
Super User
Şəhidlər barədə şeirlər – MƏHƏMMƏDƏLİ İBRAHİMLİ
“Ədəbiyyat və incəsənət” portalı Azərbaycan Yazıçılar Birliyinin üzvü Coşqun Xəliloğlunun “Şəhidlər barədə şeirlər” silsiləsini təqdim edir. Bu gün Məhəmmədəli İbrahimliyə həsr edilmiş şeirlə tanış olacaqsınız.
MƏHƏMMƏDƏLİ MÜTƏLLİM OĞLU İBRAHİMLİ
(22.11.1996.-13.10.2020.)
Əslən Füzuli rayonunun Cuvarlı kəndindən olan, Beyləqanda doğulmuş, Bakı şəhəri Sabunçu rayonundakı 215 nömrəli orta məktəbin, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (bakalavr) və Azərbaycan Texniki Universitetinin (magistr) məzunu, Qarabağın azad edilməsi uğrunda Vətən müharibəsinin şəhidi.
Şəhid olduğu yer: Tərtər rayonu Göyarx kəndi.
Dəfn yeri: Sabunçu, Şəhidlər Xiyabanı.
MƏHƏMMƏDƏLİNİN CƏNNƏTDƏN MƏKTUBU
Əslim Cuvarlıdandır, doğuldum Beyləqanda,
Xoşbəxtəmmiş göz açdım, doğma Azərbaycanda.
Bakıda təhsil aldım, gündüz-gecə çalışdım,
Geri qalmamaq üçün zaman ilə çarpışdım.
İdmanla məşğul oldum, vardır neçə medalım,
Uzağa aparırdı daim məni xəyalım.
Məni çox yandırırdı kəndimizin işğalı,
Niyə əsirlikdədir, can kəndim, can mahalım.
“Qarabağ” klubuna azarkeşlik edirdim,
Yarışlara baxmağa həvəs ilə gedirdim.
Həyatda hər bir zaman düz yaşadım, düz oldum,
İki ali məktəbdə məzun, mühəndis oldum.
Gözlədiyim gün gəldi,
Yazıldım ordumuza, kəşfiyyat əsgəriydim,
Ölüm nədir ki, qorxam, mən azadlıq şiriydim.
Sarsılmadım həmin gün... ağır yaralanmışdım,
“Mənə heç nə olmayıb”, ağrıları danmışdım.
Yenə irəlidəyəm, sorğu-hesab vaxtıdır,
Bəli, bu son imtahan, dəqiq cavab vaxtıdır.
Avtomatla düşməni bir-bir yerə sərirdim,
Yağını cəhənnəmə əlimlə göndərirdim.
Düşmən səngərindəyəm, əlimdədir qumbara,
Kafirlər çaş-baş qalıb, axı qaçsınlar hara?
Aldım şəhidlərin mən, həmin gün qisasını,
Görməsəm də kəndimin, evimin xilasını.
Ruhum şaddı, rahatdı, atam, yaşa vüqarlı,
Qarabağım azaddır, xilas olub Cuvarlı.
Əziz anam, ağlama, sənin oğlun qalibdir,
Azərbaycan müqəddəs torpaqlara sahibdir.
Sağ olsunlar, adımı hörmət ilə çəkənlər,
Xatirəmə çinarlar, qızılgüllər əkənlər.
Dostlar, şəhid olmuşam, amma mən ölməmişəm,
Qismətim imiş cənnət, cənnətə də gəlmişəm.
“Ədəbiyyat və incəsənət”
(27.05.2024)
Məhəmməd və dağ
Sərtyel, “Ədəbiyyat və incəsənət”
1.
Ailə elə bir yuvadır ki, sən ora rahatlaşmağa, xəbərləri oxuyub, yeyub-içib yatmağa gedirsən. Amma orda onlarsa səndən zorən əməkhaqqı istəyir, təmir tələb edir, şopinqlə yükləyir, qab yumağa vadar edirlər.
2.
Balaca Firdovsi anasına deyir:
-Ma, səni bağçaya götürməzlər.
Anası soruşur:
-Niyə?
