Super User
Bu gün Cenevrədə “Türk həftəsi”nə start veriləcək
Bu gün Mərkəzi Avropada türk rüzgarı əsməyə başlayacaq. Türk dövlətlərinin ortaq mirası, əməkdaşlığı və sənət xəzinəsinin tanıdılması məqsədilə İsveçrənin Cenevrə şəhərində “Türk həftəsi”nə start veriləcək.
“Ədəbiyyat və incəsənət” portalı Türk Dövlətləri Təşkilatına (TDT) istinadən xəbər verir ki, aprelin 25-nə qədər davam edəvək və təntənəli tədbirlərlə qeyd ediləcək həftə Türk Dövlətləri Təşkilatı (TDT) ilə Türk dünyasının digər qurumlarının birgə təşkilatçılığı çərçivəsində baş tutacaq.
TDT, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY), Türk Mədəniyyəti və İrsi Fondu, Beynəlxalq Türk Akademiyası və Türk Dövlətləri Parlament Assambleyası (TÜRKPA) ilə əməkdaşlıq çərçivəsində təşkil olunacaq tədbirlərə BMT-nin Cenevrə Bürosu, Ümumdünya Əqli Mülkiyyət Təşkilatı və Cenevrə Musiqi Konservatoriyası ev sahibliyi edəcək.
“Türk həftəsi” çərçivəsində Türk dünyasının zəngin mədəni irsinin təbliğ ediləcəyi tədbirlər bu gün Türk Dünyası Sərgisinin təntənəli açılışı və “Davamlı inkişaf məqsədlərinə nail olmaqda yüksələn aktor kimi TDT” adlı konfransla başlayacaq. Konfransda iştirakçılar qlobal çağırışların həlli və davamlı inkişafı təşviq etmək üçün türk əməkdaşlığından istifadə etməklə bağlı ətraflı müzakirələr aparacaqlar.
Sabah - aprelin 23-də Türkdilli dövlətlərin əməkdaşlıq təşkilatlarının birgə səylərinin müzakirə ediləcəyi “Türk Əməkdaşlıq Təşkilatları: Ortaq İrs, Birgə Tərəqqi” mövzusunda konfrans təşkil olunacaq.
Eyni gündə keçiriləcək konsert proqramı ilə TÜRKSOY sənətçiləri Türk dünyası musiqilərini sənətsevərlərə təqdim edəcəklər.
Aprelin 25-də məşhur qazax bəstəkarı və pianoçu Rakhat-Bi Abdyssaginin ifasında Türk xalqlarının musiqiləri təqdim olunacaq.
Proqram digər maraqlı tədbirlərlə də zəngindir.
“Ədəbiyyat və incəsənət”
(22.04.2024)
Haaqada UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının 30 illik yubileyi qeyd edilib
UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının 30 illik yubileyi Haaqada klassik musiqi konserti ilə qeyd olunub.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, Haaqanın qədim Nieuve Kerk kilsəsində təşkil olunmuş konsertdə Azərbaycanın Niderland Krallığındakı səfiri Rəhman Mustafayev çıxış edərək UNESCO Milli Komissiyasının yaradılmasından, ölkəmizin mədəniyyətindən, dünya mədəniyyətinə töhfəsindən, eləcə də Birinci vitse-prezident Mehriban Əliyevanın Azərbaycan-UNESCO münasibətlərinə, mədəniyyətimizin təşviqinə verdiyi töhfələrdən danışıb. O, Azərbaycanın UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına daxil edilmiş muğam, milli musiqi alətləri tar və kamança kimi 23 nümunə haqqında məlumat verib.
Səfir Azərbaycan bəstəkarları və onların dünya mədəniyyətinə verdiyi töhfələrdən də söz açıb.
Sonra tədbir konsert proqramı ilə davam edib. Konsert dahi bəstəkar Ü.Hacıbəylinin “Arşın mal alan” operettasından uvertüra ilə başlayıb. Azərbaycanın Əməkdar artistləri Afaq Abbasova, Nərgiz Əliyeva, Ceyla Seyidova, eləcə də beynəlxalq müsabiqələr laureatları İbrahim Babayev və Asim Xəlilov Ü.Hacıbəyli, Fikrət Əmirov, Qara Qarayev, Tofiq Quliyev, Vasif Adıgözəlov kimi dahi bəstəkarların əsərlərini ifa ediblər.
