
Super User
Edvard Estlin Kamminqsin uşaq şeiri
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə UŞAQ ƏDƏBİYYATINI TANIDAQ layihəsində Britaniya və Amerika uşaq şeirindən seçmələr təqdim edilir. Şeirləri ingilis dilindən tərcümə edən Şahin Xəlillidir.
Bu gün tanış olacağınız şeir Edvard Estlin Kamminqsə aiddir. O, Amerika şairidir.
Edvard Estlin Kamminqs
(1894-1962)
ABŞ
Məqqi, Milli,
Molli, Mey
Məqqi, Milli, Molli, Mey
Çimərliyə gəlib ey.
Məqqi tapıb oxuyan
Qəşəng balıqqulağı.
Damağı çağ, kefi kök
Mahnıdan ləzzət alıb.
Bir dəniz ulduzuyla
Dost olub Melli burda.
Var ulduzun şüası,
Bax, beş barmaq boydadı.
Mollinin arxasınca
Əcaib məxluq qaçır.
Yıxılıb böyrü üstə
Göyə köpük buraxır.
Mey qaçdı burdan evə,
Əlində daş var idi.
Bu daş yertək balaca,
Əslində, çox iriydi.
Nə itirsək, deyirlər, –
Bax bizim ikimiz də,
Axtarırıq özümüz,
Tez tapırıq dənizdə.
“Ədəbiyyat və incəsənət”
(06.06.2024)
Uğura doğru kreativ irəliləmənin Xakamada yolu
Əlibala Məhərrəmzadə, “Ədəbiyyat və incəsənət”
Motivasiya ədəbiyyatı içərisində oxucularıma nümunə gətirəcəyim daha bir təlim Rusiya siyasətçisi və publisisti İrina Xakamadaya məxsusdur.
Atası yapon, anası rus olan İrina Rusiya kimi mürəkkəb bir ölkədə uğurlu siyasi karyera qurması ilə məşhurlaşaraq Rusiya tarixində seçkidə ən çox səs toplayan prezidentliyə namizəd qadın olması, Rusiya Federasiyası Dövlət Dumasının sədrinin müavini postunadək yüksəlməsi, aparıcı bir siyasi partiyaya həmsədrlik etməsi kimi uğurlar əldə edib, bunlar ona nə qədər nüfuz gətiribsə iqtisadiyyat üzrə elmlər namizədi mərtəbəsinədək yüksəlməsi, məşhur teleradio aparıcısı olması, Moskva Beynəlxalq Munasibətlər İnstitutundakı pedaqoji fəaliyyəti, yazdığı populyar roman və pyeslər, «uğurlu insan olmaq» mövzusunda oxuduğu master-klasslar da ona bir o qədər nüfuz gətirib. Təsəvvür edin ki, «Taym» jurnalı onu dünyanın XXI əsrdəki 100 ən məşhur qadınları reytinqinə daxil edib. Bu «uğurlu» qadın barədə onun, hədsiz nüfuzu barədə bircə fakt söyləmək istəyirəm: 2002-ci ildə Moskvanın Dubrovka adlı ərazisindəki Teatr mərkəzində terrorçular dinc insanları girov götürərkən İrina onlarla danışıqlar apararaq üçü uşaq olmaqla dörd girovu azad etməyə müvəffəq olub.
Onun, xüsusən, uğurlu karyera qurmaqla bağlı fərqli və kreativ məsləhətləri çox maraqlıdır. Gəlin bunlara diqqət yetirək:
1. Hədəfə, məqsədə doğru deyil, özünə tərəf hərəkət etməlisən. «Məqsədə doğru nə qədər sürətlə getsən, o sürətlə də məqsəd səndən kənarlaşacaq. Səadətə doğru irəlilə», - deyə öyrədirlər daosistlər. Eynən serfinqist kimi səni yuxarı qaldıracaq öz dalğanı tapmalısan. Buna görə də mütləq axından qopub özünü dinləməlisən.
Sabah davam olacaq.
“Ədəbiyyat və incəsənət”
(06.06.2024)
DÜZÜLÜŞ VƏ MÖVCUDLUQ - Sadıq Qarayevin essesi
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində bu gün sizlərə Sadıq Qarayevin “Düzülüş və mövcudluq” essesi təqdim edilir.
– O turşunun dadına baxmaq olar?
– Əla turşudu, buyurun baxın – satıcı bunu deyib, üç kiloluq şüşə balondan dəmir tutqacla kələm çıxarıb, mənə uzatdı.
