Super User
“Mahmud Kaşğarinin “Divanü lüğat-it-türk” əsəri” - Nadir MƏMMƏDLİ
AMEA Dilçilik İnstitutunun baş direktoru, filologiya elmləri doktoru, professor Nadir Məmmədli türk dünyasının bir incisi olan Mahmud Kaşğarinin "Divanü lüğat-it-türk" əsəri barədə dəyərli bir tədqiq işi ortaya qoyub.
Mahmud Kaşğarinin bu ensiklopediyasında türksoylu xalqların dil özəllikləri, ləhcələri, milli-mədəni varlıqları toplanıb, dövrünə uyğun qrammatika və yazı qaydaları müəyyənləşdirilib.
Nadir Məmmədlinin “Mahmud Kaşğarinin "Divanü lüğat-it-türk" əsəri” adlı tədqiqat işini diqqətinizə çatdırırıq.
II
M.Kaşğarinin kimliyi və "Divanü lüğat-it-türk"ün yazıldığı dövr
Mahmud Kaşğari özü haqqında məlumatda atasının İssık-Kul gölünün sahilində yerləşən Barsğan şəhərində doğulduğunu qeyd etməklə kifayətlənmişdir. Götürdüyü nisbəyə əsasən Mahmud Kaşğarinin əslən qaraxanilərin, yaxud müəllifin adlandırdığı kimi, xaqanilərin hakimiyyət mərkəzləri olan Kaşğardan olduğu məlum olur (həyatı və yaradıcılığı haqqında geniş məlumat yoxdur). Ərəb tarixçisi İbn-əl-Əsirin məlumatına görə. 1029 və 1030-cu illər arasında doğulduğu təxmin edilir, XI əsrdə Mərkəzi Asiyada hakimlik etmiş Qaraxanilərin Şərqi Türk xaqanlığı sülaləsinin nəslindəndir. Anası Bibi Rəbiyyə öz dövrünün mükəmməl savadlı qadınlarından olub. M.Kaşğarinin atası Hüseyn ibn Məhəmməd Mavərənnəhri istila etmiş Buğra xanın nəvəsidir. Onun doğulub-böyüdüyü Balasağun şəhərinin xarabalıqları Bişkek şəhərinin yaxınlığındadır. P.Juzenin fərziyyəsinə görə, M.Kaşğarinin əcdadlarından biri Samanilər hakimiyyəti altında olan Transoksaniya torpaqlarını fəth etmiş və mərkəzi Kaşğarda olan yeni qaraxanilər sülaləsinin banisi Nəsir ibn Əlidir (Juze P.K. Thesaurus Linguarum Turcorum \\ İzvestiə Vostoçnoqo Fakulğteta Azerbaydjanskoqo qosudarstvennoqo universiteta, 1927, t.11, s.29.). O.İ.Pritsak "Divan"a və bir sıra tarixi mənbələrə əsaslanaraq Mahmud Kaşğarinin 922-ci ildə Buxaranı ələ keçirən Transoksaniyanın ilk fatehi Buğra Xan titulunu daşıyan Harun (əl Həsən) ibn Süleymanın nəslinin davamçısı olduğunu ehtimal edir. Daha sonra, Mahmud Kaşğarinin atasının Barsğan əmiri və Buğra Xanın nəvəsi və Hüseyn ibn Məhəmməd adını daşıyan həmin şəxs olduğunu qeyd edir. (Kononov A.N.Maxmud Kaşkarskiy i eqo "Divanu Luqat it Turk" \\ Sovetskaə törkoloqiə. 1970. T.1)
"Urdu" lüğət məqaləsində müəllif məlumat verir ki, Kaşğar türklərinin yaşadığı ərazi həm də Ordu (Urdu) Kənd adlanırdı.
Qaraxanilər dövləti 927-ci ildə meydana gəlmişdir. Qaraxanlılar İslam dinini qəbul etmiş ilk türk sülalələrindən biri idi. Qaraxanilər nəslinin ali mühitində böyüyən M.Kaşğari təhsilini Kaşğar şəhərinin ən yaxşı məktəblərində almış, sonra Buxara və Nişapurda ərəb və fars dillərini mükəmməl mənimsəmiş, burada elmi biliklərini daha da dərinləşdirmişdir. Kübar ailədən olan digər cavanlar kimi, o, hərb sənətinə də yiyələnmiş, Kaşğarda hərb sənətinin müxtəlif növləri ilə məşğul olmuşdur. 29 yaşında ikən ölkəsində hakimiyyət uğrunda baş vermiş qanlı hadisələr zamanı təqiblərə məruz qaldığından oranı tərk etmiş, qürbətə getməli olmuşdur. Bağdadda yaşamış, bir müddət universitetdə elm və təhsillə məşğul olmuş, istedadlı tələbələr yetişdirmişdir. 89 yaşında ikən vətəninə qayıdan M.Kaşğari 97 yaşında dünyasını dəyişmişdir.
