Super User
Boz ay gəlir
Heyran Zöhrabova, "Ədəbiyyat və incəsənət"
Əski təsəvvürlərdə ilin qış fəslinin bölgülərinə "Çillə" adı verilmişdir. Çillə sözü "Cehl" sözündən olub 40 rəqəmini bildirir. El-obada qışın ən soyuq dövrünə və uğursuz hadisələrə, əzaba, kədərə "Çillə" deyilir və ağırlıq, çətinlik mənasında başa düşülür.
Ta qədim zamanlardan insanlar müsibət, bəla ilə üzləşdikdə xilas olmaq, yaxa qurtarmaq, ətrafdakıları zərərli qüvvələrdən qorumaq, qırxı çıxan körpəyə dəyən xətərin qarşısını almaq, ailədə baş verən uğursuzluqları dəf etmək, ağır xəstələrin sağalmasını tezləşdirmək, qış fəslinin hər bir çilləsində qışdan qorxmadıqlarını, ona qarşı mübarizəyə hazır olduqlarını bildirmək üçün öz dünyagörüşləri səviyyəsində, çeşidli tədbirlərə əl atmış, xüsusi ayinlər icra etmişlər ki, bu da "çillə kəsmək" adlanır.
Qış fəslinin ən uzun sürən vaxtının, ilk qırx gününün xalq arasındakı adı "Böyük çillə" adlanır. Bu müddət dekabrın 21/22-dən ilin ən uzun gecəsindən başlayaraq yanvar ayının son gününədək davan edir
Fevral ayının 1-dən başlayaraq 20-21-nə kimi davam edən dövrə "Kiçik çillə" adı verilir.
Fevral ayının 21-22-dən yəni Kiçik çillənin bitdiyi gündən yazın ilk gününə - mart ayının 21-22-nə, yəni Novruz bayramına qədər olan dövr isə "Boz ay" adlanır.
Qış fəslinin son 30 günü olan Boz aya xalq arasında "Ağlar-gülər ayı", "Çalpo", "Alaçalpo", "Ala çillə", "Boz çillə", "Döl ayı", "Çilləbeçə", "Yazağzı" da deyilir.
Boz ay özü də hərəsi bir həftə olmaqla 4 çilləbeçəyə (çərşənbə) bölünür. Boz ayda havalar qəfil dəyişə, gündə bir neçə cildə girə bilir.
Rəvayət görə çox qədim zamanlarda insanlar ay haqq-hesabını bilmirdilər, elə ona görə də günü günə, ayı aya qarışdırırdılar. Belə çaşbaşlıq insanları bu qənaətə gətirir ki, ili aylara, ayları isə günlərə bölsünlər. İlə 12 ay, hər aya isə 32 gün verirlər. Ancaq bölgü vaxtı Boz aya cəmi 14 gün düşür. İnciklik olmasın deyə hər aydan bir gün götürüb Boz ayın günlərinə əlavə edirlər. Görürlər ki, yenə də haqsızlıq baş verdi; hər ayın 31 günü, Boz ayın isə cəmi 25 günü oldu. Onda yenidən aylara müraciət edirlər ki, hərəniz 1 gün də Boz aya verin. Ayların yarısı razılaşır, yarısı isə razılaşmır; nəhayət, biri 1, digəri 2, fevral isə hətta 3 gününü verir.
Beləliklə, Boz ay olur 31 gün. Ancaq öz günlərini ilin müxtəlif fəsillərindən olan aylardan aldığı üçün günün biri hava baxımından o birisinə oxşamır.
Boz ayın bu cür adlanması onun buludlu, yağışlı, küləkli, isti, soyuq - bir sözlə, dəyişkən olması ilə bağlıdır. İnsanlar bu aya öz münasibətlərini "Boz ay bozara-bozara keçər" şəklində ifadə etmişlər.
Boz ayın sərt təbiətinə qarşı ehtiyatlı olmağı diqqətdə saxlayan bir rəvayətə görə bir qarının yem ehtiyatı Boz aya qədər qurtarır. Bu andan da qarı havaların istiləşdiyini görüb oğlaqlarını çölə buraxır və:
Mart, gözünə barmağım,
Yaza çıxdı oğlağım -
söyləyir. Qarının sözlərindən acıqlanan Boz ay yaza yalvarır ki, ona üç günlük borc versin. Yaz razı olur və Boz ay elə bir boran, tufan qoparır ki, qarının oğlaqları tələf olur. Azərbaycanın əksər yerlərində bu üç gün "Qarı borcu" da adlanır. Bu rəvayətdın çıxarılan nəticəyə görə mal-qara üçün tədarük edilmiş ot-ələf və samanın yarısı bu vaxta qədər samanlıqda ehtiyat saxlanılmalıdır
Bu məqamda həmçinin, "Bir gül ilə bahar olmaz" məsəli də yada düşür. Onu da qeyd edək ki, ölkəmizdən fərqli olaraq rus, italyan, ispan və alman xalqlarında bu məsəldəki "gül" əvəzinə "qaranquş" deyilir və bunun yaranma tarixi də Ezopun bir təmsili ilə əlaqələndirilir. Bu təmsilin məzmununa görə bədxərc bir cavan atadan qalma var-yoxu ağına-bozuna baxmadan dağıdır və tamamilə müflisləşir. Elə bu vaxr bir qaranquş görür və qış olmasına baxmayaraq, elə zənn edir ki, artıq bahar gəlib. Baharın gəldiyini zənn edərək paltosunu da satır və daha sonra bu ona çox baha başa gəlir. Şiddətli şaxta qaranquşla birlikdə onu da dondurur.
