Super User

Super User

“Ədəbiyyat və incəsənət” portalı Azərbaycan Yazıçılar Birliyinin üzvü Coşqun Xəliloğlunun “Şəhidlər barədə şeirlər” silsiləsini təqdim edir. Bu gün Rövşən Məmmədova həsr edilmiş şeirlə tanış olacaqsınız.

 

 

RÖVŞƏN MÜŞFİQ OĞLU MƏMMƏDOV

(29.10.1995.-13.10.2020.)

 

Mingəçevir şəhərində anadan olmuş, Əslən Şəkinin Böyük Dəhnə kəndindən olan, Sumqayıt şəhər 4 nömrəli orta məktəbin və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin məzunu, Qarabağın azad edilməsi uğrunda Vətən müharibəsinin şəhidi.

Şəhid olduğu yer:  Tərtər rayonu Suqovuşan.

Dəfn yeri:  Şəki rayonu Böyük Dəhnə kəndinin Şəhidlər Xiyabanı.

 

 ÖLMƏZ RÖVŞƏN

 

- Ana, əsgər gedirəm, salamat qalın, dedi,

Vaxtdır, azğın düşməndən qisası alım, dedi.

Göz yaşını gizlədib, ana: -Yaxşı yol, bala,

O böyük yaradanın nəzərində  ol, bala.

Torpaq sizindir oğlum, düşməndən almalısız,

Bir yolluq düşmən üstə qələbə çalmalısız.

 

Ana əziz balasın sonuncu dəfə öpdü,

Silərək göz yaşını, arxasınca su səpdi.

Rövşən yola düşdü zaman ayrı zamandır,

Bəlkə bu səfər ona ən böyük imtahandır.

 

Azərbaycan əsgəri tarixə sözün deyir,

Düşmən çaşbaş qalıbdır, gic kimi gözün döyür.

Budur qaçırlar onlar, qorxudan dovşan kimi,

Lap deşik axtarırlar, girməyə siçan kimi.

 

Rövşən yoldaşlarıyla daima qabaqdadır,

Güclüdür lap şir kimi, çünki Qarabağdadır.

Nə qədər yüksəkliyə sancılır bayrağımız,

Mərdlərin hünəriylə qayıdır torpağımız.

 

Bax ondakı cürətə, ondakı cəsarətə,

Suqovuşanda yetdi, ucaldı şəhadətə...

Gözlərinin önünə gəldi bir an Sumqayıt,

Mənzərə anasının sözü:-salamat qayıt.

Atası Müşfiq ona çox əziyyət çəkmişdi,

Gözün açmaq istədi, yox... qaranlıq çökmüşdü.

 

Məhsulun bərəkəti torpaqdadır, dəndədir,

Mingəçevir ilk məkan, o, Böyük Dəhnədəndir.

Qısaca ömründə o, keçdi nə qədər ünvan,

Bəzən neçə illərdən mənalı olur bir an.

 

Yaşadı ləyaqətli, şərəfli, gözəl ömür,

Qartal zirvədə uçur, qartal heç vaxt sürünmür.

Sumqayıt Rövşən  üçün necə doğma məkandır,

Burda hamı əzizdir, bir-birinə həyandır.

 

ADNSU-da oxumaq Rövşənə qismət oldu,

Müəllimlər verdiyi  “əla”lar qiymət oldu.

Buranı bitirərək olmuşdu geofizik,

Deyirdi xalqımızın xoş gələcəyi bizik.

 

Bunları bircə anda göz önünə gətirdi,

Mənalı  həyatını şərəf ilə bitirdi.

Adı düşdü Rövşənin ölməzlər sırasına,

Məlhəm ola bildi o, Vətənin yarasına.

 

“Ədəbiyyat və incəsənət”

(04.06.2024)

 

Poetik Qiraətdə bu dəfə sevilən şairimiz, ustad şairimiz Musa Ələkbərlidir. Şair “Bu otağa bir qapı da açaq biz“ deyir.

Şairin məramı isə bu cür ifadə edilir:

Bu otağa bir qapı da açaq biz,

O qapıdan pis adamlar girməsin.

Xoş mütaliələr!

 

BU OTAĞA BİR QAPI DA AÇAQ BİZ...

 

Bu otağa bir qapı da açaq biz,

Mat qalmayaq itirəndə açarı.

Şəhid olar bu baharın əlində

Mənim kimi ömrün-günün naçarı.

 

Çiçəklərin hönkürməyi yamandı,

Yatağına sığışmayır Kür indi.

Bahar üstə kökləmişəm könlümü,

Allah, məni nə gözləyir gör indi...

 

Ürək dinir duyğularla ləbələb,

Göz durulur, istəyini azdırır. 

Mən o gülə nəfəsi tək yaxınam,

Osa mənə həsrət şeiri yazdırır.