"Divanü lüğat-it-türk"ün rus və qazax dilinə tərcüməçilərindən biri olan P.A.M.Auezov "Giriş"də qeyd edir ki, XI əsrdə Orta Asiya və Yaxın Şərqi fəth edən qaraxani və səlcuqlular üçün yeni bir tarixi dövr başlayır. Bu barədə o, ətraflı məlumat verir.
X əsrin ortalarında Abbasilər xilafəti siyasi sabitliyini və inzibati tamlığını itirmişdi. Belə ki, Qərbi İran və İraq hakimiyyəti (Abbasilər xilafətinin paytaxtı Bağdad da daxil olmaqla) 999-cu ildən samanilərin, 1040-cı ildən Əfqanıstan və Xorasan qəznəvilərin, 945-ci ildən 1055-ci illərədək Buidlər sülaləsinin əlində idi. Qərbdə, Misir və Suriya əyalətlərində, əvvəllər Abbasi xilafətinin bir hissəsi olan fatimilər tərəfindən idarə olunurdu, lakin X əsrdə bizanslılar tərəfindən fəth edilmiş şimal hissə xaçpərəstlərin gəlişi ilə əvəzləndi.
Müəllif qeyd edir ki, Abbasilər xilafətinin süqutundan sonra İran və İraq yeni dövlət, ictimai və dini qurumların yaradılmasının əsas mərkəzlərinə çevrildi, burada hakim sülalələr və onların əsabələri tərəfindən idarə olunan bir sıra kiçik əyalət və bəyliklər meydana çıxdı. Keçmiş torpaq mülkiyyətçiləri və məmurların, köçəri tayfa başçılarının və muzdlu əsgərlərin təmsil etdikləri yeni hərbi-siyasi elitanın idarəetməsi yarımfeodal xarakter daşıyırdı. Hər vilayətdə yerli mədəniyyət inkişaf edirdi: ərəb əyalətlərində poeziya, əlyazma sənəti, memarlıq, İranda isə fars dili və mədəniyyətinə əsaslanan müsəlman mədəniyyəti.
50 ilə yaxın Şərqi İranda və Transoksaniyada samanilər sülaləsi Abbasilər dövründə qurulmuş yerli idarəetmə sistemini dəstəklədi. Sicistanda, Xarəzm və Əfqanıstanda muzdlu hərbi elitanın canişinləri və ya mühacirləri hökm edirdi. Abbasilər kimi samanilər də müsəlman mədəniyyətinin himayədarları idilər. X əsrdə süqut edən Sasanilər dövlətinin sahib olduqları hər şey muzdlu hərbçilərin lideri Alp Təkin tərəfindən fəth edilmişdi. Qəznəvilər xəlifəyə sədaqət andı içərək müsəlman din rəhbərlərini müdafiə edir, eyni zamanda təhsilin və fars ədəbiyyatının dirçəlməsini dəstəkləyirdilər. XI əsrin ortalarında Qəznəvi hakimiyyəti yerini Orta Asiyadan gələn yeni qüvvələrə təslim etdi.
Orta Asiyanın İran və Çin arasında bir hissəsində atçılıq və qoyunçuluqla məşğul olan köçəri türk tayfaları otlaq torpaqlarının bölüşdürür, yaxud yürüş zamanı birləşərək böyük olmayan qruplar şəklində yaşayırdılar. VII-VIII əsrlərdə Tan sülaləsi tərəfindən etibarlı şəkildə qorunan və Çinin şərq sərhədləri yaxınlığında məskunlaşmış türklər yeni otlaqlar axtarışı ilə qərbə doğru irəliləyərək yeni köç dalğasını yaratdılar. Nəticədə Orta Asiyanın sakinləri Aral dənizinə, Transoksaniyaya, Xarəzm və Əfqanıstana doğru sıxlaşdılar. Köçəri türk tayfaları oturaq əhali ilə ticarət və mədəni əlaqələr qurdular: taxıl, parça və silah alıb, əvəzində mal-qara, dəri, yun və qul satdılar. Bu canlı mübadilə çöllərdə bazarların və yaşayış məntəqələrinin yaranmasına səbəb oldu və köçəri türklərin şimalda Transoksaniya, Volqaboyu və Sibir ilə, şərqdə Çin arasında karvan ticarətinə cəlb olunmasına kömək etdi.
İslamın qəbulundan əvvəl bütün canlı və cansız aləmi əhatə edən ruhlara, Göy, Yer, Su Allahlarına inam Orta Asiya köçəri türk tayfalarının dünyagörüşünün əsasını təşkil edirdi. Burada şamançılıq geniş yayılmışdı. Ruhu bədəndən ayıra bilən və vəcd halında göylərə qalxmaq və ya yeraltı dünyaya enmək iqtidarında olan şamanlar xəstələrə şəfa verir və yuxu yozurdular. Orta Asiya türkləri çöllərdə təbliğ olunan atəşpərəstlik, büdpərəstlik, manilik ilə tanış idilər.
