Super User
Azərbaycan su çərşənbəsini qeyd etdi
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
Uzun illərin ayrılığından sonra Azərbaycan ilk dəfə Novruz çərşənbəsini bütöv halda keçirdi. Düşmən istilası altında olan sərhəd rayonları və Qarabağ azad edildi. İnşallah, növbəti dəfələrdə quzeyli güneyli Azərbaycanın tam birləşmiş halda bayram qeyd etməsini görək.
Yurdumuza bayramlarımızın şahı sayılan Novruz gəlir. Ta qədimdən Novruz təbiətin canlanmasının, torpağın oyanmasının, ruhun təzələnməsinin simvolu hesab olunub. 21 mart günündə gələn Novruz təzə ili, baharın ilk gününü qarşılamaq, gecə ilə gündüzün bərabərləşməsi deməkdir.
Xalqımız yeni gün olan Novruz ərəfəsində çərşənbələrə böyük önəm verir. Hətta sovetin qadağaları belə xalqımızın Novruz qabağı 4 çərşənbəni qeyd etməsinə mane ola bilməyib.
Rəvayətə görə, Tanrı ilk insanı - Adəmi yaradarkən torpağa su qatıb, burdan su çərşənbəsi yaranıb, palçıqdan insan düzəldib, sonra ona isti nəfəs verib, od çərşənbəsi yaranıb, baharda çiçəkləri, otları, ağacları oyadan yellərə əmr edib ki, onu canlandırsın. Yel çərşənbəsi yaranıb. Sonra da torpaqdan ilk bitki cücərtiləri çıxıb, bu da torpaq çərşənbəsi.
Dünən Novruzun ilk çərşənbəsi – Su çərşənbəsində ilk tonqallar qalandı, qapılara ilk papaqlar atıldı.
Su çərşənbəsi xalq arasında “Əzəl çərşənbə”, “gözəl çərşənbə”, “Gül çərşənbə” kimi də tanınır.
Kim deyir ki, Novruzun, çərşənbələrin mənşəyi farslarla bağlıdır, yanılır. Qədim türklər yaradılışın əsası olan 4 ünsürə tapınmış, onların hər birini bayram kimi qeyd edərək, 4 çərşənbə yaradıblar. Həmin çərşənbələrin birincisi isə Su çərşənbəsi adlanır. Yaradılışın əsası olan 4 ünsürdən (Su, Od, Yel, Torpaq) biri olan su qədim zamanlardan bu günə kimi insanlara həyat bəxş edir, yaşamın, təbiətin məhv olmasının qarşısını alır. Buna görə də su müqəddəs sayılır. Su həyat mənbəyidir. Susuz yaşam olmaz. İnsanlar gündəlik ehtiyaclarını, təmizliklərini, yeməklərini, məişətdəki hər bir işini su vasitəsilə edir. Gəlin köçən qızların, səfərə, ziyarətə gedənlərin arxasınca su atmaq, su ilə yola salmaq da xalqımızın ənənəsidir.
Ölkəmizdə Su çərşənbəsi “Kiçik çillə” bitəndən sonra, Boz ayın ilk həftəsinin çərşənbə axşamı günü qeyd edilir. Qədim el adətlərinə və inanclara görə, Su çərşənbəsində gün çıxmamış su üstündən atlanar, tonqal yandırarlar. Kənd yerlərində Su çərşənbəsi günü dan ağaranda insanlar yuxudan qalxıb axar su kənarına gedirlər. Su kənarında tonqal yandırıb, bir-birinin üzərinə su ataraq təbrik edirlər.
Su çərşənbəsi ilə bağlı su falları da var. Bunlar aşağıdakılardır:
Subay qızların su çərşənbəsi günü əyləncələrindən biri də “su falı”na baxmaqdır. Fala baxmaq üçün sudan istifadə olunduğuna görə bu fala “su falı” deyilir. Bunun üçün gecə subay qızlar bir evə yığışırlar. Bu mərasimi icra etmək üçün axar sudan, bulaqdan, yaxud çaydan əvvəlcədən “lal su” gətirilir. Su şər qarışandan sonra gətirilir və onu gətirən şəxs bir neçə adam tərəfindən müşayət oluna bilər. Falda istifadə olunan suya ona görə “lal su” deyirlər ki, bu suyu gətirməyə gedən şəxs su gətirəcəyi qabı əlinə götürəndən sonra suyu gətirib evdə su falına baxılacaq qaba tökənəcən danışmamalıdır. Yoxsa həmin su fal üçün yaramaz.
