Super User

Super User

Bu günlərdə Əlişad Qaraqasımlı (Cəfərov Əlişad Tutuş oğlu) 75 yaşını qeyd etdi.

O, 1949-cu il fevral ayının 15-də Cəlilabad rayonunun Üçtəpə kədində anadan olub. Moskvada SSRİ Yazıçılar İttifaqının Maksim Qorki adına Ədəbiyyat İnstitutunu fərqlənmə diplomu ilə bitirib. Şeirləri qardaş Türkiyə Cümhuriyyətindəki “Kümbet”, “Usare”, “Kardelen” dərgilərində, o cümlədən respublikanın ən ünlü mətbu orqanlarında dəfələrlə dərc olunub. O, “Elm”, “Xalq qəzeti”, “Respublika” qəzetlərində uzun müddət çalışıb.

 “Ədəbiyyat və incəsənət” portalının poçtunda Əlişad Qaraqasımlının şeirlərinə rast gəldik və düşündük ki, onları sizlərə təqdim edək.

 

 

Xalq şairi Rəsul Rzaya

 

Bu ağır itkini varlığım danar,

Necə ki, ölməzlər ölümü danıb.

Aprelin birində bir dost aldanar,

Aprelin birində bir xalq aldanıb.

 

Uca zirvələri çən-çisək aldı,

Yamaca nə qaldı, yala nə qaldı?

Dünyaya gəlməyin həqiqət oldu,

Dünyadan getməyin yalana qaldı.

 

Nurlu misraların, odlu sənətin,

Könlümdən kədəri talan eylədi.

Vuruldum aprelin birinə, şair,

Gerçək ölümünü yalan eylədi.

(1 aprel 1981-ci il)

 

 

Dördlüklər

 

Dünyanı çiyninə alıbdı qoca,-

Əsir yük altında zəif dizləri.

Sual işarəsi olubdu qoca,

Çoxlu nöqtələr tək ayaq izləri…

 

* * *

 

Dörd divar içində bəslənən hər gün

Qapqara bir daşdır, ürək deyildir.

Kim deyir, arabir tamaşa üçün

Bu geniş üfüqlər gərək deyildir?

 

* * *

 

Qovaram qəlbimdən ağrılarımı,

Canımla, qanımla yaradaram mən.

Leysanda islanan misralarımı,

İsti şəfəqlərlə qurudaram mən.

 

 

Dünya bu gün

 

Yenə dinləyirəm son xəbərləri-

Fələstin övladı yurddan qaçaqdır.

Azadlıq altında gizlənənlərin

Arzusu, əməli işğlçılıqdır.

 

Oğrunun, əyrinin inadına bax:

Başına tac qoyub xalqını soyur.

Bu dövrün, zamanın inadına bax,

Qara xəbərləri Ağ evlər yayır.

 

Əzmini, gücünü açıq duyanlar,

Ölkədən-ölkəyə qovğa ələyir.

Mənliyi, varlığı bir heç olanlar,

Yüksək kürsülərdən çıxış eyləyir.

 

Həyadan, abırdan qalmayıb əsər:

Çoxu öz-özünü öyən olubdur.

Üz-üzə gəlməkdən çəkinən kəslər,

Efirdə döşünə döyən olubdur.

 

Dalayır qəlbimi min fəğan, min ah,

Silah yarışları başlayır bu gün.

Xalqın əlləriylə düzələn silah,

Xalqın sinəsinə tuşlanır bu gün.

 

Arzu istəyimi daş belə anlar,

Bütün varlıqlara qəlbim həyandır.

“İnsan hüququ”ndan çox danışanlar,

İnsan hüququnu tapdalayandır.

 

 

Qısqanıram mən

 

Hələ vərəq-vərəq oxunmamışam,

Gedişin-gəlişin oxunur sənin.

Bəyaz əllərinə toxunmamışam,

Küləklər saçına toxunur sənin.

 

Otuzu adlayıb gözləmir yaşım,

Sonsuz həsrətindən usanıram mən.

Zülmət gecələrə necə tapşıram,

Səni gündüzlərə qsıqanıram mən?!

 

 

Quşlar yuva qurar

 

Quruyub qalmışam çölün düzündə,

Əsən küləklər də mənim yağımdı.

İki gün dustağam bu yer üzündə,

İkicə gün olur azadlığım da.

 

Aydındır hər kəlmən ay işığıtək,

Əsərəm yarpaqtək sözünün üstə.

Aralı düşərik iki günlüyə,-

Quşlar yuva qurar izinin üstə.

 

 

Bermud üçbucağı

 

Arzular, əməllər gülə bilməyir,

Dəhşətli fikirlə oyanır orda.

Əqrəblər yükünü çəkə bilməyir,

Deyirlər, zaman da dayanır orda.

 

Dünyaya bir ümman kədər ələdi,

İlan tək qıvrılıb çaldı dünyanı.

İnsan vəhşiliyi azlıq eylədi,

Qorxunc bir dəhşət də aldı dünyanı.

 

 

Qaranquş

 

Ağın başqa yanadı,

Bir yanadı qaran, quş.

Mənə xoş xəbər gətir

Qayçı quyruq qaranquş

Ağın da var, qaran da

Niyə yoxdur sarın, quş?

Baharlı sevincindən

Küləkləri yaran quş.

Qismətin bahar olsun

Görməyəsən boran, qış

Yazdan mənə köynək biç,

Qayçıquyruq qaranquş.

 

 

Payız dördlükləri

 

Ümidim bahara itməyibdi ki,

Ümidim qəlbimdə yaraqlanıbdı.

Hansı rəssamınsa əsərindəki

Qadıntək ağaclar çılpaqlanıbdı.

 

* * *

 

Payızda bir ağac gülə bələnib,-

Gizlədə bilməyib bahar heyrətin.

Payız yarpaqların məktub eyləyib

Yazır ünvanına əbədiyyətin.

 

* * *

 

Bahar çiçəkləri fikirlərimdə,

Payızlı bir nəğmə dindirib məni.

Qızıl paqonları çiyinlərimdə,-

Payız da rütbəyə mindirib məni…

 

* * *

 

Səmanı çiyninə görən aldımı?

Ağaclar anteytək çılpaq yaşayır.

Küləklər tələsən poçtalyonumdu,

Payızdan bahara məktub daşıyır.