Konsertdə Niderlandın Xarici İşlər Nazirliyinin nümayəndələri, bu ölkədə akkreditə olunmuş diplomatik korpusun üzvləri, beynəlxalq təşkilatların rəhbərləri, Azərbaycan diasporu və yerli ictimaiyyətin üzvləri iştirak ediblər.
“Ədəbiyyat və incəsənət”
(22.04.2024)
60-cı Venesiya Biennalesində Mədəniyyət nazirimizin görüşləri davam edir
Xəbər verdiyimiz kimi, aprelin 20-də açılışı olan 60-cı Venesiya Biennalesinin Azərbaycan nümayəndə heyətində mədəniyyət nazirimiz Adil Kərimli də vardır.
Noyabrın 24-dək davam edəcək bu biennale bu il “Əcnəbilər hər yerdədir” (“Foreigners Everywhere”) şüarı altında təşkil olunur.
XVI əsrin unikal memarlıq abidələrindən Campo della Tanada yerləşən Azərbaycan pavilyonu “Xəzərdən çəhrayı planetə: mən buradayam” (“From Caspian to Pink Planet: I Am Here”) mövzusunda təşkil olunub və biennalenin devizini özündə əks etdirir.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, nazirimiz 60-cı Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılış mərasimində iştirak edən Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) olan həmkarı Salem bin Xalid əl-Qassimi ilə görüşüb. Bu görüşdə Azərbaycan və BƏƏ arasında mədəniyyət sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib, birgə mədəni layihələrin təqdim olunması ilə bağlı fikir mübadiləsi aparılıb.
Söhbət zamanı, həmçinin bu il Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iqlim dəyişiklikləri və mədəniyyət mövzusu üzrə də müzakirələrin təşkil edilməsinin əhəmiyyəti vurğulanıb.
Bundan əlavə, görüşdə “Bakı Prosesi” çərçivəsində bu il mayın 1-dən 3-dək ölkəmizdə təşkil ediləcək VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda BƏƏ-nin iştirakı və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
“Ədəbiyyat və incəsənət”
(22.04.2024)
PREZİDENTİN DEMƏDİKLƏRİ… - Əkbər Qoşalı yazır
Sosial medianın Azərbaycan seqmenti Qazaxın 4 kəndinin Azərbaycanın qutsal bayrağı altına qaytarılması - işğaldan qurtuluşunun qətiləşməsi barədə xoş xəbərlərlə aşıb-daşır.
Gözün aydın, Qazax!
Gözün aydın, Azərbaycan!
Gözün aydın, Türk dünyası!
Gözün aydın, ey, haqq deyənlər, haqqa inananlar!
Qürurluyuq!
Uğur uğur gətirir,
zəfər zəfərə calanır,
ümidlər inama çevrilir,
çaylar ümmana dönür!
Gəlin bu yerdə apreldən - fevrala, Qazaxdan - Xocalıya keçid edək.
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev 26 fevralda Xocalıda Soyqırımı Memorialının təməlini qoyub, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşərkən belə deyirdi:
“Mən bilirəm ki, siz xocalılılar o vaxt bütün Azərbaycan xalqı kimi sevinmisiniz. Onu da bilirəm, sizin ürəyinizdə müəyyən fikirlər var idi ki, bəs Xocalı nə olacaq, bəs Xankəndi nə olacaq? Mən bunu bilirdim, ancaq sizə deyə bilmirdim ki, nə olacaq. Halbuki siz də bilirdiniz, mən də bilirəm ki, hər şey ədalətli olacaq. Biz Xocalısız ərazi bütövlüyümüzün, suverenliyimizin tam bərpa olunduğunu hesab edə bilməzdik”.
