Super User
Rəsm qalereyası, Soltan Soltanlı, “Şar ilə əylənən kişi”
“Tək istəyim kitabımı rəfimə qoymaq idi” - FİKRİYE DOĞANLA MÜSAHİBƏ
Habil Yaşar, “Ədəbiyyat və incəsənət”
Qardaş Türkiyənin daha bir dəyərli yazıçısı ilə müsahibəni sizlərə təqdim edirəm. Qonağımız Fikriye Doğan xanımdır.
-Salam Fikriye Doğan xanım! Necəsiniz? Zəhmət olmasa azərbaycanlı oxuculara öncə özünüz haqqında məlumat verərdiniz.
-Salam, mən 1975-ci ildə Türkiyənin Sivas şəhərində anadan olmuşam. Bir oğlum var. Tərcümeyi-hal ilə bağlı universitet və ya fakültə təhsili almamışam, amma deyə bilərəm ki, həyat məktəbini çox yaxşı oxumuşam. Hazırda Ruhani məsləhətlə məşğulam. Deməli, məni həyat koçu da adlandırmaq olar və yazıram.
-Ədəbiyyata marağınız necə yarandı?
-Yazmaq istəyim kortəbii olaraq yarandı. Əslində ədəbiyyat üzrə təhsilim yoxdur, amma işimlə əlaqədar insanların həyatını yaxından izləmək imkanım çox olurdu. Zarafatla, müxtəlif hekayələrlə maraqlanırdım və bəlkə bir gün onları da yazacam dedim. Amma bir gün bu istəyimi təxirə salmamaq qərarına gəldim, qələmi əlimə aldım və dostumun hekayəsini yazmağa başladım. Bununla bağlı tək istəyim kitabımı rəfimə qoymaq idi. Bu mövzuda heç bir təhsilim olmadığı üçün ilk romanımı “Aşk Tuzak Ve Güzel Kadın” yazdım. Kitabı oxuyanların çox bəyənməsinə təəccübləndim və çox sevindim. Beləliklə, yazmağa cəsarət tapdım.
-Əsərləriniz haqqında məlumat verə bilərsinizmi?
-İlk əsərim “Aşk Tuzak Ve Güzel Kadın”.
2. “Ruhunu sevdim”.
3. “Gözlerinin Ötesinde”.
4. “Kadınların Yüzü” adlı kitapda qısa hekayəm var.
5. “Kehanet”. Martha mahira adında təxəllüsdən istifadə etdim ( Gələcəklə bağlı sual-cavab üslubu ilə bir növ məsləhət və əyləncə kitabı).
6. “O Beni Hiç Sevmedi” adlı romanım bu yaxınlarda işıq üzü görüb.
-Yazı rutininiz varmı?
-Mən ümumiyyətlə gecə yazmağa üstünlük verirəm. Gündəlik iş bitdiyindən və narahat olmayacağımı bildiyim üçün diqqətimi asanlıqla hekayəyə yönəldə bilirəm. Hekayələrimdə diqqətimi çəkən ən vacib şey onların cəlbedici olması və oxucunu bir çox məsələlərdən xəbərdar etməsidir.
-Dünya ədəbiyyatında ən çox bəyəndiyiniz yazar kimdir və hansı yazarla görüşmək və ona hansı sualı vermək istərdiniz?
-Tolstoy və Dostoyevski ən çox bəyəndiyim yazıçılardır. Onlardan hər hansı biri ilə tanış olmaq istərdim. Sual verməkdənsə, çay içib ümumi söhbət etmək istərdim.
-Azərbaycan ədəbiyyatını izləyirsinizmi?
-Mən heç vaxt Azərbaycan ədəbiyyatını oxumamışam, amma mahnılarını dinləyirəm. Azərbaycanlıları çox sevirəm, simpatik, gülərüz, səmimi insanlardır, söhbətləri də çox xoşdur.
-Gələcək planlarınız haqqında bilmək istərdik, əgər mümkünsə.
-Təbii ki, hər kəsin öz planı, proqramı var. Gələcək haqqında çox düşünmürəm, həyat hər an dəyişə bilər. Buna görə də həyatı öz axışına üstünlük verirəm.
– Bir yazar olaraq digər yazarlara məsləhətləriniz nədir?