 

“Ədəbiyyat və incəsənət”

(22.02.2024)

 

 

Əlibala Məhərrəmzadə, “Ədəbiyyat və incəsənət”

 

İndi isə gəlin əksər reytinq sıralamalarında yer alan «bizneçdə və peşəkar fəaliyyətdə uğur qazanmaq» mövzusunda ən populyar motivasiya bestsellerləri arasından sizinçün seçdiyim 10-luğa nəzər yetirək:

 

Ceyms Allen, «Düşünən insan»

Düz 116 il öncə yazılan bir kitabın hələ də populyar olması, hələ də insanlara bələdçilik etməsi, fayda gətirməsi əlbəttə ki, diqqətçəkən haldır. İnsan özünüinkişafı üzrə klassik iş hesab olunan bu kitabın əsas ideyası odur ki, insanı onun düşüncələri formalaşdırır. Yüksək, ali fikirlər insanı yüksəldir, necə deyərlər, axmaq fikirlər isə insanı alçaldır.

Həyatı faciələr içində keçən, cəmi 15 yaşında ikən atasının öldürülməsi səbəbindən təhsilini atıb ailəsini dolandırmaq üçün ağır işlərə qatlaşan Allendə kitaba sevgini Lev Tolstoyun yaradıcılığı oyadıb. Yüzlərlə kitab oxuyan bu dahi şəxsiyyət  insanın imkanlarının dəyişilməsi üçün düşüncənin gücünü ən əsas faktor hesab edir.

Allenə görə insan özü barədə nə düşünürsə, mahiyyətcə elə düşündüyünə bərabər olur.

İlk dəfə motivasiya mövzusuna toxunan Allen şəxsiyyətn inkişafını, uğur qazanma sirlərini məhz düzgün düşünə bilməkdə görməklə insanlığı düşünməyə səsləyir.

Sadəcə, düşünün, əziz oxucularım! Hər şey sizin düşüncələrinizdən asılıdır.

 

“Ədəbiyyat və incəsənət”

(22.02.2024)

 

 

 

Dəyərli oxucularımız. “Mütaliə saatı” rubrikasında “Ədəbiyyat və incəsənət” sizlər üçün yeni romanın yayımlanmasına başlayır: Fəxrəddin Qasımoğlu, “İkibaşlı əjdaha”!

«Son gecə» və «On ikiyə işləmiş» adlı iki biri-birindən maraqlı romanlarla debüt edən yazıçının hər iki romanı portalımızda dərc edilib. Əminik ki, Fəxrəddin Qasımoğlunun “İkibaşlı əjdaha”sını da bəyənəcəksiniz.

 

Yuxudan adətim üzrə erkən oyanmış, əl-üzümü yuyub televizorun qarşısında divanda uzanmışdım. Stepanla görüşəcəkdim deyə, Layiqəyə zəng vurub ofisə gəlməyəcəyimi demişdim. O hələ dünəndən şəhərdə olduğumu bilirdi. Azərbaycanın flora və faunası haqqında gedən bir veriliş mənə çox maraqlı gəlmişdi. Doğrudan da, olduqca gözəl, zəngin təbiətimiz var. Vaxtın necə keçdiyini hiss etməmişdim. Artıq saat 12 idi. Susuzluq hiss etsəm də, çay dəmləməyə heç həvəsim yox idi. Stepanın zəngini gözləyirdim. Hələ ki, hansısa təhlillər aparmaq üçün çox tez idi. Dostumun danışdıqlarından başqa bildiyim bir şey yox idi və onlar hansısa qənaətə gəlmək üçün yetərli deyildi. Mahir Vəliyevlə görüşdükdən və onun mənə verəcəyi sənədlərlə tanış olduqdan sonra daha məlumatlı olacaq, o zaman işə başlaya biləcəkdim. Əgər yaxın bir saatda zəng gəlməzsə, məhəlləmizə yaxın kafelərdən birinə gedib nahar edəcək, yenə də evə qayıdıb gözləyəcəkdim.

Verilişin bitdiyini görüb kanalları dəyişməyə başladım. Elə bu vaxt telefonuma zəng gəldi. Ekrana baxanda zəng edənin Layiqə olduğunu gördüm. Dəstəyi qaldırıb cavab verdim:

-Eşidirəm, Layiqə.

-Salam şef. Bir nəfər müraciət edib. Hazırda yanımdadır. Oğlu üç gündür evə gəlmir. Axtarışlarında kömək etməyimizi xahiş edir.

Fikrə getdim. Əslində, bu elə mənim böyük həvəslə girişəcəyim bir iş idi. Ancaq indiki vəziyyətdə bu sifarişi qəbul edə bilməzdim. Doğma şəhərimə, onun sakinlərinə yönəlmiş olan bu müəmmalı təhdidin içində başqa bir işlə özümü məşğul etməyə haqqım yox idi. Məsələnin miqyası olduqca böyük idi. Oğlanısa, yəqin ki, artıq polis əməkdaşları axtarırlar. Bunları fikirləşib səbirlə telefonda gözləyən Layiqəyə dedim:

-Mənim üzrxahlığımı çatdır və sifarişdən imtina elə. İndi bu işlə məşğul olmağa vaxtımız yoxdur.

-Başa düşdüm, şef.

Layiqə qısa cavab verib xətti kəsdi. Ancaq telefonu əlimdən qoymağa imkan tapmadım. Yenidən zəng gəldi. Bu dəfə zəng edən Stepan idi.

-Salam, əziz dostum,-cavab verib Stepanı salamladım.

-Salam, Baxa. Saat bir tamamda səni «Sahil» metrosunun qarşısında gözləyəcəyik.

-Başa düşdüm, dostum.

Sağollaşıb saata baxdım. Görüş vaxtına hələ qırx dəqiqə var idi. Yəqin ki, oraya Mahirin maşınında gələcəklər. Oradan da harasa gedəcəyik. Böyük ehtimalla iki variantdan biri olacaq-ya Stepanı birbaşa aeroporta düşürəcəyik, ya da nahar edib sonra yola salacağıq. Söhbətimizi də çox güman ki, elə yolda edəcəyik. Bu halda mənim də oraya maşınla getməyim artıq olar. Elədirsə, indi çıxsam yaxşıdır.

Televizoru söndürüb qalxdım. Görüş yerinə çatmağıma otuz yeddi dəqiqə qalırdı.