Uşaq deyir:
-Çünki sən qorşoka yerləşməzsən.
3.
Şəhrizad davam etdi:
-Məhkəmələrdə əksərən haqsız olsa belə varlı kasıb üzərində qalib gəlir. Küçə döyüşlərində isə əksinə. Əksər inqilabların uğuru buna görədir.
4
Sürünmək üçün yarananlara qanadları göz dağıdır.
5.
Məhəmməd hələ də dağın yolunu gözləyir.
“Ədəbiyyat və incəsənət”
(27.05.2024)
BİR SUAL, BİR CAVAB Ruslan Dost Əli ilə
Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”
SUAL:
Ruhum sevgi, səsim sevgi,
quruca nəfəsim- sevgi…
Kim nə deyir, desin, sevgi,
imandan, dindən qəşəngdi…
(Ruslan Dost Əli)
Sizcə, əsl sevgini nə sonlandıra bilər, onun "tükənməsi" mümkündürmü?
CAVAB:
-Sevgi göy üzü qədər əngin, dünya qədər qədimdi. Onu ölçmək, onun sonunu görmək insan övladının iradəsindən kənardır.
Ədəbiyyat və incəsənət”
(27.05.2024)
“Geriyə yolmu var?” - KƏMALƏDDİN QƏDİMİN ŞEİRLƏRİ
Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzeti” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə şair Kəmaləddin Qədimin şeirləri təqdim edilir.
Ölmək ölməkdisə...
Ölmək ölməkdisə, ta niyə, adam,
Sir kimi görünüb, sir də öləsən.
Ya qismət, bu boşa, faniyə, adam,
Bir də doğulasan, bir də öləsən.
"Quran" deyilsən ki, nazil olasan,
Elə oxunmağa hazır olasan.
Ya niyaz olasan, nəzir olasan,
Gedəsən ocaqda, pirdə öləsən.
Tutasan doğrunun, düzün əlindən,
Axıra ağ çıxa üzün əlindən.
Lap elə bir gözəl qızın əlindən
Düşəsən bir qəfil dərdə, öləsən.
Geriyə yolmu var gedən, qürbətdən,
Nədən bezəsən ki, nədən, qürbətdən?
Bir halda, seçilmir Vətən qürbətdən,
Daha nə fərqi var, harda öləsən?
Səsini eşidib, duymasalar da,
Halalca haqqını qıymasalar da,
Nolar, yaşamağa qoymasalar da,
Qoyalar öldüyün yerdə öləsən.
Yenə yuva çatmayacaq...
Vurursan, göz çıxardırsan
qaş düzəltdiyin yerdə.
Kor olaydın, şil olaydın,
kaş, düzəltdiyin yerdə...
Bir heykəl də yap adına,
Bax dadına...Get badına...
Yansın qurunun oduna
yaş, düzəltdiyin yerdə...
Bu da elə "üç alma", bax,
Amma, nağıl olmayacaq...
Olsa, ağıl olmayacaq
baş düzəltdiyin yerdə...
Nə var, köhnə, nə var, əski,
İşlər belə yürüməz ki...
Ayaq açıb yeriməz ki,
daş düzəltdiyin yerdə...
Dərdsə, dava çatmayacaq,
Cansa, hava çatmayacaq,
Yenə yuva çatmayacaq
quş düzəltdiyin yerdə...
Lap ölüb qalmalı
yer idi könlüm...
Dedim, çiçəkləndi, gülləndi bəlkə,
Baxma könüllərdən biridi könlüm.
Bir gün dilə gəlib dilləndi bəlkə,
Bəlkə ayaq açıb, yeridi könlüm...
Dönməsin heykələ, büstə demişdim,
Başımda tac olsun, istə, demişdim.
Bu sevgi ayağı üstdə demişdim,
dayanıb, durduqca diridi könlüm...
Mən indi bildim ki, olur gor necə,
Adamın içinə dolur qor necə...
Getmisən, xaraba qalıb gör, necə,
Lap ölüb qalmalı yer idi könlüm...
Xatirələr örtür məni
Ayrılığın dilindəyəm,
Yaman dil-dil ötür məni.