 

Bu otağa bir qapı da açaq biz,

O qapıdan pis adamlar girməsin.

Başdan-başa bizim olan bu yazı,

Paxıl gözü, xain gözü görməsin.

 

Belə yaxın olmamışdıq günəşə,

O şəfəqlər qanımızdan keçirmiş.

Yuxumuza girməyən o doğmalıq

Ruhumuzdan, qanımızdan keçirmiş.

 

Yəqin bir də bəndə düşməz dilindən

Ürəyində açan gülün dustağı.

Möhlət üçün an istəyər ömürdən

Mənim kimi ayın-ilin dustağı,

Bir istəyin, bir könülün dustağı.

 

Yaman yerdə qanı coşdu bu yazın,

Nə düşmüşük qəlbimizdən qaçaq biz.

Heç olmasa indən belə susmayaq,

Könlümüzün havasına uçaq biz

Zaman keçir, sözün varmı bu haqda?-

Ömür yoxdu duyğulardan qıraqda

Bu otağa bir qapı da açaq biz...

 

Ədəbiyyat və incəsənət”

(04.06.2024)

Habil Yaşar, “Ədəbiyyat və incəsənət”

 

Bu dəfə rubrikamda ingilis siyasi və dövlət xadimi, natiq və yazıçı Vinston Çörçilldir.

 

“Kitablar, bütün müxtəlifliyi ilə insan zəkasına sivilizasiyanın zəfərlə irəliləməsi üçün vasitələr təklif edir”. 

Vinston Çörçill

 

Qeydlər:

Məqdəsimiz kitabı daha çox sevdirmək, mütaliəni daha da artırmaqdır...

Onlar oxumaqla zirvələrə ucaldı...

Bəs biz kifayət qədər oxuyuruqmu?

 

“Ədəbiyyat və incəsənət”

(04.06.2024)

Bildiyiniz kimi, “Ulduz" aylıq ədəbiyyat dərgisi və Azərbaycan Ədəbiyyat Fondunun  unudulmaz Xalq şairi Vaqif Səmədoğlunun 85 illik yubileyinə həsr edilmiş, 35 yaşa qədər qələm adamları arasında keçirdikləri  poeziya müsabiqəsinin qalibləri artıq  bəllidir. 

 

I yer: 

Cavid Qasımov;

 

II yer: 

Rəşad Nağı Mustafa, 

Allahşükür Ağa;

 

III yer: 

Eminquey, 

Seyyidəli Sübhi, 

El Roman

 

“Ədəbiyyat və incəsənə” portalı mükafatçıların poeziya nümunələrini təqdim edir:

 

III YER

 

Seyyidəli SÜBHİ

 

QAYIDIŞ

 

Bir çörək alacaq, qayıdacaqdım

– küçə sürgün etdi yüz fikrə məni.

İslandı qarışqa qalacıqları,

Yağış güllələdi fikirlərimi.

Düşdüm bu boşluqda illər itkini,

Bulud üstümə min fikir ələdi,

Ömrü bozluqlara sürdüm, qayıtdım:

–Dayandım, dinlədim qarışqaları,

Uçdu başım üstən quş yuvaları,

İlan ağzındakı quş balaları.

İzlədim, göz önü gördüm,

qayıtdım.

Əcələ əl atmaq keçdi könüldən,

Keçdim bu bir qırıq çörək ömürdən!

Xəyalən saçları qara kömürdən

qızımın tellərin hördüm,

qayıtdım.

Qayıtdım ürəyim səksəkələrdə...

İtim hiss eləmiş daş səkilərdən,

Muştuluq istədi evdəkilərdən –

Ayaq səslərimə hürdü:

– "QAYITDI"!

 

 

MELODRAM

 

Divarında bir fotoluq yerin olsa,

mənə saxla.

Sevinsən, özünçün sevin,

Ağlayanda mənə ağla!

Məni ətrimdən unut, qız!

Bəs nə?!

Qoxu – xatirədi…

Mən adda gerçəyin yoxdu,

Bu yuxun xatirədi...

Tənhalıq – Tanrı taxtıdır,

Görən, Adəmə yaraşar?

Ayrıldıq....

Ömür olacaq

təkadamlıq tamaşa…

 

“Ədəbiyyat və incəsənət”

(04.06.2024)

Habil Yaşar, “Ədəbiyyat və incəsənət”

 

Qardaş Türkiyədən müsahibələrimiz davam etməkdədir. Budəfəki müsahibimiz dəyərli yazar Yasemin Kafadar xanımdır. 

 

-Salam Yasemin Kafadar xanım! Necəsiniz? 

 

-Salam, Habil bəy, yaxşı olasınız. 

 

-Zəhmət olmasa öncə azərbaycanlı oxuculara özünüz haqqında məlumat verərdiniz.