-Başqa yazıçı dostlara heç bir təklifim yoxdur. Hər kəs nə edəcəyini onsuz da bilir.
-Oxuyucularınıza nə demək istərdiniz?
-Oxucu yoldaşlarıma demək istədiyim odur ki, kitabın yaranma prosesi göründüyü qədər asan deyil, deyə bilərəm ki, hər bir detal özlüyündə bir çətinlikdir. Onların oxuduqları bir neçə səhifə bir neçə dəqiqə çəkə bilər, amma yazıçı bu bir neçə səhifəni yaratmaq üçün bir neçə gün və gecə sərf etdiyini bilməklərini istəyirəm. Xüsusi olaraq, bütün Azərbaycan xalqına salamlarımı çatdırır və sevgilər arzulayıram. Təşəkkürlər.
“Ədəbiyyat və incəsənət”
(29.02.2024)
Müəllim necə olmalıdır?
Gülnaz Talıbova, “Ədəbiyyat və incəsənət”
Müəllim necə olmalıdır?
Müəllim, əvvəla, peşəsini sevməli, öz üzərində işləməli, öyrətməyi öyrədəcəyinə hazır olduqdan sonra təlim prosesinə başlamalıdır. Müəllimin aurası, enerjisi önəmlidir, çünki sinfə daxil olduqda onun simasından ilk təəssürat yaranır. Həmçinin sönük dərsi dinləmək sıxıcıdır. Gülərüz, səmimi müəllimin dərsi daha əlverişlidir. Digər bir məsələ müəllimin nitqidir. Bəlağətli nitqi dinləmək hər kəs üçün daha xoşdur. Şagirdlərlə tanışlıq mərhələsinə, adətən, səthi yanaşılır, məncə, müəllim ilk dərs fürsətdən istifadə edərək onların müəyyən qədər temperament və xarakteristikalarına bələd olmalı, nə cür dərsi sevdiklərini öyrənməli və bu kimi məlumatları əldə etməlidir.
Hər dərs üçün öncədən hazırlaşmaq, çətin məqamları yadda saxlamaqçün yollar axtarmaq lazımdır. Şagird anlamadıqda şagirdi danlamaqdansa, başqa üsullar fikirləşməlidir. Hər şagirdin qavrama səviyyəsi fərqli olduğuna görə onları müqayisə etmək zəif adlandırılan şagirdi, əksinə, geri salmaqdan başqa işə yaramaz.
Xüsusi bacarıqları kəşf etmək üçün şərait yaradılmalıdır. Tutaq ki, mövzu Ə. Cavad haqqındadır. Əlavə olaraq rəsm qabiliyyəti olana şairin şəklini çəkmək, musiqiyə həvəsi olana şairin sözlərinə yazılmış hər hansı musiqini ifa etmək və s.tapşırıqlar həm dərsi rəngarəng edər, həm də mövzu hafizəyə yaxşı həkk olar.
Yeri gəldikdə gündəlik həyatla dərsi əlaqələndirmək, tez-tez şagirdlərin adını çəkmək diqqəti cəlb edər.
Yalnız kitabda olan biliklərlə kifayətlənmək mənə görə doğru olmaz, müəllim araşdırıcı olmalıdır və maraq oyadacaq məlumatları da çatdırmalı, dünyagörüşlərini inkişaf etdirməlidir.
Yaradıcı müəllim fəaliyyətində daha çox uğur qazanacaqdır. Hər gün təkrarlanan monotonluq yorucudur. Yeniliklərlə gələn müəllimi şagirdlər səbirsizliklə gözləyəcək və öyrənmə həvəsləri artacaq.
Əlamətdar günlərə uyğun qurulmuş dərs də yaddaqalan olacaqdır. Məsələn, Novruz bayramına uyğun olaraq ymurtalarla döyüşən şagirdlərdən qalib gələn digərinə mövzuya aid suallar ünvanlayır. Əylənərək öyrənməyi kim istəməz ki?!
Vətənpərvərliyi aşılamaq da dərsin bölünməz parçasına çevrilməlidir deyərdim.
Müəllimin necə olması barədə çox danışmaq olar. Ümumilikdə müəllim qarşısındakı vəzifənin fərqində olmalı və bununçün çox çalışmalı, həmçinin nümunəgötürüləsi bir şəxsiyyət olduğunu unutmamalıdır.