Üzüklə su falı üçün- yeri gəlmişkən bu, Abşeronda geniş yayılıb - bir fincan (stəkan), nişan üzüyü və bir saç teli lazımdır. “Lal su” fincanın yarısına kimi tökülür. Nişanlı qızlardan birinin qızıl üzüyünü falına baxılacaq subay qızlardan biri saçından ayırdığı telə keçirib, içi su ilə dolu qaba salır. Ürəyində niyyət tutub üzüyü fincana yaxınlaşdırır. Üzük fırlanmağa başlayır və fincanın divarlarına dəyir. Üzük hər dəfə fincanın kənarlarına dəydikcə, sayırlar. Say neçə olursa, niyyət tutan subay qız o yaşda da gəlin köçəcək deyirlər.
İynə ilə su falına iki iynə, bir kasa və biraz pambıqla baxılır. “Lal su” kasaya tökülür. Sonra iki iynənin arxa tərəfinə bir azca pambıq dolanır. İynənin birini falına baxılacaq subay qızın, digərini o qızın istəklisi olan oğlanın adına niyyət edirlər və iynələrin hərəsini bir tərəfdən kasadakı suya salırlar. Sonra həmin iynələrin hərəkəti ilə müəyyən mülahizələr söyləyirlər. Falın qaydalarına görə, iynələr müxtəlif tərəflərə hərəkət etsə də, axırda bir-birinə yaxınlaşıb bitişirsə, inanırlar ki, niyyət yerinə yetəcək, adları çəkilən oğlanla qız gələcəkdə qovuşacaq. Əgər iynələr o tərəf-bu tərəfə hərəkət edir və bir-birinə yaxınlaşmırsa, onda deyirlər ki, bu niyyət baş tutmayacaq. İynələr suyun dibinə çökürsə, deyirlər ki, su “lal su” deyilmiş, suyu gətirən adam suyun üstündə kiminləsə danışıb.
Bəzək əşyaları ilə su falı üçün üzük, sırğa, sancaq, qolbaq kimi əşyalar və bir böyük kasa lazımdır. “Lal su” kasaya tökülür. Falına baxılacaq hər bir subay qız özünün bir bəzək əşyasını (üzük, sırğa, sancaq, qolbaq) kasanın içinə atır. Kasanın üstü kəlayağı və ya bir parça ilə örtülür. Hamıdan böyük olan bir xanım vəsfi-hal (bayatı) söyləyərək bir-bir bəzək əşyalarından birini sudan çıxarır.
Bəli, biz su çərşənbəsini arxada qoyduq. Qarşıda bizi daha 3 çərşənbə gözləyir, martın 5-də Od çərşənbəsi, martın 12-də Yel çərşənbəsi, martın 19-da isə Novruzun ilaxır çərşənbəsi olan Torpaq çərşənbəsi qeyd ediləcək.
Bu il Azərbaycana yaz fəsli martın 20-də saat 07:06:21-də girəcək. Bu zaman gecə ilə gündüz bərabərləşəcək, Günəş ekliptika üzrə hərəkət edərək cənub yarım kürəsindən şimal yarım kürəsinə keçəcək və həmin andan şimal yarım kürəsində yaz fəsli başlayacaq. Yaz fəslinin uzunluğu 92 gün 17 saat 44 dəqiqə 35 saniyə olacaq.
“Ədəbiyyat və incəsənət”
(28.02.2024)
Milli Məclisinin Mədəniyyət Komitəsi şair Hüseyn Razi barədə paylaşım edib
Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət Komitəsinin sədri Fazil Mustafa komitə adından “Hüseyn Razini anırıq” adlı paylaşım etmişdir. Paylaşımın mətnini oxucularımıza təqdim edirik.
Bu gün Naxçıvan Muxtar Respublikasının (1981) və Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi (1984),
şair-dramaturq, jurnalist
Hüseyn Razinin anım günüdür (Hüseyn Məmməd oğlu Rzayev; 17.10.1924, Dəstə, Ordubad – 27.02.1998, Dəstə, Ordubad).
Azərbaycan Dövlət Universitetinin (indiki BDU-nun) Filologiya fakültəsinin tanınmış məzunlarından və II Dünya müharibəsinin iştirakçısı olmuş Hüseyn Razi Ordubadda səkkizillik məktəbdə müəllim, Dəstə kənd klubunda müdir, Naxçıvan Radio Verilişləri Redaksiyasında redaktor, "Şərq qapısı" qəzetində ədəbi işçi, AzərTAC-ın Naxçıvan Muxtar Respublikası üzrə xüsusi müxbiri vəzifələrində çalışıb.