Alıb yeməyə başladım, düzdür, anamın qoyduğu turşulara çatmazdı, O, əlinə keçəni – kələm, kal pomidor, ta nə bilim nələri yığıb qırx kiloqramlıq "filyak"a doldurar, nəyi, necə əlavə edər, bilmirəm, heç özü də bu işləri xüsusi qaydalarla eləməz, amma turşusu əvəzsiz olar. Ancaq bu turşu da çox dadlı idi, kimdirsə, peşəkar imiş.
– Bir kiloqram çəkin, – dedim.
Turşunun dadından zövq ala-ala günortadan düşündüyüm fikirlər yenidən ağlıma gəlməyə başladı…
Ağaclara baxırdım, onlar canlıdırlar... Canlı olmaq xüsusi bir mahiyyətdir. Nədir bu sirri-Xuda? Ağaclar ayrı-ayrı orqanlardan, orqanlar hüceyrələrdən ibarətdir, hüceyrənin öz elementləri var ki, onları da xırdalayanda kimyəvi maddələrə, molekul, atomlara gedib çıxır. Aha molekul, atomlar canlı deyil axı...
– Buyurun, üç kiloqram etdim.
– Yaxşı etdiniz, ama elə edin, yolda suyu süzülməsin, – deyib pulu verdim.
Yaxşı, belə çıxır ki, cansızların xüsusi düzülüşü, yan-yana gəlməsi canlı mahiyyəti yaradır... Eyni növ atomların fərqli cür düzülüşü müxtəlif xassəli materiya ortaya çıxarır. Məsələn, eyni cür karbon atomlarının fərqli düzülüşündən qrafit, kömür, almaz ortaya çıxır... Demək, nə sirr varsa bu düzülüşdədir, nəyin nəyin yanında olmasından asılıdır. Məhz bu düzülüş qaydası ALLAHDAN gəlir. Onun sayəsində düzülüş saxlanılır.
Birdən düşündüm ki, nəzəri baxımdan ALLAH bir anlıq yox olsa (Əstəğfurullah), bu düzülüş forması o an pozular, ağaclar, eləcə də heç bir canlı qalmaz. Maqnitin cəzbetmə, itələmə qüvvəsi, yerin cazibəsi də itər. Deməli, hər şey o anda yox olar.
Diqqətimi yolun qırağında, tut ağacının altında oturmuş, arxası mənə tərəf olan bir kişi cəlb etdi. Nəsə eşələnirdi. Aha, torbadan "çubuş" (kiçik araq şüşəsi) çıxardı...
Ona, bəlkə, turşu verim? – dərhal ağlımdan keçdi.
Ancaq camaatın içində əlimi necə salım turşu çıxarım, ona nə deyim verim? Ərincəklik, utancaqlıq və etinasızlıq yan-yana düzüldü.
Aptekə tərəf çöndüm, qızdırmasalan dərman almalıydım. Qızdırma... Bu nədirsə yüz faiz düzülüşün cüzi də olsa pozulmasıdır. Başqa cür necə ola bilər ki?
İnsanda canlı olmağı, deyək ki, ruhla əlaqələndirək, bəs heyvanlar, bitkilər? Deyək ki, canlı olan hər şeyin ruhu var, bəs su niyə mövcuddur? Axı o da iki – yanan və yanmaya kömək edən qazdan yaranır, özü yanğını, suzluğu söndürəndir... İnsan ölür, beş dəqq əvvəl isə sağ idi. Bu beş dəqqədə nə dəyişdi? Hər şey həmənki deyil? İlk baxışda hər şey yerindədir.
Aptekçiyə baxıram, o, keçəldi. Düşündüm ki, bu qədər dərman istehlaçısı, onu satan var, çoxu da keçəl, bə niyə başlarına dərman düzəltmirlər? Keçəllik də düzülüş pozuntusudur... Demək, satdıqları pul tələsidi..
Üç-dörd cür dərman təklif etdi, ən ucuzunu seçdim, onsuz da faydası yoxdu, düzülüşü pozulmuş orqanizmi özü düzəltməsə, heç nə kar etməz ki... O ki qala yaranandan düzülüşü pozulmuş dərmanlar ola…
Ölü ilə diri insanın fərqi orqanizmin ən kiçik elementllərinin düzülüş fərqidi... İnsanın düzəltdiyi şeylərdə də belədir. Təsəvvür edin, bahalı bir aftomobil düzəldirsən, hər şey var, mühərrik yoxdur, lap mühərrik də var, kiçik bir detalı yoxdur, yaxud elektrik sistemində bir məftil qırılıb, aftomobil işləməyəcək. Demək, mövcudluq bütöv sistemin ideal düzülüşündən asılıdır.