“Ədəbiyyat və incəsənət”
(29.02.2024)
Hikmət Mirzəyev: “Əməliyyatın ilk günündə mən əmin idim ki, biz Şuşanı alacağıq”
BU GÜN GENERAL-LEYTENANTIN DOĞUM GÜNÜDÜR
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Dünyada generalların sayı çoxdur, amma haqqında əfsanələr dolaşan generalların sayı az. Həmin əfsanələr nəsildən-nəslə ötürülərək əsrlər boyu yaşayır və cəmiyyətdə rəğbətlə qarşılanır. Bu gün sizə əfsanəvi generallardan biri haqqında söhbət açmaq istəyirəm...
Deyirlər ki, generallar iki cür olurlar- səhra və qərərgah generalları. Əgər səhra generalları cəbhədə döyüşə rəhbərlik edirlərsə, qərərgah generalları isə isti otaqlarda oturub döyüş taktikasını planlaşdırırlar. Aralarındakı fərqi özünüz müəyyənləşdirin. Bu günkü söhbətimin qəhrəmanı məhz səhra generallarındandır. Böyük bir qoşuna rəhbərlik edir...
Deyir ki;- “Bəli, Vətən müharibəsinin qəhrəmanı birmənalı olaraq Azərbaycan əsgəridir. Bu müharibədə xüsusi təyinatlıların əfsanəvi rolu və sücaəti danılmazdır. Əməliyyatın ilk günündə mən əmin idim ki, biz Şuşanı alacağıq. Hətta bununla bağlı yüksək komandanlığa məruzə də etmişdim. Şəxsi heyətimiz bütün risklərə hazır idilər və ölümü göz önünə alaraq düşmənin bacarmadığı şeyləri həyata keçirdilər. Şuşaya girəndə özümü xoşbəxt hiss etdim. Vicdanımın nə qədər rahatlıq tapdığını anladım...”
Ciddi görkəmi var. Çöhrəsindəki cizgilər, iti baxışları onun cəsur və döyüşkən olduğundan xəbər verir. Məğlubiyyəti xoşlamır, döyüşdə amansız və qəddardır. Xarakteri çox sərtdir. Təmkinli və soyuqqanlıdır. Hər bir addımını ölçüb-biçəndən sonra atır. Onu təəccübləndirmək çətindir, necə deyərlər, həyatın bütün sürprizlərinə hazırdır...
O, 1968-ci ildə Biləsuvar rayonunda dünyaya gəlib. 1989-cu ildə Bakı Ali Ümumqoşun Komandirlər Məktəbini bitirdikdən sonra sovet ordusunda tağım komandiri vəzifəsində xidmətə başlayıb. 1992–1998-ci illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrində bölük, tabor, əlahiddə xüsusi təyinatlı tabor və briqada komandiri vəzifələrində xidmət edib. 1997–1998-ci illərdə Türkiyə Respublikasının Quru Qoşunları Hərbi Akademiyasında təhsil alıb. 1999-cu ildən Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edib. 2014-cü ildən isə Xüsusi Təyinatlı Qüvvələrin komandanı vəzifəsinə təyin olunub. Hazırda Azərbaycan Respublikası müdafiə nazirinin müavini- Quru Qoşunlarının komandanı vəzifəsində xidmət edir...
İti zəkası, sürətli düşünmə qabiliyyəti var. Fəhmi çox güclüdür, hadisəni əvvəlcədən hiss etməyi bacarır. Hücum və müdafiə üsullarını gözəl bilir. Yetərincə savadlı və biliklidir, hərbi fəndləri, taktikanı dərindən mənimsəyib. İstənilən relyefdə mümkünsüz olan döyüş əməliyyatlarını uğurla aparır. Xüsusi əlbəyaxa döyüş bacarığı yüksək səviyyədədir. Soyuq və odlu silahlardan inanılmaz şəkildə istifadə etmək məharətinə malikdir...
Birinci Qarabağ müharibəsində xüsusi təyinatlı taborda vuruşub. Sovet ordusu dağlandan sonra, kapitan rütbəsində milli ordumuzun sıralarına qatılıb. Rütbə pillələrini qalxa-qalxa bu gün general-leytinant rütbəsinədək yüksələ bilib. Sinəsini xeyli orden və medallar bəzəyir. “Vətən Müharibəsi Qəhrəmanı”dır...