Hüseyn Razi uzun illər "Şərq qapısı"nda "Ədəbiyyat və İncəsənət" şöbəsinin müdiri olub (1962-1989), sonra təqaüdə çıxıb.
1947-ci ildə ilk şeirləri "Şərq qapısı" qəzetində, "İnqilab və mədəniyyət" (indiki "Azərbaycan") jurnalında çap olunub; bundan sonra dövri mətbuatda davamlı olaraq çıxış edib. O, poetik yaradıcılıqla yanaşı, peşəkar tərcümə ilə də məşğul olub. M.İsakovski, L.Martınov, S.Mixalkov, S.Şipaçev, O.Şestinski, R.Həmzətov, R.Babacan, A.Bartonun şeirlərini dilimizə çevirib.
Ədibin şeirləri fars, fransız, rus dillərinə və qardaş dillərə çevrilib.
Dramaturq kimi onun "Odlu diyar" (1963), "Tarla gözəli" (1964), "Günəş" (1968), "Arxalı dağlar" (1974), "Haray səsi" (1978), "Şirinliyin acısı" (1981) pyesləri teatrlarda tamaşaya qoyulub. "Buludlar arasında", "Həyəcanlı gecə" nəsr əsərlərinin, yüzlərlə publisistik məqalə və oçerkin, teatr resenziyalarının, "İrəvan ədəbi mühiti" adlı irihəcmli araşdırma işinin müəllifidir.
"Buludlar arasında" (povest; 1961), "Ana məhəbbəti" (şeirlər; 1960), "Ömür yolları" (şeirlər; 1964), "Həyəcanlı gecə" (povest; 1966), “Səsləşə dağlar" (şeirlər; 1970), "Ayrılmaram (şeirlər; 1981), "Sahil həsrəti" (şeirlər; 1985), "Gözün aydın" (şeirlər; 1996) adlı və b. kitabları gün üzü görüb.
Sayğılarla anırıq.
Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(27.02.2024)
Birdən hər yeri qatı duman bürüyür… - ESSE
Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”
Gözüm təqvimdə ayın tarixinə sataşır, birdən xəyalımda kəsik-kəsik fraqmentlər canlanmağa başlayır.
Gecə, meşə yolu, hər yer dizə qədər şaxta bağlamış qardır...
Saralmış köhnə qəzet kağızı qara şriftlərlə yazılıb -63-u uşaq,106-sı qadın, 70-i qoca olmaqla 613 nəfər qətlə yetirilib...
Qulağıma sanki çox uzaqdan boğuq səslər gəlir. Başımı səs gələn tərəfə çevirirəm, səslər bu dəfə fərqli bir istiqamətdən eşidilir. Diqqətimi cəmləməkdən ötrü gözlərimi yumuram, haray, bu haray səsidir.
8 ailə tamamilə məhv edilib...
Əynində mavi rəngli idman forması, ayağında rezin çəkmələr və əlində üçrəngli Azərbaycan bayrağıyla əsirliyə gedən cavan. Bu onun son şəkli idi..
Qarda yalın ayaq izləri, soyumuş qırmızı qan damlaları, kol dibində donmuş körpə cəsədləri insanlığı haraylayır..
25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib...
Onun sonrakı taleyi naməlum olsa da, inglis rejissor Karan Sighin çəkdiyi "Oğul" filmində onun öldürüldüyü deyilir. Anası isə hələ də onun yolunu gözləyir..
76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb.
Qırıq-qırıq ağ-qara lent yazıları, yerdə tanınmaz hala salınmış cəsədlər var...
Onlar bilirdilər, yeganə çıxış yolunun bu meşə olduğunu bilirdilər və mühasirəyə alıb əsir götürmək üçün burada yolu kəsib öz qurbanlarını gözləyirdilər.
Diktor xəbərləri oxuyur: 1275 nəfər əsir götürülüb. Əsir götürülənlərdən 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil
"Üzünü qaldır, qaldır üzünü, Ay Allah" gənc jurnalistin gördükləri qarşısında keçirdiyi ürək ağrısı göz yaşlarına çevrilir.
Qırıq-qırıq ağ-qara lent yazıları xilas olanların müsahibələri qan dondurur.
Birdən hər yeri qatı duman bürüyür. Boz bulanıq mənzil, soyuq hava, qəfil çökən sükut sanki qulaqlarım tutulur, vahiməli səslərin hamısı qeyb olur. Dumanın içində yaxınlaşmaqda olan əzəmətli, zəhmli insan siluetləri görünməyə başlayır.
Aramızdakı məsafə azaldıqca onların simasını aydın görə bilirəm, arxalarında sanki böyük bir ordu var.
