Super User

Super User

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

SUAL:

Dağ başında qar üstünə qar gələr,

Gileylənmək zirvələrə ar gələr,

Hər nə geysəm, vücuduma dar gələr,

Bu darlığa dözmək olmur, əzizim…

 

Əzəl gündən dünya yalan dünyadır,

Baha satan, ucuz alan dünyadır,

Arzuları nakam qalan dünyadır,

Dağılanı düzmək olmur, əzizim…

 

 Heç bilməzdim daşım belə ağırdır,

Bəxtim belə bicarədir, fağırdır,

Gedəcəyəm, göylər məni cağıdı,

Daha yerdə gəzmək olmur, əzizim…

 

 Kaş ki, dünya zalımlığın ataydı,

Qəlbim bir an istəyinə cataydı,

Yaşamağım göz yaşıdır, haraydır,

Göz yaşında üzmək olmur, əzizim…

 

Dalğalara yalvarmaqdan bezmişəm,

Hönkürməkdən, ağlamaqdan bezmişəm,

Səndən ayrı yaşamaqdan bezmişəm,

El-obadan bezmək olmur, əzizim…

(Vahid Əziz)

 

Dəyərli xalq Şairimiz, bu dünya tələdirmi, yoxsa, vicdanını qalxan edib şərlə, nəfslə, heyvani hisslərlə, nadanlıqla mübarizə aparmaqdır, ya da ki, nəfsinə nökər olmaq? Nədir həyatın anlamı?

 

CAVAB:

Mən hər zaman inqilabi ruhla yaşayan bir adam olmuşam və vicdanıma söynərək, əxlaqıma güvənərək mübarizə aparmışam.

Lap gənc yaşlarımdan Moskvada Azərbaycan üzrə xüsusi müxbir olmuşam, Bakı partiya komitəsində çalışmışam, Ulu Öndər Heydər Əliyev məni Mərkəzi Komitədə işə qəbul edib. Həmişə vicdanımı, ləyaqətimi qorumuşam. Hətta mən Mərkəzi Komitədən çıxandan sonra mənə salam verib, hörmət edənlərin sayı daha da çox olub, çünki özümü ləyaqətlə aparmışam, " dartmamışam" bu mənim xasiyyətimə yaddır.

Haqqsızlığa qarşı mübarizə aparmışam, hətta doğma qardaşımın belə günahkar olduğu bir işdə onun tərəfində yox, onunla mübarizə aparan- haqqın tərəfində olmuşam. Düşünürəm ki, insan vicdanın qulu olmalıdır, vicdan insanın qulu olmalı deyil. İnsan gərək ağlı üstün tuta, ürəyi üstün tuta. Hisslərlə və ağılla birgə yaşaya, hisslər və ağıl birləşəndə insan təmiz, ləyaqətli olur. Yəni, hissə qapanıb kiminsə ziyanına iş görmür və yaxud da çox kövrəlib, primitivləşib haqqsızlığa yol açmır.

 

“Ədəbiyyat və incəsənət”

(31.05.2024)

Bu gün Dövlət Uşaq Filarmoniyasının Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş “Sülh göyərçinləri” adlı hesabat konserti təşkil olunacaq.

Bu barədə Filarmoniyanın yaydığı məlumatda deyilir.

 

Bugünkü proqramda Dövlət Uşaq Filarmoniyasının “Musiqili Uşaq Teatrı”, “Sədəf” xalq çalğı alətləri ansamblı, “Güləbətin” vokal ansamblı, “Şəms” uşaq xoru, oğlan və qızlardan ibarət rəqs ansamblı çıxış edəcək.

Konsert Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında keçiriləcək.

 

“Ədəbiyyat və incəsənət”

(31.05.2024)

Rubrikanı Könül aparır. 

 

“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edirik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır. 

 

Bu gün sizlərə Gül kələm qızartmasının  hazırlanma qaydasını təqdim edəcəyik.

 

DÜSTUR:

§ Gül kələm – 130 qr

§ Yumurta – 40 qr

§ Un – 10 qr

§ Yağ – 30 qr

§ Duz – 4 qr

§ İstiot – 0,2 qr

 

HAZIRLANMASI:

Yumurta çalınır, un, duz, istiot vu- rulur. Kələmin gül hissəsi kökündən ayrılır. Kələm yumurtalı məhlula ba- tırılır və yağda qızardılır.

