Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”
Bu axşam çağı da, hava yenə çox gözəldir, hətta deyərdim bu gün insana hüzur verən bir ayrı aramlıq var təbiətdə.
Günəş son şəfəqlərini də yorğanı kimi axasıyca sürüyərək üsulca dağların arasında qürub edir…
Mavi səma, pərən-pərən olub ulduz kimi səmanın qoynuna səpələnmiş buludlar sanki həqiqətən də ulduzmuş kimi parıldayaraq baxdıqca göz oxşayıb xoş təəssürat bağışlayır insana. Yaşıl yarpaqların arasında gizlənqaç oynayan quşların şən cəh-cəh səsi, çayda quruldayan qurbağaların səsinə qarışır. Yarpaqları xışıldadıb, xəfifcə saçlarıma sığal çəkən külək də, bununla sanki məndə burdayam deyir.
Fəqət nədənsə naringi çiçəklərinin qoxusu gəlmir, ya mənmi duymuram?!
Yoxsa çox sevdiyim bu xoş ətirdəmi vaxtsız tərk edib getdi məni?!
- Nədir bu vaxtsız gedişlər belə? Deyə susqun-susqun soruşdum səmadan.
Amma bu dəfə, bu susqunluq mənim adət etdiyim susqunluqlardan deyil, təkcə mən yox bütün insanlar onunla belə danışır, çox güman ki, elə Sən də..
Səmayla söhbət edərkən sözlərə gərək yoxdur ki, o zatən hər şeyi baxışlardan anlayır.
Əlqərəz hə nə deyirdim, bilirsən, bu gün ona səndən danışdım və bu gün son dəfədir yazıram sənə..
Həə qədim dostum vidalaşıram axı səninlə bu gün.
Bilirəm hər dəfə bu sondur deyib yenə səndən və yenə sənə yazıram, amma elə bil bu dəfə həqiqətən də sondur, bilmirəm...
Bu gün sənin başlanğıcında bitirirəm səni. Azadlıq günəşinin səmada ilk parladığı gündə.
Hər nə qədər çətin olsa da, bu gün qəlb evimin pəncərəsindən bir quş tək azadlığa buraxdım və baxışlarımla muşayət edib o parlayan buludlara qədər ötürdüm səni.
Və sən hər yağış yağdıqca buludların göz yaşları ilə damla-damla süzülüb torpağa qarışacaqsan və hər yağış sonrası torpaq qoxusuyla baş qaldırıb yenidən ciyərlərimə dolub əbədi xatirələrdə yaşayacaqsan.
Allah quşları sevərkən ağacları, insan quşları sevərkən qəfəslər yaratdı deyirlər. Mən səni insanlar kimi sevmədim heç vaxt və əsla da, insanlar kimi unutmayacam.
1918 kimi, Cumhuriyyət kimiydik biz səninlə, amma deyəsən mən unutmuşdum ki, 1918-in 1920-si də var idi axı..
Və Rəsulzadəyə bənzəyəcəyik biz də. Onun qədər özəl və eyni zamanda onun kimi səadəti, istiqlal səadəti doyunca yaşanılmamış, yarım qalmış, onun kimi lazımi qiymətini hələ tam almamış. Amma bir o qədər də onun kimi gerçək, danılmaz və əbədi. Necə ki, hər zaman görünməsə belə varlığına və orada olduqlarına heç vaxt şübhə olunmayan ay və ulduzlar kimi..
“Ədəbiyyat və incəsənət”
(27.05.2024)