* * *

Hər şey qaydasında idi. Lazım olan bütün yolları sonuncu dəfə bir daha gəzib vəziyyəti öyrənmişdi. Əsas obyekt kimi seçilmiş məkana üç istiqamətdən yaxınlaşa bilərdi-sağ, sol və arxa tərəfdən. Hər üç yolu addım-addım gəzmiş, mümkün variantları bir daha gözdən keçirmiş, bundan sonra qaldığı mənzilə qayıtmışdı.

Qrimini çıxarıb əynini dəyişmiş, duş qəbul edib divana uzanmışdı. Nə qədər məşq etmiş olsa da, bir tayı o birisindən hündür olan ayaqqabılarda gəzmək onu yormuşdu. Pultu götürüb televizoru işə saldı. Bir neçə kanalı dəyişdikdən sonra Rusiya kanallarının birində gedən veriliş diqqətini çəkdi. Veriliş məşhur ispan rəssamının əsərinə həsr olunmuşdu. Gözlərini əsərdəki yataqda uzanmış qadına zilləyib aparıcının bu rəsm əsəri barədə verdiyi məlumatı maraqla dinləməyə başladı.

* * *

 Görüş yerinə deyilən vaxtda çatmışdım. Təxmin etdiyim kimi, Mahir Vəliyevin maşınında gələn Stepan şüşəni endirib məni səslədikdə keçib arxa oturacaqda, onun yanında oturdum. Mahir müəllimlə qısa tanışlıqdan sonra yolumuzun Buzovnaya olduğunu öyrənmişdim. Sonuncu gəlişində Buzovnadakı restoranda yediyimiz turşulu dana basdırmasının dadı Stepanın damağında qaldığı üçün bir daha oraya getmək istəmişdi. Haraya getdiymizi deyəndən sonra Mahir müəllim üzünü mənə tutub-qonaqlığı mən verirəm,-deyib şərtini kəsmiş, mənim də razılaşmaqdan başqa çarəm qalmamışdı.

Restoranın yolunun söhbət etmək üçün kifayət qədər uzaq, sonradan Stepanı yola salmaq üçünsə aeroporta çox yaxın olduğunu nəzərə alsaq, bu elə ən ideal seçim idi. Restoran otağında belə məxfi məsələ barədə kəlmə kəsməkdən söhbət gedə bilməzdi. Deməli, maşında getdiyimiz müddətdə mənim üçün hazırlanmış sənədlərlə tələsik tanış olmalı, bundan sonra yaranmış sualları verib cavablarını almalıydım. Başqa sözlə, tıxacı da nəzərə alsam, təxminən, yarım saat vaxtım var idi. Əlbəttə bu sənədlər mənim üçün hazırlanmışdı və evdə onlarla daha ətraflı tanış olacaqdım. Ancaq o zaman suallarımı verə biləcəyim Stepan artıq yanımda yox, Moskvada olacaqdı. Vaxt gedirdi. Stepanın uzatdığı qovluğu alıb açdım. İlk vərəqdə «Koramal»ın ön və yan tərəfdən çəkilmiş şəkilləri qoyulmuşdu. Növbəti vərəqi çevirib oradakı məlumatları oxumağa başladım.

* * *

Maraqla izlədiyi verilişin qurtardığını görən adam televizoru söndürüb divandan qalxdı. Evin yuxarı başında qoyulmuş dolaba yaxınlaşıb rəfində qoyulmuş diyircəkli qələmi götürdü. Sonra gözləri ilə dəftər axtarmağa başladı. Ancaq nə dəftər, nə də bir vərəq parçası tapmadı. Birdən şəhər telefonunun yanında qoyulmuş telefon kitabçası yadına düşdü. Yaxınlaşıb kitabçanı götürdü və yenidən divana oturdu. Ayağını ayağının üstünə aşırdıb kitabçanı dizinin üstünə qoydu və ən axırıncı vərəqi açdı. Bu vərəqin təkcə aşağı hissəsində xırda hərflərlə kitabçanı çap etmiş nəşriyyat və çapın tirajı barədə məlumatlar göstərilmişdi. Vərəqin qalan yeri təmiz idi. Ona da bu lazım idi. Fikirləşirmiş kimi gözlərini qıyıb bir qədər üzbəüzdəki divara baxdı. Sonra axtardığını tapmış kimi qələmlə başının arxasını qaşıyıb kitabçada nəsə çəkməyə başladı.

* * *

Nahar etməyimiz xeyli çəkmişdi. Uçuş vaxtına saat yarım qalmış Stepanı aeroporta düşürüb sağollaşmış, sonra şəhərə qayıtmışdıq. Məni evimin yaxınlığında düşürəndən sonra Mahir getmiş, mənsə evə gəlib onun verdiyi sənədləri diqqətlə oxumağa başlamışdım. Maşında tələsik tanış olarkən yaranmış əsas sualların cavabını Stepandan soruşmağa imkan tapmışdım. İndi, düz iki saat idi ki, kifayət qədər həcmli məlumatların bir sözünü də buraxmadan oxumuş, təhlillərə başlamışdım. Məlumatlar çox maraqlı idi. İlk dəqiqələrdən onların təhlilinin nə isə verəcəyinə bir əminlik yaranmışdı məndə. İlk növbədə «Koramal»ın psixoloji portretini özüm üçün yaratmalı, sonra bütün cinayətkarlarda, daha doğrusu, məhbus həyatı yaşamış cinayətkarlarda ümumi olan cəhətlərin Solomində qoyduğu izləri axtarmalı idim bu məlumatlarda. Bu isə çox incə bir yanaşma tələb edirdi. İnsanın vərdişlərini bilməklə, bəzən, onun atmış olduğu, hətta ata biləcəyi addımları hesablamaq mümkün olur. Vərdişlər isə hər insanda var. Bu vərdişlərin formalaşmasında insanın yaşam tərzi, ətraf mühit böyük rol oynayır. Hətta diqqətlə baxsanız hər insanın öz yerimə tərzi var. Elə buna oxşar vərdişlər də bəzən ayrı-ayrı vəziyyətlərdə insanı ələ verir. Hər halda diqqətli əməliyyatçı üçün onlar çox şeydən danışır, başqalarının görə bilməyəcəyi çox şeydən.