 

-Əvvəla, portalınızda mənə yer ayırdığınız üçün çox şadam. Təşəkkür edirəm!

Əslində mən türk dili və ədəbiyyatı müəllimiyəm. Eyni zamanda nağıllar yazıram. Uşaqlığımın çox hissəsini Egeyin müxtəlif bölgələrində heyvanlar və təbiətlə təkbətək keçirdim. Ən yaxşı dostlarım kəpənəklər və tısbağalar idi. Kiçik bir yerdə yaşadığımız üçün kitablara çatmaq asan deyildi. Atamın sifariş etdiyi nağılların, romanların gəlməsini səbirsizliklə gözləyərdim və kitablar əlimə çatdığında dünyanın ən xoşbəxt uşağı olardım. Deyə bilərəm ki, təxəyyülümün inkişafında bu kitabların böyük əməyi olub. Qısacası, təbiətin əhatəsində çox sadə bir uşaqlıq keçirdim. İndi yazdığım heyvan hekayələrinin (nağıllarının) təməlini uşaqlığımda qoyduğumu düşünürəm. Liseyi bitirəndə İstanbula gəldim. İstanbul Universiteti Türk Dili və Ədəbiyyatı fakültəsini bitirmişəm. Həmişə bir şey yazmağı sevərdim. Ancaq nağıl yazmağa başlamağım "covid-19" dövründə gerçəkləşdi. Dərsləri onlayn öyrətdiyimiz üçün vaxtımın çoxunu evdə keçirirdim. Nağıl yazmaq o çətin dövrdə qazandığım kiçik xoşbəxtliklər idi. İndi yazdığım nağılların sayı 50-yə yaxındır.

 

-Ədəbiyyata marağınız nə zaman və necə başladı?

 

-Düşünürəm ki, bu, uşaqlığımdan başlayıb. Kiçik olanda atam mənə müntəzəm olaraq kitablar alardı. Bütün bunlar mənim Ədəbiyyata sevgimdə böyük rol oynadı. Ancaq burada çox dəyərli müəllimlərimə təşəkkür etməsəm olmaz. Təbii ki, onların da böyük payı var.

 

-Əsərləriniz mövzusu məlumat verə bilərsinizmi?

 

-Heyvan nağılları yazıram. Hazırda cəmi bir kitabım var. Bu kitabımda 10 dənə nağıl var. Sadiqliyin əhəmiyyəti, xəsislik, meşə yanğınlarının heyvanlara zərəri, təkəbbür, ikiüzlülük, iş, xoşbəxtlik və s. mövzular kitabımdakı bəzi mövzulardandır. İnanıram ki, nağılların tədris tərəfi olduğu üçün təhsildə çox mühüm yer tutur. Və arzu edirəm ki, bu janrda yazılan əsərlər daha da yayılsın, sevilsin.

 

-Türkiyədə mütaliədən razısınızmı?

 

-Təəssüf ki, dövrümüz elədir ki, cib telefonları çoxumuzu zəbt edib. Bu vəziyyət əslində bütün dünya üçün problemə çevrilib. Ancaq ümidsiz yaşamaq olmaz. İnşallah bir gün bütün Türkiyədə və dünyanın hər yerində əllərində yalnız kitab tutan insanlara rast gələrik.

 

-Ən çox sevdiyiniz yazar kimdir?

 

-Cəmiyyətə yaxşı mesajlar verən bütün yazıçıları sevirəm. Ayrıseçkilik etmək istəmirəm.

 

-Azərbaycan ədəbiyyatını izləyirsinizmi? 

 

-Sizin ədəbiyyatınızdan Bəxtiyar Vahabzadənin bəzi şeirlərini bilirəm. Ancaq  bu müsahibə və sizin vasitənizlə bundan sonra daha çox diqqətimi cəlb edəcək.

 

-Başqa yazarlara hansı tövsiyələriniz vardır?

 

-Nağıl ustası La Fontenin dediyi kimi, “İnsan əvvəlcə özünə məsləhət verməlidir”. Mən həmişə ilk olaraq özümə məsləhət verirəm. Biz bu Yer üzündə əbədi deyilik. Ən böyük arzum yazdıqlarımla gözəl mesajlar vermək və iz buraxmaqdır. Başqa yazarlara deyə biləcəyim tək söz budur.

 

“Ədəbiyyat və incəsənət”

(04.06.2024)

Rəsmiyyə Sabir yazır

                                                        “Ədəbiyyat və incəsənət” portalı iqtisad elmləri doktoru, şair Rəsmiyyə Sabirin “Fitrətimizdədir vətənpərvərlik” kitabı barədə düşüncələrini təqdim edir. 