 

Nuş olsun!

 

“Ədəbiyyat və incəsənət”

(31.05.2024)

Poetik Qiraətdə bu dəfə İqbal Nəhmətdir. Şair “Yaddan çıxıb” deyə bir giley-guzar şeiri sərgiləyir.

Xoş mütaliələr!

 

Nəfsinə satılır bəşər övladı,

İnsan olan yerdə cin yaddan çıxıb.

Hərə bir məzhəbin qurbanı olub,

İman gedən yerdə din yaddan çıxıb.

 

Çoxu öldürübdü asıb haqqını,

Çoxunun yeyiblər susub haqqını,

Dartıb aparıblar kasıb haqqını, 

Milyonu deyirlər min yaddan çıxıb.

 

Həyat bir tamaşa izləyən yoxdu,

Mənəm-mən deyirlər biz deyən yoxdu,

Hamı düz yoldadı, düz gedən yoxdu,

Döngələr sahibsiz tin yaddan çıxıb.

 

Vallah belə fürsət heç düşməz ələ,

İqbal dəli olub danışır hələ,

Meşəmiz qırılıb ay tülkü lələ,

Qayıt bizim kəndə hin yaddan çıxıb?

 

Ədəbiyyat və incəsənət”

(31.05.2024)

Friday, 31 May 2024 16:34

Skripkaçı finalçılar

Sərtyel, “Ədəbiyyat və incəsənət”

 

1.

Hava gah anomal isti olur, gah anomal soyuq olur. Çox vaxt da anomal normal olur.

 

2.

-Hörmətli Ter-Petrosyan. Mənim həyat yoldaşım hər dəfə sizin mitinqə gedir. Siz son bir ayda tam on mitinq etmisiz. Nə faydası var axı bu mitinqlərin? Mən sizə etimadı itirirəm. 

-Cənab Sərkisyan. Siz ondansa da həyat yoldaşınıza etimadınızı itirin. Son bir ayda mən ümumiyyətlə mitinq keçirməmişəm.

 

3.

TOST

Kaş bizim düşmənlərimiz patronlarımızdan  tez qurtaraydı…

 

4.

QARA YUMOR:

Beynəlxalq skripkaçılar müsabiqəsinin finalçıları:

1.David Natanzon (ABŞ)

2.İsaak Levinson (Kanada)

3.Leonid Koqanoviç (Fransa)

4.Abram Fridman (Argentina)

5.Yefim Şmikler (Avstraliya)

6.Naum Abramoviç (İngiltərə)

7.Məmməd Əhmədov (İsrail)

 

“Ədəbiyyat və incəsənət”

(31.05.2024)

"Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzeti” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə Qəşəm İsabəylinin hekayələri təqdim edilir. 

 

Taxta əl

 

Anamın kənddə yaşadığı illər idi. Bir qızı və qız nəvəsiylə qalırdı. Getdim dəyməyə. Gördüm stulda oturub, əlinin altında da bir əl var.

- Bu nədi, ay arvad, üç əlli olmusan, nədi?!

- Allah çinlilərin atasına rəhmət eləsin, bala, bilirsən nə karıma gəlir?!

- Uşaqdı bəyəm, buyurub-eləyirsən o yan-bu yana?!

- Vallah, uşaqdan da üzüyoladı.

- Qoy oturmuşuq, sən Allah!

- Ay bala, bir də görürəm, kürəyim qaşınır, tuturam biləyindən, boynumun ardından - köynəyimin altından salıram, sürüşüb gedir düz qaşınan yerin üstünə, heç o yan-bu yana da tərpənmir.

- Uşaqlara niyə demirsən, kürəyini qaşısınlar?

- Bala, camış camışdı ki, özünü suya-palçığa batırıb-bulayandan sonra gün qızdırır dərisini, başlayır böyür-başı qaşınmağa. Girib həyətə ya dama sürtünür, ya da ağac-uğaca. İnsan da yaşlaşandan sonra, hərəkət eləmir axı, qan bədəninin hər yerinə yayılsın. Odur ki, həkim deyiləm, mənim aləmimdə qan işləməyən yerlər başlayır qaşınmağa. Bu əlin elədiyini uşaqlar eləyə bilməz, oğul.