Xalq arasında bu müddətdə yəni Boz ayın son həftəsi ilə yazın ilk həftəsində əsən quru soyuq, şiddətli küləklərə bəzən "Xıdır Nəbi" küləyi də deyilir. Adətən həmin küləkdən sonra ağaclar puçurlanmağa (yarpaq açmağa) başladığı üçün bu küləyə bəzi hallarda " puçur yeli" də deyilir.
Boz ayda havalar tez-tez dəyişir, yamaclar bozarır, dağlar dumana bürünür, şimşək çaxır, yağış yağır. Bir neçə gün çovğun, qasırğa olur. O biri gün isə birdən hava açılır, gün çıxır isti olur deyə boz aya ağlar-gülər ayı da deyilir. Bundan əlavə həm də Boz ay döl ayı da adlanır.
Belə bir el deyimi də var ki: "Boz ayımız bozarsa da, döl ayıdır ki, döl ayı".
Bu ayda qoyunlar quzulayır, quzular mələşir. Keçmiş zamanlarda dölün başlanması çobanların sevncinə səbəb olur və qohum qonşular dəvət olunaraq xalq arasında bu münasibətlə xüsusi şənliklər təşkil olunurdu.
Çillələr əfsanəsinə görə Boz ay səfərə çıxarkən yolda baxıb görür ki, səfərdən qayıdan özündən böyük qardaşı Kiçik çillənin qanı yamanca qaradı. Hirsindən az qalır ürəyi partlasın. Və ona belə söyləyir.
"Əziz qardaşım Kiçik çillə, sən də böyük qardaşımız Böyük çillə kimi insanların yanına xoş niyyətlə getməmişdin. Elə ikiniz də asaram-kəsərəm deyirdiniz. Amma indi baxın, görün mən gedib nə eləyəcəyəm. Mən adamlar üçün bayram aparacağam. Əkinləri cücərdəcəyəm. Çöllərdə, düzlərdə ot-ələfi göyərdəcəyəm. Bağ-bağçalarda gül-çiçək açdıracağam."
İki qardaş xudahafizləşib ayrılır. Boz ay el-obaya gəlir. Bir ay ömrü olan, Bahar-Novruz bayramı gününəcən yaşayan Boz ay başlayır hər çərşənbədə bir iş görməyə. Havaları qızdırır. Suların şaxını sındırır. Ağacları yuxudan oyadır. Torpağın canını isidir. Adamlar torpağın istiləşdiyini görüb onu şumlamağa, əkin-biçinə hazırlaşmağa başlayırlar.
Boz ayın çərşənbələrində həyətlərdə tonqallar yandırılır. Adamlar «ağırlığım-uğurluğum tökülsün», — deyib bu tonqalın üstündən hoppanmağa başlayılar.
Boz ay da beləcə ömür sürüb vaxtını başa vurur.
Artıq yer-yurd al yaşıla bürünür. Üç qardaş köçünü sürüb gedir. Onların yerinə istəkli bir qonaq gəlir, gözəllər gözəli bahar...
“Ədəbiyyat və incəsənət”
(22.02.2024)
Tərbiyəli insan modeli
Qoşqar İsmayılzadə, “Ədəbiyyat və incəsənət”
-Əhməd müəllimi də yeni təyin ediblər axı işə. Özünüz bilirsiniz də, indiki zamanda heç kimə etibar, güvən qalmayıb. Görəsən bu necə insandır ?!
-Heç narahat olmayın, Əhməd müəllim çox yaxşı insandır. Çox adama da yaxşılıq edib, əl tutub.
- Nə olsun ?! Hər çoxlu obyekti olan yaxşı insan sayılır ?
-Siz nə danışırsınız?! O namaz qılandır, Həccə ziyarətgaha gedib gəlmiş insandır. Heç ayıb deyilmi onun haqqında belə danışırsınız ?!