Gülüm, necə başlamışdın,
eləcə də bitir məni...
Öz-özünü boşa öydün,
Bu yol çıxış yolu döydü.
Yağış çırpdı, dolu döydü,
Eyləmədin çətir məni...
Bir yuxuydum, yozanmadın,
Ağ vərəqdim, yazanmadın,
Qazanmadın, qazanmadın,
İlim-ilim itir məni...
Yerindim, ən yaxın yerin,
Çəkdiyin hər dağın yeri.
Qalmayıb qalmağın yeri,
Dur, qapıdan ötür məni...
Dərd-dərd, qəm-qəm, yavaş-yavaş,
Olmuşam cəm, yavaş-yavaş.
Görünmürəm, yavaş-yavaş
xatirələr örtür məni...
«Ədəbiyyat və incəsənət”
(27.05.2024)
“Təbrizin dərvazaları” - Məhəmmədrza Təbriz
Aida Eyvazlı, “Ədəbiyyat və incəsənət”
Portalımızın oxucularına Təbrizdə yaşayıb yaradan Məhəmmədrza Təbrizin şeirini təqdim edirəm. Şeirin orfoqrafiyasına toxunmamışam.
yenədə dizlərini nə qucaqlayıbsan Bağmeşə qapısında?
yenədə evindən eşiyə nə salınıbsan gecənin bu vaxtında?
yenə hansı nanəcib falçı qələm gəzdirib baxtında?
yenədə kim oturub taxtında?
evladlarının fərsiz olduğunu bilirəm
və bilirəm yurdun kordur
mən sənə demişdim,
Tehranın bu dodağı şişik qızına ürək vermə
mən sənə demişdim,
qonşu bağrı çatladan o güllü köynəyin içi boşdur
mən sənə demişdim,
gəzəyən qancığın çezəyən də balası olar Təbriz
mən sənə demişdim
köhnə dər_dəmiri olan
bür_bürüncü olan
alominiumu olan
mis aftafa
üzük qaşı
sancı daşı
kəndiri olan_sicimi olan
kör_köhnə cer_cecimi olan
daş qaşı olan
farmaşı olan
gətirin ay balam
alıram
kör_köhnə almaq bəhanədir Nobar
çıx qapıya
gəlmişəm səni görəm
ey Təbriz!
yadındadırmı?
kaffələrində savadsız şeirlər yazıb
bu sağır millətə satdıq
Şəmsin mazoxisti məfkurəsilə
Mevlananı aldaddıq
ey Təbriz!
yadındadırmı?
min doqquz yüz on doqquz da
lap elə burada
bəli!
Təbrizin bu Xiyaban qapısında
Turan adında bir qıza təcavüz etdik
və bu da bir etiraf
burası Gəcil qapısıdır Təbriz
biraz ehtiyatlı ol
burada adamın ciblərinə tor atallar
o qəfəsdə ki toyuqlara aldanma
burada xoruz yumurtası satallar
biraz yuxarı qalxsana
dünyanın ən böyük üstü örtülü bazarıdır
örtülü bazar, dosluğu pozar Təbriz
burda ki al_verçilər sevərlər
qonşunun qızının əynində ki kətan köynək dar olsun
burda dost_dostun satar
deyərlər bazar olsun
terorist qara əlcəklərini əllərinə geyərkən London da
azadlıq xiyabanın da,uşaq marketi patlatdı
köynəyinin yaxasını düymələyib,küçədən keçdi
telfonuna gələn mesajı açdı
laboratuvarın cavabını aldım.....ata olmusan
"uşaq marketdə, uşaq paltarlarına baxmağa gedirəm"
axşam görüşərik
terorist salavat çevirir Moskovada
metro patlayır
terorist namaz qılır Kabul da
məktəb partlayır
burası Sırxab qapısıdır Təbriz
buradan içəri girəndə
adamın ürəyi partlayır
bir cüt farmaş
bir cüt xurcun
bir cüt at çulu
bir cüt səyəng
bir cüt....