Bax, bu formulu Qazaxın kəndlərinin qaytarılmasına, ümumən son illərdəki möcüzəvi uğurlarımızın hər birinə şamil edə bilərik. - Dövlət baba ölçür-biçirdi, öncədən bilirdi, görürdü… amma ictimaiyyətə açıqlamırdı. Niyə? - Cavab bəllidir: biz cırtdan Ermənistanla mübarizə aparmırdıq, o cırtdanın arxasında böyük güclər durduğu heç kəsə sirr deyil. Heç kəsə sirr deyil ki, onillər boyu ikili standartlarla
üz-üzə qalmışıq; işğalçı ilə işğala uğrayanın eyni tutulduğunun şahidi olmuşuq…
Örnəyi, XXl yüzilin azsaylı müstəmləkəçi dövlətlərindən biri olan Fransanın öz kiçik bacısının ifrat qayğısına qaldığını görməyən varmı?
Guya ATƏT-in keçmiş Minsk Qrupunun digər həmsədrləri Ermənistana Fransadan azmı dəstək durub? Hətta, ABŞ işğalçı Ermənistan dura-dura, işğala uğrayan Azərbaycanı “Azadlığı müdafiə aktı”na bədnam “907-ci düzəliş” ilə üz-üzə qoymadımı? Rusiya isə Ermənistanı zatən öz forpostu kimi qullanırdı.
(Bu cümlələrdəki keçmiş zaman şəkilçilərini çağdaş zamanlama ilə də dəyişmək olar)…
Onu da xatırlayırıq ki, ayrı-ayrı vaxtlarda ayrı-ayrı dövlətlərin, beynəlxalq qurumların rəsmiləri çox qəbuledilməz sözlər söyləyirdi. Rusiyanın Xarici işlər naziri Lavrov “Qarabağ Azərbaycanın daxili işi deyil” şəklində bir uyğunsuz cümlə qurmuşdu; Rumıniya parlamentinin vitse-spikeri “Siz Qarabağı qaytarmağa qalxışsanız, bu, hərbi təcavüz sayılacaq” kimi bir yöndəmsiz bəyanda bulunmuşdu. Uzun sözün qısası, bizi “müharibənin nəticəsində yaranmış reallıqlar”la barışmağa, “status-kvo”nu qəbul etməyə, Ermənistanın davamlı pozduğu “atəşkəs”ə əbədi əməl etməyə və s. sövq edirdilər (öz ağıllarınca).
Bəs biz xarici təzyiqlərdən, əlverişsiz beynəlxalq “çağırış”lardan necə sıyrıldıq çıxdıq? Necə oldu ki, biz işğalın acı nəticələri ilə barışmadıq və haqqımız olanı aldıq, hüququmuz olanı etdik?!.
Bu uğurlar Prezident Əliyevin prinsipiallığının, uzaqgörənliyinin, qətiyyətinin təntənəsidir!
Bu, İlham Əliyevin uğur formuludur!
İlham Əliyev Dövlət-Xalq birliyinin - Dəmir Yumruğun memarıdır!
Dövlət başçısı alovlu vətənpərvər olanda belə olur!
Xalqa arxalanan, haqqa güvənən liderin Zəfər qazanması mütləqdir!
“Bu işlər necə oldu?” deyə baş-beyinlərini tökənlər, bəlkə (Allah bilir) kədərə bürünənlər dəxi vardır - onlar ona görə çalvurmadadırlar ki, Zəfəri, uğur ardınca uğuru, qələbəni Prezident Əliyevə (öz ağıllarınca) yaraşdırmırdılar; inanmırdılar yaxud inamı yaxın buraxmırdılar - budur, onların siyasi ambissiyalarının, yaramaz iddialarının çürüklüyü tam gün üzünə çıxır.
Siyasi-mənəvi iflasın tam içinə düşən kəslər Prezidentin uğurlarını sinirə bilmir. Yazıqlar olsun!