- Ay ana, bu sərtdi, dərini cızar, qanadar?

- Nə danışırsan, bala?! Vallah, ət barmaqdan bu taxta barmaq adama can yandırandı. Bilirsən, uşaqları çağırıram, gəlirlər, day dilimin çüyü çıxır, əlini aşağı sürüşdür, yuxarı sürüşdür, sağ yana, sol yana... qaşınan yeri tapa bilmirlər. Candərdi, - qaşıyın, - deyirəm. Nə mən rahat oluram, nə də onlar razı. Sonra da gedib yarım saat barmaqlarını yuyurlar. Üstəlik spirtləyirlər də. Qocayam axı, iyrənirlər. Bu yandan da öskürək tutur məni. Güclə özümə gəlirəm. Amma bu taxta əl elə həssasdı, elə dil biləndi, lap adamın ürəyindən tikan çıxardır. Biləyindən yapışan kimi gedib barmaqları oturur düz qaşınan yerin üstündə. Ləzzətlə qaşıyıram, nə bu inciyir, nə də mən narahat oluram...

Onda rəhmətlik anamın sözləri mənə qəribə gəlmişdi.

- Oyunun olsun, arvad, - deyə başımı dala atıb gülmüşdüm.

Bu yaxınlarda, hansı ki, anam da 10 il idi dünyadan köçmüşdü, mən də anamın yaşına yaxınlaşırdım, kürəyim bərk qaşındı. Nə illah elədim, əlim çatmadı. Boynumun dalından xətkeşi saldım - o yana sürtdüm, bu yana sürtdüm, iti ucu dərimə necə yeridisə, cızzağım çıxdı. Axırda durub kürəyimi dirədim divarın tilinə, camış kimi sağa-sola sürtüb, rahat oldum. Birdən anam yadıma düşdü. Elə həmin günü taxta əlin birini də mən aldım Sədərək bazarından. Balaca nəvəm Zeynəb əlimi dolu görüb, qaçıb girdi otağıma:

- Mənə nə almısan, ay baba?

- Bu dəfə özümə almışam.

- Özünə nə almısan?

- Əl almışam.

- Əə-əl?! Ver baxım.

Alıb, o yan-bu yanına baxandan sonra sıxdı sinəsinə:

- Özünə nə yaxşı əl almısan, baba, qoy aparım oynadım?!

- Bala, o qədər oyuncağın var, get onlarla oyna, özüm oynadacam.

- Bıy, ay kişi, uşaqsan?!

- Hərdən oluram, bala!

Zeynəb qaçıb getdi:

- Şəmşəm, - qardaşına deyirdi, - babam oyuncaq alıb özünə!

- Həəə... - Şəmşəm də yüyürüb gəldi.

- Baba, budu sənin oyuncağın?

- Hə, bala.

- Uşaq olmusan?!

- Hərdən oluram, bala.

- Olanda bizi də çağırarsan, baxaq, görək necə uşaq olursan!

Oturub dincəldiyim yerdə birdən kürəyim qaşınmağa başladı.

- Ay uşaqlar, gəlin, uşaq olmuşam!

Şəmşəmlə Zeynəb qaçıb gəldi.

- Baxın, - tutdum taxta əlin biləyindən, köynəyimin boynundan saldım kürəyimə. - Qaşıdım ha. Rahat oldum nədi, ləzzət aldım, demirsənmi?!

- Qaşınman kəsdi, baba?! - Şəmşəm soruşdu.

- Bala, bu əl elə həssasdı, elə dil biləndi, bir dəfə də olsa məni incitməyib!

- Qocalar belə uşaq olur, baba?! - Zeynəb soruşdu.

- Bəli.

- Elə bilirdik balaca uşaq olacaqsan, - Şəmşəm dedi.

- Üzdə böyük olmağıma baxmayın, içimdə balacayam, bala.

- Ha... ha... ha... - Gülə-gülə çıxıb getdilər babanı yamsılamağa.

Ruhun şad olsun, ana!

Allah sizin də atanıza rəhmət eləsin, ay çinlilər.