Nuhun gəmisidirmi?
bu çatdığın dəvə yükü deyil ha!!
sonra qara bir balıq
gözlərimin yaşindan keçdi
İmamiyə qəbristanlığından keçdi
uşaqlığımı kevrətdi
uşaq ayağa qalxdı
yox!
uşaq yasaqdı
günəş dağların arxasında kı zindana doğru yerisəydi də
sular azadlığa axırdılar
səni və uşaqlığımı dəvəyə mindirib
Təbrizə göndərdim
özüm Dəvəçi qapısında oturub
Nuhu gözlədim
Təbrizin harasına barmağımı qoyuram
ağrıyır
Təbrizin hansı qapısından baxıram
ağlayır
burası miyar_miyar qapısıdır Sofia
bir Erməni qızı
Miyar_Miyar qapısında
mənim siqaretlərimi kül edə bilər
bir Erməni qızı
Qaraməlikdə
Kərəmi yandırıb kül edə bilər
yalnız adlarında fərq var
mənim siqaretimlə Kərəmin
ikisi də yanıb_yanıb kül oldular
qaranlıq evimizə sızıbdır
şam yandırıram
sonuncu ayaqlarda qırılır
sonuncu ayaqlarda...
ayaqlar bir_birlərin qucaqlayıblar
Çaldıran
bu qədər ayaqlarıyla
qaça bilmir
şam yandırıram
bir cüt göz parıldayır üstümə
bu ki Yavuz sultan Səlimmiş
top satır İstanbulun Başak şəhir staiumunda
şam yandırıram
Şah İsmail saralır gözlərimin önündə
üzünə ingiliz maskası taxıb
qılınc satır Gürcülər bazarında
şam yandırıram
tarixin bu ləkəli səhifələrinə
şam yandırıram
Təbriz çubuğunu alışdırır o şamdan
Təbriz o gün gəlmişdi
Təbriz dolmuşdu
Təbriz stəkanlarda
Təbriz fincanlarda
Təbriz axırdı
Təbriz gözlərdən
Təbriz yanaqlardan
Təbriz baxırdı
Təbriz gözlərdə
Təbriz...
sənin baxışlarına anam qurban Təbriz
Təbriz İstanbul qapısındaydır
və mən Təbrizi zindandan qurtarmağa gəlmişdim
əlimdə qələmim
başımda şeir adlı qoşunum
Məhmət fatih İstanbuldan bağırırdı yuxularımda
haydı Çalğın,
çabuk ol!
“Ədəbiyyat və incəsənət”
(27.05.2024)
İncə Dərəsinin əfəndi oğlu
Səbinə Yusif, “Ədəbiyyat və incəsənət”
“Qazax" Xeyriyyə İctimai Birliyinin üzvü, şair Rafail İncəyurdun 70 illik yubileyinə
Hardadı Piranlar, hanı Ozanlar?
Dünyanı bürüdü yolu azanlar.
Qardaş, çoxalsa da şeir yazanlar-
Coşmur ilham seli, axmır gur daha,
Şeir əvvəlkitək oxunmur daha.
Rafail İncəyurd şeirində də, sözündə də, elə özündə də əvvəli, əvvəlkiləri - Köhnə kişiləri, Piranları, Ozanları, Azmanları axtarır. Keçmişi unutmamaq, Köhnə kişilərin, Azmanların, Piranların, Ozanların dəyərini anlamaq da şair fəlsəfəsi, şair ucalığı, Əfəndilikdir. Əlbəttə ki, gələcəyi qorumaq üçün keçmişi unutmamalıyıq. Gələcəyi qorumaq üçün, sonsuzluğa gedən yolda öz əməyini əsirgəmir Rafail İncəyurd. Keçmişi unutmayıb, gələcəyə böyük ümidi olan şairdir. Çünki Allaha inamı, sevgini qəlbində daşıyır. Yerin-Göyün sahibi Allahla qəlbində danışıb, nicat yolunu da Allaha sığınmaqda görür.
Düşmür əvvəlkitək söz dildən-dilə,
Özünü az incit, az- bilə-bilə.