Bəli,
budur, rus sülhməramsızlarının Qarabağdan çıxışının başlanmasının ardınca Qazaxın 4 kəndi qaytarıldı. Özü də qəti minnət götürmədik - çün qaytarmaya bilməzdilər, qaytarmaya bilmədilər! Dəmir Yumruq yerindəydi! - Bəzi dövlətlərin ərazisi boyda olan 9 şəhər, 300 kəndimizi 44 günə, yerdə qalan şəhər və kəbdlərimizi isə 24 saatdan qısa müddətə azad edən siyasi iradə, hərbi güc 4 kəndi bir göz qırpımında azad edə bilməzdimi? Bal kimi edərdi!
Uhulət-suhulət, toxtaqlıq öz nəticəsini verdi!
Beləliklə, Ermənistanla Azərbaycan arasında dövlət sınırının delimitasiyası, sərhəd təhlükəsizliyi məsələləri üzrə müvafiq komissiyaların aprelin 19-da keçirilən 8-ci görüşündə razılıq əldə olundu.
Bu razılıq, Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı yaşayış məntəqələrimizin öz bayrağımız altına keçməsini şərtləndirir.
Sınır xəttinin sözügedən ərazidəki təsviri koordinatları yerdəki geodeziya ölçmələri əsasında dəqiqləşdirilərək tərtib ediləcək və bu, tərəflər arasında 15 may 2024-cü il müddətinədək uyğun Protokol-təsvirlə sənədləşdirilərək razılaşdırılıb imzalanacaq.
4 qeyri-anklav kəndimizin bir güllə atılmadan, qan tökülmədən öz bayrağımız altına qaytarılması Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətinin növbəti parlaq uğuru - qələbəsidir! - Ağdam, Kəlbəcər, Laçın rayonlarının işğalda olan hissələrinin 44 günlük müharibədə qazandığımız Zəfərdən dərhal sonra (Ermənistanın öz üzərinə götürmək zorunda qaldığı öhdəliklərə uyğun şəkildə) qaytatıldığı kimi! Nə zamanki öhdəliklərdən boyun qaçırdılar, nə vaxtki əvəzçıxma azarına tutuldular Dəmir Yumruq öz kəramətini bir daha göstərdi və sahədə səliqə-sahman yarandı.
Qazaxın 4 kəbdinin qaytarılması Azərbaycan dövlətinin, şəxsən Prezident Əliyevin son illər qazandığı parlaq uğurlardan daha biri - növbətisidir.
İlham Əliyev deyir və edir!
İlham Əliyev demədiklərini də edir!
İlham Əliyev nəyi nə zaman necə etmək gərək olduğunu əla bilir!
İlham Əliyev uğuru uğura caladı, xalqın bükülü belini dikəltdi!
Artıq xalq öz liderindən növbəti müjdələr gözləməyə öyrəncəlidir. Belə mübarək öyrənciliyə ellikcə varıq!
DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!
“Ədəbiyyat və incəsənət”
(20.04.2024)
“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin “DOST EVİ” filialına ilk benefisiarların qəbulu keçirilib. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına DOST-dan məlumat verilib.
Qiymətləndirmə Komissiyası tərəfindən həssas əhali qruplarından olan 50-dən çox vətəndaşın müraciətinə baxılaraq, yaradıcılıq qabiliyyətləri yoxlanılıb. Komissiyanın rəyinə əsasən, 35 nəfər “DOST EVİ” filialına qəbul edilib. Müraciətlər arasında dulusçuluq və bədii oyma istiqamətlərinə maraq daha böyük olub.
Ötən il noyabrın 15-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə İsmayıllıda açılışı olan “DOST EVİ”ndə 10 təlim istiqaməti üzrə 6 emalatxana fəaliyyət göstərir. Dulusçuluq, bədii oyma, misgərlik və zərgərlik, dərzilik və kəlağayı, xalçaçılıq, toxuma və bədii tikmə, un məmulatları emalatxanalarında xalq dekorativ-tətbiqi sənəti və Azərbaycan milli mətbəxinin ənənələri öyrədilir. Filialda təlim almaq üçün İsmayıllı və ətraf rayonlarda yaşayan həssas əhali qruplarına aid əlilliyi olan şəxslər, şəhid ailələrinin üzvləri, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və onların övladları, valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum uşaqlar, aztəminatlı ailələrin üzvləri müraciət edə bilərlər.