 

Var-dövlətin sehri

 

2010-da bizi - ölkənin bir qrup naşirini İranın Məşhəd şəhərinə Beynəlxalq tədbirə göndərmişdilər. Bir həftəydi, on gün idi, indi yadıma sala bilmirəm, ürəyimiz istəyən yeməkləri yeyir, kefimiz istəyən hoteldə qalırdıq. Axşamlar da oturub, ötəndən-keçəndən danışırdıq. Söz gəlib çıxdı var-dövlət hərisliyinin üstünə. Yaşımı əsas götürüb, mənə "buyur" dedilər.

- Şamaxı zəlzələsində ata-anası gözlərinin qabağında uçqun altında qalmış gənc Qanı, dörd bacısını da götürüb Kürdəmirə gəlir. Tacir imiş, qızıl alveri eləyirmiş. Onda Kür üstündə yerləşən Pirəköcə kəndinin şimalında, mən də görmüşdüm, Qaratəpə vardı. Onun ətrafında həftəbazarı olarmış. Qanı kişi də ticarət adamıydı deyə, bazara yaxın olmağı məsləhət bilir, köçüb gəlir Pirəcə kəndinin qonşuluğunda yerləşən Qocalı kəndinə. Bacılarını ərə verib, özü də evlənir. Üç oğlu, iki qızı dünyaya gəlir. Qanı kişinin oğlunun biri - Çərkəz kişi mənim ana babam idi.

Vaxt yetirir Qanı kişi düşür yorğan-döşəyə. Anam Gilas danışırdı ki, atam baxır ki, kişi can verir, amma gözü qalıb evin tavanında. Bir neçə gündən sonra rəhmətə gedir. Aparıb dəfn eləyib qayıdan oğlu Çərkəz, nərdivanı qoyub, çıxır evin damına. 5 çaynik qızıl-zinət əşyaları tapır. Dönüb olur kəndin ən varlı adamlarından biri...

Başqa bir dostumuz sözü mənim ağzımdan aldı:

- Mənim də babam tacir olub. Atam danışırdı ki, kişi var-dövlətinin sirrini açmadı bizə, vəsiyyətsiz də ölüb getdi.

1941-45 müharibəsinin ağır vaxtıydı, dolanışıq gündən-günə çətinləşirdi. Mən də evin yeganə başı papaqlısıydım, gündüz bazarda fırlanır, beş-üç manat qazancım da çay-çörəyə güclə çatırdı. Axı atam sağlığı qarnı dolusu yeməsək də, ac da qalmırdıq. Anam da, görürdüm fikir eləyir. Son dövr atamdan gileylənməyə başlamışdım. Bir gecə yuxuma girdi. Qoz ağacının dibində durmuşdu. Qoltuğunda mücrü. Bərk hirslənmişdi:

- A bala, məndən nə istəyirsən?!

- Ay dədə, axı dolana bilmirik!

- Durğuzun məni qəbirdən, gəlim hamballığınızı eləyim.

- Kim dirilib indiyəcən, ay dədə, qəribə söz danışırsan, vallah!

- Onda məni niyə qoymursan gor-gah evimdə rahat yatım?!

- Axı sən kasıb deyildin, niyə bizi bu günə qoyub getdin?!

- Neyləməliydim?!

- Hamı deyir ki, şəhərdə beş varlı vardısa, biri də sən idin.

- Nə olsun, olum da?!

- Qızıl-gümüşün yerini de, yoxsa acından qırılacağıq!

Mücrünü başı üstə qaldırıb qəh-qəhə çəkdi:

- Budur, burdadı qızıl-gümüş!

- Nəyinə lazımdı o?!

- Başımı qoyuram üstünə, yatıram. Yoxsa indiyəcən çoxdan xortlamışdım!

- Kişi, daşı tök ətəyindən...

- Nəəə?! - Atam çığırıb, əlini yelləyib, dönüb sürətlə getdi.

Səhər yuxudan peşman oyandım. Bildim ki, ruhunu incitmişəm. Gedib mollaya pul verib, Quran oxutdurdum. Bir müddət kişinin qarasına danışmağı özümə yasaq elədim. Amma 10 gün keçməmiş yenidən ehtiyac mənə güc gəldi. Yenidən başladım danışmağa. Həmin gecə kişi yenidən yuxuma gəldi. Qoz ağacının dibində durub, qoltuğunda da mücrü, sanki məni gözləyirdi.