Yazırsan- özünçün yaz, elə-belə,
Sonra için-için yalvar Allaha,
Şeir əvvəlkitək oxunmur daha.
Şeirdə yazdığından fərqli bir məqamı (təzadı) da yazmağı məqsədəuyğun hesab etdim. Mən deyərdim ki, Rafail İncəyurdun son dövrlərdə yazdığı şeirlər daha çox oxunur və daha çox sevilir. Axı niyə də sevilməsin? Baxın sevgiyə necə gözəl yalvarışda bulunub, necə incə səsləniş edir. Necə ülvi barış istəyir şair:
Qoy baxım qəlbinin pəncərəsindən,
Yoxsa çox göründü mənə, odamı?
Niyə həzin-həzin “çıx get”- deyirsən,
Qovmaz qapısından adam adamı.
Könül qırmaqdan, qəlb incitməkdən uzaq, xoşagəlməz, bəd əməllərə yad olan şair yaxşılığı, sevgini, təmənnasızlığı təbliğ edir. O həm də dəyərli bir nəsihət edir: Hər əməl öz yiyəsini mütləq tapır. Şair öz şeirlərində İlahi ədalətdən qaçmağın mümkünsüzlüyünü çatdırır oxucusuna:
Yoxsa gündən-günə ruh düşkünlüyü
Üstünə yeriyər ağır tank kimi.
Adamın özünə qayıdır hər gün
Bütün əməlləri bumeranq kimi.
İncəyurd poeziyası hər gün oxunmağa, hər gün sevilməyə layiqdir. Sevgisi də bir başqadır İncəyurd poeziyasının. Umu-küsü bilmir, incitməyi, incidilməyi sevmir. Onu usandıran sevgisinin yolunu yenə də ümidlə gözləyir:
Qaçaq yersiz sızlamaqdan,
Gümanları izləməkdən.
Gözlərim yol gözləməkdən
Yoruldu, niyə gəlmədin?
Rafail İncəyurdun poeziyasına qısa da olsa səyahət etdim. Bu lazım və vacib idi. Ancaq bunlardan da vacibini yazmaya bilməzdim - insanlıq, yurdcanlılıq, Vətən sevgisi, yurd sorağı, dəyərləri daim uca tutmaq Rafail İncəyurdun həyat kredosudur. Bilmirəm nədəndir, biz salamlaşanda bir-birimizə "Əfəndim" deyə müraciət edirik. Bu ifadə hər ikimizin salamında o qədər səmimi alınır ki. Düşünürəm ki, Rafail İncəyurd Əfəndi kimi ömür yaşadı, 70-inə Əfəndi kimi çatdı. Ona görə ona Əfəndi deyə müraciət edəndə, bu adı onun haqq etdiyini dərk edirəm. Dərviş kimi, Əfəndi kimi, Şair kimi onun öz yeri, öz yolu, öz dəsti-xətti var.
Nədən saldı ağ saçlara illər dən?
Təki, olsun ağ günlərə illər tən.
Ay İncəyurd, yarıdınsa illərdən,
Ya dərvişsən, ya şairsən hələlik.
İllərini halal yaşayan, 70-inə doğru halal yol gələn Əfəndimiz Rafail İncəyurd, yubileyiniz mübarək olsun. Sizə uzun ömür, can sağlığı, yeni-yeni yaradıcılıq uğurları arzulayıram.
Yazın-yaradın, sevin-sevilin, yaşayın, var olun, Əfəndim!
“Ədəbiyyat və incəsənət”
(27.05.2024)
Mənasız qurultay
“Ədəbiyyat və İncəsənət” portalı sizlərə Xeyrəddin Qocanın miniatür hekayələrinin təqdimatını davam etdirir.
Mənasız qurultay
İlk iki ildə bir dəfə türkcə danışan millətlərin qurultayı gəlib. Hər dəfə qurulta Azərbaycandan da iştiraklar gəlirdi. Özü də iş elə adamlar gəlirdilər ki, bircə idarə olurdu: Türkiyəni gəzmək, görmək. Onlardan biri Xeyrəddin müəllimdən soruşur ki, "siz niyə qurultayda iştirak etmədiniz?" O, cavab verir:
- Əvvəla, məni dəvət edib. Çağırılmayan yerə getmərəm. Sonra da boş qurulan şeydir, Türkiyəni gəzib qayıdırlar, heç bir problem də həll etmirlər.