Bir də ki, insanın özündən asılı olmayan vərdişləri var. Daha doğrusu, dəyişmək istəmədiyi vərdişlər. Əvvəlki söhbətlərimdə sizə demişdim ki, müşahidə aparmağı xoşlayıram. Bir neçə misal çəkəcəm. Bəlkə də əhəmiyyətsiz şeylərdir. Amma əminəm ki, sonda mənimlə razılaşacaqsız. Deyək ki, əgər siz həyət evində yaşayırsızsa, onda həyətin qapısını taybatay açıq qoyub bir kənarda oturub baxın. Küçədən keçən adamların doxsan faizi açıq qapıdan həyətinizə boylanacaq. Haradasa beş faizi fikirli olduğu üçün sadəcə qapının açıq olduğunu görmədən ötüb keçəcək. Yerdə qalan cəmi beş faiz içəri baxmayacaq. Eyni eksperimenti maşınınızla da edə bilərsiz. Maraq üçün havanın qaranlıq vaxtı maşının salonunun işığını yandırıb oturun. Nəinki piyada, hətta maşınla ötüb keçənlər də, üzbəüz gələnlər də eyni qaydada salona boylanacaqlar. Mən bu vərdişləri xislətlə bağlayıram. İnsan həmişə qadağan olunana can atıb. Tək-tük adamlar özlərində bu vərdişləri boğa bilir. Bax dediyim sonuncu beş faiz həmin adamlardırlar. Mübahisə etməməyiniz üçün etiraf edim ki, mən özüm də çəkdiyim misallarda istisna deyildim. Sadəcə hələ yeniyetmə yaşlarımda bunun əksini özümə təlqin edib dediyim o sonuncuların sıralarına qoşula bildim. Psixosomatikada ideomotor adlanan hərəkətlər var. Bu hərəkətlər zamanı insan bədəninin hansısa hissəsindəki əzələlər beyindən siqnal almadan, adi sözlə desək özbaşına gərilir. Bax çəkdiyim bu misalları mən bir növ ideomotor hərəkətlərlə müqayisə edirəm. Təkcə bir fərqlə-biri özünü fiziki, digəri isə psixoloji aspektdən büruzə verir. Dərindən fikirləşsək, kiminsə həyətinə boylanıb orada qoyulmuş süpürgə, yaxud «polağacı»nı görmək heç kimə heç nə vermir. Amma insanlar yenə də bunu edirlər. Sonra yenə də… Nəticədə bu şeylər qeyri-ixtiyari baş verən hərəkətlərə çevrilir. Mən psixoloq deyiləm. Sadəcə insan psixologiyası mənim hobbimdir. Əgər hörmətli psixoloqlarımız bu məsələdə mənimlə razılaşmırlarsa, onlarla mübahisə etmək fikrim yoxdur.

Pəncərəyə baxdım. Hava qaralırdı. Bir qədər fasilə vermək qərarına gəldim. Gülüyə bu gecə də gəlməyəcəyimi demişdim. Onsuz da gecə yarısına qədər «işləyəcəyimi» bilirdim. Belə olan halda oraya getməyimin mənası yox idi.

 

 “Ədəbiyyat və incəsənət”

(22.02.2024)

 

 

 

“Ədəbiyyat və incəsənət” portalı Əhməd Qəşəmoğlunun şeirlərini təqdim edir.

Əhməd Qəşəmoğlu şair, publisist, sosioloqdur, 1988-ci ildən AYB-nin üzvüdür, iqtisad elmləri doktoru, “Ahəngyol” elmi-fəlsəfi konsepsiyasının yaradıcısıdır.

O, fevral ayının 15-də 74 yaşını qeyd etdi, yenə də gənclik şövqü ilə yazıb yaradır. Əslən Naxçıvanın Babək rayonunun Vayxır kəndində olan müəllif ilk dəfə 1977-ci ildə Azərbaycan xalq şairi Rəsul Rzanın təqdimatı ilə "Azərbaycan Gəncləri" qəzetində dərc edilib, bundan sonra onun şerləri müntəzəm olaraq respublika mətbuatında çap olunub. "Vurğun külək" adlı ilk şeirlər kitabı 1981–ci ildə "Gənclik" nəşriyyatında çap olunub.

Ə. Qəşəmoğlu 1980–ci ildə Tuva MSSR–in paytaxtı Qızıl şəhərində keçirilən "Gənc yazıçıların Ümumittifaq Toplantısı"nın laureatı olub. Buna görə də onun "Vlyublennıy veter" (Aşiq olan külək)  kitabı Moskvada "Molodaya qvardiya" nəşriyyatında çap olunub. Razılaşın ki, o dövrdə belə uğur hər kəsə nəsib olmur. Üstəlik, Əhməd Qəşəmoğlu SSRİ Yazıçılar İttifaqına üzv də seçilib. O, həm də "Rəsul Rza" adına ədəbi mükafatın laueratıdır.

Yubiley yaşına doğru səmt götürən Əhməd müəllim redaksiyamıza xeyli şeir təqdim edib. Olduqca maraqla oxunan və əksəriyyəti lirik olan bu şeirlər həm də düşündürücüdür, günümüz üçün aktualdır.

Yaxın bir neçə gündə oxucuları Əhməd Qəşəmoğlu poeziyası ilə baş-başa buraxacağıq.

 

 

tənha çiçək

titrəyən kölgələrin titrəyən qaranlığında,

bir çay qırağında tənha bir çiçək

hönkürür qəm içində...

 

dəymə qəlbimə, dəymə, çiçək...

gözəlliyin, kədərin

məni dəli edəcək...

 

taleyimiz nə qədər

oxşardı bir-birinə...

qaynayıb-qarışaydım

sənin ləçəklərinə...

 

əksin sulara düşdü...

axan su vuruldu sənə,

belə titrəmə, bir bax...

 

su axıb gedir, qəlbi

sənin məhəbbətindən

göynəyə-göynəyə...

 

axan su, bir az dayan,

bəs dalınca ağlayan

çiçəyə sözün yoxmu?

o çiçəyə oxşayan

gerçəyə sözün yoxmu?

 

dəymə qəlbimə, dəymə, çiçək

gözəlliyin, kədərin

məni dəli edəcək...

 

 

şeir

 

günəşin özü şeir deyil hələ,

şeir onun istisidi, işığıdı...

 

dənizin özü şeir deyil hələ,

şeir onun nəfəsidi, nəğməsidi...

 

sevgilimin özü şeir deyil hələ,

şeir onun ilqarıdı, vəfasıdı...

 

xəyallarım bulud-bulud

taleyimin dünyasında,

şeir onun şimşəyidi.

 

dərin suların dibindən

qaynayıb qalxan bulaq şeirdi...