- Həə, namaz qılırsa o başqa məsələ. Amma, mən bilən, İran da İslam ölkəsidir və orda da namaz qılan, Həssə ziyarətgaha gedib gəlmiş insanlar çoxdur. Ancaq 44 günlük müharibə dönəmində onlardan öz əqidələrinə uyğun davranış görmədik...
-Nə bilim vallah.
Bizim cəmiyyətdə yaxşı, tərbiyəli insan modelini qısada olsa izah edim sizə: Söyüş söyməyən, namaz qılan, hər deyilənə "baş üstə" deyən, "yox" cavabı verməyə çətinlik çəkən, məhbusluq yaşamayan, polislə indiyədək heç bir işi olmayan, birdən artıq sevgilisi olmayan, adı çıxmayan və daha nələr nələr...
Ardını isə istəsəniz siz davam edə bilərsiniz.
“Ədəbiyyat və incəsənət”
(22.02.2024)
Mövlud Süleymanlı vəfat etdi
Xalq yazıçısı Mövlud Süleymanlı düşdüyü koma vəziyyətindən çıxmadan vəfat edib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu barədə yazıçının oğlu Elay Süleymanlı məlumat verib.
E.Süleymanlı qeyd edib ki, atası bir müddət öncə insult keçiribmiş.
“Ədəbiyyat və incəsənət”
(21.02.2024)
Azərbaycan Ədəbiyyat Fondu ilə World Organization of Writers birgə tədbir keçiriblər.
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
Fevralln 21-də Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda Azərbaycan Ədəbiyyat Fondu və WOW - World Organization of Writers (Ümumdünya Yazıçılar Təşkilatı) birgə təşkilatçıllıqla “Azərbaycan ədəbiyyatının aparıcı dünya ədəbiyyat platformalarına inteqrasiyası” mövzusunda dinləmə keçiriblər.
Məruzəçi Ümumdünya Yazıçılar Təşkilatının sədri Marqariya Al olan tədbirin moderatoru Azərbaycan Ədəbiyyat Fondunun Baş direktoru Varis olub. Tədbirdə AYB sədrinin müavini, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid, AYB-nin Beynəlxalq əlaqələr üzrə katibi Səlim Babullaoğlu, AYB katibi Elçin Hüseynbəyli, Ümumdünya Yazıçılar Təşkilatının nümayəndələri, AYB üzvləri, gənc yazarlar, eləcə də media mənsubları iştirak ediblər.
Rəşad Məcid qonaqları salamlayaraq Azərbaycan ədəbiyyatının dünyada layiqincə təmsil olunmasında AYB-nin maraqlı olmasını dilə gətirib.
Səlim Babullaoğlu öz çıxışında ədəbiyyatımızın beynəlxalq müstəvidəki yerindən, görülən və görüləcək işlərdən bəhs edib.
Elçin Hüseynbəyli uğurlu ədəbi işlərin dünya oxucularına çatdırılması zərurətini vurğulayıb.
Marqarita Al məruzəsində bildirib ki, Ümumdünya Yazıçılar Təşkilatının əsas məqsədi dünya yazıçılarının yaradıcı səylərinin dünyanın humanitar sferasının gələcəyi uğrunda birləşdirilməsi, mədəniyyətin, ədəbiyyatın, mənəvi dəyərlərin dünyada sabitliyin qorunmasında həlledici rolunun təmin edilməsidir.
Azərbaycan Ümumdünya Yazıçılar Təşkilatı üçün xüsusi statuslu bir ölkədir, belə ki, məhz bura Ümumdünya Yazıçılar Təşkilatının yaranması ideyasının beşiyi olub. Belə ki, 2019-cu ilin 1 oktyabrında BMT-nin patronajlığı altında Avrasiya Millətlər Assambleyasının və Heydər Əliyev Fondunun həmtəşkilatçılığı ilə Bakıda dünyanın 52 ölkəsinin iştirakı ilə keçirilən LiFFt festivallar festivalı zamanı “Ədəbiyyatda gələcək insan obrazının yaranması” panelində Marqarita Al və dünyaşöhrətli yazar Oljas Süleymenov belə bir böyük əhatəli ədəbiyyat təşkilatının yaranması zərurətini səsləndirmişlər. Sonradan 2023-cü ilin 2 fevralında Qahirədə dünyanın 17 ölkəsinin nümayəndələri Ümumdünya Yazıçılar Təşkilatının Memorandumunu imzalamışlar.
Hazırda bu təşkilatda 69 ölkənin yazarları təmsil olunurlar.
Bu il 4-6 aprel tarixlərində Nigeriyanın paytaxtı Abudja şəhərində Ümumdünya Yazıçılar Təşkilatının “Biz eyni planetin insanlarıyıq” adı altında 1-ci Konqresi keçiriləcək. Konqres zamanı YUNESKO-nun XXV Ümumdünya Poeziya Gününün qeyd edilməsi, 7-ci LiFFt Festivallar Festivalının, “Humanitar modernləşmənin müasir problemləri” Ümumdünya mədəniyyət-təhsil forumunun, Avrasiya- Afrika innovativ biznes forumunun keçirilməsi də nəzərdə tutulur.