Hadisələr də belədir. Müharibədə məğlubiyyət və zəfər də bütün detalların ideal düzülüşündən asılıdır. Vaterolloda yağış imkan vermədi ki, Napoleon toplarını vaxtında istədiyi kimi düzsün, o, bütün müharibələri əsgər və toplarını ideal düzə bilmək istedadıyla uda bilmişdir. Bu dəfə yağış imkan vermədi, məğlub oldu. Belə çıxır ki, İlham Əliyev öz ordusunu zəfər çalmaq üçün ideal düzmüşdür. Elə siyasətini də.
Qarşı tərəfdə isə hər şey vardı – yüksəkliklər, çoxqatlı keçilməz sədlər, dəqiq artilleriya sistemləri və s. Hər cür üstünlük. Ancaq nəsə çatmırdı, ya ürək vurmurdu, ya beyin işləmirdi, ölü idi...
Həmən kişinin yanına yenidən çatdım, ona turşu verməmək düz olmazdı. Yaxşılıq etmək, onun zövq almağına səbəbkar olmaq hissləri yanaşı düzüldü. Bəlkə, elə bütün hərəkətlərimizin səbəbi müxtəlif motivlərin yanaşı düzülməsindən yaranır. Ağıl və hisslərin cərgəsində düzülür. ALLAH rəhmət eyləsin ədəbiyyat müəlliməmiz Solmaz xanıma, sinifdə səs-küy çoxalanda kübarcasına, qəribə zərif və ötkəm səslə:
– Xahiş edirəm, hisslərinizi cilovlayın, – deyərdi.
Yaxınlaşdım həmən kişiyə.
– Salam
...
– Turşu verim sizə, istəyirsiz?
– Hə, istəyirəm.
– Bir qab gətir verim, – deyib əlimi digər əlimdəki çoxlu sellofan torbalardan birinin içinə saldım.
Bir ovuc turşu qoydum.
– Nə bildin içirəm?
– Bilmədim içirsiz, amma içməli havadı, turşu da olsa, ləzzətli olar.
– Çox düz deyirsən, sağ ol, deyib kefi kök tez tutun dibindəki "evinə" getdi.
Onun kefi düzəlmişdi, turşudan çox, içməli hava olmasını vurğulamağım xoşuna gəlmişdi. İndi rahat içəcəkdi. Axı hamı ona içdiyinə görə başqa cür baxırdı. Necə başqa cür? Normal münasibətin pozulmuş düzülüşündə...
Bəs onda necə olur ki, bütün qaydalara riayət edilərək xüsusi düzülüşlə qoyulmuş satlıq turşular anamın xaotik qaydada qoyduğu turşudan dadsız olur? Demək, hər nizamlı baxış da ən düz olmaya bilər...
Evə çatırdım. Həmişəki kimi bu gün də faydalı işim nə oldu? – Sualına cavab verirdim: o kişiyə turşu vermək.
Adətim üzrə, çox vaxt olduğu kimi, səhər, günorta heç nə yeməmişdim, odur ki, yeməyə bərk girişmişdim. Həm də qulaq asırdım, danışırdılar, daha doğrusu, düzürdülər: Hazırlıq pulu, evə alınası ərzaq, telefon köhnədi, işləmir, ta nələr, nələr, problemlər...
Birinci sinfə gedən qızım yaxınlaşır, dəftəri uzadır:
– Ata, bax, ulduzlayımın sayı 12 olub...
Bütün problemlər yaddan çıxır elə bil. Demə, ailə də problemlərin, fərəhlərin, sevinclərin, sevgilərin qəribə düzülüş formasıymış.
Deyəsən, doyuram, daha turşu ləzzət eləmir, qocalığın sonlarında yaşamaq kimi... Bəlkə, elə həyat özü qəribə hadisələrin, ömürlərin, düşüncələrin, hisslərin özünəməxsus düzülüşüdür? Bu cür gözəldir, belə dadlıdır?
Eləcə də bütün mövcudluqlar xüsusi düzülüşün nəticəsi, görünənidir.
Nizamlı, həm də nizamsız...