 

sən yazmasan, özü gəlsə,

yeni dünyalar gətirsə,

səni də heyran eyləsə,

                                  şeirdi.

 

söz işığa bələnəndə,

                            çiçəkləyəndə,

haqqın özündən gələndə, şeirdi.

 

dünyanın içi ilə yeriməyə nə var ki...

dünya sənin içinlə yeriyəndə,

                                       şeirdi.

 

 

Nəsimi

 

Allah yaratdı insanı iki cahanın cahanı,

Hər insan yer üzüylə qəlbinin bir dastanı.

 

Baxma insan vücudu yer üzünün əsridi,

Qəlbinsə ərşə qədər bilinməz ol məkanı.

 

Qəlbi nurdan doğulan köklənir kainata,

Haqdan alır əmrini, olur haqqın  sultanı.

 

Hələ ki yer üzündə şərin öz hökmü çoxdu,

Ahəngdən uzaqdadı hələ yerin ərkanı.

 

Ahəngə-Allah yoluna çağırır insanları,

Dinlər, müdrik insanlar hər vədə bu dünyanı.

 

Görəndə ki, insanlar nizamdan üz çevirir,

Göy üzü Nəsimiylə qaldırdı o üsyanı.

 

 

Qəlbində bir işıq oyana bilsə...

 

Toz-duman alanda hər bir tərəfi

Bir addım qabaq da görünmür gözə.

Amma ki, yaxında, bəlkə, səninlə

İlahi bir aləm durub üz-üzə.

 

Bəlkə,  qızılgüllər bürüyüb səni?

Bəlkə, min əlvanlıq sehr içindədi?

Bəlkə də, dindirsən sən hər birini,

Görərsən hamısı eşq bürcündədi...

 

Hələ ruhdan  salır səni bu duman,

Hələ itirmisən özünü, qorxma.

Qəlbində bir işıq oyana bilsə,

Sənə yol göstərər, dumana baxma.

 

Köklən kainata, ətrafı unut,

Köklənsin ahəngə qəlbin telləri...

Gör dinən nəğmələr hara çağırır?

Ordadı ruhunun doğma elləri.

 

 

Kimin qəlbi hayandadır, kim bilir?

 

Görkəmiylə Yer üzündə insanlar,

Kimin qəlbi hayandadır, kim bilir?

Lap yan-yana, bir evdə yaşayanlar

Nə qədər yad, doğmadılar, kim bilir?

 

Qəlb doğmasa, çəkir insan insanı,

Qəlb hər zaman gəzir onu duyanı,

Duyan yoxsa, ögey görür dünyanı,

Küskün qəlbi kim dindirər, kim bilir?

 

Doğmalığa köklənmək bir nemətdi,                                              

Qəlbi dilləndirən nurdu, qüdrətdi,

Heyif  ki, çox insan buna həsrətdi,

Belə ömür, bəlkə, hədər, kim bilir?

 

 

Yer adamı deyiləm ki...

 

Yer adamı deyiləm ki,

Yerin dilini bilmirəm.

Yerdəkilər gülür mənə,

Mən də qoşulub gülürəm.

 

Yerdə qurulub bir büsat,

Çağırır məni hər saat,

Əgər odursa o həyat,

Mən o həyata gəlmirəm.

 

Bu yer üzü nə gündədi!

Kimlər iblis felindədi?

Dərd gözümdən yaş ələdi,

Gözümün yaşın silmirəm...

 

“Ədəbiyyat və incəsənət”

(22.02.2024)

 

Thursday, 22 February 2024 11:30

BİRİ İKİSİNDƏ Fuad Cəfərli ilə

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində bu gün Poeziya saatıdır, Fuad Cəfərlinin şeiri ilə tanışlıqdır. O, mərhum xalq şairi Fikrət Qocaya Elegiya yazıb.                                           

 

ELEGİYA

 

SƏSİ UZAQLARDAN GƏLƏN ADAM

Xalq şairi Fikrət Qocanın əziz xatirəsinə

 

Ustad Qoca belə buyurmuşdu:

"Şairlər ölmür".

Doğrudan e,

heç ölən adamdan şair olar?!

Şair ya Külək, ya Günəş,

ya Torpaq, ya da

sizin kimi 

səsi uzaqlardan gələn

 Yağış olar.

 

Cavan ikən özgə,

qoca ikən öz gözündən

səssiz süzülən adam,

qəm adam, pəncərə adam.

Bilirsiniz, məncə,

gözlərinizə sonda

yalnız yaz yağışı

risk edib baxa bilərdi...

və nə yaxşı, "yaz yağışı" varmış,

və nə yaxşı , "risk"  sözü varmış.

Səsi uzaqlardan gələn adam,

çox sağ olun!

İndi bizim də, sayənizdə

uzaqlarda sözümüz var.

 

“Ədəbiyyat və incəsənət”

(22.02.2024)

 

“Ədəbiyyat və incəsənət” portalı Coşqun Xəliloğlunun “Şəhidlər barədə şeirlər” silsiləsini təqdim edir. Bu gün Nəzər Əzizova həsr edilmiş şeirlə tanış olacaqsınız

 

NƏZƏR AĞACƏLİL OĞLU ƏZİZOV

(28.08.1991.-12.09.2022.)

 

Kürdəmirin Dəyirmanlı kəndindən olan, Qarabağın azad edilməsi uğrunda Vətən müharibəsində döyüşlərdə şücaət göstərmiş, Xüsusi Təyinatlı Qüvvələrin giziri.  Ermənistan silahlı qüvvələri tərəfindən törədilən genişmiqyaslı təxribatın qarşısını alarkən  şəhid olmuşdur.

 

 

 

N Ə Z Ə R-BOZQURD

 

Anası Cəmafəti fikirli və dalğın görən Nəzər anasının ürəyindən keçənləri duyurmuş kimi:

 

Peşəmlə fəxr edirəm, mən xüsusi adlıyam,

Necə də öyünməyim... hərbi təyinatlıyam.

Hər kəs geyə bilməyir, geyindiyim formanı,

Bizik, hər kəs bilir ki, çox dərdlərin dərmanı.

 

Mən bu yolu, ay ana, özüm ürəklə seçdim,

Nə qədər çətinlikdən, çoxlu sınaqdan keçdim.

Kafirlərə sözümü demişəm  hünər ilə,

Qırx dörd günlük döyüşdən çıxmışam zəfər ilə.