Rəvayətə görə, bir qoca kişi arabası ilə yolla gedirmiş. Haradansa tək qayıdan Koroğlu əl edib arabanı saxlatdırır. O zaman arabaçının yanında bir həmkəndlisi də olur. Yolda həmin adam dönüb Koroğludan soruşur ki,- “A bala, Koroğlu haqqında nə bilirsən?” Koroğlu da, heç nə bilmədiyini bildirir. Adam yenidən dillənir: “Deyirlər, Koroğlu hər dəfə yemək yeyəndə bir qoçu tək yeyir.” Arabaçı isə: “Nə danışırsan a kişi, qoç nədir, öküz yeyir.”- söyləyir...
Doğrudur, haqqında söhbət açdığım general-leytinantın da barəsində buna bənzər rəvayətlər dolaşır, amma o, çox sadə, təvazökar, insanpərvər adamdır. Qəlbi ipək kimi yumşaqdır, hamı kimi sevinir, hamı kimi də kövrələ bilir.
Onu bu rütbəyə çatdıran peşəsinə, işinə bağlılığı, QƏHRƏMAN edən isə vətəninə, dövlətinə, xalqına olan məhəbbətidir...
Bəli, bu dəfəki söhbətimin qəhrəmanı general-leytenant Hikmət Mirzəyevdir. Onu növbəti ad günü münasibətlə ürəkdən təbrik edir, möhkəm can sağlığı arzulayıram...
PAŞAM VAR OLSUN!
“Ədəbiyyat və incəsənət”
(29.02.2024)
EKSPRESS-SORĞU - Mənim üç arzum
Qoşqar İsmayılzadə, “Ədəbiyyat və incəsənət”
“Ədəbiyyat və incəsənət” in növbəti
ekspress sorğu sualı: Torunuza düşən qızıl balıq üç arzunuzu yerinə yetirəcək. Arzularınız hansılardır?
Mənim cavabım nisbətən fərqlidir, improvizasiya eləmişəm. Düşünürəm, bəyəniləcək.
Əsəblərin sakitliyi üçün dəniz kənarına gedirəm və balıq tutmaq üçün tilovumu da özümlə götürmüşəm.
Tilovu dənizə atdıqdan az sonra tilov hərəkətə gəlməyə, tərpənməyə başladı. Biraz keçmişdi, tilovu sudan çıxardım. Bu dəfə bəxtim gətirmiş və rastıma qızıl balıq çıxmışdı :
- Ey gözəl insan, üç arzunu yerinə yetirəcəyəm, əgər ki, məni yenidən dənizə qaytarsan - deyə, söylədi.
-Elə isə, yaxşı. O zaman birinci arzumdan başlayaq dedim. Birinci arzum belə idi:
-"Bütün insanlara bir həftəlik çılpaq həqiqət bəxş elə". Çünki bu istəyə onların çox ehtiyacı var. Biri-birlərinə yalan danışmaqdan artıq usanmalıdırlar. Dünyanı demək olar ki, yalan öz qolları ilə biri-birinə həsrət qalan sevgililər kimi qucaqlayıb. Elə et ki, yalan danışmaq istəsələr belə bunu bacarmasınlar. Bir həftə reallıqla yaşasınlar, görək necə olur. Aydınlaşdıraq ki, reallıqla birgə yaşamağı bacaracaqlarmı, doğrudan da insanlara həqiqət lazımdır, ya həqiqətin acılığından şirin yalanın ağuşuna sığınacaqlar yenə.
-Bəs ikinci arzu?
-İkinci arzum belədir ki, mənə daxili özümü, məni tapmağıma kömək et və bunu ağıl xəritəmə alqoritmik şəkildə yükləməyini istəyirəm. Eyni zamanda, mənim timsalımda bütün insanlara daxili mənini tapmağa kömək et, çünki insan hər nə qədər böyüsə belə yenə də qəlbində bir boşluq olur.