Əslində, xaotikliyin, nizamsızlığın özündə də bir nizam vardır, yoxsa Laləzərin turşuları belə dadlı olmazdı...
“Ədəbiyyat və incəsənət”
(06.06.2024)
“ADINI ÇƏKİRƏM” - İntiqam Yaşarın yeni kitabının təqdimatı olacaq
Könül, “Ədəbiyyat və incəsənət”
İyunun 8-i saat 15:00-da Beynəlxalq Muğam Mərkəzində Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı, şair-publisist İntiqam Yaşarın yeni çap olunmuş "Adını çəkirəm" şeirlər kitabının təqdimatı keçiriləcək. Tədbirə giriş sərbəstdir.
Xəbəri qeyd edən kimi ona keçim ki, kitabı çox sevəcəksiniz. Üstündəki kəpənək rəsmləri çox gözəldir, içindəki kəpənək kimi zərif şeirlər də çox gözəldir.
Qeyd edim ki, İntiqam Yaşarın bu vaxta qədər "İlk görüş" (Bakı,2012), "...və susarsan"(Bakı,2016), "Evdə yoxam"(Bakı, 2018), "Bütün xatirələr sənə qalacaq"(Təbriz, 2020) kimi 4 şeir kitabı çap olunub.
İndisə yeni kitabdan iki gözəl nümunə ilə oxucularımı baş-başa buraxıram.
*
Müqəddəs şəhərlərdə yaşayan insanların
dərdini düşünürəm,
Onların da, görəsən, soyuq divarlardakı
nəfəsləri ölürmü?!
Tanrı o şəhərlərə bizdən daha yaxındı,
Görəsən, çağıranda köməyə tez gəlirmi?
Susurmu qaranlıqlar ağ kabuslar içində,
Yuxular qarışırmı bulanıq sular kimi?
Düyünlənmiş qaşları, alınlarda kim açır,
Tanrı çoxmu yorulur, bunca iş-güc içində,
Görəsən, bircə dəfə, barı üzü gülürmü?
Küləklərə baş qoşub getmək havası varmı,
Oralar tərk edilib, getməyə yarayırmı?
Yoxsa, o şəhərlər də qəbir ağuşu kimi,
Udur bir ayağını qaçaq qoyan kəsləri.
O şəhərlər necədi, Tanrı çox gözəl bilir,
Bu şəhərlər necədi, ora qədər bilirmi?!
*
Üzümə minlərlə ümid tuşlanıb,
Edam divarıdır güzgülər indi.
Matəm havasına yallı gedirik,
Kim sevinə bilər, kim gülər indi?
Bir güllə sıxmışam sol ovcumdadı,
Bir güllə sıxmışam gecə köksünə.
Yer üzündə yerlər müvəqqətidir,
Məni də göndərib Tanrı sürgünə.
Məndə bəndəlikdən əsər qalmayıb,
Gözüm buludlarla savaş halında.
Nə ki mən, yer üzü xəcalət çəkir,
Bir körpə uşağın hər sualında.
“Ədəbiyyat və incəsənət”
(06.06.2024)
Günün fotosu: Co Bayden Fransadadır
Günün fotosu: Co Bayden Fransadadır
Rubrikanı Kənan Məmmədli təqdim edir
ABŞ prezidenti Co Bayden Fransaya səfər edib ki, anti-Hitler koalisiyasındakı müttəfiqlərin Normandiyaya qoşun çıxarmasının 80 illik yubiley şənliklərində iştirak etsin.
Biz sovetin davalı filmləri ilə böyüyən uşaqlarıq və gözəl bilirik ki, müttəfiqlər ABŞ, Britaniya, Fransa və SSRİ (Rusiya) olub, Hitler Almaniyasını əsas çökdürən də elə sovetlər olub.
Baydenə onlarla ölkənin liderləri qoşulacaq. Rusiya isə tədbirlərə dəvət olunmayıb. Ukraynaya qarşı təcavüzkar müharibə aparan bir ölkə indi hamının gözündən düşüb.
Tarixdən bizə bəllidir ki, 1944-cü ilin altıncı - iyun ayında "D-D" adlanan Normandiya sahillərinə 156 min əsgər endi. Tarixin ən böyük eniş əməliyyatı müharibənin dönüş nöqtələrindən biri oldu və Avropada qərb cəbhəsinin açılışını qeyd etdi.
Ruslar faşizmdən dünyanı xilas edirdi, çərxi-fələk necə dövran etdisə indi dünya Ukraynanı rus faşizmindən xilas etmək istəyir.