Ümumdünya Yazıçılar Təşkilatının 1-ci Konqresinin tərəfdaşı PAWA Panafrika Yazıçılar Assosiasiyasıdır. 6-cı LiFFt Festivallar Festivalının qızıl laureatı, d.r Ueyl Okidiran, Nobel mükafatı laureatı d.r Vole Şoyinka Konqresin Nigeriya üzrə simaları olacaqlar.
Ümumdünya Yazıçılar Təşkilatı rəhbərliyinin Bakıya gəlişi səbəbləri Azərbaycan ədibləri ilə əməkdaşlıq əlaqələrinin qurulması, dünya mədəni əlaqələrinin yeni dinamik inkişafında Azərbaycan mədəniyyətinin rolunun artırılması, eyni zamanda Ümumdünya Yazıçılar Təşkilatının yaranma ideyasının beşiyi sayılan Azərbaycan yazıçılarının dünyanın böyük ədəbiyyat platformalarında təmsil edilmələrini təmin etməkdir.
Dinləmə zamanı Azərbaycan Ədəbiyyat Fondunun ədəbiyyatımızın beynəlxalq müstəviyə çıxmasında WOW ilə birgə görəcəyi işlərə ayrıca toxunulub, azərbaycanlı yazıçıların Nigeriya konqresində iştirakı məsələsi müzakirə edilib.
Daha sonra xarici qonaqlar AYB sədri Anarla görüşüblər.
WOW beynəlxalq müsabiqələrdə 4 dil üzrə işçi qrupu formalaşdırır, bunlar ingilis, rus, ispan və ərəb dilləridir. Bakı dinləməsində 300 milyondan çox əhalini təmsil edən türk dünyasının dilinin də təmsilçi dil kimi qəbul edilməsi məsələsi qaldırılıb.
Sonra tədbir sual-cavab formatında davam edib.
Sonda tədbir iştirakçıları ailə fotosu çəkdiriblər.
“Ədəbiyyat və incəsənət”
(21.02.2024)
“Bizə düz görünür ən ağ yalan da” - MƏMMƏD İLQARIN GÜNÜ
Gülnarə Camaləddin, “Ədəbiyyat və incəsənət” üçün
Bilmirəm bu təsadüfdürmü, yoxsa alın yazısı. O məhz bu gün - Ana dili günündə dünyaya gəldi. Ana dilinin bütün gözəlliklərini iliyinəcən duydu. Azərbaycan ədəbiyyatının söz yaddaşına SÖZ ustası kimi hopdu.
Sözləri cilaladı, nizama saldı. Bəlkə də ayrı planlar qururdu, alayı şeylər düşünürdü, amma Tanrı onun üçün alayı plan qurdu. Onu sözə bənd elədi. Yəhya Kamalın təbirincə desək, tarix hər vaxt öz hökmünü icra edir, vəssalam. O da tarixin övladıydı, alnına yazılanları, baxtına düşənləri yaşayırdı, yaşamağa məhkumdu... Çünki biz hamımız ömrün sürgünündə azadə məhbuslarıq.
Söhbət gözəl şair, ruh adamı, bu dünyanın cikini- bikini ovcunun içi kimi bilsə də:
Bizə düz görünür ən ağ yalan da,
Bir az cəhd eləyən aldadır bizi.
Siz niyə gülürsüz biz ağlayanda,
Sizi güldürənlər ağladır bizi.
Deyərkən bəlkə də, həyata, dünyaya, gözünün içinə baxa - baxa onu aldatmağa cəhd edənlərə qarşı bir şairanə üsyan edirdi. Amma Məmməd İlqar gerçək bir şair ömrü yaşayır... Sözə, qələmə xəyanət etmədən... Bu gün onun günüdür. Günü mübarək! Ömrü uzun, canı sağ olsun həmişə!
“Ədəbiyyat və incəsənət”
(21.02.2024)
BİR DİREKTOR, BİR ŞAGİRD - Sitarə Abbasova və Fəqan İmanov
“Ədəbiyyat və incəsənət” portalının media dəstəyi ilə Azərbaycan Ədəbiyyat Fondunun Bakı Şəhəri Üzrə Təhsil İdarəsi ilə birgə “Bir direktor, bir şagird” adlı layihəsinin məqsədi nümunəvi məktəblərimizi, istedadlı şagirdlərimizi üzə çıxarmaq, onların ədəbiyyata olan marağına diqqət yönəltməkdir. Hazırda təqdimatda 247 nömrəli tam orta məktəbdir.