Nəhayət və son olaraq, üçüncü arzumsa belə idi :
- İnsanlara məntiqli düşünmə bacarığı ver. Bu onlarda olduqdan sonra addım atmamışdan öncə düşünməyi bacaracaqlar. Bir insan yetəri qədər məntiqli düşünmək bacarığına sahibdirsə, o insan üçün hər zaman istənilən vəziyyətdən çıxış yolu vardır. Əgər ki, belə olarsa oğurluq, cinayət kimi hallar yaranmayacaq. Ata, ana öz qızı üçün ər yox, təhsil düşünəcəklər. Yaşlandıqca qocalarımız uşaqlaşmaq, daxildən çirkinləşmək əvəzinə müdrikləşərək ətrafdakılara doğru yol göstərmək barəsində düşünəcəklər. Həkim, polis, işə götürən, işə düzələn öz işlərində məsuliyyəti düşünüb dərk edib, etdikləri əməlləri cani könüldən, təmənnasız edəcəklər. Beləliklə, insanlar zamanını boş işlərə deyil də, daha faydalı, daha səmərəli işlərə sərf edəcəklər. Ən nəhayət, qısa ömürlərini daha dəyərli yaşamağı düşünəcəklər.
Sonda qızıl balıq söylənilən arzulara "oldu" deyərək, bir andaca yerinə yetirdi. Mənsə söz verdiyim kimi onu yenidən gəldiyi yerə qaytardım...
“Ədəbiyyat və incəsənət”
(29.02.2024)
“İrəvan mətbəxindən nümunələr” layihəsində - mal ətindən qurut şorbası
Rubrikanı Könül aparır.
“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edirik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır.
Bu gün sizlərə Mal ətindən qurut şorbasının hazırlanma qaydasını təqdim edəcəyik.
DÜSTUR
§ Mal əti – 78 qr
§ Kərə yağı – 20 qr
§ Yumru düyü – 20 qr
§ Noxud ləpəsi – 20 qr
§ Soğan – 12 qr
§ Qurut – 100 qr
§ İspanaq – 11 qr
§ Keşniş – 11 qr
§ Duz – 6 qr
§ İstiot – 0,05 qr
Xörək əlavəsi:
§ nanə – 10 qr
QEYD: Soğanla birlikdə 2-3 diş əzilmiş sarımsaq da qızardıb vurmaq olar. Bu şorbanın başqa növü ayran və quzu əti ilə bişirilir.
HAZIRLANMASI:
Mal əti xırda kub formasında doğranır. Qazana yığılır, üzərinə su əlavə olunur və bişməyə qoyulur. Qaynadıqca kəfi alınır. Qurut əvvəlcədən əzilib suda həll olunur. Noxud ləpəsi əvvəlcədən yuyulub təmizlənir, isladılır. Yumru düyü yuyulur, baş soğan xırda-xırda doğranır. Göyərtilər təmizlənir, yuyulur, qurudulur, xırda doğ- ranır. Ət yarı bişəndə noxud ləpəsi əlavə olunur. Yağ və soğan qızardılır, xörəyə əlavə olunur. Sonra düyü, duz, istiot vurulur. Bişənə yaxın qurut və göyərtilər xörəyə qatılır. Bir müddət (təxminən 5-6 dəqiqə) qaynadılır. Ocaqdan götürülür və bir az yer dəmi alır. Nanə ilə süfrəyə verilir.
“Ədəbiyyat və incəsənət”
(29.02.2024)
Unudulmaz sevgi şeirləri: Məmməd Araz, “Nə bilim”
Rubrikanı aparır: Könül, “Ədəbiyyat və incəsənət”
Xalq şairi Məmməd Arazın ən gözəl, dillər əzbəri olan şeirlərindən biridir “Nə bilim”. Ona mahnı da bəstələnib.
Bu oyunda kim uduzdu, kim uddu,
Peşimanı kim olacaq, nə bilim?
Həyat bir oyundur, sevgi isə onun oyuncaqlarından biri. Bu oyunda çoxusu uduzur, yalnız az qism qalib gəlir.
Səndən mənə bir ömürlük xatirə,
Məndən sənə nə qalacaq, nə bilim?
Çətin bir də daş üstə daş bitirəm,
Niyə uçdu bu qalaçıq, nə bilim...
Damağımda bal sevdanın turş dadı
Uşaq ağlım inadıma qurşadı.
Nə hönkürdü bu naqafil gurşadı?
Kimə dedim, — dedi, — ancaq: «nə bilim!»