“Ədəbiyyat və incəsənət”
(19.04.2024)
“Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə keçirilib
Mədəniyyət Nazirliyi yanında İctimai Şura Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası ilə birgə “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib.
“Ədəbiyyat və incəsənət” portalı İcyimai Şuraya istinadən xəbər verir ki, tədbirdə kitabxana əməkdaşları, İctimai Şura üzvləri, sahə mütəxəssisləri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə kitabxana ilə yaxından tanış olublar. Kitabxananın direktoru, Əməkdar mədəniyyət işçisi Şəhla Qənbərova qonaqlara kitabxananın yaranma tarixi, inkişafı, mövcud fondu, şöbələri barədə geniş məlumat verib, uşaqların oxu mədəniyyətinin artırılması və onların həyatında kitabın rolu haqqında fikirlərini bölüşüb: “Əsas məqsədimiz kitab xəzinəmizi qorumaq, uşaqlara sevdirmək və gələcək nəsillərə bu irsimizi doğru-düzgün şəkildə ötürməkdir”.
Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın sədr müavini, Milli Məclisin Mədəniyyət komitəsinin eksperti Əkbər Qoşalı müzakirə olunan mövzu ilə bağlı aparılan dövlət siyasəti, görülən işlər və mövcud problemlərdən danışıb. O, çıxışında çağdaş uşaq ədəbiyyatının janr problemlərindən söz açıb, qalib ölkənin uşaqları üçün ruhlandırıcı əsərlərin yazılması kimi məsələlərdən danışıb.
Digər çıxışlarda çağdaş uşaq ədəbiyyatının qarşılaşdığı mövcud problemlərə toxunulub və onların həlli yolları müzakirə edilib.
“Ədəbiyyat və incəsənət”
(19.04.2024)
Xalq rəssamı Aydın Rəcəbovun 80 illik yubileyinə həsr olunmuş “Bir ömrün naxışları” sərgisi açılıb
Aprelin 19-da Azərbaycan Milli Xalça Muzeyində Azərbaycan Rəssamlar İttifaqının Dekorativ-tətbiqi sənət bölməsinin rəhbəri, Xalq rəssamı Aydın Rəcəbovun 80 illik yubileyi münasibətilə “Bir ömrün naxışları” adlı sərgi açılıb.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, tədbirdə Azərbaycan Milli Xalça Muzeyinin direktor vəzifəsini müvəqqəti icra edən Mira Məmmədxanova, Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, professor, Xalq rəssamı Natiq Əliyev, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, Əməkdar incəsənət xadimi İlqar Fəhmi, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professoru, Əməkdar rəssam Məmmədhüseyn Hüseynov və Milli Məclisin Mədəniyyət komitəsinin eksperti Əkbər Qoşalı çıxış edərək, Aydın Rəcəbovun zəngin yaradıcılıq yolundan bəhs ediblər.
Mədəniyyət Nazirliyi və Milli Xalça Muzeyinin birgə təşkilatçılığı ilə keçirilən sərgidə xalça sənətində öz dəsti-xətti, fərqli yanaşma tərzi ilə seçilən sənətkarın müəllifi olduğu 40-dək əsər nümayiş olunur. Onların sırasında milli adət-ənənələrdən, nağıl və əsatirlərdən, türkçülük ideyalarından bəhrələnərək yaradılan orijinal kompozisiyalı “Oğuz onqonları”, “Oğuz damğaları”, “Qızıl balığın nağılı”, “Dür at”, “Qurbanlıq qoç”, “Ağaclı”, “Simurq quşu”, “Novruz fəlsəfəsi”, həmçinin Vətənə sonsuz məhəbbəti, doğulub, boya-başa çatdığı Abşeron torpağına, onun təkrarolunmaz ab-havasına bağlılığı tərənnüm edən “Azərbaycan”, “Naxçıvan”, “Şirvan”, “Əncir ağacı”, “Faytonçu”, “Neft səltənəti” kimi xovsuz və xovlu xalçalar yer alır.