Layihəni təqdim edir: Ülviyyə Əbülfəzqızı
DİREKTOR:
Bakı şəhəri A.Rəhimov adına 247 nömrəli tam orta məktəbin direktoru Sitarə Uğurlu qızı Abbasova 10.12.1978 –ci ildə Qərbi Azərbaycanda Ağbaba mahalında anadan olmuşdur. Tam orta təhsilini 1995-cı ildə Bakı şəhərində bitirmişdir və Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Azərbaycan dili-ədəbiyyat” fakültəsinə qəbul olmuşdur. Həmin fakültənin 2000-ci ildə bakalavr pilləsini, 2002-ci ildə magistr pilləsini bitirmişdir.
2001-ci ildən Bakı şəhərində pedaqoji fəaliyyətə başlamış, Azərbaycan dili və ədəbiyyat müəllimi vəzifəsində işləmişdir. 2016-cı ildən məktəb direktoru vəzifəsində çalışır. İşlədiyi dövrdə bir sıra nailliyyətlər əldə etmişdir. 2011-ci ildə “100 ən yaxşı müəllim” müsabiqəsinin, 2018-ci ildə “İnteraktiv əlifba” layihəsi ilə Təhsildə inkişaf və innovasiyalar üzrə II Qrant müsabiqənin, 2019-cu ildə “Məktəbdə sağlam mənəvi-psixoloji mühit” mövzusu ilə Pedaqoji mühazirələr müsabiqəsinin qalibi olmuşdur. Rəhbərlik etdiyi məktəbin şagirdlərinin olimpiada və müsabiqələrdə uğur qazanmasına görə Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən bir neçə dəfə Fəxri fərmanla təltif olunmuşdur.
ŞAGİRD:
Mən, İmanov Fəqan Fərahim oğlu 7 dekabr 2008-ci ildə Lənkəran şəhərindən anadan olmuşam. 2015-ci ildə 247 nömrəli tam orta məktəbdə təhsilə başlamışam və hal-hazırda həmin məktəbin 9-cu sinfində oxuyuram. Ədəbiyyata marağım böyükdür, esse yazmağı xoşlayıram. Duyğularımı cümlələrə çevirmək çox gözəl hisslər yaradır.
ESSE
“Şah İsmayıl Xətai”
Əsil adı Əbül Müzəffər İsmail İbn Heydər əs-Səfəvi olub, Şah İsmayıl Xətai kimi tanınan, Səfəvi dövlətinin banisi və ilk şahı, şairi olub. O, 1501-ci ildə taxta çıxıb. Onun yaratdığı Səfəvilər dövləti 1736-cı ilə qədər mövcud olmuşdur. İsmayıl 1501-ci ildən Cənubi Azərbaycanda on iki İmam Şiəliyinə əsaslanan Səfəviliyi yayaraq 1509-cu ildə bütün İran, Azərbaycan, İraq, Şərqi Anadolunu və s. əraziləri vahid dövlətə birləşdirmişdir.
Bədii əsərlərini “Xətai” təxəllüsü ilə yazmışdır. Bununla əlaqədar Şah İsmayıl Xətai olaraq da tanınır. Əsərlərini əsasən Azərbaycan türkcəsində, qismən də fars və ərəbcə yazmışdır.
Bütün kainatı ilahi, mütləq varlıqla bir sayan, yaradıcı ilə yaradanı, insanla Allahı eyniləşdirən və bu eyniliyi vəhdət gülzarı, özünü isə bu vəhdət və birlik gülzarının bülbülü, şairi adlandıran Xətai özünü “mütləq həqiqət” (“həqqimütləq”) deyə vəsf edir:
Ənəlhəq sirri uş könlümdə gizli
Ki, həqqi-mütləqəm, həq söylərəm mən.
Böyük mütəfəkkir şair Nəsimi kimi Xətai də görünən hər şeydə, о cümlədən insanın simasında ilahi varlığı görməyə çağırır:
Yəqin bil əhli-iqrarın yanında
Yerü gög cümlə həqdir, оlma gümrah...
Ta səni gördü Xətayi valehi şeydayidir,
Xansı gözdür həq yüzün görgəc ki,
bidar оlmadı?
Xətainin şeirlərində insan, lirik qəhrəman məğrur, azad fikirli, öz qüdrətinə inanan bir varlıq kimi tərənnüm оlunur, оnun ölməzliyi, əbədiliyi, ən ağıllı bir şəxs оlması, düşmənlərin canına vəlvələ salmağa qadir оlduğu dönə-dönə nəzərə çatdırılır.
“Gəldim imdi” rədifli şerində şair əsrin rəngarəng şərinə qarşı bu yeni insandakı güclü nifrəti əks etdirir.
Mən оl məsti-liqayəm gəldim imdi,
Həmişə ba xudayəm, gəldim imdi.
Cahan içində bir aqil məni bil,
Mən оl sidqü səfayəm, gəldim imdi.
