Zita Xəlilova və Şəki-Zaqatala regionunda fəaliyyət göstərən teatrların nümayəndələri iştirak ediblər.
İclasdan əvvəl iştirakçılar Ümummilli Lider Heydər Əliyevin heykəli qarşısına gül dəstələri qoyub, Ulu Öndərin xatirəsini dərin ehtiramla yad ediblər.
Giriş sözü ilə tədbiri açan Emil Bədəlov iştirakçıları salamladıqdan sonra sözü Hacı İsmayılova verib. İttifaq sədri sənətçiləri salamlayıb, onlara milli teatrın inkişafı naminə çalışmalarında uğurlar arzulayıb. Sonra teatr sahəsində uğurlu fəaliyyət göstərənlərə mükafatlar təqdim olunub.
Mükafatlandırma mərasimindən sonra regionda fəaliyyət göstərən teatr nümayəndələrinin çıxışları dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb, gələcək fəaliyyətləri barədə tövsiyələr olunub.
“Ədəbiyyat və incəsənət”
(04.07.2025)
Bu ilin ilk 6 ayında 29 film dövlət reyestrində qeydiyyatdan keçib
Ölkə daxilində istehsal olunan, eləcə də respublikaya gətirilən hər bir film kütləvi nümayişə çıxarılırsa, kinoteatrlarda nümayiş etdirilirsə, dövlət reyestrində qeydiyyatdan keçirilməlidir. Əks halda həmin filmlərin nümayişi “Kinematoqrafiya haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən qadağan edilir.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, bu ilin ilk 6 ayında dövlət reyestrində 29 yerli film qeydiyyatdan keçib. Bunların 12-si sənədli, 11-i tammetrajlı bədii, 6-sı isə qısametrajlı bədii filmdir. Ötən ilin müvafiq dövründə bu rəqəm 28 olub.
Qeyd edək ki, filmlərin dövlət reyestri bu mənada həm də statistik informasiya mənbəyi kimi dəyərlidir. Reyestrdəki siyahı ilə tanış olduqda ölkə ərazisində həmin dövrdə istehsal olunmuş filmlərlə bağlı məlumat əldə etmək mümkündür.
“Ədəbiyyat və incəsənət”
(03.06.2025)