Günlər mənə gün yazmağı unutdu,
Gülüm, günün güllərimi qurutdu.
Bu oyunda kim uduzdu, kim uddu,
Peşimanı kim olacaq, nə bilim?
Mən Arazam, səsim tutqun Arazdı,
Ha çağırdım, ha yüyürdüm, ha yazdım.
İndi daha qaynar təbim ayazdı,
İsinərmi bir od-ocaq, nə bilim...
“Ədəbiyyat və incəsənət”
(29.02.2024)
Brüssel kələmi
Sərtyel, “Ədəbiyyat və incəsənət”
1.
Əgər səni kələmlikdən tapıblarsa, yoxla gör Brüssel kələmidirmi.
2.
Seçkilərə hazırlaşan rusların lətifəsi:
-Bu avropalılar çox eqoistdilər e, Kolya.
-Niyə, Vova?
-Elə ki, bir siyasətçi onların həyatlarını pisləşdirdi, ziyankarlıq edib növbəti dəfə onu seçmirlər.
-Hə. Biz genişqəlbliyik.
3.
Bir gerizəkalının ekizləri dünyaya gəlir. Hönkürüb ağlayır. Tibb bacısı yaxınlaşıb soruşur:
-Niyə ağlayırsan, qızım?
-Mən ərimə nə cavab verəcəm? Soruşmayacaq ki, ikinci uşaq kimdəndir?
4.
İndiyədək mənə atılan daşlardan bir qala tikə bilərdim…
5
Başqalarının albomlarından kişilər yaxşı düşdükləri, qadınlarsa pis düşdükləri şəkilləri oğurlayırlar.
6.
Qulaqcıq - ümumi diskotekada öz havanı oynaya bilməyin üçündür.
“Ədəbiyyat və incəsənət”
(29.02.2024)
Bir sual, bir cavab - Əkbər Qoşalı
Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”
SUAL:
Gəl quş qonan budağıq,
İlk iz düşən yolağıq;
Sabahlardan sorağıq,
Sən mənsən, mən sənəm, gəl”...
(Ə.Qoşalı)
Əkbər bəy, gəlin bir anlıq rəssam olun. Sevgini mücərrəd isim olsa da, konkret ismə çevirib hansı rənglə və nəyə bənzədərək çəkərdiniz?
- Bilmirəm, bir anlıq rəssam olmaq mümkündürmü... Rəhmətlik Mikayıl Müşfiq:
Rəssam, sevgilimin rəsmini gəl çək,
Sevgilim gözəldir, sən də gözəl çək.
Nazına çatanda fırçadan əl çək,
Qoy, onun nazını mən özüm çəkim, - deyərkən, rəssamlığı anlıq imkan kimi, yoxsa, insan taleyi olaraqmı götürüb, bilmirəm. Əgər fərz eləsək ki, istedadın, yaradıcılıq yetənəyinin mayası eynidir, bir qaynaqdan gəlir, o zaman, bir anlıq rəssamlıq damarımız tutarsa, onu bəlkə ağ-qara çəkərdim... Çün “Ayrılıq da sevdaya daxil... Çünki ayrılmağın da vəhşi bir dadı var” – Atilla İlhan belə yazırdı...
Ədəbiyyat və incəsənət”
(29.02.2024)
“Mahmud Kaşğarinin “Divanü lüğat-it-türk” əsəri” - Nadir MƏMMƏDLİ
AMEA Dilçilik İnstitutunun baş direktoru, filologiya elmləri doktoru, professor Nadir Məmmədli türk dünyasının bir incisi olan Mahmud Kaşğarinin "Divanü lüğat-it-türk" əsəri barədə dəyərli bir tədqiq işi ortaya qoyub.
Mahmud Kaşğarinin bu ensiklopediyasında türksoylu xalqların dil özəllikləri, ləhcələri, milli-mədəni varlıqları toplanıb, dövrünə uyğun qrammatika və yazı qaydaları müəyyənləşdirilib.
Nadir Məmmədlinin “Mahmud Kaşğarinin "Divanü lüğat-it-türk" əsəri” adlı tədqiqat işini diqqətinizə çatdırırıq.