Məni, zinhar, sən bir qeyri bilmə,
Haman оl dilrübayəm, gəldim imdi.
Münafiq canına ba zərbi-şəmşir,
Bu gün həqdən bəlayəm, gəldim imdi.
Şah İsmayıl məğlubiyyətin acısını ilk dəfə Çaldıranda dadıb.
Deyilənə görə, Şah İsmayıl öz məğlubiyyətindən qəzəblənərək qılıncını zərblə topun lüləsinə çırpır, zərbədən lülə qopub yerə düşür. Bunu eşidən Sultan Səlim həmin qılıncı gətirdir. Qaldırıb var gücü ilə topun lüləsinə vurur. Lülə yerindən tərpənmir. Sultan bunun həmin qılınc olmadığını söyləyir. Bunu eşidən İsmayıl “Qılınc həmin qılıncdır, əfsus ki, qol həmin qol deyil”, - deyir.
Bu məğlubiyyətdən sonra Şah İsmayıl hərbi yürüşlərini dayandırır, ömrünün qalan hissəsini mədəniyyətin inkişafına, ölkənin abadlığına həsr edir.
Şah İsmayıl Xətai bədii yaradıcılığa yeniyetməlik dövründə başlayıb. Əsərlərinin çoxunu ana dilimizdə yazıb. O, “Dəhnamə” poemasını, “Nəsihətnamə” məsnəvisini qələmə alıb. “Divan”ına əruz vəznində yazılmış qəzəllərlə bərabər, ilk dəfə heca vəzni nümunələri - qoşma, gəraylı və bayatılar daxil edib. Şair Xətainin şeirlərində Azərbaycan dilinin şirinliyi, gözəlliyi çox qabarıq hiss olunur.
Şair ruhlu qüdrətli hökmdar 1524-cü ildə 37 yaşında vəfat edib.
“Ədəbiyyat və incəsənət”
(21.02.2024)
Fikir çəkmə, telefona çək! - BU GÜN MOBİL FİLM FESTİVALI BAŞLAYIR
Bu gün Nizami Kino Mərkəzində CINEMO mobil film festivalının açılışı olacaq.
Bu barədə “Ədəbiyyat və incəsənət” portalına festivalın rəhbəri Ruslan Sabirli məlumat verib.
Ruslan Sabirli deyib: “Fikir çəkmə, telefona çək!” devizi ilə keçiriləcək mobil film festivalı ilə ölkəmiz adına böyük bir uğura imza atdıq. Bəli, bu gün bir neçə aydır üzərində sıx işlədiyim ölkənin ilk mobil film festivalı olan CINEMO Film Festivalı Günləri başlayır.
Festival ölkədə bir ilk olmaqla yanaşı həm də Azərbaycanda ilk tədbir olacaq ki, TikTok tərəfindən dəstəklənəcək. Belə ki, canlı olaraq Şərqi Avropa və Mərkəzi Asiya üzrə TikTok yayımçıları icmasının rəsmi səhifəsində https://www.tiktok.com/@tiktoklive_cis yayımlanacaq. Bu canlı yayım Azərbaycan, Qazaxstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan, Tacikistan, Belorusiya, Moldaviya, Gürcüstan və s. ölkələrdə kəşfetə çıxarılacaq.
Oxucularımız üçün festivalın proqramını təqdim edirik:
21 fevral, 14:00-17:00 – Bədii filmlərin nümayişi;
22 fevral, 14:00-17:00 – Sənədli filmlərin və sosial çarxların nümayişi;
23 fevral, 19:00 – Qala Gecə | Qaliblərin elanı və Mükafatlandırma Mərasimi.
Məkan: Nizami Kino Mərkəzi (Bülbül pr. 20)
Xatırladaq ki, Ruslan Sabirli kinoda öncə aktyor kimi parlayıb, o, yazıçı Varisin eyniadlı romanı əsasında səhnələşdirilmiş və “Xəzər” TV-də nümayiş olunan “Sənə inanıram” teleserialında Həmid rolunu məharətlə oynayıb.
Sonradan o, daha çox prodüsser fəaliyyəti ilə diqqət çəkib, kifayət qədər uğurlu Buktreyler festivalı layihəsi ilə ad eləyib.
CINEMO film festivalı Ruslan Sabirlinin növbəti uğurlu layihəsidir.
Xatırladaq ki, festivalın təşkilati dəstəkçiləri arasında AR Mədəniyyət Nazirliyi və AR Kino Agentliyi, informasiya dəstəkçiləri arasında Trend, Milli.az, Day.az saytları var.