 

Bir neçə gün əvvəl doğulduğum rayondan - doğma Masallıdan mənə bir kitab göndərilmişdi. Kitabı Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Yeni həyat” ictimai-siyasi qəzetinin baş ədəbi işçisi, “AzpressTİMES.az” saytınınn redaktoru, tanınmış jurnalist, publisist Akif Ağayev yollamışdı.

Kitab Azərbaycanın ərazi bütövlüyü uğrunda canını fəda edən şəhidlərimizə və qazilərimizə həsr olunub. Kitabda, həmçinin I Qarabağ müharibəsi zamanı məcburi köçkün olan şəxslərin həyat hekayələri də yer alıb.

İlk olaraq belə bir kitabı araya-ərsəyə gətirdiyinə görə qələm dostuma təşəkkür etmək istəyirəm. Şəhidlərimizin və qazilərimizin keçdiyi ömür yoluna nəzər salmaq qələm adamlarının müqəddəs vəzifələrindən biridir.

Kitaba Ön sözü filologiya elmləri doktoru, AMEA N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun Ədəbi tənqid şöbəsinin müdiri, Əməkdar mədəniyyət işçisi, tanınmış tənqidçi Vaqif Yusifli yazıb. Kitabın redaktoru isə tanınmış şair-publisist Arif Fərzəlidir.

Kitab “20 Yanvar – ağrılı xatirələr”, “Bütövləşən Vətən – Vətənləşən şəhidlər”, “Şəhid anasının görüşünə gedək”, “Ölümü gözə alan igidlərimiz” və başqa bölmələrdən ibarətdir. Hər bölmə qəhrəman oğullarımızın keçdiyi ömür yolunu bizim gözlərimizdə canlandırır.

Bayraq kimi ucadır, torpaq kimi müqəddəs,

Ana Vətən çağırdı, səsinə verdiniz səs,

Sizlərin qarşısında səcdə edir hər bir kəs,

Tarix yazan igidlər, Vətən olan şəhidlər!

 

“Fitrətimizdədir vətənpərvərlik” kitabını oxuyarkən neçə-neçə tanış şəhidimizin ömür yoluna yenidən nəzər saldım. Onların haqqında yazılan məqalələri oxuyarkən bir daha əmin oldum ki, doğrudan da, insan sonradan qəhrəman olmur, qəhrəman doğulur.

 

Ana torpaqdan güc aldın,

Düşmənlərindən öc aldın,

Ucaldıqca sən ucaldın,

Bayrağa dönən şəhidim!

 

Kitabda həm I Qarabağ, həm də II Qarabağ müharibəsinin Masallıdan olan şəhidləri haqqında geniş məlumat verilib. İlk məqalələrdən biri qəhrəman polis, Azərbaycanın ilk Milli Qəhrəmanlarından olan Səfəralı Məmmədov haqqındadır. S.Məmmədov Xocavənd rayonunun Qaradağlı kəndinin sakinlərini xilas edərkən minaya düşərək həlak olub və şəhidlik zirvəsinə yüksəlib.  

Növbəti məqalə Milli Qəhrəman Elşad Hüseynov haqqındadır. E.Hüseynov Ağdam uğrunda gedən döyüşlərdə şəhid olub.

Ana üçün bala, övlad itkisi faciədir... Lakin öz balasını (balalarını) Vətən yolunda qurban verərək əyilməyən, sınmayan analardır Azərbaycan qadınları. Biz II Qarabağ müharibəsində necə böyük qəlbli analar gördük... O qəhrəman oğulları böyüdən mərd analar... Çiynində oğul tabutu daşıyan qəhrəman analar... “Şəhid anası” şeirimdə onların böyüklüyünü, əsalətini belə ifadə etmişdim:

 

Vətən qibləmizdir, səcdəgahımız,

Ona fəda olsun bizim canımız,

Vətənin anası, bizim anamız,

Şəhid anası!

 

Tabutu göylərə qaldıran əli,

Qürurun, vüqarın canlı heykəli,

Bir gecədə saçı ağaran gəlin -

Şəhid anası!

 

Onun yoldaşıdır səbir və dözüm,

Təsəlli dərdinə olmayır çözüm,

Qarşında acizdir ən güclü sözüm,

Şəhid anası!

 

İntiqam və Nurlan Əsgərovlar – iki şəhid qardaş. Nurlan Aprel döyüşlərində, İntiqam  isə Şuşa uğrunda şəhid olub. Onların anası - Ziba xanım ilə müəllifin müsahibəsini oxuyarkən göz yaşlarım axmağa başladı... O qədər təsirliyidi ki, Ziba ananın Şuşa ziyarəti... Özümü onun yanında hiss etdim... Yuxularda gördüyün məkanı real həyatda görmək qəribə duyğudur... Və əgər bu məkan sənin balanın şəhid olduğu yerdirsə... “Sən demə İntiqam əbədiyyətə qovuşduğu gecə yuxuma girərək şəhid olduğu yeri mənə göstəribmiş. Bu da Allahın hikməti, qismətidir ki, o müqəddəs məkanı görmək mənə nəsib oldu. Və həmin yerdə Nurlanımın hərbi geyimini mənə təqdim etdilər. Arzum və yuxum çin oldu...”.