VI
Kabardin-Balkar Vilayət Komitəsində Kumukov yoldaşa
Sizin 4.III.37-ci il tarixli məktubunuzu aldım və çox məmnuniyyətlə oxudum. Gec cavaba görə üzr istəyərək, Sizə aşağıdakıları məlum edirəm:
1) Mahmud Kaşğarinin əsərinin yeganə nüsxəsi İstanbulda tapılmış və orada haman nüsxənin sayı artırılmışdır.
2) Mən əsərin tərcüməsinə və işlənməsinə 1935-ci il, sentyabrın 1-də başlamış və 1936-cı ilin aprelində qurtarmışam.
3) Hazırda əsərin çapa hazırlanması işləri ilə məşğulam və ümid edirəm ki, bu ilin iyul ayının 1-nə Leninqradda kitabın redaktorları akademik Kraçkovskiyə və professor Malova göndərə biləcəyəm.
4) AzFAN-da kitabın yalnız bir nüsxəsi vardır. Ona görə əsəri göndərə bilmərəm.
Əsərin xüsusiyyəti və məzmunu ilə Sizi tanış etmək üçün özümün bu məsələyə aid məqaləmi göndərirəm.
5) Leninqrada gedərkən (iyulun 25-də) Nalçikdə məmnuniyyətlə dayana bilərəm və əgər Sizin arzunuz və marağınız olsa, əsərdə müəllifin kumık və Qaraçay-balkar dillərinə münasibəti haqqında Sizi ətraflı məlumatlandıra bilərəm.
Məktubu bitirərkən, bu işdə Sizə hərtərəfli kömək etməyə hazır olduğumu bildirirəm.
Qardaş kimi səmimi salamlarımı qəbul etmənizi xahiş edirəm.
Xocayev X.S.
1/VI-1937
Bakı, Qasım İsmayılov küçəsi, ev 12
Məktub 1937-ci ilin iyunun 1-də yazılıb, tərcümə işi bitib, əsər "iyul ayının 1-nə Leninqradda kitabın redaktorları akademik Kraçkovskiyə və professor Malova göndər"iləcək imiş, lakin Xalid Səid həmin tarixdən 4 gün sonra həbs olunur. Görünür, tərcüməni göndərməyə macal tapmamış, "Divan"ı akademik İ.Y.Kraçkovski yox, ölümündən sonra, qeyd etdiyimiz kimi, A.N.Kononov və S.Malov redaktə etmişlər.
Xalid Səidin "dostları" bilirdilər ki, 37-ci illərdə qara maşında aparılanlar bir daha geri qayıtmırlar. Ancaq əmin olmaq üçün onlar 3 il də gözləməli olurlar. "Divan" təkmilləşmə adı ilə çap olunmur, 1939-cu ildə redaktəyə verilir. Sonrakı illərdə 37-ci ilin xofu ilə əlyazmanın necə redaktə olunması yeni bir araşdırmanın mövzusudur.
Tanınmış türkoloq alim Ramiz Əskər yazır ki, 30-cu illərdə SSRİ Elmlər Akademiyasının filialı "Divanü lüğat-it-türk"ün tərcüməsini məşhur dilçi Xalid Səid Xocayevə tapşırmışdır. Bəsim Atalaydan gətirdiyi sitatla fikrini tamamlayır: "Xalid Səid Xocayevin əsas nöqsanı, sözləri klassik xaqaniyyə türkcəsi ilə deyil, müasir Türküstan şivəsinə uyğun şəkildə vermişdir" (Mahmud Kaşğari. "Divanü lüğat-it-türk" (tərcümə edəni və nəşrə hazırlayanı: Ramiz Əskər). Bakı, Ozan, 4 cilddə, I cild, s. 35.) Bu da təbiidir, Türkiyədə təhsil alıb, Bakıda çalışsa da, o, əslən Türküstanlı idi. Əlyazmanın 30-cu illərin ədəbi dili və latın qrafikası ilə makina yazısı "Türküstan şivəli" sözlərlə zəngin olmasa da, karluq-uyğur qrupu sözlər burada yer almışdır, redaktorlar Xalid Səidin tərcüməsinə müdaxilə edərək, dil materialını azərbaycancalaşdırmışlar. Deyilənlər üst qatdakı kiril qrafikası, əl ilə qeyd olunan redaktənin makinada yazılmış alt yazının müqayisəsində aşıq-aşkar görünür.