Natiq Qasımov, Çingiz Mustafayev, Əlif Hacıyev, Tofiq Hüseynov, Aqil Quliyev budur, qüdrət və qəhrəmanlıq deyəndə ilk ağlıma gələn Allahverdini görürəm və duman tamamilə çəkilib yoxa çıxır.
“Ədəbiyyat və incəsənət”
(27.02.2024)
GÜNEY AZƏRBAYCAN POEZİYASI ANTOLOGİYASInda Mustafa Şeyxpurun “Daha soruşmayacaqsan…” şeiri
“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində portalımızın Güney təmsilçisi Əli Çağla bu dəfə sizlərə Mustafa Şeyxpurun şeirlərindən ən yaxşı nümunələri təqdim edir.
Bir yerdən sonra
Daha soruşmayacaqsan
Gülməyəcəksən
Ağlamayacaqsan
Pişiklər dolanacaq küçədə
İtlər keçəcək qapının önündən
Mən də keçəcəyəm.
Dünən bir polis gəldi
"Qonşu qızı intihar etdi" - dedi.
"Mən də uçağa gecikirəm." - dedim.
"Taksi nə zaman gələcək?" - soruşdum.
O təşəkkür etdi
Mən də "İyi günler polis abi" - dedim.
Bir yerlərdən sonra
Bütün saatlar durur sanki.
Sən də yerimək istəmirsən
Hər kəs durmağa başlayır
Bütün taksilər, uçaqlar
Mən...
İndi mən gedərsəm saatlar da gələcəkmi?
Gecələr gündüzlərə qarışır bir saatlardan sonra
Ulduzları bulud ardınca göndərirəm
Ayla günəş bir yataqda yatırlar.
Bir zamandan sonra
Durmağa başlayacağam, sonra saatlara "Get" - deyəcəyəm
Günlərə "Get" - deyəcəyəm
Ulduzlara "Get" - deyəcəyəm
Buludlara "Get" - deyəcəyəm
Sonra oturub arxalarında ağlayacağam
Həm də tam yerində ən dərin
Xəyalinizdəki dənizi ovuclarımın içinə alacağam
Sonra öp deyəcəyəm dodaqlarımı
Sonra dodaqları da şor olur insanın
Göz yaşları kimi...
“Ədəbiyyat və incəsənət”
(27.02.2024)
Səsi qulaqlarda qalan İLHAMƏ QULİYEVA
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Deyirdi ki, mən 100 il yaşayacağam, amma 72 yaşında çıxıb getdi. Artıq 8 ildir ki, aramızda yoxdur. Çox hökmlü və inadkar xanım idi. Ətrafında olan müğənniləri öz təsiri altında saxlaya bilir, onların hərəkətlərinə nəzarət edirdi. Şou biznesdə gündəm yaratmağı bacarırdı.
Bir də görürdün ki, hansısa müğənniyə fərqləndirici ad qoyur, hansınasa titul verirdi. Danışanda da elə danışırdı ki, sanki müğənnilərin “xaç anası” idi. Kiməsə barmaq silkələməkdən, hədələməkdən çəkinmirdi...
Axırı… Axırı ömrünü son saniyəsinədək yaşayıb əbədiyyətə qovuşdu. Cənab Əzrail onu da susdurdu. Amma başımızın üstə Allah var, pis oxumurdu ha…
Elə indinin özündə də ara-sıra könlümüzdən onun ifalarını dinləmək keçir...
“Bilsən necə darıxmışam…”
“Unuda bilməzsən…”
“Yalan…”
“Mən səni araram…”
“Bu çiçək yağışı…”
Bu gözəl mannıları kimsə onun kimi oxuya bilərmi? Əsla yox!
Hər dəfə ad günü olanda bəzi müğənnilər onu təbrikə tələsirdilər. Kimisi brilliant üzük, sırğa, kimisi də müxtəlif qiymətli hədiyyələr verirdi…
2016-cı ilin fevralın 25-dən Bərzəxdədir. İsrafilin SURu səsləndirəcəyi günü gözləyir…
Yeri cənnətdə müğənnilər üçün ayrılmış guşədə olsun!
“Ədəbiyyat və incəsənət”
(27.02.2024)
POETİK QİRAƏTdə Əlizadə Nurinin “Vermə məni özgələrə...” şeiri
Poetik Qiraətdə bu gün sizlərlə yenidən Cəlilabadda yaşayıb yaradan ustad şair Əlizadə Nuri öz şeiri ilə görüşür.
“Vermə məni özgələrə...” bir sevgi nəğməsidir.