- Məndən nə istəyirsən, bala?! Niyə qoymursan qəbirdə rahat yatım?!

- Acından ölürük axı!

- Yoxam da mən, gedin dolanın da!

- Bəs sənin atalıq hissin?!

- On illərlə canımın əziyyətinə qızıl-gümüş yığmışam, indi verim, satıb yeyəsiniz, deyirsən?!

- Ay dədə, axı sənin indi yeyən ağzın yoxdu!

- Nə olsun yoxdu, nəfsimə nə deyirsən?! Onu mənsiz yesəniz, vallah, xortlayaram!

- A kişi, daşı tök ətəyindən...

- Nəəə?! - O dəfəkindən də bərk çığırıb, əlini yelləyib, dönüb yox oldu.

Səhər yenidən peşmanlıq içində yuxudan oyandım. Getdim mollanın yanına:

- Hacı, atama nisyə Quran oxuyarsan?!

- Nisyə Quran olmaz, bala!

- Niyə olmur, hacı?!

- Gedib dədənə çatmaz!

- 1 manatım var!

- Allah bərəkət versin.

Mollanın yanından çıxıb getdim bazara. Axtarıb dayımı tapdım. Savadlı, dünyagörmüş adam idi. Başıma gələnləri ona danışdım.

- Dur gedək sizə.

Həyətə girib, getdik qoz ağacının dibinə.

- Harda dayanmışdı atan?

- Bax, bu ağacın sağ tərəfində. - Yerini göstərdim.

- Get beli gətir, qaz buranı.

Yalançılar sözü, 1 metr qazdım.

- Ay dayı, adamı bu dərinlikdə basdırırlar. Burdan o yana...

- Çətin qazılır, asan?

- Asandı.

- Bərkə çıxanacan qaz.

Birdən belin ucu dirəndi. Eşələdim... gecə atamın qoltuğundakı mücrünü görəndə bağırdım:

- Tapdım, dayı, tapdım!

- Pah atonnan, bu kişi bu var-dövləti kimdən gizləyirmiş, görəsən?! - Dayım fikirli-fikirli dedi.

Elə o günü də bazardan yekə bir qoç alıb, qurban kəsdim. Həm qonum-qonşuya verdik, həm də özümüz qarın dolusu ət yedik.

Gecə təzəcə gözümü yummuşdum ki, qəribə bir yuxu gördüm. Atam, mücrünü qazıb çıxartdığım quyunun yanında arxası üstə uzanmışdı. Gözləri də dirənmişdi haqqa...

- Deməli, atan ölməyibmiş, bala. - Molla əlimdəki onluğu göydə qapdı...

İlk dəfə o dünyanın varlığına inandım.

 

“Ədəbiyyat və incəsənət”

(31.05.2024)

Friday, 31 May 2024 10:35

Allah sizə rəhmət eləsin

“Ədəbiyyat və incəsənət” portalı sizlərə Xeyrəddin Qocanın miniatür hekayələrinin təqdimini davam  etdirir. 

 

Günlərin birində İstanbul Universiteti Qəndillə Rəsədxanasının professoru Əhməd Mete İşıqara televiziya kanallarından birinə müsahibə verərək bildirir ki, İstanbulun 13 kilometrliyində mütləq zəlzələ olacaq və 8 saniyə müddətində şəhərin 70 faiz binaları dağılacaq. Professor əvvəlki çıxışlarında xalqa ürək-dirək verərdi, zəlzələnin vaxtını müəyyənləşdirməyin mümkün olmadığını bildirərdi, insanları hər deyilənə inanmamağa çağırardı. Onun son müsahibəsinin inandırıcı olduğunu hiss edən Xeyrəddin Qoca konsulluğa gələn kimi, əməkdaşları yığıb, bu barədə məlumat verir və deyir:

-Deyirlər, diriyə də rəhmət düşür. Allah sizə rəhmət eləsin. Mən gedirəm Bakıya...

Baş konsul həmin gün təyyarə ilə Bakıya uçur...

 

“Ədəbiyyat və incəsənət”

(31.05.2024)

“Ədəbiyyat və incəsənət” portalı Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcidin status-esselərini təqdim edir. Hər gün 5 yarpaq. 