“Ədəbiyyat və incəsənət”
(21.02.2024)
“Xəzər” dərgisinin yeni sayı çıxıb
“Xəzər” dünya ədəbiyyatı dərgisinin yeni sayı nəşr edilib. “Ədəbiyyat və incəsənət” portalı dərgidə gedən yazıları təqdim edir:
-Cəlil Məmmədquluzadənin felyetonları;
-Alber Kamyunun Nobel nitqi, “Sənətçi və onun zəmanəsi” mühazirəsi və “Susqunluq” hekayəsi;
-Fyodr Dostoyevskinin “Böyük inkvizitor” hekayəsi;
-Fransisko de Kevedonun seçmə şeirləri;
-Çingiz Aytmatovun müsahibəsi və “Üz-üzə” povesti;
-Ceyms Coysun ən qəddar əsəri: “Uliss” yazısı;
-Tove Alsterdalın “Görüş” hekayəsi;
-Kamilo Xose Selanın miniatürləri;
-Mixail Bulqakovun “Zoykanın mənzili” pyesi;
-Andrey Platonovun “Çevenqur” romanının davamı.
Xoş mütaliələr!
“Ədəbiyyat və incəsənət”
(21.02.2024)
Mədəniyyət naziri xorvatiyalı dövlət rəsmisi ilə görüşüb
Mədəniyyət naziri Adil Kərimli ölkəmizdə səfərdə olan Xorvatiya Respublikasının Xarici və Avropa İşləri Nazirliyində siyasi məsələlər üzrə Dövlət katibi Frano Matuşiçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Bu barədə “Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən məlumat verir.
Görüşdə nazir Azərbaycan ilə Xorvatiya arasında əlaqələrin inkişafından danışıb. Bildirilib ki, iki ölkənin rəhbərləri arasında mövcud səmimi münasibətlər geniş spektrli faydalı əməkdaşlıq üçün zəmin yaradıb.
Qeyd olunub ki, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək və mədəniyyətin müxtəlif sahələri üzrə əməkdaşlığın genişləndirilməsi hər iki ölkə üçün əhəmiyyət kəsb edir. Nazir bu il mayın 1-3-də Bakıda keçiriləcək VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu haqqında məlumat verib, Xorvatiya tərəfinin bu mötəbər tədbirdə iştirakından məmnun olacağımızı deyib.
Frano Matuşiç Xorvatiya ilə Azərbaycanın uzun illərdən bəri səmərəli iqtisadi-ticari əlaqələrə sahib olduqlarını diqqətə çatdırıb. Bildirib ki, xalqlarımızın yaxınlaşması, tarixi-mədəni mirasımızın tanıdılması üçün qarşılıqlı mədəniyyət layihələrinin həyata keçirilməsi zəruridir.
Söhbət zamanı Azərbaycan-Xorvatiya birgə Hökumətlərarası Komissiyanın Bakıda keçiriləcək növbəti iclası və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə Xorvatiyanın Azərbaycandakı səfiri Branko Zebiç və Azərbaycanın Xorvatiyadakı səfiri Anar İmanov da iştirak ediblər.
“Ədəbiyyat və incəsənət”
(21.02.2024)
Filiz Avcı: “İşdən tramvayla evə gedərkən yazıram” - MÜSAHİBƏ
Habil Yaşar, “Ədəbiyyat və incəsənət”
Qardaş Türkiyənin daha bir dəyərli yazıçısı ilə müsahibəni sizlərə təqdim edirəm. Qonağımız Filiz Avçı xanımdır.
-Salam Filiz xanım! Necəsiniz? Zəhmət olmasa azərbaycanlı oxuculara haqqınızda məlumat verərdiniz.
-Salam, yaxşıyam, təşəkkür edirəm. Əslən Ordulu bir ailənin ikinci övladıyam, İstanbulda doğulub böyümüşəm. “Karma” kitabının müəllifiyəm.
-Ədəbiyyata marağınız necə yarandığını bilmək istərdik.
-İbtidai sinifdə müəllimimiz bayramda oxumaq üçün kitabxanadan kitab seçməyimizi istədi və mən bir kitab seçdim, detektiv roman idi. Kitab mənə çox təsir etdi və o vaxtdan kitab oxumağı çox sevirəm. Həmçinin uşaqkən Maksim Qorkinin “Uşaqlıq” kitabını böyük məmnuniyyətlə oxuyurdum, o, məni tamam başqa aləmlərə aparır, təxəyyülümü canlandırırdı. Ailəlikcə kitab oxumağı çox sevirik, əvvəlcə illüstrasiyalı ensiklopediyalarla başladıq, sonra dünya klassikləri deyəndə kitab oxumağa marağım yazıçılıq səviyyəsinə çatdı.
-Əsərləriniz haqqında məlumat verə bilərsinizmi?
-İlk dəfə “Karma” adlı kitabımı 2023-cü ildə nəşr etdirmişəm. Kitabım beş ayrı hekayədən ibarətdir.