Torpaqlarımız işğaldan azad edildikdən sonra Şuşaya ilk səfərim zamanı onun mistik şəhər olduğuna inanmışdım. Ziba ananın Şuşaya səfəri bunu mənə yenidən xatırlatdı...

Anar Novruzovun şəhid olduğu günü çox yaxşı xatırlayıram. A.Novruzov dəfn olunan günü Ərkivanda yeddidən yetmişə hər kəs onu son mənzilə yola salırdı. Həmin günü Anar Novruzova, o cümlədən bütün şəhidlərimizə bir şeir həsr etdim:

 

ŞƏHİDİM

 

Bundan sonra

səsindən

nur yağmayacaq yer üzünə.

Günəşin çöhrəsi

əvvəlki kimi işıqlanmayacaq, şəhidim...

 

Bundan sonra

gülüşlərinin hərarəti

isitməyəcək kainatı, şəhidim...

 

Bundan sonra

Anan

qurban ola bilməyəcək boyuna.

bacıların

oynaya bilməyəcəklər

sədası gələməyən toyuna, şəhidim...

 

Bundan sonra

göz yaşları yuva salacaq

atanın üzünün qırışlarında...

 

Bundan sonra

bir qızın

arzusu  yox,

yuxusu çin olacaq.

Məzarın üstündə

salxım söyüdlər

saçını yolacaq, şəhidim...

 

Bundan sonra

məğrur addımların

sevindirməyəcək torpağı, şəhidim...

 

Bundan sonra

“Dözüm” səbrini yoracaq

yolunu gözləyənlərin, şəhidim...

 

Bundan əvvəli var...

Bundan sonrası yoxdur, şəhidim...

Bundan sonrası sonsuzluqdur, şəhidim...

 

Sonradan A.Novruzovun şəhidlik zirvəsi ilə bağlı bir məqalə də yazdım. Biz qələm adamlarının təsəllisi o olur ki, şəhidlərimizin qəhrəmanlıqlarından bəhs edən hekayələr, məqalələr, şeirlər və s. yazaq. Doğrudur, onların qəhrəmanlıqları qarşısında bizim yazdıqlarımız sönük qalır... Lakin bizim də təsəllimiz bu olur...

Kitabda Ramiz Cəfərov, Sahib Şirəliyev, Famil Əlizadə, Sənan Seyfullayev, Araz Seyfullayev, Murad Nefesov, Zaur Hüseynov, Amid Salayev, Sənan Mirzəyev, Ramil Məmmədov, İsmayıl İsayev, Şəmistan Yusifli, Sahil Babayev, Əmrah Abbasov, Mikayıl Həmidli, Eltac Əhədov, Nəsib Tağıyev, Şaiq Talıbov, Simran Rzayev, Fuad Həsənov, Cavanşir Qasımov, Əfqan Mirzəyev, Nəbi Teymurov, Mircəlil Əliyev, Əhməd Mirzəyev, Rafiq Əlihəsənov, Valeh Kərimov, Faiq Şükürov, Aqil Məlikov haqqında da məqalələr vardır. Bu məqalələri oxuyarkən düşündüm ki, belə qəhrəmanlar Vətəni daim yaşadacaqlar!...

 

Hüsnünə aşinadır,
Sevdalı ürəyimiz.

Bir ölüb, min dirillik,

Səni yaşadarıq biz.

Vətən!

 

*

Kitabda şəhidlərimizlə yanaşı, qazilərimiz haqqında da məqalələr yer alıb. Belə məqalələrdən biri Füzuli rayonu istiqamətində gedən döyüşlər zamanı bir qolunu itirən Daməd İbrahimli haqqındadır. “Qanımız Vətən torpağına qarışıdı” adlı məqalədə Damədin belə bir fikrinə rast gəldim: “Nəinki qolum, canım da Vətənə qurbandır”. Necə qürur duymayasan belə igidlərlə?...

 

*

Düzünü deyim ki, bu kitabı göz yaşları içində oxudum. Bu qəhrəmanların həyat hekayələri məni həm qürurlandırdı, həm də duyğulandırdı. Şəhidlərimizin müqəddəs ruhları qarşısında sevgi və sayqı ilə baş əyirəm! Qəhrəmanlığınızla indi hamıya nümunəsiniz və bundan sonra da gələcək nəsillərə örnək olacaqsınız. Sizi nə biz unudacağıq, nə də tarix...