 

Aprel döyüşlərində düşmənə od qoymuşdum,

Dostlarım yaxşı bilir, Nəzər-Bozqurd olmuşdum.

Bax, neçə medalım var, veribdir Baş Komandan,

Lazım gəlsə  Vətənçin, ana, keçərəm candan.

 

Ana, düşmən ölməyib, arxayın yatmaq olmaz,

Yağının fitnəsinə heç vaxt inanmaq olmaz.

Vətən adlı andıma eyləmərəm xəyanət,

Həyatdır... hər şey olar, balalarım əmanət...

olsun sizə, Vətənə,

Ana, dua et, mənə.

 

Mənə necə əzizdir  həm İncim, həm Uğurum,

Onlar mənim sevincim, gələcəyim, qürurum.

Doğma Vətənimizin mən əsgəriyəm sadiq,

Həmişə istəmişəm  olum adına layiq.

 

Ana heç nə demədi, fəxr etdi Nəzər ilə -

Sevimli oğlu ilə, cəsur bir əsgər ilə.

Yeganə balasına  nə desin, nə söyləsin,

Güçü ona çatır ki, çoxlu dua eyləsin.

 

Ana: “ - Oğlum, nə deyim, ürəyinə maşallah,

Səni, özü qorusun  gözəgörünməz Allah!”

Bu, sonuncu görüşmüş  ananın övladıyla,

Elə oğul-övlad ki, fəxr edirik adıyla.

 

Düşmən təxribatının qarşısını alarkən -

Erməni quldurları vahiməyə salarkən,

Yüksəldi şəhidliyə bu məğrur, qorxmaz aslan,

Yazdı öz qanı ilə “Ölməzlik” adlı dastan.

 

Son damla qanınadək döyüşdü yağılarla,

O  şərəfsiz, namussuz, tayqulaq dığalarla.

Başa saldı düşməni, bu torpaqlar bizimdir

Bu dağlar, göy meşələr, buz bulaqlar bizimdir.

 

Otuz bir il yaşadı namusla, qeyrət ilə,

Dostları xatırlayır Nəzəri hörmət ilə.

Bu qəhrəman gizirin adı dillərdə gəzər,

Könüllərdə əbədi məskən salıbdır Nəzər.

 

“Ədəbiyyat və incəsənət”

(22.02.2024)

 

Thursday, 22 February 2024 09:00

Bu dünyada bir Mövlud Süleymanlı var idi

Əkbər Qoşalı yazır

 

Dünən axşamüstü bir "Səs” yayıldı… 

Bir şöhrətli, şərəfli ömrün “Dəyirman"ı dayandı dedilər… - Hamımız "Mehman" olduğumuz bu "Dünyanın işığı" bizdən sonra öləziməsin… - Bəlkə, bu, bir “Günah duası”dır?

 

“Yamacda bir kənd”in, o kənddəki "Armud ağacının nağılı" bitdimi?.. Bilmirəm, o kənddə "Qar" varmı bu əbədi “Köç" günlərində?..

Və bu da "Son dayanacaq"! - 

Hamımızı gözləyən “Bir ünvan"!.. 

Daha nə olacaqsa, 

"Ömürdən qıraqda" olacaq… “Söz içində söz" qalacaq… - “Ayın aydınlığında"… 

"And olsun, əsrə”!..

Mövlud Süleymanlı bu dünyadan köçdü…

Ocağı sönməsin!

Ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(22.02.2024)

Thursday, 22 February 2024 14:00

Giriş qadağandır!

Jalə İslam, “Ədəbiyyat və incəsənət”

 

Sıranın dörd nömrəli iştirakçısı müəssisənin qapısı üzərində olan "Giriş Qadağandır" yazısını görüb dayandı. İçində qopan fırtınanı bir özü, bir də ürəyi bilirdi. Bu qədər uzun yolun sonunda onu məhz qapı üzərindəki bir yazı dayandırırdı…

 

Atdığı addımlara min yol söyə-söyə tərəddüdlə geriyə doğru on və yaxud on beş addım atmışdı ki, qapı açıldı və “beş nömrəli iştirakçı buyursun” deyildi. 4 nömrəli iştirakçı sürətli addımlarla müəssisəyə doğru hərəkət etdi. Müəssisənin önünə tam yaxınlaşdığı an qapı ikinci dəfə onun üzünə bağlandı. Qapı üzərində yazılmışdı; "Giriş Qadağandır".

 

Əziz dostlar, yazılmayan qanunların bir nömrəli icraçısı olaraq bildirirəm ki, qaydalara əməl etməyənə cavabımız hər zaman eynidir: 

Giriş Qadağandır!

 

“Ədəbiyyat və incəsənət”

(22.02.2024)

Thursday, 22 February 2024 10:00

Bu gün azad dilli Azərbaycanam!

Oruc Ələsgərov, “Ədəbiyyat və incəsənət”

 

Dünən növbəti dəfə ana dili günümüzü qeyd etdik. 

 

“Anladım ki, ana dilim

Ürəyimdən çıxmaz mənim.

Doğransam da dilim-dilim...”

 

 Qəlbimdəki ana dili sevgisini ifadə etməyə dahi Xəlil Rza Ulutürkün bu misraları ilə başlamaq istədim. Çünki mən də öz dilimi ən az bu şəxsiyyət qədər sevir, onu ürəyimdən çıxarmıram, mənimsəyirəm. Ana dilimi öz ölkəmə “yenilməz qala” bilirəm!

 

Bu dili qoruyub saxlamaq hər bir azərbaycanlının borcudur. Yaddaşlara, kitablara həkk etmək isə gənc nəslin—bizim öhdəmizdədir. Mənə görə dilimizin yaşaması ölkəmizin sərhədlərlərində küləkdən ayıq dayanan millətimin var olmasıdır. O millət ki, illərlə kürələrdə dəmir, od gölündə, buz gölündə gəmi olub tarixin ən amansız hadisələrinə də sinə gərərək Məmməd Arazın misralarının haqqını verib. O millət ki, bir ölüb min doğulub. Bu hadisələri yad etdikcə mübariz xalqımın özü qədər mərd nümayəndəsi Bəxtiyar Vahabzadənin bu misralarını xatırlayıram:

 

“Bilinməyir yaşın sənin,                                  Nələr çəkmiş başın sənin?!”