Özün öldür, özün məni-
Vermə məni özgələrə.
Razılaşın ki, indi bu cür sevənlər çox az-az tapılır.
Vermə məni özgələrə...
Nəğmə
Ya payıza, ya qışa ver,
Düzə vermə, yoxuşa ver,
Apar məni yağışa ver,
Vermə məni özgələrə.
Kaman olsam, sim olarsan,
Heç bilirsən kim olarsan?!
Ən doğma dərdim olarsan-
Vermə məni özgələrə...
Günahım yox, üzüağam,
Nə olsun ki, yar, uzağam?
Sən dağsan, mən yalquzağam...
Vermə məni özgələrə.
O uzaq illərə tapşır,
Lap axan sellərə tapşır...
Bu doğma yellərə tapşır-
Vermə məni özgələrə.
Gün də doğmadı, qızınım...
Kədər gəlir, ay qızılım-
Gəlib əlinə qısılım...
Vermə məni özgələrə.
Üşütməsin közün məni,
İtirməsin gözün məni...
Özün öldür, özün məni-
Vermə məni özgələrə.
Gözlərinin qabı sudu,
Kim ağlayıb?- qapı sudu.
Bu dünya- yad qapısıdı
Vermə məni özgələrə...
Ədəbiyyat və incəsənət”
(27.02.2024)
“İrəvan mətbəxindən nümunələr” layihəsində - Ovduq
Rubrikanı Könül aparır.
“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edirik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır.
Bu gün sizlərə Ovduqun hazırlanma qaydasını təqdim edəcəyik.
DÜSTUR:
§ Qatıq – 250 qr
§ Xiyar – 80 qr
§ Keşniş – 11 qr
§ Şüyüd – 11 qr
§ Reyhan – 11 qr
§ Mərzə – 11 qr
§ Duz – 4 qr
HAZIRLANMASI:
Bu soyuq və sərinləşdirici yeməkdir. Bu səbəbdən ovduq, adətən, isti aylarda hazırlanır və yeyilir. Keşniş, şüyüd, reyhan və mərzə, xiyar yuyulur, xırda doğranır, qazana tökülür. Üzərinə duz və qatıq əlavə olunur. Qatıq tam açılanadək bunlar bir yer- də yaxşı-yaxşı qarışdırılır. Bundan sonra həmin qazana sərin su əlavə edilir və yenə qarışdırılır. Artıq soyuq yemək hazır hesab edilir. Dərin qablarda süfrəyə verilir. Bu yeməyin içinə əksər hallarda çörək doğrayıb yeyirlər. Çörək bir qədər boyat olsa, daha yaxşıdır.
Tərifə Kəngərlinskaya (İrəvan şəhəri) eyni nüsxəni “ovdux” adlandırmışdı. Bu nüsxədə əlavə olaraq göy soğan, qızıl- gül ləçəkləri istifadə etmişdi.
Ədəbiyyat və incəsənət”
(27.02.2024)
Karneginin təzə kitabı
Sərtyel, “Ədəbiyyat və incəsənət”
1.
-Bu elan çox qəribə elandır.
-“Ən müasir texnikanın - kompüterlərin, printerlərin, skaynerlərin, kseroksların təmiri” yazılıb, bunun nəyi qəribədir?
-Əllə yazılıb.
2.
Deyl Karneginin təzə kitabı çıxıb. Adı: “Səni layk etməyən və sənə komment yazmayan dostlardan Facebook dostluğundan necə qurtulmaq olar”.
3.
-Cavan oğlan, adama elə baxırsız, sanki bu dəqiqə parçalayıb yeyəcəksiniz.
-Cavan qız, Allaha and olsun, çən vegeterianam.
4.
Ən yaxşı iş odur ki, onu sənin əvəzinə başqaları görür.
5.
Əgər informasiya sərt diskə yazılmırsa və yalnız operativ yaddaşda qalırsa, belə adamlara skleroz deyirlər.
“Ədəbiyyat və incəsənət”
(27.02.2024)
MÜTALİƏ SAATInda Fəxrəddin Qasımoğlu, “İkibaşlı əjdaha”
Dəyərli oxucularımız. “Mütaliə saatı” rubrikasında “Ədəbiyyat və incəsənət” sizlər üçün yeni romanın yayımlanmasına başlayır: Fəxrəddin Qasımoğlu, “İkibaşlı əjdaha”!
«Son gecə» və «On ikiyə işləmiş» adlı iki biri-birindən maraqlı romanlarla debüt edən yazıçının hər iki romanı portalımızda dərc edilib. Əminik ki, Fəxrəddin Qasımoğlunun “İkibaşlı əjdaha”sını da bəyənəcəksiniz.