Görkəmli rəssam, böyük alim Lətif Kərimov məktəbinin davamçılarından sayılan Aydın Rəcəbov əsərlərində türk-oğuz ornamental motivlərindən geniş istifadə edərək, ənənə və müasirliyin mükəmməl vəhdətinə nail olub. Onun yaratdığı bəzi süjetli xalçalarda orta əsr miniatür sənətimizin təsirlərini də görmək mümkündür. Xalq rəssamının mükəmməl kompozisiya quruluşu, uğurlu rəng həlli, yüksək texniki göstəriciləri, həndəsi stilizasiyası ilə seçilən xalçaları Azərbaycanın və xarici ölkələrin muzeylərində, qalereyalarında qorunub saxlanılır.
Sərgi aprelin 30-dək davam edəcək.
“Ədəbiyyat və incəsənət”
(19.04.2024)
“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır
Amerika Birləşmiş Ştatlarına səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Nyu-Yorkda keçirilən BMT-nin Dövlət İdarəçiliyi üzrə Ekspertlər Komitəsinin (CEPA) 23-cü sessiyasında iştirak edib.
Dövlət Agentliyinin sədri CEPA-nın “16-cı və 17-ci Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) həyata keçirilməsi üçün Könüllü Milli Hesabat Ölkələri və Könüllü Yerli Hesabat Şəhərləri arasında perspektivli təcrübələrin mübadiləsi” adlı sessiyada çıxış edib.
“Ədəbiyyat və incəsənət” portalına “ASAN xidmət”dən verilən məlimata görə, çıxış zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə yaradılmış “ASAN xidmət”in fəaliyyəti, eləcə də 16-cı və 17-ci DİM-lərə nail olunması istiqamətində Dövlət Agentliyi tərəfindən həyata keçirilmiş layihələr barədə ətraflı məlumat verilib. Eyni zamanda “ASAN xidmət”in beynəlxalq arenada əldə etdiyi nailiyyətlər, həmçinin “ASAN İnnovativ İnkişaf Mərkəzi” tərəfindən müxtəlif istiqamətlər üzrə həyata keçirilən təlimlərin əhəmiyyəti diqqətə çatdırılıb.
Səfər çərçivəsində Ülvi Mehdiyev BMT Baş katibinin iqtisadi və sosial məsələlər üzrə müavini Li Junhua ilə görüşüb. Görüş zamanı 2013-cü ildən etibarən Dövlət Agentliyi ilə BMT-nin müvafiq departamenti arasında həyata keçirilən uğurlu əməkdaşlığa toxunulub. Qarşı tərəf “ASAN xidmət”in BMT tərəfindən 2 dəfə yüksək mükafata layiq görüldüyünü diqqətə çatdıraraq, müvafiq modelin digər ölkələrdə də tətbiqinin xüsusi əhəmiyyət kəsb etdiyini bildirib.
Görüş zamanı “ASAN xidmət” modelinin müxtəlif ölkələrdə tətbiqi istiqamətində Dövlət Agentliyi ilə BMT arasında yeni əməkdaşlıq layihəsinin həyata keçirilməsi barədə razılığa gəlinib.
Bundan əlavə BMT İnkişaf Proqramının Regional Bürosunun direktoru İvana Zivkoviç ilə görüş keçirilib. Dövlət Agentliyinin sədri tərəfindən “ASAN xidmət”in fəaliyyət istiqamətləri barədə geniş təqdimat edilib. Qarşı tərəf ötən dövr ərzində Dövlət Agentliyi ilə BMT-nin İnkişaf Proqramı arasında icra edilmiş layihələri xatırladaraq bundan sonra da müvafiq istiqamətlər üzrə əməkdaşlığa hazır olduqlarını bildirib.
Səfər çərçivəsində Dövlət Agentliyinin sədri Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbovun dəvəti əsasında Nyu-Yorkda və ətraf ştatlarda təhsil alan azərbaycanlı tələbələrlə, həmçinin burada yaşayan gənclərimizlə görüşüb.