 

Ana dilimizi sevərək, sülh şəraitində azad şəkildə öyrənməyimizdə tarixin böyük sınaqlarına tab gətirərək onu yaşadanların əməyi də az deyil. Tarixdə elə insanlar var ki, onlar haqqında yazmaq, danışmaq, o insanları gələcək nəsillərə tanıtmaq hər kəsin payına düşür. Həmin şəxslər dünyanın və vətəndaşı olduğu ölkənin ayaqda durmasında, xalqının, dilinin, mənəvi dəyərlərinin qorunmasında əsl səbəbkarlardır.

Öz adını tarixə yazdırıb bir ömür Azərbaycan xalqının başıdik, alnıaçıq şəkildə yaşaması üçün böyük xidmətlər göstərən şəxsiyyətlərdən biri də Heydər Əliyevdir. İstər Birinci Katib, istərsə də Azərbaycan Respublikasının Prezidenti olduğu dövrdə Heydər Əliyev Azərbaycançılıq ideologiyasının inkişafını, millətpərvərliyi, Vətən sevgisini ön planda tutaraq bu xalqın heç bir xalqdan asılı olmadan yaşaması üçün bütün ömrünü fəda etmişdir. Heydər Əliyevin keçən əsrin 70-80-ci illərində yetirdiyi fəal dil siyasəti Azərbaycanda milli azadlıq ruhunu yüksəltdi. 1995-ci il noyabrın 12-də qəbul olunan konstitusiyada Azərbaycan dili respublikanın dövlət dili kimi elan olundu. Dahi şəxsiyyətin şərəfli dil siyasətinin mötəbər yolu hələ 1970-ci ildə Bakı Dövlət Universitetinin 50 illik yubileyində o dövr üçün gərgin hal sayılan Azərbaycan dilində çıxışı ilə başladı. Onun dilimizə qayğısı nəticəsində ali məktəblərdə dörd cildlik “Müasir Azərbaycan Dili” dərsliyinə, “Azərbaycan dilinin dialektologiyası” dərs vəsaitinə mükafatlar verildi, təhsil ocaqlarında Azərbaycan dilinin öyrədilməsi üçün ayrılan saatların miqdarı artırıldı. Bütün bunlar Heydər Əliyevin Azərbaycan dilinin inkişafı, onun tətbiqi yolunda misilsiz xidmətlərindən xəbər verir.

Ulu Öndər ölkənin xarici siyasətində uğurlu olduğu qədər daxili siyasətə də böyük önəm vermiş şəxsiyyətdir. “Təhsil millətin gələcəyidir” deyərək xalqın maariflənməsinə, millətin imzasını da imzalar içərisinə daxil etməyə, gənclərin təhsilə yönləndirilməsinə diqqət cəmləyən Heydər Əliyev bu gün müstəqil Azərbaycan gənclərinin və uşaqlarının heç bir asılılığı olmadan, dövlətin dəstəyi ilə rahat şəkildə təhsil almasına səbəb olan dahi liderdir.

Elə Heydər Əliyevin timsalında Azərbaycan dilinin yaşaması üçün xidmətlər göstərən şəxslərə görə bu gün dilimiz yaşayır. Bu dil Məhəmməd Hadi ilə çalınan türkün nəğməsində, Şahdağına qalxıb söz istəyən Tofiq Bayramın misralarında, türkün dilini dünyada ən istəkli dil kimi qələmə verən Şəhriyarın sözlərində, dilimizi “bir-birimizlə əhdi-peymanımız” adlandıran Bəxtiyar Vahabzadənin qələmində yenidən canlanır, təzədən nəfəs alır.

Bu gün mən Azərbaycan gəncinin, Azərbaycan tələbəsinin hisslərinin tərcüməçisiyəm! 21 fevral—Beynəlxalq Ana Dili Günü idi və mən bu gün azad dilli Azərbaycanam!

Yazımın başlanğıcındakı kimi sonunda da dahi Ulutürkün misralarını yada salmaq istəyirəm:

“Sağdır dilim,

 Demək sağdır şərafətim, ləyaqətim.

 Sağdır demək milyard yaşlı məmləkətim!”

 

“Ədəbiyyat və incəsənət”

(22.02.2024)

Thursday, 22 February 2024 10:30

Boz ay gəlir

Heyran Zöhrabova, "Ədəbiyyat və incəsənət"  

 

Əski təsəvvürlərdə ilin qış fəslinin bölgülərinə "Çillə" adı verilmişdir. Çillə sözü "Cehl" sözündən olub 40 rəqəmini bildirir. El-obada qışın ən soyuq dövrünə və uğursuz hadisələrə, əzaba, kədərə "Çillə" deyilir və ağırlıq, çətinlik mənasında başa düşülür. 

 

Ta qədim zamanlardan insanlar müsibət, bəla ilə üzləşdikdə xilas olmaq, yaxa qurtarmaq, ətrafdakıları zərərli qüvvələrdən qorumaq, qırxı çıxan körpəyə dəyən xətərin qarşısını almaq, ailədə baş verən uğursuzluqları dəf etmək, ağır xəstələrin sağalmasını tezləşdirmək, qış fəslinin hər bir çilləsində  qışdan qorxmadıqlarını, ona qarşı mübarizəyə hazır olduqlarını bildirmək üçün öz dünyagörüşləri səviyyəsində, çeşidli tədbirlərə əl atmış, xüsusi ayinlər icra etmişlər ki, bu da "çillə kəsmək" adlanır. 

 

Qış fəslinin ən uzun sürən vaxtının, ilk qırx gününün xalq arasındakı adı "Böyük çillə" adlanır. Bu müddət dekabrın 21/22-dən ilin ən uzun gecəsindən başlayaraq yanvar ayının son gününədək davan edir

Fevral ayının 1-dən başlayaraq 20-21-nə kimi davam edən dövrə   "Kiçik çillə" adı verilir.

Fevral ayının 21-22-dən yəni Kiçik çillənin bitdiyi gündən yazın ilk gününə - mart ayının 21-22-nə, yəni Novruz bayramına qədər olan dövr isə "Boz ay" adlanır.

Qış fəslinin son 30 günü olan Boz aya xalq arasında "Ağlar-gülər ayı", "Çalpo", "Alaçalpo", "Ala çillə", "Boz çillə", "Döl ayı", "Çilləbeçə", "Yazağzı" da deyilir. 

 

Boz ay özü də hərəsi bir həftə olmaqla 4 çilləbeçəyə (çərşənbə)  bölünür. Boz ayda havalar qəfil dəyişə, gündə bir neçə cildə girə bilir.