Qaraxanilər imperiyasının təməlini qoyan Şərqi türk tayfaları X əsrin ortalarından başlayaraq, əsrin sonlarına doğru səlcuqlar sülaləsi və onlarla bilavasitə əlaqəli olan oğuzlar da islamı qəbul etdilər. X əsrin sonlarına doğru Orta Asiyanın türk əhalisi arasında inkişaf etmiş bir sosial və institusional iyerarxiya, ticarət təcrübəsinə və dini dünyagörüşə malik oturaq xalqlarla birləşdirən geniş miqyaslı bir koalisiya qurulmağa başlandı. Türklər yeni bir imperiya elitasının yaranmasına səbəb olan mövcud siyasi və mədəni potensialları ilə Yaxın Şərqə axışdılar.
Türklərin islamı qəbul etməsi ilə yadellilərin öz torpaqlarına keçmələrinin qarşısını alan, müsəlman cəmiyyətini bütpərəstlərdən qoruyan qazilər Şərq sərhədlərinin mühafizəsini zəiflətdi, bir çoxu qəznəvilərlə birlikdə Hindistana köçdü, bəziləri Bizans sərhədlərinə keçdi. 992-ci ildə Qaraxanilər sülaləsinin rəhbərliyi altında Şərqi türk tayfaları Buxaranı, 999-cu ildə Səmərqəndi ələ keçirdilər.
Qaraxanilər elitası Şərqi İran ənənələrini tez bir zamanda qəbul etdi, yeni hökmdarlar mülkiyyətlərini Qərbi (1211-ci ilə kimi Transoksaniyada yerləşən) və Şərqi (Fərqanə və Kaşğarı əhatə edən) olmaqla böldülər. Transoksaniyanın yeni hökmdarları Abbasi xəlifələrinin nüfuzu ilə birbaşa və ya dolayı yolla Transoksaniya, Kaşğar və Tarım hövzəsi əhalisi arasında islamın yayılmasına yardımçı oldular.
1025-ci ildə Transoksaniyada qaraxanilər hakimiyyətlərini təsdiqləyərkən səlcuqluların rəhbərliyi ilə oğuz tayfaları Amudəryanı keçdilər, 1037-ci ildə Nişapuru ələ keçirdilər, 1040-cı ildə qəznəvilər üzərində qələbə çaldılar və Xorasanın yeni hökmdarları oldular və bununla da Səlcuq İmperiyasının əsasını qoydular. Səlcuqluların rəhbəri Toğrul bəy və qardaşı Çağrı bəy tərəfdarlarını Qərbi İrana apardılar, 1055-ci ildə Bağdad və xilafəti nəzarətə götürdülər. Xorasandan İraqa qədər Yaxın Şərq imperiyasının hökmdarları olan Səlcuqlar özlərini islam sultanları elan etdilər.
Daha sonra köçəri türk tayfaları Azərbaycana və Anadoluya keçdilər və 1071-ci ildə Manzikert döyüşündə Bizans ordusunu məğlub etdib, imperatoru əsir götürdülər və bütün Kiçik Asiyanın qapısı türklərə açıldı. Türk tayfaları da İraqa, Mesopotamiyaya daxil olaraq, səlcuqluların mülkiyyətini Aralıq dənizinə qədər genişləndirdilər.
X-XI əsr hadisələri oğuz türklərinin keçmiş Abbasi imperiyasının böyük bir hissəsini öz hakimiyyətləri altında birləşdirməsi, qaraxani türklərinin isə Transoksaniya və Kaşğar hökmdarları olması ilə nəticələndi. (Bax: Maxmud al-Kaşqariy. "Divan Luqat it-Turk". Perevod, predislovie i kommentarii Z.A.M.Augzovoy. Almatı: Dayk-Press, 2005. Vvedenie) M.Kaşğarinin "Divan"ının yazma tarixi məhz bu dövrə təsadüf edir.
(Davamı var)
“Ədəbiyyat və incəsənət”
(20.02.2024)
BAFTA mükafatları təqdim olundu - OPPENHEİMER, BƏSDİR DƏ DAHA!
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
Dünən gecənin bir aləminə kimi oturub 77-ci Britaniya Kino və Televiziya Sənəti Akademiyasının (BAFTA) mükafatınının təqdimetmə mərasiminə baxdım və düzü, məyus oldum. Londonun Kovent-qarden kral teatrında düzənlənən şou niyə məni məyus etdi, deyim.
Mən Britaniya əsilli amerikalı rejissor Kristofer Nolanın (qapaq şəklində) bioqrafik dramı olan “Oppenheimer” (2023) filmini bəyənmirəm, amma bu filmin kultu yaranır göz görəsi, BAFTA-nın baş mükafatını da bu film apardı. Elə gələn ay Oskarı da o aparasıdır.