"Divan"ın latın qrafikalı yox, XX əsrin 40-60-cı illərin də artıq kiril əlifbalı mətnləri üzərində düzəlişlər aparılır, redaktə edilir, yalnız "tərcümənin təkmilləşdirilməsi"nə təşəbbüs edilir, lakin lüğət işıq üzü görmür və nəhayət, adı heç yerdə çəkilməyən Xalid Səid unudulur. Təsadüfi deyildir ki, A.N.Kononov da məruzəsində məlumat verir ki, hətta 60-cı illərdə Azərbaycan dilinə tərcümənin təkmilləşdirilməsi ilə əlaqədar iş davam etdirilib və məşhur Azərbaycan filoloqları A.Dəmirçizadə, Ə.Cəfər, C.Əfəndiyev tərəfindən həyata keçirilib. (Bax: AN.Kononov. İzuçenie "Divanu Luqat-it-turk" Maxmuda Kaşqarskoqo v Sovetskom Soöze. Tekst doklada, proçitannoqo na Törkoloqiçeskom scezde v Ankare (sentəbrğ, 1972 q.). 1972-ci ilin sentyabrında Ankarada keçirilən Türkologiya Qurultayındakı məruzənin mətnindən "Sov türk" j.,.....) Bu barədə Aşnin də məlumat verir. Bildirir ki, yeni tərcümə 1941-ci ildə başa çatdırılır. Əkrəm Cəfərin məlumatına görə, "bu kitabın çapı qeyri-münasib hesab edilir". 1946-47-ci ildə tərcümə yenidən çapa hazırlanır, lakin o vaxt yenə nəşr olunmur. Nəhayət, 1958-ci ildə tərcümənin çapı ilə əlaqədar yenə təklif irəli sürülür və Azərbaycan ədəbi dilinin orfoqrafik qaydaları, terminlərin yazılışı nəzərə alınaraq yeni tərkibdə redaksiya təsis olunur: A.Dəmirçizadə, Ə.Cəfər, C.Əfəndiyevə. Əlyazmanın fotosurəti də əlavə olunur. (F.D.Aşnin, V.M.Alpatov, D.M.Nasilov. Repressirovannaə törkoloqiə. Moskva, İzdatelğskaə firma "Vostoçnaə literatura" RAN, 2002, s.106.) Məsələn, hətta kiril əlifbası ilə əlyazmanın 60-cı illərə aid olan nüsxəsində C.Əfəndiyevin qara qrafit qələmlə ciddi qeydləri vardır. (Bu nüsxələr də AMEA Nəsimi adına Dilçilik İnstitutunun arxivində qorunub saxlanılır).
1937-ci ilin istintaq materiallarında Kaşğari "Divan"ı pantürkist konsepsiyalı kitab kimi şərlənmişdi və bu kitabla münasibəti olan hər kəsi milliyətcə erməni, Azərbaycan SSR Xalq Daxili İşlər komissarı Sumbatovun əmri ilə ya güllələyir, ya daşnin sürgün edirdilər. Elə bu səbəbdən də, aydındır ki, 1937-ci ildən 1956-cı ilə qədər heç kəs bu əsəri Elmlər Akademiyasının tədqiqat sferasına daxil edə bilməzdi. Kitab yalnız 1956-cı il bəraətindən sonra və 60-cı illlərdə yenidən dövriyyəyə qayıda bilərdi". (Azər Turan. Sirli seyfin səksən altı illik tilsimi qırıldı - Xalid Səid Xocayevin tərcümə etdiyi "Divanü lüğət-it-türk" nəşrə hazırlanır "Ədəbiyyat qəzeti". 15 aprel 2023) Şübhəsiz ki, "Divan"ın belə qaranlıq və dumanlı taleyi Xalid Səidin aqibəti ilə bağlıdır. Repressiya bitsə də, rus şovinizminin türklərə irticaçı ideologiyası qalmaqda, azadlığı "qram-qram" verməkdə idi. Ona görədir ki, hətta ötən əsrin 60-cı illərində "bu mötəbər abidənin nəşr olunmasına cəhd göstərilməyib". Unudulmuş Xalid Səidi və bu əsəri artıq heç kəs xatırlamır.
“Ədəbiyyat və incəsənət”
(29.02.2024)