Rəvayət görə çox qədim zamanlarda insanlar ay haqq-hesabını bilmirdilər, elə ona görə də günü günə, ayı aya qarışdırırdılar. Belə çaşbaşlıq insanları bu qənaətə gətirir ki, ili aylara, ayları isə günlərə bölsünlər. İlə 12 ay, hər aya isə 32 gün verirlər. Ancaq bölgü vaxtı Boz aya cəmi 14 gün düşür. İnciklik olmasın deyə hər aydan bir gün götürüb Boz ayın günlərinə əlavə edirlər. Görürlər ki, yenə də haqsızlıq baş verdi; hər ayın 31 günü, Boz ayın isə cəmi 25 günü oldu. Onda yenidən aylara müraciət edirlər ki, hərəniz 1 gün də Boz aya verin. Ayların yarısı razılaşır, yarısı isə razılaşmır; nəhayət, biri 1, digəri 2, fevral isə hətta 3 gününü verir. 

Beləliklə, Boz ay olur 31 gün. Ancaq öz günlərini ilin müxtəlif fəsillərindən olan aylardan aldığı üçün günün biri hava baxımından o birisinə oxşamır.

Boz ayın bu cür adlanması onun buludlu, yağışlı, küləkli, isti, soyuq - bir sözlə, dəyişkən olması ilə bağlıdır. İnsanlar bu aya öz münasibətlərini "Boz ay bozara-bozara keçər" şəklində ifadə etmişlər.

Boz ayın sərt təbiətinə qarşı ehtiyatlı olmağı diqqətdə saxlayan bir rəvayətə görə bir qarının yem ehtiyatı Boz aya qədər qurtarır. Bu andan da qarı havaların istiləşdiyini görüb oğlaqlarını çölə buraxır və:

Mart, gözünə barmağım,

Yaza çıxdı oğlağım - 

söyləyir. Qarının sözlərindən acıqlanan Boz ay yaza yalvarır ki, ona üç günlük borc versin. Yaz razı olur və Boz ay elə bir boran, tufan qoparır ki, qarının oğlaqları tələf olur. Azərbaycanın əksər yerlərində  bu üç gün "Qarı borcu" da adlanır. Bu rəvayətdın çıxarılan nəticəyə görə mal-qara üçün tədarük edilmiş ot-ələf və samanın yarısı bu vaxta qədər samanlıqda ehtiyat saxlanılmalıdır

Bu məqamda həmçinin, "Bir gül ilə bahar olmaz" məsəli də  yada düşür. Onu da qeyd edək ki, ölkəmizdən fərqli olaraq rus, italyan, ispan və alman xalqlarında bu məsəldəki "gül" əvəzinə "qaranquş" deyilir və bunun yaranma tarixi də Ezopun bir təmsili ilə əlaqələndirilir. Bu təmsilin məzmununa görə bədxərc bir cavan atadan qalma var-yoxu ağına-bozuna baxmadan dağıdır və tamamilə müflisləşir. Elə bu vaxr bir qaranquş görür və qış olmasına  baxmayaraq, elə zənn edir ki, artıq bahar gəlib. Baharın gəldiyini zənn edərək paltosunu da satır və daha sonra bu ona çox baha başa gəlir. Şiddətli şaxta qaranquşla birlikdə onu da dondurur. 

Xalq arasında bu müddətdə yəni Boz ayın son həftəsi ilə yazın ilk həftəsində əsən quru soyuq, şiddətli küləklərə bəzən "Xıdır Nəbi" küləyi də deyilir. Adətən həmin küləkdən sonra ağaclar puçurlanmağa (yarpaq açmağa) başladığı üçün bu küləyə bəzi hallarda " puçur yeli" də deyilir. 

 

Boz ayda havalar tez-tez dəyişir, yamaclar bozarır, dağlar dumana bürünür, şimşək çaxır, yağış yağır. Bir neçə gün çovğun, qasırğa olur. O biri gün isə birdən hava açılır, gün çıxır isti olur deyə boz aya ağlar-gülər ayı da deyilir. Bundan əlavə həm də Boz ay döl ayı da adlanır.

Belə bir el deyimi də var ki: "Boz ayımız bozarsa da, döl ayıdır ki, döl ayı".

Bu ayda qoyunlar quzulayır, quzular mələşir. Keçmiş zamanlarda dölün başlanması çobanların sevncinə səbəb olur və qohum qonşular dəvət olunaraq xalq arasında  bu münasibətlə xüsusi şənliklər təşkil olunurdu. 

 

Çillələr əfsanəsinə görə Boz ay səfərə çıxarkən yolda baxıb görür ki, səfərdən qayıdan özündən böyük qardaşı Kiçik çillənin qanı yamanca qaradı. Hirsindən az qalır ürəyi partlasın. Və ona belə söyləyir.

"Əziz qardaşım Kiçik çillə, sən də böyük qardaşımız Böyük çillə kimi insanların yanına xoş niyyətlə getməmişdin. Elə ikiniz də asaram-kəsərəm deyirdiniz. Amma indi baxın, görün mən gedib nə eləyəcəyəm. Mən adamlar üçün bayram aparacağam. Əkinləri cücərdəcəyəm. Çöllərdə, düzlərdə ot-ələfi göyərdəcəyəm. Bağ-bağçalarda gül-çiçək açdıracağam."

İki qardaş xudahafizləşib ayrılır. Boz ay el-obaya gəlir. Bir ay ömrü olan, Bahar-Novruz bayramı gününəcən yaşayan Boz ay başlayır hər çərşənbədə bir iş görməyə. Havaları qızdırır. Suların şaxını sındırır. Ağacları yuxudan oyadır. Torpağın canını isidir. Adamlar torpağın istiləşdiyini görüb onu şumlamağa, əkin-biçinə hazırlaşmağa başlayırlar.

Boz ayın çərşənbələrində həyətlərdə tonqallar yandırılır. Adamlar «ağırlığım-uğurluğum tökülsün», — deyib bu tonqalın üstündən hoppanmağa başlayılar.

Boz ay da beləcə ömür sürüb vaxtını başa vurur.

Artıq yer-yurd al yaşıla bürünür. Üç qardaş köçünü sürüb gedir. Onların yerinə istəkli bir qonaq gəlir, gözəllər gözəli bahar...

 

“Ədəbiyyat və incəsənət”

(22.02.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.