Ey dadi-bidad.
Bu arada günün fotosu AP agentliyinindir.
“Ədəbiyyat və incəsənət”
(06.06.2024)
Gülgəz, Gülbəniz və digərləri
Sərtyel, “Ədəbiyyat və incəsənət”
1.
Aşpaz gənc həvəskara öyrədir:
-Qazanın üçdə ikisinə su doldurun, üçdə birinə süd, üçdə birinə isə…
Həvəskar deyir:
-Bu artıq üçdə dörd oldu axı.
Aşpaz təhərini pozmur:
-Sən onda yekə qazan götür.
2.
-Əhməd, sinoptiklər sabaha yağış vəd edirlər.
-Gülgəz, ondansa pul vəd edəydilər.
3.
Depressiya vaxtı insanları suisid, diktatorları genosid fikri cəlb edir.
4.
Qonşu səhər ertə uşağının üstünə nətəri bağırdısa Bəhram da yatğını yığışdırdı və isti geyindi.
5.
Gülbəniz 30 il xoşbəxt ailə həyatı sürdü. Bu müddətdə 6 ər dəyişdi.
6.
Xəstə sayının azalması üçün ölüm hallarının artması vasitəçi ola bilər.
“Ədəbiyyat və incəsənət”
(06.06.2024)
POETİK QİRAƏTdə Musa Ələkbərlinin “İncəyurd” şeiri
Poetik Qiraətdə bu gün təkrarən sevilən şairimiz, ustad şairimiz Musa Ələkbərlidir. Şair bu dəfə “İncəyurd“ deyir. Şair Rafail İncəyurdun 70 illik yubileyinə bir sığal çəkir.
Xoş mütaliələr!
İNCƏYURD
(Dostum Rafail Inceyurd Ismayilov İncəyurdun 70 yaşına...)
Sən bahara kökləmisən özünü
Saya salma qışı, qarı, İncəyurd!
Könüllərə çiləyirsən sözünü,
İncə-incə, narın-narın, İncəyurd!
Söz söz olsa, qafiyəsi tapılır,
Kündə təndir közərəndə yapılır,
Daş külçəli qayalardan çapılır
Zər mayalı misraların, İncəyurd!
Yaş 70-dir, sən babasan, sən ata,
Arzulusan neçə toya, büsata.
Elə vurul, elə bağlan həyata
Dil-dil ötsün könül tarın, İncəyurd!
Küyə gedib, yerli-yersiz dinməyək,
Şax dayanaq, zirvəmizdən enməyək,
Nə şairik, yağmuruna dönməyək,
Doluxsunan ruzigarın, İncəyurd!
Dostun Musa günü-ayı ov sanır,
Əsil ovçu ovdan çətin ovsanır,
Ətəkləsin qoy səksəni, doxsanı,
Tükənməyən arzuların, İncəyurd.
Ədəbiyyat və incəsənət”
(06.06.2024)
Öyrənməli çox şey var - Türkiyə Yayınçılar Birliyinin 11-ci Qurultayı açıldı
Türkiyə Yayınçılar Birliyinin 11-ci Qurultayının ötən gün açılış mərasimi oldu. “Ədəbiyyat və incəsənət” portalının əməkdaşı qurultayda iştirak edən həmyerlimiz, ANAİB sədri Şəmil Sadiqdən təəssüratlarını aldı. Tanış olun.
Türkiyə Yayınçılar Birliyinin 11-ci Qurultayının açılışında iştirak etdim. Başqan Kənan Qocatürkün apardığı paneldə Türkiyə Mədəniyyət Nazirliyinin və Təhsil Nazirliyinin yetkili şəxsləri hesabat verdi. Bu illərdə nə ediblər, nələr etməlidirlər. Düzdür, türkiyəli yayınçılar da öz durumlarından o qədər razı deyil, amma bizə baxanda adamın onlara böyük paxıllığı tutur. Çünki kitabla bağlı vizionları böyükdür, amalları genişdir. Çünki kitab mədəniyyət nazirliklərinin prioritetlərindəndir və türk ədəbiyyatının tanıtımı, kitabxanaların inkişafı üçün ciddi addımları var və bunlar stimulvericidir. Sovet kitabçılığından çox-çox zəif olsa da, son illər bu sahədə ciddi şəkildə həm dövlət, həm də özəl sektor önəmli girişimlər edir, türk ədəbiyyatını dünyaya tanıdır.