Amma mənim fikrim heç nəyi dəyişəsi deyil deyə söhbətimi davam etdirirəm.
Oppenheimer” “Ən yaxşı film” nominasiyasını qazandı, ümumilikdə nominasiyaların sayına görə liderlik edən film namizəd olduğu 13 mükafatdan 7-ni əldə etdi. Belə ki, o, Britaniya Akademiyası tərəfindən “Ən yaxşı rejissor”, “Ən yaxşı aktyor”, “Ən yaxşı ikinci plan aktyoru”, “Film üçün ən yaxşı musiqi”, “Ən yaxşı operator işi”, “Ən yaxşı redaktə” nominasiyalarında mükafat aldı.
Sonrakı yerdə 5 nominasiya ilə Yorqos Lantimosun “Kasıb əşyalar” filmi qərarlaşdı.
Siyahıya baxaqmı?
* Ən yaxşı film - Oppenheimer;
* Ən yaxşı İngilis filmi - Maraq zonası;
* Ən yaxşı sənədli film - Mariupolda 20 gün;
* Ən yaxşı aktrisa - Emma Stone;
* Ən yaxşı rejissor-Kristofer Nolan;
* Ən yaxşı köməkçi aktrisa - Da' Vin Joy Randolph ;
* Ən yaxşı köməkçi aktyor - Robert Dauni, Jr.;
* İngilis yazıçı, rejissor və ya prodüserin ən yaxşı debütü - Earth Mama;
* Ən yaxşı orijinal ssenari- Düşmə anatomiyası;
* Ən yaxşı uyğunlaşdırılmış ssenari - Amerika fantastikası;
* Ən yaxşı xarici dildə filmi- Maraq zonası;
* Ən yaxşı cizgi filmi - Oğlan və Heron;
* Film üçün ən yaxşı musiqi - Oppenheimer;
* Ən yaxşı kastinq - Atılmışlar;
* Ən yaxşı operator işi - Oppenheimer;
* Ən yaxşı montaj - Oppenheimer;
* Rejissor rəssamının ən yaxşı işi- Kasıb canlılar;
* Ən yaxşı aktyor Cillian Murphy.
* Ən yaxşı kostyum dizaynı- Kasıb canlılar;
* Ən yaxşı makiyaj və saç düzümü - Kasıb canlılar;
* Ən yaxşı səs - Maraq zonası;
* Ən yaxşı vizual effektlər - Yoxsul canlılar;
* Ən yaxşı İngilis qısa animasiyası-Krab günü;
* Ən yaxşı İngilis qısa filmi- Meduza və Lobster-meduza və Lobster;
* Ən yaxşı yeni ulduz-Mia McKenna-Bruce;
Cillian Murphy / фото: getty images
“Ədəbiyyat və incəsənət”
(20.02.2024)
“Türk Mədəni İrsi Konvensiyası” hazırlanır
Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyət tarixində ilk dəfə olaraq Fondun baş qərargahında üzv ölkələrin Xarici İşlər və Mədəniyyət nazirliklərinin nümayəndələri, irs sahəsində ekspertlər, eləcə də təşkilatın layihə rəhbərləri və tədqiqat üzrə mütəxəssislərinin iştirakı ilə ikigünlük müşavirələr olub. Bu barədə “Ədəbiyyat və incəsənət” portalı Fondun məlumatına istinad edir.
Həmin iclaslar çərçivəsində ekspert qruplarının iştirakı ilə sessiyalar keçirilib, “Türk Mədəni İrsi Konvensiyası”nın hazırlanmasına dair təkliflər irəli sürülüb, Türk dövlət başçılarının Türk Əməkdaşlıq Təşkilatı qarşısında qoyduğu vəzifələr, eyni zamanda, “TURKTIME” proqram sənədi müzakirə edilib.
Müşavirədə çıxış edən Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova iclasın gündəliyi haqqında məlumat verib. O, "Türk Dünyası 2040 Vizyonu" çərçivəsində Fondun üzərinə qoyulan “Türk mədəni irsinin qorunması haqqında” Konvensiyanın icrası üzərində artıq işlərin başladıldığını vurğulayıb.
İclasın gündəliyinə Konvensiyanın hazırlanması, Fondun növbəti iki il üçün fəaliyyət planına baxılması və təşkilatın nəzdində Bərpaçılar və Türk Dünyasının Memarlıq Tarixçilərinin Məşvərət Şurasının yaradılması ilə bağlı məsələlər daxil edilib.
Sonra iştirakçılara “Türk Mədəni İrsi Konvensiyası” layihəsinin təqdimatı nümayiş etdirilib. Dövlət qurumlarının nümayəndələri, ekspert qrupları və Fondun əməkdaşları sənədin təkmilləşdirilməsi və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Fondun Şurasının yaradılması və “Türk Mədəni İrsi Konvensiyası”nın hazırlanması istiqamətində də məhsuldar işlər aparılıb. Konvensiyanın təkmilləşdirilməsi məqsədilə Fond tərəfindən yaradılmış ekspert qrupu ilə mütəmadi olaraq onlayn və ikitərəfli görüşlər keçirilib, daha sonra yekun rəylər təşkilata üzv ölkələrin Xarici İşlər və Mədəniyyət nazirliklərinə təqdim edilib.