Hər birisi igiddir, hər birisi qəhrəman,

Mənfur yağı-düşmənə heç vermədiniz aman,

Tarix yaşadar sizi, əsla unutmaz zaman,

Bayraq kimi ucadır, ölümsüzdür şəhidlər!

 

*

Kitabda, həmçinin I Qarabağ müharibəsi zamanı doğma ev-eşiyindən məcburi köçkün olan şəxslərin də həyat hekayələri yer alıb. Bu məqalələri oxuyarkən gah kədərləndim, gah da sevindim. Sevindim ki, ilahi ədalət təcəlla etdi. Bir zamanlar zorla doğma ev-eşiyindən didərgin salınan vətəndaşlarımızın artıq doğma yurdlarına geri qayıdışı başlayıb. Şükür bu günə...

 

*

Bu yazının sonunda bir nüansı qeyd etmək istəyirəm. Böyük Zəfəri görən insanlardan olduğum üçün xoşbəxtəm. Torpaqları azad görmək arzusu ilə bu dünyadan nə qədər insan köçüb?... Bir zamanlar işğalda olan torpaqlarımızın həsrəti ilə “Bağışlama bizi, Vətən” şeirini yazmışdım.  Şuşa işğaldan azad edilən günü böyük Zəfərimizə “Vətən, gözün aydın” adlı şeir həsr etdim. Sonuncu misraları belə idi:

 

Qanımızdan qutsal toprağa qatdıq,

Biz qələbə dolu tarix yaratdıq,

Çatdıq evimizə, Şuşaya çatdıq,

Vətən, gözün aydın, el, gözün aydın!

 

Allahdan bütün ŞƏHİDLƏRİMİZƏ rəhmət, QAZİLƏRİMİZƏ cansağlığı diləyirəm!

 

“Ədəbiyyat və incəsənət”

(04.06.2024)

Zahirə Cabir yazır

 

“Ədəbiyyat və incəsənət” portalı publisist Zahirə Cabirin Məhəmməd Əmin Rəsulzadə barədə hekayətlərinin dərcini yekunlaşdırır. 

Hekayətlərin dərcində məqsəd - uşaqlara bu dahi şəxsiyyəti daha yaxından tanıtmaqdır. 

 

Ucalardan uca bayrağım

 

Əgər boş vaxtın varsa, əlinin altında yaxşı bir kitabın yoxdursa və telefonda oynamaqdan, televizora baxmaqdan bezmisənsə, ən yaxşısı budur ki, hansısa muzeyə get. Nəinki gözəl vaxt keçirəcək, həm də bir çox maraqlı şeylər öyrənəcəksən. Əbəs yerə deyil ki, hər hansı bir şəhərin görməli yerləri arasında muzeylər, demək olar ki, birinci yeri tutur. Bakıda da çoxlu muzeylər var.  Milli İncəsənət, Xalça, xatirə, tarix-diyarşünaslıq, ev muzeyləri... Belə muzeylərin niyə maraqlı olduğunu izah etməyə yəqin ki, ehtiyac yoxdur.

Mən də üz tutdum Milli Azərbaycan Tarix muzeyinə. Bu muzeydə heç vaxt olmamışdım. Muzeyin bələdçisi binanın 1895-1897-ci illərdə tikildiyini və Azərbaycan milyonçusu Hacı Zeynalabdin Tağıyevin mülkü olduğunu söylədi. Burada qədim dövrdən başlayaraq Azərbaycan tarixinin bütün mərhələlərinə dair qiymətli eksponatlar toplanmışdır. 300 mindən çox eksponatı olan muzeydə xalqımızın bir  çox görkəmli şəxsiyyətlərinin təhsil almasına yardımçı olmuş Hacı Zeynalabdin      Tağıyevin həyatı və fəaliyyətinə dair fotoşəkillər, tarixi sənədlər, ona məxsus         qiymətli əşyalar da toplanmışdır.

Muzeyin Azərbaycan Demokratik Cümhuriyyətinə aid bölməsində diqqətimi çəkən Cümhuriyyət yaradıcısı Məhəmməd Əmin Rəsulzadənin həyat yoldaşı ilə birlikdə hazırladığı üçrəngli Azərbaycan bayrağı oldu. Muzeyin bələdçisi bildirdi ki, Türkiyədə mühacirətdə olan Məhəmməd Əmin Rəsulzadə öz həyat yoldaşı ilə birgə 1952-ci ildə 28 may günündə ipəkdən olan bu bayrağı öz əlləri ilə tikiblər. Mühacir Gülmirzə Bağırov bu bayrağı onun ölümündən sonra qoruyub saxlamış və Milli Azərbaycan Tarix Muzeyinə vermişdir. Bələdçinin söylədiyinə görə Məhəmməd Əmin hara gedərdisə bu bayraq daima onunla olardı. Dostları ona “bayraq adam” deyərdilər.  Yadıma bayrağa olan sonsuz ehtiramını coşquyla ifadə edən Əhməd Cavadın bu sözləri düşdü:

Təmiz alnındakı tozu, torpağı,

Haqq üçün açdığın əllərinlə sil!