Polkovnik Mahir Vəliyev xidməti kabinetində onunla üzbəüz oturmuş zabitin məruzəsini dinləyirdi. Təxminən əlli yaşlarında olan, polkovnik-leytenant rütbəli bu zabit onun rəhbərlik etdiyi qrupun üzvlərindən biri idi.
-Şəhərin bütün ərazi polis orqanlarına məxfi göstəriş göndərdik. Artıq son dövr ərzində Bakı şəhərinə gəlmiş rus millətindən olan, kirayə və ya oteldə qalan, yaxud kiminsə evində qonaq olan bütün şəxslərin müəyyən edilməsi istiqamətində intensiv iş aparılır. Hər iki saatdan bir daxil olan məlumatları mayor Əliyev ümumiləşdirib təhlil edəcək.
-Şəhərdə vəziyyət necədir, Həmid?-polkovnik fikirli-fikirli soruşdu.
-Şəhərdə böyük canlanma hiss olunur, Mahir müəllim. Gənclər, hətta yaşlılar belə hərbi komissarlıqlara axın edirlər. Hamı könüllü cəbhəyə yollanmaq istəyir. Əhalidə böyük ruh yüksəkliyi var. Bu dəfə olum, ya ölüm məsələsi qoyulub. Mənim oğlum da müraciət edib. Hərbi xidmətdə topçu olub. Sabah səhər yola düşəcəyini bildiriblər. Amma anası dayanmadan ağlayır. Get deyir, xeyir-dua verir, amma göz yaşlarını saxlaya bilmir.
-Əlbəttə, anadır, onu başa düşmək olar. Analar bir başqa olur, Həmid. Kaş ki, biz də gedə biləydik. Amma olmaz, bizim işimiz burada,-arxa cəbhədədir. Elə bu ruh yüksəkliyini də qoruyub saxlamaq bizim üzərimizə düşür.
Polkovnik bir qədər ara verib sözünə davam etdi:
-Rayonlar üzrə ümumiləşdirilmiş məlumatlar hazır olan kimi məruzə edin. Siyahının elə də böyük olacağını düşünmürəm. Ona görə də mayor Əliyev bu işlə tək məşğul olsun. Qrupun qalan üzvləri verilmiş tapşırığa davam etsinlər. Nə edəcəklərini bilirlər. Onlar da gün ərzində iki dəfə nəticələri məruzə etsinlər.
-Oldu, Mahir müəllim.
Polkovnik-leytenant ayağa qalxıb qapıya tərəf getdi. Əlini qapının dəstəyinə uzadanda Mahir Vəliyev onu səslədi:
-Həmid, sabah səhər uşağı yola salmağa özün get. İşə sonra gələrsən. Anasını komissarlığa getməyə qoyma.
Əlini hələ də qapının dəstəyində saxlayan polis zabiti rəisinin üzünə baxıb heç nə demədən otağı tərk etdi. Özünü nə qədər tox tutsa da, onun daxildə hansı hisslər keçirdiyi polkovnik Vəliyevə tanış idi. Özü birinci Qarabağ müharibəsinin iştirakçısıydı. O, əməkdaşının baxışlarındakı az əvvəlki ifadəni, eynilə onu cəbhəyə yola salan doğma atasının gözlərində görmüşdü illər əvvəl…
* * *
«Tatar»ın verdiyi məlumatlar həmişəki kimi maraq doğuran məlumatlar idi. Ancaq onların içərisində hələ ki, bu məsələdə mənə lazım olan bir şey yox idi. Onu axıradək dinləyib sonra çox incə şəkildə lazım olanı izah etmiş, nəsə öyrənərsə gecənin istənilən saatında belə mənimlə əlaqəyə çıxmasını tapşırıb yola salmışdım. «Tatar» ağıllı adam idi. Bəlkə də, ona verdiyim tapşırıqla müharibənin başlaması arasında bir əlaqə olduğunu anlayırdı. Ancaq o, özünü bunu başa düşməmiş kimi aparacaq qədər də ağıllı biri idi.
Saat 14:08 idi. Bir stəkan da çay içib çıxmağı düşünürdüm. Elə bu zaman televizorda gedən veriliş xəbərlərin xüsusi buraxılışına görə kəsildi. Tez televizorun səsini qaldırdım. Yenə də aparıcı Jalə Həsənli idi. Sevincdən titrəyən səsiylə bəzi torpaqlarımızın işğaldan azad olunduğunu xəbər verən Jalə birdən əlini taxdığı qulaqcığın üstünə qoyub verilən son məlumatı dinlədi və bundan sonra göz yaşlarını saxlaya bilməyib verilən məlumatı ağlaya-ağlaya səsləndirdi: «Hörmətli tamaşaçılar, indicə aldığım bir məlumatı nəzərinizə çatdırım. Füzuli rayonunun dörd, Cəbrayıl rayonunun iki kəndi işğaldan azad olunub».