İclasda, həmçinin təşkilata üzv ölkələrin müraciətləri və layihə rəhbərlərinin təklifləri əsasında Türk dünyasının zəngin irsinin təbliği, qorunması və bərpası yönündə layihələri ehtiva edən Fondun ikiillik Fəaliyyət Planı ətraflı nəzərdən keçirilib.
İki gün ərzində keçirilən görüşlər qarşılıqlı fikir mübadiləsi və təkliflərlə müşayiət olunub.
“Ədəbiyyat və incəsənət”
(20.02.2024)
UNESCO-nun dünya irsi təqvimi çap olunub
UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil olan İçərişəhər təşkilatın bu il üçün nəşr etdirdiyi seçilmiş təqvimdə yer alıb.
Bu barədə “Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən məlumat verir.
Bu təqvimdə yer alan abidələr UNESCO Ümumdünya İrs Siyahısındakı 168 ölkənin 1157 tarixi abidəsi arasından seçilib.
Təqvimin çap edilməsində əsas məqsəd bəşəriyyətin incisi hesab olunan abidələrin ümumbəşəri dəyərini daha geniş auditoriyaya çatdırmaqdır.
“Ədəbiyyat və incəsənət”
(20.02.2024)
POETİK QİRAƏTdə Əlizadə Nurinin “Deyəsən, o qızın SU idi adı...” şeiri
Poetik Qiraətdə bu gün sizlərlə yenidən daimi müəllifimiz - Cəlilabadda yaşayıb yaradan ustad şair Əlizadə Nuri görüşür.
Dünyada nə qədər köçəri quş var,
Mənim ürəyimdə qışlayıb... keçir.
Razılaşın ki, bu qədər poetik gözəlliyi yaratmaq hər şairin işi deyil.
Deyəsən, o qızın SU idi adı...
Sən demə, ölüm də əkinçi imiş-
Torpaq ömürləri xışlayıb keçir.
Dünyada nə qədər köçəri quş var,
Mənim ürəyimdə qışlayıb... keçir.
Şeytana daş atan özü də cinmiş,
Sonuncu ümid də dünən keçinmiş...
Tanrı üstümüzdən gəlib keçibmiş,
Ancaq yer üzündə düşməyib keçib...
Deyəsən, o qızın SU idi adı,
Hara axıb getdi, niyə qalmadı?
...Dünya özü boyda elə almadı-
Hərə bir yanından dişləyib keçir...
“Ədəbiyyat və incəsənət”
(20.02.2024)
“Prius” məsələsi
Sərtyel, “Ədəbiyyat və incəsənət”
OLMUŞ
Mamedin anası rayona anasıgilə gedir və onun üçün hər yanda bir instruksiya yazıb qoyur. Mətbəxdə necə xörək bişirmək, qab yumaq, hamamda necə paltar yumaq, dəhlizdə necə ev süpürmək və s.
Mamed axşam asudəlikdən istifadə edib təzə kostyumunu geyinib ayağını yana atmaqçün aradan çıxmaq istərkən əlinə cibdəki kağız dəyir. Arvadı yazıb: “Ə, alçaq, bəzənib-düzənib hansı ləçərin yanına gedirsən?”
QAYDA
Boz kütlədən fərqlənmək istəyirsənsə, fecebook-da Azərbaycan dilində səhvsiz yaz.
REALLIQ
-Ay ana, bu ekrandakı nə eybəcər qadındır belə?
-O eybəcər qadın deyil, o gözəl kişidir.
DODAQQAÇDI
-Ay qız, sən niyə görüşə ağappaq geyinib gedirsən?
-Oğlana təslim olacağam.
ƏFSUS
Arzuların gerçəkləşməsi üzrə dünya çempionatında Qızıl Balığın komandası Məmur Məmurlunun komandasına uduzdu.
ƏLAMƏT
Bolt-la, ya Uber-lə taksi çağır, əgər Prius deyilsə, demək, günün uğurlu keçəcək.
“Ədəbiyyat və incəsənət”
(20.02.2024)
Unudulmaz sevgi şeirləri: Vahid Əziz, “Yaman yada saldı bu gecə səni…”
Rubrikanı aparır: Könül, “Ədəbiyyat və incəsənət”
Çağdaş poeziyamızda sevgi mövzusu sosial şəbəkə şeirlərinin leytmotivini təşkil edir. Amma bu şeirlərdə sevgi sanki modern sevgidir, təmənnalıdır. Belə sevgi şəxsən məni və dəqiq bilirəm ki, çoxlarını təmin eləmir. Bu dəfə klassik sevgi nümunəsini böyük şairimiz, şeirlərini sevə-sevə oxuyub əzbərlədiyimiz Xalq şairi Vahid Əzizdən gətirəcəyəm. Şair “Yaman yada saldı
bu gecə səni…” söyləyir…
Qəlbimi çəkdiyim həsrət üşüdür,
köksüm isitdikcə şəkillərini,
yoxluğun yandıran olmazdı bu cür,
yaman yada saldı bu gecə səni.