Bakıdan gələnlərdən biri dillənir:
-Deməli, biz oradan bura boş şey üçün gəlmişik?
Xeyrəddin Qoca cavab verir:
-Bəs, bilmirdiniz?
Səhəri gün qurultayı müxtəlif yollarla idarə edən dövlət nazirini istefaya göndərir, Türkiyə qəzetlərini də yazır ki, bu qurultay boş şeydir, mənada.
Xeyrəddin Qoca Bakıya zəng vurub, qurultaya gələnlərdən zəng deyir:
-Gördünüz, mən dedim, bu qurultay boş şeydir...
“Ədəbiyyat və İncəsənət”
(27.05.2024)
POETİK QİRAƏTdə Faiq Hüseynbəylinin “Bir eşqə düşmüşəm” şeiri
Poetik Qiraətdə bir neçə gün ardıcıl sizlərlə Faiq Hüseynbəyli görüşür.
Ruh və hissiyyatın poeziyası, dərin lirika, irfanilik - şairin şeirlərinə xas olan səciyyəviliklərdir.
Xoş mütaliələr!
*
Hər sözü fikir elədim,
Hər günə şükür elədim.
Haqq söylədim, zikr elədim,
Həqiqətə yetişmişəm,
Gəlib bir eşqə düşmüşəm.
Çətin sözə ömür yetə,
Söz bitməz ki, ömür bitər...
Yol arayıb həqiqətə,
Sirat körpüsü keçmişəm,
Gəlib bir eşqə düşmüşəm.
Mən bu eşqə yar olmuşam,
Dərdə giriftar olmuşam.
Xızır kimi var olmuşam,
Dirilik suyu içmişəm,
Gəlib bir eşqə düşmüşəm.
Saydım tək-tək günlərimi,
Ətək-ətək günlərimi...
Kəsib gödək günlərimi,
Ömrü əynimə biçmişəm,
Gəlib bir eşqə düşmüşəm.
Ədəbiyyat və incəsənət”
(27.05.2024)
“İrəvan mətbəxindən nümunələr” layihəsində Göbələk qovurması
Rubrikanı Könül aparır.
“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edirik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır.
Bu gün sizlərə Göbəıək qovurmasının
hazırlanma qaydasını təqdim edəcəyik.
DÜSTUR:
§ Göbələk – 131 qr
§ Soğan – 26 qr
§ Yağ – 20 qr
§ Duz – 4 qr
HAZIRLANMASI:
Soğan yağda qızardılır. Göbələklər yuyulur və soğanın üzərinə əlavə edi- lib qovrulur.
Nuş olsun!
“Ədəbiyyat və incəsənət”
(27.05.2024)
“Qələmsiz yazılanlar “ - RƏŞAD MƏCİD
“Ədəbiyyat və incəsənət” portalı Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcidin status-esselərini təqdim edir. Hər gün 5 yarpaq.
1.
İnsanlara yuxarıdan aşağı baxmaq, onları aşağılamaq naqis keyfiyyətdir.
2.
Xəyallar tükənəndə ömür mənasızlaşır.
3.
Gürcüstanda yaşayan həmkarımız Cəmilə Babayevanın
Gürcüstanda Azərbaycanın zəngin mədəni irsi haqqında araşdırma materiallarını təqdim etdiyi www.aziz.ge müəllif saytı yaxşı təşəbbüsdür. Həmkarımızı təbrik edir, uğurlar arzulayır, həmvətənlərimizin bu gözəl təşəbbüsə dəstək olacağına inanırıq.
4.
Sənət həyəcandan yaranır.
5.
Bəzən yuxunu xatırlamırsan. Amma yaratdığı ovqat ayılandan sonra da səni tərk etmir. Yuxunun süjetini təxmini hiss edirsən.
“Ədəbiyyat və incəsənət”
(27.05.2024)