Bununla qısa «Xəbərlər» bitdi, onu efirdə yenə də bayaqkı veriliş əvəz etdi. Ancaq mən hələ də bu xəbərin təsiri altında idim. Bu günü necə də gözləmişdik. Kiçik çayxana otağında eşitdiyim bu şad xəbər yəqin ki, indi ildırım sürəti ilə ölkəyə yayılıb, buna əminəm. Yəqin ki hamı şadyanalıq edir, bəlkə də çoxları aparıcı Jalə kimi sevincindən ağlayır. Bu, təbiidir. Hər insan aldığı xəbərə özünəməxsus tərzdə reaksiya verir. Mən də qarışıq hisslər yaşayırdım. Bu hisslərdən biri, heç vaxt tanımadığım, üzünü yalnız televiziya ekranında gördüyüm bu balaca qızın birdən-birə mənə doğmadan doğma olması idi.
Qoy onun verdiyi bu xəbər ürəklərimizdən vətən nisgilini silib aparacaq böyük qələbəmizin ilk müjdəsi olsun…
* * *
Axşam düşmək üzrə idi. Şəhərin əsas küçələrində stasionar polis postlarının qurulmasına hazırlıq gedirdi. Bunun üçün postların qurulacağı yerlərə dəmir çəpərlər, xüsusi yol nişanları gətirilirdi. Daxili İşlər Nazirliyində keçirilmiş fövqəladə əməliyyat müşavirəsində qəbul edilmiş qərarların icrasına başlanılmışdı. Bu məqsədlə bayır xidmətinin təşkilinə və aparılmasına nəzarət edən xidmət sahəsinin peşəkarları tərəfindən qısa müddətdə plan hazırlanmışdı. Şəhərin post və marşrutlarının vahid dislokasiyasını əzbərdən bilən bu «düşünən beyinlər»in hazırladığı plan elə idi ki, ara yollarla bir postdan yan keçməyə müvəffəq olan nəqliyyat vasitəsi mütləq irəlidə qonşu posta çıxmalı idi. Mükəmməl planın ikinci tərəfi piyada hərəkətdə olan insanların yoxlanılmasını nəzərdə tuturdu. Polis və daxili qoşun əsgərlərindən ibarət piyada patrul qrupları şəhərin bütün ərazisini əhatə edirdi. Onların gözündən quş da yayına bilməzdi.
Artıq hərbi rejim elan olunmuşdu. Düşmən çox məkrli idi. Hamı da bunu bilir və görülən tədbirləri anlayışla qarşılayırdı. İnsanlar polis əməkdaşlarına yaxınlaşır, onlara nə kömək edə biləcəklərini soruşurdular.
Qəribə mənzərə yaranmışdı. Müharibə görmüş heç bir ölkədə, heç vaxt rast gəlinməyən bir mənzərə. İnsanların simasında sevinc və qətiyyət görmək olardı. Bir xalqın otuz ilə yaxın bir müddətdə həsrətlə gözlədiyi gün nəhayət ki, gəlmişdi. İndi qisas vaxtı idi.
* * *
Azərbaycan dilini bilməməsi onunçün müəyyən çətinliklər yaradırdı. O, bu səbəbdən yerli xəbərləri dinləyə bilmir, hazırda olduğu şəhərdə baş verən son hadisələrdən xəbərsiz qalırdı. Mütəmadi izlədiyi Rusiya kanallarında isə ona lazım ola biləcək bir şey yox idi.
Ancaq bu gün hər şey fərqli başlamışdı. Daha doğrusu, günortaya yaxın yuxudan oyandıqdan sonra ilk baxdığı xəbərlərin buraxılışında müharibənin başlandığını öyrənmişdi. Bu, ona çox şeydən xəbər verirdi. Deməli, onu bu gün üçün hazırlayıblarmış. Ürəyində rusiyalı aparıcının verdiyi xəbərə güldü: «Bu gün səhər saatlarında Azərbaycan Müdafiə Nazirliyinin təmas xəttində yerləşən bölmələri Ermənistan silahlı qüvvələrinin mövqelərini iri çaplı silahlardan artilleriya atəşinə tutub, sonra isə cəbhə xətti boyu hücuma keçib. Hazırda şiddətli döyüşlər gedir. İtkilər barədə məlumat yoxdur».