Nazirlik nümayəndəsi dedi ki:
1. Bu il 1018000 minlik kitab alıblar kitabxanalara.
2. Kitab alışı kitabxanalardan gələn tələb əsasında formalaşır.
3. İl ərzində 89 ölkədən 3867 müraciət olub, onlardan 368 kitaba xaricdə çap edilməsi üçün maliyyə dəstəyi ayrılıb.
4. İlk kitab dəstəyi layihəsi ilə 489 kitab çap edilib və bu dəstəyin verilməsi üçün nəşriyyatlar müraciət edir!
5. Ən maraqlısı odur ki, nəşriyyatlardan elektron kitab alışı da var və nazirlik buna təşviq edir. Amma naşirlərin ürəyincə deyil bu proses.
6. Türk naşirləri üçün beynəlxalq kitab sərgilərində yer alınır, gediş-gəlişlər təşkil edilir.
Bütün bu və bu kimi təklifləri isə biz üç dəfə (nazirlər dəyişdikcə) təqdim etmişik. Amma və lakin kitabın müzakirəsi də “Anamın kitabı”ındakı Acların durumu kimi hələ də gözləmədədir, hər hansı bir hərəkət görmürük! Biz isə özəl sektor olaraq Azərbaycan kitabçılığı üçün əlimizdən gələni edirik, amma əlimizdən tutan yoxdur.
30 nəşriyyat əl-ələ vermiş, 4 günlük məhz uşaqlara özəl festival keçiririk!
Gəlin, nələrə qadiri olduğumuzu görün, 100 minlərə başa gələn sərgiyə belə rəqibdir artıq bizim festivak! Halbuki biz bunu 15-20 min manata edə bilirik!
“Ədəbiyyat və incəsənət”
(06.06.2024)
Mükafatlandırma mərasimi iyunun 10-da olacaq
İyun ayının 10- da saat 14:00-da "Natəvan" klubunda "Ulduz" aylıq ədəbiyyat dərgisi və AYB Ədəbiyyat Fondunun unudulmaz Xalq şairi Vaqif Səmədoğlunun 85 illik yubileyinə həsr edilmiş, 35 yaşa qədər qələm adamları arasında keçirdiyi poeziya müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçiriləcək.
“Ədəbiyyat və incəsənət” portalının müsabiqənin Təşkilat Komitəsindən aldığı məlumata görə, tənqidçi Seyfəddin Hüseynli, filoloq Günay Səma Şirvan, şair Taleh Mansur, yazıçı Varisin üzvü olduğu münsiflər heyətinə AYB katibi, şair Səlim Babullaoğlu rəhbərlik etmişdir.
Qaliblər pul mükafatı və diplomla qiymətləndiriləcəklər.
Təşkilat komitəsi müsabiqə iştirakçılarını, ədəbiyyatsevərləri, bütün Vaqif Səmədoğlu poeziyasının vurğunlarını mərasimə dəvət edir.
Xatırladırıq ki, müsabiqənin qalibləri onlarla müəllif arasından münsiflərin rəyi ilə aşağıdakı şairlər seçilmişlər: Cavid Qasımov (1-ci yer), Rəşad Nağı Mustafa və Allahşükür Ağa (2-ci yer), Eminquey,
Seyidəli Sübhi və El Roman (3-cü yer).
Müsabiqənin təşkikati dəstəkçisi: "Kəpəz hospital"; İnformasiya dəstəkçisi: "Ədəbiyyat və İncəsənət" portalıdır.
“Ədəbiyyat və incəsənət”
(06.06.2024)
“Mirvarid Dilbazi Poeziya Məclisi ” İctimai Birliyi layihəsinin icrasına başladı
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə vəsaiti ilə “ Mirvarid Dilbazi Poeziya Məclisi ” İctimai Birliyi 2024-cü il kiçik qrant müsabiqəsi çərçivəsində həyata keçirəcəyi “ AZƏRBAYCAN KƏLAĞAYILARININ TƏBLİĞİ” layihəsinə start verildi.
“Ədəbiyyat və incəsənət” portalına İB-dən verilən məlumata görə, 3 ay (01.06.2024 – 01.09.2024) müddətinə icra olunacaq layihə çərçivəsində Bakıda və bölgələrimizdə milli mənəvi dəyərlərimizə, kəlağayımıza həsr olunmuş konsert proqramları keçiriləcək.
“Ədəbiyyat və incəsənət”
(05.06.2024)