Səni xəyalımda tutub gedirəm,
Özgə kimim var ki, pənah gətirəm?
Qorxuram, özümü elə itirəm;
boynuna sarmanam görüncə səni.
İstəklər kor edib, ümid qırmışam,
şəkil var bozarır, daha yormuşam!
Evin bir küncündə evcik qurmuşam,
tapantək çəkəcəm bu küncə səni!
Yuxuda lal-dinməz keçdin yanımdan,
həyatda dözməzdim havalanmadan,
inan ki, canını dırnaqlarımnan
didərəm, yanımdan gedincə sənin.
Məhəbbət seliymiş, nə cür biləydim?
Apardı, daşlardan-daşlara dəydim,
hərdən düşünürəm: "Bəlkə öləydim,
bu cür heyran olub sevincə səni?.."
Ətrinmi ətrindən, saçınmı bu cür?
Yaman yada saldı bu gecəm səni.
baxma ki, sevgidən gözüm su içmir,
ölüncə yolunu güdəcəm sənin…
“Ədəbiyyat və incəsənət”
(20.02.2024)
“Ölü doğulur günəş, hər gecə asfaltda…” - Mustafa Şeyxpurun şeirləri
“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan təmsilçisi Əli Çağla bu gün sizlərə Mustafa Şeyxpurun şeirlərini təqdim edir.
1.
Gözlərinin göy məscidini unutdum
Əllərini qaldıran minarə idi xiyabanda
Yaşasın...
Küçələrdə oynayan uşaqlar
Və Saat qabağında unudulan Mustafa.
Adını bu adaların birinə qoyacaqdım
Olmadı
Səsini sonra eşitdim
İlk adaya verdim səsini
Quşlar və balıqlar sənin səsinə gəlir
Günəş sənin səsində batır
Ay sənin səsində doğur
Mən hər gün səsinlə oyanıram
Və işlədiyim hər an səsin gözümdən ayrılmayır
Sənin səsində yaşayıram.
Gəl birlikdə oxuyaq o sevdiyimiz mahnını
"Özüm özünə qurban, gözüm gözlərinə..."
Bu dağlarda maral gəzməyir xanım
Nə dağları, nə qəbiləsi, nə şəhəri
Heç biri gözümdə deyil.
Əli boş gəlməyəcəkdim
Qız qalası baqajıma sığmadı
Səni yanımda gətirə bilmədim
Dünya bir adaya sığmaz ki,
Ən son bir gəmi gördü məni
Və ən son mən o gəmini gördüm
Qalan hər şey mavi
Qalan hər şey boş
Sonra mən də itdi, bu mavi də
Sənin səsin qaldı fəqət...
2.
Evimin içində bir ev var
Orda mən yoxam
Qapımızı döyəcəklər biriləri
Olmayınca dönəcəklər evlərinə.
Olduğum şəhərdə bir şəhər var
Bu şəhərdə mən yoxam
Gəlib gəzəcəklər turistlər
Çəkib gedəcəklər öz şəhərlərinə
Yoxluğumu hiss etmədən
Biri çantasında, biri isə quşların qanadında
Götürəcəklər məni evlərinə
Kimsə bilmədən, özləri bilə.
Sonra bütün evlərin içində bir ev olacaq
O evlərdə kimsə yox
Bütün qapılar döyüləcək
Kimsə açmayacaq qapıları
Sonra hər kəs dönəcək kölgəsinə.
3.
Bir yerdən sonra
Daha soruşmayacaqsan
Gülməyəcəksən
Ağlamayacaqsan
Pişiklər dolanacaq küçədə
İtlər keçəcək qapının önündən
Mən də keçəcəyəm.
Dünən bir polis gəldi
"Qonşu qızı intihar etdi" - dedi.
"Mən də uçağa gecikirəm." - dedim.
"Taksi nə zaman gələcək?" - soruşdum.
O təşəkkür etdi
Mən də "İyi günler polis abi" - dedim.
Bir yerlərdən sonra
Bütün saatlar durur sanki.
Sən də yerimək istəmirsən
Hər kəs durmağa başlayır
Bütün taksilər, uçaqlar
Mən...
İndi mən gedərsəm saatlar da gələcəkmi?
Gecələr gündüzlərə qarışır bir saatlardan sonra
Ulduzları bulud ardınca göndərirəm
Ayla günəş bir yataqda yatırlar.