“Ədəbiyyat və incəsənət”
(19.04.2024)
Yazıçı İsi Məlikzadə Almaniya elektron ədəbiyyat jurnalında yer alıb
Almaniyanın “LESERING.de” elektron ədəbiyyat jurnalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində tanınmış Azərbaycan yazıçısı İsi Məlikzadənin alman dilinə tərcümə edilmiş “Duz” hekayəsinin yayımına başlayıb.
“Ədəbiyyat və incəsənət” portalı Tərcümə Mərkəzinə istinadən xəbər verir ki, yazıçının yaradıcılığı haqqında məlumatla təqdim olunan hekayənin alman dilinə tərcümə müəllifləri tanınmış alman tərcüməçisi Hans-Jürgen Maurer və alman dili mütəxəssisi Gülarə Heydərovadır.
Qeyd edək ki, geniş oxucu auditoriyası tərəfindən izlənən “LESERING.de” elektron ədəbiyyat jurnalı mütəmadi olaraq səhifələrində Frans Kafka, Huqo von Hofmannştal, Yohann Volfqanq Höte, Erix Kestner, Pablo Neruda kimi dünyaşöhrətli yazıçı və şairlərin yaradıcılığına yer ayırır.
“Ədəbiyyat və incəsənət”
(19.04.2024)
Komitə sədri İctimai Birlik sədrini təbrik edib
Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət Komitəsinin sədri Fazil Mustafa “Peşəyönümlü Təhsilin İnkişafına Dəstək” İctimai Birliyinin sədri, şair-publisist Dr. İradə Əlilini 60 illik yubileyi ilə bağlı təbrik edib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, komitə sədrinin yubilyara ünvanladığı məktubda deyilir:
"Hörmətli İradə xanım,
Sizi 60 illik yubileyinizlə bağlı təbrik edir, möhkəm cansağlığı, ədəbi, elmi yaradıcılıqda yeni uğurlar diləyirəm!
Siz Bakı Mədəni-Maarif Texnikumunun (indi ADMİU nəzdindəki Humanitar Kollecin) Kitabxanaçılıq fakültəsini 1986-cı ildə fərqlənmə diplomu ilə bitirmisiniz. Daha sonra Bakı Dövlət Universitetinin Kitabxanaçılıq-informasiya fakültəsində oxumusunuz (1988–1994). “Çağdaş dönəmdə Azərbaycanda ekoloji problemlərin biblioqrafik informasiya təminatı” mövzusunu geniş surətdə araşdırmışınız.
Azərbaycan Jurnalistlər Birliyinin, Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Rəsul Rza” mükafatı laureatısınız, habelə Azərbaycan Prezidenti Təqaüd Fondunun təqaüdçüsü olmusunuz.
Ölkəmizdə və ölkədışında müxtəlif elmi konfranslarda uğurla iştirak etmisiniz.
Siz bir mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, informasiya və sənəd menecmenti sahəsini tədris edən pedaqoq, jurnalist, şair, fəal ictimaiyyətçi olaraq çoxşaxəli əməli fəaliyyətlə məşğulsunuz.
“Mənim sevgi dünyam” (2013), “Dünya sevənlərindir” (2014), “Döyüşçü qadının səngər xatirələri” (2015), “Güllə səsindən doğulan kitab” (2015), “Vətənin cəsur döyüşçüləri” (2019), “Bir damla göz yaşında torpaq həsrəti” (2021), “Laçın həsrətim” (2021), “Və bir gün” (esselər; 2021), “Bir ömrün işığı” (2022), “Xocalı: Şahidlər danışır” (2022), “Kahraman Şehit Oğuz Özgür Çevik” (2022), “Zəfər yolu” (2023) və b. kitablarınız gün üzü görüb. Kitablarınızın bir neçəsi xarici dillərə çevrilib.
Sizi yaradıcılıq uğurlarınız və 60 illik yubileyinizlə bağlı Mədəniyyət Komitəsi adından bir daha təbrik edir, ən xoş diləklərimizi yetirirəm"!
“Ədəbiyyat və incəsənət”
(19.04.2024)