Verilən məlumat gözə kül üfürməkdən başqa bir şey deyildi. O, bunu gözəl başa düşürdü. Əgər Azərbaycan müharibəyə hazırlaşsaydı, ola bilər ki, Ermənistan tərəfi bunu bir həftə, on gün, hətta bir ay əvvəl hansısa yolla öyrənmiş ola bilərdi. Ancaq şəxsən onu il yarım əvvəl hazırlamağa başlamışdılar və məhz müharibənin başlanmasına iki həftə qalmış adaptasiya üçün Bakıya göndərmişdilər. Deməli, ermənilər müharibəyə başlayacaqları dəqiq günü belə əvvəlcədən bilirmişlər. Bu cür yalan məlumatı yalnız ermənilərin çoxluq təşkil etdiyi NTV kanalı verə bilərdi. Pultu götürüb daha dəqiq məlumat almaq ümidi ilə kanalı dəyişdi.
“Ədəbiyyat və incəsənət”
(27.02.2024)
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri məlum olub
Azərbaycan Nəşriyyatları Assosiasiyası İctimai Birliyinin(ANAİB) əsas təşkilatçılığı, MədəniyyətNazirliyi və Təhsilin İnkişafı Fondunun (TİF) təşkilatçılığı, Azərbaycan Gənc Müəllimlər Assosiasiyası (AGMA) və ASAN Könüllülərinin təşkilati dəstəyi ilə II Kitabqurdu Payız Oxu Marafonunun final mərhələsi keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı ANAİB-ə istinadən xəbər verir ki, yarış Hədəf Şirkətlər Qrupunun baş ofisində reallaşıb. Tədbiri giriş sözü ilə açan ANAİB sədri Şəmil Sadiq marafonun təşkilindəki məqsəddən danışıb. Bildirib ki, əsas məqsəd yerli yazıçıların təbliği, kitab bazarının dirçəldilməsi və mütaliəyə təşviqdir.
Sədr öz çıxışı zamanı təşkilatçı və dəstəkçi qurumlara təşəkkür etməyi də unutmayıb.
TİF-in əməkdaşı Hüseyn Hüseynli, ASAN Könüllülər təşkilatının sədr müavini Ayşən Camalova, AGMA sədri Səkinə Həsənli də öz növbələrində bu marafonların, yarışların təşkilində maraqlı oduqlarını qeyd edib, iştirakçılara uğur arzulayıblar.
Daha sonra marafonun münsiflər heyətinin üzvləri – “Qədim Qala” nəşriyyatının direktoru Şöhlət İftixaroğlu, “Parlaq İmzalar” nəşriyyatının diurektoru Nurman Tariq, “XAN Nəşriyyatı”nın direktoru Səbuhi Şahmursoy çıxış edərək marafonun qaydalarını izah ediblər.
Marafon müəlliflərindən olan Elçin Əzimli, Kənan Hacı, Xan və Elay öz çıxışlarında iştirakçılara uğurlar diləyib, kitablarına göstərilən etimad üçün təşəkkürlərini çatdırıblar. Çıxışlardan sonra gərgin final oyunu start götürüb.
İki mərhələdən ibarət finalın sonunda qaliblər məlum olub:
- I yer: Ülviyyə İsrafilova;
- II yer: Aytən Məmmədova;
- III yer: Kəmalə Tağıyeva.
1 oktyabr – 1 yanvar tarixlərində davam edən marafonun qalbiləri müvafiq olaraq 3000, 2000 və 1000 AZN məbləğində mükafat qazanıblar.
Qeyd edək ki, yarımfinal mərhələsində on iştirakçı yarışıb, onlardan dördü final mərhələsinə keçib.
Yarımfinal mərhələsinə keçən iştirakçılar bunlardır:
Aişə Əhmədova
Aytən Məmmədova
Elxaz Hacıyev
Firuz Musayev
Kamran Qasımov
Kəmalə Tağıyeva
Şüküfə İbrahimova
Ülviyyə İsrafilova
Vüsalə Məmmədova
Yeganə Abdullayeva
Final mərhələsinə keçən iştirakçılar bunlardır:
Aytən Məmmədova
Kəmalə Tağıyeva
Ülviyyə İsrafilova
Yeganə Abdullayeva
Əlavə məlumat üçün qeyd edək ki, qaliblərin mükafatlandırma mərasimi Bakı Kitab Sərgisində baş tutacaq.
“Ədəbiyyat və incəsənət”
(27.02.2024)