 

1.

Tıxaca düşəndən sonra tələsməyin anlamı qalmır.

2.

Adam işin çoxluğundan yox, insanların laqeydliyindən, biganəliyindən, etinasızlığından yorulur.

3.

Uzaqda görünən hadisələr sürətlə keçmişə çevrilir. Zamanın sürəti yaşadıqlarından zövq almağa imkan vermir.

4.

Səhər açılan kimi bəd xəbərlər yaymağa tələsməyin. İmkan verin insanlar günə nikbin ovqatda başlasınlar.

Günəşə bənzəməyə çalışın!

5

Beş dəqiqədən artıq dinlənilməsi mümkün olmayan primitiv adamlara televiziyaların saatlarla vaxt ayırması çox düşündürücüdür. Görünür, belə adamları dinləməkdən zövq alanlar çoxluq təşkil edir. Dinləyən olmasa, onlara meydan verilməz.

 

“Ədəbiyyat və incəsənət”

(31.05.2024)

Friday, 31 May 2024 16:00

Beş qarpız - ESSE

Jalə İslam, “Ədəbiyyat və incəsənət”

 

 

İndi iki il əvvəlki halım ilə indiki halım arasında olan o böyük fərqi müəyyən etməyə çalışıram. Əslində, bəzi istisnaları hesaba qatmasaq, dəyişən elə də çox şey yoxdur. 

 

Məsələn, cəsarətdən hələ də mükəmməl səviyyədə nəsibimi ala bilməmişəm və yaxud hələ də başqalarının fikirləri ilə özümü yönəltməkdən əl çəkə bilməmişəm. Hətta ən pisi də budur ki, mən hələ də "bəli" və "xeyr" cavablarını doğru yerdə, məqamda işlətməyi bacara bilmirəm. Bəzi "xeyr" cavablarının, əslində, "bəli" olması bir-birinin ardınca tükənməz sayda "bəli", " bəli", "bəli",... doğurur. Və hər şeyi itirdikdən sonra " yox" deyə bir küncə çəkilib özünlə mübarizədə məğlub olursan. Asandan çətini çıxarıb, çətini çətinlə toplayıb yoluna davam edirsən. 

Bir müddət sonra içində olduğun vəziyyətin səni, həqiqətən də, yorduğunu, incitdiyini qəbul etməli olursan. Həyatım boyunca bu bəlli bir periodla davam edib və bəllidir ki, edəcək. Anamın dost-tanış içərisində yerə-göyə sığdıra bilmədiyi gözü-könlü tox övladı indi göydən buludları dərmək üçün can atır. Və indi isə anası tərəfindən bir əlində beş qarpız tutmaq kəliməsi ilə təqsirləndirilir.Bəs o zaman məchul olan nə idi? Məchul olan bu idi ki, əl tutmadığı bir qarpızın hesabını bütün ömrü boyunca beş qarpızı daşımaqla ödəyir. Nəticə isə ürəyə gedən bütün damarların kütləşməsidir. Səbəb isə olmalı olanların gərəkdiyi zamanda və gərəkdiyi yerdə olmamasıdır.

 

“Ədəbiyyat və incəsənət”

(31.05.2024)

Yusif Nəğməkar, “Ədəbiyyat və incəsənət” üçün

 

İstedadlı qələm dostum Rəfail İncəyurd sevən və sevilən şairdir. Elə şairliyi də sevgidəndir. Bu sevgilər də şairin dilində, qələmində zaman-zaman ülvi duyğulara, müqəddəs dualara çevrilir, “Özəl sabah duası”nda olduğu kimi:

 

Ayələrin ən gözəli budu ki,

Nə yaşasan sağlam yaşa, ağrıma.

Bundan gözəl nə arzu var dünyada,

Bundan gözəl nə gəlsin ki, ağlıma?!

 

Müəllif bütöv gözəlliklərin, uğurların kökünü axtarıb sevgidə tapır:

 

Gümanların görəyində,

Sabahların gərəyində,

Sevənlərin ürəyində

Yuvalanıb yazmalısan.

 

Sevdalanıb sön də, sın da,

Qoruyacaq o hiss sonda.