Qəhrəman Kamalın taleyi; Əsgər Kamal xidmətdə olarkən başına gələn bəzi fövqəltəbii hadisələrdən bəhs edir.
Pırasa Turşusu; İllər sonra kəndlərinə qayıdan Nüsrət və uşaqlarının bəzi macəraları.
Fridanı kim vurdu? Gənc yaşlarında gəlin olmaq istəyən Rimanın kədərli, lakin ümidverici hekayəsi.
Çavuş Yusif; Qurtuluş Müharibəsi zamanı baş vermiş ağrılı hadisə.
Mələyin yuxusunda isə müharibənin acı üzünü və uşaqların saf arzularını paylaşırıq.
-Xəyallarınızın genişlənməsinə hansı hadisələr səbəb olur?
-Gündəlik hadisələr və əlbəttə ki, öz təcrübələrim. Məsələn, mən insanları və ətrafımı müşahidə etməyi, hətta dinləməyi çox sevirəm. Ətrafımda baş verən bütün bu hadisələr təxəyyülümü genişləndirir və mənə yazmaq üçün dərin mənalar verir. Gah yaşadığım hadisə, gah xəbər, gah mahnı, gah oxuduğum kitab, gah da baxdığım film...
-Zaman sizin üçün nə deməkdir və yazarkən hər hansı bir rutininiz varmı?
-Zaman mənim üçün çox dəyərlidir, amma işlədiyim üçün yazmağa vaxtım çox məhduddur. İşdən tramvayla evə gedərkən yazıram. Tramvay xəyal dünyamı həmişə canlı tutur. İzdiham arasında öz hekayələrimə diqqət yetirmək məni bir növ motivasiya edir. Yazarkən həm də xəyal qururam, kitabımdakı personajlarla yolda gəzirəm, kafedə oturub kofe içirəm, ya da ağlayıb gülürəm. Bir dəfə yanımda oturan bir xanım “siz yazıçısınız” deyə soruşdu. Daim nəsə yazıram və bu çox xoşuma gəlir.
- Kitab oxumaq vərdişini qazanmaq üçün nə etmək lazımdır?
-Gündəlik kitab oxuma rejimi yaradılmalıdır. Məsələn, bir ailə olaraq bunu edə, sonra oxuduqları kitabı bir-birlərinə şərh edə bilərlər. Oxucu kitab oxuyarkən darıxırsa, ilk növbədə qalın kitablar əvəzinə daha nazik (daha az səhifəli) kitablar oxumalıdır.
-Türkiyədəki mütaliənin vəziyyəti sizi qane edirmi?
-Mütaliə nisbəti kifayət qədər aşağıdır deyirlər, amma ətrafımda kitab oxuyan, kitaba dəyər verən çox adam tanıyıram. Bu baxımdan ilk növbədə ailələrin, sonra isə müəllimlərin üzərinə böyük məsuliyyət düşür. İnsanları mütaliəyə həvəsləndirmək lazımdır və məncə kitab qiymətləri kifayət qədər münasib olmalıdır.
-Gələcək planlarınız haqqında mümkünsə bilmək istərdik.
-Ən böyük arzum odur ki, yazdığım bütün hekayələr kitab olsun. Kitab layihələrində, ədəbi müsabiqələrdə iştirak edirəm və daha yaxşı yazıçı olmaq üçün həmişə özümlə yarışıram. Bütün əsərlərimin insanlar tərəfindən bəyənilməsini və verdikləri mesajın yaxşı qəbul edilməsini çox istəyirəm.
-Ənənəvi kitablara və ya elektron kitablara üstünlük verirsiniz?
-Hər ikisini faydalı hesab edirəm, amma kitabı götürüb onun üz qabığına və səhifələrinə toxunanda özümü daha yaxşı hiss edirəm. Müəllifin yazı mərhələsində göstərdiyi zəhmət, çap mərhələsindəki yaşantılar və müəllifin öz kitabını əlinə götürdüyü zaman hissləri... Mən də onlar qədər həyəcanlanıram və zövqlə oxuyuram.
– Bir gənc yazar olaraq digər yazarlara məsləhətləriniz nədir?
-Xəyallarınızın ardınca gedin. Heç vaxt təslim və ümidsiz olmayın. Proses nə qədər çətin olsa da, kitabın çapdan çıxıb bizə çatdığı ilk an hiss edirik ki, bütün bu zəhmət boşa getməyib, getməyəcək də. Xəyallarımıza gedən yolda ilk addımı atmağımızla qürurumuzu haqq etdik və onlar arzulara gedən yolda heç vaxt ümidlərini kəsməsinlər. Mustafa Kamal ATATÜRK-ün dediyi kimi, “Ümidsiz vəziyyətlər yoxdur. Çarəsiz insanlar var. "Mən heç vaxt ümidimi itirmədim."
“Ədəbiyyat və incəsənət”
(21.02.2024)