Qalxıb, bir də enməz elin bayrağı,

O sənin, o mənim əlimdədir, bil!


Anladım ki, Bayrağın dəyəri onun daşıdığı mənada və uğrunda canından keçən həqiqət yolçularının qanına boyanmasındadır. Hansısa coğrafi məkanın Vətən mərtəbəsinə ucalması isə o torpaqda boy atan oğulların o torpaq üçün haqq davasına könül verməsi, ömür verməsi ilə mümkündür. Vətən varsa, bayraq var, vətən yoxsa, bayraq - qonmağa yeri olmayan quş kimidir.

Ertəsi günü məktəbdə dostlarıma tarix muzeyinə getməyimdən, orada gördüklərimdən danışdım, təəssüratlarımı bölüşdüm. Hətta “bu sehirli aləm”dən ayrılarkən muzeyin “Rəy kitabı”na ürək sözlərimi yazmağımı da onlara dedim. Yazmışdım ki: “Bu gözəl muzeydə olduğu kimi hər kəs öz tarixini qorumalı və yaddaşında hifz etməlidir. Məhəmməd Əmin Rəsulzadənin öz əlləri ilə tikdiyi bayrağı bu muzeydə qoruduğunuz üçün Sizə təşəkkür edirəm”.

Dostlarım heyranlıqla mənə qulaq asıb mütləq gedib baxacaqlarını bildirdilər. Əlbəttə ki, atalar demişkən “Min eşitməkdənsə, bir dəfə görmək yaxşıdır”.  Mən özlüyümdə çox sevinirdim. Elə bil ki, yeni bir dünya kəşf etmişdim. Tariximizin, mədəniyyətimizin, ədəbiyyatımızın zəngin olması ilə fəxr edirdim. Gözümün qarşısında isə Cümhuriyyət banisi Məhəmməd Əmin Rəsulzadənin öz əlləri ilə tikdiyi bayraq, onu qoynunda əzizləyərək saxlaması canlanırdı. Bir an içimdə özümü bayrağa bürünmüş hiss etdim.

 

“Ədəbiyyat və incəsənət”

(04.06.2024)

İyunun 8-9-da - şənbə və bazar günlərində Şamaxıda növbəti Hava Şarları Festivalı (Balloon Festival) keçiriləcək. 

Şamaxı Rayon İcra Hakimiyyətinin dəstəyi ilə “EZONE” şirkəti tərəfindən təşkil olunacaq Hava Şarları Festivalının əsas məqsədi ölkəmizin, o cümlədən festivalın keçirildiyi Şamaxı rayonunun turizm potensialına töhfə verməkdir.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, iyunun 8-i və 9-da səhər saatlarında (saat 05:00-08:00 aralığında) baş tutacaq uçuşlar zamanı Şamaxının Meysəri kəndi üzərindən səmaya müxtəlif rəng, forma və dizaynda hava şarları qalxacaq. Bu mənzərə izləyicilərə unudulmaz təəssüratlar vəd edir.

 

Hava şarlarında turistik uçuşlar hələ ki, həyata keçirilmir. Lakin yerli pilotların beynəlxalq mütəxəssislərlə birgə həyata keçirəcəyi nümayiş uçuşlarını Meysəri kəndi ərazisindən hər kəsin seyr etmək imkanı olacaq.

 

“iTicket.az” saytı vasitəsilə qeydiyyatdan keçən şəxslər isə Meysəri kəndindəki “Şirvan Şərabları” kompleksi ərazisində rəngarəng əyləncə və konsert proqramını da izləyə biləcəklər.

 

Xatırladaq ki, Şamaxıda ilk Hava Şarları Festivalı ötən ilin iyununda keçirilib. Festival ilk dəfədən böyük marağa səbəb olub.

Təqdim etdiyimiz fotolar da ilk festivaldandır. 

 

“Ədəbiyyat və incəsənət”

(04.06.2024)

İtaliyada fəaliyyət göstərən “Azəri” Azərbaycan Mədəniyyət Assosiasiyasının sədri, xoreoqraf, Milanda “Aida” və “Orizon” Rəqs Akademiyasının və Milan Konservatoriyasının professoru Mais Nuriyevin yaradıcılığına həsr olunmuş tədbir keçirilib. “Cinema Teatro Manzoni”də keçirilən gecədə Busto-Qarolfonun meri Sindako Suzanna Biondi, Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları, Azərbaycan icmasının üzvləri, yerli ictimaiyyətin nümayəndələri, tanınmış teatr xadimləri iştirak ediblər.