Bir zamandan sonra
Durmağa başlayacağam, sonra saatlara "Get" - deyəcəyəm
Günlərə "Get" - deyəcəyəm
Ulduzlara "Get" - deyəcəyəm
Buludlara "Get" - deyəcəyəm
Sonra oturub arxalarında ağlayacağam
Həm də tam yerində ən dərin
Xəyalinizdəki dənizi ovuclarımın içinə alacağam
Sonra öp deyəcəyəm dodaqlarımı
Sonra dodaqları da şor olur insanın
Göz yaşları kimi...
4.
Gecə qondu
Və biz kəpənəklər kimi işıqlara
Quşlar kimi dallara
Yalqız insanlar kimi divarlara
Sığındıq qaranlıq küçəyə.
Kölgəmizdə qaranlıq bir otaq
Kölgəmizdə itkin bir insan
Kölgəmizdə bir küçə.
Əllərimi tutarsansa
Bir lampanın işığı vardır kölgəmizdə
Sarı lampa
Kəpənəkləri gətirəcəkdir bizə
Sonra pəncərəsi olacaq
Sonra quşları çağıracağıq kölgəmizə
Birdən bir sərçə qonacaq barmaqlarıma
Yaxalıqlı qurqurlar yuxusu görəcəyik.
5.
Şəhər qaranlıq, axşam saat doqquz
Polis tək başına
Bir dilənçi bu tərəfdə
Bir fahişə o tərəfdə
Bir də mən, bu hotelin üçüncü qatının pəncərəsində
Şəhəri boğuram, siqaretimin tüstüsünə boğuluram
Bu okean havası təhlükəlidir deyirəm Mustafa.
Şəhər qaranlıq, gecə 10
Bir dilənçi bu tərəfdə
Bir fahişə o tərəfdə
Bir də mən üçüncü qatında bu hotelin
Qapımı döydü polis
"Röyalarını oğurlayıram, xəbərin olsun" - dedi.
Şəhər qaranlıq, gecə 11
Bir fahişə o tərəfdə
Asfaltın üstünə düşmüş bir dilənçi
Qırmızı çırağın dalısında ambulans
Uuuuuu deyə çatır
Fahişəni götürür.
Şəhər qaranlıq, gecə 12
Hər gecə saat on ikidə
Bir qadın
Abort edir röyalarını
Ölü doğulur günəş
Hər gecə asfaltda.
“Ədəbiyyat və incəsənət”
(20.02.2024)
POEZİYAMIZIN QIZIL FONDUNDAN - Adil Mirseyid, “Şair ömrü”
Könül, “Ədəbiyyat və incəsənət”
İmpressionist rəssam və postpostmodernist şair - Adil Mirseyid. Daim ağrılar və əzablar içində yaşadı, əsərlərində kədəri, dərdi bütün çalarları ilə göstərdi, ağrının bütün cizgilərini nümayiş etdirdi, elə kədərə, dərdə, ağrıya da təslim olaraq dünyadan köçdü.
Bu şeir adi şeir deyil, bu məmləkətdəki düşünə bilən yaradıcı adama bir elegiyadır.
Şeir 1987-ci ildə yazılıb.
hardan nişan alsalar
güllə mütləq ürəyindən keçir şairin.
həmişə hər yerdə
hər yerdə həmişə
bir qəfil gülləyə hədəfdi şair ürəyi
və hər kəsin öz şairi var dünyada
və qanadlı doğular şair ürəyi.
uçur sürünmür
bəzən şair diri ikən gözə görünmür.
bəzən zindan zülməti
tənhalıq səfaləti
bəzən şöhrət öldürür şairləri.
ölümə can atdığını bilmədən
şöhrətə can atır zavallı şair
bir də ayılıb görür
ilk şeirini qoşduğu o aylı gecədəki
o aylı ürək deyil artıq sinəsində döyünən
və yolu kəsib ölüm
gülümsəyir qırmızı gözləriylə
və yazdıqları yazacağı şeirlərin
qaralamasıymış yalnız
və yaşadığı ömür
qaralamasıymış yaşayacağı ömrün.
zamanın qum saatları
axır barmaqlarımız arasından
axır gözlərimizin qarasından
axır ürəyimizin ən dərin yarasından
və yarımçıq şerlər
yarımçıq ömür qalır
bizdən sonra dünyada.
“Ədəbiyyat və incəsənət”
(20.02.2024)
O heç vaxt günaha batmaz
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Ən etibar etdiyim, səmimiyyətinə inandığım şəxsdən də eşitsəm ki, Mürtəza hansısa günaha batıb və ya kobud səhvə yol verib, inanmaram. Çünki halal kişidən törəyib, halal süfrədə böyüyüb. Atası mərhum Müctəba kişi elin təqvalı ruhanilərindən biri idi. Ömrü boyu insanlara mövhumatı yox, məhz İslamı olduğu kimi təbliğ etməyə çalışırdı. Hamının məhəbbətini, hörmətini qazanan bu insanı hər yerdə etiramla qarşılayırdılar. Ruhuna salam olsun!..