Gözəllərin arasında,

Havalanıb yazmalısan.

(“Necə yazmaq?”)

 

Rəfailin şeirlərində fəlsəfi düşüncə ilə səmimiyyət vəhdət təşkil edir. Rəfail İncəyurd öz ürəyini yazan, öz sözünü deyən şairdir:

 

Yerisə də yalan bəzən,

Gerçək olur haqqı çözən.

Bilə-bilə əyri üzən,

Batasıdır, əvvəl-axır.

 

Yuxarıdakı misralardan göründüyü kimi, o, həm də hikmət və nəsihətlər şairidir. Bir var quru nəsihətlik, bir də var obrazlı ifadələrin dili ilə gerçəkliyi göstərmək. Rəfailin şeirləri ikincilərdəndir.

Rəfail İncəyurdun qələminin nəfəsində mən həmişə İncə dərəsinin, Kəmərlinin ab-havasını duyuram.

O, özünəməxsus üslubu olan fərqli şairdir. Qəlbindən savayı kənar bir diqtəyə uymağı yoxdur. İlhamının, sevgisinin qulu, sözünün ağası:

 

Dalğanı görə-görə,

Atıldı nahaq yerə.

Boğulan gənc şairə,

Gedim olum ada mən.

 

Rəfail yaradıcılığa başladığı ilk vaxtlardan daxili bir inamla qələmə sarılıb. Üç kəndi ana kimi qoynuna alan İncə dərəsinin adını özünə təxəllüs edib, olub Rəfail İncəyurd. Bu məsuliyyətli addım onun doğulduğu torpağa hədsiz sevgisi və üstəlik də özünə güvənliliyindədir.

O, təbiətən ilhamlı, saf, açıq ürəkli, həssas, vətənpərvər və həqiqətsevər bir şair olmaqla, dostluqda da sədaqətlidir. Eynən bu misralarda olduğu kimi:

 

... Dost gedər dost dəstəyinə,

Dost yaraşar dost öyünə.

Aqil adam istəyinə,

Çatasıdır əvvəl-axır.

 

... Məhvəridi məhəbbətin,

And yeridir məmləkətin.

Haqq adamı həqiqətin,

Butasıdır əvvəl-axır.

 

Rəfail İncəyurdun vətəndaşlıq duyğuları hər zaman ovxarlıdır:

 

Bizim dilimizdir nə çevir, nə üz,

Fərqli Azərbaycan türkünün dili.

Bizə bu gerçəyi çoxmu gördünüz?

Dəyişməz min illər görkünü, dili!

(“Dilimə dəymə”)

 

Rəfail İncəyurd hərdənbir yox, duyğularının hər təb-ilham axarında, hər məcrasında şairdir. Bu mənada, aşağıdakı misralar onun maraqlı tövsiyyə şeirlərindəndir. Kiçik həcimli bir şeirində olduğu kimi:

 

Görürsən dinqozdu, qədrini bilmir,

Onda yaxşılığın başını burax.

Harda təpəsinə dəyirsə dəysin,

Onu özü atıb, daşını burax.

 

Neçə ki, başına olmayıb qaxınc,

İçinə yığılan qorxuları xınc.

Ömrün səngər olsun, sözlərin qılınc,

Hər pislik üstünə qoşunu burax.

 

Burax, qırğına ver özəl qoşunu,

Qorğanma taleyin bərki-boşunu.

Onlar uçurduqca Şahlıq quşunu,

Sən də Şahqulunun quşunu burax!

(“Hirs və Şaka”)

 

Rəfailin şeirlərinin dili sadə və safdır. Bu dil xalq leksikonundan qaynaqlanır. Bəzən o, daha çox ümumişlək olan sözləri ədəbi dilə gətirə bilir. Bu da şairin Ana dilinin zənginliyinə bələdliyindən irəli gəlir.

Rəfail İncəyurd yaradıcılığı poetik ifadələr, yeni obrazlı deyimlərlə zəngindir.

Onun şeirlərinin ritmində, ahəngində, saz həniri, söz ətri və fikir səsi sezilir.

Şair dostumun poeziya yolu əsl uğur ünvanıdır.

Uğur diləyirəm!

 

“Ədəbiyyat və incəsənət”

(31.05.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.