 

Dövlət Komitəsindən AzərTAC-a bildirilib ki, tədbir çərçivəsində Mais Nuriyevin italyan tələbələrindən ibarət rəqs qrupunun Azərbaycan musiqisini ifa etmələri böyük maraq və sevinc hissi ilə qarşılanıb. Xoreoqrafın müxtəlif xarici ölkələrdə yaşayan tələbələri noyabr ayından etibarən ustadlarının yaradıcılıq gecəsinə hazırlaşıblar.

 

Busto-Qarolfonun meri Sindako Suzanna Biondi çıxış edərək tədbir iştirakçılarını salamlayıb və məşhur xoreoqraf Mais Nuriyevə öz ürək sözlərini çatdırıb.

 

Milanın məşhur opera teatrının keçmiş bədii rəhbəri Cüzeppe Karboni də diaspor fəalımız Mais Nuriyevi təbrik edərək, öz xoş arzularını bildirib.

 

Mais Nuriyevə həsr olunmuş “Azərbaycan! Qardaşım, Sağ ol!” əsərini müəllifin özü - Milan konservatoriyasının keçmiş professoru, tanınmış musiqiçi David Qualtierinin ifa etməsi böyük maraq və alqışlarla qarşılayıb.

 

Çıxışlarda dəfələrlə beynəlxalq müsabiqələrin münsiflər heyətinə iştirak edən Mais Nuriyevin Avropada Azərbaycan mədəniyyətini uğurla təmsil etməsi, müxtəlif xalqların rəqslərini səhnələşdirməsi barədə danışılıb, onun zəngin yaradıcılıq nümunələri nümayiş olunub. Rəqsin dili ilə danışan xoreoqrafın geniş yaradıcılığı vərəqlənib, beynəlxalq festivallarda İtaliya və Azərbaycanı uğurla təmsil etməsi təqdir olunub.

 

Daha sonra Mais Nuriyevin yaradıcılığına həsr olunmuş film göstərilib.

 

Tələbələri sonda Mais Nuriyevi səhnəyə dəvət edib, sürəkli alqışlarla ona öz təbriklərini çatdırıblar.

 

Qeyd edək ki, Azərbaycanın mədəni sərvəti olan xalq rəqsləri sənətinin beynəlxalq aləmdə təbliği, İtaliyada diaspor fəaliyyətinin daha da genişləndirilməsi istiqamətində çox əhəmiyyətli işlər görmüş Mais Nuriyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasının “Əməkdar artisti” fəxri adına və "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalına layiq görülüb, Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən “Diaspor fəaliyyətində xidmətə görə” medalı ilə təltif olunub. İstedadlı xoreoqraf bu il San-Remo Beynəlxalq Rəqs Müsabiqəsinin münsiflər heyətində də yer alıb.

 

“Ədəbiyyat və incəsənət”

(04.06.2024)

Tanınmış Azərbaycan şairi Leyla Əliyevanın seçmə şeirlərinin toplandığı “Seçilmişlər” kitabı işıq üzü görüb. Kitab Dövlət Tərcümə Mərkəzi nəşr edib. 

 

“Ədəbiyyat və incəsənət” portalı çərkəzə istinadən xəbər verir ki, kitaba şairin Vətən, həyat, mərhəmət, ölüm, sevgi kimi əbədi mövzuları əhatə edən şeirləri daxil edilib. Müəllifin öz yaradıcılığı ilə bağlı dediyi “Çoxları mənim poeziyamı emosiyalarımla, əhvali-ruhiyyəmlə əlaqələndirir və sanırlar ki, şeirlərim çox kədərlidir. Əslində isə o şeirlərin əksəriyyəti məndən bəhs etmir. Onların çoxu ümumən insan ruhunun mənzərələrini, hal və həyəcanını ifadə edir. Elə bilirəm, şeirlər mənə İlahidən gəlir. Mən sətirləri eşidirəm...” fikirləri ilə açılan kitaba toplanan şeir silsilələri “Vətən”, “Həyat nədir, ölüm nə”, “Haradasan, dünyanın yaxşı adamı?”, “Mənə güc ver, İlahi!”, “Gedim bir az ağlayım”, “O biri həyatda dönərsən geri” kimi fəsillərdə təqdim olunur. Şeirlər Azərbaycan dilinə kifayət qədər yüksək peşəkarlıq, bədii texnika ilə tərcümə olunub, şairin üslub özünəməxsusluğu, poetik intonasiyası qorunub saxlanılıb.

 

Nəşrin “Ön söz”ünün müəllifi akademik Nizami Cəfərov, şeirlərin tərcümə müəllifləri Xalq yazıçısı Afaq Məsud, şair-tərcüməçi Salam Sarvan, redaktoru isə yazıçı-tərcüməçi Yaşar Əliyevdir.

 

“Ədəbiyyat və incəsənət”

(04.06.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.