Mürtəza uşaqlıq dostlarımdan biridir. Məktəbdə oxuduğum vaxtlarda yay tətillərinin bir hissəsini onun böyüdüyü Ostayır-Dəlləkli kəndində keçirirdim. Tez-tez görüşür, həmsöhbət olurduq. Qızmar yay günlərində həmin kəndin uşaqları gah “Ağaməmməd Şurşuru” adlanan şəlalədə, gah da “Dərin göl”də çimirdilər. Xəzərin beş addımlığında doğulub böyüsəm də ilk dəfə üzməyi Mürtəzadan öyrənmişəm desəm, yəqin ki, ağ olmaz. Qarabuğdayı, sakit və tərbiyəli bir uşaq idi. Heç kimlə işi olmaz, hamıyla mehriban dolanardı. Həddibuluğa çatandan sonra əlaqəmiz kəsildi. Amma elin xeyir-şərində, necə deyərlər, arabir üz-üzə gəlirik...
“Çox heyf ki, bu gün media daha ciddi problemlərə üstünlük vermir, qlobal dünyada baş verən proseslərin hansının bizə birbaşa və ya dolayısı ilə təsir edəcəyinin fərqinə də o qədər varılmır. Azərbaycan mediası bir çox hallarda IP deyilən xəstəliyə yoluxub. Onların fikrincə cəmiyyət üçün Nadir Qafarzadə və ya hansısa kriminal avtoritet daha önəmlidir, nəinki Amerikanın dünyaya hegemonluq etmək siyasəti. Cəmiyyət özü də bu məsələlərlə maraqlanmır. Amma, beyin mərkəzlərində ABŞ-ın anti Rusiya sanksiyalarına ciddi reaksiyaların olacağını düşünürdüm. Çünki, bu artıq təkcə Rusiyaya qarşı tətbiq olunmayıb. Bizə də çata bilər...”- söyləyir.
Tərcümeyi halını dərindən bilməsəm də, şəxsiyyətinə bələd olduğum adamdır. Uzun illərdir ki, sosial mediada jurnalist kimi fəaliyyət göstərir, əsasən siyasi analitik yazılarla çıxış edir...
Deyir ki,- “İordaniya-Suriya sərhədindəki ABŞ hərbi bazasına məlum hücumdan sonra Ağ Ev-Tehran münasibətləri açıq qarşıdurma müstəvisinə keçməkdədir. Amerikalı senatorlar, xüsusən də respublikaçılar ölkə rəhbərliyini İrana qarşı sərt şəkildə birbaşa cavab verməyə və hətta hücum etməyə çağırıblar.”
Bu gün dünyada olan qarışıqlıqdan çox narahatdır. İstəyir ki, hər yerdə sülh, əminamanlıq hökm sürsün. Şəxsi həyatında da belədir. Heç kimlə işi olmaz, mübahisəyə meyilli deyil. Çalışır ki, dilindən və əməlindən heç kəsə ziyan dəyməsin. Obyektlviyini gözləməyə üstünlük verir. Dostluqda sədaqətli, yoldaşlıqda vəfalıdır. Poeziyaya marağı böyükdür. Doğrudur, özünü heç vaxt şair kimi təqdim etmir, amma arada şeirlər də yazır:
“Dünya bir qonaq evi,
Mən də kirayənişin...
...Vardır pərisi, divi,
Hərə qulu bir işin...
Özüm, sözüm kimiyəm,
Tükənmir əzab işim.
Ləngər vuran gəmiyəm,
Ruhum, sərxoş sərnişin...
Dalğalar özün yaxır,
Gəmirir həndəvərin...
Gəmim su kimi axır,
Biçir dalınca vərin...
...Üfüqdə qızarır dan,
Savaşır gündüz-gecə...
Ömür sınaqdı hər an,
Kim dayana, kim keçə...
Dünya bir nərd oyunu,
Taxtasın daş döyəclər...
Kirpiklər dərd suyunu,
Qurutmaz, yaş döyəclər.
Demə ki, dünya qəvi,
Savaşmaq deyil işin...
- Yox, dünya qonaq evi,
Mən də kirayənişin...”
Onu bu şeirindən də tanımaq olar- Gözütox, qəlbigeniş və müdrik. Nə isə, əgər məndən tanıdığım ən yaxşı adamların adlarını sadalamaq tələb olunsa, çəkinmədən Mürtəza Bünyadlının adını həmin sırada hallandıraram...
Mürtəza bəyin 57 yaşı tamam oldu. Onu bu münasibətlə ürəkdən təbrik edir, möhkəm can sağlığı, firəvan həyat arzulayırıq.
Çox yaşa, HALAL ADAM!
“Ədəbiyyat və incəsənət”
(20.02.2024)